Mehriban Əliyeva Səlahəddin Xəlilov




Yüklə 1.5 Mb.
səhifə4/11
tarix22.02.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Din və ideologiya



İnsanın ilk tərbiyəsi onun dini tərbiyəsidir, fəlsəfi dünya­görüş sonra yaranır.

C.Əfqani
Artıq qərarlaşmış sosial duruma malik Qərb ölkələ­rində dinin özünəməxsus yeri vardır; din dövlət işlərinə qarışmır, siyasi və iqtisadi həyata, elm, təhsil və mədə­niyyətə fəal müdaxilə etmir və dövlət də dinin nisbi müstə­qilliyini təmin edir, ona müəyyən muxtariyyət verir. İcti­mai-siyasi həyatın öz qayda-qanunu olur, din isə ancaq insan­ların fərdi mənəvi aləmində, həm də könüllü olaraq yer tutur. İnsan mənəviyyatında da dini hissin ayrıca bir gu­şəsi olur və onun siyasi və hüquqi şüurla, elmi dünyagörüşü ilə qarışmasına imkan daxilində yol verilmir. Düzdür, bu ölkələrdə də, bəzən din dünyagörüşü vasitəsilə böyük siya­sətə təsir edir, lakin bu, xüsusi bir məsələdir. Ümu­miyyətlə götürüldükdə isə din nəinki hüquq və siyasət müstə­vilərindən kənarda qalır, həm də çox vaxt öz üzərinə ideo­loji missiya da götürmür. Dinin aktiv ideoloji rolu, siya­sətə və dövlət işlərinə fəal mü­daxilə etməsi bu ölkələr üçün artıq tarixə çevril­mişdir. Lakin tarixdən yaxşı ki, silinmə­miş­dir və tarixin dərsləri nəzərə alınmalıdır. Bundan hələ sosial-iqti­sa­di inkişafın nisbətən aşağı pilləsində olan bir sıra Şərq ölkələri də özü üçün nəticə çıxarmalıdır. Yəni bu gün daha çox dərəcədə isla­mın si­yasi don geyməsindən, ideologiyaya çevrilməsindən ehtiyat edən Qərb poli­to­loqları öz tarixlərini vərəqləyib müəyyən dövrlər­də xristianlığın siyasətə və dövlət işlərinə necə aktiv mü­daxilə etdi­yi­ni yada salsalar, onda təkcə “islam təh­lü­kəsindən”, “islam fun­da­­men­talizmindən” deyil, ümu­miyyətlə dinlərin ideologiyaya çev­ril­­məsi təhlükə­sin­dən danışarlar. Belə ki, xristian dini indi də siyasi səh­­nədən tam çəkilməmişdir (Şimali İrlandiyadakı hadisələr və s.). Hin­distanda, Yaponiyada və s. dini təriqətlərin siyasətə mü­da­xiləsi də bu qəbildəndir.

Din cəmiyyət üçün yox, insan üçündür. Ayrıca götürülmüş hər bir insanın düzgün mənəvi-əxlaqi meyarlar seçə bilməsi, digər in­sanlara münasibətdə yüksək mənəvi prinsiplərdən çıxış etməsi sahəsində dinin rolu əvəzsiz­dir.

Dinin sosial təşkili, dini institutların (sosial qu­rumların) ya­ra­­dıl­ması ancaq dini ide­ya­la­rın təbliğ olun­­ması, dindarlara öz dini bi­liklərini zəngin­ləş­dir­mək, Allahla ünsiyyətdə olmaq, dua etmək, mə­nəviy­ya­tını təkmil­ləşdirmək və s. üçün şərait yaradılmasına xid­mət edir. Həmin so­sial institutların, dini məbəd­lərin və s. fəa­liy­yə­ti­­­ni təmin etmək üçün peşəkar din xadimləri, ru­hani­lər hazırlanıb ye­­tişdirilir, bu məqsədlə müxtəlif sə­viyyəli dini məktəblər fəaliyyət göstərir.

Dini sosial qurumlar cəmiyyətin mikrostrk­tu­run­da miqyasca kiçik yer tutsalar da, müəyyən müs­tə­qilliyə, avtono­miyaya malik­dir­lər. Konstitusiyada da təsbit olunduğu kimi din ilə dövlət bir-bi­rin­dən ayrı­dır. Lakin bu ayrılıq an­caq hüquq müsəvisində müt­ləq xa­­­rakter daşıyır. Siyasət və ideologiya müstəvisində bu ayrı­lığın müt­­­ləqləşdirilməsi mümkün deyil. Siya­sətlə məşğul olan, ideoloji kon­­sepsiya­lar hazırlayan adamlar, millət vəkilləri və s. bu və ya di­­gər dinə qul­luq etməsindən və ya ümumiyyətlə dinə münasi­bətin­dən asılı olaraq müxtəlif mövqelərdə dura bilər­lər. Başqa sözlə, din si­­­ya­sətə müstəqil sosial subyekt kimi deyil, siyasə­tin for­ma­laş­ma­sın­­­da iştirak edən şəxs­lərin dünyagörüşü vasitəsilə təsir göstərə bilər.

Bununla belə, müasir dövrdə də din bəzən ideologiyaya çev­ri­­lir və siyasətdə aparıcı rol oynayır. Son dövrlərdə islam dini də bu missiya ilə çıxış edir. İranda və Əfqa­nıstanda baş verən hadisə­lər buna ən yaxşı misaldır. Azərbaycanda da islam dini ilə bağlı təbli­ğatlar bəzən öz əsas vəzifəsindən uzaqlaşaraq ideya-siyasi yön almağa tə­şəbbüs göstərir. İndi ədəbi-bədii fikir sahiblərinin, jurna­list­lərin ən çox meyl etdikləri “ideoloji modellər” XX əsrin əvvəl­lə­rin­də türk ideoloqları və musavatçıların irəli sürdüyü “türk­çü­lük, is­lam­çılıq, müasirlik” şüarının müxtəlif modi­fi­kasiya­la­rın­dan iba­rət­dir. Və bunların hamısında “is­lamçılıq”, “islamlaş­maq” və s. mər­kəzi yer­lərdən biri­ni tutur. Azərbaycan müstəqillik əldə et­dik­dən sonra xalqın sovet ideologiyasının təsiri ilə icbari yolla imti­na etmiş olduğu dini dəyərləri qaytarmaq tə­şəbbüsü, heç şübhəsiz, təqdirəlayiq bir hadisədir. Həm də nəzərə alsaq ki, islam bizim üçün əsrlər boyu təkcə əqidə deyil, həm də əxlaq, adət-ənənənə, hətta düşüncə tərzinin formalaşmasının mühüm mənbələ­rin­dən biri olub, ona qayıtmağın bizim üçün necə də­yərli bir hadisə olduğunu tə­səvvür etmək çətin de­yildir. Məhz buna görədir ki, Heydər Əliyev dinin mənəviyyatda rolunun artmasını ölkəmi­zin inkişaf stra­tegiyasının mühüm isti­qamətlərindən biri hesab edir­di: “Heç vaxt inamımızdan, di­nimizdən uzaqlaş­mayacaq və bu mə­nəvi mənbələrimizdən is­tifadə edə­rək gələcəyimizi quracağıq”19.

Bəziləri millətlə dinin müxtəlifliyinə istinad edə­rək bunlar arasında ancaq fərqi görməyə çalışırlar. Hal­buki din millətin inkişafına da müəyyən təsir göstə­rir. Böyük alman filosofu və tarixçisi İ.Q.Herder hələ XVIII əsrdə “Bəşər tarixinin fəlsəfəsinə dair ideyalar” kitabında ya­zırdı ki, türklərin hətta zahiri gözəlli­yi­nin aromasında da islam dininin böyük rolu olmuşdur.20 Biz­cə, Azər­baycanda neçə əsrlərdən bəri yaşayan xalqların ümumi mənə­viy­yat, adət-ənənənə və həyat tərzi sayəsində vahid “azərbaycanlı” adı al­tında birləşməsində islam dininin rolu az olma­mışdır.

Bütün bunlar müasir Azərbaycan milli şüurun­da, icti­mai psixologi­ya­sında dinin həqiqətən mühüm yerlərdən bi­rini tutduğu­nu göstərir. Bəs onda dinin fəal siyasi və ideoloji mövqeyi nəyə görə yolverilməz hesab olunur İlk növbədə ona görə ki, hər şey, hətta ən yaxşı şey də, öz ye­rində olanda gözəldir.

Azərbaycan artıq öz strateji yolunu seçmişdir və psev­dodini təlimlərin dinin nüfuzun­dan istifadə edə­rək, din bayrağı altında siyasətə müdaxilə etmək təh­lü­kəsi Konsti­tusiya sə­viy­yə­sində, hü­qu­qi yolla aradan götürülmüşdür. Bəs onda belə təşəbbüslərin qor­­xulu cəhəti nə­dən ibarətdir Qorxulu cəhət əsl dinin psev­do­dini təlimlərlə, ideoloji məzmunla əvəz olunması və dinin öz həqiqi miq­yasından uzaqlaşmasıdır. Biz dinin ideoloji aktivliyindən, siya­si mü­da­xi­lə­­sindən və s. yox, əksinə dini itirməkdən qorxuruq. Çün­ki sovet dövründə hər cür dinin inkar olun­ması insan­ların mə­nə­viyyatında bir boşluq yaratmışdı və kommunist rejiminin uğur­suz­­lu­­­ğu­­nun səbəblərindən biri cəmiyyət miqyasında mükəm­məl ideo­loji sistem yaratmaqla yanaşı, fər­di mənəvi aləmdəki boş­lu­ğa dini əvəz edə biləcək la­yiqli alternativ tapa bilməməsi idi. İndi din aş­kar şə­kildə inkar olunmasa da, bu boşluğu həqiqi dindən kə­nar fa­na­tizm, xurafat, psev­do­dini məzmunla doldurmaq tə­şəbbüsü daha ağır nəticələr verə bilər.

Bir daha yada salmaq istərdik ki, dinin əsl mə­ra­mı in­san mə­nə­viyyatını ülvi duyğularla zənginləş­dir­məkdir. Din fərdi mənəviy­yatı yaddan çıxarıb so­sial qurumlar, təsisatlarla məşğul olduqda o, din­likdən çıxır, başqa bir şeyə çevrilir. İnsanlar isə yenə də dinə möhtac qalırlar.

Xüsusən kommunist ideologiyasından imtina etmiş bir xalq bu boşluğun yerini nə iləsə doldurmağa ehtiyac hiss etdiyi bir vaxtda dinçilik də, millətçilik də, Qərbçilik də və hətta bazar iqti­sa­diyyatına sürətli keçidin təsiri ilə baş alıb gedən “alver psixo­logiyası” da ideologiyada mər­kəzi yer tutmaq iddiasında ola bilər. Və bu problem ciddi surətdə tədqiq olunmalıdır.

Bəs əslində din ideologiyanın strukturuna daxil olma­lıdırmı və əgər olmalıdırsa, burada nə kimi yer tutmalı­dır Bizcə, ideologi­ya ayrıca fərdlərin ruhu, mənəviyyatı haqqında yox, cə­miy­yətin siyasi təşkili, optimal siyasi-iq­tisadi strukturu və ictimai həyatda mədəni-mənəvi me­yar­lar haqqında təlim, ideyalar sistemi oldu­ğun­dan bu­rada nə din, nə də milli spesifiklik mər­kə­zi yer tuta bil­məz.

Din və millətlə əlaqə əsasən sonrakı mərhələdə – icti­mai müs­tə­vidən fərdi müs­təviyə keçəndə ortaya çıxır. Cə­miyyətin elə təş­kilati strukturu, elə ictimai dəyərlər və me­yar­lar sistemi optimal sayıla bilər ki, şəxsi mənafe ilə ictimai mənafe, əxlaqla hüquq ara­sın­da cid­di ziddiyət ortaya çıxmasın, insanların vic­dan azadlığı hər hansı formada məh­dud­laş­dı­rıl­ma­sın. Bu baxımdan dövlət siya­səti və hüquq normaları, qa­nun məcəllələri işlənib hazır­lanar­kən onların əhali­nin dini və milli hissləri ilə uz­laşması, ahəngdarlığı mə­sələsi nəzərə alınma­lı­dır. Xüsu­sən islam dininin özü­nəməxsus hüquq sistemi (müsəlman hüququ – şə­riət) oldu­ğun­dan bizim öl­kə­də ilk növbədə dünyəvi prin­siplər əsasında hazırlanan hüquq nor­ma­ları və qa­nun­lar şəbəkəsi müəyyənləşərkən şəriətin də imkan da­xilində nəzərə alınması və əmələ gələn uy­­ğunsuz­luq­ların, ziddiy­yət­lərin minimuma endirilməsi vacib şərt­lərdən bi­ridir. Yəni, cə­miy­­yə­tin inkişaf stra­tegiyası, sosial ideal elə seçilməlidir ki, o, adam­ların mənəvi idealı və əqi­dəsi ilə ahəng­dar ola bilsin. Lakin bu­rada yeganə məqbul metod – deduktiv metoddur.

Adamların hər bi­rinin istək və arzularının, şəxsi mənafelərin, dini və milli hiss­lə­rin toplanmasından cə­­miy­yə­tin optimal modeli hasil ola bil­məz. Əksinə, ümumi ictimai inkişaf qanunauyğun­luqlarının öy­rə­nilmə­sin­dən hasil edilən cəmiyyət modeli, sosial ideal və ona çatmaq üçün həyata keçirilən si­yasi, iqtisadi və hüquqi islahatlar sistemi ilkin olaraq müəy­yən­ləş­dirilir və bu modelin, is­la­hat­­ların hər bir adamın hə­ya­tında öz əksini necə tapması sonrakı mərhələdə orta­ya çıxır.

So­si­al idealın düzgün seçilib-seçilməməsi də məhz bu son­ra­kı mərhələdə aydınlaşır. Unutmaq ol­maz ki, təbiətdə olduğu kimi, cəmiyyətdə də həqi­qə­tin başlıca meyarı prak­tikadır. Sosial nə­zə­riy­­yələrin hə­qiqiliyi və pozitivliyi ancaq ictimai praktika ilə təs­diq olunur və deməli, nəzə­riyyə ic­timai gerçəkliyin tə­ləblərinə uyğunlaşdırılmalı­dır. Ona görə də ən mü­hüm şərtlərdən biri is­ti­fa­də olunan bu və ya digər ide­ya-siyasi sistemin dinamikliyi, mütə­hər­­rikliyidir. İdeo­logiya in­san­ların şəxsi həyatına hansı istiqamət­də təsir etməsindən asılı olaraq müntəzəm su­rətdə özünü tək­mil­ləş­dir­məlidir. Və ya plüralizm şərai­tində hansı ideologiya son nəticə­də insana daha yaxşı xid­­mət edir­sə, parlament də, dövlət də ona üstünlük vermə­lidir.



Qərb ruhu
Qərb intellekt və texnika qa­nad­larında çox uzaqlara uçmuş və həyatın təməl prinsiplərindən, fəlsəfi-estetik bazisdən ayrı düş­müşdür.

Əbu Turxan
Kənardan baxdıqda, Qərb ilk növbədə nə ilə nə­zərə çarpır?

Bəs, Qərb özü özündə ən əlamətdar bir məqam kimi, nəyi görür?

Hər iki sualın cavabı eynidir: buz kimi soyuq ağıl dəryası!

Müasir Qərb sivilizasiyası nəyə nail olmuş­dur­sa, hamısına ilk növbədə elmin tətbiqi, yeni texnikaya və texnologiyalara əsaslanan iqtisadi sistem sayəsində nail olmuşdur. Daha doğrusu, bu Qərb siviliza­siyası­nın təməlidir. Bu baxımdan, Qərbin texnolo­giyaya, el­­mə, hətta bütövlükdə rasionallığa yiyə durmaq tə­şəbbüsü anlaşı­lan­dır. Rasionalizmin R.Dekartdan baş­laması haqqında iddialar da buradan irəli gəlir.

Bəs əslində necədir?

Rasionallıq həm Qərbin, həm də Şərqin birgə sərvətidir. Əs­lin­də, məhz rasionallıq prinsipini, məhz xalis zəka anlayışını Qərb Şərq­dən götürmüşdür. Bu başqa məsələ ki, Şərqdə həqiqətin ye­ga­nə vasitəsi ki­mi qəbul edilən əql (zəka) təcrübə ilə, maddi pro­ses­lər­lə deyil, ilahi başlanğıcla əlaqələndirilmişdir. Al­la­hın insan­la­ra bəxş etdiyi bu ən böyük nemət, təbiəti öyrənməkdən daha çox, ila­hi varlığın özünü dərk etməyə yönəldilmişdir.

Qərbdə isə, rasionalizmin daha praktik bir tət­biqi ön plana keç­miş, əql təcrübə ilə birləşmişdir. İn­san transendent dünyanın dər­kinə uyaraq qalmamış, nəzərlər həm də cismani dünyaya yö­nəl­dil­mişdir.

Bunun üçün ilk növbədə dindən, xristianlıqdan imtina etmək lazım idi!

Qərb sivilizasiyasının təməlində elmin dindən ayrılması, ra­sio­na­lizmin ilahiyyat ilə deyil, empi­rizm­lə birləşməsi dayanır. Bu ba­­xım­dan orta əsr xristian sxolastikası da Qərb yox, Şərq hadisəsi idi. Dini fərq­lərinə baxmayaraq, Foma Akvinski ilə İbn Rüşdün bu qədər yaxınlığı bir daha onların hər ikisinin eyni sivilizasiyaya məx­sus olmasına dəlalət edir.

Avropalılar coğrafi baxımdan Qərb fenomeninə yiyə durduq­la­rı və onu qeyd-şərtsiz özününkü saydıq­ları üçün, onu əsasən çəh­ra­yı rəngdə təsvir edir, daha çox dərəcədə elmlə, ümumbəşəri tə­rəq­qi ilə, universal sivilizasiya ilə bağlamağa çalışır və onun özü­nə­məx­sus, spesifik cəhətlərini ayırd etməyə çalışmırlar. Qərb­lilərin nə­zə­rindəki Qərb fenomeni iki qüsurlu tezis üzərində forma­laş­mışdır.



Birincisi, bir tərəfdən coğrafi prinsiplərə əsas­lanan bölgü ilə spekulyasiya edilir, digər tərəfdən ABŞ, Kanada və İsrail də aşkar və qeyri-aşkar şəkildə Qərb fenomeninə daxil edilir; bu halda ilkin coğrafi yanaşmanın əhəmiyyətinin itdiyi nə üçünsə unudulur. Çünki, həmin Amerika qitəsində ABŞ-la yanaşı, mə­sə­lən, Meksika da var ki, Qərbin onu həzm etməyə iştahı yoxdur. Deməli, əsas məsələ coğrafiyada de­yil… Və bunu qərblilər bilməmiş olmazlar.

İkincisi, coğrafi prinsipə istinad etməklə, Qərb antik mədə­niy­­yə­ti qeyd-şərtsiz özününküləşdirir və özünü qədimlərə aparıb çı­xa­rır, «əsil-nəcabət qaza­nır» və bu zaman qədim yunanlarla özləri arasında körpünün başqa bir millət, başqa bir dini icma, başqa bir mədəniyyət tərəfindən atıldığını nə üçünsə «yad­dan çıxarır».

Müasir Qərb sivilizasiyasını antik mədəniyyətlə və xris­tian­lıq­la bağlamaq kimi açıq-aşkar, qeyri-elmi yanaşmalara bax­maya­raq, Qərbdə bu sivilizasiyanın məğzini anlayanlar və bu mahiyyət­dən gələn məhdu­diyyətləri görənlər də vardır. Bu gün Qərbdə mo­der­nizm və postmodernizm meylləri, əslində ənənəvi rasionalizmə qarşı çıxışlardan başqa bir şey deyil.

Qərb yeni inkişaf yolları axtarır. Ancaq ağıldan, rasional dü­şün­cədən, texnologiyadan ibarət bir həyat darıxdırıcıdır. Qərbin böh­ranı haqqında həyəcan siq­nal­ları indi tez-tez eşidilir.

Qərb sivilizasiyasının uğurlarından vəcdə gələn və onu öz mil­­li-dini özünəməxsusluğu kimi qələmə verməyə çalışan Maks Ve­ber­lərlə yanaşı, harada isə uzaq ölkələrdə yox, onun öz vətənin­də, onun öz ailə­sində, onun öz doğma qardaşı Alfred Ve­berlər də ya­zıb-yaradır və əsil həqiqəti söyləməkdən çəkinmirlər.

Demokratiya və beynəlxalq hüquq normalarının da Qərb si­vi­li­zasiyası çərçivəsində təqdim edilməsi mü­bahisəli görünür. Düz­dür, hüquq müstəvisində bu nailiyyət ilk dəfə məhz Avropada əldə edilmişdir. Və onun fəlsəfi əsasları da daha çox dərəcədə, məhz Avropada yaradılmışdır. Lakin əslində Avropa huma­nizmi, Şərq humanist fikir ənənələrinin davamı kimi ortaya çıxmışdır. Şərqdə bu ideyalar ənənəvi üsul-idarəyə; monarxiyaya, şahlığa, sultanlığa, bir şəxsin diktatına qarşı reaksiya kimi ortaya çıxmışdır. İnsan bərabərliyi haqqında, insan azadlığı haqqında ilk təlimlər də, hətta onların ictimai realizasiyası da Şərq­də həyata keçmişdir. Bu ba­xım­dan, biz Məzdək təli­mini, Xürrəmilər hərəkatını, Babək üs­ya­nını və s. yada salmaq istərdik. Xürrəmilikdən gələn ideyalar neçə əsr sonra İslama qarşı qoyulmadan, əksinə yeni dəyərlər sistemi ilə əlaqəli surətdə böyük Nizaminin «Xoşbəxtlər ölkəsində» ifadə olunmuşdur.

Lakin bütün bunlara baxmayaraq, Qərb siviliza­siyası məhz da­­ha optimal ictimai təşkilatlanma ilə sə­ciyyələnir. Rasionalizm tək­cə təbiətin öyrənilmə­si­nə və dəyişdirilməsinə deyil, həm də cə­miy­yətin təşkilat­lanma prinsiplərinə təsir etmişdir. Və Qərb de­mok­ratiyası yaranmışdır.



Şərq və Qərb düşüncə tərzi

Şərq təfəkkürü təəssüratçılıqla, Qərb təfək­kürü təfərrüatçılıqla səciyyələnir.

Əbu Turxan
Həm fərdi, həm milli, həm də ümumbəşəri in­ki­şa­fın təmə­lin­də ideya dayanır. Bu bölgüdə milli, bir növ keçid mərhələsidir. Milli ideya səviyyəsinə qalx­ma­dan, ümumbəşəri ideyaya yiyələn­mək və onu şüur­lu surətdə təmsil etmək mümkün deyil. Bəşəriyyət adın­­dan, bütün bəşə­riyyətin taleyini düşünərəkdən ya­şamaq, ümum­bəşəri ideallara xidmət etmək – insanın ideya təkamülünün zirvəsidir.

Lakin, göründüyü kimi, bu triadada Şərq və Qərb bölgüsünə yer yoxdur. Ümumbəşəri siviliza­si­ya­dan fərqli olaraq, milli mə­də­niy­yətlər, dil və din müəy­yənliyi ilə də seçilirlər. Bu baxımdan, milli mə­də­niyyətin aralıq mərhələ kimi təsbit edilməsi, tamamilə qanunauyğundur. Şərq və Qərb bölgüsündə isə, dil və din amilləri istisna olunur. Yuxarıda göstər­di­yimiz kimi, coğrafi amil də burada həlledici deyil. Bəs bu bölgü, nəyə əsaslanır? – İlk növbədə, düşüncə tərzinə, fərdi və ictimai şüurun qarşılıqlı əlaqəsinə və bu əlaqəni təmin edən ictimai təşkilatlanma formala­rına!

Qərb düşüncəsi, konkret təhlilə, hissi təcrübəyə, təfərrüat­la­rın öyrənilməsi və ümumiləşdirilməsinə, in­duk­tiv metoda, subyek­tin obyektdən ayrılmasına əsas­lanır. Şərq düşüncəsi isə, daha çox fitrətə, duyğuya, bütövlüyün hissi və əqli sezgi ilə mənimsənilmə­sinə, obyektin subyektdə itməsinə əsaslanır.

Lakin bu xüsusiyyətlər, ancaq düşüncənin daxili mexaniz­mi­nə aiddir. Nəzərə alınmalıdır ki, qərar­laş­mış sosial mədəni durum, də­yərlər sistemi də düşüncə tərzinə təsir göstərir. Mühit özü, in­sa­nın reallaşması və tənbəlləşməsi üçün şərt ola bilər. Mühit ideyanı, düşüncəni, təşəbbüsü stimullaşdıra da bilər, onun qar­şısını ala da bilər. Düşüncənin inertləşməsi, fikir tən­bəlliyi, bu gün Şərqin əla­mət­lərindən birinə çevril­mişdir. Halbuki, məhz Şərqdə, düşüncə soyuq ağla de­yil, qaynar zəkaya, qəlbin döyüntüsünə, şövq və eh­tirasa söykənir. Əql, məhəbbət kontekstində ortaya çıxır…

Lakin, təəssüf ki, Şərqin ətalətini şərtləndirən də, onun so­yuq­luğu yox, elə məhz hərarətidir. Adi məntiqlə düşünmək, ölçüb-biçmək, insandan böyük daxili enerji tələb etmədiyi halda, hər bir məqamda, bütün varlığı ilə obyektə doğru yönəlmək (fenome­no­lo­gi­ya­da buna – intensiallıq deyirlər), obyekti öz «mən»ində ərit­mək, idrakı sevgi məqamına yüksəlt­mək, çox çətindir. Məhz buna gö­rə­dir ki, Şərqdə əqli fəaliyyət, idrak, istənilən insanın deyil, seçil­miş­lərin nəsibi olur. Fəhmlə dərk etmək üçün, ağıldan ziyadə fəhmə, intuisiyaya malik olmaq tələb olunur. Böyük həqiqətləri, qəlbin işıqlanması məqamında görmək üçün, alışıb-yanmaq, nur­lan­­maq siqləti tələb olunur.

Fərdi müstəvidə, əlbəttə, hər şey aydındır. Şər­qin düşüncə tərzi daha yüksək, daha ali bir məqamı ifadə edir. Lakin, bu yüksək məqama hamı yüksələ bilmirsə, onda ictimai şüurun, fərdi şüurlardan geri qalması, kütlənin kimlərinsə dalınca getmək, kimə isə kor-koranə inanmaq zərurətini də ortaya çıxardır. İcti­mai təşkilatlanmadakı fərqlər də, düşüncə tərzin­dəki fərqlərdən irəli gəlir. Şərqin ictimai müstəvidə geri qalması, onun həqiqət məzən­nə­sini çox yüksəklərə qaldırması ilə bağlıdır və bu yüksəklik icti­mai müstə­vidə öz əksliyinə çevrilir.

Hər dəfə fikirləşmək üçün, səmaya qalxmaq, daxili yüksəliş ke­çirmək zərurəti, geniş kütləni fikir tənbəlliyinə sürükləyir. Və fi­kir tənbəlliyi, Şərqin ami­linə çevrilir. İctimai mühitin, sosial infras­truk­turun, ənənəviləşmiş təsir formaları Şərq anlayışına və səhvən «Şərq düşüncə tərzi» anlayışına da daxil edilir.

Yeni dövrdə müsəlman dünyasında, ideoloji in­fra­strukturun düşüncəyə münasibətlə yanaşı, tədqiqa­tın məzmununa da təsir etməsi, Cəmaləddin Əfqani tərəfindən gözəl şərh edilir: «Təfəkkü­rün tərzi və meyarı olan məntiq elmini, hər kəs öyrənməlidir ki, həqiqəti yalandan, düzü əyridən seçə bilsin. Halbuki, bizim mü­səl­man məntiqçilərinin başı mövhumatla və boş-boş şeylərlə doludur. Bun­ların təfəkkürü ilə, avamların təfəkkürü arasında heç bir fərq yox­dur. Hikmət elmi ətrafımızdakı mövcud səbəblərdən və əla­qə­lər­dən bəhs edir. Qəribə burasıdır ki, bizim alimlər «Sədri» və «Şəm­sül-bariə» oxuyurlar və fəxrlə özlərini hikmət sahibi hesab edir­lər. Di gəl,… soruşmurlar ki, biz kimik və nəyik? Elektrik, bu­xar gəmisi, dəmir yolu nədir?»21 Sabirin məşhur satirası yada düşür:


Dindirir əsr bizi, dinməyiriz,

Açılan toplara diksinməyiriz,

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz.22
M.F.Axundovdan Cəmaləddin Əfqaniyə, Əfqa­ni­dən Sabirə və Hadiyə, M.İqbala və C.Cübrana, Ca­vidə və Cabbarlıya gedən ideya yolu, özünütənqid və vəh­dətə çağırış yolu!

Məhz fikir tənbəlliyinin və ətalətin nəticəsidir ki, Avropa yeni-yeni texniki nailiyyətlər əldə etdiyi bir vaxtda, bizimkilər ərəb əlifbası və ərəb sözlərinin təfərrüatları sahəsində baş sındırmaqla məşğul idilər. C.Əfqani elə bil ki, M.F.Axundovun əlifba islahatı uğrunda mübarizəsinə səs verərək, yazırdı: «Müsəl­manlar təlim-tərbiyədən heç bir xeyir görmürlər. Mə­sələn, onlar nəhv elmini öyrənməklə məşğul olurlar. Nəhv elmində məqsəd də budur ki, ərəb sözlərini düz­gün yazıb-oxumağı öyrənsinlər. Halbuki, bizim zəma­nəmizdə müsəlman alimləri, nəhv elmini son məq­səd və qayə kimi qarşılarına məqsəd qoymuş­lar…».23 Bəli, dil məqsəd yox, vasitə olmalıdır. Hansı dildə oxu­­maq və yazmaq deyil, nə barədə oxuyub, yazmaq önəmlidir. Düşüncənin səhv istiqamətdə yönəl­dil­mə­si, vasitəni özünə məqsəd etməsi, hətta, elmi dini də­yərlərlə əvəz etmək təşəbbüsləri Şərqin tənəzzül sə­bəb­lərin­dəndir. «Qəribə burasıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Buna görə də, onlar camaatı xeyirli elmlərin mənimsənilməsindən çəkindirirlər. Onlar başa düş­mür­lər ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur…»24

Şərq və Qərb düşüncə tərzlərini, qarşılıqlı ma­raqları üzvi surətdə birləşdirən sintetik təfəkkür siya­sət sahəsində, beynəlxalq münasibətlər sahəsində hə­qi­qətən yeni hadisədir...

Lakin daha geniş miqyasda götürdükdə, hə­ya­tımızın bütün sa­hə­lərini məhz bu yeni təfəkkür işı­ğında nəzərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş yerdə ya­ranmamış, min illər­dən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi kimi mey­da­na gəlmişdir.

Bu gün qarşıda duran vəzifə idrak sahəsində mü­vəffə­qiy­yət­lə­rin rəhni olan dialektik təfəkkür tər­zinin praktik tətbiqinə nail olmaqdan, fəaliyyət proq­ramını bu təfəkkür əsasında qur­maq­dan, dialektikanı “xalis zəka” sahəsindən “praktik zəka” sahəsinə ke­çir­­mək­dən ibarətdir.

Sintetik siyasi təfəkkür dialektik idrak metodu­nun dövlət si­ya­sətinə tətbiqi deməkdir. Miqyaslar ara­sındakı uçurumun ara­dan götürülməsi, tam ilə his­sə­nin əlaqələndi­rilməsi, fərdi problem­lə­rin qlobal hadi­sə­lər kontekstində nəzərdən keçirilməsi və əksinə, qlo­­bal hadisələrin həl­lində hər bir adamın məna­fe­yi­nin nəzərə alın­ması sinte­tik təfəkkürün mühüm tər­kib hissəsidir.

Dialektik təfəkkürün əsasında hərtərəflilik prin­sipi, sintetik­lik dayanır. Əksliklər müəyyən olunur, ancaq onlar mütləqləşdiril­mir, vəhdətdə nəzərdən ke­çirilir.

Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini qarşı­lıq­lı surətdə tamamlayır. Sintetik tə­fəkkür müxtəlif konseptual sis­tem­lərin dialektik sintezi ol­maqla yanaşı, müxtəlif təfəkkür tərz­lə­ri­ni də özündə birləşdirir. O, Şərq və Qərb təfəkkür tərzlərinin, mil­­li şüarların bir-birini zənginləşdirməsini nəzərdə tutdu­ğu kimi, el­mi və bədii təfəkkürün vəhdəti üçün də mey­dan açır.

İnsanın mənəvi ehtiyacları onun boya-başa çat­dığı milli-mədəni mühitin spesifikası ilə müəyyən olu­nur. Ona görə də hər bir xalqın sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrən­mədən ye­ni nəs­lin nə kimi hisslərlə yaşa­dığını, onun mədəni tələbat meyl­lə­rini və estetik zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin təəssüf ki, əvvəlcə pro­letkultçuluğun təsiri ilə, sonra isə repres­­siya və yetkin sosializm illərində bizi öz mənəvi kökləri­mizlə bağla­yan tellər zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmış­dı. Sosialist gerçəkliyinin milli özünüdərk və mədəni tərəqqi üçün yaratdığı şəraitdən tam şəkildə is­tifadə etmək imkanına biz yalnız müstəqilləşmə mər­hələ­sində nail olmuşuq. Bu imkanı reallaşdır­maq isə hər xal­qın özündən asılıdır.

Xüsusən Azərbaycan mədəniyyətinin müxtəlif ta­rixi dövrlərə bölünən zəngin və çoxsahəli keç­mi­şinin öyrənilməsi ciddi çətinlik­lərlə bağlıdır və bu sa­hədə yalnız elm və sənət adamlarının birgə səyi nə­ti­cəsində nailiyyət əldə etmək mümkündür.

Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivili­za­siyaların nailiyyətlərindən bəh­rələn­miş və eyni zamanda onların bəzilərinin beşiyi ba­şında dayanmış elə mürəkkəb və zən­gin bir fe­no­mendir ki, onu bəsit, stan­dart təfəkkürlə dərk etmək, mənimsə­mək mümkün deyil.

Tarixi keçmişə etinasız və bəsit münasibətin nə­ticəsidir ki, müasir Azərbaycan bədii tə­fək­kürünün qay­naqla­rını təşkil edən və özünəməxsus ənənələrə malik olan milli əfsanə və əsa­tir­lər, şifahi xalq yara­dıcılığının istər xarici təsirlər üzündən yarı yolda qalan, istərsə bu gün də ya­şamaqda davam edən müx­təlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sər­vətlərinin da­şıyıcısı, qoru­yucusu və ötürücüsü ro­lu­nu oynamış əvəzsiz ozan sənəti, Zər­düş­tilik fəl­sə­fə­sin­dən miras qalmış düşüncə tərzi və adət-ənənələr, Alban dövləti dövründə xristianlığın təsiri ilə for­malaşmış sənət nümunələri və xüsusən yeni dövrə gəlib çatmış olan arxitektura abi­­dələri və sə­nət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xris­tian­­lığın və əc­dad­larımızın etiqad bəslədiyi di­gər dinlərin öz yerini təd­ricən islama verdiyi keçid mərhələsində incəsə­nətdə baş verən tə­­bəd­dü­latlar və islamın təsiri ilə yeni keyfiyyət halına qədəm qo­yan orta əsr sintetik Azər­baycan mə­dəniyyəti – bütün bunlar uzun müd­dət xüsusi tədqiqat obyek­tinə çevrilməmiş, müasir milli mə­də­niy­yətimizin struktu­runda hələ də nəzərə çarpa­caq yer tutan qədim ün­sürlərin mənşəyi və tə­kamül yolu layiqincə araşdırılma­mış­dır. Ça­rizm və daha son­ra sovet dövründə heç bir əsas ol­ma­dan adət və ənənələrimizin, milli sənətimizin spesifik xüsu­siy­yət­lə­rinin an­caq islamla bağ­lan­ması və islama bəsləni­lən qeyd-şərtsiz mən­fi mü­nasibətin az qala bütün mədəni keçmişimizə şa­mil edil­məsi müa­sir milli mədəniy­yə­timizi öz tarixi kökləri ilə əlaqəni itir­mək təh­lükəsi qarşı­sın­da qoymuşdur. Min illər boyu milli mədə­niy­yə­ti­mi­zin inkişafına təsir göstərmiş Zərdüşt tə­li­mi­nə biganə­lik o həddə çat­mışdır ki, başqa xalqların çox­dan fayda­landığı “Aves­ta”nın bu gü­­nə qədər gəlib çatmış hissələ­rinin öz dilimizdə çap olunması və müa­sir mədəni həyatı­mızda bu tə­limin izlərinin aşkar edilməsi sa­hə­sində ciddi addımlar atılmamışdır. Zər­düştün təli­min­dən xə­­bər­siz halda onun adı ilə fəxr etsək də, heç olmazsa bu adın konkret bir xatirə ilə yad olun­ma­sı sahəsində də de­mək olar ki, heç bir tədbir görülməmişdir. Gec də olsa vaxtilə könüllü su­rət­də im­tina etdiyimiz və başqalarının sərəncamına verdi­yi­miz alban mədə­niy­yətinin sələflik hü­qu­­qunu şifahi şəkildə bərpa etsək də, alban mən­bə­lərindən öz dilimizdə isti­fa­də etmək im­ka­nın­dan hələ də məhru­muq və bu, milli mədəniyyət tariximizin öyrənilməsi işində böyük çətin­liklər törədir.

Mənəvi mədəniyyət daha çox dərəcədə milli ta­rixi köklərə malik olsa da, maddi mədəniyyət ümum­bəşəri səciyyə daşıyır. Bu sahədə hər millətin öz tarixindən deyil, bəşəriyyətin əldə etdiyi nailiyyət­lər­dən və hər bir millətin bu ortaq sərvətdən yararlan­maq imkanlarından söhbət açılmalıdır.

Azərbaycan yeni iqtisadi münasibətlərə keçər­kən təbii ki, bu sahədə böyük təcrü­bəsi olan Qərb dün­yasından çox şey öyrən­məlidir. Həm elm və tex­nikanın yüksək inki­şaf sə­viyyəsinə görə, həm də neçə yüzilliklər ərzində bazar iqtisa­diyyatının qərar­laşma dərəcəsinə və sosial yönümünə görə Qərb dünyası, heç şübhəsiz, öncül mövqe tu­tur.

Lakin müasirlik ancaq texnologiya və iqtisa­diyyat gös­tərici­lə­ri ilə müəyyən edilə bilməz. Müasir insanın for­malaşma­sın­da bə­şə­­riy­yətin min illərlə öl­çülən mənəvi təkamül yolu bəlkə də elmi-tex­ni­ki tərəqqidən daha çox rol oynamışdır.

Bəziləri Şərq dünyasını təmsil edən ölkələrin, o cümlədən, Azər­­­baycanın müa­sir texnikaya əsaslanan iqtisadi yarışda qabaq­cıl Qərb ölkələrindən geri qal­ma­sının sə­bəblərini İslam di­nin­də və ənənəvi düşüncə tərzində axta­rırlar. Halbuki iqtisadi inki­şafın hə­rə­kət­verici qüvvəsi din yox, elmdir. Din iqtisadi me­yar­lar­la deyil, an­caq mənəvi meyarlarla dəyərləndirilə bi­lər. Söhbət hansı dinə qulluq edilməsindən yox, ümumiy­yətlə din və elmin münasi­bətin­dən getməlidir. Din öz yerində, elm də öz ye­rində olduqda cə­miy­yə­tin iqti­sa­di inkişafına heç bir xələl gəlməz.

Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məh­dudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatın­dan ayrıla­raq özünə qapıldığından, in­san daha çox öz dünya­sında yaşa­dı­ğın­dan onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki for­ma­da həyata keçir:

1. Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açı­lır və xa­ri­ci mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalma­dığı dövrdə, soyuqqanlı düşüncə şə­raitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qa­lır. Fərdi aləm unudu­lur və insan dünyaya ancaq mühitlə inten­siv əlaqənin təsirindən, emosional reaksiyadan doğan kon­kret bir tap­­­şırıq, hökm, qərarla çıxır. İllər boyu forma­laş­mış kon­septual dü­­şüncə arxa plana keçir, emosiya vul­kanının püskürdüyü lavanın altında qalır.

İmpulsiv emosional reaksiyalardan xilas olmağa çalı­şan, Qər­bin soyuqqanlı düşüncəsinə həsəd aparan Şərq ada­mının istə­yi­ni şair belə ifadə edir:
Hikmət sirdaş olub qala biləydi,

Zəngli saat kimi çala biləydi,

Gen gündə Gün kimi aydın olanı

Məqamda yadıma sala biləydi.

Şərqdə insanın dünyaya münasibəti əsasən aksi­oloji xarakter daşıyır, fərdi mənəviyyat prizmasından kənar hadisəyə ancaq qiy­mət verilir, ona yaxşı və ya pis münasibət bəslənir, sonra isə bu mü­nasibət ya poetik yolla vəsf edi­lir (mədhiyyə və ya həcv yazılır), ya da daha sistemsiz və daha impulsiv yolla adi şüur səviy­yəsində biruzə verilir.

İnformasiyanın xaricdən fərdi mənəvi dünyaya qəbul olun­ması da əsasən təəssürat formasında, aksi­oloji xətlə həyata keçir.

2. Fərdi mən prizmasından dünya ancaq ağ və qara rəng­lərdə görünə bildiyindən çox vaxt təsadüfi amillər nəticə­sində ya ağların, ya da qaraların siya­hısına düşən hadisə­lər uyğun olaraq ya tərif­lə­nir, ya da pislənir. Eyni hadisə­nin müxtəlif yönümlərdə müxtə­lif rəngləri üzə çıxarıl­mır, məsələyə dialektik baxımdan, sistemli şəkil­də yana­şılmır. Təhlil olmadı­ğından bir münasibətdə “yaxşı” kimi qə­bul olunan hadisənin pis cəhətləri üzə çıxarılmır və əksinə.

Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim be­lə hesab edirsə ki, müasir dövrdə xal­qımızın tərəq­qisinə mane olan Şərq təfəkkür tərzidir – səhv edir. Şərq təfəkkürünün müəyyən ça­tış­mazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda bax­­maq üçün əsas vermir. Digər tərəfdən də, ona qar­şı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöq­sanlara malikdir. Yağış­dan çıxıb yağmura düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədəniyyətinin, Qərb təfəkkür tərzinin məhz nöq­­sanlı cəhətlərini qəbul etməyə daha çox meylliyik.

Müasirliyə gedən yolun diskoteka və videote­ka­dan, hətta in­ter­net klublarında keç­diyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin yayılması bizim ümu­miyyətlə mədəniyyət və müasirlik haqqında təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.

Bəziləri Avropa ilə bağlı olan hər şeyi mədə­niy­yət hesab edir, müasirliyi onunla ayaqlaşmaqda gö­rür­lər. Lakin bu zaman nə­dən­sə Avropanın elmi, tex­ni­kası, maddi isteh­sal və xidmət mədə­niy­yə­ti yaddan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə va­dar edən əsl cəhətlər unu­dulur, Qərbin tərəqqisində həqiqətən böyük rol oynamış olan, onun maddi mə­də­niyyətini tamamlayan mütərəqqi mənəvi mədəniyyət nümunələri yaddan çıxır və əksinə, Qərbin tə­nəz­zü­lü­nə, süqutuna, mənəvi deqradasiyasına aparıb çı­xa­ra bi­lən, onun ilkin tərəqqi dövrünün ənənələrinə əsas­lan­­mayan, yandançıxma (çox vaxt Afrikasayağı) “mə­dəniyyət” nümunələri, o cümlədən, bayağı rok, var­ye­te, por­noqrafik musiqi lövhələri, gecə klubları, ka­zi­no, striptiz və s. “Avropa mədəniyyəti” kimi qə­bul edi­­­­lir. Məhdud sə­viyyəli gənclərdə belə bir meyl tə­biidir, lakin təəc­­­cüb­lü burasıdır ki, bəzən mətbuat və televiziya da onların “mü­­­da­fiə­sinə” qalxır, mək­təb­lə­rimizdə diskotekaların az­lığından, Ame­­ri­ka və Qərb caz­menlərinin həyat və fəaliyyə­tini öyrənmək zə­­­ru­rə­tin­dən, rok musiqisinin şəhərimizin kandarında qal­ma­sın­dan bö­­yük qayğı və təlaşla danışılır, dar­va­za­ları gen açmaq tövsiyə edi­lir. Qər­bin tərəqqisinin əsil hə­rəkətverici qüvvələri, böyük elm ko­ri­fey­lə­ri, maa­rifçilər və filosoflar isə heç yada da düşmür. Nyu­ton­la­rın, Vol­terlərin, Bethovenlərin həyat və yaradı­cı­lı­ğın­dan söh­bət açmaq unudulur, onlar mətbuat və te­leviziyaya yaxın buraxıl­mır. Məgər müasir gəncliyin onlara mənəvi ehtiyacı yoxdurmu? Acına­caq­lı haldır ki, gənclə­rimizin əksəriyyəti Maykl Cekson və Şvart­s­­negeri Rassel və Bordan daha yaxşı tanıyırlar. Bu, bi­­zim kütləvi in­for­masiya vasitələrinin Avropaya, Qərb mədəniyyətinə birtə­rəfli münasibətinin nəti­cə­si­dir.

Təsadüfi deyildir ki, hələ XX əsrin əvvəllərində – Ba­kıda ka­pi­talizmin meydana gəldiyi ilk dövrlərdə Qərb sivilizasiyasına, Av­ro­paya seçkili münasibətin zəruri­liyini dərk edən H. Cavid yazırdı:


Avropada işıq da var, zülmət də.

Orda səfalət də var, fəzilət də.

O bir əngin dəniz ki, çox qorxuncdur.

İnsan gah inci bulur, gah boğulur...

Müasir Qərb dünyası daxilən ziddiyyətli oldu­ğun­dan və ra­sio­nal düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqra­da­siyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalı­şır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarı­şıq salır, Qərbin xilas olmaq istədiyi və məm­nuniyyətlə bizə ixrac et­diyi bayağı mədəniyyətdən ikiəlli yapı­şa­raq “müasir” olmağa çalışırıq. İstisinə isinmədiyimiz bir şeyin tüs­tüsünü bəh-bəhlə qəbul edirik.

Şərq təfəkkür tərzini atıb Qərb təfəkkür tər­zin­dən yapışmaq (yeri gəlmişkən, təfəkkür tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi də çox mü­rək­kəb və uzun prosesdir) nə deməkdir? Əsas məqsəd hər hansı təfəkkür tərzinin zəif cəhətlərindən, birtə­rəfliyin­dən azad olmaq deyilmi?

Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşı­laş­dı­rıl­ması, onların fikir tərzində olan özünə­məxsusluğun mütləq­ləş­dirilməsi və yalnız bu və ya digər tə­rəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif si­vi­lizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərz­lərini “barışdırmağı”, onların mütərəqqi cəhətlərini birləş­dir­mə­yi nəzərdə tutur. Son zamanlar hamını heyrətləndirən “Yaponi­ya müəmmasının” aça­rını da məhz Şərq və Qərb tə­fəkkür tərzləri­nin uğurlu vəhdətində, başqa sözlə, Şərqə məxsus yüksək mənə­vi potensialın Qərbə məxsus rasional düşüncə mədə­niyyəti ilə birləş­di­ril­məsində axtarmaq la­zımdır.

Şərq və Qərb mədəniyyətlərinin və müvafiq tə­fək­kür tərzlə­ri­nin üstün cəhətlərinin aşkar edilməsi həm tarixi, həm də məntiqi plan­da xüsusi tədqiqat tələb edir. Müasir cəmiy­yət­şü­naslığın vəzi­fə­lə­rindən biri də xalqımızın milli mədəniyyətini və təfəkkür tər­zini Şərq və Qərb mə­dəniyyətləri kontekstində araş­dırmaqdan və onun inkişaf perspektivlərini müəyyən­ləş­dir­mək­dən ibarətdir. Ciddi elmi tədqiqata əas­lan­ma­yan qənaətlər, empirik müşahidədən çıxarılan nəti­cələr isə çox vaxt qüsurlu olur.

Məsələn, bəziləri belə hesab edirlər ki, düşün­cə­mizin ətalətli­li­yi, məsuliyyətsizlik, biganəlik, “əşi, nə olsun ki...” münasibəti, utan­­caqlıq və s. Şərq təfək­kü­rünün tər­kib hissəsidir. Əlbəttə, mə­su­liyyətsizlik, bi­ga­nəlik pis keyfiyyətdir. Lakin o yalnız Şərqin ənə­nə­vi mənəviyyat tərzi kimi izah oluna bilməz, çünki daha çox dərəcədə so­sial mühitlə, sahibkarlıq hissinin olmaması ilə bağlıdır.

Utancaqlıq və ətalətli düşüncə kimi keyfiy­yət­lə­ri an­caq qara rənglə çəkmək düzgün olmazdı. Utan­caq­lıq nədə isə bizə mane olur deyə, əsrlər boyu for­malaşmış bu yüksək mənəvi keyfiyyətdən azadmı ol­ma­ğa çalışmalıyıq? Əgər ali hisslər intellekti üstə­lə­yirsə birincidən azad olmaq əvə­zinə ikincini inkişaf etdirmək barədə düşünməli deyi­likmi? Elə yüksək in­tel­lektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür mədəniyyətinə yüksəlmək mümkün deyilmi ki, öz sözünü demək və haqqını müdafiə etmək işində abır, utan­­caqlıq, təvazökarlıq hüdudu daha mane ola bil­məsin?

Hər hansı çəpəri, bəndi keçməyin üç yolu var: bəndin altın­dan sürünüb keçmək, bəndi dağıdıb keç­mək və nəhayət, bəndin üstündən keçmək. Birinci yol – alçalmaq, axırıncı – yüksəlmək tə­ləb edir. Bəndin da­ğıdılması isə min illər ərzində yaradılmış bir abi­dənin, mənəvi meyarın aradan götürülməsidir ki, bu zaman öl­çü itir, yüksəkliklə alçaqlıq eyniləşir.

Vaxtilə, burjua inqlabı aristokratiyanın böyük səylə əməl et­di­yi adət-ənənələri, əxlaq və davranış qay­dalarını alt-üst etməklə intellektin əxlaqi meyar üzərində birtə­rəfli qələbəsini təmin etdi. Rasional dü­şüncə və işgü­zarlıq təşəbbüslərinin qarşısını ala bilə­cək heç bir mənəvi məhdudiyyət saxlanmadı. Bir sahədəki ifratçılığın yerini başqa sahədəki ifratçılıq əvəz etdi. Əvvəl bir is­tiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə pozul­muş oldu. Qərb inti­ba­hı şərqçilikdən qərbçiliyə keçid prosesində müvəqqəti müva­zi­nət mərhələsi oldu. Lakin bu mər­hələdə qərar tutmaq Avropaya müyəssər olmadı. Kəfkir ətaləti ilə o biri qütbə hərəkət etdi. Mə­nə­vi qadağanlar rasional fikir süzgəcindən keçirilərək hüquq qayda­la­rı ilə məhdud­laş­dı­rıldı. İntellekt isə yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan tezliklə öz əməllərinin peşimançılığını çək­mə­yə başladı. Bioloji və sosial ekologiyaya mənəvi ekologiya prob­lem­ləri də əlavə olundu.

Müvazinət pozulanda, insanın mənəvi həyatı da­xili çarpışma və ziddiyyətlərdən məh­rum olanda o, inkişaf im­pulsunu itirir, durğunluq vəziyyətinə düşür. Əksinə, mənəvi qadağan­lar­la rasio­nal düşüncə və fəaliy­yət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə in­sanın birtərəfli inkişafına, mənəvi deformasi­ya­sına yol ve­rilmir.

İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olma­lı­dır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – öz­başınalıq, anarxiya yaranır.

Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şər­tsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafi­zik ya­xınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir (“ağır otur, batman gəl”). Əl­bəttə, fizikadan məlum olan “ətalət – kütlə öl­çü­südür” fikrini kor-koranə su­rətdə sosial-mənəvi həyata aid etmək düzgün olmaz­dı. Lakin buradakı açıq-aşkar uyğunluğu da in­kar et­mək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sfe­rada dəyişkənlik, mütəhərriklik “yüngüllük” kimi – mənfi mənada; sa­bitlik, ətalətlilik isə “ağırlıq” kimi – müs­bət mənada qiymətləndirilir.

Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağan­lar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüv­vəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keç­mə­li, bir növ filtr – təmizləyici rolunu oynamalıdır.

Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkət­ve­rici qüvvənin kiçikliyidir; mənəvi səd­lə­rin yüksəkliyi yox, in­tel­lek­tual cəhdlərin zəifliyidir.

Qərb dünyası intellektual yüksəliş yürüşündə mə­nəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzə­rindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üs­tün­dən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.

Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?

Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvət­lərin, adət-ənənələrin, dini-əxlaqi dəyər­lərin intellektual inqilabın tufanlarından, dağıdıcı tə­sirlərindən qorunub saxlanması, “milli-mənəvi dəyər­lə­rin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin asta­nasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə