Mahatma Qandi Bütün insanlar qardaşdır Bakı 2011




Yüklə 0.93 Mb.
səhifə7/11
tarix24.02.2016
ölçüsü0.93 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Şəxsİ PRİNSİPLƏR
Sözün gerçək anlamında sivilizasiya, ehtiyacların artımında deyildir. Sivi­lizasiya ehtiyacları şüurlu biçimdə sınırlamaqdır. Yalnız bu yolla mutluluq icad və başqalarına xidmət etmək mümkündür.

Yaşamaq üçün bəlli ölçüdə maddi güvəncə qaçınılmazdır. Ancaq bu ölçü öz sınırını aşdığında rahatlıq vasitəsi olmaq yerinə narahatlıq mənbəyinə çevrilir. Bu üzdən sınırsız ehtiyaclar oluşdurub onları təmin etməyə çabalamaq insanın özünü aldatmasıdır. Maddi və hətta mənəvi ehtiyaclar aşırı istək türünə dönüşmədən bəlli bir nöqtədə durmalıdır. İnsan öz maddi və mənəvi mühitini bəşəriyyətə xidmət edəcək biçimdə oluşdurmalıdır. Çünkü hər kəsin gerçək görəvi bütün gücünü bu yolda mərkəzləşdirməkdir.

Bədən və düşüncə arasındakı ilişki o qədər incə və yaxındır ki, onlardan hər hansının öz düzənini itirdiyində bundan bütün həyat düzəni zərər görmüş olar. Bundan belə bir nəticə çıxarmaq mümkündür ki, sözün gerçək anlamında sağlıq, doğru bir şəxsiyyətə və təmiz bir əxlaqa sahib olmaqdır. Bütün çirkin düşüncələr və pis şəhvətlər xəstəliyin dəyişik görüntüləridir.

Tam sağlıq, yalnız Tanrı qanunlarına uymaq və iblis gücünə qarşı çıxmaqla mümkündür. Gerçək sağlıq olmadan gerçək rahatlıq da olmayacaqdır. Zövq hissi və yemək meylləri nəzarət altına alınarsa, digər hisslər özlüyündə nəzarət altına alınacaqdır. Öz hisslərinə hakim olan insan gerçəkdən də dünyanı fəth etmiş biridir və o, Tanrı varlığının bir parçasıdır.

Qəzetçilik çalışmalarım ona dərindən istəkli olduğumdan dolayı deyildi. Yaşamımda kəşf etdiyim görəvimi anlatmaq və açıqlamaq üçün qəzetçilik bir vasitə idi. Görəvim bütün çətinliklərə baxmayaraq, satyaqrahanı topluma öyrətmək idi. Satyaqraha qeyri-aqressivliyə və doğruluğa birbaşa inamım məhsuludur. Yaşamın sonsuz çətinlikləri qarşısında tək çarənin qeyri-aqressivlik olduğunu göstərmək istəyirəm. Qeyri-aqressivlik daş kimi ürəkləri də yumşaldacaq dərəcədə təsirlidir. Bu üzdən inancıma içdən bağlı qala bilməm üçün yazılarımda aqressiv üsuldan yararlanmamalıyam. Yazılarım anlamsız və məzmunsuz olmamalıdır. Yalnızca insanları maraqlandırmaq üçün yazmamalıyam. Yazılarımı sınırlı və öz nəzarətimdə tuta bilmək üçün başlıqların, sözlərin və anlayışların seçimində özümü nə qədər basqı altında saxladığımı oxucularım əsla bilməyəcəklər. Bu da özümü təkmilləşdirməyimə və zəif tərəflərimi görməyimə imkan verir. Bəzən təkəbbürüm ağır və ürkütücü cümlələr yazmağa zorlayır. Ya da aqressiv duyğularım kobud üsullar biçimində yazılarımda özünü göstərir. Bu ürkütücü və qaba sözləri yazılarımdan uzaqlaşdırmaq çox çətin, ancaq həm də zövqlü sınaqdır.

Oxucu yayımladığım “Young india” (Gənc Hindistan) qəzetini çox düzənli biçimdə önündə görür və bəzən də qəzetlə bağlı Romən Rollanın “yaşlı kişilərin kamalını özündə barındıran qəzetdir” görüşünü paylaşmaq istəyir. Ancaq kamalın çox aşırı diqqət və dürüstlüklə əldə edildiyini hər kəsin bilməsi gərəkir. Yayımladığım qəzetim məzmun və metod olaraq oxucunu fikrən və hissən məmnun etmişsə, bu, mənim qeyri-aqressiv dünyagörüşümün təsiri üzündəndir. Yalnız qeyri-aqressiv məzmun və üsul dünya insanlarının könlünü təsirləndirə bilər. Bunsuz heç bir yüksək nail olmaq mümkün deyildir. Mən öz qarşıma və tələbələrimin önünə qeyri-mümkün sınaqları və dəyərləri qoymamışam. Mənim istədiyim bəşərin təbii haqqıdır. Biz cənnətimizi itirmişik, onu tapmaq zorundayıq.

Çox ağır və acı təcrübələrlə aqressivliyimə nəzarət etməyi öyrənmişəm. Sıcaqlıq saxlanıb nəzarət edildiyində enerjiyə dönüşəcəyi kimi, aqressivliyimiz də nəzarət edildiyində dünyanı dəyişdirə biləcək faydalı gücə çevrilə bilər.

Mən sinirlənmirəm deyə bir söz söyləsəm doğru olmaz. Sadəcə aqressivliyin məni yönləndirməsinə izn vermirəm. Dözüm və aqressivlikdən uzaq durmağı özümə təlqin edirəm və bunu başarıram. Aqressivlik gəldiyində önünü kəsib öz içimdə onu həbs edirəm. Ancaq aqressivliyimə necə qalib gəlməyim mənasız bir sorudur. Çünkü bu, hər kəsin özündə var etməsi gərəkən bir alışqanlıqdır. Bu da davamlı olaraq tətbiq etməklə gerçəkləşər.

İnsanın öz davranışlarının nəticəsindən qaçması əxlaqi deyildir. Gərəyindən daha artıq yemək yeyənin qarınağrısına yaxalanacağı daha sonra da məcburən bir müddət yeməməsi qaçınılmazdır. Gərəyindən artıq yeyib və qarın ağrılarını aradan qaldırmaq üçün dava-dərman istifadəsi doğru deyildir. Ən pisi insanın heyvani şəhvətlərini sərbəst buraxıb və daha sonra onun nəticələrinə qatlaşa bilməməsi, qaçınmasıdır. Təbiət çox ciddi və amansızdır. Onun yasaları gözardı edildiyində çox sərt bir biçimdə qisas alır. Əxlaqi nəticələr, yalnız dözümlə əldə edilir. Əxlaqi özəlliklərə etinasızlıq dəyərləri də gözdən salar.

Başqalarının yanlışlıqlarını arayıb mühakimə etmək bizim görəvimiz deyildir. Biz bütün gücümüzü öz davranışlarımızı mühakiməyə yönəltməklə sorumluyuq. Yapdığımız kiçik yanlışlıqlardan dolayı olsa da, yaxınlarımızın tənqidlərinə dözə bilmiriksə, başqalarını mühakimə haqqına sahib deyilik. Başqalarının yanlışlıqlarını görürüksə, tənqid üçün öncə izn almalıyıq. Ancaq onun yanlışlığını başqalarına söyləməyə haqqımız yoxdur. Başqalarından onun yanlışlıqlarının düzəldilməsi üçün yardımçı olmasını istəməməliyik.

Şəhvət haqda çox düşünməyin. Bir qərara gəldiyinizdə, dərhal qərarınızı mühakimə etməyin. Bir yanlış işi yenidən etməmək üçün and içib vicdanımızda bir sorumluluq üstləniriksə, ən doğru yol budur ki, ağlımız haqqında and içdiyimiz sorunu unutsun və xatırlamasın. Bir satıcı satdığı malını bir daha düşünməz, yeni mallar haqqında düşünər. Bir daha etməyəcəyimiz işi də bu şəkildə qrşısını almalıyıq.

Tanrı adlanan həqiqəti gerçəkləşdirmək istəyən o adamın kimliyini bilməkmi istəyirsiniz?

O, aqressivlik və şəhvətdən, ehtiras və təmayüllərdən, qorxu və təkəbbürdən bütünüylə azad olmuş insandır. Özünü heç və sıfır sanmalıdır. Bütün hisslərinə tam olaraq nəzarət etməlidir. Bu kontrol da damaq və dildən başlamalıdır. Dil, dadma duyğusunun vasitəsi olduğu qədər də ünsiyyət vasitəsidir. Dil vasitəsilə biz yanlış və yalan sözlər danışıb başqalarını incidirik. Damaq zövqləri arxasınca getmək bizi yeməklərin köləsi edər. Sanki, heyvanlar kimi, ancaq yemək üçün yaşarıq. Dəyərlər yoluyla özümüzü “mələklərdən bir az aşağı” varlıqlara dönüşdürə bilərik. Öz hisslərinə hakim olan adam bütün insanlardan üstün olur. Bütün gözəl özəlliklər onda var olur. Tanrı onun vasitəsilə ilə özünü göstərmiş olur.

Tanrı əmrləri olaraq tanınan həyatın bütün yasaları çox sadə və anlaşılandı. Sadəcə onların icra olunması üçün gərəkən tək şey iradədir. Bəşər toplumuna hakim olan tənbəllik və iradəszilik üzündən bunlar çətin görünür. Təbiətdə heç bir şey durğun durumda deyildir. Yalnız Tanrı durğun və dəyişməzdir. Dünən, bu gün və sabah bir-birlərinə bənzəsələr də, ancaq sürəkli hərəkətin məhsuludur. Bu üzdən də bəşər toplumu diri qalması üçün sürətlə kamala doğru hərəkət etməlidir inancındayam. Yalnız beləcə həqiqətə və qeyri-aqressivliyə qovuşa bilər.

Elmi təcrübələri gerçəkləşdirmək üçün silsilə elmi öyrətiləri öyrənməyə ehtiyac olduğu kimi, ruhi sahələrdə təcrübələr üçün də bir sıra prinsiplərə riayət etmək lazımdır.

İçkilərdən, uyuşduruculardan və özəlliklə də ətdən qaçınmaq ruhi təkamül üçün çox gərəklidir. Ancaq bunların heç biri məqsədə çevrilməməlidir. Ət yeyən, ancaq Tanrı yasalarına uyan bir adamın qurtuluşa daha yaxın olması mümkündür. Ancaq ət yeməsə də, davranışları ilə sürəkli yanlışlıqlar bataqlığında çabalayan adam tanrıdan daha uzaq ola bilər.

Öz şəhvətinə və təmayüllərinə hakim olmaq istəyən adam üçün ət yemənin yararlı olmadığını təcrübələr göstərmişdir. Ancaq şəxsiyyətin müəyyən amili kimi, yemək türünə bir o qədər də önəm verməmək gərəkir. Yeməklərdən imtina pərhiz təsirli bir amil olsa da, Hindistanda görüldüyü kimi, yalnız yeməkdən imtina önəmli deyildir. Çünkü belə olduğunda imtina etmə, yalnız yemək üzərində mərkəzləşir. Çox yemək yenə də önlənəməz.

Doğruluq araşdırmacısı üçün səssiz qalmanın və az danışmanın ruhi qayda olduğunu təcrübələrim göstərmişdir. Saçma sözlər danışmaq doğruluğa gedən yolu sapdırar. Bu zəiflikləri ortadan qaldırmaq üçün səssiz qalma və az danışma qaydaları olmalıdır. Az danışan adam çox çətin ölçülməmiş bir söz söyləyə bilər. Çünkü hər sözünün dəyərini yaxşı bilər.

Səssiz qalmaq mənim üçün cismi və ruhi özəllik daşımaqdadır. Çox az danışaram və həftənin birinci günü “susmaq orucu” tutaram, əsla danışmaram. Susmaq orucu tutduğum zaman ortaya çıxan gərəkli əlaqə və problemləri yazaraq çözərəm. İlk başlanğıcda basqılardan və gücsüzlükdən qurtulmaq üçün az danışmağı sınamağa başladım. Daha sonra az danışmağı çox yazmaqla əvəz etməyə çalışdım. Ancaq bir müddət bu səssiz qalmaları təcrübə etdikdən sonra onun mənəvi və ruhi dərinliklərini kəşf etdim. Birdən ağlımda belə bir düşüncə parladı ki, bu səssizlik Tanrıya yaxınlaşmaq üçün bir fürsətdir. İndi artıq səssiz qalmağa alışmışam, sanki Tanrı məni səssiz qalmaq üçün yaratmışdır.

Söz söyləməmək səssiz qalmaq deyildir. İnsan öz dilini kəsərək də bu sonuca vara bilər. Söz söyləməmək səssizlik deyil. Səssizlik danışmaq imkanının olmasına baxmayaraq, heç bir yersiz söz söyləməməkdir.

Pis düşüncələr üzündən həyat enerjisi hədər olur. Sözlər və davranışlar düşüncələrdən qaynaqlandığından, onların şəkli də düşüncə ilə üzvi olaraq bağlıdır. Nəzarət altında olan düşüncə özlüyündə fövqaladə güc qaynağı ola bilər. Bu güc sözdə və davranışda özünü göstərərək təsirli olar. Adam Tanrı varlığının göstəricisi olmaq istərsə, Tanrını özündə və öz dar çevrəsində aramalıdır. Yalnız bu yolla insan Tanrı göstəricisi ola bilər. Ancaq öz gücünü dəyişik yollarla itirən adam Tanrı göstərgəsi ola bilməz.

Cismi ləzzətlər haqqında düşünməkdənsə, onu yaşamaq daha yaxşıdır. Cinsi və cismi ləzzət hissi baş qaldırdığında susdurulması daha yaxşıdır. Ancaq susdura bilməz və fikrimizi onunla məşğul olarsa, cinsi ehtiyacımızı təmin etmək daha doğru olar. Bunu heç bir şübhəyə qapılmadan öz təcrübələrimdən yola çıxaraq deyirəm.

Seks çox yüksək və nəcib bir mövzudur. Burada utanacaq heç bir əndişəli şey yoxdur. Ancaq bu güc və təmayül, yalnız yaradıcılığa yönəlməlidir. Bu sağlıqlı gücdən hər tür yanlış istifadə Tanrı və insanlıq qarşısında suç sayıla bilər.

Dünyanın keçici dəyərlər arxasınca süründüyü anlaşılmaqdadır. Daha önəmli mövzular üzərində durub düşünməyə sanki zamanı yox. Ancaq bir az diqqətli davrandığımızda, yalnız sonsuz olanın dəyərli olduğunu anlayacağıq. Bu əbədi dərinliyi olan dəyərlərdən biri “brahmaçarya”dır.

Brahmaçarya bizi brahmaya və Tanrıya bağlayan üsuldur. Bu üsul çocuqdoğurmaya tam olaraq nəzarət etmək istər. Bu nəzarət bizim düşüncəmizdə, sözümüzdə və davranışımızda olmalıdır. Düşüncələrimiz nəzarət edilə bilməzsə, sözümüzün və davranışımızın dəyəri olmayacaq. Öz düşüncələrinə nəzarət etməyi başaran insan üçün başqa şeylər uşaq oyuncağı kimi görünəcəkdir.

Brahmaçarya kamilliyinə varan adam özünü qorumaq üçün divarlara ehtiyac duymaz. Bu yola yeni girmiş olan üçün qorunma və ya müdafiə divarı lazım ola bilər. Bir məngü ağacı böyümək üçün onu qoruyacaq divara möhtacdır. Artıq qollu-budaqlı bir ağac olduqdan sonra divara ehtiyac qalmaz. Bir körpə də ilk günlərində baxıcıya ehtiyac duyar. Ancaq gəncləşdikdən sonra artıq öz fərdi müstəqilliyini əldə edər. Ehtiyac olmayan bir durumda hansısa yardıma arxalanmaq zərərli ola bilər. Məncə brahmaçaryanın gerçək istəkçisi olan bir adamın müdafiə divarlarına ehtiyacı olmaz. Brahmaçarya zahiri imtinalarla əldə edilən bir olay deyildir. Qadınla hər türlü təmasdan çəkinən adam, brahmaçaryanın anlamını bilməməkdədir. Qadın nə qədər çəkici olsa da, qadına təbii ehtiyacı olmayan kişi üçün təsirsiz olacaqdır. Gerçək brahmaçarya yanlış və saxta sınırlamalardan çəkinər. Belə bir şəxs özünü qoruma vasitələri gəlişdirməlidir. Bu vasitələrə ehtiyac qalmadığında onları buraxa bilər. İlk öncə gerçək brahmaçaryanı anlayıb onun dəyərini bilmək lazım. Daha sonra bu dərin və dəyərli həyat ölçüsünü insan özündə gəlişdirməlidir. Hindistana gerçək anlamda xidmət etmək üçün bu metoda ehtiyacın olduğuna inanıram.

Qadınıma sırf cinsi bucaqdan baxdığım müddətdə, bir-birimizlə gerçək anlaşmamızın olmadığını şəxsi təcrübələrim göstərmişdir. Bizim sevgimiz öz yüksək zirvəsinə çatmırdı. Bizim aramızda hər zaman məhəbbət olmuşdur. Cinsi əlaqələrdən çəkindikcə, daha doğrusu mən bu haqda özümü sınırladıqca, bir-birimizə daha da yaxınlaşır, bir-birimizi daha da dərindən sevirdik. Qadınım özünü sınırlamağa ehtiyac hiss etməzdi. Genəldə seksual əlaqədən həyalı biçimdə çəkinmək istərdi. Qadınım istəkli olmasaydı da, mənim istəklərimə qarşı gəlməzdi. Mənim aşırı seksual ehtiyacımı sayğı ilə qarşılardı. Çox istisna hallarda dirənib istəkli olmadığını söylərdi. Qadınıma sırf seksual bucaqdan baxdığım dövrdə, ona gerçək anlamda xidmət edə bilmirdim. Cinsi əlaqələrdən çəkinmə kamalına vardığımda qadınımı yenidən kəşf etdim. Əlaqələrimiz tam olaraq ruhani və mənəvi dərinlik daşıdı. O gündən etibarən, şəhvət öldü, sevgi səltənəti başladı. Mən ölkəmi qurtarmaq üçün, Hindistanın bağımsızlığı adına bütün cismi ləzzətlərdən vaz keçdim.

Brahmaçaryaya yardımçı olmaq üçün oruc tutmaq, uyğun yeməklər yemək və yeməyi sınırlandırmaq çox təsirlidir. Müxtəlif hisslərimiz o qədər güclüdürlər ki, onu hər yöndən nəzarət altında tutmalıyıq. Az yemək yeməklə bir çox hisslərimizin fəallığının azalacağını hər kəs bilir. Bu üzdən sürəkli oructutma, hisslərin kontrolu üçün çox yararlıdır. Kimiləri üçün oructutmanın heç bir önəmi yoxdur. Çünkü oruc tutarkən ağıllarında sürəkli dadlı yeməkləri düşünərlər. Oruc prosesi bitdikdən sonra sürəkli nə yeyəcəklərini düşünüb durarlar. Bu tür oructutmalar nə iştaha hakim olmağa yardımçı olar, nə də nəfs və şəhvətə nəzarət edə bilər. Çünkü oructutma əməlində zehn iştirak etmir. Yararlı oructutma bədənin aclıq çəkdiyi sürəcə, zehnin də aclıq duyğusunu yaşaya bilməsi ilə gerçəkləşər. Bədənin məhrum olduğu şeylərə zehndə də istəksizlik ortaya çıxmalıdır. Bütün meyllər zehndən kənarlaşdırılmalıdır. Yoxsa şəhvət xəyallarından zehnini boşaltmamış bir adamın oruc tutmasının heç bir anlamı yoxdur.

Bütün şəraitlərdə öz nəfsinə hakim olan adam gerçək bir brahmaçaryadır. Çox gözəl bir qadın mərmər bir kişi heykəlinə yaxınlaşarsa, heykəl ondan heç bir şəkildə təsirlənməz. Gerçək bir brhmaçaryanın bu durumlardakı təpkisi bir heykəl kimi olmalıdır. Deyə bilərsiniz ki, qadınla əlaqə qurmaq cinsi dözümlə mümkün deyildir. Məncə bu, anlamsız məntiqdir. Qadınlarla əlaqələri qıraraq brahmaçarya olmaq mümkün deyil. Çünkü bu, yalnızca qadınlarla cismi əlaqələri qırmaq anlamında olacaqdır. Burada söhbət ruhi əlavələrdə deyildir. Həssas durumlarda bunun təhlükəyə girəcəyini söyləmək çətin deyildir.

Güney Afrikada ikən 20 il müddətində Batı ilə yaxından təmasda idim. Bertrand Rassel kimi dəyərli yazarların cinsi əlaqə ilə bağlı yazdıqları nəzəriyyələrlə tanış olmuşdum. Onlar öz inanclarını bəyan etdiklərindən dolayı çox acı çəkmişlər. Onlar evlənmə və əxlaq məsələlərini qəbul etmirlər. Bu haqda onlarla razı deyiləm. Ancaq bunlarla belə əxlaqın dışında da təmiz insan ola bilmə nəzəriyyəsini də müdafiə etməkdədirlər. Qərbdəki mövcud əxlaqı qəbul etməsələr də, çox təmiz həyat sürən bir xeyli qadın-kişi dostlarım var idi. Mənim araşdırmalarım da demək olar ki, bu kimi həqiqətlər və sağlıqlı həyat üçündür. Köhnə dəyərlərin islahına inanır və çağın istəklərinə cavab verə biləcək əxlaq sisteminin oluşmasını istərsəniz, bu durumda başqalarından izn almağa və ya onları inandırmağa ehtiyac yoxdur. Bir yenilikçi reformist başqalarının onun görüşlərini qəbul edəcəyini gözləyə bilməz. O, yalnız qalıb ümumi etirazlarla qarşılaşsa da, irəliləməkdən vaz keçməməlidir. Öz araşdırmalarıma və təcrübələrimə dayanaraq, brahmaçaryanın anlamını təkmilləşdirmək istəyirəm. Bu üzdən imkan olduğunda ondan qaçmıram. Onunla dürüst bir şəkildə qarşılaşmağı məzhəbi görəvim kimi qəbul edirəm. Təcrübələrimin sonuclarına şahid olmaq istəyirəm. Bu yolda nələr qazana biləcəyimi maraq edirəm. Bir qadınla təmasa girməkdən qorxub çəkinmə, brahmaçarya istəklisi üçün uyğun özəllik deyildir. Öz cismi zövqlərimi təmin etmək üçün cinsi təmaslara girmək arzusunda olmamışam. Ayrıca, cinsi təmayülləri bütünüylə içimdən sildiyimi də iddia etmirəm. Ancaq bu təmayülümü kontrol altında tutduğumu iddia edə bilərəm.

Dünya miqyasında əhalinin artımını önləmək üçün ortaya atılan bütün metodlar yanlış və təhlükəlidir. Bu nəzəriyyənin tərəfdarları düşünürlər ki, insan öz heyvani istəklərini təmin etmək zorundadır. Bu işi görməzsə, inkişaf prosesi dura bilər. Məncə, bu iddia yanlışdır. Saxta üsullara əl atanların öz nəfslərini kontrol etməsi mümkün deyildir. Dözüm və nəfsi cilovlama bütün məzhəblərin əsas ortaq məq­sədidir.

Hamiləliyi durduraraq əhali artımını önləmək metodu haqda danışmaq istəyirəm. Cinsi meylləri təmin etməni zəruri bir ödəv kimi görənlər var. Borclu olduğumuz insanlara borclarını ödədiyimiz kimi, nəfsimizin də borclarını ödəməli imişik! Bu borcu ödəməzsək, onun sonucu olaraq fikri və mənəvi təhlükəyə məruz qala bilərik deyə şəkildə düşünənlər var. Bu görüş cinsi zərurəti övlad istəyindən ayrı görməkdədir. Hamiləliyi əngəlləmək istəyən görüş deyir ki, hamilələik təsadüfi bir olaydır və iki tərəf çocuq doğurma haqda anlaşmırlarsa, onu önləmək gərəkir. Məncə bu, dünyanın harasında olursa olsun, ən təhlükəli nəzəriyyədir. Özəlliklə Hindistan üçün çox qorxunc bir həyat tərzi ola bilər. Cinsi təmayülləri təmin etmək bir görəv isə, o zaman bütün fəsadlar və cinsi həvəsləri təmin edən təbii olmayan vasitələr da məqbul sayılmalıdır. Oxucu diqqət etməlidir ki, dünyada çox ünlü adamlar belə, cinsi anormallığı məqbul saymaqdadırlar. Bu durum qeyri normal cinsi münasibətləri də yayqın duruma gətirə bilər. Gizli məqsədlərin məktəblərdə oğlanlar və qızlar üzərindəki təxribatlarından xəbərdaram. Elm adına hamiləliyi önləyən vasitələrin gənclər arasında yayqınlaşması və toplumun ünlü öndərlərinin onu məqbul saymaları, durumu çox gərginləşdirmişdir. Bu da həyatın sağlıqlılığı yolunda çabalayan islahatçıların işlərini çətinləşdirmək­dədir. Məktəblərdə çox gənc qızlar hamiləliyi önləmə haqqında bilgi verən kitab və dərgiləri geniş miqyasda oxumaqdadırlar. Bu iş üçün gərəkən vasitələri rahatca əldə edə bilirlər. Bu vasitələri, yalnızca ərli qadınlarla sınırlı saxlamaq mümkün olmayacaq. Evliliyin məqsədi, yalnızca heyvani şəhvətlərin təmin edilməsi ilə özətləndiyində, ailə qutsal tarixi bir qurum kimi məhv edilməyə başlayacaq.

Məni tərki-dünya biri olaraq tanımaq doğru deyildir. Özəl həyatımı biçimləndirən ideallar bütün bəşər toplumu üçün qəbul edilə bilər. Onları çox tədrici təkamüllə əldə etmişəm. Hər addımımı atmadan öncə bir neçə kərə ölçmüşəm. Seçmiş olduğum dözüm və qeyri-aqressiv davranış tərzim mənim özəl sınaqlarımdan qaynaqlanmışdır. Topluma xidmət görəvimdə bunlar mənim yolumu açmışlar. Güney Afrikada olduğumda təkbaşıma bir həyatım var idi. Ancaq ailə işlərimlə, vəkillik işimlə və sosial məsuliyyətimlə bağlı durumlar qarşısında çox intizamlı bir həyat sürürdüm, özəlliklə cinsi həyatımı azaltmağa çalışırdım. Öz yurddaşlarımla və avropalılarla da olan əlaqələimdə qeyri-aqressiv davranışımı ən yüksək səviyyədə həyata keçirirdim. Adi bir insandan daha üstün olduğumu iddia etmirəm. Hətta orta bir adamla müqayisədə ləyaqətimin daha aşağı olduğunu düşünürəm. Şəxsi təcrübələrimə dayanaraq qeyri-aqressivlik yolundakı qazanclarımdan dolayı özümdə böyük bir istedad da görmürəm.

Mənim zehnim və düşüncəm öz biçimini və yolunu tapmışdır. Tanrı yolundakı irəliləyişimdə heç bir yoldaşa ehtiyacım yoxdur. Məni fırıldaqcı adlandıranlara deyəcək bir sözüm yoxdur. Mənə “mahatma” ləqəbi verilmişdir. Məni fırıldaqcı adlandıranlar bu ləqəbin aradan qaldırılmasına yardımçı ola bilərlər. Etiraf etməliyəm ki, haqqımda söylənən pis sözlər məni xalqın təsəvvüründən endirərsə, buna çox sevinərəm. Çünkü mən fövqəladə bir insan deyiləm, adi bir insanam və “mahatma” ləqəbinin mənim üçün heç bir önəmi yoxdur. Onu bir yük olaraq görürəm.


* * *

Dünya barışı
Bir fərd ruhi baxımdan uğur qazandığında ətrafındakılarının zərərə uğrayıb acı çəkəcəklərinə inanmıram. Mən mütləq ruh olan “advaita”ya inanıram. İnsan və yaşayan bütün canlıların vəhdətinə (birliyinə) inanıram. Bu üzdən ruhi uğur qazanımına bütün dünya bəlli ölçüdə qatılırkən, birinin uğursuzluğunda da bütün dünya zərər görmüş olur.

Heç bir imtina, yalnızca tək bir adamın mutluluğu ilə sınırlı qalmadığı kimi, əxlaqi çöküş də sadəcə bir fərdə ziyan verməklə sınırlı qalmaz. Bu üzdən birinin yaxşı, ya da pis olması, yalnızca özünü maraqlandıran mövzu deyildir. Həm öz toplumu, həm də bütün dünya ilə bağlıdır.

Təbiətdə çoxlu qırılmalar olsa da, yaşam cazibə və bağlanmalar üzərində qurulur. Qarşılıqlı məhəbbət təbiətin varlığına səbəb olmaqdadır. Insan məhv etməklə yaşamaz. Özümüzə olan sayğımız başqalarına da sayğı gərəkdirər. Uluslar onu formalaşdıran fərdlərin arasındakı qarşılıqlı sayqısı ilə yaranır. Uluslar içindəki uyumluluq və sayqı bir gün bütün dünyada yayılacaqdır. Ailə içi yasalar genişləyib ulus adında daha böyük bir ailə yaradar.

Bəşəriyyət vahid bir toplumdur. Çünkü hamısı bənzər əxlaqi yasalara tabedirlər. Tanrı yanında bütün insanlar bərabərdir. İnsanlığın müxtəlif uluslara bölündüyü doğrudur. Ancaq şəxsin mövqeyi yüksəldikcə məsuliyyəti də artar.

Mənim görəvliliyim, yalnızca Hind toplumunun qardaşlığını, Hindistanın qurtuluşunu və azadlığını içərməz. Hindistanın qurtuluşu və özgürlüyü bütün zamanımı alsa da, düşünürəm ki, Hindistanı azad etməklə bütün dünyaya xidmət etmiş olacağam. Yurdsevərliyim özəl bir şey deyil, bütün insanları içinə almaqdadır. Başqa millətləri sevməzlikdən gələn, başqa uluslara zərər vermək istəyən yurdsevərlik mənim ideallarıma tərsdir. Yurdsevərliyim bütün insanlığı içinə almazsa, heç bir önəmi yoxdur. Yurdsevərliyim, yalnızca bütün insanları deyil, həyatın bütün görünümlərini əhatə etməkdədir. Qardaşlıq və birlik duyğularını, yalnızca insanlar arasında deyil, bütün canlılar, sürünənlər arasında belə, yaratmaq istəyirəm. Bəli, bəlkə çox şaşırdıcı görünə bilər, ancaq sürünən canlıların da haqlarını qorumaq istərdim. Bütün canlıların yaradıcısının Tanrı olduğuna inanırıqsa, hansı biçimdə olursa olsun, yaradılış qaynağımız birdir.

Ulusçu olmayan kimsə, beynəlmiləlçi ola bilməz. Nasionalizmin üzərində internasionalizm qurular. Hər ölkənin insanları öz ulusunu təşkil edər və hərtərəfli təhlükəsizlik formalaşdıra bilirlərsə, bu, özlüyündə dünya barışına xidmətdən başqa bir şey deyildir. Ulusçuluq pis bir şey deyil. Pis olan ulusların düşüncələrinin genişləməsini önləyən dargörüşlülükdür. Dargörüşlülük üzündən bir ulus başqa bir ulusun məğlubiyyəti üzərində səadətini qurmağı düşünər. Bir ulus başqa ulusun bədbəxtliyi hesabına uzun müddətə sevincli ola bilməz.

Mən Hindistanın kiçik bir xidmətçisiyəm. Hindistana dayanaraq bütün bəşəriyyətə xidmət edirəm. Əlli illik siyasi-toplumsal həyatıma və təcrübələrimə dayanaraq, anladım ki, dünyaya yararlı olmanın tək yolu öz ulusuna yararlı olmaqdan keçər. Bu, çox yüksək əxlaqa dayanan işdir. Bu düşüncəni qəbul etmək öz-özünə dünyada durumun yaxşılaşmasına xidmət edər və uluslar arasında yayğın olan qarşılıqlı qısqanclıq və həsədi ortadan qaldırar.

Başqaları ilə yardımlaşma və başqalarına bağlılıq duyğusu istiqlal duyğusu qədər dəyərli olmalıdır. Insan toplumsal bir varlıqdır. Toplumla qarşılıqlı bağlar qurmadan vücud aləmi ilə birliyi gerçəkləşdirmək olmaz. Qarşılıqlı toplumsal əlaqələr insana öz inancını sınamaq imkanı verir. İnsanın gerçəkçi olmasına yardım edir. Insan özünü bütün əlaqələrdən üstün görəcək durumda olursa, o zaman onda elə bir təkəbbür baş qaldırar ki, gerçəkdən də onun həyatı dünya üzərinə ağır və anlamsız bir yük olar. Topluma bağlılıq insana insanlıq dərsi öyrədir. Hər kəsin öz önəmli ehtiyaclarını anlaması gərəkir. Mənə görə başqalarına möhtac olmamaq insanı toplumdan ayırırsa, bu, bir gühandır. Bir adam öz ailə üzvlərindən yardım ala bilirsə, nədən qonşularından da almasın? “Dünya mənim ailəmdir” deyimi çox dərin və anlamlı bir deyimdir.

İnsanın öz ailəsinə, yurduna və dünyaya olan görəvliliyi bir-birindən ayrı və bağımsız deyillər. Kimsə özünü, ailəsini zərərə uğradaraq yurduna yararlı ola bilməz. Sonucda ailəmizin yaşaması üçün biz ölməliyik. Yurdumuzun da yaşaması üçün ailə ölməlidir. Dünyanın yaşaması üçün də yurd ölməlidir. Yalnız ən təmiz varlıqların qurbanlığa layiq olduğunu unutmamaq gərəkir. Bu üzdən də insanın öz nəfsini bu yolda arındırması birinci addımdır. Könlümüz təmiz və arınmış olursa, hər an və bütün durumlarda görəvimizin nə olduğunu asan anlarıq.

Yaşamın altun yolu dünyanı sevmək və bütün bəşəriyyəti bir bütün olaraq anlamaqdır. Öz məzhəbini başqa məzhəblərdən üstün sayan adam dindaşlarını yanlış yola sürükləməkdədir. Bu yanlış tutumu ilə sayğısızlıq və dinsizlik yolunu da açmış olur. Bütün dinlər bərabərdir.

Mən Hindistanın özgürlüyü üçün yaşayıram və bu yolda ölməyə hazıram. Çünkü bu, doğruluğun bir parçasıdır. Yalnız özgür bir hind gerçək Tanrıya ibadət edə bilər. Hindistanın özgürlüyü üçün çalışıram. Təmiz ulusal duyğuları özündə barındıran “sevadşi” Hindistanı sevməmi öyrətməkdədir. Çünkü Hindistanda doğulmuşam və onun mənəvi mirasından irs aparmışam. Hər kəsdən daha çox Hindistana xidmət etməyə layiqəm. Hər kəsdən daha çox məndən gözləntisi olmalıdır Hindistanın. Ancaq mənim yurdsevərliyim qısır və sınırli bir anlayış deyildir. Bu yurdsevərlik, yalnızca başqa millətlərə zərər verməməyi nəzərdə tutmur, həm də bütün millətlərin yararını göz önündə bulundurmaqdadır. Mənim düşlədiyim üzərə Hindistanın özgürlüyü dünyaya heç bir təhdid və təhlükə oluşdurmaz.

Öz vətənimizə özgürlük istəyirik. Ancaq bu özgürlüyü başqa ulusların zərəri hesabına istəmirik. İngiltərəni qorxunc bir zərərə uğradacaq olan Hindistanın özgürlüyünü əsla istəmərəm. Başqalarının da yararlana biləcəyi özgür Hindistanı istəyirəm. Hindistanın özgürlüyünün dünya barışına yararlı olmasını diləyirəm. Mənim vətənsevərlik anlayışım bu fəlsəfəni nəzərdə tutur ki, adam öz ailəsi üçün, ailə kənd üçün, kənd qəsəbə üçün, qəsəbə əyalət üçün, əyalət ölkə üçün ölə bilər. Ölkə də bağımsız və özgür olmalıdır ki, gərəkdiyində dünya barışı uğruna ölə bilsin. Bu üzdən də mənim ulusçuluqdan məqsədim ölkəmin özgür olmasıdır. Özgür olmalıdır ki, gərəkdiyində bütün Hindistan məhv olsun, ancaq yer üzündə bəşər məhv olmasın. Bəşərin məhv olmasını önləmək üçün Hindistan özünü fəda etməyi başarmalıdır. Mənim inancımda nifrət və kinə yer yoxdur. Bizim nasionalizmimizin də belə olmasını diləyirəm.

Sınırlarımızın ötəsində qonşularımıza və başqa uluslara xidmət etməmizi heç bir şey önləyə bilməz. Çünkü bu sınırları Tanrı icad etməmişdir.

Mənim məqsədim bütün dünya insanlarını sevməkdir. Ən yüksək məhəbbəti ən yüksək etirazımla bir yerdə yalanla qarışdırıb yalanı yenə bilərəm.

Mənim üçün yurdsevərliklə insansevərlik eyni mənalıdır. İnsan olduğum və insana bağlı olduğum üçün yurdsevərəm. Hindistana xidmət üçün İngiltərəyə və ya Almaniyaya zərər vermək istəmirəm. Mənim həyat tərzimdə imperializm və sömürgəçilik deyə bir anlayış yoxdur. Bir yurdsevərin yaşam yasası ilə insanlığa xidmət edən bir ruhaninin yaşam yasasının fərqi yoxdur. Bir vətənsevər, həm də sarsılmaz bir insansevər olmazsa, vətənsevərliyinin bir anlamı olmaz. Xüsusi yasa ilə siyasi yasa arasında ziddiyyət yoxdur.

Bizim Qeyri-Əməkdaşlıq Hərəkətimiz İngiltərə ilə əməkdaşlıq etməmək deyildir. İngiltərənin icad etdiyi metodla biz əməkdaşlıq etmək istəmirik. Çünkü İngiltərənin üsulu zəifləri istismarı üzərində qurulmuşdur. Bizim məqsədimiz özümüzü öz içimizdə sınırlamaqdır. İngiltərənin məmurları ilə əməkdaşlıq etmə­məkdir. Bizim qeyri-əməkdaşlığımız ingilis məmurları ilə işbirliyi etməməkdir. Biz onlara deyirik: “Gəlin bizim indiki duruma görə bizimlə əməkdaşlıq edin. Bu əməkdaşlıq bizə, sizə və bütün dünyaya çox yararlı olacaqdır.” Ayaqlarımızın altını boşaltmalarına izn verməməliyik. Özü dənizdə boğulan adam bir başqasına yardımçı ola bilməz. Başqalarını qurtara bilmək üçün öncə özümüzü qurtarmalıyıq. Hind nasionalizmi özəl, zorakı və dağıdıcı deyildir. Bu nasionalizm sağaldıcı və məzhə­bidir. Bu üzdən də insansevərdi. Bəşər toplumunun azadlığı yolunda ölməyi başara bilməsi üçün Hind azad yaşamağı öyrənməlidir.

İngiltərənin uğursuzluğunu və ya aşağılanmasını istəmirəm. Londondakı böyük Sentpol kilsəsi uçurularsa, çox üzgün olaram. Bu xəbər məni hindlilərin kaşdeşuanat məbədinin, ya da Dehlidə müsəlmanların camisinin uçurulma xəbərini duyacağım qədər rahatsız edər. Mən kaşdeşuanat məbədi, Dehli camisi və hətta Sentpol kilsəsi yolunda özümü fəda etməyə hazıram. Ancaq onları savunan kimsənin canını almaq istəmirəm. Mənim ingilis xalqı ilə əsas fərqim də budur. Bu üzdən də özümü ingilis xalqı ilə dərddaş hiss edirəm. Umarım ki, ingilislər, konqrə üzvləri və ya mənim səsimi duyan hər kəs yanlış anlamamışdır və mənim nəyi savunduğumu bilmişlər. Kimsə mənim ingilislərlə dərddaşlığımı bu şəkildə anlamamalıdır ki, ingilisləri sevirəm və örnəyin almanlara nifrət edirəm. Alman və ya italyan millətinin ingilis millətindən daha pis olduqlarına inanmıram. Biz hamımız bir soydanıq. Böyük bəşər toplumuna mənsubuq. Mən heç bir üstünlüyü qəbul etmirəm. Hindlilərin də üstün millət olduqlarına inanmıram. Hamımızın bənzər pisliklər və yaxşılıqlarımız var. Bəşər toplumu ayrı hovuzçalar kimi, bir-birindən ayrı deyildir. Bəşər bir bütün olaraq bir-birinə bağlıdır. Mən demirəm “Hind diri qalsın, ancaq Hindin xaricində bütün dünya batırsa, batsın.” Mənim belə görüşüm ola bilməz. Başqa millətlərin və bütün dünyanın rahatlığı və rifahı şərti ilə Hindistan diri qalmalı və böyüməlidir. Yer kürəsinin kiçik bir bölümü olan Hind adlı coğrafiyada öz bəşəri sevgimi sınırlandıra bilmərəm. Hindistana dayanaraq bütün bəşəri sevmək mənim prinsipimdir. Bəzi millətlər və ölkələrlə müqayisədə Hind daha böyük görünür. Ancaq bütün geniş dünya və varlıq aləmi ilə müqayisədə Hind nədir ki?

Pozulmayan və əbədi barışa inanmamaq, təbiətin Tanrısal tərəfinə qarşı çıxmaqdır. Barış yolundakı girişimlərin uğursuz olmasının səbəbi bu girişimdə bulu­nanların səmimi olmamalarındandır. Bəlkə özləri öz səmimiyətsizliklərinin fərqində deyillər. Gərəkən bütün ortamlar barış üçün sağlanılmadığından barış gerçəkləşə bilməmişdir. Kimyəvi bir tərkibdə bütün şəraitlər bərqərar olmazsa, gərəkən sonuca çatmaq mümkün olmayacaqdır. Əllərində məhvedici silahlar olan dünyanın tanınmış öndərləri bu silahların bütün durumlarda tətbiqindən imtina etsəydilər, əbədi barış bərqərar olardı. Dünyanın böyük dövlətləri öz imperialist niyyətlərindən vaz keçmədikləri sürəcə, barış uğruna çabalamaların nəticəsi olmayacaq. Bu da bu döv­lətlərin adam öldürmə yarışmalarından əl çəkmədikcə, mümkün olmayacaq.

Qeyri-aqressiv nəzəriyyənin dövlətlər arası əlaqələrdə keçərli ola biləcəyinə inanıram. İkinci Dünya Savaşına işarə edərsəm, mövzu çox həssaslaşacaqdır. Ancaq mövzunu aydınlığa qovuşdura bilməm üçün ona işarə etmək zorunda qalacağam. Bu savaş zəif millətlərin ölkələrindəki zənginlikləri paylaşmaq məqsədi ilə olmuşdur. Daha doğrusu dünya ticarəti üçün başladılmış savaş idi. Avropa intihar etmək istəmirsə, bir gün silahsızlanmağa başlamaq zorundadır. Hansısa bir millət o gün gəlmədən böyük fədakarlığa başlayaraq silahsızlaşsa, bu, dünya xalqlarının alqışlarını qazanan qeyri-aqressiv üsul üçün bir fürsət olacaqdır. Öz güvənliyi yolunda bu hərəkəti etmiş olan bu millət, həm də dünya millətlərinə yararlı olacaqdır.

Silahlanma yarışı bu şəkildə dəlicəsinə davam edərsə, tarixdə bənzəri olmayan qırğınla sonuclanacaqdır. Gələcəkdə baş verməsi sanılan bu savaşın fatehi olmayacaq. Olursa, onun uğuru həyat şəklində bir ölüm olacaqdır. Bu qorxunc çıxmazdan qurtul­manın tək yolu qeyri-aqressivliyi parlaq sonucu ilə bir yerdə qeydsiz-şərtsiz qəbul etməkdir.

Acgözlülük olmasaydı silahlanmaya da ehtiyac qalmazdı. Qeyri-aqressivlik prinsipi hər cür müstəmləkəçilikdən vaz keçməyi gərəkdirər.

Müstəmləkəçilik ruhu ortadan qaldırıldıqdan sonra silahlanmaya da ehtiyac qalmaz. Dünya ulusları bir-birini sömürmə düşüncəsindən vaz keçmədikcə, gerçək silahsızlanma da olmayacaqdır.

Bu dünya bir gün vahid bir dünyaya dönüşməzsə, onda yaşamağa çox da istəkli olmaram.

* * *
İnsan və teknolojİ


İqtisadiyat və əxlaq arasında ayırıcı bir xəttin olduğunu qəbul etmədiyimi etiraf etməliyəm. İqtisadi çalışmalar bir fərdin və ya bir millətin əxlaqi asayişinə zərər verərsə, əxlaqa ziddir. Bu üzdən də bu növ iqtisadi fəaliyyətlər günahdır. Bir ölkəni başqa bir ölkənin iqtisadi fəaliyyəti öz müstəmləkəsinə çevirərsə, bu da əxlaqa zidd olan durumdur.

İqtisadi fəaliyyətlərdə bəlli edilən məqsədlər insanın rahatlığını və rifahını təmin etməklə bərabər əxlaqi və fikri gəlişmələrə də imkan sağlamalıdır. Əxlaqi özəllikləri ruhani sözü ilə eyni mənalı sayıram. Bu hədəf desentral bir üsulla, yəni mərkəzə bağlı olmamaqla gerçəkləşə bilər. Qeyri-aqressivliyi qəbul etmiş bir toplumda iqtisadi və idari sistem olaraq mərkəzçilik qəbul edilə bilməz.

Bu görüşümü açıqca söyləməliyəm ki, gərəyindən daha artıq istehsal xülyaları dünyadakı krizləri doğurmaqdadır. Bir an xəyal edəlim ki, makinaların istehsalı bəşərin bütün ehtiyaclarını təmin edə bilər. Ancaq yenə də bir sorun çözülməmiş qalacaq. Yəni istehsal bəlli yerlərdə istehlak ediləcək. Bu üzdən də məhsulları başqa yerlərə çatdırmaq üçün dağıtım düzəni gərəkəcəkdir. Ancaq istehsal dəyişik yerlərdə gerçəkləşərsə, bu sorun kəndiliyindən çözülmüş olur. Bu durumda dolandırıcılıq və ehtikar üçün də fürsət qalmayacaqdır.

Makinaların sürəkli bolca istehsalı istehlakçıların gerçək ehtiyaclarını göz önündə tutmaz. Bol istehsalı öz-özünə yaxşı bir iş olsaydı, o zaman sonsuza qədər istehsalı artırmaq olardı. Ancaq bol istehsalın da öz içində bir sınırının olduğunu konkret şəkildə görmək mümkündür. Bütün ölkələr bol istehsal sistemini qəbul edərlərsə, istehlak üçün böyük bazarlara ehtiyac olmayacaq. Bu üzdən bol istehsal bir yerdə durmalıdır.

Sənayeləşmənin hər ölkə üçün lazım olduğunu düşünmürəm. Başqa ölkələrlə müqayisədə Hindistan üçün sənayeləşmə daha az lazımdır. Bağımsız Hindistan sadə və şərəfli yaşam biçimini seçərək, kiçik əl sənayesi və əkin işləri vasitəsilə dünya barışına qatıla bilər. Hər gün bizə qəbul etdirilən qarmaşıq maddi həyat biçimi ilə böyük düşüncələr uyğun ola bilməzlər. Nəcib yaşamaq sənətini öyrəndiyimizdə həyatın bütün gözəl incəliklərini görmək mümkün olur. Təhlükəli yaşam biçimində həyəcanlar ola bilər. Ancaq təhlükə və təhlükəli yaşam arasındakı fərqi anlamalıyıq. Yırtıcı heyvanlarla və vəhşi adamlarla dolu olan bir ormanda üzərində heç bir silah olmadan, sadəcə Tanrıya güvənərək yaşamağa cürət edən bir adam təhlükə ilə qarşı-qarşıyadır. Ancaq yüksəklikdə yaşayan bir adam insanların heyrətli alqışını qazanmaq üçün özünü aşağı atırsa, təhlükəli həyat şəklini seçmişdir. Birinci adamın həyatında böyük bir məqsəd var, ikinci adamın həyatında heç bir məqsəd yoxdur.

İndiki krizlərin və qarmaşıq durumun səbəbi nədir? Güclü millətlərin zəif millətləri sömürməsinin krizə səbəb olduğunu söyləmək istəmirəm. Gerçək səbəb qardaş millətlərin qardaş millətlər tərəfindən sömürülməsidir. Makinalaşma sənayesi ilə müxalifətim də bu üzdəndir. Makina bu millətlərə başqa millətləri sömürmələri üçün imkan yaradır.

Gücüm yetsə idi, bu an bu sistemi məhv edərdim. Ölümcül silahların bu sistemi çökürdəcəyinə inansaydım, heç şübhəyə qatılmadan ən ölümcül silahları tətbiq edərək bu sistemi ortadan qaldırardım. Belə iş görmürəmsə, səbəbi budur ki, bu silahları tətbiq etməklə bu sistemin müdirləri və indiki rəhbərlər ölsələr də, indiki sistem ortadan qalxmayacaq, öz həyatına davam edəcək. Metodları ortadan qaldırmaq yerinə adamları məhv etmək istəyənlər yanlış üsul seçmişlər. Bunlar, əslində naqisliyin gerçək qaynağını görmürlər.

Makinalaşma özünə yer etmişdir və davam edəcəkdir. Ancaq makinanın insan işlərini meydandan çıxarmasına izn verilməməlidir. Əkin yerini yeni və gəlişmiş makinalarla şumlamaq çox yaxşıdır. Ancaq bir adam bir makina düzəldərək Hindistanın bütün tarlalarını əkib məhsulu öz kontroluna keçirərsə, o zaman milyonlarca adam işsiz və ac qalacaq. Daha sonra da işsizlik onları axmaqlaşdıracaq. Necə ki, bir çox insanlar indiki durumda axmaqlaşdırılmışlar. Gün keçdikcə də axmaqların sayı artmaqdadır. Mən makinanın kənd və əkin iqtisadiyatını canlandırmasını dəstəkləyirəm. Ancaq makina vasitəsilə ilə əl sənayesini ortadan qaldırmağı cinayət hesab edirəm. Makinalaşma sonucunda işsiz buraxılan milyonlarca kənd əhalisinə evlərində başqa işlər verməklə, bəlkə bu sorunlar çözülə bilər.

Mənim qarşı çıxdığım makinalaşma “dəliliyi”dir, makina deyil. Makinalaşma dəliliyi daha az işçi istifadə edərək, daha çox para qazanmağı nəzərdə tutur. Milyonlarca işsiz qalmalar hesabına zəniginləşmə. Mən də zaman və əmək haqda qənaətin tərəfdarıyam. Ancaq bu, toplumun çox az bir qisminə aid olmamalıdır, hər kəs üçün olmalıdır. Zənginliyin, yalnız azınlıq üçün deyil, hər kəs üçün olması şərti ilə artıb mərkəzləşməsinin tərəfdarıyam. İndiki durumda makina və makina sənayesi çox az bir qismi işlə təmin edərək milyonlarca insanı işsiz buraxmışdır. Makinalar işçilərin çətinliklərini azaltmaq üçün istifadə edilmədiyindən ­­­bəşərsevərlik duyğularından məhrumdur. Asan yolla daha çox zənginlik əldə etmə şəhvətini artırmaqdadır. Bütün gücümlə bu duruma qarşı savaşmaqdayam. Ən son məqsəd insan olmalıdır. Makina insan bədəninin üzvlərini zəiflətmək üçün istifadə olunmamalıdır. Hind makinalarını bu arada mən istisna edirəm. Örnəyin singer dərzi makinasını təsəvvür edin. Bu makina ən gərəkli kəşflərdən biri sayıla bilər. Hətta bunun kəşfinin ötəsində bir də bir dastan var. Singer, xanımının paltar dikməkdə nə qədər əziyyət çəkdiyini görürdü. Qadınına olan dərin sevgisi üzündən tikiş makinasını düzəltdi. Bununla da çox sevdiyi qadınının zəhmətlərini azaltmış oldu. Singer, yalnızca öz xanımının zəhmətlərini azaltmadı, həm də bütün qadınların ağır işlərinin yüngülləşməsinə yardımçı oldu. Mənim istəyim, durumun və iş şərtlərinin dəyişməsidir. Dəlicəsinə zənginləşmə çabaları ortadan qalxmalıdır. İşçiyə dəyər verilməlidir və işçi makinalara və zənginləşmələrə fəda edilməməlidir. Belə olduğunda makina həm onun sahibinə, həm dövlətə, həm də işçilərə yararlı ola bilər. Makina tətbiqi işçilərin zəhmətlərini və ağır işlərini azaltma kimi, insani amallara xidmət etməlidir. Ehtiras yerinə məhəbbət yerləşərsə, hər şey düzələr.

Ipəyirmə makinaları* sənayeləşmə ilə yarışmaq və onu məhv etmək üçün deyildir. Məqsəd Hindistanda bu vəsilə ilə işsizliyi ortadan qaldırmaqdır. Hindistan əhalisinin çoxu tarım işləri ilə məşğul olmaqdadır. İl içində altı aydan artıq işsiz qalırlar. Bunun səbəbi uyğun bir işin olmamasıdır. Bu üzdən də əhalinin çoxu uzun sürəli aclıqla qarşı-qarşıya olurlar. Əllə ipəyirmə makinaları bu işsizlik sorununa bir çarə ola bilər.

Əllə ipəyirmə sənəti adına digər sahələrin dışlanmasından yana deyiləm. Əllə ipəyirmə sənətini yayğınlaşdırmamın böyük səbəbi var. Hindistanda on milyonlarca adam vaxtlarının çoxunu heç bir iş görmədən keçirirlər. Toxumu payızda əkib yazın sonlarında biçirlər. Əkim və biçim arasındakı zaman dilimi içində işsiz qalırlar. İşsiz qaldıqları bu sürə içində toxumçuluq məşğul olmalarını istədim. Əlbəttə ki, bu işsizlik durumu olmasaydı, toxuma makinalarına da ehtiyac qalmazdı.

Ac bir adam hər şeydən öncə öz qarnını doyurma fikrindədir. Böylə bir adam bir tikə çörək üçün, hətta öz azadlığını da satar. On milyonlarca Hind əhalisi tam bu durumdadır. Onlar üçün azadlıq və Tanrı kimi sözlərin heç bir anlamı yoxdur. Bu insanlarda azadlıq duyqusunu oluşdura bilməmiz üçün onların işsizlik sorunlarına çarə bulmalıyıq. Ən aşağı məbləğdə də olsa, onları öz daxmalarında görə bilmələri üçün bir iş bulmalıyıq. Mənim önərdiyim toxuma makinaları bunun üçün çox uyqundur. Yoxsulluq, dərd və qəm yatağı olan ən kiçik evlərində də kəndlilər bu işi edə bilərlər. Qadın-kişi olaraq ailə tərkibində edə biləcəkləri işdir. Toxuma makinaları mənə görə bu sorunu kökündən çözüb və çalışqan bir toplum oluşdura bilər. Bu insanların işsizlik sorunu çözüldüyündə onlarla azadlıq və konqrə* haqqında danışmaq olar. On milyonlarca bu işsiz insanlara iş verəcək olan insan gerçək anlamda onların azadlığını təmin edəcəkdir. Ancaq bu yolla bu işsiz qalmış insanlarda azadlıq duyqusunu oluşdurmaq olar. Bu yolla onları azadlıq vurqunu etmək olar.

Hind şəhərlərinin kiçik malikləri Hind əhalisinin necə tədricən can çəkişdiklərini çox yaxşı bilirlər. Bu kiçik işçilər çox yaxşı bilirlər ki, onların bütün həyatları yabancı sömürücülərə yaramaqdan başqa bir şey deyildir. Çox az para qarşısında ruhlarının və bədənlərinin yabancıların kontrolunda olduğunu bilirlər. Hind xalqı qanının sömürücülər tərəfindən necə sömürüldüyünü onlar çox yaxşı bilirlər. Bunlar bilirlər ki, ingilis yasaları əsasında hindistanda təsis edilən hökümət bir sömürü aracıdır. Sömürünün ruhsuzlaşdırıb skletə dönüşdürdüyü insanların sayını Hindistanda saymaqla bitməz. Tanrı varsa, ingilislər və Hind şəhrnişinləri bu cinayətlərindən dolayı ona cavab vermək zorunda qalacaqlar. Hindistanda cərəyan edən bu cinayət, bəlkə bəşər tarixində bənzərsizdir.

İşsizliyə, tənbəlliyə, sömürüyə arac olmaması şərti ilə mən ən gəlişmiş makinaların qullanımından da tərəfdarlıq edəcəyəm. Yoxsulluğu, işsizliyi, ehtiyacı ortadan qaldırmanın ən kəsə yolu olduğundan mən toxuma cəhrələrini təklif etdim. İpəyirmə makinaları (Cəhrələr) öz türündə yaxşı makinadır. Mən bu cəhrələrdə bəzi dəyişikliklər edib, onu Hindistanın durumuna uyqunlaşdırmışam.

Hind kəndləri məhv olursa, Hindistanın da məhv olacaqdır. O zaman artıq Hindistan dünya qarşısında heç bir görəvlilik öz üzərinə ala bilməz. Hind kəndləri o zaman azad olacaq ki, kəndlər sömürülərdən qurtulmuş olsun. Sənayeləşmə geniş ölçüdə yayqınlaşarsa, birbaşa və ya dolaysız olaraq Hind kəndlərinin sömürüsü ilə sonuclanacaq. Çünkü bu, rəqabət və bazartapma işlərini də özüylə bərabər gətirəcək. Bu üzdən də diqqətlərimizi Hind kəndlərinə yönəltməliyik. Hind kəndləri öz iqtisadi gücünə dayanaraq ehtiyaclarını özləri bərtərəf etməlidir. Bu özəlliklər qorunarsa, kəndlərin ən yeni makinalarla donatılmasının da heç bir saqıncası olmaz. Yalnız bu makinaların başqalarının sömürüsünə yönəlməməsinə diqqət etmək gərəkir.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə