M. Fuad Köprülü Azəri Bakı




Yüklə 0.53 Mb.
səhifə2/7
tarix27.02.2016
ölçüsü0.53 Mb.
1   2   3   4   5   6   7

Mehmet FUAD KÖPRÜLÜNÜN “AZƏRİ” ƏSƏRİ

AZƏRİ ümumiyyətlə “Azərbaycana mənsub” mə'nasını bil­dirən kəlmə, söz olmaqla bir-birindən tamamilə ayrı iki mə'nada işlədilir.

A) Azərbaycanda əskidən bəri işlədilən yerli ləhcəyə X-XIII əsr islam müəllifləri - Məs'udidən Yaqut Həməviyə qədər- azəri adını verirlər. Onlar bu ləhcəni səhv olaraq fars ləhcələrindən biri kimi göstərirlər.1 Yalnız Yaqubi IX əsrdə azəri sözünü Azərbaycanda yaşayan iranlı xalqın adı olaraq işlədir (Kitabi-əl-buldan, Leyden, s. 273). Ancaq, sonrakı müəlliflərdə sözün bu mə'nada işlədildiyini görmürük. Buna görə azəri sözünün ibtidai etnik bir anlatma mə'nasında işlədildiyi halda, dilə xas olan bir termin mahiyyəti aldığı təxmin edilməkdədir.

B) Cənubi və Şimali Azərbaycan (Arran və Şirvan) əra­ziləri XII-XV əsrlərdə tamamilə türkləşdikdən sonra azəri sö­zü buralarda yaşayan türklərin ləhcəsi kimi ifadə edil­mişdir. XIX əsr İran və Avropa müəlliflərindən bə'ziləri sözün əski məfhumunu bilmədikləri üçün azəri sözünü sadəcə “Azərbay­canın əski Türk ləhcəsi” mə'nasını bildirdiyini qeyd etmişdilər. Nəsrəddin şah Qacar dövründə bir hey'ət tərə­findən yazılmış “Naməi - danişvərən” adlı əsərdə əski mətnlərdən bir hadisə olduğu kimi verilir. Burada göstərilir ki, Xətib Təbrizi ilə Əbülüla Mə'ərri arasındakı bir hekayədə2 adı çəkilən azəri kəlməsi şübhəsiz səhv olaraq “zəbani türkan”, yə'ni “türkcə” tərcümə edilmişdir. İngilis alimi, şərqşünas Q.le Ştranq da eyni səhvdən qaça bilməyərək azərini “Azərbaycanın əski türk ləhcəsi” hesab etmişdir (Nusxat əl-kulub, ingil. tər. GMS, 1919, XXIII, 2, s 87). Bəlkə də bu səhvin nəticəsi olaraq şərqşünaslar arasında İran Azərbaycanı və Cənubi Qafqaz ərazilərində yaşayan türklərin və hətta bütün İran türklərinin ləhcələrinə azəri adı verilməyə başlan­mışdır. İlk dəfə dər­bəndli Mirzə Kazım bəy “Obşaya qram­matika tyuretsko-tatarskoqo yazıka” adlı 1839-cu ildə Kazanda nəşr etdirdiyi əsərində (alm.tərc., J,Th Zenker Allgem. Gram. der tüki- Sch- tatarishcn Sprache, Leipzig, 1848) azəri adını verdiyi bu ləhcəni ilk dəfə olaraq şimali (yə'ni Qafqazda söylənən) və cənubi (yə'ni İran Azərbaycanında söylənən) olmaqla ikiyə ayırmışdır. Ondan sonra gələn alim və şərqşünaslardan F.Qiese, Karl Foy, Vamberi, Adolf Berce, Adolf Dirr, V.Bart­hold və Cirkov da bu termini eyni mə'nada işlətmişdilər. 1917-ci ildə Rusiyada çar monarxiyasının yıxılmasından sonra Cənubi Qafqazda qurulan Türk Respublikasının rəsmən “Azər­bay­can Respublikası” adını alması azəri sözünün buradakı türkləri və onların dillərini ifadə etmək üçün işlədil­mə­sini məqbul saymışdır.

Ancaq, əsas mövzumuzdan bəhs etməkdən əvvəl bu cəhəti xüsusilə açıq söyləyək ki, biz burada azəri sözünü adlarını çəkdiyimiz müəlliflərdən tamamilə fərqli bir mə'nada iş­lədəcəyik. Bizim fikrimizə görə, bu söz yalnız bu günkü İran Azərbaycanı və Cənubi Qafqaz türklərinin danışdıqları türk dili şö'bəsinə və ya şöbələrinə deyil, daha geniş olaraq, ümumiy­yətlə, İran, Qafqaz, hətta Şərqi Anadolu və İraq türkləri ara­sında uzun əsrlərdən bəri zəngin ədəbiyyat vücuda gətirən “ədəbi ləhcəyə” aid edilməlidir. İrəlidə aparılacaq xüsusi təd­qi­qatlar və müqayisələr nəticəsində bütün bu geniş sahədə bir-birindən az və ya çox fərqlərlə ayrılan bir çox şivələrin, ləhcələrin mövcudluğu əlbəttə qeyd olunacaqdır. Lakin, tür­k­cənin iki ədəbi ləhcəsi olan cığatay və osmanlı ləhcələri ilə bərabər Xorasandan Anadoluya və Qafqazdan Bağdada qədər geniş bir sahədə XIV əsrdən bəri hakim olan üçüncü bir ədəbi ləhcə də vardır.3 Bu da azəri ləhcəsidir. Osmanlıca deyilən Qərbi Oğuz ədəbi ləhcəsi ilə çox yaxın və çox sıx münasibətləri olan bu azəri ədəbi ləhcəsi həqiqətdə Şərqi Oğuz ədəbi ləhcəsindən başqa bir şey deyildir. Aşağıda bu ədəbi ləhcənin təşəkkülündəki başlıca etnik və tarixi amillər izah edilərkən bu cəhət daha yaxşı anlaşılacaqdır.
A) AZƏRİ - FARS LƏHCƏSİ
Əski islam müəllifləri Balazuri, Yaqubi, İbn Həvqal, Məs'udi Müqəddəsi Azərbaycanın iranlı xalqının xüsusi bir ləhcələri olduğunu qeyd edərək buna azəri adını verirlər. Hətta Yaqut bu ləhcəni orada yaşayan xalqdan başqa heç kəsin anlamadığını da açıq söyləyir. MARKUARTIN ehtimalı­na görə, Eşkaniyan dövrünün ədəbi dili olan əsil pəhləvi dili əsas e'tibarilə Azərbaycan dilindən başqa bir şey deyildir. (Eranşahr nach der Geographie des Ps. Moses Xoremac'i. Abh. G.W. Gott. Berlin. 1901. s. 123).

İbn əl- Müqəffə, Həmzəi İsfahani Xvarizmi kimi müəl­liflərin Azərbaycan xalqının dilini pəhləvi deyə adlan­dırmaları da Markuartın bu ehtimalını təsdiq etməkdədir.

Azərbaycandakı yerli danışıq dilinin, yə'ni azəri ləh­cəsinin İrandakı digər ləhcələrdən və xüsusilə yeni farsca dediyimiz ümumi ədəbi dildən çox fərqli olduğunu4 göstərən müxtəlif şahidlərə malikik: HAKİM Naşiri XOSROV 438 (1046/1047) - ci ildə Təbrizdə məşhur şair QƏTRAN ilə gö­rüş­­düyünü anladırkən onun fars dilini yaxşı bilmədiyini, hətta Mancik Dəqiqi kimi bə'zi şairlərin divanlarında başa düşmədiyi yerləri ondan soruşub öyrəndiyini qeyd edir (Naşiri Husrav. Safar-nama. nəşr. Sh. Schefer. Paris. 1881. s. 6; nəşr. Gani-zade. Berlin. 1341. s. 8). Həyatının böyük bir his­səsini Azər­baycanda keçirən və danışıq dili olaraq azəri ləh­cəsini iş­lədən Qətran haqqındakı bu ifadəni azəri ləhcəsinin ədəbi farscadan çox fərqli olması ilə izah etmək lazım gəlir. Qətranın bizə qədər gəlib çatan bir çox mənzumələri onun ədəbi farscanı böyük bir qüdrətlə işlətdiyini açıqca göstər­məkdədir. Yenə bu dövrdə yaşamış Xətib Təbrizi ləqəbi ilə tanınan Əbu Zəkəriyyə Yəhya bəy Əliyə aid bir hekayədə Təbriz xalqının danışıq dilini azəri deyə adlandırır (Ansab-i samani. GMS. s. 110 b. Mu'cam al udaba. 1. 173).

Azərbaycan ərazisinə hələ Səlcuq İmperiyasının quru­lu­şundan əvvəl bir neçə türk zümrələrinin gəldiyini bilirik. La­kin, Şərqdən gələn məhdud və keçici mühacirət dalğala­rın­dan çox şimaldan gələn mühacirlər daha davamlı və etnik baxımdan daha əhəmiyyətli idi. Həmçinin bütün İran daxilin­də olduğu kimi, Azərbaycanda da türk ünsürünün çoxalması
Səlcuq İmperiyası dövründə oldu5 və bu vəziyyət azəri ləhcəsinin işlənmə sahəsini daraltdı.

Ancaq buna baxmayaraq, XIII əsrin əvvəllərində Azər­bay­canda azəri ləhcəsinin hələ yaşadığı Yaqutun ifadəsin­dən an­la­şılır. Monqolların istilası və İlxanlıların hakimiyyəti bü­tün İranda olduğu kimi, Azərbaycandakı yerli İran ünsürünü də böyük nisbətdə azaltdı və bunların buraxdıqları boşluq ye­ni türk mühacirətləri sayəsində dolduruldu. Azərbaycanın İl­xa­ni hökmdarları tərəfindən siyasi və idarə mərkəzi qəbul edil­məsi müxtəlif yerlərdə öz hərbi hissələrini yerləş­dir­mələri türk və monqol ünsürünün bu ərazidə sür'ətlə çoxal­ma­sına səbəb oldu.

XIV əsrin əvvəllərində köçəri və yarımköçəri türklərdən başqa, kəndlərdə, kiçik qəsəbələrdə və böyük şəhərlərdə də türk ünsürü qüvvətli bir əksəriyyət təşkil etmişdir. XV əsrdə isə bir neçə tarixi və etnik amillərin tə'siri ilə Azərbaycan artıq tamamilə türkləşmişdir.

Azərbaycanın etnik quruluşundakı bu dərin dəyişiklik XV əsrdən sonra azəri dediyimiz əski yerli ləhcənin ortadan qalxması ilə nəticələndi. İlxanlıların son dövrlərində Ma­rağa, Zəncan kimi şəhərlərdə pəhləvi ləhcəsində danışıl­dı­ğını qeyd edən Həmdullah Müstəvfi bu sözlə şübhəsiz yerli danışıq dili olan azərini nəzərdə tutmuşdur. Bu ləhcəyə aid olaraq bizə qədər gəlib çatmış məhdud misallar da xüsusilə bu dövrdən qalmışdır. Səfəvilərin cəddi – böyük sufi Şeyx Sə­fiəddin Ərdəbili (1252-1334) haqqında onun oğlu Şeyx Səd­rəddinin mürşidlərindən olan İbn Bəzzaz tərəfindən ya­zıl­mış olan “Səfvət əl - səfz” adlı qiymətli əsərdəki bir neçə mən­sur cümlə ilə şeyxin söylədiyi üç mənzum parça və bir də Şeyx Hüseyn Qəlyaninin “Silsilə əl - nəsəbi Səfəviyyə” adlı əsə­rin­də yenə Səfiəddinə aid edilən on bir mənzumə o dövrdəki Ərdəbil ləhcəsinin məhsulu olaraq qəbul edilə bilər. İranın məhəlli ləhcələri ilə söylənən və pəhləvi adı verilən dörd­lük­lərdən (bax: Əruz, İran) fərqli olmayan bu mənzu­mə­lə­rə İbn Bəzzaz da pəhləvi adı verməkdədir (Səfvət əl-səfa, s. 220). İçin­də çaxmaq, çaqmaq kimi kəlmələrə də rast


gəldiyimiz bu mən­zumələrə əvvəl Seyyid Əhməd Kəsrəvi elm aləminin diq­qə­tini çəkmiş və bunların azəri ləhcəsinin məh­dud nümunələri olmaq baxımından əhəmiyyətini gös­tər­miş­dir. İranın məşhur şair və sufilərindən təbrizli Şah Qasım əl-Ənvərin “Divan”ında azəri ləhcəsi ilə yazılmış bə'zi nadir nümunələr mövcuddursa da, bunlar indiyə qədər heç kəsin diqqətini cəlb etməmiş və hələ də heç bir tədqiqata mə'ruz qalmamışdır.

BİBLİOQRAFİYA: Azəri ləhcəsi haqqında indiyə qədər olan yeganə tədqiqatlar bunlardır: Seyyid Əhməd Kəsrəvi, Azə­­riyə zəbani büstani Azərbaycan (Tehran, 1304, bu risalənin ingiliscə xülasəsi bə'zi izahlarla E.Denison Ross tə­rə­findən nəşr olunmuşdur. Bax: JRAS, Kanun II, 1927, s. 148-157); Buna əlavə olaraq Mirzə Məhəmməd Qəzvini, Bist məqaləyi Qəzvini (Bombey, 1928), I, s. 141-148); Şeyx Sə­fiəd­dinə aid mətnlər üçün baxın: İbn Bəzzaz, “Səfvət əl-səfa”, daş basma ilə, Kəlküttə, 1329 (1911); Şeyx Hüseyn Zahidi, “Silsilə əl-nəsəbi Səfəviyyə» (Berlin, 1343); Bu əsərin ingilis­cə nüsxəsi üçün bax: E.G. Browne. Note on an apparently unique manuscript. History of the Safawi Dynasty of Persia (JRAS. haziran. 1921. s. 395-418).
B) AZƏRİ-TÜRK LƏHCƏSİ
I. İran və Şimali Azərbaycanda türk dili.

Yuxarıda qısaca bəhs etdiyimiz kimi, bu gün İranın bir çox yerlərində - Xorasan, Astarabad, Fars, Həmədan, Xuzis­tan və Tehranda əsrlərdən bəri yaşayan və xüsusilə İran Azər­baycanı ilə Cənubi Qafqazda çox böyük bir əksəriyyət təşkil edən türklərin dillərinə XIX-XX əsr qərb müəllifləri azəri adını vermişdilər (yalnız Xorasan və Astarabad türkmən­lərinin dili türkmən dili adlanır). İrandakı ən böyük türk toplumunun Azərbaycanda olması və sonradan rus hakimiyyəti altına düşən Cənubi Qafqazın da müxtəlif baxımlardan Azər­bay­ca­nın bir parçası kimi qəbul edilməsi bu sözün işlə­dilməsində amil olmuşdur. Aşağıda izah edəcəyimiz kimi, bir çox böyük tarixi amillərin tə'siri ilə uzun əsrlər əsna­sında meydana gə­­-

lən bu vəziyyət XVI əsrdən bəri etnik baxı­mından heç bir əhəmiyyətli dəyişikliyə uğramadan davam edib gəlməkdədir.

Fransız səyyahı Kardin bir çox əsrlər əvvəl Səfəvi İra­nında türk dilinin saray və ordu dili olduğunu və İranın böyük bir hissəsində, qərb və cənub sərhədlərindən başlayaraq əski Partlar məmləkətinin daha o tərəflərinə (arxasına) qə­dər fars­ca­dan daha çox türkcə danışıldığını müşahidə et­mişdir. Qəz­nəlilərdən başlayaraq XX əsrdə Qacarların süqu­tuna qədər həmin bü türk sülalələri tərəfindən idarə edilən İranda və Cənubi Qafqazda türk dilinin belə bir əhəmiyyət qazanması təbii idi. Hökmdarların, böyük hərbi sərkərdələrin və ordunun ana dili olan, məmləkətin bir çox yerlərində, böyük şəhər­lərdə, qəsəbələrdə, kəndlərdə və köçərilər arasında danışılan türk dili böyük və qüvvətli bir elm və ədəbiyyat dili olub mək­təb və mədrəsələrdə, dövlət dairələrində hakimiy­yətini daima mühafizə edən fars dilinin nüfuzuna baxmayaraq əhəmiy­yətini itirmədi. Türk dili yalnız danışıq dili olaraq deyil, yüksək ədəbiyyat dili olaraq da farscadan sonra ikinci yeri tutdu.

Azəri ləhcəsinin ədəbi inikşaf və təkamülündən ayrıca bəhs edəcəyimiz üçün buradaca yalnız xalq dili sifəti ilə İranda türk dilinin əhəmiyyətini göstərəcəyik. Bu xüsusda müxtəlif əsrlərə mənsub bir çox səyyahların şahidliyinə əsas­lana bilərik. XVII əsrdə Rafael du Mans türk dilinin yalnız İranda və türk məmləkətlərində deyil, Gürcüstan və Rusiyada da ticarət işlərində mühüm bir vasitə olduğunu qeyd etdiyi kimi (Estat de la Perse en 1660 nşr. Ch. chefer. Paris. 1890), Olearius da XVIII əsrin əvvəllərində Şirvanda türk dilinin ümumi dil olduğunu və yalnız türklərin deyil, əcəmilərin, ermənilərin və gürcülərin də aralarında türkcə danışdıq­larını qeyd etməkdədir (Relation du voyage de Moscovie. Tartarie. et de Perse. Paris. 1656. s. 271).

İranın şərq və qərb sərhədlərinin tamamilə türk döv­lətləri ilə əhatə olunduğu və rus çarlığında türk dilinin möv­qeyi düşünülərsə, bu cəhət özlüyündə anlaşıla bilər. Türk dili­nin bu gün də Qafqazdakı müxtəlif xalqlar arasında adətən ümumi bir anlaşma vasitəsi olduğunu rus dilçilərindən Cirkov da söyləyir. Onun ifadəsinə görə Cənubi - Şərqi Qafqazda,

Dərbəndin şimalındakı ərazilərdə qumuq türkcəsi, Dərbəndin cənubundakı yerlərdə isə azəri türkcəsi bu vəzifəni yerinə yetirməkdədir (Şimali Qafqaz dilləri, Məcəlleyi Ayənde, Teh­ran, 1928. № 20/21, s. 636). E.Reklus Cənubi Qafqaz türk­lərinin dilinin Qafqazda mədəniləşdirici ünsür vəzifəsini ye­rinə yetirdiyi haqqda hələ yarım əsr əvvəl söyləmişdir (Nouwelle geographie universelle, Paris, 1881. VI 221: bax bir də RMM. XXIV. s. 181).

Türk dilinin siyasi cəhətdən hakim və mədəni səviyyəsi ali sinfin dili olması, az-çox dəyişikliklər ilə çox geniş bir sahədə və ayrıca bir çox zümrələr tərəfindən işlədilməsi, türk xalq mədəniyyətinin zənginliyi və təmsilçiliyi kimi amillər də öz tə'sirini göstərməkdə idi.

X əsrdən XVI əsrə qədər İran və Cənubi Qafqazda türk dilinin yayılma və yerləşməsini tə'min edən türk mühacirət və köçmələri bu uzun əsrlər boyunca tədricən və hissə-hissə meydana gəldiyi üçün müxtəlif türk xalqlarının bə'zən bir-biri ilə, bə'zən də müxtəlif yerli ünsürlərə qaynayıb-qarışması nəticəsində və mühit şərtlərinin tə'siri ilə bir-birindən az-çox fərqli şivə və ləhcələr təşəkkül etmişdir. Bu gün Cənubi və Şimali Azərbaycanda, məsələn, Şəki, Bakı, Gəncə, Qarabağ, Təbriz, Ərdəbil, Urmiya və s. şivələri bir-birindən az-çox fərq­lərlə ayrıldıqları kimi, İranda da daxilindəki bir çox türk xalq­larının- məsələn Qaşqaylar kimi hələ tayfa formasını mühafi­zə edən türk zümrələrinin danışıq dilləri də bir-birindən təbii olaraq ayrıdır. Əsasən, eyni tayfaya mənsub olduqları halda müxtəlif səbəblərlə əsrlərdən bəri ayrı-ayrı yerlərdə və ayrı həyat şərtləri altında yaşamış zümrələrin dilləri arasında da açıq ayrılıqlar meydana gəlmişdir. Bundan başqa, yabançı çox­luqlar arasında dillərini unutmuş bə'zi kiçik türk zümrə­lərinin əksinə olaraq (Əfşar) türk əksəriyyəti arasında əski dillərini unudaraq türkləşmiş farslara, ərəblərə və kürdlərə də təsadüf olunur. Yenə bir çox sahələrdə müştərək həyatın tə'siri ilə ikidillilik hadisəsinə də tez-tez rast gəlinməkdədir. İran türk şivələrində ərəb, kürd və xüsusilə əcəm (ədəbi farsca) tə'sirləri çox aydın nəzərə çarpdığı kimi, əksinə olaraq bir neçə məhəlli iran ləhcələrində də, hətta ədəbi farscada türk tə'siri nəzərə çarpmaqdadır.

Bu günkü İran və Şimali Azərbaycan türkləri etnik mən­şə­ləri baxımından müxtəlif türk zümrələrinə mənsub olmaq­la bərabər ən böyük əksəriyyəti müxtəlif oğuz boyları təşkil etməkdədir. Onlar dil xüsusiyyətləri e'tibarilə bütün müxtə­lif yerlərdə xüsusi mühit şərtlərinə görə az və ya çox ərəb, kürd və fars tə'sirləri də buna əlavə olunmaqla bu günkü bir-birindən fərqli türk şivələri meydana gəlmişdir.

Müxtəlif əsrlərdə İrandakı türk sülalələrinin bə'zən də Osmanlı İmperiyasının hakimiyyəti altında qalan İraq və Şərqi Anadolu sahələrində də həmən eyni etnik və tarixi amillərin tə'siri ilə bu günkü Azərbaycan və Cənubi Qafqaz türk şivə­lərinə çox yaxın məhəlli şivələrin təşkil etmiş olduğunu hələ görürük.

Anadolu və Rumeli türk şivələri6 ilə birlikdə qərb və cənub türkcəsi adı altında böyük bir qrup təşkil edən bu şərqi şivələri ümumi olaraq azəri və şərqi oğuz ləhcəsi deyə adlandırmaq mümkündür.



Vaxtilə F.Bodenştedt apardığı araşdırmalardan sonra Cənubi Qafqaz türkcəsi ilə (Die Volker des Kaukasus und the Freiheitskampfe gegen die Russen. Berlin, s. 333) Osmanlı türkcəsi arasındakı yaxınlığı qeyd etmişdir. İran və Cənubi Qafqazda olduğu kimi Anadolu və Rumelinin türkləşməsi indi də ən mühüm ünsürün Oğuzlar olduğu və bir çox böyük Oğuz boylarının qismən İranda və qismən də Anadoluda yerləşmiş olduğu düşünüləcək olursa, bu yaxınlığın etnik səbəblərindən biri də ondan irəli gəlir. Əsasən İran və Şimali Azərbaycan türklərinin etnik mənşələri, siyasi və mədəni hə­yatları xalq ədəbiyyatları tarixi baxımdan və türk mədə­niyyət tarixinin ümumi çevrəsi içində tədqiq edilincə bu günkü dil vəziyyətini daha açıq bir şəkildə anlamaq mümkün olacaqdır. Azəri adı altında toplamaq istədiyimiz bu müxtə­lif məhəlli türk şivələri haqqında bundan sonra meydana gətiriləcək tədqi­qat­ların indiyə qədər olduğu kimi sadəcə təsviri mahiyyətdə qalmayaraq etnoloci və tarixi bir anlayışla aparılmasına ehti­yac olduğu kimi, altı əsrdən çox zəngin bir keçmişə malik azəri ədəbiyyatının əsasları və tarixi təkamülünü anlaya bilmək üçün bu mə'lumata da ehtiyac vardır.7
II. Etnik amillər: İstila və məskunlaşma
Hələ ilk dövrlərdən başlayaraq türklər ilə iranlılar arasında mövcud olan siyasi və mədəni əlaqələrin qaranlıq tarixini araşdırmaq deyil, sonrakı dövrlərdə Sasani İra­nının Göytürklər, Xəzərlər və Eftalitlər kimi müxtəlif türk dövlətləri ilə olan çox sıx münasibətləri haqqında qısa mə’lu­mat vermək bizi əsil mövzumuzdan uzaqlaşdırar. Müxtəlif tarixi mənbələr sayəsində heç olmazsa ümumi cizgiləri ilə mə’lum olan bu münasibətlər İranın sərhədlərində yaşayan bə’zi türk züm­rələrinin hələ o dövrlərdə Xorasan və Sistan əyalət­lərində yerləşmələrini izah edə bilər. Sasani İmperi­yasının süqutu türklərin İran içərilərinə girib yerləşmə­lə­rini və köçəri tay­fala­rın öz həyat tərzlərinə uyğun ərazilərdə yerləşmələrini tama­milə asanlaşdırdı. ’sudinin rəva­yətinə görə, VII əsrdə Əməvi orduları Qarş, Büst, Bistam və Sistan ərazilərində Oğuz və Xələç tayfalarına rast gəlmiş­dilər. Xələçlərdən bir hissənin hicrətin ilk əsrlərində Kuhistan ilə Fars arasında olduğu İstəxrinin bir qeydində də verilmişdir (bax: Zeki Ve­lidi, Ümumi türk farihine medhal, s.91). Abbasilər dövründə Herat, Badqiz, Gənci Ristak və Sistan oğuzlarından 300 000 nəfəri ətrafına toplayan yabançı bir peyğəmbərin qiyam hərəkatını bilirik. Abbasilər dövründə türk könüllülərindən ibarət hərbi qüvvələr və mühafizə alay­ları yalnız İraqda deyil, İslam İmperiyasının müxtəlif ərazilərində çoxalmağa başladı. 760 (mil. sonra)-ci ildə Ermənistandakı Abbasi valisinin or­dusu bütövlükdə türklər­dən ibarət idi. 772-ci ildə burada baş verən bir ixtişaşı yatırmaq üçün Suriyadan gələn 30 000 nəfərlik ordu da türk­lər­dən təşkil olunmuşdur. Xülasə, əl-Mənsurdan əl-Mütəsim zamanına qədər və xüsusilə ondan sonrakı dövrlərdə türk­lə­rin hərbi qüvvə kimi islam aləmində mütəmadi olaraq çoxal­maları görünməkdə idi. Böyüklü-kiçikli bütün islam sülaləl­ə­ri və dövlət xadimləri türk könüllülərindən ibarət özlərinə mühafizə alayları təşkil edirdilər. Məşhur sərkərdələrin də bu türklərdən yetişdiklərini görürük.

Saman oğlanlarının son dövrlərində və Qəznəvilər döv­ründə İranın, xüsusilə şərq məntəqələrində, əsasən, sıx yaşa­yan türk ünsürü daha da çoxaldı. Bu günkü Əfqanıs­tanda, Sis­tanda və Xorasan ərazisində hələ İslam istila­sın­dan əv­vəl mövcud olan Xələç, Karluq, Oğuz və Kümuçi kimi müx­təlif türk ünsürləri Eftalitlərin hakimiyyəti dövründən bəri buralarda yaşamaqda idilər. Hələ Qəznəvilərdən əvvəl bura­lardakı bir çox hərbi əməliyyatlarda iştirak edən bu türk tay­falarının sonrakı fəaliyyətləri haqqında da tarixi mənbələrdə bir neçə qeydə rast gəlinməkdədir. Ətrafı sıx türk tayfaları ilə məskun olan Büst şəhərinin Toqan, Baytüz kimi türk əmrlərini bildiyimiz kimi, Samanilərə tabe olan türk bəyləri olan Sim­curilərin (bax: Bartold, Türkestan, s. 239) əsil mülkləri Xə­ləç­lərin vətəni olan Kuhistanda idi. Bu bəylər əsasən türk qüv­vələrinə əsaslanırdılar. Qəznəvilər dövründə Xorasana ye­­ni və güclü Oğuz tayfalarının gəldiyi və bunlardan bir his­sə­sinin Girman, Fars, İraq və Azərbaycan tərəflərinə ya­yıl­dıqları da mə’lumdur. Bax bununla da Səlcuq İmperi­ya­sı­nın qu­ruluşun­dan əvvəl bu günkü Əfqanıstan və İranın bə'zi mən­təqə­lərində daha çox köçəri və qismən də oturaq türklərin sa­yının çoxaldığı görünür. Ordu və saray dili olaraq türk di­li­nin bu dövrdə qazandığı əhəmiyyət və ədəbi farscaya bir ne­çə türk sözlərinin keçməsi də bunu isbat edən digər bir dəlildir.

Məvəraünnəhrdən gələn güclü Oğuz kütlələrinin Xora­sa­nı istila etmələri ilə böyük Səlcuq İmperiyasının təşək­külü İraqa, Əlcəzirə, Suriya və Anadolu sahələrinin əski etnik qu­ruluşunu dəyişdirmək baxımından nə qədər mühüm olmuş­dursa, böyük imperiyanın əsil güc mərkəzi olan İran üçün də eyni dərəcədə mühüm və davamlı nəticələr doğurdu. XI əsrdən başlayaraq XIII əsrdəki monqol istilasına qədər keçən qısa dövrdə Səlcuqlar və onların ordularının əsasını təşkil edən digər türk sülalələri İranın müxtəlif ərazilərinə yeni türk tayfalarının yerləşməsinə səbəb oldular. Bunların böyük bir hissəsi Oğuz boylarına mənsub olmaqla bərabər Xələç­lər, Karluqlar, Kanqlılar, Uğraklar, Ağaçərilər Qıpçaqlar kimi digər türk xalqlarına mənsub zümrələrin də mövcud ol­du­ğunu görməkdəyik. İran Səlcuq hökmdarlarının geniş otlaq­la­ra, bol əkin sahələrinə möhtac olan və İranın oturaq xal­qına ziyan vurmaqla daxili asayişi və dövlət varidatını po­zan bu qovğaçı türkmən tayfalarını İrandan xaricdəki yeni müha­ribə meydanlarına və xüsusilə, Bizans sərhədlərinə sövq etmək siyasətləri türklərin bu dövrdə İranda daha sıx bir əksəriy­yət təşkil etmələrinə mane olmuşdur. Həqiqətən Xora­san Oğuz­larının Sultan Səncər dövründəki üsyan hərəkatları hə­qi­­qi olaraq irsi rəislərinə tabe olan bu köçərilərin orta əsr döv­lət­ləri üçün təhlükəli bir qüvvə olduğunu və səlcuq döv­lə­ti­nin bunları kiçik hissələrə ayıraraq bir yerdə oturaq ola­raq yer­ləş­dirmək və mümkün olduğu qədər yeni fəth olunmuş əra­zi­lərə göndərmək siyasətinin doğruluğunu göstərməyə kifa­yət­dir.

Bu dövrdə İran ərazisində köçəri və ya yarımköçəri for­masını mühafizə edən tayfalardan başqa, torpağa bağlı kənd­­lər qurmuş, yaxud qədim qəsəbələrdə Mərv, Nişapur, Bay­hak, Rey, İsfahan, Şiraz və Girman kimi böyük şəhərlərdə ye­ni-yeni məhəllələr salaraq şəhər həyatına keçmiş türklər də var idi.

Hərbi hakimiyyətin həqiqi olaraq türk olan dövlət xadim­lərinin türk kölələrindən təşkil olunmuş şəxsi mühafizə qüvvələrinə malik olması və müəyyən ərazilərin qüdrətli tay­fa başçılarına bağışlanması kimi amillər də hərbi və idarəetmə mərkəzlərində türklərin çoxalması ilə nəticə­lən­di. Böyük İran şəhərlərinin məhəlli tarixinə aid əski mən­bələrdə Səlcuqlar dövründə oralarda yaşayan türk ailələ­rin­dən və bunlar ara­sın­da yetişən alim, şair və dövlət xadimlə­rindən bəhs edil­mək­dədir. Türk dilinin bu dövrlərdə İran­da qazandığı əhəmiy­yət nəticəsində yalnız məhəlli ləhcələr üzə­rində deyil, ədəbi farscada da türkcə sözlər çoxalmış­dır. Türk və fars əhalisinin bərabər yaşadıqları şəhər və qəsə­bələrdə hər iki ünsür bir-birinin dillərini öyrənməyə məcbur olmuşdular

XIII əsrdə monqol istilası ilə İran tarixində yalnız etnik baxımdan deyil, mədəniyyət baxımından da yeni bir dövr açılmış oldu. Bə'zi ərazilərdə, məsələn, Xorasanda yerli xal­qın və türkmən tayfalarının bir hissəsi məhv edildi. Mərv, Nişa­pur, Hərat kimi səlcuq dövrünün böyük və inkişaf etmiş mədəni mərkəzləri əvvəlki mövqelərini itirərək xara­ba halına düşdülər. Böyük ticarət yollarının üzərindəki bə'zi şəhərlər sonradan təkrar qurulmuş, bə'zi ərazilərdə isə suvarma va­sitələri yenidən bərpa olunmuşdur. Xüsusilə, Qazan döv­rün­dən başlayaraq müxtəlif ərazilərdə və ən çox impe­ri­yanın mülki və hərbi mərkəzi olan Azərbaycanın Təbriz Sul­taniyyə şəhərlərində böyük me'marlıq işləri görül­müş­dü­sə də, İran zənginlik və mə'murluq baxımlarından bir daha Səl­cuq dövrü səviyyəsinə yüksələ bilməmişdir. Etnik baxımdan bu dövrdə məhv edilən yerli irani ünsürün yerinə İran əra­zisinə yenidən mühüm sayda türk və bir az da monqol ünsürünün gəlib yerləşdiyini görürük. Xanların və böyük sər­kərdələrin xüsusi hərbi qüvvələrini təşkil edən və İl­xanlılara tabe olan Şərqi İran ərazisindən Orta Anadoluya qədər yayılan bu monqol ünsürü islam dinini rəsmi olaraq qə­bul etdikdən sonra az bir zamanda türkləşdilər. Əfqanıs­tan­dakı Xezarelər kimi dillərini itirib yavaş-yavaş farslaşan mon­qol zümrələrinə nadir hallarda təsadüf edilir. Bü zümrələrdən bir hissəsi əvvəlcə hansı şahzadənin və ya sərkərdənin ta­be­liyində ol­muş­sa, onun adı ilə şöhrət qazanmışdılar. Mə­sə­lən: Yasa­vu­rilər və Nəqüdərilər kimi, XIV əsrin sonundakı Tey­mur isti­lası zamanı bunların bə'zilərinin Anadoludakı Qa­ra­ta­tar­lar ilə Azərbaycandakı Hülaki ulusundan bir hissəsinin si­yasi səbəblər üzündən Məvaraünnəhrə köçürüldüklərini gö­rü­rük.



Bu dövrə aid zəngin tarixi qaynaqlar sayəsində İranın XIV əsrdəki etnik vəziyyəti haqqında aydın bir fikir əldə etmək olur. Bu dövrdə Xorasan, Fars, İraq xüsusilə Azərbaycan və Cənubi Qafqaz səlcuq dövründəkindən daha güclü türkləş­miş­dir. Əfqanıstan və İrana Ceyhunun şərqindəki ərazi­lər­dən, Xarəzmdən, Qıpçaq bozqırından (çölündən), Qafqazın yuxa­rılarından yeni-yeni monqol və türk ünsürləri gətirilmişdir. Onlar Yasavurilər, Nəqüdərilər, Cinqurbanilər, Cəlayir­li­lər, Oy­rotlar, Sulduzlar, Arqunlar və başqa bu kimi zümrələr idi. On­lar monqol istilasının yeni gətirdiyi ünsürlərdir. İlk istila yürüşlərinin vurduğu ağır zərbələrə baxmayaraq, türkmənlər XIV əsrdə Herat, Badqis, Mərv Mahan ətrafında əksə­riyyət təşkil edirdilər. Hələ Teymur dövründə Mahanda bir türkmən əmiri də var idi. Xəzər dənizinin qərbində, şimalında və cənubunda yerləşən vilayətlərdə və xüsusilə də Cənubi və Şimali Azərbaycanda türkmən zümrələrinə təsadüf olunurdu. XIV-XV əsrlərdə səlcuqlar dövründə gəlmiş olan oğuz qəbilələrindən bə'ziləri Qaraqoyunlular və Ağqoyunlular kimi böyük tayfa birlikləri yaradaraq güclü dövlətlər qur­duq­larını görürük. Bunlardan birincisi Baranlu, ikincisi də Bayındır bo­yuna mənsub tayfa başçılarının ətrafında bir­ləşmişdilər. Əf­şarilər, Salurlar kimi böyük oğuz boyları da, bə'zi parça­lanmalara və yerdəyişmələrə mə'ruz qalmaqla yanaşı, əski əhəmiyyətlərini də mühafizə etməkdə idilər. Xə­zər dənizinin cənubundakı vilayətlərdə bə'zi ərazilər müs­təsna olmaqla, qismən şərqdən və qismən də qərbdən gələn, yaxud da gətirilən türk-monqol ünsürləri çoxalmışdı. Astarabad, Mazan­daran, Təbəristan və Gilan sahələrinə aid məhəlli ta­rix­lərdə bu xüsusda mühüm əhəmiyyətli materiallara təsadüf olun­maqdadır. Həmçinin bu türkləşmə hadisəsini daha güclü ola­raq Cənubi və Şimali Azərbaycanda da aydın görürük. Həm­dullah Qəzvini buradakı türk qəsəbələrindən bəhs etdiyi kimi, İbn Batuta da Təbrizdə yaşayan türklərin əhəmiyyətini də an­latmaqdadır. Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadıqları bildiyimiz Muğan səhrasına Qazan dövründə yenə bir neçə türk və monqol tayfaları da məskun edilmişdi ki, bunların qalıqlarına Olearius XVII əsrdə ora­da rast gəlmişdir. Xalxalda Qacarlar, Marağada Hülaki ulusundan Turqaylar, Ərdəbildə Qıpçaqlar Oyrotlar, Xoy­da isə İvalar yaşayırdı. Ərdəbil-Gilan arasındakı Qızıl Özən ərazisində İmirlər (sonrakı forması Amarlu) da yaşa­maq­dadır. Teymur istilasından sonra da Hülakü ulusununun bir hissəsi hələ Marağada yaşayırdı. Şirazda və Qəzvində də türklər və monqollar şəhər daxilində də mühüm bir çoxluq təşkil edirdilər. Həmədan ətrafında və şəhərdə Qaraqoyun­lu­lar, xüsusilə, bunların Baharlu qolu mühüm bir türk sıxlığı meydana gətirmişdi. Rey ətrafında türklər tərəfindən təş­kil edilən və türkcə adlanan qəsəbələrin sayı çoxalmışdı. İlxanlı­lardan Cəlayirlilər və Teymurlular, sonra Qaraqoyun­lular və Ağqoyunlular dövründə monqol ünsürlərinin tamamilə türk­ləş­diyini, türk sayının İraq, Cənubi və Şimali Azər­bay­canda artdığını, Mavəraünnəhrdən bə'zi yerli türk ünsür­lə­rinin Xora­san və Əfqanıstana və ayrıca olaraq İrandakı bə'zi türk zümrələrinin də – məsələn: Baharluların, Arqun­la­rın və Tar­xanlı­ların – Sind məntəqəsinə, Şərqi Anadolu və Şi­mali Su­riya­dan bə'zi Oğuz qəbilələrinin İrana gəldiklə­rini görürük.

Həmçinin burada təfsilatı ilə qeyd etmək mümkün ol­ma­yan bu kimi bir neçə etnik hərəkətlərə və etnik dəyişikliklərə baxmayaraq, İrandakı türkləşmə hərəkatının, ümumiyyətlə, baş­qa coğrafi ərazilərdə həmən eyni ahənglə davam etdiyi söylənə bilər. Saray və ordu dili türk dili olan bu müxtəlif türk sü­lalələrinin hakimiyyətləri dövründə İranda danışıq dili ola­raq türkcənin əhəmiyyəti büsbütün artmışdır. İranda türk nəs­lindən olub fars dilində yazan bir şair və yazıçıların da tə'siri ilə ədəbi farscada monqol və türk dilinə məxsus ünsürlər də çoxalmışdı. Nəhayət, cığatay (Şərq türkcəsi) və osmanlı (Qərbi Oğuz türkcəsi) ədəbiyyatlarının XIII-XIV əsr­lərdəki qüvvətli inkişafları ilə əlaqəli olaraq aşağıda bütün tarixi amillər ilə izah edəcəyimiz Azəri türkcəsi (Şər­qi Oğuz türkcəsi) də yüksək bir ədəbiyyat dili halına gəlmişdir.



XVI əsrdən, yə'ni Səfəvi dövlətinin qurulmasından baş­layaraq son zamanlara qədər İran və Şimali Azərbaycanın etnik vəziyyətində böyük bir dəyişiklik olmamışdır. Şimali Azərbaycanın rus hakimiyyəti altına düşdükdən sonra siyasi və iqtisadi amillərin tə'siri ilə burada rus ünsürünün artması hadisəsinə rast gəlirik. Lakin, İranda buna bənzər hər hansı mühüm bir dəyişiklik olmamışdır. Hadisə istər Səfəvilər, istərsə Əfşarlar və Qacarlar dövründə bə'zən böyük və qanlı üsyanlar, bə'zən siyasi və idarəetmə mülahizələri, hərbi sə­bəb­lər bir çox tayfaların bütövlükdə başqa ərazilərə köçü­rülməsini, yaxud kiçik parçalara bölünərək ayrı-ayrı yerlərdə məskunlaşdırılmaları, yaxud da müxtəlif tayfalardan ayrı­lan züm­rələrlə birləşərək sün'i ellərin təşkil olunması ilə nəti­cələn­mişdir. Bir tərəfdən bu kimi xarici amillər ilə, digər tə­rəfdən də tayfa həyatının daxili zərurətləri ilə (tayfalar, qəbi­lələr arasında mübarizələr, bir tayfanın oymaqları arasındakı rəqabətlər və eyni oymaq daxilində ailə ixtilafları kimi) bir neçə əski böyük tayfalar parçalanıb yeni adlar altında qurulan yeni ellərə, kiçik oymaqlar halında birləşmiş olanlar isə əski əsrlərdəki gördüyümüz qəbilələr yerinə yeni adlarla adlanan yeni birliklər yaranmışdır. Bu gün hər hansı bir ərazidə möv­cud olan, yaxud indi mövcud ol­mayan əvvəlcə mövcud oldu­ğu mə'lum olan bir tayfanın adına müxtəlif sahələrdə yaşayan müxtəlif ellərin oymaqları arasında rast gəlinməsi bu səbəb­dəndir. İdarəetmə və hərbi səbəblərlə sün'i olaraq qurulan müxtəlif birləşmələr də ünsürlərini əski tayfalardan almışdılar. Məsələn: I Şah Abbasın təşkil etdiyi Şahsevənlər, yaxud yenə Səfəvilər döv­ründə sərhədlərdə əkinçilik üçün vücuda gətirilən Silsü­pür­lər. Hələ Səlcuqlar və İlxanlılar dövründə də təsadüf et­di­yimiz bu kimi hadisələr türk tayfa təşəkküllərinin mahiy­yəti­ni bilməyənləri ilk baxışda çaşdıra bilər və nəticədə «əs­ki tayfaların məhv olub yerinə yeni tayfaların gəldiyini» zənn etdirə bilər. Ancaq, həqiqətdə yeni adlar daşıyan bu bir­liklər yeni mühacirət dalğalarının gətirdiyi yeni ünsürlər de­yil, sadəcə əski ünsürlərdən əmələ gələn yeni birliklərdir. Bundan başqa, Səfəvilər dövründə əski tayfa adlarının ta­ma­milə aradan çıxması da zənn edilməməlidir. Çünki, Səlcuq­lar və İlxanlılar dövründə gördüyümüz bir çox tayfaları, sonra Ağqoyunlular dövründəki elləri, Səfəvilərdən Qacarlara, hətta bu günə qədər əsrlərlə yeni əski adlar altın­da görməkdəyik. Səfəvilərin ilk dövrlərində, yə'ni qurulu­şun­da Rumlular, Şam­lular, Kozanlular Varsaqlar kimi bə'zi tayfaların və qəbilə­lərin Anadolu və Şimali Suriyadan İra­na gəlmələri, şərqdən də bir neçə tayfanın Xorasana və Xəzər dənizinin cənubun­dakı məmləkətlərə daxil olmaları kimi bə'zi hadisələr istisna ediləcək olursa, dörd əsrlik bir müd­dətdə İran türklərinin etnik quruluşunda mühüm bir dəyişik­lik olmamışdır. İlxanlılar və Ağqoyunlular dövründə olduğu kimi, Səfəvilər zamanında da Azərbaycan siyasi və hərbi baxımlardan dövlətin başlıca istinadgahı olmaqda davam etmiş və vəziyyət buradakı türk zümrəsinin sayını mütəmadi surətdə artırmışdır. Bir İran tarixçisinin XVI əsrdən bəhs edərkən Azərbaycanı «bütün İranın hərbi qüvvəsinin qaynağı» adlandırması bunun açıq bir ifadəsidir. Xülasə, bu gün İra­nın idarəetmə qruluşunun isti­lahında elat8 və ya eliyat (el­lər) adı altında verilən köçəri (da­ha doğrusu yarım köçəri) tayfalar halında yaşayan türklərdən başqa, əskidən bəri kənd­lər və qəsəbələr qurulmuşdur. Müx­təlif qəsəbələrdə və şə­hərlərdə xüsusi məhəllələr təşkil edə­rək yerləşmiş və əski tayfa ən'ənələrini az çox saxlamış türk­lərə təsadüf olun­maqdadır ki, bunlar İranda və Cənubi Qaf­qazda güclü bir ün­sür halında yaşamaqda və ana dillərini qoruyub saxlamaqda­dır­lar. Səfəvilər dövründən başlayaraq bu günə qədər türk dilinin yalnız danışıq dili deyil, yüksək ədəbiyyat dili ola­raq da yayılmasını bir az sonra geniş göstərəcəyik. Əski tarixi qaynaqlarda təsadüf edilən və bu günkü İran yer adları arasında gözə çarpan çox az monqolca və çoxlu türkcə adlar bu məmləkətin etnik tarixi baxımından çox diqqətəlayiqdir.
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə