Kurs iŞİ Kurs: III qrup: 116 Tələbə




Yüklə 223.65 Kb.
səhifə1/3
tarix23.02.2016
ölçüsü223.65 Kb.
  1   2   3



Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Kafedra: Menecment

Fakültə: İnformatika və idarəetmə

KURS İŞİ
Kurs: III

Qrup: 116

Tələbə: Baxşəliyeva Leyla

Mövzu: Regional iqtisadiyyatın idarə edilməsi və

yerli özünüidarəetmə



Elmi rəhbər: i.e. namizədi, Dos. Həsənov. H

Bakı 2010
Mündəricat
Giriş................................................................................ 3


  1. Regionun və regional idarəetmənin formalaşmasının obyektiv və nəzəri əsasları və kompleks inkişafının tənzimlənməsi....... 5


2.Regional siyasətin normativ-hüquqi əsasları, idarəetmə və özünüidarəetmə orqanları. Onların fəaliyyət xüsusiyyətləri.... 12
3.Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramlarının

(2004-2008 və 2009-2013-cü illər) icrasının vəziyyəti və müasir

regional siyasət..................................................... 18
Nəticə........................................................................... 30
İstifadə edilmiş ədəbiyyat siyahısı............................... 32

GİRİŞ

Bazar iqtisadiyyatı şəraitində müstəqil Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf problemlərinin həlli təsərrüfatın ərazi təşkilinin həyata keçirilməsini tələb edir. Belə ki, respublikada həyata keçirilən iqtisadi islahatların demək olar ki, hamısı regional iqtisadiyyatla bağlıdır. Hal-hazırda əsas təsərrüfat fəaliyyəti regionlarda həyata keçirilir. Onlara iqtisadi problemləri sərbəst həll etmək, regionlararası əlaqələri yaratmaq səlahiyyətləri verilmişdir.

Son illərdə Azərbaycanda əsaslandırılmış regional siyasət aparılması, regional iqtisadiyyatın dövlət tənzimlənməsi və idarə olunması məsələləri həm nəzəri-metodoloji, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb etməyə başlamışdır. Bunun əsas səbəbi ölkəmizdə demokratik cəmiyyət quruculuğunun inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyanın güclənməsi ilə əlaqədar olmuşdur.

Cəmiyyət irəliyə doğru inkişaf etdikcə, ölkələr arasında inteqrasiya prosesləri, qarşılıqlı əlaqə və asılılıq artdıqca dövlətin regional iqtisadiyyata müdaxilə formaları da genişlənir və inkişaf edir. Bu müdaxilə həm sahə, həm də ərazi miqyasında müxtəlif metodlardan ( iqtisadi, siyasi, inzibati, mənəvi- psixoloji və i.a.) istifadə etməklə həyata keçirilir.

Demokratik cəmiyyətin tələblərinə uyğun olaraq regional siyasət, regional inkişafın tənzimlənməsi və idarəetmə sisteminin təkmilləşməsi hazırda ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu vəzifə, bir tərəfdən, Azərbaycanda demokratik dövlət quruculuğu, dövlət ərazi idarəetmə sisteminin inkişafı ilə, digər tərəfdən isə regionların inkişafında olan fərqlərlə bağlıdır.

Regional iqtisadiyyatın dövlət tənzimlənməsi və idarə olunması ilə əlaqədar nəzəri-metodoloji məsələlərin respublikamızın şəraitinə uyğun tədqiq edilməsi və öyrənilməsi xüsusilə vacibdir. Bu, birinci növbədə ondan irəli gəlir ki, ölkə ərazisi özünün təbii-iqtisadi zənginliyi ilə fərqlənir. İkinci, ərazinin ayrı-ayrı inzibati və iqtisadi rayonları təbii imkanlarına, istehsalın ixtisaslaşmasına, nəqliyyat-coğrafi şəraitinə, əhalinin istehsal təcrübəsinə görə fərqlənir. Üçüncü isə respublikada xalq təsərrüfatının nisbətən mürəkkəb ərazi strukturunun formalaşması olmuşdur. Bütün bunları nəzərə alaraq, səmərəli regional siyasətin, regional iqtisadiyyatın dövlət tənzimlənməsi və idarə olunması mexanizminin işlənib-hazırlanması və həyata keçirilməsi üçün yüksək ixtisaslı kadrlara, mütəxəssislərə kifayət qədər bilik vermək lazımdır. Bunun da ən başlıca səbəbi respublika-daxili regional siyasətin aparılması üçün müvafiq normativ hüquqi bazanın yaradılmaması olmuşdur. Bu da respublika-daxili regionl problemlərin həllinə mane olur.



Mövzunun aktuallığı. Bu mövzu öz aktuallığı müasir dövrdə diqqəti cəlb edir. Bu aktuallıq özünü regional iqtisadiyyatla yerli özünüidarəetmə arasında olan qarşılıqlı əlaqələrdə göstərir.Yerli özünüidarəetmənin müstəqilliyi hər şeydən əvvəl, regionun daxili mühitinin elementləri ilə (istehsal, mövcud xalq təsərrüfatı kompleksi, təbii, əmək, investisiya, eləcə də yaranmış sosial infrastruktur) müəyyən edilir. Regionun ictimai inkişafının məqsədləri məhz yerli idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Buna görə də regionun və yerli özünüidarəetmə sisteminin birgə şəkildə fəaliyyət göstərməsi vacib əhəmiyyət kəsb edir. Bu birgə fəaliyyət yerli özünüidarəetmənin inkişaf səviyyəsi ilə, həm də onun funksiyalarını və səlahiyyətlərini həyata keçirməyə kömək edən mexanizmlər vasitəsilə müəyyən edilir. Bu mexanizmlərin mahiyyətini isə regionların şərləri və xüsusiyyətləri formalaşdırır. Bu qarşılıqlı özünü həm də yerli özünüidarənin iqtisadi əsası ilə də göstərir. Belə ki, yerli özünüidarənin iqtisadi əsasını regional iqtisadiyyatın komponentləri təşkil edir. Bunlara təbii ehtiyatları, bələdiyyə mülkiyyətində olan daşınar və daşınmaz əmlakı, bələdiyyə büdcəsini və onu qeyri-büdcə fondlarını göstərmək olar. Bununla yanaşı bu mövzunun bu qədər aktual olmasında əsas səbəb regionlarımızın sürətlə inkişaf etdirilməsi, onun infrastrukturunun kökündən dəyişdirilməsi və regionların inkişafı üçün əlverişli şəraitin yaradılmasında da göstərir.

Beləliklə, regionların iqtisadiyyatının dəyişdirilməsinin və regional idarəetmə sisteminin yenidən qurulmasının əsas məqsədi ölkədə iqtisadi sabitliyə nail olmaqdır.




Regionun və regional idarəetmənin formalaşmasının obyektiv və nəzəri əsasları və kompleks inkişafının tənzimlənməsi

Regional iqtisadiyyatın və məhsuldar qüvvələrin idarə edilməsi bütövlükdə hər bir ölkə iqtisadiyyatının idarə edilməsinin müstəqil sahəsi kimi 3 obyektiv prosesin qarşılıqlı təsiri nəticəsində formalaşmışdır:



  1. ərazi əmək bölgüsünün inkişafı və regional iqtisadiyyatın formalaşması;

  2. istehsalın idarə olunmasının insan fəaliyyətinin müstəqil sahəsinə çevrilməsi;

  3. idarəetmənin ümumi sisteminin sahə və ərazi yarım sistemlərinə bölünməsi.

Region –müəyyən bir ərazidir, geniş mənada isə daha böyük ərazilərin bir hissəsidir. Son illərdə isə “region” anlayışına yeni tərzdə yanaşmaq zərurəti meydana çıxmışdır. İlkin regional həlqənin təyini baxımından regiona-nisbətən eyni iqlimə, flora və faunaya, coğrafi mövqeyə malik olan, vahid istehsal, sosial və bazar infrastrukturu, eyni hökumət və özünüidarə orqanları tərəfindən idarə edilən ərazi bütovlüyü başa düşülür. Onun formalaşmasına iqtisadi-təşkilati, sosial-psixoloji, siyasi-hüquqi və coğrafi faktorlar təsir edir. Region xalq təsərrüfatının ərazi cəhətdən ixtisaslaşdırılmış hissəsi olmaqla təkrar istehsal prosesinin vahidliyi və tamlığı ilə xarakterizə olunur. Əgər ərazi idarə edilməsi ərazi əmək bölgüsünün təkmilləşdirilməsi hesabına ictimai istehsalın səmərəliliyinə nail olmaq üçün onun tənzimlənməsi prosesi kimi başa düşülürsə, regional idarəetmə konkret ərazidə lokallaşmış təkrar istehsal prosesinin nizamlanması və məqsədyönlü fəaliyyəti kimi başa düşülür. Regional təkrar istehsal prosesi dövlətin apardığı struktur, investisiya, sosial, təbiətin qorunması, maliyyə və ərazinin özünüidarə siyasətindən asılıdır. Bu siyasətlərin tarazlığı regional iqtisadiyyatın kompleks və proporsional inkişafını şərtləndirir. Deməli, region ölkənin sosial-iqtisadi kompleksinin yarım sistemi olmaqla yanaşı, həm də onun müstəqil hissəsi olaraq tamamlanmış təkrar istehsal prosesinə malikdir və burada sosial-iqtisadi proseslər axını spesifik şəkildə gedir. (H.S.Həsənov, K.A.Şahbazov, M.H.Məmmədov: ”Menecment”, Bakı 2005, səh 962, 963)

Ərazi – dedikdə bizi əhatə edən maddi dünyanın müəyyən bir hissəsi nəzərdə tutulur. Müxtəlif ərazilərin strukturu müxtəlif olur. Ərazinin strukturuna bütün hallarda quru sahə, yerin təki, su və hava məkanı daxil olur. Hər bir ərazini məhdudlaşdıran müəyyən sərhəd var. Bir ərazini o birindən ayıran müəyyən bir sərhəd – əlamət və ya əlamətlər mövcuddur. Bu əlamətlər siyasi, iqtisadi, milli və coğrafi əlamətlərdir. Hər bir ərazi bir çox əlamətlərin birliyi kimi xarakterizə olunur. Siyasi-inzibati dövlət sərhəddini, vilayət, rayon və s. ərazini, iqtisadi – iqtisadi rayonları, zonaları, istehsal komplekslərinin ərazisini, təbii-coğrafi – bura meşə, səhra, tarla ərazisini və s. əhatə edir. Bu əlamətlərin miqdarı, müxtəlifliyi onların ərazidə bir-birini qarşılıqlı surətdə tamamlaması həmin ərazidə iqtisadiyyatın sosial sahələrinin formalaşması və inkişafına və deməli, məhsuldar qüvvələrin inkişafına birbaşa təsir göstərir. Ərazi ölkənin sosial-iqtisadi sisteminin bütün keyfiyyət göstəriciləri və əlamətlərin formalaşmasında əhəmiyyətli rol oynayır. Bununla bərabər ərazinin rolunu həddən artıq şişirtmək olmaz. Belə ki, sosial-iqtisadi inkişafda həlledici rolu məhsuldar qüvvələrin inkişaf səviyyəsi cəmiyyətin sosial, iqtisadi, siyasi və mənəvi həyat şəraitinin yetkinlik səviyyəsi oynayır. Ərazi isə son nəticədə bazis və üst qurumun təbii əsası kimi əhəmiyyət kəsb edir. Regional iqtisadiyyatın formalaşması prosesində ərazi müxtəlif funksiyalar yerinə yetirir və onun hər bir funksiyası istehsalın ərazi idarə olunması sisteminin yaranmasına müxtəlif formalarda təsir edir:

1.Ərazi- istehsal fəaliyyətinin ümumi əsası və maddi şərti kimi çıxış edir. Bunun üçün o, aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

a) məkan uzunluğu kimi.

b) əmək predmeti.

v) əmək vasitəsi.

2. Ərazi- əhalinin yaşaması və məişət, istirahət və əyləncə yeri xidmətini icra edir. Onun üzərində yaşayış evləri, parklar və bağlar tikilir.

3. Ərazi- əhalinin etnik əlamətləri (dil, adət-ənənə) kimi çıxış edir. (Ə.X. Nuriyev: “ Regional siyasət və idarəetmə”, Bakı 2004, səh 19)

Ərazi və region anlayışları haqqında ümumi təsəvvürlər altında regional iqtisadiyyat elmi formalaşmışdır. Bu elm ölkənin məhsuldar qüvvələrinin ərazi quruluş vahidləri üzrə planlaşdırılması və ərazi təşkilinin nəzəri problemlərini və onların həlli yollarını öyrənir. Bu elmi çox geniş şəkildə qiymətləndirən tədqiqatçılardan biri N.N.Nekrasov olmuşdur. Onun fikrincə, ”Regional iqtisadiyyat ölkənin regional sistemində, hər bir regionda məhsuldar qüvvələrin formalaşması və inkişafının iqtisadi, sosial faktorlarını və onların təzahürlərini öyrənir. Məhsuldar qüvvələrin səmərəli yerləşməsi regional iqtisadiyyatın əsası, əsas tərkib hissəsidir”. ( N.N.Nekrasov: “Regional iqtisadiyyat”. Moskva, Ekonomika, 1978. s.19)

Bundan başqa, T.Q.Morozovanın redaktorluğu altında dərc edilmiş kitabda regional iqtisadiyyata eyni inzibati-ərazi vahidində tibbi-ekoloji şəraitə uyğun sosial-iqtisadi proseslərin baş verməsi, məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı kimi göstərilmişdir.

A.V. Sidoroviçin redaktorluğu altında dərc edilmiş kitabda isə regional iqtisadiyyat ya inzibati-ərazi, ya da xüsusi iqtisadi əlamətlərlə fərqlənən ayrı-ayrı vilayət, şəhər və digər ərazi vahidlərinin iqtisadiyyatının təcəssümü kimi, həm də bu regionların iqtisadiyyatı xalq təsərrüfatının təkrar istehsalının bir tərkib hissəsi kimi qiymətləndirilir.

Regional iqtisadiyyatın formalaşmasının obyektiv əsasları ilə yanaşı, onun nəzəri əsasları da mövcuddur. Regional iqtisadiyyatın nəzəri əsaslarına onun kateqoriyaları və nədən ibarət olduğu daxildir. Regional iqtisadiyyatın kateqoriyalarına iqtisadi rayon, iqtisadi rayonologiya və s. aid edilir. İqtisadi rayon dedikdə elə bir region başa düşülür ki, onun ərazisində ictimai istehsalın eyni element və komponentləri yerləşsin və inkişaf etsin. İqtisadi rayonun obyektiv əsasını ümumi ərazidə yerləşən ictimai istehsal elementlərinin funksional qarşılıqlı əlaqə və asılılığı təşkil edir.O, insanlar tərəfindən yaradılır, dərk edilir və “ zehni konstruksiya” kimi təzahür edib formalaşır. Regional iqtisadiyyatın əsas kateqoriyalarından biri də iqtisadi rayonologiyadır. İqtisadi rayonologiya-rayonlaşmanın prinsipləri və metodları, onu idarə edən qanunauyğunluqlar haqqında elmdir. Bu elm obyektiv gerçəkliyi dərk etməyin növlərindən biridir. Onun əsas vəzifəsi iqtisadi rayonların yaradılması və inkişafının qanunauyğunluqlarının insanlar tərəfindən şüurlu şəkildə dərk edilməsi və fəaliyyət mexanizminin araşdırılmasıdır. İqtisadi rayonologiya elminin əsas məntiqi anlayışlar sisteminə iqtisadi rayon əmələ gəlmənin şərtləri, amilləri, əlamət və qanunauyğunluqları aiddir. İqtisadi rayon əmələ gəlmənin bir neçə şərti var: təbii şərait, tarixi şərait, sosial-iqtisadi şərait. Amillər iqtisadi rayon əmələ gəlmənin mahiyyətini müəyyən edərək rayonun formalaşması və inkişafına təkan verir. Bu amillərə məhsuldar qüvvələrin yerləşməsi və inkişafını,cəmiyyətin və istehsalın idarə edilməsini, ictimai əməyin ərazi təşkilini və s-ni müəyyən edən amillər daxildir. Rayon əmələ gəlmənin əlamətləri onun amillərinin fəaliyyətinin nəticəsidir.Əlamət dedikdə, bir rayonun digərlərindən fərqli sosial-iqtisadi tərəfləri başa düşülür. Rayon əmələ gəlmənin qanunauyğunluqları-müəyyən şərait daxilində rayon əmələ gətirən amillərin fəaliyyətlərini təmin edən daxili səbəb- nəticə əlaqələrinin dəfələrlə təkrarlanmasıdır. ( M.M.Mahmudov, İ.M.Mahmudova: “ Region iqtisadiyyatın tənzimlənməsi”. Bakı 2001. səh. 6, 11, 18)

Regional iqtisadiyyatın formalaşmasının obyektiv və nəzəri əsaslarını bildikdən sonra digər bir mühüm məsələ onu nədən ibarət olmasıdır. O, hər şeydən əvvəl infrastrukturdan ibarətdir.

İnfrastruktura – əsas fəaliyyətə münasibətdə köməkçi və yardımçı xidmətləri həyata keçirən sfera sayılır. Başqa sözlə desək, infrastruktura-insan tərəfindən yaradılan və bütün cəmiyyətə, maddi istehsala ümumi sayılan sferadır. Onun fəaliyyət və funksional sferalar üzrə təsnifləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan infrastruktura istehsal (maddi), sosial, institutual (təsisat) və bazar infrastrukturası növlərinə bölünür.

İstehsal infrastrukturasının əsas funksional təyinatı ictimai istehsalın fəaliyyətini təmin etməkdir. İstehsal infrastrukturasının digər məqsədi infrastruktura kompleksinin özünü maddi, enerji, informasiya və başqa xidmətlərlə təmin etməkdir.

İstehsal infrastrukturasına – nəqliyyat, anbar təsərrüfatı, maddi-texniki təminat və topdansatış, rabitə (əhaliyə xidmət göstərən rabitədən başqa), enerji təminatı, su təsərrüfatı və sair daxildir.

Sosial infrastruktura isə funksional cəhətdən çoxşaxəli kompleks olub, şəxsi və ümumi tələbatların ödənilməsinə ümumi şərait yaradır. Bura kadrların hazırlanması və yenidən hazırlanması, səhiyyə, bədən tərbiyyəsi və idman, əhalinin dincəlməsi, mədəniyyət ocaqları, pərakəndə ticarət, ictimai iaşə, əhalinin məişət xidmətləri, mənzil-kommunal təsərrüfatı, ətraf mühitin qorunması, habelə ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən sosial obyektlər (müəssisədə yerləşən tibb məntəqəsi, klub, bərbərxana və s.) daxildir.

İnstitutual infrastrukturasının funksional təyinatı ictimai-faydalı, qeyri-istehsal, elmi, idarəetmə, hüquqi, mühafizə və başqa xidmətlər göstərməkdir. Buraya nazirliklər, yerli hökumət və özünüidarə orqanları, prokurorluq, məhkəmə, polis və başqa orqanlar daxildir.

Bazar infrastrukturuna isə birjalar, yarmarkalar, auksionlar, bank sistemi, vergi-büdcə sistemi, qiymətli kağızlar bazarı, müxtəlif sığorta, konsaltinq, vasitəçi və investisiya şirkətləri daxildir.

Ayrı-ayrı regionlarda infrastruktura növlərinin qarşılıqlı fəaliyyətin təyin olunması yerli dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətindən asılı olur. Yerli idarəetmə orqanları inzibati, hüquqi və iqtisadi metodlardan istifadə edərək infrastukturanın müxtəlif komponentlərinə təsir göstərirlər. Bu yerli özünüidarənin niyyət və məqsədlərinə nail olmağa şərait yaradır.

Yerli özünüidarənin niyyəti kimi yerli əhəmiyyətli məsələlərin həll olunmasına vətəndaşları cəlb etmək əsasında region əhalisinin həyat standartlarını yaxşılaşdırmaqdır. Bu niyyətin reallaşdırılması hər sahə üzrə konkret vəziyyətə çatma məqsədlərinin müəyyənləşdirilməsindən asılıdır. ( H.S.Həsənov, K.A.Şahbazov, M.H.Məmmədov: ”Menecment”, Bakı 2005, səh 962-965)

Regional iqtisadiyyatla bağlı digər vacib məsələlərdən biri onun kompleks inkişafının tənzimlənməsidir.Regional iqtisadiyyatın tənzimlənməsi regionların təsərrüfat həyatına və onunla əlaqədar sosial proseslərə dövlətin məqsədyönlü təsir prosesidir. Bu təsir prosesində dövlətin iqtisadi və sosial siyasəti reallaşır. Regional siyasətin məqsədinə nail olmaq üçün müəyyən qrup tənzimləmə vasitələrindən istifadə olunur.

Regional siyasətin əsas məqsədi dedikdə, ümumi qaydada region iqtisadiyyatının hərtərəfli və optimal inkişafı nəzərdə tutulur. Regional iqtisadiyyatın optimal inkişafı üçün hər şeydən əvvəl, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə fikir verilməlidir. Yəni məhsuldar qüvvələrin yerləşdirilməsi prinsiplərinə diqqət yetirilməlidir:

1. Regionda məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi və onların dinamik inkişafının təmin olunmasıdır.

2. Müxtəlif istehsal sahələrinin xammal mənbələrinə yaxınlaşdırılması. Bu məhsul istehsalında qənaət rejiminə əməl edilməsi imkanını artırır.

3. Regionun şəhər və kəndləri arasındakı fərqlərinin ləğv edilməsi, sosial iqtisadi inkişaflarının bir-birinə yaxınlaşdırılması.

4. Respublika səviyyəsində regionun müdafiə qabiliyyətinin artırılması.

5. Regionda təbii resurslardan səmərəli istifadə və təbiətin mühafizə olunması.

6. Regionda əmək resurslarının səmərəli yerləşdirilməsi və istifadənin yaxşılaşdırılması.

Bütün bunlar əsasında regionda məhsuldar qüvvələrin yerləşdirilməsinin baş planı müəyyən edilir və aşağıdakı ardıcıllıqla həyata keçirilir:

-öncə regionda son illər ərzində məhsuldar qüvvələrin yerləşdirilməsinin təhlili aparılır;

-məhsuldar qüvvələrin gələcək inkişafı və yerləşdirilməsi imkanları araşdırılır;

-regionda əsas inkişaf təmayülünün istiqamətləri müəyyənləşdirilir;

-sənaye qovşağı, kənd təsərrüfatı və s. inkişafı səviyyəsi və nisbəti müəyyənləşdirilir;

-məhsuldar qüvvələrin yerləşdirilməsinin iqtisadi effektivliyi müəyyənləşdirilir;

-ölkədə gələcək dövrün baş planında regionlar üzrə sosial-iqtisadi inkişafı nəzərdə tutulmuşdur. (H.B.Allahverdiyev, K.S.Qafarov, Ə.M.Əhmədov: “ Milli iqtisadiyyatın dövlət tənzimlənməsi”. Bakı 2007.s.491)

Regional iqtisadiyyatın dövlət tənzimlənməsi və idarə olunması bütövlükdə ölkə iqtisadiyyatının dövlət tənzim və idarə olunmasının mühüm daxili tərkib hissəsidir. Regional iqtisadiyyatın dövlət tənzimlənməsini zəruri edən səbəblər çoxdur:

1. Bazar münasibətlərinə keçid;

2. Hər bir ölkənin öz konkret coğrafi şəraiti;

3. İqtisadiyyatın ölkə daxilində inkişafı və yerləşdirilməsi vəziyyəti.

Bazar iqtisadi sisteminə keçən Azərbaycanda da tənzimləmə sahəsində xeyli nailiyyətlər əldə olunmuşdur. Lakin iqtisadiyyatın davamlı sabit sürətlə inkişafı üçün dövlət ona iqtisadi və təşkilati baxımdan müdaxilə etməlidir. Respublikamızda da regional iqtisadiyyatın tənzimlənməsinin zərurililiyi ilk növbədə, bazar münasibətlərinə keçidlə əlaqədardır.

Müasir dövrdə ölkəmiz qarşısında duran ən vacib vəzifələrdən biri aktiv regional siyasət yeritməkdir. Bu da regionlar arasında olan kəskin inkişaf fərqlərinin artması ilə bağlıdır. Bu özünü daha çox Abşeron iqtisadi rayonunda göstərmişdir.

Beləliklə, aktiv regional siyasət yeridilməsi, regional inkişafın dövlət tənzim və idarə olunması Azərbaycan üçün bir neçə onillik dövrdə, xüsusilə aktual olacaqdır.




Regional siyasətin normativ-hüquqi əsasları, idarəetmə və

özünüidarəetmə orqanları. Onların fəaliyyət xüsusiyyətləri
Regional siyasət və idarəetmə (regional inkişafın dövlət tənzimlənməsi) müxtəlif inzibati-siyasi quruluşa və müxtəlif idarəetmə formasına malik bütün dövlətlərdə bu və ya digər səviyyədə həyata keçirilir. Müasir dövrdə regional iqtisadiyyatın müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmək üçün müvafiq hüquqi baza yaradılmalı, başqa sözlə, normativ-hüquqi aktlar, sərəncamlar və qərarlar qəbul edilməlidir. Eyni zamanda həmin normativ aktların icrası üçün institutlar yaradılmalı,tədbirlər hazırlanmalı və həyata keçirilməlidir. Demokratik ölkələrdə regional siyasət və idarəetmənin hüquqi əsaslarını müəyən edən qanunlar və normativ aktlar sistemi XIX əsrin əvvəllərindən başlayaraq formalaşmışdır. Hazırda bütün ölkələrdə regional siyasətin hər iki qrup vasitələrini- iqtisadi və inzibati- təşkilati vasitələrini əhatə edən qanunlar sistemi fəaliyyət göstərir. Bunlar öz mahiyyətinə görə regional inkişafı tənzimləmək üçün qəbul edilmiş qanunlardan, prezident fərmanlarından, göstərişlərindən, hökümət qərar və göstərişlərindən ibarət olur. Faktlar göstərir ki, regional inkişaf qanunları XX əsrin əvvəllərindən qəbul olunmağa başlamış, XX əsrin 50-60-ci illərində bütün inkişaf etmiş kapitalist ölkələrində ( Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Yaponiya və i.a.) qanunverici orqanların regional siyasətin və dövlət tənzimlənməsinin ayrı-ayrı ərazi və sahə istiqamətlərinin normativ-hüquqi qanun və digər aktlarla rəsmiləşdirilməsinə diqqət artmış, 70-90-cı illərdə ölkə miqyasında regional siyasət və inkişafının tənzimlənməsini hüquqi cəhətdən rəsmiləşdirən qanunlar qəbul olunmuşdur. Regional siyasət və inkişafının tənzimlənməsi haqqında qəbul olunan qanunları və digər normativ-hüquqi aktları 4 qrupa bölmək olar. Bunlar aşağıdakılardır:

1.Ölkənin bütün regionlarına aid olan, onların ümumi inkişafını tənzimləyən qanunlar. Belə qanunlara “ Regional siyasətin əsasları haqqında qanun”( Rusiya-1996), “ Regional inkişaf haqqında qanun” (ABŞ), “ Sosial-iqtisadi inkişafın ərazi təşkili haqqında qanun”( Almaniya) aiddir.

2. Ölkənin bu və ya digər qrup regionlarının ( məsələn: şəhərlərin, kəndlərin və s.) inkişafını tənzimləyən qanunlar. Buna isə müxtəlif ölkələrdə qəbul olunmuş şəhərlərin inkişafı haqqında, kəndlərin inkişafı haqqında, strateji planlaşdırma və məqsədli proqramlar haqqında, azad iqtisadi zonalar haqqında, problem regionlar haqqında qanunları və s-ni misal göstərmək olar. Bu növ ümümi xarakterli qanunların əksəriyyəti ABŞ, İngiltərə, Fransa, Rusiya, Avstraliya, Almaniya, Yaponiya və bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qəbul edilmişdir.

3. Bu və ya digər regionun inkişafını tənzimləyən xüsusi qanunlar. Bura ayrı-ayrı xüsusi sahibkarlıq zonasının, digər müxtəlif təsərrüfatçılıq zonalarının yaranması və fəaliyyəti ilə əlaqədar qanunlar aiddir.

4. Regionlararası münasibətləri tənzimləyən qanunlar. Bura isə regional və mərkəzi dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə arasındakı münasibətləri tənzimləyən, onların ərazi miqyasında hüquq və vəzifələrini müəyyən edən, büdcə-vergi tənzimlənməsini müəyyən edən qanunlar və digar normativ-hüquqi aktlar aiddir.

Müstəqillik illərində Azərbaycanda yeni cəmiyyət quruculuğunu, bazar münasibətlərinə keçid və dünya sisteminə inteqrasiyanın əsaslarını müəyyən edən, tənzimlənməsi və idarəetməsi barədə 1000-dən çox qanun qəbul edilmiş, mövcud qanunlarda xeyli dəyişiklik və təkmilləşdirmələr aparılmışdır. Bu qanunlar sahə və qismən ərazi mülkiyyət, bölgü və istehlak münasibətlərini, iqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunmasını, əhalinin sosial müdafiəsinə təminat verilməsini, maliyyə, sığorta, uçot və statistika fəaliyyətini, vergi münasibətlərini, xarici iqtisadi fəaliyyəti və daxili bazarın qorunmasını və i.a. tənzimləyən qanunlardır. Bunlarla yanaşı, yerli dövlət idarəetmə, yerli özünüidarəetmənin yaranması və fəaliyyəti ilə bağlı bir sıra qanunlar, fərman və sərəncamlar qəbul olunmuşdur. (Mail Rəhimov: Azərbaycan Respublikasının iqtisadi inkişafını tənzimləyən qanunlar (1991-1995-ci illər), Bakı-1996; Azərbaycan Respublikasının qanunvericilik toplusu. №8 (62) Avqust 2002, səh.1322-1607; № 9(63) 30 sentyabr 2002, səh.1612-1751; № 10-31 dekabr 2002. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının nəşri.)

Bütövlükdə regional inkişaf siyasətini həyata keçirmək və respublikadaxili regional inkişafı tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi və Respublika Höküməti tərəfindən hər biri öz səlahiyyətlərinə uyğun aşağıdakı qanunları, sərəncamları, təlimatları qəbul etməsi daha məqsədəuyğundur:

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə