Kraliçə Ağabəyim Cavanşir




Yüklə 34.83 Kb.
tarix20.04.2016
ölçüsü34.83 Kb.
Güntay Cavanşir
Kraliçə Ağabəyim Cavanşir
Qacar dövləti qurulduqdan sonra Qarabağla və Qarabağ xanlığı ilə savaş—barış içərikli geniş ilişkiləri olmuşdur. Bu qonu bir çox araşdırmaçıların diqqətini çəkmişdir. Ancaq Qacar sarayında Qarabağlı bir xanımın varlığı və olaylara bəlli ölçüdə qarışması daha çox bu araşdırmalarda öncəlik daşımışdır. Bu xanımın həyatının bilinməsi bəlkə bəzi tarix bilgilərimizi artıra bilər.

Ağabəyim xanım İbrahim Xəlil Xan Cavanşirin qızı və Pənah Xan Cavanşirin nəvəsidir. Pənah Xan Nadir Şahın seçkin ordu komutanlarından biri olmuş. Pənah Xan Cavanşirin rəqibləri Nadir Şahda Ona qarşı kötü niyət oluşdurmağı başarırlar. Bundan xəbərdar olan Pənah Xan Cavanşir, oğlu İbrahim Xəlili Xorasanda buraxıb əmrində olan ordusuyla bir yerdə Qarabağa qaçır və Şuşada yerləşir. Bu zaman 15 yaşında olan İbrahim Xəlil də bir müddət sonra Şuşaya gəlir.1 Pənah Xan Cavanşir Şuşanın abadlaşmasında çox böyük işlər görür və öldükdən sonra da oğlu İbrahim Xəlil Cavanşir onun xanlıq taxtında oturur.



Ağaməhəmməd Xan Qacar, Zəndiyə dövlətinin ömrünə son verdikdən sonra Qacar dövlətinin quruluşunu elan edir və 1795-ci ildə Tehranı da stratejik önəmindən dolayı başkənd olaraq duyurur. Qacar Şah Azərbaycanın bütün xanlarını Tehrana dəvət edir. Ancaq İbrahim Xəlil Cavanşir Qacar Şahın bu dəvətini qəbul etmir. Bu üzdən də Qacar Şah Qarabağ xanı və digər əmrə tabe olmayan xanlarla savaşmaq üçün böyük bir ordu ilə öncə Qarabağa hücuma keçmək istəyir. Qacar Şahla Cavanşirin qarşıdurması barışla sonuclanır. Ancaq bu barış anlaşmasının ömrü uzun olmur. Qafqaz xanları Rusiyəyə yaxınlaşdıqdan sonra Qacar Şah bir daha Qarabağa hücum etmək qərarına gəlir. Bu dəfə Qacar Şah Şuşanı ələ keçirir və İbrahim Xəlil Cavanşir də qaçmaq zorunda qalır. Qacar Şah Qafqazların digər xanlıqları ilə savaşmağa fürsət tapa bilmir. Şuşanı ələ keçirdikdən beş gün sonra öz xidmətçiləri tərəfindən öldürülür. Qacar Şahın öldürülüşündən sonra İbrahim Xəlil cavanşir Şuşaya geri dönür. Cavanşirin əmri üzərinə Qacar Şahın cənazəsini böyük bir ehtiramla və Şahın şəninə yaraşan biçimdə dəfn etdilər. Cavanşir demişdi ki, bu cənazə bizə əmanətdir və layiqli şəkildə dəfn etməliyik. Fətəli Şah şahlıq taxtında oturduqdan sonra İbrahim Xəlil cavanşirdən əmisi Qacar Şahın cənazəsini istəyir. Bunu fürsət bilən Cavanşir də Qacar dövləti ilə münasibətlərini gəlişdirmək üçün cənazəni məzardan çıxarıb və böyük bir təşrifatla Tehrana yola salır.2 Fətəli Şah Cavanşirin bu nəcabətli davranışı qarşısında Ona bir qılıc hədiyə olaraq göndərir və Qarabağın hökumətini də Ona bağışlayır.3 Buna qarşılıq olaraq da İbrahim Xəlil cavanşir Qarabağda gözəlliyi ilə məşhur olan qızı Ağabəyim Cavanşiri Fətəli Şaha xanım olaraq göndərir.4 Ağabəyim böyük bir ehtişamla Tehrana gəlir. 200 qarabağlı xidmətçi bu Tehran səfərində ona xidmət edirdi. Bütün bu 200 nəfər Qarabağın savaşçıları hesab olurdu. O cümlədən Məlik Bəy bu 200 nəfərlik xidmətçiyə başçılıq edirdi.5 Bu zaman Fətəli Şahın dörd rəsmi qadını olduğundan Ağabəyim Cavanşir sarayın qeyri— rəsmi və siğə qadını olur. Bir sürə sonra Qacar soyundan olan Fətəlinin Asiya adında qadını öldükdən sonra Sarayda “Ağabacı” ləqəbi alan Ağabəyim Cavanşir sarayın rəsmi qadınlarından biri olur və Şahın daimi nikahına alınır. Bəzi söyləntilərə görə Fətəli Şahın Ağabacı ilə heç bir zaman yataq ilişkisi olmamışdır. Ağabacının sarayda çox böyük ehtiramı olmuş. Ağabacı gəldiyində Şahın digər qadınları otağı tərk edib yerlərini Ona buraxarmışlar. 1812-ci ildə İngiltərə səfiri Ser Qor Ozli İrana gəlir. Səfirin xanımı da ölkənin kraliçəsi6 ilə görüşməklə görəvləndirilmişdi. “Banular banusu” və ya sarayın mələkəsi və Qacar dövlətinin kraliçəsi Ağabacı səfirin xanımını qəbul etməli idi. Ağabacı başında kraliçəlik tacı ilə səfirin xanımını qəbul edir.7 “Kraliçə Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün Səfirin qadınına bələdçilik etdilər. Kraliçə Ağabacının əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçənin əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçənin üzərində o qədər altun var idi ki, sərbəst hərəkət edə bilmirdi.”8 Bu görüşdə səfirin qadını kraliçə Ağabacı Cavanşirə İngiltərə mələkəsi adından bir ənbərçə (qiymətli ətir) hədiyə etmişdir. Bundan başqa Fətəli Şahın istəyi üzərinə kraliçə Ağabacı dünyanın müxtəlif ölkələrinin kraliçələri ilə məktublaşmaqla görəvləndirilmişdi. Bu məktublaşmalarda ölkələr arası sorunlar haqqında da fikir alış-verişində bulunurdular.9

Ağabacı sarayın dedi—qodularına qatılmamaq üçün sarayın digər qadınları ilə çox az ilişkidə olurdu.Bu üzdən Fətəli Şahın İmamzadə Qasimdə öz istirahəti üçün qurdurduğu yaylaq sarayında yaşayırdı. Fətəli Şah Qum şəhərinin bütün gəlirlərini Ağabacıya vermişdi. Bir sürə sonra Ağabacı evladlığa götürdüyü uşaqları ilə bir yerdə daimi olaraq Qum şəhərinə yerləşdi. Şah da onunla görüşmək üçün Quma gedirdi.Ağacabı Qumda bulunduğu müddətcə, bir çox xeyir işlər gördü. Bir neçə məktəb, hamam və məscid yapdırdı.10

Ağabacının evladı olmadığı üçün Şah Onu iki evladını tərbiyə etməklə görəvləndirmişdi. Ağabacı Şahın Kavus Mirzə adında bir oğlunu və Mürsə Xanım adında bir qızını tərbiyə edirdi. Daha sonra Ağabacı Kavus Mirzəni bacısı qızı ilə və Mürsə Xanımı da Qardaşı oğlu ilə evləndirdi. Böyləcə Ağabacı Saraya Cavanşir soyundan bir gəlin və bir bəy yerləşdirdi. Ağabacı 1832-ci ildə Qumda vəfat etdi və orda da dəfn edildi.11 Fətəli Şah “Bu xanımla birlikdə olmaq məni çox mutlu edir.”—demişdir.12

Ağabacı “Tuuti” təxəllüsü ilə Türkçə və Farsca şeir də yazırdı. Burada Ağabacının bir neçə betini veririk:


“Yarım gecə gəldi, gecə qaldı, gecə getdi

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.”13

*

“Ey xoş ol kəs ki, sənin nəzdinə salmışdı məkan



Ki sənin həndəvərin yaxşıcadır, yaxşı hər an

Səfərə çıxdı könül, karvanına oldu cərəs (Cərəs- dəvənin boynuna bağlanan zınqro)

Zınqrovsuz olamaz yollara çıxmış karvan.”14

Ağabacının fars dilində yazdığı şeirlər daha məşhurdur. Onun Farsca şeirləri “Divani-Bacı” adı ilə yayımlanmışdır.

Əminə Pakrəvanda “Abbas Mirzə və Azərbaycan” adlı əsərində siyasi münasibətlərdə Ağabacının rolundan danışmışdır:

“Qarabağ xanları arasında İbrahim Xəlil Xan Cavanşir özünü bağımsız bir ölkənin sultanı kimi aparırdı. Qacarlara qarşı için-için nifrət etməsinə baxmayaraq, məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana vermək zorunda qalmışdı. Fətəli ilə Ağabacı xanım arasındaki evlilik çox maraqlı olmuşdur. Özəl bir şahlıq tərzi ilə Qarabağdan Tehrana gəlin gətirilən Ağabacı xanım bəy tərəfindən sevilməmişdir. Ağabacı xanım sonuna qədər bakirə qalsa da Baba Xanı gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü.”14

Yenə də Əminə Pakrəvanın verdiyi bilgilərə görə Abbas Mirzəyə qarşı sarayda oluşan təhdidlərin neytrallaşmasında Ağabacının çox böyük rolu olmuşdur. Özəlliklə Qacar dövləti ilə Qarabağ xanlığının münasibətlərinin tənzimlənməsində Ağabacı çox etkili olmuşdur. Azərbaycan Ordusunun başında dayanan Şahzadə Abbas Mirzə ilə İbrahim Xəlil Cavanşir arasında Ağabacı bir çox hallarda arabuluculuq rolu üstlənmişdir:

“Abbas Mirzə, Şuşanın xanı İbrahim Xəlil Cavanşirlə əski münasibətləri unudub dostluq ilişkiləri qurmaq fikrinə düşdü. Bunun üçün də Tehranda atasının qadını olan İbrahim Xəlil Cavanşirin qızı Ağabacı xanımı devrəyə soxmaq istədi. Abbas Mirzə bu vəsilə ilə İbrahim Xəlillə yaxın münasibət qurmağı başardı. Hələ də bakirə qaldığı söylənən Fətəli Şahın eşi Ağabacı xanım atası ilə Abbas Mirzənin aralarındaki düşmənçilik hisslərinin yatışdırılması üçün çox böyük rol üstlənmişdi. Digər tərəfdən, ruslar bu xanlıqlara müttəfiq kimi deyil, öz vassalları kimi baxırdılar. Bu da xanlıqların ruslardan uzaqlaşıb Abbas Mirzəyə yaxaınlaşmalarına səbəb olurdu. Rusların bu şəkildə davranmalarına, özəlliklə də Sisyanovun Bakı xanlığı tərəfindən öldürülməsi səbəb olmaqda idi. İbrahim Xəlil gizlincə Abbas Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz şəhərin darvazlarını Azərbaycan ordusunun üzünə açacağıq.” Lakin ruslar tərəfindən dəstəklənən Xanın yaxınlarından birisi bu xəbəri duydu və rusların yardımı ilə İbrahim Xəlili Şuşadan qaçmağa məcbur etdi. Bu hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına getdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı. Təqribən yüz kişilik süvari yas içində İbrahim Xəlilin cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlanmış Xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanlıqları qorxuya salmışdı. Artıq onlar açıq şəkildə Abbas Mirzənin o yurdlara hücum etməsini istəyirdilər. Ləzgi xanlığı kimi bəzi xanlıqlar isə təhlükəni yaxın hiss etdikləri üçün, həmən başdan Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər.”15

Ağabəyim xanımın şeir və musiqi zövqü olduğu bir çox saray əhli tərəfindən və o dönəm saray tarixini yazanlar tərəfindən vurğulanmışdır. Ağabəyim Cavanşirin bəzi şeirlərindən və bəstələrindən bəlli olur ki, Qarabağdan uzaqda qalmaq onun üçün çətin olmuşdur. Bunun ən önəmli səbəbi böylə ola bilər: O zaman Tehran yenicə başkənd olmuş və hələ şəhər kültürü orada şəkillənməmişdi. Ancaq Ağabəyim xanımın dünyaya gəlib böyüdüyü Şuşa Tehranla qiyasda həm daha əski bir şəhər idi və həm də Tehran kimi çılpaq dağların qoynunda deyildi. Şuşa iqlimi, ormanlıqlarla çevrələnmiş bir özəlliyə sahib idi. Tehranın tam tərsinə olaraq. Bəlli olur ki, Ağabəyim Qarabağ iqliminin gözəlliyini çox özləmişdir. Çünkü Onun melodisini bəstələdiyi və sözlərini yazdığı “Qarabağ şikəstəsi”ndə də bu özləm və həsrət hiss olunmaqdadır. Öncə “Qarabağ şikəstəsi” anlayışının üzərində duralım. “Şikəstə”, Fars dilində iflic, yazıq və yazqısız deməkdir. “Qarabağ şikəstəsi”, yəni Qarabağın bədbəxti. Ağabəyim xanım, özünü Qarabağsız “şikəst” və “bədbəxt” sayırmış bu bəstəyə görə. Ağabəyimin ruh halını yansıdan bu melodi Onun sarayda, Tehranda heç də mutlu olmadığını göstərməkdədir. Melodidəki kədər və özləm bunu açıqca göstərir. “Qarabağ şikəstəsi” zaman keçdikcə oxucular tərəfindən bir az daha ritmikləşmişdir. Özgün (orijinal) “Qarabağ şikəstəsi”nə yaxın variantı nisbətən Xan Şuşalı oxumuşdur. Ayrıca, “Qarabağ şikəstəsi”nin sözləri də zamanla təhrif edilmişdir. Bu təhrifi ortadan qaldırmaq lazımdır. Çünkü Ağabəyim Cavanşirin bayatılarında həm bir tarix var, həm də Qarabağ—Tehran arasındakı ilişkilər görünməkdədir. Ən önəmlisi Ağabəyim xanıma görə, o zaman Tehranın abadlaşması üçün nə qədər çalışılsa da bütün bu çalışmalar Tehranı Qarabağın doğal gözəllikləri düzeyinə yüksəldə bilməzmiş. “Tehranı cənnətə çevirməyə çabalasalar da Qarabağa çatdırra bilməzlər.” Ağabəyim Cavanşirin “Qaravağ şikəstəsi” melodisindəki bayatıya baxalım:

“Mən aşığam Qarabağ

Şəki, Şirvan, Qarabağ

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.”

Bir dövlətin başkəndində yaşayan bir xanımın uşaqlıq xatirləri şüuraltında saplanıb qalmışdır. Şüuraltənda Onun ruhunu oxşayan Qarabağın gözəllikləri, gələnəkləri. İnsanın karakteri genəldə uşaqlıq çağlarında biçimlənir. Biçimlənmiş bir qadın karakterinin şah sarayında yaşasa da bilincaltında bağlı olduğu dəyərlər unudulmamışdır. O dəyərlər ki, Qarabağın yumuşaq və sevimli iqlimi ilə özdeşdir və tehranın sərt iqliminə ayqırıdır. Tehranın cəhənnəm sıcaqlığı əlbəttə ki, Qarbağlı bir xanıma öz ana yürdunun yaylaq havasını xatırladar.

Qacar dövlətinin yönətimində Qarabağlıların böyük yerləri olmuşdur. Bu haqda “Qacar yönətimində Qarabağlılar” başlıqlı bir neçə araşdırmalar da Fars dilində mövcuddur. Ancaq bu araşdırmaları incələməyi başqa bir zaman buraxalım.

29.04.2010



1 Məcid Yektai “Qarabağ və Şuşa qalası” tarixi araşdırmalar, s 13.

2. Mirzə Fəzllullah Şiraziye Xavəri “Zül-Qərneyn tarixi”, düzənləyən Nasir Əfşarfər, Tehran, Milli Məclisin Mərkəzi Muzeyi, 1380, celde əvvəl, S 62— 63.

3 Eyni qaynaq, ikinci cild, S. 1043.

4 Eyni qaynaq.

5 Məhəmməd Həsənxan Etimad-ül Səltənə, “Xeyrati-Həssan”, daş basını, 1304 Hicri-qəməri, S. 11.

6 Cimz Morye “Cimz Morye səfərnaməsi” (ikinci səfər), Farscaya çevirən Əbdülqasim Səri, Tehran, Tus nəşriyatı— 1386 (2007) , S. 213— 214

7 Mir Fəzllullah Şiraziye Xavəri, eyni qaynaq.

8 Məcid Yektai “Qarabağ və Şuşa qalası” tarixi araşdırmalar, s 13.

9 Mirzə Fəzllullah Şiraziye Xavəri “Zül-Qərneyn tarixi”, düzənləyən Nasir Əfşarfər, Tehran, Milli Məclisin Mərkəzi Muzeyi, 1380, celde əvvəl, S 62— 63.

10 Eyni qaynaq 2-ci cild, S. 1043.

11 Eyni qaynaq.

12 Məhəmmədhəsən Xan Etimad-ül Səltənə, eyni qaynaq.

13 Cimz Morye, eyni yerdə.

14 Farscadan tərcümə edən Güntay. Orjinalı belədir:

خرم آن کو به سر کوي تو جايي دارد

که سر کوي تو خوش آب و هوايي دارد

به سفر رفت و دلم شد جرس ناقه او



رسم اين است که هر ناقه درايي دار

14 Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” Çevirən Güntay Cavanşir, Qanun Nəşriyatı 2007

15 Eyni qaynaq.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə