Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə9/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

BÖYÜK SƏNƏTKAR
H.Cavidin Azərbaycan ədəbiyyatı tarixində yerini və möv­qe­yini müəyyənləşdirənlər birinci növbədə onun mənzum dram yaratmaq fəaliyyətindən bəhs edirlər. Doğrudan da, belə bir ədəbi-tarixi fakt qarşısından qaçmaq mümkün olmadığı kimi, başqa bir incə mətləbi də unutmaq olmaz. Unutmaq ol­maz ki, H.Cavidin xidməti onun adının sadəcə olaraq «mənzum dram» istilahı ilə yanaşı çəkilməsində deyildir. Bu böyük sə­nət­karı şöhrətləndirən və məşhurlaşdıran əsas səbəb həmin əsərlərin «necəliyi» ilə bağlıdır. Başqa sözlə, bu əsərlərdəki mövzu və ideya, mətləb və qayə, obrazlar və bədii mühit elə sə­viy­yəyə qaldırılmışdır ki, artıq H.Cavidin ayrıca, xüsusi dra­ma­turgiya yolundan danışmağa xeyli dərəcədə imkan yaranmışdır.

H.Cavidin dramaturgiya yolu haradan başlanır? Birinci növbədə onun teatra, dram sənətinə olan maraq və məhəb­bə­tin­dən. Belə olmasaydı, Cavid hələ İstanbulda oxuyarkən Qurba­nəli Şərifova yazdığı ilk məktublarının birində «keçən günlərdə bir teatroya getməsi» barədə xüsusi vurğu ilə danışmazdı.

Əlbəttə, inkarolunmaz faktdır ki, o dövrdə teatrın kütləvi şəkil alması Cavidin ziyalı həssaslığı və şairlik istedadı qarşı­sında diqqətsiz qala bilməzdi. Bununla yanaşı, H.Cavidin teatra olan marağı teatr sənətinin geniş bir vüsət alması ilə məhdud­laş­mırdı. H.Cavid qarşısına qoyduğu fikir və ideya üçün qabaq­ca­dan daha çox narahatlıq keçirir, «üstündə əsdiyi» mətləbi canlı formada – yəni aktyorların oyunu ilə verməyi üstün tutur­du. O, yaxşı bilirdi ki, səhnədəki hərəkətlər vasitəsilə tamaşa­çıya çatdırılan ideya hafizələrdə daha tez iz salar, daha çox yaşaya bilər.

Digər maraqlı və ciddi fakt ondan ibarətdir ki, H.Cavid öz dramlarını yalnız tamaşaçı üçün, səhnələşdirmək xatirinə yazmırdı. Onun dram əsərləri həmçinin «oxu» dramları idi. Bu fikri «Şeyx Sənan» əsərinin əvvəlində verilən qeyd də təsdiq edir. H.Cavid həmin qeyddə yazır: «Şeyx Sənan» mövqe-tama­şa­ya qoyulduğu zaman ikinci pərdənin birinci səhnəsi bir yerdə təmsil edilir.

Üçüncü pərdənin ikinci səhnəsi ilə sonrakı əlavə isə bütün-bütünə atılır».

Göründüyü kimi, dramaturq bu əsəri həm tamaşaya qoy­maq, həm də oxumaq üçün qələmə almışdır. Onun digər əsərləri də məhz belə səciyyə daşıyır.

Məsələnin bir az da aydınlığı üçün qeyd etmək istəyirik ki, dünya dramaturgiya tarixində yalnız səhnələşdirilmək üçün yazılan əsərlər az deyil. Bu tipli əsərlərdə teatr rejissoruna xüsusi ehtiyac duyulur, çünki müəllif rejissora da zəruri şəkildə «işləmək üçün sahə» ayırır. Cavidin dramlarında isə dramatur­qun remarkalardakı xeyli dərəcədə diqqəti cəlb edən izahatları (bu həm də elə bil rejissor işidir) əsərin oxucuya çatmasının mühüm amili olur.
Qalx, oyan, dilbərim, aman gedəlim,

Xumar, insaf et! Ah, oyan gedəlim.-
Şeyx Sənan bu sözləri deyəndə, məhz «azacıq məcnu­nanə baxışlarla Xumarı süzdükdən sonra bütün-bütünə sarsı­laraq yaralı bir ahənglə» söyləyir. Yaxud «Afət» əsərindən Afətin Doktoru öldürdüyü səhnəni xatırlayaq:
«Alagöz. Aman, ya rəbbi!..

Ərtoğrul. Nə yapdın, Afət, ah nə yapdın?
Afət (əlində silah, acı qəhqəhələrlə): Özdəmirin intiqamı­nı aldım, kəndi intiqamımı aldım. (Cənazəyə). Sən məni unut­dun, gözəlliyimi təhqir etdin, işdə gözəlliyin intiqamını aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin kəndimi alamadım, əfv et!.. (Müstəhzi qəhqəhə ilə). Ah, sən bu axşam düyün yapa­caq­dın, Altunsaça qovuşacaqdın... Halbuki mən buna razı olmam, çünki... səni pək seviyorum. (Masa üzərindəki çiçək dəmətini çözərək cənazəni süslər). Ah, əvət, səndən ayrılmaq istəməm; bu dodaqlar məndən başqasını öpməməlidir. (Cəna­zəni qucaqlayıb öpər, fövqəladə bir həyəcan ilə qalxar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra mana gəliyor».

Bu parçalarda dramaturqun verdiyi remarkalar o qədər dəqiq və yerli-yerindədir ki, oxucu Şeyx Sənan və Afəti bütün cizgiləri ilə görür, hətta həssas oxucu onları elə səhnədə də təsəvvür edə bilər.

H.Cavidin dramaturgiyaya meylinin bir qütbündə obraz­ların üz-üzə gətirilməsinə, qarşılaşdırılmasına olan maraq da­ya­nır. Belə ki, əsasən, dialoqlar üzərində qurulan dram əsərlə­rin­də əsas mahiyyət obrazların özlərinin mübarizəsindən daha çox, onların fikirlərinin mübarizəsindədir. Bir qəhrəmanın bü­tün varlığı ilə daşıdığı ideya haradasa özü ilə səslənən tərəf­dar­lar tapsa da, haradasa toqquşmaq məqamında olan ideyalarla da üzləşməli olur. H.Cavidin isə ideyalara daha artıq dərəcədə meyl göstərdiyini nəzərə almış olsaq, bu halda onun dramatur­giyaya gəlişinin səbəblərindən biri də aydınlaşmış olur.

Başqa bir mühüm məsələ də var: H.Cavidin dramaturgi­yaya olan marağı əslində faciə janrına olan maraqdır – daha kəskin konfliktlər yaratmaq, daha dözümlü qəhrəmanlar «dün­ya­ya gətirmək» marağıdır. H.Cavid yaradıcılığının faciə həqi­qəti öz gücünü həyatın özündən alan, bir növ eybəcərliklərin, çirkinliklərin, mənəvi təbəddülatların, böyük arzulu axtarışların davamına çevrilən bir həqiqətdir.

«Ana», «Maral», «Şeyx Sənan», «Şeyda», «Uçurum», «İblis», «Peyğəmbər», «Afət», «Topal Teymur», «Knyaz», «Sə­ya­vuş» kimi əsərlər H.Cavidin dramaturgiya yolunun ke­çid­ləri oldu. Bu əsərlərin yaradıcısı əsl sənətkar olduğuna görə onlar haradasa bir-birinə oxşadılar, qan qohumları kimi yaşa­dılar. Həm də bu əsərlərin yaradıcısı elə məhz sənətkar oldu­ğuna görə onlar hərəsi dünyaya yeni bir Cavid gətirdi.

H.Cavid dramaturgiya yoluna qədəm qoyanda Azərbay­canda zəngin teatr tarixi var idi. Hələ XIX əsrin ortalarından başlanan bu tarix yeni əsrin əvvəllərində xüsusi mərhələyə qalxdı. Cavidin romantik dramaturgiyası isə bu mərhələnin ayrıca və yeganə bir zirvəsi oldu.

H.Cavidin hər hansı bir dram əsərindən danışmaq, bu əsərin bütöv, tam əsər olması haqqında həqiqəti qəbul etmək­dən başlayır. Çünki onun əsərlərində nə «artıq adam», nə də artıq element vardır. Faciənin prinsipləri baxımından hər şey yaxşı mənada ölçülüb-biçilmişdir. Bu əsərlərdə «yüz ölç, bir biç» xalq ifadəsinin ətalətə aparıb çıxaran yox, məhz dəqiqliyi təmin edən çaları var.

Bədii yaradıcılıqdan danışanda «epizodik surət» anlayı­şına tez-tez rast gəlmək olar. «Hətta epizodik obraz olmasına baxmayaraq, yadda qalandır» tezisi də tanış tezisdir. Lakin unutmaq olmaz ki, belə surətlər bir çox hallarda «yalnız özü üçün hərəkət edən» surətlər olur. Cavid dramaturgiyasında isə az görünən obrazlar içərisində «yalnız özü üçün hərəkət edən», «gizlənqaç» oynayan obraz yoxdur. Burada bütün hərəkətlər, bütün obrazlar, bütün fikirlər qarşıya qoyulan vahid ideyanın açılışına tabe etdirilmişdir. Təsadüfü deyil ki, Cavid dramatur­gi­yasından hər hansı bir obrazın «əlaqə sistemini» qırıb onu əlahiddə şəkildə ucaltmaq meyli yanlış nəticələrin bazisi olur.

Bir anlıq xatırlayaq ki, «Şeyx Sənan» əsərində ikinci kor surəti bir mahnı oxuyur və əlavə olaraq ayrıca iki misra və iki söz söyləyir. Birinci pərdədə səslənən və:
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq; nə əşki-həsrət olaydı -
beyti ilə başlanan mahnı əsərin axırında meydana çıxan ideya ilə tamamilə səsləşir və nəinki səsləşir, həm də bu ideyanın bitkinləşməsinə xidmət edir.

Yaxud «Topal Teymur» əsərindəki iki növbətçi surətini dinləmək üçün çox az vaxt tələb olunur. Lakin bu az vaxt içərisində deyilən fikir və mülahizələr Cavid ideyalarının açılış istiqamətinə xeyli dərəcədə təkan vermiş olur. Birinci növbətçi «azğın padşahları, dəli xaqanları, qurnaz vəzirləri, yaramaz vəkilləri, hoppa şahzadələri, çılğın dərəbəyləri» nəzərdə tutaraq sinirli-sinirli deyir: «...Ölüb-öldürən biz, gülüb əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar! Ac-çılpaq qalan biz, zövqü-səfaya dalan yenə onlar!».

Bu yalnız növbətçinin fikri deyil, həm də haradasa Şair Kirmaninin, haradasa Meliçanın, haradasa Olqanın və başqala­rı­nın fikridir. «Qardaş qardaş qanı içiyor. İştə siyasət və riyasət bəlası!». Bunu Şair Kirmani deyir. Cücə özünün «Hərb allahlığından danışarkən», «bu masqaralıqlardan içimə fənalıq gəliyor. Saydıqları yalan olsa belə acı və tikənlidir» sözlərini Meliça söyləyir. «Ah, müharibə, daima müharibə!.. Əcəba, nerəyə, kiminlə?». Bu isə Olqanın yanğılı və iztirablı sualıdır.

Göründüyü kimi, bu yol – Hüseyn Cavidin dramaturgiya yolu 25 ilə qədər davam etsə də, bu dramaturgiyanın bir çox nümunələrində neçə əsr əvvəlin hadisələri qələmə alınmışdır. Ümumiyyətlə, Cavid dramaturgiyası tarixin qərinə sərhədlərini, əsr hüdudlarını dağıdan, zaman məhdudluğu bilməyən bir dra­ma­turgiyadır. «Şeyx Sənan» faciəsinin mövzusu əfsanədən götürülmüş, «İblis» öz məna və məzmunu ilə mifologiyaya söykənmiş, «Peyğəmbər» VII əsrə müasir baxış olmuş, «Topal Teymur»da XIV əsrin yürüşləri əks etdirilmiş, «Xəyyam» - orta əsrin müdrik fəlsəfi fikrinə həsr olunmuş, «Knyaz»da inqi­lab illərinin mürəkkəb hadisələri qələmə alınmışdır və sairə. Əlbəttə, H.Cavidin öz dramaturgiyası ilə yaratdığı bu cür zaman genişliyinə ötəri yanaşmaq olmaz. Hələ onu da qeyd edək ki, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında heç bir sənət­ka­rın yaradıcılığında tarixin bu cür geniş mənzərələri inikas etdirilməmişdir.

Bəlkə tarixə bu cür və hərtərəfli gedişlər H.Cavid üçün zaman, vaxt mənasında maraqlı olmuşdur? Yəni o, bütün keçmiş zamanı elə bir vahid kimi nəzərə alırdı ki, bu vahid insa­nın ağıl çərçivəsində çox asanca yerləşə bilirdi. Dramatur­qa görə illər nə qədər çox və nə qədər görünməz olsa da insan beyni, insan təfəkkürü onları öz düşüncəsinə cəmləşdirməyə qabildir. Bu isə adi məsələ olmayıb, tarixi adi formada qavra­mağın ən vacib üsulu idi.

Digər tərəfdən H.Cavid dramaturgiyasında mövzu və ide­ya, diqqət və qayğı baxımından mərkəz nöqtədə dayanan insan idi. Bu insan əsər başlayanda doğulur, dramatik hərəkətin yük­səlişiylə birgə inkişaf edirdi. Ölənlər isə təbii şəkildə ölürdü.

Müxtəlif əsrlərin adamları elə öz əsrlərində, öz yaşadığı illərdə təsvir olunur. Onlar üçün ömür sürdüyü vaxt intervalın­dan çıxmaq məcburiyyəti yoxdur. Lakin maraqlıdır ki, bu obrazlar öz əsərlərində deyil, məhz çox-çox sonralar bədii yaradıcılığın təhlil obyekti olurlar.

Beləliklə, H.Cavid dramaturgiyasında tarixilik anlayışı­nın yaratdığı keçmişə aid olan bütün zaman və vaxt sərhədləri aradan götürülür. Şübhə yeri qalmır ki, Şeyx Sənan və Xumar, İblis və Arif, Topal Teymur və Yıldırım Bəyazid, Xəyyam və Sevda elə H.Cavidin müasirləri olurlar. Yaxud belə də düşün­mək olar ki, H.Cavid lap elə gedib onların müasirinə çevrilir. Yəni H.Cavid geniş tarixi prosesdə tarixi insanı əsas götürürdü. O, sübut edirdi ki, əsrlər boyu hadisələr, mübarizələr, inkişaf istiqamətləri həmişə müxtəlif olur, müxtəlif vəziyyətlər alınır, lakin bu müxtəliflikdə hər şeyin təkanvericisi, hər şeyin təyinedicisi bir varlıq var. Bu, İnsandır!

H.Cavid dramaturgiyası öz işığını məhz İnsan adlanan mən­bədən almış və zəngin rəngləri ilə özü öz yolunu işıqlan­dır­mışdır.
1982

MÜTƏFƏKKİR SƏNƏTKAR
Hüseyn Cavidin adı və şəxsiyyəti, şeir və dramaturgiya yaradıcılığı, pedaqoji fəaliyyəti və publisistikası Azərbaycan ədə­biyyatı tarixinin, ictimai-fəlsəfi fikrinin inkişafı və yüksə­li­şində mühüm rol oynamışdır. Sənətkar, heç şübhəsiz, bu böyük ləyaqəti xalq və Vətən qarşısındakı şəxsi borc hissini dərk etməklə, başa düşməklə qazana bilmişdir.

H.Cavid bədii yaradıcılıqda ilk addımlarını şeirləri ilə atmışdır. Onun şeirə olan hədsiz marağı sonralar mənzum dram yazmasının əsası olmuşdur.

H.Cavidin şeirləri «Keçmiş günlər» (1913-cü il ) və «Ba­har şəbnəmləri» (1917-ci il ) kitablarında toplanmışdır. Onun şeirlərində insan taleyinə doğru istiqamətlənən həssaslıq və qayğı qırmızı xətt kimi keçir.

Hüseyn Cavid şeirinin ictimai problematikasını, sosial mahiyyətini müəyyənləşdirən və təyin edən amillər – dövrünün ziddiyyətli təzadlarla dolu hadisələrini şair fikrinin və düşüncə­si­nin süzgəcindən keçirib, öz xalqının xoşbəxt gələcəyini gör­mək istəyi ilə yaşamasıdır. Ədibin birinci dünya müharibəsi əleyhinə yazdığı «Hərb və fəlakət», «Qüruba qarşı», «Hərb al­la­­hı qarşısında» şeirləri onun yaradıcılığının kəskin ideya isti­qa­mətini, mübarizə platformasını bir daha açıq və aydın gös­tərən faktlardır.

Ədibin şeir yaradıcılığı ilə dram yaradıcılığı bir-birindən ciddi fasilələrlə ayrılmır. Yəni sənətkar ilk şeirlərini yaza-yaza «Ana» və «Maral» pyeslərini, «Keçmiş günlər», «Bahar şəb­nəm­ləri» şeir kitablarını çap etdirə-etdirə «Şeyx Sənan» və «Şeyda» pyeslərini də qələmə alır.

H.Cavid ilk dram əsərləri olan «Ana» və «Maral»da öz dövrünün ailə məişət məsələlərini təsvir etmişdir. Maral ziyalı bir qız, düşüncəli qadın kimi öz idealının qurbanı olur. İlk dram əsərlərindən başlayaraq H.Cavid ictimai problemləri, həyatdakı ziddiyyətləri əks etdirməyə xüsusi meyl göstərir. Onun «Ana» və «Maral» pyeslərində qaldırdığı məsələlər ailə-məişət çərçi­və­sində qalmayaraq mühüm sosial-mənəvi ideyaların inikasına doğru səmtlənir. «Uçurum» və «Afət» faciələri bu həqiqəti daha bariz surətdə təsdiq edir.

H.Cavidin «Şeyx Sənan» faciəsi onun yaradıcılığında mühüm yer tutur. Dramaturqun bu pyesi kifayət qədər bədii ümu­miləşdirmələrə əsaslanan bir faciə olmaqla Azərbaycan ədəbiyyatı tarixində heç bir ədəbi nümunə ilə müqayisə edil­mə­yəcək yeni tipli əsər səviyyəsinə qalxır. «Şeyx Sənan» surətlər aləminin zənginliyi, hadisə və əhvalatların psixoloji təhlili ilə öz müəllifinə böyük nüfuz və şöhrət qazandırır.

«Şeyda» faciəsi H.Cavidin sənərkar təxəyyülü ilə həyat materialı arasındakı canlı təmasının yeni nümunəsi olur. Dra­ma­turq bu əsərdə mətbəə fəhlələrinin və mühərrirlərin yaşayış tərzini və məişətini əks etdirir.

H.Cavidin inqilab mövzusuna müraciəti «Knyaz» pyesin­də yeni mövqe qazanır. Bu əsərdə yaradılmış Anton obrazı öz inqilabı şüurluluğu ilə Şeydadan irəli gedir. O, Knyaza qarşı apardığı mübarizədə ardıcıldır. Hətta Antonun Knyaznın arxasınca Almaniyaya getməsi onun fəallığını və inqilabi işə sadiqliyini bir daha sübut edir. Antonun «Bizi məhbəs və ölüm qorxudamaz» nidası azadlıq və səadət uğrunda mübarizə məslə­kinin epiqrafı kimi səslənir.

«İblis» faciəsi yalnız H.Cavid yaradıcılığında deyil, bü­tün Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir. Əsə­rin ən səciyyəvi cəhətlərindən biri odur ki, «İblis» faciəsi yalnız birinci dünya müharibəsinə qarşı çevrilmək ideyası ilə məhdudlaşmır. Bu əsərdə H.Cavid şər qüvvənin simvolik obrazını yaratmışdır. Şər qüvvə isə həm müharibə törədə bilər, həm insanlar arasında kəskin nifaq sala bilər, həm, dost xalqları bir-birinə qarşı qoya bilər. Faciədə iki güclü ehtiras üz-üzə dayanmışdır: İblis çılğınlığı və Arif pərişanlığı!

H.Cavid dramaturgiyasında ən mühüm yerlərdən birini tarixi mövzuda yazılmış əsərlər tutur. Dramaturq dalbadal bir neçə faciəsində tarixi haisələri və tarixi şəxsiyyətləri qələmə almışdır. Bu mənada onun tarixə müraciəti təsadüfi olmayıb bir sistem təşkil edir. H.Cavidin «Peyğəmbər», «Topal Teymur», «Xəyyam» faciələri tarixin bizdən çox uzaq olan müxtəlif mərhələlərindən danışır. Romantik sənətkar tarixin elə hadisə­lə­rini və elə şəxsiyyətlərini bədii yaradıcılıq mövzusuna çevirir ki, bunlar ən mühüm hadisələr və böyük şəxsiyyətlər idilər. Bununla da H.Cavid öz poetik ideallarını daha qabarıq formada oxucuya təlqin edir. Tarixi sujet əsasında yazdığı «Səyavuş» faciəsi ilə sənətkar saray ixtişaşlarının iç üzünü açır. Bu əsər feodal dünyasına, məzlumları əzən, məhv edən şahlıq idarə üsuluna qarşı siyasi ittihamnamə kimi səslənir.

H.Cavid dramaturgiyasında xalq kütlələrinə dərin məhəb­bətlə yanaşı, insanları müdafiə edən sənətə və sənətkara da böyük məhəbbət hissləri vardır. Əgər «Şeyda» pyesində rəssam Maks Muller əsərdə o qədər də geniş miqyasda görünmürsə, «Uçurum» faciəsində rəssam Cəlal daha çox diqqət mərkəzində olur. Dramaturq Cəlalın səhv yol tutmasını, öz ailəsini dağıt­ma­sını acı təəssüf hissləri və ürək ağrısı ilə qələmə alır. «Topal Teymur»da isə H.Cavid şair kirmani obrazını ayıq və sərt bir surət kimi göstərir. O, Topal Teymurun hökmləri qarşısında tab gətirə biləcək qüvvə ola bilməsə də, hər halda öz fikirlərini və mübarizə əhvali-ruhiyyəsini nümayiş etdirə bilir. Nəhayət, Hüseyn Cavid sənətkarla bağlı öz həyat idealını «Xəyyam» faciəsində ümumiləşdirir.

H.Cavidin pyeslərində qonşu Gürcüstan və Dağıstan, Ərəbistan və Türkiyə, Fransa və Almaniya həyatı təsvir olunur. Bu mənada böyük sənətkarın əsərlərində başqa xalqların və millətlərin nümayədələrinə də tez-tez rast gəlirik. H.Cavidin obrazları içərisində azərbaycanlı, rus, ərəb, türk, gürcü, ləzgi, çərkəz, fars, alman, fransız və başqaları vardır. Təsəvvür edin ki, milliyyətcə ərəb olan Şeyx Sənan İslam dininin yüksək təbliğatçısı səviyyəsində olsa belə öz idealı naminə gürcü qızı Xumarla qovuşmaq üçün hər cür əzaba qatlaşır. Hətta şərab içməyi də, xaç asmağı da məmnuniyyətlə qəbul edir. «Topal Teymur» əsərində Olqa dəlicəsinə sevdiyi Orxandan bir an belə ayrılmaq istəmir.

Eyni zamanda, Hüseyn Cavid başqa xalqların dillərini öyrənməyi də müasir insanın vəzifəsi hesab edir. O, 1909-cu ildə yazdığı məqalələrin birində məktəblərdə rus dilinin tədrisini zəruri amil kimi irəli sürür.

H.Cavid sənəti xoş gələcəyə doğru istiqamətlənən bir sənətdir. Bu mənada onun yaradıcılığında gələcəklə bağlı duyğu və düşüncələr daha geniş yer tutur. Belə ki, sənətkarın inqilabdan əvvəl çap etdirdiyi şeirlərin romantik qəhrəmanları nurlu aləmi əngin üfüqlərdə, başqa sözlə, özündən, özü yaşa­dığı mühitdən uzaqlarda arayırlar.

Hüseyn Cavid sənəti bu günü dünəndən, sabahı isə bu gündən daha xoş, daha şən görmək ideyasını yaşadan sənətdir.


1983

HUMANİST SƏNƏTKAR
Hüseyn Cavid sənətinin böyüklüyü və qüdrəti ondadır ki, bu sənət humanizm ideyalarını daha ülvi, daha mənalı təcəssüm etdirə bilir. Bu, bir tərəfdən onun əsərlərinin həyati gücü ilə bağlıdırsa, digər tərəfdən də Nizami və Nəsiminin, Füzuli və Sabirin humanizm ənənələrini yeni mərhələdə davam etdirib yeni yüksəkliyə qaldırılması ilə əlaqədardır.

H.Cavid insan haqqında, onun keçmişi, bu günü və gələ­cəyi barədə yazmağı özünün yaradıcılıq qayəsi hesab etmiş­dir. Çünki o, yaxşı bilirdi ki, insanlığa xidmət göstərən sənət öz mövzusunu da məhz insanların həyatından almalıdır; oxucu­ları xoş və işıqlı gələcəyə səsləyən bədii əsərlərin sətirləri arxasında da məhz insanların özü yaşamalıdır.

H.Cavidin humanizm konsepsiyası bütün bəşəriyyətə doğru istiqamətlənən konsepsiyadır. Bu mənada onun yaradı­cılığında yalnız Azərbaycan həyatı deyil, Dağıstan, Gürcüs­tan, Türkiyə, Yaxın Şərq və Qərbi Avropanın bir çox ölkələri, onların insanları və hadisələri də qələmə alınmışdır. Belə ki, Şeyx Sənan Ərəbistanda və Tiflisdə («Şeyx Sənan»), Cəlal İstanbulda və Parisdə («Uçurum»), Knyaz Tiflisdə və Alma­niyada («Knyaz»), Səyavuş İranda və Turanda («Səyavuş») görünürlər. Eyni zamanda Azər Almaniya torpaqlarını gəzir, oradakı səfalət və rəzalət içərisində yaşayan adamların halına acıyır («Azər»). H.Cavid obrazlarının belə geniş coğrafi ərazidə dolaşmaları, hər şeydən qabaq, müxtəlif insanların talelərini əks etdirmək arzusu ilə bağlı olmuşdur.

Bu mənada H.Cavid bəşər övladını həmişə azad və xoşbəxt görmək istəyirdi.

H.Cavidin «Ana» pyesindəki Səlma öz oğlunun qatilini əfv etməyi bacaran humanist bir qadındır. Murad Səlmadan onun öldürülməsini tələb edəndə ana deyir:
Xayır, sən mənə eylərkən iltica,

Söz vermişəm, dönməm sözümdən əsla!
Bu, ana qəlbinin dəhşətlər içərisindən yüksələn alicə­nab­lığı və müqəddəsliyidir.

«Xəyyam» əsərində də Alp Arslan üsyançı bir dəliqanlı Yusifin boynunu vurdurmaq əmrini verəndə Xəyyam huma­nist­cəsinə hərəkət edərək, onun əfv olunmasını istəyir:


Əfv etmə də bir durlu cəzadır,

Qıymaq, ona əlbəttə, xətadır.

Layiqmi o, bir mum kibi sönsün,

Heçdən silinən kölgəyə dönsün?
H.Cavid humanizmi müharibə ideyalarına qarşı çevril­miş­dir. O, «Qan püskürən, atəş sovuran kinli krallar» qarşı­sında mübariz, cəsarətli olmağın tərəfdarıdır. H.Cavid «Hərb və fəlakət» şeirində düşündürücü suallarla çıxış edir:
Nədir bu qəhrü fəlakət? Nədir bu qəhtu qəla?

Nədir bu kinü ədavət, nədir bu dərdü bəla?
Şair Birinci Dünya müharibəsinin baş verdiyi illərdə öz qələmini qanlı döyüşlərə, haqsız insan qırğınına qarşı çevir­məyə bilməzdi. O, insanları öldürən, insanların qanını axıdan, övladları atasız qoyan müharibənin qəti əleyhdarı idi.
Könüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan,

Dənizlər qan, buludlar qan, hava qan, iştə hər yer qan…

Bu misralar müharibə qızışdırıcılarına qarşı çevrilən kəskin nifrət və qəzəbdir.

H.Cavidin məşhur İblis obrazı şər qüvvələrin klassik simvoludur. Belə ki, insanların daxilinə girmək, qəlbinə so­xul­maq, onların saf, təmiz ürəyini ləkələmək və bundan yer, göy, asiman qədər ləzzət almaq İblisin əsas idealıdır. Dra­maturq, İblisin çirkin siyasətini, onun insanları qırmağa, məhv etməyə yönələn niyyətini «İblis» faciəsində açıb göstərir.

H.Cavid «Topal Teymur», «Xəyyam» əsərlərində də insanlığı fəlakətə sürükləyən, qan axıtmaqdan ləzzət alan müharibə, haqsız vuruş tərəfdarlarına qarşı öz humanist səsini ucaldır. Bu humanist çağırış Xəyyamın söylədiyi aşağıdakı misralarda gözəl bədii ifadəsini tapmışdır:


Minlərcə şəhər ya qala almaqdan, əmin ol,

Bir sadə çoban könlünü almaq daha məqbul.
İnsanı ayaqlar altında deyil, məhz yüksəklikdə, ucalıqda görmək H.Cavid humanizminin zirvəsi idi. Təsadüfi deyildir ki, Xumar mələk qiyafəsində Şeyx Sənanı yüksəlişə çağırır:
Şeyx, gəl-gəl! Sevimli Sənan gəl!

Sana layiq deyil o yer, yüksəl!
Belə də olur. Şeyx Sənan şeyxlər və müridlər, papaslar və xaxamlar mühitindən ayrılaraq Xumarla birgə mənəvi yüksəliş mərhələsini yaşayır. Bu yaşayış romantik əhvali-ruhiyyədə olub, qayaların üstündə başlayan «uçuş» xarakteri alsa da, bədii ümumiləşmə kimi təsdiqedici pafosa malikdir.

H.Cavid sənətində yüksəlmək əsl gözəlliyə, həqiqi mə­həb­bətə qovuşmaq mənasında da başa düşülməlidir. «Uçu­rum» faciəsində Gövərçin Cəlalı itirsə belə öz məhəbbətinə sədaqətin nümunəsinə çevrilir. «Afət» pyesində Afət aldansa da, ərinə xəyanət etsə də, gözəlliyin müdafiəçisi kimi yeni­ləşir və nəhayət, təhqir olunmuş gözəlliyin intiqamını almaqla yüksəlir. Çünki sənətkara görə, insanları yalnız gözəllik və sevgi, yalnız saf və təmiz duyğular humanizm ideyaları ilə qovuşdurmağa qadirdir.

H.Cavid humanizmi mütərəqqi ideyalarla yaşayan müasir insanın humanizmidir.
1983

CAVİD HƏQİQƏTİ
Dünyanın böyük və humanist sənətkarlarından elə birini göstərmək olarmı ki, həqiqət ideyası, həqiqət idealı onun yaradı­cı­lığında əsas yeri tutmasın? Elə bir mütərəqqi sənətkar göstər­mək mümkündürmü ki, onun əsərlərində həqiqət uğrunda müba­rizə məsləkinə, həqiqəti təsdiq etmək pafosuna bədii düşüncəni məşğul edən sonuncu, axırıncı məsələ kimi baxılsın? Şübhəsiz, həqiqi sənətkardan söhbət gedirsə, demək, hər şeydən qabaq həqiqətdən söhbət gedir.

Hüseyn Cavid adında da elə bir insan şəxsiyyəti də şair ləyaqəti birləşmişdir ki, bu birliyin mərkəzində məhz həqiqət dayanmışdır – Cavid həqiqəti!

Cavidin ən böyük yaradıcılıq idealları öz başlanğıcını in­san­ların həyatından, insanların taleyindən, onların azadlıq çar­pış­ma­la­rından götürmüşdür. İnqilabdan əvvəl şair, əqidə dostu Abdulla Surun və neçə-neçə belə şəxsiyyətlərin əzab-əziyyətli məişətinin şahidi olmuş, sarı gül rəngi alan «vərəmli qız»ı, toz-torpaq içərisində uyuyub qalan «Kiçik sərsəri»ni, anasını itirib dalğın yaşayan «Öksüz Ənvər»i və neçə-neçə belə kimsəsizləri öz gözləri ilə görmüş, zindan guşəsindən ucalan son fəryadları qovrula-qovrula dinləmişdir. Bax, elə buna görə də «acı-acı hə­qi­qətlər»i, bu həqiqətlərin məna və məzmununu bədii yara­dıcılığa gətirmək – Cavid sənətinin əsas məqsədinə çevrilmişdir.

Doğrudur, Cavid lirikasının məsum və yalqız ruhlu roman­tik qəhrəmanları düşdükləri ağır vəziyyətin dərkində qabaqcıl nümunəni təmsil edə bilmirlər. Onlarda köhnə cəmiyyəti dəyiş­dirə biləcək şüur səviyyəsi də yoxdur. Lakin bu romantik qəhrə­manlar mübarizə üçün heç də az əhəmiyyətli olmayan işıqlı gələcək həqiqətinə dikilən baxışların arzu və istəklərini vahid nöqtədə birləşdirməyin nümunəsidirlər.

Romantik sənətkarın əksər qəhrəmanları həqiqət qarşı­sında dayanmışlar və həqiqətə doğru gedən yol bilavasitə onların ürəyindən başlayır. Bu həqiqət isə tam mənasında azadlıq və xoşbəxtlik həqiqətidir. «Uçurum» pyesində Göyərçinin bayatı ilə köklənmiş səsi məhz bunu söyləyir:
Gövərçinim, Gövərçin,

Ağlaram için-için,

Bən bu qara bəxt ilə

Niçin doğdum, ah niçin?!
Hətta bu əsərdəki Cəlal da öz həyat həqiqətini itirdiyini duyanda, Anjelə üz tutub «Yetər unutdurdun mana tanrımı», - deyərək, təmizliyin, saflığın astanasında dayanmış olur.

Romantik qəhrəmanın mövcud gerçəkliyi duyması, azad­lıq yürüşünün əsl təkanı deməkdir. Çünki bu həyatda onun nara­zı olduğu cəhətlər, razı qaldıqlarından xeyli dərəcədə çoxdur. Belə bir fərq isə eybəcərlik və çirkinliklərin müşahidə olunması hesabına yaranmışdır. Məhz ona görə idi ki, romantik qəhrəman sanki öz-özünə deyirdi:

Bütün ətrafı sarımış bir məlal; ağlar, cahan ağlar;

Könül məhzun, hava məhzun, günəş məhzun, səma məhzun…

Bu mənada «İblis» əsərindəki Arif də öz həqiqət axtarıcı­lı­ğında inqilabdan əvvəlki insanın ümumiləşmiş nümunəsinə çev­rilmişdir:

Duyduqca, əvət, pərdəli hikmətləri hər an, Min durlu həqiqət,

Min dürlü müəmmalı həqiqət mana xəndan, həpsində də zülmət…

Ən əhəmiyyətlisi budur ki, Cavidin inqilabdan əvvəlki müşahidə və təhlilləri onun dünyagörüşünü, həyat hadisələrinə münasibət metodunu və sənət kredosunu formalaşdırdı. Artıq bu zaman qazanılmış romantizm – sabitləşmiş və heç vaxt ciddi dəyişikliklərə məruz qalmayan güc kəsb etmiş oldu. Beləliklə də, tarixiliyin inqilabdan sonra onun yaradıcılığına gəlişi təsadüfi xarakter, təsadüfi səviyyə daşımadı.

Cavidin bədii yaradıcılıqda tarixi keçmişə müraciəti bir tərəfdən onun tarixə marağından irəli gəlirdisə, digər tərəfdən də həmin maraqdan heç də az əhəmiyyət kəsb etməyən – həqiqətə çağırışla əlaqədar idi. «Şeyx Sənan», «Peyğəmbər», «Topal Tey­mur», «Səyavuş», «Xəyyam» əsərlərin insanların daxilinə nüfuz etməyin və Cavid romantizmini yüksəltməyin yeni parlaq nümu­nəsi oldu. Romantik sənətkar tarixi hadisə və faktların, tarixi prosesin müəyyən mərhələlərinə yüksək səviyyədə yanaşa bildi və bu yanaşmada qabaqcıl dünyagörüşün tərəfdarı kimi çıxış etdi.

Cavid Şeyx Sənanın öz dinini dəyişmək meylini, həyat müqabilindəki ideyaların dəyişilmə zərurəti kimi ümumiləşdirdi. «Topal Teymur» əsərində isə şair obrazının Teymura üz tutaraq dediyi aşağıdakı sözlər əsas leytmotivə çevrildi: «Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubi. Fəqət bizim şu məğlu­biy­yətimiz o qalibiyyətdən daha üstündür». Eyni zaman­da, Cavid «Səyavuş» pyesində ailəvi ictimai ziddiyyətləri, çar­pış­maları aradan qaldırmağı mühüm vəzifə kimi irəli sürəndə, «Xəyyam»da insanları tarixi prosesin obyektiv tərəflərini qavra­mağa çağıranda böyük sənətkar və filosof kimi çıxış etdi.

Maraqlıdır ki, Cavid əsərlərində zaman məhdudiyyəti olma­dığı kimi məkan məhdudiyyəti də yoxdur. Belə ki, onun təsvir etdiyi hadisələr və obrazlar tarixi həqiqətə uyğun olaraq, tez-tez bir yerdən digərinə köçürülür. Bütün bu köçürülmələr isə bilavasitə sənətkar fikrinin açılışına, hər hansı bir əsərdə qoyulan ideyanın həllinə, bütövlükdə isə Cavidin romantizm sisteminə xidmət edir.

Şeyx Sənan əsərə Mədinədə olan bir Şeyx Sənan kimi daxil olur. Sonra Tiflisə gəlir və nəticədə düşdüyü mühitdən ay­rılmaq inadı ilə çıxış edir:


Oyan artıq, Xumar, oyan, gedəlim,

Şu müləvvas mühiti tərk edəlim.

Hər tərəfdən hücum edər əğyar,

Qalx, oyan, nazənin Xumar, Xumar.
«Uçurum» əsərindəki Cəlal istambullu bir gənc kimi gö­rünür, sonra Parisə gəlir və Anjellə bağlı tərcümeyi-halını yaşa­yır. Cəlalı buraya gətirən sənət ehtirasıdır, lakin o, buradan həya­ta qarşı olan etirazı ilə qayıdır. Qəhrəmanın idealı da bütünlüklə dəyişilmiş olur:
Uçurum: duyduğum həqiqət, xəyal.

Uçurum: uçurum yaldızlı amal.
Topal Teymur ucsuz-bucaqsız torpaqları addımlayır. İldı­rım Bəyazidlə üz-üzə gəldiyi məqamda isə təəssüf hissinə bürü­nüb qalır.

«Knyaz» pyesində hadisələr Tiflisdə başlayır və sonra Alma­niyaya köçürülür. Knyaz da, Anton da Almaniyada görü­nür­lər. Lakin Knyazı köhnəliyi müdafiə, Antonu isə qələbə inadı buraya gətirmişdir.

Romantik qəhrəmanların bu gedişləri sadəcə olaraq darı­xan adamların gedişləri deyil. Bəlkə daha çox gerçəkliyə etiraz­dan yaranan həqiqətin – azadlıq, xoşbəxtlik və əsl həyatı tap­maq, dərk etmək həqiqətinin gedişləridir.

Mövzuları uzaq və yaxın məkanlardan götürmək, obrazları uzaq və yaxın adamların taleyi ilə bağlamaq dünya romantiz­minin səciyyəvi keyfiyyətlərindəndir. Çünki bütün bu məqam­larda sənətkarlar insan psixologiyasını bəşəri təmayüllər fonuna yüksəldir və bu yolla da özlərinin humanizm konsepsiyasını təsdiq etmiş olurlar.

Böyük ingilis romantiki Bayron «Şərq poemaları» roman­tik Puşkin «Cənub poemaları» ilə məşhurlaşdığı kimi, Cavidin də böyüklüyü onun «Şərq dramaturgiyası»ndadır. Mövzusu daha çox Şərq ölkələrindən alınan bu dramaturgiya Cavid həqiqətinin əsl mənasına çevrildi və öz müəllifini dünya romantizminin klassikləri səviyyəsinə qaldırdı.
1982

1   ...   5   6   7   8   9   10   11   12   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə