Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə8/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

CÜMHURİYYƏT

DÖVRÜNDƏN SONRA
O İLLƏRİN AĞRISI VƏ YAXUD

"ÖLÜM VAR Kİ, HƏYAT QƏDƏR DƏYƏRLİ"
1937-ci ilin qəzetləri oxucuları kədərli ölüm xəbərləri ilə tanış edirdilər: V.İ.Leninin bacısı və silahdaşı M.İ.Ulyanova, Stalinin anası Y.G.Cuqaşvili, Q.K.Orconikidze, Maksim Qorki, Müslüm Moqamayev, Süleyman Stalski və başqalarının vəfatı ağır itkiyə çevrilmişdir. Ciddi xəstəliklərə və başqa səbəblərə görə baş verən bu hadisələr adamların qəlbini acı və dəhşətli bir kədərə bürüyürdü.

1937-ci ilin "Ədəbiyyat qəzeti"ndə ölüm faktları ilə əla­qə­dar başqa bir xətt də açıq-aşkar özünə yer tuturdu. Qəzet A.S.Puş­kinin ölümünün 100, C.Cabbarlının ölümünün 2, M.Y.Ler­­montovun ölümünün 96, A.Bakıxanovun ölümünün 90, A.N.Radişşevin ölümünün 135, V.Mayakovskinin ölümü­nün 7, Emil Zolyanın ölümünün 3 illiklərini, sözün həqiqi mə­na­sında, təntənə ilə qeyd edirdi. Hətta çox maraqlı və düşün­dürücüdür ki, M.Ə.Sabirin anadan olmasının 75 illiyini qeyd etmək mümkün olduğu halda, məhz ölümünün 25 illiyi "rek­lam" edilirdi.

Tam aydınlığı ilə görünür ki, bu ildönümlərinin bir çoxu yuvarlaq rəqəm də deyildi. Ona görə də "Ədəbiyyat qəzeti"nin bu mövqeyinin xüsusi məqsəd daşıması barədə şübhələnməyə dəyməz. Əslində qəzet adamların ölümə münasibətini adiləşdi­rirdi və bununla da "ölüm" sözü adamların həyatına və nitqinə daha məhsuldar şəkildə daxil olurdu. Qəzetlərin qara çərçivəyə alınmış yazıları və şəkilləri o illərin başı üstündə səslənən ağını, mərsiyəni xatırladırdı.

Məhz bu günlərin birində - 3 iyun 1937-ci ildə Azərbay­can SSR Daxili İşlər Xalq Komissarı Y.D.Sumbatov böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə qarşı "İttiham irəli sürülməsi və cəza tədbiri təyin edilməsi haqqında" qərarı heç bir tərəddüd etmədən imzaladı Həmin sənəddə yazılmışdı: " Mən Azərbaycan Daxili İşlər Xalq Komissarlığı idarəsi 1 şöbəsinin rəisi, leytenant Klemençik təhqiq olunan 12493 nöm­rə­li işi nəzərdən keçirərək, 1882-ci ildə doğulmuş, azərbay­canlı, Azərbaycan SSR vətəndaşı, bitərəf, şair, teatr texniku­mu­nun müəllimi Hüseyn Cavidin həmin işdə dəqiq ifşa olunma­sını nəzərə alaraq gizli millətçi əksinqilabi təşkilatda iştirakı barədə qərar qəbul edirəm".



Hüseyn Cavidə edilən bu qəsd necə yaranmışdır?

Ən dəhşətlisi bu idi ki, o illərdə partiya və dövlət işində yüksək vəzifələr tutan bir çox adamlar Stalinin başçılığı ilə xalqa qarşı irticaçı mövqelərini ört-basdır etmək üçün ölkə daxilində müəyyən "antisovet" qruplar axtarır və bəzi "əsaslar" da tapırdılar. Ancaq əsas vurğu daha çox "sinfi düşmənlə mü­ba­rizədə sayıqlığın kütləşməsi" məsələsi üzərinə salınırdı. Təəc­cüblü deyil ki, 1937-ci il martın 5-də ÜİK(b)P MK plenumunda Stalinin son sözündə də bütün diqqət və maraq bu məsələyə yönəlmişdi: "Zənnimcə, indi hamıya aydındır ki, hazırkı ziyançılar və diversantlar, istər trotskist, istərsə də buxa­rınçi olan hansı flaqla maskalanırlarsa maskalansınlar artıq çoxdan bəri işçi hərəkatında siyasi cərəyan deyildirlər, onlar prinsipsiz və ideyasız professional ziyançılar, diversantlar, casuslar və qatillər bandasına çevrilmişlər. Aydındır ki, bu cənab­ların, işçi sinfinin düşmənləri kimi, vətənimizin xainləri kimi amansızcasına darmadağın etmək və kökünü kəsmək lazım gələcəkdir. Bu aydındır və yeni izahat tələb etməyir".

Bu çağırış əslində izahatsız həbslərə çağırış idi. Müəyyən edilmiş adamlar tərəfindən çıxarılmış hökm izahatsız da yerinə yetirilirdi. Bax, beləcə o illərdə insanın dəyəri infliyasiyaya uğra­mışdı, "dünyanın əşrəfi olan" insana hörmətdən və ehti­ramdan əsər-əlamət qalmamışdı.

"Xalq düşmənləri"nin aşkarlanması prosesi yavaş-yavaş kəndlərin və şəhərlərin ayrı-ayrı küçələrinə, evlərinə daxil olurdu. Yaradıcı adamların da başı üzərində kabus dolaşırdı. Amma hadisələrin necə inkişaf edəcəyi, kimlərin təqib qarşı­sında qalacağı bəlli deyildi. "Ədəbiyyat qəzeti"nin 6 fevral 1937-ci il tarixli nömrəsində çap olunan "Bədii ədəbiyyat məh­su­lumuz" adlı məqalədə göstərilirdi ki, Azərbaycan Sovet Yazıçılar İttifaqı idarə heyətinin iclasında 1937-ci ilin nəşriyyat planlarına baxılmışdır və cari ildə çap olunacaq əsərlər içəri­sində Hüseyn Cavidin də əsərləri vardır. Lakin H.Cavidin adı lə bağlı nəşr işıq üzü görmədi. H.Cavid heç vaxt düşünmürdü ki, onun əsərlərini bir-bir, obraz-obraz nəzərdən keçirən "elm" ona qarşı siyasi münasibəti də formalaşdırırmış. Stalinin 5 martdakı "tarixi" çıxışından sonra çox keçmədən özü də təqib­lərə məruz qalan Azərbaycan Sovet Yazıçılar İttifaqı idarə heyə­tinin sədri S.Şamilovun "Kommunist" qəzetində çap olu­nan "Ədəbiyyatda bolşevizm ideyaları uğrunda" (17 mart 1937) məqaləsi H.Cavidi izləyən böyük fəlakətdən xəbər verirdi: "Yazıçılar içərisində Azərbaycan həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi müka­fat­lara baxmayaraq, yenə Azərbaycan əməkçilə­rinin mübari­zəsinə dair bir şey yazmamışdır". Sən demə böyük sənətkara verilən mükafatlar təmənna funksiyasını daşıyırmış.

Artıq Hüseyn Cavid narahatlıq keçirirdi. Əslində bu narahatlığı onun sənət dostları Ə.Cavad, M.Müşfiq, H.K.Sanılı, Y.Vəzir kimi söz ustaları da yaşayırdılar. Bu şair və yazıçılar, daha çox isə Hüseyn Cavid ilk ağır zərbəni 1937-ci il martın 18-dən 23-dək keçirilən Azərbaycan Sovet Yazıçılar İttifaqının 3-cü plenumunda - Puşkin plenumunda aldılar.

Birinci məruzədən: "Bir neçə kəlmə də Hüseyn Cavidin yenidən qurulması haqqında deməliyik. Hüseyn Cavid Əhməd Cavad deyildir. O, burjua məktəbini keçmiş böyük bir yazıçı­dır. Onun özünü yenidən qurması nə qədər çətin olsa da, hər halda müşahidə olunur. Onun "Ömər Xəyyam" əsərini götü­rə­lim. Bu, Hüseyn Cavid üçün müəyyən dərəcədə yenidən qu­rulmadır. Cavid Azərbaycan şairidir. Lakin Azərbaycan həya­tından çox az yazır. Neçə ildir qadınlığın yüksəlişi haqqında yalnız bir əsər - "Şəhla" yazmışdır. Halbuki xalqımızın səadəti, mübarizəsi, xalqımızın yüksəlişi Hüseyn Cavid yaradıcılığında hiss edilməlidir. Oktyabr inqilabının 20-ci ildönümü gəlir. Cavid deyir ki, faşizm və müharibə əleyhinə yeni bir əsər yazmışdı. O, bu əsərində ölkəmizin tələbini nə dərəcədə ifadə edə bilmişdir? Hər halda onun yaradıcılığı haqqında tənqidimiz olduqca zəif və dayazdır. Onun yeni əsərləri haqqında ciddi məqalə yoxdur. Bu isə bizim nöqsanımızdır".

Aydınlıq üçün qeyd edək ki, 1934-cü ildə M.K.Ələkbərli yazırdı: "Əski yazıçılarımızdan şüurlu və ya şüursuz surətdə inad ilə yenidən qurulma məsələsinə soyuq baxan və bu uğurla əhəmiyyətsiz addımlar atan Hüseyn Caviddir ("Kommunist" qəzeti, 13 iyue 1934). Hər iki mülahizədə dramaturqun yenidən qurulması məsələsindən danışılır, lakin ikincidə siyasi baxış daha çox aparıcıdır.

Bir az da aydınlıq üçün xatırlayaq ki, 1931-ci ildə M.Müş­­fiq haqqında belə yazılmışdır: "Müşfiq yaradıcılığı Tür­kiyə inqilabçı xırda burjua şairlərinin və bəzən Cavad və Cavidin təsirindən qurtarmayır" ("Hücum", № 7-8). Həmin ple­numda yeni bir məsələyə toxunuldu: "Cavadların nöqsanı yalnız onların mühafizəkarlığında deyil, eyni zamanda Müşfiq kimi gəncləri də zəhərləməsi və ləngitməsindədir".

Müqayisə edin: əvvəlcə Müşfiq tənqid olunurdu, son­ra isə Cavadlar, Cavidlər təqsirləndirilirdi.

İkinci məruzədən: "Yoldaş Hüseyn Cavidi neçə ildir ki, tənqid edirik. Hüseyn Cavid Azərbaycan xalqının həyatından yazmayır, burada onu haqlı tənqid edirik. O, ədəbiyyatımıza panislamizm, pantürkizm gətirmişdir. Hüseyn Cavid Azərbay­can dilinə qarşı olaraq osmanlı türklərinin dilini ədəbiyatımıza gətirmiş. Bu tənqiddə biz daima haqlıyıq. Burada heç bir güzəştə getməyəcəyik. Bu, haradan gəlir? Hüseyn Cavid Azər­bay­can xalqını kiçik, məhdud tarixli bir xalq hesab edir. Buna görə də o, öz yaradıcılığında özünəməxsus burjuaziya roman­ti­kası ilə osmanlı xalqına arxalanır, öz dilini və öz tematikasını da oradan alır.

Biz Azərbaycan xalqının oğulları bu təsirlə mübarizə et­mişik və edəcəyik, biz heç kəsə haqq verməyəcəyik ki, özünün min illik ədəbiyyat tarixi olan bir xalqa yuxarıdan baxsın və onu məhdud xalq adlandırsın". İndi bu tezisləri tənqid etmək çox asan olduğu üçün Hüseyn Cavidin özünün hələ əsrin əvvəl­lərində yazdığı iki cümləsini xatırlamaqla kifayətlənirik: "Ədə­biy­yat bir millətdəki əhvali-ruhiyyənin inikası deməkdir" ("Açıq söz", 25 oktyabr 1915). Yaxud: "Abdulla Sur vətəninə lazım olan ən qiymətli bir zamanda millətini, vətənini tərk etdi" ("İqbal", 14 may 1912).

Plenumun H.Cavidə olan münasibəti bir çox yazıçıların münasibəti idi. Bəlkə Cavid gələcək taleyinin necə olacağını bil­mirdi, ancaq plenum "daima abstrakt məsələlər və mövzu­larla əlləşən" Hüseyn Cavidə xəbərdarlıq edib, hələlik onu Yazıçılar İttifaqı üzvlərinin sırasında saxlamağı qərara alanda, heç şübhəsiz, böyük sənətkarın ürəyinə xal düşmüşdü. Məhz elə bu qərarın "hərarəti" səbəb olmuşdu ki, "Ədəbiyyat qəzeti"­nin 29 may 1937-ci il nömrəsində ittifaq üzvləri adından gizli imza ilə çap olunmuş "Sıralarımızı dərindən yoxlamalıyıq" məqaləsində H.Cavid "nəzərdən yayınmamışdı": Bu təşkilatda məfkurəcə pozulmuş, orjinallığını itirmiş, bədii yaradıcılığı solğunlaşmış şəxslər üzv olmamalıdır. Hüseyn Cavid, Salman Mümtaz, Sultan Məcid Qənizadə, Sanılı, Musaxanlı, Yusif Vəzir kimilərin tezliklə Azərbaycan Sovet Yazıçılar İttifaqı sırasından xaric edilməsini qəti və inadlı surətdə tələb edirik".

O illərdə ziyalıları, sənətkar şəxsiyyətlərini üz-üzə qoy­maq düşünülmüş mürtəce siyasət idi. Birini həbs etmək, ləkələ­mək üçün başqasının şahidliyindən istifadə etmək, sonra isə həmin şahidə satqın adı vermək - bu, xalqa qənim kəsilən irticaçıların ən dəqiq vuran silahlarından idi. Qatı siyasət apar­maq, ölkə daxilində, yeni cəmiyyətin 20 illiyinin qeyd edilmə­sinə hazırlıq mərhələsində onu "təmizləmək" şüarı irəli sürmək böyük faciələrə gətirib çıxarırdı.

Respublika ictimaiyyəti Azərbaycan K(b)P 13-cü qurul­ta­yına hazırlaşırdı. Nəhayət, bu qurultay 1937-ci il iyun ayının 3-də axşam saat 6-da M.F.Axundov adına Opera Teatrının binasında öz işinə başladı. Bundan br neçə saat sonra isə xüsusi adamlar "gizli millətçi əksinqilabı təşkilatda iştirakına" görə ittiham olunan H.Cavidin evinə daxil oldular. Bütün gecə ər­zin­də axtarış aparılıb, heç bir sənəd əldə edilməməsinə baxma­yaraq, H.Cavid iyunun 4-də sübh çağı həbs olundu. Elə həmin gün Müşıiq də getdi və Azərbaycan yazıçılarının ağır itkisi başlandı.

Azərbaycan K(b)P 13-cü qurultayının "ən yüksək" tribunasında belə söylənildi: "Atamançı qruppaçı Qarayev, Cəbi­yev və başqalarının Musaxanlı, H.Cavid və başqaları kimi qəddar müsavatçıları öz himayələri altına aldıqları faktdır.

Trotskist-faşist Averbaxın və onun bandasının Bakını dəfələrlə öz əksinqilabi siyasətləri üçün seçdikləri faktdır.

Yazıçılar İttifaqının bu gün belə öz sıralarını Seyid Hü­seyn, Salman Mümtaz, Yusif Vəzir, Sanılı, Hüseyn Cavid və başqaları kimi qəddar burjua millətçilərindən təmizləmədiyi faktdır".

O da faktdır və təsadüfi deyil ki, son dərəcə böyük şəx­siy­yət olan Hüseyn Cavid başqa Azərbaycan yazıçıları ilə mü­qayisədə M.C.Bağırovun diqqətini xüsusilə cəlb etmiş və gör­kəmli sənətkar məruzədə iki dəfə "tənqid" hədəfinə çevrilmişdir.

Azərbaycan xalqı üçün nəhs gələn 13-cü qurultayın gös­tərişi isə belə oldu: "Qurultay, mədəniyyət və incəsənət cəbhə­sində əksinqilabi trotiskist-müsavatçı və burjua millətçiləri elementlərinin ziyançılığı nəticələrinin tezliklə və qəti surətdə aradan qaldırılmasını təmin edən tədbirlər görməyi Azərbaycan K(b)P Mərkəzi Komitəsinə, oblast, şəhər və rayon komitələrinə tapşırır". M.F.Axundov adına Opera Teatrının salonunda qəbul edilmiş qətnamənin ədəbiyyat və incəsənət xadimləri əleyhinə çevrilmiş həmin maddəsi 5 iyunda "Pravda" qəzetində çap olu­nan "Trotskist sağ casusları amansızcasına darmadağın etməli və kökünü kəsməli" adlı məqalədəki aşağıdakı tezislə tamamilə səsləşirdi: "Trotskist-buxarinçi-rıkovçu casuslara, diversantlara və terrorçulara aman yoxdur və olmayacaqdır! Vətənimizin üzərinə əl qaldıran ən qəddar düşmənləri bütün yuvalarından çıxaracaq, əzəcək və quduz itlər kimi məhv edəcəyik".

Qorxu insanın tərəddüdlərinin və səhvlərinin baş hakimi­dir. Hələ əsrin əvvəllərində Hüseyn Cavidin müasiri və roman­tik həmkarı görkəmli sənətkarımız M.Hadi məqalələrinin birin­də anası ilə söhbət edən yeniyetmənin daxili hiss və duyğula­rını qələmə almışdır. Həmin gənc anasına üz tutub deyir ki, mən sənin qarşında həmişə borcluyam, çünki məni dünyaya gətirmisən, döşlərindən süd verib böyütmüsən, min bir əziyyət­lə boya-başa çatdırmısan. Amma bir cəhət var ki, onu mən sənə heç vaxt bağışlamayacağam. Yadındadırmı, mən uşaqkən sənə rahatlıq verməyib, nadinclik edəndə, ağlayanda həmişə əlini qaranlığa uzadıb deyərdin: bax, orada xortdan var, səsini çıxar­san gəlib səni aparacaq. Bax, onda mənə qorxaqlıq öyrətmisən, bunu sənə bağışlamayacağam, ana!

Qorxaqlıq dərsi başqa dərslərdən fərqli olaraq, beyinlərə daha tez hakim kəsilirdi. İnsanın həyat və cəmiyyət qarşısın­dakı məsuliyyətini azaldır, vətəndaşlıq cəsarəti ilə mübarizə aparmaq sahəsində onu səhnədən sıxışdırıb çıxarır. Ən dəhşət­lisi bu idi ki, əsrin əvvəllərindən fərqli olaraq, o illərdə xortdan qorxusunu Damokl qılıncının qorxusu əvəz etmişdir!

O illərdə qorxu insanların qanına, iliyinə havayla keçirdi. Qorxu dünyanın ən güclü xəstəliklərindən də pis və sağalmaz olmuşdu. Qəzetlər hər hansı bir kəndin, rayonun "xalq düşmən­ləri"ndən təmizlənməsini xəbər verəndə, bütün respublikaya vahimə hopurdu. O kənddən lap yüz kilometrlərdə uzaqda olan kəndlərdə də adamlar rahatlıq tapa bilmirdilər. Küləyin vıyıltısı qapıya toxunub keçəndə böyüklər öz təlaşını uşaqlardan gizlə­dir­dilər. Kəndin qırağındakı gölməçələrdə qurbağalar qurulda­yanda da, səslərini kəsəndə də həyəcan adamların ürəyinə qılınc kimi soxulurdu. Kasıbçılığın daşını ata bilməyən kəndli çay süfrəsində bircə tikə qənd qalsa da, şikayətlənə bilməzdi, çünki pəncərədən eşitsəydilər ta sabaha ümid yox idi. Bax belə göynərtiləri, ağrıları var idi H.Cavidin yaşadığı o illərin!

Beləliklə, bizim yazıçılar, bizim yazıçılara qarşı dayan­dılar. "Pravda" qəzetinin və qurultayın çağırışına cavab verən "Ədəbiyyat qəzeti" 9 iyul 1937-ci il nömrəsinin iki səhifəsini həmin məsələlərə həsr etdi. Üçüncü səhifənin yuxarısında belə bir şüar da yazılmışdı: "Azərbaycan Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntülərdən təmiz­lə­yə­lim!". Yazıçılar öz yazıçı yoldaşlarından bəhs edən məqa­lə­lərə aşağdakı başlıqları seçmişdilər: "Səhvlərimiz haqqında", "Sonadək ifşa etməli", "Sıralarımızda düşmənlərə yer yoxdur", "Sıralarımızı təmizləyəlim", "Təmizliyə başlanmalıdır", "Ni­zam­namə təhrif edilmişdir", "Düşmənlərə qarşı amansız olma­lı", "Sayıqlığın kütləşdiyi yerdə". Bir çox yazıçılarla birgə Hüseyn Cavidə qarşı açılan bu atəşlərdə müəlliflər nəyi əsas tuturdular? Axı, Cavidin günahı nədə idi? Guya, Hüseyn Cavid "müxtəlif pərdələr, cümləpəsəndliklər altında əksinqilabi mil­lət­çiiliyi təbliğ etmiş", hətta "öz mürdar fikirlərini yürütmək məsədilə yazıçılar arasında ayrı şəkillərdə hərəkətlər (intriqa, fitnə və i.a) törətmişdir". Başqa birisi yazırdı: "Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü "siyasəti" bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə müba­rizədə amansız olmağa vadar edirdi". Nizamnamənin təhrif edilməsindən şikayətlənən başqa bir yazıçımız Y.V.Çəmənzə­minli və Seyid Hüseynin "müsavat" partiyasının sabiq üzvləri", Tağı Şahbazı, Talıblı və Əli Nazimi "ikiüzlü rotskist, millətçi və xalq düşmənləri", Sanılı və Musaxanlını "qolçomaq şair və münəqqid", Əli Nəzmi və Əli Razini "əxlaqsız, piyanıska", Salman Mümtazı "köhnə kitab dəllalı" adlandırır və Hüseyn Cavidi isə osmançılıqda - "mötəbər əfəndi" olmaqda ittiham edirdi. Başqa bir qələm sahibi hökm verirdi: "18 ildən bəri özünü düzəltmək istəməyən və əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı daha bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaqı bu kimilərin təsirindən xilas etməlidir". Başqa bir yazıçımız belə yazırdı: "Uzun müddət "yenidən qurulmaq" pərdəsi altında gizlənən, bizi aldadan, yalan və hiyləgər vədlərlə ədəbiyyat cəb­hə­sində yaşayan əksinqilabçı Cavid, Cavad və onların müsavatçı şagirdləri Müşfiq və başqaları sosializm işinə böyük ziyanlar vurmuşlar. Bu əksinqilabçılar həmişə öz hərəkətləri ilə, orijinal olmayan əsərləri ilə ədəbiyyat mühitinə əksinqilabı müsavatçılıq zəhəri yaymağa çalışmışlar". Başqa birisi dərin təəssüf hissinə bürünmüşdü: "Saxta avtoritetlə başını dolan­dıran əksinqilabçı Cavid, Sanılı, Müşfiq, Yusif Vəzir, Ə.Cavad və başqaları həmişə öz əclaf simalarını gizləməyə çalışmışlar. Biz isə onların maskasını yırta bilməmişik".

"Ədəbiyyat qəzeti"nin keçirdiyi bu operativ tədbirdən sonra, yəni iyun ayının 12-də Azərbaycan Sovet Yazıçılar İtti­fa­qı üzv və namizədlərinin ümumi iclası keçiridi və iclasın qə­rarı ilə "qəddar müsavatçı, pantürkist və hər növ millətçi­lərdən olan" yazıçılarla birgə Hüseyn Cavid də Yazıçılar İtifaqı sıralarından xaric edildi. Yalnız bundan sonra Hüseyn Cavidin sədaqətli qadını, hələ 1936-cı il sentyabrın 29-da "yazıçı arvad­ları təşkilatı"nın şura üzvü seçilən Müşkünaz xanıma onunla görüşmək icazəsi verildi.

O illərin ağrısını, o illərin mətbuatını vərəqləyən hər han­sı bir adam elə həmin anı yaşamağa başlayır. O illərdə evlər, küçələr bütövlükdə torpaq deyil, əqiqələr, saatlar, bütövlükdə zaman özü zəlzələ keçirirdi. Bu zəlzələ adamların ömrünün yarıda saxlayır, onlara bütün keçmişi və gələcəyi unutdurur, gündüzün nə vaxt başlayıb, nə vaxt qurtardığını yaddaşlardan silirdi. Çox çətin və mürəkkəb vəziyyət yaranmışdı: Bu gün atəşə tutan, sabaha atəşə tutulurdu.

Çəkilməz dərd çox idi. Təsəvvür etmək heç də asan deyildi ki, uzun illər boyu "Azərbaycan həyatından yazmayan" bir yazıçı kimi tənqid olunan Hüseyn Cavid "millətçi" təşkilat­da iştirakına görə həbsə alınmışdı. O, həbsxanada bir neçə dəfə dindirilmiş, lakin ciddi sübut aşkar edilməmişdi. Amma H.Ca­vi­­də qarşı nəzarət həbsxanada da artırılmışdı. Məsələn, 19 dekabr 1938-ci ildə Azərbaycan SSR Daxili İşlər Xalq Komis­sar­lığı 1 xüsusi şöbənin rəisi Koqanın Suxanova göndərdiyi "Xidməti qeyd"də göstərilirdi ki, "xüsusi sərəncama qədər məhkum Hüseyn Cavid daxili həbsxanadan heç yerə keçiril­məsin". İki il Bayıl və Keşlə həbsxanalarında qalandan sonra Hüseyn Cavid haqqında belə bir hökm verildi:

"SSRİ Daxili İşlər Xalq Komissarlığı yanında Xüsusi Müşa­virənin 14 nömrəli protokolundan

ÇIXARIŞ

9 iyun 1939-cu il.

EŞİDİLDİ: 1882-ci ildə Naxçıvanda ruhani ailəsində ana­dan olmuş, bitərəf, qulluqçu, azərbaycanlı, SSRİ vətəndaşı, tutu­lana qədər şair-dramaturq Hüseyn Cavidin məhkum olun­ması ilə əlaqədar Azərbaycan SSR, 24938 №-li iş.

QƏRAR: Hüseyn Cavid - antisovet təşkilatında və təbli­ğa­tında iştirakına görə səkkiz il müddətinə islah-əmək düşər­gəsinə salınsın, vaxtı 4 iyun 1937-ci ildən hesablansın.

SSRİ Daxili İşlər Xalq Komissarlığı yanında Xüsusi Müşavirənin Katibliyinin Rəisi

(Markeyev)".

Əsil həqiqət isə Azərbaycan SSR Ali Məhkəməsinin 6 mart 1956-cı ildə çıxardığı hökmlə bərqərar oldu: "Heç bir cinayət tərkibi olmadığına görə SSRİ Daxili İşlər Xalq Ko­mis­sarlığının 9 iyun 1939-cu ildə Hüseyn Cavid haqqındakı qərarı ləğv edilsin işə xitam verilsin".

Azərbaycan Daxili İşlər Nazirliyinin siyasi şöbəsinin sabiq rəisi və H.Cavid sənətinə böyük hörmətlə yanaşan Həmid Cəfərov bu sənədlərlə məni tanış etdiyinə görə ona dərin min­nət­darlığımı ifadə edir və düşünürəm ki, həmin illərdə həqiqətə necə də çətinliklə çatmaq mümkün idi. Doğrudur, H.Cavid bəraət alanda şair-dramaturq özü artıq həyatda yox idi və 1941-ci il dekabr ayının 5-də İrkuts vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat etmiş və dəfn olunmuşdur. Amma dahi sənətkar ölməmişdən qabaq bir həqi­qəti çox gözəl bilirdi: "Ölüm var ki, həyat qədər dəyərli".


HÜSEYN CAVID KIMDIR?
Hər hansı bir xalqa mənsub olan böyük söz ustası-şair, yazıçı, yaxud müxtəlif sənət adamları-rəssam, heykəltaraş, bəs­tə­kar yalnız öz xalqına, öz millətinə deyil, dünyanın başqa xalq­larına, başqa millətlərinə də aiddir. Yəni belə sənətkarları məhdud bir çərçivəyə sığışdırmaq mümkün deyil. İndi belə demək olar ki, Şekspir yalız ingilislərə, Dante yalnız italyan­lara, Viktor Hüqo yalnız fransızlara, Höte yalnız almanlara, Puşkin yalnız ruslara, Yunis İmrə yalnız Türkiyə türklərinə aid olmadığı kimi, Hüseyn Cavid də yalnız bizlərə aid deyil. Belə sənətkarların bədii təfəkkürünün məhsulu olan əsərlər milyon­larla oxucu kütləsinin zövqünün və dünyagö­rüşünün formalaş­ma­sında xüsusi rol oynayır. Bu zaman sənət­karlar dünya hadi­sə­sidir, onların yaradıcılığı dünya ədəbi pro­sesinin tərkib hissə­sidir və dünya durduqca onlar yaşayacaqlar.

H.Cavidin bioqrafiyasına qısa nəzər salsaq, bunları de­mək olar. 1882-ci ildə Naxçıvanda anadan olmuş, ilk təhsilini ora­da almış, sonra İstanbul Universitetinin Ədəbiyyat fakültə­sində oxumuşdur. Buranı bitirdikdən sonra müəllim işləməyə başlamış, sovet dövründə ağır təqib və təzyiqlərə məruz qalmış, 1937-ci ildə repressiya olunmuş, Sibirə sürgün edilmiş, 1941-ci ildə orada vəfat etmiş, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə nəşi uzaq Sibirdən gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir. Onun qəbri üzərində əzəmətli məq­bə­rə ucalır.

Amma bütün bunlar nə qədər konkret və dəqiq olsa da, H.Cavid bioqrafiyası ilə tam tanış olmağa, onun şəxsiyyətini duymağa, H.Cavid yaradıcılığını bütün incəlikləri ilə başa düşüb dərk etməyə imkan vermir. Bəs elə isə həmin faktların, həmin rəqəmlərin arxasında nələr dayanır?

H.Cavid Naxçıvanda ilk təhsilini alarkən Məmmədtağı Sidqi kimi görkəmli bir maarifpərvər yeni tipli məktəb açmışdı və orada həyat haqqında, insanlar barəsində yeni düşüncələr formalaşırdı. H.Cavid İstanbulda oxuyarkən Gənc Türklər hə­rə­katı sürətlə genişlənir, yeni Türkiyə uğrunda ciddi mübarizə­lər gedirdi.

H.Cavid müəllimliyə başlayandan bir qədər sonra isə bütün dünyanı Birinci Dünya müharibəsinin alovları bürümüş­dü və güclü ölkələr dünyanı yenidən bölüşdürmək istəyirdilər. Eyni zamanda 1918-1920-ci illərdə Şərqdə yeni bir dövlətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıl­ması, Naxçı­van­da Araz Respublikasının meydana çıxması son dərəcə ciddi ictimai hadisələr idi və H.Cavid bunlara qətiyyən biganə olma­mışdı. Sovet dönəmindəki təzyiqlər, onun əsərləri ətrafında qurulmuş ədəbi məhkəmələr, 30-cu illərin siyasi repressiyası da Cavid ömrünə təsirsiz qalmamışdı. Amma nə qədər ağır və ağrılı olsa da, H.Cavid bunlara axıra qədər dözdü. Bu axıra qədərki dözümün isə bir adı var: əqidə möhkəmliyi, məslək dönməzliyi və şəxsiyyət bütövlüyü.

Bir anlıq xatırlayaq ki, H.Cavid 1926-cı ildə “Knyaz” əsərini yazır. Gürcü knyazı bolşevik inqilabının təsiri ilə vətə­ni­ni tərk edib Almaniyaya qaçır. O dövrün tənqidçiləri H.Ca­vid­dən sovet reallığını əks etdirməyi tələb edirdilər və bu əsərdən sonra tənqidçi Mustafa Quliyev yazırdı ki, nəhayət, H.Cavid “Knyaz” əsəri ilə bizim inqilab trenimizə oturdu, lakin dayanacaqların birində trenin sonuncu vaqonun axırıncı qapı­sından düşüb qaçdı. Əslində isə belə başa düşmək lazımdır ki, ümumiyyətlə, H.Cavid heç vaxt inqilab qatarına oturmamışdır.

Yaxud H.Cavid yeni hazırlanmış və tamaşaçılar qarşısına çıxarılacaq və xeyli təhrif edilmiş “Şeyx Sənan” faciəsinə baxıb sakitcə salonu tərk etmişdir. Rejissor və aktyorlar H.Caviddən “tamaşa barədə nə deyə bilərsizin?” soruşanda o, cavab vermişdir ki, bu, mənim əsərim deyil.

Yaxud da belə bir inanılmaz və qeyri-adi həqiqət var: H.Cavid 30-cu illərdə heç kəsin əleyhinə bir cümlə belə danos yazmamış, başqalarının isə onun haqqında yazdığı danosa inanmamışdır.

Bizcə, H.Cavidin mötəbər şəxsiyyəti indi aydın oldu: ədəbiyyat və sənətdə məslək, şəxsiyyətdə bütövlük! Bəs bunları H.Cavid harada və nə vaxt əxz etmişdir?

Şübhəsiz, bu sualın bir cavabı var: İstanbulda, Universi­tetin Ədəbiyyat fakültəsində oxuyarkən, Rza Tofik kimi məşhur filosoflardan dərs alarkən qazanmışdır.

Beləliklə, H.Cavid Qərb idealist fəlsəfəsinə yiyələndi-Hegeli, Kantı, Spenserli, Nitsşeni dərindən öyrəndi, Avropa ədə­biy­yatı nümunələrini maraqla oxudu. Bu işlərdə bir tərəfdən ona öz müəllimləri kömək edirdisə, digər tərəfdən də Avropa ədəbiyyatı nümunələrini tərcüməyə üstünlük verən Şinasi və Tənzimat dövrü öz müsbət təsirini göstərdi. Xatırladaq ki, o vaxt Türkiyədə Şekspirin “Hamlet” əsəri tamaşaya qoyulmuşdu və Cavid də yaxşı bilirdi ki, adamların axın-axın tamaşaya gedib baxmasının əsas səbəbi Hamletin əhvali-ruhiyyəsinin gənc türklərin əhvali-ruhiyyəsinə tam uyğun gəlməsi idi.

H.Cavid dünyagörüşünü formalaşdıran həmin amillər onun üçün fəlsəfədə idelizmi, sənətdə isə romantik metodu, romantik bədii düşüncəni seçməyə imkan yaratdı. Bu xətt, bu istiqamət Azərbaycan ədəbiyyatında həm romantizm ədəbi cərə­ya­nın bir sistem kimi tanınmasına, həm də şeirlə dram sənə­tinin – mənzum dramaturgiyanın doğuluşuna səbəb oldu. H.Cavid ənənədən uzaqlaşmadan heç kəsi təkrar etmədi və qeyri-adi bir novatorluğu ilə də seçildi.

H.Cavidin dramaturgiya yaradıcılığının mənzərəsini belə təsəvvür etmək olat: “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İb­­lis”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyəvuş”, “Xəyam”. Bunlardan dördü nəsrlə yazıl­mışdır: “Maral”, “Şeyda”, “Afət”, “Topal Teymur”. Qalan pyes­lər isə məhz şeirlə yazılmış və Azərbaycan ədəbiyyatı tari­xində mən­zum dramaturgiyanın həm ilk, həm də ən klassik nümunələridir.

Bəs bu dramaturgiyanın əlamətdar, səciyyəvi xüsusiy­yət­ləri hansılardır?

Birinci, H.Cavid dramaturgiyası şəxsiyyət faktoru ilə bağlıdır. Aydınlıq yaratmaq üçün qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixində əsərin baş qəhrəmanının adı ilə əsərin öz adının eyniyyət təşkil etməsi təsadüfi xarakter daşıyır. Məsə­lən, Nizami Gəncəvinin poemalarının başlığına diqqət yetirək: "Sirlər xənizəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə". Yalnız sonuncu əsərdə yeganə baş qəhrəmanın adı - İsgəndər əsərin adına çevrilir, lakin tək yox, "namə" sözü ilə birlikdə. Eyni Arif Ərbədili də öz əsərinə "Fərhadnamə" adını verir.

M.Füzuli əsərlərində də vəziyyət belədir, hətta bəzən iki ad əsərin başlanğıcına çıxarılır: "Leyli və Məcnun", "Rindü Zahid", "Səhhət və Mərəz". M.F.Axundzadə, N.Vəzirov, Ə.Haq­­ver­diyev, N.Nərimanov, C.Məmmədquluzadə yaradıcılı­ğına aid bədii nümunələrdə isə bəzi adlar daha geniü plandadır: "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah", "Daldan atılan daş topuğa dəyər", "Yeyərsən qaz ətini, görərsən ləzətini", "Danabaş kəndinin əhvalatları" və s. Doğrudur, N.Nərima­novun "Nadir şah", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qaçar" adlı əsərləri də vardır. lakin bu adlar həmin sənət­karların bədii irsi üçün təsadüfi xarakter daşıyır.

Hüseyn Cavidin isə əsərin adını baş qəhrəmanın adı ilə adlandırması, baş qəhrəmanla əsərin adı arasında bərabərlik işarəsi qoyması əvvəlcədən düşünülmüş və sistemli xarakter daşıyır: "Maral", "Şeyx Sənan", "Şeyda", "İblis", "Afət", "Pey­ğəmbər", "Topal Teymur", "Səyavuş", "Knyaz". Mətləb aydın­dır: bunlar H.Cavidə idealist fəlsəfədən, ideyadan gəlirdi. Şair-dramaturq üçün tam şəkildə bir həqiqət vardır ki, dünyanı ideyalar idarə edir, onların daşıyıcısı isə qəhrəmanlardır- həm həyatda olan hüquqi, real qəhrəmanlar, həm də ədəbiyyatda olan baş qəhrəmanlar.

Bu ideyalardan biri məhəbbət ideyası idi. "Şeyx Sənan" mənzum faciəsində məhəbbət ideyası uzun bir yol keçərək Tanrıya qədər yüksəlir və belə bir qənaət hasil olur ki, H.Cavid üçün məhəbbət insanın özünü və dünyanı dəyişdirmək vasitə­sidir. Elə "Afət" pyesində də Afət onu aldadan Qarataydan öz şəxsi intiqamını deyil, təhqir olunmuş, alçaldılmış məhəbbət və gözəlliyin intiqamını alır.

İkinci, H.Cavid yaradıcılığının digər bir səciyyəvi cəhəti məkan amili ilə bağlıdır. Şübhəsiz, azman, əzəmətli bir qəhrə­ma­nın özünəməxsus məkanı da olmalıdır. H.Cavid öz yara­dıcılığındakı məkan seçimi ilə hamını heyrədtə buraxdı. Onun dramaturgiyasınında məkan ucsuz-bucaqsız dünyadır, ən yaxşı halda bu gün dəbdə olan Avrasiya məkanıdır. Dərbənd, Gür­cüs­tan – bütövlükdə Qafqaz, Nişapur, Səmərqənd, Buxara – bütövlükdə Türküstan, İran, Hindistan, Ərəbistan, Bursa və İstanbul – bütövlükdə Yaxın və Orta Şərq, Almaniya, Fransa, İtaliya – bütövlükdə Avropa! Bunlar H.Cavidin əsərlərindəndir və təsəvvürəgəlməz bir ənginlik tam aydınlığı ilə görünür.

Qəribə heç nə yoxdur! Çünki H.Cavidin qəhrəmanları ca­hangirlik və Tanrıya qovuşmaq idealı ilə – ideal həqiqət düşün­cəsi ilə yaşayırlar. Ona görə də mübarizlərində ədalətli və ardı­cıldırlar. Diqqət edin, “Topal Teymur” əsərində ona bildirilər ki, Mamay xan kəndlilərdən haqsız yerə vergilər tələb edir. Topal Teymur isə “Görünür, Mamay xan qanunlardan xəbərsizdir, mən ona anladaram” söyləyir. Bu həmin Mamay xandır ki, böyük nüfuza və hörmətə malik bir sərkərdə idi və Rusiyanın Volqoq­rad şəhəri yaxınlığındakı “Mamayevskiy kurqaz”da dəfn edil­miş­dir. Yəni Topal Teymur öz məkanını genişləndirdikcə, qanu­nun aliliyini də əsas tutur və istisnasız olaraq hamıya tətbiq edirdi. Hamını bir gözlə görürdü və “Mən şahmat oynayarkən taxtadan yapılmış bir piyadayı belə qeyb etməm” söyləyirdi.

H.Cavidin məkanı romantizmin məkanıdır və bu məkan­da qocaman türkün ayaq izləri vardır.

Üçüncüsü, H.Cavid yaradıcılığının başqa bir məna və mahiyyəti zaman son dərəcə sərbəst və əbədidir. O, heç nə ilə əlaqəyə girmir və heç kimi bağışlamır. Məkan isə üçölçülü – en, uzun, hündürlük olduğuna görə onlar bir-biri ilə əlaqəyə girir və bir-birini tamamlayır. Bir anlıq bizim qədim folklor janrlarından olan bayatını təsəvvür edək. Bayatının birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sər­bəstdir. Məkan ölçülərini – en, uzun və hündürlüyü ifadə edən misralardır. Sərbəst buraxılan üçüncü misra isə zamandır, çün­ki sərbəstdir, əbədidir. H.Cavid də bu mahiyyəti bildiyinə görə əsas diqqətini zamana və tarixə yönəldir.

H.Cavid tarixə müraciət edərkən təsadüfi hadisələri, təsa­düfi dövrləri seçmir. Əvvələn, H.Cavidə qədər bizim ədəbiy­yat­da tarixə müraciət, əsasən, xanlıqlar dövrünə qədər – Təx­minən 100-150 il öncəyə gedib çıxırdı. Məsələn, bədii fikir M.F.Axundzadədə Lənkəran xanlığına kimi, Ə.Haqverdiyevdə Ağa Məhəmməd şah Qaçara kimi, N.Nərimanovda isə Nadir şaha kimi gedib dirənirdi. Amma H.Caviddə tarix anlayışı bü­tün sonsuzluğu ilə görünür və müraciət edilən dövrlər tarixin ən yeni mərhələləridir. “Səyavuş” pyesində İran-Turan zamanı, “Xəyyam” pyesində Səlcuqlar dövlətinin formalaşdığı zaman, “Topal Teymur” pyesində Teymurun yürüşlər etdiyi zaman, “Knyaz” pyesində yenicə başlanan sovet dönəmi əks olunmuş­dur. Göründüyü kimi, bütün bu zamanlar bəşəriyyət tarixinin yeni dövrləri, yeni mərhələləri və yeni zamanlarıdır.

H.Cavid yaradıcılığı üçün başqa zaman da var. O zaman, həmin zaman ki, onda H.Cavid romantizminin tam spesifik mahiyyəti, bədii sistemi, poetikası meydana çıxır. Bu, Oğuz xanın zamanıdır – ən qədim və ən mifik zaman. Çünki Oğuz xanın oğlanları – Ay xan, Gün xan, Ulduz xan, Yer xan, Dağ xan, Dəniz xan Ay, Gün, Ulduz, Yer, Dağ, Dəniz formasında H.Cavid romantizminin ənginlik və intəhasızlıqla bağlılığını göstərir və simvolikasını təşkil edir.

H.Cavid əsas bədii qəhrəmanı türk, H.Cavidin seçdiyi məkan türkün ayaqlarının dəydiyi məkan, H.Cavidin müraciət etdiyi zaman və tarix isə, əsasən, türkün zamanı idi. Hüseyn Cavidin öz tərcümeyi-halı isə ən böyük türklərdən birinin tərcümeyi-halıdır.

1   ...   4   5   6   7   8   9   10   11   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə