Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə7/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   17

ŞAİQ İNAMI
Abdulla Şaiq ömrünün inqilaba qədərki dövrünü xoşbəxt günlər, azad gələcək arzuları ilə yaşamışdır. Bu gələcək uğrunda işıqlı gündüzlərini, qaranlıq gecələrini verən şair, zamanın təzad­larını, ziddiyyətlərini qələmə almağı müqəddəs vəzifə bilmişdir. Diqqətli cəhətdir ki, onun təsvir etdiyi adi bir quş belə təbiətin «övladı» olmaq məhdudluğunda qalmır. Necə olmuşdur ki, sər­hədsiz təbiət qoynunda yaşayan, heç kəs tərəfindən yaralanma­yan, dəmir barmaqlı qəfəsə salınmayan bir quş ah-nalə edir?
Sədası çox dərin, təsir edər, əfkarə, vicdanə,

Verir ən inci, ən saf duyğular bir şair insanə,

Deyil əfsanə fəryadı, cəfadan gəlmiş əfğanə,

Lisani-hal ilə əyyami-vəsli yad edər bir quş.
Göründüyü kimi, quşun bu naləsi uydurma, əfsanə də deyil. Bu elə bir fəryaddır ki, həyatda gördüyü cəfadan gəlir və məhz buna görə də fikrə, vicdana təsir edərək şairə əsl yaradı­cılıq mövzusu verir.

«Bir quş» şerindəki qayə, mətləb ona görə güclüdür ki, quşun fəryadı ilə şairin duyğuları arasında üzvi yaxınlıq vardır. Bu fəryad şairin şəxsi fəryadı deyil, inqilabdan əvvəl əsarətdə bo­ğulan bütün xalqın fəryadı idi. Müəllif həyatın eybəcərlik­ləri­nə qarşı olan etirazını bədii həqiqətin gücünə arxalanaraq, quşun taleyini təsvir etməklə oxucuya bildirir. Çünki Şaiqin dediyi ki­mi «Bu quş da mən kimi sızlar, acı bir hissə malikdir». Bununla şairin ictimai həyata etirazlarını açıq-aşkar görürük.

Şaiqin çox zəngin və mənalı kədər dünyası var. Onun bu qəmli düşüncələri öz daxili bitkinliyini Vətənə müraciətlə söylə­ni­lən «qəmlərini ver mənə, qoy çəkim mən» istəyinin müqəddəs­liyində tapır. Bəlkə elə bunun nəticəsidir ki, «Müzlik gecə» onun poeziyasına bədii obraz kimi daxil olmuşdur.

Bu gecə zaman etibarilə indiki oxucudan çox-çox uzaqda olsa da, onun görünüşü, onun duyulması, onun dərki o qədər də çətin deyil. Çünki həmin gecə üzərinə vurulmuş hüququnu itirməmişdir:


Müzlim gecədə nişanlı bir qız,

Bir hüsni-kədər içində yalnız,

Dalğın… uyumaz o qəmli düxtər,

Atəşli düşüncələrlə inlər.
Şeirdə zülmətlə gözəllik üz-üzə dayanmışdır. Doğrudur, şair hər hansı misrada belə qızın zahiri əlamətlərini təsvir etmə­mişdir, lakin «nişanlı bir qız» ifadəsinin bədii və ideya yükü o cür təsvirə cüzi bir ehtiyac yeri də qoymur. Sərvətə satılan, ata tərəfindən hüququ alınan, «ürəyində kinli atəş» alovlanan bu qızın taleyi müzlim gecəni düşündürücü obyektə çevirir.

Şairin «müzlim gecə, ulduzları sarmış qara sislər», - mis­ra­sının söz karvanında da lirik qəhrəmanın ürəyində böyüyən ağrının, acının örtüyü vardır.

«Gələcək qorxusu» şerində isə müzlim gecə sanki daxili inkişaf prosesi keçirəcək, müdhişlik görkəmi alır:
Çökmədi ətrafa sükut get-gedə,

Mürgüləyir kənd, nə müdhiş gecə!..

Hər yerə hökm etmədədir qar, boran,

Yox bir işıq – zülmət içində cahan.
Bu mənzərə görünən bir anın adi təsiri, deyərdim realist təsviridir. Lakin şair sadəcə olaraq bu təsviri yaratmaqla seyir­çi­lik etmək fikrində deyil. O, burada insana məxsus vətəndaşlıq kədərinin əks-sədasını yaratmışdır.

Şaiqin qəlbində yaşatdığı bu ictimai kədər onun şeirlərinin müasirlik mündəricəsi ilə bağlı olan sosial məzmununu təşkil edir. Bu məzmun isə öz növbəsində lirik qəhrəmanın bilavasitə tərcümeyi-halının əsas müddəalarını təyin etmək səviyyəsinə qal­xır. Deməli, zaman, mühit və varlıq öz bioqrafiyasının diktə­si, təbliği ilə məşğul olmur, əksinə əsl sənətkarlıq özləri tarixi gerçəkliyi tarixi bədiiliyə çevirirlər. Bu mənada «Qış gecəsi» və «Gələcək qorxusu» şeirləri müəllifin ictimai əqidəsinin, estetik idealının aşkarlanmasında real bədii güclə tarımlanmış və gəril­mişdir. Ağır vəziyyətdə olan xəstənin mənəvi iztirablarını təsvir edən hər iki şer dəhşətli anların qabarıq göstərilməsi üçün təbiət­lə bağlı mənzərənin təqdimi ilə başlanır və məlum olur ki, «göyü zülmət bürümüş», «gül rəngli havaya toz, duman, cahana isə hə­zin sükut çökmüş», «qaralmış bayır sislə, buludla» örtülmüşdür.

Birinci şeirdə təsvir olunan xəstə, işıqsız və səssiz-səmirsiz bir daxmada inildəyən qızdırmalı uşaqdır. İkincidə də uşaq var, lakin bu şerin «Xəstə»si atadır. Elə bir ata ki:
Pəncələşir müdhiq olan mövt ilə,

Həsrəti var, ölməmək istər hələ.
Buradakı qadın isə öz ərinin həyatdan əbədilik gedəcəyin­dən qorxur və daha çox körpə övladının gələcək taleyini düşünür:
- Gəl, ey əcəl, mərhəmət et körpəmə,

Qıyma yetim tək bata dərdə, qəmə.

Göylərə yüksəlməyə ah-naləsi

Sığınmağa yoxdur onun bir kəsi.

Beləliklə, hər iki şerin gözlərimiz önündən çəkilib getmə­yən vahid obrazı var. Bu – öz övladının həyatı üçün çırpınan, öz övladını böyüdüb boya-başa çatdırmaq istəyən ana obrazıdır. Anaya məxsus istəyin kökləri isə çox dərinlərdədir, elə bir dərin­likdə ki, o sadəcə olaraq bütün anaların borcu kimi görünən uşaq məhəbbəti çərçivəsində deyil. Şaiq şerində övlada olan bu diqqət – gələcək vətəndaşa olan şair diqqəti, müəllim diqqətidir!

Bütün bunlarla bərabər, Şaiqin inqilaba qədərki yaradıcılı­ğın­dakı işıqlı günlərə böyük inam var. Bu inam şairin müzlim gecə­lər­dən tezliklə ayrılmaq inadında, xoşbəxt, azad gələcək axtarı­cılığın­dadır. «Şikayətlərim» şerində həmin hiss çağırış kimi səslənir:
Sözümü dinlə, dinlə ey qəhhar!

Bu qışı ya gözəl bahar eylə,

Ya məni gözsüz eylə, kor eylə,

Ya ki, azadə bir diyarə çıxar.
Şairin gələcəyə güclü inamını təsdiq edən belə misralar, bəndlər çoxdur. Çünki o, öz arzularının, istəyinin həqiqətini yal­nız qarşıdakı günlərdə axtarır:
İrəlidə inan ki, bir

Cənnət qədər cahan var.

Sabah günəş orda doğar,

Səadət orda parlar.

(«İrəli»)


Bu dialektikanı aşağıdakı parça daha aydın ifadə edir:
Müzlim gecə, ulduzları sarmış qara sislər,

Bayquşlar ötər, ölkəmin ənginləri inlər.

Yum gözlərini yat, səni oğlum səhər-erkən,

Al telli şəfəqlər öpəcəkdir oyanırkən.
Bir tərəfdə canlı, yaşayışın xarabalıq dəhşəti, digər tərəfdə açılan səhərin ümidi!

Bir tərəfdə parlaq ulduzların qara bulud örtüyü, digər tərəf­də qızmar günəş inamı!

Şaiq qızmar günəş zamanını gördü, bu zamanın neçə-neçə illərini yaşadı. Şaiqin azadlıq inamı, nəhayət «Azadlıq bayramı» şerini yaratdı:
Sevincindən ellər coşur,

Yorulmadan hey vuruşur,

Ən gözəl mahnılar qoşur,

Bu azadlıq bayramına.

ROMANTİK NƏSRİN HÜDUDLARI
A.Divanbəyoğlunun XX əsrin əvvəllərində qələmə aldığı bir sıra nəsr əsərləri öz bədii dəyərini, məna və əhəmiyyətini indi də saxlamaqdadır. Həmin əsərlər, öz poetikası baxımından bu gün də öyrənilməyə və tədqiq olunmağa layiqdir. Buna görə də Divanbəyoğlu əsərlərinin «Yazıçı» nəşriyyatında yenidə çapı təqdirəlayiqdir. Kitabı filologiya elmləri doktoru, professor İna­yət bəktaşi tərtib etmiş və ona müqəddimə yazmışdır. Bəri baş­dan qeyd edək ki, kitaba yazıçının iri həcmli «Əbdül və Şahza­də», «Can yanğısı» əsərləri və «İlan», «Fəhlə» adlı kiçik hekayə­ləri daxildir.

Divanbəyoğlu bizim yüzilliyin ilk onilliklərində təşəkkül tapıb formalaşmış romantizm yaradıcılıq metoduna mənsub olan sənətkarlardandır və onun nəsr əsərlərində Azərbaycan roman­tizmi üçün səciyyəvi olan bir çox cəhətlər özünü göstərməkdədir.

Əgər mövzu baxımından Azərbaycan romantik şeri ilə Divan­bəyoğlunun «Əbdül və Şahzadə», «Can yanğısı» əsərlərini müqayisə etmiş olsaq, onda şerin məhəbbətdən, sevgidən, intim duyğulardan danışmasındakı hədsiz xəsisliyin müqabilində bu əsərlərdə həmin mövzulara «geniş qapı» açılmasının şahidi olarıq. Başqa sözlə, sevgi motivlərinə Hadi qələminə qədər müqa­vimətlidirsə, Divanbəyoğlu həmin nöqtədə bir o qədər, bəlkə ondan da artıq dərəcədə diqqət və maraq nümayiş etdirir. Lakin əhəmiyyətli cəhət ondadır ki, Divanbəyoğlu əsərlərində təsvir olunan hadisə və süjetlərə ötəri nəzər yetirib, onları macə­raçılıq adlandırmaq olmaz və hətta burada «sevgi macəraları» ifadəsini işlətmək də müqabil və müğayir deyildir. Çünki sevgi süjetləri özü belə ciddi müəllif ideyasının açılışı üçün «əsas rol» oynayır. Bu mənada Divanbəyoğlu sevgi motivləri içərisində ictimai problemlər qaldırmış, onları həzin və kövrək duyğularla verməyi daha üstün tutmuşdur.

«Əbdül və Şahzadə» əsərində üç qadın obrazı daha geniş planda verilmişdir: Nisə, Nigar və şahzadə. Onlar müxtəlif xa­siy­yətdə və xarakterdə olsalar belə, talelərində üst-üstə düşən nöq­tələr vardır. Nisə varlı Mirzə Mehdi bəyin ona müştəri dur­ması müqabilində «Mən heç kəsə mənim həyatıma və ölümümə rəhbərlik etmək haqqı vermərəm» əqidəsi ilə yaşayır. Nigar öz istədiyinə qovuşmaq üçün müstəqil mübarizə aparmağa qadirdir və elə beləcə də mübarizə aparır, Şahzadə isə nağıla qulaq asar­kən, nağılların qəhrəmanı öldükdə ağlasa belə atasının təqibləri üzərindən adlayaraq, Əbdüllə görüşməyə cəsarət edir. Hər üç qızın qarşısında məneə var və bu məneə ilk növbədə atalarıdır; onlar üçün ata və qız «dueli» o qədər də asan başa gəlmir. Lakin bütün bunlara baxmayaraq, əsərdəki əsas konflikt «atalar və qızlar» konflikti deyildir. Divanbəyoğlu qadın qəlbi ilə ictimai həyat, daha geniş mənada gözəlliklə mühit arasındakı əksliyi, ziddiyyəti problem səviyyəsinə qaldırmışdır. Yazıçı təqdimində qadına əl qaldırmaq gözəlliyə atəş açmaq kimi başa düşül­mə­lidir. Ona görə də Nisəni sevən Sultanın aşağıdakı sözləri əsərdə daha qüvvətlə səslənir: «Mən Nisəni, bu incə, zəif, zərif məxlu­qu onun bütün gözəlliyi məhv etməyə öyrənmiş əllərinə verəcə­yəm? Heç vaxt, heç vaxt…»

Əsərdə bütün hadisələri öz ətrafında cəmləşdirən Əbdül «Asiyanın oyanması» şəraitində «Asiya həyatının qadınlara aid hissəsinə daxil olur». O, fəal bir obraz kimi ciddi fəaliyyəti ilə qadın qəlbinin müdafiəsi uğrunda xeyli iş görə bilir.

Əbdülün daxilində çox böyük cəfakeşlik vardır. O, birinci mərhələdə Nisəni xoşbəxtliyə çatdırmaq üçün çalışır, sonra Ni­ga­rın Murad bəylə qovuşmasına səy göstərir, axırda isə öz taleyini və bu mənada Şahzadəni düşünür. Müxtəlif vəziyyətdə baş verən bu üç istiqamət Əbdülün psixologiyasının açılmasında üç xətt olur. Bunlar hamısı təsdiq edir ki, Əbdül məhz insanın müstəqilliyi uğrunda mübarizə aparır. Beləliklə, Əbdülün bütün fikir və düşüncələri öz fərdi arzularından daha çox ictimai problemlər üzərində cəmləşmiş olur.

Əbdül Şərq ətalətinə qarşı amansızdır. O, tənbəllik içəri­sin­də xumarlananların «allah günahkardır» deyib, özlərində gü­nah görməmələrinə qarşı barışmazdır. Əsərin sonunda Əbdülün Qərbi Avropaya səfəri və orada gördüyü inkişafa rəğbəti bu obrazın sosial ideyaların daşıyıcısı olmasını bir daha təsdiq edir. Həmçinin bu səfər Azərbaycan romantizminin ideya-poetika sistemində mühüm yer tutan «şərq və qərb» problemini geniş miqyasda təhlil etməyə imkan yaradır.

«Əbdül və Şahzadə» əsərində Sultanın xəstələnməsi ilə Şahzadənin ölümü xarakterik müqayisə məqamıdır. Belə ki, yazıçı Sultanın xəstəliyini ölümlə nəticələndirmir. Çünki bu, təbii ölüm olardı. Lakin Şahzadə atasının gülləsindən əbədilik gözlərini yumur. Artıq bu, məcburi ölümdür. Belə bir məcburi ölüm isə əsərdəki ideyanın tamamlanması deməkdir. Hətta əsə­rin axırında Əbdülün «Müsəlman qadınlarına» müraciəti belə icti­mai ziddiy­yət­lərdən doğan bu ölümün təsirini yumşalda bil­mir.

«Can yanğısı» əsərində də əsas diqqət insan münasibətləri üzərinə yönəldilmişdir. Burada hadisələr bilavasitə Dərvişin – Əhmədin dilindən söylənilsə də, yazıçının marağı Əhmədlə Ruqiyyənin bir-birinə yaxınlaşması və bir-birindən uzaqlaşması problemi üzərinə tuşlanmışdır.

Bir qrup adamın şəhərdə doğulmuş və böyümüş Əhmədə qarşı çevrilən düşmənçilik hərəkətləri onu öz doğma yurdundan didərgin salır. Əhməd uzaq bir kəndə yollanaraq, orada qonaq qalır və iş elə gətirir ki, həmin evdə yaşayan Ruqiyyə ilə evlən­məli olur. Yazıçının ideyası da məhz bundan sonra açılmağa baş­layır. Bu mənada müəllif surətlərin psixologiyasını, onların daxili düşüncə və sarsıntılarını əks etdirməyə daha çox meyl göstərir.

Divanbəyoğlunun «Can yanğısı» əsərində qaldırdığı məsə­lə Vətən – doğma yurd problemi üzərində «döyünür». Belə ki, Əh­mədin kənd sərgüzəştləri uzun sürmür və o, şəhərə olan qəzə­bini şəhərə olan mərhəmətinə güzəştə gedir. Əhməd «Çox da vətənim mənə zillət verdi, zəhmət çəkdirdi, axırda didərgin sal­dır­dı, çöllərə buraxdı» təəssüfünü qəbul etməklə barəbər, yeni­dən şəhərə qayıdır və Ruqiyyəni də özü ilə gətirir.

Əsərin mərkəzində iki qütb üz-üzə dayanır. Bunlar sadəcə olaraq Əhməd və Ruqiyyə deyildirlər, yaxud yalnız onlarla tamam­lanmır. Əslində yazıçı mülahizələri Əhmədin kənddə, Ru­qiy­yənin isə şəhərdə yaşamaq hisslərindən nəşət tapır. Yəni obraz­larla birgə və obrazlardan daha çox iki mühit üz-üzə qoyu­lur: biri «varlılıq və yoxsulluğun» dolaşdığı şəhər, digəri isə «allahın qoltuğunda, dağların başında» yerləşən kənd.

Divanbəyoğlu insan yaşayışındakı təzadları, daha doğrusu, əzab-əziyyətləri cəmiyyətdəki eybəcərliyin nəticəsi kimi təsvir edir. O göstərir ki, əgər cəmiyyətdə insan naminə ümumi irəlilə­yiş yoxdursa, demək harada isə adamlar öz ömürlərindən narazı olmalıdırlar. Elə məhz bu eybəcərliyin, bu çirkinliyin nəticəsidir ki, insanların daxilindəki təmizlik, saflıq, yavaş-yavaş aradan çıxır və mənəvi puçluğa gətirib çıxarır. Beləliklə də, Ruqiyyə şəhə­rə gəldikdən sonra onun əvvəllər çöhrəsində görünən həya və ismət qızartısını «günü» ilə qarşılaşmaq əzabı əvəz edir. Eyni­lə, Əhmədin də qəlbindəki Ruqiyyəyə olan təmiz münasibət silinib gedir.

Bu əsərdəki qoca kişi və qadın obrazlarının da mənəvi yüksəklikləri ilk növbədə təmizlik və ülviliyin timsalı olmaların­dadır. Onlar Ruqiyyəni Əhmədə ərə verəndə də, daha çox Əh­məd­dəki zəhmət eşqinə, mənəvi saflığa əsaslanırdılar. O yerdə ki, ata və ana Ruqiyyənin Əhmədlə şəhərə getməsinə etiraz edirdilər; bu bir tərəfdən onların öz ciyərparalarını – övladlarını gözlərindən kənara qoymamaqla bağlıdırsa, digər tərəfdən və daha çox saflığın, təmizliyin, aradakı ülviyyətin itəcəyindən qorx­­maqla əlaqədardır. Əsərdə bu sonuncu cəhətlə bağlı müdrik­lik reallaşanda, müdrik qocaların özlərinə də yalnız acı təəssüf hissi qalır.

Divanbəyoğlunun romantik nəsri ağrı və acıların bədii inikası olmaqla yanaşı, xoş gələcəyə səmtlənmiş nəsrdir. Əbdülün həyatında bu gələcəyin qığılcımları parlayır, Əhmədin – Dərvişin danışdığı əhvalatlar isə xatirə olmaqla elə xatirəyə də çevrilir. Yazıçı bu mənada bütün yaradıcılığı boyu işıqlı idealların tərəfdarı kimi çıxış etmişdir.
1983

AZƏRBAYCAN ROMANTİKLƏRİNİN HƏMKARI
«Mirzə Abdulla cənabları məhcub xoş əxlaq və xoş kirdar və nəhayətcə müstəid, fəsahətli və bəlağətli bir cavan­dır». Abdulla Surun həyat və fəaliyyəti haqqında düzgün təsəv­vür əldə etmək üçün S.M.Qənizadənin bu sözləri çox əlamət­dardır. Doğrudan da, A.Sur cəmisi 30 ilə yaxın yaşasa da, öz qabiliyyətini və istedadını mümkün qədər göstərə bildi.

Mətbuat səhifələrində daha çox «Abdulla Məhəmməd­zadə», «Abdulla Tofiq» və «Abdulla Sur» imzaları ilə görünən bu böyük zəka sahibi şair, publisist və ədəbiyyatşünas idi. O, yaradıcılıq fəaliyyətinə «Şərqi-Rus» qəzetində çalışmaqla baş­la­mış, sonralar İstanbulda təhsilini davam etdirmiş və öz döv­rü­nün hadisələrinə xüsusi diqqət göstərən ziyalılardan olmuşdur.

A.Surun maraq dairəsini müəyyənləşdirmək və tərcü­meyi-halı üçün çox səciyyəvi olan faktları nəzərdən keçirmək baxımından onun «Yol məktubları» silsilə məqaləsi əhəmiyyət­lidir. Bu məqalələrdə ədib Gəncədən İstanbula gedərkən yolda gördüklərini qələmə almışdır. Abdulla Sur Gəncə-Bakı dəmir­yolu boyunca uzanan istifadəsiz qalmış və bataqlığa dönmüş ucsuz-bucaqsız torpaqlara baxdıqca təəssüf hissi keçirir: «Düşü­nürdüm: bu bataqlıqlar neçün qurudulmayır? Mümkün deyilmi ya? Xeyir, mümkün imiş. Baş qoşan yox imiş!! Şu qədər gözəl torpaqları fayidəsiz edən həp elmsizlik, həmiyyət­sizlik imiş!». Göründüyü kimi, A.Sur torpağa və Vətənə, elmə və maarifə bağlı yazıçı idi. Əgər belə olmasaydı, o, Bakıda qaldığı yeddi gün müddətində şəhərdəki abidələrə baxmaz, İçərişəhər kimi, Qız qalası, Atəşgədə kimi memarlıq incilərin­dən ağızdolusu danışmazdı. Hətta A.Sur yolüstü beş saat Vladi­qafqazda (indiki Orconikidze) dayanarkən belə oradakı təhsil şəbəkəsi ilə maraqlanmış, azərbaycanlı tələbələrin hərbi və şəhər məktəblərində oxumalarından məmnun olmuş, öz səmimi münasibətini və həmçinin bəzi tənqidi qeydlərini bildirmişdir.

Digər tərəfdən bu məktublardan aydın olur ki, A.Sur İstanbula getmək üçün 1906-cı il mart ayının 5-də Gəncədən yola düşmüş, martın 6-dan 13-nə qədər, yəni yeddi gün Bakıda qalmış və 14-də beş saat Vladiqafqazda dayanmışdır.

A.Surun təhsil almaq üçün nail olduğu bu səfər onun daxili tələbatından, istək və arzularından irəli gəlirdi. Çünki insan biliyinə xüsusi əhəmiyyət verən A.Sur Şərq ətalətinə, müsəlman geriliyinə qarşı mübarizə aparan ziyalılar nəslinə mənsub idi. Bu həqiqəti ədibin bir-birinin ardınca çap olunmuş və bir-birinin davamı kimi səslənən «Boğaz içində günəş do­ğar­­kən», «Günəş doğduqdan sonra», «Böyük adada günəş ba­tar, ay doğarkən», «Şərqdə şəfəq sökülərkən» adlı bədii, pub­li­sis­tik səciyyə daşıyan hekayə və mənsur şeirləri də təsdiq edə bilər. Yazıçı ilk növbədə Sabir kimi, Hadi kimi Türkiyə inqi­labını, hürriyyət ordusunun oradakı müvəffəqiyyətlərini alqış­layır. Mərmərə və Qara dənizin sularının ahəngini, Avropa və Asiyanın, «Şərq ilə Qərbin dodaq-dodağa məhəbbətlə öpüşdü­yü» boğaz içinin mənzərəsini təsvir etməklə, inqilabın - «günə­şin yenə üzünü göstərməsini» məmnunluq hissləri ilə qələmə alır.

A.Surun «Şərqdə şəfəq sökülərkən» əsəri isə çox böyük ümumiləşdirici xarakter daşıyır. Artıq burada söhbət bir şəhər­dən, bir ölkədən deyil, bütün Şərqdən, bütün Şərq xalqlarının taleyindən gedir. Uzun əsirlərdən bəri ətalət və kəsalət basmış məmləkətlərdə baş qaldıran azadlıq arzuları A.Sura dünya boyda sevinc bəxş etmişdir: «Demək ki, Şərq oyanır... Demək ki, Asiya oyanır. Əvət, o fillər, qurdlar, yalanlar yatağı olan Asiya oyanır. O, Zöhhaklar, Şəddadlar bəsləyən Asiya oyanır... O fironların, İskəndərlərin, qeysərlərin cövlangahı olan Asiya oyanır. O Farabilər, Firdovsilər, Nizamilər yetişdirən Asiya oyanır. Demək ki, oğuzların... məzarı qiyam ediyor».

Abdulla Surun fikrincə, bu oyanış yeni dövrün intibahı, qurulacaq yeni həyatın ilk sədaları idi. Buna görə də şairin yaradıcılığında həyat və ölüm qarşı-qarşıya dayanaraq, yanaşı obrazlar kimi çıxış edirlər. Hətta müəllif «Lövheyi-şeir» əsərin­də ölüm lövhəsi yaratmağa da səy göstərmiş «müdhiş bir sü­kut»un ağrı və acısını vermişdir. A.Surun Hüseyn Cavidə həsr etdiyi «Neçin, nədən?» mənsur şeirində ölüm və həyat, onların mübarizəsi təbiətin və təbiət hadisələrinin təsviri ilə təqdim olunur: «Yüksək qarlı dağlardan qopub gələn, yalçın, sərt qaya­lar­dan sızıb çıxan, quytu, dərin dərələrdən qopub qoşan, çə­mən­lər çeynəyib, çiçəklər yolan, daşlar aşıb, çağıllar sürüyən, əyri-üyrü, gilli-qumlu yataqlardan axan, ey səlsəbil həyat, nə gur dalğaların var? Nə səsli-küylü, durmaz, axımlı səfərin var? Bu nə cuş və xuruş, nə düşüb qalxmadır?». Şeirdə təbiətin gö­zəl­liyi ilə onun «kirli», «çamurlu» tərəfləri, təbiətin füsun­kar­lığı ilə onun «qırıq lövhələri», «yanıq lövhələri» üz-üzə qoyul­muş, «lətif ikən kəsif olması» sənətkar yanğısı ilə qələmə alınmışdır.

A.Surun «Əcəb, bu söz şeirmi?» əsərində isə bütün fəsil­lərdən danışılsa da, «Bahar qızı, yay qadını, güz öksüzü, qış qocanı andıran» deyilsə də, əsas diqqət bahar və qışın üzərinə yönəldilir. Azadlığa gedən yolun çətinliyini dərk edən müəllif baharda da «Yalnız-yalnız bir könül gülməz, için-için ağlar» deyir. Bütün bunlar ictimai həyatın mürəkkəbliyindən, ictimai həyatdakı ziddiyyətlərdən irəli gələrək, həmin prosesin inikası idi. Elə buna görə də A.Sur «Püsgüllü yıldız» mənsur şeirində «zərrin şərarə», «afət pəri», «sarışın mələk», «zərrin çiçək», «kai­na­tın gözəl qızı» adlandırdığı ulduza gah «çıx, get, əngin­lərdə gəz», gah da «uzaq qaçıb da getmə» deyir; gah «bu yer sənin yerin deyil», gah da «Sən üfüqümüzü salamla, sən əsrimizi salamla, busə göndər» söyləyir.

Həmçinin A.Surun əsərlərində gələcəyə doğru istiqa­mət­lənmiş böyük ümid və inam vardır. Bu ümid doğan günəşin, sökülən şəfəqin, açılan sübhün vəsfindən başlamış və yaradıcı­lığının sonuna qədər davam etmişdir.

A.Surun ədəbiyyat tarixində tutduğu mühüm mövqe onun ədəbiyyatşünaslıq fəaliyyəti ilə də səciyyələnir. A.Surun «Fü­zu­liyə bir nəzər», «Nəfiyə bir nəzər» məqalələri, yalnız bəzi parça­ları qalmış «Türk ədəbiyyatına bir nəzər» adlı böyük həcm­li əsəri onun ədəbiyyatşünaslıq manerası, tədqiqatçı üslu­bu barədə aydın təsəvvür yaradır. Füzuliyə, Nəfiyə, türk ədə­biyyatına «bir nəzər»lə baxmaq A.Surun bədii yaradıcılığı təhlil edərkən ümu­mi baxış prinsipini əsas götürməsi haqqın­dakı qənaəti təsdiq edir. Onun əsərlərində Füzulinin mədhiyyə və həcvlərdən uzaq olma­sı, bu janrlara «göz ilişəcək dərəcədə» yaxınlaşmaması təqdir edilir, eyni zamanda, Nəfinin həcvgu­luq­da subyektiv, qə­rəz­li mövqe tutmasının bədii prinsiplərlə bir yerə sığışmaması haqqındakı qənaət sübut olunur. Beləliklə, A.Sur təmiz və ülvi hissləri tərənnüm edən, alicənablıq səviy­yə­sindən yazılan əsər­ləri yüksək mənalandırırdı. A.Sur Nəfidən bəhs edən məqalə­sində yazırdı: «Qoca şair kəndindən əvvəl gələn Füzulilərin, Baqilərin, o hüznavər və cahangir şairlərin getdikləri cığırı tutmadı; kəndinə məxsus təmtəraqlı, ehtişamlı bir yol açdı». Bu mənada tədqiqatçı əsl sənətkarların tarix və za­man qarşısındakı dözümlülüyünü məhz novatorluqda gö­rür­dü.

A.Sur bədii əsərlərin dil və üslubuna da diqqətlə yana­şırdı. O, məktublarının birində «zəki adaşı» Abdulla Şaiqin «Lövheyi-məsumanə» əsərindəki «pək lətif üslubu», «pək bədii təsviri» yüksək qiymətləndirirdi.

Abdulla Sur dövrünün savadlı müəllimlərindən idi. O, bütün şüurlu həyatını uşaqların və gənclərin təlim-tərbiyəsi ilə məşğul olmağa həsr etmiş, yeri gəldikdə məktəb, maarif və təhsil məsələləri barədə məqalələr yazmışdır. Onun bu sahə­dəki başlıca ideyası «hər kənddə məktəblər açılmalı!» tezisində ifadə olunmuşdur. A.Surun müəllimlər qurultayı qarşısında yaz­dığı və «İrşad» qəzetində çap etdirdiyi «İmla məsələsi» adlı silsilə məqaləsi o zaman mədəniyyət aləmində və oxucular ara­sında geniş əks-səda doğurmuşdur.

Abdulla Sur bir müəllim kimi «Məktəblərdə xəyali-fənar, yaxud sinematoqraf», «Müəllim qıtlığı» məqalələrində də məktəb və maarifin ən ümdə məsələlərinə toxunurdu.

Lakin təəssüflər olsun ki, Abdulla Sur öz vətəndaşlıq xidmətinin ən qızğın çağında, 1912-ci il may ayının 8-də vəfat etdi. Onun vəfatı ilə əlaqədar dövri mətbuat onlarca şair və yazıçının, maarif və mədəniyyət xadiminin şeir və məqalələrini oxuculara çatdırdı. Həmin yazılarda A.Sur «sahibzəka mühər­rir», «millət xadimi», «şəhriyar», «ustad», «ustadi-əzəm» ad­lan­dırılmışdı. Qəzetlərin qeyd etdiyi kimi, Abdulla Surun ölü­mü Sabirin vəfatından sonra ikinci böyük və ağır itki idi. Hüseyn Cavid isə «İqbal» qəzetinin üç nömrəsində çap etdir­diyi silsilə məqaləsində öz tələbəlik dostu və həmkarı haqqın­da yazırdı: «Abdulla Tofiq ölmədi, ölməz. O yaşar. Tarixin ağuşi-səmimiyyətində, millət qəlbində yaşar».

Bəli, Abdulla Sur həmişə yaşamaq və xatırlanmaq səla­hiy­yətini qazanmış bir sənətkardır.
1983

CÜMHURİYYƏT İLLƏRİ
DEMOKRATİK RESPUBLİKA DÖVRÜNDƏ

ROMANTİK BƏDİİ FİKİR
Qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan ədəbiyyatı bütün dövrlərdə insanın xoş gələcəyi üçün mübarizə aparmışdır. Təkcə elə buna görə bizim ədəbiyyatı mübarizə­lər­lə dolu salnamə hesab etmək olar. Lakin mübarizlik keyfiyyəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə nə qədər ardıcıllıqla ötü­rülsə də, hər bir dövr öz siması ilə tarixin səhifələrinə həkk olunur. Bu mənada Azərbaycan Demokratik Respublikasının bərqərar olduğu illər də öz siması ilə seçilir və fərqlənir. Bu dövrün ədəbi həyatının dəqiq təhlili tarix və ədəbiyyat prob­leminin elmi təhlilindən başlamalıdır.

Demokratik Respublika dövrünün ədəbiyyat və mədə­niy­yətinə yenidən qayıdış bilavasitə həmin dövrün ədəbiyyatı və mədəniyyətinin təsiri ilə yaranmamışdır. Bu dövrə maraq tarixə maraqdan doğmuşdur. Bizim ədəbi həyatda tarixi faktlara və hadisələrə son onilliklərin marağı, mənə qalırsa, müasir məsə­lə­lərə münasibət ifadə etmək gücündən çox aşağı olmuşdur. Başqa sözlə, tarixə «ədəbi səfər» bədiiliyin öz mənzərəsinin və tarixinin qüsuru kimi meydana çıxmışdır.

Məsələnin mahiyyətinə gəldikdə isə tarixlə tərbiyə əvəzedil­məzdir və onun da öz ənənələri vardır. Bu gün biz tarixlə tərbiyənin aktual və zəruri olduğunu dərk etdiyimiz bir vaxtda Demokratik Respublika dövrünə üz tuturuq. Azərbay­can Demokratik Respublikası özündən əvvəlki bütün tarixi cəhd və arzuların nəticəsi, özündən sonrakı mərhələlərin isə tarixi nisgilidir. Azərbaycan Demokratik Respublikasının təhli­li vasitəsi ilə bütün Azərbaycan tarixini təhlil etmək mümkün­dür. Məhz buna görə də tarixşünaslıqda və ədəbiyyatşünaslıqda bu dövrə qayıdış son dərəcə zəruridir və bizim üçün tarixlə tərbiyənin ən mühüm həlqəsidir.

O dövrü araşdırmanın sovet dönəmində yasaq edilməsi­nin də əsas səbəbini burada axtarmaq lazımdır. Belə ki, müxtə­lif araşdırıcılar həmin məsələlərin təhlilinə qayıtmağın müm­kün olmamasını müxtəlif səbəblərdə görürlər. Lakin, bizcə, yasağın başlıca səbəbi bilavasitə dövlətçilik quruluşu və ənənə­si ilə bağlıdır.

Ümumiyyətlə, bu illərdə yazıçıların əksəriyyəti respub­lika quruluşuna rəğbət bəsləyirdilər. Nəinki rəğbət bəsləyir, hətta fəal həyat mövqeyi tutaraq bu məsələni təhlil də edirdilər. Məsələn, Cəlil Məmmədquluzadə «Cümhuriyyət» (Respublika) adlı məqaləsində (1917) respublika quruculuğunun bəzi cəhət­lə­rini əsl siyasətçi kimi araşdırırdı. Həmin məqalədə respubli­kanın mənası («orada məmləkətin idarəsi camaatın öz ixtiya­rındadır»), bu işdə adamların vətəndaşlıq borcu, respublika ida­rə üsulunun tarixi və idarə olunması, seçki sistemi və verilən azad­lıqlar aydın şərh olunur. Məsələn, ədibin qeydinə görə seç­ki­nin 4 şərti vardır: ümumi, səs bərabərliyi, birbaşa və gizli olması.

Eyni zamanda etiqad, yığıncaq, birləşmək, çap eləmək, danışmaq, siyasi partiyalar düzəltmək, dilbir olub həmtədbir ol­maq azadlıqlarından da danışılır. Bir sözlə, C.Məmməd­qulu­zadə bu yeni dövlət quruluşunun üstünlüklərini görür və aydın göstərirdi.

Məhəmməd Hadi də elə Respublika dövründə yeni həyatı alqışlayırdı:
Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,

Bədbəxt yaşar torpağın üstündəki nadan.

Sahib olacaq yerlərə qüvvətli, əmin ol,

Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol.

(«Vaxtın səsi və həyatın sözü»)


M.Hadinin bütün yaradıcılığı boyu davam edən insanlığı dərkə, idraka çağırış ideyası burada da qüvvətlidir. Özünü kor­luğa qoyan, yəni həyat mövqeyi zəif olan insan Hadinin nəzə­rində insan deyildir. Eyni fikr «Bədbəxt kor cocuq» şeirində də öz geniş təhlilini tapır:
Şəhrahi-həyati görəməz gur olan insan,

Kur olmalıyım, istər isək ömri-direxşan…
Məlumdur ki, romantik şeirdə bir çox fikirlər rəmzlər vasi­təsilə verilirdi. 1908-ci il İran-Türkiyə inqilabi ərəfəsində və elə o illərdə M.Hadi «Pərdədə saxlanma, çıx, ey sevgili dil­darımız», A.Səhhət «A sevdiyim, aç bir niqab üzündən», A.Şaiq «Ey gözəl ümmid, qarşımda təcəssüm edərək ver mənə təyid» deyirdi. Hə­min misralardakı «ey sevgili dildir», «a sev­diyim», «ey gözəl üm­mid» xitabları əslində azadlığa ünvan­lanıb. Demokratik Respub­lika dövründə M.Hadinin «Baharın ilhamları və ictimai rəmzlər» şeirində də eyni vəziyyətlə rastlaşırıq:
Ey canlı çiçək, örtülü qalsınmı üzarın?

Aç çöhrəni, ey çöhrəyi-məsturi-füsunkar,

Ey qönçədəhan, açmağa layiqdir o rüxsar.
Yaxud:

Ey canlı çiçək, örtüyü at, rüyunu göstər.

Göründüyü kimi, M.Hadi şeiri 10 il bundan əvvəlki üslub və ahəngini yenidən bərpa edir. Şübhəsiz, «bərpa»ya qədər olan dövr Hadi poeziyasının sənətkarlıq keyfiyyətlərinin zəiflə­məsi hesabına yaranan mərhələ deyildir. Olsa-olsa burada icti­mai nikbinliyin geri çəkilməsi faktına arxalanmaq olar. Burada da Hadinin mövqeyi sabitdir. Bu romantik sənətkar azadlıq və xoş gələcək idealları ilə yaşayan sənətkardır və bu ülvi məq­səd­lərə yaxınlaşdıqda Hadi poeziyası daha böyük romantik pafos qazanır.

Azərbaycan romantiklərinin Demokratik Respublika döv­rün­dəki yaradıcılığının təhlili romantik şeirin bəzi cəhətlərinin də aşkarlanmasına imkan yaradır. Belə ki, Azərbaycan roman­tik şeirinin tarixi GECƏ obrazını müasir tədqiqatçıya aydın göstərir. Lakin romantiklər üçün bu obrazın özü yox, onun kəsb etdiyi məna daha əhəmiyyətlidir. Məsələn, A.Səhhətin «Yadın­dadırmı?» şeirində qəhrəman sevgilisinin xəyalı ilə danışır və öz düşüncələrini ona müraciət şəklində bildirir. Qəh­rəman «ol gecə»dən söhbət açır ki, həmin gecədə sevgili yarı ilə birlikdə çəmənlikdə oturub «qəmü qüssədən azad» ömür­lərini yaşayırlar. Bu vaxtlar isə onların ən böyük ümidi bədr­lənmiş Ay və ondan sızıb gələn işıq idi.

M.Hadi də əvəllər yazdığı şeirlərinin birində gecənin təbiətinə nüfuz edir:


Ziynət verir əndamına min nəcmü qəmərlər,

Tənvir edir afaqını tabəndə səhərlər.
Rüxsarını kövkəblər edirlər necə tənvir,

Məsudların taleyini qılmada təsvir.
H.Cavidin də zülmət qaranlıqda – zindanda qalan qəhrə­manın pənahı pəncərədən görünən Aydır. Yaxud A.Şaiq də açıqca yazmışdır:
Zülmət gecələrdə saçaraq nurini, sansız,

Azmışlara hey göstərir o doğru siratı.

Dinlə məni ol rəhbərim, ey sevgili ulduz,

Olmazmı mənə göstərəsən rahi-nicatı?
Azərbaycan romantik poeziyasına kiçik bir ekskurs gecə­yə və bununla əlaqədar olaraq Ay və Ulduza romantiklərin müna­sibətini aydın göstərir. Bu münasibət romantiklərin daxi­lin­də yavaş-yavaş sevgiyə çevrilmiş, Demokratik Respublika dövründə isə daha parlaq görünməyə başlamışdır.

M.Hadi müxtəlif şeirlərində yazırdı:


Göylərdə qəmər, yerdə səhərlər yaşar.
Yaxud:
Ay doğmuş idi, yerləri etmişdi ziyadar.
Və yaxud:
Göylər yenə üslubi-qədimində dirəxşan,

Ulduzları həm şəşeyi-ülviyyəti-taban.
Və yaxud da M.Hadi «Qəmərə» adlı şeirini elə bu vaxtlar yazır.

A.Şaiq də «Ülkər» şeirində öz ənənəsinə sadiq qalır:


Sənədir ümidim, ey parlaq ülkər,

Mən də bir yolçuyam itkin, dərbədər.

Qurtuluş yolunu mənə də göstər,

Mələkdən, fələkdən uca sandığım.
Bizcə, romantiklərin gecə obrazına maraqlarının qüvvət­lən­məsi, xüsusilə Ay və Ulduza maraq Demokratik Respub­li­kanın rəmzlərinə olan marağın ifadəsidir.

Azərbaycan Demokratik Respublikası dövrü klassik Azər­baycan yazıçılarının bir çoxunda ciddi həyat idealının for­ma­­laş­ma­sına təkan vermişdir. Bu həyat idealının əsasını isə xal­qın, mil­lətin xoşbəxtliyinin hansı birlik formasında görül­məsi təşkil edir.

Cəlil Məmmədquluzadə üçün bu vaxtadək də bir çox məsələlər aydın idi. Bütün Şərqin taleyini düşündükdə belə böyük ədib Azərbaycan idealına xüsusi əhəmiyyət verirdi. Res­pub­lika dövrü bu məsələlərdə bir xeyli dərəcədə aydınlıq yarat­dı. C.Məmmədquluzadə Azərbaycan birliyinin tərəfdarı idi və 1918-1920-ci illərdə yazdığı bir sıra felyeton və məqalələrdə buna aydın işarələr vardır.

H.Cavid üçün də Respublika dövrünə qədərki mərhələ artıq bəzi məsələləri aydınlaşdırmışdı. Türkiyədə təhsil alan və bu müddətdə mütərəqqi türk ziyalılarının təsirində olan Cavid üçün bütün türk xalqlarına məhəbbətdən yüksək məhəbbət yox idi. Lakin bu ideyanın qəti təsdiqi məhz Demokratik Respubli­ka­nın yaranmasından sonra mümkün olmuşdur. Bu mənada «Topal Teymur» əsərinin finalını xatırlamaq yerinə düşər. Hə­min hissədə xalqları birliyə çağıran H.Cavid yüksək bəşəri ideya­nı təlqin edirdi.

M.Hadi yaradıcılığına və onun ideallarına gəldikdə isə uzun müddət onun hansı birlik formasına rəğbət bəsləməsi ay­dın nəzərə çarpmamışdır. Yeni mərhələdə romantik sənətkarın yazdığı «Qafqaz, ey sevgili, gözəl madər» misrası isə bu məsə­lədə müəyyən həqiqəti söyləmiş olur.

Beləliklə, xoşbəxt Azərbaycanı hər bir sənətkar özünə­məx­sus şəkildə təsəvvür edirdi. Bu mənada Ə.Haqverdiyevin də fikri maraqlıdır. O, «Quriziya» qəzetinin 1918-ci il 20 oktyabr nömrəsində özünün siyasi baxışını əks etdirən mək­tubunu çap etdirir. Onu musavat partiyasının üzvü kimi qələmə verən müəllifin fikrini təkzibə çalışan Ə.Haqverdiyev bildirir ki, «mənim Zaqafqaziya seymi üzvlüyunə namizədliyim «mu­sa­vat» partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir». Yazıçı həmçinin bildirirdi ki, o, «Hümmət» partiyasının da üzvü deyil və yalnız onun nəşrlərində iştirak edir. Nəhayət, Ə.Haqverdiyev öz siyasi mövqeyini belə bildirir: «Mən həmişə sol sosialist partiyalara rəğbət bəsləmişəm və indi də o fikirdəyəm, çünki xalqımın xoşbəxtliyini həmin parti­yaların proqramlarının həyata keçirilməsində görmüşəm».

Aydın olur ki, Ə.Haqverdiyev də Azərbaycanın gələcəyi üçün hər hansı birlik formasını deyil, müəyyən siyasi partiya­nın aparıcılıq mövqeyinə qalxmasını zəruri hesab edirdi.

Bütün bunlar Azərbaycan Demokratik Respublikası döv­rün­də klassik Azərbaycan yazıçılarının siyasi baxışları barədəki həqiqətlər idi.

Məlum məsələdir ki, Azərbaycan romantikləri bəşəri kə­dər­­lə sıx əlaqədardırlar. Həmçinin bu bəşəri kədər roman­tikləri bütün ömürləri boyu müşaiyət etdiyi üçün Demokratik Res­publika dövründə də bunun izlərinə rast gəlmək çətin deyil­dir və bəlkə də, qanunauyğundur. Belə bir cəhət M.Hadinin «Aydınlıq bir gecədə təfəkkür dəqiqələri» şeirində aydın duyulur:
Göy parlaq ikən, torpağın övladı qaranlıq,

Güllər gülüyorkən, bəşərin gözləri ağlar.

Baxdım qəmərə, ulduza, baxdım mələkuta,

Qərq oldu bütün varlığım emaqi-sükuta.

Yaxud «Azərbaycan» qəzetində çap olunan «Həyati-hazi­rəmizin ilhamları» şeirində şair gələcəyə tam ümidsizdir:


Məzlum bəşəriyyət yenə avareyi-aləm,

Avareyi-aləm, əvət, avareyi-mütləq,

Olmaz bu təbiətlə kəmalata müvəffəq.

Hadinin insanın özünə də yazığı gəlirdi:

Nəsibi-həstiyi-ömrün müsibətdən ibarətmi?

İrindən, çirkindən, qandan, fəlakətdən ibarətmi?

(«Ey zavalı bəşər»)


Beləliklə, bu vaxtlar böyük iftixarla «istiqbalımız parlaq­dır» deyən Hadi indi çox-çox ehtiyatlıdır. Eyni zamanda, klassik Azərbaycan yazıçılarının bu dövr yaradıcılığı onların müəyyən bir təhlükəni də duyduqlarını ifadə edir.

Yeri gəlmişkən qeyd edək Ki, Azərbaycan romantiklə­rinin realist müasiri Cəlil Məmmədquluzadə də həmin təhlü­kəni hiss edirdi. Belə ki, Cəlil Məmmədquluzadə bu dövrdə özü­nün məşhur əsərini – «Anamın kitabı» pyesini /1919/ qələ­mə aldı. Bizim elmi ədəbiyyatşünaslıqda bu əsər barədə çox deyilib, çox yazılıb. Lakin həmin əsərin məhz hansı dövrdə yazıl­ması, Demokratik Respublika dövlət quruculuğu ilə əla­qəsi öyrənilməmişdir.

Məlumdur ki, C.Məmmədquluzadə bütöv Azərbaycan ideyasını müdafiə edirdi. O, bu fikri elə həmin vaxtlarda yaz­dığı «Azərbaycan» məqaləsində aydın göstərmişdi. «Bir tərəf­dən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbay­canı­nı… bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmə­lə gətirəsiniz». Ədib məhz bu müstəqil Azərbaycan hökumə­tinin yarana bilməyəcəyi təhlükəsini də açıq görürdü. Onun «Anamın kitabı»nda yaratdığı üç qardaşın obrazı bunu dəqiq şəkildə ifadə edir. Peterburqda oxumuş Rüstəm bəy, Nəcəfdə təhsil almış Mirzə Məmmədəli və İstanbulda elmi biliklərə yiyələnmiş Səməd Vahid ayrı-ayrı, hətta bəzən bir-birinə tam zidd olan arzularla yaşayırlar. Bu cür ayrıseçkilik isə təbii ki, cəmiyyətin özünə ziyan idi. Hətta nəzərə alsaq ki, onların hərə­si bacıları Gülbaharı öz psixologiyalarına uyğun olan adama ərə vermək istəyirlər, onda məsələ bir az da mürək­kəbləşir. Yəni bu adamlar öz arzularına müqabil istiqamətlərdə iş də görmək istəyirlər. Bu isə artıq müxtəlif düşüncə tərzi deyil, müxtəlif, bir-birinə zidd fəaliyyət sahəsi idi.

C.Məmmədquluzadə acı-acı başqa bir ideyanı da qüvvətli şəkildə ifadə edirdi. Bu da ondan ibarət idi ki, birləşə bilməyən qardaşları Senzor birləşməkdə ittiham edirdi: «Siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslimin cəmiyyətində iştirak edəsiniz». Amma Gülbahar isə tamamilə başqa bir fikir və demək olar ki, həqiqəti söyləyir: «Nə səbəbə, axır, hamı bir tərəfə getmir?» Bax əsl sual bu idi. Necə deyərlər, bu sual həm­çinin Azərbaycan Demokratik Respublikasının gələcəyi barə­sində verilən sual idi. Ümumiyyətlə, «Anamın kitabı» pyesində birləşmək azadlığı kimi mühüm bir ideyanı ifadə edən C.Məm­mədquluzadə öz nigarançılığı ilə də böyük şəxsiyyət idi.

Romantik sənətkar H.Cavidin də yaradıcılığında eyni təhlükənin əks-sədası özünü açıq şəkildə büruzə verirdi. Bu illərdə o, özünün məşhur əsərini – «İblis» faciəsini yazdı. Şüb­həsiz, belə bir fakta təsadüf kimi baxmaq olmaz ki, İblis obrazı məhz Demokratik Respublika dövründə Cavid yaradıcılığına daxil olur. Böyük romantik ədib müstəqil dövlət quruculuğuna İblisin hər hansı yolla mane olacağını hiss edirdi. Pyesdə İblis nəyin bahasına olursa-olsun Arifi öz tərəfinə çəkmək, bununla da işığı məhv etmək niyyəti ilə fəaliyyət göstərir. Sözlə buna nail ola bilmir, sonra altun və qurşun təklif edir, daha sonra isə ondan ürəyini istəyir. Bütün bunlar mümkün olmadıqda şəraba əl atır. Şərab hər şeyi həll edir, İblis öz çirkin niyyətinə nail olur. H.Cavid həmin dövrdə xalqın xoşbəxtliyinə mane olan İblisi görür və göstərirdi.

C.Məmmədquluzadə xalqın özünün parçalanmasında, H.Ca­vid isə iblisanə qüvvənin bu xəyanətkar işdə fəal rol oynamasında böyük bir fəlakətin yaxınlaşmağını tam aydınlığı ilə hiss etmişlər.


1991
1   2   3   4   5   6   7   8   9   10   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə