Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə6/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

ƏDƏB VƏ MƏRİFƏT DƏRSİ
Rəşid bəy Əfəndiyev (1893-1942) Azərbaycanın görkəm­li maarifçi yazıçılarından və pedaqoqlarından biridir. Keçən əsrin axırlarından başlayaraq, onun yaradıcılıq fəaliyyəti bütöv­lük­də xalq işinə həsr edilmişdir. R.Əfəndiyev Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuş və orada həm müəllimlik peşəsinə yiyələnmiş, həm də yazıçı-dramaturq kimi fəaliyyətə başlamışdır.

Böyük ədibimiz M.F.Axundov Rəşid bəy Əfəndiyevin hə­yat və sənət müəllimi olmuşdur. Onun bədii yaradıcılığı da, pedaqoji fəaliyyəti də, bütövlükdə vətəndaşlıq qüruru da M.F.Axun­dovun əsərlərindən və məsləhətlərindən güc almışdır.

R.Əfəndiyevin bir-birinin ardınca yazdığı «Qan ocağı», «Tiflis səfərləri», «Saqqalın kəraməti», «Qonşu qonşu olsa, kor qız ərə gedər», «Pul dəlisi», «Bir saç telinin qiyməti» pyesləri öz dövrü üçün kifayət qədər aktual olan məsələlərin təhlilinə həsr edilmişdir. Onun dramaturgiyası Azərbaycan dramatur­giya tarixinin müəyyən keçid səhifələrindən biri hesab edilmə­li­dir. Belə ki, M.F.Axundovun, N.B.Vəzirovun, Ə.B.Haqverdi­ye­vin öz əsərlərində qaldırdığı problemlər R.Əfəndiyevi də düşündürmüş, narahat etmişdir.

Mollaxanalar və həyatın ümumi axarından geri qalmış ailə münasibətləri dramaturqun tənqid hədəfləri olmuşdur. Mol­lalar, hacılar, məşədilər, nadan və kütbeyin bəylər onun əsər­lərində məsxərəyə qoyulmuş və ifşa edilmişlər.

P.Əfəndiyev ədəbiyyatın vəzifəsindən danışanda həyat meyarını əsas və başlıca amil kimi götürür. O, epiqonçuluğu tənqid edərkən yazır: «Köhnə» səpkidə intişar olan əşarın – tərif və təəssüfləri dəxi təbii əhvalə müğayir olduğundan oxu­yan kəsə kəsalət və nifrət gətirəcəkdir… «Tazə» səpkidə yazıl­malı asarın ümdə şərti budur ki, şair təbii halında bir mətləbi və ya bir hadisəni qələmə alıb… Həmin əhvalı məişətimizə uyğun nəzmə çəksin».

Yazıçıya görə təbii əhvali-ruhiyyəni əks etdirməyən əsər süni və qondarmadır. R.Əfəndiyev yeni məzmunlu ədəbiyyat o ədəbiyyatı hesab edir ki, orada xalqın həyatı öz əksini tapmış olsun. «Məişətimizə uyğun nəzmə çəkmək» fikri də məhz bu mülahizədən doğmuşdur ki, R.Əfəndiyevin, demək olar, bütün pyesləri həmin tələbə cavab verir.

R.Əfəndiyev Azərbaycan pedaqoji fikir tarixində ilk dərslik yaradan müəlliflərdəndir. Onun «Uşaq bağçası» dərsliyi məşhur «Vətən dili» dərsliyindən sonra mühüm əhəmiyyətə malikdir. R.Əfəndiyevin dərslik yaratmaq cəsarəti böyük bir işin başlanğıcı olmuş və o, özü də bu işi müxtəlif formalarda davam etdirmişdir.

Böyük maarifçi-pedaqoqun 1901-ci ildə çap etdirdiyi «Bəsirətül-ətfal» («Uşaq gözlüyü») dərsliyi isə geniş əks-səda doğurmuşdur. Xatırladaq ki, bu dərslik dalbadal bir neçə dəfə nəşr olunmuşdur. Üzərində «Savadsız bir adam aydın oxuyar, yazar» sözləri yazılmış «Bəsirətül-ətfal» uşaqların maraqlarına və düşüncə tərzlərinə uyğun şəkildə tərtib edilmişdir.

Dərslikdəki kiçik həcmli mətnlər təbiət, cəmiyyət və heyvanat aləmi haqqında müəyyən biliklər verir. Müəllif torpa­ğın əhəmiyyətindən danışır, uşaqlarda ana torpağa və doğma vətənə məhəbbət hissləri tərbiyə edir. Quşların mənfəəti sadə dildə nəşq olunur, eyni zamanda, ev quşları haqqında zəruri məlumatlar nəzərə çatdırılır.

«Pişik», «İt», «İnək», «Bal arısı», «Barama qurdu» və baş­qa yazılarda uşaqlarda xüsusi maraq oyadılır. Adamların hər gün təmasda olduğu pişik, it və inək barədəki söhbətlər diqqəti cəlb edir.

Dərslikdəki bəzi mətnlər isə təbiətin və kainatın bir çox sirlərinin açılmasına həsr olunmuşdur. Üfüq və cəhətlər, gün, ay və ulduzlar, hava, çən və duman haqqındakı məlumatlar uşaq­ların təfəkkürünü yeni biliklərlə zənginləşdirir. Bədii əsər­ləri ilə cəmiyyətdəki geriliyi, ətaləti, nadanlığı və mövhumatı tənqid edən yazıçı kainatın bəzi hadisələri barədəki izahları ilə uşaqları hələ ilk yaşlarından ayıltmağa və həyatın real tərəf­lərini qavramağa meylləndirirdi. Məsələn, belə bir cəhəti xatır­ladaq ki, adamlar uzun illər boyu ayın və günün tutulmağından qorxuya düşmüş və bu hadisələrə dini don geyindirmişlər. Bu mənada R.Əfəndiyevin dərslikdə günün və ayın tutulması barədə ətraflı danışması, hətta onların əyani olsun deyə, şəkillə­rinin də verilməsi uşaqlarda elmi dünyagörüşün formalaşma­sında ciddi əhəmiyyətə malik idi. Elmə belə üstünlük verən yazıçı «Elm tükənməz xəzinədir» adlı bir hekayə də yazmışdır ki, orada deyilir: «Elm tükənməz bir xəzinədir. Bu elə bir xəzinədir ki, onu sandıqda qoyub qaravul və gözətçi olmağı və hesab saxlatmağı istəməyir. Elə bir dövlətdir ki, onu ya itirmək olmaz və ya oğurlatmaq mümkün deyildir. Bu əsrdə onun qədri və qiyməti hər bir şeydən alidir. Çünki elm bu halda puldan və parədən zəngin, topdan və tüfəngdən ötgün, xəncərdən və qılıncdan kəskindir. Nəcabət və hörmət bu halda o kəsdədir ki, onun mükəmməl surətdə elmi və məlumatı vardır».

Dərslikdə R.Əfəndiyev öz yazdıqları ilə bərabər, müəy­yən tərcümələr də vermişdir ki, bunlar şagirdlərin beynəlmiləl tərbiyəsində xüsusi rol oynayır. İ.A.Krılovun «Kəndli və ilan», «Qurd və pişik» təmsillərinin, A.S.Puşkinin «Bağçasaray çeş­məsi» poemasından müəyyən bir parçanın təqdimi həmin məqsədə xidmət etmişdir.

P.Əfəndiyev «Bəsirətül-ətfal» dərsliyində və ayrı-ayrı məqa­lələrində Azərbaycan ədəbiyyat tarixi, ədəbiyyat nəzəriy­yəsi və ayrı-ayrı klassiklər barədə qiymətli mülahizələr də söy­ləmişdir. Onun aşağıdakı fikirlərini özünün bədii yaradı­cılığı üçün əsas deviz də hesab etmək olar: «Yazı yazdığımız vaxt hər şeydən əvvəl hissiyyata tabe olmaq lazım gəlir. Belə olma­dığı surətdə yazılmış kəlamın insanın qəlbinə təsiri olmaz. Çün­ki yazı insanın qəlb dilidir və yazı vasitəsilə başqasının hissiyyati-qəlbisini oyandırmaq və mütəəssir eyləmək hər bir ərbabi-qələmiyyənin əsərinin ləvazimatındandır».

Yaxın ikinci bir mülahizəyə diqqət edək: «Şüəra tayfası­nın qəlbi ünsiyyət elədiyi dairənin əksi və sükunət etdiyi məhəllənin ayinəsi hesab olunur. Şairin nitqini guya edən və qələ­mini təhrikə gətirən məhz zühura gətirdiyi əsərə xəlayiq tərəfindən söylənən təhsindir. Xalq həcvə təhsin eləsə, şair həcvgu olacaqdır, eşqbazlığa afərin desə, şair aşiq olub qaraqaş və qaragöz sənəmlərə asarını münhəsir qılacaqdır». Qəlbin tələbi ilə hərəkət etmək və yazılan əsəri həyatın aynasına çevir­mək tezislərini R.Əfəndiyevdən sonra bir çox yazıçı və tənqid­çilər də müdafiə etmişlər.

R.Əfəndiyev bədii yaradıcılıqda məcburiyyətin tam əley­hinə idi. Yaradıcılıq azadlığı məsələsi onu daha çox düşün­dürürdü: «Şairə bir mətləbi əndazə üzrə yazdırmaq olmaz. Ona heç vaxt demək olmaz «nə üçün filan şeri yazıbsan, onun əvəzində filan məzmunda şer yazaydın». Bundan ötrü şairi müttəhim etmək heç rəva deyildir». Bunlar öz dövrü üçün son dərəcə maraqlı və mütərəqqi fikirlərdir. Məhdudiyyət qoyu­lu­şu, bədii fikir və düşüncəni buxovlayan amil kimi tənqid edilir.

Bu mətləblərin davamı kimi yazıçının aşağıdakı mülahi­zəsini də nəzərdən keçirmək maraqlı olar: Ədəbiyyatı anlamağa və özgəsini qandırmağa fikir lazımdır… Fikirsiz danışılmış söz və yazılmış kəlamın və hüsnü var?». Tam aydınlığı ilə təsdiq olunur ki, R.Əfəndiyev öz estetikasında həqiqi və təsiredici sənətin tərəfdarı idi.

R.Əfəndiyev bədii yaradıcılığın qanunauyğunluqlarını obyektiv prinsiplərlə təhlil etdiyi kimi, yazıçı istedadı barədə də müəyyən nəticələrə gəlmişdir. Ümumiyyətlə, o dövr üçün belə bir cəhət son dərəcə səciyyəvidir ki, tənqidçi və yazıçıların əksəriyyəti istedad barədə mülahizələr söyləyirdilər. Hətta bəzi ədiblərin istedada xüsusi qiymət vermələri onları idealist kon­sep­siyaya doğru aparırdı. Konkret olaraq, R.Əfəndiyev istedad anlayışını bütöv götürür və onu hərtərəfli izah etməyə çalışırdı: «şairin təbiəti-şeriyyəsi bərabər bir ağaca bənzər ki, onda əmələ meyvələrin çürümü də, qurtuluşu da, kalı da, dəymişi də olmuş ola. Ancaq o, ağacın meyvəsini dərib təmiz edən əshabi-məri­fətin səliqəsinə mövqufdur ki, o meyvənin ən əla və ən abdarını seçib xiridarına tərif və təqdim eləsin».

R.Əfəndiyev ədəbiyyat işinə də pedaqoji iş kimi vətən­daş­lıq səviyyəsindən yanaşırdı. Onun nəzərincə ictimai həyat­dakı müəyyən irəliləyişlərə də ədəbiyyatla nail olmaq müm­kündür. R.Əfəndiyevin belə nəticəyə gəlməsi onun maarifçilik görüşləri ilə bağlı olmuşdur. Bu mənada ədib yazır: «Hər bir şairimiz əsari-qələmlərini təxsis və təmiz edib elə bir hala gətirməlidir ki, ondan ancaq ədəb və mərifət dərsi alınsın».

R.Əfəndiyevin həyatı, müəllimliyi və bədii yaradıcılığı, sözün həqiqi mənasında, ədəb və mərifət dərsi olmuşdur.
1989

HADİ KƏDƏRİ
Klassik poeziya və kədər! Ağıllı düşünən hər kəs, bunu görməkdə, duymaqda çətinlik çəkə bilməz. Romantizmdə də kədər var və elə ədəbiyyat tarixində romantizmin tarixi möv­qe­­lərindən biri onunla ölçülüb ki, o kədəri – dünya kədəri sə­viy­yəsinə qaldırmışdır. Hüqo, Şelli, Bayron da, Puşkin, Ler­man­tov da, Hadi də dünya kədəri ilə yaşamışlar.

Hadinin yaşadığı dövr (1879-1920) ziddiyyətlərin keş­mə­keşlərin hər tərəfə kölgə saldığı zaman idi. Bəlkə də bu mü­rəkkəbliyin təsirindən şair yazırdı:


Cahanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?

Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Göründüyü kimi, Hadi sənət aləminə düşündürücü sual­lar verə-verə daxil olur. O şeirin mayasında kainat, yaradılış, ilkinlik məsələləri var. Bir də Hadi üçün onların sehrli qiya­fəsi! O şeirin ahəngində bu sehrdən, bu sirdən doğan Hadi kədəri var.

Əslində kədər başdan-ayağa qara geymək, uzun-uzadı göz yaşı axıtmaq deyil. Kədər əllərini dizinə qoyub səhərdən-axşamadək düşüncələrə dalmaq da deyil. Hamıdan küsmək, həyatdan əl üzmək, bədbinliyə qapılmaq! – Hələ bəlkə bunlar da kədər deyil.

Kədər yanğıdır, iztirabdır, duyumdur!

Hadi, kiminsə fərqinə varmadığı, «torpaq üstünə səri­lən» bir quşun taleyinə acıyır:


Yetməmiş arzuya biçarə

Yaxanı verdi dəsti-bidadə.

Yoxmu bir əl uzansın imdadə,

Eyləsin bu səfilə bir çarə?!
Burada Hadi kədəri köməksizlikdən, köməklə bağlı is­tək­dən, arzudan doğan kədərdi. Burada yalnız quşun taleyi dü­şünülmür, şair dövründəki yüzlərlə, minlərlə kimsəsiz ac-yalavac insanların tənhalığına, təkliyinə yanır.

Hadinin kədəri özünün çətin şəraitdə, çətin güzəranla yaşa­masında, yaxud bir tanışının, bir yaşıdının dilənçi kö­kündə olmasında deyil. Hadinin kədəri istədiyi bir qıza qovu­şa bilməməsində, yaxud bir quşa yas saxlamasında da deyil. Hadinin kədəri həm də bunların hamısında, bunların vahidli­yindədir və bunlardan qida ala-ala, şəxsi çərçivələri aşa-aşa yaranan dünya kədəridir.

Bu kədər hər şeydən qabaq şairin romantik arzu və istəklərinin, xəyallarının mühitin darlığına sığa bilməmə­sin­dən yaranmışdır. Hadi öz poeziyasının bütün gücünü, bütün qüvvəsini insanların səadəti, xoş gələcəyi üçün mübarizəyə yönəltmişdir. Lakin bu mübarizə Hadi kədərinə bürünmüşdü və elə kədər içində də nəfəs alırdı.

Digər tərəfdən bu kədərin bir ucu «Dad istibdaddan!» naləsi ilə başlayırdı:


Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,

Olduq əsiri pənceyi-qəhru müsibətin!
Hadini ən çox narahat edən əzənlərin hökmüydü. O, bütün əzabların günahını şəxsiyyətlərdə görür, onların sub­yektiv fəaliyyətində axtarırdı. O yazırdı:
Hər kimsə öz mənafeyi-şəxsiyyəsin arar.

Əshabi-fərq olmada qurbanı zillətin.

Hadi kədərlidir. İstibdad elm adamlarını da özünə qur­ban etməkdədir, elm məhv olur. Bu zaman isə (1907-ci il) elə vaxtlar idi ki, romantiklər ürəklərinin odu ilə elmə, maarifə sığınmışdılar. Əsl nicatı, xoşbəxt gələcəyi elmin inkişafında görən Hadi üçün bu misraları yazmaq nə qədər ağır, nə qədər dəhşətli idi.

Hadi kədərinin kökləri yerdədir. Onun bütün rişələri insanların ürəyindən gəlib keçir. Bəlkə, elə insanların ürəyin­dən başlayır. Şairin «İçində» rədifli şeirinin bəzi beytləri bir-birinə oxşayır, bir-birini tamamlayır, lakin bununla bərabər onu da demək olar: hər beyt bir kədərdir!
Hürriyyəti-vicdan ki, deyirlər adı var,

Ol huri dərağuş elə röyalar içində.
Yaxud:
Qəbrimdə açan gülləri seyr et, a şükufəm,

Könlüm dağıdır laleyi-həmralar içində.
Şair dərd çəkir, iztirab çəkir. Hansı tərəfə dönürsə, ora­da istədiyi həqiqəti tapa bilmir. Lakin olan hər şey – röyalar, xülyalar, səhralər, cənnəti-ülyalər, mövtalər, zuzalar içindədir. Bu kədər – vətən kədəridir, millət, xalq, insan kədəridir! Bu kədər – azadlıq kədəridir, ədalət, həqiqət, sevgi kədəridir! Bu kədər – dünya kədəridir!

Hadi bir az sakitləşmək, təsəlli tapmaq üçün yerdən ayrı­lır, üzünü ulduzlara, göyə doğru tutur. Lakin baxın ki, Hadi romantizmi burada nə qədər güclüdür:


Kövkəblər! Ey səmani müzəyyən qılan nücum,

Etmişmidir o yerlərə də seyli-qəm hücum?..

Sizlərdə də bəşər kimi qəddar varmıdır?

Qan tökməyə həris, sitəmkar varmıdır?
O, həmin aləmdə də hər şeyin yerbəyer olmadığını de­mək istəyir və buna inanır:
Zənnim budur ki, sizdə də xunxar yox deyil,

Can almağa şərirü cəfakar yol deyil.
Bax budur, Hadi qəzəbinin, Hadi kədərinin zirvəsi. Əs­lində Hadinin yerlə bağlı kədəri o qədər böyümüşdür ki, bu kədərin ucları ulduzlara gedib çıxmışdır. Əslində başdan aya­ğa kədərə bürünən Hadi hər şeydə zülm, əzab görməliydi, kədər görməliydi. O, bunu çox uzaqlara, ulduzlara aparıb çı­xar­dı və özünün dünya kədərini daha da yerə, dünyaya, cahana bağladı.

Hadi kədərinin nüvəsində, bütövlükdə Şərq aləmi da­yan­mışdı. Doğrudur, o, «yazuq millət» deyirdi. Lakin bu və buna bənzər ifadələr arxasında yalnız bir millətin taleyi da­yanmırdı. Qərb və Şərq müqayisələrində Hadi kədəri çox böyükdür. O, Qərbdən danışanda, Qərbi ideallaşdıranda, bəlkə də, daha artıq Şərqin taleyini düşünürdü. Hadinin bu müqa­yisələrdəki kədəri məhz Şərqi uca görmək, onu əsarət­dən, zülmdən, əzabdan qurtarmaq arzusundan, istəyindən doğurdu. Həm də Birinci Dünya müharibəsinə qədər qərb həyatının tilsimində qalan Hadi, bundan sonra Qərb üçün kədərlənməyə başladı. Bu yolda Hadinin Şərqlə bağlı kədəri uzanıb Qərbə getdi. Qərbi də bürüdü. Müharibə, vuruş və qanla bağlı olan Hadinin dünya kədəri həqiqi mənada Bayron ölçülərinə uyğun gəldi. Bu o deməkdir ki, yaradıcılığının ilk mərhələsində do­ğu­lan Hadi kədəri əsl dünya kədərinə çevrildi və yaradı­cılığının sonuna qədər davam etdi.

1918-ci ildə yazdığı «İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah» poeması isə sübut edir ki, Hadi artıq hər şeyi öz şəklində görür, yalanın və həqiqətin nə olduğunu dərk edir və yenə də:
Göy altında, yer üstündə, bəşər bir canlı matəmdir.

Bu bədbəxt adəmin vəziyyəti pak qəmli görkəmdir –
fikrində qalır.

Dünya kədəri Hadi yaradıcılığında bir də o zaman qüv­vətlənir ki, bəşər onun şeirlərinə məhz açıq obraz, canlı obraz kimi daxil olmağa başlayır. Romantik şair həmçinin fürsət tapıb elə buradaca bəşərlə bağlı klassik konsepsiyasını elan edir. «Beşikdən məzara qədər bəşərin əhvalı» şeirində yazır:


Zənciri – təbisi kəsildi, bələyorlar,

Bir iplə dəxi qundağı qat-qat sarıyordular.

Zəncirə çəkirlər çocuğu doğduğu saət,

Aya nə günah etdi bu növbareyi-ismət?!
Hadi bir körpənin günahsızlığı müqabilində düçar oldu­ğu əziyyətləri sadalayır, uşağın bələnməsinə dərin ictimai-fəlsəfi məna verir və daha çox ona görə narahat olur ki, bu minvalla uşağa «əsarət öyrədilir».

1917-ci ildə yazdığı «Bəşər», 1919-cu ildə yazdığı «Ey zavallı bəşər» şeirlərində də şair yenə kədərdən əlini üzə bilmir. Onun sonuncu şeirdə verdiyi:


Nəsibi-həstiyi ömrün müsibətdən ibarətmi?

İrindən, çirkdən, qandan fəlakətdən ibarətmi? –
sualları artıq «Bilməm ki?» suallarına bənzəmir. Burada anla­mamaqdan doğan yox, təsdiqi məhz özündə olan bədii sual var! Burada bir növ əqli acizlikdən yaranan yox, göz qarşı­sında olan, duyulan, insanı yandıran sual var! Hadi bu kon­kret­liyə o zaman gəlib çıxır ki, artıq «parlaq istiqbal»ın vaxtı ötmüşdür.

«İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah» poe­ması isə əvvəldən-axıradək kədər motivləridir. Burada geniş mənada bəşərin, dünyanın taleyi var. İndi artıq söhbət fərd­dən, xalqdan, millətdən deyil, dünyadan gedir. Dünyanın başı­na gətirilən tragizm şairin poemasında bədii predmetə çevrilir. O yazır:


Bəşər! Bədbəxtsən, giryan, pərişan bir həyatın var.
Və ya:
Bəşər! Alçaq həyatın var, əgərçi şahbalın var.
Və yaxud:
Bəşərdə qəlb var – derlər, görəydim mən də ol daşı.
Bütün bunlarda və onlarca belə misralarda Hadi bəşəri ittiham edir. O, artıq qan-qada törədən insana inanmır. Onun insana qarşı olan şübhəsi öz zirvəsinə çatır. Bu şübhə arxa­sında Hadinin kəskin nifrəti dayanmışdır, çünki o, yaxşı bilir ki, insan ağlı məhdud deyil və bu ağıl hər şeyi yerinə qoya bilər. Hadi şübhəsinin mənbəyini şairin özünün insan ağlına dərin inamında axtarmaq lazımdır.

O yazır:
Bu yer qansız olurmu?



Əqldən sordum, cavab iştə: -

Bunu dərk etmədinmi tiği – cəlladı görən gündən,

Yer oğlu xəstədir, qandım, qan almaq lazım olmuşdur, -

Qədimi adət ilə, hali-fəssadı görən gündən.
Hadi xəstə adamdan qan almaq kimi qədim adəti – tibbi tələbi xatırladaraq onun dövrün faciəsi ilə əlaqələndirir və sənətkarlıqla dünya kədərini dərinləşdirir.

Lakin bütün bunlara baxmayaraq, romantik Hadidə özünəməxsus nikbinlik var. Hadidəki dünya kədərinin mühüm mənası, onun siqləti də şairin təsvir etdiyi tragizm daxilində parlayan nikbinlik, gələcək eşqidir!

O, şeirlərinin birində yazır:
Gördüm, ölümü xahiş edənlər züəfadır,

Qüvvətlilər istər yaşamaq min sənəvatı.
Hadi ümidlidir. Onun romantizmdən gələn bu ümidi, bu inamı Hadi poeziyasını yüksək səviyyəyə qaldırmış və bu poeziya indi belə öz vətəndaşlıq xarakterini itirməmişdir.

Hadinin dünya kədəri öz millilik zəminində yüksəlmiş, bütün bəşərin taleyi ilə qovuşmuşdur.

Hadinin dünya kədəri məhəlli, məhdud çərçivəni aşma­sı, coğrafi sərhədləri genişləndirməsi ilə yox, insanın, fərdin daxili, mənəvi təbəddülatı, əzabı ilə uyuduğuna görə əsl dünya kədəri, dünya boyda kədəri – romantik kədərdir.
1979

A.SƏHHƏT ƏSƏRLƏRİNİN YENİ NƏŞRİ
Sovet dövründə klassiklərin nəşrinə maraq genişlənmişdir. Belə klassiklərdən biri də Abbas Səhhətdir.

Doğrudur, ilk dəfə 1935-ci ildə, sonra isə 1950-ci ildə A.Səh­hətin «Seçilmiş əsərləri» çapdan buraxılmışdır. Lakin bun­lar şairin irsini bütövlükdə əhatə etmirdi. Nəhayət, birinci dəfə­dir ki, A.Səhhətin «Əsərlər»i (tərtib edəni, müqəddimə və qeyd­lərin müəllifi K.Talıbzadə, redaktoru Ə.Mirəhmədovdur) küll halında çap olunmuşdur.

25 ildən artıq bir müddətdə bu işlə məşğul olan prof. Kamal Talıbzadənin yeni nəşrin meydana çıxmasında böyük rolu vardır. O, səbir və inadla, böyük zəhmət və vətəndaşlıq ehti­rası ilə A.Səhhətin əsərlərini axtarmış, araşdırmış və onları klassik irs kimi oxuculara çatdırmışdır.

«Əsərlər»in I cildində şerlər, satiralar, mənzum məktub­lar, hekayələr, pyeslər, II cildinə isə məqalələr, tərcümələr və nəhayət A.Səhhət haqqında müasirlərinin xatirə və qeydləri daxil edil­mişdir. Burada hər şeydən qabaq, xronoloji prinsip gözlənil­diyinə görə, əsərlərin oxunuşu zamanı müəyyən təəssüratları sis­tem­ləşdirməyə imkan yaranır. Bu, A.Səhhət yaradıcılığının yük­sə­lən xətlə inkişafını şərtləndirir və müəyyən elmi nəticələrə gəl­mək üçün zəmin yaradır. Diqqətlə baxılsa, 1898-ci ildə yazılmış «Şeyx Sədi» (səh.7) və «Xacə Hafiz» (səh.8) şerləri ilə 1912-ci ildə nəşr olunmuş «Yay səhəri» («Od tutub qırmızı atəşlə yenə yan­dı üfüq») şeri (səh.76) arasındakı fərqləri asanca müəyyən­ləş­dirmək olar. Başqa sözlə, bu ədəbi faktları müqayisə etsək, A.Səhhət yaradıcılığında keçmişə müraciətdən bugünkü həyatın dər­kinə, gözəl gələcək axtarışlarına doğru yönələn meyli görərik.

II cilddə verilmiş tərcümələr də xronoloji prinsip əsasında kitaba daxil edilmişdir. Lakin maraqlı cəhət orasıdır ki, burada müəlliflik mövqeyi ön plana keçdiyi üçün xronologiya daha çox ayrı-ayrı müəlliflərə aid hissələrdə mühafizə edilmişdir. Bunun üçün M.Y.Lermantov (səh.86-127) və A.S.Puşkindən (səh.131-139) edilmiş tərcümələrə nəzər yetirmək kifayətdir. A.Səhhətin XX əsrin əvvəllərindəki tərcüməçilik mövqeyi ədəbiyyat tarixi­nin mühüm hadisələrindəndir. Yeri gəlmişkən onu da deyək ki, A.Səhhət öz istək və arzularına, romantik ideallarına uyğun gələn şeirləri seçib tərcümə etmişdir. Rus ədəbiyyatında bu cür romantizm istiqamətini tərcüməçilik fəaliyyətində əsas götürüb Jukovskinin davamçısı kimi çıxış edən şair, bəlkə də məhz buna görə «İkinci Jukovski» (A.Şaiq) adlandırılmışdır.

«Əsərlər»dəki tərcümələrin əsas mənbəyi 1912-ci ildə çap olunmuş ikicildlik «Məğrib günəşləri» kitabıdır. Həm də yeni nəşrə XX əsr mətbuatında dərc edilən tərcümələr də daxil edil­mişdir. Lakin maraqlı burasıdır ki, müəllif «Məğrib günəşləri»ni, əsasən, şeirlərin mövzularına görə tərtib etmişdir. Məsələn, həmin kitabın I cildində diqqət edilsə, görünər ki, yay, payız, qışa aid şeirlər ardıcıl verilmişdir (səh.16-33). Yeni nəşrdə isə tər­cü­mələrin miqyası genişləndiyi üçün mövzular nəzərə alınma­mış, müəlliflər diqqət mərkəzinə keçirilmişdir.

Yeni nəşrdə indiyədək kitablara salınmamış əsərlər də toplanmışdır. Bunlardan daha çox diqqəti cəlb edəni satiralardır. Bütün əvvəlki nəşrlərdə bu şeirlərə təsadüf edilmir. Son dövrlər­də müəyyən olunmuş bu əsərlər «A.S.» və «Şeyx Şeypur» imzaları ilə çap edilmişdir. Yeni tapılmış bu şeirlər öz tənqid hə­dəf­ləri və kəskinlikləri ilə diqqəti cəlb etməkdədir. «Orucluğun proqramması», «Üxüvvət, məktəbi», «Çox yaşa», «Teleqraf gün­də verir xalqa xəbər» və s. satiraları çox maraqla oxunur. Mü­qəd­dimədə deyildiyi kimi, «Zənbur» və «Kəlniyət» jurnalla­rında çap olunan satiralarda «qazanc dalısınca qaçan ocaqlarının bağlanmasına qol qoyan, beş-on kəlmə əcnəbi söz öyrənib xarici mədəniyyətlər qarşısında səcdə qılaraq, milli mədəniyyətə xor baxan məsləksiz, qeyrətsiz ziyalılar, «müsəlman ürəfaları», «alim­nümalar» Səhhətin amansız qəzəbinə səbəb olurlar» (I c., səh.XXII).

Həm də bu satiralar A.Səhhət yaradıcılığının təhlilini yeni faktlarla zənginləşdirir. «Kəlniyət» jurnalının 9 dekabr 1912-ci il 29-cu nömrəsində dərc edilmiş «Şeir yaxud mer» əsəri (I c., səh.138-139) şairin sənətə baxışının ardıcıllığını, sistemliliyini bir daha sübut edir.

Doğrudan da, A.Səhhətin yeni satiralarını ədəbi ictimaiy­yət, tənqid tərəddüd etmədən qəbul etdi. Çünki mollanəsrəd­din­çilərlə yaxınlıq edən, Sabirə böyük rəğbət bəsləyən, nəzəri fikir­lə­rində satiranı yüksək qiymətləndirən və məlum olan bir neçə satirik şerin müəllifi A.Səhhət təbii ki, bu formaya geniş müra­ciət edə bilərdi.

A.Səhhətin «Ey könül, yatmagilən, dur gözünü aç, bidar ol» (I c., səh.9-10) və «Ey vətən, getmə ki, əldən gedəriz» (I c., səh.23) şerləri də ilk dəfədir ki, kitaba daxil edilmişdir. Birinci şeir «şərqi-Rus» qəzetinin 3 mart 1904-cü ildə 25-ci nömrəsində dərc edilmiş və şairin ilk mətbu şeri kimi maraq doğurur. İkinci şeir isə Sabirin «Ləbbeyk icabət» məqaləsindən («İrşad» qəzeti, 5 de­kabr 1906, №278) götürülmüş və böyük satiriklə A.Səhhət ara­sındakı yaradıcılıq əməkdaşlığının izahı üçün çox əhəmiyyətlidir.

I cildə yeni daxil edilmiş «Bədbəxt ailə» və «Qaragünlü Həlimə» hekayələri də diqqətdən yayınmır. «İqbal» qəzeti (3 aprel 1915, №902) və «Qardaş köməyi» jurnalında (may 1917) dərc edilmiş bu hekayələr ədibin nəsr sahəsində də müəyyən səriştəyə malik olduğunu bir daha təsdiq edir. Həm də həmin hekayələrlə M.Hadinin «Həyati-səfilanə yaxud bəxtsiz bir ailə» məqaləsi («Tazə həyat» qəzeti, 31 iyul, 3, 5, 6 avqust 1908, №175, 177, 179, 170), H.Cavidin «Öküz Ənvər» və A.Şaiqin «Ni­şanlı qız» şerləri arasında tam mənası ilə yaxınlıq vardır ki, bu da obrazlara istinadən XX əsrin əvvəllərinə məxsus romantik kədər motivini səciyyələndirməyə imkan verir.

«Əsərlər»in II cildinə 15 məqalə daxil edilmişdir. Bu da 1950-ci il nəşrində başlanmış ənənənin davam və inkişaf etdiril­məsidir. İndi artıq oxucular «Təzə şeir necə olmalıdır? «Sabir», «Sabirin tərcümeyi-halı», «Müqəddimə»dən başqa A.Səhhətin bir çox problemləri, günün aktual məsələlərini özündə əks et­di­rən digər məqalələri ilə də tanış olurlar. Bu məqalələr içəri­sində ədəbiyyata, tərcümənin əhəmiyyətinə, dilə, məktəblərə, nəğmə və musiqi dərslərinə aid, habelə tibbə dair maraqlı fikirlər vardır.

A.Səhhətin 1905-ci ildə yazdığı «Təzə şeir necə olma­lı­dır?» məqaləsində irəli sürdüyü «yeni şer» problemi diqqətlə izlənilsə, başqa məqalələrdə də bu problemin davam etdirildiyini açıq görmək olar.

Həmin məqalə «Həyat» qəzetində (23 fevral 1905, №14) dərc edilərkən oraya əlavə edilmiş şer «Bahar axşamı» adı ilə «Sınıq saz»da (səh.7-8) ayrıca verilmiş, 1935-ci il nəşrində bu eyni şəkildə təkrar edilmiş, sonrakı nəşrlərdə isə çox düzgün olaraq, məqalənin axırında olduğu kimi saxlanılmışdır. Çünki tutul­muş bu mövqe A.Səhhətin ədəbi görüşlərinin izahında müəy­yən aydınlığı qoruyub saxlamaq deməkdir. «Qara xəbər» məqaləsi və ondan sonra verilən şeir də forma cəhətdən buna oxşardır. Lakin yeni nəşrdə şeir I cildə (səh.40-41), məqalə isə II cildə (səh.10-11) daxil edilmişdir. Məna və məzmun cəhətdən bu, birinciyə bənzəmədiyi üçün etiraz doğurmur.

Yeni nəşrdə «Sabir» və «Sabirin tərcümeyi-halı» (səh.12-23, 24-33) 1950-ci il nəşrində olduğu kimi ardıcıl verilmişdir. La­kin maraqlı burasıdır ki, məqalələr yenidən çap olunarkən əvvəlki ixtisarlar bərpa edilmişdir. Bu da, şübhəsiz, A.Səhhət roman­tizminin mənbələrinin müəyyənləşməsində mühüm faktla­rın mühafizə edilməsinə gözəl sübutdur.

Müəllifin oxuculara yeni çatdırılmış «Edadi məktəblərdə milli tərbiyə», «Məktəblərdə ana dili», «Nəğmə və musiqinin məktəblərdə əhəmiyyəti» məqalələri onun maarifçi görüşləri ilə sıx əlaqədardır. Aydındır ki, XX əsrin əvvəllərində müəllimlik fəaliyyəti ilə böyük nüfuz qazanan A.Səhhət təlim, tərbiyə və tədris məsələlərindən söhbət açmadan keçinə bilməzdi. Bu mə­qa­lələr romantik sənətkarın öz dövrünün maarif məsələlərinə münasibətini aydınlaşdırır, onun ziyalı gənclər, əsil vətəndaşlar yetirmək uğrunda mübarizəsini şərtləndirir və başqa yaradıcı, mütərəqqi şəxsiyyətlərlə bir sırada addımladığını təsdiq edir.

Ümumiyyətlə, müəllifin məqalələrində o dövrün ictimai şəraiti, ədəbiyyatı, maarif və mədəniyyəti, insan məişəti ilə əla­qə­dar olan bir çox problemlərdən söhbət gedir.

«Əsərlər»ə indiyədək kitablara salınmamış tərcümə əsər­ləri də daxil edilmişdir. A.Seretelinin əfsanəvi süjetli «Xa­nəndə Qoqi» hekayəsi (səh.180-187), yenə onun «Mən müqəddəs təs­vir­lərin önündə» (səh.179) və Ukrayna şairi T.Şevçenkonun «Yan Qusun lisanından deyilmişdir» (səh.177-178) şeirlərinin tərcüməsi belələrindəndir. Əlbəttə, bu son materiallar A.Səhhə­tin qardaş xalqlar ədəbiyyatı ilə qarşılıqlı əlaqəsinə dair mülahi­zələri daha da zənginləşdirməyə geniş imkan verir.

II cildin «Əlavələr» hissəsi də çox maraqlıdır. Bu təşəbbüs ilk dəfədir ki, həyata keçirilir. Həmin hissədə ayrı-ayrı müəlliflə­rin A.Səhhət haqqında xatirə və məqalələri toplanmışdır. Bu iş ədibin yaradıcılığını daha ətraflı dərk etmək, onun tərcümeyi-halındakı bəzi maraqlı cəhətlərlə tanış olmaq, A.Səhhət və müa­sir­ləri problemini diqqətlə nəzərdən keçirmək kimi nəcib bir məqsəd daşıyır. Onları oxuduqca M.Ə.Sabir, A.Şaiq, M.Hadi, E.Sul­tanov, F.Ağazadə, S.Mümtaz, Cəmo Cəbrayılbəyli və baş­qa­ları haqqındakı ürək yanğılarının şahidi oluruq. Onun «olduq­ca həssas, ipək və kövrək bir qəlbə malik bir şair» (A.Şaiq), «təcrü­bəli, bilikli və vicdanlı bir həkim» (C.Cəbrayılbəyli), «yal­nız ən əziz və seçimli bir müəllim yox, həm də səmimi bir dost, sirdaş, məsləhətçi (Ə.Mahmudov) və bütün bunlarla bərabər «həm maddi, həm də mənəvi xadimi-millət» (M.Hadi) olduğuna inanırıq.

Bu xatirə və məqalələrin əksəriyyəti müəyyən vaxtlarda qəzet və jurnallarda dərc olunmuşdur. Azad Əfəndizadə və Məm­məd­li Əfəndinin xatirələri isə ilk dəfədir ki, çap edilir.

Yeri gəlmişkən onu da deyək ki, hər iki cildin sonunda verilmiş «Qeydlər» adı etiraz doğurur. Çünki əsərlər haqqında söylənilər mülahizələr yalnız «qeydlər» deyil, bu həqiqi mənada həm də izahlardır. Həmin izahların oxucu, tədqiqatçı üçün çox böyük əhəmiyyəti vardır. Bunlar A.Səhhət yaradıcılığının təhlili üçün nəzərdən keçirilməli ən mühüm mənbələrdir.

İkicildlikdəki izahlarda xeyli faktlar dəqiqləşdirilmiş, bəzi nöq­tələr ətraflı şəkildə genişləndirilmişdir. Tərcümələr və onla­rın müəlliflərinin aydınlaşdırılması məsələsində həmin izahların xüsusi rolu vardır. Bununla bərabər «Dərya kənarı», «Qəzet nədir?», «Yad et» və onlarla bu cür əsərlərə verilmiş izahların elmi dəqiqliyi ilə də razılaşmamaq olmur.

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə