Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə5/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

ŞƏRQİN BÖYÜK MÜTƏFFƏKİRİ
Üzeyir Hacıbəyov görkəmli bəstəkar və müsiqişünas, mahir publisist və redaktor, dramaturq və mütərcim, müəllim və pedaqogika nəzəriyyəçisi idi. Bütün bunlara o, birdən-birə nail olmasa da, bir həqiqət var ki, Ü.Hacıbəyovun böyük sənət­kar kimi formalaşması müəyyən mənada uşaqlıq illərin­dən baş­la­mışdır. Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Qarabağ, xüsusən də Şuşa mühiti Ü.Hacıbəyovun gələcək inki­şa­fında mühüm rol oynadı. Böyük bəstəkar sonralar yazırdı: «Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən «muğam» və «təsnif» oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər…».

Qori seminariyasında oxuduğu illərdə gənc Üzeyirin mu­siqi marağı musiqi təhsili ilə əvəz olundu və bu onu professio­nal musiqiçi, bəstəkar səviyyəsinə yüksəltdi. O, Qoridə bir ne­çə musiqi alətində çalmağa başladı. Onun musiqi, səs qavrayışı seminaristlərdən müəllimlərə qədər hamını heyrətə gətirirdi. Lakin bütün bu inkişafla bərabər balaca Üzeyirin yaddaşından bir hadisə heç vaxt silinmirdi. Bu hadisə hələ uşaqlıq vaxtla­rın­da Şuşada gördüyü «Məcnun Leylinin məzarı üstündə» adlı kiçik «tamaşa» idi. Ü.Hacıbəyov öz məqalələrinin birində yaz­mışdı: «Leyli və Məcnun» necə yaranmışdır? Mən opera üzə­rində 1907-ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında «Məcnun Leylinin məzarı üstündə» səhnəsini gördükdən sonra yaranmışdı».

Ü.Hacıbəyov hələ o vaxtlar seminariya tələbələrini bir yerə toplayır, «Şəbi-hicran» mahnısını xor ilə oxumağı təşkil edər, özü də skripka ilə müşayiətçi olardı.
Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.

Oyadar xalqı əfqanım,

Qara bəxtim oyanmazmı?!
Bu sözlərin ətrafa yayılan sədası seminariyanın divarları arasında azərbaycan dilində danışdığına görə töhmət alan, təqib olunan gənc Üzeyirin sanki mükafatı idi. Təsadüfi deyildir ki, 1908-ci ildə səhnəyə qoyulan «Leyli və Məcnun» operası da məhz elə «şəbi-hicran»la başlandı.

«Leyli və Məcnun» təkcə Azərbaycan opera sənətinin başlanğıcı deyildi. Bu muğam operası bütün şərqdə ilk nümunə kimi daha böyük əhəmiyyət kəsb etdi. Ü.Hacıbəyovun semina­riya yoldaşı, sonralar isə qohum olduğu Əli Terequlov yazırdı: «Şərq musiqi və nəğmə məsələlərində bizim yoldaşlar arasında misilsiz avtoritet, tənqidçi və icraçı ustad Üzeyir idi».

«Leyli və Məcnun» operasından sonra Ü.Hacıbəyov bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915), «Koroğlu» (1932-1937), «Firuzə» (1945) kimi məşhur operalarını yaratdı. Süjeti Şərq həyatından alınmış bu əsərlər tamaşaçıların böyük marağına səbəb olurdu. Həmin operalarla bağlı maraqlı cəhət burasıdır ki, Ü.Hacı­bəyov bu əsərləri məhz xalq musiqisi əsasında bəstələmişdir.

Ü.Hacıbəyov «Ər və arvad» (1909), «O olmasın, bu ol­sun» (1910), «Arşın mal alan» (1912-1913) operettalarında da məhz bu yolla getmişdir. Həmin əsərlərdə də musiqi və mətn bilavasitə Azərbaycan və Şərqlə bağlıdır. 1912-ci ildə Orucov qardaşlarının mətbəəsində çap olunan «O olmasın, bu olsun» musiqili komediya kitabçasının titul səhifəsində «Süjeti müsəl­man həyatındandır» sözləri ayrıca nəzərə çarpdırılmışdır. «Ar­şın mal alan» komediyası ilə əlaqədar «Baku» qəzetinin möv­qe­yi belə idi: «Operettanın muəllifi öz əsəri üçün müsəlman həyatının ən kədərli mənzərələrindən birini təsvir edən mövzu­nu seçmişdir». «Kaspi» qəzeti isə «Ər və arvad» haqqında belə yazırdı: «Əsərdə müsəlman qadınının hüquqsuz vəziyyəti təsvir edilir».

Komediyaları nəzərdən keçirəndə yuxarıdakı ilk realist müşahidələrin nə qədər doğru olduğunu görmək çətin deyildir. Məşədi İbad həmin mühitin yetişdirməsidir. Belə tipləri «Molla Nəsrəddin» jurnalı da tənqid etmişdir. Pul ehtirası ilə yaşayan Mərcan bəyləri o vaxtlar yaxşı tanıyırdılar. Millətpərəst Həsən­qulu bəyi, qəzetçi Rza bəyi, qoçu Əsgəri də həmçinin.

Gülpəri, Sənəm, Telli kimi qulluqçular, Səfi və Vəli kimi nökərlər də az deyildi. Bunların arasında xanım-xatınlığı ilə seçilən bir Cahan xala da yaşayırdı.


Çadramı sallam başıma,

Üz-gözümü bəzərəm,

Gedib sənə qız axtarıb,

Hər tərəfi gəzərəm, -
Deyə oynaya-oynaya oxuyan Cahan xala lap elə çadrası, çarşabı ilə də əsl şərqli idi.

Ü.Hacıbəyov musiqişünas kimi də bütün fəaliyyətini muğa­matın, xalq havalarının, ümumiyyətlə Şərq musiqi sənəti­nin təhlilinə, təbliğinə həsr etmişdir. Onun «Azərbaycan xalq musiqinin əsasları» kitabı bu həqiqətin parlaq təzahürüdür. Onun rəhbərliyi ilə yaranan Azərbaycan dövlət xorunun ilk kon­sertlərindən başlayaraq proqramların tərtibində «Ay bəri bax, bəri bax!», «Aman nənə» kimi xalq mahnılarına daha çox üstünlük verilmişdir.

Görkəmli bəstəkar 20-ci illərdə vulqar sisiologizmin təsi­ri altına düşən, muğamata, xüsusilə tara xor baxan tənqidçilərə amansız cavablar verməkdən çəkinməmişdir. Ən səciyyəvi fakt­lardan biri də budur ki, Ü.Hacıbəyov publisistik yaradıcılı­ğında da Şərqə məxsus olan sənətkar idi. O, felyetonlarının mövzusunu əsasən ya Azərbaycan mühitindən, ya da Şərq xalqlarının həyatından götürmüş və bu mənada ətalətə, geriliyə, despotizmə, işğalçılığa, əsarətə qarşı öz üsyankar və mübariz səsini qaldırmışdır.

Yeri gəlmişkən qeyd edək ki, Ü.Hacıbəyovun felyetonla­rında dialoq. Dramaturji ünsürlər xüsusi yer tutur. O, bir çox məsələlərin tənqidinə obrazları danışdırmaq vasitəsilə nail olur. Şərqin qədim ölkələrindən biri kimi tanınan Türkiyənin birinci dünya müharibəsi ərəfəsindəki vəziyyəti, onun irticaçı dövlət­lər tərəfindən parçalanmaq təhlükəsi «Qalmaqal» felyetonunda məhz dramaturji «məclis»lərdəki söhbətlər əsasında verilir. Burada iştirakçı olan Türkiyə, İngiltərə, Fransa, Rusiya, Avst­riya, Bolqarıstan dövlətləri arasında hətta «ağlamsınanı», «göz­lə­rini siləni», «qaça-qaça çağıranı», «yüyürəni», «qolunu çır­ma­layanı» da vardır. Əsas mətləb isə Türkiyənin aşağıdakı sözündə ifadə edilmişdir: «Bircə siz mənim işimə qatışmayın, qoyun mən öz əlimlə öz başım olum, işlərimi də düzəldim».

Ü.Hacıbəyovun publisistikasında Şərq problematikası İran həyatı mövzusunda yazılmış felyetonlarda da müəyyən həl­lini tapmışdır. Bir tərəfdən İran, xüsusilə Cənubi Azər­bay­can əhalisinin ağır-iztirablar içərisində yaşaması, digər tərəfdən də orada baş verən xalq hərəkatı, inqilabi vüsət yaradıcı qüvvə­ləri bu məsələlərdən danışmağa istiqamətləndirirdi. Ü.Hacıbə­yov qələmi bu məsələlərdən söz açan «İran Rusiyanı yamsı­layır», «İrana dair», «İran xəzinəsində pul yoxdur», «İran iğtişaşına dair», «İrana dair aşıq nağılı», «İran işləri», «İranda inqilab», «İran və «Novoye vremya» kimi ciddi və maraqlı felyetonları yaratdı.

Bütün bunlar sübut edir ki, ömrünü yüksək ideallar uğ­run­da yaşamaqla keçirən Ü.Hacıbəyov Şərq musiqisi və Şərq həyatı ilə bağlı sənətkar olmuşdur. Başqa sözlə, Üzeyir Hacıbə­yov bütün dünyada tanınan əsl musiqişünas mütəfəkkir idi.


1985

BÖYÜK SƏNƏTİN HİKMƏTİ
Böyük sənətin yolu çətindir. Bu yol binaların və ağac­ların arasından deyil, insanın – sənətkarın ürəyindən gəlib ke­çir. Yalnız ondan sonra həyat, dünya, insan və xalq haqqında düşün­mək olar. Üzeyir Hacıbəyov məhz belə bir düşüncənin səlahiyyətli sahibi kimi tanınan şəxsiyyət və mütəfəkkir idi.

Ü.Hacıbəyov ədəbiyyat aləminə öz publisist addımları ilə daxil oldu. O, dərin məzmunlu, aktual mündəricəli felyetonları ilə geniş oxucu kütləsinin rəğbətini və hörmətini qazandı.

Ü.Hacıbəyov oxucunu öz ideyaları ardınca aparan yazıçı idi. Bunun başlıca səbəbi ədibin yeni bədiilik axtarışları ilə izah olunmalıdır. Belə bir mövqe isə öz-özlüyündə dövrün ədəbi hərə­katında seçilir və fərqlənirdi. Bu məqsədin həyata keçiril­mə­sində Ü.Hacıbəyov hətta insan qulaqlarının alışdığı hikmət­lərə, xalq yaradıcılığı nümunələrinə yeni məzmun verməkdən də çəkinmirdi. Necə ki bir atalar sözünə yazılmış izahat həmin fikri təsdiq edə bilər: «Müsəlmanlarda bir məsəl var, deyirlər ki, «Ağac bar gətirdikcə başını aşağı tutar». Amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların «ağacları» bar gətir­dikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi za­man başlarını aşağı tuturlar ki, qapaz vurana «rahat» olsun». Bu kiçik həcmli əsərdə yazıçının çox böyük ürək ağrısı vardır. Elə bir ağrı ki, o, bütünlüklə çarizm idarə üsuluna qarşı çevril­mişdir.

Göründüyü kimi, böyük publisist hər bir əsərində vacib və ciddi problemlər qaldırır. Həm də ən səciyyəvi cəhət budur ki, hər problem öz orijinal bədii həllini tapır, məhz yeni for­mada oxucuya çatdırılır. Bu baxımdan Ü.Hacıbəyovun bir sıra felyetonlarını dialoqlar, səhnəciklər əsasında yazması da xüsusi maraq doğurur. Onun «Müalicə», «Dövlət dumasında», «Hö­ku­mət və Duma», «Mövizə», «Şəhər işləri», «Quyruqlu ulduz» əsərləri məhz bu qəbildəndir.

Görkəmli publisist «Qafqazda müsəlman kəndlisinin halı»nı belə şərh edir:

«Siçan Atakişi əmi, taxılın cücərmədi?



Çəyirtkə - Atakişi əmi, taxılın göyərmədi?

Dolu – Atakişi əmi, taxılın sünbüllənmədi?

Hacımuradxan – Atakişi əmi, taxılını döyməyirsən?

Bəy – Atakişi əmi, taxılın çuvala yığılmadı?

Strajnik – Atakişi əmi, xurcunlarım hazırdır, taxıl necə oldu?».

Bundan sonra müəllif Atakişi əminin uşaqlarının, qarnı­nın və özünün bir cümlə ilə sözlərini təqdim edir, müsəlman kəndlisinin acınacaqlı taleyini göz önünə gətirir. Seçilmiş dia­loq forması həm mətnin lakonik çıxmasını, həm də yazıçının izlədiyi məqsədin daha təsirli şəkildə oxucuya çatmasını şərtləndirmişdir.

Sual-cavablar, sual verib cavabını gözləmək, dialoqlar, məclislər arasında felyetonlar yazmaq, hətta bəzi felyetonlarını «komediya» adlandırmaq Ü.Hacıbəyovun dramaturgiyaya ma­ra­ğı­nın əsaslı keçid addımları idi. Bütün bu faktlar böyük sə­nət­karın «O olmasın, bu olsun», «Arşın mal alan», «Ər və arvad» kimi musiqili komediyalarının meydana çıxmasında əsas mərhələ oldu.

Səhnəyə marağın başlıca səbəblərindən biri dövrün teatr axtarışlarının geniş vüsəti ilə bağlı idi. Əsrin əvvəllərində teatr tamaşaları ədəbi-mədəni inkişafın mühüm göstəriciləri sırasına keçmişdi. Əslində mətbuatda «Teatr nədir?» sualına tez-tez verilən «ayineyi-həyatdır» cavabı Ü.Hacıbəyovun da məqsəd və idealına uyğun gəlirdi. O, bir çox ictimai problemlərin səhnə dili ilə, aktyorların (yəni adamların özlərinin!) iştirakı ilə bədii təhlilinə üstünlük verirdi. Hətta bu vaxtlar Ü.Hacıbəyov drama­turgiyaya dair estetik mülahizələrini də söyləməyi vacib və zəruri hesab etmişdi.

Digər tərəfdən onun komediyaları böyük bəstəkar və dramaturqun vahid işi kimi əhəmiyyətlidir. Həmin əsərlərdə şeir və mahnı tamaşaçılardan ötrü onların özlərinə aid prob­lemlərə maraq göstərmələrinin «həvəsləndirici mükafatı» idi.

Lakin bütün bunlarla bərabər başlıca cəhət ondan ibarət­dir ki, Ü.Hacıbəyovun publisistikasında istifadə edilən bədii forma əlamətləri onun dramaturgiyaya gəlişini hazırladığı kimi, publisistikada qaldırılan bir çox problem, portreti yara­dılan, əhvali-ruhiyyələri qələmə alınan tiplər də obraz kimi komedi­yalarda göründü və yeni həyatlarını yaşamağa başladılar.

Üzeyir Hacıbəyov 1908-ci ildə «Tərəqqi» qəzetində çap etdirdiyi bir «hesab məsələsi»ndə yazır: «Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur, Bakıda 70 min müsəlman var. O surətdə neçə nəfər qoçumuz olur?» Müəllim soyuq­qanlığı ilə verilən bu sualın arxasında keçmiş Bakı mühiti və orada «at oynadan» qoçulardan söhbət gedir. Maraqlıdır ki, bu qoçulardan biri sonralar dramaturqun «O olmasın, bu olsun» əsərində görünən qoçu Əsgər oldu. Fərq buradadır ki, «hesab məsələsi»ndə qoçuların sayından – rəqəmdən söhbət gedirsə, artıq komediyada onlardan birinin iç üzü, lovğalığı, mənəmliyi açılır və ifşa olunur. Bu həqiqəti qoçu Əsgərin ziyafətdə dediyi aşağıdakı sözlər təsdiq etməkdədir: «Günlərin bir günü, axşam saat doqquzda bazardan gedirdim. Adə, bir də gördüm ki, birisi dalımca gəlir. Dedim yəqin ki, mənimlə düşməndir, o saat piş­tovu belimdən çıxartdım...». Beləliklə, Ü.Hacıbəyov yaradıcı­lığında qoçu yalnız adı ilə yox, həm də «piştov»u ilə göründü.

Ü.Hacıbəyovu daha çox narahat edən məsələlərdən biri də ziyalı, öz dili ilə desək, «intelligent» problemi idi. «Müsəl­man intelligentinin məclisi» felyetonunda tənqid edilən bu «oxu­muşlar»ın boş-boş danışmaları, heç bir iş görməmələri hədsiz təəssüf hissi doğurur. Dramaturq «O olmasın, bu olsun» əsərində Həsən bəyin simasında məhz bu ağrını daha qabarıq şəkildə ifadə etməyə nail olmuşdur. Eyni zamanda, bu kome­di­yada Həsən bəyin – intelligentin başqa bir sifəti də açılıb ifşa edilir. Həsən bəy pulpərəstlikdə tayı-bərabəri olmayan ziyalı­lar­dandır. O, Məşədi İbaddan pul almaq üçün cilddən-cildə düşür, müxtəlif formalara əl atır. Həsən bəy bu cəhətinə görə də tək deyildir. O, 1907-ci ildə «İrşad» qəzetində Üzeyir Hacı­bə­yovun tənqid atəşinə tutduğu intelligentin yol yoldaşıdır. Orada yazıçı intelligentin qapısında baş verən əhvalatı qısa və lakonik şəkildə nəql edir:

« - Mahmud əmi, razı oldumu?


  • Balam, yox.

  • Nə üçün?

  • Dedi: Beş yüz manat ver, yazım».

Varlanmaq ehtirası, pulun cəmiyyətdəki pozuculuq rolu və bunun törətdiyi faciələr Ü.Hacıbəyovu düşündürən davamlı məsələlərdən idi. O, felyetonlarında bu məsələyə yeri gəldikcə toxunur, müxtəlif vasitələrlə öz kəskin münasibətini bildirirdi. Nəhayət, ədib 1908-ci ildə «Bir dəlinin dəftərindən» felyeto­nun­da daha qəzəblə yazırdı: «Deyirlər ki, qədim zamanlarda adam­lar bir-birlərinə çox yaxşı etibar eləmişlər və hətta bir zaman var imiş ki, bir salavata çörək də almaq olarmış, başmaq da və papaq da.

Mən bilmirəm ki, bu əhvalat doğrudurmu, yoxsa yalan. Ancaq onu bilirəm ki, bu gün o cürə şeylər ola bilməz. Çünki bu gün «salavat» əvəzinə pul lazımdır. Pulu qazanmaq da sala­vat çəkmək kimi asan deyildir. İndi bu gün əgər bir adam o biri adama etibar eləyirsə, pulun cəhətinə eləyir və illa pulu olmasa, itmiş pasport kimi etibardan saqitdir». Nəticə belədir ki, pulsuz adam heç vətəndaş da deyildir. Belə bir ağrı həcmcə daha bö­yük əsərdə yeni bədii həllini tapmalıydı və tapdı da. Ü.Hacıbə­yov bu felyetonun çapından bircə il sonra «Ər və arvad» kome­diyasında bu məsələni aktyorların sərəncamına verdi. Əsərdə Mərcan bəy Kərbəlayı Qubada deyir: «Bax, əgər mən arvadımı boşasam, onda gərək beş min manat kəbin pulu verəm. Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nəğd pul verərəm. Anladınmı nə deyirəm?». Bu, dövrün böyük faciəsi idi.

Ü.Hacıbəyov XX əsrin əvvəllərindəki həyatı və məişəti yaxşı öyrənmişdi. Hər zaman həqiqət və tərəqqi barədə düşü­nür və təsadüfü deyildir ki, mühərrirlik etdiyi qəzetlər içəri­sində məhz iki qəzet «Həqiqət» və «Tərəqqi» adlanırdı. Onun həmin mətbu orqanlarda çıxışlarında bu adlar – onların ehtiva etdiyi məna yaradıcılıq devizinə çevrilmişdir. Səciyyəvi­dir ki, böyük sənətkar «Tərəqqi» qəzetinin açılışı münasibətilə oxucu­lara təqdim etdiyi məqalədə açıqca yazırdı: «Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməli və millətimizi cəhalətə və yaxud tərəqqiyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir».

O, həmçinin geriliyə, ətalətə, mövhumata qarşı dönmə­dən mübarizə aparır, öz publisistik çıxışları ilə qismən rahatlıq tapırdı. Bu mənada Azərbaycan qadının taleyi, onların ailə həyatı Ü.Hacıbəyovu xeyli düşündürürdü. Görkəmli söz ustası «Evlənmək məsələsi» felyetonunu belə başlamışdı: «Dünyada hər bir şey asandır, amma bircə şey çətindir. O şey – evlən­mək­dir». Həm ciddi, həm də yumorlu tonda deyilmiş bu fikir onun yaradıcılığında ötəri olmamışdır. Bu sənətkar mövqeyi elə hə­min vaxtlar «Arşın mal alan» komediyası ilə daha da böyümüş və zirvəyə qalxmışdır. Əsərdə «Kimlə evlənmək və necə evlənmək?» sualı gənc Əsgərin həyatının və taleyinin ən böyük sualı olur. «Mən gərək əvvəlcə özüm qızı görəm, xoşuma gəldi alam, gəlmədi almayam» inadı təkcə Əsgərin şəxsi mülahizəsi deyildir, Üzeyir dövrünün problemi idi. Bu iş üçün səfərbərlik elan olundu: Əsgərin dostu Süleyman öz ağlı – fəndi ilə, Cahan xala çadırasıyla müsəlləh dayandı. Lakin məsələlər o vaxt öz axarına düşdü ki, əsərdə Sultan bəy çarşablı Cahanın həqiqətən qadın olmasını müəyyənləşdirmək üçün ona dedi: «Bəs elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun». Cahan xala da üzünü açıb göstərdi və bununla komediyadakı əhvalat­lar xoş sonluğa doğru hərəkətə başladı. Və çox səciyyəvidir ki, burada Cahan xala çadrasını bir az geriyə çəkib yalnız üzünü açırsa, sonralar onun «qızı» Sevil çadranı tamamilə tullayır. Bu prosesi bütünlüklə gözlərimiz qarşısında canlandırsaq, belə bir həqiqətə inanmaq olar ki, «Arşın mal alan» əsəri Üzeyir Hacıbəyovun böyük arzusu idi.

Ölməz sənətin vahid prinsipi haqqındakı bu həqiqətlər sübut edir ki, Üzeyir Hacıbəyov bütün yaradıcılığı boyu öz əqidə və məsləkindən ayrılmamış, bütün həyatını xalqa xidmə­tə həsr etmişdir.
1985
SƏNƏTKARIN ŞƏXSİYYƏTİ
Üzeyir bəy Hacıbəyovun şəxsiyyəti bu gün də minlərlə müxtəlif sənət sahibinə örnəkdir.

Hələ Qori seminariyasında oxuyarkən bütün fənlərə eyni dərəcədə diqqət və maraq göstərən, onları ciddi səy və həvəslə mənimsəyən yeniyetmə Üzeyir dostları arasında sonsuz hörmət qazanmışdı. Qohumu və seminariya yoldaşı Ə.Terequlov (Tan­rı­qulov) bu illəri xatırlayaraq sonralar yazırdı: «Şərq musiqi və nəğmə məsələlərində bizim yoldaşlar arasında misilsiz nüfuz, tənqidçi və icraçı ustad Üzeyir idi» (Maraqlı cəhət budur ki, Ü.Hacıbəyov seminariyadakı «misilsiz nüfuz»unu beşiyi ba­şında durduğu Elmlər Akademiyamızda çalışarkən birə yüz artırmışdır).

Ü.Hacıbəyov şəxsiyyətini formalaşdıran ilk adamlar onun müəllimləridir. «Tərəqqi» qəzetinin 30 yanvar 1909-cu il nömrəsində yazırdı: «Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə «Mən gələcəkdə nə iş görəcəyəm» sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblə­rimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tər­tib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcü­mə edə­cəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlmə­miş­di. Məni çağırıb dedi: «Müəllimlər sənin yazdığına «üç» nöm­rə­si qo­yub­durlar. Amma mən «iki yarım» qoyuram. Çünki qanmıram ki, sən nə deyir­sən». Şübhəsiz ki, ayıq və uzaqgörən Üzeyir be­lə müəllimlərdən və direktordan çox gərəkli həyat dərsi almışdı.

Hadrut məktəbində müəllim işləyərkən – 1904-cü il av­qustun 22-də Şuşaya gələn Ü.Hacıbəyov Şekspirin «Otello» faciəsinin tamaşasına baxmışdı. Həmin əsəri dilimizə böyük bəstəkarın ilk müəllimi Haşım bəy Vəzirov çevirmişdi. Şübhə yoxdur ki, onu bu tamaşaya gətirən amillərdən biri də öz müəlliminə olan sevgi idi.

İlk Azərbaycan operası «Leyli və Məcnun» Üzeyir şəx­siyyətinin yetkinləşməsində xüsusi rol oynamış, bəstəkar bir-birinin ardınca yeni operalar, operettalar yazmaqla sürətlə ta­nınmışdır. Bununla o, çox gənc yaşlarında ağsaqqallıq səla­hiy­yəti qazanmışdır. Yaşıdları onunla dostluq etməklə öyünür, özlərinə ustad bilir, bunu fəxr sayırdılar. 1917-ci ildə çəkilmiş bir fotoşəkil bu baxımdan çox səciyyəvidir. H.Sarabski, Ü.Ha­cıbəyov, H.Terequlov və M.Maqomayevin birlikdə çək­dir­dik­ləri bu fotonu əslində «Üzeyir Hacıbəyovla çəkdi­rilmiş şəkil» adlandırmaq olar, çünki Ü.Hacıbəyov şəkildə ən müna­sib bir yerdə oturmuş və sağ qolunu qarşıdakı mizin üstünə qoymuş­dur. Bu dostların ona yaratdığı şəraitin, başqa sözlə desək, nüfuzun verdiyi imtiyazın mənzərəsidir.

Sovet hakimiyyəti illərində Ü.Hacıbəyov bütün yönlər­dən parladı. «Biz»i həmişə «mən»dən yüksəkdə tutan vətəndaş bəstəkar muğam sənətinin dərin bilicisi kimi ad çıxardı, milli musiqi alətimiz tarın müdafiəsi ilə daha da sevildi. O, bütün varlığı ilə doğma xalqına bağlı idi və xalqa xidmət Üzeyir şəx­siyyətinin daimi atributu olmuşdur.

«Koroğlu» operasını Üzeyir Hacıbəyovun əməllərinin, məsləkinin, düşüncələrinin pasportu adlandırsaq yanılmarıq. Çılğıncasına kükrəyən üverturanın ilahi təranələrini dinləyən heç bir insan övladı bu əsəri yaradan şəxsin ən azı dahi, ən azı sənətkarlığın əlçatmaz zirvəsi, ən azı bəşəriyyətin yüz ildə bir yol yetişdirdiyi nadir istedad olduğunu dana bilməz.
1985

UNUDULMAZ ANLARIN HEKAYƏTİ
Üzeyir Hacıbəyov 1900-cü ildə Qori seminariyasında təhsil alarkən sinif rəhbəri ona verdiyi xasiyyətnamədə yaz­mışdı: «İstedadlıdır, yoldaşlarına nisbətən daha açıqdır (doğru­çudur), şəkil çəkməyi və kitab oxumağı sevir...». Çox diqqətlə və inandırıcılıqla yazılmış bu cümlə böyük sənətkarın gənclik illəri haqqında mühüm təsəvvür yaradır. Xasiyyətnamədəki dərin müşahidəçi müəllim fikri yeniyetmə Üzeyirin şöhrətli gələcəyi barədə də ciddi zəmanət verir. Burada üçüncü bir səciyyəvi cəhət onun şəkil çəkməyə böyük həvəs göstərməsi ilə əlaqədar qənaətin təsdiqidir. Doğrudan da, Ü.Hacıbəyov semi­na­riyada keçilən rəsm dərslərinə xüsusi maraq göstərmiş, bu sahədə verilən tapşırıqları səylə yerinə yetirmiş və ona təhsil haqqında verilən şəhadətnamədə rəsmdən «əla» yazılmışdır.

Lakin bizi Ü.Hacıbəyovun şəkil çəkməyindən daha çox çəkdirdiyi şəkillər maraqlandırır. Böyük sənətkarın ömrünün müxtəlif və unudulmaz anlarını əks etdirən neçə-neçə fotoşəkil bu gün daha mənalı və məzmunlu görünür. Onlar bir tərəfdən Üzeyir bəyin zahirən necə dəyişildiyinə şahid durur, digər tərəfdən də yaşadığı illərin salnaməsinə çevrilir. Bu şəkillər şagird və seminarist, müəllim və bəstəkar, yazıçı və deputat... Ü.Hacıbəyovun arzu və istəklərinin, hiss və həyəcanlarının, fikir və düşüncələrinin əyani şəkildə ifadəsidir.

Ü.Hacıbəyovun uşaqlıq illərini əks etdirən şəkillərdən biri onun ibtidai sinifdə oxuyarkən yoldaşları ilə birgə çəkdir­diyi fotodur. Burada balaca Üzeyir heç kimdən seçilmir və fərqlənmir, hətta göstərən olmasa, onu çətinliklə tanımaq müm­kündür. Şəkildəkilərin əksəriyyəti oxşar geyimdədir.

1899-cu ildə çəkilmiş başqa bir şəkil səciyyəvidir. Bura­da seminaristlər arasında olan Ü.Hacıbəyov ikinci cərgədə ayaq üstə sağdan birinci dayanmışdır. O, sağ qolunu bükərək əlini toqqasının üstünə qoymuş, sol əli ilə stolun söykənəcəyinin yuxarısından yapışmışdır. Şəkildəki seminaristlərin heç birində müşahidə edilməyən bu amiranəlik onu yoldaşlarından fərqlən­dirir. Şübhəsiz, belə bir görkəm Üzeyirin eqoizminin deyil, özünə güvənməyinin ciddi əlamətidir. Respublikanın əməkdar müəllimi Ağəli Qasımovun yazdığı kimi «Doğrudan da, Üzeyir hələ o zaman musiqi sahəsində böyük istedada malik idi».

1904-cü ildə çəkilmiş başqa bir şəkil isə göstərir ki, Ü.Hacıbəyov Qori seminariyasında xüsusi hörmət qazanmışdır. Belə ki, seminariyanin ilk illərində çəkilmiş şəkildən fərqli ola­raq, Üzeyir artıq burada ilk sırada soldan birincidir. Bəlkə, belə demək daha ciddi aydınlıq yarada bilər ki, tələbəlik illərində Ü.Hacıbəyovun şəkil çəkdirərkən «inkişafı» ikinci sırada sağdan birinci durmaqdan ilk sırada soldan birinci dayanmağa doğru «hərəkət»lə təyin edilir.

Ü.Hacıbəyov seminariyanı bitirib bir il kənddə müəllim­lik etdikdən sonra Bakıya gəlmiş və pedoqoji işdə çalışmağa başlamışdır. Eyni zamanda 1906-cı ildə «İrşad» qəzetində «Ni­yə müəllimlər kənddən qaçırlar?» adlı böyük məqalə ilə çıxış etmiş və öz dövrü üçün səciyyəvi problemlər qaldır­mışdır. Ü.Hacıbəyov Bayıldakı məktəbdə ciddi fəaliyyətə girişmiş, hələ seminariya illərindən ürəyində bəslədiyi arzuları həyata keçirmək əzmində daha möhkəm dayanmışdır. Belə ki, bir şə­kil­dən onun öz müəllimlik işinə necə ürəkdən bağlan­dığı­nın şa­hidi oluruq. Bu şəkildə 40 nəfərə qədər uşaq dörd sırada da­yan­mış, Ü. Hacıbəyov isə ortada yazı stolu arxasında əyləşmişdir.

Bütün bu müddətlərdə Ü.Hacıbəyovun bədii yaradıcılığa və musiqi sənətinə marağı xeyli dərəcədə artır. 1908-ci ildə Şərqdə «gözlənilməz başlanğıc» olan «Leyli və Məcnun» ope­rası Ü.Hacıbəyova yenilməz bir şöhrət gətirir. Qəzetlər və jurnallar onun haqqında yazır, opera barəsində danışırdılar. «Rampa i jizn» jurnalı isə bu böyük hadisəyə öz münasibətini 20 dekabr 1909-cu il 38-ci nömrəsində Ü.Hacıbəyovun foto­sunu verməklə bildirmişdir. Fotonun altında isə bu sözlər yazıl­mışdır: «Birinci müsəlman kopozitoru Ü.-b. Hacıbəyov».

Ü.Hacıbəyov 1909-cu ildə Məleykə xanımla evlənəndən sonra onunla birgə şəkillər çəkdirmişdir. Həmin fotolardan biri XX əsrin əvvəllərinə xas ailəvi şəkildir; Ü.Hacıbəyov stulda oturmuş, həyat yoldaşı isə əlini onun çiyninə qoyaraq ayaq üstə dayanmışdır.

«Ər və arvad», «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Əsli və Kərəm» əsərləri, «Arşın mal alan», «O olmasın, bu olsun» operettaları Ü. Hacıbəyovu musiqi və sənət aləminə daha sıx bağladı. Böyük bəstəkarın «Leyli və Məcnun» tamaşasından başlayaraq dirijorluq fəaliyyəti onun ömrünün unudulmaz xatirəsinə çevrildi. Ü. Hacıbəyovun 1917-ci ildə çəkdirdiyi bir şəkil onun musiqi sənətinə beləcə əbədi bağlı­lığının tarixi faktıdır.

Elə o vaxtlar bir çoxları böyük Üzeyiri gözdən salmaq istəyirdilər. 1917-ci ildə tənqidçilərdən biri yazırdı: «Bizim teatr karyeramız opera və operattalarla başlamışdır. Halbuki tər­biyə əhəmiyyəti iddiasında olan bu janr səhnə sənətinin iki və ya üçüncü dərəcəli məhsuludur. Operettalar və ya digər yüngül məzmunlu əsərlər əyər təbiri caiz isə, yeməkdən sonra verilən üçüncü xörəkdir ki, bu da ac adamı doyurmaz».

Yuxarıdakı qeyri-real fikrin yayıldığı dövrdə çəkilmiş bir fotoşəkil Ü.Hacıbəyova olan səmimi və rəğbətli münasibəti yaxşı ifadə edir. H.Sarabskinin, Ü.Hacıbəyovun, H.Terequ­lovun və M.Maqomayevin birlikdə çəkdirdikləri bu şəkli əslin­də «Üzeyir Hacıbəyovla çəkdirilmiş şəkil» adlandırmaq olar. Çünki Ü.Hacıbəyov şəkildə ən münasib yerdə oturmuş və sağ qolunu qarşıdakı mizin üstünə qoymuşdur. Əslində bu, dostları tərəfindən bəsətkara yaradılmış şərait və onun şəxsiyyətinə böyük hörmətdir.

«Üzeyir Hacıbəyovla çəkdirilmiş şəkillər» silsiləsi onun tərcümeyi-halında xüsusi yer tutur. 1939-cu ildə Ü.Hacıbəyo­vun tələbələri ilə çəkdirdiyi foto bu qəbildəndir. Konservatori­yanın professoru gənc musiqiçilərdən Q.Qarayev, S.Rüstəmov, Niyazi və Ə.Həsənovla birlikdədir. Onlardan biri-Niyazi sonra­lar yazmışdı: «Mən «Xosrov və Şirin» operamı ən dərin hörmət əlaməti olaraq Azərbaycan milli operasının əsasını qoyan, SSRİ xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı, mənim müəllimim, bəsətkar Üzeyir Hacıbəyova ithaf edirəm».

Ü.Hacıbəyovun şəxsiyyətinin və xarakterinin açılmasında iki şəkil də çox əlamətdardır. Bunlardan biri mütəfəkkir sənət­karın ölümündən bir il qabaq, yəni 1947-ci ildə iş otağında çəkdirdiyi şəkildir. Bəstəkar royalın arxasında oturmuşdur. Sağ əlini royalın üstündəki not vərəqinə dayayıb baxır və barmaq­ları arasında siqaret vardır. Sol əlinin barmaqları isə şirmayi dillərin üstündədir.

Bütün ömrünü ciddi fəaliyyətə həsr edən Ü.Hacıbəyov çox vaxt qayğılı və düşüncəli olarmış. O, nə barədəsə fikirləşər, yol boyu dedib-gələndə də daxilən narahat görünərmiş. Ü.Ha­cı­bəyov böyük sovet bəstəkarları ilə Azərbaycan SSRİ EA-nın həqiqi üzvləri ilə və SSRİ Ali Sovetinin sessiyasında çəkdirdiyi şəkillərdə də düşüncəlidir. Yəqin ki, o, şəkil çəkdirdiyi anlarda da bəstəkar kimi sovet musiqisinin inkişaf məsələlərini, akade­mik kimi Azərbaycan elminin gələcəyini, xalq elçisi kimi yeni quruculuq işləri barədə fikirləşir, daxilən onları götür-qoy edirmiş.

Ü.Hacıbəyovun dodağına gülüş qonan anlar da çox ol­muş­­dur. Bunun üçün «Sovetskoye iskusstvo» qəzetini 20 aprel 1938-ci il nömrəsinin birinci səhifəsində SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin Ü. Hacıbəyova Lenin ordeni təqdim edərkən çəkilmiş fotoşəkilə baxmaq kifayətdir. Bu təbəssüm «Koroğlu» operası da daxil olmaqla əslində Azər­baycan sovet incəsənətinə verilən qiymətin təbəssümüdür. Bəlkə də elə o anlar da böyük bəstəkarın fikrindən iki gün əv­vəl «Pravda» qəzetinin yazdığı aşagıdakı sözlər keçirdi: «Azər­baycan incəsənəti ongünlüyü ictimai həyatımızda böyük hadi­sə­dir, Azərbaycan mədəniyyətinin nailliyyətləri ilə çoxmil­yon­lu xalqımız fəxr edə bilər». Məhz belə bir həqiqət Ü.Ha­cı­bə­yovun sonrakı qızğın həyat və fəaliyyətinin əsl təkanı oldu.

Dahi bəstəkarın şəxsiyyətinin açılmasında digər mühüm fakt onun konservatoriyadakı kabinetinin şəklidir. Kabinet sadə və adidir. İş masasının üstündə ilk baxışdan diqqəti cəlb edən telefonla yanaşı qoyulmuş stolüstü lampadır. Ömrünün son çağlarında optik gözlük taxan bəstəkar, ola bilsin ki, bəzi vaxtlar gündüzlər də lampadan istifadə edərmiş.

Ü.Hacıbəyovun mənalı ömrü başa çatanda fotoların da ömrü bitdi və böyük bəsətkarla üz-üzə dayanan neçə-neçə fotoqrafa nisgil gətirdi. Lakin tezliklə bu nisgilə də son qoyuldu. Fotoları rəsm tabloları və heykəllər əvəz etdi. Rəssamlar və heykəltəraşlar onun ömrünün bir anını əks etdirmək üçün öz fantaziyalarına sığındılar. Bunlardan biri N.Məmmədovun yaratdığı və dahi bəstəkarın adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasının qarşısında qoyulan heykəldir. Həmin heykəl sənətkar Ü.Hacıbəyov ömrünün bir anını və əbədiyyətini təcəssüm etdirən sənət simvoludur.
1985

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə