Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə4/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

ŞƏRQİ OYADAN ZƏNG SƏSLƏRİ
«Molla Nəsrəddin» jurnalı mətbuat tarixinin ən parlaq səhifələrindən biridir. 1906-ci il aprel ayının 7-də Cəlil Məm­mədquluzadənin müdirliyi və baş mühərrirliyi ilə nəşrə baş­la­yan «Molla Nəsrəddin» dövrünün mühüm tarixi hadisəsi oldu.

«Molla Nəsrəddin»i zəmanə özü yaratdı. Lakin ilk günlər jurnalın gələcək taleyi Cəlil Məmmədquluzadəni və onun məs­lək dostu Ömər Faiqi çox narahat edirdi. Jurnal satılacaqmı? Onun müxbirləri olacaqmı? Məcmuə nə qədər yaşayacaq? Yavaş-yavaş bu suallara cavablar da tapıldı.

Belə bir faktı xatırladaq ki, jurnalın dördüncü nömrəsinə qədər redaksiyanın ünvanı sadəcə olaraq belə göstərilirdi: «Tiflis. Varansovski küçə». Dördüncü nömrədə isə ünvan daha konkret oldu, binanın nömrəsi də əlavə edildi: 47. Bu, adi dəqiqləşdirmə yox, küçəni başdan ayağadək dolaşıb ev-ev, mənzil-mənzil soraqlaşaraq redaksiyanı axtaranlara kömək zərurətinin nəticəsi idi. Deməli, narahat redaktorun stolu üstünə məktublar, xəbərlər axışmağa başlayırdı.

Jurnalın 14-cü nömrəsində isə həmin bildirişə bir cümlə də əlavə olundu: «Əcnəbi məmləkətlərə - 9 aylıq – 5 ma­nat­dır». Bu fakt göstərir ki, jurnal Qafqazın sərhədlərini aşır, qon­şu ölkələrdə də yayılır və onun pərəstişkarları çoxalırdı. Sonra­lar təsdiq edildi ki, «Molla Nəsrəddin» məcmuəsində yalnız Azərbaycan həyatı, yalnız milli məsələ deyil, sözün geniş mənasında bütün beynəlxalq həyat əhatə edilirdi (M.Cəfər).

Məcmuənin ilk nömrəsindən «Molla Nəsrəddin», «Lağ­lağı», «Mozalan», «Hop-hop» kimi imzalar tanınmağa başlanır. Bu imzalar altında təsvir edilən əhvalatlarda oxuculara əsl həqiqəti çatdırmaq məqsədi güdülürdü. Həqiqətin carçısı olmaq vəzifəsi «Molla Nəsrəddin»in bütün fəaliyyəti dövründə əsas yer tutmuşdur.

Dünyada az jurnal olmuşdur ki, öz ətrafına böyük yazı­çılar dəstəsini toplayıb ədəbi məktəb səviyyəsinə qalxsın. «Mol­la Nəsrəddin» jurnalı məhz belə bir yüksək keyfiyyətə ma­lik oldu. «Molla Nəsrəddin»in ömrünü M.Ə. Sabir, Ə.Nəz­mi, Ə.Qəmkusar, M.Ə.Möcüz, M.S.Ordubadi, Ə.Əzimzadə, Ə.Haqverdiyev, M.H.Zeynalov, S.Mümtaz, B.Abbaszadə, M.Sabit... uzatdı, jurnal da onları məşhurlaşdırdı.

Jurnalın öz üslubu var idi. Mirzə Cəlilin kəşf etdiyi və kinayə, eyham çalarları, «açıq ana dili»nin şirinliyi ilə səciyyə­lənən bu üslub böyük bir ədəbi nəsil yetişdirdi. Hətta sonralar nəşr olunmağa başlayan neçə-neçə satirik jurnal da həmin «tilsim»dən çıxa bilmədi.

«Molla Nəsrəddin» 1906-cı il 12-ci nömrəsində belə bir hesab məsələsi dərc edir: «Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci. Əkinçinin özünə nə qədər buğda qaldı?».

Hesablasaq görərik ki, əkinçiyə heç nə qalmır.

1907-ci ildə jurnalda M.Ə.Sabirin məşhur şeiri dərc olunur:


Aldı dolu əldən səru səmanını, neynim?

Yainki çəyirtkə yedi bostanını, neynim?

Verdin keçən il borcuna yorğanına, neynim?

Ol indi palas satmağa amadə, əkinçi!

Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Jurnalın 1926-cı ildəki birinci nömrəsində dərc edilmiş şəkildən məlum olur ki, kəndlini daha aldatmaq olmaz. Şəkildə qabığından təzəcə çıxıb ona barışmağı təklif edən ilana kəndli deyir: «Qabığın dəyişmişdirsədə, amma özün necə vardın, yenə heyləsən. Məndən uzaq ol!».

Jurnal oxuculara çatdırmaq istədiyi fikirləri müxtəlif bə­dii vasitələrlə ifadə edirdi. Onun səhifələrini vərəqləyərkən mək­tub, açıq məktub, başıbağlı məktub və cəhənnəm məktub­ları ilə tanış oluruq: cavab, sual cavab və xəlvət cavablarla qarşılaşırıq.

Satirik yazıları karikaturalarla tamamlamaq, coğrafi xəri­tə­lərdə məktəblərin, qiraətxanaların, xeyriyyə cəmiyyət­lərinin, qumarxanaların və pirlərin əhatəsində itib batmasını nəzərə çarpdırmaq, lazım gəldikdə şəkillərin yerini ağ saxlamaq fikir və düşüncəni ciddi mətləblər arxasınca aparır.

Yalnız öz əsərlərinin deyil, həmçinin neçə-neçə gizli im­zalı yazıların da müştərək müəllifi olan Cəlil Məmmədqu­lu­zadənin adı ilə sıx bağlanmış və onun ən böyük kitabı sayılan «Molla Nəsrəddin» bu gün də azadlıq əldə etmək istəyən xalqların mübarizə silahıdır.
1986

JURNALIN TƏBRİZ NÖMRƏLƏRİ
«Molla Nəsrəddin» jurnalı tarixin elə bir mərhələsində yarandı ki, bu vaxtlar azadlıq idealları uğrunda mübarizəyə qal­xan xalqlara həqiqəti söyləmək lazım idi. Böyük və istedadlı mühər­rir-yazıçı Cəlil Məmmədquluzadə həmin vəzifəni öhdə­sinə götürərək, milyonlarla oxucunun sevimlisi oldu və Azər­baycan xalqının heç vaxt yadından silinməyən «Molla Nəsrəd­din»i yaratdı.

Tənqid və ifşa xətləri Azərbaycanın sərhədlərini aşaraq Yaxın və Orta Şərqə doğru istiqamət alan «Molla Nəsrəddin» gerilik və ətalət içində boğulan xalqların mənəvi silahdaşına çevrildi. Jurnal ilk nömrələrindən belə İranda yaşayan azərbay­can­lıların həyat və məişətini, ağrı və əzablarını, iztirab və sar­sın­tılarını öz səhifələrində əks etdirməyə başladı. Sabirin alovlu satiraları şah hakimiyyətinin, mütləqiyyət üsul-idarəsinin əsr­lər­dən bəri sinsimiş sütunlarına sarsıdıcı zərbələr endirdi. Lakin bütün bunlara baxmayaraq, «zəmanənin özünün yaratdığı» «Mol­la Nəsrəddin» jurnalını Təbrizə gətirib çıxaran da elə məhz zəmanənin özü oldu. Həmidə xanım Məmmədquluzadə Mirzə Cəlilin Təbrizə getməsi səbəbini onun qardaşı Səttarxa­nın yaxın məsləhətçisi Mirzə Ələkbərlə bağlı olduğunu göstə­rə­rək yazmışdır: «Mirzə Ələkbər öz fikrində israr edərək deyir­di: Hazırda Təbrizdə hökumət demokratların əlindədir, onlar bizi sevinclə qarşılayacaqlar. Biz orada «Molla Nəsrəddin» jurnalının nəşrini davam etdirərik və bu, şübhəsiz, gözəl nəti­cələr verər»...

1921-ci ildə 8 səhifədən ibarət olan «Mollla Nəsrəddin» jurnalının Təbrizdə cəmi 8 nömrəsi çıxdı. İstiqlaliyyət və müs­tə­qillik uğrunda döyüşlərə çıxan «Molla Nəsrəddin» jurnalına Təbrizdə ilk səs verənlərdən biri «Millətin şərəfini ancaq istiq­laliyyəti təmin edə bilər», - deyən Ş.M.Xiyabani oldu. Təəssüf ki, C.Məmmədquluzadənin Təbrizə gəlməsindən bir həftə sonra öldürülən Xiyabani «Molla Nəsrəddin»in Təbriz nömrə­lə­rini görə bilmədi.

Təbrizdə C.Məmmədquluzadəyə jurnalı fars dilində çı­xart­maq təklif olundu. Ədibin «açıq ana dili»nə çox möhkəm sadiq qaldığını görən yerli qubernator müəyyən güzəştlərə get­sə də, baş məqalənin farsca yazılması inadında dayanıb durdu. Lakin təkcə birinci nömrənin (19 fevral 1921-ci il) baş məqa­ləsi fars dilində çıxdı, qalan nömrələrdə isə yalnız bəzi xəbərlər fars dilində verilməyə başlandı.

Mətbəə, əməkdaş, müxbir çətinliyi ilə əlaqədar olaraq «Molla Nəsrəddin»i Təbrizdə çıxarmaq o qədər də asan deyil­di, lakin burada Ömər Faiq olmasa da, Əbülfət Ələvi var idi, Sabir, Ə. Qəmküsar olmasa da, M. Ə. Möcüz var idi və rəssam Potter, Şimerlinq olmasa da, Seyid Məhəmmədəli Behzad var idi və beləliklə, jurnalın nəşri baş tutdu.

«Molla Nəsrəddin» Təbrizdə çıxan ilk nömrəsindən baş­la­yaraq İranda şah hakimiyyətinə qarşı dalğalanan demokratik hərəkata səs verdi. Mühərrir açıqca yazırdı: «Millət ləfzi İranda yoxdur, nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım-millət sözünü nə eşitdim, nə də bir kitab gördüm». Beləliklə, «millət» kəlməsini əksərən «xalq» məna­sın­da işlədən C.Məmmədquluzadə İranda xalq demokrati­ya­sının bərqərar olması tərəfdarı kimi çıxış edir və bunun uğ­runda bir an belə geri çəkilmirdi.

Jurnal İranın daxili işlərinə müdaxilə edən Amerika və İngiltərə imperializminin ifşasını verir, hətta İranın milli hakim dairələrini belə ayıltmağa çalışırdı. «Missionerlər» felyetonu İrana ixrac olunmuş soyğunçuluğun iç üzünü, əsl mahiyyətini açırdı.

Jurnal 6-cı nömrəsində Amerika imperialistlərinin yerli hökumətin siyasi məsələlərinə də qarışdığını göstərərək yazırdı ki, «Axır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil partiya təşkil tapıb». Bununla da Cəlil Məmmədquluzadə öz plan­ları, öz proqramları, öz partiyaları ilə çıxış edən, haki­miy­yət altına aldığı Şərq regionlarında mərkəzləşmiş üsulların tətbiqinə səy göstərən imperialist təcavüzkarlığını ifşa edirdi.

«Molla Nəsrəddin» yerli istismarçıların da üstündən sü­kut­la keçmirdi. C. Məmmədquluzadə üçün əsrlərdən bəri hökm sürən süründürməçiliyin, rüşvətxorluğun tənqidini verir, bun­ların mövcud olduğu şəraitdə insanlığı irəliyə, yüksəlişə apar­maq mümkün olmayacağı fikrinə gəlirdi. O, jurnalın 9 martda çıxan 2-ci nömrəsində verdiyi lüğətdə yerli dövlət idarələ­rin­dəki istismarçılığı damğalayaraq, «istintaq» sözünün qabağında belə yazmışdı: «Əgər istəyirsən ki, işinə tez baxılsın əvvəl­kindən daha çox rüşvət ver».

Hələ Təbrizə gəlib çıxmamışdan qabaq İranın bir çox kənd­lərini gəzib dolaşan ədib, yerli ağaların zəhmətkeş xalqı istismar etməsində xarici işğalçıların sadiq köməkçiləri olduğu­nu öz gözləri ilə görmüşdü. Jurnalın nömrələrinin birində verilmiş mənalı karikatura bütün ifşa istiqaməti ilə məhz bu xəyanətə qarşı çevrilmişdir. Orada qoyun gənəsi kimi təsvir edilmiş yerli feodallardan olan İsmayıl ağa Azərbaycanın ayağına yapışmışdır. Rəsmin altında isə «Bu qoyun gənəsi haradan mənim qıçıma yapışıb?» sözləri verilmişdir.

«Molla Nəsrəddin»in bütün nömrələrində xalq həyatı, xalq məişəti problemləri, adamların güzəranı məsələləri xüsusi yer tutmuşdur. C.Məmmədquluzadə Təbrizdə də jurnalın bu leytmotivini davam etdirirdi. Ədib yeddinci nömrədə Nikolayı xatırladır: «Ax Nikolay, gör bəxtin necə yatıb ki, iranlılar da səni müstəbid hesab edirlər». Müəllif kinayə ilə Nikolaya sanki «haqq qazandırır» və İranda mövcud olan istibdadın, despo­tizmin daha kəskin olduğunu göstərirdi. Eyni kinayəli üsul yaşayışı və dolanışığı pis, dözülməz olan müəllimlərin ağır vəziyyətinin göstərilməsində də işlədilmişdir: «Əgər müəllim­lər yaxşı dolansalar dərsə hazırlaşmazlar». Yazıçı sonra da əlavə edirdi ki, buna görə də İranın ibtidai müəllimləri, xüsusən də Azərbaycan müəllimləri bütün dünyanın ibtidai müəllimlə­rindən zehinli və elmlidirlər. Lakin bu cür kinayələrə baxma­ya­raq, «Molla Nəsrəddin»in Təbriz nömrələrində, «ciddi müha­kimə, qəzəb, səbirsizlik və qəlb narahatlığı hər yerdə yumor və satiraya üstün gəlir» (M. Cəfər).

Bütün bunlarla yanaşı, «Molla Nəsrəddin»in Təbriz nöm­rə­lərində hamamlar, teatr geriliyi, «həmən həsir, həmən falaq­qa» olan mədrəsələr, qızların oxumaması məsələləri və s. tə­nqid edilir, cəsarətlə bir çox mənsəb sahiblərinə sataşılırdı. Məhz buna görə də jurnal Təbrizdə təqib olunmuş və C.Məm­mədquluzadə orada da nadan müsəlmanlar «əlində qalmışdı». Ətraf mühitdəki təqiblərin kəskinliyini C.Məmmədquluzadə jurnalın 15 may 1921-ci ildə çıxan sonuncu 8-ci nömrəsində isə belə ifadə etmişdir: «Əgər senzorsuz çıxardığı axırıncı şümarə­lərdə ondan artıq bir söz yaza bilməzdimsə, buna səbəb budur ki, rəsmi senzordan əlavə bizim qaranlıq mühitin və çürümüş məişətin özünəməxsus bir senzoru var ki, yazmaq səhldir, insanı lal olmağa məcbur edir». Ədib acı-acı bildirirdi ki, yəni hakim dairələr adamları elə qayda-qanunla yetişdirirlər ki, onların özləri belə senzora çevrilirlər.

«Molla Nəsrəddin» jurnalı Təbrizdə nəşr edildiyi dövrdə Cənubi Azərbaycanda sonsuz zülm, istismar, cəhalət və möv­hu­mat hökm sürürdü. Xalq dözülməz ictimai bərabərsizlik şəraitində yaşayırdı. Jurnal «Tüstü» felyetonunda məhz məz­lum­ları azadlıq uğrunda mübarizəyə səsləyir və bu mübarizədə əzmkar olmağa çağırırdı.

«Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmməd­quluzadə Təbrizdə çox qalmadı. Tezliklə Azərbaycan Sovet hökümətinin dəvəti ilə o, geriyə-Bakıya çağırıldı.

C.Məmmədquluzadə Cənubi Azərbaycana Xudafərin körpüsündən keçib getmişdisə, Culfa dəmiryolu ilə Sovet Azər­bay­canına geri döndü. Beləliklə, jurnalın Təbriz dövrü, Tiflisdə və Bakıda çap edilən «Molla Nəsrəddin» üçün keçid mərhələsi, C.Məmmədquluzadə üçün isə «Ötən günlər» oldu. Ədib vaxtilə yazırdı: «Şərt bu deyil ki, ancaq bu günkü günün əhvalatını xəbər vermək, şərt budur ki, gələcəkdən də bir söz söyləmək». Bu mənada «Molla Nəsrəddin» jurnalı indi də azadlıq istəyən Şərq xalqları üçün müasirdir və müasir olaraq qalacaqdır.
1986

M.Ə.SABİRİN POETİK SİSTEMİNDƏ

BƏDİİ SÖZÜN TƏKAMÜLÜ
Hər hansı bir sәnәtkarın yaradıcılığının təhlilində, yaxud hər hansı bir əsərin sәciyyәsindә müxtәlif bәdii komponentlәrin araşdırılması son dərәcә vacib amillәrdәndir. Yәni elә mәsәlә­lәr vardır ki, onların estetik dəyәrini vә funksiyasını dәqiq, hәr­tәrәfli müәyyәnlәşdirmәdәn düzgün qәnaәtlәrә vә elmi nәticә­lәrә gәlmәk mümkün deyildir. Әslindә müәyyәn әsәrin bәdii komponentlәri bu әsәrin mahiyyətini dә, yazıçı qayәsini dә aç­maqda ciddi amildir.

Birincisi, hәr hansı bir әsәrin ideya siqlәtini düzgün dәrk etmәk üçün hәmin әsәrin yarandığı şәraiti nәzәrә almaq vacib­dir. Çünki bәdii mәtnin bir çox cәhәtlәri mövcud şәraitdәn vә vәziyyәtdәn son dәrәcә aslıdır.

İkincisi, sәnәtkar istedadı vә onun sәnәtdə tәzahür forma­ları bir çox yaradıcılıq sirlәrinin işıqlandırılmasında zәruri amilə çevrilir. Hәmçinin bunlar istedadın kücündәn asılı olaraq muxtәlif sәviyyәlәrdә üzә çıxır, oxucu ilә tәmas yaratmaq keyfiyyәti ilә seçilir.

Üçuncusu, bәdii әsәrin janr, şәkil müәyyәnliyi lazımi səviyyədə tәsiredici vә cәlbedici amildir. Yәni bu cәhәtlәr düz­gün müәyyәnlәşdirilәndә, düzgü seçilәndә oxuc ilә yazıçı arasında әlaqә vә ünsiyyәt dә küclənir.

Daha başqa bir mәsəlә bәdii әsәrin mövzusu ilә bağlıdır. Belә ki, mövzunun diqqәtlә seçilmәsi bәdii inikasda vacib şәrtlәrindәndir. Lakin bizi burada M.Ә.Sabirin hansı mövzular­da yazması yox, bu mövzuların böyük Azәrbaycan satirikinin yaradıcılığında hansı təkamül formaları keçirmәsi kimi ciddi mәtlәb düşündürür.

Mirzә Әlәkbәr Sabirin yeni yaradıcılıq meydanına atıldığı әsrin әvvәllәrindә bәdii fikir vә düşüncənin gәrginlik nәbzi daha sürәtlә döyünmәyә başladı. Bu zaman sәngәr arzusunda olan döyüşkәn qüvvә üsyan vә qalibiyyәt dәbilqәsini qaldıra­raq, sәnәtin aparıcı qәhrәmanına çevrildi. Bәs hәyata, real gerçәkliyə son dәrәcә yaxın olan Sabir sәnәtinin mövzu dairәsi necәdir vә hansı sәnәtkarlıq xüsusiyyәtlәri ilә seçilir, tәyin olunur? Әslindә bir cümlәdən ibarәt olan bu sadә suala qalın-qalın kitablar da tam cavab verә bilmәz.

M.Ә.Sabir yaradıcılığında adi sözdәn bәdii mәtnin tәşki­linә, oradan da bütöv bәdii sistemә doğru poetik hәrәkәtin öyrәnilmәsi bu irsin namәlum qalan bir çox sirlәrinin açılma­sına geniş imkan yaradır. Hәmçinin son dәrәcә sәciyyәvidir ki, bunlar haradasa bir-birindәn ayrılan mәrhәlәlәr deyil, ümumi­lәş­mәyә doğru sәmtlәnәn tәbii inkişafdır.

M.Ә.Sabirin “Molla Nәsrәddin” jurnalının 11 oktyabr 1909-cu il nömrәsindә çap olunan “Yaşamaq istәr isәk sırf avam olmalıyız!” satirasının iki misrası belәdir:


Başqaları çox da balonlarla edir, seyri-hәva,

Biz bu seyri edirik xabdә hәr sübhi mәsa.
“Başqaları çox da balonlarla edir, seyri-hәva” misrası vә orada ifadә olunan mәna ciddi әhәmiyyәt daşımaqla, Şәrqin geriliyini vә әtalәtdә olmasını göstәrәn әn adi bәdii vahidlәrdәn biridir. Yәni bu әtalәt vә gerilik bütün şeir boyu diqqәtә yeti­rilir vә oxucuda xüsusi maraq doğurur.

Müәyyәn mәnada onu tәsadüf dә hesab etmәk olar. Lakin ondan sonra yazılan vә “Zәnbur” jurnalında (26 fevral 1910) çap edilәn “Millәt şәrqisi”nin aşağıdakı misraları bu tәsadüfi rәdd edir:


Seyr etmәyә fәzanı icad olub balonlar,

Bir yandan avtomillәr, bir sәmtdәn vaqonlar.
Bәri başdan qeyd edәk ki, bu şeir xalqı vә millәti dirçә­lişә, oyanışa çağıran çılğın misralardan ibarәtdir. Sabir sәy edir­di ki, adamlar әtalәtә vә keriliyә son qoysunlar, əz işlәri vә әmәllәri ilә vәtәnin inkişafına çalışsınlar

Burada işlәnәn “Seyr etmәyә fәzanı icad olub balonlar” misrası dövrün yeni kәşfinә olan Sabir marağındakı ardıcıllığın nişanәsidir. Aydın olur ki, bu mәsәlә hәm sәnәtkar şüurunda, hәm dә sәnәtkar qәlәmindә bәdii vahidlikdәn çıxaraq sistemә çevrilir. Belәliklә, “Hәqiqәt” qәzetinin 14 iyun 1910-cu il nöm­rә­sindә çap olunmuş bir taziyanә bu inkişafı başa çatdırır vә onu hәqiqәt zirvәsinә qaldırır:


Dindirir әsr bizi dinmәyiriz,

Açılan toplara diksinmәyiriz.

Әcnәbi seyrә balonlarla çıxır,

Biz hәlә avtomobil minmәyiriz.

Quş kimi göydә uçar yerdәkilәr,

Bizi kömdü yerә minbәrdәkilәr.
Şeirdә qәribә bir tәzadlar silsilәsi öz ifadәsini tapır: Yer vә Göyün tәzadı, minbәr vә tәyyarәnin, әtalәt vә kәşfin, süku­nәt vә hәrәkәtin tәzadı, Qərb vә Şәrqin tәzadı. Minbәr olanda tәyyarә yox idi, amma bu yüksәklik yerdәn ucalmaq istәyәnlәri dә yerә gömdü. İndi isә әcnәbilәr öz tәyyarәlәri ilә minbәrdәn dә çox yüksәkliyә qalxırlar. Amma әn dәhşәtlisi budur ki, heç açılan toplara da diksinmirik. O topların mәrmilәri isә Sabirin mәhz hәmin misraları idi.

Belәliklә, Sabirdə hәrәkәtdәn sükunәtә keçәn anda әmәlә gәlən fiziki mәnada әtalәt yox, gerçәkliyin özündә baş verәn icti­mai-sosial әtalәt ümumilәşir. Tәbiidir ki, Sabir dövründә bu әtalәtlә bәrabәr bir yenilәşmә dә hiss edilir ki, Sabir şerinin poe­tikasında hәmin cәhәt öz forma vә üsulları ilә aydın görünür.

Sabirin 1907-ci ilin aprelindә çap etdirdiyi “Vay, vay! Nә yaman müşkülә düşdü işim, allah” misrası ilә başlayan şerindә mәnfi obraz oyanan şüurun mübarizliyindәn qorxuya düşmüş­dür. Onun üçün keçmiş daha gözәldir:

Ax, ay keçәn illәr, nola bir dә dolaneydiz,

Tazә yenә beş yüz il olunca dayaneydiz,

Elmi, әdәbi, fәzli, kәmalatı daneydiz,

Ey bildir, inişil, nola, odlara yaneydiz.
1908-ci ildә M.Ә.Sabir “A kişi, bundan әzәl xalqda hörmәt var idi” misrası ilә başlayan satirasında da yenә hәmin problemә qayıdır:
Ah, әfsus ki, keçdi o közәl dövarnım,

Rahәt idim ki, bu xalq içrә cәhalәt var idi!
Bir az sonra isә M.Ә.Sabir eyni mövzunun hәllindә finala çatır. Ümumilәşmә vә tipiklәşmә öz hazırlıq mәrhәlәsindәn adlayaraq, vahid mәcraya sığışır:
Ah!.. Necә kef çәkmәli әyyam idi,

Onda ki, övladi-vәtәn xam idi!
Lakin bütün bunlara baxmayaraq, Sabir daha çox yatmış, yatağa düşmüş bir nәsli, әsәbi görünәn bir zamanı oyatmaq vә sağaltmaq istәyirdi. Bu əsəbiliyi, bu dalğınlığı soyutmaq üçün poetik ahәngin ən nadir kəşfi kömәyə çatdı:
Tәrpәnmә, amandır, bala, qәflәtdәn ayılma!

Açma gözünü, xabi-cәhalәtdәn ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!
Әsrlәr boyu körpә uşaqların beşiyi başında oxunmayan laylanı, nәhayәt, Sabir böyük bir xalqın keşiyini çәkәndə oxudu, oxuduqca da göz yaşlarını qәlbinә axıtdı, Bildi ki, “ağ­la­dıqca kişi qeyrәtsiz” olur. Həlә bu günә qәdәr poeziya tari­ximiz “Göz nurudu uyğu, onu dur etmә közündәn” misrasının ifadә etdiyi ağrını öz yaddaşına yazmamışdı.

M.Ә.Sabir yaradıcılığında kinayәnin vә ezop manerasının mәhsuldar şәkildə işlәnmәsi bilavasitә “Molla Nәsrәddin” jur­nalı ilә əlaqәdardır. Yәni Mirzә Çәlilin bәdii yaradıcılıqda gәldiyi qәnaәt sonralar vahid sistemә çevrildi.

Bu mәnada M.Ә.Sabirin dә mübarizә yollarını düzgün başa düşmәk lazımdır. Onun poeziyası, onun vәtәndaşlıq xarakterini tam vә dәqiq şәkildә ifadә edir.

“Get yat vә get yat vә get yat vә get yat!!!”

Yaxud:

“Harda yatsan, yat, ayılma, durma hәrgiz sübhdәn”.



Vә yaxud:

“Oyanma, yat, a millәt, dinmә, dinmә, durma, tәrpәnmә!”

Yaxud da;

“Dinmә, danışma, yat bala, sәn deyәn olmayıb hәlә”.

Bunlar sadәcә olaraq müxtәlif şeirlәrin ayrı-ayrı misraları deyil, әsәbi bir dövrün içәrisindәn qalxan vә әsәbi, narahat olduğu qәdәr dә sәrrast tuşlanan Sabir qәzәbi idi.

Axı, şair necә rahat ola bilәrdi ki, әlini ağdan-qaraya vur­mayan vә sәhәrdən axşamadәk yatanların özlәri belә qeyrәtdәn dәm vururdular:


Cümlә cahan yatsa da, biz yatmarıq,

Qeyrәti-milliyyәtimizi atmarıq.
Bu “bәyanat” da “dinmә, danışma, tәrpәnmә, durma, oyan­ma, ayılma” sözlərinin yönәldiyi hәdәf kimi, mәnfi qәhrәmanın özünün ifşası idi.

Bəzən Sabir şeirindә, sözün hәqiqi mәnasında, yatmaq­dan söhbәt gedir: “Rahәt yata bilmәm, mәnә qәm muri daraş­dı”. Bәs bu qәhrәman kimdir? - Elmin vә maarifin düşmәni! O, yeni üsullu mәktәblәri vә bu mәktәbdә dәrs deyәn müәllimlәri bәyәnmir, çubuq vә falaqqanın stul vә yazı taxtası ilә әvәz edilmәsini qәbul etmir, yәni yatanların ayılması onu yatmağa qoymur.

Başqa bir mәqamda isә yatmamağa çağırış nidası müstә­qim mәna kәsb edir:
Aldanmayın, aldanmayın, allahı sevәrsiz!

İranlı kimi yatmayın, allahı sevәrsiz!
Bütün bunlar Sabir sәnәtinin bir problem әtrafında cәmlә­şәn poetik variantlarıdır. Yәni o da aydın şәkildә mәlum olur ki, ustad satirik bir mәsәlәdәn yalnız bir dәfә bәhs etmir. Bәzi mәtlәblәri müxtәlif vaxtlarda süzgәcdәn keçirәrәk, poetik yad­daş vasitәsilә kağıza köçürür. Belәliklә, bir tәrәfdәn müәllif öz izlәdiyi qayәni, ideyanı müxtәlif qütblәrdәn işıqlandırır, digәr tәrәfdәn dә oxucular şairin hәyata münasibәtini bütün aydınlığı ilә duyur vә başa düşürlәr.

Sabir üsyankarlığı yatanları ayıltmaq istәdiyi kimi, poetik deyimin vә ahәngin bütün nüsxәlәrini dә eyni bir yatağa salır vә xalq içәrisinә axıdır. Hətta bu məqamda Sabirin “Ac toyuq yuxuda darı kərәr” atalar sözündәn istifadәsi onun xalq әdәbiy­ya­tına bağlı olmasını tәsdiq edәn fakt kimi nә qәdәr mәnalı­dırsa, mәhz bu qәdәr vә bәlkә dә bundan artıq dәrәcәdә sәnәt­karın poetik sisteminin bütövlüyünü şәrtlәndirәn amillәr­dәn biridir. Sabirin yatmaq barәdәki misralarının vә şerlәrinin tәsiri vә harmoniyası tәbii olaraq gәtirib buraya çıxarmışdı: “Çığır­ma, yat, ay ac toyuq, yuxunda çoxca darı kör!”

Sabirin bәdii sistemi atalar sözündәn istifadәni xalq әdәbiyyatına ehtiramın saxta nişanәsinә çevirәnlәrә qarşıdır. Sabir qәhәrlәnmәk әvәzinә qürrәlәnәnlәrin әleyhinәdir.

Uzun müddәt әtalәt içindә boğulan insan özünün istisma­rını da özü hazırlayır. Yüksәk tәbәqәnin kinli və küdurətli nümayәndəsi soyğunçuluğunu sona qәdər davam etdirir:


Mәn gözlәmәnәm, buğda çıxar, ver bәbәyindәn!
Sabir poeziyası qəzәb vә narahatlıq içәrisindә çırpınır. Dövrün tәbәddülatını görәn, adamların kimsәsiz vә yazıq taleyinin şahidi olan sәnәtkar hәm dә çıxış yolları axtarır. El­dәn, xalqdan cavab gәlmәyəndә onun mәyusluğu, birә on artır. M.Ә.Sabir yatanların hәlә oyanmadığını görür vә mәcbur olur ki, 1910-11-ci illәrdә onların yuxusundan danışsın (“Yuxu” vә “Baqiәyi- yubileykaranә” şeirlәri).

Eyni zamanda, yatmağın vә yuxunun simvoluna çevrilmiş yorğan bәdii detalı Sabirin 1907-1910-cu illәrdә yazdığı müx­tәlif şeirlәrindә ciddi funksiyaya malik olmuşdur. Hәr şeydәn qabaq, bu söz vahidi işlәnmә mәqamlarına vә ifadә çalarlarına görә xüsusi diqqәt tәlәb edir.

İlk variant belәdir:
Pa atonnan, nә ağır yatdı bu oğlan, ölübә!

Nә dә tәrpәnmәyir üstündәki yorğan, ölübә!
Yatanın konkret kim olması bizә məlum deyil. Amma bir cәhәt aydındır ki, hәmin şәxs peşәsindәn vә sәnәtindәn aslı olmayaraq, şәrqlidir. Üstündәki yorğanın tәrpәnmәmәsi isә bü­töv­lükdә Şәrqin geriliyinә işarәdir. Adı vә sәnәti bilinmәyәn bir şәrqli öz yorğanı ilә birgә bütöv Şәrqin taleyini ifadә edә bilir.

Yorğan şairin estetik idealına ikinci dәfә “Әkinçi” şeirin­dә xidmәt göstәrir. Orada mülkәdar әkinçiyә deyir:


Aldı dolu әldәn sәru samanını, neylim?

Yainki çәyirtkә yedi bostanını neylim?

Verdin keçәn il borcuna yorğanını neylim ?

Ol indi palaz satmağa amadә, әkinçi!

Lal ol, a balam, başlama fәryadә, әkinçi!
Palazını satmaq tәhlükәsi qarşısında qalan әkinçi artıq bir ildir ki, yorğanını itirib. Lakin bu yorğan sadәcә olaraq ev әş­ya­sı, әkinçinin gecәlәr soyuqdan qorunması üçün vasitә deyil. İtirilmiş yorgan itirilmiş mәnәviyyatdır.

Aşağıdakı nümunә isә 1908 - ci ilә aiddir:


Durma, yıxıl, yat hәlә Fәrhad kişi!

Әsri gərüb qalma belә mat, kişi!

İndi olub yorğanın uç qat, kişi!

Saqqalını bir-iki yırğat, kişi!

Çәk başına yorğanını yat, kişi!
Necә olur ki, eyni vәziyyәtdә yaşayan adamlardan birinin yorğanı itir, digərininki isә üçqat artır? Bu, vahid yaradıcılıq sisteminә malik olan Sabirin bәdii irsi üçün ziddiyyәt deyilmi? Әksinə, Sabir sәnәti ikili görünәn bu cәhәtlәrin әlaqәsindә, vәhdәtindә daha böyükdür. Çünki yorğanı ücqat olan Fәrhad kişi dә yorğanını başına cəkib yatması ilə mənəviyyatını itirir. Bu, vahid bir ideal uğrunda köklәnən Sabir harayının pozulmaz vurğusudur.

Başqa bir nümunә:


Balışa baş qoyalım, yorqanı vәrdiş edәlim.
Göründüyü kimi, 1909-cu ildә böyük Sabirin və ürәk ağ­rı­sına tutulan qәhrәmanın qәzəbi sonsuzdur. Bu qәzәbi poszi­ya­nın, şeir sәnәtinin inçәliklәri köklәmişdir. Yorğanla yatmaq insanın vәrdişi olduğu halda, Sabir onu vәrdişdәn cıxarmaq istәyir.

Nәhayәt, 1910-çu ildә yorqan bәdii detal kimi әn yüksәk sәviyyәyә qalxır, bu söz misradan-misraya keçәrәk şeirin başlığına çıxır vә “Molla Nәsrәddinin yorğanı” әsәri ilә hәmin problemә yekun vurulur. Şerdә göstәrilir ki, küçәdә vurhavur eşidәn molla yorğanını çiyninә salıb bayıra çıxır. Evә dönәndә övrәti ondan soruşur:


De görum, küçәdә nә var, a kişi?

Bu nә dәvadır, anladınmı işi?”
Dedi:
Yorğan uçun imiş bu tәlaş,

Yorğanı qapdılar, kәsildi savaş”
“Ölübә” nidasını qәbul edәn namәlum obrazın da, әkinçi vә Fәrhad kişinin dә, yorğanın vәrdişinә etiraz edәn lirik qәh­rәmanın vә Molla Nәsrәddinin dә fikirlәrinin vә mәqsәdlә­rinin hәqiqәti oxucuya yaxşı mәlumdur. Lakin bizim üçün maraqlı odur ki, Sabir poeziyasında bir mәtlәbi vә problemi ümumilәş­dirәn hәr hansı bir yekun şeiri müxtәlif şeirlәrin daxilindәn süzülәrәk meydana çıxır. Ümumilәşmә vә tipiklәşmәnin әn bariz nümunәsi olan şeirlәrin dә ayrı-ayrı misraları Sabir yara­dı­cı­lığında yeni bir tipik şeiri hazırlamış olur. Sabir satirasının bu sistemi pozulmaz vә spesifik bir sistemdir. Elə bir sistem ki, o, yalnız vә yalnız Sabir tәdqiqatçılığına borcludur.

Dövr vә zaman sənәtin yalnız problematikasını müәyyәn­lәş­dirmir, bәdii fikrin ritminә dә tәsir göstәrir. Tәbii ki, Hadi şerindәki ritm Hadinin natiqliyini tәsdiq edir. O deyir: “Mәn bir günәşәm, yerdә әyandır lәmәatım”. Tribun vüsәt heç bir mikrafon, heç bir güclәndirici tanımır. Sabir isә başqa cür danışır: “Mәn günәşi göydә dana bilmirәm”. Hadidәki monolo­qu Sabirdә dialoq, Hadidәki qәtiliyi Sabirdә düşüncә, Hadidәki nidaları Sabirdә suallar әvәz edir. Hәtta Sabir şeirindә “Nitqim tutulur hәrzәvü hәdyanını görçәk” etirafı vә “Nә uçun susdu natiqlәr” tәәssüfü ilә dә qarşılaşırsan.

XX әsr Azәrbaycan әdәbiyyatı Hadi natiqliyi ilә Sabir “tәdqiqatçılığına” çox borcludur. Bir çox hallarda Hadi özü dә bәlağәtli nitqlәrinә Sabir “tәdqiqatlarından” sonra başlayır.

Forma vә mәzmun vәhdәtindәki, sәnәtkarlıq vә poetika­dakı yenilik, novatorluq Sabiri Mirzә Fәtəlinin varisi elan etmyә imkan verir. Bu varislik “Hophopnamә” ilә “Tәmsilatı” bir müstәvi üzәrinә gәtirir. Mirzә Fәtәli komediyaları bir başlıq altında ona görә ümumilәşir ki, yalnız ideyaca deyil, poetika baxımından da onlar bir-birinin davamıdır. Sabirin bütün şeirlәri dә mәhz bu cәhәtinә görә bir ad altına sığışa bilir.

“İran özümündür” şerindә qәhrәman deyir:
İran özümün, Rey, Tәbәristan özümündür!

Abad ala, Ya qalsa da viran, özümündür!
Bunlar şahın “qeyrәt” nişanәlәridir. Belә sәslәnir ki, hökmdar hakim olduğu ölkәni ürәkdәn sevir vә hәtta viranә qalsa belә, onun sevgisi, yәni ‘‘vәtәndaşlığı” azalan deyil. Amma Sabir eyhamı oxucunu düşündürür. Elә sonrakı bәndlәr vә başqa bir şeir Sabir eyhamındakı ehtimalı doğruldur:
Neçin mәşrutә bağlandı,

Müzәvvirlәr qaçaqlandı,

Qarınlar doydu, yağlandı,

Vәtәn darülcünün oldu?

Sәbәb boynuyoğun oldu.
“İran özümündür” “qeyrәtinә” sığınan şahın hücumu dözül­mәzdir. Xalqın qanını zәli kimi sormaq vәrdişini itirmә­mәk inadı mәşrutә hәrәkatını topa tutur. Sabir harayındakı qәzәb titrәyib söyüş vә tәhqirә dayanır.

Daha sonra Sultan Әbdülhәmid dә Mәmmәdәli şahı eyni nida ilә damğalayır:


Sәn qarnıyoğun bir şey idin ruzi-әzәldәn,

Boynun da yoğun oldu; mәnimki belә duşdu!
Xəlәti kötürüb, bitli libası rәiyyәtin üstünә atmaq, özünü “cәfa vә sitәm çәngәli” elan etmәk, “İranlı gәrәk can verә qür­bәt­dә hәmişә” qarğışından lәzzәt almaq Mәmmәdәli şahın şa­kәri­dir. Bu cəllad “odlu fәrmanları” ilə azadlığı boğur, döv­ran vә meydanı, xırman vә Tehranı, hәtta ayranı belә özünә çı­xır vә nәhayәt, bütün bunların müqabilindә öz gizli niyyәtini elan edir:
Çox ucuz qiymәtә hәr şey satıram,

Ay alan, mәmlәkәti-Rey satıram!
Demә, “İran özümündür” deyәn vә Reydәn imtina etmә­yә­cәyini bildirәn şah dünya bazarına çıxmağa hazırlaşırmış (Sabir özü dә buraya bir necә şeri vasitәsi ilә gәlib çıxmışdır). Yalnız mal vә mülkü yox, hәtta mәmlәkәti satışa aparan, doğ­ma torpağı dünyanın tapdağına çevirәnlәrin, dünyanı bölmək istәyәnlәrә imkan yaradanların qulağı Sabir harayından tutul­ma­ya bilmәzdi.

Klassik sәnәtkar o yerdә dayanır ki, bu, artıq axırıncı dayanacaqdır.

Sabir yaradıcılığında saysız-hesabsız obrazlar vardır. “Hop­hopnamә”dә yalnız adları ilә tanınan Sәttar xan, Molla Hәbib, Hacı Qurban, Mir Haşım Tәbrizidәn söhbət getmir. Fәh­­lә, әkinçi, rәiyyәt, fәqir, dilәnçi, dehqan vә rәncbәr; xan, әyan, ağa, molla, bәy vә bәyzadәlәr Sabirin tәsvir vә tәqdi­mindә daha qabarıq görünürlәr. Bunlar müxtәlif şeirlәrdә ayrı­dırlar, fәrdidirlәr, tam götürülmüş Sabir poeziyasında isә fәrqli cәbhәlәrdә olsa belә ictimai qüvvә vә zümrәdirlәr. Sabir ayrı-ayrı sәnәt, peşә sahiblәrini, müәyyәn sinfi mәnsubiyyәtә malik olan obrazları tәk-tәk götürmür, әksinә çoxlarını bir yerdә görməyә xüsusi meyil göstәrir. Hәtta mәnfi tiplәrdәn biri deyir: “Cüt-cüt durur övrәt solumuzda, sağımızda”. Yaxud: “Bir, iki, üç düz yanına”.

Sabir şeirlәrindә birbaşa xitab olunan obrazlar kimlәrdir? - Fәhlә, әkinçi, dilәnçi, Fәrhad kişi vә nəhayәt, millәt; Molla, gavur qızı, qoca baqqal kişi vә nәhayәt, Mir Haşım Әrdәbili; uşaq­lar, uçitellәr vә nәhayәt, bunların hamısını ifadә edәn in­san­lar. Beleliklә, Sabir poeziyası iri hәrflәrlә yazılmış CAMA­AT obrazı ilә daha çox xarakterikdir. Azәrbaycan realizm ta­rixindә müәyyәn ümumilәşmә güclü olsa da, Mirzә Fәtәlinin kiçik bir regionu әhatә edәn “nuxulular”ı sonra Mirzә Cəlilin “ölülәr”inә çevrilir. Elә bu çevrilmә prosesindә dә Sabir sәnәt meydanına “camaat”la çıxır. Hacı Nurunu vә Kefli İsgәndәri Mirzә Әlәkbәr Sabir şeirindә daha ağrılı, daha mübariz vә daha sәbrli Mirzә әvәz edir.


1998

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə