Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə3/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

XX ƏSRİN ƏVVƏLLƏRİ

AZƏRBAYCAN ƏDƏBİYYATI
MƏHƏMMƏDAĞA ŞAHTAXTLI:

BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ
Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinin elə böyük və azman şəxsiyyətləri vardır ki, onların həyat və fəaliy­yət­lərinin öyrənilməsi həmişə aktual olmuş və bu aktuallıq öz məzmununu xalqın tarixi keçmişini, özünəməxsus düşüncə tərzini, onların müasir məna və mahiyyətini üzə çıxarmaqla reallaşdırmışdır. Eyni zamanda belə mötəbər adamların keçdiyi ömür yolu, göstərdiyi xidmətlərin şəffaf və zəngin şəbəkəsi, onların daxilində yaşayan vətəndaşlıq duyğuları o qədər geniş və rəngarəng mənzərəyə malikdir ki, bütün bunları tədqiq etdikcə gözlərimiz önündə daha dərin qatlar açılır və tükənməz milli sərvət üzə çıxır.

Nə qədər acı olsa belə təəssüf doğuracaq başqa bir fakt da aydın və aşkardır. Belə ki, bizim mənəvi yaddaşımızda elə ta­rixi simalar vardır ki, biz hələ də onların həyat və yara­dıclığını özümüzə kifayət qədər tanıtdırmamışıq.

Belə şəxsiyyətlər haqqında elmi məcmuələrdə ara-sıra məqalələr yazmaqla kifayətlənmək, yaxud onların bəzilərinin fəaliyyətini dissertasiya janrına sığışdırıb bundan təsəlli tap­maq­la işimizi bitmiş hesab etmək və bu şəxsiyyətləri hərtərəfli, geniş planda oxuculara çatdırmamaq ədəbiyyatşünas günahın­dan başqa bir şey deyildir.

Bu söylənilənlərə real bir nümunə Məhəmmədağa Şah­taxt­lıdır. XIX əsrin ikinci yarısında və XX əsrin ilk qərinəsində (1846-1931) yaşayan M.Şahtaxtlı son dərəcə geniş bir fəaliyyət dairəsinə malik olmuşdur. Hətta onun haqqında bir neçə dis­ser­­tasiya və məqalələr yazılsa da, təəssüflər olsun ki, M.Şah­taxt­lının yaradıcılıq diapazonu ədəbi-elmi ictimaiyyət qarşısın­da kifayət qədər açılmamış, yəni bu azman şəxsiyyətin məqalə­ləri, kitabları və digər yaradıcılıq nümunələri indiyə qədər küll halında çap olunub oxucuların ixtiyarına verilmə­mişdir. Yalnız indi - bu gün M.Şahtaxtlının «Seçilmiş əsərləri» işıq üzü görən­dən sonra ədəbi-elmi ictimaiyyət və oxucular onun əsərləri ilə tanış olmaq imkanı tapmışdır. «Görkəmli ic­timai xadim, publi­sist və maarifçi Məhəmmədağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haq­qında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 fevral 2006-cı il tarixli sərəncamı ilə çap olunan bu kitabın toplayanı, tərtib edəni və ön sözün müəllifi əməkdar elm xadimi, akademik İsa Həbibbəylidir.

İsa Həbibbəylinin ədəbi-elmi fəaliyyəti yalnız XIX və XX əsr sənətkarlarımızın yaradıcılıqlarının fundamental tədqiqi və araşdırılması ilə məhdudlaşmır, eyni zamanda onların əsər­lərinin nəşri vasitəsi ilə də zənginləşir və bütövləşir. Doğrudur, klassiklərin həyat və yaradıcılığının tədqiqi və araşdırılması onun ədəbiyyatşünaslıq fəaliyyətinin ana xəttidir və bu xəttin əsas nöqtələrində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Qəmkü­sar, M.T.Sidqi, E.Sultanov, H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq və onların bir çox müasirləri dayanırlar. Bununla yanaşı gör­kəmli alim həmin dövrdə yaşayıb-yaradan klassiklərimizin itib-batmış əsərlərini arayıb axtarır, çətinliklə olsa belə onları aşkara çıxarır, tərtib edir və kitab halında çapına nail olmaqla çoxlarının görmək istəmədiyi və yaxud görə bilmədiyi başqa bir mühüm elmi vəzifəni də yerinə yetirmiş olur.

Bəs konkret olaraq İsa Həbibbəylinin tərtib və tədqiq et­diyi əsas obyektlər kimlərdir? Bir neçəsini xatırlayaq: Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Abbas Zamanov, Məhəmmədağa Şahtaxtlı... Onların adlarını təsadüfən çəkmirik. İsa Həbibbəyli ədəbi-elmi yaradıcılığı boyu o şəxsiyyətləri öyrənir və o şəxsiyyətlərin əsərlərinin tərtibinə və nəşrinə səy göstərir ki, həmin şəxsiyyətlər tədqiqatçı alimə mənən, ruhən yaxındırlar. Başqa sözlə, ədəbiyyatşünas alimlə onlar arasında təqdir edilməyə və öyrənilməyə layiq kifayət qədər ortaq təmas nöqtələrini nümayiş etdirən ən son və ən bariz nümunə Məhəmmədağa Şahtaxtlıdır.

Məhəmmədağa Şahtaxtlı, hər şeydən qabaq, böyük icti­mai xadim və filosof idi. Onun publisistik yaradıcılığı zəmanə­nin bütün qabarıq və ağrılı məsələlərini özündə ehtiva edən, yaşadan və təkrarolunmaz nümunələrdən ibarətdir. Bu nümu­nələr tarixi düşüncəni və müasir baxışlar sistemini qovuşuq şəkildə əks etdirən dəyərli və proqram məzmunlu mənbələrdir. Belə ki, Məhəmmədağa Şahtaxtlının 1901-ci ildə Fransada çap etdirdiyi «Türkiyəni necə xilas etməli?» fəlsəfi traktatı yalnız öz dövrü, öz zamanı üçün deyil, bu gün və sabah üçün də son dərəcə əhəmiyyətlidir. Osmanlı imperatorluğunun tənəzzül sə­bəb­ləri və eyni zamanda yeni Türkiyə dövlətinin yaradılması ide­yası bu əsərin ana xəttini təşkil edir. Tam qətiyyətlə və heç bir tərəddüdə yol vermədən qeyd etmək olar ki, həmin dövr və həmin hadisələrlə bağlı yazılmış onlarla, yüzlərlə məqalə və kitab içərisində M.Şahtaxtlının bu fəlsəfi traktatı aydınlığı, sadəliyi, daha çox isə öz idraki gücü ilə fərqlənir və seçilir.

M.Şahtaxtlı Osmanlı imperatorluğunun tənəzzül başlan­ğı­cını Sultan Süleymanın məmləkətin müxtəlif yerlərində yaşa­yan, öz əyalətinin mülki və hərbi qüvvələrini tamam əlində sax­la­yan bütün şahzadələri saraya yığmasında və beləliklə, onla­rın idarəçilik təcrübəsinin məhv edilməsində görür. Gələ­cək hökmdar şahzadə əyaləti tərk edib sarayda yaşamaqla məm­­ləkətin içərisindən xəbərsiz olur və getdikcə idarəçilikdən tamamilə uzaqlaşır. Müəllif böyük bir təəssüf hissi ilə yazırdı: «Budur, üç əsrdir ki, heç bir sultan, heç bir imperiya şahzadəsi dəniz limanlarına, hətta Türkiyənin ən əhəmiyyətli limanlarına belə baş çəkməmişlər. Aydındır ki, donanmanın rəhbərliyindən danışmağa belə dəyməz... Heç bir sultan nə ciddi bir milli, siyasi, dini, hərbi və ictimai qüvvəyə, nə lazımi bilik və təcrübəyə malik deyildir».

İmperatorluğun həmin dövr üçün ağır vəziyyəti yalnız bunlarla bitmir. Ən dəhşətlisi odur ki, hakimiyyət başında olan Sultan Əbdülhəmid məmləkətin bütün tarixi şəxsiyyətlərini, yəni düşünən beyinlərini məhv etməklə məşğuldur. Bu despot hökmdarın fitvası ilə «Məhəmməddən sonra Şərqdə ən əzəmət­li, bəşəri ictimai fikrin yorulmaz təbliğatçısı Midhət paşa öldü­rüldü», «Şərq və Qərbin hərtərəfli birləşməsindən xəbərdar olan Xeyrəddin paşa zəhərləndi», «Osmanlı imperiyasında ən savadlı şəxs hesab edilən Aleksandr Karateodori paşa hökumət işlərindən uzaqlaşdırıldı», «Türkiyənin birinci millətçisi olan Sadiq paşa Şio adasında dustaq edildi», Türkiyənin Peterburq­da olan təmsilçisi Şakir paşa geri çağırılıb ölkənin mərkəzindən uzaqlaşdırıldı, keçmiş müdafiə naziri Rəşid paşa həbsxanaya salındı, müharibə vaxtı türk ordusunun baş komandanı Süley­man paşa sürgün edildiyi Bağdadda zəhərlənib öldü, marşal­lardan Əhməd Əyyub və Fuad paşa ordudan uzaqlaşdırıldı və onlardan birincisi buna dözməyib tezliklə öldü, keçmiş baş vəzir Cavad paşa Konstantinopolda zəhərləndi və s. Şübhəsiz, bütün bunlar Sultan Əbdülhəmidin törətdiklərinin bir hissəsi idi və elə bu hissənin özü də Osmanlı imperatorluğunun ölüm­qabağı acı taleyini kifayət qədər əks etdirə bilir.

Digər tərəfdən bu fəlsəfi traktatda Türkiyəni xilas etmə­yin yolları və üsulları da göstərilir. Beləliklə, M.Şahtaxtlı yeni Türkiyə hökumətinin yaradılmasının əsas prinsiplərini irəli sürür. Onlardan ən başlıcası və ən ümdəsi hakimiyyət struktu­runun düzgün təşkili idi ki, həmin məsələ ətrafında düşünən mütəfəkkir publisist yazırdı: «Əgər Türkiyə öz mövcudluğunu qoruyub saxlamaq istəyirsə, o, elə bir hökumət təşkil etməlidir ki, həmin hökumət nəinki namuslu olub milli marağın qayğı­sı­na qalmalıdır, həm də savadlı olmalı, ölkədə siyasi-ictimai inki­şafı təmin etmək üçün böyük enerjiyə sahib olmalıdır. Bun­larsız milli istiqlaliyyəti qo­ruyub saxlamaq qeyri-mümkündür».

M.Şahtaxtlının irəli sürdüyü ikinci prinsip ondan da əhə­miy­yətli idi: «Bu, Türkiyənin avropalaşmasıdır». Müəllif hə­min prinsipin qaçılmazlığını, labüdlüyünü şərh edərək bil­di­rirdi: «Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan daşımaq mümkün deyil».

Faktlar sübut edir ki, Məhəmmədağa Şahtaxtlı Osmanlı imperatorluğunun tənəzzül səbəblərini və yeni Türkiyə dövlə­tinin yaradılmasının perspektivlərini tam aydınlığı ilə görmüş və onları konkret müddəalarla əsaslandırmışdır.

M.Şahtaxtlının «Türkiyəni necə xilas etməli?» fəlsəfi trak­tatı hələ bundan sonra daha diqqətlə öyrəniləcək və tarixi keçmiş haqqında bir çox məsələlərin dəqiqləşməsinə yardımçı olacaqdır. İsa Həbibbəyli bu kitabın tarixi rolunu və əhəmiy­yə­tini çox dəqiq olaraq aşağıdakı kimi səciyyələndirir: «Türki­yəni necə xilas etməli?» əsəri Azərbaycanda XX əsrin əvvəl­lə­ri­nin ilk geniş həcmli siyasi traktatıdır. Bu, Mirzə Fətəli Axun­dovdan sonra Azərbaycan ictimai fikrində monarxiya rejimi­nin, despotizmin və fanatizmin əleyhinə yazılmış ən kəsərli əsərdir... Bütün bunlar Məhəmmədağa Şahtaxtlının mükəmməl cəmiyyətşünas olduğunu da aydınlaşdırır».

M.Şahtaxtlı böyük bir maarifçidir. Onun maarifçiliyinin əsasında yeni milli düşüncə, yeni məktəb, yeni əlifba və yeni mətbuat dayanırdı. Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqaf­qaziya müsəlmanlarının necə adlandırılmasından başlayır­dı və milli düşüncəyə yeni əhvali-ruhiyyə gətirirdi. O, bu xüsusda «Kaspi» qəzetinin 1891-ci il nömrələrinin birində yazırdı: «Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Am­ma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz... Ona görə də Zaqaf­qaziya türk dilini isə tatar dili əvəzinə Azərbay­can dili adlandırmaq məqsədəuyğun olardı».

Məsələ tam aydındır. M.Şahtaxtlı ictimai-siyasi proses­ləri analitik təhlil süzgəcindən keçirərək yeni dövr üçün azər­bay­cançılıq fəlsəfəsinin açıq-aydın görünən və heç bir şübhə doğurmayan konturlarını cızır. Əslində Məhəmmədağa Şah­taxt­lının «Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?» məqaləsi «azərbaycanşünaslığın ilk elmi bünövrəsi, azərbay­cançılığın ilkin minimum proqramıdır» (İ.Həbibbəyli).

Yeni məktəb məsələsinə gəldikdə isə M.Şahtaxtlı 1882-ci ildə «Qafqaz» qəzetində rus dilində çap etdirdiyi «Müsəl­man­larda məktəb həyatı» silsilə məqaləsində həmin məsələdən ətraflı bəhs edir. Bu silsilənin ilk yazısında görkəmli mütəfək­kirin diqqət yönəltdiyi əsas hədəflərdən biri qızların məktəbdə oxumaması problemi idi. O, Azərbaycan qızlarının savadsız qalmalarını böyük bir faciə hesab edirdi.

Eyni zamanda müəllif məktəbdə əsas sima olan müəl­lim məsələsinə toxunur, məktəblərin yerləşdiyi dözül­məz şəraiti geniş təhlildən keçirir məktəblərin müasir dil­lə desək, maddi-texniki bazasının zəifliyindən təəssüflənirdi.

M.Şahtaxtlı «Müsəlmanlarda məktəb həyatı» silsi­lə­sinin digər məqalələrində dərsliklərlə, xüsusilə əlifba yaradıcılığı ilə bağlı öz bitkin mülahizələrini irəli sürür, həm­çi­nin məktəblərdə tədris olunan tarixi bədii əsərlərə də müəy­yən aydınlıq gətirir. Nəticədə M.Şahtaxtlı belə bir ciddi mülahi­zəyə gəlib çıxır ki, ye­ni məktəblər yaratmaq azdır, eyni zaman­da həmin məktəblər ye­ni dərsliklər yeni müəllim kadrları ilə təmin edilməlidir. Hətta bir çox dərsliklərin tərcüməsi o dərəcədə vacibdir ki, uşaqlar həmin dərsliklərdə yazılanları öz ana dillərində oxuyub öyrənə bilmək üçün real imkan qazan­sınlar.

Məhəmmədağa Şahtaxtlı nıaarifçiliyinin tərkib hissə­lə­rindən biri əlifba layihələridir. Görkəmli mütəfəkkir əlifba layihələri üzərində mütəmadi çalışmış və bu barədə yalnız Azər­baycan dilində deyil, rus və fransiz dillərində də kitablar çap etdirmiş, özünə tərəfdarlar toplamağa çalışmışdır. İsa Həbibbəyli bu məsələdən bəhs edərkən yazır: «Azərbaycanda ilk dəfə olaraq Məhəmmədağa Şahtaxtlı ərəb əlifbasında xüsusi işarəsi olmayan sait səslərin hər birinə aid konkret işarə təklif etmişdir. Təklif edilən işarələr birdən doqquza qədər olan rə­qəm­lərin tərsinə yazılmış işarələrdən təşkil olunmuşdu. Məsə­lənin bu cəhəti əlifba islahatı sahəsində Məhəmmədağa Şah­taxt­lının «yeni əlifba hərəkatının atası» kimi dəyərlən­dirdiyi Mirzə Fətəli Axundzadədən də irəli getdiyini göstərirdi».

M.Şahtaxtlı maarifçiliyini yeni mətbuat yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyildir. Buna görə də onun «Şərqi-Rus» qəzetinin nəşrinə nail olması və bu qəzet vasitəsilə böyük oxucu kütləsi ilə ünsiyyət saxlaması təsadüfi səciyyə daşımır. Görkəmli maarifçi qəzet çıxarmaqda və qəzet səhifə­lə­rin­də dərc etdiyi məqalələrdə (istər özünün, istərsə də əmək­daş­larının) ciddi bir məqsəd izləyirdi. Bu məqsəd, hər şeydən qabaq, şüuru yeniləşdirmək, yeni milli düşüncəni formalaş­dır­maq prinsiplərini ehtiva edirdi.

M.Şahtaxtlı qəzet işinin nə qədər əhəmiyyətli olduğunu, qəzetlərin xalqın ictimai inkişafında nə qədər böyük rol oyna­dığını çox dəqiq bilir və bunları oxucular, eyni zamanda ziyalılar qarşısında şərh edərək «Dərdimiz və dərmanımız» mə­qa­ləsində yazırdı: «Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edil­miş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet alimin güzgüsüdür. Qəzet zəma­nə­nin ən kəs­kin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır».

Bütün bunları tam və hərtərəfli dərk edən, «Şərqi-Rus» qəze­ti vasitəsilə öz maarifçilik ideyalarını həyata keçirən yazı­çı-publisist Azərbaycan mətbuat və mədəniyyət tarixində silin­məz izlər qoymuşdur. Onun bu sahədəki xidmətlərinin geniş miqyasa malik olmasını uzun-uzadı sübut etməkdənsə, sadəcə olaraq İsa Həbibbəylinin aşağıdakı elmi ümumiləş­dirməsi ilə qeyd-şərtsiz razılaşmaq lazımdır: «Məhəmmədağa Şahtaxtlı «Şər­qi-Rus»dakı fəaliyyəti ilə Azərbaycan milli mətbuatına böyük yol açdı. «Şərqi-Rus» qəzeti «Molla Nəsrəddin» jurna­lının proloquna, baş məşqinə çevrildi».

Məhəmmədağa Şahtaxtlı öz millətini və xalqını sevən vətəndaşdır. Elə bir vətəndaşdır ki, o, ömrü boyu bir məsləkə xidmət etmişdir. Müəllif bu barədə «Türk və tatar qövmünə müraciət» məqaləsində açıqca yazır: «Məsləkimizi hər kəs bi­lir. Millətimizin mədəniyyətinə xidmətdir. Mədəniyyət ehtiya­cı­mız felidir, həyatidir». Bir müddət sonra qələmə aldığı «Ədə­biy­yatda məslək» məqaləsində isə həmin məsələyə daha da aydınlıq gətirərək məslək anlayışının məzmunu barədə bitkin bir tezis irəli sürür: «Millətimə məhəbbət və digər millətlərə də xeyirxahlıq göstərmək».

M.Şahtaxtlı mədəniyyətin inkişafında mətbuatla yanaşı, kitabın, tərcümə əsərlərinin də xüsusi rola malik olduğunu qeyd edir, müəlliflər qarşısında belə bir vəzifə qoyurdu ki, roman­ların, ümumiyyətlə, bədii əsərlərin dili sadə, orada əks olunan hadisələr isə asan və başa düşülən olmalıdır. Hətta gör­kəmli publisist sənət adamlarının tərcümə ilə məşğul olmalarını on­ların yaradıcılıqlarının inkişaf etdirilməsi kimi də dəyərlən­dirərək «Kiçik romanlar haqqında» məqaləsində yazırdı: «İste­dadlarına əmin olan zatlar ən əvvəl tərcümə ilə məşğul olsun­lar, sonra kəndilərindən bir şey yazsınlar. Tərcümədən başla­dıq­larında on­lar Avropa usta ədiblərinin yazmaq üsullarını öyrə­nəcək, on­ların sirlərinə vaqif olacaq və onların zehn və fikirlərindən istifadə edəcək olurlar».

Məhəmmədağa Şahtaxtlının mədəniyyət konsepsiyası və bundan doğan vətəndaşlıq keyfiyyətləri «Şərqi-Rus» qəzetində çap edilən «Hər gün bir az» silsilə məqaləsində də öz ifadəsini tapmışdır. O, Şərqin taleyindən danışarkən ilk növbədə tərəq­qini mühüm amil hesab edir. Avropalıların bütün nailiyyətlərə və yeni mədəniyyətlərə tərəqqi ilə nail olduqlarını söyləyir və bunu müsəlmanlara nümunə göstərir.

Eyni zamanda, tərəqqidən danışarkən qadınların cəmiy­yət­dəki roluna da xüsusi diqqət yetirir. Avropa və Amerika qadınları ilə müsəlman qadınları arasındakı fərqin Şərqin zərərinə işlədiyini əsaslandırır.

M.Şahtaxtlının bu günümüz üçün son dərəcə aktual olan və Avropaya, geniş mənada mütərəqqi dünyaya inteqrasiya­sının əsas prinsipi kimi səslənən mədəniyyətin ümumi cəhətlə­rinin bü­tün millətlər tərəfindən mənimsənilməsinin labüdlüyü barədə qəti mülahizəsinin heç bir alternativi yoxdur: «Hər qöv­mün öz xassəsi var. Hər məmləkətin, hər iqlimin xüsusi əhval və icabatı var. Amma mədəniyyətin, fənn və maarifin elə ümu­mi cəhətləri, maddələri vardır ki, cəmi millətlərə şamildir. O maddələri, o cəhətləri biz türklər də alıb, qövmimizin təbiəti-məx­susəsi və ağıl və idrak tərəfindən qəbul olunmasına» çalışmalıyıq.

M.Şahtaxtlı bir vətəndaş kimi cəmiyyətdə ziyalıların da rolunu yaddan çıxarmır və millətlərin, ölkələrin inkişafında on­ların əvəzsiz xidmətlərini yüksək dəyərləndirirdi. O, «Hər gün bir az» silsilə məqalələrinin birində yazırdı: «Millətlərin irəli getməsinin səbəbləri, vasitələri o maarif ərbabıdır ki, onların heyətinə ruslar «intelligensiya» deyirlər. Hər millətin zamanın icabına görə bir milli məqsədi olur. İntelligensiya (ziyalılar) o məqsədi anlar və ona vasil olmaq üçün lazım olan vasitələri hazırlar.

İntelligensiya millətin ən nüfuzlu sinfindən, sözləri millət­ləri tərəfindən ən ziyadə eşidilən təbəqələrdən çıxar».

Sonda belə düşünmək olar ki, həmişə Şərq və Qərb mə­də­niyyətlərini birləşdirməyə çalışan, onların sintezinə tərəfdar olan ictimai xadim və filosof, böyük maarifçi və əsl vətəndaş Məhəmmədağa Şahtaxtlının söylədiyi fikirlər və mülahizələr öz zəmanəsində millət və xalq tərəfindən kifayət qədər eşidil­miş və akademik İsa Həbibbəylinin səyi nəticəsində artıq indi də eşidilməkdədir.


2006

MİRZƏ CƏLİL MÜDRİKLİYİ
«Molla Nəsrəddin» adı Şərq xalqlarına çoxdan tanış idi. Əsrlər boyu məclislərdə, adamların bir-biri ilə söhbətlərində tez-tez eşidilən Molla Nəsrəddin lətifələri ağızdan-ağıza keç­miş, deyilən əhvalatlara, söylənən fikirlərə şirinlik gətirmişdir. XX yüzilliyin əvvəllərində isə yeni bir «Molla Nəsrəddin»lə tanışlıq başladı. Bu, dahi ədib Cəlil Məmmədquluzadənin nəşr etdiyi eyni adlı jurnal idi.

Jurnalın adı müdrikliklə seçilmişdi. Xalqa ona çox yaxın olan bir ünvanı xatırlamaq, xalqla onun sevdiyi və danışdığı dildə danışmaq, ilk nömrəsində «Sizi deyib gəlmişəm...» müra­ciəti ilə həm məqsədini elan etmək, həm də umu-küsüsünü bildirmək böyük bir yolun başlanğıcında atılmış ilk addımın nə qədər dəqiq şəkildə düşünüldüyünü sübuta çatdırır. Bəlkə elə bu müqəddəs amalın nəticəsi idi ki, Mirzə Cəlil bir az əvvəl çox çətinliklə icazəsini aldığı «Novruz» qəzetini çıxarmaqdan imtina etmişdi.

Mütəfəkkir sənətkar elə ilk söhbətində oxuculara «yeni» atalar sözlərindən xəbər verdi: «Adam yata-yata alim olar», yaxud «Uşağın şüurlusu dərsdən qaçar». Sonrakı nömrələrdə atalar sözü sərlövhəyə çıxdı, epiqraf oldu, şeir və felyetonları müşayiət etdi. Cavabı tez tapılan, amma oxucunu düşündürən tapmacalar, əlüstü həll olunan, lakin ürəkağrısı gətirən məsə­lələr səhifələrdə göründü: «Molla dərs verdiyi kitabın 42 səhi­fəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətə uşaq hə­min kitabı qurtara bilər?». Yaxud: «Molla bir uşağın ayaqlarını fələqqəyə qoyanda on bir çubuq sındırır. Yeddi uşağa nə qədər çubuq gərək hazır edə?».

Mirzə Cəlil ilk nömrədən bir cəhəti qəti şəkildə müəy­yən­ləşdirmişdi ki, oxuculara yalnız duzlu-məzəli şeirlər təqdim etməklə abunəçilərin sayını artırmaq və jurnalı daha uzaqlara aparmaq mümkündür. Çünki Şərq ölkələrində şeirə olan maraq sonsuz və tükənməz idi. Amma bunlar nəzm parçası, keçən əsrlərin məhəbbət nəğmələri deyil, yeni dövrün acı həqiqət­lə­rini ifadə edən şeirlər olmalıydı. Ədibin bu arzusu həyata keç­di. Müxtəlif yerlərdən şairlər özləri «Molla Nəsrəd­din»ə həyan durdular. M.Ə.Sabir «Moldayı», Ə.Nəzmi, M.M.Axundov və S.Mənsur «Molla», Ə.Qəmküsar və M.H.Zey­nalov «Ey molla dayı», M.C.Əsgərzadə «Molla əmi», Ə.Razi «Molla dadaş», S.Mümtaz «Molla dayı», B.Abbaszadə «Molla əmi» söyləyə­rək Mirzə Cəlilin çağırışına sədaqət gös­tərdilər və jurnalın re­dak­siyasına yeni-yeni şeirlər axıb gəldi.

Təsadüfü deyildir ki, baş mühərrin ilk nömrədə çap etdiyi «Lisan bəlası» şeirində yazılacaq poetik nümunələrin ahəng və üslub «manifestini» də bəyan etmişdi: «Gər qeyriləri cəmdə­yinə vursala dinmə! Gər başın əyib peysərinə dursala din­mə!..». Mirzə Cəlilin «Lisan bəlası» şeirinin «Lal ol və danış­ma! Mal ol və danışma!» kinayəsi ilə yüklənmiş «nəqarət»i sonralar «Mola Nəsrəddin»in və bütövlükdə dövrün satirik mətbuatının məna və məzmun epiqrafına çevrildi. Bədii duyum və düşüncə, şair narahatlığı və əzabı, bəlkə də, yeganə təsəl­lisini həqiqi fikrin tərsinə ifadəsində tapdı. Deyilişin özü yox, əksi başlıca çağırış səviyyəsinə qalxdı. Deyim tərzində üz deyil, astar-iç əsl qayə və məqsəd oldu. Dövrün nəhəng satira hərəkatı eyni mətləbin nidaları altında tarazlığa gəldi: «Tərpən­mə, amandır, bala, qəflətdən ayılma!», «Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!» (M.Ə.Sabir), «Üstündən özgələr irəli keçsin, adlayıb, Qoy tapdasınlar, olma mükəddər, utanma, yat!» (Ə.Nəzmi), «Yat, düşmə dəxi zərrə qədər rəncə, təlaşə, Tərpənmə əbəs, çək bala, yorğanuvu başə!» (M.H.Zeynalov), «Tez yat, ey milləti-qafil, sənə lazımdır cəhalət, Yat, bəradər, gedəcək onla qabağə genə millət!» (Ə.Məhzun). Tərpənmə, ayılma, yat, səbr eylə - «Molla Nəsrəddin»ə qədər çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi bu sözlərin axınına düşməmişdi, bu sözlərə axar verməmişdi. «Nə işim var?», «Bizə nə?», «Sə­nə nə?», «Mənə dəymə?», «Mən neyləyim?», «Nəyə lazım?» suallarının mütəşəkkil xarakter almasının müəllifi də sözün həqiqi mənasında «Molla Nəsrəddin» oldu.

«Molla Nəsrəddin» o adamların tərəfində idi ki, onlar kasıb idilər. İran fəhlələrinin cibində ya «üç şahı», ya «iki dənə üç qəpik qara pul, iki abbası», ya da «iki dənə üç şahı və bir dənə manat gümüş pul» çıxardı.

Yaxud M.M.Axundov yazırdı: «Hər yerdə olardı bizə bir beş şahı vasil», M.C.Əsgərzadənin «Molla Nəsrəddin»də çap olunan (1911) «Balaca felyeton»unda əyan «Bir beş-on şahı verib mən onu tez tapdırıram»-deyir, bəzzaz «Arşında çitimin bir şahı artıq alaram» «şücaəti» ilə fəxr edir, bənna isə səhər­dən axşamadək gün qabağında yanması müqabilində «altıca abbası» almasından gileylənir. Hətta bir elanda «İrandan yaxşı mumya gətirmişəm, misqalı bircə abbası» deyilməsi də təsadüfdən uzaqdır. Sabirin fəhləyə üz tutaraq verdiyi sualın isə bədii cəhətdən və məzmun baxımından əvəzi yoxdur: «Bir abbası gün muzdunu milyanmı sanırsan?!».

Jurnalın nömrələrinə səpələnən, bir abbasıdan və onun dəyərindən çox da o tərəfə getməyən bu pul vahidləri əzilən sinfin nümayəndələrinə varlılar tərəfindən verilən qiymət idi. Məcmuə öz səhifələrində məhz bu ağrıları yaşadır və yazıq, məzlum insanların taleyinə acıyırdı.

Məcmuədə fanatizm ifşa olunur. Oğurluq, baş yarmaq məra­simi, qurban bayramı, imam ehsanı, dua və çadra əsas mövzuya çevrilir. «Molla Nəsrəddin»in iti nizəsi molla, keşiş, axund, şeyx, şeyxülislam tanımır.

Mirzə Cəlil jurnalın birinci nömrəsində teleqram forma­sından istifadə edir. Tehran, Təbriz və İstanbuldan «gələn» teleqramlar göstərir ki, müdrik naşir gələcəkdə Yaxın Şərq öl­kələrinə «səyahət» edəcək, oralarda baş vermiş əhvalatları da oxuculara çatdıracaqdır. Belə bir həqiqət bu gün tamamilə təsdiq olunur. «Molla Nəsrəddin»i indi yalnız Azərbaycanın, Qafqazın deyil, bütün Şərqin jurnalı kimi tanıyır və sevirlər.

Mirzə Cəlil özü «İran konsulları», «İranlılara», «İran fəh­lə­lərinin pulu hara gedir?», «Məhəmmədəli şah və bütpə­rəst­lər» felyetonlarında İranda baş verən hadisələrdən, qoluzorlu­ların əyyaşlığından, soyğunçuluğundan, təhqir və təqiblərindən danışır, adamların ağır güzəran keçirməsini ürək yanğısı ilə qələmə alır.

«Molla Nəsrəddin» bəy, xan, mülkədar, hətta daha böyük rütbə sahibləri ilə «haqq-hesab» çəkir. Ona görə də heç bir danı­şıq və razılaşma, gizli şəkildə imzalanmış heç bir müqavilə olmasa belə çar-şah-sultan üçlüyü həmişə jurnalı, onun yara­dıcısı Mirzə Cəlili və ədibin «əməl dostları»nı (A.Zamanov) daim təqib etmişdir. Lakin məcmuəni müdafiə edənlərin sayı, onu təzyiq və zor ilə susdurmaq istəyənlərdən qat-qat çox idi. Belə bir ədalətli qüvvə isə hər dəfə yeni ilham və yeni təkana çev­ril­miş, «Molla Nəsrəddin»i uzun müddət qoruyub sax­lamışdır.

Jurnalın ilk nömrəsini hazırlayanda Mirzə Cəlil daha bir uğurlu nəticəyə gəlmişdi: məcmuə şəkilli çap olunmalıdır! Be­lə­liklə, «Molla Nəsrəddin»in tən yarısı şəkillər – karikaturalar üçün ayrıldı. Ədib yaxşı başa düşürdü ki, oxumağı bacarma­yan, hələ oxutdurub qulaq asmağa vaxt və imkan tapmayan müştəri məhz o şəkillərdən ləzzət alacaq, rəsmdə ifadə olunan fikri tez anlayacaqdı.

Jurnal Rotter və Şmerlinqin, Əzimzadə və Behzadın sa­yə­sində bütöv və tam göründü. Onların çəkdikləri rəngli şəkil­lər Azərbaycan qrafika sənətinin inkişafında xüsusi rol oynadı. Bu rəsmlərin tərbiyəvi əhəmiyyəti «Molla Nəsrəd­din»in şeir və felyetonlarının təsir gücündən heç də aşağı de­yil­di. Əsasən, Mirzə Cəlilin rəhbərliyi və təklifi ilə çəkilən həmin nümunələr problematikasına görə də geniş və hərtərəfli idi.

Başqa bir cəhət daha çox səciyyəvilik qazanırdı ki, oxu­cular tanış olduqları hadisələri, bu hadisələrin personajlarını şəkillərdə üzbəsurət görür və onların təsəvvürü daha da dəqiqləşirdi.

Bütün bunlar «Molla Nəsrəddin»in birinci nömrəsindən onun bütün nömrələrini görən Mirzə Cəlil müdrikliyi idi. Bu müdriklik ictimai hadisələri qabaqlamaqda, dövrün mütərəqqi meyllərinə tərəfdar çıxmaqda çox böyük işlər görmüşdü. Bircə faktı qeyd edək ki, ərəb əlifbası haqqında düşünüb bir nöqtənin səbəbinə «göz»ün «kor» olması (Füzuli) narahatlığına şərik çıxmaq, «kürk» və «kürək» sözlərinin düzgün oxunuşunu tap­maq imtahanına rəvac vermək, Sovet hakimiyyəti illərində Bakıda nəşrini davam etdirərkən ilk nömrəsindən (2 noyabr 1922) jurnalın başlığını yeni əlifba ilə yazmaq, sonralar hər nömrənin bir səhifəsinin materiallarını həmin əlifbada təqdim etmək və daha sonralar bütünlüklə bu yazı üsuluna keçmək işində Mirzə Cəlil müdrikliyinin yenilik ruhu, ziyası və işıgı parlaq görünür.

Ədib özü yazırdı: «Molla Nəsrəddin» tək bir nəfər müəl­lifin əsəri deyil, «Molla Nəsrəddin» bir neçə mənim kimi əziz yoldaşımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onla­rın ancaq ağsaqqal yoldaşıyam. Bu fikir Mirzə Cəlil müdrik­liyinin çox böyük təvazökarlıq aktı idi. Lakin həmin təvazö­karlıq aktı heç vaxt Mirzə Cəlilin xidmətləri əleyhinə çevril­mə­məlidir. «Molla Nəsrəddin» jurnalının və «Molla Nəsrəddin» ədəbi məktəbinin tədqiqində Mirzə Cəlilin fədakarlığı və sənət möcüzəsi, Mirzə Cəlilin şəxsiyyəti həmişə ağsaqqallıq pye­des­talında dayanmalıdır. Yalnız belə bir həqiqət doğru və dürüst elmi nəticələrin əsası ola bilər.

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə