Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə2/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

Tarverdi. Dəxi başqa nə götürüm?

Namaz. Olan bəsdir, bular ilə bir qoşun qırmaq olar; dəxi artıq nəyinə gərəkdir?

Zalxa. Vay aman, Tarverdi, necə heybətli oldun? Səni görən kimi adamlar qaçacaqlar /s. 78/.

Eynilə Hacı Qara da «tüfəng-tapançasını, xəncərini, qılın­cını gətirir, yığır qabağına» /s. 138/. Bundan sonra müəllif Hacı Qaranın geyinməsini təsvir etmir. Çünki oxucu istər-istəməz Tarverdini xatırlayır. Başqa sözlə, qaçaq malı dalınca gedən Hacı Qara quldurluğa gedən Tarverdinin özüdür.

İkincisi, Hacı Qara ilə Tarverdinin qorxaqlığı eyni səviy­yədədir, eyni dərəcədədir. Yalnız Hacı Qaradakı lovğalıq bir az artıq görünür. Məsələnin aydınlığı üçün aşağıdakı məqam­lara diqqət verək. Tarverdinin Fokla qarşılaşdığı səhnə:

«Tarverdi. Vallah, mənim var-yoxum budur, al məndən əl çək.



Fok. Vallah, bundan artıq tamam səfərimdə bir zad qazanmışam, al, məni burax» /s.82/.

Hacı Qara isə Mkrtıç və Arakelə deyir: «Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz. Ta mən sizin ikinizi də şil-küt etmə­səm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz».

Burada isə ayrıca qeyd etmək lazımdır ki, Tarverdinin qorxaqlığına Lənkəran xanının vəzirinin lovğalığı qatışaraq, Hacı Qarada qovuşuq halda üzə çıxmışdır. Çünki vəzir vaxtilə belə deyirdi: «Xan ki həmişə belə işlərə həvəsi var, hökmən buyurdu, gərək Teymur ağa ilə güləşəm. Çarəm kəsilib, ayağa durub tutuşduq, qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib Teymur ağanı çəkdim pişləngə, dəxi bilmirəm necə yerə vurmuşam ki, biçarə uşaq bihiss yerdə nəqş bağladı, ancaq yarım saatdan sonra özünə gəldi» / s. 109/.

Amma həqiqət belədir ki, vəzirdə qoçaqlıqdan əsər-əlamət olmadığı kimi, Hacı Qaradan da bunu ummaq mümkun deyil. Aşağıdakı səhnə bunu tamamilə sübut edir:

«Mkrtıç. Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldü­rürsən?

Hacı Qara. Tərpənməyin. /Sonra üzün Kərəməliyə tu­tub/. A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç, qurtar.

Kərəməli. Ay ağa, geri qaçım, ya irəli.

Hacı Qara. Gic oğlu, gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç qurtar, tez». /s. 152/.

Göründüyü kimi, əvvəlcə Hacı Qaradakı qorxaqlıq gizli formadadır və özunü büruzə vermir. Həm də belə bir təbii amil var ki, Hacı Qara müəyyən qədər Tarverdidən cəsarətli görün­məlidir. Çünki Tarverdinin itirməyə heç bir şeyi olmadığı halda, Hacı Qara qızıl pula aldığı malları müəyyən formada qoru­malıdır. Hətta xəsis Hacı Qaranın havayı yerə-göyə güllə atmasının da mənası onun qorxaqlığı ilə bağlıdır.

Üçüncüsü, Tarverdi və Hacı Qara məcburi şəkildə düş­dükləri vəziyyəti Divanbəyiyə və Naçalnikə eyni cür izah edirlər.

«Tarverdi: Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir, dinc adamam. Mənə dedilər ki, sən qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər, quldurluğa getdim» /s. 97/.

«Hacı Qara: Evin yıxılsın mənim evimi yıxan. Qan qusasan məni Qana çalxayan. İmansız öləsən məni bəlaya salan. Mən harda, divan harda. Mən silistdən qaçırdım, genə silistə düşdüm (s. 155)».

Hacı Qara obrazında dramaturqun başqa bir bədii niyyəti də həyata keçmişdir. Bu, bitkin realizmə doğru hərəkətin məz­mu­nu ilə səciyyələnir. Heç şübhəsiz, elə əvvəldən drama­turqun cəmiy­yəti içəridən təsvir etmək məqsədi olmuşdur. İlk kome­diyasında «Nuxulular» obrazının yaradılışı həmin yolda ilk addım idi. Ancaq gəlin görək «Nuxulular» obrazında cəmiy­yətin daxili qatları açılırmı? Məncə, kifayət qədər yox. Hətta baş qəhrəman Molla İbrahimxəlil kimyagərin işi və seçdiyi məkan da cəmiyyətə müdaxilədə bitərəf mövqedir. Cəmiy­yət­dən kənarda olan dağlara çəkilərək, adamların həyat və məişətinə yad olan iksirlə fəaliyyət özü də bunu təsdiq edir.

Dərviş Məstəli şahın xarakterində də cəmiyyətə müna­sibət mənasında kimyagərlik vardır. Burada iksir sadəcə olaraq cadu ilə əvəz olunur. Məstəli şahın Hatəm xan ağanın evinə gəlib orada cadukunluq etməsi faktı da cəmiyyətə müdaxilənin faktı kimi özünü doğrultmur. Birincisi, o, cəmiyyət həyatında mühüm mövqe tutan Hətəmxan ağı ilə heç bir əlaqəyə girmir, ikincisi, Hatəmxan ağanın səsini eşidən kimi pərdə arxasında gizlənir. Bu pərdə – bu bədii detal, isə şərtidir və Nuxadan Xaçmaz dağlarına qədər olan məsafənin eynidir.

«Hekayəti-xırs qurdurbasan» komediyasında da oba ilə hadisələrin baş verdiyi dərə arasındakı məsafə yenə də drama­turqun cəmiyyətə müdaxiləsinin dərəcəsini ifadə edir. Mirzə Fətəli Axundovun «Sərgüzəşti-vəziri-xani-Lənkəran» kome­diya­sın­da isə hadisələr birincisi, adamların həyatına və psixo­logiyasına yad olan bir dairədə cərəyan edir, ikincisi, Teymur ağa özü iki dəfə pərdə arxasında gizlənməli olur və deməli, cəmiyyətə tam müdaxilə yenə də baş tutmur. Bütün bu proses, bu axtarış yalnız Hacı Qaranın dükanında həqiqət ola bilir: cəmiyyət içdən görünür.

Mirzə Fətəli Axundovun «Hekayəti-molla İbrahimxəlil kimyagər» komediyasının məzmunu hamıya yaxşı tanışdır. Pyesin elə birinci məclisində belə bir məqam vardır ki, ayrı-ayrı peşə sahibləri – tacir, həkim, mülkədar, hətta zərgər Mola İbrahimxəlildən gümüş almaq barədə söhbət edirlər. Bu söhbə­tin də mərkəzində haradansa pul əldə etmək məsələsi dayanır. Belə bir vaxtda Mola Salman deyir: «Əgərçi nəqd pulunuz yoxdur, amma mən pullu Hacı Rəhim ilə dostam, əgər bir ilə on-on iki fayda və möhkəm girov verməyə razı olursanız, mən onda sizə və özümə nə qədər pul istəsəniz ala bilərəm» /s. 24/.

Burada nəzərə çarpacaq birinci cəhət odur ki, Molla Salman Molla İbrahimxəlilin qazanması üçün şərait yaradır. Bir-birindən uzaq məsafələrdə olan, biri Xaçmaz dağlarında, digəri isə Nuxanın özündə fəaliyyət göstərən bu ki molla arasında sanki «simsiz teleqraf» vardır.

İkinci cəhət isə bilavasitə bizim problemimizlə bağlıdır. Yəni «pullu Hacı Rəhim» Axundovun təsadüfən xıtarlatdığı obraz deyil. Yenə diqqət verək: tacirin, həkimin, mülkədarın, zərgərin, yəni bu varlı adamların öz pullarını xərcləməyib borc pul axtarması kimyagərin iksirinə şübhə ilə yanaşmaqdan irəli gəlir. Burada biclik öz-özünə aydın görünür.

Digər tərəfdən dramaturq Hacı Rəhim adlı sələmçinin də fəaliyyətinin üstündən sükutla keçə bilmir. Lakin Hacı Rəhim bir dəfə də olsun səhnədə görünmür. Ona görə də belə təsəvvür etmək olar ki, bu sələmçi piştaxta arxasında oturan Hacı Qara deyil, hələlik pərdə arxasında gizlənən Hacı Qaradır. Belə olanda Ağcabədi ilə Nuxa arasındakı məsafə də götürülmüş olur.

Bu cür tacir tipinə bir də Lənkəranda rast gəlirik. Ma­raqlıdır ki, o da elə Hacıdır – Hacı Salah. Lənkəran xanının vəziri Hacı Salahın Rəştə gedəcəyini bilib onu yanına çağırt­dırır və qızıl verib nimtənə tikdirməyi tapşırır. Hacı Salah Hacı Rəhimdən fərqli olaraq səhnədə müəyyən qədər görünür və tez də səhnədən çıxıb gedir. Oxucunun əsas narahatlığı onunla bağlı olur ki, Hacı Salahın Rəştə gedib-getməməsi, yaxud necə getməsi və qayıtması naməlum qalır. Xanın ölümü hər şeyi yaddan çıxarır. Hətta Hacı Salah barədə nəsə bir məlumat ver­mək Axundovun da yadından çıxır. Amma onu da unutmaq olmaz ki, mən deyərdim, hətta bu daha çox maraqlıdır ki, dramaturq Hacı Salahın simasında Hacı Qaranı yaratmağa tam yaxınlaşır. Bəs bu yaxınlaşma özünü nədə göstərir?

Məlumdur ki, komediyada komik xarakterin yaradılması komik vəziyyətin yaradılmasından daha çox asılıdır. Məsələn, Molla İbrahimxəlil kimyagərə aid olan xarakterik bir komik vəziyyətlə rastlaşmaq çətindir. Kimyagərin öz ağlı ilə düzəlt­diyi fırıldaq formasının komik vəziyyətlə heç bir əlaqəsi yox­dur. Yaxud dərviş Məstəli şahın təşkil elədiyi fal oyununun komikliklə bağlanması son dərəcə cüzidir. Beləliklə, o həqiqəti söyləmək istəyirik ki, Axundov Hacı Qara üçün komik vəziy­yətin kəşfində xeyli düşünməli olub. Hacı Salahın Rəştə get­məsi məlumatının özü isə Axundovun bədii təxəyyülündə Hacı Qara üçün axtarılan komik vəziyyətin ən böyük təkanı olub. Deməli, gələcək Hacı Qara obrazını İrana keçirmək və bu gedişdə ən səciyyəvi komik vəziyyət yaratmaq ideyası «Sərgü­zəşti-vəziri-xani-Lənkəran» əsərinin yazılışında meydana çıxıb. Sonra isə Araz çayı obrazının Axundov təxəyyülündə meydana çıxan komiklik işartısı Rəştin Təbrizlə əvəz olunmasını zəruri­ləş­dirmişdir.

M.F.Axundov əsərlərinin coğrafiyası belədir ki, hər bir əsərdə məkan uzaqlaşmağa doğrudur: Nuxa, Təklə-Muğanlı obası, Şəmsəddin mahalı, Lənkəran, Təbriz, Qəzvin, Hindis­tan… Lakin Lənkərandan təzədən geriyə – Ağcabədiyə qayıt­maq işi sənətin hökmünün günahıdır. Əvvəlcə onu qeyd edək ki, «Hacı Qara» əsərində də hadisələrin müəyyən qədər Təb­rizlə əlaqədar inkişafı bu sistemin ahənginə o qədər də xələl gətirmir. Ancaq Ağcabədi faktdır, ondan qaçmaq olmaz.

Digər tərəfdən, Hacı Qaranın tarixi şəxsiyyət olması mə­sələsi varsa, bu, qaçılmazdır. Bizcə, mühüm səbəb Araz çayı­nın komik vəziyyət üçün açdığı imkandır. Hətta buraya xüsusi tədqiqata ehtiyacı olan Araz çayı ilə bağlı ictimai mündəricəni də əlavə etmək olar. Ümumiyyətlə, M.F.Axundov Lənkərandan İrana keçmək üçün geriyə qayıdıb məhz Arazdan keçməli idi. Araz isə simvolikdir. Xatırladaq ki, Müsyo Jordan da Arazdan keçib qayıdır.

Mirzə Fətəli Axundovun «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyasında belə bir incə yer var. Hacı Kərim Zərgər deyir: «Şeyx salah öz gözü ilə görübdür ki, Əylis er­məniləri iyirmi beş min manat sikkəli pul gətirib Molla İbra­himxəlildən əlli pud xalis gümüş alıb aparıblar» /s. 24/. Sonra Molla İbrahimxəlil də nuxululara deyir: «Keçmiş və əldəki kürələrin gümüşünü Əylis erməniləri alıblar» /s. 32/. Burada Əylis erməniləri vasitədir və Axundovun nöqteyi-nəzərindən Azərbaycan həyatına müdaxilə qüvvəsidir.

«Dərviş Məstəli şah» əsərində Məstəli şah iranlıdır və onun Qarabağ vilayətinə gəlməsində bir faciə vardır. Müsyö Jor­dan da Parisdən Qarabağa gəlib. Güman ki, Axundov onu sadəcə Nəbatat həkimi kimi verməmişdir. Nəbatat həkimi və Parisdə inqilab olan kimi geriyə qayıtmaq məsələsi Axundovun nəsə gizli bir fikrini ifadə edir.

Sonra bu əsərdə toy məsələsi meydana çıxır. Şahbaz bəylə Şərəfnisə xanımın evlənmək məsələsi qarşıda durur. «He­kayəti-xırs quldurbasan» komediyasında bu motiv davam etdirilir. Bayram və Pərzad, Tarverdi və Pərzad xətləri bu qəbildəndir. Burada isə başqa bir əcnəbi vardır: Frans Fok.

«Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasında isə yenə evlənmək məsələsi – Teymur ağanın Nisə xanımı istəmə­sinin şahidi oluruq. «Hacı Qara»da isə Heydər bəyin toyudur.

Bütün bunlar Hacı Qara obrazının Axundov bədii siste­mində doğulması, inkişaf etməsi və formalaşması məsələlərini tam əhatə edir.
1985

A.BAKIXANOVUN ƏDƏBİ İRSİ*
Abbasqulu ağa Bakıxanov Qüdsi Azərbaycan ictimai-fəlsəfi, ədəbi-bədii fikrinin inkişafında mühüm xidmətləri olan şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığı həm öyrənmək üçün zəngin material verir, həm də zəruri tədqiqat tələb etdi­yinə görə əhəmiyyətli və mənalıdır.

Uzun müddət A.Bakıxanovun ədəbi-bədii irsinin çox mühüm hissəsi naməlum qalmış, hətta itməsi haqqında mülahi­zələr də olmuşdur. Lakin bu ehtimallar çox yaşamadı. Qoca­man mətnşünas alim Məmmədağa Sultanov həmin əsəri tapıb ilk dəfə 1964-cü ildə «Bədii əsərlər» adı ilə çap etdirdi. Təxmi­nən on il sonra oxucular M.Sultanovun əməyi sayəsində A.Bakı­xa­novun əsərləri ilə təkrar və bir qədər də geniş şəkildə tanış oldular. Nəhayət, daha on il sonra görkəmli yazıçının bə­dii yaradıcılığını əhatə edən kitab yeni əlavələrlə nəşr olun­muşdur. (Abbasquluağa Bakıxanov Qudsi. «Seçilmiş əsərləri», Yazıçı, 1984). Bu kitabın da yenə tərtibçisi, müqəddimə, qeyd və şərhlərin müəllifi ədəbiyyatşünas M.Sultanovdur.

A.Bakıxanov tarixi keçidin yaradıcı şəxsiyyəti olduğu üçün onun bədii əsərləri də bir növ Azərbaycan ədəbiyyatında keçid mərhələsini səciyyələndirir. «Kitabi-Əsgəriyyə» əsəri də həmin həqiqəti sübut etməkdədir. Belə ki, əsər dastan poetikası əsasında yazılmış yeni, ilk bədii nümunələrdən biridir. Bu cə­hət hekayədə şeirlə nəsrin növbələşməsi amilində yox, həmçi­nin sujet və kompozisiyada da özünü doğruldur. Digər tərəfdən «Kitabi-Əsgəriyyə»dəki obrazlar əhval ruhiyyələri, müəllifin dili ilə desək, «ovqat»ları ilə klassik poema qəhrəmanlarının
------------------------

* Professor Kamran Məmmədovla birgə yazılmışdır.

xə­ləfləridir. «Təhzibi-əxlaq» və «Nəsihətlər» isə müəllifin ədə­bi-ictimai fikir tarixinizdəki mövqeyinin daha dəqiq müəyyən­ləşdirilməsinə geniş imkanlar açır. Qeyd edək ki, «Təhzibi-əxlaq» yazıçının əsərlər toplusuna ilk dəfə daxil edilmişdir.

Görkəmli mütəfəkkirin söhbət açdığı etik-estetik kateqo­riyalar müəllifin geniş və zəngin biliyi haqqında təsəvvür yaratmaqla onun əqidəsi, məsləki barədə ciddi məlumat verir. A.Bakıxanov yazır: «Əxlaq gözəlliyi haqqında demək lazımdır ki, bu xasiyyət hər kəsdə fitri olarsa, onun dostu çox olar. Çünki o, səbəbsiz heç kəsi incitməz, özünün başqası tərəfindən incidilməsinə də çox fikir verməz, ona güzəşt edər» («Təhzibi-əxlaq»). Yaxud: «Mən nə qədər axtardımsa, uşaqların təlimi üçün elə bir kitab tapa bilmədim ki, o asan və anlaşılan bir dil ilə onların əxlaq gözəlliyinə dəlalət etsin» («Nəsihətlər»).

Əxlaqi gözəlliyin mahiyyətinin şərhi və əxlaqi gözəllik uğrunda mübarizə A.Bakıxanovun fəlsəfi görüşləri ilə yanaşı onun ictimai idealını da müəyyənləşdirir. Hətta onun «uşaq­ların təlimi üçün» kitab hazırlamaq cəhdi də bu idealın işığında mənalı görünür.

Böyük mütəfəkkirin nəsihətləri əslində orta əsrlərdəki bədii diadaktikanın davamı idi. Lakin onun nəsihətləri ənənəvi didaktikanın normalarını pozmuş, yeni hüdudlara çıxmışdır. A.Bakıxanovda didaktika ağlın mövqeyinin şərhi idi: «Hər işi öz ağlının təsdiqi ilə gör...», «Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur...».

Əslində A.Bakıxanovun didaktika ilə ağıla çağırışı onun bədii yaradıcılığında ifadə olunan inamın bir hissəsidir. Bu mənada «Tədbirin gözəlliyi» mənzum hekayəti çox maraqlıdır.

Ey Qüdsi, ibrətlə bax, bu gedişə,

Ağılla şüru et sən də hər işə.
Hərgah «gediş» sözünün geniş mənada zaman məfhu­mu­nu ifadə etdiyini nəzərə alsaq, onda Qüdsini ağıla hansı mövqedən yanaşdığını aydın görmək olar.

Yeri gəlmişkən A.Bakıxanov bədii yaradıcılığında heka­yət formasından geniş istifadə etmişdir. Onun kitaba daxil edil­miş 14 mənzum hekayəti ilə bərabər, «Mişkatül-ənvar» əsərin­də də hekayətlər vardır. «Mişkatül-ənvar»daki beytlərdən biri belədir:


Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,

Zahidlikdə mən görmürəm nicat üçün əlamət.
Aşiqlik və zahidliyin üz-üzə qoyulduğu göz qabağın­dadır. Kitaba yeni daxil edilmiş üç qəzəlin birindən götürülən aşağıdakı beyt də göstərir ki, şairin bu mövqeyi heç də keçici səciyyədə deyildir:
Təkyə verdimsə yarın zülfünə, zahid, qınama,

Sevginin yorğunuyam, başqa xəyal etmə hədər.
A.Bakıxanovun qəzəlləri, qəsidələri, rübailəri, qitələri, oxuculara ilk dəfə təqdim olunmuş «Ağ və qara» məsnəvisi və bir müstəzadı, habelə alleqorik əsərləri şairin həyata baxışı haqqında geniş təsəvvür yaradır.

A.Bakıxanovun qəzəllərində ülvi gözəllik, paklıq və müqəddəslik tərənnüm edilir. Bu qəzəllərdə klassik poeziyaya, bu poeziya üçün xas olan Leyli və Məcnun, Yusif və Züleyxa, Fərhad və Şirin, Vamiq və Əzra kimi obrazlarla saqi, mey, sərv, pərişan zülf, təxti-Süleyman kimi ifadələrlə tez-tez rastlaşırıq. Vüsal və Hicran motivləri əvvəlki əsrlərdə olduğu kimi XIX əsrdə də lirik qəhrəmanın əsas xarakterik keyfiyyəti olaraq qalır. Bu cəhət A.Bakıxanovun lirik qəhrəmanında da qüvvətli idi. Klassik poetikanın səciyyəvi xüsusiyyətlərindən biri kimi, ərəb əlifbasının işarələri ilə danışmaq vərdişi A.Bakı­xanov yaradıcılığında yeni məzmunda görünür. Hətta təbiət hadi­sə­ləri və predmetlərinin gözələ tamaşa edib ondan «öyrən­məsi» kimi nadir təsadüf olunan «əks» bənzətmələr də şairin əsərlərinə rövnəq verir:


Saçından gözəllik alardı sünbül,

Üzünün odundan rəng alardı gül.
Əvvəlki nəşrlərdə «Miratül-cəmal», yeni kitabda isə «Ömür-gün şeirləri» adı ilə təqdim olunan «Suallar», «Ərzi-hal», «Xəyalın uçuşu», «Firəng məclisi» əsərləri şairin bioq­rafiya faktı kimi əhəmiyyətlidir. A.Bakıxanovun ulduza üz tu­ta­raq verdiyi suallarda dövrün özündən gələn ziddiyyətlər, təzad­lar əks olunmuşdur. «Müxtəlif şeirlər» silsiləsindən «Fat­ma tar çalır», «Qatar nəğməsi», «Gözəl yay», «Xitab», «Dörd bahar» kimi poetik nümunələr müəllifin eyni vaxtda həm lirik mövzuya həm də ictimai problemlərə ciddi maraq göstər­di­yin­dən xəbər verir.

Əgər A.Bakıxanov «Xəyalın uçuşu» şeirində:


Mən Firəngə bir səyahət eyləyim,

Elmi fəndən kəsbi-ləzzət eyləyim, -
yazırsa, «Xitab» şeirində bunun əksini ifadə edir:
Əya guruhi-stəmkar, əhaliyi-Təbriz –

Vəfa yerində cəfa sizdə bu nə adətdir?!

Həvayi-nəfsə mutiu tamam eyşpərəst,

Görüm ilahı dağıtsın, necə vilayətdir.

Nə elmə talib olan var, nə rəsmdən agah,

Bəli bu firqəyə mətlub zibi-surətdir.
Bunlar sadəcə olaraq iki ölkə haqqında müxtəlif fikirlər deyildir. Bu, əslində A.Bakıxanovdan sonrakı Azərbaycan ədə­bi ictimai-fikrində mühüm yer tutan Şərq və Qərb prob­leminin ilk rüşeymləridir.

«Gülüstani-İrəm» əsəri ilə tarixçi kimi məşhurlaşan A.Ba­kıxanovu oxucular bu kitabda ilk dəfə təqdim olunan «Kəşfül-Qəraib» əsəri ilə coğrafiyaşünas kimi də tanıdılar.

Yeri gəlmişkən qeyd edək ki, kitabda verilmiş lüğət A.Bakıxanovun əvvəlki əsərlərindəki lüğətlərdən heç də fərq­lənmir. Yeni kitabdan alınan başlıca təəssürat odur ki, A.Bakı­xa­novun aşağıdakı beytdə ifadə olunan inamının həqiqət olması haqqında ciddi qənaət yarada bilir:
Sözə qiymət qoyan yoxsa cahan içrə, görən Qudsi,

Bu şairlik məqamında olar kamal? Bu şəksizdir.

1985

QÜDRƏTLİ ZƏKA SAHİBİ
Mir Möhsün Nəvvab (1833-1918) Azərbaycanın gözəl şəhəri Şuşada anadan olmuşdur. Bu maarifpərvər insan yeni tipli məktəb yaradaraq, S.Ə.Şirvani və M.T.Sidqinin şuşalı davamçısı kimi tanındı. Beləliklə, onun yaşadığı şəhərdə də bir qism uşaqlar falaqqalardan can qurtararaq, müəllim Nəvvabın şəxsində ana dili, rus dili, tarix, coğrafiya, astronomiya və bir çox təbiət elmlərini öyrənməyə başladılar.

«Kifayətül-ətfal», «Vüzuhül-ərqam», «Məzamir», «Pənd­namə», «Kəşfül-həqiqə», «Batilüs-sehr» kimi iyirmiyə qədər əsərin müəllifi olan və yeniliyə ciddi maraq göstərən Mir Möh­sün Nəvvab bir sıra təşkilati fəaliyyəti ilə bütün Qarabağda məşhurlaşdı. Şairlik istedadına malik olan bu fədai «Məclisi-fəramuşan» adlı yeni ədəbi məclis yaradaraq sənətsevər müa­sir­lərini bir mərkəz ətrafında topladı. Doğrudur, o vaxtlar Şu­şada «Məclisi-üns» də fəaliyyət göstərirdi. Lakin Nəvvabın bu yeni ədəbi məclisi əvvəlkini sıradan çıxarmaq üçün deyildi. Həmin ədəbi məclislər arasında az-çox mübahisə, «rəqabət» var idisə, bu da şeir və sənətin inkişafı naminə idi. Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Baki, Mirzə Muxtar, Molla Xəlil Şaki, Abdulla bəy Abış, Məşədi Məhəmməd Bülbül, Katib, Müznib və «Məclisi-fəramuşan»ın üzvü olan başqa şairlər tez-tez Nəvvabın evinə toplaşar, yeni şeirlərini müzakirə edər, Füzuli kimi klassikləri öyrənərdilər.

«Məclisi-fəramuşan»ın digər iştirakçılarından heç vaxt geri qalmayan Mir Möhsun Nəvvab öz şeirlərində dövrün ziddiyyətlərini hiss edib duyan şair kimi görünür. Təbii ki, onun əsərləri içərisində məclislərin əhvali-ruhiyyəsinə xas olan məhəbbət şeirləri də vardır. Bu mənada Nəvvab «Bu gün», «Sənsiz», «Mən», «Aldı» rədifli qəzəllərində aşiq və məşuq arasındakı umu-küsünü, həsrət və ayrılığı, sevgidən doğan ağrıları əks etdirir.

Nəvvab Şuşa torpağında və Şuşa qalasında məşhurlaşan Molla Pənah Vaqifin əsərlərini oxumuş, hətta onun həyat hə­qi­qətini əks etdirən «Bax» rədifli qəzəlindən təsirlənərək, həmin adda iki şeir də yazmışdır.

Şair digər şeirlərində millətlər arasına səpilmiş düşmən­çiliyi, təriqətçilik tərəfdarlarını, qumarbazlıq və tiryəkçiliyi tənqid etmiş və «Bütün işlər insanın niyyətindən asılıdır» fikri ilə öz bədii yaradıcılığını xalqın tərəqqisi və inkişafı məsələ­lərinə doğru istiqamətləndirmişdir.

Mir Möhsün Nəvvabın ədəbiyyat tariximizin inkişafında xüsusi xidmətlərindən biri də onun təzkirə yazmasıdır. Əhdi Bağdadi, Sam Mirzə, Lütvəli bəy Azər kimi mütəxəssislərlə təmsil olunan və xüsusi tədqiqatını gözləyən təzkirə mədəniy­yə­­timizin tarixi Nəvvabın şəxsi fəaliyyəti ilə yeni bir mərhə­ləyə çatmışdır. Nəvvabın yaratdığı qiymətli abidə öz yeniliyi ilə bütün əvvəlkilərdən seçilir, fərqlənir. Bu mənada mərhum ədəbiyyatşünas Nəsrəddin Qarayev yazır: «Şairlərin şeirlərini təzkirəyə avtoqraf kimi yazdırmaq Azərbaycan təzkirəçiliyi tarxində ilk dəfə Mir Möhsün Nəvvaba məxsus təşəbbüsdür».

1913-cü ildə Orucov qardaşlarının mətbəəsində çap edilən «Təzkireyi- Nəvvab» kitabına onlarca şairin əsərlərindən nümunələr daxil edilmiş, eyni zamanda müəlliflər haqqında avtobioqrafik məlumatlar və qeydlər də oxucuların nəzərinə çatdırılmışdır. Təzkirəçi kitabı iki hissəyə ayıraraq əvvəlcə vəfat edən, sonra isə müasiri olub yaşayan şairlərdən söz açır. Nəvvab Molla Pənah Vaqif, Kərbalayi Səfi, Qasım bəy Zakir, Aşıq Pəri, Abdulla bəy Asi, Mirzə İbrahim Səba, Mirzə Haq­verdi Səfayi, Məhəmmədəli bəy Məxfi, Xurşud banu Natəvan, Fatma xanım Kəminə, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşi, Məmo bəy Məmayi kimi şairlər haqqında lazımi təsəvvür yaradır.

Nəvvab seçdiyi nümunələrin ictimai mahiyyət daşıma­sına da xüsusi əhəmiyyət vermişdir. Belə ki, təzkirədə «Mən cahan mülkündə mütləq doğru halət görmədim», «Qan ağlama çox dideyi-giryan böylə qalmaz», «Zaman saldı əcəb möhnətü-məlalə məni» misraları kimi həyat ziddiyyətlərini əks etdirən şeirlərin təqdimi məhz realist təzkirəçi tipindən xəbər verir.

Nəvvabın astronomiyaya dair yazdığı «Kifayətül-ətfal» əsəri çox səciyyəvidir. Alim həmin əsərdə cəhətlər və qitələr haq­qında danışmış, ekvatordan bəhs açmış, Ayın və Günəşin tutulmasının səbəblərini göstərmiş və bu təbii prosesin sxemini də çəkmişdir. Beləliklə, məlum olur ki, dinin tarixinə aid kitab­lar yazan Nəvvab yeri gəldikcə dünyanın yaradılışına dair bir çox həqiqətləri də qələmə almışdır. «Məclisi-fəramuşan» ədəbi məclisində xanəndələrin iştirakı və Nəvvabın musiqiyə olan həssas meyli də məhz həmin ədəbi məclisin iştirakçı xanən­dələrinə olan marağından başlamışdır.

Mir Möhsün Nəvvab musiqi sənətinin ecazkarlığını hələ uşaqkən duymuş və bu duyğu xalqımızın incəsənət tarixinə yeni bir musiqi nəzəriyyəçisi bəxş etmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyov «Azərbaycan xalq musiqisi nəzəriyyəsinin əsasları»nı işləyərkən Nəvvabın bu sahədəki fəaliyyəti üzərində xüsusilə dayanmışdır.

Nəvvab 70 yaşlı Ərəstunun musiqi alətində çalmaq təşəb­büsünü yaxşı bilirdi. O, musiqi alətinin ixtiraçısı, həkim Pifa­qoru tanıyırdı. Nəvvab dünya musiqi elminin inkişafında «ikinci müəllim» sayılan Fərabini yüksək qiymətləndirirdi. O, insan xəstəliyinin müalicəsini musiqi ladlarında, musiqi ahən­gində axtarırdı. Bu mənada Nəvvab məşhur «Vüzuhül-ərqam» əsəri ilə özünə əvəzsiz nüfuz və şöhrət gətirdi. Musiqişünas-alim həmin əsərdə simli və nəfəs alətlərini səciyyələndirib mu­ğa­matın şöbə, guşə və avazları haqqında şərhlər verdi. O, «Rast», «Mahur», «Şahnaz», «Rəhab», «Çahargah» kimi dəst­gah­ların özünəməxsus çalarlarını aydınlaşdırdı, onların hansı mənbələrdən su içərək yaranmasını göstərməyə müvəffəq oldu.

Mir Möhsün Nəvvab öz dövrünün bacarıqlı rəssamı kimi də tanınmışdır. O, Şuşa şəhərində daş basmaxanası açmış və burada çap edib yaydığı əsərlərin, vərəqələrin üzərinə cazibə­dar rəsmlər çəkmişdir. O zamanlar Şuşada səciyyəvi müşahi­dələri olan gənc rəssamlar yetişirdi və bunların sırasında xüsusi yer tutan Nəvvab peşəkar rəssamlığa nəqqaşlıq və xəttatlıqdan başlanan yolla yüksəlmişdir.

Nəvvab ornament yaratmaq istedadı ilə müasirlərinin diqqətini cəlb etmiş və onları heyrətə gətirmişdir. «Teymurun portreti», «Güllər», «Quşlar», «Qızılgül», «Kəpənək» tabloları ilə qədim miniatür sənəti ənənələrinə malik Azərbaycan rəngkarlıq mədəniyyəti tarixinə daxil olmuşdur.

Mir Möhsün Nəvvab şair, ədəbiyyat tarixçisi, musiqişü­nas, rəssam, maarifpərvər – təşkilatçı kimi Azərbaycan mədə­niyyət tarixinə daxil olan qüdrətli zəka sahibidir. O, öz zəngin mənəvi xəzinəsinin ömrü ilə bu gün də yaşayan bənzərsiz və təkrarolunmaz yaradıcı şəxsiyyətdir.


1983

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə