Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə16/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

«GÜNƏŞ»LƏ DOĞULANLAR
Neçə qərinədir ki, Arazın dərin-dayaz yerlərindən sürü­nə-sürünə, coşa-coşa axan sular həmişə, hər an dəyişir, amma Arazın sərhəd dözümü dəyişmədən qalır. Neçə qərinədir ki, Arazın bu tayında Azərbaycan dilində səslənən nəğmələr, həzin bayatılar Arazın sularına qovuşub haray salır, o tayda isə bu dili adamlardan qabaq zindanlara salıb ağzına kilid vururlar.

Nə yaxşı ki, yeni İran inqilabı tarixin yaddaşına həkk oldu və o tayda da Azərbaycan dilində yenidən qəzet, jurnal nəşr edildi, kitablar buraxıldı. Nə yaxşı ki, Şəhriyar «Heydər­baba»nın səsinə səs verənlərin şahidi oldu. Professor Abbas Zamanovun bizə verdiyi «Günəş» məcmuəsi də həmin səsin, sədanın gur dalğalarından biridir.

«Günəş» məcmuəsi Cənubi Azərbaycan yazıçılarının şeir, hekayə və məqalələrdən ibarət ilk toplusudur. Bu yazıların hamısında ağrı və acı, iztirab və narahatlıq, sevinc və ümid vardır.

Məcmuəni oxuduqca üz-üzə dayanan iki həyat görürsən: biri arxada qalan və «tarixin zibilliyinə tullanan» şah idarə üsu­lu, digəri isə odlar və alovlar içində doğulan yeni cəmiyyət; biri hələlik tam məhv olmayan, xarici imperializmin köməyini hər an gözləyən irtica, digəri isə inqilabın nailiyyətlərini qorumağı özünə şərəf və borc bilən insanlar dünyası. Bütün bunlara bax­mayaraq, bu ziqzaqlar içərisində Günəş hərarəti, Günəş işığı vardır.

Arazın yazdığı «Mənim adım azadlıqdır» şeiri gur bir simfoniyanı xatırladır. Bu şeirin gərilmiş, tarımlanmış misrala­rın­dan qopub gələn səslər sanki dünyanı təlatümə gətirir. Aydın olur ki, insanla birgə boy atan, böyüyən, insanla birgə nəfəs almağı arzulayan azadlıq, bəzən də elə insanın öz əliylə əzilir, tapdanır, «şahların qılıncı ilə biçilir». Aydın olur ki, azadlıq «əsir olur, yesir olur, sürgün gedir», azadlıq bəzən insanların «dizlərinə dayaq olur», bəzən də öz «dizlərindən güllələnir».

Şair azadlığı dili ilə yazır:


Babək kimi al ölümə qarşı getdim,

Günəş kimi batdım isə

Sabahkı gün doğdum yenə...
Göründüyü kimi, azadlığın nikbinlik gücü də elə onun yenidən doğulmağındandır. Çünki azadlıq Günəş qüdrətlidir və Günəş kimi bütün dünyanı dolaşa bilir, gəzə bilir.

H.Tərlanın «İnqilab», R.Fərhadın «İnqilab səsi» şeirlə­rində də beləcə coşğun və mübariz əhvali-ruhiyyə hakim­dir. Bu şeirlərdə hər şeydən qabaq azadlıqsevən insanların döyüş qüdrəti, vuruş əzmi, narahatlıq duyğuları əks olunmuşdur.

H.Tərlan qocanın, cavanın, hətta məktəbli qızın da Teh­randa baş verən inqilaba qoşulmasını, onların səadət nəğmələri oxumasını coşğun bir ilhamla təsvir edir. Gözlərimiz qarşısında öz körpəsini dalına alıb qəhrəmanlara çörək, su paylayan, başından yaylığını açıb bir cavan oğlanın yarasını bağlayan ana dayanır. Gözlərimiz önündə mücahidlərə «üzərlik yandıran», onlara aydın nurlu səhərlər diləyən nurani bir qoca heykəli ucalır.

R.Fərhad isə «İnqilab səsi» şeirini «Qulağıma bir səs gəlir» misrası üzərində «kökləmişdir». Belə ki, şeirin qəhrə­manı illər xəstəsi kimi öz yatağında uzanıb düşünür. Onun qulağına bir səs gəlir və qəhrəman bu səsin adım-adım ona yaxınlaşmasını görür, bu səsin ürək döyüntülərini eşidir.

Bu səs at kişnərtisindən tutmuş hər nəyə bənzəyirsə -bənzəsin, həmişə döyüş təbilinin səsləri ilə uyuşur. Bu səs «insanların qollarında zəncirlərin cingiltisi, buxovların qırılma­sı» səsidir: bu səs «elə bil ki ağır, uzun gecələrin qara-qalın pərdəsinin cırılması» səsidir.

Şair insanları həmin səsi eşitməyə yox, məhz görməyə çağırır:


Qulağıma bir səs gəlir!

Dur ayağa, gözünlə gör

Dan yerinin sökülməsin.

Ulduzlara sinə gərək,

Zindan-zindan divarların

Uçub yerə tökülməsin!
Ağdaşlının «Qərinələr dolanır» seiri də inqilab səsindən doğan həyati hadisələrin yeni formada təqdim olunan əks-sədasıdır. Şeirdə yeni bir həyatın yaranmağa başladığı bir mər­hə­lədə qaraqabaq dolananlar məzəmmət edilir, soyğunçula­rın aqibəti göstərilir və hamı gülüb-danışmağa çağırılır.

H.Savalanın da «Yaşarın həyatı» şeirində «Zəncirlər bir­bə­bir qırılan zaman» təsvir edilir. Şair işığı, Günəşi sevən el-obanın, bu elin övladı olan Yaşarın həyatını, mübarizəsini qələ­mə alır. Şeirdə xalqın tarixi keçmişi ilə bu günü vəhdətdə götü­rülür. H.Savalan yazır ki, öz arzusu üçün bir yerə getmək istəyəndə, «gözünü babaları ulduzdan asıb tapardı yolunu». Yə­ni həyatda ideal, məqsəd əsas məsələdir. İdeya olan yerdə məqsəd aydın görünən məqamda bütün maneələr, müqavi­mətlər mənasızlaşır. Bu mənada Yaşar yalnız işıqlı dünya üçün, yalnız gələcək nəsillərin xoşbəxtliyi naminə ölümə gedir. Ona görə də bu ölüm əbədi həyatın, sönməz ömrün astanası olur.

İnqilabi mübarizənin şahidi yalnız insanlar deyildir. Üzə­rinə qan tökülən torpaqlar, güllələrlə deşilən, topa tutulan qa­lın-qalın divarlar, dağılan, ağır-ağır nəfəs alan şəhərlər də inqi­lab şahidləri kimi yaşayırlar. Buna görə də Müzəffərin çap olu­nan şeirləri məhz «qanlı və şanlı şəhərlər»ə həsr edilmişdir.

Müzəffərin şeirində Təbrizdə - Xiyabani elində başlanan üsyanın nəbzi döyünür. B.Çayoğlunun şeirində «Gəmilər ac canavar tək bərə kəsib ulaşırlar». B.Çayoğlu satqınları, təca­vüz­karları nəzərdə tutaraq qəzəblə yazır:


Namusu, qeyrəti atan,

Məsləkini ucuz satan,

Kəklik kimi qarda yatan

Görməyibdir bizim ellər

Solmayacaq belə güllər.
Vali isə özünün «Qəhrəman qanlı şəhər» şeirində mək­təb­liləri, əkinçiləri, balıqçıları, fəhlələri vahid bir qüvvə kimi təqdim edir. Bu təqdimatda şairin mübarizə üçün birləşən güclü qollara xeyr-duası vardır. Bu güc, bu qüvvə «İmperializmin tezliklə vətəndən kökünü kəsmək» arzusu ilə yaşayır. Həmin güc sahibləri mətin və dözümlüdürlər:
Dedilər vermərik torpağımızdan,

Bir qarış qədər də təcavüzkara.

Qoy qızıl qanımız axıb yol açsın,

Şanlı gələcəyə, gözəl çağlara.
«Günəş» məcmuəsində «şanlı gələcəyə, gözəl çağlar» doğ­ru istiqamətlənən fikir və ideyalar keçmiş ədəbi-mədəni irs nailiyyətlərinin təhlilindən başlayır. Yəni bu irsi dərindən və hərtərəfli mənimsəmək məqsədindən nəşət tapır. Belə ki, Sə­məd Sərdarinin «Azərbaycan» ruznaməsi, Səttarxan Sərda­rimil­linin orqanı», Əziz Məhsətinin «Məhəmmədbağır Xal­xali», B.Çayoğlunun «Aşıqlar haqqında» məqalələri və yeni çıxan «Atalar sözü», «Ədəb xəzinəsi» kitabları barədəki yazılar bu həqiqəti təsdiq edə bilər.

«Azərbaycan» ruznaməsinə həsr olunmuş məqaləni oxu­duqca Səttarxanın vətəndaşlığı, qəzetə müdirlik edən Mirzə Əli­qulu Səfərovun, qəzeti çap edən mətbəə sahibləri Zeynalab­din və Hacı Mirzə ağa qardaşlarının insanlıq vüqarı və ləyaqəti göz önünə gəlir. Hiss edirsən ki, Şimali Azərbaycanda «Molla Nəsrəddin» çap olunanda, Cənubi Azərbaycanda «Azərbay­can» ruznaməsi ona səs verib. Şimalda Sabirin şeirləri əl-əl gəzəndə, Cənubda Sabir şeirlərinə bənzər neçə-neçə şeirlər yaranıb. Anlayırsan ki, bu tayda «Qeyrət» mətbəəsi neçə-neçə qeyrətli işlərin səbəbkarı olanda, o tayda «Namus» mətbəəsi ilə xalq üçün ən namuslu işlər görülürmüş.

«Məhəmmədbağır Xalxali» məqaləsində şairin «Sələ­biyyə» əsəri «Kəlilə və Dimnə» ilə, Krılovun və Lafontenin təmsilləriylə müqayisə ediləndə, gözlərimiz önündə xalq xəzi­nə­sindən qidalanan, xalq dilindən bəhrələnən gözəl bir şeir dilinin yaradıcısı olan Xalxali dayanır. Elə məcmuədə dil məsələləri də xüsusi yer tutur.

«Azərbaycan dilinin inkişaf mərhələləri» məqaləsində bəzi hökmlər mübahisəli olsa da, maraqlıdır. Ən təqdirəlayiq cəhət odur ki, məqalə «Elm və elmi həqiqətlə təəssübün bir yerə sığmadığı» qənaətinin işığında qələmə alınmışdır. Gəncəli Səbahinin «Yazı qaydaları» məqaləsi isə bilavasitə dil prob­lemi ilə bağlı olub M.F.Axundov ideyalarının yeni dövrə uyğun davamı kimi səslənir.

Əslində dil məsələsi hər hansı bir xalqın tərcümeyi-halı ilə birgə yaşayan məsələdir. Dil məsələsi insanın özünü dərk etmək məsələsidir. Bu mənada Əziz Məhsətinin «Mənim ana dilim» şeiri çox səciyyəvidir. Şeirdən aydın olur ki, insanın «ağzının dadı», insana yol açan, onu «daş dilli əsrlərə» aparan ana dilidir. Buna görə də şair ana dilinə müraciətlə yazır ki, «Məktəbdə, məsciddə, kənddə, şəhərdə, evdə, çöldə, qarı düş­mən yalnız səni nişana tutdu, səni!». Hətta «bəziləri səni atmaq istədi, bəziləri səni basdırmaq istədi». Lakin Cənubi Azərbay­canda ana dilini məhv etmək mümkün olmadı. Bu baxımdan şairin ana dili ilə bağlı olan bundan sonrakı məqsədi də aydındır:
Səni ən dəyərli və əl çatmaz bir inci kimi

Qırılmaz bir sapa düzüb, boynuma salacağam.
Səni kəsənə, sənə xor baxana, barışmaz düşmən ola­cağam.

Bir sözlə, «Günəş» məcmuəsi Cənubi Azərbaycanda səs­lənən mərdlik və inamın əks-sədasıdır. «Günəş» məcmuəsi günəşli üfüqlərin nikbinlik rəmzidir.


1983


TARİX DEYİL,

ƏDƏBİYYATDIR
QAFQAZ DAVASI
Ötən yüzilliyin əvvəllərində Azərbaycan varlığına və Azərbaycan mədəniyyətinə "Gülüstan" və "Türkmənçay"dan dəyən zərbələr xalqın ağrılı və acılı taleyinin unudulmaz yaşan­tıları oldu. Bu zamanlar artıq N.Gəncəvinin Qızıl Arslana, M.Füzulinin Nişançı Paşaya, Ş.İ.Xətayinin "bağü bahar" bildiyi Qızılgülə müraciəti arxada qalmışdı. Azərbaycan mədəniyyəti tarixində yeni müraciətin ünvanı isə hələ üfüqdə görünmürdü. A.Bakıxanov "Gülüstani-İrəm" tarixi əsərinin fövqündə nəyin­sə peşmançılığını çəkir, nəyisə intizarla gözləyirdi. İ.Qutqaşınlı öz təsəllisini "Səfərnamə"ni - yol qeydlərini yazmaqda tapır və yeni yol axtarırdı. M.F.Axundov "Puşkinin ölümünə Şərq poeması" əsəri ilə özünə yas tutur, ağı söyləyirdi.

Bütün bunlar Azərbaycanın mütəfəkkir ziyalılarının təzə və dərin yaralarının kövrək qaysaqları idi. Ancaq onlar hamısı daxili narahatlıqla hansı ünvanın Azərbaycan oxucusuna - Azərbaycanın vətəndaşına çatdırılması sualı qarşısında yenə də müntəzir qalmışdılar.

Elə o zaman M.F.Axundov məktublar yazdı - məktublar aldı, amma ürəyi soyumadı. Cəlalüddövlə ilə Kəmalüddövlənin məktublarını dünyaya faş etdi, azca rahatlıq tapdı, lakin yenə narahatlıqdan sovuşmadı.

Q.Zakir ürəyinin ağrılarını M.F.Axundova yazdığı mən­zum məktubuna köçürdü. Bu məktub da ona çox az təsəlli oldu.

H.Zərdabi "Əkinçi" qəzetini çap etməklə, istək və arzu­larını xalqa ziraət dərsi verməklə ürəyini də bir şam kimi yandırdı. Hələ üstəlik nəyisə axtara-axtara Tolstoya bir mək­tub da göndərdi.

Bax beləcə, X1X yüzillikdə Azərbaycan mütəfəkkirləri öz içlərində boğula-boğula müraciətin ünvanını axtarırdılar. Bu ünvan da elə-belə ünvan deyildi ki, asanca tapıla.

Nəhayət, yeni üsuli-cədid məktəbinin açarları əlində olan S.Ə.Şirvani dövrün müraciət ünvanını kəşf etdi. Bu heç də təkərin icadından, Amerikanın kəşfindən az əhəmiyyət daşı­mır­dı. Bəlkə, yeni dövr üçün onlardan da əhəmiyyətli və mənalı idi. S.Ə.Şirvaninin kəşf etdiyi həmin ünvan belə adlanırdı: Qafqaz müsəlmanlarına xitab!

Bu müraciət Qafqazda yaşayan insanın Qafqaza-Özünə qayı­dışı idi. Nəhayət, ədəbiyyatımız Şərqdən və Qərbdən nə­zər­lərini çəkib Qafqaza yenidən baxmağa özündə güc və imkan tapdı. "Salam verdim, rüşvət deyildir, deyə almadılar" həqi­qə­tini hələ də unutmayan millətə ikinci Böyük Salam göndərildi: "Əssəlam, ey əhaliyi-Qafqaz!" Qafqaz əhli bu salamın ünva­nının məhz "Millətin qeyrətini çəkən kəslər!" olduğunu həmən başa düşdülər.

Bu həqiqət Qafqaz üstündə və Qafqaz uğrunda davanın və cəngü cidalın yenidən qızışdığı bir zamanın həqiqəti idi. Çün­ki artıq azərbaycanlı mütəfəkkir "Qafqaz altımdadır, ən müd­hiş olan zirvədə mən" – deyən Puşkinin ruhunu sezmişdi. Qori seminariyasının açılmasındakı gizli ideyanı duymuşdu. Qafqaz xalqlarının folklor nümunələrinin toplanıb çap olunma­sındakı örtülü mətləbləri hiss etmişdi. Ona görə də tarixən Qafqaz uğrunda gedən canlı və qanlı müharibələr həmin vaxt­lar ədəbiyyat və mədəniyyət müstəvisinə keçdi.

Məhz elə bu dava başlananda yaddaşı oyadan Dərviş peyda oldu. Birinci dəfə bu Dərvişin çantası-kəşkülü göründü. Yenicə yaranan "Kəşkül” jurnalı el-el, oba-oba gəzib adamları xəbərdar etməyə başladı. Bir müddət sonra Dərviş öz qiyafəsi ilə tanındı və Divanbəyoğlunun "Can yanğısı" əsərində Əhməd adında peyda oldu. Daha bir neçə il sonra isə H.Cavidin "Şeyx Sənan" pyesində Dərviş özü göründü. Bu Dərvişin gəzdiyi yerlərin bir adı var idi: Qafqaz!

Puşkinin "Bağçasaray fontanı" əsərinin bədii və real məkanında - Bağçasarayda Qaspıralı "Tərcüman" qəzetini çap etməyə başladı və bu qəzet də Qafqazı qarış-qarış gəzməyə üz tutdu.

Canişinliyin bərqərar olduğu Tiflisdə, lap elə Şeytan­ba­zarın yaxınlığında Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının nəşrinə nail oldu və bu jurnal da Qafqazın bu başından girib o başından çıxdı.

Qafqazın konservatoriyasından - Şuşadan Qoriyə gedib qayıdan Firudin bəy Köçərli folklor nümunələrini "Balalara hədiyyə" edib dərs keçilən otaqlara göndərdi.

Qafqaz öz tarixində ilk dəfə idi ki, qələm əhli tərəfindən bu cür təlatümə gətirilirdi. Bəlkə, Qafqaz indiyə qədər qələm əhli tərəfindən heç bu qədər sevilməmişdi də! Elə bu sevginin nəticəsi idi ki, M.Ə.Sabir od tutub yanırdı:

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

H.Cavid isə Sabir haqqında “Qafqaz öylə nadir bir vücuda bir da çox çətinliklə malik ola bilər” - deyirdi. Cavid, eyni zamanda, Sidqi və A.Sur barəsində "belə şəxslərə Qafqaz torpağı bu az zamanda çətin pərvəriş vermiş olar" - söyləyirdi. Belə­liklə, mütəfəkkirin mütəfəkkir barədə ölçü meyarı və etalo­nu Qafqaz idi.

H.Cavidin bu meyarında özü demişkən, "Qafqaziya türk­lərinin və müsəlmanlarının" taleyi yaşayırdı və "ulu Qafqaz" sevgisindən doğulurdu. Elə bunun nəticəsi idi ki, Cavid "Ana" pyesində bədii fikir tariximizdə oxşarı olmayan, dünya ədəbiy­ya­tında nadir hallarda tapılan qafqazlı ananın əzəmətli obrazını yaratdı. Bu ana rəhm və mərhəmət gücü ilə bütün Qafqaza işıq saçdı.

Hətta H.Cavid Şeyx Sənanı Ərəbistan çöllərindən Qafqa­za gətirdi və Qafqazda Tanrıya tapındırdı.

M.Hadi "Qürbət ellərdə" - Karpatda olarkən Karpatı deyil, vətənini yad etdi. Bu Vətənin adı Qafqaz idi:
Kuhi-Qaf, iştə Qafqazın dağıdır,

Cənnət iştə bu Qafqazın bağıdır...

Qafqaz, ey sevgili, gözəl madər!

Fitrətən çox dəyərli, çox dilbər!
M.Hadi "Karpatın üstündə" dayanıb Karpatı deyil, Qaf­qazı düşündü.

Bütün bunlar ötən yüzilliyin sonu, indiki yüzilliyin əvvəl­lərində Azərbaycan bədii və fəlsəfi fikrinin Qafqaz sevgisi və Qafqaz davası idi.


1999


PARİSİN SÜQUTU
X1X və XX əsrin əvvəlləri üçün yaddaqalan səciyyəvi əlamətlərdən biri bəşər övladının fransızların özündən çox, fran­sız dilinə olan həvəs və marağı idi. Bu dilin şirinliyi, həzin­liyi adamlarda ona xüsusi məhəbbət doğurmuşdu. Hətta bir çox Avropa ölkələrində və Avropaya yaxın məmləkətlərdə fransız dilində danışmaq kübar mədəniyyətinin mühüm göstə­ricisi səviyyəsinə qalxmışdı. Bəzi hallarda isə elitar ailələrdə uşaqları məhz fransız dilini yaxşı bilən dayələr tərbiyə edirdilər.

Hələ X1X yüzilliyin ilk qərinəsinin sonunda Abasqu­luağa Bakıxanov Varşavada olarkən "Mən Firəngə bir səyahət eyləyim" arzusunu bildirmiş, elə orada ikən "Firəng məclisi" adlı iri həcmli süjetli şeir də yazmışdır. Şübhəsiz, o zamanlar "firəng" məfhumu geniş mənada "Avropa" anlamını verirdi. Hətta bu həqiqətin özündə belə dünyanın fransızlara marağının bir çox mətləbləri aydınlaşır.

Digər tərəfdən A.Bakıxanovun tez-tez "firəng" sözü işlət­məsi eşitdiklərinin deyil, məhz gördüklərinin real təcəssümü idi. Hətta nəzərə alsaq ki, A.Bakıxanovun Puşkin ailəsi ilə yaxınlığı vardır və bu ailədə fransızcanı çox sevirdilər, onda bu məsələlər bir az da işıqlanmış olar.

İsmayıl bəy Qutqaşınlı da Varşavada yaşayarkən "Rəşid bəy və Səadət xanım" əsərini fransız dilində yazıb elə oradaca çap etdirmişdi. Bizim ziyalılar uzun müddət İsmayıl bəy Qut­qa­şınlının fransız dilində yazmasına böyük fəxarətlə baxmış, bu yaradıcılıq nümunəsindən məmnunluq duymuşlar.

İsmayıl bəy Qutqaşınlının qəhrəmanları Rəşid bəyin və Səadət xanımın qəzələ xüsusi rəğbət bəsləmələrinə baxma­ya­raq, müəllifin fransız dilinə olan marağının arxasında, bəlkə də, ərəb və fars dilinə etirazının müəyyən cizgiləri gizlənmişdi. O biri tərəfdən, burada Qərbə -Avropaya meylin aydın çalarları olduğunu da unutmaq lazım deyildir.

Bu məsələ ətrafında M.F.Axundov daha ciddi bir addım atdı. O, "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında fransalı nəbatat həkimini Azərbaycana - Qarabağa gətirdi. Əslində M.F.Axundovun qələmə aldığı həmin müsafir yeni dövr ədəbiyyatımızda ilk qərbli obrazı idi.

M.F.Axundov Fransadan gəlmiş bu qərbli müsafiri belə təsvir edir: "Müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir". Tam aydın olur ki, Müsyö Jordan el arasında olan və bizim tanı­dığımız adamlardan ciddi şəkildə fərqlənir. Bu fərq yalnız onun firəngi libası geyməsində deyil, daha çox hərəkət və davranışındadır. O, "qıçın qıçı üstə aşırmaqla" sərbəstliyini nü­ma­yiş etdirir, eyni zamanda, kimlərinsə onunla durub-otur­mağında israrlıdır.

"Tənbəki yarpaqlarını yandırıb çəkən" nəbatat həkiminin Şahbaz bəyi Parisə aparmaq məqsədi də açıq və aydındır: "Heyfdir Şahbaz bəy kimi cavan və zirək və sahib savad oğlan fi­rəng dilini bilmiyə; mən təhəddüd edirəm ki, onu Parijə apa­rıb, firəng dilini ona öyrədib yola salam; çünki firəng dilinə çox şövqi var, tez öyrənər". Göründüyü kimi, Müsyö Jordan heç bir tərəddüd etmədən dəbdə olan fransız dili amilinə güvənir.

Şahbaz bəy də fikrindən dönməzdir. Əslində o, reallıqdan çıxış edir, hörmətli olmaq istəyir və əmisinə deyir: "Əmi, firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxart­maq üçün izin almağa göndərmişdiniz, Allahverdi bəyin oğlu Tanrıverdi bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məc­lisdə məndən hörmətli idi. Bavücüdü ki, firəng və türki dilin­dən başqa özgə dil bilməzdi .

Lakin məsələ yalnız bunda deyil, eyni zamanda maraqlı cəhət odur ki, M.F.Axundov yaradıcılığında Paris ciddi bir zərbə də alır. Müsyö Jordan qaim səsi ilə, təngnəfəs deyir: "Heyf sənə, Paris... Heyf sənə gözəl paytaxt, gözəl səltənət!... Parij dağıldı!"

M.F.Axundovun bədii söz səltənətində, sadəcə olaraq, Paris dağılır, süqut etmir.

Əslində başqa bir həqiqət də meydana çıxır: XIX yüzil­lik­də Parisə uzanan yollar Varşavadan keçib gedirdi.

Parisə gedib çatmaq arzusu X1X yüzilliyin sonlarında – XX yüzilliyin əvvəllərində reallaşır. Həyatda bu səfərin baş tutması böyük mütəfəkkir Məhəmmədağa Şahtaxtılının şəxsin­də baş verir. O, Parisdə Sorbonno Universitetində çalışır, tanınmış alim kimi yaddaşlara köçür.

Ədəbiyyatda isə belə bir reallığı M.S.Ordubadinin yara­dı­cı­lığında görürük. Onun "İki çocuğun Avropaya səyahəti" əsərində Qərb dünyasını gəzən qəhrəmanlar Parisə gedib çıxırlar. Hətta oradan iki məktub da göndərirlər.

M.S.Ordubadinin "Bədbəxt milyonçu və yaxud Rzaqulu­xan Firəngiməab" romanının qəhrəmanı bir az da irəli gedir. Belə ki, Rzaquluxan Parisdə Sorbonno Universitetində təhsil alıb doğma yurdu Cənubi Azərbaycana qayıdır. O vaxt Rzaqu­luxanlar çox deyildi və "Molla Nəsrəddin"in də yazdığı kimi, "Bütün İranda beş-on nəfər Firəngistan elmi oxumuş əşxas" vardı. Həmin oxumuşlardan olan Rzaquluxan da "İsla­hat" qə­zeti çıxarıb, bir çox yeni arzularını həyata keçirmək istəyir. Lakin çox təəssüf ki, bu, baş tutmur və Rzaquluxan ölür.

Elə məhz bu əsərlərin yazıldığı dövrlərdə yalnız mühacir məzunlar deyil, fransız bədii fikrinin özü də Azərbaycana doğ­ru hərəkət etməyə başlayır. Hətta bir çox tərcümələr məhz orijinaldan edilir. Belə bir faktın bariz nümunəsi Abbas Səhhət yaradıcılığıdır. A.Səhhət fransızcanı gözəl bildiyi üçün onun dilimizə çevirdiyi şerləri orijinaldan tərcümə kimi qəbul etmək olar. Buna "Yatmış uşaq" (Viktor Hüqo), "Mayıs gecəsi" (Al­fred de Müsse) və müəllifi bilinməyən "Təbiətin gülməsi" şeir­ləri parlaq nümunədir. Axırıncı şeirdə təbiətin gülməsi ilə sanki ədəbiyyatımızda Paris gülümsəyir:


Çöllər, dərələr dürlü çiçəklərlə bəzəndi,

Dağdan, qayadan qar əridi, çaylara endi.

Güldükcə təbiət, açılır min cürə güllər,

Quşlar da bu əhvalı görüncə sevinirlər.

Göy səmti açıldıqca könüllər də açıldı,

Dünya üzünə zövq, səfa endi, saçıldı.
Maraqlıdır ki, elə o dövrdə Cəlil Məmmədquluzadə də "Mol­la Nəsrəddin" jurnalında “Həyat“ qəzetindən aşağıdakı nümunəni xatırladaraq həyata bağlılıq kimi mühüm bir mətləbi təbliğ edirdi: "Böyük Napolyon bir vaxt düşündü ki, Fransa millətinin birinci səbəbi-tənəzzülü hüzn və qəmdir, özü klublar açdı, rəqs etdi xalqı müaşirətə təhrik etdi. Və lakin bizim İran millətini dövlət, üləma, sadat, əşraf rüəsa - hamısı ağlamağa dəvət edirlər".

Bu zaman artıq fransız maarifçiliyi və fəlsəfəsi də Azər­baycana daha ciddi bir formada daxil olur. Məhəmməd Hadi öz romantik şeirlərində Volterin, Russonun, Spenserin adını hə­vəslə çəkir, onların ideyalarını müdafiə edir. Abbas Səhhət də Sabirdən danışarkən yazır: "Fransız şairlərindən Şatobrian fran­sız qövmünün səltənət xanədanından olan Burbonlarla Na­po­leon Bonapart arasındakı müqayisəyə dair bir kitab yazmış­dır ki, bu kitab Burbon xanədanından olan fransız kralı XVIII Lüinin öz etiraf və iqrarınca bir ordudan ziyadə ona xidmət etmişdir. Mən də iddia edirəm ki, Sabirin də asarı bu beş ilin müddətində İran məşrutəsinə haman növ bir ordudan ziyadə xidmət etmişdir". Hüseyn Cavid isə Herbert Spenserə arxalana­raq ondan "mükəmməl surətdə yaşamağın" sirlərini öyrənir.

Cəlil Məmmədquluzadə də Fransanın məşhur yazıçısı Emil Zolyanın əsərlərini oxumağı tövsiyə edir və yazırdı: "Emil Zolyanın kitabları Firəngistanda intişar tapan kimi zehinlər bir neçə ilin içində o dərəcə oyandılar ki, firənglər nəinki Rim papaslarının ziyarətinə getməyi tərgitdilər, hələ bəlkə, öz içlərin­də də katolik keşişlərin qalmağını artıq hesab etdilər. Firəngistan maarif vasitəsilə gözünü açıb, üz qoydu tərəqqiyə".

Beləliklə, Əhməd Ağaoğlunun "Firəng Əhməd" adlan­dırıldığı bu mərhələ ədəbiyyatımızda fransız bədii fikrinin, maa­rifçiliyinin, fəlsəfəsinin və bütövlükdə, Parisin çiçəklən­diyi bir dövr idi.

Hüseyn Cavidin "Uçurum" pyesində isə artıq yeni isti­qamət başlayır və birbaşa Paris təsvir olunur: "Parisdə son dərə­cə süslü, çiçəkli bir salon..." Əsərdən aydın olur ki, Cəlal öz rəssamlıq sənətini daha da inkişaf etdirmək üçün Parisə gəlmişdir. Lakin orada Anjel adlı bir qıza uymuş, sevgilisi Gö­vər­çin də, rəssamlıq da yaddan çıxmışdır. O, Anjelə vurğun­luğunu belə ifadə edir:
Həp doğru, lakin Anjel

Pək nazlı bir mələkdir,

Gözəllik sərgisində

O bir lətif çiçəkdir.
Əkrəm isə ona əsl həqiqəti başa salmaq üçün deyir:

Əvət mələkdir, fəqət

Şeytan ruhlu bir mələk!

Lətif çiçəkdir, fəqət

Pək zəhərli bir çiçək!
Göründüyü kimi, Abbas Səhhətin təsvir etdiyi çiçəklərlə Hüseyn Cavidin təsvir etdiyi çiçək tamamilə bir-birindən fərq­lənir. Abbas Səhhətin "Paris çiçəkləri" gözəllik və füsun­kar­lı­ğın rəmzidir və bu çiçəklərin bəzənişi ilə dünya üzünü zövq və səfa bürüyür. Hüseyn Cavidin "Paris çiçəyi" isə şeytan və zəhər timsallıdır və onun zəngin bir sərgisi də vardır. Bu sər­gi­ni yal­nız Cəlalın deyil, həmçinin Moskvadan gəlmiş qra­fın, İrandan gəlmiş şahzadənin bəxşiş verdiyi almaslar və incilər bəzəyir.

Cəlal Anjeli - "Fransa ərmağanı"nı özü ilə bərabər İstan­bula - Bosforun sahillərinə gətirir. Burada hər şey Cəlala agah olur və o, Anjeli "xain afət" adlandırır. Cəlal hiss edir ki, Paris onunla Gövərçin arasında dərin uçurum açmışdır:


Uçurum: sürəkli, coşqun alqışlar,

Uçurum: uçurum süzgün baxışlar,

Uçurum: şu çirkin, şu alçaq həyat,

Uçurum: uçurum bütün kainat!...
Bütün kainatın uçurum olması artıq Parisin süqutu demək idi.

Azərbaycan ədəbiyyatında Parisin dağılması, Parisin çiçək­lənməsi və Parisin süqutu bunlardan ibarətdir.


1999
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə