Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə15/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

GƏLƏCƏYƏ MƏKTUB
İnsan ömrü ilə bağlı sevinc və kədər, ağrı və dözüm, istək və arzu… yaddaşa köçür və burada mürgüləyir. Onların bəzi­ləri bu mürgü ilə yuxuya gedir, bir çoxu isə səksənir və nə vaxt­sa oyanır. Başqa sözlə, insanın ömründən ötən illər təəssüf gətirir və yalnız o illərdə qalan izlərlə təsəlli tapırsan. Kamran Dadaşoğlunun «Dünyamız uşaq gözündə» kitabı («Gənclik», Bakı, 1984) illərin təəssüfünə qarşı yadda qalan günlərin, ömürdən silinməyən izlərin təsəllisini əks etdirir və gələcəyə doğru səmtlənən nikbinliyi yaşadır.

Kitab öz forma və quruluşuna görə yenidir. Onun süjet xəttini qollu-budaqlı əhvalatların bir-birinə calanması deyil, məhz müəyyən bir zaman vahidi təşkil edir. Beləliklə, əsər 10 may 1973-cü illə 25 aprel 1980-ci il arasındakı dövrü əhatə etməklə, Nicatla Leylanın həyatı ilə bağlı məsələlərin bu vaxt intervalındakı mənzərəsini özündə cəmləşdirir.

Dünyaya uşaq baxışı! – Bu, haradan və nə vaxtdan baş­layır, necə qol-qanad açır və böyüyür? Yazıçını düşündürən baş­lıca sual budur. Belə bir sualın cavabı isə illər boyu müşahi­də­lərlə yazılmış gündəliklərə istinadən verilir. Həmçinin gündəliklər – vaxtlı-vaxtında aparılmış qeydlər bu kitabın ya­ran­ma­sının sadəcə olaraq səbəbiyyət faktı deyil, daha çox yazıçının həyata realist baxışının təsdiqidir.

Doğrudur, uşaqlar uydurmanı sevir, uydurma öz sehri ilə onlar üçün dünyaya bağlanmağın bir vasitəsi olur. Lakin dün­ya­nın özünü dərk etməkdə yaşayışın başlıca amilidir. K.Dadaş­oğlu kitabda uşaqları hər iki amilin qovuşuğunda saxlayır. Onun təsvir etdiyi qəhrəmanlar, xüsusilə Nicat elə yaşdadır ki, o məhz uydurma ilə həqiqətin arasında yaşayır. «Nağıl pulsuz­dur» - deyə ata və anasının düzəltdiyi «yalançı» nağıllara qulaq asmaq, yoxsa zooparkda gördüyü pələngin yırtıcılıq həqiqətinə inanmaq; böyüklərə «Krupskayanın evindən» uşaq götürməyi məsləhət görmək, yoxsa Həzi Aslanovun məzarını göstərib «Ata, Həzi baba niyə orada yatıb?» sualının sərt məna çaları altın­da böyümək; multfilmlərdə dövşanın ardınca düşən cana­va­rın macəralarına tamaşa etmək, yoxsa müharibə dəhşətli kino­lara baxıb «televizoru söndürün!» nidasına qısılmaq? Bunlar məqalə müəllifinin bilərəkdən, qəsdlə düzəltdiyi suallar deyil. Nicatın kitabda inikas etdirilmiş övqatıdır, uşaqlıq əhval-ruhiyyəsidir.

Kitabın ən səciyyəvi cəhətlərindən biri Nicatın həyata baxı­şındakı irəliləyişi göstərməkdir. Bu inkişaf müəllifin ədə­biy­yatşünasa məxsus cümlələri ilə deyil, məhz bədii əsər üçün zəruri olan detallar və vasitələrlə açılır: Nicat iki yaşında «ana, bibi, balqabaq!» deyir, üç yaşında «gedim atamı Şuşadan gəti­rim» cəsarətinə yiyələnir, dörd yaşında «padşahların çoxu ac­göz, paxıl olur» fikri ilə eşitdiyi nağıllardan ümumi nəticə çıxa­rır, beş yaşında küləyin sirrini öyrənmək istəyir və sair. Uşağın əqli inkişafı göz qabağındadır. Əlbəttə, bu faktlar zehni «qa­zanc»ın düzxətli hərəkəti barədəki diaqnozlar deyildir. Nicat dörd yaşındakı səviyyəni nə vaxtsa iki yaşında da nümayiş etdi­rə bilər və əksinə. Amma əsas məsələ bundadır ki, «Dünya­mız uşaq gözündə» kitabı ömrün məhz irəliyə doğru məqamla­rının göstəricisi kimi uğurludur.

NİCATIN SÖZLƏRİ: - «Bax, ata, yarpaqlar ağacda olan­da, külək əsəndə səs salırlar. Qoymurlar ağaclar rahat yata. Düzdürmü? Düzdü. Ona görə də yarpaqlar tökülür. Ağaclar da sakit yatır». Bu körpə bir uşağın payız və qış aylarında gördüyü ağaclar haqqında sadə düşüncələri deyil. Həmin mülahizədə Nica­tın dünya duyumu vardır. Lakin bu da kitabda başlıca mə­sə­lə deyil. Əsas mətləb ondadır ki, Nicat belə bir fikrə haradan gəlib çatmışdır, ona necə nail olmuşdur? Müəllif sürətlə ötüb keçən tarixlərlə «imzalanmış» əhvalatlar arxasında həmin pro­sesi oxucuya çatdırır: valideyn uşağının əqli inkişafı ilə sistemli və diqqətli məşğul olmalıdır.

Nicat öz atası (K.Dadaşoğlu) ilə haraya gedir, kimlərlə görüşlər və nələrlə qarşılaşır? Nicat Rəhim kişini, Dəmirçiza­dəni, Xan Şuşinskini, Rəsul Rzanı tanıyır. N.Nərimanovun, Mir­zə Fətəlinin, Sabirin, S.Vurğunun və başqa klassiklərin hey­kəli önündə danışır. Hərgah Mirzə Cəlilin, Süleyman Sani­nin, Abdulla Şaiqin Bakıda heykəli yoxdursa, bəs onda necə? Nicat Azərbaycanın başqa klassiklərini tanımayacaqmı? Yazıçı – ata, öz daxilində olan belə bir istəyi həyata keçirmək üçün çıxış yolu tapır. Nəhayət, ata və oğul Fəxri xiyabana gəlirlər. Nicatın mənəvi dünyasında yeni aləm açılır.

Uşağı ilk yaşlarından vətəndaş kimi böyütmək, hətta bu iş­də lazım gələrsə, «onun iradəsinə tabe olmaq» - yazıçının valideyn­lərə bu tövsiyəsi, kitabın əsas ideya xəttini də ta­mamlamış olur.

Əsərdə ata və ana obrazı – geniş mənada valideynlik mə­su­liyyəti xüsusi problem kimi qoyulmuşdur. Övlada sevgi və məhəbbət, övlad şıltaqlığına dözmək bacarığı ciddi tərbiyəvi keyfiyyət səviyyəsinə qaldırılmışdır. Hətta ata və ana arasın­dakı «narazılıq»lar da ümumi məqsəddən doğduğu üçün heç bir etiraza səbəb olmur.

Atanın düzəltdiyi və dediyi «Yarımçıqlar», «Qoçaq qa­rı», «Dovşan», «Dibçəyi gülsüz Həpiş», «Qurbağa», «İki pad­şah» nağılları boş vaxtların məhsulu yox, məhz uşaq istəyinin nəticələridir. Bu nağıllar mənalı mündəricələrindən daha çox, uşağa doğru yönələn valideyn diqqətinin göstəriciləri kimi əhəmiyyətlidir.

NİCATIN SÖZLƏRİ: «– Nə vaxta qədər axşam yatıb sə­hər duracağam, çay içəcəyəm, sonra günorta nahar edəcəyəm, sonra yatacağam, sonra durub… yenə çörək-xörək yeyəcəyəm, oynayacağam. Nə vaxta qədər?» Bunlar Nicatın sadəcə olaraq yorğunluğunu əks etdirən sözlər deyil. Bəlkə də, o, özü bu de­dik­lərini yorğunluğunun əks-sədası kimi ifadə etmişdir. Lakin balaca Nicatın bəsit, pedant yaşayışdan etirazı da burada güclü şəkildə ifadə olunmuşdur. Beləliklə, artıq uşağın daxilində dün­ya­nın yeni rənglərini axtarıb tapmaq narazatlığı başlayır, müs­təqil düşünmək keyfiyyəti ayaq açır.

Artıq Nicatın hafizəsi və yaddaşı möhkəmlənmiş, xəyal aləmi, fantaziyası isə zənginləşmişdir. Saçın ağarması haqqında hikmətli suallara qədər yüksələn uşaq düşüncələri «təqvimin qır­mızılığı» faktı ilə aldanışlardan ayrılır və həqiqətin dərki yolu­na düşür. Əslində insan ömründə nə vaxtsa başlayan dünya­ya fəlsəfi baxış elə uşaqlıqda qazanılmış bu keyfiyyətlər­dən nəşət tapır.

Əsərdə Nicatı əhatə edən qonşu uşaqları, şagird yoldaş­ları qohum-qardaşları onun xarakterindəki doğmalığın forma­laş­ma amilləridir. Atasına, anasına, bibisinə, bacısı Leylaya məhəbbət getdikcə genişlənir və tamamlanır. Onun təbiətində haqsızlığa etiraz başlananda da oxucu təəccüblənmir. Çünki hələ­lik mexaniki səciyyə daşıyan bu keyfiyyət sabah üçün tərcü­meyi-hal faktına çevriləcəkdir.

«Dünyamız uşaq gözündə» kitabında ciddi bir ailə mühiti var. Bu mühit iki uşağun – Nicat və Leylanın böyüməsini və tərbi­yəsini təmin edir. Şux əhvali-ruhiyyə yaradan zarafatlar da, ciddi söhbətlər də Nicatın əsgərliyə çağırılması kimi qəribə əhvalat da ötəri və kiçik görünmürlər. Hər bir hadisənin bədii dözümü və məna yozumu ailə mühitinin səciyyəvi xüsusiyyət­lərini aşkarlayır.

K.Dadaşoğlunun «Dünyamız uşaq gözündə» əsərinin qəhrəmanı Nicat yalnız yazıçının övladı kimi məhdudlaşıb qalmır. Nicat bütün uşaqların ümumiləşmiş obrazına çevrilir. Yalnız belə bir obraz aşağıdakı mülahizəni söyləyə bilərdi.

NİCATIN SÖZLƏRİ: «– Ana, mən deyim, gecə biz niyə yatırıq. Gecə qaranlıqdır. Qaranlıq isə pisdir. İşıq isə əladır. Yatırıq ki, pisi görməyək. Bildinmi?» Bu sözlər işıq və qaran­lığın, yaxşılıq və pisliyin. Geniş mənada xeyir və şərin mövcud olduğu dünyaya uşaq baxışıdır. Elə baxış ki, yalnız onun dərki ilə həyatda möhkəm və inamlı addımlar atmaq olar.

Bir cəhəti də unutmaq olmaz ki, kitab uşaqların həyatın­dan yazılsa belə, böyüklər də buradan çox şey öyrənə və mə­nim­səyə bilər. Çünki onun hekayətləri uşaqlarla birlikdə yaşlı­ların da yol yoldaşıdır. Sələflərlə xələflərin ayrılmaz və sarsıl­maz estafetinin bədii-estetik dərki kimi bu kitab mənalı və əhə­miy­yətlidir. Müəllif müqəddimədə rus yazıçısı V.Katayevin fikrinə istinad edərək bildirir ki, «bu təzə əsər mənim üçün həm romandır, həm hekayə, həm poema, həm esse, həm xatirə, həm məktub…» Bəli, Kamran Dadaşoğlunun «Dünyamız uşaq gözün­də» kitabı həm də ağıllı, böyük Nicata və Leylaya, Nicat­lara və Leylalara məktubdur – gələcəyə məktub!
1985
SÜRGÜNLÜYÜN ANATOMİYASI
Tarixin bütün anları və hadisələri xeyri və şəri təmsil et­mə­lərindən asılı olmayaraq əbədilik tarixin yaddaşına çökür və həkk olunur. Onları yenidən oyatmaq, diriltmək isə tarix­şünas­larla yanaşı, həm də sənət adamlarının vəzifəsinə çevrilir. Bu mənada bədii söz və bədii fikir tarixi həqiqətləri yeni nəsillərin yaddaşına köçürtməkdə böyük imkanlara malikdir. Şair Cavid Cavadlının «Sürgün» kitabı bu baxımdan xüsusi maraq doğurur.

1937-ci il Azərbaycan tarixinin ən dərin yaralarından biri­dir. Bu yara 60 il keçməsinə baxmayaraq, qaysaqlanmır, hələ neçə illər sonra da qaysaqlanmayacaq, sağalmayacaq. Çün­ki bu yaranın içində minlərlə sənət adamının, ziyalının, adi peşə sahibinin, qoca və uşağın ölümə məhkum edilmiş taleyi yaşayır. Bunlar elə talelərdir ki, XX əsr – zamanın özü belə on­lara tutulan ağıdan bu gün də lərzəyə gəlir, hələ sabah da inləyəcək.

Cavad Cavadlının «Sürgün» kitabının baş qəhrəmanı o qanlı repressiya illərini öz gözləri ilə görən, taleyi ilə yaşayan, o illərdən sonra da işgəncələr və çətinliklər içərisində ömür sürən və ürəyi ağrı ilə döyünən əzabkeş insandır. Bu qəhrəman rəhmsiz bir cəlladla üz-üzədir. O, isti ocağından qoparılmış, evsiz-eşiksiz Allah bəndəsidir.

Cavad Cavadlının «Sürgün» kitabına şerlər, bayatılar, oxşamalar, laylalar, ağılar, poemalar, «Cəhənnəmdən qaçmış uşaq» mənzum romanı daxildir. Bəs şairin şifahi və yazılı ədəbiyyatın bu cür müxtəlif janrlarına müraciət etməsi nə ilə bağlıdır? Şübhəsiz, burada C.Cavadlının bədii janrlara mara­ğın­dan çox, sürgün mövzusunun özünün janr tələbi daha böyük rol oynayıb. Sürgün ağrısının tutumu, bu həyatın acısı və ağısı, sürgündə keçən ömürlərin tale qisməti, uşaqlı-böyüklü insan­ların sürgünlü alın yazısı poetik yönün və biçimin də müxtə­lifliyini zəruri amilə çevirib.

C.Cavadlı qəhrəmanının həzin xatirəsi kimi yaddaşdan silinməyən bir məkan oxucu qəlbində dərin iz buraxır. Bu sür­gün yerlərindən çox-çox uzaqlarda olan doğma el-obadır. Hə­min ellərin çörəyini bişirən sacın istisi ürəkləri isidir, dirəkdən asılan nənni üstündə deyilən bayatılar könülləri uyudur. Oradakı kətil, saxsı novdan göz önünə gəlir. Ən maraqlısı da odur ki, şair həzin bir misranın əhatəsində qalır: «Uşaqlığın gəlib öpdü üzümdən».

Kitabda ağrılı məkanın ən böyük acısı da dil bişirən bayatı olur:


Yerlilər yersiz öldü,

Kəfənsiz, gorsuz öldü…

Kişilər daş zindanda,

Arvadlar ərsiz öldü.
Taleyinə sürgün yazılan qəhrəman özünün belə gözləmə­diyi qəribə bir zaman kəsiyində yaşayır. Sanki burada dəqiqə və saat, gündüz və gecə yoxa çıxıb. Doğma kəndin həsrətli axşamları, aydın sabahları ərşə çəkilib. Şairin nəzərində «on metrlik bir məsafə on illik yoldur». Elə bil bu yollarda vaxt da dayanıb.

Bədii ədəbiyyatda qatar zamanın hərəkətidir. Qatar get­dikcə zaman da gedir. Lakin şairin lirik qəhrəmanının gördüyü mənzərə tamam başqadır: «Qatar durub dayanacaqda». Bu qatar nə qədər duracaq, bu qatar neçə ay dayanacaq? – Sualın cavabını qəhrəman özü də bilmir.

«Sürgün» kitabında şairin xitab və müraciətinin də öz məzmunu var. Bu məzmun kitabdakı bütün əsərlərdən keçib gedir və bəzən səssiz olur, bəzən də haray kimi səslənir.

Şairin ən nurlu xitabı nağıllı, bayatılı və dünyanın şiri­nini, acısını dadmış nənəyə ünvanlanıb:


Cəllad, bu əməlin deyil bir hünər,

Zaman belə getmək, kərdişi dönər,

Ocaq söndürənin ocağı sönər,

Zülm ilə ucalan zülm ilə enər.

Bircə dənəm, ağlama,

Ağlama, nənəm, ağlama!
Müəllifin ikinci kitabı bayatıları tük ürpədən, kişi qeyrətli anayadır:
Bu yerləri addımlasan yüz il, - qum!

Axı bunun harasıdır Qızıl qum?

Nə qurtarır, nə tükənir bu zəqqum.

Bu məkanı necə seçib çuğullar,

Anam, görən hara gedir bu yollar?!
Üçüncü kitab isə atayadır:

Dərdin sığmasa da bu kainata

Zindanda ölməyə haqqın yox, ata!
Bu xitablardan sonra alın yazısına «sürgün» yazılmış qəh­rəmanın, yəni şair C.Cavadlının özünün pənah apardığı ən böyük ucalıq Tanrı dərgahıdır:
Danış doğru-düzünü,

Görən haqqın üzünü.

Allah varsa, zalımın

Niyə tökmür gözünü?
«Sürgün» kitabını oxuduqca, nə qədər ağrılı görünsə də, sürgünlüyün anatomiyası ilə tanış oluruq. Eyni zamanda, qəri­bə bir həyat, əhval-ruhiyyə adamı tərk etmir. Bu ovqat əvvəlcə «sazaq» sözündən keçir. Oxucu yüngülcə üşüyür, sanki üşümə­yini hiss edir. Yalnız belə olsaydı, keçinmək mümkün idi. La­kin bir az sonra sazaq küləyə çevrilir. Özün də bilmədən külək hər tərəfdən bürüncəyin olur. Qum dənələri gözlərinə dolur, gözlərini qorumağa da gücün çatmır.

Tale yazısı bununla da qurtarmır. Oxucu borana düşür. Az qalır ki, yaşamağa ümidini itirsin. Bundan sonra hər tərəfi çovğun bürüyür. Bir də ümid itir.

Lakin C.Cavadlı şerinin istisi və hərarəti oxucunu bədgü­manlıqdan xilas edir. Poeziyanın qüdrəti ilə nikbin, cəsarətli ömür yaşamağa başlayırsan.

ÖZ MAHNISI OLAN ŞAİR
Sabir Rüstəmxanlının «Sağ ol, ana dilim» kitabı («Gənc­lik», 1984) onun yaradıcılığının «Gəncə qapısı»ndan başlanan yeni mərəhələsinə daxildir. İndi onun ilham pərisi öz qanad­larını daha möhkəm gərmiş, həyatı, insanları bütöv görmək üçün bir az da yüksəkliyə qalxmış, dağlarda, çaylarda, körpü­lərdə təzə məna tapmış, dünyanın hikmətini ana dilində və ana dili ilə daha dərindən dərk etməyə başlamışdır.

Şair doğma yurdun keçmişinə, «tarix yazmasalar da, tarixi yaradan» babalarımızın fədakarlığına müdriklik pəncərə­sindən baxır və onun qələmi ilə ürəklərə təsir edən, adamı riqqətə gətirən misralar yaranır. «Mən torpaq üstündə addımla­maz­dım, torpaq ürəyimdə gedərdi mənim» deyən müəllifin bu hissləri məktəb yollarında yaranmışdı. Dünya ilbəil dəyişdikcə şair ürəyinin həyata bağlı telləri daha da bərkimiş və nəhayət, bu ürək Bakıdakı şair heykəllərinin fikirli olduğunu görmüşdür. Lakin S.Rüstəmxanlı şeirindəki bu görüm bucağı sabirlərin əzəmətinə zərrəcə xələl gətirməmiş, məğrurluğun ifadəsinə çevrilmişdir:


Yanırlar illər boyu,

Yada da, qardaşa da,

Düşünməyi, duymağı

Öyrədiblər daşa da.
«Qutuda əzizlənib tək-tənha ölməkdənsə, öz kökün üs­tün­də arxayın quruyasan» fəlsəfəsi şairin «Sağ ol, ana dilim» kitabında əks olunmuş əqidəsinin dayaq nöqtəsidir. Kitabdakı hər şeirdə bu əqidə, bu məslək yaşayb boy atır.

Sabirin şeirlərində Araz dərdi yaşayır. Bu problem kita­bın ən aparıcı mövzularından biridir. Araz ağrısının şeirlərdəki real yaşı az olsa da, bu ağrının şair qəlbindəki ömrü şairin öz ömründən də kənara çıxır, başlanğıc və son nöqtə tanımır, beləliklə, mövzu öz uğurlu bədii həllini tapır:


Qurbanı olduğum, ay ata-ana,

Başına döndüyüm, Vətən torpağı,

Körpüsü qırılan, qəmli Arazım,

Ümidim, göz yaşım, həyatım, arzum,

Sizin sükutunuz yandırar məni,

Sizin kədəriniz yandırar məni,

Sizin dözümünüz yandırar məni…
Yeri gəlmişkən, «Sağ ol, ana dilim» kitabında sevgi şeir­ləri çox az yer tutur. «Çayların üstünü buz tutdu yenə», «Yan­madı ocağımız», «Yolun yarısından qayıtdıq geri» kimi şeir­lərdə məhəbbət hissləri əks olunursa da, onları şaxta, buz, qar kimi obrazlar müşayiət edir. Şairin poeziyası ictimai mətləblərə doğru hərəkətlərində daha fəal, daha həssasdır. Hüseyn Ərəb­linskinin simasında inqilabdan əvvəlki sənətkarın taleyini, sənətkarla mühit arasındakı ziddiyyəti əks etdirən «İşıq ömrü» poeması bu fəallığı əyani surətdə təsdiqləyir.

S.Rüstəmxanlı şeirlərindəki obrazlaşdırma xüsusi səciyyə daşıyır. Onun yaradıcılığında bədiiliyin gücü mövzunun özünü obraza çevirir. Belə ki, «Anamın duası», «Qaragilə», «Əlli yaşlı çinar» şeirlərində dua, mahnı və çinar bədii predmetdən daha çox obraz – heykəldir:


Nisgili sonsuz dəniz,

Gileyi dalğa-dalğa,

Mahnı ilə ölməyi

Öyrədə bilmiş xalqa.

Bu misralar sübut edir ki, şair «Qaragilə» mahnısını, onun ifaçılarını tərifləməkdən çox uzaqdır. Müəllif geniş məna­da əsl nəğmə ilə xalq arasındakı qırılmaz əlaqəni qələmə alır və onun nəzərində nəğməsiz, mahnısız, laylasız, ağısız xalq ola bilməz.

S.Rüstəmxanlı qələminin bütün imkanlarını doğma yur­dun, Vətənin taleyinə doğru səmtləndirir. Ona görə də şairin bir dostundan ayırlmaq «günahı» da bəraət qazanır:
Bir ömürdü yüz həsrətə gərilib,

Bir dünyada hamıya pay verilib,

Ürəyində «mənəm» hissi dirilib,

Vətən hissi ölən zaman ayrıldıq.
Bu baxımdan kitabda xalqımızın mifik təfəkkürü ilə bağlı obrazların görünməsi təbiidir. Bir də ona görə təbiidir ki, S.Rüstəmxanlı öz şeirlərində qəsdən, bilərəkdən mifik motivlər yaratmaq məqsədindən çox uzaqdır. Həmin motivlər misralara asta-asta, həzin-həzin daxil olur və ayrılmaz «hissəciyə» çevrilir. Beləliklə, şair özünün «min il əvvəl, milyon il əvvəl, bir ot kimi, ağac kimi yaşadığına» («Ürəyin möcüzəsi»), «At cildində, quş cildində, ağac cildində» («Tale qisməti») hərənin bir sehri olmasına, qovaq ağacı ilə öz yerini dəyişməyin müm­künlüyünə («Qapımızda ucalan o qovaq ağacıyla») inandığı kimi biz də inanırıq.

Sabir Rüstəmxanlının şeirləri doğma yurdun uzaq-yaxın illərini, sevincli-ağrılı günlərini əks etdirən, insanın səhvini, nöq­sanını üzünə oxuyan, hiddət və nifrətinin sərrast hədəfini gös­tərən, bütün bunları heykəlləşən ana dilinin qüdrəti ilə ni­zama salan poetik yaddaşdır.


1985

YOL ÇƏKƏN GÖZLƏRİN İŞIĞI

(Musa Ələkbərli. «Gözlərim yol çəkir», «Gənclik», 1983)


Musa Ələkbərlinin bu kitabında şeirə verilən ictimai fəallığın çəkisi xeyli artmış və zənginləşmişdir. Artıq hiss olu­nur ki, müəllif həyata olan münasibətin yollarını daha səmərəli məqamlarda axtarır və tapır. «Bir çörəyi on beş yerə bölmək» həqiqətinə və qüdrətinə yüksək beynəlmiləlçilik zirvəsindən baxır və «On beş çayım bir ümmuna tökülür!» məğrurluğu ilə yaşayır. Eyni zamanda şair öz həsrət və ağrısını daha məqbul bədii biçimdə həll edir:
Bir saatlıq yoldu burdan Təbrizə,

Ömürdən bahadı bir saat bizə.
Bu yanğı, bu kədər «Arazın sərhəd boyunca ağlamasını» görür, hətta bayatı üstündə köklənə-köklənə özünə bir az təsəlli də tapır:
Suyum yellənər axar,

Gözüm sellənər axar.

Arazı qarğış tutar,

Araz lillənər axar.
M.Ələkbərli doğma torpağın nəfəsi ilə isinən şairdir. Onun misralarında bu torpağı qayğı ilə becərənlərin heykəli gö­rünür. Göy göl, Kəpəz babaların-ozanların səsini saxlayan şahid­lərə dö­nür. Şair otuz illik ömrüünün şəfəqləri ilə Vətənin daşında və qaya­sında, gülündə və çiçəyində məna axtarır. Kənd­dən danışa-da­nışa «Köhlənləri həsrət qalıb yəhərə» deyir və şəhərə məq­səd­siz, arzusuz baş alıb gedən müasirlərinə giley-güzarını çatdırır.

Şairin şeirlərində ana obrazına tez-tez rast gəlmək olur. Musa üçün ana müqəddəsliyi həyata, insanlara, elə-obaya bağ­lı­lıqdır. Bu müqəddəslik insanı ehkamlığa yox, məhz irəliyə doğ­ru apara bilər. Ana ucalığını, ana müdrikliyini ifadə etmək­dən öt­rü düzülmüş aşağıdakı misralar şairlik bacarığından xəbər verir:


Torpağı göynəyər, daşı ağlayar,

Kimin ki evinin çırası yoxdur.

Tək bircə allaha yazığım gəlir

Deyirlər allahın anası yoxdur.

(«Dünya-ana»).


Bir cəhət də maraqlıdır ki, M.Ələkbərlinin şeirləri dur­ğun­luğa, ətalətə, sükuta qarşı çevrilmişdir. Oxucu qəlbini hərə­kətə gətirmək, oxucunu həyat haqqında daha ətraflı düşünməyə səsləmək cəhdi «Gözlərim yol çəkir» kitabından qırmızı xətt kimi keçir. Hiss edirsən ki, şair dünyanı qavramaq, dünyanı dərk etmək istəyində passiv deyildir. Bu baxımdan müəllifin «Gəl dəyişək havasını bu evin…» şeiri fəlsəfi məna daşıyır. Burada şair ürəyinin hərarəti havanı dəyişmək məhdu­diyyə­tində qalmır. Şairin süni təmtərağı görməyə gözü yoxdur:
Sevgi olsa bircə kümə bəs elər,

Nəyə lazım bu cah-cəlal, bu saray?

Qəlbimiz yox, pəncərəmiz açılır

İçimizdə boğuluruq, ay haray!

Ömür bizə bircə dəfə verilir,

Gəl dəyişək mənasını bu ömrün,

Gəl dəyişək havasını bu evin.
Musa Ələkbərlinin yaradıcılığında məhəbbət lirikası xüsusi yer tutur. Məhəbbət onun şeirlərində gəldi-gedər nəğmə deyil, gələcəyə səsləyən qüvvədir. «Etiraf», «Mənim dediyimi demədi heç kim…», «Arxayın olun», «Sənə oxuyurdum o şeiri, sənə» şeirləri məhz bu fikri təsdiq və ehtiva edir.

Musa məhəbbət şeirlərində məğrur, yanğılı, sərt və sə­mi­midir. Yaxşı ki, bunlar hamısı onun deyil. O məğrurluq da, yan­ğı da, sərtlik də, səmimilik də mənimdir, sənindir, özgələ­rinindir.


O nəğməni kim oxudu, kim çaldı,

O çəkdiyim ağrılardan nə qaldı,

Bir də səni elə görmək mahaldı,

Bir də mənə sevgi qıymaz bu tale!

(«Bir də…»).


«Sevgi qıymaz» peşmançılığı və «mahal» boyda təsəlli! Bu, misra düzümü, şeir yazmaq istəyi, şair olmaq həvəsi deyil. Daxili aləmin qaynar təzadının inikasıdır.

M.Ələkbərlinin kitabında bir silsilə uşaq şeirləri də var­dır. Müəllif bu şeirlərdə daha çox vəsf etməklə məşğuldur. «Gü­nayın yalanı», «Tural» kimi şeirlərində şairin səmimi, ürək­­dən gələn misraları vardır. Lakin uşaq dünyasına müda­xilədə M.Ələkbərli şeirləri zəif görünür.

Bəzən Musanın şeirlərində təkrarlarla da qarşılaşırıq. Onun eyni gündə yazdığı «Sənə inanıram» şeirindəki «Bir kim­sə mənimtək səni duyammaz» misrasını «Uçan su» şeirində «Səni heç kəs mənim qədər duyammaz» formasında yenidən təkrar etməsi təəssüf doğurur. Bu mənada M.Ələkbərlinin yaz­dı­ğı hər şeir üstünə dönə-dönə qayıtmasını və daha artıq işlə­məsini arzu edərdik.

M.Ələkbərlinin yeni kitabında yol çəkən gözlərin işığı vardır. Bu işığın onu daha irəliyə, daha uğurlu günlərə apa­ra­cağına inanmaq olar.



1983

CƏNUBİ AZƏRBAYCAN

ƏDƏBİYYATI
ROMANTİK ŞAİRİN ARZULARI
Səid Məşədi Xəlil oğlu Səlmasi 1887-ci ildə Cənubi Azər­baycanın Dilməqan şəhərində anadan olmuşdur. Bu şəhə­rin yerləşdiyi Səlmas mahalından o vaxtlar xeyli qələm sahibi çıxmışdır ki, gənc Səid də bir çox həmyerliləri kimi doğulduğu mahalın adını özünə təxəllüs seçməklə fəxr edirdi. Lakin bir cəhət xüsusilə maraqlıdır ki, o, yaradıcılıq yarışında və qəh­rəmanlıq nümunəsində yazıçı, publisist səlmasilərin, demək olar ki, hamısını ötüb keçdi və daha çox məşhurlaşdı.

Səid Səlmasinin bir sıra xarici ölkələri gəzməsi, öz xərci ilə o vaxtlar ən böyük və mükəmməl hesab edilən «Ümidi-tə­rəq­qi» mətbəəsini açması, «Şəfəq» adlı qəzet nəşr etməsi ürə­yində bəslədiyi maarifçilik ideyalarının həyata keçirilmə­sində ilk addımlar olmuşdur. Mütaliə və səyahətlər S.Səlmasinin maarifçi dünyagörüşünü daha da təkmilləşdirmiş və bu əsasda da şairin romantik bədii düşüncəsi formalaşmışdır.

S.Səlmasinin «Təzə həyat», «İrşad», «Füyuzat», «Yeni fü­yuzat» və sair mətbu orqanlarda çap olunan publisistik mə­qalə və şeirləri onun həyata və sənətə baxışı barədə aydın təsəv­vür yarada bilir. Yazıçının ünvanca bir-birinə yaxın olan «İrana dair», «İran işləri» adlı silsilə məqalələrində o zamankı Səlmas mahalının, Cənubi Azərbaycan kəndlərinin və bütöv­lükdə İranın ictimai-siyasi mühitinin geniş mənzərəsi vardır. Bunlar sübut edir ki, S.Səlmasi xalqın qanını soran əzazil torpaq sahiblərini də, ac-yalavac yaşayan, əsarət zəncirində bo­ğu­lan rəiyyəti də yaxşı tanıyırdı. O, acı-acı yazırdı: «İndi birisi əkin əkirsə, gərək getsin təpə başlarında, dağ ətəklərində əksin, o da yağmur yağmazsa, bitməyəcək, bitsə də üçdə birisi ərbaba veriləcək». Yaxud: «...Azərbaycanı səyahət etsəniz, çöldə vali­dələrə rast gələrsiniz ki, bir parça ilə yavrusunu dalına bağlayıb oraq əlində biçin biçir. Tarlalarda beş yaşında çocuqlar görərsiniz ki, özündən iki dəfə böyük olan buğda bağlısını bir tərəfdən bir tərəfə daşıyır».

Səid Səlmasi bütün bunları tanrının qəzəbi, yaxud taleyin düçar olduğu qəzavü qədər kimi yox, sahibkar Hacı Məhəm­məd Tağı kimi qaniçənlərin törətdikləri cinayətlər hesab edirdi. Eyni zamanda o, təəssüflənirdi ki, adamlarda mübarizlik, döyüşkənlik keyfiyyətləri hələ də yox dərəcəsindədir. Hətta «kəndxudanın nökəri bacısının, əyalının saçını qoluna dolayır, sürüyür səsini çıxarmır. Əvət, səsini çıxarmır». Bu, günlərin bir günü baş verən təsadüfü hadisə deyildir. Təhqir, söyüş və qırmanca öyrəşmiş kəndli ömrünün bir pərdəsi idi. Lakin Səid Səlmasini bundan daha artıq dərəcədə narahat edən başqa bir cəhət vardır: saçı qollara dolanan, söyülən və döyülən də, hətta bunları lap yaxından seyr edən «qəhrəman cavanlar» da din­mir­lər. Şair qəlbli publisisti qəzəbləndirən məhz bu səssizliklə, sükutla barışmaq, səsini içəri çəkmək, cınqırını çıxarmamaq dözümü, adamların içərisində fədakarlıq və mərdanəliyin bo­ğul­ması, ölməsi kimi acı həqiqət idi. Vətənin dərdlərini duyub, «vətəndən ayrılan ərgənləri» görəndə şair bunu faciə hesab edir və özü döyüşə hazırlaşırdı. O, Xeyirin rəmzi kimi Gavələrin baş qaldıracağına böyük ümid bəsləyirdi. Gavə obrazı Səlma­sidə və Hadidə nikbinlik, xoş gələcək arzusunu ifadə edirdi.

Eyni zamanda, gənc sənətkar Hacı Məhəmməd Tağı «cənab­larına» müraciətlə yazırdı: «Kəndlilərə insaflı kəndxuda göndər». Bu mülahizə ədibin maarifçilik dünyagörüşü ilə bağlı olub, rəhbərləri dəyişdirməklə cəmiyyətin dəyişilməsinin mümkün­lüyünə inamla əlaqədar idi.

Beləliklə, üsyana çağırışla rəhbərlərin gücünə inanmaq əqidəsinin növbələməsi S.Səlmasi yaradıcılığının ilk mərhələsi üçün çox səciyyəvi idi. Sonralar isə onun dünyagörüşündə yeganə istiqamət – inqilaba çağırış, inqilab işinə qoşulmaq amalı formalaşdı.

S.Səlmasinin məqalələrində «hürriyyət», «müsavat» (bə­ra­bərlik), «ədalət» sözləri xüsusi yer tutur. Bütün bunlar isə hə­yatda görünənlər deyil, məhz arzu olunanlardır. Şairin bu istək­lərində milyonlarla adamın murazı, həmin milyonları ayağa qaldırmaq, döyüşə səsləmək və mübarizəyə qoşmaq çağırışı vardır.

S.Səlmasi yaşadığı mühitin hadisələrini düzgün qavradı­ğı­na görə onun şeirləri yalnız mövcud şəraitin inikası ilə məh­dud­laşmırdı. Şairin poetik düşüncəsi dünyanı, bəşər həyatını təhlil etməkdə mahir idi. Cəmiyyətin özündəki və təfəkkü­rün­dəki ikiliyin – Xeyir və Şərin yanaşı yaşadığının dərki də buna sübutdur. O, «Təhəssür» şeirində azadlıqla əsarətin vuruşunu yüksək bədiiliklə əks etdirir. Buradakı köməyə çağırış nidası ilə istibdad havasının döyüşü romantik ədəbiyyatın sonrakı mərhələlərində daha da qüvvətlənir, «hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir» (M.Hadi) nəbzinin gərginliyi artır.

Səid Səlmasinin «Etmə israr» və «Xəyali-mənfur» şeirlə­rində sevgi motivləri də özünə müəyyən qədər yer tutur. Lakin bir cəhət var ki, ictimai-sosial yük, məna onların məzmununda daha qüvvətli görünür.

«Etmə israr» şeirinin birinci bəndində lirik qəhrəman açıqca deyir:


Xatirati-şəbabi söyləyəməm!

Dilşikəstə bahar ömrümü sən

Görmə!.. Zira o ömri-möhnətdən

Tökülər qəlbinə səmumi-ələm!..

İstərəm bən açılmasın, qalsın

O siyah pərdə taəbəd məstur.
Şair, həmçinin qəhrəman gənclik xatirələrini söyləmək istəmir. Çünki onun qəlbi sınmış, ömrü möhnətlə keçmiş, tale­yi­ni ən ağır kədər bürümüşdür. Qasırğa onun hələ açılmamış güllü, çiçəkli həyatını məhv eləmiş, minlərlə sədəmə və sitəm ömrünü xaraba qoymuşdur. Şeirdə gözələ müraciətlə bildirilir ki, qoy o qara pərdə heç vaxt açılmasın, o məlum səhnə - keç­miş örtülü, məchul qalsın.

Şeirin ilk iki bəndindən belə anlaşıla bilər ki, indi xoş günlər, şən çağlar başlamışdır və «mələksima»nın qanını qa­ralt­maq üçün kədər və ələmlə dolu keçmişi unutmaq lazımdır. Əsl həqiqətdə isə romantik şair demək istəyir ki, keçmişlə bu günün elə bir fərqi yoxdur: yas və kədər, qəhr edən nalələr, davalar və hiylələr yenə hökm sürməkdədir.

Azərbaycan ədəbiyyatında sonet janrının ilk nümunələ­rindən olan «Xəyali-mənfur» şeirində də romantik pafosun müşayiəti ilə yenə keçmiş və indi qarşılaşır. S.Səlmasinin bu soneti romantizm üçün səciyyəvi olan xəyala müraciət şəklində qələmə alınmışdır. Təbii ki, bu xəyal qəhrəmanı məftun edən və eyni zamanda onu aldadan işvəkar bir gözəlin xəyalıdır. O gözəl vaxtilə öz hərəkətləri və nəzərləri ilə qəhrəmanın qəlbinə hakim kəsilmiş, bir axşam başını onun sinəsinə qoyub göyləri tamaşaya dalmış və Ay qüruba enərkən demişdir ki, sizdən ayrılmağa dözmək bəşər aləminin uğursuzluğudur. Lakin bu mələk sədaqət simvolu ola bilməmiş və öz yalanlarında cinayə­tə yuvarlanmışdır. İndi isə qəhrəman «Çəkil, çəkil! Məni aldat­ma!» nidaları ilə öz keçmişindəki aldanışlarına acıyır və bundan sonra həyatın özünə açıq gözlə baxmağı üstün tutur.

Romantik poeziya üçün səciyyəvi olan bu sayaq şeir nümunəsinin daha bir faktı H.Caviddə vardır. Burada «çəkil» qəzəbini «get» nidası əvəz edir:


Mana anlatma ki eşq, aləmi-sevda nə imiş?

Bilirəm mən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara bul!

Duydum artıq sənin eşqindəki məna nə imiş!..
S.Səlmasi yaradıcılığında küskünlüklə nikbinlik, sızıltı ilə fədakarlıq yanaşı yaşayır. Bəzən görürsən ki, lirik qəhrəman heç nədən təsəlli tapa bilmir və ağlamağı üstün tutur:
Dalğın xəyala döndü həqiqətlərim bütün,

Bir iğbirar qönçeyi-pəjmürdətək dəmin.

Bulmuşdular önümdə pərişan həzin-həzin,

Hər şəb bu qəmli lövhəyi seyr edər, ağlaram.
Şairin «ağlaram» rədifli «İğbirar» şeirindən fərqli olaraq, «Müstəbidlərə» şeirinə tamamilə başqa ruh hakimdir:
Öylə dildadədi hürriyyətə millət ki, bu gün

Dəstigir olsa da, cəlladi-qəzadan qorxmaz.
Səid Səlmasi yaradıcılığındakı bu iki, bir-birindən fərqlə­nən xətlər şairin ziddiyyətli dünyagörüşü barədə danışmağa heç bir əsas vermir. Əslinə qalsa, bu təzad ictimai həyatın özündən – İrandakı inqilabi hərəkatın qələbəsindən və məğlubiyyə­tin­dən, onları ayrı-ayrılıqda şeirin mövzusuna çevirmək niyyətin­dən irəli gəlirdi.

Səid Səlmasinin romantik lirikası vətənpərvərlik ruhu ilə daha güclü idi.

Romantik sənətkar insanın xoşbəxtliyini mənəvi azadlıq­la bərabər, həmçinin vətənin azadlığında görürdü. Azadlığı isə can fəda etməklə, qurbanlar verməklə əldə etmək olar:
Maqsudumuz xilasi-vətəndir, Vətən! Vətən!...

Uğrunda hazırıq ki, edək bəzmi-can, Vətən!
Yaxud, «Amali-vətən» şeirində də eyni fikir ifadə edilir: «Can qorxusu yoxdur dilimizdə, canımızda». Eyni zamanda, «Farsca bir sonet» şeirində də vətən sevgisi aparıcı mövzudur. Səid Səlmasinin «Liyaliye-iztirar» sonetinin də bu şeirlərlə yanaşı dayanması onların ideyaca yaxınlığı ilə bağlıdır. Təsa­düfi deyildir ki, onun ölümü münasibətilə «Tərəqqi» qəzetinə məqalə yazan Ə.Qəmküsar həmin sonetin axırıncı üç misrasını nümunə gətirir:
Fədayi-məsləkim olmuş həyati-istiqbal,

Nisari-can edən olmazsa, yetməz istikmal,

Fəzayi-ərşi ilahə üruc edən fəryad.
Sonra isə bu misraların həqiqətini nəzərə çarpdırmaq üçün şairi nəzərdə tutaraq yazır: «bu günlərdə axır əhdinə vəfa etdi».

Maraqlıdır ki, Səid Səlmasi də elə ən böyük arzusunu Ə.Qəm­küsara yazdığı məktubunda bildirmişdir: «Bəradər! Bəşəriyyətin istinadgahı sosializmdir... Bu fikir insanların əfka­ri-səmimanəsi, arzuyi-yeganəsi və rəhbəri-səadətidir». Başqa romantiklərdə olduğu kimi, bu, S.Səlmasidə də utopik sosia­lizm səviyyəsində idi.

S.Səlmasi arzularına çata bilmədi. O, 1909-cu il fevral ayının 24-də əksinqilabçılar tərəfindən 22 yaşında öldürüldü. Qəzetlər onu «azadlıq yolunun şəhidi» adlandırdılar, şairlər onun şərəfinə şeirlər qoşdular.

Cənubi Azərbaycanda da S.Səlmasinin xatirəsi hörmətlə yad edilir. Tehranda nəşr olunan «Varlıq» jurnalının 1986-cı il 3 və 5-ci nömrələrində dərc edilmiş Səməd Sərdariniyanın «Səid Səlmasi» adlı məqaləsində onun həyatı və inqilabi fəaliyyəti haqqında oxuculara ətraflı məlumat verilir.

Səid Səlmasinin ədəbi irsi XX əsr Azərbaycan romantiz­minin ayrılmaz tərkib hissələrindən biridir. Onun yüksək ideyalı, mübariz ruhlu əsərləri indi də öz əhəmiyyətini itirmə­miş, Cənubi Azərbaycan xalqını səadətə, azad, xoşbəxt həyata səsləyir.
1987

1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə