Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə13/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

ZİRVƏLƏRDƏN ZİRVƏLƏRƏ
Nəbi Xəzri poeziyası öz ünvanı olan poeziyadır. Bunun başlıca səbəbi şair istedadının gücündə və işığındadır. Çünki Nəbi Xəzri həyata, insanlara, dünyaya fərdi baxışı ilə seçilir, hətta şeirin, sənətin özünü də xüsusi mövqedən qiymətləndirir, mənalandırır:
Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, günəşləri var.

Şeir mənim üçün sirli həyatdır,

Onun öz sevinci, öz kədəri var.
Şeiri kainat kimi görmək, ona mavi ənginliklərdə parla­yan səyyarələr «bəxş» etmək poeziyanın intəhasızlığı, sərhəd­siz­liyi haqqında qənaətdir. Şeirə sirli həyat kimi baxmaq, ona sevinc, kədər duyğusu vermək sənəti insanın ürək həmdəmi, mübarizə yoldaşı səviyyəsində görmək deməkdir.

Nəbi Xəzri həyata, dünyaya möhkəm tellərlə bağlı sənət­kar­dır. Onun şeirləri günlərin və illərin faktları, hadisələri ilə qanad açıb, tanış, doğma insanlara məhəbbət duyğuları ilə pərvazlanıb, torpağa, el-obaya sevgi ilə bağlanıbdır.

Şairi ən çox hiddətləndirən saxta ömür, saxta həyatdır. Hətta uzaqdan görünən zərif bir çiçəyin saxta gül olması həqi­qəti də müəllifin qəzəbinə səbəb olur. Hər şeyi öz təbiiliyində görmək, insanların səmimi, saf duyğularını tərənnüm etmək onun poeziya və sənət məqsədidir.

Nəbi Xəzri poeziyasında müxtəlif kəndlər, şəhərlər, ölkə­lər, adamlar, bir-birinə bənzəməyən, bir-birini təkrarla­ma­yan hiss və emosiyalar olduğu kimi, müxtəlif ağaclar da var: çinar, ağcaqayın, söyüd, küknar, sərv, şam və başqaları. Şair hər ağacı təbiətin bir parçası kimi təqdim edir, hər ağacı bədii predmet kimi görür və göstərir. Hətta ağac ünvanlaşır, necə ki ağcaqayın obrazının arxasından S.Yesenin görünür. Lakin bu ağacların içərisində o, ən çox çinarı sevir. Hətta şair «Ümman­dan damlalar» kitabında özü ilə apardığı müsahibədə də yazır:

«- Hansı əsərlərinizi daha çox sevirsiniz?

- Kənd evimizin həyətində əkdiyim qoşa çinarı. Onlar mənim şah əsərimdir».

Çinar N.Xəzri poeziyasında hər hansı bir rəssamın çək­diyi tablo deyil. Şair rəssam kimi çinar ağacının köklərini, bu­daq­larını, yarpaqlarını, gövdəsini və kölgəsini oxucu qarşı­sın­da canlandırmaq, nümayiş etdirmək istəyindən çox uzaqdır. N.Xəz­ri şeirinə çinar öz simvolik örtüyü və məna çalarları ilə daxil olub. Çinar şairin poeziyasında ucalıq – zirvə idealıdır.

Nəbi Xəzri poeziyasında müxtəlif rənglər var: mavi, göy, ağ, qara, sarı və sair. Lakin onun ən çox sevdiyi mavi rəngdir. Çünki ayrı-ayrı rənglər bu poeziyada nəyinsə rəngidir, üzüdür, həyatı bütünlüklə öz qoynuna almaq isə yalnız mavinin payına düşmüşdür. «Mavidir» şeirində hər şey, hətta sevdiyi qız da oxucu üçün mavilik arxasından görünür; mavilik elə bil tüldür, gəlinlik donudur, hətta dünyanın biçilib-tikilməsi mümkün olmayan geyimidi, geyim paltarıdır.

Nəbi Xəzri poeziyası başladığı gündən birliyə çağıran poeziyadır. Əl-ələ, qol-qola verib yaşamaq, arzuların qovuşu­ğu­nu məqsədə çevirmək ən ülvi istək kimi şeirdən-şeirə böyü­dü və mətinləşdi. Bəlkə, bunun bir sirri də ilk qələm təcrübə­lərini müharibə illərində sınaqdan keçirən şair istedadının təbii nəticəsi idi.

N.Xəzri poeziyasında öz təkliyi ilə ağrını, əzabı ifadə edən «Əl ağacı» var, döyüş səngərlərinin acısını oxuyan «Tək qollu çalğıçı» var. Lakin bir də görürsən şair bu təkliyin xofun­dan «qorxub» o əzabları da qoşalığa – «Qoltuq ağacları»na yükləyir. Yaxud şair «Tənha bulud»dan yazanda da şeiri tezcə dörd misra ilə tamamlayır və ondan uzaqlaşır.

N.Xəzri qoşalığın şairidir. Onun qulaqlarına «Ürəkdən iki səs gəlir», o, qoşa qanadla nəfəs alır, «İkilikdə» nəğməsini oxuyur. Bir çox şairlər öz qəhrəmanlarını tək-tənha oturdub düşüncələrə dalmağa məcbur edəndə, poetik monoloqu üstün tutanda, N.Xəzri «Dialoq» şeirini yazır. Bunların hamısının vahid axarı var. Elə bir axar ki, «İki Xəzər» poeması ilə daha da böyüdü, Ümumittifaq Lenin komsomolu mükafatı ilə təsdiq­ləndi (1968).

Çoxları Nəbi Xəzrini dənizə daha çox bağlı sənətkar ad­lan­dırırlar. Doğrudan da, dəniz genişlik rəmzi kimi şairin poezi­yasında xüsusi şəkildə obrazlaşmışdır. Dəniz ağ ləpələri və dalğaları ilə, tufanı və sükutu ilə N.Xəzriyə həmişə doğma və əzizdir. Lakin başqa bir cəhət də var: şair dənizi sevdiyi qədər də onun sahillərinə bağlıdır.

Çünki o, ürəyini sevgilisinə dəniz sahilində açıb («Dəniz kənarında»), dənizi sevgilisinə hədiyyə verib ki, gəldiyi sahilə o, bir də gəlsin («Dəniz, göy, məhəbbət»). Başqa bir həqiqət də var:
Çəmən olsan əgər sən,

Sərin yağış

Çilərəm.

Əgər dənizə dönsən

Sahilə

Çevrilərəm.
Sevgilisi dənizə dönsə, dəniz yox, məhz sahil olmaq həqi­qəti şairin böyük estetik idealıdır. Bir də N.Xəzrinin 1973-cü ildə layiq görüldüyü SSRİ Dövlət mükafatı öz gücünü «Dəniz zirvədən başlanır» həqiqətindən almırmı?!

Dənizi sahillə birgə götürmək, onun başlanğıc nişanga­hı­nı zirvədə qoymaq! – Bu, N.Xəzri poeziyasında torpağa inad­kar bağlılığın təsdiqi deməkdir. Şairin əsərlərində torpaq, ucal­ma­ğın ilk təkan nöqtəsi kimi bədii-estetik həllini tapır. Onun poeziyasında hər gələn yeni il də ilk növbədə torpağın yeni ili­dir, hətta «Dağların özü də uca torpaqdır».

Torpaq ətri N.Xəzri poeziyasında «Günəşin bacısı» poe­ma­sı ilə daha böyük miqyası əhatə etdi. Poetik mənalandır­mada Günəş Sevilin yanına endiyi kimi, Sevil də işıq sürətinin imkanlarını ötüb Günəş səviyyəsinə qalxdı.

«İnam» poemasında isə «Sevilin bacısı» - Tərlan Musa­yeva göründü. Bütövlükdə torpaq və əmək, torpaq və şöhrət idealı parlayan ulduza çevrildi. «İnam» 1982-ci ildə Azərbay­can SSR Dövlət mükafatı ilə şairin həyata, insana inamının zirvəsini müəyyənləşdirdi.

Komsomol və Dövlət mükafatları laureatı adı ilə birgə əməkdar incəsənət xadimi, xalq şairi titullarını daşıyan N.Xəz­ri­nin aşağıdakı misralarında ifadə olunan arzu bu gün həqiqətə çevrilmişdir:
Qovuşub dağların küləklərinə

Qayadan hünərlə qalxmaq yaxşıdır.

Min dəfə zirvəyə baxmaq yerinə

Bircə yol zirvədən baxmaq yaxşıdır.
1983
ŞƏXSİYYƏT VƏ İDEAL VƏHDƏTİNİN

YENİ MAHİYYƏTİ
Bütün dövrlərdə olduğu kimi müasir mərhələdə də insan cəmiyyətin aparıcı qüvvəsidir. Cəmiyyətlər dəyişir, nəsillər bir-birinin ənənələrini yaşadır, hətta təbiət də öz simasına yeni-yeni əlavələr edir, lakin bütün bu münasibətlərin müqabilində insanın rolu və əhəmiyyəti heç vaxt azalmır.

Uzun müddət nihilist baxışda belə bir mövqe hökm sür­müşdür ki, elm və texnikanın sürətli inkişafı cəmiyyətdə insa­nın əhəmiyyətini azaldacaq və görünməmiş böhrana səbəb ola­caqdır. Bu ehtimalla son dərəcə qabaqcıl təfəkkür də tərəddüd­də qapıldı; insan İnsanın taleyindən qorxuya düşdü.

Əsl həqiqət isə belədir ki, elmi-texniki tərəqqi dövründə insan amili daha böyük məna kəsb edir. Bir halda ki, qabaqcıl texnika və texnalogiyanın yaradıcısı insandır, onda insanın tale­yinə skeptik münasibət nə dərəcədə özünü doğrulda bilər?

Elmi-texniki tərəqqi dövrünün ədəbiyyatı da insan prob­lemlərinin həllində quru-sxematik təsəvvürlərin əleyhinədir. Bu ədəbiyyat şəxsiyyətin mövqeyinə barmaqarası baxmır, şəxsiy­yətlə idealın vəhdətini inkişafın mühüm amili hesab edir.

Belə bir cəhət də mübahisə doğurmamalıdır ki, elmi-texniki tərəqqi dövrü XX əsrə xas olsa da, o, uzun əsrlərin bəh­rəsidir. Yəni burada elmə münasibətin mahiyyətindən çıxış et­mək lazımdır. Hər yeni kəşf təfəkkürdəki qalıqları silib atdığı kimi yeni psixoloji baza da yaradırdı. Bu yeni duyum və inam insanı irəliyə – daha ecazkar uğurlara doğru aparırdı. Bununla belə bir həqiqət təsdiq edilir ki, hər mərhələdə texniki platfor­manın öz siması var və təfəkkürlə, fantaziya ilə əsrləri qabaq­lamaq mümkün olduğu halda, texniki kəşflər yalnız həmin dövrə xasdır. Bəs bədii yaradıcılıq bunu nə şəkildə görür və göstərirdi? Bu prosesdə şəxsiyyət və idealın vəhdəti necə idi? Onların ahəngdarlıq və disharmoniyasındakı tənasübü necə başa düşməli?

Yazıçılar qələmə aldıqları hadisələrə aid dövrlərin texniki səciyyəsini dəqiq göstərməkdə çox həssasdırlar. Yəni qəhrə­man­lar öz tarixləri üçün səciyyəvi olan kəşflərlə təmasda olur­lar. Yaxud da belə əsərlərdə keçmişin və uzaq keçmişin texniki vasitələri canlandırılır. Məsələn, Fərman Kərimzadəyə görə, in­sanın irəliyə doğru hərəkətini təmin eləyən başlıca qüvvə atdır: «Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətir­dilər. Bu uzun boylu, nazik ayaqlı, sivri sağrılı türkmən atı idi.

Uzun Həsən yüyəni yalın üstündən keçirdi, ayağını üzən­giyə qoymamış tullanıb yəhərdə oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüşdü, dal ayaqları çökdü. O, tullanıb yə­hərdən yerə düşdü. Sara xatun da dayanıb oğlunun özünə at seç­məsinə baxırdı. Atın beli oğlunun ağırlığına tab gətirməyib az qala qırılmışdır. Uzun Həsən günahkar-günahkar anasına baxdı:

- Ana, məni tutsa bu bədbəxt atların ahı tutacaq…»1 Əla­və olaraq burada ərəb atı da, Qarabağ atı da sınaqdan keçirilir. Həmçinin maraqlıdır ki, Uzun Həsənin sınağına dözməyən at elə oradaca öldürülür.

Keçmişdə at hökmdarların, sərkərdələrin əsl gücü və qüvvəsi hesab olunurdu. Burada Koroğlunu da yada salmaq yerinə düşər. F.Kərimzadə isə yazır:

«Uzun Həsən əyanlarına, məiyyətinə özünün gücünü, ağır­lığını göstərmək istəmirdi. Onu hələ neçə-neçə döyüşlər gözləyirdi. Döyüşdəki, at, sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir eləyərlər. Əsir düşən hökmdarın səltənəti dağıl­masa da, ömürlük ləkəli olur. Bir hökmdar həyatı üçün yüzlərlə ilxı qurban verirdilər, heç onu müqayisəyə də gətirmək olmaz. Həm də igid döyüşçünün sərkərdənin altında adına layiq at olmalıdır».2

«Xudafərin körpüsü» romanında bu söhbətlər bir neçə dəfə davam etdirilir. Bəzi yerlərdə isə cıdırdan söhbət gedir. Xətaidən əvvəlki dövrü təsvir edən yazıçı göstərir ki, o vaxtlar cıdırdan yalnız qəhrəmanlığın nümayişi kimi istifadə etmir­di­lər. Cıdırın öldürmək üçün vasitə rolunu oynadığı məqamlar da olurdu:

«Cıdırı Səlcuqşahbəyim xatun öz istədiyi kimi təşkil elə­mişdi. Birinci də cıdıra Qarabağ gözəlinin tayfasındakı cavan­lar çıxmalı idi. Bu həm onlara hörmət əlaməti idi, həm də Səlcuqşahbəyim xatun adını eşitdiyi Comərdi görmək istəyirdi. Əgər Comərdlə qızın məhəbbətindən hamı xəbərdardırsa cıdır­da hamı onu irəli buraxacaqdı. Bu cıdırın qalibinə hökm­darın özü xələt verəcəkdi. Bundan əlavə də Səlcuqşahbəyim iki cam şərbət hazırlamışdı. Biri qızıl camda, biri də saxsı kasada. Saxsı kasadakı şərbəti Sultan Yaqub Comərdə verməli, özü qızıl kasada içməli idi. O, hər şeyi ölçüb biçmişdi».3

At Xətai dövrünün özünün də səciyyəvi faktı idi. Elçinin «Mahmud və Məryəm» romanı da bu həqiqəti konkret dövrə uyğun şəkildə əks etdirir:

«Bu o deyən söz idi ki, Qarabağ dağlarından qoparılıb gəti­rilmiş bu cavan oğlana yaxşı bir at verəcəkdilər, üç il bundan əvvəl Gəncədə kəsilmiş təngə ilə doldurulmuş bir kisə verəcəkdilər, anası üçün, bacısı üçün bir-iki top ipək, qumaş verəcəkdilər və həmin at gecə-gündüz çapıb, Bərdədən keçib, belində yox, göyün yeddinci qatında uçan yeni sahibini Qara­bağ dağlarına çatdıracaqdı».4

Yaxud romandakı başqa bir məqama diqqət edək:

«Bu dəm Gəncənin o xanəndə qızları ilə Ceyranın arxa­sında elə bir məsafə var idi ki, bu məsafəni dünyanın heç bir atı, heç bir dəvə karvanı başa vura bilməzdi, bu səs çatmaz, ünyet­məz bir məsafə uzaqlığı idi: Ceyran Gülguna minib illərlə çapsaydı da daha bu məsafədən canını qurtara bilməzdi, Arəş yüz dəfə ox atsaydı da bu məsafənin axırına çata bilməzdi, çün­ki bu məsafənin sonu yox idi. Hər halda Ceyrana belə gəlirdi».5

Göründüyü kimi, Elçin dövrün öz xarakterindən çıxış edərək, nəinki atın rolundan danışır, eyni zamanda, məsafəni bildirmək üçün atı sürət vahidinə çevirir.

Xüsusilə qeyd etmək lazımdır ki, romanında müasir dövr­lə də bağlı olan yazıçı təxəyyülü özünü göstərir. Yuxarıda gös­tərdik ki, yazıçılar qələmə aldıqları hadisələri dövrün öz səciy­yəvi əlamətləri ilə əks etdirirlər və daha çox çalışırlar ki, bunlar müasir dastanlarla üzvi şəkildə əlaqələndirilsin. Və belə olduqda tənqid sənətkara çox vaxt qüsur tutur ki, o, tarixi təhrif edir. Amma burada başqa bir mühüm cəhəti də nəzərdən qaçır­maq olmaz. Belə ki, əsəri qələmə alan yazıçı bugünkü elmi-texniki tərəqqi dövrünün sənətkarıdır. Buna görə də ola bilməz ki, müasir təfəkkür ən qədim tarixlərdən yazılan əsərlərdə belə öz izini saxlamamış olsun. Əlbəttə, biz burada hər hansı əsərin müasirliyindən danışmaq fikrində deyilik. Şübhəsiz, bədii əsər mövzusundan asılı olmayaraq aktual məzmuna malik olmalı və öz təlqin əhəmiyyətinə görə bugünkü oxucunu cəlb etməlidir. Söhbət ondan gedir ki, poetik strukturda yazıçının yaradıcılıq təxəyyülü qələmə aldığı dövrün əhvalatları ilə necə qaynayıb-qarışmışdır. Elçinin yenə də həmin əsərindən bir məqamı xatırlayaq:

«Mahmud bu iki nəfərə bu gün sübh tezdən rast gəldi, daha doğrusu, onlar Mahmuda rast gəldi. Mahmud neçə gün idi ki, çöllü-biyabanda azmışdı, hara getdiyini bilmirdi, heç kimə də rast gəlmirdi, cibində iki qızıl sikkə ola-ola neçə gün idi ki, dilinə heç nə dəymirdi. Ta srağagün axşam Ərzurum dağlarına qalxan araba yolu ilə (kursiv bizimdir – K.Ə.) gedə-gedə özü də bilməmişdi, yoldan çıxmışdı, azmışdı».6

Diqqəti «araba yolu»na cəlb etmək istəyirdik. Mətndən aydın olur ki, «araba yolu» əvəzinə cığır işlədilsə idi daha də­qiq olardı. Çünki neçə gün idi ki, heç kəsə rast gəlməyən, çöl­lü-biyabanda azan, hara getdiyini bilməyən Mahmudun düşdü­yü vəziyyət üçün «cığır» daha münasibdir. Eyni zamanda, «dağlara qalxan araba yolu ilə gedə-gedə özü də bilməmişdi, yoldan çıxmışdı, azmışdı» yazılsa idi, daha dəqiq çıxardı. Bü­tün bunlar yazıçının əsərində tənqidi məqam tapmaq üçün «ədə­biyyatşünas vasvasılığı» deyil. Biz konkret şəkildə izah etmək istəyirdik ki, «araba yolu» ifadəsinin işlənməsi Xətai döv­rünə «düşən» yazıçının XX əsr təfəkkürü ilə bağlıdır. Çox ehtimal ki, Elçin həmin sözləri yazanda onun təxəyyülündə istər-istəməz «maşın yolu», «qatar yolu» və sair vahidlər müqayisə olunmuş və təbii ki, araba yolu meydana çıxmışdır – o dövr üçün xas olan bir yol.

Yenə də o məsələyə qayıdaq ki, at inkişafın müəyyən göstəricisi kimi, son dövrlərə qədər gəlib çıxmışdır. Təbii ki, Cahandar ağa da («Dəli Kür») istəklisini atla qaçırdır. Amma Sultan Əmirlinin evləndiyi qadının taleyi başqa cürdür:

«Nə haray-həşir, ay bacı? Özün demirsənmi Xan nəçən­ni­yin qabağında əsir-yesirdi, Qudalıların dəyirmanına su tökür Göbələk! Qurğu qurulanda, Gülgəz maşına basılanda cınqırını da çıxartmayıb, Sultan əmini ayıq salmayıb! Gülgəz maşına minmirmiş, təkərin altına salmaq istəyirmiş özünü. Gülənov qol­larını burub, Göbələyin gözünün qabağındaca bir şüşə kon­yak töküb Gülgəzin boğazına, onda da cınqırını çıxartmayıb Göbələk!».7

Ədəbiyyatda qadının atla və yaxud maşınla aparılması iki müxtəlif dövrün, həm də əlavə etməliyik ki, iki müxtəlif xarak­terin xüsusiyyətidir. Bu fikrin təsdiqi üçün qeyd edək ki, bədii əsərlərdə müxtəlif dövrlərə aid elə faktlar var ki, onlar bu dövr­ləri bir-birindən fərqləndirmək üçün elə bir ciddi əhəmiy­yət kəsb edə bilmirlər. Yəni onlarda zamanın səciyyəvi xüsusiyyət­ləri ilə bütün tarixi proses cəmləşir.

«Mahmud və Məryəm» əsərində oxuyuruq:

«Məryəm soruşdu:

- Sən niyə evlənmədin, ata?»

Baba Keşiş qalın çatma qaşlarının altından zil qara və işıqlı gözləri ilə Məryəmə baxdı və heç nə demədi.

Bir müddət beləcə dayanıb bir-birinə baxdılar və gözləri ilə bir-birini başa düşdülər: Baba Keşiş başa düşdü ki, Məryəm nə üçün bu sualı verdi və Məryəm də başa düşdü ki, Baba Keşiş nə üçün susur.

Məryəm anadan olan günü anası vəfat etmişdi və həmin gündən etibarən də Baba Keşiş ilə Məryəm bir yerdə idi».8

Eynilə «İdeal» romanında da Səməd dünyaya gələndə anası – Mədəd Əmirlinin qadını ölür və hətta o, öləcəyini də bilirdi.

Hadisələrin vaxtına gəldikdə isə bunlardan birincisi XVI əsrdə, digəri isə XX əsr baş vermişdir.

Lakin atla və maşınla ölçülən dövrlər elə bu ölçülərinə görə də fərqlidirlər. Hətta təsadüf kimi qəbul etmədən qeyd etmək lazımdır ki, «Xudafərin körpüsü»ndə at və atlar nə qədər mühüm rol oynayırsa, Sabir Əhmədovun «Yamacda nişanə» povestində9 maşın bir o qədər xüsusi rol oynayır. Başqa sözlə, S.Əh­mədov povestdə süjet və konflikti də, qəhrəmanın təqdi­mini də elmi-texniki tərəqqinin yeni bir nailiyyət nümunəsi olan yanğınsöndürən maşın üzərində qurmuşdur.

Hərgah söhbət şəxsiyyət və idealdan gedirsə, burada şəx­siyyət anlayışını geniş başa düşmək lazımdır. Bu məfhum cəmiy­yətdəki aparıcı simaları deyil, eyni zamanda, mənəviy­yatca kamil, öz işi ilə cəmiyyətə xeyir verən şəxsiyyətli adam­ları da ifadə edir. Bu fikrin daha bariz nümunəsi İ.Hüseynovun «İdeal» romanında Səmədin Sultan Əmirliyə dediyi sözlərdə ay­dın­ca ifadə olunmuşdur: «Tək bir nəfər namuslu, qeyrətli kom­munistin prinsipial fəaliyyəti bütöv bir kollektivin fəaliy­yətinə bərabər ola bilər. Kim nə deyir desin, şəxsiyyət lazımdı bizə. Rəhbərlikdə də şəxsiyyət lazımdır, gündəlik işlərdə də. «Vintik» teoriyası ilə razı deyiləm. Bircə gündə, bircə gecədə bilirsən nə qədər şəxsiyyət gördüm kəndimizdə?! «Vintik» deyil­lər, şəxsiyyətdilər! Amma «vintik»dən də betər, dilsiz-ağız­sız, lal-kar bədbəxtlərə döndəriblər hamısını! Elə olmalıdı, əmi! Partiya təşkilatının başında uca, ideal şəxsiyyət dayan­malıdı, mənim kimi sıravi təlimatçıların hər biri də şəxsiyyət olmalıdı! Lapatka, kətmən tutanlar da! Maşın, traktor sürənlər də! İnsan sıxılmamalıdı! Büzüşməməlidi! Açılmalıdı, pardax­lanmalıdı! Başdan-ayağa şəxsiyyət cəmiyyəti olmalıdı bizim cəmiyyətimiz!».10

Müharibədən sonrakı illərin tələbi olsa da, bunlar bu gün elmi-texniki tərəqqinin sürətli inkişafı dövrünə də aiddir. Adam­lar öz şəxsiyyətləri və idealları ilə böyük ola bilərlər. Böyüklük vəzifə deyil. Belə olsa idi böyüklər, böyüklük saya-hesaba gəlməzdi.

Şəxsiyyətin böyüklüyü idealın böyüklüyü ilə təmin olu­nur. İsa Hüseynovun «İdeal» romanının mahiyyətində də belə bir müqəddəs həqiqət dayanır.

«İdeal» əsərinin konflikti bir-birinə zidd iki cəbhəni təmsil edir. Bu cəbhənin bir tərəfində Mədəd, Sultan və Səməd Əmirlilər, Qılınc Qurban, Təftiş Abbas…, digər qütbündə isə milis rəisi Gülənov və onun vəzifəli dostları Xudiyev, Sayılov, RİK Ağamalı və onların əlaltıları Çax-çux Xalıq, Əlləzoğlu və bunların hamısının müdafiəçiləri – Mirqəzzab, Pers.

Əmirlilər üçün ən böyük ideal – Xalq, Vətən idealı idi. Onun uğrunda mübarizələrə qoşulmaq, hətta ölmək belə onlar üçün ən ali həyat həqiqəti idi.

Sultan və Mədəd Əmirlilər, Qılınc Qurban bütün çətin­lik­lərə dözməyə məcburdurlar. Onları hər gün təqib edir­lər. Lakin bu sağlam qüvvələr təqiblərə dözərək öz ideallarının həyata keçməsini gözləyirlər və buna inanırlar. Onlar əmindirlər ki, bu cür haqsızlıqlar çox davam edə bilməz. Necə ola bilər ki, siyahı tutulub adam qırırlar, amma hamı dözür? Çünki dözməyə məcburdurlar. Əks təqdirdə onlar da məhv olacaqlar.

Əmirlilər Azərbaycanın tarixi keçmişi ilə bağlı kitabları qoruyub saxlayır və onu gələcək nəsillərə çatdırmaq istəyirlər. Bizə belə gəlir ki, həmin kitab simvolik səciyyə malik olsa idi, daha həyati görünərdi və əsərin qiyməti, tərbiyəvi əhəmiyyəti də qat-qat artıq olardı. Lakin məqsəddən yayınmadan demə­li­yik ki, ideal kimi seçilən həmin müqəddəs amal özlüyündə çox dəyərlidir. Bu və üstəgəl Sultan Əmirlinin həyat uğrunda mü­ba­ri­zələri təbii şəkildə onu gənc Səməd üçün ideala çevirmişdir.

Səmədin tərcümeyi-halı iki mərhələyə ayrılır. Atası Mə­dəd Əmirlinin ölümünə qədər və ölümündən sonrakı mərhələ. Bu ikinci mərhələ dərketmə və mübarizə mərhələsidir. Əsərdə bu mərhələlərin ayrıldığı məqamda işarələr çoxdur. Lakin bu işarə xüsusi formada təqdim olunur: QƏZADAN SONRA. Bu nə deməkdir?

«İyirmi ikinci ildə İranın siyasi polisi kommunistləri hər yerdə həbsə alıb Qəsri-Qacara göndərəndə, Pişəvərinin təklifi ilə partiyanın arxivindəki əsas sənədlərə, o cümlədən Ənzəlidə, Ərdəbildə, Xorasanda, Rəştdə, Mazandaranda, Təbrizdə, Gilan­da və Tehranda «podpolya»ların sənədlərini də Ağ Əmirlə Boz Əmirə etibar eləyibmişlər. Ağ Əmirlə Boz Əmir də kağızları vaxtilə özlərinin mənsub olduqları «İttihadi-İslam» firqəsinin kağızlarına qatışdırıb, sandıqlara doldurub, «şəxsi arxiv» adı ilə bu taya göndəribmişlər. Otuzuncu ildə siyasi polis ikinci dəfə kütləvi həbslərə başlayanda isə yenə də Pişəvərinin təklifi ilə partiyanın Təbrizdəki gizli kitabxanasından ən vacib kitabları seçib, «İttihadi-İslam»ın kitablarına qatışdırıb, mərhum şeyxlə­rin «vərəsəlik şəhadətnaməsi» ilə birlikdə «Vərəsə kitabxana» adı ilə bu taya göndəriblərmiş».11

Məsələ burasındadır ki, Ağ Əmirlə Boz Əmirin xidmət­lərinə baxmayaraq, indi burada onların qardaşları Mədəd və Sultan Əmirlilərin üzərinə iş qaldırmaq istəyirlər. Əsas bəhanə də budur ki, sizin qardaşlarınız «İttihadi-İslam» firqəsinin üzvü olmuşlar və siz həqiqi partiya işçisi ola bilməzsiniz. Hətta Ağ Əmirlə Boz Əmirin qəbirlərinin şəkillərini də çəkib gətirt­di­riblər. Bu şəkilləri görən Mədəd əsəbiləşir və Çax-çux Xalıqın bu çirkin əməllərinə son qoymaq üçün otağından çıxır. Kabi­netdə isə ELM və EŞQİ vəsiyyət etdiyi oğlu Səməd qalır.

Mədəd Əmirli Çax-çux Xalıqın həyətinə gəlir və orada açılmış «bazarı» dağıdır. Maşını sürətlə sürüb kənddən çıxır və bir azdan xəbər yayılır ki, qəza baş vermiş, sədr ölmüşdür. Söh­bət məhz bu «avariya»dan gedir. Müasir texnika ilə bağlı fəlakət mənəvi-psixoloji mərhələlərin də ayrılma nöqtəsi olur. «Avariya» Səməd Əmirlinin həyatı dərk təkanına, atasının elm və eşq barədəki vəsiyyətini daha dərindən anlamağın əsasına çevrilir.

Səməd Əmirli üçün ətrafında baş verən hadisələrin dərki o qədər də asan olmur. Gənc kommunist müzürr qüvvələri sus­dur­maq istəyərkən təcrübəsizlik edir. Onlarla bütün kənd camaatının qarşısında haqq-hesab çəkir: bankdan götürülmüş pulu saydırtdırır, sədrin möhürünü aldırır, Gülənovu döyür və s. Bütün bu prosesdə camaat Səməd Əmirlini özlərinə sədr seçirlər. Lakin yenicə partiya məktəbi qurtarıb rayona işə gələn gənc kommunist bütün bunların onun üçün tələ olduğunu heç ağlına da gətirmir. O, bütün bunları şofer Müslümün izahatla­rından sonra başa düşür. Bir də başa düşür ki, onun sevgilisinin Sultan Əmirli üçün arvad olmasının özü də tamamilə qura­ma­dır və bu əhvalatdan qardaşoğlunu əmiyə qarşı qoymaq üçün istifadə edirlər. Lakin Səməd Əmirli tamamilə güzəştə gedir, irticanın bu pis niyyətini pozur. Yazıçı ideal naminə yeni kon­sepsiya irəli sürür: «Gülgəzin bircə xoş baxış, bircə xoş kəlmə həsrətinin arxasında başqa həsrət – yanğı vardı. Necə olur-olsun, nəyin bahasına olur-olsun qovuşmaq yanğısı. Gülbənizin dilindən düşməyən bu «qovuşmaq» kəlməsi, əlbəttə, Gülgəzin gəlməsi idi. O cırılan məktub da yəqin ki, ancaq bu fikirlə, an­caq bu məqsədlə yazılmışdır. Səməd sözünü, bəlkə də, elə bu məktubdan başlayıb, «Gülgəz mənim əmimin arvadıdır. Əmi­min namusu mənim namusumdur» sözlərindəki hisslərini, dü­şün­cələrini, arzularını anlatmalı idi. Xoşbəxtlik məgər ondadır ki, necə olur-olsun, nəyin bahasına olur-olsun qovuşasan?! İki istəklinin qovuşmağı Sultan Əmirli adında idealı öldürürsə, ömrü boyu hər cür məhrumiyyətə sinə gərə-gərə şəxsi istək və arzularının hamısı, o cümlədən ailə səadətini də o tay-bu taylı vətəninə qurban verən idealın ölümü ilə birlikdə Səməd də ölürsə, Səmədlə birlikdə Gülgəz özü də, bir çox başqaları da ölürsə, «qovuşmaq» xoşbəxtlikdirmi!? Əsl xoşbəxtlik onda deyilmi ki, bütün əzabkeşlərin dərdini yüngülləşdirə-yüngülləş­dirə özün də yüngülləşəsən, sarsıntıları, üzüntüləri dağıldıqca özün də sarsıntılardan, üzüntülərdən qurtarıb, məhz əzabkeşlə­rin xoşbəxtliyi ilə xoşbəxt olasan?!»12

Göründüyü kimi, müəllif görə, şəxsiyyət öz idealı naminə lazım gələrsə hər şeyi qurban verməyi bacarmalıdır. İdeal mü­qəd­dəsliyi xoşbəxtliyin də əsasıdır və yalnız bu müqəddəslikdə həqiqi həyata qovuşmaq mümkündür. Təsadüfi deyil ki, belə bir cəhət Elçinin «Mahmud və Məryəm» romanında da açıq şəkildə özünü göstərir.

Mahmud kimdir? O, Ziyad xanla Qəmərbanunun izdiva­cından doqquz il sonra dünyaya gəlmişdir. Mahmud sarayda xüsusi qayğı ilə əhatə olunmuşdur. Sarayda onun tərbiyəsi ilə ciddi məşğul olurlar. O, təhsilini də artırır: «Mahmud Əflatu­nun kitablarından tutmuş İbn-Sinanın əsərlərinəcən», «Kəlilə və Dimnə»dən, «Kabusnamə»dən tutmuş Sədinin «Gülüs­tan»ına­can, Nəvainin «Xəmsə»sinəcən çox kitab oxumuşdu».13

Ancaq təbii ki, bütün bunlar yarımçıq qalır. Mahmud təsadüfən gördüyü Baba Keşişin qızı Məryəmə vurulur və ona çatmaq üçün bütün həyatını sərf etməyi qərara alır. Ziyad xan və Qəmərbanu Sofini də ona qoşur və əlavə olaraq onlara ərzaq çatdırmaq üçün gizli dəstə də göndərir.

Yazıçı Mahmudun öz idealından dönməycəyini – Mər­yəmə qovuşmaq üçün bir an belə geri çəkilməyəcəyini xüsusilə nəzərə çarpdırmağa çalışır. Hətta onu yoldan qaytarmaq üçün Qəmərbanunun qurduğu kələk də baş tutmur. Nəhayət, iş o yerə gəlib çatır ki, Mahmud yeməyə çörək tapmadığı anda belə yenə Məryəmin eşqi ilə yaşayır.

Bütün bunların müqabilində sanki xoşbəxtlik baş verir. Ərzurum hökmdarı Süleyman paşa Mahmudu və Məryəmi sara­ya gətirir və onların toyunu eləməyi qərarlaşdırır: «Mər­yəm Mahmudla üzbəüz tül pərdənin arxasında oturmuşdu və bu məclis sona yetəndən sonra, Məryəm Mahmudun olacaqdı, heç kimdən hürkməyib, heç kimdən qaçmayacaqdılar, gecə-gündüz bir yerdə olacaqdılar, uşaqları olacaqdı və bu uşaqlara Məryəm döşlərindən ağappaq süd verəcəkdi və bütün bunlar dünyanın ən böyük xoşbəxtliyi deyildimi?»14

Bu hisslər təmiz və pak hisslər idi. Ağrılı-acılı həsrətin vüsal nəğməsini xatırladırdı. Lakin sonrakı hadisələr tamamilə başqa cür cərəyan edir:

«Mahmud təzədən Məryəmin donunun yaxasındakı düy­mələri buz soyuğundan donan barmaqları ilə bir-bir açdı və axırıncı düymə açılan kimi, yenə düymələr öz-özünə bir-bir bağlandı.

Məryəm:


- Cır! Cır! Cır bu paltarı! – qışqırdı və Mahmud Mər­yəmin əynindəki donun yaxasını cırmaq istədi, amma bayaqdan bəri parıltısını, bəzək-düzəyini itirmiş bu don cırılmadı, Mah­mud nə qədər güc edirdisə, Məryəm nə qədər dartınırdısa bu don cırılmırdı və Məryəmə elə gəlirdi ki, bu gecə qaran­lığında kimsə onun ağzını qapayırdı, qışqırmağa qoymurdu, amma Məryəm güclə, bütün varlığının istəyi ilə qurtulub qışqırırdı: - Qurtar məni! Qurtar məni! Qurtar məni! – və Mahmud qolla­rı­nın arasında quruya düşmüş soyuq balıq kimi çapalayan Mər­yə­mi qurtara bilmirdi; Mahmud da qışqırmaq istədi, amma bacar­madı, Məryəmi sinəsinə sıxıb qızdırmaq istədi, amma Mər­yəm qızınmadı və bu vaxt Mahmud bircə anın içində ay­dınlıq əvəzinə otağa dolmuş Camaat gülüşünü gördü, hər tərəf­də bir Camaat təbəssümü gördü, həmin gülüşdə, təbəssümdə bu dəli dünyanın əlacsızlığını gördü və Mahmudun sinəsindən bir ah qopdu, bu ah bir koma od oldu və Mahmud başa düşdü ki, yanır.

Alov Mahmudun paltarını, saçlarını bürüdü».15

İnsanın ölümlə nəticələnsə belə öz idealına çatmaq istəyini təsdiq edən yazıçı üçün məhdud mərhələ yoxdur. Yəni belə bir tələb və məqsəd bütün dövrlər üçün səciyyəvidir.

Şəxsiyyətlə ideal arasındakı vəhdətin belə bir mahiyyəti Sabir Əhmədovun «Yamacda nişanə» povestində daha bariz şəkildə meydana çıxır. Elm və texnikanın yeni nailiyyəti ilə üz-üzə dayanan Laçın kimdir? Yazıçı elə povestin ilk səhifələrində Laçın haqqında belə bir xasiyyətnamə verir:

«Qorxsalar da, qorxmasalar da, sevsələr də, sevməsələr də, Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi. Ərsəyə yetib, qənşərə çıxdığı gündən adamların üzü-gözü ona elə öy­rəş­mişdi ki, buranı Laçınsız ağıllarına gətirə bilməzdilər. Kü­çədə, dükanlarda, bazarda Laçın görünməsə nə dükan dükandı, nə bazar bazar. Əlləri gah dalında, gah əsgərsayağı yanlarında yellənə-yellənə girirdi bazara. Adamlar xəm-xırda tamaşa elə­yir, baxır, yoxlayır, qiymət soruşur və birdən nərə çəkirdi:

- Spekulyant köpəyoğlu! Niyə kasıb-kusubu soyursan? – təpiklə vurub birinin kisəsini dağıdırdı.

- Kafir qızı kafir! Bəsdir zəhirmarınızı gətirib camaatı dəli elədiniz!»16

Bu keyfiyyətlər Laçının əsgərlikdən əvvəlki xüsusiy­yət­ləri idi. İndi Laçın iki il əsgərlikdə olandan sonra yenə öz sevim­li kiçik şəhərinə dönmüş və necə yaşayacağı barədə düşü­nür. İşləmək, ev tikmək və evlənmək onun ümdə arzuların­dan­dır. Bu arzuları həyata keçirmək üçün isə ona şərait lazımdır. Lakin gənc oğlan ilk gündən kəskin müqavimətlə qarşılaşır: «Əgər elə o vaxt adamların nə danışdığını, küçədə, evlərdə gedən söhbətlərin ona aid olanını eşitsə idi, Laçın bunları bilərdi:

- Laçını şofer qoyurlar, əsgərlikdə qurtarıb.

- Bahooo-o-o-veh! Laçına maşın vermək olar, ay evi tikilmişlər?!

- Voyenniləri də ki, bilirsiniz. Onlar maşını sürmürlər, uçurdurlar!

- Uşağın-böyüyün zəhrini yaracaq!»17

Hətta Laçının rayonda yüksək vəzifədə işləyən qardaşı da raykom katibindən xahiş edir ki, ona maşın verməsin. Çünki başları çox bəlalar çəkə bilər.

Digər tərəfdən isə Laçın hərbi xidmətdə olarkən aldığı sürücülük vəsiqəsinin doğruluğunu, özünün xeyli dəyişildiyini sübut etmək istəyir. Ona görə də onun hörmət bəslədiyi qardaşı ilə üz-üzə gəlməsi tamamilə əsaslandırılmışdır. Bu, povestin realizminin gücünü daha aydın şəkildə açıb göstərir:

«Böyük qardaşının səsi otağı bürüyürdü. Laçının halına az təvafüt eləsə də, anasının əsəblərini oynadırdı.

- Mən işləmək istəyirəm. Əlimdə vəsiqəm var. Bu vəsi­qə­ni fırıldaqla almamışam.

- Maşın yoxdur.

- Maşın var. – Laçın şişib qızarmış bulanıq gözlərini ağır-ağır dolandırdı. – Amma onu Laçına vermək olmaz. Ümumiy­yətlə, Laçına etibar etmək olmaz. Hətta bunu Laçının doğma adam­ları, böyüyü-qardaşı da bilir. Nəinki bilir, o, özü raykom­dan, rayonun böyüyündən xahiş etmişdir. Demişdir ki, ona maşın verilməsin».18

Çoxşaxəli konfliktin mərkəzində də məhz bu fikir dayan­mışdır: Laçına SÜKANI etibar etmək olarmı?

Bu sual birinci növbədə insanla TEXNİKA arasındakı münasibətin ifadəsidir. Həmin münasibətin məğzində də yeni-yeni suallar durur: Laçının texnikadan başı çıxırmı? O, səriştəli sürücüdürmü? Rayonda ona maşın versələr qəza törətməzmi? Bunlar yazıçı və oxucu qarşısında dayanan müstəqil suallardır. Amma povestdə söhbət məsələnin təkcə «texniki» tərəfi ilə bağlı deyil. Elə Laçını da narahat eyləyən ikinci əsas cəhətdir: sükanın etibar olunmaması onun həyatı başa düşməməsi haq­qın­da nəticədir. Beləliklə, «Yamacda nişanə» əsərində MAŞIN – TEXNİKA texniki vasitəliliyindən çıxaraq psixoloji vəziy­yə­tin, mənəvi-əxlaqi prosesin məzmununa çevrilir. Bundan son­ra əsərdə Laçının daxili alimi açılmağa başlayır.

Uzun müddət fikirləşdikdən sonra Laçına Yanğınsön­dü­rən maşının verilməsi qənaətinə gəlirlər. Niyə məhz bu maşını?

«Laçının qardaşının dostu olan və onunla iş yoldaşı sayılan rəis Barxudarov əvvəlcə xeyli öyüd-nəsihət elədi, sonra bildirdi: - maşın almışıq. Gedirsən Həsənxanın yanına. İdarəni tanıyırsan… təhvil götürürsən. Vəsiqənə, sənədlərinə baxmağa ehtiyac yoxdur – şirin-şirin güldü. – Katibə göstərmisən vəsi­qə­ni. – Ona sataşdı. – Ağıllı-kamallı işlə. Maaşı bilirsən, o biri şofer­lərin­kindən artıqdı. İş də ki, YANĞINIMIZ YOX, ODDAĞIMIZ YOX, şükür Allaha. Qalan məsələləri, qorxma, yoluna qoyacağıq, - deyib ərklə gülümsədi: yəqin evlənmək, ailə qurmaq işini nəzərdə tuturdu».19

Hər şey çox dəqiq ölçülüb-biçilmişdir. Onsuz da rayonda yanğın olmur və deməli, Laçın da maşını ildə bir dəfə yerində tərpədər, ya tərpədməz.

Laçının maşına münasibətini S.Əhmədov son dərəcə həssaslıqla təsvir etmişdir:

«İki divar arasında dayanan maşın alovdu. Hətta bir baxış­da, qara təkərlər çatılmış kəsov-odun parçası, maşının göv­dəsi isə yanıb lalıxlamış köz yığını, bəlkə də, polad əridən atəş­li soba timsalında görünürdü. Bu alov on metrdən adamın üzünü, əllərini qarsımalı ikən iki addımda dayanan oğlanı aza­cıq, bir küləşin, bir kağız qırığının istisincə qızdırmadı. Laçın əlini maşının qanadına qoydu. Əyilib faralara baxdı. Onlar da qarası itmiş bir cüt göz tək bomboş ağarırdı.

- Yaxşısan, qardaş? - dedi».20

Laçının bu mənasibəti nə qədər təbii və səmimidir. «Yax­şı­san, qardaş? sualı, geniş mənada onu ifadə edir ki, yanğın­sön­dürən maşınla Laçının arasında nə isə müəyyən yaxınlıq var.

Laçın Həsənxanın yanında işə başladıqdan sonra dəyişil­məyə başlayır. Həmçinin çoxlarının güman etdikləri kimi maşın yerində donub qalmadı. Laçın onu hərəkətə gətirdi. O, maşını bəzən yumaq, təmizləmək, bəzən çörək gətirmək üçün sürürdü. Bu reydlərin özü də narahatçılıq yaratmağa baş­layırdı. Kiçik şəhərdə qorxu gəzirdi: Laçın təhlükə törədəcək.

Laçının əhvali-ruhiyyəsi maşını sürüb-sürməməsindən çox asılı idi. Maşını hərəkət elətdirdiyi vaxtlarda Laçının cəsa­rəti də artır, səmimiliyi də yüksəlirdi. Bir dəfə maşını yumağa aparanda Laçın çayın kənarında istidə uzanan kişini görür və aralarında belə bir dialoq və əhvalat baş verir:

«- Ay zalım oğlu, bişmirsən?

Kişi umacaqlı-umacaqlı susdu.

- Dur bura gəl! Cəld ol!

- Yox, qağa, bacarmaram.

Bura gəl, dedim. – Laçın onu qorxutmaq üçün səsinə boy verdi. – Sən öləsən gəlməsən, səni pallı-paltarlı basacağam lap gözə. Zalım oğlu zalım. Yezidin qarğışına gəlməmisən ki, buz kimi nemətin böyründəcə özünü şəhid eləyirsən! Torpaqda eşələ­nirsən. Di dur dedim.

Laçın kişinin üstünə yüyürdü. O qalxıb aralanmaq istədi, heç iki addım atmağa aman vermədi, çəkib sürüyüb arxın üs­tünə gətirdi.

- Soyun paltarını!

- Gələn olar.

- Olsun da. Şalvarını ki çıxarmırsan. Soyun!

Kişini soyundurdu, süysünündən basıb arxın üstə əydi:

- Ədə, əfəl oğlu əfəl, bir tərpən də!

Kişi suya girmişdi. Laçın da qarnı tutunca, əvvəlcə ovuc-ovuc, sonra da dodaqlarını arxın səthinə dirəyib o ki var içdi».21»

Bu, saxtakar bir adamın deyil, bütün varlığı və hərəkəti ilə təbii və səmimi olan insanın əhvali-ruhiyyəsidir.

S.Əhmədovun «Yamacda nişanə» povestində güclü və qüvvətli insanın buxovlanmasından, bir növ onun fəaliyyətsiz­ləş­dirilməsindən söhbət gedir. Təsəvvür etmək çətin deyildir ki, yenicə əsgərlikdən qayıdan, özünü kişi hesab edən, fiziki gücü ilə «dağı dağ üstə» qoymağı bacaran Laçın səhərdən axşamadək kiçik şəhərdən uzaq bir təpənin başında yerləşən yanğınsöndürən idarəsində yatmalı, ya da rəis Həsənxanla söhbət etməli idi. Bir növ Laçını bekarçılıq xəstəliyinə düçar etmək istəmişdilər. Laçın üçün isə bundan ağır təhqir və fəlakət ola bilməzdi.

Nəhayət, Laçın nicatını özünü maşınla birgə uçuruma aparmaqda görür. Belə bir sonluq Laçını bir şəxsiyyət kimi daha da gözlərimiz qarşısında ucaldır. O, öz idealına çata bil­mir, amma oxucu tam əmindir ki, Laçınnın idealı çox müqəd­dəs bir ideal idi.

Şəxsiyyətin öz idealı uğrunda mübarizəsi, öz idealına çat­maq arzusu kəskin maneələrdən keçir. Mənfi qüvvələr onun mü­qavimətini qırmaq və məhv etmək qəsdlərində möhkəmlə­nirlər.

Elçinin «Mahmud və Məryəm» romanında da Mahmud və Məryəmin bir-biri ilə qovuşmasına mane olan qüvvələr çox­dur. Onlardan ən birincisi Mahmudun anası Qəmərbanudur. O, qətiyyən qəbul edə bilmir ki, Ziyad xan keşişlə qohum olsun.

Bu vüsala mane olan ikinci böyük qüvvə elə Baba Keşi­şin özüdür. O, bu məsələyə dini nöqteyi-nəzərdən yanaşır. Onun öz məmləkətlərindən baş götürüb getməyi də bu sev­da­nın baş tutmamağı naminədir. Çünki qorxur ki, Ziyad xan zorla da olsa, Məryəmi Mahmuda ala bilər. Daha hansı hiss idi Baba Keşişi buna məcbur edən? Əsərin bir yerində yazıçı yazır:

«Bu dəfə Baba Keşiş Məryəmi hər bir hücrəsindən nəfs qoxuyan, hər bir əşyasından iyrənclik yağan, zənginliyi ah-uflarla, göz yaşları ilə nəfəs alan, bakirəliyi əxlaqsız, məsumu ifritə etmiş saray içində gözlərinin qabağına gətirdi. Məryəmi müsəlman saray arvadlarının şəhvətdən xəbər verən paltarında gördü və bu görüm qırmızı qan görümündün daha dəhşətli və daha dözülməz idi. Yox, Məryəm belə bir dinsizlik və pozğun­luq içində ola bilməzdi».22

Baba Keşiş bu istəyini qoynunda saxladığı paltarla həyata keçirir. Qızı Məryəmə isə yalandan deyir ki, bəs bu paltar ananın yadigarıdır. Paltar hər iki sevgilini məhvə düçar edir.

İsa Hüseynovun «İdeal» əsərindəki ideala qarşı qüvvə­lə­rin sayı hesabı yoxdur. Bu qarşıduranlar Əmirlilərin bütün istək və arzularını məhv etməyə çalışırlar. Onları bir an belə gözdən qoymurlar. Aldıqları məlumatları dərhal yuxarılara çatdırırlar.

Təkcə Çax-çux Xalıqı xatırlamaq kifayətdir ki, əsərdəki mənfi qüvvələrin toplaşdığı cəbhənin simasını aydınca görə bilə­sən. Çax-çux Xalıq min cür sifətə girə bilir. Onun qatarda Səməd Əmirli ilə söhbəti əvvəldən hazırlanmış və səriştəli bir İblisin söhbətini xatırladır. Lakin burada ŞƏXSİYYƏT və İDEALINA qovuşa bilir.

«Yamacda nişanə» povestində isə Laçın mənfi qüvvə­lə­rin – NADANLARIN ucbatından idealı uğrunda qurban gedir.

Bir cəhəti də unutmaq olmaz ki, bəzən elmi-texniki tərəq­qinin nailiyyətləri yazıçı üçün bədii vasitə rolunu oynayır. «Yamacda nişanə» əsərindən:

«Sarıtelin atası kütlədən sovuşan dovşan kimi son mə­qam­da büdrədi, boynunun ardı lalə kimi qızardı və elə bil qanı tökülə-tökülə, özünü xəlvət qobuya salmaq üçün çırpındı».23

«Yuxarıda dağların arasında nə tank, nə təyyarə gurul­tu­suna oxşayan bir uğultu havalanırdı».24

«İdeal» romanından:

«İyirmi doqquz nəfərdən nəhayət, axırıncısı isə qeyri-adi iflasın səbəbkarının özü idi. Hələ qarışqa qarını qucağından düşürməmiş, birdən hiss etdi ki, beynində lap alçaqdan ucan təyyarə qıjıltısına bənzər ani qıjıltılar keçir…»25

Bütün bunlar onu göstərir ki, Elmi-texniki tərəqqi dövrü­nün ədəbiyyatı əvvəlki dövrlərin ədəbiyyatlarından xeyli dərə­cə­də fərqlənir. Başlıca qənaət isə ondan ibarətdir ki, texni­ka­nın çox sürətli inkişafına baxmayaraq, insana, onun roluna maraq azalmamış, əksinə yazıçılar bu mərhələdə şəxsiyyət və ideal arasındakı vəhdətin daha sıx tellərlə bağlı olduğunu sübut edirlər.


1990
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə