Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə12/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

R.RZANIN YARADICILIQ YOLU
Azərbaycan ədəbiyyatı tarixinin qədimliyi bu ədəbiyyatın ömrü və ömür salnaməsi ilə təsdiq edilir. Azərbaycan ədəbiy­yatı tarixinin zənginliyi bu ədəbiyyatın adlı və titullu zirvələ­rinin ayı və ucalığı ilə təyin olunur. Azərbaycan ədəbiyyatı tarixinin ən qabarıq illəri, bu ədəbiyyatın zənginlik nişanəsi olan zirvələrinin qovuşduğu məqamlar isə söz sənətimizin tale yaddaşı kimi görünür və tanınır.

Söz sənətimizin tale yaddaşını təmsil edən böyük sənət­kar­larımızdan biri də Rəsul Rzadır. Ədəbiyyatda Rəsul Rza zirvəsinin öz kökləri ilə torpağa necə bağlandığını, göylərə nə qədər yüksəldiyini, bu zirvənin ətəklərində kimlərin olduğunu və bu zirvənin özünün hansı zirvələrlə baxışdığını, görüşdü­yünü müəyyən etmək üçün onun poeziyasını ürəkdən sevmək və bu poeziyaya vurulmaq gərəkdir. Bəlkə də, hər hansı bir şairin və yaxud yazıçının yaradıcılığını, yaxud da istənilən bir ədəbiy­yatşünaslıq problemini tədqiq edərkən həmin yaradıcı­lığı və həmin problemi sevmədən araşdırmaq mümkün­süz­dür. Lakin R.Rza yaradıcılığı bu münasibəti qətiyyən sevmir və bu münasibətdə olanları heç yaxın da buraxmır. R.Rza irsini bədii fikir ardınca gedənlər, insanın bədii düşüncə və təfəkkür cizgi­lə­ri­ni öyrənməyə çalışanlar, sənətkar beyninin quruluşundan xəbərdar olmaq istəyənlər öyrənməli və tədqiq etməlidirlər. Çünki R.Rza poeziyası elə bir təfəkkür tərzinin əksi və inikası deməkdir ki, orada adiliklə qeyri-adilik, yaxınla uzaq, keçmişlə gələcək, həyatla ölüm qoşa yaşayır və qoşa böyüyür. Adları zir­vələr yaradan sənətkarlara söykənib bütün ədəbiyyata, ən aşağısı, onun təmsil etdiyi dövrə, zaman və əsrə qiymət vermək mümkündür. Bəlkə də, elə bir tarixi fürsətdir ki, R.Rzaya söy­kən­məklə XX əsr ədəbiyyatını yenidən dövrləşdirmək və mə­na­­landırmaq olar.

Yəqin, asanca təsəvvür edirsiniz ki, uzun illər böyük R.Rza­ya 20-ci illərin yetirməsi kimi yanaşılıb. Bu, ötən əsr ədə­biy­yatşünaslığımızın adi bir tendensiyası idi. Tənqid və ədəbiyyatşünaslıq R.Rza ilə yanaşı, S.Vurğuna da, M.Müşfiqə də, S.Rüstəmə də sovet gerçəkliyinin məhsulu kimi baxmaqdan həzz alırdı. S.Vurğunun «Zamanın bayraqdarı» və «Komsomol poeması» bir ləzzət idi. M.Müşfiqin «Azadlıq dastanı» da ləz­zət idi. S.Rüstəmin «Ələmdən nəşəyə» şeri və «partbiletin sol cibində-ürəyinin başında olması» başqa ləzzət idi. R.Rzanın «Bolşevik yazısı» şeri isə bambaşqa bir ləzzət idi.

Yaxud 50-ci illərdə R.Rza «Lenin» poemasını yazanda tənqid və ədəbiyyatşünaslıq dünyanın ən məşhur yazarlarının adını R.Rzanın adı ilə yanaşı çəkməyə başladılar. Qəribə olma­yanı bu idi ki, o məşhurlar da məhz Lenindən yazanlar idilər.

60-cı illərin əvvəllərində R.Rzanın «Rənglər» silsiləsi meydana çıxanda isə tənqid və ədəbiyyatşünaslıq tamam çaş-baş qaldı. Böyük bir hay-haray başlandı: Ay aman, R.Rza «Bolşevik yazı»dan və Lenindən uzaqlaşır!

Elə bilirəm, bütün bunlar XX əsr tənqidinin yanlışlıqları və qüsurları idi. R.Rzanın lap yanında olan ədəbi tənqidin R.Rza­nı yaxşı və hərtərəfli görməməsinin nişanələri və əlamət­ləri indi artıq tarixə qovuşub. Bu gün R.Rzaya ayrı-ayrı, kəsik-kəsik dövrlərin prizması ilə deyil, bütöv XX əsr ədəbiyyatının ölçüləri ilə yanaşmaq artıq bir həqiqətə çevrilməkdədir. Cəsa­rət­lə demək lazımdır ki, R.Rza 20-ci illərdə cücərən ilk sovet gerçəkliyinin, 30-50-ci illərdəki sosializmin tam və qəti qələ­bəsi dövrünün, 60-70-ci illərdə kommunizmə doğru yaxınlaş­dığı­mız «çiçəkli» beşilliklərin yaratdığı ədəbi sima və ədəbi şəxsiyyət deyildir. R.Rza əsrin əvvəllərində yaranan Demok­ratik Respublika ilə əsrin sonunda bərpa edilən Demokratik Respublika arasında yaşayıb-yaradan mütəfəkkir və filosof şairdir.

İndi belə bir sual doğur: «Bolşevik yazı» şeiri, görəsən, doğrudanmı bolşevizmin tərənnümü idi? Qətiyyən yox! R.Rza yaradıcılığının bütün inkişaf xətti göstərir ki, onun «Bolşevik yazı» şeirinin əsas və aparıcı obrazları Kür və Araz idi. Bu şeir Kürə və Araza deyilən, eyni zamanda Kürdən və Arazdan umulan arzu və istəklərin poetik ifadəsidir. İndi təsəvvür edin: bolşevizmdən xonça tutmaq hara, insanın qəlbinin dərinliklə­rində qoruduğu gizlinləri suya söyləmək hara?

Mən bu gün kökü ilə torpağa bağlı olan Çinarı R.Rza poeziyasının simvoluna çevrilənlərlə mübahisə etmək fikrində deyiləm. Ancaq bir həqiqəti tam aydınlığı ilə bilirəm ki, R.Rza poeziyasının ən gözəl emblemi və ən parlaq bayrağı – üzərində çayın və suyun əksi olan gümüş bir sikkə və yaxud atlaz bir parça ola bilər.

Əgər belə olmasaydı, R.Rza sonralar «Kür-Araz» şeirini yazıb böyük inamla söyləməzdi:
Burda qovuşur,

Doğma, qədim torpağın

ayrı düşmüş balaları.
Bəlkə də, sizə qəribə gələr ki, R.Rza poeziyasında xitab­lar son dərəcə xəsisliklə işlənib. Və mövcud xitabların əksəriy­yəti əzizləmə xarakteri daşıyır. Məsələn: «Kəhərim, kəhərim! İgid kəhərim!» Yaxud: «Göyər, çinarım, göyər! Boy at, çina­rım, boy at!» və sair. Bunlarla yanaşı, bütün R.Rza yaradıcılı­ğında yalnız bir monumental müraciət-xitab var. Bu müraciət-xitab şairin «Ümid» şerində Dəclə çayı barədə danışarkən söylədiyi «Qoca Dəclə!» xitabıdır:
Qoca Dəclə!

İstər sakit ax,

İstər dalğalan,

bu axşam gəlmədi,

bu gecə gəlməyəcək

balıq alan.

Qurtardı «Min bir gecə» hekayəti…
R.Rzanın daxili diqqəti Kür-Araz, Dəclə-Fərat aralıq zo­na­sına yönəlmişdir. Doğrudur, şair iki çayarası mədəniyyətə doğru açıq-saçıq getmir. Amma hər halda yaxın əsrlərin ədəbi irsindən uzaq düşmək də mümkün deyil. Çünki, şairin öz dili ilə desək, Dəclə və Fərat çayları arasından ucalan DƏDƏ FÜZULİ, BABA NƏSİMİ zirvələri çox zəngin və əzəmətlidir. Əslində, bu zirvələrə məhz R.Rza zirvəsindən baxılanda Füzuli və Nəsimi daha nəhəng, daha azman görünür.

R.Rza «Çaylar harda dincəlir, görəsən?» sualı ilə də nara­hatdır. Hətta bir falçı qadın haqqındakı şeirdə şair «Çaylara bən­zəyir ovcumun bükümləri» misrasını yazır. Bir başqa şeirdə isə çaylaq daşının ağrısını çəkir: «Nələr çəkdi çaylaq daşı, sel­dən soruş». Bunların hamısına təsadüf kimi baxmaq olardı, la­kin R.Rzanın «Unutmayın» şeirindəki bir vəsiyyəti olmasay­dı. Bu, elə bir vəsiyyətdir ki, dünyada, bəlkə, onun qədər ağır vəsiyyət yoxdur:


Aparın bir çayda basdırın məni.
R.Rza şerinin gücü də məhz bu gözlənilməyən və qəfil təzadlara bağlıdır. Lakin həmin təzadlara baxmayaraq, R.Rza həmişə dünya düzəninin, dünya nizamının, harmonik və ahəng­dar qavrayışın ardınca gedir.

R.Rza yaradıcılığında bu gün sabahdan ayrı deyil. Orada əkməkdən danışılarsa, becərmək istər-istəməz ona yaxınlaşır. Şair bağların sıralanıb düzəlməsini istəyir. Onun sevgidəki ən ülvi istəyi belədir:


Bənövşəni qatar-qatar

Yar, telinə düzüm barı.
R.Rzanın dünya düzəni, dünya ahəngi fəlsəfəsində Yer və Göy öz sistemində, öz hisslərinin ardıcıllığı ilə görünür. Şairə məxsus olan Yerdəki ünvanlar bunlardır: «Mənimdir bu dəniz, bu yer, bu dağlar». Şairin yoluna düşən, işıq isə göy­dədir: «Ay işıqlı, göy ulduzlu, yol aydın».

Hətta maraqlı və səciyyəvidir ki, xəstəlik reseptində də bir düzüm görünür:


Yan-yana düzülür

Neçə-neçə qəşəng latın sözü.
Şairin Ezopa marağı da doğruya, düzə maraqdır:
Düzü, düzünə deyə bilmədiyini

Çevirib eyhamlar dilinə.
Düzümün zərbə aldığı məqam isə şairin narahatlığıdır:
Siz, ey yeni şeirimin

dağınıq sətirləri!

İstəyən zaman sizi

Yazıram-pozuram mən.

Mənim arzum, diləyim,

iradəmlə

yaranıb çıxırsınız sinəmdən.
R.Rzanın dünyaya baxış fəlsəfəsində yanaşı dayanan ob­raz­ların adiliyi də, qeyri-adiliyi də, qəribəliyi də var. Amma şairin yaradıcılığının ilk mərhələlərində hər hansı bir şeirin obrazları mövzunun əhatə dairəsi qədərdir və bu əhatə dairə­sindən o qədər də kənara çıxmır. Nümunə üçün qeyd edək ki, 1941-ci ildə yazılmış «Bal arısı» şeiri Azərbaycandan bəhs edir və orada ancaq Azərbaycana məxsus obrazlar var: Quba, Göyçay, Xaçbulaq, Şahdağ!

1950-ci ildə yazılmış və Azərbaycandan bəhs edən «Bu günün həqiqəti» şeirində də eyni mənzərənin şahidiyik: Burada Mil, Muğan, Araz və «Adın qulağına dəyib, dəli Kür!» - deyə Kür xatırlanır.

Yaxud 1954-cü ildə yazılmış «Nizaminin heykəli qarşı­sın­da» şeirində ancaq Nizaminin obrazları var: Fərhad, Şirin, Leyli, Məcnun, İsgəndər, Nüşabə!

R.Rza bədii təfəkkürünün analitik istiqamətləri məhz bunlardan sonra yavaş-yavaş meydana çıxmağa başlayır. Xatır­layaq ki, «Nigaran suallar» şeirində Təbrizlə «Qaragilə» mah­nısı, «Təbrizim mənim» şeirində Təbrizlə bayatı, «Təbrizli dostuma» şeirində Təbrizlə durna qatarı yanaşı dayanır. Bu şeirlərdəki həmin yanaşmalar Təbrizin ovqatını, Təbrizin dünyasını ifadə etmək marağıdır.

Daha sonralar isə qeyri-adi qafiyələr kimi bir çox fikirlə­rin və obrazların yanaşı dayanması da çox qeyri-adi görünür. Təsəvvür etmək heç də asan deyil ki, kefli İsgəndərlə anlamaq dərdi, İsgəndərin buynuzu ilə danışan qarğı və yenə İsgəndərlə Çatski, Çayld Harold yanaşı dayanır. Şair Bəhlul Danəndə ilə Kefli İsgəndəri bir yerdə göstərir. Hətta ən qəribəsi budur ki, Hamlet və Layertlə bir müstəvidə dayanan «dağ ətəklərində əkini dolu vurması» yeni obrazlılığın nümunəsidir. Bəlkə də, R.Rzanın 1964-cü ildə qələmə aldığı «İnsan şəkli» şeiri bu qeyri-adiliyin əbədi vəsiqəsidir. «Mənə bir sərgi salonu verin» - deyən şair bu salonda dərisi soyulan Nəsimi ilə məşəltək yan­mış Azərbaycan qızını, Cordano Brunonun külü ilə Məmməd­həsən kişini, Osvensimi, Sibiri, Xirosimanı, Əslini, Kərəmi, Qastellonu, Lorkanı yanaşı görmək istəyir.

Bütün bunlar bütöv Azərbaycan şeirində seçilən və tanınan R.Rzanın bədii təfəkkürü idi. Elə bir bədii təfəkkür ki, həm heyrətə salırdı, həm dünyanı adiləşdirirdi, həm də insanı böyüdürdü.

R.Rza poeziyası insanın böyüklüyünə yol açan bir poe­ziya idi. Təsəvvür edin ki, şair bəzi hallarda kiçik obraz­lar­dan da yazır. Məsələn: qəlpə, damcı, qarışqa, qayıq, körpə onun şei­rinin kiçik obrazlarıdır. Lakin şair bu obrazları böyük gör­mək üçün şeirlərinə də böyüklüyü ifadə edən adlar verir: «Qəl­pələr», «Damcılar», «Qarışqalar», «Qayıqlar», «Körpələr».

Əslində, hər bir mütəfəkkir sənətkar dünyanı dərk etmək axtarışlarında bu dünyanı ən çox sevdiyi və tapdığı bir obrazın içində görür. R.Rza dünyanı rənglərin dili ilə görür və göstərir. 60-cı illərdə Azərbaycan ədəbiyyatı Azərbaycan cəmiyyətini böyük sürətlə qabaqladı. Bu qabaqcıl bədii düşüncənin təkan nöqtələrindən biri də R.Rzanın «Rənglər» silsiləsi oldu.

Düzünə qalsa, rənglər R.Rza yaradıcılığına hələ 1928-ci ildə yazılmış «Səni düşünərkən» şeiri ilə daxil olmuşdur:

Ta uzaqlarda böylə saxlanaraq,

Mavi atlaz döşündə dalğaların.

Bəzən al, abı, pənbə, innabı, ağ,

Titrəyir yelkən, öylə çox narın.
Sonralar isə «Rənglər»ə qədər mərhələdə bu silsilənin cücərtiləri özünü aydınca göstərir. Şair hələ «Ərk qalası» şeiri­ndə hər şeyin qırmızı geyinməsini, hər yerə qan hopmasını və bundan doğulan qəzəbi təsvir etmişdir. «Qırmızı» şeirində isə şair aydınca yazır:
Qırmızı rəngdir qan,

Qırmızı rəngdir qəzəb.
Yaxud «Balaca» şeirində (1959-60) göy rəng fəlakət sim­volu kimi verilir. «Rənglər» silsiləsində də elə beləcə yazılır:
Göy rəngdir qorxu.
R.Rza yaradıcılığında təsadüfdənmi, zərurətdənmi belə misralar var:
Atom kiçikdir, görünmür gözə,

Ondakı enerjiyə bax,

Möcüzədir, möcüzə.
Əslinə qalsa, XX əsr atomun ayrı-ayrı hissəciklərə bölün­məsinin kəşfi dövrüdür. Elə R.Rza poeziyası da bu kəşflərlə yanaşı yarandı və inkişaf etdi. Gücünə və qüdrətinə görə R.Rza misralarını atomlarla, R.Rza sözlərini isə neytron və proton­larla, alfa və qamma şüaları ilə müqayisə etmək olar.

Bəlkə, elə bu gücün, bu qüvvətin nəticəsidir ki, R.Rza problemləri ilə əyalət ağrıları yanaşı yaşayır. Bu şeirlərdə «Diabetlə» «İnfarkt» arasında qalan insanın taleyi aydınca görünür. Bu şeirdə dünyanın dərdi torpağın ağrısına qarışır.

Bu şeirdə İblis özü haqqında yazılanları Götenin uydur­ması, Cavidin böhtanı, Lermontovun yalanı hesab edir, lakin İblis R.Rzanı aldadıb öz ardınca apara bilmir.

Bu şeirdə «Nəsimi yüz illərdən bu günə diri gəlir» və R.Rza Nəsimi ilə birgə, yanaşı addımlayır.


2001

MÜBARİZLİYİN TƏRCÜMƏSİ
Vladimir Mayakovski şeiri ictimai həyata münasibət mara­ğında və sənətkarlıq axtarışları cəhdində yüksəkliyə doğru hərəkət edən poeziyadır. Bu şeir futurizm nəbzi ilə döyünəndə belə futurizmin üstündən adladı, yeni həyatın gələcəyinə olan ümid və inamı yaşatdı. V.Mayakovski sənəti öz həmişəyaşar və əbədilik gücünü qeyri-adi fəallığında tapdı. Belə bir poeziyanı Azərbaycan dilinə çevirmək istəyi də bəlkə elə bu fəallığın dərkindən başlamışdı.

Mayakovskini Azərbaycan oxucusuna çatdırmaq işinin ən böyük ağırlığı xalq şairi Rəsul Rzanın çiyinlərinə düşmüş­dür. «Şalvarlı bulud», «Fleyta-bel sütunu», «Hərb və sülh», «İnsan», «150 000 000», «Sevirəm», «O barədə», «Vladimir İliç Lenin», «Yaxşı», «Var səsimlə» poemaları və neçə-neçə şeir nümunələri məhz onun qələmi ilə yeni ömür qazanmışdır.

Mayakovski proletar şairlərinə müraciətlə yazırdı:
İzin verin,

sizinlə

maskasız

açıq-aşkar

böyük bir yoldaş kimi söhbət açım,

yoldaşlar!
Maskasız və açıq danışmaq çağırışı Mayakovski şeirinin yeganə və son faktı deyil. Böyük rus şairi bütün əsərlərində maskasız və qrimsiz, aydın və səlis danışır. Öz münasibətini daxili hiss və həyəcanlarından bəlkə daha artıq ehtiras və ciddiyyətlə ifadə edir. Mayakovski R.Rza tərcümələrində də məhz beləcə açıq-aşkar fikirləri ilə yaşayır. Tərcüməçi heç nəyi qondarmır, heç nəyi şişirtmir və heç nəyi də azaltmır.

Rəsul Rza tərcümələrində Mayakovski, demək olar ki, olduğu kimidir.

Orijinalda şair özü necə çıxış edirsə, lirik qəhrəman hansı yüksəklikdən danışırsa, müraciət edilmiş insanlar və hadisələr necə təqdim olunursa, vətəndaşlar və humanizm ideyaları öz ifadəsini hansı bədii üsullarla tapırsa, tərcümədə də məhz belə­dir. Rus poeziyası tarixində novator sənətkarlar nəslinə mənsub olan Mayakovski Azərbaycan tərcüməçilik sənəti tarixində də novator sənətkar kimi yaşayır.

Mayakovskinin sərbəst şeir yaradıcılığı yeni məzmunun yeni forma ilə vəhdətinin klassik nümunəsi oldu. O, sərbəst şeirin elə nümunələrini yaratdı ki, bu şeirlərdə hətta söz və bir misranın ayrıca təqdimi sistemə çevrildi, sözlərin pillə-pillə enişə doğru düzümü fikrin yoxuşa doğru hərəkətini təmin etdi. R.Rza tərcümələrində də bu poetik çalarlar olduğu kimi sax­lan­dı və misra «qırğını» əruz və heca qəlibinə öyrəşən Azərbaycan oxucusu üçün adiliyə çevrildi:


Şeirdə nə dost vardır,

nə qohum,

nə əqraba,

Nə xüsusi el-oba.
Orijinalda olduğu kimi, R.Rza tərcümələrində də Maya­kov­skinin ideyaları bir neçə nəbzlə – bir neçə çəkiclə döyün­məyə başladı, Mayakovski fikirlərini ifadə edən təkrir və sino­nimlərin vəzifəsini həyatın özündən gələn müxtəlif biçimli detallar tutdu.

Mayakovski qafiyəni «partlayan dinamitə» bənzətdiyi üçün şeirlərində də çətin və sərt qafiyələrə yol açdı. Tərcümədə isə həmin qafiyələrin qeyri-ixtiyari olaraq sıradan çıxması sirrini bilən R.Rza onların əvəzində doğma dilin imkanlarına əsasən o çəkidə, o vəzndə qafiyələr yaratdı.

R.Rza tərcümə prosesində misralara mümkün qədər artıq söz əlavə etməmək prinsipini qoruyub saxlamışdı. Lakin o, öz tərcüməçilik səlahiyyəti müqabilində orijinalın formal əsiri olmaq da istəməmişdir. Belə ki, «Sovet pasportu» şeirindəki «Dalınca qara daş!», «Baxır dəvə nalbəndə» misraları Maya­kovski poeziyasında olmadığı halda, R.Rzanın təqdim etdiyi Mayakovskiyə daha da yaxınlaşmışdır. Yaxud «Tamara və Demon» şeirindəki:
Bu yanda bir qala

dikəlmiş bir tapança kimi

göyün gicgahına az qala! –
misrasındakı «gicgah» sözü orijinala əlavə edilmiş və fikrin daha qüvvətli səslənməsi, qalanın hündürlüyünün və əzəməti­nin daha gözəl ifadəsi üçün münasib bir imkan əldən verilmə­mişdir.

R.Rza «Böyük müasirimiz» məqaləsində yazır: «Mən uzun müddət Mayakovski əsərlərinin Azərbaycan dilinə tərcü­məsi üzərində işləmiş və müəyyən təcrübə qazanmışam… Tərcü­mə təkcə şairin nə yazması haqqında yox, eyni zamanda necə yazması barəsində də geniş təsəvvür verməlidir». Bu fikir R.Rzanın özünün tərcüməçilik prinsipi barədə aydın qənaətdir. Belə ki, R.Rza rus şairin sənətkar mövqeyini də, onun yara­dıcılığının poetik vüsətini də oxuculara uğurla çatdıra bilmiş­dir. Azərbaycan dilində səslənən poemalar və «Yazıçı qar­daş­lar», «Atlarla yaxşı rəftar», «İclasbazlar», «Altı rahibə», «Rüş­vət­xorlar», «Əks-sədalar ilə…», «Netto yoldaşa, paraxoda və insana», «Sergey Yeseninə» kimi şeirlər sübut edir ki, R.Rza Mayakovski şeirlərinə xas olan səciyyəvi bir keyfiyyəti də səsləndirməyin öhdəsindən gələ bilmişdir. O, Mayakovski şeirlərindəki mübarizliyi, döyüşkənliyi, sərtliyi və həssaslığı da tərcümə etmişdir. R.Rza tərcümədə elə sözlər və ifadələr seç­məyə, elə ahəng və ton yaratmağa nail olmuşdur ki, Maya­kovski ruhu yenidən canlanmış və yeni ömür qazanmışdır.

Rəsul Rzanın Mayakovskidən tərcümələri bu sahədə ən böyük və ən mənalı ənənədir. Rəsul Rza tərcümələri Azərbay­can tərcüməçilik məktəbinin nümunəvi məhsullarıdır.
1983

XALQ HÜNƏRİNİN SALNAMƏSİ*
(Süleyman Rəhimov. «Seçilmiş əsərləri», on cilddə,

Azərnəşr, «Yazıçı», 1968-1980).
Hər hansı bir sənətkarı onun ayrı-ayrı kitablarını oxumaq və öyrənməklə qiymətləndirmək ənənəsi bizdə də qanuni hal sayılır. Lakin yazıçının yaradıcılığına çoxcildlik miqyasında baxmaq və yazıçı irsini bu miqyasda tanımaq tamamilə başqa məna və əhəmiyyətə malikdir. Bu halda sənətkar daha tam və bütöv görünür, onun fərdi yaradıcılığının inkişaf və irəliləyişi daha yaxşı açılır, həyat və insanlara baxışın, münasibətin mövqeləri dəqiq təyin olunur. Ona görə də Azərbaycan kitab mədəniyyəti tarixində çoxcildliklərin hazırlanması və nəşrini yeni mərhələ kimi qiymətləndirmək lazımdır.

Bizdə ilk oncildliyin nəşri xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun (1900 – 1983) əsərləri ilə başlanmışdır. Bu isə yüksək istedadla yazılmış yazıçı irsinin geniş və çoxplanlı xüsusiyyəti ilə əlaqədardır. S.Rəhimov elə sənətkarlardandır ki, onun yaradıcılığı böyük həcmə malik nümunələrlə zəngindir. Şübhəsiz ki, belə bir müvəffəqiyyəti sənətkar istedadı ilə bərabər, yazıçının işləmək ehtirası, zəhmətkeşliyi və fəhlə əməksevərliyi təmin etmişdir.

S.Rəhimovun oncildlik «Seçilmiş əsərləri»nə «Saçlı», «Mehman», «Qoşqar qızı» romanları, «Mahtəban», «Öz min­nə­tinə», «Medalyon», «Kəsilməyən kişnərti», «Qüdrətov», «Qar­daş qəbri», «Uğundu», «Pirqulunun kürkü», «Aynalı», «Kəpəz», «Qızlar oylağında», «Bəhrəm və Zərəfşan», «Arzu» povestləri, bir qism hekayələri, əfsanələri, təmsilləri, rəva­yətləri, miniaturləri daxildir.

-----------------------

* Professor Kamran Məmmədovla birlikdə yazılmışdır.

«Seçilmiş əsərlər» müəllifin «Həyat yolu (xatirə dəftə­rin­dən)» oçerki ilə başlayır. S.Rəhimovun bu oçerki avtobioqrafiq səciyyə daşısa da ona tərcümeyi-hal kimi baxmaq olmaz. Çün­ki yazıçı burada özünün həyatına dair tarixi faktları göstərmək­dən çox, ədəbiyyat aləminə gəlişi barədə, ümumiyyətlə, öz şəxsində bədii yaradıcılığın xüsusiyyətləri haqqında danışır.

S.Rəhimov üçün xalq həyatının çoxcəhətli və mürəkkəb tərəflərini, cəmiyyətin xoş gələcəyə doğru istiqamətlənən dia­lek­tikasını, insanların məişət və vərdişlərini, onların qoruyub saxladığı müsbət adət-ənənələri, tarixi prosesin ictimai-sosial amillərini, bəşəriyyəti irəliyə aparan və eyni zamanda inkişa­fına mane olmağa səy göstərən qüvvələrin psixologiyasını qüd­rətli qələmlə əks etdirmək ən mühüm vəzifəyə çevrilmişdir. Ədibin həyatda «partiyanın əsgəri» olmaq səlahiyyəti onun yaradıcılığında partiyalılıq mövqeyi ilə əvəzlənmiş, «nəcib xalqımıza bağlanmaq» arzusu əsərlərindəki xəlqiliyin həqiqəti ilə tamamlanmışdır. S.Rəhimovun birinci cildinin əsas hissəsini və ikinci, üçüncü cildləri tamamilə əhatə edən «Saçlı» romanı partiya və xalq cəbhəsinin gücü və mübarizəsi barədə realist mənzərəni bütun aydınlığı ilə göstərir. Əsərdə verilmiş raykom katibi Tahir Dəmirov yaradıcı və təşkilatçı, bacarıqlı və işgü­zar­dır. Zamanın aktual və zəruri məsələlərini vaxtında görən, əməli fəaliyyəti ilə nümunəyə çevrilən Dəmirov siyasi mövqe­yində sayıq və təmkinlidir.

«Seçilmiş əsərlər»in beşinci cildinə daxil edilmiş «Meh­man» povestindəki raykom katibi – Mərdan Vahidov surəti öz fəaliyyəti və işgüzarlığı ilə Tahir Dəmirovu yada salır. Vahidov da yeni quruculuq işlərini əsas vəzifə hesab edir. O da «məktəb və maarif məsələsini yuxuda da unutmaq olmaz» əqidəsi ilə yaşayır, saf və təmiz kommunistlərin ləkələnməsinə, sıradan çıxmasına qarşı amansızdır.

Raykom katibinin, hər hansı partiya işçisinin yaddaqalan, yüksək bədii obrazını yaratmaq, onların həyatdakı iş və mövqe­lərini realistcəsinə əks etdirmək, bu mənada sosializm qurucu­lu­ğun­dakı çətinlikləri və müvəffəqiyyətləri bədii yaradıcılığın aparıcı xəttinə çevirmək S.Rəhimov yaradıcılığına xüsusi məna və məzmun gətirmişdir. Lakin yazıçı bu məsələləri birtərəfli qə­lə­mə almır. O, həyatın ayrı-ayrı fərdlərini deyil, bütün icti­mai prosesi obyekt kimi götürür. Yazıçı ustalığı «tipik xarak­ter­ləri» məhz «tipik şəraitdə verməklə» üzə çıxır. Belə ki, S.Rə­hi­mov «Saçlı» və «Mehman» əsərlərində nümunəvi müs­bət qəhrəman yaratmaq işini bu qəhrəmanlara qarşı əks mövqe tutan obrazların təqdimi ilə birlikdə yerinə yetirir. Rüxsarə və Mehman Sübhanverdizadə Kamilov kimi mühafizəkar qüvvə­lər­lə mübarizədə yetişir və tanınırlar.

Bu gün Süleyman Rəhimovun adı ümumsovet ədəbiyya­tında epikliyə rövnəq verən yazıçılarla bir cərgədə çəkilir. «Seçilmiş əsərlər»ə daxil edilməyən çoxcildlik «Şamo» roma­nın­dakı epiklik prinsipi yazıçıya bir kəndin, bir mahalın sanki bütün adamlarını əsərə gətirməyə imkan verdi. Adamlar ro­man­ların səhifələrində addımladıqları vaxt yalnız fikir və dü­şün­cələrini, arzu və istəklərini, geyim-keçimlərini, saçlarını və qa­loşlarını deyil, həm də özləri ilə birgə yaşadığı ayları və illəri gə­tirdilər. Bu mənada Böyük Vətən muharibəsi dövrü də Sü­ley­man Rəhimovun yaradıcılığında öz epik təsvirini tapdı. Onun yaradıcılığında iki istiqamət - adamların qəhrəmanlığı və əza­bı inikas etdirildi. Qəhrəmanlığı göstərməyin və qəhrəman­lı­ğa çağırışın başlanğıcı kimi altıncı cildə daxil olmuş «Aynalı» povesti yarandı. Mövzusu keçən əsrdən alınan bu əsər bədii dü­şün­cənin tarixi qəhrəmanlıq haqqında yeni nailiyyətinə çevrildi.

Povestdə Qaçaq Nəbinin silah və həyat yoldaşı Həcərin ömür yolundan bəzi səhifələr vərəqlənir. Qaradağ xanı Dünya­malının malikanəsində sığınacaq tapan bu qəhrəman qız öz dözüm və cəsarətində sabitdir. Müəllif onunla Kiçik xan ara­sın­dakı konflikti varlı və yoxsullar arasındakı ziddiyyət kimi qələmə almışdır. Bu evdə yaşayan Kiçik xan və arvadı Məşu­qəni unudaraq Həcərlə evlənmək iştahasında simasız və sırtıq­dır. Lakin Kiçik xanın Həcərə «məhəbbəti» cəsur qızın güllə­sinə hədəf olur. Həcərin söylədiyi sözlər igid və qəhrəman qızın yalnız məhəbbəti haqqında deyil, həmçinin ictimai əqidəsi barədə də tam təsəvvür yaradır: «Aslanın erkəyi, dişisi olmaz. Mən əhd etmişəm Nəbidən sonra yoluma çıxan kişilərin meyidini basdıram».

Dördüncü cildə daxil edilmiş «Medalyon» və beşinci cilddə gedən «Qardaş qəbri» povestləri faşistlərə qarşı müba­rizənin inikasıdır. «Medalyon»da cəbhədə vuruşan tibb bacısı Valentinanın düşüncələri realist planda verilmişdir. Uşaqlarının yanında qalmaq, yoxsa Vətəni xilas üçün vuruşa atılmaq hisslə­ri ilə çarpışan Valentinanın simasında yazıçı müharibə dəhşət­lə­rini həyat səhnələrindən insan psixologiyasına köçürmüşdür.

1945-ci ildə yazılmış «Qardaş qəbri» povesti isə heç vaxt ideya siqlətini itirməyən xalqlar dostluğu məsələsinə həsr edilmişdir. Əsərdə həlak olmuş Kərimin faciəli taleyi və öz əlləri ilə qardaşını qara torpağa tapşıran Səlimin ürək ağrıları sadə və aydın dillə nəql olunur. Ukrayna torpağında, Dnepr sahillərindəki döyüşlərdə həlak olmuş Kərimin qəbri üzərində yüksələn heykəl bu ölümün nikbin və əbədi təsəllisinə çevrilir. Səlim qardaşı oğlu Yaşarla bu yerlərə gəlib heykəlin şahidi olurlar.

Heykəl Vətən uğrunda həlak olanların ümumiləşmiş, sim­volik obrazıdır. «Qardaş qəbri» povesti isə müharibədən sonrakı dövrün bədii düşüncə timsallı təsəlli abidəsidir.

Müharibə illərinin ağrı və mətinliyi Süleyman Rəhimov nəsrində bir yaddaş saxlamışdır. Bu yaddaşda həmin alovlu və dəhşətli illərin ağırlığı yalnız əllərə, ayaqlara, çiyinlərə deyil, həmçinin bunlardan daha artıq dərəcədə ürəklərə düşür. Onu indi itirilmiş Kərimlərin xatirəsi ilə bərabər, Roza və Boryanın, Səlim və Yaşarın niskili, həsrəti yaşadır. Hərb günlərinin yad­daşı nəsrin gücü ilə nəsillərin yaddaşına köçür.

S.Rəhimov 50-60-cı illərin, 60-70-ci illərin hadisələrini, icti­mai-siyasi, mənəvi-əxlaqi dəyişiklikləri, həyatda və insan dünyagörüşündəki yenilikləri də öz vaxtında qələmə almış, günün aktual çağırışına fəal mövqedən cavab vermişdir. Belə ki, onun dördüncü cildə daxil edilmiş «Öz minnətinə» və onun­cu cilddə getmiş «Arzu» povestləri müasirlərinin həyatına doğ­­ma və səmi­mi baxışdır. Böyük ədibin nəcib ideyalarını da­vam etdirən satirik əsərlər estafetinin əlaqə bağlarını daha da möh­kəmləndirən povest­lərdən biri «Uğundu» adlanır. «Seçil­miş əsərlər»in altıncı cildində verilmiş həmin povest süründür­məçilik və əliəyrilik əley­hinə yazılmışdır və bu gün də mənalıdır.

Süleyman Rəhimov yalnız iri həcmli əsərlər müəllifi de­yil­dir. O, müxtəlif məzmunlu gözəl hekayələrin də müəllifidir. S.Rəhimov iri həcmli roman və povestlər yazmasaydı, yalnız «Su ərizəsi» hekayəsi ilə də Azərbaycan ədəbiyyatı tarixinə daxil olardı. Mövzusu inqilabdan əvvəlki həyatdan götürülmüş hekayədə çar məmurları, yerli mülkədarlar və ümumiyyətlə, çarizm siyasəti tənqid və ifşa edilir. Öz pambıq tarlasını suvar­maq üçün Qədim dayının imperatora yazdığı ərizəyə qışda baxılır. Quberniya başçılarından tələb edilir ki, Qədim dayının istəyi yerinə yetirilsin və yuxarıya raport yazılsın. Qışın oğlan çağında xəstə kəndlinin məcburiyyət qarşısında öz tarlasını su­var­ması onun ölümü ilə nəticələnir. S.Rəhimov çarizm dövrü­nün haqsızlıq və bürokratizmini, süründürməçiliyi yüksək bədi­iliklə damğalayır.

Yazıçının səkkizinci, doqquzuncu və onuncu cildlərə da­xil edilmiş hekayələri böyük maraqla oxunur. Müəllifin he­ka­yələrində qaldırdığı problemlər və qarşıya qoyduğu yaradıcılıq vəzifələri heç də onun roman və povestlərindəki məsələlərdən «yüngül» deyildir.

Yazıçının doqquzuncu cilddə verilmiş əfsanələri isə onun xalq yaradıcılığından sənətkarlıqla bəhrələnməsi barədə aydın təsəvvür yaradır. Müəllif məşhur «Güzgü göl əfsanəsi»ndə üç obrazın – Maral, Qəcalə və Çaqqalın timsalında xeyirlə şərin mü­barizəsini qələmə almışdır. Mağarada bir yerdə gecələyən Ma­ral və Qəcalənin dostluğu, Qəcalənin Maralı Çaqqaldan xilas etmək cəsarəti ciddi tərbiyəvi əhəmiyyət daşıyır. S.Rəhi­mov «Gülən balıq» əfsanəsində axmaq şahın surətini yaradır. «Sarıbaba və Sarısaçaq» əfsanəsində insanla ayının ünsiyyətini qələmə alır, ibrətamiz əxlaqi fikirlər irəli sürür.

Böyük sənətkarın oncildlik əsərləri onun pərəstişkarlarına gözəl hədiyyədir. Bu cildlərə daxil edilmiş nəsr nümunələri yazıçının müasirləri barədə bədii salnamədir.


1984
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə