Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə11/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

İLK MƏRHƏLƏ:

Pəri. Saranın başqa bir evə köçürülməsinə razısanmı?



Bəhram. Pəri! Sara bizə mane ola bilməyəcək. Yetimdir. Onun ürəyini sındırmamalıyız. Hər halda bir gün səbr edəriksə gözəl olar”.

SON MƏRHƏLƏ:

Bəhram. Pəri! Getmirəm, bura gəl. / Əlini ona uzadır, sərxoş kimi / Bir dəfə ki, mən səni sevmişəm, sevmişəm. Əl də çəkmərəm, sözündən də çıxmaram.



Pəri. Sübut olaraq mən Saranı bilmərrə bu evdən çıxarılmasına razı olmağını istəyirəm.

Bəhram. Pəri! Mən sənə deyirəm ki, səni istəyirəm, daha Sara bizə heç bir şey edə bilməyəcək, elə bil ki, bir qulluqçudur evdə saxlamışsınız, fəqət israr edirsənsə, əlbət ki, sözünü sındırmıram”.

Hadisələrin inkişafı zamanı tam əksiklik də baş verir. Əsərin əvvəlində Pəriyə “Çəkil, çəkil!” – deyən Bəhram sonra “Əbdül, sən allah məndən əl çək, hər saatda yüyürürsən Sara...” söyləyir və Saranı rədd edir.

Pyesin dördüncü məclisində isə Saranın ölümü verilir. Bəhram bunu eşidəndən sonra tam peşmançılığını nümayiş etdirir.

Yeri gəlmişkən qeyd edək ki, ümumi prosesdə Saranın becərdiyi güllər – çiçəklər xüsusi rol oynayır. Belə ki, əsərin əvvə­lində Saranın çiçəkləri sevməsi, hətta Bəhramın da bu çiçəklərə marağı verilirsə, Bəhramın dəyişildiyi vaxt Sara çi­çəklərlə tək-tənha qalır: “Ax çiçəklər! Sizsiniz mənim xoşbəxt günlərimin yadigarı, siz bizim əhdimizin şahidisiniz. Həmin əhdi gördünüz. Bəs indi görürsünüzmü mənə nə eləyirlər?”

Beləliklə, çiçəklər Bəhramla rəqabətdə qalib gəlirlər. Onlar Saranın təsəllisi kimi yaşayırlar, Sara öləndən sonra isə solmağa başlayırlar. Saranın ömürlük köməyi, çiçəklərin də sadiq xidmətçisi Əbdül kişi yüksəlir: “Vay, xanımın gülləri necə solub? Ömrümün axırına kimi qoymaram onları solsunlar / Durub gəlib su verir. /».

Saranın ölümündən sonrakı mərhələ Bəhramın əvvəlki taleyə qayıdışı kimi meydana çıxır. Lakin bu qayıdış yalnız çiçəklərə münasibəti ilə səciyyələnir: “Ah! Ah! Sevimli Sara­mın gözəl çiçəkləri! Niyə belə məhzun, niyə belə solğunsunuz? hanı sizin keçmiş lətafətiniz? Bəs hanı Sara? Siz ki, bir zaman səadətin və keçmiş bəxtiyar günlərin yadigarı­sınız. Hanı bəs mənim əmim qızı! Ah, çiçəklər, nə qədər siz sevimli idiniz! Sizi mən sinəmin içərisində saxlayacağam”.

Bu məqamda romantik təbiəti ilə ucalan Bəhram roman­tik simvolla da qarşılaşır. O, Saranın xəyalı ilə üzləşir və bu xəyalın gəlişindəki qorxuncluğa bürünüb deyir: “Çəkil! Çəkil! Əl çək məndən! Mən deyiləm müqəssir! Məni aldatdılar!” Üstəgəl yeni bir məqam; Bəhram Pərini itələyir: “ Odur, bax! Nə qədər məhzun! Nə qədər sevimli! Çəkil, çəkil, uzaqlaş məndən! Mən onunkuyam”.

Bəhram əsərin əvvəlindəki vəziyyətə qayıdır və aldanış­larının nəticəsi olaraq Pərini tutub boğur.

“Vəfalı Səriyyə” əsərinin finalına nisbətən belə bir son­luq həm həyatın, həm də bədii risqin ifadəsi olur. Belə ki, “Və­falı Səriyyə” pyesinin hələ ilk pərdəsində divardan xəncər və tapança asılmasına baxmayaraq, heç sonra da xəncər parçala­mır, tapança isə açılmır. Bunların hamısını həbs olunma məra­simi əvəz edir və deməli, hələlik C.Cabbarlı dramaturgiyasında romantizmin mənəviyyat nəbzi döyünmür.

“Solğun çiçəklər”dəki Bəhramdan isə fərqli olaraq Aydın eyni adlı pyesin lap başlanğıcından yüksək idealların şərhçisi kimi çıxış edir: “Mən istəyirəm, bütün dünya mənimlə hesab­laş­sın, küçələrdən keçərək Aydın gəlir deyə xalq məni barma­ğilə göstərsin. Mən istəyirdim əyilmədən kimsə yanımdan keçməsin. Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın...” Surxayın dediyi kimi, bu, allahlıq iddiası idi. Yük­səl­mək arzusu Aydına “Mən istəyirəm sevdiyim məni sevmə­sin” inamını da əmələ gətirmişdir. Bütün bunlar isə Gültəkinin həyatından keçib gedir.

Aydın həqiqətdir ki, Aydınla Gültəkinin sevgisi əhd-pey­manlı bir sevgidir. Aydının Gültəkini qəbulu əyilməz qürura arxalanır. İlk mərhələdə belə bir qürura əvəz də elə Gültəkin ola bilir. Bu həqiqət Gültəkinlə Dövlətin dialoqunda peallaşır:

Gültəkin. Uzaq!...



Dövlət. Gültəkin!

Gültəkin. Çəkil! Uzaq məndən”

Gültəkin onun heysiyyatına və mənliyinə toxunan Dövlət bəyi qəti rədd edir. O, hətta xatırladır ki, mən Aslan bəyin qızı­yam və mənə toxunmağa heç kəs cürət etməməlidir. Bundan başqa Gültəkinin daha ciddi əsası var: “Dövlət bəy, səni and verirəm dünyada nəyi əziz tutursan ona! Biz bir-birini sevirik, yarı aç, yarı tox dolanırıq. Sən bizim bu sakit məişətimizi pozma! Mən ərimə xəyanət edə bilmərəm”.

Məhz bu böyük sevginin nəticəsidir ki, Gültəkin heç bir xəyanət tanımır. Bütün varlığı ilə ona sadiq olan Aydının na­mu­sunu qorumağı ən uca, ən ali vəzifə hesab edir. Buna görə də Gültəkinin Dövlət bəyə söylədiyi: “Uzaq!... Çəkil!.. Uzaq məndən.” sözləri və bütövlükdə onu rədd təbii və inandırıcı görünür.

Bunlardan üç ay sonra – ikinci mərhələdə isə başqa hadisələr baş verir:

Dövlət. Getmirsən ki?

Gültəkin. Heç özüm də bilmirəm nə eləyim?

Dövlət. Özün bil! Qolbaqlar gedər hayıfdır. Mən istəyi­rəm yadigarlıq qalsın. Sonra demə ki...

Gültəkin. Getməyinə gedirəm, amma qorxuram sonra de­yərlər, bunlar haradan? Həm də Aydın... Ox, yazıq! Bizim aramızda bir şeylər olduğundan şübhələnir”.

Beləliklə, Dövlət bəyi rədd, onu qəbulla əvəzlənir. Bu­nun­la da Gültəkin öz mənliyini ləkələyir, vüqarını sındırır, Aydının taleyinə yanmaq istədiyi bir məqamda ona xəyanət edir. Hətta bunları dərk edəndən sonra belə yenə Dövlət bəyə üz tutaraq “gedək!” – söyləyir.

Bütün bunları duyan Aydın da dəyişilir. O, evinə gətiril­miş gülləri Gültəkinin üzünə çırpır: “Məni oynaş çiçəkləri ilə bəzəmək!” “Solğun çiçəklər”dəki evdə böyüdülən, evdə nazı çə­kilən çiçəkləri “Aydın” pyesində yad adam tərəfindən alına­raq evə gətirilən çiçəklər əvəz edir. “Solğun çiçəklər”də onları qorumaq üçün üstündə əsilsə də, bu çiçəklər yerə tökülüb dağılırlar, “Aydın” pyesində isə yad çiçəklər Gültəkinin üzünə çırpılır. “Solğun çiçəklər”də bəslənən güllər sədaqətin rəmzi­dir­sə, “Aydın”dakı çiçəklər xəyanətin şəklidir. Aydını başqa cür danışdıran da elə məhz bu xəyanətdir: “Ox, bu dünya məni məhv etdi, ey uca pərvərdigarım, bu həqiqət yarasalarına, bu insan kölgələrinə vermək üçün riyadan başqa bir şey bulma­dınmı? Allah, allah, niyə bir hərəkətlə bütün dünyanı alt-üst etmə­yə, bütün bəşəriyyəti qarışqalar kimi tapdalayıb məhv etməyə müqtədir deyiləm!”

Əsərin əvvəlində “Mən istəyirəm ki, bütün bəşəriyyət mənim fikrimə tapınsın” mülahizəsini söyləyən Aydın indi qüdrətsiz bir adam kimi çıxış edir. Əsərin əvvəlində allahlıq iddiasında olan Aydın indi allaha pənah aparır. Lakin bunlara baxmayaraq, Aydın həm də daha çox həyatla bağlı, həm də əvvəlki kimi yüksək olan həyat devizini elan edir: “Mən bir həqiqətəm, mən bir heç deyiləm”.

Aydın “bütün həqiqətlərə göz yuman, bütün xəyalları həqiqət görən zavvallı bəşəriyyəti” ittiham edir. Bu mənada onun əlindəki əzik çiçəyi dəzgahın üzərinə sancması və sonra da dəzgaha çırpılması rəmzi səciyyə daşıyır. Bu məqamlarda Gültəkinin xəyalı onun gözləri önündə dayanır. Yalnız bundan sonra Aydın öz idealı naminə yeni bir addım atır: “Üsyan... bütün bəşəriyyətə qarşı, bütün adətlərə, qanunlara qarşı.... bütün kainata, aya, günəşə, ulduzlara hətta kainatın özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldırılmalıdır”.

“Solğun çiçəklər”də Saranın xəyalı Saranın ölümündən sonra səhnəyə gəlir və Bəhramı dəyişdirir. “Aydın” faciəsində Gültəkinin xəyalı ayrılığın nəticəsi kimi görünür və yalnız Ay­dın­da deyil, Gültəkinin özündə də dəyişiklik yaradır. Gültəkin öz peşmançılığının faktı kimi deyir: “O vaxtdan mən həyatımı bi­tirmək üçün iki dəfə özümü vurdum, lakin güllə düz işləmədi”.

Bu məqam “Vəfalı Səriyyə”də açılmayan güllənin təkra­rı­dırmı? Hərgah eləcə qalsa idi, bəlkə də, bunu eyni bir vəziy­yət kimi mənalandırmaq olardı. Lakin hadisələrin inkişafından başqa bir nəticə hasil olur. Yəni “Aydın” faciəsinin üçüncü mərhələsi tam qətiyyətlə təsdiq edilir.

Aydın son pərdədə ömrünün əvvəlinə qayıdır. Hətta Gül­təkinə əvvəlkindən də artıq məhəbbət ishar edir. O, “Son qərargah”dakı kazinodakı alqı-satqı mərasimini də unudur “Gül­təkin! Siz heç bir vaxt bu qədər gözəl olmamışsınız”. Elə Gültəkin də əvvəlki əhval-ruhiyyədə qalmış, on il bundan əvvəl Aydının çaldığı tarın havasına köklənmişdir. Bu aşkar duyğu­ların müqabilində Gültəkin Aydına üz tutaraq deyir: “Uzaq... Uzaq məndən. Toxunmayın mənə...” Vaxtilə Dövlət bəyi itti­ham edən ruh indi Aydına qarşı çevrilmişdir? Bəs elə isə Gül­təkinin xəyalının gəlişi ilə əsərə və Aydının taleyinə nə əlavə olunmuşdur? Məgər düz tuşlanmayan atəşin xoşbəxtli­yinin Gül­təkinin yeni bir bəxtliyimi əvəz etməlidir? Yox! Gültəkinin rəddində əvəzedilməz bir məhəbbət vardır. Çünki o, zəhər içmiş və Aydına öz bildirişində qətidir: “Mən sənin do­daq­larını zəhərləmək istəmirəm”. Aydın da elə bu səviyyədə dəyişilmiş­dir: “Mən bütün həyatım odlar, qiyamətlər, cəhən­nəmlər içəri­sin­də belə çırpınarkən sənin xəyalınla yaşayırdım. Ona gah nifrət, gah pərəstiş, gah şikayət edirdim”. Ona görə eyni səviy­yədən deyirik ki, Gültəkinin zəhər içməsi Aydına nifrətdir, onu özündən uzaqlaşdırması pərəstişdir, zəhər içməsi barədəki eti­raf isə şikayətdir. Bu sonluqda Aydının devizi də dəyişir: “Ar­tıq mən bir həqiqət deyiləm, mən bir heçəm”. Bu sözdən sonra Gültəkinin zəhərli dodağından öpür və deməli, Aydın da ölür.

Aydının həqiqət olması ideyası fərdi səciyyə daşıyır və kollektivi əhatə edə bilir. Daha geniş miqyaslı ifadə forması “Oq­tay Eloğlu” pyesində tapılmışdır. Hətta burada dəzgah kür­sü­sünü də daha geniş məkan tipi – teatr sahəsi əvəz edir. C.Cabbarlının idealı da aydın və böyükdür: adamları meyxana söyləməkdən, qumar oynamaqdan ayırıb teatra gətirmək! Mey­xana “çırtmıqlarını” aktyor jestləri ilə, qumar hərbə-zorbalarını səhnə intriqaları ilə əvəz etmək!

Eyni zamanda, maraqlıdır ki, dramaturq teatr səhnəsinin hündürlüyündən rəmzi detal kimi də istifadə edir. O, xalqı yük­sək­liyə qaldırmaq məqsədində sabitdir: “Gələr bir gün ki, zaval­lı kütləni də həmin yüksəklikdə görərsən”.

“Vəfalı Səriyyə”də Rüstəmin və Səriyyənin umudu Allah­dır: “Allah, bu zülmlərə şahid ol! Sənələrcə ürəyimizdə bəslədiyimiz ümidləri məhv etmək istəyirlər” və yaxud “Bircə ümidim qalır ki, o da şəriətimizdir”. “Solğun çiçəklər”də isə hiyləyə arxalansa belə Bəhram qüvvətli görünmək istəyir. Ay­dın bütün bəşəriyyəti özünə tapındırmaq məsləkinə çalışır, al­lahlıq iddiasında olmasını hələlik başqası ona deyir. Oqtay isə uca­lığı barədə özü söyləyir: “Mən bu yolun rəhbəri, mən bu cəbhənin komandanı, mən dörd divar arasına alınmış bu rən­ga­rəng həyatın tanrısı olacağam”. Bu mənada Oqtay sələflərindən o səviyyədə fərqlənir ki, səfil olduğu bir vaxtda yenə özünü “səfillər padşahı” adlandırır. Yuxarısı tanrı, imkan olmayanda padşah.

Oqtay əsərə teatra vurğun kimi daxil olur. O, əvvəlcədən elan edilmiş tamaşanın baş tutması üçün bütün vasitələrdən istifadə edir. Hətta barmağından üzüyünü də çıxarıb verir, ana­sını və bacısını nəzərdə tutaraq, “mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm” mülahizəsini də söyləyir. Çünki Oqtay özü dediyi kimi “sənət düşkünü”dür. Ancaq Oqtayın daha böyük bir arzusu da var: səhnədə “əziz, sevimli bir yavru” görmək!

Belə bir qız tapılmışdır, amma bu qızı – Firəngizi teatra yaxın buraxmırlar.

Oqtay başına çiçəklər səpiləcəyini arzuladığı bir vaxtda Firəngiz ona çiçək bağışlayır. Oqtay çiçəkləri öpərək sevgisini ifadə edir. O, son dərəcə səmimidir: “Mən dünyada qarşısında əyiləcəyim, mənliyimi sarsıdacaq bir qüvvət təsəvvür etmirdim. Mən bir yumruğumla bütün kainatı alt-üst edəcəyimi düşünür­düm. Fəqət şimdi hiss edirəm, elə bir qüvvət var ki, mən ona qarşı gücsüzəm”.

Bundan sanra pyesdə həqiqət və saxtakarlıq üz-üzə qoyu­lur. Aşağıdakı kiçik dialoq belə bir xəttin başlanğıcına çevrilir:

Oqtay. Firəngiz, mən bilirəm ki, sən heç bir zaman aktrisa olmayacaqsan.



Firəngiz. Siz mənə söz vermişdiniz ki, o bıçaqla Amali­yanı öldürdüyünüz yeri də mənə öyrədəcəksiniz.

Oqtay. Firəngiz, get, yavrum! Sən bu yapma həyata alış­ma... Gördüyün bu gözəl paltarlar, parlaq cavahirat, sevimli adam­lar hamısı boyalı, hamısı yapmadırlır. Orada padşahlıq edər, fərmanlar verər, altunlar paylayarlar, çıxınca bir parça çörək arar da, bulmazlar. Sən bu həyatın görünüşlərinə aldan­ma! O, bir həqiqət deyil, elə görünür, o, bir oyuncaqdır”.

Aydınla müqayisədə Oqtayda həyata tam ayıq münasibət hakimdir. C.Cabbarlının yeni romantik qəhrəmanı nəinki özünü həqiqət hesab etmir, hətta hər şeyin yapma, saxta olduğunu da başa düşür.. Həqiqətlə saxtakarlığı tanıtmaq istəyində Oqtay son dərəcə güclü görünür.



Saxtakarlığın nümayişi:

«Firəngiz. Oy! Qorxdum! Axır nə cür olur ki, bıçaq düz gəlir, amma batmır.

Oqtay. Bax, belə gəlir, sonra əyilib bıçağın dəstəsi sizə toxunur. Yapma bir ölüm! Öyrəndinmi?»

Oqtayın Firəngizə müraciətində həqiqətin təsdiqi:

“Çəkil! Allah eşqinə, çəkil! Bir daha mənim gözlərimə görünmə! Mən artıq gedir, həm əbədilik olaraq gedirəm. Mən səfillər padşahı idim, yenə o olacağam!”



Davamı:

“Yox, yox, burax, bu yapma həyatı! Mən böyük bir idealı kiçik bir oyuncaq görmək istəmirəm. Bu yapma dünyadan uzaq, uzaq parlaq bir həqiqətə!”



Sonu:

“Uzaq, bu yapmalıqdan, uzaq! Bir həqiqət ol! Mənə də bu həqiqəti anlat! Mən onu arayıram, onu bilməliyəm, öyrən­məliyəm. Bax, belə! / Bıçağı, doğrudan da, Firəngizin köksünə sancır./

Xatırladaq ki, bunlardan birincisi əsərin əvvəllərində, digəri isə sonunda baş verir. Əslində Firəngizin öldürülməsi Oqtayın saxtakarlığa qarşı ən sərt, ən amansız, həm də ən son üsyanı idi.

Daha ciddi məqam ondadır ki, C.Cabbarlının bundan əvvəlki pyeslərində rəddin ünvanı aydınca bilindiyi kimi, onun mahiyyəti də asanca seçilirdi. Bəhramın Pəriyə dediyi: “Çəkil! çəkil! Uzaqlaş məndən!” – sözlərində, Gültəkinin Dövlət bəyə söylədiyi: “Uzaq!.. Çəkil! Uzaq məndən.” – mülahizəsində fikir müstəqimdir. Ürəyin qəbul etmədiyini dil də qəbul etmir. Gültəkinin Aydına “Uzaq... uzaq məndən. Toxunmayın mənə” müraciətində isə mətləb ifadədə deyil, sətraltı mənadadır, ürəyin istədiyini qorumaq məsuliyyətindədir: Gültəkin Aydını zəhərləmək istəmir! “Oqtay Eloğlu” pyesində əvvəlki formalar deyil, məhz sonuncu forma inkişaf etmişdir. Çünki Oqtayn bütün mərhələlərdə Firəngizə dediyi: “get, yavrum”, “Çəkil! Allah eşqinə çəkil!”, “Uzaq bu yapmalıqdan, uzaq!” mülahizə­lərindəki inadkarlıq tərəddüdsüz qəbulun nümayişidir.

Oqtayın səhnəyə və Firəngizə sevgisi bir-birindən ayrıl­maz­dır. Yəni səhnə ilə Firəngiz rəqabətin qütbləri deyildirlər. Onlar Oqtayın xarakterini təyin etməkdə birgədirlər.

Oqtay birinci mərhələdə öz sevgisinin təntənəsini yaşayır. On il çəkən ikinci mərhələdə Oqtay Firəngizdən və səhnədən ayrılmışdır. Bu müddət Oqtayın Sibirə sürgün edilməsi, Firən­gizin özgəyə ərə verilməsi və ondan ayrılması ilə səciyyələnir. Oqtay “səfillər padşahı” olmuş, Firəngiz isə biçarə bir hala düş­müş­dür. Bəhramla Sara, Aydınla Gültəkin arasındakı məhəbbət qırıldığı kimi, burada da Oqtayla Firəngiz / həm də səhnə!/ arasındakı ülvi duyğular uçuruma yuvarlanır. Firəngiz Sevərə deyirmiş ki, “Mən sənin qardaşını sevirdim, hər ikimiz bədbəxt olduq”.

Üçüncü mərhələ Oqtayın yenidən səhnəyə dəvət edilməs ilə başlayır və səhnədə tamamlanır. Orada Oqtay “para” fəlsə­fə­sinə inamını ifadə edir və bacısı Sevəri tanımadığı halda de­yir: “Paran yox, kimsə səni almayacaqdır”. Bu əqidəyə tabe olan Oqtay yenidən səhnədə, Firəngiz isə tamaşa salonunda gö­rü­nür. Oqtay hələ səhnədə danışmamış Firəngiz danışmağa başlayır: “Ox, Nərgiz! bədbəxt həyatımın qaranlıqları içində illər uzunu eşqini bəsləyib, gecələr bir məbud kimi xəyalını qur­­duğum bir adamı... Of, xatirat... Nərgiz anla ki, mən onu sevirdim».

C.Cabbarlının romantizm ənənəsinin davamı kimi, xəyali görünüşdən sonrakı mərhələ yenidən əvvəlki məhəbbətə qayıt­ma (“Solğun çiçəklər”), yenidən üzləşmə (”Aydın”) və yenidən qarşılaşmadır (”Oqtay Eloğlu”). Bu həqiqət “Oqtay Eloğlu”da Amaliyanı oynamaq etirazını görən Firəngizin təşəbbüsü və nümayişkaranə elanı ilə baş tutur: “Mən bu rolu oynaram”. Sonra isə bütün təqiblər rədd edilir: “Gəldim, artıq arxam bir uçurumdur, geri dönə bilmərəm, çəkiliniz! Zəhərli gülüşlər altın­da yüngül bir yaramaz kimi geri qayıtmaqdansa, bu ananın doğma yavrusu mənəm, mən oynayacağam!”

Beləliklə, Şillerin “Qaçaqlar” əsərinin tamaşası başlayır. Baş rolları – Karlı Oqtay, Amaliyanı Firəngiz təqdim etməlidir. Ancaq onlar öz rollarını, tamaşaçıların heç vaxt görmədikləri rollarını oynayırlar. Firəngizi görən Oqtayın dodaqlarından Karlın sözləri deyil, sevgi iztirabları süzülür: “Of! Uzaq, aman ayırın onu məndən”. Nə Moor, nə Amaliya, nə də Suflyor Oqtayı geriyə döndərə bilmirlər.

Suflyorun həyacanında dəhşətli faciənin işartısı var: “Oğ­lun qaçaqların başçısıdır. (Təkrar edir.) Oqtay! (Təkrar edir.) De də!” Bir az sonra yenə eyni həyacan: «Karl! Sözlərini söylə də!”

Firəngiz də bu vəziyyəti yaşayır: “Oqtay, neçin belə eləyirsən? Sözlərini söylə də! Yaxud «Oqtay, əzizim, biz səh­nə­dəyik”. Və yaxud: “Oqtay! Nə danışırsan? Sən məni öldür­məlisən. Mənim artıq sözüm qalmamış”.

Bununla da səhnə öz səhnəliyindən çıxıb həyat meydanı­na çevrilir: həqiqi ölüm baş verir. C.Cabbarlının romantik qəh­rəmanı romantizm qəhrəmanlarına xas olan cəsarətlə çıxış edir.

C.Cabbarlının “Od gəlini” pyesi onun yaradıcılığında roman­tizmin ən parlaq nümunəsidir. Bu əsərdə dramaturqun bü­tün əvvəlki əsərlərində müşahidə olunan poetika-sturuktur əlamətləri inkişaf etdirilir və bir növ “yekun aktı”na çevrilir.

Pyes Elxanla Solmaz arasındakı sevgi duyğuları ilə baş­layır. Ancaq əvvəlki əsərlərlə müqayisədə Solmazın mövqeyi fərqlidir: “Mən heç bir zaman sənin ola bilməyəcəyəm. Çünki mən odlar gəliniyəm, adətimizcə mənim nişanlım ölkənin ən zəngin və güclü bir adamı olmalıdır ki, o da indilik Altun­baydır”.

Dramaturqun əvvəlki əsərlərində altun və ona münasibət davamlı bir xətt kimi uzanıb gedirdi. Bəhramın pul eşqinə düş­düyünü yaxşıca bildiyinə görə Pəri onun haqqında “Bəli, ya­vaş-yavaş topa ilişib çabalarsan” deyirdi. Aydın öz əmniyyətini qəti bildirirdi: “Əsrimizdə şöhrət və böyüklük qapalı bir evdə­dir ki, yiyəsi altun, açarı təsadüf, qorucusu isə ölümdür”. Oq­tayın da “para” fəlsəfəsi aydındır. “Od gəlini” əsərində də Al­tunbay Elxana belə bir təklif verir: “Halbuki mən sənin mənəvi qüvvət və cəsarətini maddi köməyimlə gücləndi­rə bi­lər­dim. Sən doğruçu bir peyğəmbər də olsan, altunsuz bir iş görə bil­məz­sən”. Bütün bunlar vahid, nizamlı bir mənzərədir. Məhz Altunbay adının özü də bunun nəticəsi kimi maydana çıxmışdır.

Elxan ilk addımından qüvvətli şəxsiyyət kimi təqdim edilir. Sanki onun məğrurluğu Solmazın “Mən ərlərdə qüvvət, qüdrət və cəsarət sevirəm” arzusunu bildirməyə ruhlandırmış­dır. Elxanın gücü isə onun idealındandır: “Mən mızrağımı qırmadan bu qanlı heykəlin dayaqlarını qıracağam. Mən onun dayandığı qüvvət və altun hökmranlığını devirəcək, bütün dövlətləri, hökumətləri, adətləri, qanunları, dinləri və onların yaratdığı bütün əski dünyanı uçuracaq, bu həyat bayquşlarının məzarlığı üzərindən azad diləklər və azad vicdanlar dünyasına doğru çiçəkli bir yol salacağam”. Elxan öz gücü ilə dünyaya qarşı da dayana bilir və Solmazı nəzərdə tutaraq deyir:” And içirəm ki, mən son günümədək onu bütün varlığımla bütün dünyaya qarşı qoyacağam”.

Elxanın qüvvətli şəxsiyyət kimi görünməsi onun sözlə­rində deyil, mübarizəsində öz reallığını tapır. Həmçinin müxtə­lif mərhələlər keçirir. O, ilk dəfə Altunbaya deyir: “Mə­nim üçün dünyada qanun adlı bir şey yoxdur. Ən böyük qanun şəxsi azad diləkləridir. Altunlarınızı saxlamaq, haqsızlığınızı doğ­rult­maq, ağalığınızı bərkitmək üçün uydurduğunuz yapma qanunları, yalan dinləri mən tanımıram. Mənim tanrım, başqa­la­rına zərər verməz azad diləklərdir”.

Göründüyü kimi, əvvəlcə altuna, ədalətsizliyə və dinə qarşı çıxış edən Elxan azad arzuları daha üstün tutur və onu öz tanrısı hesab edir.

Aqşin Elxanla mübahisəyə girişib, onu öz mövqeyindən döndərmək istəyəndə, Elxan daha kəskin olur: “Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı. Mənəm göylərin mənəvi varlığındakı qüvvət və iqtidarın məna və mahiyyəti. Mənəm allah, allah mənim özümdədir”.

Artıq Elxan özünü allah hesab edir. Bu, yalnız C.Cabbarlı dramaturgiyasında deyil, ümumiyyətlə, Azərbaycan romantiz­mində qəhrəmanın irəliyə doğru ən böyük addımı idi. Vaxtilə H.Cavidin “İblis” faciəsində İblis belə deyirdi: “Dünyada əgər varsa rəqibim o da allah!..” Beləliklə, İblis allahı özünə rəqib hesab edirsə, Elxan “Mənəm allah” söyləyir. Bu mənada Elxan C.Cabbarlının öz qəhrəmanlarını da ötüb keçir.

Elxan romantizm üçün xas olan – sonadək öz mübarizə­sindən dönməmək-idealına yiyələnmişdir. Öz istəyində öz vüqarını yaşadan Elxanı heç bir qüvvə, heç bir nəsihət, heç bir yalvarış yolundan döndərə bilmir: “Azad, mənimsiz, məsud bir dünya-budur mənim yolum! Budur mənim qanunum. Azad istəklər, azad diləklər, azad hərəkətlər, budur mənim qanunum. Azad sevgilər, qorxusuz, pak və azad vicdanlar. Budur mənim allahım”. Aqşini axtarıb tapmaq istəyən Elxan onun ibadətini görəndə peşmançılıq nidasına bürünür: “Uzaq! Uzaq! Xəyal­lar.... Ümidlər... Of... Qəhr olası tale, qəhr olası tale”. Bu anda Aqşinin yalvarışı belə Elxanın önündə heç və gücsüzdür.

Elxan Solmaza sevgisində dönməzdir. Əslində heç dön­mək də mümkün deyildir, çünki Elxan onun haqqında deyir: “ Odur, yürütdüyüm mübarizə karvanlarına yol və hədəf gös­tərən işıqlı dan ulduzu!” Elxan Solmazın “od bağrına” atılaca­ğını eşidib, onu istilaçıların əlindən almağı qərarlaşdırır və bu yolda heç bir qorxu, çətinlik onu sarsıda bilmir. Ölümün özü belə onun qarşısında bir heçdir: “Mən çox düşündüm, Qorxmaz, indi sən düşün. Bütün həyatım uzunu xəyalına pərəstiş etdiyim o, illər boyu eşqini könlümdə, adını dilimdə gəzdirdiyim o, bu yırtıcı odların acılı qoynunda, mənasız cəhənnəmin qızmar dişlə­rində məhv olur. Mən də məhv oluram. Siz artıq gedin, mən bir də qayıtmayacağam”.

Elxan bu məqamda özünü müəyyən bir an gücsüz hesab edir: “Ana təbiət, nə üçün məni gücsüz, bacarıqsız bir insan yarat­dın”. Yalnız özü üçün deyilmiş, heç kəsin eşidə bilməyə­cəyi daxili hiss və duğuların ifadəsinə çevrilən həmin sözlər son dərəcə davamsızdır. Hərgah belə olmasaydı və Elxan öz zəiflik simasında qalsaydı, o halda C.Cabbarlı romantizminin bu qəhrəmanının əvvəlki qəhrəmanlarından heç bir fərqi olmazdı. Çünki Bəhramın, Aydının və Oqtayın xarakterinə bir zəiflik hakimdir. Məhz bu zəifliyin nəticəsi idi ki, Sara da, Gültəkin də, Firəngiz də ölümə məhkum olurlar. Nə qədər qə­ribə olsa belə Oqtay özü ölümün – cinayətin səbəbkarı oldu­ğuna görə əvvəlki qəhrəmanlarından bir az üstündür. Elxan isə öz sələflərindən çox-çox irəli getmişdir:

Solmaz. (birdən sərt bir dönüşlə): - Sən, ey məqsədinə doğru həşərat kimi ayaqlar altında sürüklənən dili bağlı, əli zəncirli, gücsüz, məhkum qul! Mən ölürəm. Lakin sən torpaq­dan qalx! Son nəfəsində bil ki, mən səni sevirdim. (Solmaz qəti gedişlə oda atılmaq istərkən.)



Elxan. Saxlan, yaramaz qılınc dünyası! Elxan Biləgənli hələ ölməmişdir! (İldırım sürətilə üçüncü pilləyə atılır, Solmazı tutaraq). Səni tək buraxmaram».

Elxan öz sevgisi, amalı və idealı uğrunda nəinki ölümə getməyə hazırdır, eyni zamanda ölümə gedir. Daxildə pöhrə­ləyən cəsarət və irəliyə doğru “ildırımsürətli” hərəkət-bunlar C.Cabbarlının romantik qəhrəmanları içərisində yalnız Elxana məxsusdur. Elxan C.Cabbarlı romantizminin son və yeganə əzəmətli şəxsiyyətidir.


1985

MÜHÜM AXTARIŞLAR
Y.V.Çəmənzəminlinin «Əsərlər»inin üçüncü cildi («Elm» nəşriyyatı, Bakı, 1977, redaktorları filologiya elmləri dok­tor­ları Həmid Araslı və Kamran Məmmədovdur) bu yaxın­larda nəşr edilib oxuculara çatdırılmışdır. Bütün cildlərin tərti­bin­də olduğu kimi, üçüncü cildin tərtibində də filologiya elm­ləri namizədi M.Axundova böyük əmək sərf etmişdir. Yazı­çı­nın əsərlərini janr etibarilə qruplaşdırmış, mətbu və qeyri-mət­bu nüsxələr əsasında mükəmməl, elmi cəhətdən kamil olan mətnlər hazırlamışdır.

Kitaba professor Kamran Məmmədov ədibin məqalələ­rini dərin elmi süzgəcdən keçirərək əsas məna və meylləri qabarıq göstərməklə, yazıçının üslubuna həmahəng olan bir üslubda böyük idraki mahiyyətli müqəddimə də yazmışdır.

Y.V.Çəmənzəminlinin şərh etdiyi və təhlilini verməyə çalışdığı məsələlərin əhatə dairəsi geniş və çoxşaxəlidir: mən­sub olduğu xalqın keçmişi və mübarizələrlə dolu dövrləri, folk­lor nümunələri və adətlər, Azərbaycan və rus klassiklərinin yara­­dıcılıqları, qadınların həyat şəraiti və maarifin vəziyyəti, mətbuat və dil məsələləri, gəzdiyi yerlərin xatirələrlə təsviri və bu kimi vətəndaşlıq məsuliyyəti tələb edən problemlər. Bütün bunlar şərti olaraq folklorşünaslıq, Azərbaycan və rus klassik­ləri, publisistik əsərləri, oçerkləri və xatirələrindən ibarət beş hissədə qruplaşdırılmışdır.

Y.V.Çəmənzəminlinin folklor nəzəriyyələrinə münasi­bəti, nağılları saf-çürük edən mülahizələri, xalq ədəbiyyatında­kı bəşəri təmayülləri ümumiləşdirməsi, vəsfi-hal, ağı kimi janr­ları təhlil etməsi, Azərbaycanda Zərdüşti adətləri diqqətlə nə­zər­dən keçirməsi onun geniş elmi biliyi və nəzəri səviyyəsi ilə sıx bağlıdır. Folklorşünaslıq məqalələri həm də müəllifin tədqi­qatçılıq səviyyəsinin yüksəkliyini şərtləndirən ədəbi amillərdir.

O, göstərir ki, «Nağıl xalq ədəbiyyatına məxsusdur. Xal­qın ruhunun, etiqadlarının məhsuludur». «Nağıl xalq ədəbiyya­tı­nın mühüm bir qismini təşkil eləyən hekayələrdir ki, çox vaxt zahirən xəyali göründüyü halda, dərin bir fəlsəfəyə istinad edir» və s.

Y.V.Çəmənzəminli yazırdı: «Nağıl və əfsanələr kimi za­man və məkan tanımayan xalq ədəbi nümunələrinə ehtiyatla yanaş­malıyıq. Bunlarda müəyyən tarixi etiqadların izi görünə bilər. Lakin tarixi şəxsiyyətlərin qondarılması sünidir». Məsə­lə­nin bu cür həlli tamamilə elmi qanunauyğunluq daşıyır. «Qan içində», «Studentlər» kimi məşhur əsərlərində tarixi obyektiv əks etdirməklə, tarixi şəxsiyyətlərin rolunu elmi dünyagörüşü baxımından tamamilə düzgün göstərən görkəmli yazıçı bu kom­po­nentləri xalq ədəbi nümunələrində də xüsusi hal kimi doğru səciyyələndirirdi.

Y.V.Çəmənzəminli klassiklər barəsində fikir söyləyəndə də qayğılı görünür. M.P.Vaqif, A.Bakıxanov, M.F.Axundov, Q.B.Zakir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Qoqol, Tur­ge­nev, Çexov, Qorki, L.Tolstoy, Puşkin və başqa görkəmli sənət­karlardan, onların yaradıcılıq meyllərindən danışan ədib həmişə onlardakı novatorluğu qabarıq göstərməyə səy edirdi. Onun bu sahədə olan ədəbi fəaliyyətinin öncül xəttində məhz təbliği mahiyyət dayanmışdır.

Yazıçı bədii yaracılığında tez-tez prototipli obrazlar axta­rı­şında olmuşdur. Real həyat adamlarının ədəbi aləmə gəli­şindən bəhs edən fikirlərini də o məhz məqalələrində söylə­miş­dir. Dostoyevski, M.F.Axundov, Ə.Haqverdiyev, Qoqol əsərlə­rin­dən gətirilən nümunələr əsasında ədib həyatdan bədii fikrə addımlayan qəhrəmanları diqqət mərkəzinə çəkir.

Y.V.Çəmənzəminli tarixiliklə yanaşı müasirlik axtarışla­rın­da da qabaqcıllardan idi. Bu baxımdan o, qadınlardan bəhs etdiyi məqalə və çıxışlarında onların həm keçmişini arayır, həm də müasir vəziyyətini göstərirdi.

Y.V.Çəmənzəminlinin «ay çini boşqab, çini kasa, çini dərdi çəkim. Hicranım artıq, sinnim uşaq, günü dərdi çəkim» kimi el sözlərindən istifadə edərək və ümumiyyətlə, şifahi xalq ədəbiyyatından gətirdiyi nümunələr əsasında qadınların halın­dan bəhs etməsi publisistikanın poetikası etibarilə də çox maraqlıdır.

Mətbuat məsələlərinə münasibətdə isə o, Cəlil Məmməd­qulu­zadənin yolu ilə gedərək demokratik mövqe tuturdu. Mətbua­tın həyatda geniş təsir qüvvəsini görən Y.V.Çəmənzə­minli qəzet və jurnalların müasir şəraitlə daha sıx bağlılığını istəyirdi: «Bizə varlığımız ilə həmişə mərbut olan məsələlərin müzakirəsi lazımdır».

Y.V.Çəmənzəminlinin həm bədii, həm də elmi fəaliy­yətin­də ümumi bir ənənə diqqəti cəlb edir. Onu bu şəkildə ifadə etmək olar: Y.V.Çəmənzəminli həmişə tarixilik və müas­ir­lik axtarışla­rında olmuş və bu axtarışlarla gələcəyə baxan sənət­kardır.


1978
1   ...   7   8   9   10   11   12   13   14   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə