Kamran əLİyev əDƏBİyyat tariXİNƏ Bİr baxiş baki – 2013 amea folkor İnstitutu Elmi Şurasının




Yüklə 2.34 Mb.
səhifə1/17
tarix23.02.2016
ölçüsü2.34 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_______________________________________________



KAMRAN ƏLİYEV

ƏDƏBİYYAT

TARİXİNƏ BİR BAXIŞ


BAKI – 2013
AMEA Folkor İnstitutu Elmi Şurasının

qərarı ilə nəşr olunur.
ELMİ REDAKTORU: İSA HƏBİBBƏYLİ

akademik
Kamran İmran oğlu Əliyev. Ədəbiyyat tarixinə bir baxiş. Bakı, “Elm və təhsil”, 2013, 302 səh.
Kitabda müəllifin X1X və XX əsrlərdə yaşayıb yaratmış Azərbaycan ədəbiyyatı tarixinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığına aid məqalələri toplanmışdır.

Ə 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013


© Folklor İnstitutu, 2013



XIX ƏSR AZƏRBAYCAN

ƏDƏBİYYATI
M.F.AXUNDOV VƏ GEOPOLİTİKA
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və fəlsəfi fikri ta­ri­xin­də M.F.Axundov indiyə qədər bütün tərəflərdən öyrənilmiş və tədqiq edilmişdir. Bu araşdırmalar müxtəlif dövrlərin məh­sulu olsa da, M.F.Axundovu işıqlı bir sima kimi təqdim etmək­dən ötrü araşdırıcılara həmişə münbit şə­rait olmuşdur. Çünki mütəfəkkir sənətkar rəsmi vəzifəsinə görə – Qafqaz canişinli­yinin səliqəli-sahmanlı əməkdaşı ki­mi, ədəbiyyatdakı novator­luğuna görə – bədii düşüncəyə yeni ideyalar, yeni janr və üslub gətirən sənətkar kimi, fəlsəfə tarixindəki həyati idrak üsuluna görə – şüurun və ma­te­riyanın növbələşməsinə yanaşmada ma­te­rialist kimi XIX əsrdə də, XX əsrin əvvəllərində də, sovet dö­nə­mində də haki­miyyət və cəmiyyətin əsas təbəqələri tərəfin­dən qəbul edilmişdir.

M.F.Axundov ətrafındakı mübahisələrin də, ona yö­nə­lən tənqidlərin də qeyri-adi mənzərəsi var. Əslində bu mübahisə və tənqidlərin bir qismi filosof və yazıçının möv­qeyindən asılı deyil, daha çox mübahisə və tənqid edənlərin yanaşmasından – yəni M.F.Axundovda axtardıqlarını görə bilməməkdən törə­yir­di. Bir qism mübahisə və tənqidlərin mənbəyi isə M.F.Axun­dovu müqayisə etmək üçün ona tərəf müqabili tapılmamasında idi. Çünki M.F.Axundov özündən sonra çoxlarına – N.B.Vəzi­rova, Ə.B.Haqverdiyevə, C.Məm­­mədquluzadəyə, C.Cabbarlıya sələf ola bildiyi halda, onun özünün sələfi yox idi.

İndi burada ciddi bir məsələyə diqqət yetirməyə böyük ehtiyac var. Əslində M.F.Axundovun iki əsrə yaxın müd­dət­də mütaliə edilməsi və öyrənilməsi canişinlikdən – rəs­miyyətdən kənar M.F.Axundovun mütaliəsi və tədqiqi de­məkdir. «A.S.Puş­­kinin ölümünə Şərq poeması»nın elmi-nəzəri təhlili, Puşkini Lomonosov, Derjavin, Karamzinlə mü­qayisə edib onun «günəş» adlandırılması faktının qabar­dılması M.F.Axundovun Puşkinə sevgisinin, dueldə öldürü­lən Puşkinin Axundov tərə­fin­dən yenidən dirildilməsinin təhlili deməkdir. Azərbaycan ədə­biy­yatı tarixində və ümu­miyyətlə Şərqdə yaranan ilk kome­diyaların bədii-sənətkar­lıq məziyyətlərinin araşdırılması Molla İbrahimxəlil kimya­gərə və dərviş Məstəli şaha – iksirə və ca­duya inanan avam müsəlmana Axundov yanğısının, Lənkə­ran xanlığının və Heydər bəyin maddi-mənəvi iflasına, xan və bəy­liyin süqu­tuna Axundov təəssüfünün üzə çıxarılması de­mək­dir. «Kə­ma­lüddövlə məktubları»nın bir-bir açılıb oxunması Axun­dovun despota qarşı hiddət və qəzəbini görmək deməkdir. Am­ma bunların hamısı – sevgi, yanğı, təəssüf, qəzəb də za­hiri tel­lər­lə canişinliyə bağlansa da, canişinlikdən – rəsmiy­yətdən kə­nar M.F.Axundovun sevgisi, yanğısı, təəssüfü və qəzəbi idi.

Bəs canişinlikdəki M.F.Axundov kimdir? Bəs ömrü­nün 44 ilini rəsmi dairədə keçirən M.F.Axundovu düşün­dürən ən ciddi problem nə idi?

Bu suallara hərtərəfli və elmi cavab verməkdən ötrü M.F.Axundovun geopolitik düşüncələrini öyrənməyə böyük ehtiyac var. Elə buradaca bir məsələni qabarıq şəkildə qeyd etmək lazımdır ki, «M.F.Axundov və geopolitika» proble­minin öyrənilməsi indi siyasət aləmində kifayət qədər dəbdə olan «geopolitika» termini ilə bağlı deyil. Hərgah belə olsaydı, sa­dəcə, problemin aktuallığından söz açmaq, ona ötəri bir nəzər yetirmək də bəs edərdi. Lakin məsələ bura­sın­dadır ki, M.F.Axun­­dovun geopolitik görüşləri «geopo­litika» termininin özündən xeyli öncə, eyni zamanda, təbii şəkildə intişar tapıb formalaşmışdır.

Bu təbiiliyin kökü haradadır?

XIX əsrə qədər, yəni M.F.Axundov zamanına qədər coğrafi biliklərin genişlənməsi ilə bağlı xeyli işlər görülmüş, bir çox coğrafi kəşflər heyrətlə qarşılanmış və bütün bun­la­rın bitib-tükənməz olması inamı qəti şəkildə formalaş­mış­dır. Dün­ya siyasətçiləri də coğrafiyanın siyasətlə əlaqəsinə vaxt ayır­mağa, nədənsə, tələsməmişdilər. Lakin XIX əsrin əvvəllərindən başlayaraq qabaqcıl və inkişaf etmiş ölkələrdə geopolitik şüu­run formalaşmasına doğru ilkin addımlar atı­lırdı. Müxtəlif ölkə­lərdə müstəqil coğrafiya cəmiyyətlərinin yaranması məhz belə addımlardan idi. Coğrafiya cəmiyyət­ləri 1821-ci ildə Parisdə, 1828-ci ildə Berlində, 1830-cu ildə Londonda, 1852-ci ildə Nyu-Yorkda, 1856-cı ildə Vyanada, 1867-ci ildə Romada, 1876-cı ildə Madriddə təsis edildi. Rusiyada isə belə bir cəmiyyət artıq 1845-ci ildən yaradılmış və hətta Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi də açıl­mış­dı. Məsələ burasındadır ki, M.F.Axundov bu cəmiyyətin Qafqaz şöbəsinin üzvü seçil­miş və daha fəal işə başlayaraq Adolf Berjenin rəhbərliyi altında hazırlanan «Qafqaz Arxe­loq­rafiya Komissiyası» məc­muə­lərinin tərtibçisi və tərcü­mə­çilərindən olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Almani­yada 1852-ci ildə çap edilən məqalələrin birində M.F.Axun­dovun rus Coğrafiya cəmiyyə­tinin Qafqaz şöbəsinin üzvü olması xüsusilə qeyd edilir. Beləliklə, M.F.Axundovun bu fəaliyyət dairəsi və canişinlikdə tanış olduğu bir sıra məxfi və qeyri-məxfi materiallar istər-istəməz onun geopolitik düşüncələrinin meydana çıxmasına təkan vermişdir.

Unutmaq lazım deyildir ki, M.F.Axundov dünya ha­di­sələ­rinə geopolitik münasibətini rəsmi formada ifadə edə bil­məzdi, çünki onun tutduğu vəzifə və rütbələr buna qətiy­yən imkan vermirdi. Başqa sözlə, o, general Vorontsov qar­şı­sında rəsmi çıxış və bəyanatlardan məhrum idi. Bu məsə­lədə yalnız milli mövqedən yanaşmaq işi M.F.Axundovun öhdəsində qalır­dı. M.F.Axundov da bu öhdəliyi həyata ke­çir­mək üçün öz janrını tapmalıydı. Poema, komediya, po­vest, məktub janrları bax beləcə rəsmi janrlara alternativ kimi yarandı.

M.F.Axundovu ilk növbədə Qafqazın geopolitik möv­qe­yi düşündürürdü. Əvvələn, o, 1834-cü ildə Rusiyanın Tif­lis­dəki baş hakimi cənab Rozenin yanında mütərcim, 1844-cı ildə Qafqaz canişinliyi təsis edildikdən sonra vaxtilə Puş­kinin də yaxşı tanı­dığı Vorontsovun rəhbərliyi altında işlə­yirdi və Rusiyanın Qaf­qaza geopolitik marağının səbəblə­ri­ni az-çox bilirdi. İkinci tərəf­dən «Qafqaz» anlayışı artıq 1837-ci ildən «Şərq poeması» yazı­landan onun bədii sözlü­yü­nə daxil olmuşdu. Həmin poemanın sonluğu belə qurta­rırdı:

Ey Səbuhi, qoca Qafqazda bitən gülləri dər,

Yaralı şeirinə qat, Puşkinə göndər, göndər!

Burada Puşkinin «Qafqaz», «Qafqaz əsiri» əsərlərinə və Puşkinin, geniş mənada Rusiyanın Qafqaza olan siyasi mara­ğına da işarə edilirdi. Hətta M.F.Axundovun 1854-cü ildə işti­rak­çısı olduğu Rus-Osmanlı müharibəsindən aldığı təəssüratla Zakirə yazdığı məktubunda «Doğmamış Qaf­qaz­da analar qorxaq» misrası ilə qafqazlı cəsarəti də nüma­yiş etdirilirdi. Lakin bütün bunlara baxmayaraq, Qafqazın geo­politikada müs­tə­qil siyasi aktyor kimi çıxış edəcəyinə M.F.Axundovun inamı çox az idi. Çünki Şeyx Şamilin rəhbərliyi ilə 1835-ci ildən baş­la­yan azadlıq hərəkatı gün-gün­dən güclənməkdə davam edirdi. Lakin bir növ M.F.Axun­dovun gözləri qarşısında bu hərəkat özünə kifa­yət qədər tərəfdarlar toplaya bilmirdi. Hətta bununla bağlı faciəli bir məqam M.F.Axundov tərəfindən «Sərgüzəşti-mər­di-xəsis» komediyasındakı Heydər bəyin dili ilə bəyan edilirdi. Yəni qaçaqmal gətirərkən tutulan Heydər bəy na­çal­nikə üz tutub deyirdi: «Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qa­bağında yuyam». Buradan aydın olur ki, o zaman Azər­baycan cəmiyyə­tin­də Qafqazın müdafiəsinə qalxmaq istə­yən­lərdən çox, günah­larını yumaq üçün Qafqaza qarşı vu­ruşa atılmağa hazırlaşanlar daha üzdəydi. Hacı Qara ki­mi­lər isə «padşah gümrüyünə ildə əlli tümən xeyir verməklə» öz başlarının hayında idilər.

İkincisi, Qafqazda yenicə məskunlaşan Mkrtıç və Ara­keller məqsədli şəkildə Qafqazın daxili bütövlüyünə əngəl törə­dir­dilər. Necə ki Hacı Qara üzünü onlara tutub qəzəblə deyirdi: «Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtar­maz!» Deməli, Rusiya hələ Qafqaz yuxuda ikən Mkrtç və Arakelleri bu böl­gə­də yerləşdirməklə Qafqaza dair öz geo­po­litik maraqlarını təmin etmişdi.

M.F.Axundova görə hər iki amil – həmrəyliyin forma­laş­ma­ması və əngəl törədən qüvvələrin fəallığı geopolitikada Qafqazın müstəqil çıxış etmək ehtiyatlarını tam tükən­dir­mişdi. Bu ehtiyatların yenidən bərpa olunacağı isə sual altında idi.

M.F.Axundovu maraqlandıran ikinci bir geopolitik müs­tə­vi özünü bərpa edə bilərdimi? Düzünə qalsa, bu barədə M.F.Axundovun qəlbinə bir nostalji və bədbinlik hakim idi.

Əvvəlcə onu qeyd edək ki, Qızılbaş-Osmanlı dilemma­sı­nın aydın cizgiləri M.F.Axundovun 1852-ci ildə qələmə al­dığı «Sərgüzəşti-mərdi-xəsis» komediyasında Heydər bəyin dili ilə verilmişdi. O, öz monoloqunda təəssüf hissi ilə de­yirdi: «İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur. Nə Qızılbaş döyüşü var, nə da Osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların də­lik-deyişindən çıxartsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək».

Hanı Qızılbaş və Osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı?»

Cavanşir nəslindən olan Heydər bəy özünə bab mey­dan tapa bilmir. Don Kixot dəyirmanla üz-üzə qaldığı kimi, Heydər bəy də ona bənzər bir vəziyyətdə yaşayır. Lakin Hey­dər bəyin sözləri sübut edir ki, M.F.Axundov İran və Tu­ran müstəvisində Qızılbaş və Osmanlı etnoslarını görürdü.

Cəmisi bir il sonra, yəni 1853-cü ildə M.F.Axundov «Qaf­qaz» qəzetində «1618-ci ildə Bağdad yaxınlığında Tür­kiyə ordusunun vəziyyəti» adlı məqaləsini çap etdirir. Bura­da Mə­həm­məd Xudabəndi dövründə Səfəvi hakimiyyətinin zəiflə­məsi, Şah Abbasın hakimiyyət nüfuzunu yenidən qay­tar­ması məsələlərindən söhbət açılır. M.F.Axundov Şah Ab­basın «cə­sa­rətli olmasını, işdə cəld tərpənməsini, əlverişli cəbhələr seç­mə­sini» təqdir edir və onu «fitrən partizan müharibəsi sərkər­dəsi» adlandırır. Yazıçı bu məqalədə «türk ordusu rəislərindən olan, sadəlik və həqiqəti sevən bir tür­kün İstanbula, öz dostuna yazdığı məktub» üzərində daha geniş dayanır. Qızılbaş-Osman­lı döyüşlərinin geniş mənzə­rəsi barədə canlı təəssürat yaradır.

M.f.Axundov 1857-ci ildə yazdığı «Aldanmış kəva­kib» povestində bu məsələlərə yenidən qayıdır. Povestin başqa bir adı «Hekayəti-Yusif şah» olsa da, əslində bura­dakı hadisələr şah Abbasın ətrafında cərəyan edir. Povestdə Sərdar Zaman xan Bəkir paşa Dəmirçioğlunun sərkərdəliyi ilə taifeyi-Osma­niy­yənin Azərbaycana hücumundan və bu hücumun qarşısını «yolları pozmaq və körpüləri yıxmaq» vasitəsi ilə alınmasından bəlağətlə danışır.

Bütün bunlar M.F.Axundova aydın olduğu kimi, o, Qızıl­baş – Osmanlı müstəvisinin geopolitik sistemdə arxaik­ləşdiyini də başa düşürdü. Bu müstəvinin yenidən bərpa oluna bilmə­yə­cəyi fikri də M.F.Axundova tam aydın idi. Nəyə görə?

Birincisi, böyük Azərbaycan dövləti xanlıqlara parça­lan­mış, Araz çayı sərhəd olaraq iki yerə bölünmüş, sanki püşka­tma ilə Araz çayının şimal və cənubuna düşən xanlıqlar da XIX əsrin lap əvvəllərindən əriyib yox olmağa başlamışdı. Mirzə Fə­təli Axundovun «Hekayəti-vəziri-xani-Lənkəran» komediya­sın­dakı əhvalatların «əlli il bundan ərdəmə» - 1800-1801-ci illərə köçürülməsi də çar üsuli – ida­rə­sindən qorxmağın nəticə­si deyildi, əslində məhz bu həqi­qətlə bağlı idi.

İkincisi, Qızılbaş və Osmanlı müstəvisinin əvəzində, İran-Rusiya, Osmanlı-Rusiya müharibələrini özünə hopdu­ran yeni geopolitik sistem formalaşmışdı. Həmin parçalan­ma­ya da fəaliyyətə düşmüş bu sistemin nəticəsi kimi bax­maq olardı.

Bütün bunlar əldən çıxandan sonra M.F.Axundov din üzərində fəlsəfi araşdırmalara başlayır. Gəlin əvvəlcədən etiraf edək ki, M.F.Axundov allahsız deyildi. O, «Zəmanə­dən şika­yət» şeirində «qaza həqdən gətirmişdir» sözlərini işlədir. «A.S.Puş­kinin ölümünə Şərq poeması» əsərində «Dostumuz get­di o dünyaya, kömək et, allah!» - misrasını yazır. Bir təcnisində «ya rəb» müraciəti aydın görünür. Mü­xəm­məsində «tərsa qızı» və Məşhadan danışılır. Zakirə mək­tubunda epi­tet­lərdən biri «qibləgah»dır. Cəfərqulu xana yazdığı şeirlərin bi­rində mollaların Qurana etinasız­lığından və qiyamət günündən bəhs edilir.

M.F.Axundovun dinə dair fəlsəfi görüşləri geopolitikanın klassik qarşıdurması – müsəlman və kafir, islam və xristian ətrafındadır. Bu baxımdan mütəfəkkir şəxsiyyət 1868-ci ildə yazdığı «Həkimi – ingilis Yuma cavab»ın­da müsəlman alim­lə­rindən narazıdır: «Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsə­ləni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir.

Məsələ budur:

Hər varlığa səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bir kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır».

M.F.Axundovun şəriətlə davası var idi. O, 1875-ci ildə Mirzə Yusif xan cənablarına yazdığı məktubunda («Yek kəlmə haqqında») «bütpərəstlərdən və müşriklərdən qul və kəndlər alıb-satmağa» qarşı çıxırdı. Avropada isə «Tövratın fitvasına» baxmayaraq, bu alqı-satqı dayandırılıb. Hətta bu barədə «Rus dövləti də bu yaxın zamanlarda Xivədə özbək tayfası ilə bir şərt bağlayıbdır». M.F.Axundov bir fikri də qəti söyləyirdi ki, «Mən oruc tutmuram, namaz qılmıram, mənə cəza vermək allahın işidir, şəriət nə üçün mənə hədd vursun və mənim haqqımda əzab və cəzanı, hətta ölümü belə rəva görsün?».

M.F.Axundov «Con Stüart milli azadlıq haqqında» mə­qa­ləsində dində və qanunlarda olan məcburi hökmlərin əley­hinə çıxırdı. O yazırdı ki, «Hindistan brəhmənlərinin və Musa dininin peyrəviləri və Çin dövlət qanunlarına bağlı olanlar dəyirman atları kimidirlər ki, dinlərin və qanunların meydana çıxdığını tarixdən bu günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir… Avropa əhalisi də papaların təsəl­lütü və katolik məzhəbinin şiddəti nəticəsində miladi tarixin ortasına qədər yuxarıda zikr olunan biçarələr kimi idi».

Eyni zamanda, müsəlman Şərqində mövcud olan təriqət­lər, bu mənada M.F.Axundovun «Babilik əqidələri» məqaləsi də dinə söykənən geopolitik sistemin dirçəlməsini mümkünsüz edirdi. Kəmalüddövlənin «Mən külli-ədyanı puç və əfsanə hesab edirəm» deməsi də M.F.Axundov qəzəbinin nəticəsi idi.

M.F.Axundov orta əsrlər intişar tapmış quru və su dilem­masına əsaslanan və ən ali geopolitik prinsipi də nəzərdən qaçır­mamışdır. Xatırladaq ki, onun «Yeni dünyanı fəth edən Xristofor Kolumbun tarixi» adlı tərcümə materialında bu məsələ geniş yer tapmışdır. Orada su və torpağa hakim olmaq ehtirası yeni dünya düzəninin əsası kimi verilmişdir. Mətndə deyilir ki, Portuqaliya şahzadəsi Henrix yəqin etdi ki, «dəniz üzərindən səfər etdikdə Afrikanı keçib Hindistana çatmaq və Afrika qitəsinin bütün sahillərini kəşf etmək mümkün olacaq­dır. Bu səfərdən böyük qazanclar əldə etmək və öz vətəni olan Portuqaliyanı naməlum yerlərin məhsulu ilə doldurmaq müm­kün olacaqdır».

«Kəmalüddövlə məktubları»nın birinci məktubu da belə başlayır: «Ey mənim əziz dostum Cəlalüddövlə, axır sözünə baxdım, ingilis və firəng və Yengi-Dünya səfirindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam. «Ciyərim kabab oldu». Cəlalüddövlənin su və qurunu müqayisə etmək təfəkkürünün nəticəsidir ki, İran geri qalmış, dünya siyasətin­dən bir növ çıxmış ölkə təsiri bağışlayır.

M.F.Axundov dəryanın fəth olunmasının nə qədər böyük əhəmiyyətə malik olduğunu yaxşı bilirdi və Zakirə məktubunda İngiltərəni «dəryada nəhəng» adlandırırdı.

Lakin bu məsələdə də M.F.Axundov Azərbaycanın geo­po­litik müstəvidə yer tutmasına şübhə ilə yanaşırdı. Burada əsas səbəb müsəlman ətaləti və geriliyi idi. Hətta onun qəhrə­man­ları da su məsələsində elə bir çeviklik göstərə bilmirlər. Necə ki «Hacı Qara» komediyasında Hacı Qara Araz çayına düşərək boğulmaq təhlükəsi qarşısında qalır, Lənkəran xanın vəziri isə «dərya üzündə seyrə çıxır və batır».

M.F.Axundov Azərbaycanı geopolitik müstəviyə çıxara biləcək şəxsiyyətlər də görə bilmirdi. Nəsrəddin şahdan isə heç nə gözləmək olmazdı. Axundova görə bunun üçün Rusiyada islahatlar müəllifi olan Boris Qadunov, İngiltərədə burjua döv­lə­tini möhkəmləndirən Palmertsen, Prussiyada və Almaniyada mərkəzləşmiş dövlət yaradan I Vilhelm və Bismark, İtaliyanın xalq qəhrəmanı Haribaldi, Fransada burjua quruluşunun fəal iştirakçısı V.Adolf Tyer, ABŞ vətəndaş müharibəsindən qalib çıxaran Linkoln kimi şəxsiyyət olmalıdır.

M.F.Axundovun geopolitik görüşləri ədəbi-elmi müba­hisə­lərin mərkəzi problemlərindən olan Axundovun Füzuliyə münasibətinə də aydınlıq gətirir. Belə ki, M.F.Axundov «Nəzm və nəsr haqqında»» məqaləsində yazır: «Füzuli şair deyil və xəya­lında əsla təsir yoxdur; ancaq nazimi – ustaddır». Qəri­bədir ki, o, Füzuli ilə müqayisədə Firdovsi və Nizamini şair hesab edir, onlara yüksək qiymət verir. Əsil həqiqət budur ki, Firdovsi və Nizami yaradıcılığında geopolitik düşüncə imkan­ları genişdir. İnsanın mənəvi dünyasının və insanın Tanrıya doğru yüksəlişini inikas etdirən Füzuli isə dünyaya geopolitik baxışdan tam uzaqdır. O yalnız bircə dəfə Şah İsmayıl Xətayinin adını tutduğu «Bəngü Badə» əsərində bu məsələyə yaxınlaşmış, lakin alleqorik örtük bu yaxınlaşmanı da alt-üst etmişdir. Bəs onda nə etmək lazımdır?

M.F.Axundovun «Yeni əlifbanı işə salmaq» cəhdləri yalnız əlifba məsələsi deyildi. O, əlifbanı hərfən dəyişməklə bərabər ona daha geniş mənada yanaşırdı və hər şeyi yenidən əlifbadan başlamağı nəzərdə tuturdu.

Bəs geopolitik sistem üçün Axundov nə təklif edirdi?

M.F.Axundov aydınca görürdü ki, Qriboyedov, Puşkin, Lermontov Şərqə doğru gəlirlər, onların ardınca Rusiya tələsir. Bayron və ingilis tacirləri Şərqə yol alırlar, onların ardınca İngiltərə addımlayır. Aleksandr Düma və fransız orientalistləri Şərqi ələk-vələk edirlər, onların izi ilə Fransa hərəkətə başlayır. Bodenştedt Şərq nəğmələrini mənimsəyir və sonra Almaniya Napoleonun dərslərindən ibrət götürməyib Şərqə yeriyir.

Axundovun əsərlərində də belə bir mənzərə müşahidə olunur. Müsyo Jordan həkim-nəbatat, Frans Fok, kazaklar artıq Azərbaycanda – Şərqdədirlər. Kəmalüddövlə Avropanı gəzib İrana-Şərqə qərbli kimi qayıdır.

Məsələ aydındır: Şərq Qərbə doğru hərəkət etməlidir! – Axundovun geopolitik sistemində aparıcı deviz budur.

HACI QARA OBRAZI

«TƏMSİLAT»IN BƏDİİ SİSTEMİNDƏ
Bizim elmi ədəbiyyatşünaslıqda M.F.Axundovu filosof kimi, tənqidçi kimi, yazıçı və dramaturq kimi öyrənərkən, onu bütün hallarda yeni ədəbiyyatın banisi hesab etmişlər. Böyük şəxsiyyətlər yalnız öz taleləri üçün deyil, özündən sonra gələn bir çox nəsillər üçün də düşünməyə, hərəkət etməyə geniş imkanlar açırlar. Axundov da belədir. Hətta bəzən Tiflis cani­şin­liyindəki xidmətində xalqın taleyinə yönə­lən yanğıya qiymət vermək Axundovun vətəndaşlıq təəssü­bünü göstərmək məna­sın­da deyil, bizim ədəbiyyatşünasların özlərinin vətəndaşlıq axta­rı­cılığı ilə bağlı olmuşdur. Tərcü­məçi Axundovun fəaliyyə­tinə qara yaxmaq niyyəti də əslində bir çox tənqidçilərin uzun illər boyu gizli qalan duyğularını təzahür etdirir. Hər iki halda M.F.Axundov böyükdür: bi­rincidə vətəndaş tərbiyə edir, ikin­cidə öz müasirlərinin bugünkü bir çox xələflərinin maskasını yırtır.

M.F.Axundovun həyatı kimi, müxtəlif yolları, keçidləri olan sənəti də həmişə maraq doğurmuşdur. Nə qədər qəribə olsa da, Axundovun bədii yaradıcılığının hər mərhələsinin öz janr ölçüsü var. 1850-55-ci illər Axundov ömrü komediyalara bağlı ömürdür. 1857-ci ildə «Aldanmış kəvakib» – yeni nəsr əsəri meydana çıxır. 1857-63-cü illər əlifba uğrunda mübari­zə­nin qızğın illəridir. 1863-cü ildə İstanbuldakı əlifba ilə bağlı uğur­suzluq Axundovun yeni addım atmasına təkan verir. 1863-65-ci illərdə «Kəmalüddövlə məktubları» fəlsəfi traktarı yara­nır. Beləliklə, hər bir janr Axundov yaradıcılığında tam mərhə­lə­sini keçirəndən, ömrünü başa vurandan sonra yeni janr dün­ya­ya gəlir. Poeziyada isə bu yaradıcılıq qanununun pozul­ması onun özünün həyatı ilə bağlı məqamlarda mümkün olmuşdur.

Bədii yaradıcılığın belə bir sirli-sehrli əlaməti Axundov sənətinin bir çox cəhətlərinin hələ öyrənilmədiyinə tam əsas verir. Çünki təkcə dramaturq kimi onun yaradıcılığında elə qatlar vardır ki, onlar Axundova münasibətdə yeni ədəbi nəsillərin formalaşmasını gözləyir. Bu mənada sadə bir suala cavab verək: Hacı Qara obrazı necə yaranmışdır?

«Hacı Qara» pyesi dramaturqun sonuncu pyeslərindən olduğu üçün əvvəlki əsərlərində rast gəlinən bəzi bədii forma­lar bitkinləşmişdir. Məsələn, «Kimyagər» əsərində Molla Hə­mid nuxuluları belə qarşılayır: «Əleyküm-salam. Xoş gəlib­si­niz, səfa gətiribsiniz. Buyurun çadıra, əyləşin, rahat olun». /s. 29/. Hacı Qara isə bəyləri belə qarşılayır: «Vəəleyküməssalam. Hacı belə sizin qadanızı alsın. Buyurun içəri, əyləşin. /Bəylər dükana girib otururlar/. Xoş gəldiniz, ağrınızı alım, səfa gətir­diniz. Bu dükan sizə peşkəşdir. Çübüqmü çəkirsiniz, qəlyanmı istəyirsiniz?» /s. 134/.

Göründüyü kimi, qonaq qəbul etmədə Hacı Qara eynən Molla Həmiddir, ancaq Hacı Qara ondan çox təcrübəlidir. Necə deyərlər, Mola Həmid dilini bir az da şirinləşdirib, müəyyən qədər təcrübə qazanıb Hacı Qaraya çevrilib.

Yenə «Kimyagər» əsərində Məşədi Cabbar tacir deyir: «Molla mənim özümün pulum var, amma tamam nisyədir. Tezliklə ələ gətirmək çox çətindir. Əgər mümkün olur isə, mə­nim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun.



Hacı Kərim Zərgər. Min manat da mənim üçün al, evi­mi girov verirəm.

Ağa Zaman Həkim. Min manat da mənim üçün al, kəndim girov olsun» /s. 24/.

Bütün bunlar «Hacı Qara» əsərində ayrı-ayrı bəylərin dilindən deyil, yalnız Əsgər bəyin dilindən deyilir: «Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara ağcabədilidən ki, sövdəgər və dövlətli kişidir, pul götürrük, gedərik, mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar» /s. 127/.

Tam aydın görünür ki, hər iki dialoqda fikir eyniliyi var­dır. Lakin «Hacı Qara»da ifadənin bitkin forması tapılmışdır. Bu forma Hacı Qaranın özünü də Hacı Rəhimdən qabarıq verməyə imkan yaratmışdır, yəni diqqəti toplamış və istiqa­mət­ləndirmişdir.

Hacı Qaranın xəsisliyinin birbaşa ifadəsi də müəyyən bədii mənbəyə söykənir. Aydındır ki, Tükəz ərinin xəsisliyini «uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən?» /s. 139/ fikri ilə səciyyələndirir. Hacı Qara da öz xəsisliyi barədə o qədər pis demir: «Mən həmişə özüm atama Quran oxuyuram. Pul ilə mən ömrümdə Quran oxutduğum yoxdur» /s. 134/. Amma bu təqdimatlar Ziba xanımın Vəzirə dediyi aşağıdakı fikrə borcludur: «Bacını mənə tanıdırsan?» Sənin bacın xəsis­lik­dən pəniri şüşəyə qoyub çöldən əppək batırır» /s. 102/.

Hacı Qaranın bir çox xarakterik xüsusiyyətlərinin forma­laş­ması isə «Xırs quldurbasan» komediyası ilə bağlıdır. M.F.Axundovun «Hekayəti-xırs quldurbasan» əsərini «Hacı Qara» komediyasının yaranması üçün baş məşq də hesab etmək olar. Uzun müddət «Xırs quldurbasan» əsərinin «Vəziri-xani-Lənkəran» əsərindən sonra və «Hacı Qara»dan əvvəl yazıl­ma­sını iddia edənlər və Axundovun bəzi əsərlərinin nəşrində bu ardıcıllığı qoruyanlar çox güman ki, indiyə qədər xüsusi tədqiq olunmamış həmin gizli sirrə əsaslanmışlar.

«Xırs quldurbasan» komediyasından belə bir səhnəni xatırlayaq:

«Tarverdi. Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə heç bir yaraq yoxdur. Bilirəm necə edim. Yaraq üçün evə getsəm atam duyacaqdır.

Namaz. Evə niyə gedirsən? Mənim qılıncımı, tüfəngimi, tapançamı götür, xançal da öz belində var. Qoy mən səni geyindirim, yaraqlandırım. /Başlayır yaraqları onun üstünə taxmağa/.

  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə