İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ MÖVzu. Ətraf müHİTİn müdafiƏSİNİn və TƏBİƏTDƏN İSTİfadəNİn hüquqi TƏNZİMLƏNMƏSİ




Yüklə 1.47 Mb.
səhifə2/14
tarix23.02.2016
ölçüsü1.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Bank fəaliyyətinin mənbəyi hesab edilən qanunvericilik aktları.

Bank hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar hüququn “çevik” olması ilə əlaqədar olaraq daima yeniləşir. Azərbaycanda bank hüququnun mənbələrinə aşağıdakılar aiddir:

  • Azərbaycan Respublikasının Konstitusiyası;

  • Azərbaycan Respublikasının ’’Banklar haqqında’’ qanunu;

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

  • ’’Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında’’ və ’’Kredit İttifaqları haqqında’’ Azərbaycan Respublikası qanunları;

  • Mərkəzi Bankın yuxarıda qeyd olunan NHA-ra müvafiq olaraq qəbul edilmiş normativ aktları;

  • Azərbaycan Respublikasının digər normativ hüquqi aktları;

  • habelə Azərbaycan Respublikasının tərəfdar cıxdıgı beynəlxalq müqavilələr.

Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.

Ümumiyyətlə Azərbaycanda bank hüququn inkişafı tarixi 1991-ci 18 oktyabrda dövlət müstəqilliyinin əldə edilməsindən bir qədər öncə başlanmışdır. Belə ki, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun ’’Bank sistemi və pul tədavülü’’ adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə edirdi. Azərbaycanda müstəqil bank sisteminin və Mərkəzi pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı həmin maddə Mərkəzi Bankın da statusunu və səlahiyyətlərini müəyyən etmişdir. Belə ki, Mərkəzi Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir. Bununla belə həmin dövrdə Mərkəzi Bank hələlik yaradılmamışdı. Eyni zamanda ’’Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikasının 1991-ci il 8 oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən olunurdu. Məhz bu Qanuna əsasən, habelə yuxarıda qeyd edilən Konstitusiya Qanununa uyğun olaraq ’’Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılması haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır.

1992-ci ildə ’’Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında’’ və ’’Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında’’ qanunların qəbul olunması ilə bank sisteminin ilkin nisbətən əhatəli hüquqi-normativ bazasının əsası yaradılmışdır. Daha dəqiq desək, 1992-ci il 7 avqust tarixdə ’’Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında’’ Azərbaycan Respublikası Qanunu ilə yanaşı ’’Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında’’ Qanun da qəbul olunmuşdur. Həmin ayın 15-də Azərbaycan Respublikasının Mərkəzi valyutası – manat tədavülə buraxılmışdır (rublla bərabər). 1992-ci il 1 dekabr tarixdə isə Azərbaycan Respublikasının Mərkəzi Məclisi "Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir. Bank işi üçün əhəmiyyətli dərəcədə vacib olan bu qanunvericilik aktları Mərkəzi bank hüququnun təməlini qoymuş və bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına şərait yaratmışdır. Sözügedən aktlarda Mərkəzi Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edilmişdir. Eyni zamanda Mərkəzi Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir.

1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu. 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin İİ bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Mərkəzi Banka mənsub olması bir daha təsdiq edilmişdir. Eyni zamanda həmin bənddə Mərkəzi Bankın dövlətin müstəsna mülkiyyətində olması da təsbit edilmişdir. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeniliklər zəruri idi.

Buna görə də, 1996-cı il 10 iyun tarixdə ’’Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında’’, 14 iyun tarixdə isə ’’Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında’’ qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına və etibarlı kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. Belə ki, Mərkəzi Bank haqqında müvafiq qanunda onun əsas funksiyalarından biri olan dövlətin pul-kredit siyasətinin həyata keçirilməsi vasitələri və metodları göstərilmişdir. Burada sərbəst bazarda əməliyyatların aparılması, valyuta bazarına müdaxiləsi, bank əməliyyatlarının məhdudlaşdırılması və s. tədbirlər nəzərdə tutulmuşdur. Mərkəzi Bank tərəfindən bank sektorunun tənzimlənməsi məqsədilə istifadə edilən inzibati alətlər tədricən prudensial nəzarətlə əvəz edildi. Bankların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın beynəlxalq standartlaşdırılması istiqamətində tədbirlərə başlandı və iqtisadi normativlərin məzmunu ardıcıl olaraq sərtləşdirildi. Prudensial dedikdə, bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.

16 yanvar 2004-cü ildə Banklar Haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-cı il 14 iyun tarixli ’’Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında’’ Azərbaycan Respublikasının qanunu və 1995-ci il 19 yanvar tarixli ’’Bank sirrinin qorunması Qaydaları’’nın təsdiq edilməsi haqqında’’ Azərbaycan Respublikası Mərkəzi Məclisinin qərarı qüvvədən düşdü.

Banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər

Nəzəriyyəyə əsasən hesablaşma sahəsində yayılmış bank fəaliyyətinə aşağıdakıları aid etmək olar:



  • Ödəniş və ya vəsaitlərin köçürülməsi mexanizminin təmini;

  • Beynəlxalq hesablaşmalarının həyata keçirilməsi ilə əlaqədar xüsusi bank xidmətlərinin təqdim edilməsi.

Sovet hüquq nəzəriyyəsində isə hesablaşmalar aşağıdakı kimi müəyyən olunmuşdur: ’’Hesablaşmalar maliyyə və mülki hüquq normaları ilə nizamlanan, hüquqi şəxslər arasında mallar və xidmətlərin mübadiləsində yaranan ictimai-iqtisadi münasibətlər sistemidir’’. Bu institutu bəzi alimlər iqtisadi kateqoriyaya aid edirlər, digərləri isə texnoloji amillərlə əlaqələndirirlər. Qanunvericilik normalarına istinadən bank hesablaşmalarının ümumi hüquqi rejimini müəyyən etmək olar. ’’Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar və Pul Köçürmələri Haqqında’’ 2002-ci il 16 oktyabr tarixli təlimatda nağdsız hesablaşmaya pul nişalnarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödəniş kimi müəyyən edilmişdir. Burada pul nişanı kimi hər hansı maddi formaya malik olan pullar nəzərdə tutulur. Həmin anlayışda istifadə olunan ödəniş sənədi barədə qeyd etdiyimiz təlimatın 1.2.2-ci maddəsində öz əksini tapmışdır. Ödəniş sənədi-nağdsız qaydada pul vəsaitinin bank vasitəsilə ödənilməsi barədə yazılı şəkildə kağız üzərində və ya elektron formada rəsmləşdirilən sərəncamdır. Deyilənləri yekunlaşdıraraq nağdsız hesablaşmalara belə bir tərif vermək olar: Nağdsız hesablaşmalar – pul nişanlarından istifadə etmədən nağdsız qaydada pul vəsaitinin bank vasitəsilə ödənilməsi barədə yazılı şəkildə kağız üzərində və ya elektron formada rəsmləşdirilən sərəncam ilə həyata keçirilən ödənişdir.

Bu anlayışdan nəticə çıxartmaq olar ki, hesablaşma özü ödənişdir. Yəni, hər bir hesablaşmanın sonu müəyyən ödənişlə nəticələnir. Lakin yuxarıda qeyd etdiyim tərif yalnız bank hesabı vasitəsilə aparılan hesablaşmalara aiddir. Qanunvericiliyə uyğun olaraq təcrübədə bank hesabı açmadan da həyata keçirilən hesablaşmalar mövcuddur. Məsələn, ’’Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar və Pul Köçürmələri Haqqında’’ 2002-ci il 16 oktyabr təlimatının 1.2.3-cü maddəsində pul köçürməsi barədə məlumat vardır və bank hesabı açmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödəniş kimi müəyyən olunmuşdur.




  1. Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusu.

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun Mərkəzi Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını,  dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən etmiş, Mərkəzi Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur. Qanun lahiyəsi 12 fəsil və 66 maddədən ibarətdir. Öz növbəsində bu qanuna da müəyyən redaktələr, daha dəqiq ifadə etsək 2007-ci ildə 17 aprel, 9 oktyabr və 6 noyabr olmaq üzərə dəyişikliklər edilmişdir. Bu qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir. Bu qanunda ilk olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi statusu müəyyən edilmişdir. Bu statusa görə Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunla müəyyən edilir ki, Mərkəzi Bank öz fəaliyyətində yuxarıda göstərilənləri, və onlara əlavə olaraq respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Bu qanunda Mərkəzi Bankı digər koınınersiya banklarından fərqləndirən əsas cəhətlər sırasına biri də əlavə edilmişdir. 4-cü maddədə deyilir ki, mənfəət əldə etmək Mərkəzi Bankın əsas vəzifəsi deyildir. Lakin Mərkəzi Bank bir bank olaraq mənfəət əldə edə bilər və bu mənfəət qanuna müvafiq olaraq, həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır. Əldə olunan mənfəət isə 12-ci maddəyə əsasən kapital ehtiyatlarının formalaşmasına yönəldilir, formalaşmadan sonra qalan sərbəst qalıq isə dövlət büdcəsinə köçürülür. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, qanunda göstərilir ki, Mərkəzi Bankın nizamnamə kapitalı 50 milyard manatdır. Qeyd olunur ki, Mərkəzi Bankın əsas məqsədləri olaraq qiymətlərin sabitliyinin təmin edilməsi və bank sistemlərinin inkişafını təmin etməkdir. Növbəti, 5-ci maddədə isə öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bankın funksiyaları belə sadalanır:

  • dövlətin pul və valyuta siyasətini müəyyən edir;

  • manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir;

  • valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır;

  • bank sisteminə nəzarəti həyata keçirir;

  • pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını təmin edir.

Mərkəzi Bank hökümətin pul-kredit siyasətini yürüdən əsas orqan olduğundan adı keçən qanunda bu siyasətin əsas bir neçə alət vasitəsi ilə həyata keçirildiyi qeyd olunur. Həmin alətlər açıq bazarda əməliyyatların aparılması, faiz dərəcələrinin müəyyənləşdirilməsi, depozit əməliyyatlarının aparılması, bank əməliyyatlarının məhdudlaşdırılması və beynəlxalq pul siyasətinin qəbul olunmuş digər alətləri olaraq göstərilir.

Ümumiyyətlə bu qanunla Mərkəzi Banka bir çox səlahiyyətlər verilir. Qanunla müəyyən olunmuş çərçivədə o səlahiyyətləri həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edir ki, bu səlahiyyətlərdən ən mühümü 48-ci maddədə qeyd olunan nəzarət və tənzimləmə səlahiyyətidir. Bu səlahiyyətə əsasən Mərkəzi Bank hesabat və yoxlamalar əsasında bankların cari maliyyə vəziyyətini qiymətləndirir, müvafiq düzəlişlərin edilməsi üçün məcburi göstərişlər verir, bank və bank filiallarında idarəetmə standartlarını müəyyən edir. Bundan başqa nəzarət və tənzimləmə haqqında maddədə Mərkəzi Bankın lazım olduğu hallarda bank filiallarına inzibatçı təyin edə biləcəyi də qeyd olunmuşdur. Bu isə birbaşa bank nəzarətini həyata keçirməyə və yeri gəldikdə müdaxilə etməyə imkan yaradır.

Koınınersiya banklarının fəaliyyətini tənzimləyən qəbul olunmuş ən son qanun isə “Banklar haqqında Azərbaycan Respublikasının qanunu” adlanır. Yuxarıda da qeyd edildiyi kimi bank sistemi və banklar haqqında konstitusiyamızda heç bir maddə olmadığı üçün əsas normativ bazalar bu sahədə sonradan qəbul edilən qanun layihələri sayılır. Bundan əvvəlki eyni adlı qanun hələ 1996-ci ildə qəbul olunmuşdur. Arada keçən zaman kəsiyində respublikamızda bank sistemində dinamik inkişaf gözə çarpmış, yeni xidmət növləri yaranmış və banklar iqtisadiyyatın inkişafına ən tez reaksiya göstərən və bu inkişafı özündə göstərən bir sistemə çevrilmişlər. Bu inkişaf özünü çoxtərəfli şəkildə büruzə vermiş, bank sistemimiz belə inkişafla keyfiyyət baxımından getdikcə inkişaf etmiş ölkələrin bank sistemlərinə yaxınlaşmış, inteqrasiya prosesinin də güclənməsi müşahisə olunmuşdur. Məhz bu səbəbdən arada keçmiş zamanda bank sferasında baş verən dəyişiklikləri özündə əks etdirən qanunun qəbul edilməsinə zəruriyyət yaranmışdır.

Bu sahədə qəbul edilmiş son qanun 16 yanvar 2004-cü ildə qəbul olunmuş və həmin tarixdən etibarən ona 5 dəfə olmaqla (2005, 2007-ci və 2008-ci illərdə) əlavələr və dəyişikliklər edilmişdir. Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Burada bank sisteminin iki pillədən - Mərkəzi Bankdan və kredit təşkilatlarından ibarət olduğu göstərilir (qanunun ilk maddəsində verilən əsas anlayışlarda kredit təşkilatı anlayışına əsas olaraq bank, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları olaraq aydınlıq gətirilir). Bu qanun sırf olaraq banklara aid edilməsə də (bəzi maddələrdə kredit təşkilatlarına aid lisenziyalaşdırma və tənzimlənmə aktları haqda danışılır) qanunun ikinci maddəsində qeyd edilir ki, kredit təşkilatlarının fəaliyyəti ayrı bir qanunla, “Kredit İttifaqları haqqında” qanunu ilə tənzim olunur. Yeri gəlmişkən, adı çəkilən qanunda diqqəti ilk çəkən bank sisteminə aid termin və anlayışlarının mahiyyətinin açılmasıdır ki, burada geniş bir əhatə dairəsi nəzərə alınmışdır. Belə ki 22 anlayışa aydınlaq gətirilən ilk maddədə adi “bank” sözündən tutmuş “prudensial” (bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış və düşünülmüş davranış, idarəetmə və nəzarət üsulu) anlayışına kimi bir çox terminlərə aydınlıq gətirilir.



Bu qanuna görə Azərbaycan Respublikasının ərazisində banklar öz fəaliyyətlərini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər. Ən çox diqqət ayrılan məsələlərdən biri olan bank fəaliyyəti, onlara lisenziyalar və icazələrinin verilməsi, həmçinin lisenziyanın alınması, bank fəaliyyətinə xitam verilməsi qaydalarıdır. Qanuna görə Milli Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən, Mərkəzi Bank bir sıra tələblər irəli sürmək və bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq-mühafizə orqanlarından məlumat almaq hüququna malikdir. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də aid edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq-mühafizə orqanları Mərkəzi Banka onun tələb edə biləcəyi məlumatı verir. Respublika ərazisində fəaliyyət göstərmək istəyən xarici banklar da mütləq Mərkəzi Bank tərəfindən verilmiş lisenziyaya sahib olmalıdırlar. Lakin qeyd olunur ki, xarici bankların filialları açıldıqda, yerli törəmə bankları yaradıldıqda Mərkəzi Bank icazənin verilməsi üçün əlavə tələblər irəli sürə bilər. Bankın lisenziya və icazəsinə qadağa qoyulması məsələləri barəsində isə qanuna nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bunların ləğvi iki yolla aparıla bilər - qaydalara əməl etmədikdə və bankın öz tələbi ilə lisenziyanın alınması. Ləğv məsələsində də yenə Mərkəzi Bank əsas rol oynayır. Muvafiq qaydalar dedikdə qanunun 16-cı maddəsində göstərilən bir neçə əsas nəzərdə tutulur ki, bu əsaslara da nizamnamə kapitalının az olması, icazədə nəzərdə tutulmayan fəaliyyət növləri ilə məşğul olunması, Mərkəzi Bankın normativ xarakterli aktlarının iki dəfədən artıq pozulması, yalnış hesabatlar verilməsi, sonuncu 3 hesabat tarixində hesabatlar təqdim edilməməsi və s. hallar aid edilir. Belə hallarda ləğvetmə prosesi məcburi xarakter daşıyır. Məcburi ləğv aktının qaydaları və həyata keçirilməsinin tənzimlənməsi isə 59-cu maddədə öz əksini tapmışdır. Bank səhmdarların və ya idarə heyəti qərarı ilə ləğv olunduqda, müflis elan edildikdə bank öz lisenziya və icazəsinin ləğv olunması üçün Mərkəzi Banka müraciət edir. Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaiti olduqda, Milli Bank tərəfindən ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı qanunun 59-cu maddəsinə uyğun ləğv edilir. Bankların ləğvi qərarı ləğvedicinin (ləğvedici qismində əsasən Mərkəzi bank çıxış edir) müraciət ərizəsindən sonra məhkəmədə baxılaraq verilir.

Yuxarıda qeyd edildiyi kimi, bu qanun layihəsi əsas olaraq həm də bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyənləşdirir. İlk olaraq maddə 32-də qeyd edilən fəaliyyət növlərindən danışmaq olar. Maddənin ilk müddəasına görə banklar (Mərkəzi Bankdan alınan müvafiq lisenziya qadağan edilməmişdirsə) bir neçə fəaliyyə növü ilə məşğul ola bilərlər. Həmin fəaliyyət növləri aşağıdakılardır:



  • depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;

  • kreditlərin verilməsi (istehlak və ipoteka kreditləşdirilməsi əməliyyatları da bura aitdir) ;

  • fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;

  • klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

  • ödəniş vasitələrinin buraxılması (kredit kartları, çeklər və s. nəzərdə tutulur);

  • qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;

  • fiziki və hüquqi şəxslərə maliyyə məsləhətçisi və müşaviri kimi məsləhət xidmətlərinin göstərilməsi;

  • seyf və saxlama xidmətləri göstərmək;

  • banknotların inkasasiya edilməsi və ya göndərilməsi.

Bütün bu sadalanan fəaliyyət növlərinin banklar tərəfindən görülməsi zamanı etibarlı fəaliyyət üçün bir neçə tələb müəyyənləşdirilmişdir. Belə ki, bu tələbə görə banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, digər normativ hüquqi aktların, habelə bu qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq şəkildə etibarlı qaydada həyata keçirməlidirlər. Banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinin qarşının alınması üçün zəruri tədbirlər həyata keçirməli, mühasibat sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və praktiki cəhətdən tətbiq etməli, həmçinin zərərin əmələ gəlməsi riskini mümkün qədər azaltmaq üçün ilə aktivlərin düzgün bölüşdürülməsini təmin etməlidirlər.

Bankların fəaliyyə sahəsinə aid isə qeyd olunur ki, banklar yuxarıda sadalanan fəaliyyət növləri istisna olmaqla topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilməz. Lakin burada bir istisna halı qeyd olunmuşdur ki, o da yalnız Mərkəzi Bankın icazəsidir. Belə ki, bank sisteminin hər hansı bir elementi sadalanan fəaliyyət növləri ilə öhdəlik üzrə qoyulmuş tələbləri yerinə yetirmək üçün Mərkəzi Bankın icazəsi ilə yalnız icazədə göstərilən müddətə məşğul ola bilər və ya payçı, şərik kimi iştirak edə bilər.

Bank sistemi qanunvericiliyi sahəsində qəbul olunan bütün qanunlar bu sistemin normal fəaliyyətinin davam etdirilməsi, inkişafı və müasir dünya standartlarına uyğunlaşdırılması üçün nəzərdə tutulmuşdur. Qəbul olunan gündən bəri qüvvəyə minən qanunlar bir neçə dəfə dəyişdirilmiş, əlavələr və düzəlişlər edilmişdir ki, bu da gündən günə inkişaf edən bazar iqtisadiyyatının özü ilə bərabər gətirdiyi dinamik bank sistemi inkişafının normativ hüquqi bazasını təşkil etmişdir. Bu hüquqi baza dövrümüzün inkişaf xüsusiyyətlərinə cavab verir və bank sistemi elementlərinin fəaliyyətinin düzgün qurulmasını təmin edir.

MÖVZU 2. İQTİSADİYYATİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN MƏNBƏLƏRİ VƏ NORMATİV-HÜQUQİ AKTLARİN FORMALAŞMASİ PROSEDURU
1. Normativ-hüquqi aktın ümumi xarakteristikası

2. Normativ hüquqi aktların təsnifatı

3. Normativ hüquqi aktların sistemləşdirilməsi metodları

4. Normativ-hüquqi aktların formalaşdırılması proseduru

5. Normativ-hüquqi aktların yaradılmasının hüquqi bazası
1. Normativ-hüquqi akt və onların təsnifatı

Normativ hüquqi akt müasir dövlətin əsas hüquqi mənbələrindən biridir. Onda şəxsiy­yət, onun maraq və ehtiyacları baxımından ən mühüm ictimai-iqtisadi müna­sibətləri tənzimləyən hüquq normalarının əksəriyyəti ifadə olunur. Hüququn başqa mənbələri (hüquqi adətlər, məhkəmə və inzibati presidentlər) ümumnizamlayıcı əhə­miy­yətə malik deyillər. Onlar ictimai-iqtisadi münasibətlərin tənzimlənməsində kö­mək­çi və ya əlavə rol oynayırlar. Normativ-hüquqi aktlarda bütövlükdə çoxluğun və azlığın maraqlarını nəzərə alan normalar təsbit olu­nur.

Ümumilikdə, bütün hüquq normaları müxtəlif kriteriya və əsaslara görə müəyyən qrup və növlərə bölünə bilərlər. Hüquq normalarının təsnifatı aşağıdakılara imkan verir:


  1. qüvvədə olan hüquq sistemində hər bir hüquq normasının yerini müəyyən etmək;

  2. hüquqi tənzimetmə mexanizmində hüquq normalarının funksiyasını və onların rolunu daha yaxşı aydınlaşdırmaq;

  3. hüququn ictimai münasibətlərə tənzimləyici təsirinin sərhəd və imkanlarını dəqiq müəyyən etmək;

  4. dövlət orqanlarının hüquqyaratma və hüququ tətbiqetmə fəaliyyətini təkmilləşdirmək.

Hüququn əlamətlərindən biri qismində də onun formal müəyyənliyi çıxış edir. Hüquq normaları obyektivləşdirilməli, bu və ya digər formalarda ehtiva olunmalıdır. Hüquq forması dedikdə, dövlətin müəyyən, rəsmi olaraq tanınmış aktlarında təsbit olunması ilə əlaqədar iradəsinin zahiri ifadəsi başa düşülür. Nəzəriyyədə hüququn formasının dörd növü fərqləndirilir:

  1. normativ akt;

  2. məhkəmə presedenti;

  3. hüquqi adət;

  4. normativ məzmunlu müqavilə.

Bunlardan ən geniş yayılmış forma normativ hüquqi aktlardır. Daha vacib hüquq normaları normativ hüquqi aktlarla təsbit olunur. Normativ hüquqi akt müasir hüququn əsas və ən təkmilləşmiş formasıdır. Bu, xüsusi rəsmi qaydada verilən akt, yəni səlahiyyətli hüquqyaratma orqanının hüquq normasını nəzərdə tutan sənədidir.

Normativ hüquqi akt dedikdə, dövlət hakimiyyətinin səlahiyyətli orqanı tərəfindən prosedur qaydasında verilən, ictimai münasibətlərin tənzimlənməsi qaydasını müəyyən edən, dəyişdirən və ya ləğv edən hüquqi sənəd başa düşülür.

Normativ hüquqi akt bir sıra əlamətlərə malikdir:


  1. normativ aktlar dövlətin səlahiyyətli orqanlarının və vəzifəli şəxslərin, həmçinin müvəkkil edilmiş ictimai birliklərin və təşkilatların hüquqyaratma fəaliyyətinin nəticəsidir;

  2. onlar özündə ümüınınəcburi davranış qaydalarını ehtiva edirlər;

  3. onlarda ehtiva olunan göstərişlər dövlət iradəsinin ifadəsidir;

  4. onlar ən tipik, kütləvi münasibətlərin tənzimlənməsinə yönəlmişlər, eyni zamanda hüquq normalarının tətbiqi aktları kimi əsasən yalnız konkret həyati hallara, situasiyalara aiddirlər;

  5. normativ aktlar daimi, yaxud uzunmüddətli fəaliyyət üçün hesablanır;

  6. normativ aktlar fərdiləşdirilməmişdir. Onlar ya hamıya, ya da qeyri-müəyyən çoxsaylı subyektlərə ünvanlanırlar.

Azərbaycan Respublikasının normativ hüquqi aktlarının ierarxik sistemini ən ümumi şəkildə aşağıdakı kimi təsəvvür etmək olar:

  1. konstitusiya;

  2. konstitusiya qanunları;

  3. qanunlar;

  4. prezidentin fərmanları;

  5. hökümətin qərarları;

  6. nazirlik və idarələrin normativ aktları.

Bu sistemdə aşağıdakı normativ aktlar xüsusi qrup təşkil edirlər: Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının normativ aktları. Bütün normativ aktlar zamana, məkana və müəyyən şəxslərin dairəsinə görə hüquqi qüvvəyə malikdirlər. Həmçinin hüquqi qüvvəsinə görə bütün aktlar qanunlara və qanunqüvvəli aktlara bölünürlər. Hüquqi qüvvə aktın yerini, onun təyinatını, aliliyini və ya tabeliyini göstərir və onu vermiş orqanın hüquqi vəziyyətindən, konstitusiya səlahiyyətlərindən və qanunvericilikdə onun malik olduğu səlahiyyət­lərdən asılıdır.

Hüquqyaratma subyektlərinə görə aşağıdakı aktlar fərqləndirilir:



  1. referendumla qəbul edilən aktlar (məsələn, konstitusiya);

  2. Azərbaycan Respublikası icra hakimiyyəti və digər səlahiyyətli orqanlarının və ictimai təşkilatların aktları;

  3. digər normativ aktlar.

Qüvvədə olma müddətindən asılı olaraq qeyri-müəyyən müddətə fəaliyyət göstərən normativ hüquqi aktlar (onlar hər hansı yeni normativ akt tərəfindən ləğv edilməyənədək qüvvədə olurlar) və müvəqqəti fəaliyyət göstərən (bu aktlar mühüm və məsələlərin həllinin təxirə salınmamasını tələb etməyən məsələlərlə əlaqədar tətbiq edilirlər) aktlar fərqləndirilir. Müvəqqəti aktlar məsələ həll edildikdən sonra öz qüvvəsini dayandırır.

Normativ hüquqi aktlar Azərbaycan Respublikasında hüququn mənbələrini təşkil edirlər. Belə ki, hüquq ədəbiyyatlarında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür. Belə orqanlara Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Nazirlər Kabineti və başqaları aiddir.

Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında qanunlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Konstitusiyaya uyğun olaraq qəbul olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən- referendum yolu ilə də qəbul edilə bilər. Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür:


    1. Azərbaycan Respublikasının Konstitusiyası;

    2. Referendum yolu ilə qəbul olunmuş qanunlar;

    3. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.

Hüququn mənbələri içərisində əhəmiyyətinə görə ikinci yeri qanunqüvvəli aktlar tutur. Qanunqüvvəli aktlara Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Hökümətinin qərarları, nazirliklərin, dövlət komitələrinin və digər icra hakimiyyəti orqanlarının əmrləri, təlimatları və əsasnamələri, yerli döv­lət hakimiyyəti orqanlarının qətnamə və qərarları, yerli dövlət idarəetmə orqanlarının qərar və sərəncamları, bələdiyyə orqanlarının aktları aiddir. Konsti­tusi­ya­nın 148-ci maddəsində həmçinin o da qeyd olunur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin tərkib hissəsi hesab edilir və hüququn mənbəyini təşkil edir. Bundan başqa lokal normativ aktlar da mövcuddur ki, bunlar konkret idarə, müəssisə və təşkilat səviyyəsində qəbul olunan və onların daxili həyatını tənzimləyən normativ göstərişlərdir. Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüququn mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həmçinin hüquqi adətlər, məhkəmə və hüquq presedentləri də daxil edilir.

Məhkəmə presedenti o zaman hüququn mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normalarına çevrilir və ona ümuınınəcburi qayda kimi istinad edilə bilər. Hüquqi qüvvəsinə görə qanunqüvvəli aktları normatıv və hüququ tətbiqetmə aktlarına bölmək olar. Normativ qanunqüvvəli aktlar özündə hüquq normasını ehtiva edir və ictimai həyatın müxtəlif sferalarını tənzimləməklə ümuınınəcburi səciyyə daşıyır. Belə aktlar xüsusən iqtisadiyyat sahəsindəki münasibətlərin tənzimlənməsi üçün tətbiq olunurlar. Onlar bəzən müəyyən funksiyaları yerinə yetirən orqanlar haqqında, yaxud ictimai münasibətlərin konkret sferasında fəaliyyət qaydası haqqında əsasnamələrin təsdiqi ilə müşayiət olunurlar. Hüquqi tətbiqetmə aktları fərdi-birdəfəlik səciyyə daşıyırlar və idarəetmənin konkret məsələləri üzrə qəbul olunurlar.

Onu da qeyd etmək lazımdır ki, istənilən növ normativ hüquqi aktın qəbul edilməsi müəyyən bir hüquqi bazaya əsaslanır. Bu hüquqi baza rolunda isə qanunlar və digər normativ hüquqi aktlar çıxış edirlər. Azərbaycan Respublikasında normativ hüquqi aktları qəbul etmə və hüquq norması yaratma səlahiyyəti müxtəlif orqanlara verilmişdir ki, bu səlahiyyətlər də Azərbaycan Respublikasının Konstitusiyası və “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Hüququn başqa mənbələrindən (formalarıdan) fərqli olaraq normativ-hüquq aktın aşağıdakı əlamətləri vardır.

1. Normativ-hüquqi akt dövlətin səlahiyyətli orqanlarının hüquqyaratma fəaliy­yə­ti və ya ümumixalq səsverməsi (referendum) nəticəsində yaranır. Hüquq­yarat­a fəa­liy­yəti hüquq normalarının verilməsi, habelə təkmilləşdirilməsi və köhnəlmiş norma­la­rın ləğv edilməsindən ibarət dövlət fəaliyyətdir.

2. Normativ-hüquqi akt zəruri atributları: aktın adı (qanun, fərman, qərar): aktı qəbul edən orqanın adı (parlamət, prezident, hökümət və s.) olan rəsmi dövlət sənədi şəklində tərtib olunur.

3. Normativ aktlarda hüquq normaları müəyyən struktur hissələrə: bölmələrə, fəsillərə, maddələrə görə (məsələn, Mülkü Məcəllədə: “Öhtəlik hüququ” bölməsi “Öhtəliklərin icrası” fəsil “Öhtəliklərin vaxtından əvvəl icrası” maddəsi) qurup­laş­dırılır.

Beləliklə, normatv-hüquq akt – özündə hüquq norması əks etdirən rəsmi hüquqyaratma aktıdır.

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə