İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə6/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

Ehtiyac içində
Ehtiyac içində çırpınır ölkə,

Ehtiyac içində kütlə boğulur.

Xudaya, nə günə qalmışıq gör ki,

İnsanlar unudub insanlığı?

Zəngində nə rəhm, nə insaf qalıb,

Kasıbın adı da çıxıb yadından.

Təkcə yaddaşlarda haqq-hesab qalır,

Ta nə gözləyəsən belə adamdan?!

Yaşamaq ölümdə girib oyuna.

Bazara yüyürür kütlə axını…

Hamı səhər çıxır qarın ovuna,

İnsanlar unudub insanlığı.

Hətta əyilməzlər əyilir indi.

Hətta abırlılar abırsızlaşır.

Ehtiyac bürüyüb şəhəri, kəndi.

O günü-gündən də lap quduzlaşır

Yeməklə bağlıdır bütün arzular.

Çörək, çörək deyir qapı, daş, divar

Sözlər sözlüyünü itirib daha

Gözlər gözlüyünü itirib daha

Qızlar qızlığını itirib daha.

Nə eşqə, sevgiyə inanmaq qalıb,

Nə hicran oduna qalanmaq qalıb,

Cavanlar dadmayır cavanlığı,

İnsanlar unudub insanlığını

Düzdə çaşıb qalıb düzlər, təmizlər.

Uşaq uzaqlaşıb uşaq yaşından

Əqidə satırlar əqidəsizlər

Hər addım başından, hər tin başında

Bir sürü möhtəkir, bir ovuc varlı.

Bu zəngin ölkənin sorur qanını

Çoxda ki, dilləri millət şüarlı

Azca yox birində millət yaxımı.

İnsanı bu cürə görəndə tamam,

Üzülür ümidim, çaşır ağılım.

Adamda adamlıq qalmayıb aman,

İnsanlar unudub insanlığı.

Yaşamaq bir yana, hələ bir yana,

Ölənlər rahatca ölə bilməyir.

Övladlar öz ata-analarına,

Övladlıq borcunu verə bilməyir.

Baba xəcalətdi nəvə yanında

Uşaq yoxluq nədir axı bilməyir.

Necə söz qoşasan axı yalandan,

Adam el içinə çıxa bilməyir.

Fərqi yox təmizsən, ya lotu kələk,

Fərqi yox alimsən, loğmansan indi,

Cibin doludursa ağasan demək,

Qarnın doludursa insansan indi.

Pulsuz, azuqəsiz evə gələndə.

Adam elə bil ki, türməyə gəlir

Belə güzəranın, günün əlindən

Adamın təcili ölməyi gəlir.

Bir yol bu dünyada yaşayır insan.

Hər kəs bu dünyada bir yol doğulur.

Bu nə bəndədəndir, nə də xudadan,

Onda da unuda insanlığını.
1992

Alır
Rüşvət bir sağalmaz bəladır, bəla,

Çoxdan kəsilməli əlimiz alır.

Hamı bu mərəzə olub mübtəla.

«Ağıllımız» da alır, «dəlimiz» də alır.


Onunla «yuyulur» bütün «günahlar»,

O dildə danışır adamla hamı,

Ona boyun əyir bütün tamahlar

Udur, haram udur aramla hamı.


Alır nanəcibləri, alır «nəcibləri»

Deyimmi sizlərə ta kimlər alır.

Uğrunda çoxları candan keçiblər,

Hippokrat andıyla alır.


Bütün müşküllərin odur əlacı,

Hamı ona kölə, ona müntəzir.

Büdrədin balaca, çaşdın balaca,

Dərini soyarlar ondan verməsən.


Ondan doydun deyən olmayıb hələ,

Qazı da, molla da, zahid də alır.

Bütün hüquqları o alıb ələ,

Hakim bir tərəfə, şahid də alır.


Ondan maya tutur harın balalar

O erməni sifət bir cani olub.

Onunla bir zaman Təbriz alınıb,

İndi Şuşa onun qurbanı olub.


Onun əlləriylə millət sökülüb,

Övlad var atadan, anadan alır.

Çox sirdən-sifətdən rüşvət tökülür,

Bəlkə lap deyirəm, yaradan alır.


Onun əlindədir sərəncam, fərman,

İxtiyar əlində, qanun əlində.

Odur şah, padşah, odur hökmran

Bütün vəzifələr onun əlində.


Bir ələmlər almır, itənlər almır,

Yoxsa ki, dirilər haçandır alır,

Tək ana bətnində yatanlar almır,

Balaca, gözünü açan da alır.


Rüşvət kimi baxır insan-insana.

Nəsildən-nəsilə keçib bu mərəz.

O girib iliyə, yeriyib qana,

Olub güllə batmaz, məğlubedilməz.


Hətta ayaq açıb şənliyə, yasa.

Aşiqlər, məşuqlar, ozanlar alır.

Hətta yazarlara keçir bu azar.

Hətta qurana əl basanlar alır.


Təmizlik, halallıq quyu dibində,

Hamı bu imanda, hamı bu dində.

Onun fikri-zikri bunun cibində,

Bunun fikri-zikri onun cibində.
O zəhərdən acı, ölümdən betər,

Millətin sağlamı, saili alır.

Rüşvət sahib olub bu məmləkətə

Sahibsiz bu xalqın sahibi alır.


Rüşvət hamımızın nisgili, dərdi.

Bir əli səndədir, bir əli məndə.

Rüşvəti kəsənə allah deyərdik,

Rüşvəti yıxanın heykəli məndə.
1992

Dünya dollar xəstəsidir…
Dünya dollar xəstəsidir,

Hamı ona əsir-yesir…

Dərinə işləyib kökü,

Bütün tamahlara çöküb,

Bütün vicdanları söküb,

Bütün ürəkləri çapıb,

O dolaşır küçə-küçə,

Millət-millət, qapı-qapı,

Nəsil-nəsil…

Dünya dollar xəstəsidir…

İblisdi, şeytandı, nədi,

Bir dərddir nə dəvası var,

Hamının başında indi,

Onun sərsəm havası var…

Hakimdir yer üzərində,

Hakimdir göy üzərində,

Hökm fərman onun əlində,

Yaradan onun əlində,

Ərzdə dollar davası var,

Ərzdə dollar taunu var,

Yüz-yüz vəhşi qanunu var,

ABŞ kimi yuvası var,

Ərzdə dollar davası var…

Hamı önündə müntəzir,

Dünya dollar xəstəsidir…

Səsin çatanacan bağır,

Bütün loğmanları çağır,

Bütün fələkləri səslə,

Bütün ümidləri izlə,

Bütün fikirləri sapla,

Ölünü, sağı cavabda,

Korları, karları dindir,

Rumili, firəngli, hindli,

Ağlar, qaralar, sarılar,

Onun hüzurunda əsir,

Dünya dollar xəstəsidir…


2000

Ölümdə günah yoxdur
Dünya nədir ki, beş gün,

Əbədi deyil heç kim…

Hamı gedəri, köçdür,

Bu gün var, sabah yoxdur.


Qəfil olduq anadan,

Qəfil çıxdıq aradan,

Belə yazıb yaradan,

Ölümdə günah yoxdur.


Bu dünyada ki, elə,

Doludur dərd, qəm il,

O dünyada bir gilə,

Kədər, sevinc, ah yoxdur.


Anamı itirəndə,

Tabutun götürəndə,

Məzara ötürəndə,

Hayqırdım allah yoxdur.


Ürəklər daşmı məyər,

İnsan dönüb fələyə,

Kimsədən kimsəyə,

Bir kömək, pənah yoxdur…


Yaxşılar möhnətdədir,

Yamanlar hörmətdədir,

Xilas məhəbbətdədir,

Ayrı yol vallah yoxdur…


2000

Günəş tutuldu birdən
Ulu günəş doldu birdən, tutuldu birdən

Yerlər dəydi bir-birinə, gözlər qaraldı,

Hamı durdu həsrətdə boylandı yerdən

Gözləməkdən gözümüzün kökü saraldı

Bütün xilqət o bir anda nələr çəkmədi,

Burda insan fikrə getdi, orda yaradan

Ən yırtıcı vəhşilərdə qulaq şəklədi

Xəbər çatdı yer altdakı heyvanlarada

Dedilər ki, ta dünyanın axırı gəldi,

Dedilər ki, bu xına o xınadan deyil

Birdən günəş qaranlığın bağrını dəldi

Yenə doldu şəfəq ilə dünyanın evi

Yenə onun saçaqları yerlərə axdı.

Yenə ərzi bürüdü öz şəfəqlərinə

Bu dünyanın yenə həyat bayrağı qalxdı

Günəş ərzin sükanını aldı əlinə

Yox, o heç vaxt sönə bilməz, soyuya bilməz,

Heç bitib tükənməz çün əbədidir o

Onu heçnə kainatda eləməz əvəz

Yaşamağın ilk mənbəyi, nemətidir o

Onu odlu sevgisidir isidən bizi

Onun odlu ürəyidir ərzi yaşadan

O yaşadır Veneranı, Ayı, Ulduzu

O can verir torpağa da, ruhsuz daşa da…

Bu əbədi eşqə görə, sevgiyə görə

Zərrə boyda əvəz ummaz istəməz günəş

Eyni cürə nur paylayır tikana, gülə,

Ona nankor çıxanada söz deməz günəş…

Yerin göyün anasıdır, ana həmişə,

Eyni gözlə baxır bütün övladlarına,

O qoymayıb bir kisəyə artıq pay düşə

Onunçun da ulu günəş deyirlər ona

Yalnız odur bərabərlik mücəssiməsi

Bərabərlik-Yalnız onu günəşdə ara…

Bərabərlik-Yalnız ona olubdur nəsib

Bərabərlik hara, yoxsa insanlıq hara,

Milyard ildir kainata bir gözlə baxır,

Canlıların, cansızların xilası günəş,

Ona azca bənzəmədik, doğrusu, düzü,

Onda olan ürək hara bizimki hara,

Gündə min yol dəyişirdik siyasətimizi

O dəyişməz simasını milyard il qala

Onun günəş simasında dağ boyda ürək

Bəzən elə bil ki, bizim ürəyimiz yox,

Biz balaca bir-birinə hörmət eyləsək

Əvəzinə pay umuruq, əvəz umuruq,

Günəş isə etdiyinə əvəz istəməz

Xəyala da gətirməyib heç zaman bunu

Əbədilik haqqı sayı üstümüzdədir,

Bəs biz nə ilə verəcəyik onun borcunu.


1998

Heç nəyin dadı qalmayıb

Ağızların tami gedib,

Heç nəyin dadı qalmayıb.

Ləzzətlərin cəmi gedib,

Yeməyin dadı qalmayıb
Tamam dəyişib gözəllər,

Dollardır ara düzəldən.

Məhəbbət düşüb nəzərdən,

Sevməyin dadı qalmayıb


Bu neçə fitnə-kələkdi.

Arzular ələk-fələkdi,

Ən dadlı nemət çörəkdi,

Çörəyin dadı qalmayıb.


Bu xalqda dağ dözümü var,

Buna kimin sözü olar?

Yüz-yüz sərrast ola,

Görməyin dadı qalmayıb.


Yaşamaq ölümdən baha,

Hər şeydə riya, rəng, boya,

Vallahı belə dünyaya

Gəlməyin dadı qalmayıb.


Yağı torpaqları tutub,

Doğma ocaqları tutub,

Ahımız dağları tutub,

Gülməyin dadı qalmayıb.


Camaat yığılıb cana,

Olmuşuq dəli-divanə,

Yaşamaq hələ bir yana,

Ölməyin dadı qalmayıb.


1992

Bir gün ölüm mənə yaxınlaşanda
Dənizin içində dalğa olaydım,

Sahildən sahilə aşıb daşaydım…

Dənizin səthi tək parlaq olaydım,

Zərrin şüalarla hey oynaşaydım…

Dənizin üstündə üfüq olaydım,

Elə heyran-heyran daxaydım ona…

Gecələr köksündə işıq olaydım,

Gündüzlər girəydim onun qoynuna…

Ona bəxş edəydim könül varımı,

Düşəydim qibtəylə ayaqlarına…

Sıxaydım həsrətlə dodaqlarımı,

Onun duzlu, şirin dodaqlarına…

Dənizin dibində balıq olaydım,

Amma nəqqalara pay olmayaydım…

Dönüb ağ yelkənli qayıq olaydım,

Elə hey çapaydım yorulmayaydım…

Dənizin dibində yosun olaydım,

Çıxaydım sahilə sular daşanda…

Bu billur sularda dəfn olunaydım,

Bir gün ölüm mənə yaxınlaşanda…


1999

Allah da yerini verməz ay ana!

Ana, mənə çox-çox can deyən olur,

Biri can sözünün yerini vermir.

Bir gözdə tapılmır gözündəki nur,

Bir üz gül üzünün yerini vermir…
Anaya bərabər, əvəz olarmı,

Kimdə ola bilər o eşq, o həvəs?..

Heç ona bənzəməyən bir xilqət varmı,

Kimdə ola bilər o ruh, o həvəs?..


Bətnindən dünyaya gətirdin məni,

Canından sən mənə can verdin, ana…

Nə var varlığımda sənindir, sənin,

Qanından sən mənə qan verdin, ana…


Ulu məhəbbətin saralmaz, solmaz,

Göydə günəş təkdir yerdə də sən tək…

Böyük səadətdir analı olmaq,

Böyük faciədir ana itirmək…


Mənə həm anaydın, həm də ki, ata,

Sənə suyum, havam, nəfəsim deyim…

Sənə ümman eşqim sonsuz olsa da,

Sahilsiz sevgilin zərrəsi deyil…


Xalq oğul çağırır bu gün oğluna,

Xalq bu adı mində birinə vermir,

Sən oğul dediyin kəlmənin inan,

Bu ülvü qiymət də yerini vermir…


Lap istər yüzlərlə oğul-uşaq olsun,

Övlad əvəzsizdir, övlad müqəddəsdir…

Oğul da sağ olsun, qız da sağ olsun,

Heç biri ananın yerini verməz…


Ana bir zinətdir bütün bəşərə,

Bizdən məzarda da çəkməz əlini…

Hurilər başıma sığal çəkələr,

Onun sığalının verməz yerini…


Anadan bu bəşər doğmayıb hələ,

Sənə tay tutulmaz heç kəs, ay ana…

Mənə qəhmər dura bir allah belə,

Allah da yerini verməz, ay ana…


1989

Dağıtma
Bu eşq birgə tikdiyimiz körpüydü,

Gəl, bu ümid körpümüzü dağıtma

Sevgilərdən toxunmuş bir hörgüydü,

Bu qəlb, könül hörgümüzü, dağıtma.


Sədaqətdən qoymuş idik himini,

Oxuyurduq şərqisini, himnini,

Boşla yersiz qəzəbini, kinini,

Bir döyünən könlümüzü dağıtma…


Vüsal bizə həmdəm idi yar idi,

Nə küsümüz, gileyimiz var idi,

Bir bölərdik hər nəyimiz var idi,

Bu bölünməz bölgümüzü, dağıtma…


Kim deyərdi puç olacaq axırı,

İndi onun dirəkləri dağılır,

And verirəm qoyma uca dağıla,

Bu məhəbbət mülkümüzü dağıtma…


2000

Dünya yaman günə qalıb
Dünya yaman günə qalıb,

İtirib tapdıqlarını…

Çaşıb, üzülüb, qocalıb,

Danır yaratdıqlarını…

Geriyə qayıdır yoxsa,

Məhvərindən oxu çıxır…

Üzdən varlı, içdən yoxsul,

Çox dəyəri yoxa çıxıb…

Neyləsin ki, milyard illər,

Bir sağmal inəyə dönüb.

Onu hey çapıb, söküblər,

Ələnmiş ələyə dönüb…

Bir vaxt safdı, ləkəsizdi,

İndi tamam zəhərlənib.

Tükənir çayı, dənizi.

Havalanıb şəhərləri…

Tükənir suyu, havası,

Tükənir namusu, arı…

Yazıq bu dünyaya, yazıq,

Gör nə yaman günə qalıb…

Çox ocaqları qaralıb,

Çox istəkləri puç olub…

Min yol köksündə vurulub,

Min yol yuvası uçulub…

Milyon kərə, milyard kərə,

Bombalanıb torpaqları…

Xalqlar olub pərən-pərən,

Tapdalanıb bayraqları…

Şükürlər olsun min şükür,

Ölməyib yaşayır hələ…

Ağırdır dünyanın yükü,

Milyonla vulkan, zəlzələ,

Onu viran qoyub, söküb,

Ağırdır dünyanın yükü…

Dünyanın sözü tükənir,

Dünyanın sifəti dönür…

Odu, istisi tükənir,

İşığı azalır, sönür…

Soyuyur su, torpaq, səma,

Bu durumda şair yaşa,

Həsrətəm bir saf baxışa…

Bir haqqına danışana…

Qovruluram yana-yana…

Hayıf bu dünyaya hayıf,

Ta hansı dərdini sayım?

Çoxu içdən talan olub,

Eşq, məhəbbət yalan olub…

Bilinmir doğmalar, yadlar,

Çoxları dönüb robota…

Dəyişib elə bil qanlar,

Hanı Leylilər, Məcnunlar?..

Onlardan əfsanə qalıb,

Dünya yaman günə qalıb…

Nə olsun göyə uçuruq,

Yerdə qanadımız yoxdur…

Ayı, ulduzu qucuruq,

Arzular atımız yoxdur…

Suallar qalır cavabsız,

Raket, bomba say-hesabsız…

Bir-birini didir bəşər,

Davalar, müharibələr…

Mənsəb üstə, altun üstə

Qaş-daş üstə…

Leş-leş üstə, baş-baş üstə…

Qırılan xalqlar, ölkələr…

Yetim böyüyən körpələr…

Oğulsuz qalan analar,

Zindanlar, dəlixanalar…

Heç bunları görən varmı?..

İtib rəhm, din iman da,

Eh, o qədər ölən var ki,

Bəzən bu boyda cahanda

Qəbr yeri çatışmayır…

Hanı yanar Sabir hanı,

Belə zalım zamanın,

Od püskürən şairləri

Çatışmayır…

Özün görmürsənmi, tarı,

Dünya nə günlərə qalıb?..

Ən bol olan şey qorxudur…

Sabaha inamsızlıqdır…

Yaxşı insan qıtlığıdır,

Məsəlsiz, məramsızlıqdır…

Çoxalır vəhşilər nəsli,

Çoxalır riya, şər nəsli,

Çoxalır dərd, bəla, xəta,

Xilas, nicat coxalmada…

Yer üzünün əhalisi

Günü-gündən çoxalmada,

İnsanları, heyvanları,

Günü-gündən azalmada…

Bunları duyandan bəri,

Hayqırıram axşam, səhər…

Qıta çıxıb ilan zəhri

İnsan zəhəri bəs qədər…

Bu hər şeydən qorxuludur…

Amma ən dəhşətli budur…

Bu dünyanın həqiqəti

Çatışmayır…

Havadan, çörəkdən qabaq,

Nəfəsdən, ürəkdən qabaq,

Ən önəmli bir sərvəti

Çatışmayır…

Haramı çox, halalı az,

Dəmir çarıq gey ərzi gəz,

Pay-piyada ara, axtar.

Haqq-ədalət çatışmayır…

Gündə «millət» qışqırsaq da,

Çoxumuzda milli qeyrət

Çatışmayır…

Dünya yalanla qocalıb

Onunçun bu günə qalıb…

Meşələri çəpərlənib,

Dağları girovlanıb,

Çayları çilovlayıblar,

Pozulub ahəngi ərzin,

Qalıb sahibsiz yiyəsiz,

Belə getsə bu işlərin

Axırı necə olacaq?..

Belə getsə mənim dünyam

Necə olacaq?..
1999


Eşq, məhəbbət yaşayırsa…

Səni itirəndə bildim…

Sənin əsil qiymətini səni itirəndə bildim…

Özümü yalqız, kimsəsiz, tək-tənha görəndə

Bildim…
Nə qədər ki, biz idik heçnə vecimə deyildi…

Araz topuğumnan idi, Kür də dizimə dəyirdi.
Lovğalanıb mən sənsizdə yaşaya billəm deyirdim,

Amma bunun ağrısını səni itirəndə bildim,

Öz baxtımı, taleyimi özüm yatıranda bildim…
Nə yamanlıq elədimsə elədim özümə, gülüm,

Daha özümdən inciyib, özümdən küsürəm, gülüm…

Özümü də itirmişəm, mən özüm özümdə, gülüm,

Özümündə qiymətimi səni itirəndə bildim.

Öz əlimlə öz qəlbimdə tikan bitirəndə bildim…
Mən öz tənhalığımla verirəm baş-başa indi,

Gündə min yol həsrətimlə girirəm savaşa indi…

Yaşaya bilirsən Cabir məhəbbətsiz yaşa indi…

Eşqin böyük mənasını onu itirəndə bildim,

Xarabalıqların küncündə tənha oturanda bildim…
1988

Sən oldun
Bu sevgini öz əlinlə bəslədin,

Anası da, balası da sən oldun.

Özüm səni harayladım səslədim,

Dərdlərimin çarəsi də sən oldun.


Sakit-sakit şer nəğmə ötürdüm,

Tənha, yalqız öz yolumla gedirdim,

Birdən-birə öz səmtimi itirdim,

Belə anda xilasımda sən oldun…


Nə çox idi seviləsi qız-gəlin,

Hər yetənə baxıb məftun olmadım,

Tale özü səni mənə yolladı,

Qış ömrümün son yazı da sən oldun.


Xəyal kimi hər gün girdin yuxuma,

Nəfəs kimi axdın, doldun ruhuma,

Əvvəl-əvvəl dərman oldun ruhuma,

Axır dərdi, bəlası da sən oldun…


1996

Bu gözəllər olmasaydı
Olmazdı möhnətim, gərdim,

Bu gözəllər olmasaydı…

Rahat yaşayıb ölərdik,

Bu gözəllər olmasaydı…


Olmazdıq dəli-divanə,

Düşməzdik qəmə-hicrana,

Batmazdıq ahu-əfqanə,

Bu gözəllər olmasaydı…


Yanmazdı odlara Kərəm,

Məcnuna gülməzdi alım,

Vaxtsız saça düşməzdi dən,

Bu gözəllər olmasaydı…


De nədən ilham alardıq,

Göz dolusu kam alardıq,

Bəşər natamam olardı

Bu gözəllər olmasaydı…


İlk baxışdan vurulmazdıq,

Yanıb-yanıb qovrulmazdıq,

Füzuli dahi olmazdı,

Bu gözəllər olmasaydı.


İtərdi eşqdə məna

Məhəbbət olardı dünya,

Kifir görünərdi dünya,

Bu gözəllər olmasaydı…


1999

Yarəb

(İlahiyyat duası)

musiqisi: Tahir Ələkbərovundur
1
Diz çökürəm hüzurunda

Yalvarıram sənə, yarəb!

Cahana nur verən sənsən,

Qoyma, o nur sönə, yarəb!


Tək, müqəddəs, allah sənsən,

Ümid sənsən, pənah sənsən,

Güman sənsən, inam sənsən

Xilas sənsən yenə, yarəb!


Nəqarət
Yarəb, sənə yalvarıram,

Özün qoru bu dünyanı,

Yaratdığın hər canlını,

Yeri, göyü, asimanı.


Sil, qəlblərdən küdurəti,

Səp sevgini, mərhəməti,

Haqsızları haqqa gətir,

Dinsizləri dinə, yarəb.


2
Zaman səndə, məkan səndə,

Min bir dərdə dərman səndə,

Qərar səndə, fərman səndə,

Qəzəbini sına, yarəb.


Şər bürüyüb kainatı

Zülüm lap son həddə çatıb.

Qərar səndə, fərman səndə,

Qəzəbini sına, yarəb


Nəqarət
Yarəb, aləm dona bilər,

Göylər yerə enə bilər.

Məhşər günü gələ bilər.

Qoyma o gün dönə, yarəb.


1999

Sevimli düşmən hələlik
Dünən can deyirdik bu gün düşmənik,

Mən bu məhəbbəti başa düşmədim…

Dünən bir-biriyçin əldən gedirdik,

Bu gün bir-birini tapdıq-itirdik.

Dünən bir-birinə qurban olurduq.

Bu gün aramızda dağlar durulubdur…

Dünən and içirdik eşqin adına,

Bu gün alışırıq həsrət oduna…

Dünən sarsılmazdı inamlarımız,

Bu gün rədd edirik olanları biz…

Dünən bizi kimi xoşbəxti yoxdu,

Bu gün bizi kimi bədbəxti yoxdu…

Dünən elə idik, bu gün beləyik,

Hələlik, sevimli düşmən, hələlik…


1999

Halal elə…

Birdən-birə sükut çökdü eşqimizə,

Heç bilmirəm bu ayrılıq necə oldu?

Hayıf itən ümidlərə, hayıf bizə,

Birdən-birə bir-biriyçin unudulduq…

Nədən oldu bu ayrılıq, nədən, gülüm,

Nə sən bunu istəyirdin, nə mən, gülüm.
Tənha qaldıq ömrümüzün bu çağında,

Gülüm, bəlkə günahkaram qabağında,

Varsa əgər günahlarım halal elə,

Sənə min yol yalvarıram halal elə…


Hayıf, hayıf bu sevgiyə, hayıf, hayıf,

O bir alın yazısıydı: tale payı…

Bəxtin bizə bəxş etdiyi bəxşiş idi,

Ömrümüzün axırıncı naxışı idi,

Göydən gələn hökm idi, fərman idi,

Bu sonuncu ümid, imkan idi…

Birdən-birə şeytan girdi aramıza,

Bəlkə, iblis zəhər qatdı balımıza,

Bəlkə, fələk oyun qurdu halal elə,

Keçən-keçdi, olan-oldu halal elə…


Səndən özgə bir kimsəyə baxa bilməm,

Adın heç vaxt ürəyimdən çıxa bilməz…

Lap arxamca yün can alan Leyli düşə,

Lap mələklər mələyinə meylim düşə,

Sənə heç vaxt, gülüm xəyanət etmərəm,

Nə cür cinayət etsəm də, elə cinayət etmərəm,

Mənə bu sevgini, eşqi halal elə,

Nə tez gəldi, nə tez keçdi halal elə…


Ürəyinin hərarəti ürəyimdə,

Sədaqətin, təravətin ürəyimdə,

Bütöv qalıb, isti qalır, diri qalır…

O günlərin çox sehiri, sirri qalır…

İndi yalnız o illərlə yaşayanam,

İndi yalnız o günləri yaşayıram…


Mənə nə murad vermisən halal elə,

İkinci həyat vermisən halal elə.


Sənin ilə bu peymanı halal kəsdim,

Mən heç vaxt bu sonluğu istəməzdim,

Şahlıq quşun buraxdım öz əllərimdən,

Günahkar adamam öz nəzərimdə,

Həqiqəti etiraf da cəsarətdir.

Günüm keçir həsrət ilə, məlal ilə…

Bu dünyada ən halal şey məhəbbətdir,

Gülüm, mənə məhəbbəti halal elə…

Cabir Novruz, hörmət və ehtiram ilə…
1998

Bütün sevənlərə…
Məhəbbət dərindən dərində olur,

Dayazda məhəbbət olmuyur heç zaman.

Hər qəlbin ən gizli yerində olur,

Keçir hər ürəyin qan damarından.


Məhəbbət insanı insan eyləyir,

Onu dadmayana insan deməzlər…

O iki ürəkdə tuğyan eyləyir,

Dəyir bir-birinə odlu nəfəslər…


Tutur bir-birindən sehirli əllər,

Öpür bir-birini odlu dodaqlar,

Sizi xoşbəxt olun, sevən gözəllər,

Sizi xoşbəxt olun sevən qoçaqlar…


Atomdan qorunun amma ki, hər gün,

Aldırın dünyanı məhəbbət ilə…

Odlayın, yandırın, dağıdın, sökün,

Qaldırın dünyanı məhəbbət ilə…


Məhəbbət ən billur könüldə olur,

Ləkəli ürəkdə açmaz heç zaman…

Məhəbbət ən isti iqlimdə açır,

Şaxtada, küləkdə açmaz heç zaman…


Zərifdir, kövrəkdir verməyin bada,

Saralar, tökülər xəşəm kimidir.

Birini sevməyən insan dünyada,

Gözümdə hamıya düşmən kimidir…


Yaşa məhəbbətlə dolu, a dünya,

Eşqi tükənməzsən, üzü gülərsən…

Əvvəl sevənləri qoru, a dünya,

Sevməyən kəslərlə özün bilərsən…


1985

Bir gözəl dənizdə çimirdi…
Bir gözəl dənizdə çimirdi allah,

Dəniz məst olmuşdu üfüq boyunca…

Dalğalar üstünə cumurdu lay-lay,

Sarmaşıb öpürdü onu doyunca…

Sonra təzələri gəlirdi min-min,

Az qala növbəyə yazılırdılar…

Ağ-ağ tumurcuqlar görməmiş kimi,

Üzündən boynundan asılırdılar…

Əli yetməyənlər çəkilib qına,

Öz ləpə dilində deyinirdilər…

Balıqlar baxırdı ayaqlarına,

Necə fərəhlənib sevinirdilər…

Dənizə çökmüşdü əksi, ziyası,

Pəriydi, mələkdi, nəydi ilahi?..

Od tutub yanırdı çim-çim libası,

Rəngi də dəniz tək göydü, ilahi…

Sinəsi ağappaq mərmər kimiydi,

Saçları zil qara gecələr kimi…

Alaca gözləri qəmər kimiydi,

Gülən baxışları al səhər kimi…

Hey əl-qol açırdı qanadlanırdı,

Hərdən dibə çöküb üzə çıxırdı…

Dənizlə oynayıb murdalanırdı,

Günəş də üfüqdən təzə çıxırdı…

Sulardan alırdı arzu kamını,

Sanki ləpələrdən gül dərirdi o…

Bircə əl dəyməmiş gül əndamını,

İlk dəfə dənizə göstərir o…

Göyün də dalınca qalmışdı gözü

Durub heyran-heyran ona baxırdı…

Qarşı qayanın dı dolmuşdu gözü,

Az qala ağzının suyu axırdı…

Mən də altdan-altdan baxırdım ona,

Bu su gözəlinə, su ulduzuna…

Deyirdim düşəcək bir gün sevdaya,

Eşqin zirvəsinə yüksələcəkdi…

Bu gül əndamını onda xudaya,

Hansı bəxtəvərə göstərəcəkdir?


1999
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə