İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə4/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

Kiçik olmaq istəyirəm…
Kiçiklərlə böyüklərin

arasında

pərdə olar…

Kiçiklərdə günah olmaz,

günah böyüklərdə olur…

Kiçiklərin qəlbi böyük,

böyüklərin

qəlbi kiçik…

Kiçiklərin eyni cürdür

çölü, içi…

Eyni cürdür beşikləri,

bəzəkləri…

Gizlənpaçdır ən məkirli

Kələkləri…

Maşınları, kuklaları

Əllərində

Oyuncaqdır,

Ürəkləri yazılmamış

Ağ varaqdır…

Uşaq kimi sadə, kövrək,

Nəcib olmaq

İstəyirəm…

İllərimi geri atıb,

Kiçik olmaq

İstəyirəm…

Böyüklərin içi bir cür,

Çölü bir cür…

Sözü bir cür, dili bir cür…

Ürəkləri bir qaranlıq

Meşə kimi…

Bir-birinə bənzəməyir

Nə ölüsü,

Nə dirisi…

Nə yaxşısı, nə yamanı…

Oyuncaq tək oynadırlar

Bu dünyanı…

Millətləri bələyirlər

Qana, şərə…

Milyonları sövq edirlər

Ölümlərə…

Yollayırlar vuruşlara

Fağırları,

Kasıbları…

Xırdalanın çiynindədir

Yekələrin

Əzabları…

Böyüklərin hər şeyi var

Ürəyi yox,

Kiçiklərin qəlbdən özgə

Heç nəyi yox…

Böyük ayrı, kiçik ayrı,

Böyüklər kiçiyi saymır…

Böyük ayrı, kiçik ayrı,

Çoxu kimi nə padşah, nə şeyx,

Nə də hacı

Olmaq istəyirəm…

İllərimi geri atıb, kiçik olmaq istəyirəm…

1995


Bir gün də salamat açdım səhəri

Sağlığında qiymət verin insanlara…

Bir arzum var, ay adamlar,

Qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara,

Yalnız, yalnız sağ olanda,

Hər kəs əsil qiymətini bilər onda;

Bu sözlərim düz olmasa töhmət edin.

Sizdən riya eləyirəm milyon kərə,

Şairlərə sağlığında hörmət edin,

Sağlığında heykəl qoyun ölməzlərə…

Gələcəyə çoxda ümid bağlamayın,

Sözünüzü sonralara saxlayın.

Zəhləm gedir sonralardan,

Vaxtsız dinən zurnalardan,

Boşboğazdan, avaradan,

Toydan sonra nağaradan.

Sağlığında sevindirin təmizləri,

Siz həyatda bu amalla atdımlayın.

Sağlığında ifşa edin xəbisləri,

Satqınlara sağlığında satlıq deyin,

Tülkü deyin tülkülərə,

Aslan deyin aslanlara;

Sağlığında qiymət verin insanlara,

Hər kəs bilsin öz yerini

Necə sağdır,

Bu, pislərin həyatını qısaltmaqdır,

Yaxşıların həyatını uzaldmaqdır…

Bu nədəndir ölən kimi, qəlbimizdə

Adamlara sevgi, hörmət aşıb-daşır.

Ölən kimi yaxşılar da yaxşılaşır.

Yamanlar da yaxşılaşır…

Çirkinlər də təmiz olur ölən kimi…

Yadlar belə əziz olur

Ölən kimi…

Xatirələr söyləyirik,

Nekroloqlar qollayırıq

Hamısını ucdantutma yaxşı deyib

O dünyaya yollayırıq.

Bu gecikmiş xeyr-dua kimə gərək?

Bundan məzar böyüyəcək,

Ya ölənmi diriləcək?

Xoşum gəlmir

Bu köhnəlmiş adətlərdən,

Xoşum gəlmir…

Bu sərdaba sevgilərdən,

Hörmətlərdən xoşum gəlmir.

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən

Bir an ömrü milyon qızıl ölüm gələ,

Dəyişmərəm…

Diri üçün iynə boyda hörmətinə mən

Ölü üçün min heykələ dəyişmərəm…

Düz deməsən onda məni bağışlayın,

Üz tuturam uşaqlara,

Qocalara, cavanlara,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara…

1976


Bu infarktlar, beyinlərə qan sızmalar…

Bu infarktlar,

Beyinlərə qan sızmalar,

Çarələri tapılmayan

Neçə-neçə ağrı, azar,

Vaxisız gələn neçə-neçə

İtki, ölüm…

Əzizlərim, yaxşı bilim.

Bilin nədən törəyirlər…

İnsanların bir-birinə

Nifrətindən törəyirlər…

Dar məqamda mənim sənə

Laqeyd baxmağından,

Mənsəb üçün səni, məni,

Atəşlərə yaxmağından,

Sevgimiz bir-birinə

Çəpərindən, sərhədindən,

Bir-birinə paxıllığın

Son həddindən,

Bir-birinin qabağına

Atdığımız kötüklərdən,

Törəyirlər…

Çox mənəvi puçluqlardan, pisliklərdən

Törəyirlər…

Loğmanların dedikləri

Öz yerində,

Fəqət köklər çox dərindir…

Udduğumuz haramların

Bəhrəsizdir bu mərəzlər…

Bir-birinə atdığımız0

Görünməyən güllələrin,

Töhfəsidir bu mərəzlər…

Töhfəsidir gizli, aşkar fəsadların,

Min-min insan damarları…

O buna həsəd aparır,

Bu ondan sərvət qoparır…

O bunun düşür üstünə,

Bu onun durur qəsdində,

Bu onu oda qalayır,

O bunu içdən talayır,

O bunun evin dağıdır,

Bu onun qanın axıdır…

Göz açandan bu cahana.

Qənimdir insan insana…

Üz-üzədir xeyirlə şər,

Didir bir-birini bəşər.

Onda mənə siz deyin, siz

Buna həkimlər neyləsin,

Buna dərmanlar neyləsin…

Bütün yaxşı-yamanların

Kökü demək insandadır,

Yaşatmaq da, öldürmək də

İnsandadır…

İnsan oğlu yetər, ayıl,

Nə şeytan, nə əzrayıl,

Bunlar boş-boş əfsanədir,

Bu sifətlər məxsus ancaq

İnsandadır…

İnsan oğlu, ay ağlı kəm,

Nə cənnət var, nə cəhənnəm,

Bu da köhnə uydurmadır,

Bir-birinə atdığımız

Fitnə-şəri

Bir-birinə etdiyimiz

Həmlələri

Unutmaqçın bir formadır…

Hər şey insan əlindədir,

Cənnət-cəhənnəm də yalnız

İnsan əməlindədir…

Udduğumuz hər dərd-azar insandadır,

Nisgillərə şəfa, açar

İnsandadır…

Hər şey öncə insandadır,

Bağışlayın ey loğmanlar,

Bütün mərhəmlər, dərmanlar,

Ən sağalmaz itkilərə, ölümlərə,

Ən birinci müalicə

İnsandadır…

1999

Təpədən dırnağa
Dünyada insandan mələki yoxdur

Yoxdur ondan safı, ondan təmizi

Dünyada insandan fələki yoxdur,

Yoxdur ondan bici, ondan xəbisi.


Odur bütövlüyün mücəssəməsi,

Həyatın ləzzəti, dad, duzu olur.

O həm hökmrandır, həm qul, həm əsir,

Nanəcibliyin də toplusu odur.


Odur hər fitnənin rişəsi, kökü,

Vicdanın, mərdliyin heykəli insan.

O həm qan yuyandır, həm də qan tökən,

Həm ağıllı insan, həm dəli insan.


Bütün nəhənglərin nəhəngi odur.

Bütün kiçiklərin odur kiçiyi,

Görün varlığında nələr uyuyur,

Kəsin ürəyini, açın içini.


Bəzən bilə-bilə beyə a deyir

Bəzən ağ içində qara axtarır.

Bir yandan bombalar ixtira edir,

Bir yandan xərçəngə çarə axtarır.


Heçnə verə bilməz onun yerini,

Onun qüdrətinə heçnə tən olmaz.

Yığ, tök bu dünyanın müdrikliyini,

Onu sona qədər dərk edən olmaz.


Odur ən qiymətli var bu dünyada

Yaranmışların da alisi odur.

Nə şeytan, nə iblis var bu dünyada,

Şeytanın, iblisin xaisi odur.


Yalnız məzarında dincələ bilir.

Ömr edir yaxşıyla pis arasında,

Təkcə ölüm ona güc gələ bilir

Ölümü də qaşla, göz arasında!


Övlad doğan da o, baş kəsən də o,

Hiyləyə, fitnəyə uyumayan da o…

O biri dünyaya tələsən də o,

Bu biri dünyadan doymayan da o.


Dünyada insan tək, nəcib, xeyirxah,

Onun tək qansızı, cəlladı yoxdur.

O nə din tanıyır, bəzən nə Allah,

Bəlkə savabından günahı çoxdur.


Dünyada insandan müdrik varmı bəs,

Yoxdur bu dünyada ondan sərsəmi?!

Onun törətdiyin törədə bilməz,

Bütün vəhşilərin yığıla cəmi.


Dünyada insandan ulusu yoxdur

Bütün yer üzünün odur zinəti,

Dünyada insandan ucuzu yoxdur,

Düşüb ayaqlara qədir-qiyməti.


Min fitnə törədir qorxmaz, utanmaz,

Vicdan əzabındanazaddı insan.

Əvvəldən sonacan sirli, müəmma

Təpədən dırnağa təzaddı insan.


Fərəqə sütünü sanki poladdan

Dağ qaya əyilər insan əyilməz.

Sayı milyardları ötürbür çoxdan

Amma hər adama insan deyilməz…


Onun əlindədir dünyanın matı,

Həm də ki, bəşərin xilası onda

Öləndən sonra da ölməzdim – adım

Qalsaydım insanlar siyahısında.

1998

Ölüm insanlığın məğlubiyyəti
Odların içində sağ çıxa bilir,

Təb edir, hər dərdə, hər işgəncəyə.

Qaya yara bilir, dağ yıxa bilir,

Gəlir şirlər ilə pəncə-pəncəyə…

Göydən yerə düşür qalır dip-diri,

Çilik-çilik olur sümüyü ölmür.

Yeyir qolundakı paslı zənciri,

Hətta heyvan kimi sürülür ölmür…

Bir sərsəm ölümə can verir amma…

Tək onun yolunu kəsə bilməyir.

Bu nə sirr xuda, bu nə müəmma,

Adicə zökəmə dözə bilməyir…

Hər cür dərd – əzaba tam edən insan,

Bir soyuq dəyməylə gedir dünyadan.


Ruh verir bürüncə, misə, mərmərə,

Neçə heykəlləşən insan düzəldir.

Sehirli əlləri çatır hər yerə,

İlan zəhərindən dərman düzəldir.

Aya qapı açır, marsa yollanır,

Məqribdən-məqrişə uçur yolrulmur.

Keçir keçilməyən qorxunc yolları,

Başından bir tel də əskik olmur.

Balaca ayağı toxunur daşa,

Yolun hamarında, yolun düzündə,

Qəfildən büdrəyir, yıxılır, çaşır,

Bir kiçik zərbənin nəticəsində,

Xudaya, görürsən dağ boyda insan,

Bir göz qırpımında gedir dünyadan…


Çox-çox əyriləri taraz eyləyir,

Döyüşür, vuruşur ömrü boyunca,

Dünyanı ölümdən xilas eyləyir,

Özünü eyləyə bilməyir ancaq…

Hətta insan doğur, insan yaradır,

Yüz-yüz soyu, kökü, nəsli olur.

Amma ki, həyatı müqəddəratı,

Adı təsadüfdən asılı olur…

Adici əsəbdəndə dağ boyda insan,

Sarsılır, üzülür gedir dünyadan…


İstidə əriyir, soyuqda donur,

Zindandan-zindana atılır, ölmür…

Düşür qəzalara, əzilir sınır,

Yüz yerdən kəsirlər ətini ölmür…

Tökülür başına tavan, zərb ilə,

Sınır qolu, qıçı, əli, ayağı.

Kəsir bədənini polad mərmilər,

Tank keçir üstündən qalxır ayağa,

Bir nakam sevginin əlindən insan,

Dönür xatirəyə gedir dünyadan…


Azar-bezarlara dərman arayır,

Hər cür müşgüllərə tapır da çarə…

Çatır hətta səsi, ünü, harayı,

Bir olan allaha pərvərdiçara…

Önündə diz çökür hətta fələklər,

Hətta iblis ona güc gələ bilmir…

Yerdə qanadlılar, göydə mələklər,

O yüksələn yerə yüksələ bilmir,

Amma ki, həyata ömrü boyunca,

Əzrayıl əlində olur oyuncaq…

Bütün yer üzünə oxuyur meydan,

Nə vaxt can verəcək əcələ bilmir,

Aləmi ağlıyla mat qoyan insan,

Təkcə, təkcə ona çatmır qüdrəti,

Ölüm insanlığın məğlubiyyəti…

1997



Elə quru adı var…

Həqiqəti gəzməyin

Onu tapmaq çox çətin

Elə quru adı var

Özü yox həqiqətin…

Nə ünvanı bəllidir,

Nə məkanı billədir…

Amma adı çoxuna

Hələ də təsəllidir,

Kimsəsizlər inanır

O bir gün gələcəkdir,

Müşgül işləri var

Onda düzələcəkdir…

Onlar bilməyirlər ki,

Dələduzlar, quldurlar…

Anadan olan kimi

Beşiyində boğdular…

Tiranlar, padşahlar,

Aylar, illər uzunu,
Gözlərini açan tək
kor qoydular gözünü…

Mərhumlar arxasınca

Gəzdilər qapı-qapı…

İtən iynə-sap kimi

Heç yerdə tapılmadı…

Nə qədər cəfalara

Dözdülər tapılmadı…

O dünyada da hələ

Gəzdilər tapılmadı…

Yalancı həqiqət var

Çoxunun dilindədir,

Onun da çilovu

Altunun əlindədir…

Mən də həyatda onu

Çox aradım görmədim.

Ölümdür bu dünyanın

Yeganə həqiqəti…

Haqq sayırlar allahı,

Heç allahın özü də

Həqiqət deyil axı…

1999

Qorxuludur

Ölüm qorxulu deyil,

Yaşamaq qorxuludur

İnsan kəfəndə deyil

Diri, sağ qorxuludur.

Çöldən gələn düşmənlə

Bacararam mən özüm,

Öz soyumdan törənən

Qurumsaq qorxuludur.

Görünməz allahlardan

Zərər gəlməz adama,

Fəqət gözə görünən


şah, allah qorxuludur…

Məsləksiz dolanmaqdan

Asan nə var həyatda,

Əqidəli, amallı

Dolanmaq qorxuludur…

Bu günü sağ-salamat

Başa vurduq min şükür,

Sabah görək nə deyir,

Hər sabah qorxuludur…

Bir səfeh, bir dilənci

Uşaq gördüm bayıldım,

Mənimçin taleyi kəm

O uşaq qorxuludur…

Dünən Şuşa, Qarabağ

Alınmaz qalam idi,

İndi Şuşam faciəm

Qarabağ qorxuludur…

Bu yalan dünya üçün

Riya çox sərfəlidir,

Onun üçün həqiqət,

Düzlük, haqq qorxuludur…
1998

Yola salın aya məni…
Mehriban anam gətirdi

Bir gün bu dünyaya məni.

Bu sırsıq, qorxunc, məkrli.

Bu miskin dünyaya məni.


Şərlə açıldı dilim,

Şairlik dərd, əzab, zülm,

Nə üçün saldım, nə görüm.

Tanrım, bu bəlaya məni.


Qələmimlə mən biçarə,

Çox sədləri yara-yara,

Girdim bu qara bazara

Aldılar araya məni.


Gördüm bura palçıq, çamır,

Saymayır adam, adamı,

Şan-şöhrət acıdır hamı,

Sarsıtdı bu «qayə» məni.


Ocaq çatdım, göz elədim.

Vardan-yoxdan söz elədim,

Çox şeydən pəhriz elədim,

Sıxdı abır-həya məni.


Yazıqlar olsun, yazıqlar,

İlhamsızlar, ziyasızlar,

Abırsızlar, həyasızlar,

Almadılar saya məni.


Yerdə gördüklərim yetər

Şirinim acıdan betər.

Qoyun uçağa, raketə

Yola salın aya məni.

1997

Bir gün də salamat açdım səhəri

Bir gün də salamat açdım səhəri,

Bir gün də dünyanı gördüm, çox şükür…

Gecəni evimdə yatdım əməlli

Ürəyim bir gün də vurdu, çox şükür…
Qurtuldum bəladan, qəfil ölümdən,

Bir gün də ömrümə ömür calandı.

Bir gün də yaşadım qələm əlim də,

Bir gün də yazmağa imkan yarandı.


Çəkildi gözümdən zülmət, qaranlıq

Əqlimi, huşumu sağ gördüm allah.

Bir gün yerimdən qalxıb duranda,

Qohumu, qonşunu sağ gördüm, allah.


Üç doğma oğlumu tutdum əlindən,

Bir gün də onların əzizi oldum.

Ömrümün davamı nəvələrimlə,

Bir gün də yaşamaq nəsibim oldu.


Bir daha seyr etdim necə dan sökür

Günəşi elə bil yenidən gördüm.

Allaha, bəndəyə şükür, min şükür,

Bir gün də dünyanı yenidən gördüm.


Bir gün də ömürdür, böyük bir ömür,

Onu heç nə, heç nə eyləməz əvəz.

Kim ki, bir günün qədrini bilmir,

Ayların, illərin qədrini bilməz.


Bir gün də salamat açdım səhəri

Bir gün də dünyanı gördüm, çox şükür.

Gecəni evimdə yatdım əməlli.

Ürəyim bir gün də vurdu, çox şükür.


1998


Adam adam oğurlayır
Zamanın dönübdü üzü

Adam adam oğurlayır.

Heç vaxt görməyib yer üzü

Adam adam oğurlaya.


Hamı olub əsir-yesir

Qorxur evinə tələsir

Adam adam başı kəsir

Adam adam oğurlayır.


Hər cürə talan görmüşük

Hər cür qan salan görmüşük

Bəs bunu haçan görmüşük

Adam adam oğurlayır.


Tükənib insanlıq eşqi,

Bəşər xəstə, zaman düşgün,

Bu da əsrin təzə kəşfi

Adam adam oğurlayır.


Adam doğanlara deyim,

Doğum boğanlara deyim,

Vəhşi insanlara deyim,

Adam adam oğurlayır.


Ayı qoz, fındıq aparır,

Qurd yağlı quyruq aparır,

Tülkü də toyuq aparır,

Adam adam aparır.


Qara divin səsi gəlir,

Körpə mələşməsi gəlir,

Adam-madam iyisi gəlir,

Adam adam oğurlayır.


Qalxın məzarda yatanlar,

İnsanı uca tutanlar

Ayıq olun ay adamlar

Adam adam oğurlayır.


Burdan o yanaşı yoxdur

Ta ömrün mənası yoxdur

Bəşərin anası yoxmu

Adam-adam oğurlayır.


1998

Təmiz yaşamaq olmayır
Lap allahın övladı ol,

Təmiz yaşamaq olmayır

Lap ustadlar ustadı ol,

Təmiz yaşamaq olmayır.


Hamı nəfsinin qurbanı

Talayır insan-insanı,

Murdarlar tutub dünyanı,

Təmiz yaşamaq olmayır.


Yalan həqiqətdən üstün

Yox imiş doğruluq, düzlük

Faciə imiş təmizlik.

Təmiz yaşamaq olmayır.


Yoxluq, ehtiyac ucundan qalır,

Nəhənglər dönür gülüncə,

Doğulan gündən ölüncə,

Təmiz yaşamaq olmayır.


Kim, ərzi salama gəlir,

Müqəddəs məramla gəlir,

Axırda harama gəlir,

Təmiz yaşamaq olmayır.


Ta qədim zamandan bəri,

İncildən, Qurandan bəri,

Bəşər yaranandan bəri,

Təmiz yaşamaq olmayır.


Mən də haqqa çox inandım,

Min yol atəşində yandım,

Nəhayət, anladım, qandım.

Təmiz yaşamaq olmayır.


Kimin buna iradı var,

Təmizlik o dünyada var?!

Bu dünyada ay adamlar,

Təmiz yaşamaq olmayır.


Göydən kömək istəyirəm,

Yerdən kömək istəyirəm,

Təmiz ölmək istəyirəm

Təmiz yaşamaq olmayır.

2000


Düz yaşadın, Cabir Novruz
Düz yaşadın, Cabir Novruz,

Bu da düzlüyün axırı,

Düz yaşamaq yaşamağın

Ən çətini, ən ağırı…

Düz yaşadın, Cabir Novruz,

Elə düzdə də qaldın tək,

Düzlərin «Qazancı» budur

Düz, bu düzlüyə neyləmək…

Düz yaşadın Cabir Novruz,

Bu qədər əyri içində,

Şerin qeyrət südü əmdi

Daim düzlüyün gücündədir…

Süfrəndə nə olmasa da,

Halal duz çörəyin oldu…

Bir halal ilhamın oldu,

Bir təmiz ürəyin oldu,

Bununçun də sən hamıdan

Məğrur oldun, zəngin oldun,

Başının üstündə daim

Ədalət çələngi durdu.

Paklıq, müqəddəslik oldu

Sənin yol oydaşın daim,

Düz yaşadın Cabir Novruz,

Həyatda günahın,

Budur şərəfli təqsirin,

Budur yeganə günahın,

Təki belə günah ola

Hər bir insanın günahı…


Düz yaşadın Cabir Novruz,

Mərhumiyyətlərə dözdün,

Övladların yanında

Bir az başaşağı gəzdin…

Onlardan düzlükdən qeyri

Əyri sərvət qoyammadın,

Düz yaşadın Cabir Novruz,

Xalq uca tutur bu adı

Düz yaşadı nakam Müşviq,

Gördün nə oldu axırı

Düzlük soydu Nəsimini,

Düzlük çərlətdi Sabiri…

Düz yaşadın Cabir Novruz ,

Bu da düzlüyün axırı.

Düz yaşamaq don-kixotluq,

Peyğəmbərlik, ilahilik…


1998

İnsanı tanımaq olmur

Fələyi tanımaq olmur,

İnsanı tanımaq olmur.

Hər şeyi tanımaq olmur,

İnsanı tanımaq olmur…

Ha axtar, dolan aləmi,

Bərabəri, tayı yoxdur.

Sərsəm yoxdur onun kimi,

Onun kimi dahi yoxdur…


Şeytanı tanımaq olmur,

İnsanı tanımaq olmur,

İlanı tanımaq olmur,

İnsanı tanımaq olmur…


O cür qəlblərə aşıyan,

Gözəllik, yaraşıq yoxdur.

O boyda zülmət daşıyan,

O boyda gur işıq yoxdur…


İlanın bir şakəri var,

Quyruğun basdın salacaq

İnsanın çox şakəri var,

Azını bilirik ancaq…

Elə ustalıqla çalır,

Əvvəl ağrı, acı olmur…

Adam elə günə qalır,

Sonradan əlacə qalmır…

Gah şəkər olur dilində,

Gah zəhər olur dilndə…

Bilmirsən nə var içində,

Bilmirsən nə var çölündə,

Saysız qəlizi yoxdur,

Baxırsan ki, sifəti var,

Sifətindən üzü yoxdur.

Xilqət görməyir beləsin,

İnsanı tanımaq olmur.

Göydə gözə gürənməzdi,

Allahı tanımaq olmur.

İnsanı tanımaq olmur…

Sən can qoyursan yolunda,

O sənə yamanlıq edir…

Gah qəda olur, gah sultan,

Gah da fironluq edir…

Zaman-zaman dost dediyin,

Tonlarla çörək yediyin,

Elə dəyişir ki, birdən,

Ayağın üzülür yerdən…

Dönür düşmənə, yağıya,

Qazır sənin ayağını…

Görürsən, yadla əlbirdir,

Ha tanı, tanımaq olmur…

İnsan müəmmadır, sirrdir,

İnsanı tanımaq olmur,

Ən uzaq dünya insandır

Ümmanda insandan dayaz…

Ən dərin dərə insandır,

O dərinə girmək olmaz…

Yazmağa əlim gəlməyir,

Deməyə dilim gəlməyir,

Nə gizlədək olur bəzən,

Səni dünyaya gətirən,

Əkən, böyüdən, yetirən,

Atanı tanımaq olmur…

Ananı tanımaq olmur…

İnsan sirrdir, müəmmadır,

İnsanı tanımaq olmur…

Xisləti çürük olanı,

Saflığa öyrətmək çətin…

Kəşf etdik uzaq fəzanı,

İnsanı kəşf etmək çətin…

Ayın əllərini sıxdıq.

Marsa, Veneraya çıxdıq

Bir adi insanın fəqət,

Qəlbinə çıxmaq müsibət…
Göz dikdim göylərə sarı,

Ap-aydın asiman gördüm.

Saf bağlamış durnaları,

Vətənə qayıdan gördüm…

Cəh-cəh sururdular necə,

Doğma «ana», «vətən» deyib…

İnsan yurdun satır, sərçə

Bir tikanə «vətən» deyir…

Quşların dilini qandım,

İnsanı tanımaq olmur…

Dərk etdim ulu Quranı,

İnsanı tanımaq olmur…

Bağlı qapıları açdım,

Qədim kitabları açdım,

Çox-çox kəlamı oxudum,

Qorqud babamı oxudum…

Ha getdim, yüyürdüm, uçdum,

Özümdən qaça bilmədim.

Dünyanın sirrlərin açdım.

İnsanı aça bilmədim…

İnsan bir sirrli dünyadır,

Ha tanı tanımaq olmur…

Başdan başa müəmmadır,

İnsanı tanımaq olmur…

İnsanı tanımaq olmur…
2000

Beş arşın bez
İçimizdə azğınlar var, yox onlarda

Bircə gilə insaf, mürvət, qeyrət, vicdan.

Yığıblar öz altlarına milyonları,

Sanki tutub qalacaqlar bu dünyada.


Kim aparıb yığdığını özü ilə,

İtib-batıb çox sərvətlər, xəzinələr.

Bircə kəsə olmayıbdır qismət hələ,

Qan üstündə artan pullar, dəfinələr.

Belələri mən insanam deyə bilməz,

Belələri beş-on tikə tikə ət yığını.

Heç kəs yeyə bilməyibdir, yeyə bilməz,

Haram yolla, əyri yolla yığdığını.


Haram yeyən ruzusunu özü kəsir,

Lap qızıldan, brilyantdan olsun yükü.

Bir məhşər ayağına hər bir kəsi,

Mütləq çəkib dindirəcək inkir-minkir…


Kim bilmirsə allah ona qənim olsun,

Hamı üçün ölüm haqdır, ölüm qəti,

Varlıq olsun, müdrik olsun, dəli olsun,

Hamı, hamı əzrayılda növbədədir.


Hamı, hamı gəldi-gedər, qərib qonaq

Hamı gec-tez solacaqdır, sönəcəkdir.

Bu beş günlük ömür üçün acgöz axmaq,

Söylə sənə bu qədər var və gərəkdir?!


Hamı ölüm şərbətini içə gərək,

Bircə ölüm fərq qoymayır insanlara.

Hamı da qıl körpüsündən keçə gərək.

Ki, bilsin yaxşıları, yamanları.


Bu kiməsə nə qorxudur, nə də hədə,

Allah özü qoyub bunun əsasını.

Bu dünyada cəzasızlıq hökm etsə də,

O dünyada çatır cəzasına.


Bu dünyada mal-mülkə uyan kəslər

O dünyada çox döyəcək dizlərinə.

Gündə-gündə zər-zibalar geyən kəslər,

Beş arşın bez aparacaq özləriylə.

Beş arşın bez, hər gedənə bax o qalır,

Hamımızın axırıncı yoxu, varı,

Veş arşın bez hər bir ömrün kifayəti…
1991


Zühur eyləmişəm…
Şer üçün öz-özümü çoxdan

Əsir eyləmişəm…

Balaca iş masamı

Qəla qəsr eyləmişəm…

Çəkmişəm duyğularım dağdan

Ağır-dağ yükünü,

Düşmüşəm misralar ardınca

Qərib ahu kimi,

Doğulub qafiyəmin hər biri

Bir adı kimi,

Bu ilahi işə mən ömrümü

Həsr eyləmişəm…

Keyf-damağ, ya da ki, əyləncə

Nədir bilməmişəm,

Bəzən heç çöldə ya gündüz,

Gecədir bilməmişəm,

Könlüm öz yurdumu cövlan

Edib seyrə çıxıb,

Xeyli niyyət eləyəndə

Niyyətim xeyrə çıxıb,

Nə zaman ki, yolumun üstünə

Bir Leyli çıxıb,

O günü allaha yüz dəfə

Nəzir eyləmişəm…

Yoğrulub ilham ilə ruhum,

Hüceyrəm, əzələm,

Şer Leylim, yeridir adıma

Məcnun desələr,

Toxunanda əlimə cansız, ölü,

Ya soyuq əl,

Cumub o günü xeyli qüsl eyləmişəm…

İlhamım lal olan vaxtı

Halım olmayıb heç.

Bircə an, bircə dəqiqə

Qərarım olmayıb heç,

Qələmimdən savayı özgə

Varım olmayıb heç.

Bax onun tişəsin almas,

Qızıl eyləmişəm…

Dənilər var yığıblar özünə,

Mən isə söz,

Qaş-daşım ləli-brilyantım

Olub tər-təzə söz,

Gəlməz heç qiymətə,

Heç ölçüyə hər bir təzə söz,

Bax o sərvət ilə et qəlbinə

Yol eyləmişəm…

Beləcə çoxlu on illər

Və yüz illər ötəcək,

Qalacaqdır əməlim daima

Canlı, diri tək.

Görəcəklər bu elin şairi,

Peyğəmbərləri tək,

Təzədən bir də dünyaya

Zühur eyləmişəm…
1996

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə