İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə3/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

Vətəndir…
Ulu tanrımdır vətənim,

Hər şeydən uca vətəndir.

Biz acıb, solub gedənik,

Ən solmaz qönçə-vətəndir…


O nəfəsdir sanki mənə,

Can istəsə lənkimərəm,

Nəhənglər nəhəngi mənə,

Bu nadir inci-vətəndir…


Qanımda cücərən toxum,

Soyum, köküm, varım, yoxum,

Top-tüfəngim, nizəm, oxum,

Misri qılıncım – vətəndir…


Əbədi qalası odur,

Dilimin anası odur,

Ruhumun nidası odur,

Andım ölüncə – vətəndir…


Gözümün ağı, qarası,

Müşgüllərimin çarəsi,

Ən dəqiq mizan-tərəzi,

Meyar mənimçin – vətəndir…


Hər gün adını tutduğum,

Hər gün dadını udduğum,

Hər günkü narahatlığım,

Qəmim, sevincim – vətəndir…


Təbriz uzaqda, yaxında,

Dərbənd özgə torpağında,

Şuşa gözüm qabağında

Yad ələ keçən vətəndir…


Cənubu batıb içindən,

Şimali barıt içində,

Milyonlar çadır içində

Yarəb bu necə – vətəndir?..


Zaman-zaman yaralanıb,

Öz-özündən aralanıb,

Neçə yerə paralanıb,

Bir vətən neçə – vətəndir?

1990

«Dəbə» düşüb…
Xalqı sevmək yaman «dəbə»

Düşüb indi…

Xalq adından alver gedir

Gündə-gündə…

Ağızları köpüklənir

Danışanda…

Bəhsə-bəhsdir bu, xalq sevmək

Yarışında…


Ən çox xalqı satanlar da

Xalqım deyir,

Xalq malını udanlar da

Xalqım deyir,

Onu çapıb soyanlar da

Xalqım deyir,

Qara günə qoyanlar da

Xalqım deyir

Timsah kimi yaş tökürlər

Gildir-gildir…

Yazıq xalq da sadəlövhdür,

Sadədildir…

Yazıq xalq da inanandır,

Yazıq xalq da taleyilə

Əl-amanda…

Yazıq xalq da olub köçkün

Batıb qana,

Heç oğul atasına, anasına

Yaltaqlanar,

Yalan deyər, riya satar?

Nə deyəsən ata oğul arasında

Bu min üzlü

Siyasətə

Əsil oğul çətin gündə

Öz xalqıyçın

Oda girər, oddan çıxar…

Şəxsi xeyri, mənfəəti

Yaddan çıxar…

Vətəninə söz deməmiş fəda olar,

Yaltaq övlad satqın olar, gəda olar…

Beli «milli» həpəndlərə məsləhətim

Budur mənim,

Əvvəl onlar öz qanını təmizləsin,

Əməl ilə yarınsınlar

Məmləkətə,

Yetər cəfəng sözlər ilə

«xidmət» etmək

bu millətə…

1992

Dözmək olmur daha xalqım
Bu gəlir aldadır xalqı,

O gəlir aldadır xalqı…

Gör nə yaman günə qalıb,

Gör ki, nə haldadır xalqım…


İlanla da dolanandı,

Əqrəblə də dil tapandı,

İblislə də inanandı,

Bu sadəlövh, fağır xalqım…


Gəmisi var, sükanı yox,

Quranı var, imanı yox,

Vətəni var, baxanı yox,

Kim belə qarğayıb xalqı.


Binayi-qədimdən qardaş,

Ərzi idarə edir baş.

Bu hisslərin əsiriyik-kaş

Kaş olaydıq ağıl xalqı


Çox-çox xanı, çox-çox bəyi,

O qaldırıb mərtəbəyə,

Onlar da xalq deyə-deyə,

Gecə-gündüz sağıb xalqı…


Mərddən artıqdır namərdi,

Dərdi çox, yoxdur həmdərdi,

Hər gün başına göylərdən,

Öz daşındır yağır xalqım…


Nə qədər qanlı dişlər var,

Nə qədər çirkin işlər var,

Dünyada dost var, düşmən var,

Bizə durub baxır xalqım…


Nə qədər biqeyrət olar,

qədər xəyanət olar,

Nə qədər müsibət olar,

Dözmək olmur daha, xalqım…


Düşmənimiz özümüzdən,

Yarəb qoru bizi bizdən,

Bu ləkəni üstümüzdən,

Kim siləcək axı xalqım?!

1991

Azərbaycanı sevin, sevin Azərbaycanı…

Azərbaycanı sevin, sevin Azərbaycanı,

Bu gün odlu sevgiyə onun ehtiyacı var…

Sevin odum, ocağım, evim Azərbaycanı,

İndiki dərdlərinə eşqimiz əlac olar…

Yaraları göynəyir, yaraları sızlayır,

Ey millətin qeyrətli oğulları, qızları,

Sevgimiz xilas edər bu gün Azərbaycanı,

Azərbaycanı sevin, sevin Azərbaycanı…

Adını uca tutun hər arzudan, diləkdən,

Doymayın, usanmayın ona ana deməkdən…
O bizim hamımızın həyacanı, harayı,

Bir də axı kim yanar ona bizdin savayı?..

O bizim ruhumuzda, o bizim qanımızda,

Yalnız biz keçməliyik uğrunda canımızda.

Can istəsə can verin, sevin Azərbaycanı,

Qan istəsə qan verin, sevin Azərbaycanı…


Azərbaycanı sevin, sevin Azərbaycanı,

Kürül-kürül odlanan evim Azərbaycanı…

Dünyada vallah, belə talesiz millət olmaz,

Nə qədər saxlayanlar girov Azərbaycanı?..

Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,

Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!


Ona övlad payını bizlər verə bilmədik,

Heç iki obasını birləşdirə bilmədik.

Astara qovuşmadı doğma Astarasına,

Cülfalıların bir məlhəm tapmadıq yarasına

Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı

Biz bacara bilmədik, ey gələcək nəsillər,

Ey gələcək nəsillər, barı təzə əsrdə,

Bir-birinə calayın, qatın, Azərbaycanı,

Köküm, soyum, soyadım, adım Azərbaycanı…

Haçandır öz-özündən aralı bir ölkədir,

Şəhidli bir ölkədir, yaralı bir ölkədir…

Az imiş, o təzədən bölünür, parçalanır,

Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.

Neçə yerə ayrılar, ya allahi, bir bədən?

Xırda bir məkan qalıb o boyda bir ölkədən…

Tamam bitər, tükənər belə getsə amandır,

Axı o bir zamanlar o nəhəng Azərbaycandı;

Zaman-zaman talayıb, biçib Azərbaycanı,

Bizə miras qoydular kiçik Azərbaycanı.
Ay bizdən ola-ola bizə yağı olanlar,

Vətənə sevgidə də az marağı olanlar;

Xalqına xidmətdə də tamah gəzən dənilər;

Özümüzdən olanlar, özümüzə qənimlər;

Siz də qeyrətə gəlin, imana-dinə gəlin,

Vətən bağışlar sizi, vətən eşqinə gəlin,

O sizə çörək verib, nəzri-niyaz eyləyib,

Yalnız onun sevgisi sizi xilas eyləyər.

Sevməyirsizsə barı boğazına çökməyin.

Bu ulu məhəbbətə çağırıram hər kəsi,

Divin canı şüşədə, onun bizdədir canı…

Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,

Amma təkrar deyyirəm; sevin Azərbaycanı,

Sevin Azərbaycanı…

1998


Bir yaşın
Mənim Rəsul nəvəm təzə soy, köküm,

Təzədən doğulan böyük qardaşım…

Sənin ad günündür, əzizim, bu gün,

Ərzin milyon yaşı, sənin bir yaşın…

Hələ ağlın kəsmir, hələ uşaqsan,

Hələ çox şeylərdən xəbərin yoxdur.

Sonralar həyatı anlayacaqsan,

Ki, onun sevincdən kədəri boldur,

Yamanı saysızdır, yaxşısı tək-tük…

Sökür bu dünyanı bir ovuc dönük…

Hələ bir istəyin dəyməyib daşa,

Hələ bir alçaqla üzləşməmisən…

Hələ bir ümidin çıxmayıb boşa,

Bir haqla, nahaqla üzləşməmisən…

Hələ arzuları çəpərsiz, balam,

Tamam dərdsiz balam, kədərsiz balam…

Dünyada heç xoşbəxt varmı, de səndən,

Ata, ana kimi bir dayağın var…

Bircə acıyanda, bircə sızanda,

Yuxun dağılanda ağlamağın var…

Aləmdir üzünün, gözünün sehri.

Hələ beşiyini dünya sayırsan

Bacından, babandan, nənəndən qeyri,

Hələ bir kimsəni tanımayırsan…

Yaxşı ki, yaxşı ki, ay sənə qurban,

Hələ adamları tanımayırsan…

Hələ ürəyinə dəyən olmayıb,

Hələ ki, işlərin gedir yağ kimi,

Sənə bir acı söz deyən olmayıb,

Təmizdir ürəyin ağ varaq kimi…

Gəlsin ziyarətə ulular gəlsin,

Lap göydən müqəddəs mələklər ensin…

Bu murdar dünyanın, məkrli ərzin,

Hələ ki, ən təmiz varlığı sənsən…

Yolunda bir fitnə, fəsad, qurğu yox,

Canında bir gilə ürkü, qorxu yox…

Hələ nə yaşın var, hələ uşaqsan,

Bunları sən sonra anlayacaqsan,

Dünən məmləkətdə qopdu zəlzələ,

Bakı az qaldı ki, uçula oğlum…

Millət az qaldı ki, qırıla, ölə,

Sən əsla almadın vecinə, oğlum…

Başlandı qaçhaqaç, haray, köçhaköç.

Böyüklər, kiçiklər düşdü nə günə,

Sənin bircə tükün tərpənmədi heç,

Babam qibtə etdi kişiliyinə…

Siz mənə göstərin elə ər insan,

Bu oğlum nəvəmlə dayana bahəm…

Bütün qorxaqlara meydan oxuyan,

Bir yaşlı mərd balam, qəhrəman balam…

Allahım qorusun nəzərdən, səni,

Sənə tuş gəlməsin bir nacins, xəbis…


Qüdrətim çatsaydı bəşərdən səni,

Ayırıb saxlardım belə tər-təmiz…

Qoymazdın hər düşük, nanəcib, quldur,

Bu bakirəliyə toxuna Rsul…

İnsanlar anadan təmiz doğulur,

Həyatdır korlayan çoxunu, Rəsun…

Tikərdim poladdan bir qala sənə,

Uzaqda tikərdim insan gözündən…

Özüm öz əlimlə, ay bala, səni,

Gündə keçirərdim qıl körpüsündən…

Sənə bir şeytanı qoymazdım yaxın,

Sənə bir iblisi qoymazdım yaxın

Bütün yamanlara əsil göz dağı,

Bütün xəbislərə əsil göz dağı,

Bütün təmizlərə nümunə kimi…

Saflara, düzlərə nümunə kimi…

2000

Alverçiyə dönüb millət, alverçiyə
Çıx şəhərə, çıx meydana, çıx küçəyə,

Alverçiyə dönüb millət, alverçiyə

Nə etsinlər çoxu kasıb biçarədir,

Bircə qarın çörək üçün avvarədir

Nəyimiz var çıxarılıbdır hərraca,

Bütün kütlə əsir düşüb ehtiyaca,

Bu sığmayır nə ölçüyə, nə biçiyə

Alverçiyə dönüb millət alverçiyə…


Bığı bırma kişilər var dağ cüssəli,

Öz elini, obasını qoyub gəlib,

İndi köhnə bazarlarda papaq satır,

Toppuz satır, xəncər satır, bıçaq satır,

Gülləbatmaz cavanlar var ürək edib,

Budkasını mallarına zireh edib,

Oxuyan var, restoranı kafesi var,

Sənətdən çox dəllallığa həvəsi var.

Müəllim var hər gün dəmir-dümür satır,

Ziyalılar tanıyıram kömür satır

Rejissorlar toyuq satır, beçə satır

Qızlarımız özünü xaricə satır,

Alver edir, karlar, korlar, şillər, lallar,

Mənəviyyat dünyamızı yeyib alver.

Bütün kütlə bu işlə canbirciyər

Alverçiyə dönüb millət, alverçiyə


Mağazalar göbələk tək balalayır,

Maşın yuyur qaçqınların balaları,

Kişilər var daim əli uzalıdır,

Metro, səki, çörək yeri, bazarıdır.

Körpələr var göz açırlar alver ilə

Vuruşdadır zəmanəsi dövrü ilə

Kazinolar milyon qırpır bir gecəyə

Alverçiyə dönüb millət, alverçiyə.


Hərənin dollar yığanı, müştərisi

Hərənin öz alqı-satqı bölgəsi var.

Kimin belə əliaçıq ölkəsi var?!

Kimin belə özəlləşmiş torpağı var,

Yurdun yalnız satılmayan bayrağı var…

Gör bu işi bacarmayanlar nə çəkir?!

Alverçiyə dönüb millət, alverçiyə
Bu onun cibini kəsir, o bunun cibini kəsi r

Ticarətə dönübdü din, niyaz, nəzir,

Bu minvalla batmaq olar, çəkmək olar,

Yad ellərə nə qədər göz dikmək olar,

Baqqallardan bu torpağa nə olacaq?!

Vətəni də milləti də puldur ancaq,

Yarandığı gündən bəri Azərbaycan

Belə alver görməyibdir heç bir zaman.


Qeyrət, namus bizdən üz döndəribdir allah,

Ər, zənənin Dubaya göndərir allah

Su da atır arxasınca murdar, murdar,

Təki arvad dollar ilə dönsün ordan

Nə deyəsən belə-belə oğraşlara

Qeyrətdəndir gəlirləri daş-başları

Alverçidir sərsəmimiz-ağıllımız,

Kim deyər ki, nə olacaq axırımız?!

Heç gör bunun səbəbini açan olub.

Bizdə belə dükan bazar haçan olub

Amma söküb aldatmağa hərif gəzir,

Bu da xalqa hürriyyətin hədiyyəsi

Təkcə mənəm belə işi yaramayan

Məni heç vaxt bu bazarda aramayın,

Böyük ülvi ideallar çıxıb puça

Bazardadır cəmi məxluq gündüz-gecə,

Fərq qoyulmur nə bişmişə, nə də çiyə,

Alverçiyə dönüb millət alverçiyə.


1993-1998

Əl açdı gəlin mənə

(dəhşətli lövhə)
Durub kəsdi qabağımı, məsum naçar,

Əl uzatdı ikicanlı gəlin mənə

Dedi: - şair, o da acdır, mən də acam,

Dedi: - şair, ümidimiz qalıb sənə.


Verdim ona ciblərimdə nəyim vardı,

Gözlərinə işıq gəldi ümidləndi.

Gəlin getdi mən güçədə donub qaldım,

Bir anlığa dilim-ağzım kilidləndi.


Arxasınca durub baxdım maddım-maddım,

Elə bil ki, buzda dondum, odda bişdim,

Ömrüm boyu bir hamilə gəlin, qadın,

Çöl bir yana, yasda, toyda görməmişdim.


O zamandan, nə gecəm, nə gündüzüm,

Uzanıram, fikirlərim boğur məni,

Ayrılıram düşünürəm uzun-uzun,

O ana, bətndəki o körpəni.


Həyatımda nə doymadım, nə görmədim,

Atam getdi, anam getdi, bacım getdi,

Heç bu qədər sarsımadım, əyilmədim,

Ölüm-itim bu əbədi həqiqətdi.


O dərdlərə bənzəmirdi bu dərd ancaq,

Bu dərd bütün dərdlərimin betəriydi.

Bu dərd mənim ürəyimə batan xəncər,

Bu el, millət yanğısıydı, kədəriydi…


Ehtiyacın, yoxsulluğun əli ilə,

Xalqımıza vurulan bir zərbə idi,

Say-hesasız sərvətimiz ola-ola,

Sülənirdik, dilənirdik, qəribə idi?!


Düşünürdüm, doğulandan üzüləcək,

Bu ac, yoxsul, bu biçarə gəlinlə o,

Talanacaq, doğranacaq, əziləcək,

Ehtiyacın pəncəsində, əlində o.

Kim alacaq paltarını, yeməyini,

İndi hamı öz yurdunda köçkün, qaçaq,

Min bir cürə naz-neməti deməyirəm,

Anasının bəlkə südü olmayacaq.


Kimə gedib satacaqdır səsi, ünü,

İndi hamı öz-özünün hayındadır,

O taleyin əllərində oyundadır.

Ondan qabaq doğulubdur qara günü


Ölə-ölə böyüyəcək cılız, fağır,

Minlər ilə həmdərddaşı, həmyaşı tək,

Düşüb o da əvvəl-axır küçələrə,

Ölməməkçin, əl uzadıb dilənəcək.


Doğuluruq, böyüyürük yarı-yarı,

Yazımızı belə yazıb yəqin fələk,

Analarım, atalarım, bacılarım,

Bu yarıcan millət axı kimə gərək?


Hara gedir ölkə belə gediş ilə

Necə alaq qabağını bu talanın

Tükənib xal aydan-aya, ildən-ilə,

Gedə-gedə cılızlaşır, xırdalanır.


1999

Şairlik bir ululuqdur
Şairlik bir ululuqdur,

Ruha xidmətdir, qulluqdur;

Çox nadir verilən paydır,

İçdən gələn hay-haraydır;

Qələmlə qəhrəmanlıqdır,

Şər kəlməsi quranlıqdır;

Ölümü ötüb keçməkdir,

Dar ağacını sökməkdir;

El dərdini daşımaqdır,

Ellə ağlayıb, gülməkdir…

Ölə-ölə yaşamaqdır,

Yaşaya-yaşaya ölməkdir…

Sevgilərə nərdivandır,

Eşq bayrağı qaldırandır.

Şairlik sehrikarlıqdır,

Qəlblərə hökmdarlıqdır;

Cavan ikən qocalmaqdır,

Qocaykən cavan qalmaqdır…

Sözə kəm kölə, həm şahdır,

Özü-özünə bənddir,

Millətin gözü ondadır,

Özü-özünə arxadır,

Tanrısı, eli-xalqıdır,

Şəhidlik son nəsibidir;

Qurub etmiş Nəsimidir;

Füzulinin lisanıdır,

«Leyli-Məcnun» dastanıdır…

Sabir əyilməzliyidir,

Dilimin ölməzliyidir…

Qeyrət hayqıran hadidir,

Müşviqin istedadıdır…

Ürəyimin o tayında,

Dilim yasaq sayılanda,

Şəhriyar inqilabıdır,

«Heydərbaba» kitabıdır.

Şairlik sirri-xudadır,

Allahdan gələn nidadır…

Sənin yolunda
Məni məhəbbətin Məcnun eylədi,

Özümü çox şeydən məhrum eylədim…

Ömrümü əzaba məhkum eylədim,

Şerim, sənin yolunda…


Təkcə yuxularda sənsiz yaşadım,

Natəmiz dünyada təmiz yaşadım.

Əyrilər içində mən düz yaşadım,

Serim, sənin yolunda…


Ən məğrur asi insan mən oldum,

Ən razı, narazı insan mən oldum,

Ən zəngin kasıb insan mən oldum,

Şerim, sənin yolunda…


Səni məlhəm etdim ağrılarıma,

Dolanmaq yaşamaq qayğılarıma.

Bir gün ağlamadım oğullarıma

Şerim sənin yolunda…


Bir sənət tanıdım, bir haqq tanıdım,

Bir allah tanıdım, bir xalq tanıdım.

Nə hökmdar tanıdım, nə şah tanıdım,

Şerim, sənin yolunda…


Nəyim var, nəyim yox səninlə böldüm,

Səninlə qəmləndim, səninlə güldüm.

Çağladım, hayqırdım, öldüm, dirildim,

Şerim, sənin yolunda…


Mən mərdi-mərdanə dedim sözümü,

Dedilər yanarsan, gözdə özünü.

Şəm olub, əridim illər uzunu,

Şerim, sənin yolunda…


Həm sən şirinimsən, həm də acım,

Gözümün işığı, başımın tacı.

Sovuşdu gəncliyim, ağardı saçım

Şerim, sənin yolunda…


Aylarla bir sözü gəzdiyim oldu.

Xalqımın sevgisi, istəyi oldu.

Xeyrim, sənin yolunda,

Şerim, sənin yolunda…


1993


Biz beləyik…
Ta binayı qədim vaxtdan biz beləyik,

Düşmən qalıb özümüzə toy tuturuq…

Öz misini qızıl sayır özgələri,

Qızılımızı bizsə misə tay tuturuq…


Yad söz çoxdur bu millətin dilində də,

Yad söz ilə olunur öləndə də,

Yad əslində quyruq doğan günündə də,

Görürsən ki, bəxtimizə ay tutulur…


Xanəmizin damı uçuq, daşı qırıq,

Tökdüyümüz zir-zibili daşımırıq,

Əlimiz var qoturumuzu qaşımırıq,

Ona buna yalvarırıq vay, qoturuq…


Yollarımız kələ-kötür, mərtəbəli,

Günəşimiz doğur-batır ertə belə,

Otururuq sayılmayan yerdə belə,

Başqaları deyir məni say oturum…


Düz əməldən yalanımız daha boldur,

Almayandan alınımız daha boldur,

Boş-boş zurna çalanımız daha boldur,

Quru sözdən xalqımıza pay tuturuq…


Puldur bizi kölə edən, əsir edən,

Birdən bərk-bərk yapışırıq vəzifədən,

Ayılmırıq heç topların səsinə də,

Özümüzçün bala-bala zuy tuturuq…


Yekələr var çatışmayan palanları,

Qanmayanlar ağıl verir qananlara,

Bu torpağa, bu millətə yananları,

Hey əzirik, hey qırırıq, hey uduruq…


Ədavətdə bizə çatan olmayacaq,

Xəyanətdə bizə çatan olmayacaq

Deyəcəyəm bizdən adam olmayacaq,

Deyəcəksiz bu nə sözdür qoy oturaq…



Məni taparsınız şerlərimdə…
Ruhum, təbiətim şerlərimdə,

Əsl-nəcabətim şerlərimdə.

Bütün soyum, köküm, qohum, əqrabam,

Mənim Oğuz babam, Novruzbəy babam.

Mirzəbəy atamın itmiş məzarı,

Möhbanu nənəmin ağlı, kamalı,

Anamın üzünə düşən qırışlar.

Bacımın qəbrinə yağan yağışlar,

Həyatdan çox nakam gedən yoldaşım,

Üç oğlum, üç arxam, üç məsləkdaşım,

Körpə nəvələrim şerlərimdə,

Ömrüm səpələnib şerlərimdə.


Qəlbimin aynası – bütün sözlərim.

Bütün yaxşılarım, bütün pislərim.

Daddığım acılar, ağrı-əzablar,

Həyata verdiyim sual-cavablar,

Fərəhli günlərim, ağır günlərim,

Ömrümə, bəxtimə yağı günlərim,

İlk məhəbbətimin qönçə çağları,

Bütün ölülərim, bütün sazlarım,

Hamısı yaşayır şerlərimdə,

Həyatım başlayıb şerlərimdən.

Şair ədalarım, şair xislətim,

Beş litr qanımın hər bir qətrəsi,

Dizimin taqəti, qolumun gücü,

Bütün vücudumun zahiri, içi.

Fövtə götürməyən xasiyyətlərim,

Bütün təmaslarım, ünsiyyətlərim,

Sözlə qazandığım dövlətim, varım,

Qeyrətim, vicdanım, namusum, arım.

Şerlə tikdiyim şah saraylarım,

Allahdan, bəndədən olan paylarım.

Mənim doğma əziz şeyrlərimdə,

Ləkə görməzsiniz şeyrlərimdə…


Para-para olmuş ana torpağım,

Neçə yol dəyişən himnim, bayrağım,

Neçə yol dəyişən əlifbalarım,

Əlifba dəyişən manqurt şahlarım.

Bu tayın nə qədər vətən xaini,

O tayın milyonla miskin sakini,

Bütün olacaqlar, bütün olanlar,

Azərbaycanıma olan talanlar,

Nə qədər fitnəkar, qurğu, fənd oyun,

Əldən-ələ keçən Təbrizim, Xoyum,

Tutduq Savalanım, Səhəndim mənim.

Mənim bəndə düşən Dərbəndim mənim.

Yenilməz Şuşamın açıq hərracı,

Füzuli, Cəbrayıl, Kəlbəcər, Laçın.

Neçə igid babam. Ölməz sələfim,

Şəhid qəbirləri anım, şərəfim,

Vətən, torpaq satan neçə şarlatan,

İlan-çayanla qol-boyun yatan,

Bir milyondan artıq yurdsuz qaçqınım,

Ev, ocaq dlisi, torpaq Məcnunu,-

Hamısı boylanır şerlərimdən,

Haylarım, haraylarım şerlərimdə.


Məni kim tanıyar, məndən savayı?!

Bircə öləcəyim gündən savayı.

Qalan hər hikmətim şerlərimdə

Avtoportretim şerlərimdə,

Əbədi yaşaram mən bu cahanda.

Xeyir taparsınız şerlərimdən,

Bir vaxt bu dünyada mən olmayanda,

Məni taparsınız şerlərimdə.


1991

İtirsək də qədim, ulu torpaqları

(Pamflet)
İtirsək də qə qədim, ulu torpaqları,

Qarabağı yad ayaqlar tapdasa da…

Hamı yeyir, hamı içir, hamır çalır,

Heç o boyda faciəmiz düşmür yada…

Talansa da çoxumuzun yurdu, evi,

Toy-düyündür, fısqırıqdır hara baxsan,

Görməyibdir belə dadı, belə keyfi,

Şad gündədir qara baxtlı Azərbaycan.

Bir tərəfdə gör nə qədər zənginlər var,

Bir tərəfdə dilənçilər qapı döyür,

Bir tərəfdə restoranlar qatar-qatar,

Böyüyübdür məmləkəti kabab iyi.

Ceyran əti istəyirsən irəli gəl,

Quş südünə həvəsin buyur apar.

İpə-sapa yatmayan ən forslu gözəl,

Göy kağızın hökmü ilə yatır sapa.

Bəzi kişi qırıqları kəlmələrə.

Kazinoda satırlar öz bacıların.

Bir yandan çoxalırlar ildən-ilə

Məmləkətin Kəbleləri, Hacıları.

Yurd-yuvasız, say-hesabsız köçgünümüz,

İlanlarla, əqrəblərlə yaşasa da,

Düşünürük yaxşı keçsin öz günümüz.

Kaş ki, məndən uzaq olsun bəla, xəta.

Zırpı, yekə bazar olub Azərbaycan,

Namının fikri-zikri qarın dərdi.

Qədərsizdir dükan açan, budka açan,

Sahibləri bığı-burma «igidlərdir»,

Hamısı da yekə qarın, dolu bədən,

Keşik çəkir saqqızına, qoğalına,

Gözlərindən itə, bata millət, vətən,

Heç bunlar təsir etməz əhvalına,

Bir yarıcan milçək qona mətahına,

Elə bil ki, kürəyinə güllə dəyər,

Bir andaca batar allah günahına,

O balaca məxluqatı məhv eləyər,

İtirsək də cənnətməkan torpaqları,

Yağı şərəf-şanımızı tapdasa da.

Hamı yeyir, hamı içir, hamı çalır,

Heç o boyda faciəmiz düşmür yada.

Bir də niyə yada düşsün, niyə axı,

O əbədi yaşar bizim qəlbimizdə,

Biz yadlardan qoparmışıq Qarabağı,

Ucalmışıq sözümüzdə, şərqimizdə.

Daha kimsə qarşımızda dura bilməz.

Görün, hələ nə qeyrətli iş görmüşük?!

Ta Şuşanı yağı bizdən ala bilməz.

Onu Baku şəhərinə köçürmüşük.

Bu Şuşanın Bakıya ilk səfəridir,

Nə fərqi var o da vətən ocağıdır.

Bakıda ki, qəhrəmanlar şəhəridir,

Bakıda ki, ər oğullar torpağıdır.

Bu şəhərdə kino evi, qəlyənaltı,

Şərəflənib Şuşanın adı ilə.

Qoy düşməsin gözü çıxsın batsın adı.

Yurdumuza göz tikməsin bundan belə,

Heç Şuşanı qoyarıqmı çıxa yaddan,

Görün necə istəyimiz çin olubdur.

Restoranlar, kafelər var Şuşa adda.

O bir idi beş olubdur, on olubdur,

Qovuşubdur Bakı ilə Şuşa bu gün.

Biz qoymadıq xalqın gözü yolda olsun,

Hər bir yer də müqəddəsdir bizim üçün,

Qarabağda elə yada burda olsun.

Deyirlər ki, yada verdik Laçını da,

Bəli, onu satan da biz, «alan» da biz,

Laçın adlı neçə-neçə aşxana var,

Xırdalana, Sumqayıta gedən yolda.

Neçə-neçə pitixana, xaşxana var,

Çayxana var, suxana var sağda, solda,

Düzdür onlar Laçın deyil nə fərqi var,

Onun kiçik heykəlidir, kölgəsidir,

Hər ikisi bizim torpaq, bizim diyar,

Hər ikisi Azərbaycan ölkəsidir,

Zaman çəkdi hamımızı imtahana,

Gör buna da çatdı bizim təpərimiz,

Yerləşdirdik böyük, təzə bir dükana

Ağdam boyda yekə, qədim şəhəri biz.


Üz-üzədir Kələkilər neçə yerdə,

Hələ İsa bulağı da açacağıq sizin üçün,

Nə zamandır qəlbi yerdə, uca yerdə,

Təzə meydan arayırıq qədim Cıdır düzü üçün,

Onu tikib quracağıq tez bir zaman,

Qoymarıq ki, əvvəlkindən xırda olsun.

Doğma, bütöv bir vətəndir Azərbaycan,

Nə fərqi var, orda olsun, burda olsun,

Xarı-bülbül həsrəti də bitdi yetər,

Xarı-bülbül yetirmişik dibçəklərdə

Gəlin, baxın seçilməyir zərrə qədər,

Qırxqızdakı açan gözəl çiçəklərdən.

Bunun özü möcüzədir, təsəllidir,

Biz o gülü yetirərik harda olsun

İkisi də təbiətin gözəlidir,

Nə fərqi var, orda olsun, burda olsun.

Harda tapar qaçqın itən qardaşını,

Mehribanlar qovuşarlar mehribana.

Ceyranbatan sahiliylə sür maşını,

Yollar gedir Füzuliyə, Zəngilana,

Bu yerlərin hər tərəfi axar-baxar,

Sürülərin meydanıdır, mərkəzidir.

Nə olsun ki, ikisi də bizim diyar,

İkisi də Azərbaycan ölkəsidir.

Pulun varsa qəm eyləmə zərrə qədər,

Əsil vətən yaradırlar sənin üçün,

Qara qoçlar gəlişinə qurban gedir,

Quzuları mələdirlər sənin üçün,

Çoxlarını deməyirəm sizə hələ,

Qaysaqlanır bax beləcə vətən dağı…

Bax beləcə yavaş-yavaş, bala-bala,

Biz davasız alacağıq Qarabağı.

1992-1998

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə