İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə2/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9

Ululara şikayət

I
Bulaq qazdın ehsanlığa,

Ulu babam çapıb dağı,

Aç gözünü bir anlığa,

Nə gündədir gör bulağın?..

Dörd yanın hasarlayıblar,

Qapısını mismarlayıblar,

Açar vurublar dilinə,

Yol yoxdur suya gələnə…

Ordan ehsan suyu daha,

Aparmaq müşgülə dönüb…

Xoş gedərmi heç allaha,

Nəvələrin çıxıb dönük,

Sənin halalca işanə,

Haram qatıblar ay, baba

O çeşmənə nakişilər,

Suyun satırlar ay, baba

Xalq üçün qazıdın onu,

Nə boyda savab elədin,

Çatanda ömrümün sonu,

Hamıya xitab elədin.

Sizə tapşırıram onu,

Qayğı çəkin o bulağa…

Qoymayın allah amanı,

O bulağı kor olmağa…

Amma nəvələrin baba,

O bulağı kor qoydular…

Necə razılaşıb buna,

Necə buna qol qoydular…

İndi göz dağımdır mənə

Xeyir işə qazdığım bulaq…

Bir anlığa yırt kəfəni,

Məzarından ayağa qalx…

Gör ki, elin nemətinə,

Necə yağıdır nəvələr…

Babaların sərvətini,

Necə dağıdır nəvələr…
II
Qüdrətdən yonulmuş dağdır,

Sən həmişə xanım nənəm,

Ar-namusu qorumaqdı,

İşin-peşən Xanım nənəm…

Necə deyim gəlmir dilim,

Necə yazı tutmur əlim…

İndi namus pula dönüb,

İndi namusu qız-gəlin,

Ayaqlara atır, Nənə,

Göy kağıza satır, Nənə…

Çox-çox sərvət getdi əldən,

Eşq-məhəbbət getdi əldən,

Bu dəhşətləri sən bilsən,

Gorun çatlar, Xanım nənə…

Qeyrətin axırı buydu,

Gör bizi nə günə qoydu,

Qız övladlar, Xanım nənə…

III
Bizə mərdlik qoyub getdin,

Ər oğlu ərdin, ay ata…

Heç vaxt əyilmədi qəddin,

Bir yol namərdə, ay ata…

«Hə»yin hədi, «yox»un yoxdu,

Bir sözün iki olmazdı…

O vaxt mərdlərimiz çoxdu,

Namərdlərimizsə azdı…

Surət ilə artıq bu gün

Hər cür nakişilər, ata…

Əyilməkdən çoxdu, ata,

Belləri çilik-çilikdi…

Bu nə cürə yaşamaqdı,

Bu nə cürə kişilikdi?

Ləkədilər insanlığa,

Bu düşük nacinslər, ata…

Qalx məzardan bir anlığa,

Sən onlara göstər ata,

Nə deməkdir ər oğlu ər,

Köhnə qeyrətli kişilər…

Gözüm ata, canım ata…

Qədim beşaçılanın qalır,

Götür o zağlı tüfəngi,

Başla onlar ilə cəngi,

Tək onların qanın, ata…

Gör qaldıq nə yaman günə,

Gör necə dəyişdi dövran…

Əsil əfsanəyə dönən,

Kişilər köçdü dünyadan…

Axtarır gözlərim mənim,

Bilməm buna nə deyəm mən,

Siz kişi göstərin mənə,

Gündə baş əyim ona mən…


IV
Xətayi ey ulu şahım,

Çox gərəksən indi bizə…

Ey cavan, hökmdar, dah

Birləşdirdin ölkəmizi…

Zaman-zaman parçalanmış,

Bəxt taleyi haçalanmış,

Bu milləti birləşdirdin,

Bir sinədə yerləşdirdin…

Əli-ələ birləşdirdin,

Dili-dilə birləşdirdin…

Qaytarıldı haqlarımız

Sona qədər, sona qədər…

Qovuşdu torpaqlarımız,

Dərbənddən Zəncana qədər…

Vuətənə başdan-ayağa,

Sahib olduq öz-özümüz…

Sən şah oldun biz də ağa,

Təbriz oldu mərkəzimiz…

Xətayi, ey ulu şahım,

Bu dünyadan nə tez köçdün…

Saraldı bostanım, bağım,

Yenə ayaqlara düşdük…

Səndən sonra taxta çıxan,

Hökmdarlar quduzlaşdı…

Onlar elin zaman-zaman,

Başına min oyun açdı…

Xalqımızı aldatdılar,

Anamızı aldatdılar…

Hər dönüb oldu xəyal,

Torpağa cəhad başlandı…

Yenə verhaver, alhaal,

Yenə sathasat başlandı…

Yenə dağıldı, söküldü,

Haçalandı Azərbaycan…

Başına odlar töküldü,

Parçalandı Azərbaycan…

Satan da özümüz olduq,

Alan da özümüz olduq,

Çalan da özümüz olduq…

Daha bizdə qalmayıb can,

Ey şahım, sən ayağa qalx…

Cəhad elan et sən şahım,

Biz qalxaq davaya ellik…

Yoxsa bel getsə, şahım

Hər şeyimiz itirə bilməz

Nəyimiz var yadda qalar,

Vətənin tək adı qalar…

2000


Yoxdu onda…
Keçmişdə də millət

həmin millət idi,

Amma yalan millətbazlar

yoxdu onda…

Elə həmin ölkə idi,

Dövlət idi,

Dövlət yığan dövlətbazlar

Yoxdur onda…

Alan vardı, verən vardı,

Yeyən vardı,

Ta kütləvi, rüşvətbazlar

Yoxdu onda…

Az deyildi riyakarlar,

Simasızlar

Min çeşidli sifətbazlar

Yoxdu onda…

Biri azca o birindən

Zəngin idi,

Belə tuzlar, belə bosslar

Yoxdu onda…

Halal şeylər haramdan

Çox üstün idi,

Say-hesabsız harambazlar

Yoxdu onda…

Təmiz çoxdu, təmiz qalmaq

Mümkün idi,

Hey azalan təmiz azlar

Yoxdu onda

Təmiz çoxdu, təmiz qalmaq

Mümkün idi,

Hey azalan təmiz azlar

Yoxdu onda…

Meyar idi, ölçü idi

Şərəf, qeyrət,

Namus satan gəlin, qızlar

Qoxdu onda…

Əcəliylə gedirdilər

Gedənlər də,

Hər addımda matəm, yaslar

Yoxdu onda…

Məslək satan, vicdan satan

Tapılırdı,

Ta yurd satan yaramazlar

Yoxdu onda…

Hər kəsin ev-eşiyi,

Od-ocağı,

Milyonlarla yuvasızlar

Yoxdu onda…

Yenə elə özgələr yox

Özümüzük,

Bu ögeylər hardan

Gəlib çıxdı onda,

Özgələrdə günah görmə,

Elə bizik,

Uzaq düşən öz kökündən,

Öz soyundan…

1996

Əlac gərək, əlac gərək…

Bu millətin böyüyü ac, uşağı ac,

Ceyranı ac, cüyürü ac, ulacı ac.

Balıqları sahillərdən uzaq düşüb.

Zəmisinə soyka dolu, alaq düşüb.

Şairləri dərd əlindən taxta olub.

Bu millətin bəs haçan tox vaxtı olub?!

Varlısının cibi dolu, mürvəti ac,

Kim saxlayır bəs bu boyda milləti ac,

Böyükləri mənsəb acı, rütbə acı.

Kiçikləri saqqız satır dükan açıb.

Mollaları ehsan yeyib dönür paza,

Alimləri çöpə dönüb yaza-yaza.

Kasıblıqdır yar-yoldaşı, can-ciyəri.

Kəmərini hər gün sıxır rəncibəri.

Fəhlələri söz yeyirlər yağ yerinə.

Ac oğrular daraşıblar bax yerinə.

Bu millətin acı da, toxu da ac,

Bəs bu boyda sərvətləri hara axır?!

Bu millətin başçıları hara baxır?!

Oğulları neçin belə zavallıdır,

Gələcəyi qorxuludur, suallıdır.

O taydakı qardaşları, bacıları

Dözür hər cür təqqirlərə, acılara

Qədim Bakı Təbrizə ac, ulu Gəncə

Dərbəndə ac.

Həm ağa şah, həm bəndə ac.

Cərrah qardaş bıçaq götür

qarnını aç,

Falçı baçı sən də onun

falını aç,

Görək haçan tox olacaq qarnı onun,

Bəlkə elə qarğayıbdır tanrı onu,

Bəlkə fələk elə özü can evini

bərbad edib.

Hadilər millət deyə, çörək deyə

fəryad edib.

Bu millətin sərvəti çox, ruzusu az,

Ölüsü çox, dirisi az…

Çobanı ac, inəyi ac, sürüsü ac,

Torpaqları para-para, oyuq-oyuq.

Vətəni var, vətəndaşlıq qeyrəti yox

Vətəndaşlıq sərvəti yox

Məscidi az, türbəsi ac, mehrabı ac,

Allah, özün özümüzə bir qapı aç…

Cənnət-cənnət yerləri var, iqlimi var

Belə yerdə ac qalanın ağlımı var?!

Minlər ilə yurd-yuvasız qaçqını ac,

Gör nə sayda vətən-torpaq məcnunu ac…

Otuz milyon o sahildə ruh acıdır,

Dil acıdır,

Bu millətin təkcə birlik əlacıdır.

Birləşməsə ac qalacaq ömrü boyu

Birləşməsə rəzil olub alçalacaq ömrü boyu.


1998

Şairi xalqı saxlayar

Bir cəfakeş ana kimi,

Şairi xalqı saxlayar.

Ömrünün sonuna kimi,

Şairi xalqı saxlayar.
Qeyrət südü verər ona,

Mərd öyüdü verər ona,

İlham odu verər ona,

Şairi xalqı saxlayar.


Cövrü cəfasına dözər,

Üstündə titrəyər, əsər,

Anadan, atadan əzəl,

Şairi xalqı saxlayar.


Ovxarlı silahı kimi

Məsləki, məramı kimi,

Dilinin allahı kimi

Şairi xalqı saxlayar.


El adından danışmağa

Bircə odur vəkil ağa,

Şairin kimi var daha

Şairi xalqı saxlayar.


Xalq yolunda salın yada

Çox yazarlar gedib bada

Hələ öləndən sonra da

Şairi xalqı saxlayar.


2000

Ölümə gücüm çatıb
Taleyin hökmü ilə mən də şair doğuldum,

Mənim də öz şerimlə dilimə gücüm çatır.

Nə topum var, nə gülləm, nə rütbəm var, nə ordum,

Mənim də ağır gündə qələmə gücüm çatır.


Qılınc vuran qollarım misralarımdır mənim,

İgid, ər oğullarım misralarımdır mənim.

Döyüş, vuruş misralarımdır mənim,

Mənim də ilham adlı ərənə gücüm çatır.


Hamı qələm götürür, nə qədər yazan, pozan

Qələm götürmək çətin, qələm götürmək asan,

Hər sözün arxasında gərək özün durasan

Bax, onda ürəyimə, əlimə gücüm çatır.


Nə yaxşı ki bu yurdda, bu torpaqda doğuldum

Hər sözüm bu millətin qüdrətindən yoğruldu

Qurban gərək olarsa bu vətənin uğrunda,

Bir özümə, bir də üç balama gücüm çatır.


Qalxaydım, ucalaydım elin məhəbbətində

İllərdən bac alaydım elin məhəbbətində

Sözümlə sağ qalaydım elin məhəbbətində

Bax, onda biləydilər ölümə gücüm çatıb.

1999

Bu xalqa layiq olsun

bu xalqdan danışanlar

Birliyə gəlməyirlər birlikdən danışanlar

Yüz kökə ayrılırlar bir kökdən danışanlar.
Dinsizlər, imansızlar din-imandan danışır

Qorxaqlar səhər-axşam Koroğludan danışır,

Bicdən törəmələrsə milli qandan danışır

Böhtana qurşanıblar düzlükdən danışanlar

Yadlara nökərdilər birlikdən danışanlar.
Ədalət bağıranlar ədalətdən gendədir.

Allahı çağıranlar göy kağıza bəndədir.

Xalqı geri çəkənlər hamımızdan öndədir.

Donluqsuz qoydu bizi bolluqdan danışanlar

Hüquqsuz qoydu bizi hüquqdan danışanlar.
Vicdan deyir, bir gilə vicdanı olmayanlar

Şair olur pul ilə ilhamı olmayanlar

Haram içində üzür halaldan danışanlar,

Məslək alveri edir amaldan danışanlar.


Zaman-zaman bu yurdu neçə yerə böldülər

Mahallara böldülər, bölgələrə böldülər

Balaca bir ölkəni ölkələrə böldülər

İndi bu tayı satır o taydan danışanlar

Bizi az sayda qoydu çox saydan danışanlar.
Türkmənçayda cənubu əta etdik yadlara,

Doğma qardaş-qardaşdan uzaqlaşdı, yadlada,

O dövrdən nə qədər aylar-illər adlayıb

İndi Şuşanı verdi Təbrizdən danışanlar

Nə versən yeyir, udur pəhrizdən danışanlar.
Bir ölkə ac-yalavac, bir dəstə kef içində,

Bizə eyib tuturlar özləri eyib içində.

Pulları yad ölkədə, yüz polad seyf içində.

Dar gündə qorxdu, çaşdı qürbətdən danışanlar

Milləti qoydu, qaçdı millətdən danışanlar.
Çağırıram sağları, səsləyirəm ölüləri,

Necə kəsək, siz deyin bu riyakar dilləri

Xilas edək bir yolluq bu mərəzdən milləti

Ki, haq yoluna gəlsin nəhəqdan danışanlar.

Bu xalqa layiq olsun bu xalqdan danışanlar.

1999


Mənimçin bu dünyada

Bütöv Azərbaycan var…

(Düşmənlərə cavab)

Yüz yerdən sərhəd qoyun, min cürə çəpər çəkin,

Nə qədər parçalayın bu xalq bölünməyəcək

Birdəfəlik bu boş, xam xəyalkardan əl çəkin,

Bu millət öz dilindən, öz dinindən dönməyəcək.

Bir atadan yaranıb, bir anadan doğulub,

Bu xalq qanla birləşib, bu xalq canla birləşib

Bütün eşqi varlığı bir xəmirdən yoğrulub,

Dənizlə, yerlə, göylə asimanla birləşib.


Bu xalq bəlalar görüb, ər oğullar itirib,

Mərdi-mərdanə çəkib əzabların yükünü

Köksündəki yaralar ona şöhrət gətirib.

Bircə kərə nə qəddi, nə qaməti bükülüb

Əzildikcə bərkiyib, vurulduqca artır o,

Milyon başla, bədənlə, milyon əllə birləşib

Yer üstə say-hesabsız kəfənləri yırtıb o,

Yer altda say-hesabsız qəbrlərlə birləşib.


Başına odlar tökün bu xalq əyilməyəcək,

Qranitdəndir onun fəqərə sütunları.

Ətin çarmıxa çəkin bu xalq əyilməyəcək.

Fatehlər siz çox yaxşı bilirsiniz bunları

Kimin qüdrəti çatar Nizamini təkləyə Görün bu məmləkətdə neçə düha birləşib.

Bütün qəlblər, ürəklər bir sim üstə köklənib

Səslər-səsə birləşib, ruhlar-ruha birləşib.
Kimsə susdura bilməz Şəhriyarın dilini,

Allah qardaş yaradıb Şahdağı, Savalanı.

Kim ayırar Babəkin, Cavanşirin külünü

Bütün mahnılarımız bir kökdən havalanıb.

Göyçə, Zəncan hayqırır hər sözümdə, kəlməmdə

Təbriz, Şuşa ayrıla elə gün olmayacaq

Mümkün deyil Ürmiyə qopa düşə Dərbənddən

Dünya yerindən qopa, bu mümkün olmayacaq

Çaylarımı boğsalar, sularım birləşəcək,

Başını qoyub-gedib bu diyara gələnlər.

Ayağımı kəsəllər, qollarım birləşəcək,

Yer altda birləşəcək bu fəraqla ölənlər.


Çox sədlər, çox sərhədlər aramızı kəssə də

İllərlə görməsək də bir-birinin üzünü,

Biz ayrı olmamışıq heç bir zaman, heç vədə

Nə qəlb-qəlblə yadlaşıb, nə əl-əldən üzülüb

Düşmənlərə daha çox göstərmişik həddini

Daha da çox qaynayıb bir-birinə qanımız

Daha da çox bilmişik bir-birinin qədrini

Gələcəyə daha çox artıbdır gümanımız

Culfalar, Astaralar hələ qalsın bir yana

Bu xalq Ərk qalasının özülüylə birləşib

Gör kimlər oğul olub anam Azərbaycana

Bu millət Xətayimlə, Füzuliylə birləşib.


Düzdür, özümüzdən də düşmənimiz az deyil,

Düzdür içimizdən də aramıza girən var.

Yağılar bölüb bizi güya bunlar bəs deyil,

Özümüzdən də bizi parçalayıb bölən var.

Bunlar hardan yaranıb əsla başa düşmürəm,

Allah, kimlər bunları adımıza yazıblar?!

Ən qorxulu düşmənim öz doğmaca düşmənim,

Ən qorxulu qəsbkar, bizdən olan qəsbkar

Kim Şimal, Cənub deyə bölür Azərbaycanı,

Siz söyləyin vətəndə iki olar cənablar?

Yox-yox o tamam bütöv məkandır dünyanın

Yalnız xəritəsində Qərb, Şərq, Şimal, Cənub var

Yaradan bu torpağı bütöv yaradıb ancaq.

Yenə bütöv olacaq məndə buna inam var.

Yeganə bir anadır bizə bu ulu torpaq,

Mənimçin bu dünyada bütöv Azərbaycan var.

1998

Bir addım



Məhəbbətdən nifrətə yol bir addım

Yaltaqlıqdan minnətə yol bir addım.

Gəldi-qədər bir qonağıq cahanda,

Heç fərqinə varmamışıq bir an da,

Ki, həyatdan ölümə bir addım,

Son mənzilə dönümə yol bir addım,

Ha gedirik, ha qaçırıq, uçuruq,

Ayın, Marsın qapısını açırıq,

Kainatın nəhayəti bilinmir,

Nə əvvəli, nə axırı bilinmir,

Amma şair könlümə yol bir addım,

Könlümdəki iqlimə yol bir addım.


Anam məni bu həyata gətirdi,

Anam məni xəlq elədi, yaratdı.

Bir gün onu həmişəlik itirdim,

İblis ölüm gözlərinə kül atdı.

O həm mənə ata idi, həm ana.

Həm də mənə arxa idi, dayaqdı

Gündə-gündə yüyürəm yanına,

O heç mənə yaxın gəlmir bir addım.

Məzarından ayağa qalx bir anlıq.

Oğlun gəlib yoxmu bundan xəbərin

Aramızda ölüm, zülmət, qaranlıq,

Necə aşım bu keçilməz çəpəri.

Bu dağları ortalığa kim atdı?

Qovuşmağa qoymur bizi bir addım,

Bir gün yadlar bu torpağa girdilər

Başlandı bir hərc-mərclik cinayət.

Bizi o vaxt saqqallayıb böldülər.

Bizi böldü iki yerə xəyanət…

Çox millətlər vüsalına yol açdı,

Tapılmadı bir mərd aça bu yolu.

Bu sərhəddən o sərhəddə bir addım

Xəyanətdən xəyanətə bir addım.

Çəpər çəkib yerə, göyə bir addım,

Qoymur bizi birləşməyə bir addım.


Budur mənim dərdlərimin ağırı

Ana yurdum bələndi öz qanına

Bizim millət can verməzdi yağıya

Olmasaydı vətən satan canilər,

Yenə girdi aralığa cəyanət.

Dünən o tay, bu gün bu tay talandı

İndi burda rəvac aldı sathasat

Satqınlar da elə haman, hamandır.

Yenə hamam köhnə tasdı hamamdı.

Eh, bizim də günahımız çox idi.

Gərək geri dürmayaydıq bir addım.

Buna əsla hüququmuz yox idi.

Gör ki, hələ nəyə taydı bir addım?..

Bir addımdan milyon addım yarandı.

Qəddimizi qırıb əydi bir addım.

Gör nə boyda cənnətimiz talandı,

Görün indi nə deməkdir bir addım…

Bəli, təzə faciəmdir Qarabağ,

Amma satqın canilərim köhnədir.

Bu dərd mənim ürəyimi qanadır

Bu dərd mənim varlığımı göynədir.

Zəmanədən-zəmanəyə bir addım…

Viranədən viranəyə bir addım…

Bu canidən o caniyə bir addım,

Gülüstandan Xocalıya bir addım.
Çoxdan köhnə xatirələr açıram,

İllər qara saçlarımı ağartdı.

Dünən gəncdim, bu gün isə qocayam,

Gənclikdən qocalığa bir addım.

Şair oldum şairliyi seçmədim.

Öz sözümlə öz dünyamı yaratdım,

Ta az qalıb yığ-yığışa, köçməyə.

Burdan ora nə yol var ki, bir addım.

Ordan isə dönməyə nə güman var.

Bir də ordan kim döndü, kim qayıtdı?!

Ordan bura milyon illik zaman var,

Nə olsun ki, arada yol bir addım?!

Bu obadan o obaya bir addım

Bu nəvədən o babaya bir addım.

Bu alovdan o kösöyə bir addım

O köhnədən bu təzəyə bir addım.

Yol qalmayıb ta geriyə bir addım

Bəxt, gəlsənə irəliyə bir addım.

Bəlkə dönək özümüzə bir addım.

1997



Ölmək hüququndan qeyri
Ölülər sağ, sağlar ölü,

Bu nə cürə zəmanədir…

Fitrətində yerin, göyün,

Pozulubdur müvazinət…

Dünənimiz sabahsızdır,

Bu günümüz binəsibdir.

Müqəssirlər günahsızdır,

Günahsızlar müqəssirdir.

Heyif, qalanlara, heyif,

Ey yatanlar ayıq olun.

Bir ləkəsiz bəşər deyin,

Heykəlini qoyaq onun…

Hamı laqeyd, biganədir,

Bu nə cürə zəmanədir…

Natəmizlər salıb şərə,

Təmizləri sürdürürlər,

Ölüləri dirildirlər,

Diriləri öldürürlər.

Xilasımız ağlamaqdır,

Himnimiz də mərsiyədir…

Bütün işlər baş ayaqdır,

Bütün sözlər tərsinədir…

Bir hürriyyət deyə-deyə,

Qayıdırıq köləliyə…

Gələcəyi deyə-dey,

Keçmiş çıxır iləriyə…

Dərd əlindən dağa cumub,

Nə qədər bəlalı qaçır.

Əyrilər qabağa cumur,

Düzlər dalı-dalı qaçır…

Bütün üzlər olub astar,

Bəylik, xanlıq, qoçuluqdur…

Mənəviyyat dünyamızda,

Kasıblıqdır, yolçuluqdur…

Dağılıbdır bütün sədlər.

Qalanıb dərdlər üst-üstə…

Fəlakət də, müsibət də,

Bir-biriylə bəhsə-bəhsdə…

Qeyrəti, namusu atıb,

Qarabağı verdik yada…

Kişilərə ləçək, yaylıq,

Papaq verin arvadlara…

Tüpürüblər məhəbbətə,

İndi hamı pul axtarır…

Qızlar düşüb məzəndədən,

Bəylər varlı axtarır…

Dovşana qaç, ovçuya vur,

Tazıya hür öyrədirlər…

Dilliləri dilsiz qoyur,

Lallara dil öyrədirlər…

Düz danışan yazarlara,

Ehtiyacla şərlədirlər.

Bala-bala azarladıb,

Bala-bala çərlədirlər…

Millətin qırılıb beli,

Millət quruca söz olub.

Ölmək hüququndan qeyri,

Bütün hüquqlar pozulub.


1993

Mən də xalqın şairiyəm
Fərman ilə olmasa da, qərar ilə olmasa da.

Bölgə ilə, diyar ilə, mahal ilə olmasa da.

Dəstə ilə. Sıra ilə, silahıyla olmasa da.

Mən də zalqın şairiyəm, bu millətin şairiyəm,

Məhəbbətdən ülvi ad yox, məhəbbətin şairiyəm.
Davaları başlayarlar, bitirərlər fərman ilə

Başçıları təyin edib, götürərlər fərman ilə

Xainləri qəti edərlər, itirərlər fərman ilə

Fərmanlardan uca duran həqiqətin şairiyəm

Bir amalın, bir məsləkin, bir sifətin şairiyəm.
Şer oldu əziyyətim, müsibətim, mükafatım,

Bu dünyayla mübarizəm, o dünyayla ədalətim,

Özüm seçdim özümə bu azad «həbsi», «qazamatı».

Hürriyyətim içimdədir, Hürriyyətin şairiyəm.

Sözüm haqqın gücündədir, haqqın mətin şairiyəm.
Say-hesabsız bir ordudur yenə bizdə yazan, pozan,

Yox çoxunun nə üzünə, nə sözünə qulan asan,

Rəsmi yolla, sərəncamla xalq şairi olmaq asan,

Sərəncamsız, qeyri-rəsmi ülviyyətin şairiyəm,

Mən bu adın, vəzifənin, təyinatın şairiyəm.
Budur mənim mübarizəm, döyüş yolum budur ancaq.

Bütöv vətən, bütöv ölkə, bütöv millət, bütöv torpaq,

Bu müqəddəs, ulu sevgim, necə ki, çin olmayacaq.

Əbədilik bu hicranın, bu həsrətin şairiyəm.

Bu harayın, bu nisgilin, bu möhnətin şairiyəm.
Ürəklərə girmək olmaz göstərişlə, qərar ilə,

Qərar ilə ürəkləri «fəth eləmək» fərarilik.

Şair doğur bu dünyaya ilham boyda məram ilə,

İlham varım-dövlətimdir, bu dövlətin şairiyəm.

Bu ilahi bəxşəyişi, bu qismətin şairiyəm.
Nə ayrı bir planetdən, nə marsdanam, nə aydanam.

Həm Bakıdan, həm Təbrizdən, həm Gəncədən, həm Xoydanam.

Sizin ilə bir qandanam, bir kökdənəm, bir soydanam

Mən nə qərar şairiyəm, nə də arxiv şairiyəm.

Təpədən dırnağa kimi elin, xalqın şairiyəm.

1998


«Yaza həsrət» güllər kimi…
Qışda Xızı dağlarında qar altından çıxıb göyə boylanan xırda güllərə rast gəldim. Ən əvvəl heyrətləndim, bizim bu yerlərin ağsaqqallarından soruşanda, dedilər ki, bu dağlarda qışın son ayında belə güllər görünür, amma yaz girən kimi solurlar. El içində adlarına «Yaza həsrət» gülləri

deyirlər.
Mən heç yerdə görməmişdim gül açıla qış fəslində,

Dadmamışdım belə qismət, duymamışdım belə heyrət…

Yazda çıxır, payızdadada solur gül-çiçək əslində,

Mən qış vaxtı güllər gördüm, adları da «Yaza həsrət»…

Gün çıxmışdı bir balaca, isinmişdi yanaqları,

Qar altından baxırdılar, bir bəzəkli gəlin kimi,

Bəlkə hələ bahar üçün, baxırdılar göyə sarı,

Dururdular solub gedən yazın qış heykəli kimi…

Ağ, çəhrayı ləçəkləri, nə zəifdir, nə qəşəngdir,

Sübh şehiydi elə bil ki, nəfəsləri, dərmanları…

Mart çıxdımı, dərd çıxdımı, onlar solub öləcəkdi,

Olacaqdır onlar yazın şəhidləri, qurbanları…

Bu ad kimdən nişan qalıb

Belə adı kim veribdir bu güllərə görən siftə?!..

Qışında yaz, yazında qış, yaşayarmış bu dağların,

Qar yağırdı bir tərəfdə, gül açırdı bir tərəfdə…

«Yaza həsrət».., «Yaza həsrət»… haray salmaq istəyirdim

Varlığımı gülğayırdı qoşa nisgil, qoşa həsrət…

Elə bil ki dağlar boyu bir nəqarət səslənirdi,

Qış gələndə yaza həsrət, yaz gələndə qışa həsrət…

Bu soyuqda hətta yalçın qayalarda büzüşmüşdü,

Zərif güllər necə, bu soyuqda dözürdülər?..

Neyləsinlər, yaz yerinə qış düşmüşdü,

Bəlkə elə qış fəslində, ilk baharın özidilər.

Bəli, qışdan yaz doğurdu, yazdan da qış başlayırdı,

Mən özüm də öz çiynimdə fəsillər daşımışdım.

Elə mənim şair ömrüm o güllərə oxşayırdı,

Mən nə qədər isti aylar, soyuq illər yaşamışdım…

O güllər tək heç mənimdə, çox vaxt könlüm açılmadı,

Daim çökdü taleyimə, bir amansız, naşı həsrət…

Qışda gözüm sevinmədi, yazda könlüm açılmadı,

Qışda qaldım yaza həsrət, yazda qaldım qışa həsrət…

Torpağımda az dözmədi fitnələrə, fəsadlara,

Parçalandıq neçə yerə, yağı oldu bizə həsrət…

Dərbənd düşdü yad ellərə, öz torpağın ola-ola,

Təbriz baxdı bizə həsrət, biz baxdıq Təbrizə həsrət…

Göyçə çıxdı əlimizdən, gözlərimiz baxa-bax,

Çökdü bütün sifətlərə yeni qüssə, yeni həsrət…

Öz «doğmaca satqınlarım» satdı cənnət Qarabağı,

Mən qaldım Şuşaya həsrət, Şuşa qaldı mənə həsrət…

Gör nə boyda nisgilləri, möhnətləri daşıyırıq,

Hamımızın doğum günü təvəllüdü, yaşı-həsrət…

Bir millətik «Yaza həsrət» gülər kimi yaşayırıq,

Qış gələndə yaza həsrət, yaz gələndə qışa həsrət…

1995

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə