Hüquq fakültəsi “Kriminalistika və Məhkəmə ekspertizası kafedrası”




Yüklə 90.74 Kb.
tarix26.02.2016
ölçüsü90.74 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti




Hüquq fakültəsi

Kriminalistika və Məhkəmə ekspertizası kafedrası”



Əyani şöbə IV kurs 1344-cü qrup tələbəsi

Cavadov Vüqar Şahmalı oğlunun

Kriminalistik elmi-texniki vasitələrin ibtidai araşdırmada tətbiqinin prosesual və taktiki xüsusiyyətləri” mövzusunda




KURS İŞİ

Kafedra müdiri: Kamil Səlimov

Elmi rəhbər: İpək Abbasova

Plan:

1. Giriş


2. Kriminalistik elmi-texniki vasitələrin anlayışı və növləri.

3. Kriminalistik elmi-texniki vasitələrin ibtidai araşdırmada prosesual və taktiki xüsusiyyətləri.

4. İbtidai araşdırmada müasir kriminalistik elmi-texniki vasitələrdən istifadə.

5. Nəticə.

6. Ədəbiyyat siyahısı.

Kriminalistika texnikası kriminalistikanın bir bölməsi olub, törədilmiş cinayət hadisəsi ilə bağlı məlumatların aşkar olunması, götürülməsi, qeyd edilməsi, toplanmış məlumatların tədqiq edilməsi, həmçinin cinayətlərin qarşısının alınması məqsədilə elmi-texniki vasitələrin işlənib hazırlanması haqqında nəzəri müddəalardan və təkliflərdən ibarətdir.

Kriminalistika texnikası cinayətlərin açılması və istintaqı məqsədilə cinayət prosesində təbiət və texnika elmlərinin tətbiq edilməsi əsasında formalaşmışdır.Kimyaının, fizikanın, təbabətin, biologiyanın və digər elm sahələrinin metodları cinayətin izlərinin aşkar edilməsinə və maddi sübutların tədqiqinə uyğunlaşdırılaraq tətbiq edilmiş, bununla yanaşı, xüsusi kriminalistik metodlar da işlənib hazırlanmışdır.

Kriminalistikada bilavasitə cinayətlərin açılması, istintaqı və qarşısının alınması üçün xüsusi olaraq hazırlanmış elmi-texniki vasitələr sistemi yaradılmışdır.

Texniki-kriminalistik vasitələrin əhəmiyyətindən danışarkən, hər şeydən əvvəl, onların bir çox istintaq hərəkətlərinin səmərəsini yüksəldilməsində böyük rolunu qeyd etmək lazımdır.Məhz texniki-kriminalistik vasitələrin tətbiqi nəticəsində görünməyən və zəif görünən barmaq izlərini, mikroobyektləri, cinayət törətmə vasitələrini, gizli saxlanc yerlərində saxlanılan oğurlanmış qiymətli şeyləri və cinayət hadisəsinin digər hallarını, şübhə edilən şəxsin təqsirini sübut etmək üçün zəruri olan digər maddi sübutları aşkar etmək olur.Texniki-kriminalistik vasitələr protokoldan fərqli olaraq istintaq hərəkətinin aparıldığı şəraiti daha dolğun əks etdirməyə imkan verir.

Axtarış əhəmiyyətli informasiyanın toplanmasında da texniki-kriminalistik vasitələrin rolu böyükdür.Onlardan istifadə etməklə bilavasitə hadisə yerində əl, ayaq, sındırma alətlərinin və nəqliyyat vasitələrinin izləri müəyyən olunur, əldə edilmiş məlumatlar oğurluq, soyğunçuluq və quldurluq törədən şəxslərin “isti izlərlə” axtarılıb tutulmasına imkan verir.

Texniki-kriminalistik vasitələrdən əməliyyat-axtarış fəaliyyətində də geniş istifadə olunur.Kriminalistik qeydiyyatlar, axtarışda olan cinayətkarların şifahi portretlərin tərtib olunmasında istifadə edilən cihazlar və digər kriminalistik vasitələr cinayətin açılmasını, oğurlanmış əşyaların tapılmasını asanlaşdırır.

Hüquq mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizədə istifadə etdikləri elmi-texniki vasitələri aşağıdakı iki qrupa bölmək olar:



  1. əməliyyat-texniki vasitələr (gecəgörmə cihazları, digər müşahidə və texniki nəzarət vasitələri və s.

  2. Kriminalistik-texniki vasitələr (müxtəlif materiallar, cihazlar, aparatlar, alətlər və s.)

Hər iki qrupda müxtəlif obyektlərin axtarılması, qeyd edilməsi, götürülməsi, məlumatların toplanması, tədqiq edilməsi, istifadə edilməsi üçün xüsusi texniki vasitələr mövcuddur.

Tədqiqat aparmaq üçün nəzərdə tutulmuş texniki vasitələr də iki qrupa bölünürlər.Onların bir hissəsi ibtidai istintaq zamanı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətlərinin həyata keçirilməsində istifadə edilir.Digər hissəsi isə stasionar şəraitlərdə ekspert tədqiqatlarının həyata keçirilməsində tətbiq edilir (bəzi texniki vasitələr hər iki halda istifadə edilə bilər).

Cinayət prosesində texniki vasitələrin tətbiqi bir sıra prinsiplərə uyğun olmalıdır.Onların tətbiqi o zaman mümkündür ki, bu vətəndaşların qanuni hüquq və mənafelərini pozmasın, etik və əxlaq normalarının tələblərinə cavab versin.Digər prinsipi sübut əhəmiyyəti kəsb edən, informasiya mənbələrinin və maddi sübut olan obyektlərin saxlanılmasını təmin etməkdən ibarətdir.Bundan əlavə, istifadə edilən kriminalistik vasitələr elmi cəhətdən əsaslandırılmış, etibarlı olmalıdır.Bütün hallarda texniki vasitələrin tətbiq olunması və onun nəticələri istintaq və məhkəmə hərəkətlərinin protokolunda, ekspertin rəyində və digər prosesual sənədlərdə hökmən öz əksini tapmalıdır.Bu tələb kriminalistik texnikanın tətbiqinin qanuni xarakter daşımasından irəli gəlir. Tətbiq olunan texniki-kriminalistik vasitələrin təsnifatı müxtəlif əsaslara görə aparılır: 1) mənşəyinə 2) tətbiq edən subyektə 3) təyinatına görə.

A.İ.Vinberq və V.P.Kolmakov mənşəyinə görə texniki-kriminalistik vasitələri üç növə bölürlər: xüsusi kriminalistik məqsədlər üçün hazırlanmış (daktiloskopiya üçün hazırlanmış vasitələr, səyyar kriminalistik laboratoriyalar və s.), kriminalistik məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılmış (fotoaparatlar, müxtəlif mikroskoplar və alətlər ) və universal texniki-kriminalistik vasitələr1 .

Kriminalistik texnikanın istintaq təcrübəsində tətbiqi təkcə cinayətlərin açılmasında və istintaqında deyil, həm də onların qarşısının alınmasında mühüm rol oynayır.Bu məqsədlə kriminalistik texnikanın istintaq və

əməliyyat-axtarış təcrübəsində, ekspertiza idarələrində tətbiqinin nəticələri öyrənilib ümumiləşdirilir və uyğun təkliflər işlənib hazırlanır.

Geniş profilaktik tədbirlər proqramının işlənib hazırlanması üçün cinayətlərin törədilmə üsullarının, ona şərait yaradan halların öyrənilməsi vacibdir.Profilaktik tədbirlər həm cinayətin törədilməsinə şərait yaradan halların aşkar edilməsinə və istintaqın optimallaşdırılmasına, həm də onların qarşısının alınmasına və aradan qaldırılmasına yönəlməlidir.Məsələn: sürətçıxarma və poliqrafiya texnikasının təcrübədə geniş tətbiq edilməsi ilə əlaqədar pul əskinaslarının və digər qiymətli kağızların saxta yolla hazırlanması cinayətləri çoxalmışdır.Kriminalistlər tərəfindən təklif olunmuş xüsusi boyaların kağızın tərkibinə daxil edilməsi, blanklarda rekvizitlərin, müdafiə toplarının olması həmin saxtalaşdırmaların aşkar edilməsinə kömək edir.

Laborotariya tədqiqatlarında istifadə olunan texniki-kriminalistik vasitələrin rolu əvəzedilməzdir.Yalnız həmin vasitələrin köməyi ilə ekspert-kriminalistlər istintaq üçün əhəmiyyət kəsb edən çoxsaylı məsələləri həll edə bilərlər.

Cinayətlərin törədilmə üsul və vasitələri fasiləsiz olaraq dəyişdiyi kimi, onlara qarşı mübarizə vasitələri də durmadan inkişaf edir.Kriminalistik elmi-texniki üsul və vasitələrin proflaktika məqsədi ilə tətbiqi yollarının müasirləşdirilməsi və dərinləşdirilməsi kriminalistika elmi qarşısında duran mühüm vasitələrdən biridir.

Prof. N.A.Selivanov texniki-kriminalistik vasitələri iki əsas üzrə təsnif edir: mənşəyinə və təyinatına görə.

Mənşəyinə görə o həmin vasitələri iki qrupa bölür:


  • xüsusi kriminalistik vəzifələrin həllinə uyğunlaşdırılmış ümumtexniki vasitələr ( foto,kino,videoyazı,səsyazma və s.)

  • yalnız kriminalistik vəzifələrin həlli üçün nəzərdə tutulmuş vasitələr (kriminalistik təyinatlı xüsusi fotokameralar, əl izlərini aşkar edib götürmək üçün yod buxarı trubkası və s.)

O, texniki kriminalistik vasitələri təyinatına görə də iki qrupa bölür:

- müstəntiqlər və kriminalistlər üçün sübutların aşkar edilməsi, götürülməsi, qeyd edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələr (fotoşəkil çəkmə, səsyazma, videoyazı aparatları və s.)

- maddi sübutların tədqiqində (əsasən də kriminalistik ekspertizaların aparılması zamanı) istifadə edilən texniki vasitələr (məhkəmə tədqiqat fotoqrafiyasının istifadə üsul və vasitələr, analitik lüminessehsiya lampaları, lupalar, mikroskoplar və s.)

Tətbiq edilən subyektə görə texniki vasitələr müstəntiq və təhqiqatçı (istintaq çemodanı, fotoaparat, axtarış vasitələri və s.), mütəxəssis və ekspert tərəfindən (müxtəlif tədqiqat aparatları) istifadə olunan vasitələrə bölünürlər.

Təyinatına görə texniki vasitələr: 1) axtarıcı: 2) obyektlərin qeyd edilməsi və götürülməsi: 3) obyektlərin tədqiq edilməsi üçün vasitələrə bölünür.
Axtarıcı texniki-kriminalistik vasitələr.

Maddi obyektlərin aşkar edilməsi üçün müxtəlif texniki vasitələrdən, elmi üsullardan və metodlardan istifadə edilir.

Görünməyən, zəif görünən və mikroskopik obyektlərin axtarılması vasitələri əl izlərinin, toz, saç və sair mikrohissəciklərin aşkar edilməsi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə xüsusi kriminalistik lupalardan, aliminium, qrafit, his, mis oksid və dəmir tozlarından istifadə olunur (metal tozlarını tətbiq edən zaman maqnit fırçasından istifadə edilir).Son zamanlar əlvan rəngli materiallar üzərində qalmış tər piy izlərini aşkar etmək üçün “kvant” lüminessensiya tozu tətbiq edilir.
Əl izlərinin aşkar edilməsinin digər mühüm vasitələrindən biri də yod buxarıdır.

Mikroobyektlərin axtarılması üçün iri böyüdücü lupalardan, ultrabənövşəyi UK-1, OLD-41 qurğularından istifadə edilir.Ultrabənövşəyi şüalarla işləyən qurğular qan, sperma və s. üzvi birləşmələrin hissəciklərini aşkar etməyə imkan verir.

Atəş izlərini, şübhə edilən şəxsin paltarları üzərində dəmir qırıntılarını aşkar etmək üçün S-70, “Voron-3” cihazlarından istifadə edilir.

Soyuq və odlu silahların, güllələrin, giliz və patronların, sındırma alətlərinin, metal pulların və başqa metal predmetlərin aşkar edilməsi üçün kütləsi 1 kq 400 q. olan qaldırıcı maqnit axtarıcı tətbiq olunur. Bu cihaz vasitəsi ilə maye və dənəvər mühitlərdə qara metaldan hazırlanmış obyektləri aşkar edib çıxarmaq olar.Həmin obyektlər qurğularda axtarılan zaman “İMP” və “İris” metalaxtaran cihazlardan istifadə edilir.

Paltarlarda yataqda, mebel ləvazimatlarında metal məmulatların aşkar edilməsini kiçikqabaritli elektron metalaxtaran “Qamma” aparatı vasitəsilə də həyata keçirmək olur.Bununla yanaşı, hüquq mühafizə orqanlarının istifadəsində qiymətli metalların (qızıl, platin və s.) axtarılması üçün də cihazlar vardır.

İstintaq təcrübəsində yumşaq mebellərə baxış, sututarlarda meyidləri aşkar etmək məqsədilə metal şuplardan və trallardan istifadə edilir.


Obyektlərin qeyd edilməsi və götürülməsi üçün istifadə edilən

texniki-kriminalistik vasitələr

Təcrübədə axtarış cihazları ilə yanaşı obyektlərin qeyd edilməsi və götürülməsi üçün müxtəkif texniki vasitələrdən istifadə olunur.Daktiloskopik plyonka bu məqsədlə ən çox istifadə edilən vasitələrdəndir.Onlar qara və şəffaf rənglərdə olurlar.Qara plyonkalar ağ rəngli tozlar (alüminium, sink oksidi) vasitəsilə aşkarlanmış tər-piy izlərinin qeyd edilməsi və götürülməsi üçün istifadə edilir.Daktiloskopik plyonkadan müxtəlif predmetlər üzərində qalmış paltar liflərinin, toz və digər mikrohissəciklərin götürülməsi üçün də istifadə edilir.Daktiloskopik plyonka linolium, taxta və asfalt üzərində aşkar edilmiş bəzi ayaq və nəqliyyat vasitələri izlərinin götürülməsində də tətbiq edilir.

İstintaq təcrübəsində həmçinin gipsdən, “K” pastasından, plastilindən və s. istifadə olunur.

Gips ayaq və nəqliyyat vasitələrinin həcmi izlərinin götürülməsində tətbiq edilir.

“K” pastasının köməyi ilə sındırma alət və vasitələrinin, ayaq və nəqliyyat vasitələrinin izlərinin kiçik hissələrinin sürətləri çıxarılır.

Plastilin sındırma alət və vasitələri izlərinin surətlərini hazırlamaq üçün tətbiq edilir.

İstintaq təcrübəsində foto, video və səsyazma aparatlarından da istifadə edilir.

Fotoşəkilçəkmə qeyd etmə vasitəsi kimi hadisə yerində izlərin, axtarış zamanı sübutların götürülməsini, istintaq hərəkəti həyata keçirilən şəraiti əks etdirmək üçün tətbiq edilir.

Fotoşəkil çəkmək üçün müstəntiq “Zenit” tipli güzgülü fotoaparat, fotoişıqlandırıcı xətkeş və s. ilə təhciz edilir.Müasir dövrdə texnologiyanın inkişaf etmiş nəaliyyətlərindən istifadə olunur.Fotoşəkilçəkmə üçün istifadə olunan yüksək pikselli rəqəmsal fotoaparatdan istifadə olunur.

Təhlükəli cinayətlərin istintaqında və istintaq hərəkətlərinin dinamikada əks etdirilməsi tələb olunduğu hallarda kino və ya videokameradan, sasyazma üçün isə diktafondan şahidlərin, zərərçəkmiş şəxslərin, şübhə edilən şəxsin, təqsirləndirilən şəxsin dindirilməsi və ifadənin yerində yoxlanılması zamanı istifadə olunur.


Obyektlərin tədqiq edilməsinin tekniki-kriminalistik vasitələri
Obyektlərin ilkin tədqiqi zamanı texniki vasitələr: kriminalistik mikroskoplar, lupalar, xətkeşlər, ruletkalar, pərgarlar (onların ölçülməsi üçün) tətbiq edilir.Axtarılan şəxslərin kompozision portretini tərtib etmək üçün İKR-2 cihazından istifadə edilir.Bundan əlavə: civə, kvars lampaları, elektron-optik dəyişdirici, narkotik maddələrin ekspress analizi üçün “Politest” dəsti (onun vasitəsi ilə müxtəlif narkotik maddələri müəyyən etmək olur). “Kontrast” cihazı (bu cihaz nəqliyyat vasitələrinə baxış zamanı zavod nömrələrinin dəyişdirilməsi hallarını, boya örtüklərinin qalınlığını müəyyən etməyə imkan verir), “Kinovar” cihazı (portfellərdə, çantalarda, paltarın ciblərində gizlədilmiş qızılın aşkar edilməsi üçün) və s. tətbiq edilir.

Ekspert təhqiqatları prosesində universal “Uparus” reproduksiya qurğusundan istifadə edilir.Bu qurğu əl,sındırma alət və vasitələrinin izlərinin, sənədlərin və s. obyektlərin şəklinin çəkilməsi və tədqiqi üçündür.Eyni zamanda bu qurğuda infraqırmızı və ultrabənövşəyi şüalar vasitəsilə şəkilçəkmə, makro və mikroşəkilçəkməni həyata keçirmək, diapozitivləri hazırlamaq mümkündür.

Güllələr, gilizlər və patronlar üzərində qalmış mikro izləri tədqiq etmək, meyiddən çıxarılmış güllə üzərindəki izlərlə ekspermental güllənin üzərindəki optik üst-üstə qoyma metodu ilə tutuşdurulması üçün müqayisəli kriminalistik mikroskopdan istifadə edilir.(MKM).Kağız və metal pulların, möhür və ştampların əkslərinin tədqiq edilməsi üçün və optik qurğudan istifadə edilir.

Qeyd olunan qurğu və cihazlar ənənəvi kriminalistik tədqiqatlarda istifadə olunan texniki vasitələrin yalnız bir qismini təşkil edir.Bunlarla yanaşı, maddi sübütların ən müasir səviyyədə tədqiqinin təmin edən xüsusi cihazlardan istifadə edilir.

Bu texniki vasitələrlə yanaşı məhkəmə ekspertizası obyektlərinin tədqiqat zamanı müxtəlif metodikalar tətbiq edilir.

Spektral analiz tədqiq olunan maddələrin spektirinin öyrənilməsinə əsaslanır.Bunun mahiyyəti ondan ibarətdir ki, tədqiq olunan maddə az miqdarda xüsusi cihaza-spektroqrafaya yerləşdirilir və orada elektrik dövrəsinin alovunda və ya qığılcımlarında buxarlandırılır, bunun nəticəsində ayrılmış ayrı-ayrı atomlar qıcıqlandırılır və onlar işıq buraxmağa başlayır. İşıq linzalar sistemindən keçərək prizmaya düşür və spektrlərə bölünür.Spektral analiz vasitəsi ilə naməlum maddəni və onun kimyəvi tərkibini müəyyən edirlər.Bu metod lak-boya örtüklərinin, yanacaq-sürtgü materiallarının və s. maddələrin tədqiqi zamanı geniş tətbiq olunur.

Lüminnessensiya analizi bəzi maddələrin onlara infraqırmızı və ultrabənövşəyi şüalar vasitəsilə təsir edən zaman işıq şüaları buraxmasına əsaslanır.

Xromotoqrafiya metodu maddələrin tərkib hissələrinə parçalanmasına əsaslanır.Bu metod bəzi neft məhsullarının, bir çox sintetik maddələrin, spirt məmulatlarının, tezalışan materialların tədqiqi zamanı tətbiq edilir.

Elektroqrafarez metodu boyaların, mürəkkəblərin, yapışdırıcı və s. maddələrin tədqiqində istifadə edilir.

Müasir dövrdə hüquq mühafizə orqanlarının istifadəsində təyinatına, qablaşdırılmasına görə fərqləndirilən müxtəlif istintaq çemodanları vardır.

Daxili işlər orqanlarında universal və unifikasiya olunmuş (vahid şəklə salınmış) çemodanlardan daha çox istifadə olunur.Onlar müstəntiqlər, təhqiqatçılar və kriminalistlər üçün nəzərdə tutulmuşdur.Son illər həmin çemodanlar hüquq mühafizə orqanlarına “Kremen-M1”, “Kremen-M2” adları altında daxil olur.Bu çemodanlarda aşağıdakı texniki vasitələr vardır:




  • Əl izlərinin aşkar edilməsi, götürülməsi və qeyd edilməsi üçün vasitələr (PDM-Ç, PDM-B, PDML-S, yod trubkası, fırçalar, müxtəlif tozlar, tünd rəngli və şəffaf daktiloplyonkalar, daktiloskopiya etmək üçün mətbəə boyası, rezin diyircək və s.)

  • Mikrohissəcikləri aşkar edib götürmək üçün kriminalistik lupa, yapışqanlı plyonka, pinset, şüsə kolbalar və s.

  • Həcmi izlərin surətini hazırlamaq üçün: gips, “K” və “U” silikon pastaları, “Prelest” lakı və s.

  • Plan və sxemlərin tərtib edilməsi üçün ruletka, xətkeş, ştangensirkul, kompas, kağız, yazı ləvazimatları və s.

  • Fotoşəkil çəkmək üçün fotoaparat müasir texnologiyaların nəaliyyətlərindən biri olan yüksək pikselli rəqəmsal fotoaparat, miqyas xətkeşi və s.

  • Götürülən obyektləri qablaşdırmaq üçün şüşəkəsən, qayçı, müxtəlif ölçülü polietilen kisələr və s.

Bunlardan əlavə, çemodanda elektrik fanarı, gərginlik ölçən indikator, çəkic bıçaq və s. olur.

Ən universal kriminalistika komplektləri səyyar kriminalistik laboratoriyalardır.Onlar Qazel, Ford markalı avtomobilləri üzərində quraşdırılmışdır. Kriminalistik laboratoriyalar hadisə yerinə baxış və digər istintaq hərəkətlərinin yerindəcə həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.Bu laboratoriyalar əsas və əlavə bölmələrdən ibarətdir.Əsas bölmədə müxtəlif prosesual və texniki hərəkətlər, əlavə bölmədə isə fotomaterialların hazırlanması, şəkillərin çıxarılması maddi sübutların tətqiqi və s. həyata keçirilir.Bundan əlavə, kriminalistik laboratoriyalarda içərisində mikrohissəcikləri götürmək üçün “Veterok” cihazı, ultrabənövşəyi işıqlandırıcı, mikroskop, kinokamera, maqnit qaldırıcı, əl-barmaq izlərinin, həcmi ayaq izlərinin götürülməsi, meyidə baxış üçün nəzərdə tutulmuş vasitələr və s. predmetlər olan çemodanlar vardır.

Müasir kriminalistik texnikanın sisteminə aşağıdakı bölmələr daxildir:



  • Kriminalistik texnikanın ümumi müddəaları

  • Kriminalistik fotoqrafiya, kinoçəkmə, videoyazı və səsyazma

  • Trasologiya

  • Kriminalistik ballistika

  • Kriminalistik xəttşünaslıq və müəllifşünaslıq

  • Sənədlərin texniki kriminalistik tədqiqi

  • Kriminalistik qeydiyyat

  • Zahiri əlamətlərinə görə şəxsiyyətin eyniləşdirilməsi

Bundan əlavə, müasir elmi-texniki nailiyyətlərin kriminalistikada tətbiqinin əsas istiqamətləri də bu sistemə aid edilir.

Kriminalistik elmi-texniki vasitələrin növlərindən biri də kriminalistik fotoqrafiyadır.

Kriminalistik fotoqrafiyadan, kinomatoqrafiyadan, video və səsyazma vasitələrindən istintaq təcrübəsində həm sübutların əyaniliyini təmin etmək, həm də insanın hiss orqanlarının adi şəraitdə qavraya bilmədiyi izləri və obyektləri aşkar etmək üçün istifadə edilir.Bundan əlavə, həmin vasitələr insan yaddaşının əyani təsvirini də təmin edir.

Hadisə yerinə baxış bir qayda olaraq fotoşəkilçəkmə ilə müşahidə olunur.Kriminalistik informasiyaların daşıyıcıları olan izlərin və digər obyektlərin fotoşəkilləri onun protokolda təsvir edilməsini tamamlayır və müstəntiqin işlədiyi şərait haqqında əyani təsəvvür yaradır.Bəzi hallarda dindirmə zamanı videonun deyil, səsyazmanın (diktofon) tətbiq edilməsi kifayət edir.Məsələn: azyaşlı şahidi dindirən zaman onun nitqinin bütün xüsusiyyətləri həmin vasitədə tamamilə əks olunur.

Fotoşəkilçəkmədən kriminalistik ekspertizaların keçirilməsi zamanı istifadə edilməsi daha mühüm əhəmiyyət kəsb edir.Bu zaman ondan təkcə ekspert rəyinin əsasını təşkil edən obyektlərin əlamətlərinin əyani təsvirini vermək vasitəsi kimi deyil, həm də tədqiqat zamanı ekspertizanı maraqlandıran halların aşkar, təhlil və müqayisə edilməsi vasitəsi kimi istifadə olunur.

Bu cür tədqiqatlar adətən, xüsusi qurğuların və mürəkkəb metodların tətbiq edilməsi ilə mümkün olur.

Beləliklə, kriminalistik fotoqrafiya, video və səsyazma kriminalistika texnikasının bir sahəsi olub, istintaqın qarşısında duran vəzifələri həll etmək məqsədilə obyektlərin, faktların əksini almaq, fiksə və tədqiq etmək üçün texniki vasitələrin və metodların tətbiq edilməsi haqqında elmi müddəalar sistemidir.

Kriminalistik fotoqrafiyanın, video və səsyazmanın əsasını ümumi xarakterli universal texniki vasitələr və metodlar təşkil edir.

Fotoqrafiyada fizikanın, kimyanın və digər elmlərin əldə etdikləri elmi nəaliyyətlərdən istifadə edilməsi nəticəsində əhəmiyyətli texniki müvəffəqiyyətlərə nail olunmuşdur və o, hal-hazırda insan fəaliyyətinin müxtəlif sahələrində tətbiq olunur.

Müasir fotoqrafiya qaranlıqda, dumanda şəkil çəkmək, insan gözünün görə bilmədiyi obyektləri aşkar etmək imkanlarına malikdir.

Kinoçəkmə ilə müqayisədə videoyazının bir çox üstünlükləri mövcuddur. Videoyazıdan istifadə etmək çox sadə və əlverişlidir.Bundan əlavə, videoyazıdan istifadə edərkən obyektlərin əyanı təsvirini çəkməklə yanaşı, həm də kadrın səsləndirilməsi, izahedici yazıların verilməsi mümkündür.Videoyazılar nümayiş etdirilərkən bu və ya digər detalların tədqiqi lazım gələrsə, “stop-kadrlardan” istifadə edilir.

İstintaq hərəkətlərinin gedişində həmçinin müxtəlif maqnitolalardan istifadə edilir.Onlardan istifadə qaydaları prosessual qanunvericilikdə müəyyən edilir.

Müstəntiq ibtidai araşdırma və istintaq hərəkətləri həyata keçirərkən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq kriminalistik elmi-texniki vasitələrdən istifadə hüquq var.Kriminalistik elmi-texniki vasitələrinin tətbiqi aşağıdakı istintaq hərəkətlərində öz əksini tapır.

- CPM-nin 226-235-ci maddələrdə əks olunan dindirmə və üzləşdirmə istintaq hərəkətlərində.( 227.6. Müstəntiq şahidi audio yazıdan, video və kino çəkilişdən və digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir, 235.7. Müstəntiq üzləşdirməni video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmәklә həyata keçirmək hüququna malikdir ).

- CPM-nin 236-238-ci maddələrində əks olunan baxış, meyidin qəbirdən çıxarılması istintaq hərəkətlərində.(236.4 Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır, 237.6. Meyitin qəbirdən çıxarılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur) İstintaq təcrübəsinə uyğun olaraq hadisə yerinə baxış zamanı fotoşəkilçəkmədən mütləq istifadə olunur.

- CPM-nin 239-241-ci maddələrində əks olunan şəxsin və əşyaların tanınması istintaq hərəkətində.( 239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər.)

- CPM-nin 242-247-ci maddələrində əks olunan axtarış və götürmə istintaq hərəkərində.(bu maddələrdə qeyd olunan müddəalara əsasən bu istintaq hərəkətini həyata keçirən müstəntiq lazım bildikdə çəkən və yazan kriminalistik elmi-texniki vasitələrdən istifadə etməlidir.Əgər hansı bir elmi-texniki vasitələrdən istifadə olunarkən bunlar istintaq hərəkəti protokolunda mütləq qeyd olunmalıdır.)

- CPM-nin 260-263-cü maddələrində əks olunan ifadələrin yerində yoxlanılması və istintaq eksperimenti istintaq hərəkətlərində.( 261.1.6. ifadələrin yerində yoxlanılmasının xüsusiyyətləri, o cümlədən ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd istintaq protokolunda qeyd olunmalıdır.)

Umumilikdə bütün istintaq hərəkətlərinin sonunda istinaq protokolu tərtib olunur.Bu da istintaq hərəkətinin sübüti əhəmiyyətə malik olmasını təstiqləyir.

Digər ağır və xüsusilə ağır cinayətlərin istintaqı zamanı, ibtidai araşdırmada texnika texnologiyanın nəaliyyətlərindən istifadə olunur.

Kriminalistik fotoqrafiyanın, video və səsyazmanın istintaqın gedişində tətbiqi o zaman sübuti əhəmiyyətə malik olur ki, o, prosessual və texniki cəhətdən lazımı qaydada sənədləşdirilsin.Sənədləşdirmənin prosessual aspekti CPM ilə tənzimlənir, texniki aspekti isə təcrübədə işlənib hazırlanmışdır.

Fotoşəkilçəkmə tətbiq edilən istintaq hərəkətlərinin protokollarında aşağıdakılar öz əksini tapmalıdır:



  1. şəkli çəkilən obyektlər

  2. tətbiq edilən fotoqrafiya vasitələri (aparatın tipi, obyektin növü və s.)

  3. fotoşəkilçəkmənin şəraiti, metodları, vaxtı, hadisə yerinin planında və sxemində göstərilməklə şəkilçəkmə nöqtələri.

  4. zəruri olduqda, əldə edilmiş nəticələr.

İstinaq hərəkətlərinin protokolunda əlavə edilən fotoşəkillər qalın kağız və ya nazik karton üzərinə yapışqanla yapışdırılaraq fotocədvəllər formasında sənədləşdirilir.Fotocədvəllərin baş tərəfində onların hansı istintaq hərəkətlərinə aid olması və hansı tarixdə çəkildiyi göstərilir.Möhürün əksinin yarısı şəkil şəklin, yarısı isə fotocədvəlin kağızının üzərinə düşməklə hər bir fotoşəkil möhürlənir.Hər bir şəklin altında onun sıra nömrəsi və qısa izahedici yazı olur.Fotocədvəllərin hər birində müstəntiqin və kriminalist-mütəxəssisin (əgər o şəkli çəkibsə) imzası qoyulur.

Ekspert-kriminalistlər tərəfindən kriminalistik ekspertizanın keçirilməsi prosesində hazırlanmış fotoşəkillər fotocədvəllər formasında olan xüsusi blankda rəsmiləşdirilir, hər bir fotoşəkilin altında izahat yazılır.Şəkildəki daha xarakterik əlamətlər xüsusi oxlarla işarə edilir.Hər bir şəkil ekspertiza müəssəsinin möhürü ilə təsdiq edilir və ekspert tərtib edilmiş cədvəllərə imza edir.

Protokola və fotocədvəllərə çəkilmiş şəkillərin neqativləri paketə qoyularaq (üzərində hansı istintaq hərəkəti zamanı çəkilməsi, tarixi və sayı göstərilməklə) əlavə edilir.

İstintaq hərəkətləri zamanı çəkilmiş kinofilmlər izahedici diktor mətni və yaxud yazı ilə müşayiət edilməməlidir.

Dindirmənin, istintaq ekspermentinin, ifadənin yerində yoxlanılması və digər istintaq hərəkətlərinin videoyazısı həmin hərəkətləri əvvəldən axıra qədər əks etdirməlidir.Həmin videoyazılar üç hissədən: giriş, vəsviri, nəticədən ibarətdir.

Giriş hissəsində istintaq aparan müstəntiqin adı, soyadı, vəzifəsi, isitintaq hərəkətinin hansı cinayət işi ilə bağlı həyata keçirilməsi, onun vaxtı və yer, iştirakçılara onların hüquq və vəzifələrinin izah edilməsi və cinayət presessual qanunu ilə nəzərdə tutulan digər hərəkətlərin həyata keçirilməsi əks etdilir.

Videofilmin təsviri hissəsində sinxron səsyazma ilə müşayiət edilən istintaq hərəkətinin gedişi əks etdirilir.

Videofilmin nəticə hissəsi giriş və təsviri hissələr iştirakçılara nümayiş etdirildikdən sonra çəkilir.Orta və böyük planla çəkilmiş kadrlarda iştirakçıların çəkilişin istintaq hərəkətinin gedişinə və nəticələrinə uyğun olub-olmaması barədə müstəntiqin suallarına cavabları əks etdilir.Film müstəntiqin istintaq hərəkətinin başa çatması vaxtını iştirakçılara xəbər verməsi ilə başa çatır.

Səsyazmanın tətbiqi də eyni qayda ilə sənədləşdirilir.

Kino və kinofilmlər, maqnitafonda yazılmış səsyazma lentləri möhkəm qablarda qablaşdırılır və onların üzərində hansı cinayət işinə aid olması qeyd edilir.



Kriminalistik video və səsyazma. Kriminalistik videoyazmadan ən çox hadisə yerinin mürəkkəb və rəngarəng şəraitini qeyd etmək zərurəti yarandıqda istintaq hərəkətləri həyata keçirilən zaman istifadə olunur.Videoyazı vasitəsilə hadisə yerində ayrı-ayrı predmetlərin və izlərin qarşılıqlı əlaqəsini göstərmək, bu və ya digər istintaq hərəkətinin həyata keçirilməsini, əlavə prosesləri, məsələn, mexniki hərəkəti, müəyyən hadisənin inkişafını gedişini, mexanizmini əks etdirmək mümkündür.

Videoyazı səsi ilə surəti eyni zamanda sinxron olaraq maqnit lentində qeyd edir və çəkilişin keyfiyyətinə əyani olaraq nəzarət etməyə imkan verir.

Kriminalistik videoyazının adi çəkilişdən spesifik fərqi onun qarşısında duran vəzifələrin və tətbiq etdiyi metodların xüsusiyyətlərindədir.Belə ki, onun vasitəsilə böyük həcmli məlumatları, o cümlədəm daha geniş əraziləri, çoxsaylı predmetlərindən ibarət mürəkkəb obyektləri qeyd etmək mümkün olur.Videoyazıdan əsasən istintaq eksperimenti, axtarış, hadisə yerinə baxış, dindirmə və üzləşdirmə, həmçinin tanınma üçün təqdim etmə və ifadənin yerində yoxlanması zamanı istifadə edilir.

Videoyazının həyata keçirilməsi ardıcıllığı istintaq hərəkətinin aparılma ardıcıllığı ilə müəyyən edilir.Bununla yanaşı kriminalistik videoyazıdan istifadə edilərkən istiqamətləndirici (səmtalma), icmal, mərkəz və müfəssəl çəkiliş metodları da nəzərə alınmalıdır.

Videoyazı tətbiq edilərkən əksedici fotoşəkilçəkmə metodlarından istifadə olunur.

Videoyazının ümumi müddəalarının seçilməsi əsasən fotoşəkilçəkmə zamanı mövcud olan faktorlarla müəyyənləşir.Xüsusi üsullar isə tətbiq edilən əksetdirmə metodunun vəzifə və xüsusiyyətlərindən asılı olaraq seçilir.Məsələn: çoxkameralı videoyazı təkrar olunmayan hadisələrin, hərəkətlərin (yanğın zamanı hadisə yerinə baxış) çəkilməsi üçün məqsədə uyğundur.



Kriminalistik səsyazma. İbtidadi istintaqda səsyazmanın tətbiq edilməsinin əsas məqsədi istintaq hərəkətlərinin gedişinin əlavə olaraq səsyazma - əyani qeydetmə vasitəsilə təmin etməkdən ibarətdir.Bu əsasən dindirmə, üzləşdirmə, tanınma üçün təqdim etmə, ifadənin yerində yoxlanılması kimi istintaq hərəkətlərinin gedişində tətbiq edilir.Bu hərəkətlərin həyata keçirilməsi taktikasında hansı istintaq şəraitlərində səsyazmadan köməkçi qeydetmə vasitəsi kimi istifadə olunması öz əksini tapmışdır.

İstintaq hərəkətlərinin gedişinin səsləndirmək məqsədilə tətbiq edilən səsyazma üsulları onun kriminalistika tərəfindən işlənmiş qaydaların ardıcıllıqla, prosessual tələblərə uyğun olaraq (məsələn: iştirakçılara səsyazma istifadə ediləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmə) istifadə edilməsindən ibarətdir.Bununla yanaşı kriminalistik tövsiyyələr içərisində texniki xarakterli tələblər də (məsələn: səsyazma aparılan yerin mümkün qədər səs-küysüz olması, mikrofonların qoyulması və s) riayət olunması mühüm əhəmiyyət kəsb edir.



Cinayətkarlıqla mübarizədə elm və texnikanın nailiyyətlərindən istifadə edilir
Azərbaycanın Respublikasının beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları ilə qarşılıqlı və faydalı olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində bir sıra digər məqsədyönlü tədbirlər həyata keçirilmişdir ki, bu da korrupsiyaya qarşı mübarizə işini daha da səmərəli edir.
Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətlərin ən çox qeydə alındığı 1992-ci illə müqayisədə sonrakı illərdə və hazırkı dövrdə kriminogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılmış, qatı cinayətkar dəstələr zərərsizləşdirilmiş, təqsirkar şəxslər layiq olduqları məsuliyyətə cəlb edilmişlər. Hazırda Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə edilir ki, bu da mühüm nailiyyətdir.
Cinayət işlərinin istintaqı və təhqiqatı zamanı kriminalistikanın son naliyyətlərindən, istintaq təcrübəsinin qabaqcıl metodlarından istifadə edilməsi, prokuror-kriminalistlərin yeni kriminalistik texniki vasitələrlə təmin edilməsi, onlara bu vasitələrdən istifadə olunması üçün lazımi kömək göstərilməsi barədə tələb istintaq idarəsinin fəaliyyətində əsas götürülərək, işin səmərəliliyini artırmaq məqsədi ilə mənəvi cəhətdən köhnəlmiş texnika yenisi ilə əvəz edilmişdir. Müasir standartlara cavab verən xarici ölkə istehsallı avadanlıqlar, o cümlədən hadisə yerinin müayinəsi zamanı istifadə edilən rəqəmli audio-video yazılar və fotoçəkilişlər aparılması üçün texniki vasitələr, elektron şüalı ölçü cihazları, işıqlandırma vasitələri, metalaxtaran detektor, mini-fotolaboratoriya, izlərin-nümunələrin götürülməsi üçün preparat və avadanlıqlar, əl-barmaq izlərinin eksperimental götürülməsi üçün ləvazimatlar əldə edilmişdir.
İdarənin və şöbənin əməkdaşları baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı müayinəsini təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitəsi - "Ford Tranzit" markalı mikroavtobusla, fövqəladə hadisələr və mürəkkəb hava şəraitində istifadə edilməsi üçün nəzərdə tutulmuş xüsusi geyimlər və qoruyucu vasitələrlə təmin olunmuşlar.

Azərbaycan Daxili İşlər Nazirliyinin Kriminalistik araşdırmalar idarəsində müxtəlif tozların kimyəvi tərkibinin aşkar edilməsi üzrə ən yeni laboratoriya işə başlayıb.Azərbaycan DİN strukturlarının texniki təminat proqramı və Amerika Birləşmiş Ştatları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində Kriminalistik araşdırmalar idarəsinə hədiyyə qismində dəyəri 100 000 dollar olan yeni «Xromatomas» laboratoriyası verilib. O, idarədə olan əvvəlki laboratoriyanı əvəz edib. «Xromatomas»ın üstünlüyü bundadır ki, o, həm müxtəlif tozların tərkib hissəsini molekulyar səviyyədə oxuyur, həm də maddənin dəqiq tərkibini verə bilər. Bu isə cinayətin açılmasına və qarşısının alınmasına səbəb olur. ABŞ-dan Azərbaycana üç belə laboratoriya gətirilib, onlardan ikisi Ədliyyə və Səhiyyə Nazirliyinə verilib. Fevralın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyindən 2 nümayəndə və Rusiya Federasiyasından texnik Səhiyyə, Ədliyyə və Daxili İşlər Nazirliklərinin 6 əməkdaşı üçün «Xromatomas»ın istismarı üzrə beşgünlük treninqlərə başlayacaqlar.


DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi

Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və hallarda kriminalistik tədqiqatların aparılmasını təşkil edən, kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar hüquqları həyata keçirən müstəqil struktur hissədir.

İdarənin əsas vəzifələri:


  • hadisə yerlərinin müayinəsində, əməliyyat-axtarış tədbirlərində və digər istintaq hərəkətlərində mütəxəssislərin iştirakını təmin etmək;

  • istintaq, təhqiqat və əməliyyat-axtarış xidmətlərinin təliqəsi əsasında ballistik, daktiloskopik, trasoloji, sənədlərin texniki tədqiqi, xətti, avtotexniki, fiziki-kimyəvi, bioloji və s. tədqiqatlar aparmaq;

  • istifadədə olan müasir foto-video və digər texniki vasitələri, kriminalistik texnikanı istintaq hərəkətlərində və əməliyyat-axtarış tədbirlərində tətbiq etmək.

İdarədə güllə-giliz və əl-barmaq izlərindən ibarət kartotekalar, saxta pullar, sənədlər və qiymətli kağızlardan, narkotik vasitə və psixotrop maddələrdən ibarət kolleksiyalar yaradılmışdır.

Əl-barmaq izləri dünyada ən müasir hesab olunan Əl-Barmaq İzlərinin Eyniləşdirilməsinin Avtomatlaşdırılmış «MORFO» Sistemində eyniləşdirilir, narkotik vasitələr isə BMT tərəfindən beynəlxalq proqram çərçivəsində verilmiş müasir laboratoriya cihazları ilə tədqiq edilir.

İdarə bir sıra inkişaf etmiş dövlətlərin müvafiq xidmətləri ilə sıx əlaqə saxlayır və ən yeni elmi-tədqiqat metodikalarını öz işində tədbiq edir.

 

Nəticə.

Nəticə olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının DİN, Prokurorluq orqanları kimi orqanlar texnologiyanın son nəaliyyətləri olan kriminalistik elmi texniki vasitələrlə təmin olunublar.Bu da həmin orqanlara cinayətkarlıqla mübarizədə, ağır və xüsusilə ağır cinayətlərin üstünün açılmasına əvəzsiz töhvələr vermişdir.

Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətlərin ən çox qeydə alındığı 1992-ci illə müqayisədə sonrakı illərdə və hazırkı dövrdə kriminogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılmış, qatı cinayətkar dəstələr zərərsizləşdirilmiş, təqsirkar şəxslər layiq olduqları məsuliyyətə cəlb edilmişlər. Hazırda Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə edilir ki, bu da mühüm nailiyyətdir.




Ədəbiyyat siyahısı:
1. K.Saricalinskaya “Kriminalistika dərsliyi” Bakı 1985.

2. C.Mövsümov, K.Saricalinskaya “Kriminalistik texnika” Bakı 1975.

3. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsi Bakı 2008.

4. Винберг.А.И. Криминалистика. Введение в курс.

Москва 1962.



5. Колмаков В.П. О теоретических основах систематизации методов, приемов и средств советской криминалистики. Правоведение. 1965

6. İnternet resursları.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə