Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə23/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Bayındır xan: Oğuz elinin hökmdarıdır. Atasının adı Qam­ğandır. Bəy­lərbəyi Qazan onun kürəkənidir, oğlu və ya hər han­sı bir kişi qohumu yox­dur. Divanından və ordasından kəna­ra çıxmaz. Şəxsiyyəti bəy­lər­bəyi Qazan bəyinki ilə qarış­dırılır. Ağqoyunluların özlərini Bayındır xanın nəvələri say­dıq­larını bilirik.

Digər tərəfdən, hökmdarın bəy adını daşıması, onun das­tan­lara ağqo­yun­lu xanədanına yarınmaq məqsədi ilə sonradan da­xil olduğu etimalını qüvvət­ləndirir. Ancaq Bayındır xanın atası Göy xan deyil, Qamğam adlan­dırılır. Bu necə izah oluna bilər? Əgər dastanlardakı oğuz eli XI əsrdəki oğuzlar­dır­sa, onların başında bir yabğu ailəsinin dayanması olduqca zəif bir eh­ti­maldır. Hər halda Bayındır xan ünsürünün dastanlara sonradan daxil olun­ması fikri mənasız deyildir.



Salur Qazan bəy: bəylərin başı və onların hakimidir. Buna görə də das­tanlarda Salur Qazan bəy bəzən bəylərbəyi ünvanı ilə də yad edilir. Bu ifadə, yəni bəylərbəyi osmanlılardan daha əvvəl Türkiyə səlcuqlularında ol­muşdur. Ancaq oğuzlarda bir mə­murluq adı olaraq bəylərbəyi sözünün işlə­nib-işlənməməsini bilmirik. Qazan bəyin atasının adının Ulaş olduğu da söy­­lənilir; «Şəcəreyi-tərakimə»də isə Enkiş göstərilir. Salur Qazan das­tan­larda belə təriflənir: tülü quşun yavrusu, bezə (?) miskin umudu, Əmət su­yunun aslanı, Qaraçuğun qaplanı, qonur atın yiyəsi, xan Uruzun ağası, Ba­yındır xanın güveysi, qalın oğuzun dövlə­ti, qalmış yigit arxası»1.

Salur Qazan bəy öz qövmü üzərində unudulmaz xatirələr bu­raxmışdır. Türkmənlərin hər yerdə ataları kimi unutmadıqları iki şəxsiyyətdən biri odur (digəri Dədə Qorqud). Oğuz elinin başçısı, bəylərbəyi Qazan bəy dəyanətli, cəsur, özünə inanan, rəhmdil, comərd, xalqa qarşı şəfqətli, bəylərə qarşı nə­zakətli, tərifləri xoşlamayan bir şəxsiyyət kimi nəzərə çarpır. «Şəcəre­yi-tə­rakimə»dəki mənzumədə də onun düşmənə qarşı qazandığı müvəffəqiy­yət­lərdən və xalqa göstərdiyi yaxşılıqlardan bəhs olunur.

Bəylərbəyi Qazanın arvadı Burla xatun idi. Misirdə məm­lüklər dövründə türk dilinə dair yazılmış bəzi əsərlərdə, bur­la­nın üzüm mənasında olduğu söy­­lənilir2. Bu kəlmənin qıpçaqca olduğu başa düşülür. Buna görə də ortada iki ehtimal var: ya Burla xatun bir qıpçaq bəyinin qızıdır, ya da bu adı daşı­yan bir qıpçaq şahzadəsinin adını götürmüşdür. «Şəcəreyi-tərakimə»­də1 Bur­la xatun Sündün bayın qızı kimi göstərilir. Lakin bu Sündün bay haq­qın­da heç bir məlumat verilmir. Yenə orada Burla xatun bizim dastanda olduğu kimi, «boyu uzun» olaraq vəsf edilir. Lap əvvəllərdə «Şəcəreyi-tərakimə»yə mənbə olan «Oğuznamə»lərin bizim dastanlardan ayrı bir xüsusiyyətə ma­lik olduqları bildirilmişdi. Yenə «Şəcəreyi-tərakimə»də Burla xatun altın güz­gülü (aynalı) olaraq da vəsf edilir2.

Salur Qazan və Burla xatunun tək bir oğulları vardır ki, bu da Uruzdur (Urusdur). Bu ad hər halda xalq adı olan rus ilə ey­nidir. XIV əsrdə məmlük əmirlərindən bəziləri həmin adı daşı­yırdı, Qızıl Orda xanı Toxtamışın Urus Qoca adlı bir əmirini də tanıyırıq3. Qazan bəy nəyə görə oğluna bu adı qoymuşdu? Bu­na qaneedici bir cavab tapmaq hər halda asan deyildir. Qa­zanın dayısı, boz-oxların başçısı da (təxminən) eyni adı daşıyırdı: Aruz Qoca. «Şəcəreyi-tərakimə»də4 Urus od (atəş) gözlü kimi təsvir edilir.



Qara günə: Qazan bəyin qardaşı, bəylərin yığıncağında bö­­­­yük qardaşı­nın sağında oturardı. Qara Günənin də bir oğlu var idi, adı da Qara Budaq idi. Ona bəzən Dəli Budaq da de­yər­dilər. Şah Abbas dövründəki Çüxri-Sə’d (Sə’d Çuxuru - əsasən İrəvan bölgəsi) bəylərbəyisi Əmir Günənin bu oğuz bə­yi kimi eyni adı daşıdığını görürük. Əmir Günə qacar boyunun ağca­qo­yun­lu obasına mənsub idi, özü də Sarı Arslan ləqəbini daşı­yırdı. Boğaziçin­dəki Əmirgan məhəlləsi də bu bəyin adından qal­mışdır. Amma əsaslı olan misal Şah Abbasın hökmdarlı­ğı­nın ilk illərində bir əmirin Budaq, atasının isə Qara Günə adını daşımasıdır. Bu adların dastanların təsiri ilə qoyulduq­ları tam aşkardır5.

Aruz (Uruz) Qoca: boz-ox qolunun ən böyük bəyidir. Aruz Qocanın çox uzun boylu, qollarının və baldırlarının nazik, özünün arıq olduğu söylə­nir; ləqəbi də «at ağızlı» idi. Aruzun iki oğlu olduğunu görürük: Qıyan Səlcuq və Basat. Bunlardan Qıyan Səlcuqun Təpəgözlə vuruşmada ödü­nün partlaması nəticəsində öldüyü bildirilir. Qıyan Səlcuq sözləri­nin ilk kəlməsi bir oymağın adıdır, yoxsa ləqəbdir, bilinmir. Hər halda ikinci ehti­mal daha qüvvətlidir.

Təpəgözü məğlub edən Basata gəlincə, onun adı üç-ox-boz-ox çəkişmə­sinə aid dastanda da çəkilir, amma aqibəti haqqında bir məlumat verilmir. Gö­rə­sən, o da atası Aruz Qoca kimi qar­daş qırğınında öldürülmüşdür? Aruz Qo­cadan sonra boz-oxla­rın başçısı kimi onun nəvəsi, Qıyan Səlcuq oğlu Dəli Dündarı görürük. Dəli Dündar orunda bəzən Qazandan sonra ikinci, bə­­zən də Qazanın qardaşı Qara Günədən sonra üçüncü sırada da­yanır. Onun haqqında deyilən «bir savaşda üç kəz Qazanı atdan yıxan» ifadəsi digər bir üç-ox-boz-ox döyüşünə işarədir.



Şir Şəmsəddin: Atasının adı Qəflət Qocadır. Müsəlman adı daşıyan iki bəydən biridir. Şir Şəmsəddin «dəstursuzca Bayın­dır xanın yağısını basan» sözü ilə təriflənir1.

Beyrək: Qazanın inağıdır, iç oğuzdandır. Özü çox yaraşıqlı bir gəncdir, ona görə çox vaxt niqab ilə gəzərdi. Beyrək istər gö­zəl görkəmi, istərsə də əla əxlaqı ilə «qalın oğuzun imrən­cə­si» ləqəbini almışdı. Onun haqqında: «apalaca gərdəyinə qarşı gələn, yeddi qızın umudu» sözləri də söylənir. Sonuncu dastana görə Aruz tərəfindən öldürülmüşdür.

Yeynək. Qazılıq Qocanın oğludur. Qazılıq Qocanın Bayın­dır xanın və­zi­ri olduğu söylənir. Görünür, Qazılıq Qocanın adı eyniadlı dağın adından alınmışdır. Yeynəyin öz atası Qazılıq Qo­canı əsirlikdən qurtardığına dair bir dastan vardır. O, bir yer­də bəylər başı olaraq vəsf edilir. Bu, Yeynəyin bir za­manlar bəy­­lərbəyilik etdiyi hökmünü çıxarmağa kafi olmasa da, onun yük­sək mövqeli bir bəy olduğuna işarədir. Yeynəyin Qazana «keşiş» dediyi və «qalın oğuz bəylərini bir-bir atlarından yıx­dığı» da söylənir. Bunlar Yey­nək və Qazan arasında səbəb və təfsilatını bilmədiyimiz bir vuruşmanın ol­duğunu ifadə edir. Yeynəyin ailəsinin köklü və ən qüdrətli ailələrdən biri ol­duğu şübhəsizdir. Bu ailənin üç-oxlardan olması da ehtimal edilir. Bu bəy haqda ayrıca: «Qur qurma quşaqlı, küllahı altun küpəli» də deyilir.

Büğdüz Əmən: boz-oxlar qolundan olduğu göstərilir. Hal­buki büğdüz boyu üç-oxların boyudur. Boz-oxların Aruzdan son­ra gələn ən nüfuzlu bəyi kimi nəzərə çarpır. Ləqəbi «bıyığı qanlı»dır, bundan əvvəl adı çəkilən Yey­nə­yin dayısıdır. Pey­ğəmbərin üzünü görən yeganə oğuz bəyi olduğu söy­lə­nir. Aruz ilə Qazan arasındakı düşmənlik və döyüşlərdə Büğdüz Əmənin də adı çəkilir2.

Dülək Evrən: Eylik Qocanın oğludur; ləqəbi «dönəbil­məz»­­dir. Bu ləqə­bi nəyə görə aldığı aydın deyil. Onun Ağ Mə­lik Çeşmə (?) qızı ilə nikah­lan­dığı və Sofi Sandal (?) məliyə qan qusdurduğu söyləndiyi kimi, «öz adına xor­lanıb eldən çıx­dığı» da yazılmışdır. Bu ibarənin inandırıcı izahı veril­mə­mişdir. Bu ibarə Dülək Evrənin öz dəyərini bilməyərək, ailəsini, bo­yu­nu və elini buraxıb getdiyini izah etmək məqsədimi güdür? Dülək Evrən boz-ox­lardan idi. Son dastanda Aruzun əyanları arasında adı çəkilir1.

Alp Rüstəm: oğuz bəylərindən adı türkcə olmayan iki bəy­­dən biridir (o biri Şir Şəmsəddindir). Atası boz-ox bəylərin­dəndir, adı Düzəndir, sonuncu dastanda da adı çəkilir. Orada Alp Rüstəm üç-oxlardan Ənsə Qoca oğlu Oxçu ilə savaşacağını söyləmişdi2. Alp Rüstəmin Təpəgöz ilə vuruşması da qeyd edilir3. Bu, Təpəgözün üç-oxlardan daha çox boz-oxlarla düş­mən oldu­ğu­nu təsdiq edir. Alp Rüstəm özünü «iki qardaş bə­bə­­yin öldürüb zəlil gə­zən» kimi tanıdır4.Bu acınacaqlı hadi­sə­nin necə və nə şəkildə baş verdiyi barədə təfsilat yoxdur.

Tərs Uzamış: üç-oxlardandır. Sonuncu dastanda Büğdüz Əmən onunla təkbətək döyüşmək istədiyini söyləmişdi5. Tərs Uzamış hər vaxt olduğu ki­mi, laübali bir hərəkətlə Qazanın qar­şısında oturmaq istəyən Uşun Qoca oğlu Əyrəyə: «Mərə, Uşun Qoca oğlu, bu oturan bəylərin hər biri oturduğu yeri qılıcı, ətməyiylə alıbdır, mərə, başmı kəsdin, qanmı tökdün, acmı do­yurdun, yalıncaqmı donatdın» demişdi6.

Salur Qazan ilə birlikdə ad və sanları sadalanan üç-ox və boz-ox bəy­lə­rinin başlıcaları bunlardır. Salur Qazan zamanında yaşamış kimi göstərilən bir çox şəxslər vardır ki, onlardan bu­ra­da bəhs edilməmişdir...

8. ORDALAR

Xan, bəylərbəyi və bəylər ordalarda (ordu) yaşayırdılar. Or­dalar çoxlu çadır və otaqdan düzəldilmiş böyük qərar­gahlardır. Ordalarda qələbəlik bir xalq var idi. Orda sahibi və ailəsi, nö­kərlər, xidmətçilər, çobanlar da burada yaşayırdı.

Ordalarda feodalların ümumi işlərini gördükləri divanları var idi. Onla­rın ən yaxın adamları naiblər idi7. Bəylərbəyi Qa­za­nın naibinin adı Əlig Qo­ca oğlu Sarı Qılbaş idi ki, Şöklü Mə­liyin Qazanın ordasına basqını zamanı ölmüşdü. Oğuz yabğula­rının naiblərinə kül-ərkin (güzərkin) deyildiyi mə­lum­dur. Oğuz­lar islam ölkələrinə gəldikdən sonra kül-ərkin kəlməsini iş­lət­məmiş, ona görə də bu söz tədricən unudulub getmişdir. Böyük feodalların ən yaxın adamları arasında inağlar da nəzəri cəlb edir. İnağlar hökmdar və bütün bəylərin həmişə yanlarında gəzən, onların şəxsi həyatlarına daxil ol­muş adamlar idi. İnağ kəlməsinə Kaşğaridə və digər əski əsərlərimizin heç birində rast gəlinmir. Səlcuqlularda hökmdara çox yaxın adamlara bəzən xas bəy deyilirdi. İnağ sözü elxani dövründən etibarən işlən­məkdədir.

Bəylərin, bəy uşaqlarının heç bir zaman yanlarından ay­rıl­mayan dostları var idi ki, onlara ümumi olaraq yoldaş deyildiyi məlumdur1. Yoldaş kəlməsi mənasına görə monqolca nökər sö­zünün qarşılığıdır. Lakin dastanlarda nö­kər sözü yoldaşın si­nonimi kimi işlənmişdir2. Tarixdə də yoldaş kəlməsinin bu mə­nada işləndiyinə dair bəzi misallar vardır. Sivas-Kayseri və di­gər bəzi şəhərlərin hökmdarı Qazı Bürhanəddin bir döyüşdə ona sədaqətlə xidmət edən Xəlil adlı dulqədirli bir əsgərə xələt geydirmiş, dirlik vermiş və ona «yoldaş Xəlil» demişdir3. İran­da səfəvi hökmdarı Sultan Məhəmməd döv­ründə şamlı bəylər­dən İsmayılqulu bəy (sonra xan) hökmdarın məiyyətində yax­şı xidmət etdiyi üçün ona «yoldaş», «yoldaşbaşı» ünvanı veril­mişdi4. Os­manlı dövründə də yeniçərilərə «yoldaş» sözü ilə müraciət edildiyi məlum­dur.

Qazan bəyin yoldaşlarının 300 nəfər olduğu aydın olur5. Rə­şidəddindəki fəsildə qeyd edildiyinə görə, Tuman atasının tax­tına çıxmaq istədiyi zaman məiyyətinə 300 adam götür­müş­dü6. Səlcuqlu tarixçisi Zahir Nişapuri də Səl­cuq oğlu İsrailin (As­lan) Qəznəli Mahmudun hüzuruna gedərkən yanında 300 yara­şıqlı igid olduğunu söyləyir7. Bu qeydlər bizə, bəlkə, el bəylə­rinin yoldaşlarının sayının 300 olduğu fikrini verə bilər. Lakin bəylərin yoldaşla­rı­nın sayı 40 idi. Bunlardan biri bəy və ya şah­za­dənin naibi idi. Bəylərin yol­daşlarının sayının 40 olması, das­tanların və tarixi mənbələrin göstər­di­yi­nə görə heç bir sim­volik mahiyyət daşımır. Qaraman hökmdarı I Məhmət bəy, Sü­leyman bəy və Əlaəddin bəyin məiyyətlərindəki igidlərin sayı 40 idi8. Əziz Astarabadinin bir ifadəsindən9 Qazı Bürhanəddi­nin nökər, yəni yoldaş­la­rının 40 nəfər olduğunu iddia etmək müm­kündür. Ağqoyun­lu­ların başçısı ol­mazdan əvvəl Uzun Hə­sən bəyin də yoldaşlarının 40 nəfər olduğuna dair bəzi dəlillər vardır10.

Bəylərin və oğullarının 40 yoldaşı olduğu kimi, xatunların da 40 incə bel­li qızdan ibarət yoldaşları var idi1.

9. AİLƏ HƏYATI

Hamısı bəy olan bütün qəhrəmanların tək bir qadınla evli ol­duq­ları özü­nü göstərir. Dastanlarda nə məşuqədən, nə də oy­naş­dan bəhs edilir. Qəhrə­manların bircə arvadları vardır. Bu, diqqətəlayiq bir xüsusdur.

Bəylərbəyi Qazanın belə tək bir arvadının (boyu uzun Burla xatun) adı çəkilir. Doğrudanmı oğuzlarda ikinci bir qadınla ev­lənmək ənənəsi yox idi? Bunu təkzib edən bir misala şəxsən rast gəlmədiyimi söyləməliyəm. İbn Fəl­dan oğuz sübaşısının və qonaq qaldığı bir oğuzun tək arvadlı olduğunu gör­müşdü. On­ların qadınlara qarşı ehtiram və sevgi ilə davrandıqları aydın nə­­zə­rə çarpır. Qəhrəmanlar bir çox hallarda qadınlarının məs­ləhəti ilə hərə­kət edir­dilər. Qəhrəmanlar qadınlarına «görklüm» (gözəlim) sözü ilə müra­ci­ət edirdilər. Qadınlar ərlərinə acıqları tutanda acı və sərt sözlər söyləyir­di­lər. Ev­lənmədə qız evinin oğ­lan evindən kalım və ya başlıq istəməsi (mal tə­ləb et­məsi) adəti var idi2. X əsrdə oğuzlarda həmin adətin olduğunu gör­müş­dük. Bir-birinə yaxın ailələr hələ beşikdə olarkən uşaqlarını nişanla­yır­dılar3. Oğ­lan nişanlandığı qızın barmağına öz üzüyünü taxardı4. Qız da ni­şan­­­lısına özü tikdiyi qırmızı rəngli qaftan göndərərdi, oğlan bu qaftanı geyi­nərək gərdəyə gi­rərdi. Nişanlandıqdan bir müddət sonra toy edilərdi. Toy zamanı evlənənin üzüyünə yoldaşlarının ox atması adəti də var idi5.

Təzəbəy gərdəyə girəcəyi yeri ox ataraq təyin edərdi6.

Dastanlarda bəylərdən bir çoxlarının bir-biri ilə düngür (qu­da) olduqları gözə çarpır. Bəylərbəyi Qazan Bayındır xanın kü­rəkəni olduğu kimi, anası da boz-ox bəylərbəyisi Aruz Qo­canın bacısı idi. Yenə üç-oxlardan Baybura bəy oğlu Beyrək boz-ox­lardan Baybecan bəyin qızı ilə evlənmişdi. Yenə iç oğuz­dan ol­ması fərz edilən Qazılıq Qoca boz-oxlardan sayılan Büğdüz Əmə­­nin bacısı ilə evlənmiş, bu nigahdan oğlu Yeynək doğul­muş­­dur. Bu mi­sallar oğuzlar arasında kənardan evlənmək adə­tinin olduğu hökmünü verə bil­sə də, bu barədə qəti bir söz söy­lə­mək mümkün deyildir. Çünki bu evlən­mələrdə sadəcə siyasi və ictimai bir qayə güdülmüş ola bilər. Üstəlik, Qara Günənin oğlu Qara Budağın əmisinin (yəni Qazanın) qızı ilə evləndiyini bi­lirik1.

Dastan qəhrəmanlarının bəzilərinin özləri kimi yaxşı at mi­nən, qılınc qur­şanan qız istəmələri diqqəti cəlb edir. Bu bir na­ğıl ünsürü deyildir, türk el və boylarında hər zaman belə qız və qadınlara rast gəlmək mümkündür. XV əsrdə Anadoludan ke­çən avropalı bir səyyah türkmən qadınlarının igid­liyini, kişilər kimi vuruşduqlarını eşitdiyini və buna heyrət etdiyini yazmış­dır2. Buna görə də Beyrəyin adaxlısı (nişanlısı) Banıçiçək ilə güləşməsi heç kimi heyrətləndirməməlidir. Çünki Kaşğari3 «qız ilə güləşmə, qısraq ilə ya­rış­ma» şəklində bir atalar sözü işlət­mişdir. Bu atalar sözünü bilməyən və ya ona əməl etməyən Bey­rək sevgilisinə məğlub olmaqdan güclə qurtarmışdı.

Müxtəsəri, dastanlarda qadınlara yüksək və dəyərli bir yer ve­­rilmişdir. Dəli Domrul fədakarlıq sözünü anasından deyil, gözləmədiyi halda arva­dın­dan eşitmişdir4. Oğuz elində qadın­la­rın cəmiyyət içində nə qədər şərəfli və yüksək bir mövqe tut­duq­larını bundan başa düşmək mümkündür ki, Əbül­qa­zinin «Şəcəreyi-tərakimə»sinə mənbə olan «Oğuznamə»lərdə bir çox qadın­ların oğuz elində bəylik etdikləri bildirilir.

Bəylərin yeni doğulmuş uşaqları «sarması qızıl beşiklərdə» yatırılır və da­yələrə (dadı) verilərək böyüdülürdü. Qız uşaqları­nın doğulması onlarda, ərəblərdə olduğu kimi, qüssə yaratmırdı. Baybecan bəy qızı olması üçün qa­lın oğuz bəylərindən alqış, yə­ni dua etmələrini rica etmişdi5. Bəylərin yetiş­miş cavan oğul­larına qarşı davranışları şəfqət və sevgi ifadə edir, ata ilə oğul arasındakı münasibətlər isə rəsmiyyətdən uzaq görünür. Das­tan­larda anaya qarşı ehtiram hər vəsilə ilə bildirilir, «ana haqqı tanrı haqqıdır» deyilir6.

Dastanlarda qardaş sevgisi və qardaşı olmağın əhəmiyyəti müxtəlif vəsi­lə­lər ilə bildirilir. Hətta dastanlardan bəzisinin mövzusu əsir düşmüş qarda­şın xilas edilməsi və qisasının alın­ması haqdadır.

Uşun Qoca oğlu Səyrək kafirlərin Alınca qalasında dustaq olan qardaşını xilas etmək təşəbbüsünün qarşısını almaq istə­yən ata və anasına belə demiş­di:


Üç yüz altmış altı alp ava binsə,

Qanlı geyik üzərinə qovğa qopsa,

Qardaşlı igidlər qalxar, qopar olur,

Qardaşsız miskin igid ənsəsinə yumruq toxunsa,

Ağlayıban dörd yanına baxar olur,

Ala gözdən acı yaşın tökər olur.

Basat da böyük qardaşı Qıyan Səlcuqun Təpəgöz tərəfindən öldürül­dü­yü­nü biləndə onun üçün yanıqlı bir ağı deyib uzun-uzadı ağlamışdı.

Dastanlarda hörmət saxlamaq mənasında salam vermə və əl öpmədən bəhs edilir. Salam forması «baş endirib, bağır bas­maq»­­dı1. Bu, Anadolu türk­lərində son zamanlara qədər başlıca salam şəkli olub, bu gün Türkiyənin ucqar vilayətlərində özünü göstərir. Bu salam şəklinin milli bir səciyyəsi olub-olmadığı barədə indi qəti bir hökm vermək mümkün deyil. Yenə das­tanlarda bir yerdə «əl qavuşdurub ol igidə salam vergil» deyilir. İbn Fəldan İtil boyu bulqarlarının öz hökmdarlarına papaqlarını qoltuqları altına qoy­duq­dan sonra başları ilə salam verdiklərini söyləyir. Kirman hökmdarı Alp Arslanın qardaşı Gavurd bəy qar­daşı oğlu Məlikşah ilə döyüşdə əsir alındığı zaman Məlik­şah əmisinin yanına gedəndə atından düşmüş və papağını da ba­şından çıxart­mışdı2. Kaşğaridə «yükünç» sözü işlənir3. Yü­künç baş əyə­rək salamlama mənasını verir. Monqolların öz bö­yüklərini diz yerə vurmaq­la (farsca tərcüməsi: zanu zədən) sa­lam­la­dıq­larını bilirik.

Oturmaq forması haqqında dəqiq bir ifadə yoxdur. Hər hal­da çox yayıl­mış oturuş forması bardaş qurma olmalıdır. Danış­maq istəyən adam bö­yüklər qarşısında diz çökərdi. Bu gün Tür­kiyədə bu adət hələ də yaşamaq­da­dır. Kiçiklər böyük­lərin, əllə­rin­dən, böyüklər də onların boyunlarından öpər­lər. Uzun zaman ayrı düşənlər qovuşduqda, bir-birlərini qucaq­layırlar.

10. ORDU


Dastanlarda ordu və əsgər sözlərinin qarşılığı kimi türkcə çəri, farsca ləşkər kəlmələri işlədilir. Ordu və əsgər mənasında olan qədim türk sözü «sü» tamamilə işlənmir. Oğuz ordusu bü­tünlüklə atlı əsgərlərdən təşkil edi­lir, sağ və sol olmaqla əsasən iki qola ayrılırdı. Dastanlardakı oğuz elində si­ya­si üstünlük üç-oxlarda olduğu üçün, onlar daha şərəfli sayılan sağ qolu təş­kil edirdilər.

Şöklü Məlik ilə Salur Qazan arasında baş verən vuruşmada oğuz ordu­su­nun döyüş mövqeyi belə idi: köks, yəni mərkəzdə Salur Qazan, sağ qolda Qa­zan bəyin qardaşı Qara Günə, sol qolda boz-oxların başçısı Dəli Dündar vu­ru­şurdu. Bəylər at üs­tündə döyüşçülərin içərisində qızğın vuruşmalarda iştirak edir­dilər.

Dastanlarda oğuzların başlıca silahları ox, qılınc, qarğı (ci­da; sün­gü) və çomaqdan (toppuz, gürz) ibarət idi. Müdafiə si­lahları isə qalxan, arxa zirehli və işuq (tuğulqa) idi. Oxun türklərin milli silahı olduğu məlumdur. Tarixdə bu silahı türklər və monqollar kimi məharətlə işlədən çox az xalq ta­pılar. Dastanlarda oxun qayın ağacından hazırlandığı qeyd edi­lir. Osmanlı oxları isə şam ağacından hazırlanırdı.

Oxların ucundakı dəmir parçasına təmrən, arxasındakı üç tük parçasına da yülək (yelək) deyilirdi. Yeləyin oxun hədəfə istiqamət almasında mühüm rolu vardır. Oxların qoyulduğu qaba bəliğ, bəzən də sadaq deyilirdi. Bu qab­ların 80-90 ox tutduğu da qeyd edilir. Dastanlarda qəhrə­man­ların ağca tozlu, qatı yaylarından da tez-tez bəhs edilir. Toz yaylara dolanan kirişə sırıma deyilir. Yaylar ümumiyyətlə inək da­ma­rın­dan hazırlanırdı. Lakin bəzi qəh­rə­manların yaylarının kiriş­lə­rinin qurd damarından olduğu qeyd edilir1. Yayların qab­ları yoxdur: qaruya (biləyə) asılaraq daşınırdı. Oğuzlar və ümu­miyyətlə türklər praktiki olmadığı üçün çox zaman yay qa­bın­dan istifadə et­məmişlər. Qəhrəmanlar həm məharətlərini ar­tır­maq, həm də əylənmək üçün bütə, yəni nişangaha ox atardılar.

Qarğı dastanlarda sinonimi olan bu sözlərlə də ifadə edilir: süngü, cida, göndər. Bunlardan süngü qədim türk sözüdür. Ci­da monqolca olmalıdır. Bu üç kəlmə də XV əsr osmanlı tarix­lə­rində işlənir. Qarğı qoltuq qısılaraq dürt­mək, sancmaq üçün istifadə edilirdi. Hücum silahlarından biri də çomaqdır. Çomaq türklər tərəfindən hər yerdə, hər zaman istifadə edilən bir silah­dır. O, ağacdan və dəmirdən qayrılır. Ağac çomağa Türkiyədə bozdağan deyildiyi də məlumdur. Müdafiə silahları, deyildiyi kimi, qalxan, zireh, və işuq, yə­ni tuğulqa idi. İşuq Kaşğari tərə­findən adı çəkilən türkcə bir kəl­mədir və dəbil­qə mənasını verir. Bunun sinonimi olan tu­ğulqa isə monqol sözü olmalıdır.

11. MİNİCİLİK

Atın qədim türklərin həyatında nə qədər əhəmiyyətli yeri olduğu məlum­dur. Dəvə ərəblər üçün nə qədər lazımlı idisə, at da türklər üçün o qədər la­zımlı idi. Geniş çölləri onunla keçər, ətindən yeyər, südündən içki (qımız) ha­zırlayar, gönündən və qılından da faydalanardılar. Dastanlarda oğuz elinin və qəh­rə­manlarının həyatında atın əhəmiyyəti aydın nəzərə çarpır. On­lar «pi­yada ərin ümidi olmaz; at işlər, ər öyünər» kimi sözləri tez-tez söylə­yər­dilər. Qəhrəmanların atları lap çox idi. Bu, ta­ri­xi məlumatlara da uyğundur. İslam muəlliflərinin fikrinə görə, türklər saysız-hesabsız atı olan bir xalq olaraq tanındıqları kimi, X əsrdə türk xaqanı da miniciləri çox bir hökmdar olaraq məş­hur idi1. Dastanlarda qəhrəmanların atlarının adların­dan bəhs edilmir. Onlar görkəmləri ilə yadda saxlanır, tanınır­dı2. Bunu təbii hesab et­mək lazımdır. Çünki atların lap çox olduğunu söy­ləmişdik. Zamanı­mızda Türkiyədə də atlara ad qoymaq adə­ti yoxdur.

Qəhrəmanlar ayğırlara minirlər. Çünki türk atlarının ayğır­ları daha yax­şıdır. Halbuki ərəb atlarında qısraqlar üstün sayı­lır­dı. Türklər ayğır olmayan atı axtalayardılar. Belə atlar daha dözümlü olurdular. Türklərin axtalanmış atları ərəb ölkələrində də ad çıxartmışdı.

Atların başları bir çox hallarda qoç və toxlu başlarına oxşa­dılırdı3. At nö­vünü göstərmək üçün yund sözü işlədilirdi4. Yax­şı at üçün işlənən söz qə­dimdə və indi də işlənən «yüyü­rək» sözüdür. Ancaq atların yeriş-qaçış tərzləri haqqında açıq bir şey söylənmir.

Dastanlarda cins və yaxşı atlar olaraq bədəvi* atlardan da­nı­şı­lır. Bu atlar «bədəvi atlar ıssını görüb oxradıqda» sözü ilə tə­riflənirdi. Bədəvi atlar sözü ilə ərəb atları nəzərdə tutulur, bir yer­də isə «ərəb atları» ibarəsi işlənmişdir5. «Bədəvi at» sözü­nün ağqoyunlular tərəfindən işləndiyi və onların bu atlara çox üstünlük verdikləri də məlumdur. Uzun Həsən bəy şəxsən özü bə­dəvi atın (əsbi-bədəvi) cinsini daha çox bəyənirdi6. Ərəb atı­nı yalnız Yaxın Şərq­dəki türklər deyil, Xəzərarxası türkmən­lə­ri­nin də yaxından tanıdıqları nəzərə çarpır. Onların ifadələrində də ərəb atı təriflənir7. Səlcuqlu dövründən bəri Anadoluda hər yerdə axtarılan cins atlar yetişdirildiyini bilirik. Bu atlar əsa­sən Qaraman yörəsində yetişdirilirdi. Marko Polonun8 türkmənlərin yetiş­dirdiklə­rini gös­tərdiyi gözəl türkmən atları bunlardır.

XIV əsrdə bir ərəb salnaməçisi də9 Gərmiyan və Kastamo­nu atlarını tə­rifləyirdi. Lakin son əsrlərdəki uzun sürən döyüş­lər və digər səbəblər ilə əlaqədar türk kəndlisinin yoxsullaşması Anadoluda atçılığı da yox etmişdir.
12. GEYİM

Dastanlardakı qəhrəmanların geyimi haqqında açıq bir fikir söylənmir. Paltara dastanlarda da ton (don) deyilir. Köynəyin (kömmək-könlək) də adı çəkilir. Bundan başqa, boz-oxların baş­çısı at ağızlı Aruz Qocanın erkək dərisindən kürk və papaq geydiyindən bəhs edilir1.

X əsrdə adlı-sanlı oğuzların bilavasitə qonşu islam ölkə­lə­rində emal edilmiş köynək və qaftan geydiklərini bilirik. Xalq isə hər halda özünün to­xuduğu incə yun və incə keçədən paltar geyinirdi. Dastanlarda da qəhrə­man­ların gündəlik geyimləri içə­risində ağ qaftan nəzərə çarpır2. Qırmızı rəngli qaftanı isə ancaq evlənməli olanlar geyərdilər3.

Dastanlarda baş örtüsü olaraq börk və sarığın adı çəkilir. Börk türklərin milli baş geyimidir. Börkün XIII-XIV əsrlərdə qırmızı rəngdə olduğunu bi­li­rik4. Anadoluda ilk dəfə ağ rəngli börk geyməyi XIII əsrin ikinci yarısındakı Dənizli hüdud bölgəsi bəylərindən Məhmət bəy dəb halına salmışdır5. Bu gün Türkiyənin bir çox yerlərində iki cür baş geyiminə börk deyilməkdədir.

Sarığa gəlincə, Toğrul bəyin 1038-ci ildə Nişapura girdiyi za­­­man başın­da sarıq olduğu məlumdur. XIV və XV əsrlərdə Ana­­­­doluda hökmdar və bəy­­lər də sarıqdan istifadə edirdilər. Türk sarığı orta böyüklükdə və qıvrım­dı, gözəl bir görünüşə ma­­­­lik idi. Bu sarıq Misirdə türkmən sarığı kimi tanın­mışdı6.

Dastanlarda ayaqqabı olaraq «ədik» və «soqman» adları çəkilir7. Ədik8 (ətük) son 15-20 ilə qədər Maraş, Adana, Antəb və Xa­tay vilayətlərində ge­yil­­mək­də idi. Bu, boğazı təqribən 40 santi­metr uzunluqda, ökçəsiz (daban­sız), bur­nu dik, sarı və qırmızı rəngli çəkmələrdir. Edik bir neçə əsr əvvəl bütün Anadolu türk­mənləri tərəfindən geyilirdi. Hətta qadınların belə edik geydik­ləri məlumdur1. Soqmana gəlincə, bu da çəkmə mənasında olsa da, ədikdən fərqlənib-fərqlənmədiyi yaxşı bilinmir2.

XV əsrdə osmanlılar da daxil olmaqla Türkiyə türklərinin qiyafələri ça­ğa­tay türklərininki ilə eyni idi. Misirli müəllif ibn İyas Anadolu türklə­rinin qiyafələrini türkmən qiyafəsi kimi təs­vir edir. Dastan qəhrəmanlarının ge­yim­lərinin də Türkiyə türk­lə­rinin geyimləri ilə eyni olduğu məlum olur.

Oğuzların saçlarını uzatdıqları, bunun əksinə, üzlərini qırx­dıqları əvvəl­cədən deyilmişdir. Türkiyədə də xalqın və əsgər­lə­rin üzlərini qırxdıqları nə­zərə çarpır. Misirin fəthindən sonra os­manlı xidmətinə girən çərkəz məm­lüklərinin ilk işi saqqal­la­rını qırxdırmaq və türkmən qılığına (yəni osmanlı qiyafəsinə) girmək olmuşdur3. Ancaq bizim dastan qəhrəmanları kimi Ana­dolu türkləri də bığ saxlayırdılar.

Qəhrəmanlardan Qazılıq Qoca oğlu Yeynək «qulağı qızıl küpəli»* təsvir edilir4. XIV-XV əsrlərdə bəzi türk hökmdar və bəylərinin də Yeynək kimi qulaqlarına sırğalar taxdıqlarını bi­lirik5.

Yenə dastanlarda Oğuz elində bəzi igidlərin üzlərində örtük olduğu söy­lənilir. Bunlar başlıca olaraq Qanturalı, Qara Çəkür və oğlu Qırx Qınuq və boz ayqırlı Bamsı Beyrək idi6. Bu gənc­lərin çox yaraşıqlı olduqları üçün üz­lərinə niqab tutduqları başa düşülür. Bu sonuncu qiyafənin göz dəymə inamı ilə əlaqədar ol­ması ehtimal edilir.

13. OVÇULUQ

Bəylər zümrəsinə mənsub olan qəhrəmanlar vaxtlarını dö­yüş­lərdə, ov­çu­luq etməkdə və toy verməkdə keçirirdilər. Bəy­lərin ovçubaşıları var idi. On­lar bəzən öz yurdlarındakı ovlaqlarda və qoruqlarda tək, bəzən də iç­lə­rindən birinin dəvəti ilə kollektiv şəkildə ovla məş­ğul olurdular. Başlıca ov hey­van­ları qaçarlardan maral, cey­ran, uçarlardan da qaz, ördək, kəklik və gö­yər­çin idi. Bəs­lənən ov quşlarından qırğı, şahin və sunqurun adları çəki­lir1.

Osmanlı ov təşkilatında xüsusi atmacaçılar, qırğıçılar, ça­kırçılar, şahin­çi­lər var idi2. Türkiyədə son zamanlarda atmaca, doğan və şahin ilə ov edi­lirdi. Atmaca sərçə və bıl­dırçın kimi kiçik quşlar, qırğı əsasən kəklik, şahin və kəkliklə bərabər qaz, ördək ovlamaq üçün istifadə edilirdi. Dastanların birində ov ilə əlaqədar bir adətdən bəhs edilir. Bu adətə görə başqasının tor­paqları içində ov edən bir adamdan torpaq sahibi pay ala bilər­di3. Digər türk ölkələrində də olan bu adətin4 əsası hazırda Ana­doluda yaşamaqdadır.

Müxtəsəri, oğuz bəylərinin həyatında ovçuluğun mühüm bir yeri var idi.

14. ƏYLƏNCƏLƏR

Dastanlarda bəlli zamanlarda keçirilən bayram və şənliklərə dair heç bir şey söylənilmədiyi kimi, tarixi əsərlərdə də bu möv­zu ilə əlaqədar hər hansı məlumata rast gəlinmir. Biz das­tanlarda bəylərin tez-tez toy verdiklərini gö­rürük.

Toy ziyafət deməkdir. Toylar doğum, bəy oğlunun ilk ovu, bir diləklə əla­qədar, bir fəlakətdən qurtarmaq, müxtəsəri, hər han­sı bir sevinc vəsiləsilə verilirdi. Toyların digər türk qövmlə­rində olduğu kimi, oğuzların ictimai hə­yatında da mühüm bir ye­ri vardı. Toylar yalnız bəylərə deyil, xalqa da ve­ri­lirdi. Bu, o qədər əsaslı bir ənənə idi ki, oğuzlarda və digər türk qövmlə­rin­də siyasi və ictimai quruluşun mühafizəsi toylarla çox yaxından əlaqədar idi. Bəylərbəyi Salur Qazan bəy üç-ox və boz-ox bəy­ləri ordasına gələn zaman (ildə bir dəfə) onlar üçün böyük bir toy verərdi. Toyda yeyilib-içildikdən son­ra Qazan xatununun əlin­dən tutub eşiyə çıxar, toya dəvət olunanlar toyun verildiyi yerdəki bütün əşyaları yağmalayardılar. Yağmadan sonra bəy­lər Salur Qazanı salamlayar və atlarına minib, yurdlarına dö­nər­dilər. Ancaq Sa­lur Qazan adətin əksinə olaraq son dəfə evini yal­nız üç-ox bəylərinə yağma­lat­mışdı. Boz-ox bəylərinin toya, yağ­maya dəvət edilmə­məsinin səbəbi mə­lum deyildir. Qazanın bu hərəkəti boz-oxların başçısı Aruz Qocanın üsyan et­­məsinə və bir daxili döyüşə səbəb olmuşdur. Türklər Yaxın Şərq ölkələ­ri­nə gəldikdə digər ənənələrlə ya­na­şı bu yağ­malı toy adətini də gətirmişdilər. Fars dilində olan mənzum və mənsur əsər­lərdə görünən «xani-yağma» (yağ­ma süfrəsi) sözü bu yağmalı toyu ifadə edir.

Səlcuqlulardan başqa, Suriya atabəyləri dövlətində (zəngilər) və osman­lı­larda da bu adətin davam etdiyi özünü göstərir1.

Dastanlarda uşaqların və gənclərin oynadıqları aşıq oyu­nun­dan da bəhs edilir. Bu, milli bir oyundur. Göytürklər döv­rün­də bu oyunun oynandığı mə­lum idi, bu oyun indi də Türki­yədə oynanmaqdadır. Qədim zamanlardan bə­ri kürək sümüyü və aşıqla fala baxmaq türklərin adətlərindən biridir2.

15. DAVRANIŞLARI

Dastan qəhrəmanları soyuqqanlı insanlar kimi görünmürlər. Onlar qarşı­laş­dıqları hadisələrə daşqın və coşqun reaksiya gös­tə­rirlər. Beləcə, «acığı tutanda» yəni hirslənəndə bığların­dan qan sızan, yaxud qara daşı kül edən igid­lərin, sevdikləri əsir dü­­şəndə və ya öləndə «böyürə-böyürə» ağladıqları gö­zə çarpır.

Bəylər başqa qövmlərin əsilzadələri kimi məğrur, şərəf və heysiyyət­lə­ri­nə son dərəcə düşkün insanlar idi. Haqlarında da­nı­şılan ən kiçik dedi-qo­du­ya laqeydlik göstərməzdilər. Belə hal­­­lardan ölümü üstün tutardılar. Dirsə xan övladı olmadığı üçün qara otaqda oturdulmuş, qabağına qara qoyun yəx­­nisi qoyul­du­ğu üçün çox mütəəssir olmuş və Bayındır xanın ordasını tərk et­mişdi3. Yenə bəylərdən Bəkil ovçuluqdan məharətinin özün­dən deyil, atından gəldiyini deyən Bayındır xana və ya Qazana «alplar içində bizi qus­qu­numuz­dan palçığa batırdın» deyərək acıqlı bir halda ordasına getmişdi4. Şəxsən Salur Qazan o biri bəylərin «çoban olmasaydı, Qazan kafiri ala bil­məz­di» sözləri ilə başına qaxınc qalxacaqlarından qorxaraq Qaracıq çoba­nın yardımını rədd etmişdir5. Qanturalı da6 dəvə ilə güləşərkən sevgilisi Sel­can xatundan «dəvənin burnundan yapış» sözlərini eşidəndə özü-özünə de­mişdi: «mərə, mən bu dəvənin burnuna yapışacaq olsam, qız sözü ilə yapışdı derlər. Yarın oğuz elinə xəbər vara, dəvə əlində qalmışdı, qız qurtardı, deyələr»1.

Dastanlarda «dəstursuzca», yəni izin almadan döyüşən ada­mın yağısına girişməyin, düşməninə hücum etməyin eyib ol­du­ğu israrla bildirilir. Hətta bəylərdən Şir Şəmsəddin «dəs­tur­­suz­ca Bayındır xanın yağısın» basmaqda ad çıxarmışdı2. Bu xüsus, yəni izin almadan bir adamın bir boyun, bir elin düşmə­ninə hü­cum etməsinin eyib sayılması başlanğıcda əldə ediləcək do­yum­­luğa (qənimətə) ortaq olmaq məqsədi ilə əlaqədar sayı­lır­dı. Çünki türk­lərdə də hər yerdə olduğu kimi, döyüşün əsil qayəsi qənimət əldə etmək idi. Daha sonralar bu düşüncə (qəf­lətən, icazəsiz hücumun eyib sayılması) şərəf və heysiyyəti qo­rumaq duyğusuna çevrilmişdir.

Qəhrəmanların sevinclərini bildirən hərəkətlərdən biri də qas-qas gül­mək­ləri idi3. Bu gün Anadoluda bu sözdən hələ də istifadə edilir. Sevincli bir xəbər «muştuluq» və «gözün aydın» sözləri ilə bildirilirdi4. Döyüşlərdə düşməni məğlub etdikdə və ya hər hansı bir təhlükədən qurtardıqda qul və qa­ravaş (kişi və qadın kölə) azad edərdilər. Salur Qazan bəy Şöklü Məliyi məğ­lub etdiyi zaman 40 qul və 40 qırnaq (qaravaş-cariyə) azad et­miş, onları azadlığa çıxartmışdı5. Salnaməçilər Fateh Sultan Məh­mədin də Otluqbeli dö­yüşündə qələbə qazanması müna­si­bətilə 40.000-dən artıq qul və qaravaş azad etdiyini yazırlar6.

Oğuzlar heyrətlərini əsasən bir əlini digərinə vurmaqla bildirirdilər7. Bu davranış gözlənilməyən sevindirici və ya kə­dər­ləndirici, hiddətləndirici bir hadisə və xəbərə ani reaksiya idi. Həmin davraniş forması indi də Türkiyədə özünü göstərir1.

Dastanlarda görünən digər bir adət də qəhrəmanlar öldükdə atlarının kə­si­lib yuğ aşı (ehsan - tərcüməçi) verilməsi barədə on­ların vəsiyyətidir2. Bu, çox qədim bir türk adəti idi. Göytürklər zamanında ölənin atlarının özü ilə birlikdə basdırıldığını və ya kəsildiyini bildiyimiz kimi3, X əsrdəki oğuz­lar­da da ölənin atla­rının kəsilib ətinin yeyildiyini görürük. Bu gün də Tür­ki­yə­də bir adam öləndə yemək bişirilib xalqa paylanır4. XI dastanda ölü­lərə aş (ye­mək) verildiyindən də bəhs edi­lir5. Türklərdə və monqollarda belə bir adə­tin olduğunu bilirik6.

Üç-ox – boz-ox arasındakı qardaş qırğınını göstərən sonuncu dastanda ölüm ayağında olan Beyrək atının quyruğunun kəsil­məsini tələb etmiş, yol­daşları da bunu yerinə yetirmişdilər7. Bu da çox qədim bir türk adəti idi. Al­tay və Pazırıq qazıntılarında tapılan atların bizim qəhrəmanların atları kimi özləri ayğır, quyruqları da kəsikdir8. Buraya qədər yazdıqlarımızdan os­man­lı xanədanının çox qədim türk adətlərini yaşatdığı aydın­laşmış olur. Deməli, hunlar dövründən gələn, ölənin atının quy­ruğunun kəsilməsi adəti də bun­lar­dan biri idi.

Yavuz Səlimin böyük qardaşı Əhməd bəyin oğlu Süleyman bəy gənc ya­şında 919-cu ildə (1513) Misirdə taundan vəfat et­mişdi. Qəşəng bir gənc olan Süleyman bəyin dəfn mərasimi Ana­dolu türklərinin adəti üzrə keçiril­mişdir. Yəni məhrum şahzadənin tabutunun önündə quyruqları kəsilmiş, yə­hər­ləri tər­sinə çevrilmiş olan atları aparılmış, sındırılmiş yay-oxu da tabutu­nun üzərinə qoyulmuşdu9.

Dastan qəhrəmanlarının fəzilət duyğularına gəlincə, bunlar başlıca ola­raq cəsur və mərhəmətli olmaq, gücsüzləri qorumaq, yoxsullara yardım et­məkdir. Zəiflərə, qocalara sataşan və yol­çulara, çobanlara hücum edənlər on­lar nəzərində pis adamdır. Dastanların dili ilə, Alınca qalasının kafirləri oğuz elindən əsir tutduqları Uşun Qoca oğlu Əyrəyi onu qurtarmağa gələn qar­da­şı Səyrək ilə döyüşdürmək üçün ona qardaşı haqqında: «şunda bir dəli igid yolçunun-yolaqçının, çobanın-çoluğun ətməyin alır»1 demişdilər.

Yoldaşları Dirsə xanda oğluna nifrət yaratmaq üçün oğ­lu­nun gözəl qız­ları ram etdiyi, qocalara həqarətdə bulunduğu ba­rədə iftiralar söyləmişdilər2. Bir az yuxarıda dastan qəhrəman­la­rının tez əsəbiləşən insanlar olduqlarını söy­ləmişdik. Lakin onlar sevdiklərinə qarşı şəfqətli, şirindilli olduqları kimi, düş­mən­lərinə qarşı da mərhəmətli davranır, döyüşlərdə aman istə­yəni öldür­mür­dülər3. Beyrək onun öldüyünü söyləyərək sev­gi­lisi ilə evlənmək üzrə olan Yalançı oğlu Yartacuğu ayağına düş­düyü və qılıncının altından keçdiyi üçün əfv etmişdi4.

Dastanlarda göstərilən alp elə bir cəsur, təmkinli, mərhə­mət­­li, zəifləri qo­ruyan (qalmış igid arxası), öyünməyi sev­mə­yən insandır ki, bu günkü mil­lətlərin qəhrəman tipinin eynidir. Alplar bir-birinin adını soruşmazdılar, bu, nəzakətsizlik sayı­lır­dı5. Bu gün belə kəndlilər arasında birinin adını nə­zakət ifadə edən bir kəlmə ilə soruşurlar6.

Alpları qorxutmaq, cəsarətlərini qıran sözlər söyləmək də onlar arasında eyibli bir davranış idi7.

Bütün tarixləri boyunca türklər üzərində ictimai bir ruh ha­kim olmuşdur. Onlar sevinci də, fəlakəti də hamılıqla, birlikdə qarşılayardılar. VIII əsrdəki göytürk kağanının «Türk budunu üçün gündüz uyumadım, gecə uyumadım» deməsi bu ruhun gö­zəl bir ifadəsidir. Xaqan, sultan və bəyin vəzifəsi xalqı özlərin­dən narazı salmamaq və onlara firavan bir həyat təmin etmək­di

Dastanlarda acları doydurmaq, çılpaqları geydirmək, borc­lunu borcdan qurtarmaq başlıca mənəvi hərəkətlərdən sayılır. Salur Qazana dair «Şəcə­reyi-tərakimə»dəki mənzumədə onun 41 atın ətini bir qazana doldurub bu əti əli ilə xalqa payladığı ya­zılmışdır. Osmanlı salnaməçiləri də Osman və Orxan bəy­lə­rin öz əlləri ilə yoxsullara aş payladıqlarını yazırlar1.

Yenə dastanlarda quru çaylar üzərində körpü salmaq, uzaq yollar kəna­rında imarətlər qurmaqdan bəhs edilir2. Birinci his­sədə türk hökmdarlarının və bəylərinin idarə etdikləri yerləri cami, mədrəsə, xəstəxana, imarət, kar­van­sara, hamam və kör­pü­lər ilə bəzədikləri qısaca qeyd edilmişdi. Bu gün bu abidə­lə­rin bir qismi onların bu sahədə göstərdikləri böyük xidmət və qey­rətin yadigarı kimi zamanımıza qədər gəlmişdir. Ancaq bu əsərlərə can ve­rən sultan və bəylərin yaşadıqları binalar o qədər sadə şeylər idi ki, indi çoxunun yeri bilinmir.

16. DASTANLARIN ƏHƏMİYYƏTİ

İgidləri mürüvətli,

Qocaları dadlı və hörmətli oğuz.



(Naməlum ozanın sözü)

Dədə Qorqud dastanları, daim təkrar etdiyimiz kimi, Tür­ki­yə, Azərbay­can, İran və Türkmənistan türklərinin, yaxud ümu­­mi bir terminlə, Qərb türklərinin bizə məlum olan qədim das­tan­larıdır. Bu dastanlar oxuyanların təsdiq etdikləri kimi, dağ çi­çəkləri qədər gözəldir. Hətta bu dastanların milli ədəbiy­yat ba­xımından nəsr sahəsində oğuz türkcəsinin əvəzsiz bir şahəsə­ri ol­duğunu söyləmək belə mümkündür. Bu dastanlarda türk dili Yunus Əm­rə­nin şeirlərində olduğu kimi, nə qədər axıcı, nə qədər incə, hətta nə qədər par­laqdır!

Dastanların mahiyyətinə gəlincə, onlar - ən mühümləri tari­xi hadisələrlə səsləşən - orijinal, əlaqəli və zövqlə oxunan möv­zulardır.

Bilirik ki, dastan qəhrəmanları döyüşkən bir ruha sahib­dir­lər. Hətta onlar arasında belə bir ruhda yetişdirilmiş qadınlar da diqqəti cəlb edir. Lakin təs­diq etmək yerinə düşər ki, çöllərdə belə bir ruh daşımadan həyat sürmək müm­kün ola bilməzdi. Ora­da şiddətli qış və heyvanları kütləvi qıran yut xəs­tə­liyi üzündən tez-tez aclıq fəlakəti ilə qarşılaşılırdı, hər an düşmən hü­cum­ları gözlənilirdi. Bu xüsus belə olmaqla bərabər qəhrə­manlar ümumiy­yətlə təcavüzkar insanlar kimi görünmürlər. On­­lar nəfslərini qorumaq, yaxın adamlarını qurtarmaq, özlərinə və ya yaxın adamlarına edilmiş pis hərəkətin qisasını almaq üçün cəhd göstərirlər.

Qəhrəmanlarımız köçəri bir cəmiyyətdə yaşasalar da, bu igid­lərdə zama­nı­mıza yaraşmayan heç bir davranış görünmür. On­lar qara qəlbli və hiyləgər adamlar olmayıb, əksinə, yox­sul­lara yardım edən, zəifləri qoruyan, rəhmdil, vəfalı, böyüklərinə ehtiram göstərən, amma şərəf və heysiyyət duyğularına sahib olan, qadınlara xor baxmayan mərd insanlardır. Bütün bunlar oğuzlar­da­kı fəzilətli insan tipinin vəsfləridir. Hər halda alplar bütün bu mənəvi si­fət­ləri daşıyan insanlar olmalı idilər. Alplıq ruhu, şübhəsiz, sadəcə cəsa­rət­dən gələn bəsit bir davranış de­yil­di.

XIV-XVI əsrlərdə Anadolu və Azərbaycandakı türk icma­ları bu dastan­lara atalara aid ən dəyərli xatirələr gözü ilə bax­mış­lar. Onlar atalarını həyata keçirdikləri böyük fütuhat­lardan ziyadə bu dastanlar ilə sevmişlər. Yenə bu das­tan­ların təsiridir ki, o əsrlərdəki türklər nəzərində oğuzlar cəsur və təmiz ürəkli insanlardır. Bu gün belə Türkiyənin bəzi bölgələrində oğuz sö­zü hiylə bilməz, pislik eləməz anlamında bir sifət kimi işlədilir.

Buna baxmayaraq yüksək təhsilli osmanlı müəlliflari bu dastanlara əhə­miyyət verməmişlər, hətta onları oxuyan ozanlar ilə istehzalı davranmışlar. Lakin ozanların bu əsəri, şübhəsiz, getdikcə daha geniş yayılmaq və hətta di­­gər millətlər tərəfindən də tanınmaq surətilə əbədi olaraq oxunacaqdır. Buna qarşılıq osmanlı müəlliflərinin əsərləri unudulmağa məhkum olma­sa be­lə məhdud sayda mütəxəssislər tərəfindən tanınacaqdır. Bu keyfiyyət on­la­rın türkcəni təbii yolundan çıxararaq əsər­lərini süni bir dildə yazmalarının kədərli bir nəticəsidir. Ancaq etiraf etmək lazımdır ki, dastanlar bu gün belə türk ziyalıları tərə­fin­dən yaxşı bilinməməkdə və məktəblərdə də oxudulma­maq­dadır. Bu da, şübhəsiz, onların lazımi qədər tanıdılmama­sın­dan irəli gə­lir. Bu işlər yerinə yetirildiyi təqdirdə bu milli və dəyərli əsə­rə layiq olduğu əhəmiyyətin veriləcəyi və məktəblərdə bütün türk uşaqlarına oxudulacağı bir həqiqətdir.

1   ...   19   20   21   22   23   24   25   26   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə