Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə2/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   42

Ramiz ƏSKƏR.

Bakı, 8 yanvar 2013-cü il.

ÖN SÖZ

XI əsrdən etibarən həm də türkmən adlandırılan oğuzların Türkiyə türk­ləri ilə Azərbaycan, İraq və Türkmənistan türk­lə­ri­nin əcdadları olduqlarını bilirik. Səlcuqlu və Osmanlı xa­nə­dan­la­­rı­­nın da onlardan çıxdığını xatırlasaq, oğuzların dün­ya tari­xin­­də çox mühüm rol oynamış bir türk qövmü olduğu orta­ya çı­xar.

Oğuzlar Sır-Dərya sahillərində və onun şimalındakı boz­qır­larda məskun olduqları vaxt onların ancaq bir qismi şəhər­lərdə ya­şayırdı. Savaşla məşğul olmadıqları və özlərini şə­hər həya­tı­nın labüd qıldığı işlərə həsr etdikləri üçün oğuz­la­rın köçə­ri el­daşları onlara istehza ilə «yatuq», yəni «tənbəl» adı vermiş­di­lər. Əslində, köçəri oğuzlar oturaq eldaşlarına istehza et­mək­də öz anlayışları baxımından haqlı idilər. Çünki səlcuqlu impe­ri­ya­sını oturaq oğuz­­lar deyil, məhz onlar yaratmışdılar. Ancaq kö­çə­ri oğuzlar da 1071-ci il Malazgird zəfəri ilə Ana­dolunu fəth edə­rək bu ölkədə oturaq həyata keç­mə­yə başla­dılar. XIII əsr­də on­ların mühüm bir qisminin artıq şəhər və kəndlər­də yaşadığı mü­şahidə edilir.

Bununla bərabər, həmin əsrdə Anadoluda çoxunu yeni gə­lənlərin, yəni monqol istilasından qaçanların təşkil etdiyi bö­yük miqdarda köçəri türk ün­sürü də vardı. Səlcuqlu dövləti bir da­ha qurtula bilməyəcəyi şəkildə monqol hakimiyyəti altına gir­dikdə oğuzların deyimi ilə «yatuqlar», yəni oturaq türk xal­qı özünü ta­leyin hökmünə buraxdığı halda, köçəri türk ünsürü, yə­ni türk­mənlər monqollara qarşı mübarizədən əl çəkmədilər. Nə­ticədə, köçəri türk ünsürü olan türkmənlər əvvəlcə Türkiyədə, sonra isə buradan gedərək İran­da siyasi hakimiyyəti ələ keçir­di­lər. Beləliklə, onlar Türkiyə tarixinin ikinci dövrünün - bəy­liklər dövrünün yaradıcıları olmaqla birlikdə İranda da XX əs­­rədək türk hakimiyyətini davam etdirdilər. Türkiyə tarixinin üçüncü döv­rü­nü açan osmanlı xanədanına gəlincə, onun da kö­­çəri türk ünsürünə mən­sub olduğu məlumdur. Digər tərəf­dən, osmanlı xanədanının həm Mərmərə ətrafının fəthində, həm də Rumeli­nin ələ keçirilməsində mənsub olduğu kö­çəri ünsürdən geniş öl­­çüdə istifadə etdiyi də faktdır. Ancaq XVI əs­­rin ikinci yarı­sın­­dan etibarən Türkiyədə köçəri ünsür keçmiş­dəkinə nisbətən öz siyasi əhəmiyyətini xeyli itirmişdi. Bu, baş­lıca olaraq, otu­raq həyata keçmək və İra­na köçmək nə­ti­cəsin­də köçərilərin sa­yının azalması, osmanlı hərbi təşki­latının qüdrəti və «dəlikli dəmirin» kəşfi kimi amillərlə bağlıdır. Buna görə də Anado­lu­dakı türk oymaqlarının os­manlı dövründəki rolu daha çox ic­ti­mai tariximiz baxımın­dan əhəmiyyətlidir. Doğrudan da, onlar XVI əsrin son­ların­dan etibarən müxtəlif səbəblər üzün­dən ara-sıra oturaq türk xal­qının bağrında yaranan geniş boş­luq­ları dol­duraraq ona dai­ma güc və həyatilik qa­zandırmışlar. Bununla bir­­­likdə, onu da qeyd etmək yerinə düşərdi ki, türk oy­maqları lap son əsrlərdə belə öz siyasi əhəmiyyətlərini tama­milə itirmə­miş­dilər. Məsələn, XVIII əsr­də Anadoluda meyda­na çıxan ailə­lərindən baş­da ən böyüyü ça­panoğulları (çapar­oğul­ları) olmaq üzrə bir çoxlarının yenə kö­çəri türk ünsürünə mən­sub olduq­la­rını bilirik.

Bu qısaca izahat köçəri türk ünsürünün milli tariximizdə nə qədər mü­hüm bir yeri olduğunu göstərir. Bunu bir cümlə ilə ifa­də etməyə çalışsaq, de­­­yə bilərik ki, köçəri türk ünsürü Ya­xın Şərqdə oğuzların səlcuqlulardan sonra da siyasi haki­miy­yət­lə­ri­ni davam etdirmələrində başlıca rol oynadığı kimi, os­manlı döv­ründə də Anadoludakı oturaq türk cəmiyyətinin öz varlı­ğı­nı qo­rumasında çox mühüm bir amil olmuşdur.

Bundan 20 il əvvəl oğuzları və onların köçəriliyi davam et­dirən nəsillə­ri­ni öyrənməyə girişməyimiz etnoqrafik bir ma­raq­dan deyil, onların milli ta­riximizdəki bu mühüm mövqeyin­dən irəli gəlmişdir. Bu mövzunun Qərb şərq­şü­naslıq aləmin­də ol­duğu kimi bizdə də uzun müddət heyrət ediləcək də­rə­cədə unu­dulduğu həqiqətdir. Bu səbəblə ziyalılarımız milli tariximi­zin baş­lıca nöqtələri üzərində belə doğru və aydın məlumata sahib olmamışlar. Hətta bu gün türk, oğuz, türkmən, yörük, səlcuqlu, os­­manlı, qaraqoyunlu, uy­ğur, özbək adlarının dəlalət etdiyi mə­­naları yaxşı dərk etməmiş tarix mü­əllimlərinin oldu­ğunu söy­­ləsək, bu acı gerçəyi daha açıq şəkildə ifadə etmiş olarıq.

Əsər qısa bir giriş və üç hissədən ibarətdir. Birinci hissədə oğuzların qə­dim tarixi və səlcuqlu imperiyasını qurmaları göz­dən keçirildikdən sonra im­­periyanın yaranması nəticə­sin­də müx­­­təlif ölkələrə dağılmış köçəri türk ün­sürünun həyatı son əsr­­lərə qədər ayrı-ayrılıqda araşdırılmışdır. Yəni bu­ra­da göy­türklər dövründəki doqquzoğuzların tarixi qeyd edildiyi ki­mi, Da­dal­oğlunun türkmənlərindən də bəhs olunmuşdur.

İkinci hissədə oğuzların boy təşkilatı və oğuz boyları, üçün­cü hissədə isə oğuzların milli dastanları (Dədə Qorqud das­tan­ları) tədqiq edilmişdir. Həm oğuz boyları, həm də Dədə Qor­qud dastanları fəsilləri əsərin planına uyğun olaraq yenidən yazıl­mışdır. Bundan başqa, əsərin sonuna XVI əsrdə Anado­lu­dakı oğuz boylarına aid yer adlarını göstərən bir cədvəl də əla­və edil­miş­dir. Bu cədvəlin bəzi məsələlər üzərindəki çalış­mala­rı­mızda bizə çox fayda verəcəyi şübhəsizdir. Şübhəsiz ki, möv­­zu­­suna görə əsərə mütəxəssislərdən başqa ziyalılar və xalq da maraq göstərəcəkdir. Bu cəhət nəzərə alınaraq əsər ya­zılar­kən ondan hamının faydalanmasını asanlaşdırmaq xüsusuna im­kan daxilində diqqət yetirilmişdir. Hətta səlcuqlu tarixi bəh­sində həm­kar­larımdan fərqli olaraq başqa cür düşündüyüm mə­sələlər üzərində bir neçə istisna ilə mübahisəyə girişməməyim də qis­mən həmin xüsusla əlaqədardır.

Sözlərimə son verməzdən əvvəl kitabın təshihinə kömək edənləri min­nətdarlıqla anmaq istəyirəm. Hörmətli Nihal Atsız bəy əsəri başdan-aya­ğa­dək oxumuş və bir çox xüsuslarda fay­da­lı tövsiyələrini əsirgəməmişdir. Tə­lə­bələrim və kafedramızın assistentləri Əfşar İsmayıl Aka ilə Kazım Yaşar Kopraman da ki­tabın təshihində və indeksin hazırlanmasında yorulmadan ça­lış­mışlar. Həm hörmətli Nihal Atsız bəyə, həm də sevimli tələ­bə­lərimə kö­mək üçün təşəkkür edirəm.
Faruq Sümər. 1965, aprel

GİRİŞ

Türkcə danışan kütlənin Orta Asiyadakı əsl ana yur­dunun hara olduğu haqqında keçmişdən bəri bəzi fikirlər irəli sürül­müşdür. Bizim fikrimizcə, bu kütlənin vətəni əsasən 145-150° en dairələri arasındakı Abakan, Tuba ərazisinin də daxil olduğu Kəm irmağı, yəni Yenisey boyu və ona yaxın yerlər olmalıdır.

Türkcə danışan kütlənin qədimlərdən bəri bir-birindən siya­si səciyyələri, dilləri və ya ləhcələri, ictimai səviyyələri, hət­ta sifət və bədən quruluşları ilə ayrılan müxtəlif qövmlər kimi, bu qollar da budun, yəni qövm adlanır. An­caq bu qolların or­taq bir ada sahib olduqları barədə əlimizdə heç bir dəlil yox­dur. VI əsrdə türkcə danışan ellərdən (qövmlərdən) ancaq biri türk ad­la­nırdı. Bu elin adı türk (o zamanlar törük-türük) sözü­nün yö­rük (yürümək) ki­­mi «törümək» məsdərindən olduğu həqi­qət­dir. Bu türk qövmü həmən əsərdə türk və monqol dünya­sı­nın ha­kimləri olan juan-juanları (aparlar-avar­lar) məğlub edə­rək Çin səddindən Xəzər dənizinə qədər uzanan çox bö­yük bir əra­zidə imperiya yaratmış və türkcə danışan bütün qövmlə­ri öz ida­rə­si altına almışdı. Bu hadisə Yaxın Şərqdə türk adına bu dildə da­nı­şan bü­tün qövmləri əhatə edən ümumi bir məna qa­zan­dırdı. La­kin türk sözü məhz türkcə danışan qövmlər arasın­da bu cür geniş bir məna kəsb edə bilmədi. Türklər yalnız is­la­mı qəbul etdikdən sonra Yaxın Şərqdəki dindaşlarından türk kəl­məsinin bu geniş mənasını öyrəndilər. Oğuz türklərinə də türk adını ve­rənlər Yaxın Şərq müsəlmanları olmuşlar.

Göytürk imperatorluğu dövründəki türk ellərindən biri də doqquz boy­dan ibarət olan oğuzlar idi. Onlar VII əsrin ikin­c­i ya­rısı ilə VIII əsrin birinci ya­rısı arasında Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlar türk eli ilə birlikdə göytürk dövlə­ti­nin əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göy­türk­lə­rin si­yasi xələfləri olan uyğurlar dövründə də eyni mahiyyətdə bir rol oynamışlar.

Doqquzoğuzların aqibəti məchuldur. X əsrdə Sır-Dərya (Cey­­hun) sahil­lə­rində yaşayan oğuzların birbaşa bu doqquz­oğuz­­­ların törəmələri olması eh­timalı azdır. Bunun əvəzində Sır-Dərya oğuzlarının əvvəlcə Qərbi göytürk birliyinə mənsub olduqlarını irəli sürmək daha ağlabatan bir ideya (fərziyyə) ki­mi görünür. Sır-Dərya oğuzları dünya tarixində heç bir türk eli ilə müqayi­sə edilə bilməyəcək dərəcədə çox mühüm rol oyna­mışlar. Ön sözdə buna işa­rə edildiyi kimi, Səlcuqlu və Osmanlı imperatorluqlarını məhz onların qur­duğunu söyləmək kifayət­dir. Oğuzlar monqol isti­lasından sonra qövmi varlığını, tarixi xatirələrini və mədə­niy­yə­tini qorumaq surətilə türk dünya­sını təmsil edən yeganə qövm olmaq vəsfini də daşımışdır.

Uyğur, qıpçaq, karluq və onlar kimi digər türk qövmləri mon­qol isti­la­sı­na uğrayaraq varlıqlarını davam etdirə bilmə­miş­­lər, monqol boyları ilə qay­nayıb-qarışaraq yeni qövmlər mey­­dana gətirmişlər. Bu yeni qövmlərin dili türk dili olsa da, ta­rixi xatirələri, əsgəri təşkilat və ənənələri monqol vəsfləri da­­şıyırdı. Bugünkü Şərqi Türküstan türkləri, Özbəkistan, Türk­mə­­nistan, qa­ra­qalpaq xalqları ilə İdilboyu türkləri, qısacası, Or­ta Asiyadakı türklərin bö­yük əksəriyyəti bu türk-monqol qa­rı­şığından meydana gəlmiş yeni qövm­lərin törəmələridir.

Xüsusilə ticarət münasibətləri səbəbi ilə X əsrdən eti­barən aralarında ya­yılmağa başladığı məlum olan islam dini­nin XI əsr­də oğuzların böyük əksə­riyyətinin dini olduğu müşahidə edi­lir. Bunun nəticəsində oğuzlara XI əsrdə türkmən adı verilmiş­dir ki, bu da təqribən iki əsr sonra hər yerdə oğuzun ye­rini tut­muş­dur. Ancaq oğuz sözü dastanlarda xatirəsi yaşadılan əcdad­larının adı kimi türkmənlər arasında uzun müddət işlənmişdir. Oğuzlardan 15-20 min nəfərlik ordu çıxara biləcək bir elat 1035-ci ildə Xorasana keçmək məc­bu­riyyətində qalmışdı. Bu sahə isə zənginliyi, hərbi və mülki təşkilatının mü­kəmməlliyi ilə yalnız islam aləminin deyil, dünyanın ən qüdrətli dövlət­lə­rindən biri olan Qəznəvi imperiyasına aid idi. Bu oğuzlar səl­cuqlu ailə­si­nin başçılığı ilə 5 il sürən fasiləsiz və ağır bir mü­ba­rizə sonunda Qəznəvi im­pe­riyasına qalib gələrək Xorasanda öz dövlətlərini qurdular (1040-cı ildə 16 min atlı ilə).

Yalnız «fövqəladə» sözü ilə vəsflənə biləcək bu hadi­sənin baş qəhrə­ma­nı, ilhamçısı və icraçısı Səlcuqun nəvəsi Çağrı bəy idi. Səlcuqlu dövlətinin hakimiyyəti çox qısa zamanda Bi­zans im­periyası hüdudlarına qədər uzandı. Bu müvəffəqiy­yətin qa­za­nılmasında Sır-Dərya boyundakı böyük ana oğuz kümə­sin­dən bir-birini izləyən dalğalar halındakı bölüklərin İrana gəl­məsi çox mühüm bir amil olmuşdur. Oğuz türklərinin islam dünyasında görünmə­ləri, doğrudan da, bu aləm üçün xoşbəxt ha­­disədir. Çünki həmin əsnada Ya­xın Şərqin islam dünyası Bi­zans imperiyası qarşısında özünü müdafiə edə bilməyəcək bir vəziyyətdə idi. İslam aləmi mənən o qədər çürümüşdü ki, 3-4 minlik bir oğuz bölüyü Fələstinlə Suriyanın böyük bir qismini asanlıqla ələ keçirmişdi. Şərqi və Cənubi Anado­ludakı müsəl­manları qovaraq Anini (Qarsın şərqində), An­takya və Urfanı, Lazistanı geri almış, Hələb ətrafını da nüfuz və hakimiyyətinə daxil etmiş Bizansın yeni bir həmlə ilə Suriyaya, hətta Misirə də hakim olaraq islam dünyasının başına daha böyük fəlakətlər gətirməsi hər an gözlənilirdi. Ərəblərin özünü toplayıb Bizan­sın yeni hü­cum­larına sinə gərməsi ancaq bəlkə ikinci peyğəm­bərin zühuru ilə mümkün ola bilərdi. Bu səbəblə islam aləmi oğuz türklərinin şəxsində özünü Bizans­dan qoruya biləcək yeni və gücü tükənməyən bir ünsürə qovuşmuş oldu. Gerçəkdən də, islam dünyasının bu yeni müsəlman ünsürü yalnız Bizans təh­­lükəsini dəf etməklə qalmayaraq ərəblərin heç vəchlə bacara bilmədiyini də bacarıb Anadolunu fəth etmiş və Bizansı bir da­ha islam dünyasına təhlü­kə təşkil etməyəcək bir vəziyyətə sal­­mışdır.

Oğuz türkləri ana yurdlarından gətirdikləri dövlət təşki­latı­na aid təsisat və ənənələrini islam dünyasında da davam etdir­dilər. Səlcuqlu sultanları və atabəyləri Orta Asiya bozqır­larında olduğu kimi əsgərlərə və xalqa tez-tez yağmalı ziya­fətlər verir, bəylərini şərəfləndirmək və təltif etmək üçün on­lara şəxsən içki təqdim edir, yerli müsəlman ziyalılarını heyrət və təəccüb için­də qoyan ağır yaslar tuturdular.

Onlar ələlxüsus hərbdə və idarəçilikdə özlərini digər qövm­­­lərdən üstün hesab edirdilər, milli adət-ənənə, məcaz və səciy­yələri ilə siyasi hökmran­lıq­larından doğan qövmi bir şü­ura da sa­hib idilər. Səlcuqluların həm İranda, həm də Ana­do­luda milli təşkilatda yerli iranlılardan istifadə etmələri, rəsmi dilin ərəb və ya fars dili olması sadəcə əməli məqsədlərlə əlaqə­dar­dır. Çünki sultanlar öz qövmlərindən (hər yerdə və hər za­man bütün döv­lətlər üçün hə­yati bir əhəmiyyəti olan maliyyə sahəsi başda ol­maq üzrə) dövlətin mülki təşkilatında işləmək üçün ki­fayət miq­darda mütəxəssis tapa bilmirdilər. Döv­lətlərini öz torpaq­la­rında qurub gəlmiş ərəblər və monqollar da hər yer­də yerlilər­dən geniş şəkildə istifadə etmişdilər. Hətta əməvi təş­kilatını ərəb­ləş­dirən xəlifə Əbdülməlikin «İranlılar min il səl­tənət sür­dü­­lər, bir an bizə möhtac olmadılar, biz isə bir əsr döv­lət idarə et­dik, bir an olsun onlarsız ke­çinə bilmədik» dediyi söylənir.

Səlcuqlu xanədanı təbəələrini ədalət və şəfqətlə idarə etmək, ölkələrinin abadlığı xüsusunda böyük işlər görmək surətilə hər yerdə unudulmaz xatirə­lər buraxmışlar. Belə ki, onlar tarix səh­nəsindən çəkildikdən sonra XIV əsr­də tanınmış iranlı bir zi­yalı əməvilər və abbasilər də daxil olmaqla bütün is­lam sülalələ­inin bir neçə eybi olduğunu, səlcuqluların bu eyblərdən xali, iman­­lı, xeyirxah, xalqa qarşı şəfqətli hökmdarlar olduqlarını söylə­yə­rək on­la­rı nümunəvi bir xanədan kimi qiymətlən­dir­miş­dir.

Həqiqətən, bu gün Anadolunu gəzən, tarix və sənət əsərlə­rinə maraq gös­tərən adi bir türk və ya xarici də səlcuqlu sultan­la­­rının xoş niyyətlə bəra­bər ağlın və elmin işığı altında Tür­ki­yəni abad və xalqını rifahlı etmək üçün necə çalışmış olduq­la­rını asan­lıqla anlaya bilər. Karvansaralar, xəstəxanalar və kör­pü­lər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər ara­sında səlcuqlu xanədanına mənsub xatunların olması da maraq­lıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox səl­cuqlu sul­tanlarının qızları tərəfin­dən inşa edildiyi sanılırdı.



Türk fütuhatı ərəfəsində Anadolunun çox böyük bir qismi, xü­susilə Orta, Cənubi və Qərbi Anadolu əhalisi seyrək, hərə­kət­­­siz, bir sözlə, geri qalmış bir ölkə kimi görünürdü. Şərqi və Cə­nub-Şərqi Anadolu şəhərlərinə nəzərən Orta, Cənubi və Qər­bi Anadoludakılar sönük qəsəbələr halında idi. Bunun baş­lı­ca sə­bə­bi birinci dərəcəli beynəlxalq ticarət yollarının o vaxt bu­ra­lardan keçməsidir. Digər tərəfdən sasani-Bizans və onun ar­dın­ca sürəkli və ağır ərəb-Bizans müharibələri Anadoludakı əha­linin mühüm bir qisminin məhv olmasına və Çuxurova kimi bir çox bölgələrin isə qorxunc bir şəkildə dağı­dıl­masına səbəb ol­muşdu. Hətta əhalinin azlığı, yoxsulluğu və təşkilatsızlığı ilə Anadolunun qeyd olunan böyük qismindəki yerli əhali öz var­lığını hiss etdirə bilməyəcək bir vəziyyətə düşmüşdü. Bundan dolayı, XI əsrdə Şərqi Ana­doludan gələn ermənilər Orta Ana­do­­luda və Çuxurova bölgəsində asan­lıqla yerləşə bilmiş və hət­ta I səlib yürüşündən istifadə edərək bu sonuncu yer­də bir kral­lıq da qura bilmişdilər. Yenə eyni səbəblə, oğuz türkləri az bir qüv­və ilə Orta və Qərbi Anadolunu çox qısa bir za­manda, həm də ciddi bir müqavimət görmədən asanlıqla fəth etmişdilər. Yer­­li xalqın sayca çox az ol­masını göstərən dəlillərdən biri də budur ki, türk sultanları və bəyləri təşkil etdikləri axınlar zama­nı ələ keçirdikləri yerli xalqı köçürərək öz ölkələrində yerləş­dirirdilər. Çünki onların hakim olduqları yerlərdə əhali seyrək­liyi üzün­­dən əkilməmiş çoxlu torpaq vardı. Səlcuqlu hökmdar­la­rı­nın Şərqi və Cənub-Şərqi Anadoluya qarşı fasiləsiz bir fütu­hat siyasəti güdmələrinə bax­mayaraq, ən əlverişli zamanlarda belə Qərbi Anadolu və Mərmərə ətrafını almaq xüsusunda ma­raqlı görünməmələri də ancaq oraların iqtisadi cəhət­dən geri qal­­mış, əhalisi seyrək, abad olmayan yerlər olması ilə izah edi­lə bi­lər. Hətta Anadolunun göstərilən vəziyyətindən dolayı türk fəthinədək o qə­dər də cazib bir ölkə sayılmadığını da söyləmək mümkündür. Malazgirt mü­haribəsinin qalibi Alparslanın davra­nı­şına baxmaqla onun da eyni düşün­cə­də olduğuna hökm ver­mək olar. Ərəblərin həm əməvilər, həm də abbasilər dövründə dəfələrlə şəxsən xəlifələrin komandanlığı altında böyük ordu­lar­­la gələrək heç cür ala bilmədikləri Anadolu 1071-ci il Ma­lazgirt müharibəsin­dən keçən 8-10 il ərzində başdan-başa fəth edilmişdi. Halbuki fəth vahid ko­manda altında və müntəzəm bir plan daxilində həyata keçirilməmişdi. Fət­hin ardınca ölkə­nin hər tərəfi oğuz elatları ilə doldu. Bunlar Türküstan və İran­da yaşayan silahdaşları tərəfindən daim bəslənir və yeni gələn­lər hesabı­na sayları müntəzəm artırdı. Fəthdən sonra Anadolu ilə Türküstan arasında bir köç kanalı meydana gəlmişdi. XIII əsrin birinci yarısının ortalarına doğ­ru Türküstan, Xorasan və Azərbaycandan Anadoluya bir-birinin ardınca qə­lə­bə­lik türk­mən elatları gəlməyə başladı. Bunlar 1220-ci ildə başlayan mon­­­qol qasırğasından qaçırdılar. Beləliklə, oğuzların böyük ək­­­sə­riyyəti Anado­lu­da toplanmışdı. Osmanlı xanədanının mən­sub olduğu oymağın da, rəvayət edildiyi kimi, monqolların önün­dən qaçıb Anadoluya gələn türkmən elatları arasında ol­ması, bizcə, ən qüvvətli ehtimaldır. Bu arada Sır-Dərya boyun­da­kı şəhərlərdə və kəndlərdə yaşayan oturaq oğuzların da mon­qol qılıncı al­tın­da can verməmək, onlara əsir düşməmək, mon­qol istilasının ardınca Türküs­tanda baş verən qorxunc aclıqdan ölməmək, nəhayət, eldaşlarının yaşadığı təhlükəsiz bir ölkə ol­ması səbəbi ilə Anadoluya gəldikləri anlaşılır. Nəticədə, Ana­dolunun böyük bir qismi XI əsrdən başlayaraq XIV əsrə qədər davam edən böyük köçlər ilə hər baxımdan bir oğuz (türkmən) ölkəsi vəsfini aldı ki, XIV əsrdəki xarici müəlliflər də bunun fərqinə varmışdılar. Oğuzlar Anado­luya gələrkən maddi və mə­nəvi mədəniyyətlərini də özlərilə gətirdilər. Mə­zarı Sır-Dərya sahilində olan Dədə Qorqudun mənəvi şəxsiyyəti də dastan­larla birlikdə Anadoluya gəldi. Oğuz türkcəsi, bir çoxlarının sandığı kimi, Anadolu və ya İstanbulda deyil, hələ buraya gəlməzdən əvvəl Türküs­tanda ikən bugünkü xüsusiyyətlərini daşıyır, orada da türk ləhcələrinin ən incəsi, ən zərifi şəklində təriflənirdi. Bu vəsilə ilə bir şeyi də qəti bir həqiqət olaraq deyim ki, oğuzların Ana­doluya gətirdikləri mədəniyyətləri, eyni zamanda hər cür adət-ənənələri bütün xüsusiyyətləri ilə dövrümüzə qədər qüv­vət­lə davam edib qalmışdır. Müasir Anadolu türklərində əcdad­ları olan oğuzların mədəniyyətləri, ruhi davranışları və antropo­loji vəsfləri hakimdir1. Bu gün is­tənilən adam Anadolunun türklər ilə məskun hər bir bölgəsində Kaşğarinin oğuzlara dair söylədiklərini bu bölgədəki türklərin dil və davranışlarında, adət və ənənələrində açıqca müşahidə edə bilər. Hətta həmin adam Dədə Qorqud dastanlarından bəzilərinin Anadoluda hələ də ya­şadığını görməklə heyrətlər içində qala bilər. Halbuki Türküs­tandakı türkmənlər bunları çox­dan unutmuşdular. Bu söz­lərdən də göründüyü kimi, oğuz türklərinin əsil və ger­çək nü­mayəndə­lərini görmək üçün Türküstanı deyil, Anadolunu gə­zib do­laş­­maq lazımdır.

Fatehlər və onlardan sonra gələn oğuz elatları, ümumiyyət­lə Sivas böl­gə­sindən qərbdə səlcuqlu hüduduna qədər olan ge­niş bir ərazidə yerləş­miş­dilər. Bu xüsus həmin bölgənın onların hə­yat tərzinə uyğun bir yer olması ilə, həm də qeyd edildiyi ki­mi, yerli əhalinin orada heyrətli dərəcədə az ol­ma­sı ilə əlaqədar idi. Monqol istilasından qaçan qələbəlik türkmən elatla­rı­nın mü­hüm bir qismi də məhz qərb hüdudlarına gəlmişdilər. Bir ərəb coğ­ra­fi­yaşünası (XIII əsrin ikinci yarısında) qərb hüdudla­rın­dakı türkmənlərdən yalnız Antalyanın şimalında, Dənizli ət­ra­­fında yaşayanların sayının 200 min ça­dıra yaxın olduğunu bil­­dirir. Səlcuqluların fəth etməyə könülsüz yanaş­dıq­ları Qərbi Ana­dolu və Mərmərə ətrafını qərb hüdudlarındakı türkmənlər asan­lıqla aldılar. Türkmənlərin müharibə zamanı ələ keçirdik­lə­ri xristianlar­dan kölə kimi istifadə etdiklərini çox yaxşı bilən xris­tianlar onların hücuma keçdiyini görüncə Adalara və Rum­eli sahilinə qaçırdılar. Türkmənlər aldıq­ları xristian əsirlərin ço­xu­nu misirli, suriyalı və iranlı tacirlərə sa­tır­dılar. Be­ləliklə, Qərbi Anadolu və Mərmərə bölgələrinın XV əsrdə xristian əha­linin ən seyrək olduğu yerlər arasında olmasının digər bir səbə­bi də bu­dur. XIX əsr­də həmin bölgələrdə, əksinə, nisbət hesabı ilə xris­­tian əhalinin daha çox olması Osmanlı dövründə başqa sə­bəb­lərdən irəli gəlmişdir. Cənubdakı Çu­xurova bölgəsi də bir əsr­­dən artıq davam edən türk-məmlük axınları nəticə­sin­­də xris­tian əhalinin çox azaldığı bir bölgə vəziyyətinə düşdükdən son­ra XVI əsrdə əksəriyyəti üç-ox qoluna mənsub türkmənlər tə­rə­fin­dən məs­kun­laşdırıldı. XV-XVI əsrlərdə müşahidə olunan bö­­yük türk əhalisi və yer adla­rı bu gün də olduğu kimi Ana­do­lu­dakı türk yerləşməsinin mahiyyətinə dair tarixi qaynaqlardan çıxarılan nəticələri tamamilə təsdiq edir. Digər tərəfdən Ana­do­lu­da min evlik də olsa kütlə halında hər hansı bir islamlaş­ma­­nın baş ver­məsi barədə türk, Bizans, erməni və ərəb qay­naq­la­rında hər hansı bir xə­bə­rə təsadüf edilmə­mişdir. Ən əhə­miy­yət­siz ictimai hadisələrdən də bəhs olun­duğunu gördüyü­müz Os­­manlı arxiv sənədlərində də bu xüsusda bir qeyd əldə edil­mə­mişdir. Müsəlman İspaniyasında­kı müzərrəblər (müz­tə­rib­lər) kimi qüdrətini və varlığını uzun müddət davam etdirən bir dön­mə züm­rəsi də Anadoluda mövcud olmamışdır. Əslində, bu­­­na təəccüb etməmək la­zımdır. Çünki nə xalq, nə də dövlət çox açıq islam ənənəsinə riayət edərək xristianlara müsəl­man­lığı qəbul etmələri üçün təlqin və təşviq etmirdi. Bundan əlavə, türk, daha doğru ifadə ilə islam dövlətlərində xristianların mü­­səlman olmaları halında dövlətin gəlirində mühüm yer tutan xə­­rac və ciz­yənin ortadan qalxacağı qorxusu da vardı. Digər tə­rəfdən, əgər toplu halda dönmələr olsaydı, islamı qəbul etmiş bu yerli icmaları Bolqarıstandakı po­maklar, Qritdəki müsəl­man­lar, al­ban­lar və bosniyalılar kimi öz ana dillərin­də danışan görəcək­dik. Şərqi və Cənub-Şərqi Anadoluya keçməzdən əv­vəl belə bir ümumi qaydanı xatırlatmaq yerinə düşərdi. O qay­da budur ki, bir qövmün bir yerdəki siyasi hakimiyyəti nə qədər uzun sü­rür­sə-sürsün və o yerdəki yerli xalqın mədəni səviyyəsi nə qədər aşağı olursa-olsun, əgər hə­min qövm lazımi qədər əha­­­li çoxlu­ğuna malik deyilsə, başda dili olmaq üz­rə milli mə­dəniyyətinin o yerdə hakim mövqeyə yüksəlməsi mümkün de­yil. Bu gün doqquz əsrlik çox uzun bir siyasi haki­miy­yətə bax­ma­yaraq Şər­qi və Cənub-Şərqi Anadolu ərazisinin bəzi yerlə­rində xalqın türkcə danış­ma­ması bununla əlaqədardır. Şərqi Anadolu ilə Cənubi Anadolu1 öz coğrafi vəziy­yəti və iqlim xü­susiyyətləri ilə Anadolunun orta və qərb bölgələrinə nəzərən türk oymaqla­rı­nın yerləşməsinə daha az əlverişli idi. Digər tə­rəfdən, bu böl­gələrdə şəhər həyatının xeyli inkişaf etdiyini və vergi qayğısı ilə yerli xalq üstündə əsən dövlətin də qısa bir müddətdə möh­kəm hakimiyyət qurduğunu bilirik. Bu səbəblər üzündən türk əhalisi adı çəkilən bölgələrin ancaq Ərzu­rum, Ax­lat və Harput kimi bəzi yerlərində və digər bəzi şəhər və qəsə­bə­lə­rində öz güclü təsirini göstərə bilmişdir. Bununla bərabər, mon­qol isti­la­sı sə­bəbilə gələn türkmənlərin bir qismi də bu bölgələrdə yurd salmışdı. Bu türk­­mən elatını başlıca olaraq ağqo­yunlular və qa­raqoyunlular təmsil edirdi. Bundan başqa, yenə həmin böl­gə­lərə oyratlar, sutaylar və bu kimi monqol tay­­faları da gəlmiş­di­lər. Bu türk və monqol əhalisi bölgələrin qöv­mi çöh­rə­si­ni də­yiş­dirəcək çoxluqda olub təsirini də göstər­məyə başla­mışdı. Lakin da­xili çəkişmələr üzündən monqol ünsürü­nün ço­­xu bura­dan getdi. Çox keç­mə­dən XV əsrdəki fütuhatları ilə əlaqədar qaraqoyunlulardan böyük bir his­sə İrana köçdü. Ağ­qo­yunlulara gəlincə, onlar Şərqi və Cənub-Şərqi Anadolu­dakı bütün yerli ha­kim və əmirlərin siyasi fəaliyyətinə son ver­mək qa­yəsini şüurlu bir şəkildə daşıyırdılar. Uzun Həsən bəy zama­nında yo­rul­madan tət­biq edilən bu qayə həyata keçmişdi. An­caq ağ­qo­yunluların qara­qoyunluları or­tadan qaldıraraq onla­rın torpaq­la­rını ələ keçirmələri əhəmiy­yətli dərəcədə ağqoyun­lu türkünün də İrana getməsinə səbəb olmuşdur. Səfəvilərlə ey­ni məzhəb­dən olan və ya onların xidmətinə girmək istəyən türk oy­­maqla­rının gedişi də bunun ardınca baş verdi. Bölgələrin bugün­kü qövmi vəziyyəti isə osmanlı hakimiyyətindən qalmış­dır. Əgər bu bölgələr səfəvilərin əlində qal­saydı, türk dilinin ora­larda rəqibsiz bir dil halına gəlməsi ehtimalı çox idi.

Səlcuqlu hakimiyyəti 1240-cı ildə özünün ən yüksək nöqtə­sinə çatmışdı. Bu ərəfədə onların qərb hüdudu ümumiyyətlə Muğ­la vilayətindəki Dalaman çayından başlayaraq Dənizli və Kütahya önlərindən keçib Sakaryaya çatırdı. Cənubda Çuxur­ova ərazisi də səlcuqlu sərhədinin xaricində qalırdı. Ancaq bu­ra­­dakı erməni krallığı səlcuqlulara vergi verir, müharibə zama­nı isə əsgər göndərirdi. Səlcuqlu hüdudu şərqdə Ərzrum və Diyar­bəkir ətrafını öz içinə alırdı. Trabzon bölgəsindəkı yunan döv­ləti də səlcuqluların vassalları arasın­da idi. Bundan başqa, Hələb və Şam əyyubilərinin də səlcuqlulardan asılı ol­­duqlarını bilirik.

Yuxarıda göstərilən dövrdə Türkiyə abad və varlı bir ölkə vəziyyətində idi. Səlcuqlu xanədanı şüurlu bir iqtisadi siyasət gü­dərək birinci dərəcəli bey­nəlxalq ticarət yollarının Türkiyə­dən keçməsinə müvəffəq olmuşdu. Bu məqsədlə ölkəsini içində tə­bib, baytar, hamam, hətta çalğıçı dəstəsi olan karvansaralar şə­bəkəsi ilə örtmüş, çaylar üstündən böyük daş körpülər sal­mış­­dı. Digər tərəfdən səhiyyə işlərinə də əhəmiyyət verərək əsas səlcuqlu şə­­hərlərində xəstəxanalar inşa edilmiş və çoxsay­da məd­rəsələr açılmışdı. Türk dilinin ədəbi üslubunu məhz bu məd­rə­sələrdə yetişənlər yaratmışlar. Əl­­bəttə, bunlardan bəhs edərkən səlcuqlu dövrünün təxminən 230 il sür­dü­yünü, bunun bir əsrinin Bizansla fasiləsiz mübarizədə, 50 ilinin isə monqol ha­kimiyyəti altında keçdiyini unutmamalıyıq. Beləliklə, səlcuq­lu­lar Tür­ki­yə­­nin qurucusu olduqları, ölkəsini abad, xalqını ri­fahlı qıldıqları və bir çox baxımlardan orijinal sayıla biləcək mədəniyyət ya­rat­dıqları üçün türk millə­ti­nin heyranlıq və min­nət­darlığını qa­zanmışlar. Tədqiqatlar dərinləşdikcə on­ların si­ya­si, iqtisadi və mədəni sahələrdə qazandıqları uğurların əhə­miy­yəti, şübhəsiz, daha dolğun bilinəcəkdir.

Yuxarıda göstərilən dövrdə Anadoludakı xristianların əksə­riyyəti şəhər­lərdə yaşayırdı. Dövlət onları ən təhlükəsiz şəkildə şəhərlərdə qoruya bilirdi. Xristianların siyasi həyatda heç bir rol­ları yox idi, onların əhəmiyyəti yalnız dövlətə müntəzəm ver­gi verən müstəhsil adamlar olmalarında idi. İctimai hə­yat­­da­kı mövqelərinə gəlincə, bu, İraq və Suriyadakı xristianların möv­­­qe­yindən fərqlənmirdi. Böyük səlcuqlu şəhərlərində iğdiş­lər adlanan, baş­ların­da iğdişbaşılar duran zümrələr də vardı. Bu züm­rələrin yaşadıqları şəhəri düş­­mən hücumlarından müdafiə et­mək kimi xüsusi hərbi vəzifə daşıdıqları məlumdur, ancaq on­ların bu sahədə o qədər də əhəmiyyətləri yoxdu. Bu züm­­rələr XIII əsrin sonlarında tamamilə ortadan qalxmışdı. İğdişlərin milli mənşəyi yaxşı bilinmir. «İğdiş» türk sözü olub «mələz» deməkdir, yəni va­li­deynlərindən biri türk olmayan adam məna­sına gəlir və ərəb dilinə «mü­vəl­ləd» (anası ərəb olmayan) kəl­mə­silə tərcümə edilir. Doğrudan da, XII əsrdə yerli qadınlardan doğulmuş türklərə də ərəbdilli əsərlərdə «ətrak ül-mü­vəl­lədin» (yəni mələz türklər) deyilirdi. Əcəba, Anadoludakı iğdişlər də belə idilərmi? Ancaq belə bir ehtimalı təsdiq edən dəlillər hələ tapılmamıdır. Gerçək olan xüsus odur ki, onlar siyasi və hərbi sahədə olduğu kimi, digər baxımdan da əhəmiyyətli bir zümrə olmamışlar. Qaynaqlarda onlardan nadir hallarda və mübhəm bir şəkildə bəhs edilmələri də bu cəhətlə bağlıdır.

Bununla belə, iğdişlərin dönmə olmaları da mümkündür. Səlcuqlu şəhər­lə­rində türklərdən başqa, əksərən İrandan gəlmiş sə­nətkar, tüccar və ziya­lı­lardan ibarət digər müsəlmanların da yaşadıqları məlumdur. Kəndlərə gəlin­cə, onların böyük əksə­riy­yətində türklər məskun idi. Kəndlilərə XIII əsrin ikinci yarı­sında türk də (ərəbcə cəmdə: ətrak) deyilirdi. İraq, Suriya və Mi­­sir şəhərlərində xalq ərəbcə danışdığı halda «ərəb» sözü ilə ancaq köçəri ərəb­lərin nəzərdə tutulduğunu xatırlasaq, bu ad türklərə dövlətin mülki təşkila­tında vəzifə tutan iranlı məmurlar tərəfindən verilmiş kimi görünür. Bu min­valla «türk» sözü həm də «kəndli» mənasına gəldi ki, osmanlı dövründə, xü­su­silə XVII əsrdən etibarən osmanlı məmur və ziyalıları tərəfindən də hə­min mənada işlədilmişdir.

Səlcuqlular dövründə üçüncü ünsürü türkmənlər, yəni köçə­ri türk icması meydana gətirirdi. Onlar çox zaman öz qövmi ad­la­rı ilə, yəni türkmən sözü ilə xatırlanırdı. Türkmənlər əhali ba­xı­mından olduğu qədər siyasi baxımdan da çox qüvvətli ünsür idi­lər.

Türkmənlər, yəni köçəri türk ünsürü Anadoluda monqol ha­kimiyyətinə qarşı hər yerdə qorxu bilmədən mübarizə aparmış­lar. Çünki onlar oturaq türk ünsürünün əksinə mübarizə üçün lazımi təşkilata, inzibata və döyüş ru­huna sahib idilər. Oturaq türk xalqına gəlincə, onların öz aralarında birlə­şə­rək qüvvətli bir mübarizə cəbhəsi yaratmaları mümkün olmurdu. Əgər türk­mənlər olmasaydı, Anadoluda monqol hakimiyyətinin daha uzun müddət da­vam edəcəyi mümkün olduğu kimi, ölkə xarici istila və fütuhatlara qarşı həmişə müdafiəsiz qalacaqdı.

Köçəri türk ünsürünün öz içindən çıxmış səlcuqlu xanədanı ilə müna­si­bətləri dövlətin qurulmasından sonra pozulmuşdu. Bunun başlıca səbəbi səl­cuqlu xanədanının digər islam sülalə­lə­ri kimi muzdla tutulmuş, çoxusu da baş­qa türk qövmlərinə mən­sub məmlüklərdən, yəni qullardan seçmə ordular təşkil et­mələri və dövlətin yüksək hərbi vəzifələrini onlara vermələridir. Xa­nə­­dan bu seçmə orduya sahib olduqdan sonra qövmdaşları olan türkmənlərə büsbütün deyilə biləcək bir şəkildə əhəmiyyət ver­məmiş, onları sanki unut­muş­dur. Hadisəyə səlcuqluların, son­ra isə osmanlıların qullardan ibarət seç­mə ordulardan isti­fadə et­mələrinə türk ünsürünün zəifləməsinin qarşısını alan amillər­dən biri kimi baxmaq bəlkə də mümkündür. Ancaq bü­tün ali və­­zifələrin bu seçmə orduya mənsub insanların əlində ol­ması hərbçi bir qövm olan türklər arasında geniş etirazlar do­ğurmuş­dur. Bu etirazlar səlcuqlu döv­lətinin zəifləməsində və yıxıl­ma­sın­da mühüm bir amil təşkil etdiyi kimi, os­manlı impe­riyasının gücunü itirməsinə, türk xalqının böyük fəlakətlərə uğ­ramasına və Anadoluda böyük dağıntıların meydana çıxmasına da səbəb ol­muşdur. Digər tərəfdən, səltənət varisliyi işinin də­yişməz bir qaydaya bağ­lan­mamış olması da daxili müharibə­lə­rin baş ver­məsinə, türk dövlətlərinin zə­ifləməsinə və süqutuna səbəb olan başqa mühüm bir amil idi. Bunlarla yanaşı, əmir­lərin və bəylə­rin öz hökmdarlarından inciyərək itaətsizlik gös­tər­mələri və üs­yan etmələri də tez-tez müşahidə edilən hadisə­lərdəndir. Bəs bü­tün bunlara baxmayaraq necə olmuşdur ki, türklər bu qədər uzun müddət siyasi hakimiyyətlərini da­vam et­dirə bilmişlər? Şübhəsiz ki, bu hal onların yalnız hərbi qabi­liy­yətləri və ana yurd­dan müntəzəm surətdə canlı qüvvə al­maları ilə izah edilə bilməz. Monqol istilası qədim türk aləmini tama­milə or­tadan qaldırmaqla, Türküstan və Orta Şərqdə qorxunc qırğınlar və da­ğıntılar tö­rətməklə qalmamış, abad və varlı Ana­do­lunun da izti­rablı bir dövr keçir­mə­sinə səbəb olmuşdur. Bu­nun­la bə­ra­bər, monqol istilasının və haknmiy­yə­tinin Qərb türklüyü baxı­mın­dan bir çox müsbət, mühüm nəticələri də ol­muş­dur. Əv­vəlcə də göstərildiyi kimi, oğuz, yaxud türkmən qöv­münün Tür­küs­tanda və İranda yaşayan elat­larının çoxusu bu istila nə­ticəsində Ana­do­luya gəlmişdi. Bu minvalla Ana­dolu maddən və mənən qüv­vət­li bir şəkildə oğuz türklüyünün yurdu vəsfini qazanmışdır. Digər tərəfdən, monqollar öz­ləri ilə birlik­də başqa türk qövm­lərinə mənsub çoxlu adam gətirmişdilər ki, onlar da Yaxın Şərq türklüyünü qüvvətləndirmişlər. Üçüncüsü, Yaxın Şərq­də türk mə­­dəniyyətinin ərəb və fars mədəniyyətləri yanında üçüncü bir mə­də­niyyət olaraq qüvvətlə yer tutması monqol hakimiyyəti dövründə müşa­hi­də edilir. Bu arada İran­dakı monqol sarayında qüvvətli bir türklük şüuru doğmuş və bu­­nun nəticəsində yara­nan əsərlər Qərb türklərində, yəni türk­mənlərdə də qövmi duy­ğu­ların daha şüurlu, daha yayğın səciy­yə qazanma­sın­da mü­hüm amil olmuşdur.

Səlcuqlular və osmanlılar arasındakı dövr bəyliklər dövrü­dür. Bu dövrün başlıca məziyyəti səlcuqlular zamanında alın­ma­mış torpaqların fəth edilməsi, türk əhalisinin və mədəniy­yə­tinin şə­hərlər başda olmaq üzrə çox qüvvətli bir mövqe qazan­ması, türkcənin ədəbi və rəsmi dil kimi fars dilinə qarşı rəqib­siz bir mərtəbəyə yüksələcək dərəcədə inkişaf etməsidir. Digər tə­rəf­dən, Anadolunun böyük bir qismi əcnəbilərin qibtə edəcəyi bol­luq içindəydi. Hər biri bir vilayətin sahibi olan bəylərin öl­kələ­rini abad etmək üçün əllərindən gə­ləni əsirgəmədikləri mü­şa­hidə olunur.

Xalis oğuz-türkmən olan osmanlı xanədanının Anadoluda gör­düyü iş Bur­sadan Boğaziçinə qədər olan Mərmərə bölgəsini fəth etməsidir. Osmanlı xanədanı tarix səhnəsinə çıxdığı zaman Anadoludakı türk cəmiyyəti çoxdan for­malaşmışdı. Bu xanə­dan türk cəmiyyətinin başçısı olanda hər şeyi hazır şə­kildə qə­bul etdi. Osmanlılar qərbdə, Rumeli tərəfdə fütuhatlarla məşğul ikən, qaraqoyunlular da şərqdə Teymurun istilası səbəbilə İran istiqamətində gecikən fəthlərini XV əsrin əvvəllərindən eti­ba­rən həyata keçirməyə baş­la­dı­lar. Beləliklə, Anadoluda hər iki tə­rəfdə fəth etmə yolu ilə yayılma hə­rəkatı başlandı. Qərb yö­nün­dəki yayılmanı Qərbi Anadolu, Mərmərə bölgəsi və qis­mən də Orta Anadoludakı türk oymaqları və oturaq türklər, İran isti­qa­mətindəki yayılmanı isə Şərqi və Cənub-Şərqi Ana­do­ludakı türk oymaqları canlı qüvvə ilə bəsləyirdi. Bu yayılmaların əhali artıqlığı və iqti­sadi sıxın­tı­larla əlaqədar olmadığı aydındır. Çün­­­ki Anadolunun XVI əsrdəki əhalisinin 4-5 milyondan çox olmadığı məlumdur. İran istiqamətindəki köç hərəkatı qa­raqo­yun­lulardan sonra ağqoyunlular və səfəvilər zamanında da da­vam et­di. Hətta osmanlılar bütün Anadoluya hakim olduqdan sonra, XVI əsrin ikin­ci yarısında da Anadoludan İrana köçlər baş verdi.

Bunun nəticəsində Azərbaycan, daha doğru bir ifadə ilə şi­mal-qərbi İran Rumeli kimi qövmi baxımdan Anadolunun da­vamı halını aldı. Hərbi sahədə olduğu kimi mülki idarədə də mü­kəmməl bir təşkilata malik olan osmanlı dövləti Balkanlara sabit, düzənli və inkişaflı bir həyat gətirmişdi.

Bundan müsəlmanlar qədər xristianlar da xeyir gördülər. Türklər Rum­eli­də, xüsusən şimalda Varna, qərbdə Tatarbazarı və cənubda Kavala ara­sın­dakı bölgədə kompakt şəkildə yurd salmışdılar. Onlar, göstərdiyimiz kimi, Qərbi Anadolu, Mər­mə­rə bölgəsi və Orta Anadoludan gələnlər idi. Köhnə yurdun xa­tirəsi Rumeli türkləri arasında unudulma­yaraq bu günə qədər ya­şayır. Qeyd olunan bölgə hər baxımdan Anadolunun davamı mahiyyətini al­mışdı. Anadoluda olduğu kimi burada da şəhər və kəndlərdəki türklərin ya­nın­da köçəri həyat tərzini davam et­di­rən böyük miqdarda türklər də vardı ki, onlara yörüklər deyi­lirdi. Rumelidəki yörüklər müxtəlif qollara ayrılır və ya­şadıq­ları bölgələrin adı ilə adlanırdılar: Tanrı dağları yörükləri (Gü­mül­çinə, Qarasu Yenicəsi, Drama və Kavalada), Naltökən yö­rük­ləri (bugünkü Bol­qa­rıstanda), Səlanik yörükləri (Makedo­ni­ya və Tesaliyada), Vizə yörükləri (Vi­zə, Lüləburqaz, Çorlu və Xeyrəbolu), Qocacıq yörükləri (Ədirnə, Qırx­lar­eli, Babaəski və müasir Bolqarıstanın bəzi yerlərində). Yörüklər osmanlı hər­bi sisteminə müvafiq şəkildə dövlətin qüdrətli olduğu XVI və XVII əsr­lər­də daha çox köməkçi birliklər kimi istifadə edil­mişlər. Ancaq XVIII əsrdə əsgər çatışmazlığı hiss olunanda ruh­­­­larını oxşamaq üçün övladi-fatehan (fa­tehlərin oğulları) adı verilərək silahlı qüvvələr arasına daxil edilmişlər. Bal­kanlar­da­kı türk hakimiyyəti buradakı xristian xalqlara böyük mədəni tə­sir göstərmişdir. Bu gün də həmin xalqların dillərində və gün­dəlik həyatlarında bu təsirin izləri görünür. Bilindiyi kimi, Bal­kanlardakı türk hakimiyyəti nəti­cəsində bosniyalılar, albanların çoxu və bolqarlardan bir qismi (pomaklar) mü­səlmanlığı qəbul etmişlər. Ancaq onların türkləşmə­mələrinin bir səbəbi vardır ki, o da aralarına kifayət qədər türk əhalisinin girməmiş olmasıdır.

Osmanlı dövlətinin Şimali Afrikadakı müsəlman ölkələrini avropalıların istilasından xilas etdiyi faktdır. Əgər Osmanlı döv­­­­ləti bunu bacarmasaydı, çox ehtimal ki, indi onları xristian ölkələri kimi görəcəkdik. Nə ərəblər, nə də bərbərlər İspaniyanı qoruduqları kimi Şimali Afrikanı qoruya bilmə­miş­lər. Şimali Afrikadakı üç ölkə, yəni Əlcəzair, Tunis və Trablisi türklər ocaq adı verilən bir hərbi təşkilatla idarə etmişlər. Bu ocağa qə­bul edil­məyin əsas şərti xalis Anadolu türkü olmaq idi. Ərəb­lər və bərbərlər oca­ğa qəbul edil­mə­dikləri kimi, atası türk, ana­sı yerli olanlara da yüksək vəzifələr verilmirdi. Ocaqlar eh­tiyac du­yulan türkləri Qərbi və Cənub-Qərbi Anadoludan dəvət edir­­dilər. Bu məqsədlə göndərilən heyətlər Qərbi Anado­ludakı şə­hər və qə­səbələri gəzərək bazarlarda «yorulmadan axça qa­zan­maq, tərlə­mədən ölmək istəyənlər bayrağımızın altına top­laş­sın» sözlərini car çək­dirib əsgər yığır­dı­lar. Gedənlər ara­sın­da aşıqlar da olurdu ki, onların türkcə söylədikləri şeirlər zə­ma­nə­mizə qədər gəlib çatmışdır. Əlcəzair oca­ğı­nın rəisinə veri­lən da­­yı ti­tulu Anadolu türklərinin tanımadıqları adamlara anaları­nın qardaşına olduğu kimi «dayı» demələrindən irəli gəlirdi. Bu gün Qərbi Anadoluda Orta Ana­do­ludan gəlmiş fəhlələrin baş­çı­sına «dayıbaşı» adı verilməsi də eyni anla­yış­la əlaqədardır. Be­ləliklə, Qərbi və Cənub-Qərbi Anadolu öz igid övlad­larının bir qis­mini, əksərən geri qayıtmamaq üzrə uzun müddət Şimali Af­ri­kaya göndərmişdir. Bu gün belə Anadoluda «Axşam Əlcə­za­irə gedən çox olar» şəklində bir atalar sözü vardır.

Osmanlı dövlətinin girişdiyi uzunmüddətli müha­ribə­lərdə məğlubiyyətə uğraması Anadoludakı hakimiyyətini son dərəcə zəiflətmiş, dərəbəyi də de­yi­­lən böyüklü-kiçikli əyanların mey­dana çıxmasına səbəb olmuşdur. Dərə­bəyilərin dövrü təxminən bir əsrədək davam etmişdir1. Məhz bu əyanların döv­ründə Qərbi Anadoluda, Aydın, İz­mir və Manisa vilayətlərində zey­bək­lə­rin də ortaya çıxdığı mü­şahidə olunur. Bunlar dövlətə qarşı çıxır, varlı­lar­dan qopar­dıq­ları pul ilə keçinirdilər. Zeybək sözünün mənşəyi hələlik qaran­lıq qaldığı kimi, onların zühurunda o bölgədakı oymaqların bir rol oynayıb-oy­namadıqları da yaxşı bilinmir. Zeybəklərin fəa­liy­yətinə heç cür son qoya bil­məyən dövlət döyüşkən olduqları üçün onlardan muzdlu əsgər kimi or­du­da istifadə etmişdir.

XVI əsrin əvvəllərində hind ticarətini ələ keçirən portuqa­li­yalılar Cənubi və Şərqi Ərəbistan üçün ciddi təhlükəyə çevril­mişdilər. Osmanlı hakimi­y­yə­ti bu təhlükəni də uzaqlaşdırdı. XVI və XVII əsrlərdə Ərəbistanda türklərə ümumiyyətlə qara­mani deyilirdi. Bu cəhət hər halda oraya göndərilən əs­gər­lərin çoxunun Qaraman əyalətindən olması ilə əlaqədardır. Anadolu türkləri Yəmən də daxil olmaqla Ərəbistanda öz igidlikləri ilə şöhrət qazan­mışdılar. Ancaq Yəmənə göndərilən türklərin mü­hüm bir qismi vətənlərinə qayıda bil­mirdi. Bu, həzrəti Öməri belə dəhşətə gətirən vəhşi görünüşlü və dav­ra­nış­lı yəmənli ərəb tayfaları ilə vuruşmaqdan ziyadə xəstəlikdən və baxım­sız­lıqdan irəli gəlirdi. Yəməndən qayıtmayan türk gənclərinin milləti­mi­zin bağrında açdığı yaraları ifadə edən hüznlü mahnıların hələ də oxun­duğu mə­lumdur.

Osmanlı dövləti Türkiyəni bugünkü sərhədləri daxilində an­­caq Qanuni dövründə idarəsi altına ala bilmişdi. Mahiy­yətinə müvafiq şəkildə bu ida­rə­nin Anadolunun hər yerin­də, xüsusilə kəndlilər və köçərilər tərəfindən razı­lıqla qarşılandığını irəli sürmək çətindir. Bu səbəbdən XV və XVI əsrlərdə baş verən məz­həbi üsyanlarda belə Osmanlı idarə sisteminin mahiyyə­ti­nin və onun pis tətbiq edilməsinin böyük payı olduğu şüb­hə­siz­dir. XVI əsrin son­larında İran və Avstriya ilə aparılan mü­ha­ribələr, onlarla yaxından əla­qə­dar olan qor­xunc cəlali üs­yan­ları Anadoluda ümumi cizgilərini sax­la­ya­­raq davam edən köhnə ic­timai düzəni tamamilə aradan qal­dırdı. Məmləkət xara­ba­zarlığa çevrildi, xalq isə müdhiş bir yoxsulluq içinə düşdü. Hər yerdə kök­lü ailələrin, yəni bəy sin­finin çox böyük bir qismi yox oldu, qalanları isə iq­ti­sadi ba­xımdan ciddi zərərə uğrama­dısa da, həm dövlət qarşısında, həm də ət­rafdakı camaat arasın­da siyasi eti­ba­rını itirdi. Hət­ta onlardan bir çoxu bəsit davranış­lı, əyyaşlığa mail və yoxsullara yardım etməkdən uzaq adam­lar və­ziy­yətinə düş­dülər. Sonuncuların dövrümüzə qədər gələn tö­rə­mələ­rin­də də ey­ni hal müşahidə edilir. Halbuki «bəylik veril­məklə, igidlik vuruş­maqla olar» atalar sözündə də ifadə edildiyi ki­mi, türk xal­qı ən qədim za­man­lardan bəri xan, sultan, bəy və ağalara özünə xidmət etmək və yardımda bulunmaq funksiya­sı­nı daşı­yan insanlar kimi baxmışdır. Avropa əsil­za­dələrinin və kral­­la­rının saraylar və qəsrlər tikməsinə mü­qa­bil bizimkilərin icti­mai ob­yektlər inşa etdirməsi ancaq bu anlayışdan doğmuş­dur. Belə ol­madığı təq­dirdə «El yaman­dır, yoxsa bəy? Bəy ya­man­dır» atalar sözünün də göstərdiyi kimi, ağalar və bəylər öz möv­qe­lərini qorumaqda çətinliklərlə qarşılaşırdılar.



Şəhər camaatı həmin hadisələrdən ancaq iqtisadi zərər çək­mişd­i. Ana­do­lu şəhərlərində bəyliklər dövründəki əxilərin xə­ləf­ləri olan əsnaf və sənət­karlar zümrəsinin bu hadisələrdən zə­rər çəkib-çəkmədiyi hələlik tədqiq edil­məmişdir.

Kəndli sinfinə gəlincə, əsas zərbə ona dəymişdir. Bu hadi­sə­­lər kəndli sin­finə yoxsulluq və əhalinin azalması kimi böyük fə­lakətlər gətirmişdir ki, bu sinif həmin itkilərin yerini uzun əsr­­­lər boyu doldura bilməmişdir. Kəndli sinfi arasında açılan bu dərin yaraları əhali baxımından ancaq türk oymaq­la­rı sa­ğalt­mağa çalışmışdır. Köçəri türk tayfalarına gəlincə, bu ha­disələr on­lara da təsir göstərmiş, istisnasız hamısının vəziyyəti pisləş­mişdir, bəziləri dağılmış və ya dağılmaq həddi­nə çatmış­dır, bə­zi­ləri isə çoxdan bəri yaşadıq­ları yerləri tərk etmək məc­bu­riy­yətində qalmışdır. Bununla belə, köçəri ün­sür hərəkət qa­biliy­yəti sayəsində daxili qarişıqlıqlar, müharibələr, yoluxucu xəstə­liklər, isitmə və qıtlıqların təsirinə kəndlilərə və şəhərli­lə­rə nis­bətən da­ha az məruz qalmışdır. Bu səbəbdən onlar əhali ba­xı­mından daha çox art­mışlar. Bu hal isə oturaq türklər ara­sın­da mey­dana gələn boşluqların dol­du­rulmasında çox mühüm bir amil olmuşdur. Köçəri türklər osmanlı dövründə də Orta Asi­ya­dan gətirdikləri qoyun və atları bəsləyir, eynən onlar kimi də­­vədən nəqliyyat vasitəsi kimi istifadə edirdilər. Osmanlı döv­lətinin də səfər­lər­də hərbi azuqəni dəvələrlə daşıtdığını bilirik. Türklərin mühüm bir qis­minin çadırları XIX əsrdə belə ana yurddan gətirilmiş olan ağ keçədən dü­zəl­dilmiş dəyirmi çadır­lar idi. Bu türk çadırları Yaxın Şərqdə islamiyyətdən əvvəl də tanınırdı. Hətta həzrət peyğəmbərin də səfərlər zamanı türk ça­dırla­rında oturduğu rəvayət olunur. Qıldan düzəldilmiş qara ça­dırlardan istifadə edilməsi yoxsulluqla əlaqədar idi. Qıl çadır­ları əksərən keçi saxlayan, yaşa­dıqları yerlər qayalıq, otlaqları geniş olmayan yörüklər işlədirdilər. Ancaq türk­lərin əsl milli çadırları, qeyd edildiyi kimi, ağ keçədən düzəldilmiş də­yir­mi çadırlardır. Anadoludakı türk cəmiyyəti bir-birinin ardınca baş verən uzun və yorucu müharibələr, yoluxucu xəstəliklər və qıt­lıqlar səbəbi ilə bir da­ha keçmiş qüdrətini bərpa edə bilmədi. Hətta XIX əsrdə avropalı səyyah­lar xristianların əksinə, türk­lə­rin məhv olmağa doğru getdiyini müşahidə et­mişdilər. XVI və XVII əsrlərdə çoxu türk mənşəli olmayan osmanlı müəl­lifləri Anadolu türklərinə, ələlxüsus kəndlilərə «ətraki-biidrak» de­miş­­­lər. Ancaq bu müəlliflər və bütün osmanlı idarəçiləri Ana­dolu türklərinin döv­lə­tin əsl dayağını təşkil etdiklərinin fərqinə vara bilməmişlər. Beləliklə, türk cə­miyyəti zəifləyincə, osman­lı dövləti də qüdrətini itirirdi. Osmanlı dövləti son əsrlərə qədər Anadolunun adamlarını və sərvətini görülməmiş bir israf­çılıqla xərcləmiş, ancaq ona heç nə verməmişdir. Bu səbəbdən Anado­lu türk­­ləri yoxsul və geri qalmış bir cəmiyyət, Anadolu isə xa­ra­bazar bir ölkə halına düşmüşdür. Anadolu xalqı arasında ida­rəçilərə osmanlı adı verilmişdi. Bu adın verilməsində idarəçi­lə­rin saray və ocaqlarda yetişmələri və qövmi baxımdan türklərin içindən çıxmamalarının başlıca amillər olduğu şüb­hə­siz­dir. Ana­­dolu türkləri onlara sanki əcnəbi və işğalçı kimi baxırdı. Os­­manlı ida­rəçi sinfinə mənsub olanlar Anadolu xalqının, xü­susən kəndli və köçə­ri­lərin fikrincə, məğrur, qaba, hiyləgər, sö­zündə durmaz, vəfasız və ədalətsiz adamlar idi1.

Doğrudan da, XIX əsrdə Anadolunu gəzən avropalı səyyah­lar Anadolu türklərinin yoxsulluqlarına baxmayaraq əsl ruhlu, namuslu adamlar olduqla­rını, pis idarəçilər əlində yoxsul və ge­ri qalmış vəziyyətinə düşdüklərini ya­zırlar ki, bunun həqiqə­t ol­duğu şübhəsizdir.


1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə