Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə19/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

2. Tarsus.

Bu bölgədəki peçeneq varlığı çox əhəmiyyətsiz olub ancaq 9 vergi evin­dən ibarətdir. Onlar Tarsusun böyük boylarından quş-təmür boyu obaları arasında yaşayırlar. Bu hal iki təşəkkül arasında qəbiləvi bir münasibətin mövcud olduğunu ifadə edir2.



3. Atçəkənlər.

Axırıncı peçeneq varlığı atçəkənlər arasında müşahidə edi­lir. I Səlim döv­ründə Akşəhərin Turqut qəzasında yaşayan bu peçeneq oymağı 34 nəfər vergi mükəlləfiyyətli əhalidən ibarət idi3. Ehtimal ki, bu oymaq qələbəlik bir peçeneq varlığının qalığıdır. Çünki Turqut qəzasında Peçeneq adlı bir kənd, bu qəzaya yaxın yerlərdə isə eyniadlı bəzi yer adları var.

15. ÇAVULDUR

Bu boyun adı XVI əsrdə Anadoluda ümumiyyətlə çavundur şəklində söy­lənmişdir. Bununla birlikdə həmin sözün qədim şək­li ilə (yəni cavuldur) bir çox kəndlərə, habelə Çovdur şək­lində də bəzi kəndlərə təsadüf edilir. XVI əsrdə Anadoluda bu adda 21 yerə rast gəlirik4.

«Danişməndnamə»də5 Danişmənd Qazinin silahdaşı olan Ça­vuldur Ça­ka adlı bir adamdan bəhs olunur. Zahir Nişapu­ri­nin «Səlcuqlu tarixi»ndə Ana­dolunu fəth edən Sultan Alparslanın sərkərdələri arasında Əmir Çavul­durun adı da çəkilir6. Həmin müəllifə görə, Əmir Çavuldur Artuq, Saltuq, Məngücük və Da­nişmənd ilə Malazgird müharibəsində iştirak etmiş və Ana­do­lu­nun Maraş ilə Saruz (Sarız) bölgələrini fəth etmişlər Bu qeyd­lərə əsas­lanaraq çavuldur boyuna mənsub Çaka adlı bir bəyin Anadolunun fəthində mühüm rol oynadığını qəbul edə bilərik. Hətta məzkur əsərlərdə ondan bəhs edilməsi Çavuldur Çakanın adı unudulmayan məşhur bəylərdən biri oldu­ğunu göstərir. Bununla bərabər, çavuldurlar oğuz boylarına aid yer adları cədvəlində 18-ci yeri tutur, üstəlik, Anadoluda onlara məxsus qə­ləbəlik oy­maqlara da təsadüf edilmir. Bu, həmin boya mən­sub mühüm bir qolun qərbə köçmə­yə­rək Manqışlaq yarımada­sında qalması ilə izah edilə bilər.

XVI əsrdə bu boya mənsub bir oymaq Boz-ulusda müşa­hi­də olunur. On­dan başqa, eyni adlı çox kiçik bir oymaq da Ço­rum sancağında yaşayırdı.



1. Boz ulus.

Dəftərlərdə adı çavundur imlası ilə yazılan bu oymaq II Səlim dövründə iki qola ayrılmışdır. Duyar Kətxudaya tabe bi­rin­ci boy 174 nəfərdən, Pir Əhməd Kətxudanın idarəsindəki ikin­ci boy isə 50 vergi evindən ibarət idi1. Bundan başqa, boz ulusun böyük oymaqlarından biri olan oğulbəyli obaları arasın­da da çavuldur adlı bir oba vardı. Bu oba öz adını kənd­xudaları olan Vəlinin atası Çavundurdan almış olmalıdır. Bu xü­sus oğul­bəyli oymağının ça­vundur boyu ilə qəbiləvi bir rabi­təsi ol­duğunu göstərir.



2. Çorum.

Çorumda yaşayan kiçik çavundur oymağına gəlincə, onun Osmancıq qəzasına bağlı Ağca su kəndində yaşadığı bilinir2. Bu oymaqla birlikdə hə­min kənddə yaşayan Adil və Habil adlı oymaqların çavundurlarla qohum ol­ması mümkündür. Həmin əsrdə Məntəşə bölgəsindəki Köycəyiz qəzasında Çandır adlı kiçik bir oymaq da vardı. Ancaq bu adın çavundurla əlaqədar olub-olmadığını bilmirəm.



3. Xəzərarxası türkmənləri.

Yuxarıda qələbəlik bir çavundur qolunun Manqışlaq yarım­adasında qal­dığını söyləmişdik. Əbülqaziyə görə3, Şah Məlikin öldürülməsindən sonra oğuzlar arasına dava düşmüş və onların bir dəstəsi Qılıq, Qazan və Qaraman adlı bəylərin başçılığı al­tında Manqışlağa getmişdir. Bu dəstədə hər boydan oymaqlar var idi. Ancaq çoxu (köpərəyi) eymür, döyər, iqdır, çavundur, kar­kın və salurdan idi.

Birinci hissədə Sır-Dərya boyundakı oğuz elindən bəhs edər­­kən X əsrin əvvəllərində qardaş qovğası üzündən oğuzlar­dan bir dəstənin o vaxtadək qey­ri-məskun, tənha bir yer olan Si­yah-Kuh (Manqışlaq) yarımadasına kö­çüb orada yurd saldı­ğını demişdik. Bu fakt Əbülqazinin nəql etdiyi rəvayə­tin əsası ola bilər. Manqışlaqdakı çavundurlara son əsrlərdə çavdur de­yil­miş­dir. Onlar digər türkmən boylarına mənsub qollarla bir­likdə Manqışlaqda heç də rahat yaşaya bilməmişlər.

XVI əsrdə yarımada manqıtlar tərəfindən istila edilmiş, qə­lə­bəlik salur bo­yu oradan çıxarılmışdır. Daha sonra bura kal­mık­ların hücumuna uğramış­dır. Kalmıklar çavdur, iğdır və soy­nacıların bir bölüyünü özləri ilə birlikdə Şimali Qafqaza apar­dılar. Onlar orada öz varlıqlarını bu günədək qorumuş­lar.

Manqışlaqda qalan çavdur, iğdır və digər oymaqlara mən­sub qollar isə XIX əsrdə qazaxlar tərəfindən qovulmuşlar1. 1863-cü ildə çavuldurlar Aral dənizinin cənub sahili ilə Qara Bo­ğaz-qol arasında yaşayırdılar. O zaman sayı 12.000 çadır təx­­min edilən çavdurlar bu obalardan meydana gəlirdi: ab­dal, iğ­dır, əsənlu, qara çavdur, bozacu, buruncuq və şeyx2.

16. ÇƏPNİ

Çəpni də əfşarlar kimi adı zəmanəmizə qədər gəlib çıxmış bir boydur. «Vəlayətnamə»yə görə3, Qırşəhrin Suluca Qara Hö­yük kəndinə gələn Hacı Bəktaş Vəlinin ilk müridləri çəpni­dən idi. Bu xüsus eyni zamanda bu boya mənsub olanların mühüm bir hissəsinin nə üçün qızılbaş olduğunu da gös­tə­rir.

Çəpnilərin böyük bir qismi hər halda 1240-cı ildə baş verən Baba İshaq üsyanında iştirak etmişdir. Çəpnilərdən bir elatın 1277-ci ildə Sinop yörə­sin­də yaşadığı müşahidə olunur. Həmin il çəpni türkləri Sinop şəhərinə də­niz­dən hücum edən Trabzon yunan imperiyasını məğlub edərək, şəhərin onun əlinə keçmə­sinin qarşısını almışlar4. Çəpnilərin bu tarixdən sonra Ca­nit (Ca­nik) adlanan Samsunun şərqində Girəsun nahiyəsinə qədər uzanan sıx meşəlik bölgəyə gələrək, oranı yavaş-yavaş fəth et­dikləri anlaşılır. XIV əs­rin ortalarında bu günkü Ordu vilayə­ti­nə Bayram oğlu Hacı Əmir adlı bir türk bəyinin hakim oldu­ğu­nu bilirik. O, 1358-ci ildə böyük bir qoşunla Trab­zonun qərbin­də­ki Maçkaya gələrək buranı yağmaladıqdan və dağıtdıq­dan son­ra bol qənimətlə (doyumluq) öz ölkəsinə qayıtmışdı5. Bu gün Ordu­nun mərkəz kəndlərindən biri olan Bayramlı əvvəllər nahiyə mərkəzi idi və bu ad bütün nahiyəni ifadə edirdi. Bu ad Hacı Əmir bəyin atası Bayramla bağ­lı ola bilər.

Həmin il Trabzon imperatoru Hacı Əmirin hücumlarının qar­­şısını almaq üçün qızını ona verdi1. Aleksis daha sonra bir qızını da Niksar bəyi Tacəd­di­nə vermiş (1360), beləliklə, üç türk bəyini özünə kürəkən etmişdi. Hacı Əmir 1361-ci ildə Trab­zon imperatorunun əlində olan Girəsuna hücum etdi2.

1380-ci ildə isə Trabzon imperatorunun çəpnilər üzərinə yürüşə çıxdı­ğı­nı görürük. Trabzon salnaməçisi Panaretin yazdı­ğına gö­rə3 imperator min nəfərlik piyada bölüyünü Tirəbolu şə­hərinə göndərdikdən sonra özü süvari­lərlə birlikdə hərəkətə keçmişdi. O, çəpniləri Filabonit çayının yatağı boyun­ca Xey­ma­siyə qədər qovmuş, yurdlarını yaxıb-yıxmış, onların qəsb et­diyi bə­zi kiçik qənimətləri də geri almışdı. İmperator bundan sonra Stlabo­pi­as­­tis adlanan yerə gəlmişdi. Tirəboluya göndə­ri­lən piyadalar isə Kotzantaya qə­dər hər yeri yaxıb-yıxaraq geri qayıtdıqları za­man çəpnilərin təqibinə uğra­mışlar4. Panaretin bu sözləri gös­tərir ki, qərbdən Tirəboluya qədər uzanan sahil bölgəsi ilə onun cənubundakı torpaqlar çəpnilərin əlində idi.

Hacı Əmir bəy öldükdən sonra onun yerinə oğlu Süleyman bəy keçdi. Süleyman bəy 798 və ya 799-cu ildə (1396/1397) Gi­rəsun şəhərini zəbt etdi5. 1404-cü ildə Teymurun yanına ge­dən İspaniya elçisi Klavixo6 yazır ki, Ordu və Girəsun 10.000 nəfərlik qoşunu olan Hacı Əmirin əlində idi. Belə görü­nür ki, bu bəylik Canik bölgəsinin fəthində mühüm rol oynamış və Hacı Əmirə tabe olan türklər bu bölgədəki türk xalqının nüvə­sini təşkil etmişlər. Bunlar arasında çəpnilərin əhəmiyyətli yer tutduqlarını yuxarıda qeyd edilən hadisələr göstərir. Canik ca­ma­atının bir qismini çəpnilərin təşkil etməsi XVI əsr sənəd­lə­rin­də öz əksini tapmışdır. Trabzonun cənubun­dakı və qərbin­də­ki yörədə də çəpnilərin yaşadığı məlumdur.

Birinci hissədə söylədiyimiz kimi, İspaniya səfiri Klavixo7 Trabzondan Ərzincana gedərkən yolda çəpnilərə məxsus bir qa­la görmüşdü. Çəpnilərdən bir bölüyü Uzun Həsən bəy zama­nın­da ağqoyunluların xidmətinə girmişdi. Onların başçısı El Aldı bəy idi. Həsən bəyin 873-cü ildə (1468/1469) Bit­li­sin fət­hinə göndərdiyi əmirlər arasında El Aldı bəy də vardı8. El Aldı bəyin dirliyi Şərqi Anadoluda yerləşirdi. 883-cü ildə (1478) Yə­qub bəy Uzun Hə­sənin ölümündən sonra ağqoyunlu taxtına keçən böyük qardaşı Sultan Xə­li­lin üstünə yürüdüyü zaman El Aldı da ona qoşulmuşdu. İki qardaş Xoy ya­xınlığında üz-üzə gələrkən Yaqub bəy məiyyətindəki əmir­lər­dən Bayındır bə­yə, İsfəndiyar oğlu Qızıl Əhməd bəyə və El Aldı bəyə vu­ruşma üçün yer seçməyi tapşırmışdı1. El Aldı bəyin çəpnilərin Trab­zondakı qismindən ol­ması eh­timalı qüvvətlidir. Ağqoyunluların xələfləri olan səfəvilərin xid­mə­tində də çəpnilər vardı. Onlar­dan aşağıda bəhs ediləcəkdir.

XVI əsrdə Anadoluda çəpnilərə aid 43 yer adı müşahidə olun­ur. Bu rə­qəmlə çəpnilər bizim cədvəldə 9-cu yeri tuturlar2. Bu yer adlarından biri Ço­rumdakı bir nahiyəyə verilmişdir.

Həmin əsrdə bu boya mənsub oymaqlar bunlardır.



1. Hələb türkmənləri.

Qanuni Süleymanın hökmranlığının ilk illərində Hələb türk­­mənləri ara­sında üç qola ayrılmış bir çəpni oymağı var idi. Onlardan 53 vergi evi olan bi­­rinci qol Antəbin cənub-şərqin­dəki Rum qalası nahiyəsində yaşayırdı. Don­rul (Toğrul) Kətxu­danın idarəsindəki ikinci qol da Antakyanın şimalın­da­kı Gün­düzlu qəzasında, əhalisi ən az olan üçüncü qol isə şərqdə bir yer­də yaşayırdı. 978-ci ildə (1570) yenə üç qol halında olan çəp­nilərin əhalisi xey­li artmışdı. Qanuni dövrünün ilk illərində 53 vergi evi olan birinci qo­lun əhalisi 397 nəfərə çatmışdı (1570-ci ildə). İkinci və üçüncü qolların əhalisi isə 29 və 16 nəfər (vergi verən) idi. Bu iki qo­lun başım qızdılı, yaxud başım qız­dılı çəpni adlandığını bilirik.

XVII əsrin ortalarına yaxın çəpnilərin ana qolu yenə Rum qa­lası nahi­yə­sində sakin idi. Sultan İbrahim dövründə Dəniz Kət­­xuda tərəfindən idarə olunan Rum qalası yörəsindəki qəsə­bə­lər, qorxmazlu, sarılu, kosalar və şü­ey­yublu adlı obalara ay­rıl­mışdılar. Başım qızdılı adlanan digər iki qolun isə o dövrdə Adana, Aydın və Saruxan vilayətlərində yaşadığı bildirilir3.

Çəpnilər 1687-89-cu illərdə Pazarcıq və Kəfərdiz nahiyə­lə­rini yağma­la­mışlar4. Həmin illərdə Rum qalasında yaşayan çəp­­­nilərə oturaq çəpni deyi­lir­di. Onlar 1101-ci ildə (1690) Avs­tri­ya səfərinə çağrıldılar. 20 atlı ilə çıxan çəpnilərə Hacı Mah­mud, Radif, Əli Paşa oğlu, Sami və Döyər oğlu adlı kənd­xu­da­lar baş­çılıq edirdilər5. Bir il sonra çəpnilər Rəqqa bölgəsinə yer­ləşmə­ləri əmr edi­lən oymaqlar arasında idilər. Əslində, onlar bir-bi­rin­dən fərqli iki oymaq idilər. Bu oymaqlardan biri indi haq­qında danışdığı­mız çəp­nilər, yəni Hələb türkmənləri arasındakı çəpnilərdir1. Ancaq bu oymağın Rum qalası yörəsindəki oturaq çəpnilər, yoxsa onların yerləşməmiş bir qolu olduğu bilinmir. Bu çəp­ni­lər axırda Rum qalasında yerləşmiş və adlarını bu gü­nədək qorumuşlar. Digər çəpni oymağı isə Ankaranın Kəskin qə­zasında yaşayan boz ulus icmasına bağlı idi2. Rəqqa əhvalatı ilə əlaqədar sənədlərdə adı çəkilən qantəmir (təmür) çəpnisi bu boz ulusa bağlı ikinci oymaq idi. Rəqqa bölgəsinə yerləşdirilən qantəmir çəpniləri digər bəzi oymaqlarla bə­rabər oradan iki də­fə qaçdılar3, ikinci qaçmada onlar Turqutlu və Berqama tərəf­lə­rə getdilər (1141-1728) və oradan sürgün yerinə bir daha qayıt­madılar. Bu surətlə XVII əsrdə qərbə gələn başım qızdılı çəpni­ləri ilə yenə oraya XVIII əsrdə gələn qantəmir çəpniləri bu gün Balıkesir4, İzmir (Berqama), Manisa5 və Aydın6 vilayətlərində yerləşmiş çəpnilərdən başqası deyildir. XVI əsrdən əvvəl bu vil­ayətlərdə çəpni adlı heç bir təşəkkül yaşamırdı.



2. Ulu yörük.

Ulu yörük icmasının ehtimal ki, şərq parə qolu arasında ya­şa­yan çəpni oymağı 926-cı ildə (1520) 17 qışlaqda sakin idi. Çəp­­nilər bu qışlaqlarda əkin­çiliklə məşğul olurdular. Vergi ve­rən əhalisinin sayı 432 olan çəpnilərin sayı 982-ci ildə (1574/ 1575) artıq 4 dəfə artmış, 1984-ə çatmışdı. Bu zaman onların 32 qışlaqları vardı7.



3. Trabzon bölgəsi çəpniləri.

Osmanlı coğrafiyaşünaslarından Məhməd Aşiqin XVI əsrin sonunda yaz­dığı «Mənazir ül-əvalim» adlı əsərində Trabzon yörəsində yaşayan türk­lərin xeyli hissəsini çəpnilərin təşkil et­diyi, yörənin qərb və cənub tərəf­lə­rin­dəki dağların da Çəpni dağ­ları adlandığı barədə bir qeydin olduğu məlum­dur8.

Təhrir dəftərlərində bu çəpnilərlə əlaqədar mühüm qeydlər əldə edilir.

I Səlim dövrünə aid (921-1515/1516) bir dəftərdə çəpnilə­rin sıx halda yaşadıqları yer «Vilayəti-Çəpni» adı ilə ayrı bir inzibati yer kimi göstəril­mişdir. Dəftərdəki yer adlarından belə görünür ki, bu yerə Girəsun, Torul və Görələ arasındakı sahədir. Xüsusilə Kürtün qəzası başdan-başa çəpnilərlə məskun idi. Bu­nunla bərabər çəpnilər Trabzon-Torul-Vəqfi-Kəbir arasında­kı sa­­hə­də də yaşayırdılar. Çəpni yörəsində Ozqur, Qara dibi, Qur­tul­muş, Ye­nicə Hisar, Seyid, Candarlu, Alnı yuma, Ənkəzlü, Fi­ruzlu, Halqalu, Ya­xal­qan, Kilsə, Qul çuxuru, İaban, Dikməçi, Yağmurca, Əmirlü, Sarban, Uzun dərə, Qara gönçü, Mürsəllü, Tapa dərəsi, Dərəlü, Ağ yuma, Qarınca kimi böyük bir qismi türk­cə adlar daşıyan qələbəlik kəndlər görünür.

Buradakı çəpnilər tamamilə torpağa bağlanmışdılar. Xris­tianlar isə sahil şəhərlərində yaşayırdılar. Çəpni yörəsi timar sis­teminə tabe idi. Dirliklər isə ümumiyyətlə çəpni bəylərinə ve­rilmişdi. Məsələn, Busatlu (hər halda Əbu Səidli­dən yaran­mışdır) adlı bir zəamət çəpni bəylərindən Məhmət bəy oğlu Əli­yar bəyin idi. Məhməd bəyin Xəlil, Əli xan, Hümmət və Na­suk adlı oğulları da timar sahibi idilər. Yeni çəpni bəylərindən Aydın bəy oğlu İbra­him, Məhmət bəy oğlu Xəlil, Piri bəy oğlu Busat da timar işlədirdilər. Dəf­tərdə timar sahibi kimi daha çox çəpni bəylərinin adına təsadüf edilir. Çəpni bəylərinin yanında qədimdə din və təriqət adamları görürdük. Həmin dəf­tərdə Ya­qub Xəlifə adlı bir təriqət adamının cami, zaviyə və keçilməz yer­lərdə körpülər tikdirmiş «əhli-vəlayət və sahibi-kəramət» bir kimsə olduğu və çəpni bəylərindən Süleyman bəyin onun üçün cami tikdirdiyi və ailəsi üçün dörd para kənd bağışladığı yazılır. Süleyman Xəlifə adlı digər bir çəp­ni təriqət adamının da sıldı­rım bir boğazda körpü inşa etdirdiyi həmin dəf­tərdə qeyd olun­muşdur. Çəpnilərə mənsub bəzi şəxslərin Girəsun, Ordu və Tirə­bo­lu camilərində imamlıq, xətiblik və cüzxanlıq vəzifələri daşı­dıqla­rı bilinir. Trabzonun şər­qin­də yerləşən dirliklərdən bəzilə­rinin də çəpnilərin əlində olduğu məlum­dur1.

Çəpnilərin mühüm hissəsi şiə idi. Bunun nəticəsində də sə­fəvi hökm­dar­larına sadiq idilər. 973-cü ildə (1565) Trabzon san­cağı bəyinə yazılan bir fər­manda2 yuxarıda Caniblə (yəni İranla) münasibətdə olanların gizlincə tutulub göndərilməsi əmr olunurdu. Şübhəsiz, səfəvilərin müridləri arasında bu çəp­ni­lərdən xeyli adam vardı.

Qanuni dövründə Şərqi Anadoluda, hətta İraqdakı qalalarda könüllü ola­raq çalışan xeyli çəpni vardı. Onların çoxu Trabzon və Canik çəpnilərindən idi. Bu çəpnilərin bəziləri İranla mü­ha­ribələrdə səfəvilər üçün casusluq et­dikləri üçün və hətta çox­luq olduqları halda Ərciş qalasını düşmənə ver­mək surətilə xə­ya­nət etdikləri üçün 976-cı ildə (1568) Van bəylərbəyisinə fər­man göndərilərək Van, Ərciş, Axlat və Bitlis qalalarında bir adam qalmamaq şər­tilə bütün çəpnilərin çıxarılması əmr edil­miş­di3. Bundan başqa, 994-cü ildə (1585) Anadoludakı bütün bəy­lər­bə­yilərə, Şam, Bağdad və Rəvan bəylər­bə­yi­lərinə fər­man­lar gön­­dərilərək, çəpni, tat və qızılbaşlara dirlik veril­mə­məsi ya­zılmışdı1. 975-ci ildə (1567) Bayburt alaybəyisinin çəpnilərdən olduğunu bilirik2.

4. Dulqədirli.

Dulqədirli ulusu arasındakı çəpni varlığı əhəmiyyətsiz olub 34 nəfərlik (vergi verən) kiçik bir oymaqdır. Həmnn bölgədə bu adda bir qala da var.



5. Boz-ox.

XVI əsrdə kiçik (42 vergi evli) bir çəpni oymağı da boz-ox­da yaşayırdı. Həmin bölgədə Çəpni adlı bir kənd də vardı. Bu, qızıl qoca boy bəyi İsa bə­yin yurdlarından biri idi3. XVIII əsr­də Yeni-el təşəkkülləri arasında görünən dil-çəpni adlı bir oyma­ğın4 əvvəllər hansı icmada yaşadığı, bizcə, məchul­dur.



6. Adana.

925-ci ildə (1519) Adananın Sarı səm yörəsində kiçik bir çəpni oymağı yaşayırdı5.



7. Atçəkən.

Atçəkənlər arasında, Əski-el və Turqut yörələrində də bu boya mənsub bəzi oymaqların yaşadığı məlumdur.

I Səlim dövründə Əski-eldəki çəpnilərin mühüm bir qismi Çanax, Düz­müş, Arx ardı, Girmasun, Əlgən arqı və Əlixan arqı adlı kəndlərdə oturaq halda yaşayırdı. O zaman onlardan ancaq 27 vergi evli bir obanın köhnə ya­şayışı davam etdirdiyi bilinir. Bu oba bəzirçi və qarı daş əkinliklərinə sahib idi. III Murad döv­ründə bu oba hələ də köçəri idi.

Turqut yörəsindəki çəpni oymağına gəlincə, o, I Səlim döv­ründə 44 ev­lik idi. Bayırca quyu, çuxur hisar və duraqlı adlı əkin­liklərin bu oymağın yurdu olduğu qeyd edilir. XVI əsrin sonunda Bayırca quyu bir kənd halına gəl­­mişdi. Həmin dövrdə yuxarıdakı oymaqdan başqa bir çəpni oymağı da görünür. Bu oymaq Turqut qəzasından ayrılmış Mahmudlar adlı nahiyədəki Abbas, İblis (?) hisarı, Pazarcıq və Susuzca kəndlərində yaşa­yır­dı6.



8. Qoç Hisar (Şərəfli).

Bu gün Ankaraya bağlı Qoç Hisar qəzasında XVI əsrin əv­vəllərində ya­şayan oymaqlardan bəziləri İç-eldən, bəziləri də Adana bölgəsindən gəl­miş­lər. Bunlardan biri də run quş (urun quş) oymağı idi. Onun Adananın Sa­ru cam yörəsindən gəldiyi bilinir. Həmin bu oymaq arasında 133 nəfər vergi ve­rən əhalisi olan bir çəpni təşəkkülü görünür1. Bir az yuxarıda Adananın Saru cam yörəsində kiçik bir çəpni oymağının yaşadığını de­miş­dik.



9. Hamid.

XVI əsrdə Hamid sancağının Göl hisar qəzasında da 70 nə­fər vergi ve­rən əhalisi olan çəpni adlı bir oymaq yaşayırdı2.



10. Çorum.

XVI əsrdə Çoruma bağlı Alp oğuz adlı bir kənddə çəpni özü adlı bir ca­maat, yəni bir oymaq müşahidə edilir3. Bu icma­nın öz adını çəpni özü, yəni çəpni vadisi adlı bir yerdən alması ehtimal olunur.

Türkiyədəki çəpnilərə dair əldə edilən məlumat bunlardan ibarətdir. Həm yer adları, həm də oymaqlar çəpnilərin ən qələ­bə­lik oğuz boylarından bi­ri olduğunu, onların Türkiyənin fəth edilməsində və məskunlaşdırılma­sın­da birinci dərəcəli rol oy­na­mış boylar arasında sayıla biləcəyini göstərir.

11. İran çəpniləri.

Yuxarıda El Aldı bəyin ağqoyunlu xidmətində olan çəpni­lərindən bəhs edilmişdi. Ağqoyunluların xələfi səfəvilərin da­yağı olan türk təşəkkülləri ara­sında da çəpniləri görürük. Ancaq onlar qələbəlik deyildilər və ikinci də­rəcəli oymaqlar hesab olunurdular.

Təhmasib dövründə qorucular, yəni səfəvi qvardiyası ara­sın­da çəpnilər də vardı4. Təhmasibin hökmranlığının ilk illərin­də çəpnilərdən Məqsud bəyi ta­nıyırıq5. Rumlu Həsən bəy 953-cü ildə (1546) Gürcüstan səfərindən, çəpni qorucularının baş­çı­sı Şahqulu ilə şəxsən özünün bir basqında iştirakını nəql edir6.

Çəpnilərə mənsub şah Əli Sultan adlı bir bəyin 955-ci ildə (1548) Van ha­kimi olduğunu və Qanuninin buranı mühasirəyə aldıqdan sonra şəhəri ona verdiyini həmin müəllifdən öyrəni­rik7. Həmin hökmdar dövründə çəpnilər­dən Süleyman Çələbi Urmiya hakimi idi. O həmin il Gürcüstana təşkil et­diyi bir axında uğursuzluğa düçar olmuş, özü də kürdlər tərəfindən öl­dü­rül­müşdü8. Qarabağ bəylərbəyisi Qacar Ziyad oğlu Şahverdi Sultan ilə gürcü bəylərindən biri arasında baş verən vuruşmada Çəpni Məhəmməd bəy də iş­tirak etmiş və igidlik göstərmiş­di1 . Şah Təhmasibin ölümündən sonra taxta çı­xacaq hökmdar ba­rədə əmirlər arasında baş verən ixtilaf və çəkişmədə çəp­­nilərə mənsub Cəlal Əli şahın da adı çəkilir2.

Şah Abbas dövründə çəpnilərdən Uğurlu Sultanı və Murad xan Sultanı tanıyırıq. Uğurlu Sultan 1014-cü ildə (1605-1606) Fümən hakimi idi3. Mu­rad xan Sultana gəlincə, o, 1017-ci ildə (1608-1609) Urmiya qalasını tutmaq tapşırığı alan bəylər ara­sında idi4.

Səfəvi xidmətindəki çəpnilər buraya Anadoludan gəlmiş­di­lər. Onların mü­hüm bir qisminin Trabzon çəpnilərindən oldu­ğu­nu söyləyək.

17. SALUR

Oğuzların tarixində mühüm rol oynamış boylardan biri də salurlardır. Monqol dövrünə qədər bu boyun adı salğur şəklində ya­zılırdı. Rəşidəddinin verdiyi əfsanəvi tarixə görə, oğuz hökm­darı Dib Yavkunun böyük bəylə­rin­dən Ulaş və onun oğlu Ulat, habelə İnal xanın vəziri və naibi bu boydan idilər. Orada həmçinin İnal xanın oğlu İnal Soyram Yavkunun vəzirinin də sa­­lurlardan olduğu yazılmışdır.

Dədə Qorqud dastanlarına gəlincə, bu dastanlarda təsvir olunan oğuz elin­də salurlar ən şərəfli yer tuturdular. Doğrudan da, bu oğuz elinin qüdrətli hakimi Qazan bəyin salurlardan ol­du­ğunu bilirik.

Aşağıda bəhs ediləcəyi kimi, Xəzərarxası türkmənləri ara­sında salurlar çox qələbəlik halda idilər. Bu, boyun mühüm bir qis­minin qərbə köçməmiş olduğunu göstərir. Xəzərarxası türk­mənləri aralarındakı ən ali təşəkkülün sa­lurlar olduğunu söylə­yir­dilər. Halbuki onlar bəlkə də salurların səlcuqlu fü­tuhatlarında iştirak etdiklərini, Farsda öz adlarını daşıyan bir dövlət qur­duq­larını, Anadolunun məskunlaşdırılmasında geniş miqyasda rol oy­­nadıq­larını və Qazı Bürhanəddin kimi böyük şəxsiyyətlər ye­tirdiklərini bilmir­di­lər. Bütün bunlar salurların oğuz elinin kı­nık, kayı və əfşar kimi ən böyük qol­larından biri olduğunu gös­tərir.

Səlcuqlular Qərbi İrana gələndə Şəhrizor, Kirmanşah və Da­quqa yörələri, yəni daha sonralar Kürdüstan adlanan bölgə kürd ənnaz oğullarının əlində idi. 495-ci ildə (1101) bu bölgənin hə­lə zəbt edilməmiş torpaqlarından mü­hüm bir qismi müasiri olan bir çox türkmən əmirləri kimi təkbaşına fəaliy­yət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth olun­du5. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyi bir yana, oğul­ları barədə də hər hansı bir məlumat verilmir. Ancaq Qara Beli xanədanının (beyt ül-Qara Beliyyə) həmin əsrin sonlarına qədər öz varlığını mühafizə et­diyi bilinir.

Xanədanın əlindəki yer Qara Beli ölkəsi adlanmış, Bağ­dad­dan Marağaya gedən ana yolda, Dinəvərlə Marağa arasındakı bir keçid də XII əsrin son­larına qədər Qara Beli adını daşı­mışdır. Ancaq salurların Səlcuqlular döv­rün­dəki rolları Qara Be­linin fəaliyyəti ilə məhdudlaşmamışdır. Həmin əsrdə Sır-Dərya boyundan gələn yeni bir oğuz elatı arasındakı salurlar Qara Be­li sa­lurlarından daha mühüm bir rol oynamağa müvəffəq ol­muşlar.



Salğur Fars atabəyləri

İranın böyük cənub əyaləti olan Fars Alparslan tərəfindən fəth edilmişdi. Sultan Məhəmməd Tapar zamanında bu bölgəyə Əmir Çavlının vali təyin edildiyini bilirik. O, Farsda səlcuqlu ha­ki­miyyətini qüvvətləndirdi. Sultan Mah­mud hökmdar olanda (1117) qardaşı Səlcuqu (yaxud Səlcuq şahı) bu öl­kəyə hakim göndərib əmir Qaracanı da ona atabəy təyin etdi. Ancaq Səl­cuq öz qardaşı Məsudla birlikdə əmisi Sultan Səncərə qarşı giriş­diyi vuruşmada məğlub olduğu üçün ölkəsini itirdi. Sultan Toğ­rul buranı azyaşlı oğlu Alp­arslana verdi, məşhur əmir Məngü Bars ona atabəy oldu. Məngü Bars Alp­ars­lanın kiçik yaşda ol­ması və heç cür bitib-tükənməyən səltənət qovğaları üzündən Farsı istədiyi kimi idarə etmiş və türk məmlüklərindən özünə sadiq güclü bir ordu yaratmışdı. O, 1138-ci ildə İraq səlcuqluları hökmdarı Məsu­da qarşı üsyan edib üsyanda öləndə Fars onun adamlarından olan Boz Aba­nın əlində qaldı. Ehtimal ki, elə bu Məngü Bars zamanında (1132-1138) Sır-Dərya bo­yun­dan qo­pan bir türkmən dalğası Xuzistana qədər gəlmişdi. Bu elatdan əfşar bəyi Arslanın oğlu Yaqub Xuzistan qəsəbə­sində yurd sal­mış, həmən elatdan olan salğurların başçısı Məv­dud isə Kəndu­man yazısından Kuh-Giluyə yazısınadək uzanan yerdə çadırla­rı­nı qurmuşdu. Təxminən elə o vaxtlar mühüm bir yıva qolu­nun da Şəhrizor tərəflərində yaşadığını bilirik. Bu yıvaların da həmin elata mənsub olması ehtimal edilir.

Salğur Məvdud atabəy Boz Abanın yaxın əmirlərindən biri oldu. Hətta Boz Aba 542-ci ildə (1147) Sultan Məsudun üstünə yüruş edərkən salğur Məv­dud Şirazda onun naibi sifətilə qal­mış­dı. Boz Aba Həmədan civarında öldürüldükdən sonra səlcuqlulardan Sultan Mahmud oğlu Məlikşah Farsa ha­kim olmuş­dur. Bu ərəfədə (542-543-1147-1148) Mövdud Kəndu­man­da öl­­­­müş və yerinə oğlu Sunqur keçmişdi. Sunqur Məlik şahın ata­bəyi oldu; o özü ağıllı bir adam idi, həm də qələbəlik bir oy­mağı vardı. Öz qohum­la­rın­dan birini öldürdüyü üçün Sunqur əy­ləncə düşkünü, pəhləvan güləşdirmə azarına mübtəla, qabi­liy­yətsiz bir insan olan Məlikşahı Farsdan qovdu (543-1118), öz hakimiyyətini qanuniləşdirmək üçün adət mucibincə Sultan Toğ­ru­lun oğlu Məhəmmədi məlik elan etdi. Beləliklə, iqtidar ta­mamilə onun əlinə keçdi. Atabəy Sunqur Şir Barik (şir bar bəy?) ünvanını daşıyırdı.

Xuzistandakı əfşarların başçısı Arslan oğlu Yaqub ehtimal ki, Farsı ata­bəy Sunqurun əlindən almaq üçün Şiraza yürümüş və iki oğuz bəyi arasında baş verən bir çox vuruşmalardan son­ra Yaqub bəy məğlub olaraq Xuzistana geri çəkilmişdi. Sunqur Farsı 14 il ədalətlə idarə etdikdən sonra 555-ci ildə (1160) öldü və yerinə qardaşı Zəngi keçdi.

Səlcuqlu hökmdarı Arslan şahın 571-ci ildə (1175-1170) və­fat etməsi sə­bə­bilə Xuzistanda olan qardaşı Sultan Məhəmməd hərəkətə keçdi, ancaq Pəhləvana məğlub olaraq Vasitə, oradan da Farsa Zənginin yanına getdi. Pəh­ləvanla təkbaşına mübarizə apara bilməyəcəyini başa düşən Zəngi Mə­həmmədi Pəhləvana təslim etməyə məcbur oldu. 571-ci ildə Zənginin oğlu Tiklə atasının yerinə keçdi. Tiklə öz əmisi oğlu (atabəy Sunqurun oğlu) Mü­zəffərəddin Toğrulun üsyanı ilə qarşılaşsa da, Toğrul asanlıqla zərərsiz­ləş­di­rildi. 591-ci ildə Tiklə öldü və yerinə qar­daşı Sə‘d keçdi. Sə‘d də sələfləri kimi enerjili bir hökmdar idi; Kirmanı öz öl­kə­sinə qatdı. Məşhur şair şeyx Sə‘di öz təxəllü­sünü bu salğur hökmdarının adından almışdır.

Atabəy Sə‘d 628-ci ildə (1230-1231) öldü. Əbubəkr salğur hökmdarı ol­du. O da qabiliyyətli bir hökmdar idi. Qədimdən bə­­ri mühüm bir ticarət mərkəzi olan Qeys adasını, sonra isə Ka­tif, Bəhreyn və Oman sahillərini zəbt etdi. Əbubəkr bunu ti­ca­rəti inkişaf etdirmək qayəsi ilə edirdi. Ticarətə nə qədər əhə­miyyət verdiyi ondan məlumdur ki, onun inşa etdirdiyi əsər­lərin çoxu rabatlardır. Bu böyük salğur hökmdarı Şirazda bir xəstəxana da tikdirmişdi. Şeyx Sə‘di məşhur «Gülüstan» əsərini bu zata ithaf etmişdir.

Əbubəkr monqolları öz süzereni tanımaq şərti ilə ölkəsinin qan və atəş içində qalmasının qarşısını almışdı. Bununla əlaqə­dar monqol xaqanı Ügedeyin ona Kutluq xan ünvanını verdiyi­ni bilirik.

Əbubəkr axırıncı böyük salğur hökmdarıdır. Onun 658-ci ildə (1259/ 1260) ölməsilə salğurların parlaq dövrü sona yetdi. Ye­rinə xəstə olan oğlu Sə‘d keçsə də, hökmdarlığının 17-ci gü­nü öldü və onun oğlu Məhəmməd hökm­dar elan edildi. Mə­həm­məd hələ uşaq olduğu üçün anası Tərkən xatun ona naiblik edirdi. Ancaq Məhəmməd də çox yaşamadı, 661-ci ildə öldü və Zəngi oğlu Sə‘d oğlu Salğur şah oğlu Məhəmməd şah hökmdar oldu. Mə­həmməd şah zəif bir çəxsiyyət idi; 8 ay hökmdarlıq etdikdən sonra Tər­kən xatun tərəfindən öldürüldü, yerinə qar­daşı Səlcuq şah keçdi. Səlcuq şah da Tərkən xatunu öldürdüyü üçün Hülakü Tərkən xatunun qardaşı olan Yəzd ata­bə­yinin yal­varışı nəticəsində Farsa bir ordu göndərdi. Mon­qollar Səlcuq şahı yaxalayıb qətlə yetirdilər (663-1264/1265).

Salğur taxtına Sə‘din qızı Abaş xatun oturduldu. Ancaq o, bir il sonra Farsdan gətirilərək Hülakünün oğlu Məngü Təmirə ərə verildi. Farsı onun adından monqolların təyin etdiyi mə­mur­lar idarə etməyə başladılar. Abaş xatun 685-ci ildə (1286/1287) öldü və monqol adətinə görə dəfn edildi1.

Salğurlar öz ədaləti və abadlıq fəaliyyəti ilə, alim və şair­ləri himayə et­mələri ilə gözəl xatirələr qoyub getmiş bir türk xanə­danıdır. Onların sayə­sində Fars ölkəsi islam dövründə özü­nün ən məsud günlərini yaşamışdır. Bu­nu tərəddüdsüz söyləyə bilə­rik. Türk xanədanlarının çoxu kimi onlar da öz ölkələrində çox­lu ictimai əsərlər vücuda gətirmişdilər. Şeyx Sə‘di əsər­lərini bu xanədanın təşviq və himayəsi sayəsində yarada bilmişdir.

Salğurlar qövmi mənşələrini də unutmamışdılar. Öz pulları­na mənsub ol­duqları boyun damğasına basmaları2 bunun ən bö­yük dəlilidir. Bundan başqa, xanədan üzvləri arasında daim türk adı daşıyan şəxslər olmuşdur.

Salğur xanədanı ortadan qalxdıqdan sonra da onların baş­lı­ca dayağını təş­kil edən türkmənlər öz varlıqlarını qoruya­raq Farsda yaşadılar. XIV əsrin ortalarında Farsdakı bu türk­mən­lə­rin başçıları Cəlaləddin Təyyib şahla Sal­ğur şah idi. Bun­lardan başqa, müzəffərilərdən şah Şüca Təbrizi zəbt etdiyi za­man (1282) əmir Müzəffərəddin Salğuru vəzir təyin eləmişdi.



Anadolu

Salurların çox əhəmiyyətli bir qolu qərbə köçməyərək öz qədim yurdun­da qalmışdı. Göründüyü kimi, onlardan ayrı-ayrı qollar İranın Kürdüstan və Fars bölgələrində yurd salaraq siya­si fəaliyyət göstərdilər. Bütün bunlara bax­mayaraq bəzi tarixi məlumatlar, yer adları və oymaqlar salurların Ana­dolunun fət­hində və məskunlaşdırılmasında mühüm rol oynayan boylardan biri olduğuna şübhə yeri buraxmır.

Həqiqətən, tariximizdə müstəsna bir şəxsiyyət olan alim, şair, müharib, Si­vas-Kayseri və digər bəzi yerlərin hökmdarı Qazı Bürhanəddinin salurlar­dan olduğunu əvvəlcə söyləmişdik. XIII əsrdə Misirə gedərək məmlük sul­tanları yanında böyük etibar qazanan fəqih və üç dildə şeir yazan Divrikli Mə­həmməd ibn Mustafa ibn Zəkəriyyə ibn Xoca Həsən1 də həmin boya mən­­sub idi. Onlardan başqa, XIII əsrin ikinci yarısında Dənizli tərəfinin uc (hüdud) bəylərindən Salur bəyin2 də salurlardan olduğu üçün bu adı daşıdığı ehtimal edilir.

Yer adlarına gəlincə, salurlar cədvəlimizdə yeddinci sırada dururlar3. Yal­nız bu keyfiyyət onların Anadoluya necə qələbə­lik elatlar halında gəl­diklərini göstərməyə kifayətdir. Bundan başqa, həmin əsrdə Anadoluda bu boya mənsub çox əhəmiy­yət­li oymaqlar da müşahidə olunur.


1   ...   15   16   17   18   19   20   21   22   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə