Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə18/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

3. Boz ulus.

Boz ulus arasındakı bəydili qolunun Şimali Suriyada ya­şayan ana bəy­di­li boyundan ayrılmış bir oymaq olduğunu əv­vəlcə demişdik. Qanuni döv­ründəki boz ulus arasında yaşayan bəydili oymağı 200 vergi evi qədərdir. II Səlim zamanında bu oymaq daha qüvvətli bir təşəkkül halına gəlmişdir. Do­ğan və digər kəndxudaların tabeliyində olan həmin oymaq o zaman (II Sə­lim dövründə) 615 vergi evinə malik idi2.

996-cı ildə (1587/1588) bu bəydili oymağının başçıları Uşaq, Məhmət və Doğan oğ­­luna bir fərman göndərilmişdi1. Fərmanda onlardan tələb edi­­lir­di ki, dövlətə qarşı üsyan etmiş və soyğunçuluğa qurşan­mış Rəhbə bəyi Əb­dürrəhman ilə Ruha (Urfa) bəyi Zöhrabı ya­xalamaq vəzifəsi tapşırılan keç­miş Rəqqa bəylərbəyisi Məhmət paşaya kömək etsinlər.

4. Tarsus.

Bu bölgədəki varsaq boylarının ən böyüklərindən biri olan kusun təşək­külü arasında 54 vergi evli bəydili adlı bir oymaq görünür. Bu oymaq Qanu­ni dövründə sahib olduğu bəzi tar­lalarda əkinçiliklə məşğul olurdu2.



5. İç-el.

Bu bölgədəki əsas oymaqlardan biri də bəydili boyuna mən­­subdur. Bu oymağın hələ II Bəyazid dövründə ümumiy­yət­lə Gülnar qəzasına bağlı olan kəndlərdə yerləşdiyi bilinir. Sayı 14-ə çatan bu kəndlərin bir qismi köhnə adı­nı indi də sax­layır. Həmin bəydili kəndləri bunlardır: Qara ağac (46 vergi əhalisi olan), Ulu kaşağı (39), İncircək (32), Bərçəm (25), Əmir­hacı (22), Qaraca viran (52), Quru dərə (19), Ləpə (62), Dır­naqlı (35), Gerçəlik (7), Ulu çir (95), Yas pınarı (8). Bun­lardan başqa, bu bəydili oymağının hələ otu­raq həyata keçmə­miş bir qolu da vardı ki, o, İç-el sancağı daxilində dağı­nıq hal­da yaşayırdı3.

İç-el sancağında yaşayan bəydililərin başçısı olan ailə dəf­tərlərdə övladi-bəydili, yəni bəydili oğulları adlanır.

6. İran bəydililəri.

Şimali Suriya türkmənlərinin səfəvi dövlətinin yaradılma­sında şamlu adı altında iştirak etdiyini əvvəlcə söyləmişdik. Hə­lə Şah İsmayılın atası Şeyx Heydər zamanındakı səfəvi mü­rid­ləri arasında şamluların qələbəlik bir halda olduqları bilinir.

Səfəvi dövlətinin bel sütununu təşkil edən türk boylarından ən əsası olan şamlu boyu bəydili, inallu (sonralar inanlu) və xu­dabəndlu (xarbəndəlu) oba­­larından meydana gəlmişdi. Daha son­ra bu boya avcı, balabanlu, biçərlu, ərəbgirlu və kəramətlu kimi obalar da qarışmışdır.

Daha əvvəl də deyildiyi kimi, şamlular Şah Abbas dövrün­də bütün qı­zılbaş boylarını ötərək birinci dərəcəli mövqeyə çıx­mışlar. Bu dövrdə ən çox əmir verən onlar idilər. Şamlular Şah Abbasın xələfi Şah Səfi zama­nında da öz mövqelərini mühafizə etmişlər.

Şamlular arasındakı bəydili qolu bu boyun hakimi və hərə­kətverici obası idi. Səfəvi dövlətinin qurulmasında iştirak etmiş şamlu Əbdi bəy və onun oğlu məşhur Durmuş xanın bəydilidən olması ehtimalı güclüdür.

Şah Təhmasibə qarşı səltənət davasına qalxan qardaşı Al­xas Mirzənin adam­larından olub sonra ondan ayrılaraq Təh­ma­sibin tərəfinə keçən Bərəkət Xəlifənin bəydilidən olduğu mə­lumdur1. Sultan Məhəmməd dövründəki əmirlərdən Əhməd bəy də bəydilidən idi. O, 1002-ci ildə (1593/1594) Şah Ab­bas tə­­rəfindən Lahican darğalığına təyin edilmişdi2. Bir az yuxarıda qeyd edildiyi kimi, Şah Abbas şamlu boyunun bəylərinə xüsusi rəğbət bəsləyirdi. Onun dövründə bu boydan böyük əmirlər ye­tişmişdi.

Bəydili obasına mənsub şamlu əmirlərindən (yuxarıda adı çə­kilən Əh­məd bəydən başqa) beş qardaş vardı ki, onlar Şah Ab­basın müqərribləri sıra­sına daxil idilər. Beş qardaş bunlar­dır: Məhəmməd bəy, Heydər bəy, Saru bəy, Qapan bəy və Zey­nal bəy. Onlardan biri - şahın yaxın adamı Məhəm­məd bəy 1022-ci ildə (1613/1614) öləndə malı-mülkü anabir qardaşı, hə­rəmin eşik ağası Heydər Sultana qalmışdı3.

Heydər Sultan özü 1028-ci ildə vəfat etmiş və zəngin sər­və­ti oğlu Nurid­dəhrə qalmışdı. O, sevimli bir gənc idi4. Nuriddəhr bu dövrdəki bəzi səfər­lər­də iştirak etmişdir5. Saru bəyə gəlincə, o, 1011-ci ildə (1602/1603) os­man­lı ordusu ilə müharibədə igid­lik göstərmişdi. Özü 1021-ci ildə (1612/ 1613) Saru-Gürkan və Ganə-rud (Kirmanşah bəlgəsində) hakimi olub, 1033-cü ildə (1623/1624) Hillə hakimliyinə təyin edilmişdi6. Onun qardaşı Qapan Sultana 1018-ci ildə osmanlılardan geri alınan Urmiya qalasının hakimliyi verilsə də, 1024-cü ildə (1615) məsuliy­yət­sizliyi üzündən qala kürd­lərin əli­nə keçmiş, o isə qardaşlarının hörmətinə görə sadəcə vəzifəsindən azad edil­mişdir7. Zeynal bəy də Şah Abbasın yaxın adamlarından biri və tuşmal­başı idi. Hökmdarı tərəfindən sevilən Zeynal bəyin Şah Abbasın vəfatı za­manı eşik ağası və eyni zamanda Rey hakimi olduğunu bi­li­rik8.

Şah Abbas dövründəki bəydili bəylərindən biri də Gün­doğ­­muş Sultan idi. O, Şah Abbasın I Bağdad səfərində Kərkük yö­rə­sindəki Tavukda idi. Bu­­­­­radan şahın hüzuruna gələn bu bəy­­dili əmiri onun xidmətinə girmiş və sul­tanlıq ünvanı almışdı. Gündoğmuş Sultan Azərbaycanın müxtəlif yerlə­rin­də dirlik sa­hibi idi9. Şah Abbasın xidmətinə girən Gün­doğmuş Sultan və ona tabe bəydililərin boz ulus arasında ya­şayan bəydili oy­ma­ğından olması ehtimalı böyük­dür. Şah Ab­basın xələfi və oğ­lu Şah Səfi zamanında (1628-1642) yuxa­rıda adını çəkdiyimiz Zey­nal bəy səltənət vəkilliyi mövqeyinə qədər yüksəlmişdi. Ancaq o, 1039-cu ildə (1630) sədr-əzəm Xosrov Paşaya məğ­lub olduğu üçün öldürülmüşdür1.

Bu dövrdəki bəydili əmirlə­rindən biri də Nəqdi bəy idi. Onun Zeynal xan­la qohum olub-olmadığı bilinmir. Şah Səfinin hökmranlığının ilk illərin­də fərraşxana darğası olan Nəqdi bəy xanlıq rütbəsi ilə 1042-ci ildə (1633/ 1634) Mərv, həmin ildə Kuh-Giluyə hakimliyinə təyin edilmişdir. Bağdadın 1637-ci il­də IV Sultan Murad tərəfindən geri alınması zamanı os­manlı or­du­suna əsir düşmüşdür. Buna görə də Kuh-Giluyə valiliyinə fərraş­xana darğası olan oğlu Zeynal bəy təyin olunmuşdur, fər­raşxana darğalığı isə mərhum Zeynal xanın oğlu Heydər bəyə verilmişdir2.

II Abbasın (1642-1667) hökmranlığının ilk illərində yuxa­rı­da adı çəkilən Saru bəyin oğlu Səfiqulu bəy Sultaniyyə və Zən­­can hakimi olmuşdur3. Daha əvvəl də deyildiyi üzrə, XVIII əsr­də şamlu boyu digər bir çox boylar kimi zəifləmiş, buna görə də həmin əsrdə bu boydan az əmir çıxmışdır. Onların arasında bəydilidən əfşar Şahrux Sultanın xidmətindəki Mə­həm­məd Za­man xanı və Mustafa xanı qeyd etməyə dəyər4. XVIII əsr təz­ki­rəçisi Lütfəli bəy də bəydilidəndir. Yuxarıda adı çəkilən Mus­tafa xan Lütfəli bəyin əmisi və ya əmisi oğlu idi5.

Şamlu boyunun inallu (inanlu) obası şahsevən kimi öz var­lığını bu gü­nə­dək davam etdirmişdir. Hazırda Həmədan bölgə­sində hamılıqla oturaq həya­ta keçmiş və kəndlərdə yaşayan qa­ragözlü oymağının şamluların qalığı ol­duğu bilinir, ancaq şam­lunun hansı obasından və ya obalarından olması hə­lə təyin edil­mə­mişdir. İndi İranda bəydili adında əhəmiyyətli bir təşəkkülə təsadüf edilmədiyi üçün, ehtimal ki, qaragözlülər bəydililərin törəmələridir.

Bu fəslə son verərkən Ətrək və Gürkan çayları arasında ya­şayan türk­mən göklən (göylən) icmasına mənsub oymaqlardan birinin də bəydililərdən olduğunu bildirək. Bu bəydili oymağı 1863-cü ildə aşağıdakı qollara ayrıl­mışdı: pank, aman xoca, bo­ran və qarışmaz. Ancaq göklən bəydili oymağı­nın əhalisi o qədər də çox deyildi. 1840-cı ildə bu oymağın 400 ailədən iba­rət olduğu bildirilir. Bu oymağa çaku bəydili də deyilir6.

12. KARKIN

Kaşğarinin bəzi xüsuslarda digər boylara bənzəmədikləri və xalaç şək­lində ayrı bir ad daşıdıqlarını söyləyərək siyahısına salmadığı iki boydan bi­ri karkın boyudur. Ancaq bütün bunlar­dan asılı olmayaraq, karkın boyu oğuz­ların tarixində mühüm rol oynamış bir təşəkküldür. XVI əsrdə Ana­do­lu­da bu boya aid 62 yer adı təsbit edilmişdir. Həmin rəqəmə görə karkın bo­yu si­yahıda beşinci yer tutur1. Bu boy dəftərlərdə karkın, qar­kın, kar­kun və karqun şəklində müxtəlif imlalarla yazılmışdır. XVI əsrdə Anadoludakı kar­kın oymaqları əsasən Hələb türk­mənləri, boz ulus, dulqədirli ulusu ilə Ha­mid (İsparta) san­cağında yaşa­mışlar.

1. Hələb türkmənləri.

Hələb türkmənləri arasındakı karkın oymağı 193, 71 və 41 nə­fər vergi mü­­kəlləfiyyətli əhalisi olmaq üzrə üç qola ayrılmış­dır. Axırıncı qolun də­və­çi­lər adlandığı da qeyd olunmuşdur. 978-ci ildə (1570) bu oymağın ən bö­yük qolunun Antəb və Rumqala tərəflərində yaşadığı bilinir. XVIII əsrin or­talarına doğ­ru karkınlar oturaq karkın və köçəri karkın olmaq üzrə hə­yat tər­zinə görə iki qismə ayrılmışlar. Həmin dövrdə köçəri karkınların 218 vergi evi vardı. Oturaq karkınlar isə 74 evli və 23 subaydan ibarət idilər. Bunlar­dan başqa, 6 evli kiçik bir kar­kın oymağı Hələb şəhərində, üç evlik kiçicik bir karkın icması da ivəgi oymağına aid bir kənddə yerləşmişdir. 11 ev­lik di­gər bir karkın icmasının Şam vilayətində Aralıq evi adını daşıyan bir yerdə ya­şadığı bildirilir2.



2. Boz ulus.

Boz ulusdakı karkın oymağı da üç qol halında olub ikisi boz ulusda, biri də onun dulqədirli təşəkkülü arasında idi3.



3. Dulqədirli.

Bu el içində yaşayan karkın oymağı Hələb türkmənləri ara­sında əhali baxımından daha qələbəlikdir. Ancaq bu karkın oy­mağı sıx halda deyil, da­ğı­nıq vəziyyətdədir. Bu oy­ma­ğın qolla­rından ən böyüyü dulqədirli ulusunun böyük oymaqlarından biri olan doqquz, digər adı ilə bişanlu boyunun bir oba­sını meydana gətirir. Bu oba boyun bir çox obaları kimi cənubdakı Kar­qılıq yörəsində yaşayırdı4. Doqquzlar arasında karkın oba­sı­nın olma­sı yəqin ki, bu iki təşəkkül arasındakı qəbiləvi qo­humluqla əla­qədardır. Dulqədirli eli içindəki karkın oymağının bir qolu da Dədə Karkın adlı bir şeyxin Köksün­də yerləşən zaviyəsinə xid­mət edir. Ehtimal ki, Dədə Karkın XIII əsrdə ya­şamışdır.

Hacı Bəktaş Vəlinin «Vəlayətnamə»sinə görə1, o, Boz-oxda türkmən için­də Qırşəhirə gedərkən kəramətinə şahid olduğu Ha­cı İbrahim adlı bir çobanı ərənlik mərtəbəsinə çatdıraraq onu boz-ox və üç-ox arasına gön­dər­mişdir. Hacı İbrahim boz-ox və üç-ox arasında ünlü bir şeyx kimi tanındı. Bu təriqət adamının niydəli Qazı Əhmədin əsərində adı çəkilən Hacı İbra­him ol­ma­sı ehtimalı var2.

Yenə «Vəlayətnamə»yə görə3, Hacı İbrahimin ölümün­dən sonra onun oğulları ilə Dədə Karkının oğulları arasında geyik də­­risindən olan tac üs­tün­də ixtilaf düşdü. Nəticədə Dədə Kar­kının oğulları qalib gəldilər, geyik dəri­sin­dən tac qoymaq onla­ra və onların müridlərinə müyəssər ol­du. Yəqin ki, Gök­suda za­viyəsi olan Dədə Karkın elə bu Də­də Karkındır. Ancaq onun mə­­zarının harada olması haqqın­da heç bir qeydə təsadüf edil­məmişdir. Üs­təlik, Biləcik yörə­sin­də və Mardinin cənubunda da Dədə Karkın adlı gənclər vardır.



4. Çuxurova.

Tarsus bölgəsində yurd salmış məşhur kusun boyu arasında 24 evlik kar­kın adlı bir oba olduğu kimi, Adanının şimalında yurd salmış dündarlı boyu arasında da bu adda bir oba vardır.



5. İç-el.

II Bəyazid dövründə Silifkə yörəsində yaşayan böyük boz-doğan boyu obaları arasında 48 nəfər əhalisi olan (vergi verən) karkın adlı bir oba yaşa­maqda idi4.



6. Hamid və Təkə sancaqları.

Hamid sancağının Əyridir yörəsində yaşayan yörüklər ara­sında 250 nə­fərlik vergi mükəlləfiyyətli bir karkın oymağı var­dır. Ancaq bu karkın oy­mağının böyük qaramanlı boyuna bağlı olduğu göstərilir5. XVI əsrdə eyni adlı bir oymağın da Təkədə yaşadığı bilinir. 1102-ci ildə (1691) Rəqqa əya­lətinə yerləşdirilən bəydili oba­ları arasın­da karkın adlı bir obanın adı çəkilir6. Bu, yuxarıda bəhs olunan köçəri kar­kınlar ola bilər. Səyyah Nibur7 Antəb böl­gəsində olan Dədə Karkın (Dədə Karkın) adlı bir oymağın varlığını xatır­ladır. Bu bəhsi bitirməzdən əvvəl teymurilərdən Babur Mirzənin (ölümü: 861-1456) Astarabad valisi olan Baba Həsənin Kar­kın nisbəsini daşıdığı mü­şahidə edilir ki,1 bu, onun karkın boyuna mənsub olduğunu göstərir.

13. BAYINDIR

Rəşidəddinin «Oğuznamə»də yazdığına görə, Oğuz xanın nəvəsi Dib Yavku xanın bəylərindən Tülü Xoca və Ala Atlı Ki­şi Donlu Kayı İnal Yab­ğunun naibi Döngür oğlu Ərki bayındır boyundan idilər. Ərki, kül ərki xan ünvanı ilə Kayı İnal Yab­ğu­nun oğlu Tuman böyüyənə qədər hökm­darlıq et­miş, sonra oğuz taxtını Tumana vermişdir. Tuman isə 100 gün yabğuluq et­dik­dən sonra öz arzusu ilə taxtı kül ərkinin qızından olan oğluna vermişdir. O isə Tikən Bilə Ər Biçəgən Kayı Yabğu ləqəb və ünvanı ilə hökmdarlıq et­mişdir2.

Rəşidəddinin «Oğuznamə»də yazdığı bu sözlər üç-oxların əsil boyu olan bayındırların əski oğuzların tarixində mühüm rol oynadıqlarını göstərir. Bi­lindiyi kimi, Dədə Qorqud dastanla­rın­da oğuzların başçısı Qamğan oğlu Ba­yındır xandır. Ehtimal ki, bu, ağqoyunlu xanədanını yüksəltmək üçün das­tan­lara ozan­lar tərəfindən sonra əlavə edilmişdir. Ancaq Bayındır xanın ata­sına nə üçün Göy xan deyil, Qamğan adı verilməsini heç cür izah etmək mümkün olmur.

Təhrir dəftərlərində 52 kənd və əkinliyin Bayındır adını da­şı­dığı görü­nür3. Onlar da digər boyların adları kimi, Anado­lu­nun qərb və orta bölgə­lə­rin­dədir. Bu yer adlarından başqa Ada­nanın Haruniyyə qəzasının qərbindəki bir nahiyə də Bayındır adlanır. O zamanlar bir yörənin (nahiyə­nin) hər hansı bir oyma­ğın adını daşıması əksər hallarda orada yaşayanların hamısının və ya çoxunun eyniadlı oymağa mənsub olduğunu göstərir. Həmin Bayındır nahiyəsinin adı bu gün də qalır. İndi İzmirə bağ­lı olan Bayındır qəsəbəsi XVII əsrdə də vardı. Övliya Çələ­bi bu qəsəbənin öz adını Orxan Qazinin oraya yerləşdirdiyi ba­yandırlardan aldığını yazır4. Bunun bir xalq rəvayəti, yaxud Övliya Çələbinin özünə məxsus izahat olduğu bilinmir.

XVI əsrdə Anadoludakı bu yer adlarından başqa, həmin öl­kədə bu boya mənsub bəzi oymaqlar da vardı ki, onların ən mü­hümləri Hələb türkmənləri arasında və Tarsus bölgəsində ya­­şayırdılar.

1. Trablis-Şam.

Trablis-Şam yörəsində yaşayan türkmən oymaqları arasında əhalisi sey­rək olan bir bayındır oymağına təsadüf edilir. 25 ver­gi evindən ibarət olan bu oymaqdan başqa Xıns ül-əkrab ət­ra­fında bayındır adlı 15 evlik bir oymaq da müşahidə olunur.




2. Hələb türkmənləri.

Hələb türkmənləri arasındakı bayındırların sayı II Səlim dövründə vergi mükələfiyyətli 250 nəfər idi. Hüseyn Kətxuda­nın idarəsindəki bu oymağın kiçik bir qolu da eyni dövrdə An­təb bölgəsində yaşayırdı1.



3. Yeni-el.

Yeni-eldəki bayındırlar Hələb türkmənləri arasında yaşayan bayındır­la­rın bir qoludur. Bu qol da özlüyündə iki qola ayrıl­mışdır. 125 nəfər vergi ve­rən əhalisi olan birinci qol Bay Qoca adlı bir kəndxudanın buyruğunda, 111 nəfər vergi verən əhalisi olan ikinci qol isə Hələb türkmənlərinin başçısı Hüseyn Kətxu­danın oğlu Savçının idarəsi altındadır2. Yeni-eldəki bayındır­la­­rın 1688-ci ildə baraqlarla və digər bəzi oymaqlarla birlikdə Si­vas əya­lə­ti­nə tabe bir yerin tarlalarını öz heyvanlarına yedir­dik­ləri və evlərini yandır­dıq­ları xəbər verilir3. Bir az sonra onların Rüstəm Kətxuda oğlu Xalid bəyin rəhbərliyi altında 1101-ci il­də (1690) Avstriya səfərinə çağrıldıqları mə­lum­dur4. Bir il son­ra bayındırlara Rəqqa bölgəsinə yerləşmək əmr olunmuş­dur5. Ancaq onlar çox keçmədən yerləşdikləri yerlərdən qaç­sa­lar da,6 yaxa­la­nıb təkrarən Rəqqaya göndərilmişlər. Bundan son­­­ra Rəqqa bölgəsində qa­lan ba­yındırlar bəydili, cərid və di­gər boylarla birlikdə ərəb və kürd əşirət­lərinə qar­şı vuruşmuşlar.

Bayındırlar XIX əsrdə bəydili və baraqlar kimi Antəb böl­gə­sinə gələrək burada kəndlər salmış və yerləşmişlər. Hazırda onlar 5 obaya ayrılmışlar. On­lardan biri - keçmiş bəyləri Xalid bəyin adını almış xalidli obası Su­ri­yadakı Çobanbəyli kəndində yaşayır. Bu bayındırlar babalarının Sivasdan Rəqqaya sürul­muş olduqlarını hələ də unutmamışlar7.

4. Boz-ox.

Bu bölgədə bir bayındır oymağı yaşasa da, onun haqqında məlumatımız çox azdır.



5. Tarsus.

Tarsus bölgəsində yaşayan və XIV-XVI əsrlərdə varsaq ad­la­nan türk­mən icması boy adları ilə kusun, ulaş, qum-təmür, göy­çəlü və əlvanlı kimi bir sıra təşəkküllərə ayrılmışdı. Adı çə­kilən təşəkküllərdən ulaş boyu 7 oba­dan meydana gəlmişdir ki, onlardan biri də bayındır obası idi. Bu bayın­dır­ların hələ 925-ci ildə (1519) qırx obacığa ayrıldığı bilinir1. Hər biri müstəqil tar­lalara sahib olan bu obacıqların əhalisi birlikdə 828 nəfərdir (vergi verən). Bu rəqəmi 5 elə vursaq, bayındırların cəmisi 4.140 nəfər vergi mükəllə­fiy­yətli əhalisi olduğu barədə təxmini rəqəm əldə etmək olar.



6. İç-el.

II Bəyazid dövründə Silifkəyə bağlı Təkə kəndində 112 ver­­gi evi olan bir bayındır oymağı yaşayırdı2.



7. Təkə, Hamid, Məntəşə.

Bu bölgədəki yörüklər arasında bayındır adını daşıyan bəzi kiçik oymaq­lara təsadüf edilir. Təkədəki bayındır adlı oymaq­lardan 37 nəfər əhalisi olan oymaq Elsuz Piri, 25 nəfər əhalisi olan isə Tülü Bayındır şəklində zikr edilir.

Hamid sancağındakı 41 nəfərlik bayındır oymağının digər adı da il-ars­lan­dır. Məntəşə sancağındakı bayındır adlı oymaq isə təkə-saru adlı bir oy­maq­la birlikdə yazılmışdır. Bu sonuncu oymaq Məntəşədəki böyük xorzum oymağına tabe idi3. Təkə, Hamid və Məntəşədə təsadüf edilən bu kiçik ba­yındır oymaq­ları ehtimal ki, öz adlarını şəxslərdən almışlar. Bayındır adının XV-XVI əsrlərdə şəxs adı kimi işləndiyini yuxarıda bildirmiş­dik.

8. Xəzərarxası türkmənləri.

Bayındırlardan bir oymaq da göklən ulusu arasında yaşa­yırdı. Vam­be­ri­yə görə4 bu bayındır oymağı qalayçı, görük ya­pağı, yadçı, kəşir (?), ya­sa­ğa­lıq-törəng kimi qollara ayrılırdı. İndi bayındırların yurdu İran torpağın­dadır5.

Bayındır boyunun türk tarixindəki ən mühüm rolu onun Anadolunun fəthində və məskundaşdırılmasında iştirakından sonra ağqoyunlu dövlətini qur­masıdır. Buna görə ağqoyunlu xanədanına türk qaynaqlarında bayındırlı, fars qaynaqlarında bayındıriyyə adı verilir. Ağqoyunlu xanədanı Bayındır xa­nın nəsli olmaqla fəxr edirdi. Həmin xanədan ağqoyunlu dövlətinin son dövr­lərində xeyli qələbəlik idi, lakin onların mühüm bir qismi taxt-tac uğ­run­da mübarizədə tələf olmuşdu. Türkiyədə bu xanədana mənsub olanlardan bəzilərinin nəsli bu günə qədər da­vam etmişdir.

Türkmən İskəndər bəyin sözlərindən belə çıxır ki, xanədan üzvlərindən bir qismi də səfəvilər zamanında İranda yaşamış­dır. Səfəvi hökmdarının on­la­rı məhv etməməsi heyrət doğu­rur. Sə­fəvi dövründəki ağqoyunlu ailəsinə mənsub olanlar­dan Mu­rad bəy Bayındıriyyə Türkman ilə Məhəmməd Za­man Sultan Ba­yın­dıriyyə Türkmanı tanıyırıq. Şah Abbasın ən etibarlı xatunu Murad bəyin qızı idi. Məhəmməd Zaman Sultana gəlincə, özü və ailəsi yəzdli olub yaxşı təhsil gördüyü bildirilir. Şahın yaxın adamlarından olan Mə­həmməd Zaman Sultan 1015-ci ildə (1606/1607) ölmüşdür1.

14. PEÇENEQ

Bu adda X-XI əsrlərdə Qara dənizin şimalında və Balkan­lar­da mühüm si­yasi rol oynamış bir türk qövmünün olduğunu bilirik. Bundan başqa, XI əsrdə peçeneq adlı bir oğuz boyu da vardı. Kaşğari türk peçeneq qövmü ilə oğuz peçeneq qövmünü bir-birindən fərqləndirir2. Bu ad eyniliyi ancaq iki şə­kildə izah oluna bilər.

1. Hər iki təşəkkülün eyni ad daşıması sadəcə bir təsadüf­dür.

2. Oğuz peçeneq boyu türk peçeneq qövmünün bir parçası olub oğuz­la­rın tabeliyi altına girmiş, vaxt keçdikcə oğuzların bir boyu halına gəlmişdir. Ancaq nə Kaşğarinin, nə də Rəşid­əd­dinin xəritələrində bu ehtimala aid bir dəlil yoxdur. Üstəlik, bu boy bayındır, çəpni və çavuldurlardan fərqli olaraq, Oğuz xanın dördüncü oğlu Göy xana bağlanmır. Peçeneq boyuna aid təhrir dəftərlərində ancaq 4 kənd adı görünür ki,3 onların hamısı digər boylara aid çoxlu yer adları kimi Ankara sancağında yerləşir. Bu münasibətlə Ankara bölgəsində səlcuqlu fəthindən bəri çox qələbəlik bir türkmən elatının yaşadı­ğına bir daha diqqəti cəlb edək. XII əsrdə Ankara türkmənlərinin şöhrəti Xo­rasana qədər yayılmışdı.

Ankara sancağındakı peçeneq kəndləri Yabak ova, Murtəza ova və Qə­sə­bə qəzalarında yerləşir. Kəndlər indi də əvvəlki ad­la­rını daşıyırlar4. Bun­lardan əlavə, Ankaraya bağlı Şərəfli Qoç-hisar yaxınlığındakı bir vadi də Pe­çeneq özü (peçeneq va­disi) adlanır. Lakin indi bu vadidə Yeni-elə bağlı türkmən kənd­ləri yerləşir. Müasir dövrdə peçeneq yer adlarından ikisi Ma­raşın Əl­bistan qəzasında, dördü isə Konya bölgəsindədir. Bunlardan başqa, Ak­saray qəzasında (Konya) Beçeneq adlı bir tarlanın, İs­parta bölgəsində isə iki yer adının var olduğu məlumdur5. Üs­təlik, biri Su şəhərinə (Sivas), digəri də Əmir dağına (Afyon) tabe Peçenə adlı iki kənd var ki,1 onların bu boy­dan olduq­la­rı­na şübhə yoxdur.

Rəşidəddinin peçeneq boyunun adını biçənə şəklində yazdı­ğını bilirik. XVI əsrdə peçeneq adlı oymaqlara gəlincə, onlar Hələb türkmənləri, Tarsus varsaqları və atçəkənlər arasında yaşamışlar.



1. Hələb türkmənləri.

Qanuni Süleymanın hakimiyyətinin ilk illərində bu icma ara­sında yaşa­yan peçeneqlər ayrı-ayrı kəndxudaların buyru­ğun­da olmaq üzrə dörd qola ayrılmışlar. Bunlardan Süleyman Kət­xudaya tabe peçeneq qolunun 34 vergi evi, Əhməd, Mustafa və Əli kəndxudaların idarəsindəki peçeneq qollarının da 57, 67 və 109 nəfər vergi ödəyən əhalisi vardı. Onlar Hələb türkmən­lə­rin­dən olsalar da, yurdları o zamanlar Maraşa, indi isə Adanaya bağlı Ha­ru­niyyə qəzasındakı Bayındır nahiyəsində yerləşirdi. Bununla bərabər, onlara məxsus tarlaların Bulanıq (Bağça) və cənubda kınık torpağındakı Yarpıza qə­dər uzandığı bilinir. Peçeneqlər bu tarlalarda əkin əkir, çəltik (düyü) yetiş­dirirdilər. Bu əkin sahələrinin ən əsasları bunlardır: kənə günəş, pürnək (?), sis­ca, saqqızcıq, quzu dərəsi, təfkur bürcü (Xudu dağında), daşlıca eniş, ça­nax alanı, uşacuq pınarı, fındıq, böyük saqqız, incugəz, bərkəşlik, ovacıq pı­narı, göy pınar, yarpız, hüseynlər (Sarvandı-qaypaq qalası yanında). Peçe­neq­lərin Xızır Hacı, şah Məlik (digər adı: Əli Kətxudalı, yuxarı­dakı Əhməd Kətxudanın oğlu), ekiz və yad bəylu qolları Haruniyyənin şimal-şərqindəki Xudu dağında yaylağa çıxırdı. Bu qollardan yalnız yad bəylü eyni zamanda Xudu dağındakı təfkur bürcündə qışlayırdı, ora­da da yaylağı vardı. Digər tərəf­dən Şah Məlikin bir qolunun da Sarvandı dağında yaylağa çıxdığını bi­lirik.

1530-1540-cı illər arasında peçeneqlərin vergi ödəyən əha­li­sinin sayı 473-ə, 978-ci ildə isə (1570) 722-yə çatmışdı. Onlar bu son tarixdə aşağı­da­kı qollara ayrılmışdılar: İsa hacılu (82 vergi evi), boyacılu (9 vergi evi), ekizlər (97), piri bəylü (142), şah məliklü (31), habillu (3), ekiz (5), digər boyacılu (7), si­pa­hilər (39). Bunlardan vergi ödəyən 7 nəfərlik boyacılu Əl­bis­tana bağlı Göyərçinliyə yerləşmişdi. Peçeneqlər vaxt keçdikcə yeni kənd­xudalarının adı ilə adlanmışlar.

993-cü ildə (1585) Maraş və Göyərçinlik qazılarına göndə­rilən bir fər­manda2 peçeneq tayfasından Seyid Qazı və Qanlı Məhmədin quldurluq edə­rək peçeneq tayfasından Həsən Əli Fakihi öldürdükləri, eyni tayfadan Qara Əhməd oğlu Musta­fa­nın və Seyid Vəqqasın evini taladıqları yazılaraq, gü­nahkarları yaxalayıb mühakimə etmək əmr olunurdu. Bunlar yuxarıda Gö­yər­çinliyə yerləşdiklərini bildirdiyimiz peçeneqlərdir.

Sultan İbrahim dövründə (1639-1648) Hələb türkmənlərinə bağlı peçe­neqlər Gəbə oğlu Əli bəyin idarəsində olmaq üzrə 5 oba halında idilər: bə­rayirli (vergi ödəyən 40 nəfər) ekizlər (13), Xızır hacılu (29), xamudlu (12), bayırlu (13)1. Bu, peçe­neq­lər­dən çoxunun tamamilə yerləşmiş olduğunu və ya təhrir dəf­tər­lə­rinə daxil edilmədiyini göstərir. Bəs onlar haraya yerləş­di­lər? Bu sualın cavabını vermək üçün peçeneqlərin yay­laq yurd­la­rında (Xudu dağında) və Göyərçinlik nahiyəsində araş­dırma apar­maq lazımdır. Ancaq bunsuz da onlardan mü­hüm bir qis­min bəhs edilən yaylaqlarda yerləşmiş ol­duğunu qəti şəkildə söy­ləmək mümkündür. Peçeneqlərin Bayındırdakı qış­laq yurd­ları bu gün də Peçeneq adlanır, lakin orada ancaq tacirlilərə mən­sub kəndlilər görünür.

1   ...   14   15   16   17   18   19   20   21   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə