Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013




Yüklə 5.61 Mb.
səhifə14/42
tarix23.02.2016
ölçüsü5.61 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

2. Şam və Trablis ətrafındakı bayatlar

Bayatlara məxsus bəzi kiçik oymaqlara XVI əsrdə Şam və Trablis ətra­fın­da yaşayan türkmənlər arasında rastlanılır­dı. On­lardan Şam ətrafında ya­şayan oymaq çox kiçik olub sayı ancaq 39 ev idi. Trablis yörəsindəki oymaq isə biri 73, digəri 64 nəfər (vergi verən) olmaqla iki qola ayrılmiş və o böl­gə­dəki səllu­riyyə (salur) təşəkkülünə bağlı idi1. Bu bayat obalarının Hələb türkmənləri arasındakı ana boydan ayrıldıqları anlaşılır.



3. Boz-ulus bayatları

XVI əsrdə boz-ulus arasında ancaq iki bayat oymağı vardı. Bunlardan bi­ri əsil boz-ulus elatında, digəri isə boz-ulusun dul­qədirli təşəkkülləri ara­sında idi. II Səlim dövründə yazılmış boz-ulus dəftərinə görə əsil boz-ulus qolundakı bayat oyma­ğı­nın əhalisi vergi verən 206 nəfərdən ibarət idi. Boz-ulusun dul­qədirli qolunda olan və şam bayatı adlanan oymağın əhalisi isə 344 nəfər (vergi verən) idi2.



4. Dulqədirli bayatları (Şam bayatı)

Dulqədirli elinə daxil olan bayatlar Şam bayatı adlanırlar. Adından da gö­ründüyü kimi, bu bayat qolu Şimali Suriyadakı bayatlara mənsubdur. Hə­min bayat qolunun böyük bir qisminin Boz-ox bölgəsində yurd saldığı bi­li­nir. Bundan başqa, Yeni-el­də, ulu-yörüklər arasında və gördüyümüz kimi, boz-ulusun dul­qədirli qolu içində də bəzi şam bayatı oymaqları vardır.

Şam bayatı oymağının diqqətəşayan bir cəhəti də onun qaçar boyunun təşəkkülündə oynadığı roldur, qaçar (İran qay­naq­larında qacar) boyuna dair ən qədim məlumat 897-ci ilə (1491/1492) aiddir. Bu tarixdə qacarlar əsasən Azərbay­canın Qarabağ bölgəsində yaşayırdılar. Ağqoyunlu xanəda­nı­na mən­­sub olan və İbə Sultan adı ilə tanınan Dana Xəlil oğlu İbrahim bəy 987-ci ildə qacar ləşkəri ilə birləşərək, ağqoyunlu xanəda­nın­dan Maqsud bəy oğ­lu Rüstəm bəyi hökmdar etmək üçün onu həbsə salındığı Əlincə qalasından çıxarmışdır3. İbə Sultan onu ağqoyunlu taxtına çıxardıqdan sonra 898-ci ildə (1492/1493) yenə qacar ləşkəri ilə birlikdə Gilana səfər etmişdi4. Daha əvvəl də deyildiyi kimi, ehtimal ki, qacar sözü bir şəxsin adı ilə bağlıdır. Qacarlar sonra Şah İsmayılın xidmətinə daxil olaraq səfəvi dövlə­tinin qurulmasında rol oynamışlar. Bu təşəkkül XVI əsrdə Şam bayatı, ağca qoyunlu, ağcalı və yıva obala­rın­dan meydana gəlmişdi. Bu oymaqların ana qolları Boz-ox böl­gəsində yaşayırdı. Bu xüsus qacar boyunun Anadoludakı Yoz­qat bölgə­sin­dən Azərbaycana ağqoyunlu dövründə getdiyinə heç bir şübhə yeri qoymur.

a) Boz-ox.

Boz-oxdakı Şam bayatı bu bölgənin Gədük yörəsində ya­şa­yırdı. Bu yörə Kayserinin şimal-şərqində, Gəmərək ilə Man­cı­lıq arasındakı torpaqları əhatə edirdi. Burada yaşayan Şam ba­yatları əsasən xızırlı, həsəncili, kəsməzli, şeyxli, şərqili, qızıl donlu və qaraca-qoyunlu kimi oymaqlara ayrılmışdı. Bu obalar tarlalarında əkinçilik edir, qışda Suriyaya gedirdilər. Ancaq XVI əs­rin ikinci yarısında Şam bayatları qışda Suriyaya get­mək­dən vaz keçmişlər.



b) Yeni-el.

Bu eldə yaşayan Şam bayatı qolu ancaq 5-6 obadan ibarət idi. Tatar-əlili müstəsna olmaqla digərləri Boz-ox yörəsindəki şam bayatı obalarının qolla­rıdır.



c) Ulu-yörük.

Ulu-yörük icmasına bağlı təşəkküllərdən biri də inallu oy­ma­ğıdır ki, o, Şimali Suriyadakı inalluların bir qoludur. Amas­ya ətrafında yaşayan inallu təşəkkülünün arasında şam bayatı adlı bir neçə oba vardı1. Əvvəlcə də de­diyimiz kimi, bu hal ba­yatlarla ilallular arasında qəbiləvi bir qohumluqla əla­qədar ola bilər.



ç) Ankara.

Şam bayatına mənsub iki kiçik oymağın da 929-cu ildən əvvəl (1522) Ankaranın Kalecik qəzasında yurd saldığı bilinir. Onlardan biri Çuna, digəri isə Tavşancıq kəndlərində yerləş­mişdi2.



d) Maraş.

Şam bayatına mənsub bir oymaq Behisniyə tabe Qorucu kəndində, vergi mükəlləfiyyətli 40 nəfər əhalisi olan başqa biri isə Antakyanın Hacılu kən­dində qışlayırdı3.

Boz-oxda yaşayan Şam bayatının İrandakılar kimi şiə, yəni qızılbaş ol­duğu, hətta İranla əlaqə saxladığı bilinir. 986-cı ildə (1578) Boz-oxdakı Şam bayatına mənsub bir şəxs özünün 984-cü ildə (1576) öldürülən səfəvi hökm­darı II Şah İsmayıl oldu­ğunu elan edərək başına xeyli adam toplayıb Qır­şəhirdəki Hacı Bəktaş Vəli təkkəsində tərəfdarları önündə qurban da kəs­mişdi. Ancaq onun hərəkatı qısa bir müddət sonra yatırıldı.4

Şam bayatının həm Boz-ulus, həm də Yeni-eldəki obaları bu icmaya məxsus digər oymaqlar kimi 1022-ci ildə (1613) Orta Anadoluya gəlmişlər. Onlara da 1100-cü ildə (1688/1089) Orta Anadoluda qələbəlik dəstəsi ilə qul­durluq edən Gədikin cəzalandırılması tapşırılmış, ertəsi il digər türkmən təşəkkülləri kimi Avstriya səfərinə çağrılmışlar1.

Orta Anadoluya gələn və deyildiyi kimi, Yeni-elə və Boz-ulu­sa mənsub olan Şam bayatı oymaqlarının harada yerləş­dik­ləri haqqında dolğun məlu­ma­tımız yoxdur. Onlardan bir və ya bir neçə obanın Çuxurovaya endikləri və Qaraisalı qəzasında bu gün öz adları ilə adlanan kəndlərdə yerləşdikləri anla­şılır2. Onlardan başqa bir obanın Qaraman qəsəbəsində yerləşdiyi mə­lumdur. Orada ayrı bir məhəllə təşkil edən oba camaatı bu gün də öz qəbilə­vi mənşəyini unutmamışdır.
5. Kütahya

XVI əsrdə bayat adını daşıyan bir oymağa da Kütahya yö­rükləri ara­sında təsadüf edilmişdir. Kütahyanın Geyiklər yö­rəsində yaşayan bayat adlı bu oymağın II Bəyazid dövründə vergi mükəlləfiyyətli 53 nəfər əhalisi vardı. Digər tərəfdən hə­min əsrdə Uşaq yörəsində yaşayan boz quş adlı böyük bir oy­mağın obaları arasında da vergi mükələfiyyətli 25 nəfər əhalisi olan qara-bayat adlı bir oba olmuşdur3. Həmin əsrdə bayat adlı digər bir oymağa isə An­talya (Təkə) sancağında rast gəlirik4. Anadolu bayatları haqqında əldə edilən məlumat bunlardan iba­rətdir.



6. İraq və Cəzirə bayatları

Səlcuqlular zamanında səlcuqlu əmirlərindən Ağ-Sunqur ul-Buxarinin Bəsrədəki naibi Sunqurun əl-Bayati nisbəsini da­şı­dığından və XII əsrin son­larına doğru Bağdadın cənub-şərq­dəki Tib çayının mənbəyinə yaxın yerdəki bir qalanın Bayat adlan­dırıldığından və bu qalanın hakiminin türk olduğun­dan bəhs etmişdik. XVI əsrədək İraqda və Cəzirədə bayatların yaşadı­ğı­na da­ir heç bir tarixi qeydə rast gəlmirik. XVI əsrə aid Osmanlı təhrir dəftər­lə­rin­də də ancaq qaraca-bayat adlı çox kiçik bir oy­maq görürük. Kərkük yö­rəsində yaşayan bu oymağın vergi mü­kəlləfiyyətli 24 nəfər əhalisi var­dı5. Bağdadlı münşi Məhəmməd bin Əhmədə görə Bağdaddakı6 son Köləmən valisi Davud paşa zamanında valiyə tabe oymaq qoşunları arasın­da 1.000 atlı ba­yat, təyy və milli (kürd) oymaqlarına mənsub idi.

Həmin müəl­lif (əsər 1822-ci ildə yazılmışdır) Kirmanşah bölgəsindəki ba­yatların 2.000 çadır olduğunu qeyd etdikdən sonra Tavuk böl­gəsində də onlardan 2.000 evə ya­xın bir elat olduğunu, türkcə və ərəbcə danışdıqlarını yazır. Müəllif bayat­la­rın bəyənilən və əl-əl gəzilən atlar yetişdirdiklərini və onların İraqi-Ərəbdə məş­hur olduqlarını da yazır1. Müasir İraq tarixçisi Abbas ül-Əzza­vinin, ba­yatlar haqqında verdiyi məlumata görə2, onların mü­hüm hissəsi indi Kərkük bölgəsində oturaq həyata keçmişdir. Kö­çəri həyat sürənlər az olub, 13 oba­dan, bir neçə qoldan iba­rət­dir. Həmin müəllifə görə, köçəri bayatlardan bəzi oymaqlar ərəblərlə qarış­mışlar.

Lakin onların hamısı ana dilini, türkcəni unutmamışdır. Bu bayatlar Kərkükdə və qonşu bölgələrdə qə­dim­dən bəri ya­­şayırdılar, yoxsa buralara XVI əsrdən sonra İran­­dan gəlmişlər? Bu sual hə­lə də cavabsızdır. Şübhəsiz, İraq ba­yatları türk ədəbiyyatının ən böyük us­tadlarından biri olan Fü­zulinin həmyerliləri olmaq etibarilə diqqət və ma­rağımızı daha çox cəlb edirlər. Lakin Səfəvi hökmdarı Şah Abbasın ki­tab­xa­naçısı, şair, mühərrir və nəqqaş Əfşar Sadığın (əslində, şamluya bağlı xar­bən­dəlu-xudabəndəlu adlı türkmən obasından idi) sözlə­rinə baxsaq, Füzuli İraq bayatlarına deyil, İran bayat­la­rına mənsubdur. Onun dediyinə görə, ba­yatdan (şübhəsiz, mü­­əllif burada öz ölkəsindəki bayatları nəzərdə tutur) olan Fü­zu­li səfəvi əmirlərindən İbrahim xanın məiy­yətində Bağ­dada getmiş və İb­rahim xanın Qanuni Sultan Süley­manın gəlişi ilə əla­qədar İrana qayıt­ma­sından sonra Hillədə yerləşmişdir3. Bu­rada adı çəkilən İbrahim xan Mosullu oymağından olub Bağ­dad valisi ikən 934-cü ildə (1527) qardaşı oğlu Zül­füqar Sultan tərəfindən öldürül­müşdür4. Buna görə də İbrahim xanın Qanuni Sultan Süleyman tərəfindən məğlub edilməsi barədə Sadığın söz­ləri doğru deyil.



7. İran bayatları

a) Öz bayatlar (ağ bayatlar)

Səfəvi dövründən əvvəl İranda bayatların yaşadığına dair heç bir məlu­mat yoxdur. XVI əsrdə İranda yaşayan bayatlar tək bir təşəkkül halında de­yil, müxtəlif bölgələrdə olmaq üzrə üç qol halında idilər. Bu, onların bir-bi­rindən fərqli siyasi keçmişə sahib olmalarından irəli gəlir. Onlardan yalnız bayat adını daşı­yanlar Həmədanın cənub-şərqindəki Kəzzaz və Kirihrud böl­­gəsində sakin olanlardır. Şah Abbasın tarixçisi türkmən İs­kən­dər bəyə görə1 bu bayatların əhalisi Təhmasib döv­rün­də 10.000 çadır idi. Təhmasib dövründə onlar Əmirşah bəy, Süleyman bəy, Hacı Üveys bəy və Seyf bəy kimi əmirlər tərəfindən idarə olunmuşdur2. Sonuncu bəylə bərabər Əli Sultan adlı digər bir bayat bəyi Qanuninin İran səfəri münasibətilə bizim ta­rixlərdə də xatırlanır3. Bütün bu bayat bəyləri öz hökmdarları Təh­ma­sibin əsas səfərlərində iştirak etmişlər. Rumlu Həsən bəyin və naməlum bir mü­əllifin qeyd etdiklərinə görə4 adı çəkilən İran hökmdarının ölümü əsna­sında bayatlar da saray mühafizləri ara­sında idilər. Bayatlarla lurlar arasında Ni­ha­vənd yörəsindəki Burucird qəsəbəsi üstündə əski bir düşmənçilik vardı ki, bu, I Şah Abbasın hökmranlığının ilk illərində bayat əmiri Uğurlu bə­yin öl­dü­rülməsi ilə son həddə çatmışdır5. Şah Abbas 1002-ci ildə (1593) Uğurlu bəyi öldürən Luristan hakimi Şahverdinin üzərinə səfər etdi.

Şahverdi bir neçə ildən bəri Şah Abbasın hakimiyyətini ta­nı­mayaraq müstəqil hərəkət etməyə başlamışdı. Şahverdini ita­ətə məcbur edən Şah Ab­bas Burucirdə girərək Uğurlu bəyə kö­mək göstərmədikləri üçün bayat­ların tanınmış adamlarını dan­ladı. Uğurlu bəyin qardaşı Şahqulu Sultanın xa­hişi ilə şah onla­rın günahından keçdi. Bayatlar da bunun əvəzində hökm­dara qı­zılbaşlar arasında öz gözəlliyi ilə tanınan və boyun adı ilə ad­lanan (bəyati-nəjad) atlarından 3.000 ayğır və qısraq təqdim et­dilər, peşkəş olaraq, üstəlik 3.000 tümən verdilər6.

Şah Abbasın bayatlardan Hüseyn Əli bəyi 1598-ci ildə elçi olaraq İspa­niyaya göndərdiyi məlumdur7. Onun dövründə Yar­əli Sultanın İrəvan bölgə­sindəki Bəyazid qalasının, Bədir Sul­ta­nın isə həmin bölgədəki bir yerin ha­kimi olduqlarını bilirik8. Şah Səfi dövründə həmin yerlərdə bu bayat bəylə­ri­nin oğulları xələf olmuşlar1. Bu təyinatlar səbəbilə bayatların mühüm bir qismi Azərbaycana getmiş və orada yerləşmişdir. Bu bayatlar da­ha sonra ba­yati-mütləq və ya ağ bayat adları ilə İrandakı di­gər bayat qollarından fərq­ləndirilmişlər. Onlar Şimali Suri­ya­dakı bayatların bir qolu olub ağqoyunlu fəthi və ya Səfəvi döv­lətinin qurulması ilə əlaqədar İrana gəlmişlər.

b) Qara bayatlar (Xorasan bayatları)

Səfəvi dövründə İrandakı ikinci bayat qolu Xorasanda yaşa­yırdı ki, on­lara qara bayat da deyilir. Qara bayatların Xarəzm türkmənlərinə mənsub ol­duqları bilinir. Şah İsmayıl Xorasanı fəth etdikdən sonra onlar səfəvi haki­miyyətinə girmiş, tabelik əlaməti olaraq qara sifətini almışlar. Qara bayatlar Nişapur böl­gəsində, xüsusilə bu bölgənin Mədən deyilən yörəsində yaşa­yır­dılar2.

XVI əsrin sonlarına doğru Xorasanın bəzi vilayətlərini ələ ke­çirən özbək hökmdarı Abdulla xan buraları oğlu Əbdül­mö­min xana vermişdi. Əbdülmö­min xan 1591-ci ildə Nişapuru ge­ri almaq istəyən səfəvi sərkərdəsi Qara­manlı Fərhad xanı geri çəkilməyə məcbur etdikdən sonra qara bayatlar ona ta­be olma­ğı qəbul etdilər. Lakin onlar daha əvvəl çağataylardan çoxlu adam öldürdükləri üçün Baba İlyas oğlu Mahmud Sultan və di­gər bayat başbi­lən­lə­ri xanın hüzuruna gedərək, ona itaət etdik­lərini bildirsələr də, bağışlan­ma­yaraq öldürüldülər3. Mahmud Sultanın qardaşı Məhəmməd Sultan pərişan bir halda ətrafa da­ğılmış qara bayatları başına toplayaraq Şah Abbasa böyük xid­mət­lərdə bulunmuşdu. Hətta buna görə Şah Abbas tərəfindən bü­tün qara bayat boyu vergilərdən azad edilmişdi4. 12 il Nişa­pur valisi olan Məhəm­məd Sultan öldükdən sonra yerinə oğlu Bayram Əli Sultan keçmişdir5. Bu ta­rixdən etibarən Nişapur uzun bir zaman qara bayatların əlində qalmışdır. Na­dir şah döv­­ründə və onun ölümündən sonra da Nişapur yenə qara bayat bəy­ləri tərəfindən idarə olunurdu6.

c) Şam bayatı (qacar boyu bayatları)

İrandakı üçüncü bayat təşəkkülü bizim Şam bayatı oymağı­nın bir qo­ludur. Bu qol, daha əvvəl də dediyimiz kimi, yıva, ağ­calı və ağcaqoyunlu tə­şəkküllərinə mənsub qollarla birlikdə qa­car boyunu meydana gətirmişdir. Qa­carlar XVI əsrdə əsasən Azərbaycanın Gəncə və Bərdə bölgəsində yaşa­yır­dılar. Ancaq XVI və XVII əsrlərdə qacar bəylərindən hansılarının Şam ba­­ya­­tına mənsub olduqları bilinmir. XVIII əsrin birinci yarısında Gəncəyə bağlı kəndlərdən bi­rinin Şam bayatı adını daşıdığını görürük1. Nadir şah öl­dü­rül­dük­dən sonra onun yerinə keçən Adil şahın böyük əmirlərindən Mə­həmməd Əli xan Şam bayatından idi2.Qacar hökmdarı Fə­tə­li xan (Baba xan, 1797-1834) dövrünün əmirlərindən Mə­həm­məd Əli xan, qardaşı İsmayıl xan, Pirqulu xan və oğlu Mə­həm­məd Bakir xan da bu oymaqdan idi3.

İrandakı bayatlar indi tamamilə oturaq həyata keçmiş, mü­hüm bir qismi Xəmsə (əsasən Zəncan bölgəsi) vilayətində ya­şayır. Qaşqaylar arasında da bir neçə kiçik bayat oymağına tə­sadüf olunur4. Şərq musiqisindəki bayatı mə­qamının (muğa­mı­nın - tərcüməçi) İran bayatlarının musiqi havalarından alın­dı­ğı­na şübhə yoxdur.
3. ALKA BÖLÜK

(Alka-evli)

Göründüyü kimi, Mahmud Kaşğaridə alka bölük, Rəşidəd­dində alkaravlı və Əbülqazidə alka-evli (ivli) şəklində yazılan bu oğuz boyuna mənsub bir oymağa və ya yer adına heç bir yer­də təsadüf edilməmişdir. Bunun səbəbi nə­dir? Bu barədə qəti bir şey söyləmək mümkün deyil. Bugün Türkiyədə Zon­qul­­dakın Safranbolu qəzasına bağlı Halka-evli5 kəndi ilə ölkə­dəki halka avlu, hətta halkalu yer adlarının6 bu boyla əlaqədar olub-olmadığını haq­qın­da da qəti bir şey söyləyə bilmirik.
4. QARA BÖLÜK

(Qara-evli)

Bu boya aid Türkiyədə səlcuqlular və osmanlılar dövründə mühüm bir oymağa təsadüf edilməmiş, Suriya, İraq və İranda da bu adda təşəkkül ol­mamışdır. Yalnız Xarəzm türkmənləri ara­­sında XVI-XVII əsrlərdə qara-evli adlı bir oymağın mövcud olduğunu bilirik ki, aşağıda ondan ayrıca bəhs edi­ləcəkdir. Da­ha əvvəl (I hissədə) söylədiyimiz kimi, dulqədirli elinə mənsub olan böyük ağcaqoyunlu boyunu meydana gətirən əsas oba­lar­dan biri də Musa hacılu (bəzən qısaldılmış şəkli ilə musacalu) idi. Musa hacı­lunun Ye­ni-eldə yaşayan qolu XVI əsrin ikinci ya­­rısında bir sıra qollara ayrılmış, on­lar dəftərlərdə məhəllə (obanın yurdu) sözü ilə göstərilmişdir. Bu məhəllə­lərdən biri­nin qara-evli olduğunu görürük (86 vergi mükələfiyyətli). Dəf­tərlərdə məhəllə oymağın və ya obanın qolları mənasında da iş­lə­dildiyi üçün buradakı qara-evlinin musahacılu qolunun yaşa­dığı yerin deyil, doğrudan-doğruya öz adı ola bilər. Əslində, mə­­­həllə kəlməsi ilə zikr edilən adlar araş­dırılarkən bunların yer adları olmadığı görünür. Bununla bərabər bu qara-evli obasının qara-evli boyu ilə əlaqədar olduğu qəti bir şəkildə irəli sürülə bilməz. Çünki qara-evli kəlməsi eyniadlı boy ilə münasibəti ol­mayan hər hansı bir oymağa hər zaman və hər yerdə verilə bi­lə­cək adlardan biridir. Xə­zərarxası türkmənləri arasındakı qara-ev­­li oymağı üçün də eyni ehtimal uy­ğun olduğu kimi, hal-ha­zırda İç-eldə yaşayan qara-evli oymaqlarının da öz adlarını son­­­radan aldıqları anlaşılır.

XVI əsrdə Türkiyədə Qara-evli şəklində bəzi yer adlarına təsadüf edilsə də, bunların ümumi sayı 8-dən artıq deyildir1. On­lar Bolu sancağında, Tokat və Kastamonu bölgəsində idilər. «Türkiyədə məskun yerlər qılavuzu»na görə2 biri Qara-evlilər olmaq üzrə Türkiyədə Qara-evli adlı 10 kənd vardır. Bu yer ad­larından çoxunun bu boyla əlaqədar olduğu şübhəsizdir.

Əbülqazinin bəhs etdiyi qara-evlilərə gəlincə, onlar Amu-Dər­yanınn (Cey­hun) sahilində də Acı dənizin (Xəzər) yaxınlı­ğın­da yaşayırdılar. Həmin müəllifə görə, bu qara-evlilər Kaşğa-Çura adlı bir şəxsdən törəmişlər. Kaş­ğa-Çuraya gəlincə, onun baş­qa yerdən gətirilmiş bir kölənin oğullarından olduğu nəql edilir3. Bu rəvayət doğrudursa, bu təşəkkülün eyni adlı oğuz bo­yundan olmadığına hökm vermək lazımdır. Hazırda yarı kö­çəri həyata vida etmək üzrə olan Toros dağ­larındakı yörüklər arasında da qara-evli adında bir neçə kiçik oymaq var. Ancaq bu oymaqların daşıdıqları adı daha sonra al­­dıqları bilinir4.

5. YAZIR


Rəşidəddin türklərin əfsanəvi tarixində Dib-Yavkunun bəy­ləri arasın­dakı Alay, oğlu Bulan və hətta Dib-Cəngşu və oğlu Dür­keşin bu boydan ol­duqlarını bildirir5. Orada oğuzların da­ğıl­­ma­sı və Şah Məlikin hücumu za­manı yazırdan bir bəyin Əli xa­­nın oğulları ilə Yazır yörəsinə getdikləri və Hi­sar-Tağda yurd saldıqları, onların uşaqlarının və nəslinin hazırda həmin yerdə yaşadıqları bildirilir1. Lakin biz yazırları Xorasanda an­caq 555-ci ildə (1160) görürük. Həmin il xarəzmşah İl-Ars­lanın əsgər­lə­ri Əcnəyə2 hücum edə­rək yazırların başçısı Ödək xan oğlu Yağmur xanı məğlubiyyətə uğrat­dılar. Yağmur xan xa­rəz­m­şa­hın hücumunu Səncərin əmirlərindən Dehistan ha­kimi İxti­yar­əddin Aytakın təhrikinin nəticəsi hesab edirdi. Buna görə də Aytaka qarşı mübarizə üçün Sultan Mahmudun başçılıq etdiyi oğuzlardan kömək istədi. Oğuzlar yazır bəyinin xahişini qəbul etdilər. Birinci hissədə təfsilatla təsvir olunduğu kimi, Yağmur xan və oğuzlar Aytakı və onun müt­təfiqi Mazandaran hökmda­rını baş verən şiddətli vuruşmada tar-mar etdilər3.

Yazırların öz adlarını daşıyan yurdları Nəsa şəhərinin qər­bin­də yerlə­şir­di. Buradakı bir qəsəbə də Yazır adlanırdı. Bu qə­səbə XVI əsrin birinci ya­rısında orta dərəcəli bir şəhər idi. Ya­zırlar Səncərin dövlətini yıxan oğuz ela­tına daxil deyildilər. On­lar əvvəlcə Manqışlaqdan Balxana enmiş, oradan da buraya gəl­mişdilər4.

Xarəzmşah Sultan Məhəmmədin qara kıtaylara qarşı müba­rizədə müvəf­fəqiyyətsizliyə uğraması nəticəsində üsyan edən Nişapur əmiri Kəzlik xan məğlub olduqdan sonra yanındakı bir türkmənin təklifi ilə yazırların yanına getmək istəsə də, oraya yolladığı adamlar yazırlar tərəfindən yaxalanıb xa­rəzm­şaha təs­lim edilmişdi5. Həmin əsnada və ya bir qədər sonra yazır­la­rın ba­şında Hindu xan adlı bir bəy dururdu. 11 il yazır bəyi olan Hin­­du xandan sonra yazır yurdu tamamilə xarəzmşahların əlinə keçmişdi. Onun qardaşı Ömər xan xarəzmşahların pay­taxtı Ür­gəncdə yazır bəyliyinin ona verilməsi üçün inadla çalış­sa da, bu inad ona ancaq Sabur xan ləqəbini qazandırmaq­dan başqa bir nəticə verməmişdir. Xarəzmşah Sultan Məhəmmədin anası Tərkən xatun monqol hücumu səbəbilə Ürgəncdən Ma­zanda­ra­na yola dü­şən­də keçiləcək yerləri yaxşı tanıyan Sabur xan da onun yanında idi. Səya­hət zamanı Sabur xan validə sul­tana sə­da­qətlə xidmət etdiyi halda, Tərkən xatun yazır yurduna çatan­da onu tərk edəcəyindən şübhəyə düşərək xanı giz­lincə öl­dürt­dü6.

Monqol dövründən sonra yazırlara qaradaşlı (taşlı) deyi­lir­di7. Onlar Şah Abbas zamanında digər türkmən oymaqları kimi sə­fəvi hakimiyyətini qəbul etmiş­dilər. 1038-ci ildə (1628/1629) qaradaşlıların başında Rəhman­qulu Sul­tan dururdu. An­caq o həmin il Xarəzm hökmdarı İsfəndiyar xanla və onun qar­daşı müəllif Əbülqazi ilə birləşərək səfəvilərdən üz çevirsə də, on­lar səfəvi qoşunu qarşısında duruş gətirə bilməmişdilər1.

Göründüyü kimi, yazırlar sanki müstəqil bir qövm kimi XII əsrdən XVII əsrədək Xorasanda varlıqlarını qoruyaraq yaşa­mışlar. Bu belə olmaqla bə­ra­bər, onlar Anadolunun fəthində və məskunlaşdırılmasında da olduqca mü­hüm rol oynamışlar. XVI əsrdə bu ölkədə Yazır adlı 24 kənd2 və onlara mən­sub bəzi oy­maqlar da vardı. Bu oymaqlar dulqədirli ulusu ilə Həmid, Təkə və Ankara sancaqlarında yaşayırdılar.

1. Dulqədirli ulusu.

Bu ulus arasındakı yazırlar qaracalu (digər adı: anamaslu) bo­yunun oba­la­rında müşahidə edilir. Bu, yazırlarla qaracalu bo­yu arasındakı qüvvətli mü­na­sibətlərlə əlaqədar ola bilər. Biri 46, digəri 49 nəfər əhalisi (vergi ve­rən) olan yazır obaları An­takya bölgəsindəki Bağras qəzasında qışlayırdılar. Müstəqil ol­du­ğu bildirilən 99 adamlıq (vergi verən) üçüncü yazır obasının isə Birəcik ətrafında qışladığı, Əlbistana yaylağa getdiyi mə­lumdur3.



2. Boz-ox.

Boz-ox sancağındakı yazır obaları da kiçik idi; biri 29, di­gəri 51 evli idi4.



3. Hamid sancağı.

Bu sancaqda Yazır adlı üç kənd vardı. Həmin dövrdə bura­da yaşayan ya­zırlar 95 evdən ibarət idi və Əli Fəxrəddin adlı bir oymağa daxil idi5.



4. Təkə sancağı.

Buradakı yazır obası sarı və qara sifətləri ilə iki qola ayrıl­mışdı. Öz-kənd adlı bir kənddə isə bu oymağın üçüncü qolu ya­şayırdı6. Bunlardan baş­qa, bu bölgədə Yazır adlı iki kənd də vardı. Bütün bunlar Hamiddə olduğu kimi Təkə sancağında da ol­duqca mühüm bir yazır icmasının yerləşmiş ol­du­ğunu gös­tərir.



5. Ankara.

Bu sancaqdakı yörüklər arasında yaşayan yazırlar kiçik bir oy­maqdır. 42 evdən ibarət olan bu oymaq Çukurcaq adlı bir kənd­də yaşayırdı7.

6. DÖYƏR

Rəşidəddinin «Türklərin tarixi» fəslində verdiyi məlumata görə, oğuz hökmdarı Dib-Yavkunun bəylərindən Taş bəy və onun oğlu Yalğu (?) bəy, Ala Atlı Kişi Donlu Kayı İnalın vəziri Ayıldır döyər boyundan idilər1. Rə­şidəddindəki bu rəvayətləri qiymətləndirmək lazım olsa, deməliyik ki, dö­yər­lər oğuzların islamiyyətdən əvvəlki tarixlərində mühüm bir mövqeyə sa­hib idilər. Bununla bərabər, onların səlcuqlu fütuhatında da mühüm rol oy­nadıqlarını söyləmək mümkündür. Çünki XIII-XIV əsr ta­rixçilərindən Cə­zirəli (indiki Cizrə) Şəmsəddin Məhəmməd bin İbrahim (1260-1339) artuqlu xanədanının bu boydan oldu­ğunu yazır2. Artuq bəy və oğullarının isə XI-XII əsrlərdə türk­mənlər arasında böyük nüfuz sahibi olduqlarını və əsalətli bir ailə sayıldıqlarını bilirik. Bütün bunlara baxmayaraq təhrir dəf­tərlərində bu boya aid 19 yer adına təsadüf edilmişdir. Bu yer adları digər boylarınkı kimi Orta və Qərbi Anadoluda müşahidə edilir3.


Döyər Salim bəy və oğulları

Bir çox oğuz boyları kimi qaynaqlar döyərlərdən də XIV əsrin ikinci ya­rısından etibarən bəhs etməyə başlayırlar. Mon­qol hakimiyyətinin sona çat­ması, məmlük əmirlərinin bir-birilə mübarizəsi artıq əhalisi çoxalmış türk­mən boylarına fəaliyyətə keçmək imkanı vermişdi. Döyərlər həmin dövrdə Salim adlı bir bəyin başçılığı altında Cəbər yörəsində yaşayırdılar. Onların Su­riyadakı türkmən elatına, yoxsa ağqoyunlu və qaraqoyunluları əhatə edən və məmlük tarixçilərinin şərq türkmənləri adlandır­dıqları icmaya mənsub ol­duqları dəqiq bilinmir. 773-cü ildə (1371) döyər Salim bəy Bəşiriyə gəl­miş və Xısn Keyfanın əy­yubi hökmdarı Məlik ül-Əşrəfə elçi göndərərək ondan sığın­maq üçün bir yer göstərməsini və ehtiyacları xüsusunda kömək etməsini xahiş eləmiş, sonra öz arvadı ilə yanındakı bəylərin ar­vadlarını gön­dərərək təkrar iltimasda bulunmuşdu.

Salim bəyin bu şəkildə hərəkətinə səbəb Dəməşq (Şam) və Hələb qüv­və­lərindən ibarət bir məmlük ordusunun onu şid­dətlə təqib etməsi idi. Salim bəy bu ordunun qabağından qaça­raq Bə­şiriyə qədər gəlmişdi, məmlüklər isə onu addımbaaddım izlə­yir­dilər. Döyər bəyinin məmlüklərin qəzəbinə səbəb olmuş hə­rəkətinin nə olduğu bilinmir. Ehtimal ki, bu ticarət karvan­larını, bəlkə də həcc qafilələrini soymaq xüsusu ilə bağlı idi. Çünki Sa­lim bəyin eyni mahiyyətli bir hərəkətindən dolayı qa­ra­qo­yun­lu Qara Məhəmmədin hü­cumuna uğradığını aşağıda gö­­rə­cəyik.

Xısn Keyfa hökmdarı Salimin adından kömək istəməyə gə­lənlərə heç nə edə bilməyəcəyini söyləyib onları üzgün halda ge­ri qaytarsa da, Salimin kü­rəkəni olan öz qardaşı Öməri giz­lincə döyər bəyinin yanına göndərmiş və ona ölkədə istədiyi ye­rə sığınmasını və mümkün olan hər cür köməklik gös­tə­rə­cə­yini bildirərək Salim bəyi sevindirmişdi. Salim bəy Xısn Keyfa ətra­fın­­dakı sərt bir dağa yerləşmiş və əyyubi hökmdarından hər cür kömək gör­müşdü. Məmlük ordusu Salimi bu dağda bir müd­dət mühasirəyə alsa da, əliboş geri qayıtdı. Məmlük ordusu uzaqlaşdıqdan sonra Salim məiyyəti ilə birlikdə sığındığı dağın yaxınlığında sevinc içində yeyib-içərkən türkmən­lər­dən bir bö­lü­yün hücumuna uğradı. Türkmənlər məmlüklərin tuta bilmə­di­yi döyər bəyini əsir alıb Amidə doğru götürdülər. Xoşbəxt­lik­dən Salim bə­yin əmisi Əbülqadirin oğlu Həsən bəy özünü ye­tirib onu türkmənlərin əlin­dən qurtardı1. Ehtimal ki, bu türk­mən­lər ağqoyunlulardan idilər. Bu ha­disədən sonra Salim bəy yurdu Cəbərə qayıtdı.

776-cı ildə (1374/1375) ildə Salim bəy İraq tacirlərini öldü­rərək malla­rını yağmalayan Yaxmur oğlu (bir Anadolu qay­na­ğında vələdi-Umur) Şiha­bəddin Əhmədin bağışlanması üçün ana­sını həmin türkmən bəyi ilə Qahi­rə­yə göndərmişdi. Bu, Salim bəyin məmlük sultanı ilə arasının düzəldiyini gös­­tərir. Məm­lük sultanı Məlik ül-Əşrəf Şaban çox qəzəblən­diyi Yaxmur oğ­lunu əfv etmiş və ona Misirdə iqta vermişdi. Be­ləliklə, öz vəzifəsini uğur­la ifa edən və sultandan hörmət gö­rən Salim bəyin anası oğlunun yanına qa­yıtmışdı2. Yax­mur (Umur) oğluna gəlincə, o sonra Berkukun yaxın adamları cər­gəsinə daxil olmuş, Dulqədir oğlu Xəlil bəyi öldürməklə Ber­kuka mü­hüm bir xidmətdə bulunmuşdu.

785-ci ildə (1383) qaraqoyunlu bəyi Qara Məhəmməd öz vassal bəylə­rin­dən Boz-doğan oğlu Ziyaülmülkü yanına alaraq Sa­lim bəyin üzərinə yü­rüş etdi. Bunun səbəbi Qara Məhəm­mə­də aid Mosul şəhəri və bölgəsi hacı­larının Salim bəy tərəfindən soyulması idi. Teymur tərəfindən də eyni əməl üstündə ittiham edilən Qara Məhəmməd 12 mindən artıq bir qoşunla ildırım ki­mi döyər bəyinin üzərinə cumaraq onu məğlub etdi və döyər obalarını yağ­mayaraq çoxlu qənimət ələ keçirdi. Salim bəy Qə­lət ül-Müsliminə tərəf qaçmışdı. Qara Məhəmməd ətrafı yağ­ma­layaraq Salim bəyi şiddətlə təqib edir­di. Salim bəy bu təqib­dən güclə qurtarıb kəfəni boynunda olduğu halda hadisəni uzaq­dan seyr edən məmlüklərin Hələb valisi Yel Buğa (yaxud: Yol) ən-Nasirinin hüzuruna varid oldu. Döyər bəyinə xoş üz gös­tərən Yel Buğa sultanın buyruğu ilə onu Qahirəyə yolla­dı1. Həmin ilin rəbiülaxır ayı­nın 19-da (21 iyun 1383) Qahirəyə gə­lən əmir Salim Sultan Berkukdan hör­mət gördü, xələt alaraq Hələb təbilxana əmirliyinə təyin olundu2.

791-ci ildə (1389) Qara Məhəmmədin özündən və əmisi Bay­ram Xoca­dan əvvəl şərq türkmənlərinin başçısı olan Hü­seyn bəyin oğlu Pir Həsən tə­rə­findən öldürülməsi nəticəsində iki ailə arasında qanlı bir çarpışma başla­mış­dı. Salim bəy araya girərək onları barışdırdığı üçün çarpışma bir müddət dayan­mışdı. 1390-cı ildə ikinci dəfə məmlük taxtına çıxan Berkuk onun taxtdan salınmasında ən mühüm rol oynamış türk məm­lük əmirlərindən Min­­­taşın Salim bəyin yanında olduğunu öy­rənib Hələbə çatarkən Mintaşı təs­lim almaq üçün Qara Də­mir­taşı döyər bəyinin yanına göndərmişdi. Qara Dəmirtaş 4 gün gözlədiyi halda Salim Mintaşı təslim etmir, müxtəlif bə­ha­nə­lərlə vaxtı uzadırdı. Salimin bu hərəkətindən qəzəblənən Qa­ra Dəmirtaş döyər bəyinin obasını yağmalatmış, bəzi adam­larını da öldürtmüşdü. Salim Mintaşı da götürərək Sincara qaç­dı. Az sonra Salimin obasına gələn Min­ta­şın köhnə dostu Yel Buğa ən-Nasiri hadisəni öyrənərək əməllərinə görə Qa­ra Də­mir­taşı söymüş, hətta mübahisə əsnasında onu vurmaq üçün əlin­dəki toppuzu da qaldırmışdı. Bu hadisə Berkukda Yel-Bu­ğa­nın öz köhnə dostu Mintaşı qoruduğu haqqında deyilənlərin doğru ol­duğu qənaətini do­ğurdu. Üstəlik, bir az sonra Salim bəy yazdığı məktubunda Mintaşı Yel-Bu­ğa­nın xa­­hişinə görə qaçırdığını bil­dirirdi. Buna görə Berkuk Hələbə qayıdan Yel-Buğanı öldürt­dü3. Ancaq Salim Minqaşı Berkuka təhvil verməyərək sərbəst buraxdı. Halbuki varlı olmadığı üçün aradabir karvan soymağa da məc­bur olan Salim bəy Mintaşı təhvil verəcəyi təqdirdə Ber­kukdan böyük ənam ala bilərdi. 796-cı ildə (1393/1394) Salim bəy Teymurun adamların­dan Dulat (Dövlət) Xocanı əsir alaraq Hələb valisinə göndərmiş, o da onu Misirə yol­lamış­dı4.

Həmin il Berkuk Teymurla vuruşmaq üçün Dəməşqdə olarkən dö­yər Sa­lim bəy onun hüzuruna gəlmişdi. Berkuk çadırına girən dö­yər bəyini aya­ğa qalxaraq qarşılamış, türk qumaşından paltar və xələt gey­di­rə­rək ona gö­rün­məmiş bir hörmət göstərmişdi5. Ancaq Salim bəyin üç il sonra (799-1396 /1397) naməlum bir sə­bəbdən Dəməşq valisi tərəfindən həbs edildiyini gö­rürük6. Qaynaqlarda bir daha Salim bəydən bəhs edilmir. Ehtimal ki, bir müd­dət sonra onu həbsdən buraxmışlar. Əbülfərəc tarixinə yazılmış əlavə­lərdən birində Qara Yusifin 1399-cu ildə döyər­lə­rin yurduna girib mal-qara­nı ələ keçirdikdən sonra onları baş­çıları ilə birlikdə Cəbərdə mühasirəyə al­dığı bildirilir1. Bu hadi­sədə xatırlanan döyər əmirinin Salim bəy, yaxud onun oğlu Də­məşq Xoca olduğu barədə hələlik heç nə söyləmək mümkün de­­yil. Çünki 801-ci ilin şəvvalında (iyul, 1399) atasının yerinə sul­tan olan Fə­rəc Dəməşq Xocanın Cəbər naibliyi baratını (mən­­şur) təzələ­mişdi2. Salim bəyə aid məlumatlar bu döyər bə­yinin cəsur, fəal, ağıllı bir şəxsiyyət oldu­ğu­­nu göstərir. Təkcə Mintaşı ələ verməməsi onun kübar bir ruha sahib ol­du­ğunu gös­­­tərməyə kifayətdir. Atasının ölümündən sonra döyərlərin baş­­­çısı olan Dəməşq Xoca Teymur istilasının Yaxın Şərqdə mey­­­dana gətirdiyi qarı­şıqlıqlardan və eyni zamanda Fərəcin zəif bir şəxsiyyət olmasından istifadə edərək, bir çox yerləri də idarəsi altına almış, yağma­çı­lıq hərəkətlərində də bu­lunmuşdu. Ağqoyunlu tarixçisi Əbu Bəkr Tihrani3 Də­məşq Xocanın 20 min çadırlıq bir elin başçısı olduğunu, bəni-kilab, bəni-şadi adlı ərəb oy­maq­larından 10.000 çadırın da ona tabe olduğunu, Ruha (Urfa), Sivərək, Sü­ruc, Harran, Cəbər və Cəmlim şəhər və qə­sə­bələrinə ağa­lıq etdiyini yazır. 806-cı ildə (1403/1404) Hələb valisi Toxmağa qarşı üsyan edən bir əmirə kö­mək məqsədilə bu şəhərin ətrafına gələn və Hələb kəna­rında yağmaçılıq edən Də­məşq Xoca Cəbərə qayıtdıqdan sonra məşhur ərəb əmiri Nüöyr bin Həyyarın hücumuna uğradı. Cəbərlə onun şimal-qərbində bir gün davam edən müharibədə Dəməşq Xoca məğlub edilərək öldürüldü (29 mart 1404) və başı Nüöyr tərəfindən Misirə gön­də­­rildi4. İbn Tağrı-Birdi5 Dəməşq Xo­canın əsasən dövlətə itaət­sizlik göstərdiyini, soyğunçu kimi hərəkət etdiyini yazır. Seyfəddin Dəməşq Xocadan sonra döyərlərin başçısı Göyçə Musa ol­du. Dəməşq Xocanın öldürüldüyünü eşidən ağqoyunlu bə­yi Qara Yölük hə­rəkətə keçərək Urfanı vuruşma ilə almış və bu şəhəri xidmətində çalışan Göy­çə Musanın əmisi oğlu Yağ­mura vermişdi6. Yağmur bəy Qara Yölükü süzeren tanıyaraq bir müddət Urfaya sahib olmuşdu.

1405-ci ildə qaraqoyunlu bəyi Qara Yusif Dəməşqdən öz öl­kəsinə qayı­darkən Cəbərdə Göyçə Musaya qonaq olmuşdu7. Bu tarixdən etibarən get­dikcə artan ağqoyunlu təhlükəsi qarşı­sında döyərlər qaraqoyunluları öz sü­zerenləri qəbul etmişlər. Göy­çə Musa 1406-cı ildə Qara Yusifin Tey­murun nəvəsi Əbu­bəkr ibn Miranşahla Araz çayı sahilində baş verən və zəfərlə so­na çatan vuruşmasında, o biri il Şənbi-Qazan yaxınlığında Əbu­bəkrə qalib gəl­diyi vuruşmada iştirak etmişdir1. Hətta ikin­ci vuruşmada Tey­murun nə­vəsini Göyçə Musanın bir köləsi öl­dürmüşdü. Göyçə Musa daha sonra 1410-cu ildə Qara Yusifin cəlayir Sultan Əhmədə Təbriz ətrafında qalib gəldiyi vuruş­mada da iştirak etmişdir2. Həmin qaraqoyunlu hökmdarının əmir­­ləri arasında İlyas Döyər adlı bir əmir vardı ki, onun Salim ailəsi ilə qo­hum olduğu bilinmir. Döyər İlyas bəy Göyçə Musa kimi Qara Yusifin Əbu­bəkrlə vuruşmasında iştirak etmiş və qa­raqoyunlu hökmdarı tərəfindən Pir Ömərlə birlikdə 1409-cu il­də Şəki hakimi Seyid Əhməd üzərinə göndəril­mişdi3. Əmir İl­yas Qara Yusifin sonrakı səfərlərində də işti­rak etmiş və onun 1420-ci ildə Ucan yaxınlığında ölməsindən sonra Diyar­bəkir tərəflərə getmişdir4.

Urfa hakimi, Göyçə Musanın əmisi Bahadır Xocanın oğlu Yağmur bəyə gəlincə, onun 807-ci ildə Süruca sahib olduğu bi­linir. Həmin il Birəni mü­hasirəyə alan Yağmur bəy məmlük əmirlərindən Sudun əl-Cəbəlin arvadını əsir aldıqdan sonra Sü­ruc yörəsinə qayıtmışdı. Bunu eşidən Hələb valisi məşhur Çə­kim Birəyə gəldikdən sonra Sudun ilə birlikdə Yağmura qa­lib gəl­­sələr də, təqib zamanı Sudun döyər bəyinə əsir düş­müş­dü. Ancaq çox keç­mədən Yağmur bəy Sudunu azad eləmişdi5. 813-cü ildə (1410/1411) Su­dun qaraqoyunlu bəyi Qara Yusifin ya­nına gedərkən Yağmur bəyə baş çək­mişdi6. Ağqoyunlu bəyi Qa­ra Yölük Dəməşq Xocanın ölümündən sonra Ur­fanı zəbt edə­­rək Yağmur bəyə vermiş, lakin naməlum bir tarixdə şəhəri onun əlindən alıb çox sevdiyi qardaşı oğlu Nurəli bəyə həvalə et­mişdi7. Yağ­mur bəyə gəlincə, o da Mosulda qaraqoyun­lular­dan kömək aldıqdan son­ra Urfanı özünə qaytarmaq istəsə də, Osman bəy tərəfindən məğlub edil­mişdi8. 817-ci ildə (1414) Yağ­mur bəy oğlu ilə bərabər vəbaya tutularaq öl­müşdür9. Ölər­kən Sürucun, yaxud bir yerin əmiri olduğu dəqiq bilinmir.

Qara Yölük Osmanın qaraqoyunlulara aid Mardinə hücumu təzəcə hökm­­dar olan Qara Yusifin oğlu İskəndəri hərəkətə gə­tirmiş və iki türkmən bəyi Nüseybin ilə Xatuniyyə arasındakı Şeyx kəndində qarşılaşmışlar. Əbu­bəkr Tihraniyə görə10, döyər bə­yi Göyçə Musa oğlu Misirlə birlikdə ağqo­yunluların tərəfin­də idi. Vuruşma 21 gün davam etdi. 21-ci gün Göyçə Musa əs­gərləri ilə birlikdə ağqoyunlu səflərini tərk edərək, qaraqo­yun­lular tərəfinə keçməklə Qara Yölükün məğlubiyyətinə sə­bəb oldu. Bəzi döyər bəyləri də Kərkük və Tavuk əmiri Cənəkli Həsənin komandanlığı altında 824-cü ilin rə­­biülaxırında (aprel, 1421) iki türkmən ulusu arasında baş verən bu dö­yüş­də iştirak etmişlər1. Ancaq Cənəkli Həsən və onun məiyyətindəki döyər bəy­ləri haqqında bundan artıq məlumatımız yoxdur.

Belə görünür ki, İskəndər həm atasına, həm də özünə xid­mət etmiş qay­natası Göyçə Musaya Mosulu vermişdir. 829-cu ildə (1425) Göyçə Musa Mosulun, adını bilmədiyimiz qardaşı isə Cəbərin hakimi idilər. Göyçə Musa 832-ci ildə (1429) kürəkəni qaraqoyunlu İs­kəndərin Şahrux ilə Səlmas ova­lığında vuruşmasında iştirak et­dikdən sonra Mosula qayıtsa da, İraqi-Ərəb tərəflərini böyük qar­daşı Şah Məhəmmədin əlindən bir-bir almağa başlayan qa­ra­qoyunlu İspəndə (İsfahan) müqavimət göstərə bilməyərək Mo­sulu ona vermişdi. Bu hadisədən sonra Göyçə Musa nökər­ləri ilə birlikdə məmlük sultanı Baybarsın hüzuruna gəlmişdi. Sultan döyər bəyinə iltifat edib ona at­lar, qumaşlar vermiş və ər­­zağa olan ehtiyacını da təmin etmişdi2. Bir az sonra Göyçə Mu­sanın yenidən Cəbər hakimi olduğu­nu görürük. Qara Yölük Osman bəyin ölümündən sonra döyərlər ağqoyunlu şahzadələri arasındakı toq­quşmadan istifadə edərək Amid yörəsinə axın et­mişlər. Əbubəkr Tih­rani3 bu axının Misir sultanının təhriki ilə edil­diyini yazır. Bu axından xəbər tutan Əli bəyin oğlu Cahan­gir Mirzə Amiddən çıxa­raq döyərlərin üstünə yü­rüdü. Gənc şah­zadə təcrübəli adamların düş­mən üstünə «hazırlıqsız getmək olmaz» şəklində tövsiyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruş­mada ağqoyunlulardan çox adam qırılmış, Cahangir Mirzə nökərlərinin bə­zilərilə əsir düşmüşdü4. Göyçə Musa Ca­hangiri qandallayaraq Qahirəyə gön­­dərdi. Cahangir 840-cı ilin 17 məhər­rə­mində (1 avqust 1436) Qahirəyə gə­­tirildi. Ancaq Sul­­tan Baybars ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və ata­sı tərəfindən sədaqətinin təminatı olaraq daha əvvəl göndərilmiş qar­daşı Hüseyn bəylə birlikdə oturmalarına icazə verdi5. Baybars Göyçə Musaya 1.000 dinar göndərdi, lakin Musa pul çat­ma­dan ölmüşdü. Göyçə Musanın yerinə kimin keçdiyi bilinmir.

Salim bəyin üçüncü oğlu Həsən bəydir. Həsən bəyin anası Qara Yölük Osman bəyin bacısı idi. O və oğlu məmlük xid­mə­tində çalışmışlar. Həsən bəy 836-cı ilin səfər ayında (oktyabr, 1432) xələt geyərək, Buharya vali­li­yi­nə təyin edilmiş və ona sultan tərəfindən 100 qaftan, 100 yay, 100 sədəq və 30 at veril­mişdir1. Həsən bəy Dəmənhurda yaşayaraq 4 il bu vəzifədə qal­mış, 840-cı ildə (1436) işdən çıxarılmışdır, sonralar oğlu da bu­ra­da vəzifə sahibi olmuşdur. Tarixçi İbn Tağrı-Birdinin Sultan Baybarsın öz sələfi türk aşiqi Şeyxdən fərqli olaraq çərkəzləri daha çox sevdiyini söyləməsinə baxma­ya­raq, onun dövründə türk­mən mənşəli iki vali vardı. Bunlardan biri döyər Həsən bəy, di­gəri isə Hələb valisi Behisinli Tanrıvermiş idi. Məmlük tari­xin­də, deyəsən, ərəb mənşəli heç bir valiyə təsadüf edilmir.

853-cü ildə (1449) Xümus valisi olan Həsən bəyi 5 il sonra (1454) Ac­lun valiliyində görürük2. Hətta bu tarixdə qaraqoyun­lu hökmdarı Cahan şah məmlük sultanına yazdığı bir məktubda Aclun valisi Həsən bəyi elçi gön­dərməsini xahiş etsə də, Baybars verdiyi cavabda bunun yalnız böyük əmir Ərəb şahın gön­dəriləcəyi təqdirdə mümkün olduğunu bildirmişdi3. İbn Tağ­rı-Birdinin bir az mübhəm olan qeydindən belə çıxır ki, əsərin ya­zıldığı dövrdə (1454/1464) Həsən bəy öz ata yurdu Cəbərdə ha­kim imiş. Həsən bəyin ölümü və ondan sonra Cəbərdə kimin hakim olduğu bilinmir. Həsən bəyin Əmirzə (İmirzə) adlı bir oğ­lunu tanıyırıq ki, o da məmlük xidmətində olmuşdur. Əmirzə (1453-cü ildə) Misirdəki üç valilikdən biri olan Kəşf ül-vəchi-l-qıbəliyə təyin edilmiş və həmin il mərkəzi Dəmənhur olan Kəşf ül-vəchi-l-bəhriyə göndərilmişdir4. Onun 869-cu ildə (1464) hə­­lə də orada ol­du­ğunu görürük5. İbn İyasın bir qeydinə görə6 Əmirzə 1485-ci ildə Kərək va­lisi təyin edilmişdir.

İbn Tağrı-Birdi Yarəli, Mahmud, Katı (bəlkə də Kutlu) adlı döyər əmir­lərindən də bəhs edir. Lakin onların Salim bəyin ailəsi ilə qohum olub-olma­dığı, qohumsa, qohumluğun dərəcəsi haqda heç bir məlumatımız yoxdur. On­lardan Yarəli Şam valisi İnal əl-Çəkiminin üsyanına qo­şul­duğu üçün 842-ci ildə (1439) Dəməşqdə yaxalanaraq öldü­rülmüşdür7. Əmir döyər Mah­­muda gəlincə, o da yenə türkmən bəy­lərindən Saqqalsız oğlu Turəli, İnal oğlu Əmir Əliyar, türk­mən Savcı bəy oğulları Əmir Fərəc və İbrahim, ərəb əmiri Nü­öyr oğlu Qadir və digər bəylərlə 1439-cu ildə Hələb valisi türk­­mən Tanrıvermişin Baybarsın yerinə sultan olmuş Çaxmağa qarşı üsya­nında iştirak etmişlər8. Əmir Mahmudun aqibəti ba­rədə məlumatımız yox­dur. Döyərlərdən Katı isə 857-ci ilin (1453) əvvəllərində Buharya valisi idi1.

Döyər boy bəyi ailəsinə dair əldə edilə bilən məlumatlar bun­lardan iba­rətdir. Həmin məlumatlar əsasında döyər boy bə­yi ailəsinə aid belə bir şə­cərə çəkmək mümkündür:



Osmanlı dövründə döyərlər

Heydər Çələbinin «Ruznamə»si2 və təhrir dəftərlərində­ki qeydlərə görə Suriyanı öz torpaqlarına qatan Osmanlı döv­ləti bu ölkədə dirlik sahibi olan türkmən və ərəb əmirlə­ri­nə toxun­mamışdır. Kamal Paşazadənin bir qeydinə görə3, Osmanlı fəthi zamanı Cəbər yenə də döyərlərin əlində idi. Ancaq bu­nu təsdiq edən başqa bir dəlil yoxdur. Bundan əlavə, döyər bəyliyinin sü­qutu barədə də konkret məlumatımız yoxdur. Bununla bir­likdə, təxmin et­mək mümkündür ki, döyərlər Göyçə Musanın ölümündən sonra bəlkə də Ur­banın təzyiqi altında Cəbəri tərk etmişlər. Bura 1440-1445-ci illər ara­sın­da ağqoyunluların əlin­də idi. XVI əsrdə Hələb türkmənləri, Boz ulus, Kər­kük və Sis (Ko­zan) yörəsin­də yaşayan türkmənlər arasında bu boya mən­­sub oy­maqlar vardı.


1   ...   10   11   12   13   14   15   16   17   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə