Faktlar I. İŞİn hallari




Yüklə 68.34 Kb.
tarix11.03.2016
ölçüsü68.34 Kb.
BİRİNCİ SEKSİYA
MƏHSİMOV (MAKSIMOV) AZƏRBAYCANA QARŞI
(Ərizə № 38228/05)
MƏHKƏMƏ QƏRARI
8 oktyabr 2009-cu il
QÜVVƏYƏ MİNMƏ
08.01.2010
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçinin ilkin cəzası və ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz olunması
5. Ərizəçi 1961-ci ildə Qusarda (Azərbaycan) anadan olub və hazırda Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkir.
6. Ərizəçi etnik mənşəcə ləzgi olan Azərbaycan vətəndaşıdır. O, “Sadval” təşkilatının üzvü olub, bu təşkilatın üzvləri onu ləzgilərin rifah və mədəniyyət təşkilatı hesab edirlər. Lakin təşkilat ifrat millətçilik və separatçılıq ideyalarının sığınacağı olmaqda ittiham edilir.
7. 1994-cü ildə ərizəçi həbs olundu və 19 mart 1994-cü ildə Bakı metrosunda (yeraltı dəmiryol sistemi) həyata keçirilmiş bomba partlayışını planlaşdıranlardan və onun icraçılarından biri kimi məhkəmə qarşısına çıxarıldı. Partlayış nəticəsində on dörd nəfər ölmüş, əlli nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Ərizəçi həmçinin öz bağında narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilirdi.
8. 3 may 1996-cı ildə xüsusilə ağır cinayətlər üzrə birinci instansiya məhkəməsi qismində iclas keçirən Ali Məhkəmə ərizəçini digər təqsirləndirilən şəxslərlə birlikdə dövlət əleyhinə mütəşəkkil cinayətkar dəstə yaradaraq Bakı Metrosunda mülki əhali arasında çoxsaylı tələfatlara səbəb olmuş bomba partlayışı planlaşdırmaqda və həyata keçirməkdə təqsirkar hesab etdi. Məhkəmə ərizəçini həmin vaxt qüvvədə olan 1960-cı il tarixli Cinayət Məcəlləsinin 15, 17, 61, 65 və 227-ci maddələri əsasında təqsirli bildi və onu əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum etdi. Həmin vaxt tətbiq edilən cinayət prosessual normalara əsasən bu hökm qəti idi və ondan şikayət verilə bilməzdi.
9. 10 fevral 1998-ci ildə Milli Məclis (Parlament) “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanun (“10 fevral 1998-ci il tarixli Qanun”) qəbul etdi. 10 fevral 1998-ci il tarixli Qanunla daxili qanunvericiliyin bütün müddəalarına ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz edən müvafiq dəyişikliklər edildi. Bu Qanuna uyğun olaraq, ərizəçi də daxil olmaqla ölüm cəzasına məhkum edilmiş bütün şəxslərin cəzaları avtomatik olaraq ömürlük həbs cəzası ilə əvəz olundu.
B. Ali Məhkəmədə kassasiya icraatı
10. 2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət Prosessual Məcəlləsi (“CPM”) və yeni Cinayət Məcəlləsi qəbul edildi. Yeni CPM 1 sentyabr 2000-ci ildə qüvvəyə minməzdən əvvəl 14 iyul 2000-ci ildə parlament birinci instansiya məhkəmələrinin keçmiş cinayət prosessual normalara uyğun olaraq çıxardıqları hökmlərdən yeni CPM-ə əsasən şikayət verilməsinə icazə verən keçid qanunu (“Keçid Qanunu”) qəbul etdi.
11. Ərizəçi Keçid Qanununun ona verdiyi imkandan istifadə etməyə cəhd edərək 4 avqust 2004-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti verdi. O, bu şikayəti hər hansı hüquqi yardım olmadan özü tərtib etdi. O, şikayətində iddia etdi ki, 3 may 1996-cı il tarixli ittiham hökmü ədalətsizdir.
12. Hökumətin bildirdiyinə görə, 22 mart 2005-ci ildə Ali Məhkəmə “ərizəçiyə məlumat verdi ki, onun işi üzrə kassasiya iclası 12 aprel 2005-ci ildə keçiriləcək”. Ərizəçinin bildirdiyinə görə, o, ümumiyyətlə hər hansı çağırış vərəqəsi almayıb və bir neçə ay ərzində işlə bağlı hər hansı məlumat da almayıb.
13. Bu arada ərizəçinin qohumları vəkil tutdular, o, ərizəçinin adından yeni kassasiya şikayəti hazırladı və 26 may 2005-ci ildə Ali Məhkəməyə təqdim etdi.
14. Lakin 14 iyun 2005-ci il tarixli məktubla Ali Məhkəmə vəkilə məlumat verdi ki, o, artıq 12 aprel 2005-ci ildə məhkəmə iclası keçirib və ərizəçinin öncə verdiyi 4 avqust 2004-cü il tarixli kassasiya şikayətinə baxıb.
15. 21 iyun 2005-ci il tarixli məktubla Ali Məhkəmə ərizəçiyə Ali Məhkəmənin 12 aprel 2005-ci il tarixli qərarının tam surətini göndərdi. Bu qərara uyğun olaraq, məhkəmə müəyyən etdi ki, ərizəçinin təqsiri birinci instansiya məhkəməsindəki baxış zamanı düzgün müəyyən edilib. Məhkəmə ərizəçinin kassasiya şikayətini əsassız sayaraq rədd etdi.
C. Ali Məhkəmənin Plenumunda əlavə kassasiya icraatı
16. 8 iyul 2005-ci ildə ərizəçi Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti verərək xahiş etdi ki, onun işi üzrə icraat təzələnsin və Ali Məhkəmənin Plenumuna göndərilsin. Bu vəsatət təmin edildi.
17. Əlavə kassasiya şikayətində ərizəçi digər məsələlərlə yanaşı iddia etdi ki, onun ittiham hökmü ədalətsiz olub və onun ölüm cəzası, yuxarı həddi on beş ilədək olmaqla, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmalıdır. O, həmçinin iddia etdi ki, onun barəsindəki ittiham hökmünün əsaslandığı 1960-cı il tarixli Cinayət Məcəlləsinin 61-ci maddəsi (“Təxribat”) 2000-ci il tarixli Cinayət Məcəlləsinin 282-ci maddəsi (“Təxribat”) ilə “əvəz olunmalıdır”, sonuncunun nəzərdə tutduğu cəza müddətinin yuxarı həddi on beş ildir.
18. Hökumətin bildirdiyinə görə, 10 noyabr 2005-ci ildə Ali Məhkəmə “ərizəçiyə və onun vəkilinə məlumat verdi ki, onun işi ilə bağlı Ali Məhkəmənin Plenumunda məhkəmə iclası 24 noyabr 2005-ci ildə keçiriləcək”. Ərizəçinin və vəkilinin sözlərinə görə, onlar ümumiyyətlə hər hansı çağırış vərəqəsi almayıblar və bir neçə ay ərzində işlə bağlı hər hansı məlumat da almayıblar.

19. 24 noyabr 2005-ci ildə Ali Məhkəmənin Plenumu ərizəçinin kassasiya şikayətinin ittiham hökmünün ədalətsizliyinə və ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz olunmasının qanuniliyi məsələsinə aid olan hissəsini əsassız sayaraq rədd etdi. Digər tərəfdən, Plenum razılaşdı ki, 2000-ci il tarixli Cinayət Məcəlləsində nəzərə tutulan müəyyən cinayət hüquq pozuntularının mahiyyətində edilmiş dəyişikliklər səbəbindən ərizəçinin ittiham hökmü “yenidən tövsif olunmalıdır”. Bununla belə, Plenum onun ömürlük həbs cəzasını olduğu kimi saxladı.


II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
20. “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 14 iyul 2000-ci il tarixli Qanuna (“Keçid Qanunu”) uyğun olaraq, yeni CPM qüvvəyə minənə qədər birinci instansiya məhkəmələrinin köhnə CPM-ə əsasən çıxardıqları hökmlərə və digər yekun qərarlara yeni CPM-in müvafiq normalarına uyğun olaraq Apellyasiya Məhkəməsi və ya Ali Məhkəmə tərəfindən yenidən baxıla bilər.
21. Yeni CPM-in 415.0.3-cü maddəsinə uyğun olaraq, şəxs kassasiya şikayətinə məhkəmənin mübahisə edilən hökm və ya qərarının surətlərini əlavə etmədikdə Ali Məhkəmə kassasiya şikayətini baxılmamış saxlaya bilər.
22. Kassasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayətinin ilkin öyrənilməsi üçün o, Ali Məhkəmənin müvafiq kollegiyasının hakimlərindən birinə verilir (CPM-in 418.1-ci maddəsi). Kassasiya şikayətini ilkin öyrənən hakim, digər hərəkətləri yerinə yetirməklə yanaşı, dövlət ittihamçısına, məhkuma (bəraət almış şəxsə), habelə iş üzrə digər tərəflərə kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasının vaxtı və yeri haqqında məlumat verir (CPM-in 418.2 və 418.2.7-ci maddələri).
23. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxarkən yalnız hüquqi məsələlər üzrə cinayət hüquq normalarının və cinayət prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlayır (CPM-in 419.1-ci maddəsi). Kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 3 hakimdən ibarət tərkibdə həyata keçirilir. Kassasiya şikayəti vermək hüququ olan şəxslər və Ali Məhkəmədə ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər (CPM-in 419.2-ci maddəsi).
24. Kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılacağı, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması Ali Məhkəmənin onun iştirakı olmadan iclası davam etdirməsini istisna etmir (CPM-in 419.4-cü maddəsi).
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarından kassasiya qaydasında verilmiş təqdimatlara, şikayətlərə və ya protestlərə Ali Məhkəmənin sədrinin müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən baxıla bilər. İşə bu prosedur üzrə baxıldığı təqdirdə prosesdəki tərəflərə Plenumun iclasının tarixi və vaxtı barədə ən geci 10 (on) gün əvvəl məlumat verilməlidir (CPM-in 427.2-ci maddəsi).
26. Plenumun iclasında sədrlik edən iclası açdıqdan sonra hansı məhkəmə qərarına və hansı əsaslarla baxılacağını və iclasda cinayət işi üzrə hansı tərəflərin iştirak etdiyini elan edir. Kassasiya şikayəti vermiş şəxsin iclasda olmaması, əgər o, iclasın keçiriləcəyi barədə vaxtında məlumatlandırılıbsa, Ali Məhkəmənin Plenumunun onun iştirakı olmadan iclası davam etdirməsini istisna etmir (CPM-in 427.3.2-ci maddəsi).
27. CPM-in 455-ci maddəsinə uyğun olaraq, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunun Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müəyyən edilməsi icraatın təzələnməsi üçün əsasdır. 456-cı maddəyə uyğun olaraq, bu halda Ali Məhkəməsinin Plenumu işə yalnız hüquqi məsələlər üzrə baxır. İşə baxdıqdan sonra Ali Məhkəməsinin Plenumu aşağı məhkəmələrin qərarlarının ləğv edilməsi və işin müvafiq aşağı məhkəməyə göndərilməsi barədə qərar çıxara, yaxud kassasiya və ya əlavə kassasiya instansiyalarının qərarını dəyişdirə, yaxud da kassasiya və ya əlavə kassasiya instansiyalarının qərarını ləğv edə və yeni qərar çıxara bilər (CPM-in 459-cu maddəsi).
28. Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq, məhbuslara ünvanlanan məktublar penitensiar müəssisənin müdiriyyəti tərəfindən həmin məktubların alınmasından sonra üç gün ərzində müvafiq məhbuslara təqdim edilməlidir. Teleqramlar barədə məhbuslara penitensiar müəssisənin müdiriyyəti tərəfindən dərhal məlumat verilməlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
29. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət etdi ki, öz kassasiya şikayəti ilə bağlı Ali Məhkəmədəki 12 aprel 2005-ci il tarixli məhkəmə iclası barədə və əlavə kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin Plenumundakı 24 noyabr 2005-ci il tarixli məhkəmə iclası barədə məlumatlandırılmayıb və buna görə də bu iclaslarda iştirak edə bilməyib. O, həmçinin Konvensiyanın 6-cı maddəsinin 3 “c” bəndinə əsasən şikayət etdi ki, bu iclaslarda özünü şəxsən müdafiə etmək, yaxud vəkillə təmsil olunması üçün müraciət etmək imkanına malik olmayıb.
30. Məhkəmə bir daha bildirir ki, 6-cı maddənin 3-cü bəndində yer alan təminatlar, digər təminatlarla yanaşı, ədalətli məhkəmə araşdırmasının ümumi anlayışının tərkib elementləridir (bax: Kolotsa İtaliyaya qarşı, 12 fevral 1985-ci il tarixli qərar, 26-cı bənd, A seriyaları, № 89). Bu işin halları baxımından Məhkəmə hesab edir ki, o, həmin təminatları nəzərə almaq şərti ilə şikayəti 6-cı maddəsinin 1-ci bəndi üzrə araşdırmalıdır (bax: Abbasov Azərbaycana qarşı, ərizə № 24271/05, 23-cü bənd, 17 yanvar 2008-ci il), həmin bənddə deyilir:
Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir...”
A. Şikayətin qəbuledilənliyi
31. Məhkəmə qeyd edir ki, ərizəçi barəsindəki ilk məhkəmə araşdırması Məhkəmənin zamana görə yurisdiksiyası xaricindədir (ərizənin qismən qəbuledilənliyinə dair 1 fevral 2007-ci il tarixli qərara bax) və o, məhkum edildiyi vaxt köhnə cinayət prosessual normalara əsasən onun şikayət vermək hüququ yox idi. Ərizəçinin məhkum olunmasından sonra qəbul edilmiş yeni CPM və Keçid Qanunu ərizəçiyə köhnə cinayət prosessual normalar əsasında çıxarılmış yekun hökmdən yeni cinayət prosessual normalara əsasən şikayət etmək hüququ verdi. Bununla bağlı Məhkəmə əvvəlki işlərdə çıxardığı belə bir qərarı bir daha xatırladır ki, Konvensiyanın 6-cı maddəsi Keçid Qanunu əsasında cinayət işləri üzrə verilmiş şikayətlərə də tətbiq edilir (bax: Hacıyev Azərbaycana qarşı, ərizə № 5548/03, 32-ci bənd, 16 noyabr 2006-cı il; Abbasov Azərbaycana qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, 24-cü bənd).
32. Ali Məhkəmənin Plenumundakı icraata gəldikdə, Məhkəmə artıq bundan əvvəl müəyyən edib ki, Ali Məhkəmənin Plenumundakı əlavə kassasiya proseduru Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada ərizəçi tərəfindən adətən istifadə edilməsi tələb olunan hüquqi müdafiə vasitəsi təşkil etmir (bax: Babayev Azərbaycana qarşı (qərardad), ərizə № 36454/03, 27 may 2004-cü il). Lakin Məhkəmə qeyd edir ki, bu işdə ərizəçinin əlavə kassasiya şikayətini Ali Məhkəmənin Plenumu qəbul olunan elan edərək hüquqi məsələlər üzrə araşdırılıb və ərizəçi barəsində çıxarılmış ittiham hökmünü qüvvədə saxlayıb (müqayisə et: İvanov Azərbaycana qarşı (qərardad), ərizə № 34070/03, 15 fevral 2007-ci il). Belə olan halda, Plenumun ərizəçinin şikayətinə mahiyyəti üzrə baxdığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu işdə 6-cı maddə bu icraata da tətbiq edilə bilər (əks qərarla bağlı bax: Babayev Azərbaycana qarşı iş üzrə yuxarıda adı çəkilən qərar).
33. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də o, qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
34. Hökumət bildirdi ki, CPM-in 419.4 və 427.3.2-ci maddələrinə uyğun olaraq, Ali Məhkəmənin və Ali Məhkəmənin Plenumunun iclasında şikayətçinin iştirak etməməsi, əgər o, iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıbsa, onların şikayətçinin iştirakı olmadan iclası davam etdirməsini istisna etmir. Hökumət iddia etdi ki, ərizəçi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıb. O, Ali Məhkəmədəki iclasla bağlı çağırış vərəqəsinin surətini təqdim etdi; həmin vərəqə Ali Məhkəmənin hakimi tərəfindən imzalanmış və ərizəçiyə ünvanlanmışdı, onun üzərində 22 mart 2005-ci il tarixi vardı. Çağırış vərəqəsində deyilirdi ki, məhkəmə iclası 12 aprel 2005-ci ildə saat 10.00-da keçiriləcək. Hökumət həmçinin Ali Məhkəmənin Plenumundakı iclasla bağlı çağırış vərəqəsinin surətini təqdim etdi; həmin vərəqə Ali Məhkəmənin sədrinin müavini tərəfindən imzalanmış və ərizəçiyə ünvanlanmışdı, onun üzərində 10 noyabr 2005-ci il tarixi vardı. Çağırış vərəqəsində deyilirdi ki, məhkəmə iclası 24 noyabr 2005-ci ildə saat 10.00-da keçiriləcək.
35. Ərizəçi bildirdi ki, çağırış vərəqələrini almayıb. O, iddia etdi ki, bunun nəticəsində çəkişmə xarakterli məhkəmə araşdırması hüququndan məhrum olub.
2. Məhkəmənin qiymətləndirməsi
36. Məhkəmə qeyd edir ki, tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, 12 aprel 2004-cü ildə Ali Məhkəmə və 24 noyabr 2004-cü ildə Ali Məhkəmənin Plenumu ərizəçinin kassasiya və əlavə kassasiya şikayətlərinə onun iştirakı olmadan baxıblar. Lakin ərizəçinin bu məhkəmə iclasları barədə qabaqcadan lazımi qaydada məlumatlandırılması məsələsində tərəflər arasında fikir ayrılığı var.
37. Hökumət 22 mart 2005-ci il və 24 noyabr 2005-ci il tarixlərində tərtib edilmiş çağırış vərəqələrinin surətlərini təqdim etsə də, Məhkəmə qeyd edir ki, bu çağırış vərəqələrinin üzərində poçt ştampı yoxdur və Hökumət onların həqiqətən ərizəçiyə göndərildiyinə və ya hər hansı digər formada ona təqdim edildiyinə dair heç bir başqa sübut ortaya qoymayıb. Belə olan halda, ərizəçinin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırıldığı və ya çağırış vərəqələrinin hər hansı digər formada ona təqdim edildiyi barədə iddiasını təsdiq etmək üçün Hökumətin təqdim etdiyi sübutlar Məhkəməni inandırmır (müqayisə et: Abbasov Azərbaycana qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, 29-cu bənd; Metelisa Rusiyaya qarşı, ərizə № 33132/02, 33-cü bənd, 22 iyun 2006-cı il).
38. Məhkəmə bir daha bildirir ki, ədalətli məhkəmə araşdırması anlayışı tərəflərin bərabərliyi prinsipini və cinayət prosesinin çəkişmə xarakteri daşımasından ibarət fundamental hüququ özündə ehtiva edir. Bu, o deməkdir ki, ittiham və müdafiə tərəflərinin digər tərəfin təqdim etdiyi qeydlərdən və sübutlardan xəbərdar olmalarına və onlara dair şərhlərini bildirmələrinə imkan verilməlidir (bax: Brandştetter Avstriyaya qarşı, 28 avqust 1991-ci il tarixli qərar, 66-67-ci bəndlər, A seriyaları, № 211).
39. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi, bütövlükdə götürüldükdə, cinayətdə ittiham olunan şəxsin ona qarşı cinayət ittihamlarının müəyyən edilməsi ilə bağlı məhkəmə iclasında olmaq və səmərəli şəkildə iştirak etmək hüququnu təmin edir və bu, ümumi bir prinsipdir. Bu hüquq çəkişmə xarakterli məhkəmə araşdırması anlayışından irəli gəlir, həmçinin 6-cı maddənin 3-cü bəndinin “c”, “d” və “e” yarımbəndlərində yer alan təminatlardan doğur (bax: Kolotsanın işi üzrə yuxarıda adı çəkilən qərar, 27-ci bənd; və Stanford Birləşmiş Krallığa qarşı, 23 fevral 1994-cü il tarixli qərar, 26-cı bənd, A seriyaları, № 282-A). Bu işdə məhkəmə iclası barədə qabaqcadan xəbərdar edilmədən ərizəçinin bu hüquqları necə həyata keçirə biləcəyini anlamaq çətindir.
40. Bundan başqa, Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı məhkəmə iclasında iştirak edib və məhkəməyə şifahi arqumentlərini təqdim edib. Bu arqumentlər ərizəçinin şikayətinin rədd edilməsinə və onun barəsindəki ittiham hökmünün qüvvədə saxlanmasına yönəlmişdi. Bu halı, habelə ərizəçinin hüquqi nümayəndə ilə təmsil olunmadığını nəzərə alsaq, Ali Məhkəmə araşdırmanın çəkişmə xarakterini təmin etmək üçün ərizəçinin iclasda iştirakını təmin etməyə yönələn tədbirlər görməyə borclu idi. Lakin Ali Məhkəmənin ərizəçinin iştirakı olmadan iclası davam etdirməyi qərara alarkən çağırış vərəqələrinin ərizəçiyə həqiqətən təqdim edilib-edilmədiyini yoxladığını göstərən heç bir əlamət yoxdur. Ali Məhkəmə öz qərarında ərizəçinin iclasda iştirak etməməsi məsələsinin üzərindən sükutla keçib.
41. Məhkəmə daha sonra qeyd edir ki, müəyyən işlərdə o, yalnız hüquqi məsələlərin araşdırıldığı apellyasiya iclasında təqsirləndirilən şəxsin şəxsən iştirak etməsinin vacib olmadığı qənaətinə gəlib (misal üçün bax: Kremtsov Avstriyaya qarşı, 21 sentyabr 1993-cü il tarixli qərar, A seriyaları, № 268-B; və Kamazinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il tarixli qərar, A seriyaları, № 168). Lakin Məhkəmə hesab edir ki, bu iş Kremtsovun Kamazinskinin işlərindən fərqlidir, həmin işlərdə təqsirləndirilən şəxslər vəkillə təmsil olunmuşdu və prinsipcə onların hər biri öz mövqeyini müdafiə etmək imkanına malik idi. Bu işdə ərizəçi ümumiyyətlə bunu etmək imkanına malik olmayıb, çünki ona məhkəmə iclası barədə qabaqcadan məlumat verilməyib (müqayisə et: Zilberger Moldovaya qarşı, ərizə № 61821/00, 41-ci bənd, 1 fevral 2005-ci il tarixli qərar; və Abbasov Azərbaycana qarşı üzrə yuxarıda adı çəkilən qərar, 33-cü bənd).
42. Eyni ilə, Məhkəmə qeyd edir ki, ərizəçi Ali Məhkəmənin Plenumundakı iclasda da Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirmək imkanına malik olmayıb, çünki bu iclasın keçiriləcəyi barəsində də lazımi qaydada məlumatlandırılmayıb.
43. Buradan belə nəticə çıxır ki, Ali Məhkəmədəki və Ali Məhkəmənin Plenumundakı icraatlar ədalətlilik tələbinə cavab verməyib. Buna görə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
44. Konvensiyanın 41-ci maddəsində deyilir:
Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
45. Ərizəçi əvəzin ədalətli ödənilməsi barədə tələb irəli sürmədi. Buna görə də, Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı ona hər hansı məbləğin ödənilməsi üçün gərək yoxdur.
46. Bununla belə, Məhkəmə bir daha xatırladır ki, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan hüquqlarının pozulması ehtimalına baxmayaraq məhkum edilibsə, öncədən həmin maddənin tələblərinə əməl edildiyi halda, ərizəçi hansı durumda olacaqdısa, vəziyyət mümkün qədər həmin duruma gətirilməlidir (bax: Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A seriyaları, № 85). Yuxarıda müəyyən edildiyi kimi, Ali Məhkəmədəki və Ali Məhkəmənin Plenumundakı icraatlar ədalətlilik tələblərinə cavab verməyib, çünki ərizəçi 6-cı maddədə nəzərdə tutulmuş hər hansı hüquqlarını həyata keçirmək imkanından məhrum olub. Belə olan halda, ərizəçinin kassasiya şikayətinin Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq araşdırılmasını təmin etmək üçün ən münasib kompensasiya forması prinsipcə Keçid Qanununda nəzərdə tutulan qaydada kassasiya icraatının təzələnməsi olardı (müvafiq dəyişikliklərlə bax: Somogi İtaliyaya qarşı, ərizə № 67972/01, 86-cı bənd, AİHM 2004-IV; Şulepov Rusiyaaya qarşı, ərizə № 15435/03, 46-cı bənd, 26 iyun 2008-ci il tarixli qərar; və Abbasov Azərbaycana qarşı üzrə yuxarıda adı çəkilən qərar, 41-42-ci bəndlər). Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 455-ci və 456-cı maddələrində nəzərdə tutulur ki, Avropa Məhkəməsi Konvensiyanın pozulduğunu aşkar edərsə, cinayət işi üzrə icraat Ali Məhkəmənin Plenumu tərəfindən təzələnə bilər.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Yekdilliklə ərizəni qəbul olunan elan edir;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
3. Üç səsə qarşı dörd səslə qərara alır ki, cavabdeh dövlət Keçid Qanununda nəzərdə tutulan qaydada kassasiya icraatını təzələmək üçün bütün tədbirləri görməlidir;
4. Yekdilliklə qərara alır ki, əvəzin ədalətli ödənilməsini təyin etmək üçün gərək yoxdur.
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq, bu qərara hakimlər Kovler, Ştayner və Hacıyevin qərarla qismən üst-üstə düşməyən rəyi əlavə olunur
HAKİMLƏR KOVLER, ŞTAYNER VƏ HACIYEVİN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
Biz ərizənin qəbuledilənliyinə və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğuna dair Palatanın rəylərini bölüşürük. Lakin biz qərarın nəticə hissəsinin üçüncü bəndi ilə razı deyilik.
Bir çox hallarda Məhkəmə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu elan edərkən Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsini əsaslandırdığı zaman cinayət işi üzrə icraatın təzələnməsi üçün milli qanunvericiliyin yaratdığı imkanları qeyd edib və bu məsələnin həllini cavabdeh dövlətin, eləcə də ərizəçinin ixtiyarına buraxıb. Misal üçün, Palatanın son dövrdə çıxardığı iki qərarı götürək. Abbasovun işində Məhkəmə bildirib ki:
Yuxarıda müəyyən edildiyi kimi, Ali Məhkəmədəki icraat ədalətlilik tələbinə cavab verməyib, çünki ərizəçi 6-cı maddədə nəzərdə tutulmuş hər hansı hüquqlarını həyata keçirmək imkanından məhrum olub. Belə olan halda, Məhkəmə hesab edir ki, müraciət edildiyi təqdirdə işə yenidən baxılması və ya iş üzrə icraatın yeni açılmış hallar üzrə təzələnməsi prinsipcə bu işdəki pozuntunun düzəldilməsinin ən münasib forması olardı. Yeni məhkəmə araşdırmasının (və ya ərizəçinin şikayətinə yenidən baxılmasının) necə və hansı formada keçirilməli olduğunu göstərmək Məhkəmənin vəzifəsi deyil. Nazirlər Komitəsi tərəfindən nəzarət edilmək şərti ilə, cavabdeh dövlət öz öhdəliyinin, yəni Konvensiyanın tələblərinə riayət edildiyi təqdirdə ərizəçi hansı durumda olacaqdısa, vəziyyəti mümkün qədər həmin duruma gətirmək öhdəliyinin yerinə yetirilməsi vasitələrini seçməkdə sərbəstdir (bax: Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A seriyaları, № 85, səh. 16, 12-ci bənd), bu şərtlə ki, həmin vasitələr Məhkəmənin qərarında öz əksini tapmış nəticələrə uyğun olsun” (bax: Assanidzenin işi üzrə yuxarıda adı çəkilən qərar, 202-ci bənd, sonrakı istinadlarla)” (Abbasov Azərbaycana qarşı, ərizə № 24271/05, 41-42-ci bəndlər, 17 yanvar 2008-ci il).
Şulepovun işində də oxşar qənaətə gəlinib:
Məhkəmə bir daha xatırladır ki, ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan hüquqlarının pozulması ehtimalına baxmayaraq məhkum edilibsə, öncədən həmin maddənin tələblərinə əməl edildiyi halda, ərizəçi hansı durumda olacaqdısa, vəziyyət mümkün qədər həmin duruma gətirilməlidir və bunun üçün prinsipcə ən münasib kompensasiya forması müraciət edildiyi təqdirdə işə yenidən baxılması və ya iş üzrə icraatın yeni açılmış hallar üzrə təzələnməsi olardı (bax: Somogi İtaliyaya qarşı, ərizə № 67972/01, 86-cı bənd, AİHM 2004-IV). Məhkəmə bununla bağlı qeyd edir ki, Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 413-cü maddəsində nəzərdə tutulur ki, Avropa Məhkəməsi Konvensiyanın pozuntusunu müəyyən edərsə, cinayət işi üzrə icraat təzələnə bilər” (Şulepov Rusiyaya qarşı, ərizə № 15435/03, 46-cı bənd, 26 iyun 2008-ci il).
Biz məmnunuq ki, Palata bu işdə bu ənənəyə riayət edib (46-cı bənddəki rəylərə baxıb).
Bu iş üzrə qərar Broniovskinin, Hutten-Çapskanın, Burdovun (№ 2) işlərindəki və bəzi digər işlərdəki qərarlardan fərqli olaraq, “pilot qərar” deyil, həmin işlərdə Məhkəmə “struktur problemləri” deyilən problemləri araşdırmış və həmin problemləri həll etmək üçün cavabdeh dövlətin görməli olduğu konkret tədbirləri göstərmişdi (misal üçün bax: Broniovsiki Polşaya qarşı, ərizə № 31443/96 [Böyük Palatanın qərarı], qərarın nəticə hissəsinin 4-cü bəndi, 22 iyun 2004-cü il, AİHM 2004-V). Həbsə alınma ilə bağlı işlərin digər kateqoriyasında Məhkəmə ərizəçilərin dərhal azad olunmasını tələb edib (misal üçün bax: Assanidze Gürcüstana qarşı, ərizə № 71503/01 [Böyük Palatanın qərarı], qərarın nəticə hissəsinin 14-cü bəndi, 8 aprel 2004-cü il, AİHM 2004-II). Nəhayət, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı işlər üzrə qərarlarının nəticə hissələrində Məhkəmə cavabdeh dövlətlərdən tələb edib ki, “daxili məhkəmələrin çıxardığı qərarların həyata keçirilməsini münasib vasitələrlə təmin etsinlər” (misal üçün bax: Poznaxizina Rusiyaya qarşı, ərizə № 25964/02, 24 fevral 2005-ci il). Məhsimovun işi yuxarıda qeyd edilən kateqoriyaların heç birinə aid deyil.
Bu işdə Palata yalnız məhdud sayda işlərə aid olan mövcud praktikanın üstündən adlayıb keçərək “ədalətli məhkəmə araşdırması” ilə bağlı işlərin kateqoriyasını genişləndirdi; halbuki bu, elə bir addımdır ki, yalnız Böyük Palatanın qərarı ilə təsdiqlənməlidir. Bu səbəblərə görə biz “qatarın önündə qaçmağa” hazır deyilik.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə