Əmin Əfəndiyev İlyas Əfəndiyevin yaradıcılı




Yüklə 247.24 Kb.
səhifə2/3
tarix22.02.2016
ölçüsü247.24 Kb.
1   2   3

I FƏSİL
HƏYAT YOLU. ƏDƏBİ QAYNAQLAR
1. Uşaqlıq vƏ GƏnclik illƏri

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində10 /indiki Füzuli şəhəri/ tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini ə‘la qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçə­rək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.11

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində mə‘mur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi tə‘qiblərə mə‘ruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bə‘zi üzvləri «xalq düşməni» kimi güllələnmiş, bə‘ziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə «kulak» damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, «səs hüququndan» məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: «Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar».12

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın tə‘si­rindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll edirdi.

Qarabağın aran rayonlarında yaşayan yüzlərlə başqa ailə kimi Məmməd kişi də ailəsi ilə bərabər yay aylarında yaylağa- Şuşaya köçərmiş. İlyasın uşaqlıq illərinin müəy­yən hissəsi Şuşada keçdiyindəndir ki, yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutur.

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı.

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, tə‘­qib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini do­landıra bilmir. Ağır xəstələnərək «səksən yaşlı qocaya dönmüş» Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunələrini, əfsanə, nağıl və dastanları sinələrində gəzdirən el ağbiçəkləri olmuşlar. İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də «dil tapa» bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi.

İ.Əfəndiyev anası haqqında yazmışdır: «Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni çox sevirdi. Azərbaycan dilində çıxan kitabların, demək olar ki, hamısını oxumuşdu. Mənə ərəb və latın əlifbalarında yazıb oxumağı da o öyrətmişdi. Uşaq vax­tı anam bizə oxuduğu kitablardan hədsiz-hesabsız əhvalatlar danışardı. Onun oxuyub bizə nağıl elədiyi «Ər­mə­nusə», «İngilis xanımı», «Hind racəsi», «Rüstəm və Zöhrab», «Əlif Leyla» və sairə kitablar indi də yadımdadır. Füzulinin «Leyli və Məcnun» əsərini də mən ilk dəfə anamdan eşitmişdim. Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi. Dövrün ictimai hadisələrindən də baş çıxarırdı. Allahsız olmasa da, mollalardan zəhləsi gedərdi. Məndə güclü mütaliə həvəsi məhz anamın tə‘sirilə oyanmışdır».13

Danışılan bu əhvalatlar, nağıl və əfsanələr İlyasın incə qəlbinə tə‘sir etmiş, onun sonralar bir yazıçı kimi formalaşmasında mühüm rol oynamışdır. İ.Əfən­diyev bu haqda yazmışdır: «...bunları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf etdiyim insanlardan /yalnız anamdan başqa/ daha artıq xoş gəlirdi... O aləm daha şirin, daha cazibədar görünürdü».14

İ.Əfəndiyevə «xoş gələn» bu sirli aləm sonralar onu öz qoynuna alır, nənəsi və anasının danışdıqları və cib dəftərlərinə qeyd olunan «maraqlı əhvalatlar» bir sıra bədii əsərlərin fabulasına çevrilir. Məsələn, Fatma nənənin danışdığı: «Quşların dilini bilən Süleyman padşah bütün quşlara əmr edir ki, hər biriniz mənə dünyanın ən gözəl quş balasını tapıb gətirin! Qarğa çox axtarır, onlarla quş balasına baxır, axırda özünün eybəcər balasını dimdiyinə alıb aparır və Süleyman padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan gözəl quş balası tapmadım» - əhvalatı «Sağsağan» 15 hekayəsində qələmə alınmışdır. Və yaxud, məzmunu «Kitabi-Dədə Qorqud»dan gələn, xalqımızın yadelli işğalçılara qarşı mübarizəsindən söhbət açan digər bir əfsanə «Qarı dağı»16hekayəsi üçün əsas olmuşdur. Yazıçının 1991-ci ildə qələmə aldığı «Vəzir Allahverdi xan və Bəhlul Danəndə» hekayəsindəki17 əhvalat da anasının danışdığı rəvayətlərdən götürülmüşdür.

İ.Əfəndiyevin uşaqlıq və gənclik illəri bir tərəfdən belə əfsanəli və rəvayətli mühitdə keçmişdisə, digər tərəfdən bolşevik qaragüruhunun və kommunist ideologiyasının ən qatı dövrünə təsadüf etmişdir. Bütün varlılar kimi Əfəndiyevlər ailəsi də dövrün ədalətsizlikləri ilə qarşılaşmışdır. Bunlar isə İlyasın qəlbində dərin iz salmışdır. Yəqin ki, onun ədəbi qəhrəmanlarındakı, elə yazıçının öz xarakterindəki kommunist və sovet rejiminə qarşı narazılıq, zamanın tələbləri ilə barışmamaq meyli elə buradan əmələ gəlmişdir.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi ə‘la qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi.18

Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çe­xov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən R.Amun­dsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi adamların həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. İ.Əfən­diyev yazır: «Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum».19

Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə qalxmış onlarla sənətkarların həyatı və yaradıcılıq təcrübəsi bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və bəstəkarların formalaşıb yetişməsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər həlledici rol oynamışdır. «Sənətkarı əhatə edən ictimai ədəbi mühitin bütün mürəkkəblik və çoxcəhətliliyini öyrənmədən, onun müasirləri ilə əlaqələrinin yerini və mövqeyini dəqiq müəyyən etmədən yazıçının formalaşma və inkişaf prosesini doğru-düzgün mə‘nalandırmaq çətindir, bəlkə də mümkün deyildir».20

Əlbəttə, İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl, ailə tərbiyəsinin, ata-ana ocağının çox mü­hüm tə‘siri olmuşdur. Lakin bu, həlledici səbəb olsa da yeganə amil deyildi. Yazıçının formalaşıb yetkinləşməsində, bir sənətkar kimi püxtələşməsində başqa amillər də olmuşdur ki, bunlardan oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə izlədiyi və maraqla mütaliə etdiyi «Qızıl Araz» adlı rayon qəzeti, Füzulidə fəaliyyət göstərən xalq teatrı, ali təhsil aldığı institut həyatı, işlədiyi «Yeni yol», «Kommunist» və «Ədəbiyyat qəzeti» redaksiyaları və ən nəhayət Bakı ədəbi mühiti, Yazıçılar İttifaqı... çox böyük tə‘sir göstərmişdir. Düzdür, bu amillərin yazıçıya biri az, biri çox tə‘sir etmişdir, lakin onların heç biri tə‘sirsiz qalmamışdır.

İ.Əfəndiyevi sənət aləminə aparan yolun başlanğıcı ailədən və orta məktəbdən keçmişdir. Bu insan həyatının elə bir anıdır ki, yeniyetmə gənc konkret və müstəqil biliyə yiyələnməyə, ətrafda baş verən hadisələri dərk etməyə, mütaliəyə maraq göstərməyə, əqli və zehni qabiliyyətini inkişaf etdirməyə başlayır. Bu yolun uğurlu başlanğıcından çox şey asılıdır. Ailədəki tərbiyə üsulları, oradakı ab-hava, qarşılıqlı münasibətlər çox şeydən xəbər verir. İnsan həyat yollarında ilk sınaqlarla burada rastlaşır. İlyasın boya-başa çatdığı ailənin üzvləri də halal zəhmətlə yaşamış, minnətsiz çörək yeyərək övladlarını da bu ruhda tərbiyə etmişlər.

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğ­rafiya müəllimi işləmiş, eyni zamanda gənclərin tə‘lim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, mək­təbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir.

Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş mə‘lumat yoxdur. Lakin yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə etdiyimiz mə‘­lumatlar, rayon qəzeti səhifələrində dərc edilmiş müx­təlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir.

Bu illərdə Qaryagində «Qızıl Araz» adlı qəzet dərc edilirdi. Müxtəlif illərdə Heydər Heydərov, Bala Bağırov, Səməd Əliyev və başqalarının redaktor oluqları qəzet öz səhifələrində günün ictimai-siyasi hadisələri, təsərrüfatın aktual məsələləri haqqında materiallar dərc etməklə bərabər, ədəbiyyat və mədəniyyətin ayrı-ayrı sahələrini də geniş işıqlandırırdı. İlyas Əfəndiyevin həvəslə mütaliə etdiyi qəzetin səhifələrində ədəbiyyat müəl­limləri Ne‘mət Hüseynov, N.Kazımovun maraqlı yazıları, gənc şair Nəcəf Quliyevin şe‘rləri, rayonun qabaqcıl zi­yalılarından Məmməd Sadıqovun, Savalan Zülfüqarovun, A.Manaflının və başqalarının məqalələri dərc olunurdu ki, həmin yazıların heç biri nəinki İlyasın nəzərindən yayınmır və tə‘sirsiz qalmırdı, hətta gənc müəllimin dün­yagörüşünün formalaşmasına öz tə‘sirini göstərirdi.

Səhifələrində tez-tez maraqlı yazılar dərc edən «Qızıl Araz» qəzeti M.F.Axundov, M.Y.Lermontov, A.S.Puş­kin, T.Q.Şev­çenko və başqa klassik yazıçıların yubi­ley­lə­rilə əlaqədar xüsusi səhifələr, ayrı-ayrı nömrələr buraxırdı. Uşaqların tə‘lim və tərbiyəsi, gənclərin məktəbdən yayınması, azyaşlı qızların zorla ərə verilməsi və qaçırılması, məktəblərin və uşaq bağçalarının vəziyyəti, orada təşkil edilmiş dərnəklərin fəaliyyəti və s. məsələlər qəzetin səhifələrindən düşmürdü. «Gənc şairimiz»21 adlı məqalədə mətbuat günü münasibətilə redaksiya tərəfindən pulla mükafatlandırılmış gənc şair Nəcəf Quliyevin yaradıcılığından bəhs olunur, «Dövlət teatrında»22 adlı məqalədə ordenli xalq artisti Hüseynqulu Sarabskinin seçicilərlə görüşündən söhbət açılır, məktəb həyatını işıqlandıran başqa bir məqalədə göstərilir ki rayonun məktəblərində təşkil edilmiş coğrafiya, təbiyyat, fizika, riyaziyyat və s. dərnəklər yüksək səviyyədə keçirilir, elmi məşğələlər aparılır və bütün bunlar şagirdlərə əlavə bilik və mə‘lumat verir.23 Qeyd edək ki, orta məktəbdə oxuyarkən həmin dərnəklərdə fəal iştirak etmiş İlyas Əfəndiyev, müəllim olduqdan sonra da onlardan uzaqlaşmamış, dərnəklərin birinə rəhbərlik etmişdir.

Fəaliyyəti «Qızıl Araz»ın səhifələrində geniş işıq­landırılan müssisə və təşkilatlardan biri də rayonun kolxoz-sovxoz teatrı idi. Sonralar Qaryagin Dövlət te­atrı kimi fəaliyyət göstərmiş bu işgüzar kollektiv həmin illərdə rayonun kəndlərində və qonşu rayonlarda «Laçın yuvası», «Həyat», «Almaz», «Vətən namusu», «Dağılan tifaq», «Məşədi İbad» və s. pyesləri böyük uğurla tamaşaya qoymuşdur.24 Teatrın direktoru Savalan Zülfüqarov yazılarının birində qeyd edir ki, «teatrımız yaxın günlərdə S.Rəh­ma­nın «Toy» komediyasını oynayacaqdır». Əsəri qəbul etmək üçün rayonumuza Respublikanın xalq artisti Mirzağa Əliyev gəlmişdir.25 A.Manaflının «Həyat» haqqında mənim fikrim»26 məqaləsində isə müəllif, teatrın direktoru S.Zül­füqarovun, bədii hissə müdiri Əsəd Cəfərovun, akt­yor­lardan Ağababa Abdullayevin, Mürşüd Haşımovun, Cəmil Vəzirovun, Rza Əliyevin, Şö‘lə Yolçuyevanın və başqalarının fəaliyyətindən bəhs edir.

Gələcəkdə görkəmli dramaturq olacaq İ.Əfəndiyev «teatr» adlı sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olmuşdur. O, qeyd edir ki, «mən də ora tez-tez gedir və böyük maraqla aktyorların oyunlarına tamaşa edirdim».27 Sənət yollarında ilk axtarışlar aparan və yazıçı kimi ilk addımlarını atan gənc müəllim İ.Əfəndiyevin inki­şafında istər rayon qəzeti «Qızıl Araz»ın, istərsə də rayon teatrının tə‘siri şübhəsizdir.

2. 30-cu İLLƏRİN İCTİMAİ - SİYASİ HƏYATI VƏ

YAZIÇI TALEYİ

İ.Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi. O. Qaryagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə tə‘yin olunur. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya - Azərbaycan Dövlət Pedaqoji institutuna göndərilir.28 1934 -cü ildə APİ-nin ədəbiyyat şö‘bəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür; elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev «kulak» balası olduğu üçün institutdan uzaqlaşdırılmışdı.

Lakin yazıçı 1950-ci ildə qələmə aldığı «Tərcümeyi-hal»29 adlı yazısında bu faktı atasının xəstəliyi ilə əlaqələndirmişdir. Bunun səbəbi ondan ibarətdir ki, İ.Əfəndiyev 30-cu illərdəki tə‘qib və təhqirləri yaddan çıxarmamış, şəxsiyyətə pərəstişin qızğın bir döründə Stalin ideologiyasının oğlan çağında əsl həqiqəti ictimaiyyətdən gizlətməyə məcbur olmuşdur. Həqiqət isə belədir: Müvəffəqiyyətlə imtahan verib filologiya fakültəsinin əyani şö‘bəsinə daxil olmuş yazıçı bir neçə ay orada oxuduqdan sonra xəbər tuturlar ki, İ.Əfəndiyevin atası inqilabdan əvvəl ticarətlə məşğul olduğu üçün səs hüququndan məhrum edilmişdir. O zaman səs hüququndan məhrum edilmək isə ölümə məhkum olunmaq kimi bir hal idi. Yazıçı sonralar qələmə aldığı başqa bir yazısında institutdan qovulmasını tamamilə başqa cür izah etmişdi: Bir qədər sonra İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası səs hüququndan məhrum edilmiş tələbələr ideoloji fakültələrdən çıxarılsın. Məsləhətdir, nə qədər gec deyil, ərizə verib bir il mə‘zuniyyət götür. «Atan qolçomaqdır» deyə səni İnstitutdan çıxartsalar, sonralar iş tapmağın çətin olar. Mən də o cür hərəkət etdim.30

Atası vəfat etdikdən /1934/ sonra , çoxuşaqlı ailənin bütün ağırlığı evin ən böyük övladı olan İ. Əfəndiyevin öhdəsinə düşmüşdü. Xoşbəxtlikdən İ.Əfəndiyevin adı həmin illərdə repressiya olunanların siyahılarında olmayıb. O, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şö‘bə­sini qurtarıb sağ-salamat rayona qayıdaraq müəllimliyini davam etdirmişdir.

Respublikanın ən böyük ali məktəblərindən biri hesab edilən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil al­dığı illər İ.Əfəndiyevin həyat və yaradıcılığında mü­hüm bir mərhələ təşkil edir. Ən tanınmış alimlərin və müəl­limlərin dərs dediyi həmin ali məktəbdə İ.Əfən­diyev Bə­kir Çobanzadə, Əli Sultanlı və s. bu kimi müəl­lim­lər­dən dərs almışdır. Yazıçının qeydlərində oxuyuruq: «Lap ilk gün­lərdən istər tələbə yoldaşlarımın, istərsə də müəl­lim­lərin yaxın, səmimi münasibətlərinə nail olmuş­dum. Professor Çobanzadə, Əli Sultanlı kimi məşhur müəl­lim­lə­rimiz mənimlə xüsusi dost olmuşlar. Professor Ço­ban­zadə bir sıra xa­ri­ci dillərlə birlikdə bütün türk-tatar dillərini bilirdi. Həmişə son dəblə tikilmiş bahalı kostyumlar geyərdi. De­mək olar ki, canlı bir ensiklopediya idi. Xaricdə də böyük hörməti vardı... Aramla iki sa­at söy­lədiyi mühazirələrdən heç birimiz yorulmazdıq... o, yük­sək mədəniyyətə, yüksək intellektə malik nadir bir adam idi».31

İ.Əfəndiyevin institutda dostlaşdığı və həmişə xətrini əziz tutduğu müəllimlərdən biri də Əli Sultanlı idi. Əli Sultanlının antik dövr ədəbiyyatı haqqındakı mühazirələri o qədər canlı, o qədər şairanə olurdu ki, biz hər dəfə sanki gözəl bir poemaya qulaq asırdıq.32

Məhz 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlmiş və bir-birinin ardınca hekayələr yazmağa başlamışdır. «Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər hələ gecə kurslarında da dərs deyirdim. Çox yorulmağıma baxmayaraq Qarabağın qarlı uzun qış gecələrində heç kəsə bir söz demədən hekayələr yazdım. Sonralar «Kənddən məktublar» adı ilə çap olunan həmin hekayələri götürüb 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...»33

Bu illər çox qorxulu bir dövr idi, ən iste‘dadlı sənətkarların başı üzərini qara buludlar almışdı, heç kəs özündən arxayın deyildi. Sabaha sağ çıxıb-çıxmayacağından nigaran qalmış adamlar bir-birindən qorxur, heç kimə e‘tibar etmirdilər.

İ.Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır: «Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma düşür. Uzun qış gecəsi idi, çöldə qar-çovğun vardı. Adətim üzrə mütaliə edirdim. Darıxır, qəribə hisslər keçirirdim. Birdən elə bil ilahidən məndə bir fikir yarandı ki, buradakı həyatımı, ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında yazım. Bu güclü hissin qarşısında davam gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım».34

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ.Əfəndiyev, bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi.

Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalmış, daha dəqiq desək, səhv işıqlandırılmış məsələlərdən biri də İ.Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu mə‘lumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən mə‘nada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından e‘tibarən intensiv şəkildə yaradıcılığa başlamış İ.Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez görünməyə başlamışdır. Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında yazıçının «Yeni yol» qəzetində «Buruqlar arasında» adlı ilk oçerki,35 «Bataqlıq saldatları» kinofilminə yazdığı ilk resenziyası,36 «Aşağı mətbuata rəhbərliyi canlandırmalı» 37adlı ilk məqaləsi, «Namuslu fəhlələrin sırasını çoxaltmalı», «Şərəf və iftixar işi» adlı yazıları38 işıq üzü görmüşdü. Bu illərdə «Kommunist» və «Ədəbiyyat qəzeti» də İ.Əfəndiyevin ilk yazılarına yer verirdi.

Yazıçının ilk mətbu hekayəsi olan «Berlində bir gecə»39 əsəri də bu aylarda oxuculara çatdırılmışdır.

İ.Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: «1939-cu ildə «Revolyusiya və kultura» jurnalında «Gözlənil­məyən sevgi» adlı ilk hekayəm çıxdı. Bundan az sonra «Kənddən məktublar» kitabım nəşr olundu.»40 Bu qeyri-dəqiq mə‘lumat yazıçının son illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilmişdir. Və yazıçının bu mə‘lumatına əsaslanan jurnalist və ədəbiyyatşünaslar da həmin səhvi təkrar etmişlər.

İlk mətbu hekayəsi hesab etdiyi «Gözlənilməyən sev­gi»41 əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və məqalələri artıq respublika mətbuatında dərc olunmuşdur ki, bu haqda yuxarıda danışılmışdır.

Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ.Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də yazıçının «Kənd­dən məktublar» adlı ilk kitabı42 işıq üzü görür.

İ.Əfəndiyev «Dostumuzu xatırlayarkən» adlı xatirələrində bu haqda yazmışdır: «...hekayələri mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O, mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkmələrə baxaraq soruşdu:

- Nəçisən ?

Nəçi olduğumu dedikdə o:

- Əzizim,əzizim, - dedi - coğrafiya müəllimi hara, yazıçılıq hara?..

Mən bu barədə bir söz deməyərək soruşdum:

- Hekayələrin cavabını nə vaxt ala bilərəm?

- Ünvanını qoy get, vaxt olanda oxuyub cavab yazarıq.

- Yox, -dedim, - xahiş edirəm mən rayona qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz.

Soruşdu:


- Rayona nə vaxt qayıdırsan?

Dedim:


- On gündən sonra.

- Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm. Özü də əlyazmasında gətirmisən.

Mən tə‘kid elədim. O, mənim əl çəkməyəcəyimi hiss eləyib:

- Yaxşı, - dedi, - on gündən sonra mənə dəyərsən. Bəlkə oxuya bildim.

On gündən sonra o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu:

- Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jur­nallarda çıxıb?

- Heç birində - dedim. - Bunlar mənim ilk hekayələrimdi, heç birini də hələ çapa verməmişəm.

- Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı...yaxşıdı. Xoşuma gəldi. Mən bizim sədrimizə də dedim. Gedək, o, səninlə tanış olmaq istəyir...

Əbülhəsən məni Əli Məmmədova təqdim edərək dedi:

- Hekayələri barədə sizə danışdığım oğlan budur.

Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan olduğumu və sairə...öyrənib biləndən sonra Əbülhəsəndən soruşdu:

- Neçə hekayədi?

- Doqquz,- deyə Əbülhəsən cavab verdi.

- Neçəsini çap etmək mümkündür?

- Hamısını - deyə Əbülhəsən qətiyyətlə cavab verdi.

- Elə isə göndərin Azərnəşrə, qoy kitab halında çap eləsinlər».43

Beləliklə də, Əbülhəsən xeyirxahlıq edərək İ.Əfən­diyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, «Kənddən məktublar» adlı ilk kitabı İl­yas Əfəndiyevə «ədəbiyyat dünyasına», yazıçılar aləminə çıxmasına səlahiyyət verdi.

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə