Əmin Əfəndiyev İlyas Əfəndiyevin yaradıcılı




Yüklə 247.24 Kb.
səhifə1/3
tarix22.02.2016
ölçüsü247.24 Kb.
  1   2   3
Əmin Əfəndiyev
İlyas Əfəndiyevin

yaradıcılı


Ə. Əfəndiyev
İlyas Əfəndiyevin yaradıcılığı.
Bakı, Qartal, 2000.
Nəşriyyat direktoru: Vaqif Arzumanlı

Yığıma verilmişdir: 8 noyabr 1999

Çapa imzalanmışdır: 15 yanvar 2000

Kompüterdə yığanı: Z.Əliyeva

Dizayner: A. Gözəlov

Kağız formatı: 60x84 1/16.

Həcmi: 19,4 ç.v.

Tiracı: 500.

Sifarış: 29.

Qiyməti: Müqavilə ilə.

Əfəndiyev Əmin Tahir oğlu 1933- cü il may ayı­nın 18- də Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olmuşdur. 1957- ci ildə ADU- nun kitabxa­na­çı­lıq fakültəsini bitirdikdən sonra uni­versitetin ki­tabxanasında əmək fəaliyyətinə baş­la­mış, sonrakı illərdə M.F.Axundov adına Azər­baycan Dövlət Kitab­xanasında şö‘bə müdiri, elmi işlər üzrə direktor müavini, Azərbaycan Sovet Ensiklopediyasında redak­siya müdiri, Mədəniyyət və İncəsənət İnstitutunda de­kan müavini və kafedra müdiri, Milli Münasibətlər İnstitutunda baş el­mi işçi, 1997- ci ildən Azərbaycan EA- nın MEK- nın direktoru vəzifəsində çalışır. Filologiya elm­ləri namizədi. Jurnalistlər Birliyinin üzvüdür. Ondan çox kitabın, 150-dən artıq məqalənin müəllifi, bir sıra kitabların tərtibçisi və redaktorudur. Tərcümə ilə də məşğul olur.

Həmin monoqrafiya Xalq yazıçısı İlyas Əfən­di­yev haqqında müəllifin üçüncü kitabıdır.




110 illiyi bu il qeyd olunan İlisu məktəbinin yetirməsi və müəllimi, rayon ziyalıları arasında böyük hörmət qazanmış Tahir müəllimin əziz xatirəsinə ithaf edirəm.

Müəllif

Elmi redaktoru : Akademik BƏkir NƏbiyev

Əfəndiyev Əmin. İlyas Əfəndiyevin yaradıcılığı. -

Bakı. - Qartal. - 2000. - 310 c.


Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, «Şöh­rət» ordeninə layiq görülmüş ilk sənətkar, görkəmli nasir və iste­‘­dad­lı dramaturq İlyas Əfəndiyev / 1914 - 1996 / şərəfli öm­rü­nün 60 ili­ni yazıb yaratmaqla məşğul olmuşdur. 30-cu illərin axırların­da ədəbiyyata gələn yazıçı söz sənətinin demək olar ki,bütün janrlarında qələmini sınamış, məqalə, oçerk, hekayə, povest, ro­man, ssenari, pyes yazaraq XX əsr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri kimi şöhrət qazanmışdır.

Monoqrafiyada çoxsahəli yaradıcılıq yolu keçmiş yazı­çı­nın hekayə və oçerkləri, povest və romanları, dram əsərləri və ədə­bi-tənqidi məqalələri təhlil olunmuş, eyni zamanda onun həyat və yaradıcılığı ilə əlaqədar bu günə qə­dər qaranlıq qalmış bir sıra məqamlar ilk dəfə ətraflı şəkil­də işıqlandırılmışdır.

Azərbaycan Milli Teatrı üçün 20 pyes yazmış İ.Əfən­di­ye­vin teatrla əlaqəsi, əsərlərinin tamaşaya qoyulması ilə əla­qədar rejissor, bəstəkar və rəssamlarla birgə işi də araşdırılmış, onun nasir və dramaturq kimi ədəbiyyatımızda rolu və yeri göstərilmişdir.
4702080105

Ə ------------------- Qrifli nəşr

044 - 2000
© Bakı, Qartal, 2000

G İ R İ Ş

Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, iste‘dadlı nasir, görkəmli dramaturq, mübariz publisist, novator sənətkar, «Şöhrət» ordeni almış ilk ədib İlyas Məhəmməd oğlu Əfəndiyev /1914 - 1996 / 60 illik məhsuldar bir yaradıcılıq yolu keçmişdir.

İ.Əfəndiyev qələmini söz sənətinin müxtəlif janrlarında sınamış, bir-birindən daha gözəl, daha oxunaqlı, heç kimi təkrar etməyən, öz orijinalığı və təravətilə fərqlənən, hekayə, povest, pyes, oçerk və ədəbi-tənqidi məqalələrilə ədəbiyyat xəzinəmizi zənginləşdirmişsə də, daha çox nasir və dramaturq kimi şöhrət qazanmışdır. Çağdaş ədəbiyyatımızın ən çox mütaliə edilən və ən çox sevilən nasir və dramaturqu kimi o, milyonlarla oxucu - tamaşaçı kütləsinin dərin hörməti­­ni və məhəbbətini qazanmışdır. Ziddiyyətli zəmanəmizin keşməkeşli dolaylarında böyük oxucu və tamaşaçı auditoriyasının hörmətini qazanmaq isə əsil yazıçı üçün böyük xoşbəxtlik və şərəfdir.

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan yazıçı istər nəsrimizin, istərsə də dramaturgiyamızın zənginləşməsində çox iş görmüşdür. Ədəbiyyatımızın böyük bir mərhələsi onun adı ilə bağlıdır. İndi ədəbiyyatımızın inkişaf yolunu İlyas Əfəndiyevin yaradıcılığını nəzərə almadan tam təfərrüatı ilə təsəvvür etmək mümkün deyil.

Ən sadə və adi mövzuları, həyat hadisələrini mə‘na­lan­dırmaq, onları yaradıcılıq süzgəcindən keçirərək lirik-romantik vüs‘ət vermək, hər bir obrazın daxili aləmini, əxlaqi-psixoloji vəziyyətini maraqlı bir ovqatla şərh etmək bacarığı İlyas Əfəndiyev yaradıcılığı üçün xasdır və bu keyfiy­yətlər onu təkcə respublikamızda deyil, eyni zamanda yaxın və uzaq­ xarici ölkələrdə də görkəmli bir sənətkar kimi tanıtmış­dır.

Yeni dövr ədəbiyyatının və teatr sənətinin banilərindən biri, vətənpərvər yazıçı İ.Əfəndiyev qələmə aldığı ən kiçik hekayə və oçerklərindən tutmuş, iri həcmli povest, roman və pyeslərinə qədər bütün əsərlərinin bədii materialını, mövzu və süjetini Azərbaycan xalqının həyatından, onun mü­barizələrlə dolu tarixi keçmişindən götürmüşdür. Lakin bu xüsusiyyət hər cür məhdudiyyətçilik hisslərindən uzaq olub həm də ümumbəşəri xarakter daşıyır. Respublikamızın zəngin təbiəti, xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keç­mişi, onun müdrikliyi, ötən onilliklərdə əldə edilən mü­əy­yən uğurlar, zəhmət adamının fədakarlığı, soydaşlarımı­zın mə‘nəvi-psixoloji aləmi, onların vətəndaşlıq qüruru yazıçının əsərləri üçün zəngin bədii material vermişdir.

İ.Əfəndiyev müasir həyat üçün aktual səslənən mövzulara müraciət edir və həmişə də gələcək nəsillərə örnək ola biləcək, xalqın ən yaxşı adət-ən‘ənələrini özündə birləşdirən ədəbi qəhrəmanlar yaradırdı. Alxan, Nuriyyə, Səlimə, Səriyyə, İldırım, Nargilə, Həsənzadə, Südabə, Kamran, Nərmin, Möh­sün­zadə, Şahlar, Sarıköynək, Valeh, Murad, Ərşad, Kərəm bəy, Beh­bud bəy, Ağabəyim ağa, İbrahim xan, Xumar öz mə‘nəvi-əxlaqi keyfiyyətlərilə minlərlə oxucunun ürəyinə yol tapmış obrazlar­dır.

Müasirlik və novatorluq İ.Əfəndiyev yaradıcılığının ən mühüm məziyyətlərindən biridir. Hansı janrda əsərlər yazmasından asılı olmayaraq yazıçının ilham pərisi Azərbaycan torpağı üzərində pərvazlanır, xalq həyatının müxtəlif qatlarına sirayət edir, yeni söz və təzə mövzu sorağı ilə qanad çalır.

Müasirlik yazıçı amalının, dramaturq əqidəsinin baş­lıca me‘yarıdır. Müasirlik haqda yazıçının öz mülahizələri vardır: «Mənə görə sənətkar üçün müasirlikdən ayrılmaq havadan və sudan ayrılmaq kimi bir şeydir. Müasirlik dedikdə isə mən birinci növbədə ədəbiyyatda müasir qəhrəmanın yüksək bədii surətini yaratmağı nəzərdə tuturam».

Müdrik sənətkar yaradıcılıq yolunun müxtəlif mərhələlərində bədii axtarışlar üçün tədqiqatlar aparmış, əldə etdiyi «xam materialı» və mövzuları yüksək sənətkarlıqla qələmə alarkən öz əqidəsinə, eyni zamanda yazı üslubuna ömürlük sadiq qalmışdır.

Mövzu və janr e‘tibarilə zəngin və rəngarəng olan yaradıcılığının 60 illik inkişaf yolunu və onun müxtəlif mərhələlərini, yaradıcı təxəyyülünün müxtəlif qatlarını nəzərdən keçirdikdə iki əsas cəhət xüsusilə diqqəti cəlb edir. Bunlardan biri təsərrüfatımızın və mədəniyyətimizin müxtəlif sahələrində xalqımızın əldə etdiyi nailiyyətlərin, uğur və müvəffəqiyyətlərin, həyatımızın işıqlı cəhətlərinin, zəhmət adamının müsbət və mə‘nəvi-əxlaqi keyfiyyətlərinin böyük ilhamla tərənnümü və təsviridirsə, digəri irəliləyişimizə mane olan bəd və çirkin əməllərin,o cümlədən meşşanlığın, rüşvətxorluğun, yaltaqlığın, tamahkarlığın, əliəyriliyin və digər bu kimi mənfi halların cəsarətlə ifşasıdır. Hər şeydən əvvəl, yaratdığı obrazların daxili aləminə nüfuz etmək, qəhrəmanların mə‘nəvi gözəlliklərini, ülvi hisslərini, əxlaqi keyfiyyətlərini daha qabarıq şəkildə oxuculara çatdırmaq, «dünyada bir yaxşı adam qalana qədər yaşamağa dəyər» prinsipinə əsaslanmaq - İ.Əfəndiyev yaradıcılığına xas olan əsas cəhətlərdəndir. Həyatda daha çox yaxşı halları, işıqlı cəhətləri, xeyirxah hissləri tərənnüm edən yazıçı cı­lız duyğuların, xırda fikirlərin, məişət dedi-qodu­la­rının, həyatdakı adiliklərin uzun-uzadı təsviri ilə oxucula­rı yormur, fikir və hadisələri mətləbsiz uzatmaq yazıçı yaradıcı­lığı üçün yaddır, o yığcam və lakonik söz deməyə daha çox üstünlük verir ki, bu da əksər hallarda əsərdəki hadisə və əhvalatların nikbin sonluqla nəticələnməsi üçün zəmin yaradır.

Bədii təfəkkürümüzün inkişafında əvəzsiz xidməti olan yazıçının ilk mətbu əsərləri «Buruqlar arasında» oçerki və «Berlində bir gecə» hekayəsindən son əsəri «Hökm­­dar və qızı» faciəsini yazana qədər keçdiyi yaradıcılıq yolunu izlədikcə belə bir qənaətə gəlirik ki, İ.Əfən­diyev qələmə aldığı hər bir hadisəni, hər bir cüm­ləni ölçüb-biçdikdən sonra oxucunun ixtiyarına, tamaşaçı mühakiməsinə verir, eyni zamanda sözün qüdrətindən məha­rətlə istifadə etməyə çalışır, az sözlə böyük mətləbləri açmağı, yığcam və səlis, lakin dərin və mə‘nalı yazmağı üstün tutur, eyni zamanda forma ilə məzmun arasında möhkəm bir vəhdət yaratmaq bacarığı yazıçı yaradıcılığı üçün bir tələbata, əqidə və mətləbə çevrilir. «...İstər nəsr, istərsə də dram əsəri - nə yazmışamsa, son dərəcə səmimi, təbii yazmağa cəhd etmişəm. Həyat həqiqətlərinə təmənnasız, namusla sadiq qalmağa çalışmışam»1 - fikri yazıçının söz sənətinin qarşısında duran vəzifələri bütün incəliklərilə dərindən duyduğunu, oxucu və tamaşaçı qarşısındakı sənətkar mə‘suliyyətinə həssaslıqla yanaşdığını bir daha sübut edir.

Gənclər İ.Əfəndiyev yaradıcılığının baş qəhrəmanlarıdır. Keçilmiş yolu diqqətlə izlədikdə bizdə belə bir aydınlıq hasil olur ki, İ.Əfəndiyev sanki bütün ömrü boyu yalnız bircə əsər-qəhrəmanları müxtəlif sahələrdə çalışan, hər birinin özünəməxsus tərcümeyi-halı, həyat tarixçəsi və taleyi, xarakteri və dünyagörüşü, bilik və bacarığı olan cavanlara aid canlı bir epopeya yaratmışdır. Bu epopeyanın fəsillərini yazıçının hekayə və povestləri, roman və pyesləri təşkil edir. Ədib özü qeyd edir ki, mənim sənət dünyamın qəhrəmanları müasir həyatda xariqələr yaradan gənclərdir. Onlar qabaqcıl elm və mədəniyyəti təbliğ edir, ucqar rayon və kəndlərə yol çəkir, təzə binalar tikir, çaylar üzərindən körpülər salır, insanların güzəranını yaxşılaşdırmağa çalışır, əliəyrilərə və rüşvətxorlara qarşı mübarizə aparır, bir sözlə işıqlı ideyaları təbliğ edirlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənabları yazıçıların X qurultayındakı nitqində dilin zən­ginləşdirilməsi və qorunub saxlanılmasında yazıçıla­rın əməyini yüksək qiymətləndirərək demişdir: «Azər­bay­can dilinin formalaşmasında, inkişaf etməsində, bu günkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədə­­biyyatşünaslarımızın, dilçi alimlərin böyük xidməti var... Dil bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəh­rə­lənə bilməyən xalq,millət xalq, millət ola bilməz».2 Hör­mətli prezidentin yazıçı əməyinə verdiyi bu qiymətli söz­lərdə, heç şübhəsiz ki, İlyas Əfəndiyevin də payı vardır.

Ədibin əsərlərini daha oxunaqlı, maraqlı və tə‘sir­li edən məziyyətlərdən biri də yazıçının zəngin dili, şirin təhkiyə üslubu, yazı manerası və bədii materialı oxucuya təqdim etmək bacarığıdır. Xalq dilinin ən yaxşı xüsusiyyətləri İ.Əfən­diyevin əsərlərində öz əksini tapmışdır. Dramaturqun yaradıcılığından söhbət açan bir sıra tədqiqatçılar yekdilliklə qeyd edirlər ki, İ.Əfəndiyev öz qəhrəmanlarını quru kitab dili, rəsmi və gurultulu cümlələrlə deyil, canlı, ifadəli və təbii dil ilə danışdırmağa çox üstünlük verir. Akademik Bəkir Nəbiyev yazır : «Ya­zıçı şirin dili, məlahətli təhkiyəsi ilə oxucunun ürəyini fəth edə bilir və ilk əsərlərində gözə çarpan bu keyfiyyət yazıçının fərdi yaradıcılıq üslubunu müəyyənləşdirən əsas amillərdən birinə çev­ril­miş­dir».3

Nəsr əsərləri ilə ədəbiyyata gələn İ.Əfəndiyev, döv­rünün bir sıra yazıçılarından fərqli olaraq, qafiyəli əsər­lər, şe‘r nümunələri yaratmamışdır. Lakin onun bir sıra hekayə və povestlərində, roman və pyeslərində yüksək bir şe‘riyyət, poetik bir vüs‘ət var. Heç kim cəsarət edib de­yə bilməz ki, yazıçının əsərlərində poetik çalarlar zəifdir. Bunu da qeyd etmək lazımdır ki, bədii əsərdə poetik ovqatı yalnız qafiyə və vəznlə ölçmək düzgün olmazdı. Məgər, yazıçının yüksək poetik vüs‘ətlə yaratdığı «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Mahnı dağlarda qaldı», «Yun şal», «Qırçı və qızıl çiçək»4 və s. əsərlərdəki poetik yük poeziya tələblərinə cavab vermirmi? Ədəbiyyatşünas alim Yaşar Qarayev göstərir ki, «...əlbəttə, mübahisə etmək olar ki, İlyas Əfəndiyev daha çox nasirdir, ya dramaturq? Hətta mübahisə etmək olar ki, nəsrdə də, dramaturgiyada da o, daha çox ədibdir, yoxsa şairdir? Lakin bir şey mübahisəsizdir: İlyas Əfəndiyev, hər şeydən əvvəl, bir lirikdir, şairanə iste‘dad və üsluba malikdir».5 Həqiqətən də ədibin yazdığı qafiyəsiz əsərlərin bir çoxu gözəl poeziya nümunələridir.

Geniş müşahidə qabiliyyətinə, mədəni-intellektual sə­viyyəyə malik olan İlyas Əfəndiyev klassik Azərbaycan dra­maturgiyasını uğurla inkişaf və davam etdirmiş, yazdığı və teatr səhnələrindən düşməyən onlarla pyesləri müasir dramaturgiyamızın imkanlarını xeyli genişləndir­miş, eyni zamanda, bir sıra yazıçıların yaradıcılığına müsbət tə‘sir göstərmişdir. Bu əsərlər, çox haqlı olaraq, müasir dramaturgiyada və sənətşünaslıq elmində çoxdan mövcud olan «C.Cabbarlı teatrı», «H.Cavid teatrı» terminlərinə «İ.Əfən­­diyev teatrı» anlayışının vətəndaşlıq hüququ qazanmasına tam səlahiyyət vermişdir.

Yazıçı dram əsərləri ilə müasir Azərbaycan ədəbiyyatına bahar təravəti, bənövşə qoxusu, yasəmən ətri, səhnəmizə romantik vüs‘ət, lirik-psixoloji ab-hava gətirmişdir. Onun yaratdığı müsbət qəhrəmanlar böyük bədii ümumiləşdirmə qüv­və­sinə malikdir. Mə‘nəvi-əxlaqi cəhətdən başqalarına nümunə ola biləcək həmin obrazlar bəşəri hisslərin, yüksək insani keyfiyyətlərin daşıyıcılarıdır. Bu səbəbdəndir ki, yazıçının əsərlərinin nəşri və yayılma coğrafiyası ildən-ilə genişlənir. İlyas Əfəndiyev qələminin məhsulu olan bu sənət nümunələri respublikamızın sərhədlərinin hüdudlarını aşaraq, keçmiş SSRİ xalqlarının dillərinə, həmçinin ingilis, fransız, alman, bolqar, macar,polyak, türk, ərəb, fars və s. dillərə tərcümə edilmiş, on minlərlə oxucuların ürəyinə yol tapmışdır. Dramaturqun bir sıra pyesləri dünyanın onlarla ölkələrinin teatr səhnələrində o cümlədən, Moskva, Sankt-Pe­ter­burq, Ankara, İstanbul, Razqrad, Daşkənd, Səmərqənd, Tbi­li­si, Alma-Ata, Aşqabad, Mahaçqala və s. şəhərlərdə uğurla tamaşaya qoyulmuşdur.

Müasir oxucu İlyas Əfəndiyevi yalnız gözəl pyeslər, komediya və faciə müəllifi, iste‘dadlı dramaturq və ölməz hekayə, povest və oçerklər yazan nasir kimi deyil, eyni zamanda orijinal yazı manerası ilə fərqlənən publisist, həm də ədəbiyyat və mədəniyyətin ən ümdə problemlərinə öz münasibətini bildirən ədəbiyyatşünas kimi tanıyır.

İ.Əfəndiyev ədəbiyyata çox keşməkeşli bir dövrdə - 30-cu illərin axırlarında gəlmişdir. Artıq 37-38-ci illərin dəhşətli repressiya faciələri arxada qalmışdı. İctimai həyatda olduğu kimi ədəbiyyat və incəsənət sahəsində də «təmizləmə» işləri aparılmış, ədəbiyyat «xalq düşmənləri», pantürkist və panislamistlərdən «azad» edil­­mişdi. Unut­maq olmaz ki, həmin illərdə ədəbiyyatın qar­şı­sında sənətkarlıq məsələlərindən daha çox siyasi və ide­oloji tələblər qoyulurdu. Yazıçı proletar işinin «bir his­səsi», onun kiçik bir «vintciyi» olmalı idi. Bolşevik əqidəsinə xidmət etməyən, partiyanın siyasətini həyata keçirməyə çalışmayan sənətkar proletar mədəniyyətinin və sovet hökumətinin düşməni hesab edilirdi. Bu səbəbdən də, heç bir günahı olmayan, özünü «vintciyə» çevirə bilməyən H.Cavid, M.Müşfiq, Ə.Cavad, Y.Vəzir, S. Hüseyn, A.M. Şərif­­zadə, Ü.Rəcəb və onlarla bu kimi sənət və ədəbiyyat fəda­i­ləri mübarizə cəbhəsindən uzaqlaşdırılaraq «xalq düş­məni» adı ilə güllələnmiş, Sibirə sürgün edilmişdilər.

Ədəbiyyata yeni gəlmiş yazıçılar da məhz bu təmizlənmiş yolla getməli, partiya nəzarətindən kənarda qalmamalı idilər, onlar sosialist realizmi metodu çərçivəsindən qıraqda söz deyə bilməzdilər.

Ədəbiyyatın siyasi mübarizənin qızğın meydanına çevrildiyi həmin illərdə ürəyi sözlə dolu, yazıb-yaratmaq həvəsilə alışıb yanan «kulak balası» İlyas Əfəndiyev ədəbiyyat cəbhəsinə atılır və ilk yazılarını 1938-1939-cu illərdə dövri mətbuat səhifələrində dərc etdirməyə başlayır.

Yazıçı 40-50-ci illərdə daha məhsuldar işləyir. Bu illərdə yazdığı «Tar çalındı», «Sən ey qadir məhəbbət», «Qəh­­rə­manla bülbülün nağılı», «Qarı dağı», «Gülaçar», «Su dəyirmanı», «Yun şal» kimi hekayələri ilə ədəbiyyatımızı xeyli zənginləşdirir. Lakin qələmə aldığı mövzuların masştablığı, epik və lirik lövhələrin genişliyi, bədii-estetik fikir və düşüncələrin zənginliyi hekayə janrının çərçivəsinə sığmadığından, yazıçı onların təsvirini povest və romanlara köçürməli olur. «Söyüdlü arx», «Kör­püsalanlar», «Dağlar arxasında üç dost», «Sarı­köy­nək­lə Valehin nağılı», «Geriyə baxma, qoca», «Üçatılan», «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» kimi çoxşaxəli povest və romanlar nasir İ.Əfəndiyevin yaradıcılıq imkanlarının nə qədər geniş və rəngarəng olduğundan xəbər verir.

İ.Əfəndiyev dramaturgiya sahəsində daha böyük uğurlar qazanmışdır. M.Hüseynlə birlikdə yazdığı «İntizar» pyesilə bu sahədə ilk addımlarını atan dramaturq Azərbaycan teatrına bir-birindən maraqlı, bədii ustalıqla yazılmış 25-dən artıq pyes bəxş etmişdir. Dramaturgiyamızın uğurları hesab edilən «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı» və s. dram əsərləri müasir Azərbaycan dramaturgiyasını və teatr sənətini yeni yüksək bir zirvəyə qaldırdı.

İ.Əfəndiyev, sovet hakimiyyəti və durğunluq dövrünün qadağaları nəticəsində deyə və yaza bilmədiyi bir sıra problemləri və mövzuları, o cümlədən ikiyə parçalanmış Azərbaycan, 30-cu illərin repressiyası, rus imperiyasının Azərbaycanı işğal etməsi, ilk müstəqil demokratik dövlətimizin fəaliyyəti, mühacirətdə yaşayan soydaşlarımızın taleyi, son 70 ildə xalqımızın başına gətirilmiş bəlalar, ictimai xəstəlik olan rüşvətxorluq, zəhmətsiz gəlir əldə etmək, haram yolla var-dövlət toplamaq və bu kimi məsələləri son illərdə qələmə aldığı əsərlərində böyük cəsarətlə təsvir etmişdir.

80-90-cı illərdə qələmə aldığı «Şeyx Xiyabani», «Bi­zim qəribə taleyimiz», «Sevgililərin cəhənnəmdə vüsalı», «Tənha iydə ağacı», «Dəlilər və ağıllılar», «hökmdar və qızı», «Polkovnik Allahyarov» kimi pyeslər belə əsərlər­dən­dir.

Azərbaycan ədəbiyyatının ön sıralarında duran, onun inkişafında fəal iştirak edən İ.Əfəndiyev milli kökə, klassik mədəniyyətimizə möhkəm bağlı olan bir sənətkar kimi dünya ədəbiyyatının ən yaxşı ən‘ənələrindən bəhrələnmiş və respublikamızın ədəbi-mədəni həyatında fəal iştirak etmişdir. O, istər dünya ədəbiyyatı klassikləri, is­­tərsə də müasir yazıçılar haqqında çoxlu məqalələr yazmış, ədəbiyyatın və mədəniyyətin müxtəlif aktual problemləri barədə qiymətli fikirlər, nəzəri mülahizələr irəli sürmüşdür. Musiqi, teatr, dramaturgiya, kino və incəsənətin digər sahələri, eyni zamanda S.Vurğun, M.Hüseyn, M.İb­ra­hi­mov, R.Rza, Tahir Salahov, Qara Qarayev, Adil İsgəndərov, Tofiq Kazımov və başqa sənət korifeyləri haqqındakı məqalə və çıxışları yazıçının yüksək intellektual səviyyəyə, geniş dünyagörüşə və nəzəri hazırlığa malik olduğunu sübut edir.

İctimai-siyasi quruluşun kökündən dəyişdiyi, xalqımızın müstəqil, demokratik dövlət quruculuğu yollarında ilk addımlarını atdığı indiki zamanda keçilmiş yollara, ayrı-ayrı yazıçıların yaradıcılığına yenidən nəzər salmaq, onu bu günün tələbləri baxımından obyektiv təhlil etmək, milli müstəqillik ideologiyası kontekstində öyrənib araşdırmaq bugünkü ədəbiyyatşünaslıq elminin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bədii dəyərini və ictimai əhəmiyyətini XXI əsrdə də qoruyub saxlayacaq və heç vaxt yaddan çıxmayacaq İ.Əfəndiyev yaradıcılığı bütöv­lük­də yenidən belə bir tədqiqata möhtacdır.

Monoqrafiyanın yazılmasında əsas məqsəd 60 illik yaradıcılıq yolu keçmiş, ədəbiyyatın müxtəlif janrlarında yazıb-yaratmış, müasir Azərbaycan ədəbiyyatını, nəsr və dramaturgiya xəzinəsini ölməz əsərləri ilə zənginləşdirmiş İ.Əfəndiyev yaradıcılığını bütünlükdə tədqiq etmədən, müxtəlif janrlarda yazdığı əsərləri ümumiləşdirib qiymətləndirməkdən, çoxşaxəli yaradıcılıq yolunun tam mənzərəsini vermək və müasir Azərbaycan ədəbiyyatının inkişafında onun yeri və rolunu yeni, sərbəst təhlil əsasında təsbit etməkdən ibarətdir.

Monoqrafiya hazırlanarkən ilk növbədə, bu vaxta qədər tədqiqatdan nisbətən kənarda qalmış, az işıqlandırılmış ədibin tərcümeyi-halının yazılmasına, ilk yaradıcılıq illərinin (1938-1945) geniş araşdırılmasına, Azərbaycan uşaq ədəbiyyatının və oçerk janrının inkişafındakı rolunun qiymətləndirilməsinə, yazıçının ədəbi-tənqidi görüşlərinin təhlilinə və s. məsələlərə xüsusi diqqət verilmişdir.

İ.Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbi tənqidinin və sənətşünaslarının daim diqqət mərkəzində olmuşdur. Onun həyat və yaradıcılığı haqqında az yazılmamışdır. Ədəbi tənqid heç vaxt İ.Əfəndiyev yaradıcılığına qarşı laqeyd olmamış və susmamışdır. Ədibin nəşr olunan hər bir yeni kitabı, dərc edilən təzə əsəri, tamaşaya qoyulan hər bir pyesi ədəbi tənqid və ictimaiyyət tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Əkbər Ağayevin ədibin «Kənd­dən məktublar» kitabına yazdığı resenziyası6 ilə başlanan bu proses sonralar müvəffəqiyyətlə davam etmiş, İ.Əfən­diyev haqqında çoxlu məqalələr, teatr tamaşalarına külli miq­dar­da resenziyalar,7 kitablar8, namizədlik dissertasiyala­rı9 yazılmışdır. Filologiya elmləri doktoru Yəhya Seyidovun İ.Əfən­diyevin həyatı və yaradıcılığı haqqında müxtəsər oçerki bu sahədə atılan ilk addımdır. Bununla belə obyektiv səbəblər üzündən həmin kitabda ədibin son 20-25 ildəki yaradıcılığı öz əksini tapmamışdır.

Filologiya elmləri namizədi Yaqub İsmayılovun «İl­yas Əfəndiyevin yaradıcılıq yolu» monoqrafiyası daha ge­niş tədqiqatın nəticəsidir. Kitabın müəllifi özündən əv­vəlki tədqiqatçıların yazıçı haqqındakı fikirlərini tək­rar etməmiş, İ.Əfəndiyevin bədii nəsri yüksək qiymətlən­dirilərək həyat və qəhrəman, konflikt və xarakter kimi nəzə­ri problemlərdən söhbət açmış, dramaturqun lirik-psi­xoloji pyeslərinin təhlilinə daha çox üstünlük vermiş, ədəbi-tənqidi görüşləri və sənətkarlıq xüsusiyyətləri araşdırılmışdır. Təbii ki, 1991-ci ildə çap edilmiş ki­tabda İ.Əfəndiyevin son illərdə yazılmış əsərləri təd­qiqatdan kənarda qalmışdır. Filologiya elmləri namizədi Aida Salahova isə öz əsərində yazıçının yalnız romanlarının dil və üslub xüsusiyyətlərindən söhbət açmışdır.

Ədibin yaradıcılığı haqqında ilk namizədlik dissertasiyası olan H.Nəsirovun 1965-ci ildə yekunlaşdırdığı «İlyas Əfəndiyevin yaradıcılıq yolu» əsərində yazıçının yalnız 60-cı illərə qədər qələmə aldığı bir neçə əsərindən bəhs edilmiş, B.Məmmədovun «İ.Əfəndiyevin dramaturgiyası»­ adlı tədqiqatı isə 1973-cü ilə qədər yazılmış pyeslərinin təhlili ilə məhdudlaşmışdır.

Bütün bunlardan əlavə, yazıçının həyatı və yaradıcılığı haqqında görkəmli ədəbiyyatşünas alimlər və tanınmış sənətkarlar çoxlu elmi-nəzəri məqalələr yazmışdır. Ədəbiyyatşünas alimlərdən M.Arif, M.İbrahimov, M.Cə­fər, K.Ta­lıbzadə, M.Hüseyn, B.Nəbiyev, Y.Qarayev, M.Məm­mə­dov, S.Əsə­dullayev, İ.Rəhimli və başqa müəlliflərin mə­qalələrində İ.Əfəndiyev sənətinin müxtəlif məsə­lə­ləri təhlil edilmiş və onlar yazıçının yaradıcılı­ğının öy­rə­nilməsində böyük elmi əhəmiyyətə malikdir. Biz kitab üzə­rində işləyərkən həmin müəlliflərin qiymətli fi­kir­lə­rin­dən bəhrələnmiş, müba­hisəli hesab etdiyimiz bə‘zi mə­qamlara öz münasibətimizi bildirmişik. Biz yazıçı haq­qın­da tədqiqat işi aparmış, onun haqqında kitab çap et­dir­miş Y.Seyidov, Y.Qarayev, Y.İsmayılov, A.Salahova və dis­ser­tasiyalar yazmış H.Nəsirov, B.Məmmədov və başqa təd­qiqatçı alimlərin əsərlərinin qiymət və əhəmiyyətini zərrə qədər də azaltmaq fikrindən çox-çox uzağıq. Bu əsərlərin hər birinin öz üstünlükləri vardır və onlar yazıçının sə­nət dünyasının öyrənilməsində əhəmiyyətli rol oynamışdır.

Lakin bu da bir həqiqətdir ki, 60 ildən çox məhsuldar yaradıcılıq yolu keçmiş, demək olar ki, ədəbiyyatın bütün janrlarında dəyərli əsərlər yaratmış İ.Əfəndiyev sənətinin müxtəlif qatları və dövrləri, xüsusilə də yazıçının tərcümeyi-halı, ədəbiyyata gəldiyi ilk illər daha məhsuldar yaradıcılıq dövrü olan 80-90-cı illər eyni zamanda ədibin oçerk yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatının inkişafında onun rolu və yeri, ədəbi-estetik və elmi-nəzəri məqalələri, bütünlükdə publisistikası və s. bu kimi məsələlər az araşdırılmışdır.

Hər bir yazıçının sənət dünyası onun tərcümeyi-halı ilə qırılmaz tellərlə bağlı olur. Onun boya-başa çatdığı mühit, ailə tərbiyəsi, təhsil aldığı məktəb, uşaqlıq və gənclik illəri yazıçının yaradıcılığında silinməz izlər buraxır.

Bununla belə, İlyas Əfəndiyevin geniş, elmi tərcümeyi-halı, onun 40-50-ci illərə qədərki həyat yolu haqqında demək olar ki, heç nə yazılmamışdır. 30-cu illərlə əlaqədar bir sıra məsələlər açıqlanmamış, «kulak balası» olduğu üçün yazıçı özü də sonralar, durğunluq illərində bunları gizli saxlamağa məcbur olmuşdur.

Bu illərin ictimai-siyasi hadisələrilə bağlı bir sıra materiallar, gənc yazıçının APİ-dən qovulması, sonrakı illərdə Əfəndiyevlər ailəsinin tə‘qiblərə mə‘ruz qalması, bu nəsilə mənsub olan ev-eşiyin, var-dövlət və mülklərin əllərindən alınması və s. məsələlərə aid materiallar ilk dəfə tədqiqata cəlb edilmişdir.

Biz kitabda İ.Əfəndiyevin çoxsahəli yaradıcılıq yolunu bir küll halında yenidən nəzərdən keçirmiş, dərc olunmuş ilk mətbu əsərlərindən, birinci məqalə, oçerk və hekayəsindən tutmuş, tamaşaya qoyulmuş son pyesinə qədərki sənət aləmini müasir dövrün konteksti baxımından yenidən araşdırmış, yazıçının qələmindən çıxmış hekayə, povest, roman, oçerk, məqalə və s. nümunələri ayrı-ayrı bölmə və fəsillər daxilində təhlil edərək qiymətləndirmiş, Azərbaycan dram teatrı səhnəsində tamaşaya qoyulmuş iyirmi pyesi müasir Azərbaycan dramaturgiyası və teatr sənətinin ümumi inkişafı ilə paralel bir formada, ədəbi mühitlə və zamanla əlaqəli bir şəkildə tədqiqata cəlb etməyə çalışmışıq. Monoqrafiya üzərində işləyərkən, bu vaxta qədər toxunulmamış, yaxud az araşdırılmış məsələlər üzərində daha çox dayanmağa cəhd göstərilmişdir.

Yazıçının yaradıcılığı haqqında daha geniş və tam təsəvvür yaratmaq məqsədilə, tədqiqatçı ədibin təkcə çap olunmuş və tamaşaya qoyulmuş əsərlərini deyil, eyni zamanda arxiv sənədlərini, bu günə qədər nəşr edilməmiş bir çox əlyazmalarını da nəzərdən keçirmişdir.

Elmdə son hədd, axırıncı zirvə anlayışı yoxdur və ola da bilməz. Dünən üçün qaranlıq qalmış fikirlər bu gün açıq­lanır, bu gün üçün dərk olunmamış hadisələr sabah mütləq aydınlaşdırılacaqdır. Heç şübhəsiz ki, İ.Əfən­diyev haqqın­da dediklərimiz də son söz deyildir. Yazı­çı­nın yaradıcılı­ğında bizim tərəfimizdən az işıqlan­dırılmış problemlər və konkret məsələlər özünün yeni tədqiqatçılarını gözləyir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə