Elm adamlari elm haqqinda professor Səlahəddin Xəlilovun təqdimatında ÇAŞIOĞlu bakı 2010




Yüklə 1.22 Mb.
səhifə4/13
tarix22.02.2016
ölçüsü1.22 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Həyat, bioloji və emosional şərait

Ömür su kimi yenidən yeniyə axıb gedir.

Fəqət cəsəddə bir sabitlik göstərir.

Cəlaləddin Rumi
Soyuq və yaraşıqlı bahar günü idi. Təzəcə yaşıllaşan kolun yanında oynayan uşaqlardan biri özündən xeyli bö­yük yoldaşlarından tez-tez soruşurdu :

  • Bəs budağı qıranda ağac ağlamır?

  • Dedim ki, yox!

  • Bəs kollar üşümür?

  • Yox, yox, yox!

Böyük üçün bu suallar çox maraqsız idi. Görünür o, dünyanın qəribəliklərinə artıq adət etmişdi.

Ağacın ağlaya bilməsi, onun üşüyə bilməsi uşağı ni­yə narahat edir? Niyə biz yaşıllığı, çiçəkləri sevmirik? Özü­nə ta­maşa edirmiş kimi gölün güzgüsünə əyilmiş bu­daqlar bizi nə səbəbə həyəcanlandırır?

Bu və ya başqa oxşar sualların ümumi bir cavabı var: Biz həyatı sevirik!..

Bitkilər bizim varlığımızın əsasıdır. Alman təbiət­şü­na­sı Meyerin obrazlı sözləri ilə desək, “bitki aləmi son­ra­lar sə­mərəli istifadə etməsi üçün günəş şüalarını toplayan an­bardır. İnsanın fiziki varlığı təbiətin bu iqtisadi qayğı­sından asılıdır. Yaşıllığa ötəri bir nəzər, sövq-təbii olaraq, maddi tə­minat hissi oyadır”.

İnsan və heyvan orqanizmləri elə qurulmuşdur ki, on­­lar böyüməsi, artması üçün zəruri maddələrin çoxunu in­kişaf səviyyəsi aşağı olan canlılardan hazır şəkildə alır. Bu ba­xım­dan bitkilərin qəribə taleyi var. Onların çox bö­yük əksə­riyyə­ti yaşamaq naminə heç bir canlının həyatına qəsd etmir. Yaşamaq üçün lazım olan şeyləri günəşin kö­mə­yi ilə torpaq­dakı mineral maddələrdən, sudan və ha­va­da­kı karbon qazın­dan özü “hazırlayan” bitkilər başqa can­lılara nisbətən daha sər­bəstdirlər. Biz insanlar asılılığımızı yüksəlişimizin bütün mərhələlərində yəqin ki, fəhm et­mi­şik. Məhz buna görə də, təbiətə bəslədiyimiz məhəbbətin iki səbəbi vardır.

Əvvəla, biz ondan son dərəcə asılı olduğumuzu, on­dan kənarda varlığımızın mümkün olmadığını başa düşə bi­lirik. İkincisi isə o, bizə gözəlliyi hiss etmək, özgə ta­le­yinə acımaq kimi “zəiflik” bəxş etmişdir. Bu səbəblər bizi həm də təbiətin sirlərini öyrənməyə vadar edir. Fransız tə­biətşünası Anri Puankarenin sözləri ilə desək, “alim təbiəti ona görə öyrənir ki, bu xeyirlidir. Bu iş ona ləzzət verir, çünki, təbiət gözəldir. İntellektual gözəllik öz-özlüyündə tə­minedicidir. Bəlkə də insanların gələcəkdə götürəcəyi xe­yirdən çox ”alim özünü bu gözəlliklər xatirinə uzun və ağır əziyyətlərə salır”. İstər ağır ehtiyac, istərsə də fira­van­lıq öz-özlüyündə elmi axtarış üçün stimul ola bilməz.

Özünü elmə həsr edənlər arasında ömrü boyu maddi ehtiyacdan yaxa qurtara bilməyənlər də, firavan yaşayan­lar da olmuşdur.

Başqa bir söhbətində Puankare deyir ki, gözəllik ax­ta­rışı, elə fayda axtarışının verdiyi nəticələrə də gətirib çı­xarır.

Elə bil ki, təbiət insanı böyük məqsədlərə yönəltmək üçün gündəlik tələblər – yaxın məqsədləri “yaratmış” və bizə heyrətlənmək, gözəlliklə sehrlənmək, ehtirasa gəlmək qabi­liy­yəti vermişdir. Bu, el arasında yayılmış belə bir əh­valatı xatırladır: Ata ömrünün son dəqiqələrində tənbəl oğul­larına vəsiyyət edir ki, bağda çoxlu qızıl gizlədib, onu tapsınlar. Oğlanlar qızılı tapmaq eşqi ilə bağın hər yerini bel­ləyirlər. Əlbəttə, onlar xəzinəni tapa bilmir, lakin tor­pa­ğı işlənmiş bağdan bol məhsul götürürlər.

Məlum olduğu kimi, insanın xarici aləmlə əlaqəsi iki əsas vasitə ilə – ağıl və hisslə ifadə olunur. Xarici aləmlə əla­­qə yalnız ağıla əsaslanmış olsaydı, insan dünyaya mü­kəm­məl ağılla gəlməli idi. Bunun isə mümkün ola bilmə­mə­sini sübut etməyə ehtiyac yoxdur.

Elm və sənətin ağıl və hiss əsasında necə formalaş­dı­­ğı­nı, onların qarşılıqlı əlaqəsini aydın etmək üçün ümu­mi şə­kil­də də olsa, həyatın mahiyyəti haqqında müasir fi­kirlər üzə­rində dayanaq.

Qədim müəlliflərdən biri deyir: “Biz torpaq olub get­­dik, sən də diri torpaqsan”. Min illərlə insan canlının “tor­­paqdan əmələ gəlib” torpağa çevrildiyinin şahidi ol­muş­dur. Qədim alimlərin fikrincə canlı torpaqla cansız tor­pağın fərqi birincidəki “can” və ya “ruh”dur.

Dəqiq kimyəvi təhlillərlə müəyyən edilmişdir ki, “can­lı torpağın” – tərkibində müxtəlif kimyəvi element­lə­rin sayı can­sız torpaqdakından azdır. Canlı aləmin fərd­lərinin – bit­ki­lə­rin, ali canlıların bədənləri təsadüf edilən 92 elementdən əsa­sən beşinin (karbon, oksigen, hidrogen, azot və fosfor) he­sabına qurulmuşdur. Qalan element­lər­dən canlıların “qu­rul­ması” üçün nisbətən az istifadə edil­mişdir. Ancaq həyatda onların əhəmiyyəti böyükdür. Hə­ya­tı bir kitaba oxşatsaq, onun yazılmasında əsasən beş müx­təlif və mühüm hərfdən, bütünlüklə təbiətin yazıl­ma­sında isə 92-yə yaxın müxtəlif “hərfdən” istifadə olun­muş­dur.

Beləliklə, qədim insanlar canlı aləmlə cansız aləmin maddi tərkibləri arasında fərq olmadığını güman edərkən çox da yanılmamışdır. İstər canlılar, istərsə də cansızlar kimyəvi elementlərin mümkün varlıq formalarıdır. Hələlik bütün təd­qi­qatlar göstərir ki, canlılıq varlığın bir forması kimi yalnız yerdə mövcuddur.

Cansızlıq kainatda geniş yayılmış varlıq forması ol­du­ğu halda, planetimizdə canlı varlıq formasının da möv­cud­luğu necə izah edilməlidir?

Doğrudan da, sadəcə cansızlıq mövcud olduğu hal­da, nə səbəbə planetimizi təşkil edən elementlərin həm çə­ki, həm də müxtəlifliyinə görə az bir hissəsi həyat şək­lin­də, yaşarı formada mövcuddur. Elementar tərkibinə görə, cansız aləm­dən sadə olan həyat, quruluşuna görə ondan mü­qa­yi­sə­edil­məz dərəcədə mürəkkəbdir. Bu mürəkkəb­li­yin məziyyəti nə­dən ibarətdir? Məziyyəti müzakirə etməz­dən əvvəl haqqında danışdığımız varlıq formalarının əsas cə­hətlərini nəzərdən keçirək.

H
canlılar:

atomlar

molekullar

molekul qrupları

hüceyrələr

hüceyrə koloniyaları

orqanellalar toxumlar)

orqanlar və s.

cansızlar:

atomlar

molekullar

maddələr

kristallar

materiallar
ər iki aləm üçün mərtəbəli quruluş xarakterikdir. Dil də bu xüsusiyyətə malikdir:
Göründüyü kimi, cansızlara nisbətən canlılarda mü­rəkkəbləşmə mərhələlərinin sayı müqayisəedilməz dərə­cə­də çoxdur. Hər bir səviyyənin fərdləri özündən sonrakı sə­viyyə üçün quruluş vahidi rolunu oynayırlar.

Kristal cansız aləm fərdlərinin ən qəribə nümayən­də­sidir. Hər bir maddənin kristalı özünəməxsus zahiri for­ma­ya malikdir. Bu formalar adətən həndəsi çoxüzlülərdən ibarətdir. Xörək duzunun kub şəkilli kiçicik bir kristalını duzun doymuş məhluluna salsanız, bir müddətdən sonra onun böyüdüyünü görəcəksiniz. Oxşatma kobud da olsa, kristal hörülməkdə olan divar kimi məhlulda həll olmuş nat­rium və xlor ionları hesabına böyüyür. Kristalın bö­yük­lüyü təcrübi imkan və zamandan asılıdır.

Canlı aləm fərdləri də böyüyür. Lakin bu böyümə ta­mamilə başqa xarakterlidir. Canlılar müəyyən ölçüyə kimi böyüyə bilirlər. Kristal böyüdükdə daxilində heç bir də­yi­şiklik baş vermir, canlıda isə böyümə bütünlükdə gedir.

İçində xörək duzu kristalı olan duz məhlulu qabının ağzını örtüb onu buxarlanmağa qoymasanız, kristalın bö­yü­məsi dayanacaq, yəni müəyyən vaxtdan sonra kristalın səthindən məhlula keçən ionların sayı məhluldan kristala keçənlərə bərabər olacaq. Çöldə şərait dəyişməsə bu ta­raz­lıq əbədi yaşaya bilər.

Bildiyimiz kimi, canlılar belə deyil. Onlar xarici aləmlə maddələr mübadiləsi hesabına özünü bütünlüklə bərpa edərək yaşayır. Canlıda bütün atomlar hərəkətdədir. Ancaq biri az, biri çox. Orqanizmdə bir atomu nişanlamış olsanız və onu bir qayda ilə izləsəniz, müəyyən sürətlə hərəkət etdiyini görərsiniz. O, bir müddət orqanizmi qay­da­lı dolandıqdan sonra onu tərk edəcək, öz yerini çöldən orqanizmə daxil olmuş başqa atoma verəcəkdir. Bu halı şə­­lalə ilə müqayisə etmək olar. Şəlalənin şəkli dəyişməz ol­duğu halda ibarət olduğu hissələr – su molekulları bir tərəfdən gəlib o biri tərəfdən gedir. Cəlaləddin Rumi də “ömür su kimi yenidən yeniyə axır. Fəqət cəsəddə bir sa­bitlik göstərir” – deyəndə, elə həyatın bu qəribə xasiyyə­tini nəzərdə tuturdu. Canlı aləmlə cansız aləm arasındakı bu fərqlər və ümumiliklər, birinci növbədə, onların təşkil olma tərzləri – quruluşları arasındakı fərqlər və ümu­mi­lik­lə­rin nəticəsidir.

Məlum olduğu kimi mənalı sözlər, cümlələr səslərin, sözlərin yalnız müəyyən ardıcıllıqla düzülüşündən ibarət olduqları kimi, elementlərin varlıq formaları da onların in­tizamsız toplusu deyil. Müəyyən quruluşa malik toplu­su­dur. Belə topluların uzun ömürlüyü və ya davamlı olmaları üçün aşağıda saydığımız quruluş xassələrinin ayrıca əhə­miy­yəti vardır.

Quruluşuna daxil olan hissələr arasında qüvvətli əla-qə, bunların fərdi xüsusiyyətlərinə uyğunluq, sadə təsvir olu­na bilən qayda, hissələrin mütəhərrikliyi kimi müşahidə olunan keyfiyyətlər quruluşun yaşama amilləridir. Bu ba­xımdan müxtəlif varlıq formalarının müqayisəsi maraq­lı­dır.

Cədvəldən göründüyü kimi canlı quruluşunda da­vam­­lılıq üçün xarakterik olan bütün xüsusiyyətlər vardır. Cansız aləmdə birlikdə rast gəlinməyən bu xüsusiyyətlərin hamısına birlikdə malik olan quruluş çox mürəkkəb ol­ma­lı­dır. Bu mürəkkəblik quruluşu saxlamaq, müdafiə etmək üçün cansız aləmdəki uyğun imkanlardan əlavə canlıya da­ha yeni mahiyyətli başqa bir imkan da verir.

Müxtəlif şəkildə olsa da hər bir quruluşun özünü qorumaq xassəsi vardır. Onu dağıtmaq üçün yönəlmiş qüv­vəyə qarşı quruluşda müdafiə reaksiyası əmələ gəlir. Belə hallarda quruluş ən azı, onu yönəlmiş təsiri ney­tral­laş­dıracaq qaydada köklənir – xarici şəraitə uyğunlaşır. Hə­yatın üstünlüklərindən biri də budur. Cansız aləm fər-dinin dağıdıcı təsirə qarşı reaksiyası – şəraitə uyğunlaş­ma­sı dəyişməz şəklə malikdir, stereotipdir.


Qayda

Hissələr arasında qüvvətli əlaqə

Fərdi xüsusiyyətlərə uyğunluq

Hissələrin mütəhərrikliyi

Qaz

Maye

Amorf

Bərk maddə

Kristal

Canlı



çox az

çox az

çox

yüksək

yüksək



Çox zəif

Qüvvətli

Qüvvətli



Qüvvətli



Çox yüksək





Yüksək


Həyat bu barədə sərhədsiz imkana malikdir. Canlı­lar­­da müşahidə olunan müdafiə xarakterli davranışları özü­nüqoruma sövq-təbiisinin nəticəsi hesab edirlər. Lakin elə davranışlar vardır ki, onlar bilavasitə instinktin nəticəsi deyil. İctimai fəaliyyətin müxtəlif sahələri buna misal ola bilər. Bu dolayı yollarla olsa da həyatı qorumaq instinkti ilə səsləşir. Beləliklə, fərd hissəsi olduğu həyatı – canlı aləmi qorumaqla özünü qorumuş olur. Canlı aləmi vəhdət kimi görmədən təbiətşünaslıqla ictimai hadisələr arasında ilişki, bağlılıq axtarmaq çətindir, bəlkə də heç mümkün de­yil.

Bir sözlə, fərdin həm bioloji, həm də ictimai funk­siyası həyatı yaşatmaqdır, özünün əbədiliyidir. Daha doğ­rusu, fərdin əbədiliyi həyatın əbədiliyində mümkündür.

Gətirilən misallardan canlı aləmdəki mərtəbəli quru­luş hesabına mürəkkəbləşmənin həyatın varlıq forması ki­mi davamlığı baxımından nə qədər böyük üstünlüklərə, di­namik imkanlara malik olduğunu gördük. Əgər bu üstün­lük­lər olmasaydı həyat öz zərifliyi ilə cansız aləmin rə­qa­bətinə dözə bilməz, imkanlarının məhdud səviyyəsində yox olardı.

Başqa canlılardan fərqli olaraq insan, inkişafının nis­bə­tən yüksək pilləsində öz varlığını qorumaqdan ötrü şə­rait arxasınca qaçmır, əksinə özü üçün şərait yaradır. Mə­sə­lən, kosmik uçuş zamanı o adi şəraiti özü ilə aparır, baş­qa sözlə, bioloji şərait dəyişərək kosmik şəraitə uy­ğun­la­şır. Təbiidir ki, bütün hallarda gözlənilməz şəraitlə üzləşib öz adi şəraitini saxlamaq həmişə mümkün deyil. Ona görə də insan baş verə biləcək şərait dəyişikliklərinə əvvəl­cə­dən hazır olmalıdır. Bu işi o, xarici aləmi öyrənməklə, da­ha doğrusu, öz elmi fəaliyyəti ilə yerinə yetirir. Bəlkə də “ya­şamaq zərurəti bu işin nəticələrinin əsas cəhətlərindən biridir”, – demək daha dürüst olardı. İnsanı belə fəaliyyətə – nəticəsi uzaq məqsəd güdən işlərə vadar edən təkcə tə­biətə hakim kəsilmək ehtirası deyil, həm də maraq, gö­zəllik hissi, başqasının taleyinə acımaq və bu kimi yaxın məqsədlərdir. Çoxu emosiyalardan ibarət olan bu hisslərin rolu təkcə öyrənilməli məsələlərə diqqəti cəlb etməklə bit­mir, həm də bu məsələlərin həlli üçün, düzgün fəaliyyət üçün qərar çıxarılmasına kömək göstərir.

Belə qərarların çıxarılmasına lazım olan bilik çox vaxt azlıq edir, ya da kənardan alınan məlumatlar arasında əlaqə itirilmiş olur. Bilik və məlumat gücünə dərhal qərar çıxarmaq nadir hallarda mümkündür. Mümkün qərarların formalaşması və onlardan hansına üstünlük verilməsində emosiyanın – hisslərin, yaradıcı fəhmin böyük rolu vardır.

Canlı orqanizm, mühiti ilə arasıkəsilməz maddələr mübadiləsindədir. Dediyimiz kimi o öz varlığını sax­la­maq­­dan ötrü mühitindən aldığı maddələr hesabına təzələ­nir, böyüyür. Bu maddələrin orqanizmə lazım olan başqa maddələrə çevrilməsi üçün münasib bioloji şərait tələb olunduğu kimi, alınan məlumatın da əlverişli qərarlara çev­rilməsinə uyğun emosional şərait gərəkdir.

Elmin də əməli məqsədlərindən biri və ən əsası bio­loji şəraitin idarəsidir. Buna münasib olaraq sənətin qar­şı­sında duran vəzifə insanın emosional şəraitini məqsə­də­uy­ğun idarə etməkdir. İlk baxışda sənətin məqsədi bayağı­laş­mış, buludlardan yerə endirilmiş kimi görünə bilər. Lakin belə deyil. Sənətin guya heç bir əməli əhəmiyyətindən ası­lı olmayaraq zövq mənbəyinə çevrilməsi fikri onun əsil və­zi­fəsini yerinə yetirmək üçün lazımdır. Sənətdə “həyatı qorumaq” qüvvəsi olmasaydı, bəlkə də bizi bu qədər dü­şün­dürməz, həyəcanlandırmazdı.

Xaricdən alınan məlumat iki hissədən ibarətdir; mə­lu­matın semantik hissəsi və estetik hissəsi. Qeyd etmək la­zım­dır ki, estetik hissə məlumatın bilavasitə sözbəsöz baş­qa dilə çevrilə bilməyən hissəsidir. Semantik hissəni isə is­tə­nilən dəqiqliklə hər dilə çevirmək olar.

Məsələn, hər bir cümlədəki məna onun daşıdığı se­man­tik məlumatdır. Cümlədə olan söz düzümü, deyiliş ça­ları, səs gözəlliyi estetik məlumat daşıyır.

Məlumatın yaratdığı emosional hisslər ümumi şəkil­də aşağıdakı səbəblərdən asılıdır:


  1. Orqanizmin ümumi fizioloji halı.

  2. Xarici məlumatın semantik hissəsi.

  3. Xarici məlumatın estetik hissəsi.

Semantik məlumat vaxtı ilə keçirilmiş emosional hiss­ləri oyadır.

Estetik məlumata gəlincə, onda bilavasitə heç bir tə­səv­vürsüz də emosiya yaratmaq imkanı vardır.

Ümumiyyətlə emosiyaların səbəbi bu göstərdikə­ri­mi­­zin müxtəlif çalarlı bağlılığı, qarşılıqlı əlaqəsidir. Başqa söz­lə, onların əmələ gəlməsində həm estetik, həm se­man­tik mə­lu­matların, həm də beyinin ümumi fizioloji halının birgə işi­nin nəticəsini görmək daha doğrudur.

Bu söhbətimizdə həyatın mahiyyəti haqqında müasir təsəvvürlərə, elmlə sənətin başlanğıc əlaqələrinə və bun­la­rın həyat üçün nə məqsəd daşıdığına ötəri nəzər saldıq. İn­di isə elm və sənətin yaradıcılıq sahələrindəki fərq və ümu­miliyini gözdən keçirək.
Məlumat – Qayda – Uyarlıq
İnsan məlumat dənizində yaşayır. Məlumat insana ha­­va və su kimi lazımdır. Xarici aləmlə məlumat müba­di­ləsi müəyyən müddət kəsildikdə insan gerçəklik hissini itirir, onda normal olmayan psixoloji hallar baş verir. Mə­lu­mat – informasiya sözünü geniş mənada başa düşmək la-zımdır. Yerin üstü ilə dolaşıq əlaqəsi olan bir mağara tə­səvvür edin: mütləq qaranlıq, havada heç bir tərpəniş yox, mütləq səssizlik... Belə bir şəraitdə su damcılarının tıq­qıltısı, yarasa uçuşu zamanı gələn küy özü də məlumatdır. İnsan belə bir vəziyyətə düşdükdə təkliyin dəhşətli “səsini” öz səsi ilə batırmağa çalışır. Ancaq onun öz səsi özü üçün uzun zaman informativlik rolunu oynaya bilmir, yalqızlığın qorxunc təsi­rinin ilk əlamətinə çevrilir. Bütün bunlar beyinin normal işi üçün məlumat mühitinin nə də­rə­cədə dəyərli olduğunu göstərir. Göründüyü kimi xarici aləmlə bağlılığımız, əlaqə­miz düşdüyümüzdən daha dərin, daha mürəkkəbdir.

Aydındır ki, biz xarici və daxili aləmimizdəki də­yi­şik­likləri hiss üzvlərimiz vasitəsi ilə duyuruq. Onlardan birinin və ya bir neçəsinin öz həssaslığını itirməsi beyinin – ali sinir sisteminin normal işinə dərhal təsir edir. De­yil­diyinə görə, bütün hiss üzvləri sıradan çıxmış, yalnız gör­mək qabiliyyəti qalmış bir xəstə gözlərini yuman kimi də­rin yuxuya ge­dir­miş. Axı, onun beyni görmədən başqa heç bir duyğu ilə bağlı qıcıq almırdı.

Beyinin modeli sayılan elektron qurğuları – müasir he­sablayıcı maşınlar xaricdən alınan məlumatın xarak­te­rinə çox həssasdır. Onlara yalnız iş üçün yararlı məlumat gərəkdir. “Küy” adlandırılan başqa xarici məlumat onların işini pozur və ağırlaşdırır. Beyindən ötrü isə belə “küy” onun normal işi üçün zəruri şərtlərdən biridir. Sözsüz, müəyyən həddə qədər!

Tamamilə eyni informasiyanın müxtəlif fərdlərə tə­siri başqa-başqadır. Birini ağladan məlumat başqasını gül­dü­rür. Birini düşündürən məlumat başqasının düşüncəsinə mane olur. Deyirlər ki, Faradeyin elm aləminə səs salmış məşhur təcrübələrindən xəbər tutan İngiltərə kraliçası onu saraya çağırır. Kraliça Faradeyin sınaqlarıma baxıb, alimi yola saldıqdan sonra yaxındakılara deyir :



  • İnsan nə qədər işsiz olmalıdır ki, belə mənasız şeylərlə məşğul olsun.

Bu “mənasız şeylər” müasir texnikanın əsasları idi.

Semantik və estetik təsir məlumatın potensial xas­sə­si­dir, gizli imkanıdır. Xüsusi hazırlığı olmayanlar üçün Eyn­­ştey­nin nisbilik nəzəriyyəsi dolaşıq, əlaqəsiz söz yı­ğı­mıdır. Başqa sözlə bu halda onun semantik təsiri yoxdur. Estetik təsiri pis də ola bilər. İnsan anlamadığı danışıqları, bilmədiyi mətləbləri həvəssiz dinləyir. Musiqi savadı ol­mayan bir avropalı ilk tanışlıqda muğamı üzüntülü bir mızıltı kimi qəbul edəcəkdir.

Məlumatın semantik və estetik hissələri arasında iki cür bağlılıq vardır. Birinci halda hər iki hissə üzvi bağlıdır. Yazı həm semantik məlumat daşıyır, həm də ornament təsiri bağışlaya bilər. Belə bir xüsusiyyət təbiət obyektləri və ən gözəl sənət əsərləri üçün xarakterikdir. İkinci halda semantik məlumat estetik məlumatla uzlaşdırılmış şəkil­də­dir; bəzəkli yazı, musiqi, şeir, dram-dekor-musiqi və s.

Rəssamı, alimi, bəstəkarı xarici aləmdə cəlb edən nə­dir? Təbiətin harmoniyası – “qayda” və ya onun emo­si­onal təsiri olan “ahəng”.

Adətən qaydaya qarşı əkslik kimi qaydasızlıq, xaos – dağınıqlıq qoyulur. Ancaq qayda ilə qaydasızlıq ağ – qa­ra, acı – şirin və s. kimi anonim təbiətli əksliklərdən deyil. “Burada bir qaydasızlıq hökm sürür” dedikdə nəyin harada yerləşəcəyini, sonrakı hadisənin nədən ibarət olacağını bilməyin qeyri-mümkünlüyünü nəzərdə tuturuq. Başqa söz­lə, hər şey ola bilər, hər şeyi hər yerdə eyni ehtimalla gözləmək mümkündür. Bu, bircinslilikdir, bu cəhətdən xaoslar bir-birindən seçilmir. Ancaq qayda təsvirə gələn­dir, qaydanı qaydadan seçmək mümkündür. Bir qaydanın o birindən nə qədər mürəkkəb olduğunu da göstərə bilər­sən. Arabir mürəkkəbliyi gücləndirmək üçün onu xaosa da oxşadırlar. Bununla demək istəyirlər ki, qaydada mürək­kəb­lik o qədərdir ki, onu birdən-birə görmək olmur. Belə­liklə, xaos qaydanın mürəkkəblik dərəcəsinin həm baş­lan­ğıcı, həm də sonudur.

Qayda “quruluş” anlayışı ilə sıx bağlı anlayışdır. Hər şey müxtəlif quruluşa malik ola bilər. Hər dəfə nəyə görə, hansı əlamətə görə quruluşdan danışıldığı xüsusi qeyd edil­­məlidir. Məsələn, canlının anatomik quruluşu, hü­cey­rəli quruluşu və ya dövlətin siyasi, iqtisadi, inzibati qu­ru­luşu. Elmin, o cümlədən də, sənətşünaslığın qarşısında du­ran ən böyük məsələ həmişə quruluşla xassə arasındakı əlaqənin təbiəti olmuşdur: dövlət necə qurulmalıdır ki, xal­qın tələbinə cavab versin? Maddə necə qurulmalıdır ki, onun istənilən xassəsi olsun? Maşın necə qurulmalıdır ki, müəyyən işləri ye­rinə yetirə bilsin. Əsər də elə qurulma­lı­dır ki, gözlənilən es­tetik, emosional hissləri yarada bilsin. Bildiyimiz kimi Üzeyir Hacıbəyovun ən böyük xidmət­lə­rindən biri də Azər­baycan xalq musiqisinin elmi əsaslarını işləyib hazır­lamasıdır. Təkcə bu fəaliyyəti onun Azər­bay­can mədəniyyəti tarixində görkəmli bir şəxsiyyət kimi qalmasına bəs idi. “Azərbaycan xalq musiqisinin əsasları” mu­siqimizin qrammatikasıdır. Dilimizdəki səslər eyni tez­liklə işlənmədiyi kimi, musiqi dilimizdə də səslər eyni tez­liklə, eyni ardıcıllıqla təkrarlanmır. Biz ilk növbədə buna gö­rə dilləri, musiqiləri bir-birindən seçə bilirik.

Xarici aləmdə insanın görə bildiyi qanunauy­ğun­luq­lar nəsildən-nəslə verilir. Elmi kitabların hamısında müm­kün olan və mümkün olmayan hadisələrdən, bu hadisələr arasın­dakı bağlılıqdan danışılır. Bir sıra elmi əsərlərdə ən çox baş verməsi mümkün olan hadisələrdən söhbət gedir. Bəzi alim­lər mümkün olan və olmayan hadisələri qələmə alır, hər iki qayda ilə təbiəti təsvir edirlər. Biz təsvir dedik. Bu söz adi təsvir kimi başa düşülməməlidir. Söhbət təbiət­dəki dəyişməz qaydaların – təbiət qanunlarının təsvi­rindən gedir. Yəni tə­biət dilinin qrammatikasından. Son zamanlar aş­kar edil­miş­dir ki, mümkün olmayan, baş verə bilməyən hadisələrdən da­nış­maq daha əlverişlidir. Niyə? Ona görə ki, bu halda təbiətin dolğun mənzərəsini verməyə daha az təsvir vasitəsi tələb olunur. Bir kitabda təbiətin baş­lıca qa­nunları inkar şəklində verilmişdirsə, demək bu qanunlara əsasən, “qalan hadisələrin baş verməsi mümkün­dür”, – deyə bilərik. Belə elmi qanunların sayı ildən-ilə artır. Bu, mümkün olan hadisələrin sayını kəskin şəkildə azaldır və biz nəticədə klassik elmdə olduğu kimi nəyin mümkün olduğu barədə konkret qənaətə gələ bilərik. Ancaq fərq ha­disənin müəyyən ehtimalla xəbər verilməsidir. Təbiət qa­nunlarının “tabu” xarakterliliyi və yeni elmdə bu qanun­la­ra verilən yer onu sənətlə daha da çox yaxınlaşdırır. Təbiət haqqında istədiyiniz şəkildə mühakimə apara bilərsiniz; ancaq bu mühakimələr zamanı enerjinin itməməsi, Pauli prinsipinin pozulması, maddə çəkisinin saxlanması və s. qa­nunlar öz qüvvəsində qalmalıdır – müasir elmin tələbi, is­təyi belədir.

Deməli, xarici aləmin, təbiətin biçimlərindəki aydın­lıq bu məhdudiyyətlərin nəticəsidir. Tabu şəkilli bu qanun­la­rın sayı artdıqca təbiətin şəkli daha çox aydınlaşır.

Arkadi Raykin zarafatlarının birində rəssam haq­qın­da belə deyir : ”Rəssam – gərəkli boyaları gərək olan yerə ya­xan adama deyilir”. Gülməli də olsa burada bir ger­çək­lik var. Sənətdə az çox öz dəsti-xətti, öz yolu olan bir rəs­sa­mın bütün çəkdiklərini gözdən keçirsəniz, onun boyaları özünəməxsus bir ölçüdə işlətdiyini görəcəksiniz. Bu nis­bət­lə də rəssamın işlərindəki kolorit aşkarlanır. Bu, təbiə­tin elementlərə görə tərkibini yada salmırmı? Sonrakı təh­lil­lərimizdə rəssamın müəyyən kompozisiyalardan, biçim­lərdən, cizgilərdən, çalarlardan istifadə etmədiyini görə­cək­siniz. Rəssam sanki istedadının, dünyagörüşünün, tem­pe­rament və zövqünün, sənət texnikasının imkan verdiyi vasitələrə müəyyən məhdudiyyət qoyub özünəməxsus bir “aləm” yaratmışdır.

Üzeyir Hacıbəyov haqqında danışdığımız kitabında mu­siqimiz bu baxımdan təhlil olunur. Rast muğamı üs­tün­də musiqi bəstələmək üçün işlədilən səslərdən biri maye – nüvə rolunu oynayır. Qalanları ilə nüvə ətrafında qatdan-qa­ta qaydalı sıçrayışlar edir. Bu qayda qrafik şəkildə gös­tə­rilsə atom quruluşuna əsasən spektrlərin izah olunması üçün çəkilən sxemlərə çox oxşar sxem alınır. Nils Bor atom quruluşunu kəşf etdikdən sonra Eynşteyn bu quru­luşa öz heyranlığını bildirməkdən ötrü onu yüksək musi­qi­yə bənzətmişdi.

Oyun qaydalarını xatırlayın. Bütün bunların şəklini ay­dın edən tabu qanunlarıdır. Hamısını sxematik olaraq aşa­ğıdakı şəkildə göstərmək olar.
İlk vəziyyət ... məqsəd ...

1. . . . . . olmaz,

2. . . . . . olmaz,

3. . . . . . olmaz,

4. . . . . . olmaz,
Futbol oyununu yada salın. Oyunun qaydasını göz­dən keçirsəniz onun, əsasən, “olmaz”lardan ibarət olduğu­nu görərsiniz. Topa əllə toxunmaq olmaz, rəqibi saxlamaq, badalaq vurmaq olmaz, qarşıda ən azı iki rəqib yoxdursa top­suz irəli çıxmaq olmaz və s. “ola bilər”lər isə oyun­çu­nun yaradıcılığıdır. Hakimin vəzifəsi “...olmaz!” şəklində de­yilmiş qaydaların pozulmasını gözləmək, pozulduqda isə cəza verməkdir. Yalnız bu şərtləri gözləyərək qapıdan ke­çirilən toplar “qol” sayılır, tamaşaçıları həyəcanlandırır, ki­mində qələbə sevinci, kimində basılma məyusluğu oya­dır.

Sənət əsəri xalqın emosional dilində hökm sürən qa­nun­lara görə yaradıldıqda el onu tez qavrayır. Sənətkar isə bu qanunları empirik bilir, duyur, xalqın bir hissəsi olaraq bu qanunlara süd ilə, uşaqlıq hissləri və bütün psixoloji dün­yası ilə illər boyu onun varlığına hopur. Ancaq hər bir sə­nətkar özü düzəltdiyi “qrammatika”ya əsasən də yaza bi­lər. Bu, azad bir işdir və sənət etikasına zidd deyil. Bü­tün məsələ bu qrammatikanın estetik keyfiyyəti və anlaş­ma universallığındadır.

Tanış melodiyalardan bir neçəsini tərsinə oxudun. Bu qayda ilə alınan melodiyalar da qrammatikaya görə dü­zəl­dilmişdir – birinci qrammatikanın inversiyasından dü­zəl­dilmiş bir qrammatikaya əsasən, ancaq sonuncu me­lo­di­yalar qrammatikaya görə yazılmasına baxmayaraq heç də həmişə estetik keyfiyyətli deyil.

Dodaqdəyməz, təcnis, bəhri-təvil kimi bədii biçim­lə­ri də tabu xarakterli qanunların söz sənətinə tətbiqinə mi­sal göstərmək olar. Cəmiyyət modellərinin formalaş­masın­da da belə qanunların rolu böyük olmuşdur. Cəmiyyətlərin şəkli müəyyən qrup tabuların qorunub saxlanması ilə sa­bit­ləşmişdir.

Gətirdiyimiz misallardan xarici aləm obyektlərinin eyni prinsiplərə görə qurulduğunu aydın görmək olar.

Bəs alim işinin sənətkar işindən mahiyyətcə ayrılığı nədədir?

Hər ikisinin obyekti xarici aləmdir. Birinci obyektin qu­ruluşundakı qanunauyğunluq – semantik məlumat, o bi­ri­ni isə bu quruluşdakı estetik məlumat, onun beynində ahəng təsiri yaradan hissəsi maraqlandırır. Semantik məlu­mat xarici aləmi məqsədəuyğun dəyişdirmək üçün, estetik məlumat isə insanın fəaliyyətini, davranışını həyatın da­ya­nıqlı olmasına doğru yönəltmək üçün lazımdır.

Alimi ən çox maraqlandıran xarici aləmin ümumi cə­hətləridir. Aristotelə görə “Filosofları oxşarlar arasında fərq, fərqlilər arasında oxşarlıq maraqlandırmalıdır”. İki min ildən artıq tarixi olan bu söz həmişə yenidir.

Eyni maddənin quruluşu harada açılır açılsın, eyni şəkilli olacaqdır. Elmi nəticə yer, zaman və müşahidəçinin subyektiv fikrindən asılı deyil. Alınan nəticəni istənilən dilə çevirmək və onu rəmzlərlə də ifadə etmək olar. Müx­təlif yerlərdə, müxtəlif dövrlərdə alınmış nəticələrin üst-üs­tə düşməsi müvəffəqiyyətlidir. Ancaq sənətdə belə de­yil. Sənətkarı ən çox estetik məlumat hissəsinin yaratdığı emosiya maraqlandırır və o hissələrin təsiri ilə fəaliyyət gös­tərir. Çünki quruluşun bu xassəsini ancaq onun yarat­dı­ğı emosional duyğularda görmək olar.

Sevdiyiniz bir çalğı yazılmış lenti təhlil edin: orada səs maqnitləşmənin azalıb-artması ilə yazılmışdır. Qram­mo­fon valında səs iynənin saldığı mürəkkəb iz şəklindədir. Həmin səslərin notla yazılarını gözdən keçirin. Bütün bu yazılar sizdə emosional duyğular doğurmayacaqdır. Ancaq siz onları adi qaydada səsləndirib qulaq assanız, orada ya­zıl­mış estetik məlumatı “görə” bilərsiniz. Eləcə də sənət­kar fırçasından çıxmış bir tablonun sözlə təsviri şəklə məx­sus emosional təsir doğurmayacaqdır. Siz şəkili gör­məlisiniz!

Sevgiyə, məhəbbətə həsr olunmuş nə qədər şeir var. Bun­lardan birinin müvəffəqiyyəti o birini rədd etmir. Buna görə də, sevgidən yazana “bu mövzu yazılmışdır” demək, gü­lüncdür, sevgi duyğusunun fizioloji mahiyyəti eyni olsa da onun təkrar olunmayan psixoloji çalarları sonsuzdur. Bu çalarlar böyük və daha ümumi olan sevginin müxtəlif cə­hətlərini işıqlandırır. Belə cəhətlər hər dəfə üzə çıxa­rıl­dıqda orijinal bir tapıntı kimi marağımıza səbəb olur. Mə­sələ sevgi haqqında odlu sözlər söyləməkdə deyil, onun yeni çalarlarını yeni bədii ifadəsini tapmaqdadır. Elm tə­biətin ən ümumi cəhətlərini öyrənməyə çalışdığı üçün bizə yaxın ümumiləşmələr özündən qabaqkıları əvəz edir, on­ları xüsusi bir hala çevirir, onların yalnız tarixi dəyəri qa­lır. Sənət belə deyildir. İndi yeni bir sevgi dastanı yazıldığı üçün biz Füzulinin “Leyli və Məcnun” poemasını köh­nəl­miş hesab edə bilmərik. Sənət əsərlərinin bu mənada də­yiş­məz dəyəri vardır.

Sənət əsərləri ilə elmi əsərlərin ümumi və əks cə­hət­lə­rinə misal olaraq, birinci növbədə, sənətdə ifadə vasitə­lə­ri­nin geniş mənalılığına, elmdə isə bu vasitələrin məhdud mənalılığına cəhd edildiyini göstərmək lazımdır. Hər iki sahədə metafora və rəmzlərdən istifadə olunması kimi bir ümumilik öz-özlüyündə maraqlıdır. Burada fərq yalnız sim­vol və metaforanın mahiyyətindədir.

Eynşteynin E = mC2 formulunda aşağıdakı elmi ger­çəklik ifadə olunmuşdur: hər bir kütləyə ekvivalent olan enerji həmin kütlədən işıq sürətinin kvadratı qədər çoxdur.

Gördüyümüz kimi, simvolik metafora fikrin dəfə­lər­lə yığcam və dəqiq deyilməsinə imkan verir. Sənətdə də me­tafora bu məqsədi güdür. Söz sənətində bu yol ilə əldə edilən yığcamlıq elmdəkindən qat-qat çoxdur. Çünki sə­nətdə metafora elmdən fərqli olaraq məhdud mənalı deyil.

Çox yazılarda deyilir ki, elm aləm haqqında həqiqəti meydana çıxaran fəaliyyət sahəsidir. Elmdə həqiqət təc­rübə-sınaq yolu ilə doğruluğu yoxlanıla bilən, bir çox an­la­yışlar arasında körpülər salıb təbiətin başlıca qanunlarına zidd olmayan xəbərləri ifadə etməkdir. Bu, müvafiq hökm­lər şəklində özünü göstərir. Bədii həqiqətlə elmi hə­qiqət arasındakı bağlılığı görmək çox da çətin deyil. Bədii həqiqət dedikdə, biz hər şeydən qabaq əsərdəki estetik mə­lumatın gözlənilən emosional təsirə malik olacağını başa düşürük.

Semantik məlumat baxımından sənət başdan-ayağa “yalanla” dolu olur.


Əzizim qazan ağlar,

Od vurar qazan ağlar”.

. . . . . . . .

Qara bəxtim oyanmazmı?”

Bu dağların maralıyam”.
“Qaraca çoban qoyunları sapanda qoyub gavurların başına yağdırardı”.

“Dev tüstüyə çevrilib bardağa doldu” və s.

Bu misallarda göstərilən hadisələrin heç biri elmi mən­tiq baxımından doğru deyildir. Başqa sözlə, elmi həqiqət deyildir.

Rəssamlıq sərgisində bir səyyah qadının Toğrulun “Nar­lar” əsərinə baxıb, “Mən belə narı yemərəm” dedi­yi­nin şahidi olmuşam. Görünür ki, onun fikrincə, meyvə şə­kil­lərini iştaha açmaq üçün çəkirlər və onları yemək ota­ğından asmaq lazımdır. Qəribə də olsa belə oxşar mü­na­si­bətə tənqiddə də rast gəlmək olur: “Rəssam A. xalqın hə­yat və əmək tərzini öz tablolarında məharətlə tərənnüm et­mişdir”. Sözsüz, bu şeyləri rəssamın işində görmək olar, la­kin onun əsas məqsədi bundan ibarət deyil. Etnoqrafiya bə­dii foto oçerklər bu vəzifəni rəssamdan daha yaxşı ye­rinə yetirə bilər.

Söhbətimizi elmlə sənətin daha bir ümumi cəhətini yada salmaqla qurtaraq. Bir zaman insan uçmaq məqsədilə quşları yamsılamağa çalışırdı. O, bu qayda ilə uça bil­məzdi. Uçuşun qanunauyğunluqlarını, prinsiplərini öyrə­nib, onu həyata keçirməkdən ötrü başqa yollar tapdıqdan son­ra insan uça bildi. Təbiəti öyrənməkdə məqsəd onun yal­nız elmi təsvirini vermək deyil. Bu yolla təbiətin iş prin­sipləri öyrənib, onun fəaliyyət imkanlarını da aşkara çı­xarmaqdır. Qədim mədəniyyətimizdə və müasir dünya sə­nətində də oxşar proses gedir: təsvirçilikdən aralanıb, tə­biətin işlətdiyi estetik imkanları onun potensial imkan­la­rın­dan seçib tapmaq və bunları sənətin xammalına çevir­mək. Sənətkarın təbiətdə bilavasitə gördüyü uyarlıq yara­dan qaydalar burada onun görə bilmədiyi qaydaların mü­qa­yisə oluna bilməyən kiçik bir hissəsidir. Sənətkarı yalnız təbiətdə onun görə bildiyi qaydalara bağlamaq, “təbiət çarxdan istifadə etməyib” – deyə konstruktoru çarx işlət­məyə qoymamaq kimi bir şey olardı. Sənətkarın qarşısına qo­yulan tələb, mürəkkəbliyi doğrulda biləcək qaydanı seç­məkdən ibarət olmalıdır. Təbiətin estetik məlumat yarat­maq təcrübəsinin və xalq sənətinin öyrənilməsi elə bu ba­xım­dan düşündürücü, maraqlı və çox əhəmiyyətlidir.

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə