Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə9/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
III.2. Azərbaycan Respublikasında beynəlxalq terrorçuluğa qarşı mübarizənin hüquqi təminatı və onun təkmilləşdirilməsi yolları
Dünya ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının terrorçuluğa qarşı mübarizə təcrübəsi göstərir ki, terror xüsusiyyətli cinayətlərin təhqiqi və üstünün açılmasında müasir hüquqi sistemin olması mühüm əhəmiyyət kəsb edir. Zəruri səviyyədə təşkil olunmuş əməliyyat-axtarış fəaliyyətinin və terror qruplarına (təşkilatlarına) daxil edilmiş şəxslərin etibarlı müdafiəsinin təşkili, ümumiyyətlə terrorçuluğa, xüsusən də terror xarakterli cinayətlərin təhqiqi və üstünün açılmasında mübarizə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi birinci dərəcəli əhəmiyyət kəsb edən məsələlərdəndir.

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi və bu qəbildən olan cinayətlərin təhqiqinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyası, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Silah haqqında”, “Polis haqqında” Azərbaycan Respublikasının qanunları, digər qanunlar, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsipləri və normaları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan hökumətinin qərar və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və s. təşkil edir.

Qeyd etmək lazımdır ki, antiterror fəaliyyətinin təşkilinin hüquqi təminatı həm ölkə daxili, həm də beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizənin ilkin mühüm şərtidir. Bu sahədə Azərbaycan Respublikasının mühüm normativ aktı 18 iyun 1999-cu il tarixdə Respublika Prezidenti, xalqımızın ümummilli lideri cənab Heydər Əliyev tərəfindən imzalanmış və sonradan 5 oktyabr 2001-ci il tarixli, 17 may 2002-ci il tarixli, 5 mart 2004-cü il tarixli, 1 sentyabr 2005-ci il tarixli qanunlarla bir sıra dəyişikliklər və əlavələr edilmiş “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunudur [50].

Bu dəyişikliklər və əlavələrin həyata keçirilməsi ötən müddət ərzində ölkədə və dünyada terror təhlükələrinin qiymətləndirilməsi, terrorçuluğa qarşı dayanmağın taktika və məzmununda əsaslı hadisələrin baş verməsi ilə əlaqədar olmuşdur. 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında misli görünməmiş faciəli terror hadisəsi, İspaniyada 2005-ci ildə Madriddə 191 nəfərin həyatına son qoymuş partlayışlar və digər xarici ölkələrdə baş vermiş oxşar terror aktları bir sıra yeni qanunların qəbul olunması zərurətini yaratdı, terrorçuluğa qarşı mübarizənin yeni mexanizmləri yaradılmağa başladı. Terror aktının törədilməsinə görə məsuliyyət ciddiləşdirildi, xüsusi xidmət və hüquq mühafizə orqanlarının səlahiyyətinə yenidən baxıldı və onların səlahiyyət dairəsi genişləndirildi.

Qanunda göstərilir ki, Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:

1) qanunçuluğun təmin edilməsi; 2) terror fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cəzanın labüdlüyü; 3) terrorçuluğa qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi; 4) hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərin kompleks istifadəsi; 5) terror fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü; 6) terrorçuluq əleyhinə aparılan əməliyyatlara cəlb olunmuş qüvvələrin idarə edilməsində vahid rəhbərlik; 7) terrorçuluq əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq [7].

Göründüyü kimi qanunda beynəlxalq hüquq normalarının, ümumi qəbul olunmuş prinsiplərin, terrorçuluqla mübarizə sahəsində Birləşmiş Millətlər Təşkilatı Konvensiya, bəyannamə və protokollarının bütün tələbləri nəzərə alınmışdır. Qanun terrorçuluqla mübarizədə insan hüquqlarının qorunmasını təmin edir.

Fikrimizcə terrorçuluğa qarşı mübarizə prinsiplərinin qanunçuluq səviyyəsində təsbit olunması çox mühüm məsələlərdəndir. Ona görə ki, terrorçuluğa qarşı mübarizədə qeyd olunan prinsiplərin pozulması ifrat qəddar dövlət tədbirlərini həyata keçirilməsinə, qanunçuluğun pozulmasına, dövlətə olan etibarın sarsıdılmasına, yəni gözlənilənlərə zidd səmərəyə gətirib çıxara bilər.

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizənin əsas məqsədi aşağıdakılardan ibarətdir:

1) insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi; 2) terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi; 3) terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin, habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar olunaraq ləğv edilməsi.

“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun ikinci fəslində terror əleyhinə əməliyyatların aparılmasının tənzimlənməsi qaydası müəyyənləşdirilmişdir. Burada terror əleyhinə əməliyyatların vahid mərkəzdən təkbaşına idarə edilməsi, terrorçuluğa qarşı mübarizənin zəruri qüvvələrlə, vasitələrlə təmin edilməsi, terror əleyhinə aparılan əməliyyat zonasının hüquqi rejiminin müəyyənləşdirilməsi, terrorçularla danışıqların aparılması, terror aksiyaları barəsində ictimaiyyətə məlumat verilməsi, terror əleyhinə aparılan mübarizənin başa çatması kimi məsələlər öz həllini tapmışdır. Qanunun 12-ci maddəsində göstərilir ki, terror aksiyasının qarşısı alındıqda və terror əleyhinə aparılan əməliyyat zonasında olan insanların həyatına və sağlamlığına qorxu yaradan təhlükə ləğv edildikdə terror əleyhinə aparılan əməliyyat başa çatmış hesab edilir. Terror əleyhinə aparılan əməliyyatın başa çatması əməliyyat qərargahının rəhbəri tərəfindən elan edilir. Lakin qanunda əks-terror əməliyyatlarının həyata keçirilməsinin maksimum müddət intervalı müəyyənləşdirilmir, bütün güc strukturlarının müxtəlif bölmə və texniki vasitələrin cəlb edildiyi halda əməliyyatların başa çatdırılmasının ləngiməsi və onun geniş miqyaslı əməliyyata çevrildiyi halda hansı zəruri tədbirlərin həyata keçirilməsi barədə qanunda heç nə göstərilmir.

Terror əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xarakterindən asılı olaraq zəruri hallarda müvəqqəti əsaslarla (terror əməlinə qarşı aparılan əməliyyatların həyata keçirildiyi müddətə) terror əleyhinə əməliyyatları idarəetmə üzrə əməliyyat qərargahı yaradılır. Onun fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyənləşdirilir.

İnsanların həyatının və sağlamlığının, maddi sərvətlərin qorunması, habelə terror aksiyalarının qarşısının alınması imkanlarının öyrənilməsi məqsədilə terrorçularla danışıqların aparılmasına yol verilir və bu danışıqların aparılmasına yalnız əməliyyat qərargahının rəhbəri tərəfindən vəkil edilmiş şəxslər buraxılırlar.

Azərbaycan dövlətinin terrorçuluğa qarşı mübarizə sahəsində israrlı olduğunu və ona nə qədər böyük əhəmiyyət verdiyini göstərmək üçün təkcə onu demək kifayətdir ki, terrora qarşı aparılan əməliyyatlara rəhbərliyi bilavasitə Respublika Prezidenti həyata keçirir.

11 sentyabr 2001-ci il tarixdə Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisəsindən sonra məlum oldu ki, ictimai quruluşu və siyasi baxışından asılı olmayaraq bütün dövlətlər terror aktlarına qarşı mübarizəyə hazır olmalıdırlar. Bu mübarizənin səmərəli olmasının mühüm şərtlərindən biri beynəlxalq hüquq normalarına uyğun qanunçuluq bazasının mövcudluğudur. Həm də bu hüquqi təminat elə olmalıdır ki, hər bir dövlət terrorçuluğa özü düşündüyü kimi deyil, vahid nöqteyi-nəzərdən yanaşsın.

2001-ci ilin oktyabrında Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 1999-cu il Konvensiyasını ratifikasiya etdi [49]. 2002-ci ilin əvvəlində Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər olundu. Cinayət Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində terrorçuluğa görə məsuliyyət ağırlaşdırıldı, terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan yeni maddə əlavə edildi. Terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə yanaşı Cinayət Məcəlləsində girovların ələ keçirilməsi, qəsdən terror aktı haqqında yalan məlumat vermək, hava və ya su gəmisinin, yaxud dəmiryol qatarının oğurlanması, beynəlxalq müdafiə hüququ olan şəxslərə hücum, cinayətkar dəstə yaratmaq, silahların qanunsuz hazırlanması, ictimai və dövlət xadimlərinin həyatına qəsd, qeyri-qanuni hərbi birləşmələr və qruplar yaratmaq kimi cinayət tərkibləri nəzərdə tutulmuşdur [9].

Hüquqi təminatın dövlətçiliyin tərkib hissəsi olduğunu nəzərə alan Azərbaycan dövləti terrorçuluqla mübarizə sahəsində Birləşmiş Millətlər Təşkilatının 12 beynəlxalq-hüquqi, o cümlədən «Hava nəqliyyatının qeyri-qanuni zəbt edilməsinə qarşı mübarizə haqqında», «Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlara qarşı mübarizə haqqında», «Beynəlxalq müdafiə hüququndan istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı yönəldilmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında», «Girovların götürülməsinə qarşı mübarizə haqqında», «Bomba terrorçuluğuna qarşı mübarizə haqqında», «Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında», «Birləşmiş Millətlər Təşkilatının qlobal antiterror strategiyası» konvensiyalarına və bir sıra digər bəyannamə və protokollarına qoşulmuşdur. Azərbaycan Respublikası həmçinin terrorçuluğa qarşı mübarizə sahəsində 10 Avropa sənədinə imza atmış bu sənədlər artıq müvafiq qaydada ratifikasiya olunmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyasına əsasən ölkənin normativ-hüquqi aktları ilə beynəlxalq müqavilələr arasında ziddiyyətlər yarandığı halda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarına üstünlük verilir [1]. Göründüyü kimi, göstərilən beynəlxalq-hüquqi sənədlər Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir və ərazisində qüvvədədir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə terrorçuluğa görə məsuliyyət ilk dəfə olaraq 1994-cü ildə daxil edilmişdir. Cinayət qanununa xüsusi cinayət tərkibinin - terrorçuluğun-daxil edilməsi bu təhlükəli cinayətlə mübarizədə cinayət qanununun daha səmərəli istifadə olunmasında irəliyə doğru atılmış mühüm addımdır. 1994-cü ilə qədər terrorçuluğa görə cinayət məsuliyyəti yalnız ictimai və ya dövlət xadiminin həyatına sui-qəsdlə bağlı nəzərdə tutulurdu. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində terrorçuluq aşağıdakı kimi şərh edilir:

“Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir” [9].

Göründüyü kimi terrorçuluğa verilən tərif özündə bu cinayətin bütün tərəflərini əks etdirməklə, bütövlükdə beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının konvensiyaları, bəyannamələri, protokolları, strategiya və tövsiyələri nəzərə alınmaqla müəyyənləşdirilmişdir.

Qanunda “digər hərəkətlər” dedikdə su daşqınları, daş uçqunları, əhalinin su, istilik, elektrik enerjisi və s. ilə təmin edən həyat əhəmiyyətli obyektlər, nəqliyyat kommunikasiyalarının, nəqliyyatda qəza və xətaların qarşısının alınması qurğularının qapadılması; su mənbələri, ərzaq mallarının zəhərlənməsi, epidemiya və epizootiya xəstəlikləri əmələ gətirən mikrobların yayılması, yerlərin radioaktiv, kimyəvi, bakterioloji zəhərlənməsi və sirə nəzərdə tutulur. Təbii məsələdir ki, “.........yaradan digər hərəkətlərə” tam cavab vermək mümkün deyil, ona görə ki, yaramaz hərəkətlər üzrə insanın tətbiq edəcəyi əməlləri bütövlükdə bilmək mümkün deyil. Məcəllədə terrorçuluğun sadalanan əlamətləri daha çox qarşılaşılan və ehtimal olunan əməllərdir və onların qarşısının alınması üçün bütün dünyada müvafiq obyektlərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür.

Konkret hərəkətlərin terrorçuluq kimi təsnifləşdirilməsi təhlükəsinin cinayət-hüquqi əhəmiyyətini qiymətləndirmək üçün terrorçuluq təhlükəsi ilə öldürmək və ya ağır bədən xəsarəti yetirmək təhlükəsi arasında fərqi müəyyənləşdirmək zəruridir.

Azərbaycan SSR Cinayət Məcəlləsində (1960-cı il redaksiyası) dövlət və ya ictimai xadimi və yaxud da hökumət nümayəndəsini öldürməyə və ağır bədən xəsarəti yetirməyə görə məsuliyyət nəzərdə tutulurdu. Hesab edirəm ki, bu daha düzgün idi. Belə ki, öldürmək və sağlamlığa ağır xəsarət yetirmək arasında fərq çox böyükdür. Bu hətta dövlət və ya ictimai xadimin hər hansı bir əmək fəaliyyətini gələcəkdə yerinə yetirə bilməsi halının tam istisna olunduğu təqdirdə də belədir. Göstərilən fərqlər müvafiq əməlin sanksiyalarında da nəzərə alınmışdır. Lakin qeyd etmək lazımdır ki, dövlət və ictimai xadimin sağlamlığına ağır xəsarət, xüsusilə də onu əmək qabiliyyətindən tam məhrum edən xəsarət yetirmək özü də cəmiyyət üçün böyük təhlükə törədir. Ona görə də məqsədə uyğun olardı ki, dövlət və ya ictimai xadimin öz dövlət və yaxud digər siyasi fəaliyyətini dayandırması üçün onun sağlamlığına ağır xəsarət yetirməklə əlaqədar cinayət qanununda xüsusi cinayət məsuliyyəti müəyyənləşdirilsin.

Təbii ki, görkəmli ictimai xadimin həyatına qəsd onun siyasi fəaliyyəti və ya qisas məqsədilə törədilməmişdirsə, onda bu qəsdi terror aktı qismində tövsif etmək olmaz. Qanunda göstərilən “digər siyasi fəaliyyət” hər dəfə onun siyasi olub-olmamasının dəqiqləşdirilməsini tələb edir.

Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34-cü maddəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bu maddə əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən cinayət törədilməsi üçün məsuliyyəti o halda nəzərdə tutur ki, orada cinayətin birgə törədilməsi barədə əvvəlcədən razılığa gəlmiş şəxslər iştirak etsinlər. Terror aktı həyata keçirilməyə başlandıqdan sonra terror aktının birgə həyata keçirilməsi barədə əvvəlcədən razılıq olmadığı halda terrorun törədilməsinə qoşulan iştirakçılar (icraçılar) barədə məsuliyyət nəzərdə tutulmur. Lakin tamamilə mümkündür ki, onlar arasında əvvəlcədən terror aktının törədilməsinin müəyyən mərhələsində bu fəaliyyətə qoşulma barədə razılıq olsun. Ona görə də cinayət qanununun əməlin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən birgə törədilməsi barədə tələblərinin həmin şəxslərə də tətbiq olunması üçün tam əsas vardır.

Qanunda terror aktının törədilməsində odlu silahdan istifadə olunması da təsnifləşdirici əlamətlərdən biri hesab olunur. Bu əlamət bir sıra şübhələr doğurur, belə ki, bu silah heç də partlayış, yanğın və öz xarakterinə görə kütləvi bədbəxtçiliklər törədən partladıcı maddələrdən daha təhlükəli deyil. Bu əlamət odlu silah terror aktı törədildikdən sonra tutulmadan qaçmaq məqsədilə tətbiq olunduğu halda meydana çıxmır. Bu hərəkət ayrıca maddənin dispozisiyasında nəzərdə tutulur. Odlu silah vasitəsilə terror əməliyyatı o vaxt törədilmiş hesab olunur ki, o bədən xəsarəti yetirilməsində istifadə olunsun və ya digər şəxslərə qarşı istənilən vaxt onu tətbiq ediləcəyi ilə nümayiş etdirilsin.

Cinayət Məcəlləsinin 214.1-ci maddəsinin dispozisiyasında “digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə” söz birləşmələri istifadə olunur. Bunlar insan davranışının fəal formasını nəzərdə tutur. Lakin terror aksiyaları bəzi hallarda hərəkətsizlik yolu ilə də həyata keçirilə bilər. Məsələn, energetika, nəqliyyat, hasilat və digər sahələrdə istehsal və ya texnoloji prosesin vaxtında qəsdən dayandırılmaması ola bilər.

Terrorçuluq cəmiyyətdə qeyri-sabitlik yaradır, qorxu atmosferi törədir, idarə, təşkilat və müəssisələrin fəaliyyətini pozur. Bu təzahür terror aktının hazırlanması barədə yalançı məlumatlar verən şəxslərin - “təlxəklərin” meydana gəlməsinə də səbəb olmuşdur.

Terror aktları barədə yalan məlumatlar, həqiqi məlumatlar qədər insanları həyəcanlandırır və onları təşvişə salır. Belə məlumatlar insanların binalardan köçürülməsi zərurətini yaradır, əmək prosesini dayandırır, nəqliyyatın işini pozur, ümumtəhsil məktəblərində və ali məktəblərdə tədris prosesinin dayandırılmasına gətirib çıxarır, maddi və əmək məsrəflərinə səbəb olur.

Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması üçün terrorçuluq barədə məlumat faktiki məlumata uyğun olmamalıdır. Belə məlumatlar telefon, məktub və vasitəçilərin köməkliyi ilə verilə bilər. Məlumatlar bilavasitə idarələrə, təşkilatlara, müəssisələrə, evlərə, hüquq-mühafizə orqanlarına və hakimiyyət orqanlarının ünvanlarına göndərilə bilər. Bu üsulla həyata keçirilən cinayətlərin üstünün açılması üçün elə bir maneə yoxdur. Belə ki, xüsusi cihazlar vardır ki, onları qeyd edir. Bir qayda olaraq antiterror qrupları qısa bir zamanda zəng olunan yerə gəlir, bütün şübhəli şəxsləri saxlayır və yerindəcə yazılmış səsi yoxlayırlar.

Bu cinayət bilərəkdən həyata keçirilir. Bunu edən şəxs dərk edir ki, bilərəkədən terror aktı barədə yalan məlumat verir və bunu etmək istəyir. Bu halda təqsirkar qəti olaraq əvvəlcədən bilir ki, yanlış məlumat verir.

Cinayət Məcəlləsinin 214-cü maddəsində belə bir qeyd vardır ki, terrorçuluq cinayətinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cinayətin qarşısının alınmasına yardım etmişdirsə və onun əməlində digər cinayətin tərkibi yoxdursa cinayət məsuliyyətindən azad edilir.

Terrorçuluqla çox sıx əlaqəsi olan daha bir cinayət mövcuddur ki, hesab edirəm ki, ona xüsusi diqqət yetirmək lazımdır. Bu ictimai və dövlət xadiminin həyatına sui-qəsddir (terror aktı). Bu ən qorxulu cinayətlərdən biridir. Ona görə ki, bu cinayət ölkədə siyasi vəziyyəti qeyri-sabitləşdirə, sosial, siyasi, dövlət və iqtisadi ziddiyyətləri kəskinləşdirə bilər. Təsadüfi deyil ki, belə terror aktları həm keçmişdə və həm də hazırda da istifadə olunur.

Cinayət Məcəlləsi bu qəbildən olan terror aktları üçün birbaşa göstəriş nəzərdə tutur: ictimai və dövlət xadiminin dövlət və ya digər siyasi fəaliyyətini dayandırması və ya belə fəaliyyətin həyata keçirilməsinə görə intiqam almaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının köhnə redaksiyada Cinayət Məcəlləsində (1960-cı il) terror aktının məqsədi kimi Sovet hökumətinin zəiflədilməsi və dağıdılması göstərilmişdir. Həmin məcəllədə “Xarici dövlətin nümayəndəsinə qarşı terror aktları”nı nəzərdə tutan maddə vardır ki, bunun da məqsədi kimi müharibə və beynəlxalq münasibətlərin korlanmasına təxribat nəzərdə tutulur.

“Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli Qanununa müvafiq olaraq “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilmiş, nəticədə terrorçuluğa, terrorçuluq barədə bilə-bilə yalan məlumat verməyə görə məsuliyyət ağırlaşdırılmış, terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan yeni maddə daxil edilmişdir [49, 9].

Azərbaycan Respublikasının qoşulmuş olduğu terrorçuluq əleyhinə beynəlxalq konvensiya və protokollardan irəli gələn öhdəliklərin icrası və milli cinayət hüquq normalarının bu sənədlərə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının cinayət qanunvericiliyində təkcə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və terror aktı barədə bilə-bilə yalan məlumat vermə cinayətlərinin törədilməsinə görə deyil, həm də terror xarakterli başqa əməllərə görə də məsuliyyət müəyyən etmişdir.

Belə cinayətlərə aşağıdakılar aid edilir [9]:



  • beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücumetmə (ağır cinayət);

  • qəsdən, ağırlaşdırıcı hallarda, habelə terrorçuluqla əlaqədar adam öldürmə (xüsusilə ağır cinayət);

  • radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıqla keçirilməsi (az ağır və ya ağır cinayətlər);

  • adamların girov götürülməsi (ağır və ya xüsusilə ağır cinayət);

  • cinayətkar birlik (təşkilat) yaratma (ağır və ya xüsusilə ağır cinayət);

  • hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmiryolu qatarını qaçırma (ağır və ya xüsusilə ağır cinayət);

  • dəniz quldurluğu (ağır və ya xüsusilə ağır cinayət);

  • radioaktiv materiallarla qanunsuz davranma, radioaktiv materialları talama və ya hədə qorxu yolu ilə tələb etmə (ağır və ya ağır cinayətlər);

  • qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular hazırlama, əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və ya onları hədə-qorxu ilə tələb etmə (az ağır və ya ağır cinayətlər);

  • dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı) (xüsusilə ağır cinayət);

  • qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (ağır və ya xüsusilə ağır cinayət);

  • təxribat (xüsusilə ağır cinayət).

Bununla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.5-ci və 80.4-cü maddələrinə əsasən beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum edən, terror aktı törədən və ya terrorçuluğu maliyyələşdirən şəxslərə cinayət məsuliyyətinə cəlb etmənin və ya məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmünün müddətinin keçməsi tətbiq edilmir.

Cinayət qanunvericiliyində terrorçuluğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuş olsa da terrorçuluğa təhriketmə (incitement to terrorism) əməli üzrə müstəqil cinayət tərkibi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən təhrikçilik - ələ almaqla, sövdələşməklə və ya hədə-qorxu gəlməklə, habelə digər üsullarla başqasında cinayət törətmək qətiyyəti yaradan fəaliyyətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsi isə cinayətin digər iştirakçıları ilə yanaşı təhrikçinin məsuliyyətinin müəyyən edilməsi qaydalarını tənzimləyir. Nəzərdən keçirilən konkret hal üzrə terrorçuluq cinayətinin törədilməsində təhrikçi qismində çıxış edən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi Hissəsində nəzərdə tutulmuş 214-cü maddəsinə uyğun olaraq tövsif edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinin məzmunundan aydın olur ki, beynəlxalq cinayətlər, o cümlədən terrorçuluq üzrə cinayət məsuliyyətinin yaranması həmin cinayətlərin törədilməsi yerindən asılı deyildir: Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücumetmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.

Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununa görə sülhə qarşı cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş, Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxslərə qaçqın statusu verilmir [29].

Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan (Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmayan) şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilməsi Azərbaycan Respublikası Konstitusiyası, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının 15 may 2001-ci il tarixli Qanunu, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsi (m:493-504), Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının xarici dövlətlərlə bu sahədə bağlamış olduğu beynəlxalq müqavilələri ilə tənzimlənilir [15].

Cinayət törətmiş şəxsin verilməsinə dair Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda qarşılıqlı yardım prinsipinə riayət olunmaqla “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.

Ekstradisiya haqqında qanunun qəbul edilməsi ilə yanaşı 17 may 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi 1957-ci il dekabrın 13-də Paris şəhərində imzalanmış “Ekstradisiya haqqında” Avropa Konvensiyasını, onun 1975-ci il 15 oktyabr tarixli Əlavə Protokolunu və 1978-ci il 17 mart tarixli ikinci Əlavə Protokolunu ratifikasiya etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası hazırda iki regional (“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası və ona əlavə edilmiş Protokol, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyası) və bir sıra ikitərəfli (Bolqarıstan, Gürcüstan, Özbəkistan, İran və s.)müqavilələrin də iştirakçısıdır. Ölkəmizlə müqavilə münasibətlərində olmayan dövlətlər isə Azərbaycan Respublikasının “Cinayət işləri üzrə hüquqi yardım haqqında” 29 iyun 2001-ci il tarixli Qanununa əsasən hüquqi yardım göstərilməsinə dair sorğu verə bilər [40; 22].

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 13.2.-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətmiş, Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilər.

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, terrorçuların hərəkətlərinin siyasi xarakterli cinayətlər kimi tövsifi qadağan edildiyindən onların verilməsi təmin olunur. Bundan başqa, mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəalara əsasən, terrorçunun verilməsindən imtina edildikdə, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Terrorçuluğa, həmçinin digər beynəlxalq cinayətlərə münasibətdə Azərbaycan qanunvericiliyi “ya təhvil ver, ya mühakimə et” (aut dedere aut ) prinsipindən çıxış edir [21].

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 13.1-ci maddəsinə əsasən xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini nəzərdə tutan müddəalarına müvafiq qaydada həll edilir. Göstərilən müddəa Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

Cinayət törətmiş şəxsin xarici dövlətə verilməsi həmin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə yazılı şəkildə təqdim olunan şəxsin verilməsi haqqında sorğuya əsasən həyata keçirilir. Cinayət törətmiş şəxsin verilməsindən imtinanın şərtləri və əsasları “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində təsbit olunmuşdur. Sorğunun tərtib olunması zamanı nəzərə alınmalı tələblər “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1 və 5.2- ci maddələrində göstərilmişdir. Şəxsin verilməsi haqqında sorğuda bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdursa, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası cinayət-prossesual qanunvericiliyinə uyğun olaraq şəxsin axtarılması və həbs edilməsi üçün lazımi tədbirlər görür. Sorğu edilən şəxs həbs edildikdən sonra onun verilməsi məsələsinə baxılması üçün bütün sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə təqdim edilir. Şəxsin həbsə alınması barədə sorğu edən dövlətə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təxirə salınmadan məlumat verilir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır və bu barədə müvafiq əsaslandırılmış qərar qəbul edir [21].

Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əhəmiyyətli əsas problemlərdən biri terrorçuluarın və terror fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınmasıdır. Maliyyə axını nə qədər çox olarsa dünyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycan Respublikasında da terror fəaliyyətinin həyata keçirilməsi daha fəal xarakter alacaqdır. Ona görə də terrorçuları qidalandıran maliyyə kanallarının bağlanması çox mühüm məsələdir və bunun həyata keçirilməsi terrorçuluğun bütün infrastrukturuna məhvedici zərbə vurur. Avropa İttifaqı iştirakçi dövlətləri qeyd etmişlər ki, terrorçuluğun maliyyə kanallarının qapadılması beynəlxalq birliyin həlledici məsəslələrindən biridir. Hazırda terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə texniki səviyyədən siyasi məsələ səviyyəsinə keçmişdir.

Məlum olduğu kimi terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məsələsinin həlli 1989-cu ildə Parisdə “yeddiliyin” sammitində yaradılmış FATF təşkilatının üzərinə düşür. Hazırda otuzdan çox dövlət və iki beynəlxalq təşkilat bu təşkilatın üzvüdür. Bundan əlavə bu sahədə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində yaradılmış digər bir təşkilatda fəaliyyət göstərir.

Dünya birliyinin maliyyə planında apardığı əks-terror tədbirləri arasında Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi “Qrin-Kvest” əməliyyatı diqqəti xüsusilə cəlb edir.

Bu əməliyyatın məqsədi maliyyə mənbələrinin aşkarlanması və onların fəaliyyətinin dayandırılması, terrorçuların maliyyələşdirilməsini həyata keçirən təşkilatların axtarılıb tapılmasıdır. Bunun üçün mühüm məsələ belə maliyyə mənbələrinin müəyyən edilməsidir. Belə mənbələrdən bir neçəsini göstərək:

- bir sıra islam dövlətlərinin hökumətləri;

- terrorçuluğu maliyyələşdirməyin mühüm mənbələri aparıcı (nisbətən varlı) dövlətlərin xüsusi xidmət orqanalrı və onların nəzarəti altında olan banklardır;

- terrorçuları maliyyələşdirən kifayət qədər dayanıqlı mənbələr multmilyonerlər və iri biznesin nümayəndələridir. Məsələn, multmilyoner Usama ben Laden dəfələrlə terror aktlarını maliyyələşdirmişdir.

- terrorçuluğu maliyyələşdirən mühüm mənbələrdən biri narkobiznesdir.

2002-ci ilin may ayında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının №1368 saylı 2001-ci il 12 sentyabr, №1373 saylı 2001-ci il 28 sentyabr və №1377 saylı 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin olunmasına dair tədbirlər planı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Həmin sərəncamda terrorçuluğa və terror fəaliyyətinin maliyyələşdirilməsinə qarşı, terror aktı törədən və ya törətməyə cəhd göstərən fiziki və hüquqi şəxslərin vəsaitlərinin və digər maliyyə aktivlərinin, yaxud iqtisadi resurslarının dondurulması sahəsində tədbirlərin görülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarına göstərişlər öz əksini tapmışdır.

Tədbirlər planında Azərbaycan ərazisindəki bütün şəxslərə və təşkilatlara cinayətkarlar üçün birbaşa, yaxud dolayısı ilə vəsaitlərin, həmçinin maliyyə və ya müvafiq xidmətlərin göstərilməsinin qadağan olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Plan terror fəaliyyəti ilə bağlı cinayət işlərinin araşdırılmasında antiterror koalisiyasının iştirakçı dövlətlərinə hərtərəfli yardım göstərilməsini də nəzərdə tutur.

Cinayətkar fəaliyyətlə əldə olunmuş gəlirlərin aşkarlanması məqsədi ilə 2001-ci ilin noyabrında «Valyuta tənzimlənməsi haqqında» Qanuna dəyişikliklər edilmişdir. İlk dəfə olaraq, Azərbaycan qanunvericiliyində 50.000 Amerika Birləşmiş Ştatları dolları ekvivalentində respublika sərhədindən nəğd valyutanın keçirilməsi üçün məbləğin həddi müəyyənləşdirilmişdir ki, bu hədd aşıldığı təqdirdə gömrük orqanları 7 gün ərzində Milli Bank və Vergilər Nazirliyini məlumatlandırmalıdırlar.

1996-cı il «Azərbaycan Respublikasında bank və bank fəaliyyəti haqqında» Qanununa müvafiq olaraq, kredit təşkilatında yerləşən hüquqi və fiziki şəxslərin pul vəsaitləri və digər qiymətli əşyalarına yalnız mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanının qərarına əsasən həbs qoyula bilər. Həbs qoyulmasına dair müvafiq qərarı aldıqdan sonra kredit təşkilatı gecikdirmədən hesab və əmanət (həbs qoyulmuş vəsaitlərin həcmində) üzrə xərc əməliyyatlarını dayandırır. Kredit təşkilatında olan pul və digər qiymətli əşyaların müsadirəsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilir.

Bununla yanaşı “Normativ-hüququ aktlar haqqında” Azərbaycan Respublikasının 26 noyabr 1999-cu il tarixli Qanunun 34-cü maddəsinə əsasən “Valyuta tənzimlənməsi haqqında” və “Azərbaycan Respublikasında bank və bank fəaliyyəti haqqında” Qanunlarının tələblərinə müvafiq qaydada göndərilmiş təlimatların yerinə yetirilməsi bütün bank və kredit təşkilatları üçün məcburidir.

Həmçinin Azərbaycanın maliyyə-kredit sistemində beynəlxalq prinsip və tövsiyələrin tətbiqi üzrə mərhələli şəkildə tədbirlərin görülməsi davam edir. Bu tədbirlər cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması üçün bank sistemindən istifadənin qarşısının alınmasının ümumi mexanizmlərini müəyyənləş­dirir.

Qeyd etmək lazımdır ki, mütəşəkkil cinayətkarlığın artmasına qarşı əsas mübarizə vasitələrindən biri cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması ilə mübarizədir. Bu ilk növbədə qanunsuz fəaliyyətdən böyük miqdarda gəlirlərin əldə edilməsi ilə həmin vəsaitlərin özünün kriminal strukturlarının sonrakı inkişafı üçün istifadə imkanlarından cinayətkar birliyin məhrum olunmasıdır. Cinayətkar fəaliyyətdən əldə edilmiş gəlirlərin yuyulmasına qarşı mübarizədə çətinlik qeyri-leqal yolla alınmış vəsaitlərin bir çox halda leqal kapitalın dövriyyəsi ilə analoji xarakter daşımasındadır. Həmin qanunsuz maliyyə vəsaitlərinin leqallaşdırılması adətən digər cinayətlərlə bağlıdır, spesifik mürəkkəb həyata keçirilmə mexanizminə malikdir və bir qayda olaraq beynəlxalq xarakter daşıyır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən yalnız narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə bağlı cinayət məsuliyyəti mövcuddur. Müvafiq beynəlxalq Konvensiyaların ratifikasiyasından sonra Azərbaycan qanunvericiliyində cinayət yolu ilə əldə olunmuş bütün gəlirlərin leqallaşdırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq öz həllini tələb edən ciddi problemlərdən biri cinayət yolu ilə əldə olunmuş çirkli vəsaitlərin müsadirəsi məsələsidir. Bu məsələnin həlli üçün hesab edirik ki, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması institunun yaradılması mühüm addımlardan biri olardı. Bu bizim respublika üçün tamamilə yeni məsələdir. Ona görə ki, keçmiş SSRİ respublikalarının qanunvericiliyində belə bir institut tutulmamışdı. Belə bir institutun yaradılması və səmərəli fəaliyyət göstərməsi üçün dünyanın bir sıra qabaqcıl dövlətlərinin, o cümlədən hüquqi şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan Fransa, Hollandiya və digər ölkələrin təcrübəsinin öyrənilməsi və yerli şərait nəzərə alınmaqla Azərbaycan Respublikasında tətbiq olunması böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə ölkəmizdə ilk addım atılmış və “Hüquqi şəxslər üçün inzibati pozuntulara görə cərimə sanksiyaları haqqında” Azərbaycan Respublikasının məcəlləsinin qəbul olunmasıdır.

Hazırda FATF-ın 40 tövsiyəsi nəzərə alınmaqla cinayət fəaliyyəti ilə əldə olunmuş gəlirlərin anlayışların təfsiri, bu yolla qazanılmış gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə aparacaq səlahiyyətli orqan müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası göstərilən cinayət əməlinə qarşı mübarizədə də beynəlxalq birliklə səmərəli əməkdaşlıq edir. Belə ki, 2000-ci ilin dekabr ayında Azərbaycan transmilli mütəşəkkil cinayətkarlığa qarşı Birləşmiş Millətlər Təşkilatı Konvensiyasını, 2001-ci ilin noyabrında isə 1990-ci il «Cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərin yuyulması, aşkarlanması, götürülməsi və müsadirəsi haqqında» Avropa Konvensiyasını imzalamışdır.

Lakin burada qeyd etmək yerinə düşərdi ki, sərhədi keçən hər bir miqranta potensial ekstremist və terrorçu kimi yanaşılması düzgün deyil. Həmin istiqamətdə işin həyata keçirilməsi xüsusi xidmətlər tərəfindən təqdim olunmuş ilkin məlumatlar əsasında məqsədəmüvafiqdir. Lazımi nəticələr verən bu yanaşmanı Azərbaycan ən müasir texnologiya və texniki vasitələrin istifadəsinin uyğunlaşdırılması ilə həyata keçirir.

Hazırda terrorçuların ölkəyə soxulmalarının və onun ərazisinin digər dövlətlərə qarşı cinayətkar aktların törədilməsi üçün istifadə olunmasının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində terror­çu­lu­ğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Maddədə sadalanan hərəkətlər öz xarak­teri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı ağır və xüsusilə ağır cinayətlərə aid edilmişdir.

Göstərilən cinayətin subyekti 14 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası qanunvericiliyi terror fəaliy­yə­tinə görə cinayət cəzası ilə yanaşı, terrorçuluğa münasibətdə universal yurisdiksiya nə­zərdə tutur. Belə ki, Cinayət Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxs­lər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn terrorçuluq, bəşəriyyət və sülh əleyhinə, hava gəmisinin oğurlanması, girovların ələ keçirilməsi, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum və digər cinayətlər törədərsə, onlar cinayətin törədilmə yerindən asılı olmayaraq cəzalandırılırlar.

Terrorçuluq faktı üzrə cinayət işinin ibtidai istintaqını milli təhlükəsizlik və daxili işlər orqanları aparır, prokurorluq orqanları isə istintaqa ümumi nəzarəti həyata keçirir.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilat (filial, nümayəndəlik) terrorçuluqla əlaqəsinə görə milli qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə qərarına əsasən ləğv edilə bilər. Qanunvericiliyə uyğun belə təşkilat ləğv olunarkən onun əmlakı müsadirə edilərək dövlət mülkiyyətinə keçir.

1999-cu il «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslər) statusu haqqında Qanun»a görə qaçqın statusu bəşəriyyət və sülh əleyhinə, hərbi cinayət, eyni zamanda, Azərbaycan Respublikası ərazisinə daxil olmamışdan əvvəl onun sərhədlərindən kənarda qeyri-siyasi cinayət törətmiş şəxslərə verilə bilməz.

Cinayətkarların məsuliyyətinin qaçılmazlığının təmin olunması məqsədi ilə 2001-ci ildə «Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiyası) haqqında» Qanun qəbul edilmişdir. Həmin qanuna əsasən, terrorçuların hərəkətlərinin siyasi xarakterli cinayətlər kimi tövsifi qadağan edildiyindən onların verilməsi təmin olunur. Bundan başqa, mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəalara əsasən, terrorçunun verilməsi rədd edildikdə, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Terrorçuluğa, həmçinin digər beynəlxalq cinayətlərə münasibətdə Azərbaycan qanunvericiliyi «ya təhvil ver, ya cəzalandır» (aut dedere aut judicare) prinsipindən çıxış edir. Lakin ölkə Konstitusiyasına əsasən Azərbaycan vətəndaşı heç bir halda xarici dövlətə təhvil verilmir.

Ekstradisiya problemi cinayət işləri üzrə hüquqi yardım məsələləri ilə sıx bağlıdır. Bununla əlaqədar bildirilməlidir ki, Azərbaycan iki çoxtərəfli (1959-cu il «Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyası» və 1993-cü il «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müstəqil Dövlətlər Birliyinin Konvensiyası») və bir sıra ikitərəfli müqavilələrin (Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Qazaxstan və digər dövlətlərlə) iştirakçısıdır. Bu müqavilələrə əsasən, xarici dövlətlər tərəfindən hüquqi yardım göstərilməsi barədə müraciət oluna bilər. Azərbaycanla müqavilə münasibətlərində olmayan dövlətlər isə 2001-ci il «Cinayət işləri üzrə hüquqi yardım haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada hüquqi yardım barədə müraciət edə bilərlər.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə