Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə7/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Gürcüstan- Gürcüstanın milli təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissələrindən biri beynəlxalq terrorçuluğa qarşı mübarizədir. Konsepsiyada qeyd edilir ki, beynəlxalq terrorçuluq Gürcüstanın milli təhlükəsizliyi üçün əsaslı təhlükə törədir. Beynəlxalq antiterror koalisiyasının fəal iştirakçısı kimi Gürcüstan hər an beynəlxalq terror aktlarının hədəfinə çevrilə bilər: terror aktları infrastruktura və ya müxtəlif obyektlərə, milli təhlükəsizlik üçün mühüm strateji, xüsusilə də neft və qaz kəmərlərinə və Gürcüstanın digər dövlət obyektlərinə qarşı törədilə bilər. Gürcüstan terrorçuluğun istənilən formada təzahürünə qarşıdır. Gürcüstan hakimiyyətinin antiterror siyasəti ölkə vətəndaşı və Gürcüstanın digər dövlət institutlarının təhlükəsizliyinin qorunmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Gürcüstanın hakimiyyət orqanları terrorçuluqla mübarizə imkanlarını, o cümlədən həm də silahlı qüvvələrinin və hüquq mühafizə orqanlarının imkanlarını inkişaf etdirir. Ölkə ərazisinin terrorçular tərəfindən tranzit kimi istifadə olunmasının qabağının alınması üçün Gürcüstan hökuməti sərhədlərinin təhlükəsizliyini gücləndirir, qonşu dövlətlərlə antiterror sahəsində fəal əməkdaşlıq edir. Terrorçuluğa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi də, öz qarşısına terror aktlarının təhqiqatı üçün dəqiq prosedurları təsdiq etməlidir. Antiterror kəşfiyyata və əks-kəşfiyyata cəlb olunmuş şəxslərin identivləşdirilməsi təmin olunmalıdır. Antiterror fəaliyyətində xüsusi diqqət nəqliyyat və energetika, xüsusən də neft və qaz kəmərlərinin mühafizəsinə yönəldilir. Gürcüstan göstərilən məsələlərin səmərəli yerinə yetirilməsi üçün fəal beynəlxalq əməkdaşlığı həyata keçirir. Gürcüstan üçün başlıca üstün istiqamətlərindən biri qaçaqmalçılıq yolu ilə silah və narkotik vasitələrin qeyri-qanuni satışının, insan alveri və digər transmilli mütəşəkkil cinayətkarlığa qarşı ciddi tədbirlərin həyata keçirilməsidir.

Qeyd olunur ki, həyata keçirilən məqsədyönlü dövlət tədbirləri nəticəsində qaçaqmalçılıq və transmilli mütəşəkkil cinayətkarlığın səviyyəsi əsaslı şəkildə azalmışdır ki, bu da özünü gizli iqtisadiyyatın səviyyəsinin ciddi şəkildə aşağı düşməsində, iqtisadi vəziyyətin yaxşılaşmasında və dövlət gəlirlərinin artmasında özünü göstərmişdir. Bu prosesin dayanıqlılığının təmin olunması üçün qaçaqmalçılığa, transmilli mütəşəkkil cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılması məqsədilə tədbirlər həyata keçirilmişdir. Daxili işlər nazirliyinin strukturu təkmilləşdirilmişdir. Əks-kəşfiyyat xidməti daxili işlər nazirliyinin tabeçiliyinə keçirilmiş, xarici kəşfiyyat departamenti isə birbaşa Gürcüstan prezidentinə tabe edilmişdir. Gürcüstan səmərəli informasiya təhlükəsizliyi siyasəti həyata keçirir, məxfi məlumatların təhlükəsizliyinin təmin olunmasına, informasiya texnologiyalarının yaxşılaşdırılmasına, informasiyanın qorunması və saxlanılmasına xüsusi diqqət yetirir. Bu məqsədə rabitə və informasiya üzrə xüsusi dövlət agentliyi yaradılmışdır. Milli təhlükəsizlik nazirliyi yanında informasiyaların fasiləsiz verilməsi, idarələrarası əlaqələndirilməsi, eləcə də böhran və fövqəladə halların əlaqələndirilmiş şəkildə idarə olunmasını həyata keçirmək məqsədilə situasiya mərkəzi fəaliyyət göstərir.




II. 3. Beynəlxalq terrorçuluq cinayətinə qarşı

regional konvensiyalar və onların həyata keçirilməsində əks-kəşfiyyat fəaliyyətinin xüsusiyyətləri
Dünya birliyi Birləşmiş Millətlər Təşkilatının 13 dekabr 1990-cı il tarixli Bəyannaməsində beynəlxalq terrorçuluğun ləğv edilməsi sahəsində bütün zəruri tədbirlərin görülməsində israrlı olduğunu daimi olaraq nümayiş etdirir. Bu Bəyannamə beynəlxalq hüquq normaları əsasında beynəlxalq cinayət hesab edilən beynəlxalq terrorçuluğun həm predmeti üzrə tənzimlənməsi, həm də coğrafi yayılması məsələləri sahəsində səmərəli konvensiya sistemi yaratdı. Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin 3 iyul 2001-ci il tarixli “Beynəlxalq terrorçuluğun ləğv olunması üzrə tədbirlər” adlı məruzəsinin Beynəlxalq terrorçuluğun qabağının alınması və kökünün kəsilməsinə aid beynəlxalq-hüquqi sənədlər” adlı III fəslində beynəlxalq terrorçuluğa aid iyirmi universal və regional müqavilənin olması faktı təsdiq olunmuşdur. Bu konvensiyalardan on üç müqavilə bilavasitə beynəlxalq terrorçuluğun ayrı-ayrı forma və təzahürlərinə, yeddi konvensiya isə regionlar üzrə bu məsələnin tənzimlənməsinə həsr olunmuşdur. Beynəlxalq cinayət olan beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq-hüquq aktları dünyanın bütün regionlarını - Avropa, Amerika, Afrika, Müstəqil Dövlətlər Birliyi, Cənubi Asiya - əhatə edir. Bu konvensiyalar aşağıdakılardır: 22 aprel 1998-ci ildə Ərəb Dövlətləri Cəmiyyətləri səviyyəsində imzalanmış “Terrorçuluğun kökünün kəsilməsi barədə Ərəb konvensiyası”, 01 iyul 1999-cu il tarixli İslam Konfransı Təşkilatının “Beynəlxalq terrorçuluqla mübarizə haqqında” Konvensiyası, “Terrorçuluğun kökünün kəsilməsi haqqında” 27 yanvar 1977-ci il tarixli Avropa Konvensiyası, “Terror aktlarının qarşısının alınması və cəzalandırılması haqqında” 2 fevral 1971-ci il tarixli Ərəb Dövlətləri Təşkilatının Konvensiyası, 27 iyul 1999-cu il tarixli “Terrorçuluğun qarşısının alınması və ona qarşı mübarizə haqqında” Ərəb Birliyi Təşkilatının Konvensiyası, “Terrorçuluğun kökünün kəsilməsi haqqında” 4 noyabr 1987-ci il tarixli Cənubi Asiya dövlətlərinin (SAAPK) regional konvensiyası, Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlər arasında Terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında 4 iyun 1999-cu il tarixli müqavilə.

Konvensiya aktlarından əlavə hər bir ölkənin özündə terrorçuluğa qarşı mübarizə barədə daxili qanunvericilik aktları mövcuddur.

Beynəlxalq terrorçuluğa qarşı mübarizə üzrə Amerika Birləşmiş Ştatlarında bir sıra qanunvericilik aktları qəbul olunmuşdur ki, bunlardan da aşağıdakıları göstərmək olar: Xarici kömək haqqında Akt (1961-ci il. Bu kütləvi qanun digər məsələlərlə yanaşı, həm də “terrorçuluğa qarşı mübarizədə köməklik göstərilməsi”, “Terrorçuluğa yardım edən ölkələrə köməklik göstərilməsinə qadağa qoyulmasını” kimi məsələləri də nəzərdə tutur.); Silahlar üzərində nəzarət barədə Akt( 1989-cu il); Beynəlxalq təhlükəsizlik və əməkdaşlığın inkişafı barədə Akt (1981-ci il); Müdafiə Nazirliyinin Aktı (1987-ci il); Terrorçuluğa qarşı mübarizə və silah ixracının tənzimlənməsi barədə Akt (1989-cu il); Xaricdə əməliyyatların keçirilməsi, ixracın maliyyələşdirilməsi və bununla əlaqədar proqramlar haqqında Akt (1991-ci il); Narkotiklər üzərində beynəlxalq nəzarət üzrə Akt (1990-cı il) [146; 147].

Terrorçuluğa qarşı mübarizə üzrə 27 yanvar 1977-ci il tarixli Avropa konvensiyasının iştirakçısı kimi Fransa ( konvensiya 1987-ci ildə ratifikasiya etmişdir) bu sənədin daha da genişləndirilərək inkişaf etdirilməsi məqsədilə bir sıra sənədlər qəbul etmişdir. Bunlardan, 22 iyul 1996-cı il tarixli Qanunu(№ 96-647); 27 yanvar 1995-ci il tarixli Qanunu (№ 95-73) göstərmək olar ki, bu qanunlarda beynəlxalq terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsini nəzərdə tutur. Burada normativ əsas kimi Fransanın yeni Cinayət məcəlləsinin 421(1)-ci maddəsi götürülmüşdür [145].

Rusiya Federasiyasında “Terrorçuluğa qarşı mübarizə haqqında” 25 iyul 1998-ci il (№ 130 - FZ) tarixdə qanun qəbul olunmuş və bu qanuna Dövlət Duması tərəfindən 7 iyul 2000-ci il tarixdə edilmiş dəyişikliklərlə daha da təkmilləşdirilmişdir.

Göründüyü kimi beynəlxalq terrorçuluğun bütün forma və təzahürlərdə ləğv olunması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üç daimi üzvü tərəfindən (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa Respublikası) beynəlxalq və regional konvensiyaların tələblərini qəbul etməklə yanaşı, milli səviyyədə köklü qanunlar qəbul olunmuşdur. Bu da onların şəxsində Birləşmiş Millətlər Təşkilatının digər üzv dövlətlərinin də beynəlxalq qanunçuluğun və hüquq qaydalarının təmin olunmasında ardıcıl olmalarına dəlalət edir.

Beynəlxalq terrorçuluğa qarşı beynəlxalq və milli səviyyələrdə mübarizənin daha da gücləndirilməsi və onların uyğunlaşdırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatı 1 yanvar 2001-ci il tarixinədək dünyanın bir sıra ölkələrindən beynəlxalq terrorçuluğun qarşısının alınması və onun kökünün kəsilməsi ilə bağlı milli qanunların mətnini almış və Birləşmiş Millətlər Təşkilatının qanunlar toplusu kimi ayrıca nəşr kimi çap olunmuşdur. Bu ölkələr aşağıdakılardır: Avstraliya, Avstriya, Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Burkino-Faso, Macarıstan, Qvatamela, Almaniya, Gürcüstan, İsrail, İslandiya, İtaliya, Kanada, Çin, Kolumbiya, Mavritaniya, Malavi, Malvin Adaları, Meksika, Yeni Zellandiya, Norveç, Kuka Adası, Koreya Respublikası, Rusiya Federasiyası, Salvador, Suriya Ərəb Respublikası, Slovakiya, Birləşmiş Krallıq, Tunis, Türkiyə, Fidji, Filippin, İsveçrə, İsveç, Şri-Lanka, Ekvador, Yaponiya [88].

Beynəlxalq terrorçuluğun kökünün kəsilməsi üzrə Avropa regional sistemi bu beynəlxalq cinayətə qarşı mübarizə sahəsində dövlətlərin səmərəli əməkdaşlığına əyani nümunə ola bilər. Azərbaycan Respublikası da bu sistemin üzvüdür. Avropa regional sisteminin əsasında 27 yanvar 1977-ci il tarixli terrorçuluğa qarşı mübarizə üzrə Avropa Konvensiyası durur.

Konseptual olaraq Konvensiyanın 1-ci maddəsi elmi və praktiki maraq doğurur. Bu maddə də çox dəqiq və bir mənalı şəkildə beynəlxalq terror aktına heç bir halda siyasi xarakterli hüquq pozma kimi baxmamaq barədə ümumi qəbul olunmuş qaydalar öz təsdiqini tapmışdır.

Müvafiq olaraq cinayətkarın xarici dövlətə təhvil verilməsində burada qeyd edilən aşağıdakı hüquq pozmaya siyasi hüquqpozma qismində baxıla bilməz:

a) 16 dekabr 1970-ci ildə Haaqada imzalanmış uçan aparatların cinayətkar yolla zəbt edilməsinə qarşı mübarizə barədə Konvensiyanın tətbiq olunmasına aid hüquq pozmalar;

b) 23 sentyabr 1971-ci ildə Monrealda imzalanmış mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş cinayətkar aktlara qarşı mübarizə üzrə Konvensiyanın tətbiqinə aid olan hüquq pozmalar;

c) diplomatik nümayəndəliklər də daxil olmaqla beynəlxalq müdafiə hüququ olan adamların həyatlarına, azadlıqlarına sui-qəsd kimi ağır cinayətlər;

ç) girov götürülməsi və qanunsuz olaraq azadlıqdan məhrum etməni nəzərdə tutan hüquq pozmalar;

d) bombalardan, qumbaralardan, raketlərdən, avtomatik odlu silahlardan, təhlükəli maddələrin qoyulduğu banderol və baratların göndərilməsi kimi hüquqpozmalar.

Konkret olaraq beynəlxalq terrorçuluğa qarşı Avropa regional sistemi çərçivəsində mübarizə sahəsində dövlətlərin öhdəlikləri rejimi aşağıdakı hüquqi şərtlərlə müəyyənləşdirilir. Terrorçuluq cinayəti törətməkdə şübhəli bilinən şəxs ərazisində olduğu təqdirdə dövlət beynəlxalq terror aktı formasında hüquq pozmaların aşkar edilməsi məqsədilə öz səlahiyyətlərini müəyyənləşdirmək üçün zəruri tədbirlər həyata keçirir.

Ekstradisiya institutunun əsas prinsipi olan aut derere, aut punire-nin praktiki olaraq yerinə yetirilməsi qaydasında, dövlət ərazisində beynəlxalq terror aktı törətmiş şəxs aşkar edildikdə və bu halda o xarici dövlətdən cinayətkarın ona qaytarılması barədə daxil olmuş xahişi yerinə yetirmədikdə, o özünün cinayət işini təhqiq edən səlahiyyətli orqanları tərəfindən əsassız ləngitmələrə və heç bir müstəsnalığa yol vermədən təhqiqat prosesini həyata keçirməlidir. Bu hakimiyyət orqanları, dövlətin qanunlarına müvafiq olaraq hər bir ağır hüquqpozmasına qarşı gördüyü tədbirlər qaydasını bu cinayətə də şamil etməlidir.

Beynəlxalq terrorçuluq cinayətinə münasibətdə beynəlxalq hüququn tənzimləyici təsiri beynəlxalq terrorçuluqla mübarizə üzrə Avropa regional sistemi çərçivəsində cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı institutu vasitəsilə həyata keçirilir. Belə ki, dövlətlər beynəlxalq terrorçuluq formasında hüquq pozmalara aid olan cinayət işləri üzrə geniş spektrli qarşılıqlı hüquqi yardım göstərmək barədə razılığa gəlirlər.

İnstitusional olaraq tam qaydaya salınmış mexanizm kimi beynəlxalq terrorçuluğa qarşı mübarizə üzrə Avropa regional sistemi Avropa kriminalistika şurası kimi əlaqələndirici orqanına malikdir. Avropa kriminalistika şurası öz funksiyasını lazımı səviyyədə yerinə yetirərək 1977-ci il Konvensiyasının tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir.

1977-ci il Avropa Konvensiyasının yerinə yetirilməsi məqsədilə beynəlxalq terrorçuluğa qarşı mübarizə üzrə yaradılmış Avropa regional sistemi öz səmərəliliyini göstərdi. Sistem müasir beynəlxalq hüquq tərəfindən təyin edilmiş insan hüquqlarının qorunması barədə olan qaydaların tələblərinə müvafiq qaydada fəaliyyət göstərir.

19 sentyabr 2001-ci il tarixdə Avropa Birliyi Komissiyası Avropa İttifaqı Şurasının çərçivə qərarları barədə iki təklif qəbul etdi: bunlardan biri-terror aktlarının vahid formada müəyyənləşdirilməsi və razılaşdırılmış cəza təyin edilməsinin təsbit olunması məqsədilə üzv ölkələrin cinayət qanunçuluğunun yaxınlaşdırılması, digəri isə, həbs üçün Avropa mandatının qüvvəyə mindirilməsi. Birinci təklif üzrə qəbul olunmuş və “Şuranın terrorçuluqla mübarizəyə aid çərçivə qərarlarına münasibətdə təkliflər” [129; 130] adlanan sənəddə çərçivə qərarının mətni və şərhedici qeydlər verilmişdir. Bu sənəddə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunan tədbirlər çərçivəsində eləcə də, terrorçuluğun kökünün kəsilməsi barədə Avropa Şurasının mandatının məzmununda hüquqi çatışmamazlıqların aradan qaldırılmasına, eləcə də bütövlükdə sənədin təhlil olunmasına cəhd edilmişdir [51].” Həbs üçün Avropa mandatının verilməsi və üzv dövlətlər arasında cinayətkarların qarşılıqlı qaytarılmasına aid Şuranın çərçivə qərarlarına münasibətdə təkliflər “ adlanan digər təklif Avropa Şurasının Tamperedə (1999-cu il) keçirilmiş yığıncağından irəli gəlir. Bu yığıncaqda ekstradisiyanın, həbs üçün Avropa mandatı əsasında terror aktlarının icraçılarının qaytarılması prosedurası ilə əvəz olunması məqsədi qoyulmuşdur.

6 dekabr 2001-ci ildə Avropa İttifaqı Şurası terrorçuluqla mübarizəyə aid Şuranın çərçivə qərarı haqqında təkliflərə münasibətdə ilkin razılıq əldə etdi. 6-7 dekabr 2001-ci ildə isə Avropa İttifaqının üzvü olan 14 dövlət həbs üçün Avropa mandatına münasibətdə çərçivə qərarının layihəsi barədə razılığa gəldilər. 8 yanvar 2002-ci ildə Avropa Parlamenti hər iki çərçivə qərarını təsdiq edərək, onlar barəsində qanunvericilik bəyannaməsi qəbul etdi [127]. 27 dekabr 2001-ci il tarixdə Avropa İttifaqı Şurası dörd mühüm akt təsdiq etdi: onlardan ikisi terrorçuluqla mübarizə sahəsində birgə mövqeyə həsr olunmuşdur, həm də onlardan biri başlıca olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1373(2001) saylı bəyannaməsinə, digəri isə Avropa İttifaqı Şurasının terrorçuluqla mübarizəyə aid çərçivə qərarına əsaslanır; müəyyən şəxs və təşkilatlara münasibətdə onların vəsaitlərinin dondurulması və terrorçulara, terror qrupları və təşkilatlarına maliyyə vəsaitlərinin verilməsinin qadağan olunması barədə qərar; vəsaitlərinin dondurulması və ehtiyatların verilməsinin qadağan olunması barədə qərarın şamil edildiyi qrup, təşkilat və şəxslərin siyahısının müəyyənləşdirildiyi icra Qərarı [124].

6 fevral 2002-ci il tarixdə Avropa parlamenti əksər səs çoxluğu ilə, Avropa İttifaqı Şurası tərəfindən yenidən Avropa Parlamentinə təqdim edilmiş və o vaxtadək ciddi dəyişikliklərə məruz qalmış terrorçuluqla mübarizə və terrorçular barədə həbsə Avropa mandatının verilməsi barədə iki çərçivə qərarlarını dəstəklədi. Təklif olunan hər iki çərçivə qərarları Avropa İttifaqı Şurası tərəfindən terrorçuluqla mübarizə sahəsində hüquqi əsasları qoyaraq, Avropa məhkəmə məkanının formalaşmasına doğru kəsərli bir addım idi.Hazırda həbs üçün Avropa mandatı hüquqi gücə malikdir [124; 125; 126].

Terrorçuluğa aid olan cinayət növlərinin əks olunduğu və həmin cinayətlərin törədilməsinə görə ciddi cinayət məsuliyyətinə cəlb olunmaqları barədə terrorçuluqla mübarizə sahəsinə aid olan çərçivə qərarları 2003-cü ilin yanvar ayında qüvvəyə minmişdir. Həmin cinayətlərin törədilməsində şübhəli bilinən şəxslər barədə həbsə Avropa mandatının verilməsinin hüquqi cəhətdən qüvvəyə minməsi isə 2004-cü ilin yanvar ayında həyata keçirilmişdir. 12 sentyabr 2001-ci il tarixdə Avropa İttifaqı Nazirlər Komitəsinin iclasında, nazir müavinləri səviyyəsində “Beynəlxalq terrorçuluqla mübarizə” qətnaməsi qəbul edilərək, Avropa Konvensiyasında əks olunan digər məsələlərlə yanaşı terrorçuluğa qarşı mübarizə istiqamətində nəzərdə tutulmuş və yenidən baxılmasına zərurət yaranmış məsələlərin baxılması üçün xüsusi müşavirənin keçirilməsi barədə qərar qəbul etdi.

2001-ci ilin noyabr ayında Avropa Şurası kibernetik terrorçuluğa qarşı mübarizə üzrə Avropa Konvensiyasını qəbul etdi. Bu konvensiya yalnız Avropa Şurasının üzv dövlətlərinin deyil, eləcə də, Avropa Şurasına daxil olmayan Kanada, Amerika Birləşmiş Ştatları, Yaponiya və digər bir sıra ölkə ekspertlərinin dörd illik səmərəli işinin yekunu idi. Kibernetik cinayətkarlıq üzrə konvensiya 23 noyabr 2001-ci ildə Budapeştdə kibernetik cinayətkarlığa həsr olunmuş Beynəlxalq Konfransın açılış mərasimində 30 dövlət tərəfindən imzalandı. Bu konvensiya internet və digər kompüter şəbəkəsi vasitəsilə həyata keçirilən cinayətlər üzrə birinci beynəlxalq müqavilə olmaqla, xüsusən müəlliflik hüququnun pozulması, kompüterdən istifadə olunması yolu ilə dələduzluq etmək, uşaq pornoqrafiyası, eləcə də, kompüter şəbəkəsi işinin təhlükəsizliyini pozmaq kimi cinayətləri əhatə edir. O, həmçinin kompüter şəbəkələrinə baxış keçirilməsi və elektron məlumatların tutulması üzrə bir sıra səlahiyyət və proseduraları nəzərdə tutur. Bunun əsas məqsədi cəmiyyəti kibernetik cinayətlərdən qorumağa istiqamətlənmiş razılaşdırılmış cinayət məsuliyyətinin həyata keçirilməsidir.

2001-ci ilin sentyabrında Avropa Şurasının Parlament Assambleyası (AŞPA) terrorçuluq üzrə iki mühüm sənəd qəbul etdi. Özünün 1258 (2001) saylı qətnaməsi ilə Avropa Şurası üzv dövlətlərinə terrorçuluğun qabağının alınması və onun kökünün kəsilməsi ilə əlaqədar olan mövcud milli hüquq normalarının əhatə etdiyi sahələrini gözdən keçirməyi təklif edərək, təcili qaydada düzəlişlərin həyata keçirilməsi imkanlarına baxılmasını təklif etdi. Bu onunla əlaqədar idi ki, beynəlxalq terrorçuluq əməlləri ilə bağlı olan işlərin digər instansiyaya verilməsi üzrə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda nəzərdə tutulan səlahiyyətləri genişləndirilsin. Avropa Şurası Parlament Assambleyası özünün 1534(2001) saylı tövsiyəsində təkidlə Nazirlər Komitəsini təcili olaraq terrorçuluğun qarşısının alınması üzrə Avropa Konvensiyasından 13-cü maddəni xaric etməyə çağırdı. Konvensiyanın bu maddəsi konvensiyaya görə öz üzərinə öhdəlik götürmüş dövlətə imkan verirdi ki, cinayətə görə müvafiq dövlət digər hallarda ekstradisiya üçün əsas olan bir sıra hallarda, həmin halların mövcudluğu şəraitində ekstradisiyadan imtina edə bilsin.

Avropa Şurası Parlament Assambleyası həm də Nazirlər Komitəsinə təklif etdi ki, Avropa İttifaqının digər orqanları ilə birlikdə terrorçuluqla mübarizə sahəsində Avropa İttifaqının həbs qəti imkan tədbiri barədə mandatının Avropa Şurasının üzvü olan bütün dövlətlərə yayılması imkanlarını öyrənsin.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nazirlər şurası 3-4 dekabr 2001-ci il tarixdə özünün Buxarestdə keçirilən doqquzuncu yığıncağında “Terrorçuluqla mübarizə üzrə fəaliyyətin Buxarest planı”nı qəbul etdi [129]. Bu fəaliyyət Planında Nazirlər şurası qeyd etmişdir ki, terrorçuluq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı regionunda beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər yaradır və fəaliyyət Planının məqsədi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının terrorçuluqla mübarizə sahəsində hər tərəfli fəaliyyət çərçivəsinin formalaşdırılmasıdır. Nəzərdə tutulur ki, təşkilata üzv olan hər bir dövlət və bütövlükdə Təşkilat terrorçuluqla mübarizə apararkən insan hüquqları sahəsində beynəlxalq hüquq da daxil olmaqla, beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır. Buxarest fəaliyyət planı Birləşmiş Millətlər Təşkilatının terrorçuluqla mübarizəyə aid olan konvensiya və protokollarını ratifikasiya etməklə dövlətlər arasında qarşılıqlı fəaliyyətin genişlənməsinə və milli antiterror qanunvericiliyinin gücləndirilməsinə yönəldilmişdir.



6-7 dekabr 2002-ci il tarixdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan bütün 55 dövlətin xarici işlər nazirləri şurasının Portuqaliyanın Portu şəhərində 10-cu iclası keçirildi. Nazirlər terrorçuluqla mübarizə sahəsində bir sıra mühüm sənədləri bəyəndilər. Bunların arasında terrorçuluğa əks-təsir göstərmək və onunla mübarizə üzrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xartiyası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının implementasiya öhdəliyi barədə qərar və terrorçuluqla mübarizə üzrə fəaliyyəti və s. var idi [127].

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlər terrorçuluğu hər hansı bir millət və dinlə eyniləşdirməyi qəti şəkildə rədd edərək bir daha təsdiq etdilər ki, terrorçuluqla mübarizə üzrə fəaliyyət hər hansı bir dinə, millətə və xalqa qarşı yönəlməmişdir; Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bunu qəbul edir ki, terrorçuluq razılaşdırılmış və hər tərəfli cavab tədbirləri tələb edir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1373(2001) qətnaməsində təsbit olunduğu kimi beynəlxalq və regional səviyyədə sülhə və təhlükəsizliyə təhdidlər yaradır; Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bəyan edir ki, terror aktları, üsulları və təcrübəsi, eləcə də, şüurlu şəkildə ona yardım edilməsi, səssiz-səmirsiz terrorçuluğu maliyyələşdirmə, planlaşdırma və belə aktlara təhrik etmə Birləşmiş Millətlər Təşkilatının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının məqsəd və prinsipləri ilə ziddiyyət təşkil edir; Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bir daha bəyan edir ki, hər bir dövlət terrorçulara sığınacaq verməkdən imtina etməli, digər ölkənin ərazisində terror aktının həyata keçirilməsinin təşkili, həvəsləndirilməsi, fəal və ya passiv şəkildə kömək göstərilməsinə və ya digər bir formada sponsorluq etməyə yol verməməlidir; dövlətlər qəsdən terrorçuluğun maliyyələşdirilməsində, planlaşdırılmasında, hazırlanması və həyata keçirilməsində və yaxud belə əməllərə kömək göstərmiş istənilən şəxsin məhkəmə məsuliyyətinə cəlb olunmasının təmin olunması məqsədilə əməkdaşlıq edəcəkdir; bu məqsədlə dövlətlər öz milli qanunvericilikləri və beynəlxalq öhdəliklərinə müvafiq olaraq biri-birinə terror aktları ilə əlaqədar cinayət təhqiqatına və cinayətkar elementlərin ekstradisiyasına hər hansı bir aidiyyatı olan məlumatların verilməsinə maksimum köməklik göstərməlidirlər; dövlət milli qanunvericiliyin və beynəlxalq hüququn müvafiq tələblərini icra edərək terror aktlarının planlaşdırılması, ona köməklik göstərilməsi və onun törədilməsində bilavasitə iştirak etmiş şəxslərə sığınacaq verilməməsinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirəcəkdir; Avropa Şurası qəbul edir ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq protokolları və konvensiyaları, eləcə də, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1373 (2001) və 2693(2006) saylı sənədləri terrorçuluqla mübarizə üçün beynəlxalq hüququn əsaslarını formalaşdırır; Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Əks-terrorçuluq Komitəsinin həyata keçirdiyi işlərin mühümlüyünü qəbul edir, iştirakçı-dövlətlərin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bu komitə ilə əməkdaşlıq etməyə hazır olmasını bəyan edir; 13-14 dekabr 2001-ci il tarixdə Bişkekdə keçirilmiş “Mərkəzi Asiya təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi: Terrorçuluğa əks-təsir gücünün hər tərəfli genişləndirilməsi” beynəlxalq konfransının Bəyannamə və fəaliyyət proqramına məmnunluqla diqqət yetirir; kooperativ təhlükəsizlik Platforması da daxil olmaqla İstanbul sammitində qəbul olunmuş Avropa təhlükəsizlik Xartiyası çərçivəsində öz üzərlərinə götürdükləri daha fəal və sıx əməkdaşlıq öhdəliyinin yerinə yetirəcəklərini bir daha təsdiq edirlər; qeyd edir ki, terrorçuluğa əks-təsir göstərilməsi və onunla mübarizə dayanıqlı yanaşma və ümumi və hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanmalıdır, eləcə də terrorçuluğun bütün təzahürlərinə qarşı mübarizə aparılması üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iştirakçı-dövlətlərindən hər hansı biri müraciət etdikdə ona hər tərəfli köməklik göstərməyi öhdəsinə götürür; terror aktlarının və fəaliyyətinin , terror təşkilatlarının maliyyələşdirilməsi də daxil olmaqla bu aktlara köməklik göstərilməsinin ölkələrin milli qanunvericiliklərində ciddi cinayət kimi müəyyənləşdirilməsinin təmin edilməsini nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatının konvensiya və protokolları, Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq öhdəlikləri üzrə öz üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsini boyunlarına götürülər, o cümlədən terrorçuluq üzrə müvafiq beynəlxalq konvensiya və protokolların tələblərinin tam yerinə yetirilməsi və əməkdaşlığın genişləndirilməsi yolu ilə terror aktlarının qarşısının alınması, kökünün kəsilməsi, onların törədilməsinə görə məhkəmə qaydasında terror aktlarının təhqiqi və təqibi üzrə birgə fəaliyyətin həyata keçirilməsi; terrorçuluğu həvəsləndirən (şirnikləndirən) və ona köməklik göstərən şəraitin ləğv olunması üçün zəruri tədbirlərin görülməsinin zəruriliyinə əmin olmaqla, qeyd edilir ki, bunlara aşağıdakılar aiddir: bilavasitə demokratiya və qanunun aliliyi prinsiplərinə tam əməl etməklə bütün vətəndaşlara siyasi məsələlərin həllində iştirak etmək imkanının verilməsi, cəmiyyətdə mədəniyyətlər və dinlər arasında ayrı- seçkiliyin aradan qaldırılması və cəmiyyətdə onlar arasında dialoqun keçirilməsi, münaqişələrin ümumi siyasi yolla tənzimlənməsi prosesinə vətəndaş cəmiyyətinin cəlb olunması, insan hüquqlarının qorunması və dözümlülüyün həvəsləndirilməsi, eləcə də kasıbçılığa qarşı mübarizə aparılması; qəbul edir ki, terror təşkilatının daha geniş səpkidə dərk olunması, eləcə də müxtəlif din, inanc, mədəniyyət və xalqların nümayəndələri arasında anlaşmaların əldə edilməsində və onların biri-birinə dözümlülük nümayiş etdirmələrində kütləvi informasiya vasitələri müsbət rol oynaya bilər; şifahi nifrətə qarşı mübarizə aparmağı, terrorçuluq məqsədi ilə Kütləvi İnformasiya Vasitələri və informasiya texnologiyalarından sui-istifadə qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini, belə tədbirlərin dövlət daxili qanunvericiliyin, beynəlxalq normalarının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının öhdəliklərinə uyğun olmasını öhdəsinə götürür; sərhəd nəzarətinin gücləndirilməsi yolu ilə ayrı-ayrı terrorçuların və terror qruplarının yerdəyişməsinin qarşısının alınması, eləcə də şəxsiyyəti təsdiq edən sənədlərin və yol sənədlərinin tərtib olunması üzərində nəzarətin gücləndirilməsi; öz ərazisində bütün qanuni vasitələrlə istənilən terror aktının hazırlanması, köməklik göstərilməsi, maliyyələşdirilməsi üzrə istənilən fəaliyyətin qabaqlanması, qarşısının alınması məqsədilə əlavə tədbirlər görülməsi yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qəbul edir; terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəsdən terror məqsədi ilə vəsait toplanması və vəsait verilməsi üçün cinayət məsuliyyəti nəzərdə tutan müvafiq qətnamələrinin təmin olunmasına dair üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini qəbul edir; Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının № 1373 (2001) və 1390(2002) saylı qətnamələrində şərh olunmuş, əsasən də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının №1267 (1999) qətnaməsi ilə təsis olunmuş Komitə tərəfindən müəyyənləşdirilmiş şəxslərin hesablarının dondurulması üzrə öhdəliyini yerinə yetirməyi bir daha qətiyyətlə bildirir; terrorçuluqla transmilli mütəşəkkil cinayətkarlıq, pulların yuyulması, insan, narkotik vasitələr və silah alveri arasında əlaqəni narahatlıq hissi ilə qeyd edir və bununla əlaqədar olaraq belə ciddi təhdidlərə, təhlükəsizlik və sabitliyə qarşı meydan oxumağa qarşı səmərəli fəaliyyət göstərmək üçün əməkdaşlığın daha da fəallaşdırılması və inkişafının zəruriliyini qeyd edir;

Terrorçuluğa qarşı mübarizə problemləri ilə adətən siyasi mövzudan uzaqlaşmaq istəyən beynəlxalq təşkilatlarda məşğul olmağa başlamışlar. Belə təşkilatlardan biri də məqsədi Asiya-Sakit okean regionunda iqtisadi inteqrasiyanın gücləndirilməsi olan Asiya-Sakit Okean Əməkdaşlığı Təşkilatıdır (ASOƏT). Asiya-Sakit Okean Əməkdaşlığı Təşkilatının 2002-ci ilin oktyabrında Los-Kabos şəhərində keçirilən forumunda terror aktları nəticəsində bu ölkələrin iqtisadiyyatına vurulan zərərin miqdarı təhlil olunaraq, belə bir anlaşıqlıq əldə edilmişdir ki, bu regionda terrorçuluğun kökü kəsilməzsə, Asiya-Sakit Okean Əməkdaşlığı Təşkilatı heç bir real iqtisadi nəticə əldə edə bilməyəcəkdir.

6-7 noyabr 2002-ci il tarixdə Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin 111-ci sessiyası oldu və burada terrorçuluğa qarşı əks-təsir üzrə terrorçuluğun qarşısının alınması barədə 1977-ci il tarixli Avropa Konvensiyasına əlavə protokolun layihəsi təsdiq olundu və antiterror sahəsində Avropa Şurasının fəaliyyət istiqamətinə altı yeni təklif daxil edildi.

21 sentyabr 2001-ci il tarixdə Amerika Dövlətləri Təşkilatı (ADT) xarici işlər nazirlərinin yığıncağında xarici işlər nazirləri “Terrorçuluğun qarşısının alınması, kökünün kəsilməsi və ləğv olunması işində Şimali və Cənubi Amerika ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsi” adlı qətnamədə Daimi şuraya terrorçuluqla mübarizə haqqında Amerika dövlətlər arası konvensiyanın layihəsinin hazırlanmasını tapşırdı və dövlətlərə müraciət edərək ayrı-ayrı terrorçunu və ya terror qrupunu gizlədən və ya müdafiə edən, onlara maliyyə yardımı göstərən dövlət hakimiyyəti orqanlarının hərəkətinin beynəlxalq hüquqi nəticələrini öyrənsinlər [130]. Bu müqabil olaraq Amerika Dövlətləri Təşkilatının hüquq və siyasi məsələlər üzrə Komissiyası tərəfindən terrorçuluğun qaşısının alınması və ləğv olunması üzrə Amerika dövlətlərarası konvensiyanın layihəsi hazırlandı və 2002-ci ilin 3 iyun tarixində Amerika Dövlətləri Təşkilatının Baş Assambleyası həmin konvensiyanı qəbul etdi.

1-3 aprel 2002-ci il tarixdə Kuala-Lumpurda İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirlərinin fövqəladə sessiyası keçirildi və sessiyada beynəlxalq terrorçuluq problemi üzrə Kuala-Lumpur bəyannaməsi və fəaliyyət Planı qəbul olundu. Bu fəaliyyət Planının həyata keçirilməsi çərçivəsində İslam Konfransı Təşkilatı beynəlxalq terrorçuluq üzrə nazirlər səviyyəsində 13 nəfərin daxil olduğu açıq tərkib təsis etdi. Onun mandatı beynəlxalq terrorçuluqla mübarizə üzrə Konvensiyanın müddəalarının həyata keçirilməsinin sürətləndirilməsi yolları barədə təkliflər hazırlanmasını nəzərdə tuturdu.

Beynəlxalq terrorçuluqla mübarizə sahəsində birgə fəaliyyət göstərmək məqsədi ilə Rusiya Federasiyası hökuməti ilə Hindistan hökuməti arasında birgə rəsmi məlumat imzalanmış və onlar aşağıdakılar barədə razılığa gəlmişlər: fəaliyyətləri onların maraqlarına xələl gətirən terrorçu qruplaşmalar barədə, o cümlədən hər iki ölkədə olan terrorçu qruplar arasında əlaqə yaradılması barədə amillər də daxil olmaqla qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi; onların ölkələrinə və vətəndaşlarına qarşı mümkün terror aktları haqqında, o cümlədən zəruri hallarda həmdə diplomatik kanallar vasitəsilə məlumat mübadiləsi; maraqlarına toxunulduğu hallarda, tərəflər terror aktlarının qarşısının alınması və onlar barədə təhqiqat aparılması, terror aktlarının həyata keçirilməsində təqsirkar olan şəxslərin axtarılması və saxlanılmasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsi. Tərəflər, eləcə də terror təşkilatlarının maliyyələşdirilməsində mühüm rol oynayan narkotik vasitələrin və silahların qeyri-qanuni dövriyyəsinin qabağının alınması və kökünün kəsilməsi haqqında məlumat mübadiləsi və əməkdaşlıq sahəsində tədbirlər həyata keçirirlər.

Beynəlxalq terrorçuluğun qarşısının alınması sahəsində səmərəli rejimdə fəaliyyət göstərən pozitiv nümunələrdən biri Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində həyata keçirilən əməkdaşlıqdır. Beynəlxalq terrorçuluqla mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətləri arasında 4 iyun 1999-cu ildə Minskdə əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Bu müqavilə bütün Müstəqil Dövlətlər Birliyi məkanında beynəlxalq terrorçuluq aktlarının qarşısının alınması və bu əmələ görə cəza tədbirlərinin tətbiqi sahəsində regional sistemin beynəlxalq hüquqi-əsasını yaratdı.

Müstəqil Dövlətlər Birliyi regional sistemi çərçivəsində müəyyənləşdirilmiş qarşılıqlı fəaliyyət və qarşılıqlı kömək hüquqi qaydası beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın səmərəliliyin yüksəldilməsinə və mümkün qədər daha geniş köməklik göstərilməsinə yönəldilmişdir. Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətləri terror aktlarının aşkara çıxarılması, qarşısının alınması, aradan qaldırılması və təhqiq edilməsi məsələlərində milli qanunvericilik və beynəlxalq öhdəliklərə, eləcə də 1999-cu il Müqaviləsində təsbit olunmuş əməkdaşlığın hüquqi üsulları əsasında əməkdaşlığa hazır olduqlarını bildirdilər.

Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təşkil olunması məqsədilə Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətləri 1999-cu il müqaviləsinin yerinə yetirilməsinə məsuliyyət daşıyan səlahiyyətli orqanlarını təyin etmək niyyətində olduqlarını bəyan etdilər.

Müəyyən olundu ki, terror aktları ilə mübarizə sahəsində, o cümlədən bu əməlləri törətmiş şəxslərin təhvil verilməsində əməkdaşlığın həyata keçirilməsində tərəflər müvafiq əmələ yalnız cinayət əməli kimi baxırlar; terror aktının törədilməsində təqsirli bilinən şəxsin vətəndaşlığı, bu əməlin həyata keçirildiyi an üçün müəyyənləşdirilir.

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının qarşılıqlı fəaliyyəti nizama salınmış xüsusiyyətə malikdir və terrorçuluqla mübarizənin səmərəliliyinin yüksəldilməsinə nail olunmasına yönəldilmişdir.

Səlahiyyətli orqanlar 1999-cu il Müqaviləsinin yerinə yetirilməsi və digər beynəlxalq müqavilələrə və milli qanunvericiliyin tələblərinə müvafiq olaraq əməkdaşlığı həyata keçirir və bir-birinə aşağıdakı yollarla köməklik göstərirlər: məlumat mübadiləsi; əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə sorğunun yerinə yetirilməsi; terror aktlarının aşkara çıxarılması, qarşısının alınması, aradan qaldırılması və ya təhqiqat aparılması barədə razılaşdırılmış tədbirlərin işlənilməsi və qəbul edilməsi, həm də bu tədbirlər barədə qarşılıqlı olaraq məlumat verilməsi; digər ölkənin ərazisində həyata keçiriləcək terror aktlarının qarşısının alınması və hazırlanmasına yol verilməməsi üçün tədbirlərin görülməsi; yüksək texnoloji və ekoloji təhlükəli obyektlərin fiziki mühafizə sisteminin vəziyyətinin qiymətləndirilməsində, bu sistemin təkmilləşdirilməsi üçün tədbirlər hazırlanması və həyata keçirilməsində köməklik göstərmək; onların tətbiqi üzrə normativ təcrübə mübadiləsi; terror aktlarının qarşısının alınması və onun nəticələri ilə mübarizə aparmaq məqsədilə praktiki kömək göstərilməsi üçün maraqlı tərəflərin razılığına əsasən xüsusi antiterror qruplarının yaradılması; təcrübə keçmə, seminarlar, məsləhətləşmələr və elmi-praktiki konfranslar keçirilməsi yolu ilə terror aktlarının qarşısının alınması və onunla mübarizə sahəsində təcrübə mübadiləsi; əməkdaşların hazırlanması və ixtisas səviyyələrinin yüksəldilməsi; tərəflərin razılığı əsasında yüksək texnoloji və ekoloji təhlükəli obyektlərin fiziki mühafizə üçün elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi.

Terror aktları ilə mübarizə üzrə Müstəqil Dövlətlər Birliyi regionla sistemində beynəlxalq cinayət törətmiş şəxslərin qaytarılması barədə sorğu verilməsi prosedurası ümumi qəbul olunmuş ekstradisiya aut derere, aut punire institutu prinsipi əsasında həyata keçirilir. Bu halda Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin hər birinin milli təhlükəsizliyinin təmin olunmasında maraqları nəzərə alınır. Belə ki, köməklik göstərilməsindən tamamilə və qismən o vaxt imtina edilir ki, sorğu göndərilən tərəf bunun yerinə yetirilməsinin onun suverenliyinə, təhlükəsizliyinə, ölkədə ictimai asayişə və ya onun digər maraqlarına zərər gətirə bilər, yaxud onun milli qanunvericiliyinin tələbləri və ya beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu halda sorğu göndərilən tələb sorğunun yerinə yetirilməsindən səbəbi göstərilməklə imtina edilməsi barədə sorğu göndərən tərəfi yazılı surətdə məlumatlandırır.

Sorğunun yerinə yetirildiyi təqdirdə bir tərəfin digər tərəfdən aldığı məlumat və sənədlərin konfedensiallığı təmin olunur. Belə məlumat və sənədlərin bağlı olmasını onları verən tərəf müəyyənləşdirir. Bununla da sorğunun nəticəsində sorğu göndərən tərəfə verilmiş məlumatlar başqa məqsəd üçün istifadə oluna bilməz. Bu halda 1999-cu il Müqaviləsi əsasında bir tərəfdən alınmış məlumat bu məlumatları vermiş tərəfin ilkin razılığı olmadan üçüncü tərəfə verilə bilməz.

Terrorçuluqla mübarizə üzrə Müstəqil Dövlətlər Birliyi regional sisteminin mühüm elementi zəruri məlumatların mübadiləsi institutudur. Müvafiq olaraq bu məslə ilə məşğul olan səlahiyyətli orqanlar qarşılıqlı maraq doğuran aşağıdakı məsələlər üzrə məlumat mübadiləsini həyata keçirirlər: ölkədə terror təhlükəsinin olması barədə məlumatlar olan sənədlərin yayılması; dövlət rəhbərlərinə, beynəlxalq müdafiə hüququ olan şəxslərə, diplomatik nümayəndəliklərin, konsulluq idarələri və beynəlxalq təşkilatların əməkdaşlarına, dövlət səfərinin beynəlxalq və milli, siyasi, idman və digər tədbirlərin iştirakçılarına qarşı hazırlanmış terror aktları; nüvə materialları, kimyəvi, bakterioloji(bioloji) silah və onun hissələrinin, yüksək zəhərli kimyəvi maddələrin, natogen mikroorqanizmlərin qeyri-qanuni dövriyyəsi; dövlətlərin təhlükəsizliyinə təhlükə yaradan ayrı-ayrı şəxslər, terror qrupları və təşkilatları barədə, terror fəaliyyəti üsullarından istifadə edən qeyri-qanuni silahlı dəstələr, onların fəaliyyəti, üzvləri, məqsəd və vəzifələri; tərəfin suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəldilmiş terror qəsdləri və sairə.

Regional sistem çərçivəsində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin səlahiyyətli orqanların əməkdaşlarının terror aktlarının törədilməsinin qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməsi üçün ezam olunmalarını da nəzərdə tutur. Belə ki, tərəflər maraqlı tərəfin sorğusu əsasında bu sahədə səlahiyyətli orqanlar xüsusi antiterror birləşmələri də daxil olmaqla öz nümayəndələrini terrorla mübarizədə metodiki, məsləhətverici və ya praktiki kömək göstərmək məqsədilə həmin ölkəyə göndərə bilərlər. Bunları qəbul edən ölkənin ərazisində xüsusi antiterror birləşmələrinin və ya onun ayrı-ayrı üzvlərinin istənilən yerdəyişməsi yalnız xüsusi razılıq əsasında və qəbul edən tərəfin səlahiyyətli orqanının rəhbərinin nəzarəti altında mümkündür.

Terrorçuluğa qarşı mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyi regional sistemi çərçivəsində xüsusi antiterror birləşmələrinin qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışarkən əməkdaşlığın yeni istiqaməti olan birgə təlimlərin keçirilməsini qeyd etmək zəruridir. Belə ki, qarşılıqlı razılaşma və ayrıca saziş əsasında xüsusi antiterror birləşmələrinin birgə təlimləri keçirilir, qarşılıqlı əsasda özlərinin milli antiterror bölmələrində digər tərəfin nümayəndələrinin təcrübə keçmələrini təşkil edir.

Terrorçuluqla mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyinin regional sistemi onun bütün üzvlərinin bərabərliyi əsasında qurulur, beynəlxalq terrorçuluğa qarşı mübarizə üzrə planlaşdırılan xüsusi tədbirlər planının dairəsi sistemin bütün iştirakçılarının mövqeyi nəzərə alınmaqla qarşılıqlı şəkildə razılaşdırılır. Müstəqil Dövlətlər Birliyinin regional sistemi çərçivəsində səmərəli fəaliyyət göstərən qarşılıqlı məsləhətləşmə institutu özündə 1999-cu il Müqaviləsinin bütün müddəalarının hərtərəfli yerinə yetirilməsi məqsədilə iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının işçi görüşlərinin keçirilməsi və məsləhətləşmələrin aparılması prosedurasını özündə birləşdirir. Qarşılıqlı məsləhətləşmə institutu Müqavilənin tətbiqi və ya şərhi zamanı ortaya çıxan mübahisəli məsələlərin həllində özünün tənzimləyici təsirini göstərir.

Terrorçuluqla mübarizə üzrə Müstəqil Dövlətlər Birliyinin regional sistemində formalaşdırılmış səmərəli qarşılıqlı fəaliyyət rejimi sonrakı inkişafını iştirakçı dövlətlərin daxili işlər nazirliklərinin terrorçuluqla mübarizə sahəsində əməkdaşlığa barədə 8 sentyabr 2000-ci ildə imzalanmış sazişlə aldı. Sazişin iştirakçıları Azərbaycan Respublikasının, Ermənistan, Gürcüstan, Qazaxıstan, Moldova, Qırğızıstan Respublikalarının, Rusiya Federasiyasının, Özbəkistan, Tacikistan və Ukraynanın daxili işlər nazirləri olmuşlar.

Hər iki müqavilənin məqsədi terrorçuluğun bütün forma və təzahürlərdə ləğv edilməsidir.

Avropa və Müstəqil Dövlətlər Birliyi çərçivəsində yaradılmış beynəlxalq terrorçuluğa qarşı regional mübarizə sistemləri praktikada öz səmərəliliyini göstərdi və bu planda beynəlxalq cinayət olan beynəlxalq terrorçuluğun qarşısının alınması probleminin həllində nümunə ola bilər.

Buradan belə nəticəyə gəlmək olar ki, beynəlxalq terrorçuluq cinayətinə qarşı mübarizə məqsədilə yaradılmış və hazırda Yaxın Şərqdə, İslam dövlətləri arasında, Avropa, Amerikada, Afrikada, Cənubi Asiyada və Müstəqil Dövlətlər Birliyi məkanında bərabər rejimdə fəaliyyət göstərən regional sistemlər məcmu şəkilində beynəlxalq terrorçuluğun qarşısının alınması sistemini yaradır. Burada beynəlxalq terrorçuluqla mübarizənin universallaşdırılması sahəsində Beynəlxalq Cinayət Məhkəməsinin rolu xüsusi olaraq qeyd olunmalıdır. Beynəlxalq Cinayət Məhkəməsi öz fəaliyyəti ilə beynəlxalq qanunçuluq və hüquq qaydalarının saxlanılmasına və bu əsasda da beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına köməklik edir.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə