Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə6/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Rusiya Federasiyası - Rusiya Federasiyasının milli təhlükəsizlik konsepsiyası - Rusiya Federasiyasında həyat fəaliyyətinin bütün sahələrində şəxsiyyətin, cəmiyyətin və dövlətin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsinə yönəldilmiş fikirlər sistemidir.

Konsepsiyada qeyd edilir ki, Rusiya Federasiyasının milli təhlükəsizliyinə əsas təhdidlər aşağıdakılardır [79]:



  • Milli iqtisadiyyatın vəziyyəti;

  • Dövlət hakimiyyəti və vətəndaş cəmiyyətinin təşkili sisteminin mükəmməl olmaması;

  • Rusiya cəmiyyətinin sosial-siyasi qütbləşməsi və ictimai münasibətlərin kriminallaşması

  • Mütəşəkkil cinayətkarlığın artması və terrorçuluğun miqyasının genişlənməsi;

  • Millətlər arası münasibətlərin kəskinləşməsi və beynəlxalq münasibətlərin mürəkkəbləşməsi.

Rusiya Federasiyasında antiterror fəaliyyəti ilə Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti və sairə kimi bir sıra xüsusi xidmət orqanları məşğul olur. Bu orqanlar arasında başlıca yeri Federal Təhlükəsizlik Xidməti (FTX) tutur. Federal Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədinin qorunması və mühafizəsi, daxili dəniz sularının, ərazi dənizlərinin, Rusiya Federasiyasının kontinental şelfdə müstəsna iqtisadi zonaları və onların təbii sərvətlərinin qorunması sahəsində dövlət idarəçiliyini həyata keçirir, eləcə də əks-kəşfiyyat əməliyyatını həyata keçirmək səlahiyyəti olan orqanların bu sahədə fəaliyyətlərini əlaqələndirir. Federal Təhlükəsizlik Xidməti digər federal orqanlarla qarşılıqlı əlaqəli şəkildə mütəşəkkil cinayətkarlığa, korrupsiya, qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, silah-sursatların, partlayıcı və zəhərləyici maddələrin, xüsusi texniki vasitələrin qeyri-qanuni dövriyyəsi, ekstremizm fəaliyyəti və digər məsələlərin həlli ilə məşğul olur.

Federal Təhlükəsizlik Xidmətinin mühüm funksiyalarından biri də terrorçuluq və təxribatçılıq fəaliyyətinə qarşı mübarizənin təmin edilməsindən ibarətdir. Federal Təhlükəsizlik Xidməti bu məqsədlə tədbirlər hazırlayır, eləcə də bu mübarizə zamanı xüsusi təyinatlı bölmələrin istifadə olunması qaydalarını müəyyənləşdirir.

Terrorçuluğa qarşı mübarizə sahəsində dövlət idarəçiliyini təkmilləşdirilməsi üçün Rusiya Federasiyasında 2006-cı ilin fevral ayında Federal Təhlükəsizlik Xidməti direktorunun rəhbərliyi altında milli antiterror komitəsi, Rusiya Federasiyasının subyektlərində isə antiterror komissiyaları yaradılmışdır. Terrorçuluğa qarşı mübarizədə icra hakimiyyəti Federal orqanları və onların ərazi orqanlarının güc və vəsaitlərinin tətbiqinin səmərəli təşkili məqsədilə, eləcə də əks-terror əməliyyatlarının icra edilməsi üçün Komitənin nəzdində Federal operativ qərargah, federal subyektlərdə isə operativ qərargahlar təşkil olunmuşdur.

Milli antiterror komitəsinin tərkibinə Federal Təhlükəsizlik Xidmətinin direktoru (Komitənin sədri), prezident administrasiyasının rəhbərinin müavini, Federal Təhlükəsizlik Xidməti direktorunun müavini, Federasiya Şurası sədrinin müavini, Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri, hökumət aparatının rəhbəri, Fövqəladə Hallar nazirliyinin, Xarici İşlər nazirliyi, Səhiyyə və sosial inkişaf, Sənaye enerji, Nəqliyyat, Ədliyyə nazirliklərinin rəhbərləri, Müdafiə nazirliyi Baş qərargahının rəisi, Rusiya təhlükəsizlik şurası katibinin müavini, Hərbi kəşfiyyat xidməti, Federal mühafizə xidmətinin, Rusmaliyyəmonitorinqi kimi təşkilatların yüksək rütbəli şəxsləri daxil edilmişdir ki, bu da Rusiya Federasiyasının terrora qarşı mübarizəyə birinci dərəcəli önəm verməsinin təzahürüdür.

Fərmanda qeyd edilir ki, öz səlahiyyətləri daxilində antiterrorla əlaqədar Federal operativ qərargahın qəbul etdiyi qərarlar onun tərkibinə daxil olan bütün dövlət orqanları üçün məcburidir.

Federal operativ qərargahın tərkibinə öz vəzifəsinə görə Rusiya Federasiyasının Daxili İşlər naziri (qərargah rəisinin müavini), Federal Təhlükəsizlik Xidməti direktorunun müavini (qərargah rəisinin müavini), Baş nazirin müavini, Müdafiə naziri, Fövqəladə Hallar və Xarici İşlər nazirləri, Hərbi-kəşfiyyat xidməti, Federal mühafizə xidmətinin, Rusmaliyyəmonitorinqin rəhbərləri, Təhlükəsizlik Şurasının katibi daxildirlər.

Milli antiterror komitəsinin Əsasnaməsində göstərilir ki, Komitə terrorçuluqla mübarizə sahəsində Mərkəzi federal orqanların, regionların və yerli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir. Komitənin əsas vəzifəsi terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda iştirak etmək, terror aktları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyasının təşkili ilə əlaqədar təkliflər hazırlamaqdır. Komitə terrorçuluqla mübarizənin təşkili, əlaqələndirilməsi, təkmilləşdirilməsi üzrə federal icra orqanlarının fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar qərar qəbul edə, eləcə də bu qərarın yerinə yetirilməsinə nəzarəti həyata keçirə bilər. Bundan əlavə o, federal və regional hakimiyyət və yerli özünü idarəetmə orqanlarından, ictimai birliklərdən, təşkilatlardan, vəzifəli şəxslərdən onu maraqlandıran məsələlər üzrə məlumat almaq hüququna malikdir. Komitəyə həm də terrorçuluğa qarşı mübarizəyə aid məsələlərin öyrənilməsi üçün işçi orqanları yaratmaq səlahiyyəti verilmişdir. Komitə Rusiya Prezidenti və hökuməti tərəfindən qərar qəbul edilməsini tələb edən məsələlər üzrə təkliflər irəli sürə bilər.

2006-cı ilin mart ayında Rusiya Federasiyasında “Terrorçuluğa qarşı mübarizə haqqında” yeni Qanun qüvvəyə mindirildi. Bu qanunun qəbul olunması onunla əlaqədar olmuşdur ki, 1998-ci ildə qəbul olunmuş qanun dəfələrlə dəyişikliklərə məruz qalmışdır. Keçən dövr ərzində dünyada və Rusiyada terror təhlükəsi artmış, terrorçuluqla mübarizənin mahiyyəti və taktikasında əsaslı dəyişikliklər baş vermiş, 1999-2005-ci illər ərzində Rusiya Federasiyasında bir sıra təxribat-terror aktları (Moskva, Beslan, Volqadonsk, Qrozni, Kaspiysk, Nazran, Nalçik və s.) törədilmişdir.

Amerika Birləşmiş Ştatlarında 11 sentyabr 2001-ci il terror aktından, İspaniyada və dünyanın bir sıra digər ölkələrində törədilən partlayışlardan sonra dünya ölkələrində terrorçuluğa qarşı mübarizənin yeni mexanizminin yaradılması üzrə bir sıra qanunlar qəbul olunmuşdur. Terror aktlarının törədilməsinə görə məsuliyyət ciddiləşdirilmiş, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının səlahiyyətləri genişləndirilmişdir.

Bu qanunda terrorçuluq yeni formada qəbul olunmuş, onun prinsipləri, anlaqlıq aparatı və ona qarşı mübarizə mexanizmi yeni qaydada müəyyənləşdirilmişdir. Qanun çox dəqiq şəkildə cavab verir ki, terrorçuluğa qarşı mübarizə - bu yalnız xüsusi xidmət orqanlarının fəaliyyəti deyil, həyata keçirilməsi bir çox federal icra orqanlarının, Rusiya Federasiyası subyektlərinin dövlət hakimiyyəti və yerli idarəetmə orqanlarının üzərinə qoyulan bütöv bir kompleks tədbirlər sistemidir.

Bununla əlaqədar olaraq dəyişikliklərin əsas istiqaməti terrorçuluqla mübarizədə, onun qarşısının alınmasında, nəticələrinin ləğv olunmasında federal və yerli idarəetmə orqanlarına xüsusi səlahiyyətlərin verilməsidir.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, terrorçuluqla mübarizə sahəsində Rusiya Federasiyasının beynəlxalq əməkdaşlığına mühüm əhəmiyyət verilir. Bu norma Birləşmiş Millətlər Təşkilatının 1624(2005) saylı beynəlxalq səviyyədə antiterror səylərinin gücləndirilməsinə çağıran qətnaməsinin tələblərinə tam cavab verir.

Yeni qanunda ilk dəfə olaraq Rusiya Federasiyası silahlı qüvvələrinin həm ölkə daxilində, həm də onun hüquqlarından kənarda terrorçuluqla mübarizəyə cəlb olunmasının konkret hüquqi mexanizmi təsbit olunmuşdur.

Yeni qanunun əsaslı fərqi həm də ondan ibarətdir ki, o terrorçuluğa qarşı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar vəzifəli şəxslərin fərdi məsuliyyətini müəyyənləşdirir. Qanun bu sahədə beynəlxalq təcrübənin, beynəlxalq hüquq normalarının, beynəlxalq birliyin konvensiya, bəyannamə və protokollarının tələbləri maksimum dərəcədə nəzərə alınmaqla işlənilmiş və qəbul olunmuşdur. Yeni qanunda terror xarakterli cinayətlərin həyata keçirilməsinə təhriketməni, eləcə də terror aktlarının törədilməsinə çağıran məlumat və materialların yayılmasını, terror hərəkatının törədilməsinə haqq qazandıran hərəkət də terrorçuluğa aid edilir.

Amerikadakı faciə və terrorçular tərəfindən bütün sivil dünyaya elan olunmuş müharibə, digər dövlətləri də özlərinin müdafiəsi üçün ciddi düşünməyə vadar edir. Bu məsələ Almaniya Federativ Respublikasında da ciddi şəkil aldı.

Almaniya Federativ Respublikası- Amerika Birləşmiş Ştatlarındakı terror hadisəsindən sonra Bundestaq təcili qayda da təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər planı qəbul etdi. Bu tədbirlər aşağıdakılardan ibarət idi [147]:

Birinci: hava limanında təhlükəsizlik tədbirlərinin səviyyəsi əsaslı şəkildə gücləndirilir. Yalnız qitələrarası reyslərin deyil, həm də Avropa daxili reyslərin sərnişinləri əlavə bir neçə nəzarət mərhələsindən keçməlidirlər. Hava limanlarında bütün yerüstü işçi heyətinin yoxlanılması başlanıldı. Təyyarələrdə sürücülərin kabinələrində müdafiə tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul olundu.

İkinci mühüm tədbir-maliyyə axınları üzərində nəzarətin gücləndirilməsidir. Bundestaqın fövqəladə iclasında qeyd olunmuşdur ki, terrorçular demokratik cəmiyyətin bank sirrinin məxfiliyi, azad ticarət və kapitalın sərbəst yerdəyişməsi kimi dəyərlərindən çox geniş istifadə edirlər. Almaniya Federativ Respublikasının cinayət məcəlləsinə bununla əlaqədar yeni maddə əlavə olundu. Bu maddə terror və ekstremist təşkilatlarla əlbir olanların yalnız ölkə daxilində deyil, həm də xarici ölkələrdə cinayət təqibinin həyata keçirilməsini nəzərdə tutur.

Daha bir fövqəladə yenilik - ictimai ittifaqlar və birliklər üçün nəzərdə tutulan “dini imtiyazlar” adlanan üstünlüyün ləğv olunmasıdır. Bu qərarı şərh edən Budestaqın üzvü Fridrix Merts onun məğzini belə izah edir: “ Biz bundan sonra barışa bilmərik ki, Almaniya terrorçular üçün ən sevimli sığınacaq yeri olacaqdır. Burada onlar ədalət məhkəməsindən gizlənirlər, burada onlar terror aktlarının planlaşdırılması və hazırlanmasını həyata keçirirlər. Onlar indiyədək din azadlığı hüququ altında pərdələnərək Almaniya ərazisində azad şəkildə fəaliyyət göstərərək fundamentalist və ekstremist təşkilatların üzvlərindən özlərinə tərəfdarlar toplayırlar”.

Bununla əlaqədar Daxili İşlər naziri qeyd etmişdir ki, burada məqsəd hər hansı bir dini cərəyanın fəaliyyətinin məhdudlaşdırılması və ya hətta qadağan edilməsi deyil. Məqsəd yalnız ondan ibarətdir ki, din motivləri altında pərdələnərək, tamamilə başqa məqsədlər güdən təşkilatların fəaliyyətinə son qoyulsun.

Məsələnin Budestaqda müzakirəsi zamanı Almaniya Federativ Respublikası beynəlxalq hüquq normalarına sadiq olduğunu bir daha nümayiş etdirərək qeyd olundu ki, daxili təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirilərkən heç bir halda insan hüquqlarının pozulmasına yol vermək olmaz. Bu barədə o vaxtkı federal kansler Herhard Şreder çıxış edərək göstərmişdir: “Biz terrorçuluqla mübarizənin səviyyəsini və səmərəliliyini yüksəldəcəyik. Lakin mən güman edirəm ki, bütün detallar barədə qarşıda olacaq bütün diskussiyalara baxmayaraq, bir məsələdə biz hamımız həmrəyik: heç bir halda biz terrorçuluqla mübarizə xatirinə hüquqi dövlətin prinsiplərindən imtina etməyəcəyik. Bu o demək olardı ki, bizim müdafiə etdiyimiz və terrorçuların dağıtmağa cəhd etdikləri dəyərlərdən imtina edirik”.

Almaniya Federativ Respublikasının başlıca xüsusi xidmət orqanı Almaniya Federal Kəşfiyyat xidmətidir (BND). Almaniya federal kəşfiyyat xidməti müstəqil idarə kimi general Helnin təşkilatı adlanan təşkilatın bazasında 1955-ci ildə yaradılmışdır. Almaniya Federativ Respublikasının dövlət orqanları sistemində Federal Kəşfiyyat Xidməti Federal Kanslerin idarəsinə tabe olan bölmədir. Xidmətçilərinin sayına görə Almaniyanın ən iri federal təşkilatıdır.

Federal Kəşfiyyat Xidməti Almaniyanın daxili və xarici təhlükəsizliyi üçün əsas təhdidlər kimi aşağıdakıları hesab edir:



  • terrorçuluq və islamçılıq;

  • qloballaşma ilə əlaqədar risklər;

  • demoqrafiya, qeyri-leqal miqrasiya və inteqrasiya problemləri;

  • mütəşəkkil cinayətkarlıq və narkotiklər;

  • nüvə silahının yayılması və silahlanma meylləri;

  • dövlətin süqutu;

  • regional münaqişələr;

  • təbii ehtiyatlar və enerji təhlükəsizliyi uğrunda münaqişələr;

  • qorxulu infrastrukturlardakı nöqsanlar;

  • təbii fəlakətlər;

  • qloballaşmış dünyada dövlətin rolunun dəyişməsi.

Federal Kəşfiyyat Xidmətinin dünyanın ən səriştəli kəşfiyyat orqanlarından biri olmasını göstərmək üçün təkcə onu demək kifayətdir ki, Amerika Birləşmiş Ştatlarında 11 sentyabr terror aktının törədilməsinin arxasında Ben Ladenin dayanması haqqında ilk məlumatı Federal Kəşfiyyat Xidməti almışdır.

Konstitusiyanın qorunması üzrə Federal idarələr haqqında Qanuna görə Federal Kəşfiyyat Xidmətinə hüquq verilmişdir ki, ayrı-ayrı hallarda maliyyə-kredit idarələrindən, banklardan, maliyyə müəssisələrindən və s. kapital qoyuluşları və pul köçürmələri məsələləri ilə əlaqədar bank hesabları, onların sahibləri və digər müvəkkil edilmiş şəxslər barədə məlumatlar tələb etsin. Bununla da o, terrorçu qrupların maliyyə ehtiyatlarını qiymətləndirmək imkanı əldə edir. Bundan əlavə pul transferləri barədə məlumatlar terror aktlarının hazırlanması və planlaşdırılması barədə sübut ola bilər.

BFF ( Konstitusiyanın qorunması üzrə federal idarə) port xidmətlərindən (German Parcel, DNL, Alman Federal poçtu) poçt göndərmələrinin ünvanı və adları barədə məlumat almaq hüququna malikdir. Poçt xidmətləri belə məlumatları yalnız o vaxt verməyə borcludurlar ki, beynəlxalq cinayətin törədiləcəyinə şübhə barədə qəti əsaslar olsun və ya cinayət artıq törədilmiş olsun.

Şübhəli şəxslərin yerdəyişməsi barədə hərtərəfli ətraflı məlumatların toplanması və Almaniya Federativ Respublikasının xüsusi xidmət orqanlarına imkan verir ki, beynəlxalq terrorçu qrupların və digər şəxslərin olduqları yer və onların yerdəyişməsi təhlil olunsun, onların istirahət, terror aktlarının hazırlanması və planlaşdırılması yerləri eyniləşdirilsin, eləcə də terror aktlarının mümkün imkanları müəyyənləşdirilsin. Buna görə də BFF aviakompaniyalardan da onu maraqlandıran məlumatları ala bilər. Telekommunikasiya idarələrindən telefon xidmətlərindən alınmış əlavə məlumatlar şəxsin əlaqə dairəsinin müəyyənləşdirilməsinə imkan yaradır. Abonentlərin nömrəsi və birləşdirilmə vaxtı barədə məlumatlar təhqiqatın düz istiqamətdə aparılmasına və terror şəbəkəsi iştirakçılarının tanınmasına şərait yaradır. Almaniya Federativ Respublikasının Konstitusiyasının 10-cu maddəsinin tələbinə görə poçt yazışmaları, telefon danışıqları və digər rabitə növlərinin sirri toxunulmazdır. BFF və Federal Kəşfiyyat Xidmətinə bununla əlaqədar olaraq hüquq verilməsi üçün Г-10 saylı xüsusi Qanun qəbul olunmuşdur. Burada qəti şəkildə göstərilir ki, xüsusi xidmət orqanlarının hansı hallarda danışıqlara qulaq asmaq üzrə tədbirlər keçirə bilərlər.

Telekommunikasiya birləşdirmələrində və telefon xidmətlərinin göstərilməsində xüsusi xidmət orqanalrının mütləq qaydada məlumatlandırılması barədə aşağıdakılar nəzərdə tutulur:


  • telefon hesabları, kartorkaların nömrələri, çağrılan abonentin nömrəsi, yaxud olduğu yer və ya zəng edilən nömrənin identivləşdirilməsi.

  • telefon birləşdirmələrin başlanğıc və son tarixi və vaxt.

  • telekommunikasiya və telefon xidmətlərindən istifadə edən müştəri barədə məlumatlar.

  • daimi birləşdirmələrin son məntəqəsi, onun başlanğıc və son tarixi və vaxt.

Bundan əlavə poçt və telefon əlaqələrinin sirrinin strateji məhdudlaşdırılması da mümkündür. Strateji nəzarət onu nəzərdə tutur ki, poçt və ayrı-ayrı şəxslərin telefon danışıqları deyil, bütün kommunikasiya xətləri nəzarətə götürülsün.

BFF və Federal Kəşfiyyat Xidmətinin terrorçuluğa qarşı həyata keçirildiyi tədbirlərdən biri də həmin qruplara daxil olmadır.

Bundan əlavə Almaniya Federativ Respublikasının xüsusi xidmət orqanları fəaliyyəti həm də onu nəzərdə tutur ki, ölkənin əsas qanununa zidd olan ekstremist qruplaşmalar və partiyalar, onların fəaliyyəti, planları və niyyətləri barədə məlumatlar toplanılsın. Xarici məxfi xüsusi xidmət orqanlarının Almaniya ərazisində kəşfiyyat və pozuculuq fəaliyyətinin neytrallaşdırılmasına xüsusi əhəmiyyət verilir. Bu gün onların əsas məqsədi Almaniya Konstitusiyası üçün real təhlükə olan radikallığa və yeninasizmə qarşı mübarizənin gücləndirilməsidir.

Alman xüsusi xidmət orqanaları yalnız özləri məlumat toplamaqla kifayətlənmir, eləcə də ölkə ərazisində xarici kəşfiyyat orqanalarının casusluq əməliyyatları aparmalarına imkan verməyə çalışırlar.Federal və torpaqlar səviyyəsində konstitusiyanın qorunması üzrə orqanalar xarici xüsusi xidmət orqanalarının ölkənin təhlükəsizliyinə təhdidlər yaradan kəşfiyyat (casusluq) fəaliyyəti barədə məlumatlar toplamaq və onları qiymətləndirmək barədə qanuni səlahiyyətlərə malikdirlərBuraya nüvə və digər növ silahların yayılması da daxildir.Bunlardan əlavə onlar Almaniya ərazisində fəal şəkildə fəaliyyət göstərən xarici dövlətlərin xüsusi xidmət orqanalarının məqsədini, strukturunu, iş üsulunu açmalıdır.Almaniyanın əlverişli coğrafi mövqeyi, güclü iqtisadi potensialı ona gətirib çıxarır ki, alman təşkilatları, hökumət orqanları, müəssisə və elmi-tədqiqat idarələri daimi olaraq xarici casus təşkilatlarının hədəfinə çevrilir.



Böyük Britaniya- Böyük Britaniyada beynəlxalq və daxili terrorçuluğun lokallaşdırılması və terror aktlarının qarşısının alınması üzrə bir sıra ixtisaslaşmış bölmələr mövcuddur:

  • Londonda diplomatik nümayəndəliklərin mühafizəsi ilə məşğul olan Diplomatik nümayəndəliklərin mühafizəsi qrupu (Diplomatic Protestion Group);

  • “mavi beretlər” (Blue Berets)- polisləri dəqiq atəş açmağı öyrədən snayperlər qrupu;

  • Skotland-Yardın 87 dedektivdən ibarət olan antiterror bölməsi. Onların qarşısında duran əsas məsələ terror təşkilatlarına daxil olmaqdır (Anti-Terrorçu Squad);

  • Skotland-Yardın şəxsi mülkiyyətə patrul keşiyinin çəkilməsi və cinayətkarlardan qorunması məqsədilə yaradılmış xüsusi patrul qrupu(Special Patrol Group);

  • Texniki köməklik bölməsi (Technical Patrol Group).Şəxsi mülkiyyətə patrul xidmətinin çəkilməsi və cinayətkarlardan qorunması məqsədilə yaradılmışdır;

  • Texniki köməklik bölməsi (Technical Patrol Group).Sərəncamında elektron güdmə cihazları olan qrupdur;

  • Ordu istehkamçı bölməsi (Armys Bomb Branch).Məqsədi partlayıcı maddələrin yerləşdirilməsi və ya onların zərərsizləşdirilməsidir;

  • Hava desantçıları bölməsi (Special Air Services (SAS)).

Terrorçuluqla mübarizə sahəsində ən böyük müvəffəqiyyət qazanan döyüşçü vahidi hava desantlıqlarının xüsusi bölməsidir. Onların şüarı bundan ibarətdir: “Kim cəsarətlidirsə, o qalib gəlir”. Bu qrup ikinci dünya müharibəsi dövründə 1941-ci ildə yaradılmışdır və Almaniya Federativ Respublikasına da Alman qoşununun arxa cəbhəsində əməliyyatlar aparmaq üçün ixtisaslaşmışdır. Müharibədən sonra bu briqada Yaxın Şərqdə, Cənubi-Qərbi Asiyada və Şimali Almaniya Federativ Respublikasına da milli azadlıq hərəkatlarının yatırılması üçün ingilis qoşunlarının apardığı bütün əməliyyatların fəal iştirakçısı olmuşdur.

Avstriya- Avstriyada terrorçuluqla mübarizə sahəsində mübarizə aparmağın zəruriliyi bir sıra terror aktlarının törədilməsindən sonra meydana gəlmişdir və bu məqsədlə “Kobra” adı altında xüsusi bölmə yaradılmışdır. Bu birinci növbədə 1973-cü ildə OPEK iştirakçıları ölkələrinin nümayəndələrinə qarşı yönəldilmiş hücum, 1975-ci ildə Vyana dövlət opera teatrında baş vermiş siyasi qətl, 1977-ci ildə İsveçin baş naziri Palmenin girov götürülməsinə cəhdlə əlaqədar olmuşdur. “Kobra” xüsusi təyinatlılar bölməsinin yaradılması 1978-ci ilin aprelində başa çatmışdır.

Operativ məsələlərin həllində bölmə Avstriyanın Daxili İşlər Nazirliyi yanında ictimai təhlükəsizlik üzrə baş direktora, hücum hazırlığı və daxili xidmət məsələlərində isə jandarmeriyanın mərkəzi komandanlığına tabedir.

Bölmənin qarşısına qoyulan məqsəd çox sadə şəkildə şərh olunmuşdur: girovlar götürülməsi, təyyarələrin qaçırılması, ictimai binaların partladılması təhlükəsi. Siyasi qətllərlə əlaqədar terror aktlarının qarşısının alınması üzrə əməliyyatların hazırlanması və həyata keçirilməsi. Bölmənin xüsusi vəzifəsi də vardır. Buraya federal kanslerin iqamətgahının və digər dövlət idarələrinin mühafizəsi, kanslerin və digər hökumət üzvlərinin ölkə daxilində səfərləri zamanı, eləcə də hökumətin dəvəti ilə Avstriyaya gələn xarici ölkələrin dövlət xadimlərinin təhlükəsizliyinin təmin olunması daxildir. Bölmə həmdə paytaxtdakı Vena-Şvekat beynəlxalq hava limanının təhlükəsizliyini təmin edir.

Avstraliya- Avstraliyanın xüsusi xidmət orqanları çox şaxəli sistemə malikdir və britaniya prinsipi üzrə yaradılmışdır. Avstraliyanın müasir xüsusi xidmət orqanları sistemi ikinci dünya müharibəsindən sonra formalaşdırılmağa başlamışdır və aşağıdakılardan ibarətdir:


  • Ölkənin baş xüsusi xidmət orqanı (əks-kəşfiyyat) Australian Security İntelligence Organization(ASİO)- Baş prokurora tabedir;

  • Kəşfiyyat xidməti- Australian Secret İntelligence Service (ASİS)-Xarici işlər və ticarət departamentinə tabedir;

  • Radio tutmalar xidməti -Defence Signals Directorate(DSD)- Ordunun baş qərargahına tabedir;

  • Hərbi kəşfiyyat -Defence İntelligence Organization (DİO)-Müdafiə Departamentinə tabedir və s.

ASİO 16 mart 1949-cu ildə İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş müttəfiqlərin kəşfiyyat bürosunun (CPB) bazasında yaradılmışdır. Bu baş xüsusi xidmət orqanının əsas funksiyası terrorçuluq və casusluqla mübarizədir. ASİO-nun direktoru ölkənin Baş prokuroruna tabedir.

Avstraliyanın baş xüsusi xidmət orqanı olan ASİO-nun nəzdində 17 oktyabr 2003-cü ildə təhlükənin bölgüsü Milli mərkəz yaradılmışdır (NTAC). NTAC-ın həll etdiyi əsas məsələlər ASİO-nun kanalları vasitəsilə daxil olmuş məlumatların mərkəzləşdirilməsidir. NTAC mərkəzləşdirilmiş məlumatların təhlili ilə əlaqədar əldə edilmiş nəticələr xəbərdarlıq şəklində terror təhlükələrinin ciddiliyi səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilmək üçün Avstraliyanın xarici işlər və ticarət departamentinə təqdim olunur.

Mərkəzin daha bir vəzifəsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avstraliyanın birgə yaratdıqları qlobal antiterror şəbəkəsinin üç tərkib elementindən biri olmaqdır.Bu şəbəkəyə NTAC-dan əlavə Britaniyanın The Joint Terrorism Analysis Centre və Amerikanın TTIC(Terrorçu Threat İntegration Center) daxildir.

NTAC-ın ştatı Avstraliyanın aşağıdakı xüsusi xidmət orqanlarının zabitlərindən təşkil olunur ki, bu da onun əlaqələndirici rolu ilə bağlıdır:



  • Australian Federal Police (AFP)

  • Australian Secret Intelligence Service (ASIS)

  • Defense Intelligence Organization (DIO)

  • Department of Foreign Affairs and Trade (DFAT)

  • Department of Transport and Regional Services (DOTARS),and

  • Office of National Assessments(ONA)

İsrail- İsrailin xüsusi xidmət orqanlarına aşağıdakılar daxildir:

  • Vaadat xidmət rəhbərləri Komitəsi;

  • Mossad məxfi kəşfiyyat xidməti;

  • Aman hərbi kəşfiyyatı;

  • Lekem elmi münasibətlər bürosu;

  • Xarici işlər nazirliyinin siyasi planlaşdırma və tədqiqat mərkəzi;

  • Əlaqələr üzrə Nativ bürosu;

  • Ümumi təhlükəsizlik xidməti -Şin-Bet (Şabak);

  • Milli polis.

İsrail dövlətinin kəşfiyyat orqanları və təhlükəsizlik xidmətinin əsas rəhbər orqanı Vaadat adı ilə məşhur olan xidmət rəhbərləri Komitəsidir.Bu komitə öz üzvlərinin fəaliyyətini və apardığı əməliyyatları əlaqələndirir. Məxfi Mossad kəşfiyyat xidməti (Mossad letafkidim meyuxadim) xaricdə aparılan əməliyyatlar üçün məsuliyyət daşıyır və bilavasitə Baş nazirə tabedir. Ümumi təhlükəsizlik xidməti olan əks-kəşfiyyat (Şerut bitaxonklali)qısa şəkildə Şin-Bet təhlükəsizlik məsələlərinə cavabdehdir və baş nazirin rəhbərliyi altında fəaliyyət göstərir. Hərbi kəşfiyyat (Aqat modiin şel mate klali) hərbi-strateji kəşfiyyat üçün məsuliyyət daşıyır və İsrail müdafiə ordusunun baş qərargah rəisinə tabedir. Ölkənin xarici işlər nazirliyi İsrailin bütün xüsusi xidmət orqanlarına siyasi planlaşdırma və tədqiqat fəaliyyətinin həyata keçirilməsində hərtərəfli köməklik göstərir. Daxili işlər nazirliyi siyasi təhqiqatlar aparılması və milli sərhədlərin qorunmasında milli polisin köməyini təşkil edir.

İsrail kəşfiyyatı və təhlükəsizlik xidmətinin əsas obyektləri(məqsədləri) aşağıdakılardır:



  1. Ərəb dövlətləri. Burada Ərəb dövlətlərinin İsrailə, eləcə də digər ölkələrə qarşı münasibətləri və imkanları öyrənilir. Ərəb dövlətlərinin dünyanın bütün ölkələrində rəsmi nümayəndəlikləri və idarələri, Ərəb ölkələrinin liderləri, bu ölkələrin daxili və Ərəb ölkələri arası siyasətləri, psixoloji amillər, hərbi hazırlıqları və digər məsələlər.

  2. Amerika Birləşmiş Ştatları hökuməti və Amerika Birləşmiş Ştatları rəhbərliyinin İsraillə əlaqədar hər hansı siyasəti və qərarı varsa bununla əlaqədar məxfi məlumatların toplanması.

  3. Amerika Birləşmiş Ştatları və digər inkişaf etmiş ölkələrdə hərbi-texniki məlumatların toplanması.

  4. Müstəqil Dövlətlər Birliyi və Qərbi Avropa ölkələrinin İsrailə və bu ölkələrdə yəhudilərin emiqrasiyası ilə əlaqədar məqsədli siyasətlərinin öyrənilməsi.

  5. Bütün dünyada antisionist fəaliyyətin tam müşahidəsi və onun nəzarət altında saxlanılması.

  6. Digər regionlarda İsrail kəşfiyyatı üçün maraq doğuran siyasi və iqtisadi məlumatların toplanması.

İsrail xüsusi xidmət orqanları Ərəb ölkələrinin İsrail əleyhinə təbliğatına, eləcə də antisionist təbliğatının neytrallaşdırılmasına qarşı çox güclü səy göstərir. İsraillilər həm də çox geniş miqyaslı siyasi, iqtisadi və yarım hərbi proqramlar həyata keçirirlər. Onlar bu fəaliyyəti Almaniya Federativ Respublikasına ölkələrində daha da fəal şəkildə reallaşdırırlar.

İsrailin xarici kəşfiyyat və daxili xidmət təhlükəsizliyi orqanlarına verilmiş səlahiyyətlər xüsusi qanunla müəyyən edilməməsinə baxmayaraq, onlar İsrail qanunvericiliyində öz əksini tapmışdır. Dövlətin əsas qanununun 29-cu paraqrafında göstərilir: “Hökumətə dövlətin adından qanuna müvafiq olaraq digər hər hansı bir orqana həvalə olunmamış istənilən aktı həyata keçirmək hüququ verilir”. Bu o deməkdir ki, ölkədə kəşfiyyatın və dövlət təhlükəsizliyi məsələlərinin idarə edilməsi hökumətə etibar olunmuşdur. Belə ki, heç bir qanunla bu sahədə hər hansı fəaliyyət göstərmək səlahiyyəti digər bir orqana tapşırılmamışdır.

Hökumətdə və xüsusi xidmət orqanlarının özündə olan bir sıra şəxslər tərəfindən xarici-siyasi kəşfiyyatın və təhlükəsizlik xidmətinin, onların əməliyyatlar aparmaları məsələləri üzrə fəaliyyətlərinin tənzimlənməsi sahəsində statusunun müəyyənləşdirilməsi məqsədilə dəfələrlə cəhdlər göstərilməsinə baxmayaraq, onlar nəticəsiz qalmışdır.

Kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinə öz fəaliyyətlərinin təşkilində maliyyə nazirliyi, turizm nazirliyi, “El-Al” dövlət aviasiya kompaniyası, dövlət gəmiçilik kompaniyası köməklik göstərirlər. Bundan əlavə zəruri hallarda onlara mərkəzi İsraildə olan qeyri rəsmi sionist təşkilatları, eləcə də bütün dünyada olan yəhudi icmaları da köməklik göstərirlər. Kəşfiyyatçıların operativ fəaliyyətinə müdafiə nazirliyi və 1929-cu ildə yaradılmış Ümumdünya Sionist Təşkilatının Avropa agentliyi hər tərəfli yardım göstərir .Kəşfiyyat və təhlükəsizlik xidməti hökumətdə güclü mövqeyə malikdirlər. İsrailin hazırkı rəhbərlərindən çoxu müxtəlif çinli hərbiçilər olmaqla ərəblərə qarşı bir sıra müharibələrdə iştirak etmiş şəxslərdir. Onların hər biri kəşfiyyat fəaliyyətində müəyyən təcrübəyə malik olmaqla yaxşı kəşfiyyatın və güclü təhlükəsizlik xidmətinin zəruriliyinə əmindirlər.

İsraildə əks-kəşfiyyat və daxili təhlükəsizliklə Şabak (“Şerut betaxon klali”) təşkilatı məşğul olur.O, xüsusi xidmət orqanları sisteminə daxildir. Şabakın əsas funksiyaları aşağıdakılardan ibarətdir: həm düşmən, həm də dost ölkələrin kəşfiyyat orqanları haqqında məlumatların toplanması, xarici ölkələrdə İsrail rəsmi şəxslərinin və təşkilatlarının mühafizəsi, daxili və xarici qüvvələr tərəfindən törədilən təxribatçı fəaliyyətlərin bütün formalarının, o cümlədən sabotaj və terrorçuluğun tədqiqi.

Şabak daxili işlər nazirliyi çərçivəsində fəaliyyət göstərir, əks-kəşfiyyat funksiyasını yerinə yetirir və ölkə ərazisində daxili təhlükəsizliyin təmin olunması ilə məşğul olur. Onun rəhbərinin bilavasitə daxili işlər nazirinə tabe olmasına baxmayaraq, o öz səlahiyyətləri çərçivəsində tabeliyində olan xidmət üzərində rəhbərliyi müstəqil şəkildə həyata keçirir.

Şin-Bet yerlərdə özünün filialları şəbəkəsinə malik olmaqla, bir sıra funksional və regional xidmətlərdən ibarətdir: ərəb ölkələrinə qarşı əks-kəşfiyyat xidməti, qeyri-ərəb ölkələrinə qarşı əks-kəşfiyyat xidməti İsrailin özündə ( o cümlədən işğal olunmuş ərazilərdə) iş üzrə əks-kəşfiyyat xidməti, təhlükəsizlik və mühafizə xidməti, əlaqələndirmə və planlaşdırma idarəsi, təhqiqat və hüquq şurası idarəsi, operativ kömək xidməti, inzibati idarə, texniki xidmət.

1957-ci ildə “Müdafiə nazirliyi baş qərargahının kəşfiyyat qrupu” (Caeret MatKal”) təşkil olundu və bu xidmət 1968-ci ildə antiterror fəaliyyətinə cəlb olundu. Bu qrup mindən çox antiterror aksiyasında iştirak etmişdir. Dünyada terrorçuluqla mübarizə sahəsində ən yaxşı bölmə hesab olunur. İsraildə antiterror fəaliyyəti ilə məşğul olan 1959-cu ildə yaradılmış “Uçan bəbirlər” (“Saeret Holani”) və 1974-cü ildə yaradılmış “Yamam” bölmələri də mövcuddur. Antiterror fəaliyyəti ilə məşğul olan nüfuzlu xidmətlərdən biri də 1974-cü ildə yaradılmış İsrail Milli Polisinin xüsusi bölməsi olan “Yamam”dır.

İsrailin Mossad kəşfiyyat orqanı bir sıra nəticəsiz əməliyyatlar nəzərə alınmazsa dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunur. Mossad xaricdə kəşfiyyat məlumatlarının toplanması, siyasi xarakterli aksiyaların həyata keçirilməsi və terrorçuluğa qarşı mübarizə aparılması məsələləri ilə məşğul olur. Terrorçuluqla mübarizə sahəsində Mossad vaxtaşırı olaraq Yaxın Şərq və Qərbi Avropa ölkələrində ərəb terrorçularına qarşı döyüş əməliyyatları keçirir. Livanın əhalisinin xristianlardan, druzlardan və müsəlmanlardan ibarət olmasından istifadə edərək bu ölkənin ərazisindən kəşfiyyat materialları toplanması üçün daha geniş istifadə edir. İsraillilər bu ölkədə gizli hesablara malikdirlər və bu hesablar vasitəsi ilə maliyyə əməliyyatları aparırlar.

Ərəb ölkələrinə qarşı yönəldilən əməliyyatlardan başqa, Mossad İsrail hökumətinin, sionistlərin və bütövlükdə yəhudilərin maraqlarının qorunması üçün həm Qərb, həm də Şərq ölkələrində siyasi, iqtisadi və elmi-texniki sahədə kəşfiyyat xarakterli məlumatlar toplamaqla məşğuldur.

Qeyri ərəb ölkələrində Mossadın rezidenturası bir qayda olaraq həmin ölkələrdə İsrailin səfirlik və konsulluqlarının himayəsi altında maskalanaraq fəaliyyət göstərirlər. Mossadın Amerika Birləşmiş Ştatlarında, əksər Avropa ölkələrinin paytaxtlarında, Türkiyə və İranda rezidenturaları fəaliyyət göstərir. Cənubi Amerikada, Afrikada və Uzaq Şərqdə Mossadın strateji mərkəzləri fəaliyyət göstərir. Rezidenturanın əməliyyatları bu ölkələrin rəsmi xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi və əlaqə saxlamaqdan tutmuş, ərəb terrorçularına qarşı döyüş aksiyaları keçirməyə qədər geniş spektri əhatə edir. Əməliyyatlar keçirilərkən Mossadın zabitləri və müvəqqəti əsasda fəaliyyət göstərən agentura iştirak edir.

Mossad bütün dünyada, o cümlədən keçmiş SSRİ respublikalarında gizli əməliyyatlar həyata keçirir. Mossad bir qayda olaraq çox dərindən gizliliyi təmin edilmiş firma və təşkilatlar şəklində, rəsmi və qeyri-rəsmi idarələr vasitəsilə fəaliyyət göstərir. Bu təşkilat və firmalar vasitəsilə İsrail kəşfiyyatı yeni sionist və beynəlxalq yəhudi təşkilatlarına girmək imkanına malik olurlar.

İsrail kəşfiyyatı xaricdə fəaliyyət göstərən müxtəlif yəhudi icma və təşkilatlarından asılı olur və onlardan məlumat almaq və onlar arasından agentlər cəlb etmək üçün istifadə edir. Kəşfiyyat həm də antisionist dairələrə daxil olmağa cəhd edir ki, burada da məqsəd müxalifəti neytrallaşdırmaqdır. İsraillilər özlərinə agentləri müstəsna olaraq yəhudilərdən seçirlər. Qeyri yəhudilərin agenturaya cəlb olunması çox az halda müşahidə olunur. Agentlər seçilərkən yəhudi irqi və ya dini bağlılığa, sionist yönlü hisslərə, antisemitizmə mənfi münasibətə əsaslanılır.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə