Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə3/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
1.3. XX əsrin sonu və XXI əsrin əvvəllərində beynəlxalq terror fəaliyyətinin forma və üsulları
Müasir qloballaşmış dünyanın qarşılaşdığı əsas və ən dəhşətli problemlərdən biri terrorçuluq və onun nəticələridir. Bu təzahür bu və ya digər dərəcədə həm inkişaf etmiş, həmdə inkişaf etməkdə olan ölkələrə aiddir. İndiki dövrün reallığı ondan ibarətdir ki, terrorçuluq əksər ölkələrin təhlükəsizliyi üçün əngəl olmaqla yanaşı, böyük siyasi, iqtisadi və mənəvi itkilərə gətirib çıxarır. Terrorçuluq elə bir amansız bəla, terrorçu isə mənəviyyatını itirmiş elə bir şəxsdir ki, onların qurbanları istənilən ölkə, istənilən şəxs, hətta həmin terrorçunun ən yaxın qohumu ola bilər.

XX əsrin sonu XXI əsrin başlanğıcında terrorçular xarici şəraitin dəyişməsinə uyğunlaşmaqda yüksək səviyyə nümayiş etdirirlər.

Hazırkı dövrdə beynəlxalq terrorçuluq cəbhəsi öz formasını dəyişərək muxtar regional ölkələrə çevrilmişdir. Onlar vahid rəhbərlik mərkəzi və çox ciddi tabeçilik olmadan yalnız ümumi ideologiya əsasında əlaqə saxlayırlar. Məsələn “əl-Qaidə” təşkilatlanmış terrorçu strukturundan cihad hərəkatının ideoloji platformasına çevrilmişdir. Təcrübə göstərdi ki, 2001-ci ildən başlanmış antiterror kompaniyasından sonra “əl-Qaidə”nin rəhbər heyyətinin 75 faizinin fiziki olaraq məhv edilməsinə baxmayaraq, şəbəkənin törətdiyi terror aktlarının intensivliyi aşağı düşməmişdir. 2005-ci ildən bəri həyata keçirilən antiterror tədbirləri nəticəsində “Qaida Əl-Cihad fi bilyad Ar-Rafideyn” terror təşkilatının fəal üzvlərinin (Abu Həsən, Abu Səfi, Abu Daud, Abu Təlx) koalisiya qüvvələri tərəfindən İraqda həbs olunmalarına baxmayaraq terrorçu qruplaşmalarının döyüş potensialı nəinki zəifləmiş, hətta onların fəallığı artmağa başlamışdır. XXI əsrin əvvəllərindən beynəlxalq və transmilli ekstremist qruplaşmalar meydana gəlmiş, bir sıra terrorçu təşkilatlar arasında əlaqə və qarşılıqlı fəaliyyət güclənmişdir. Məsələn, Əlcəzair və Avropa, Çeçen və Ərəb, Ərəb və Əfqan-Pakistan terrorçu qrupları qarşılıqlı əlaqələr qurmuş və razılaşdırılmış proqram əsasında fəaliyyət göstərməyə başlamışlar.

Terror qruplaşmaları öz aralarında ideoloji, konfessional, hərbi və digər sahələrdə sıx əlaqələr qurmuşlar. Onlar bir çox hallarda- silah-sursat alınması, maskalanma tədbirlərinin yaradılması, birgə əməliyyatların həyata keçirilməsi zamanı funksiya və vəzifələrin bölünməsi məsələlərində qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərirlər. Beynəlxalq terror şəbəkəsi öz qüvvələri və vasitələri ilə manevr etməyi, gizli kanallarla bir-birinə silah ötürməyi, canlı qüvvə ilə yardım etməyi yüksək səviyyədə mənimsəmişlər.

Daimi olaraq bir sıra səbəblərlə, o cümlədən görülən təhlükəsizlik tədbirlərindən, terror aktına olan reaksiyanın səmərəliliyindən asılı olaraq terrorçuların məqsədlərinin tətbiq dairəsi daimi olaraq genişlənir. Islamçıların əsaslı maliyyə vəsaitləri tələb etməyən, lakin antiterror birliyinin vahidliyinə neqativ təsir göstərmək imkanı yaradan uzunmüddətli siyasi təsirə malik aksiyalar keçirməyə istiqamətlənmələri qeyd olunur.

Terrorçuluq həmişə kütləvi dağıntı və qırğın taktikası kimi istifadə olunmuşdur. O, böyük xərclər tələb etmir, geniş təcrübə və miqyaslı quruluşa ehtiyac hiss etmir, amma onun dağıdıcı qabiliyyəti çox yüksəkdir. Xüsusilə də demokratikləşmə və qloballaşmanın yüksəlməsi ilə əlaqədar olaraq yeni texnologiyalara çıxışın nisbətən asan olduğu hazırkı dövrdə. Terror taktikası o vaxt daha “müvəffəqiyyətli” olur ki, o daha çox insan kütləsinin təsəvvürünü əhatə etsin və o vaxt daha səmərəli olur ki, o, gözlənilmədən həyata keçirilərək güclü dağıntı və insan tələfatına səbəb olsun.

Terrorçuluq öz məğzinə görə şəxsi nifrət şəklində özünü göstərir, ona görə də o, öz xüsusiyyətinə görə əsasən məhdudlaşdırılmış olur və və bir qayda olaraq xaricilərə qarşı yönəlmiş olur. 11 sentyabr 2001-ci ilədək on il ərzində əl-Qaidənin Amerika Birləşmiş Ştatlarına qarşı yönəldilmiş terror aktlarını nəzərdən keçirdikdə aydın olur ki, “uzaq beynəlxalq terrorçuluğun” payına həyata keçirilmiş terror aktlarının bir faizindən də azı düşür [44]. Maraqlıdır ki, beynəlxalq terrorçuluğun ümumi meylləri göstərir ki, 1980-1990-cı illər ərzində həm onların, həm də terror nəticəsində ölənlərin sayı aşağı düşmüşdür (11 sentyabr 2001-ci il terror aktına qədər). Terror aktı nəticəsində ölümlə nəticələnən halların sayı 1990-cı illərdən başlayaraq 40 faiz, 1990-cı illərin ortalarında isə 50 faiz aşağı düşmüşdür [45].

Terrorçuluq etiraz forması kimi cəlb etdiyi diqqətin hesabına yaşayır və inkişaf edir. Terrorçuluğun real təhlükəsi qütbləşməyə təhrik etmək qabiliyyətində, radikallığında və münaqişənin qızışdırılmasında özünü göstərir.

Terrorçuluq XX əsrin 60-cı illərindən geniş inkişaf etməyə başlamışdır. Hazırda dünyada 500-ə yaxın qeyri-leqal terrorçuluqla məşğul olan təşkilat mövcuddur. “Ekonomist” jurnalının məlumatına görə, təkcə 1968-1995- ci illər ərzində onlar tərəfindən 700-dən çox terror aktı törədilmişdir ki, bunun nəticəsində 9000 adam ölmüş, 10000 nəfərdən çox adam isə müxtəlif bədən xəsarətləri alaraq yaralanmışlar [141, 42]. Son beş ildə isə beynəlxalq terrorun qurbanlarının sayı 5000 nəfərə çatmışdır. Son zamanlar Asiya, Afrika, Yaxın Şərq və Müstəqil Dövlətlər Birliyi məkanında baş vermiş silahlı qarşıdurmalar terror-təxribat aksiyalarının çoxalması ilə müşayiət olunmuşdur.

Əgər 1997-ci ildə 182 terror aktı baş vermişdirsə, 1998-ci ildə bu 1253, 2002-ci ildə 2600, 2004-cü ildə 2600, 2005-ci ildə isə 3000-dən çox olmuşdur[59].

Müasir şəraitdə ekstremist əhval-ruhiyyəli təşkilat, qrup və şəxslərin terrorçuluq fəaliyyəti güclənmiş, onların maliyyə imkanları genişlənmiş anti-insani xarakteri mürəkkəbləşmiş və daha da yüksəlmişdir. Xarici tədqiqat mərkəzlərinin məlumatına görə terror sahəsində məzmun büdcə ildə 5 milyarddan 20 milyard dollaradək təşkil edir [88].

Beynəlxalq terrorçuluq bir təzahür kimi bu gün yalnız dövlət xadimlərini deyil, eləcə də bütün dünyada milyonlarla vətəndaşı düşündürür. Hazırda hər gün kütləvi informasiya vasitələrində bu və ya digər formada terror problemlərinə və onunla mübarizə yollarına toxunulur. Bu da təsadüfi deyil. Çünki hər gün bu və digər ölkədə dəhşətli terror aktı törədilir. Son dövrlərdə, xüsusilə də, Amerika Birləşmiş Ştatlarında 11 sentyabr 2001-ci il hadisəsindən sonra elə bir hal olmayıb ki, dövlət və hökumət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərində terror problemi müzakirə olunmamış olsun. Artıq beynəlxalq terrorçuluq dünya üçün özünün təxirəsalınmaz həllini gözləyən qlobal problemə çevrilmişdir.

Həddən artıq çox peşəkar döyüşçülərin meydana gəlməsi ilə əlaqədar olaraq beynəlxalq terrorçuluq təhlükəsi daha da artır. Bunlar əsasən Yaxın Şərq, Əfqanıstan, Bosniya, Kosova və s. “qaynar” nöqtələrdə hərbi əməliyyatların iştirakçılarıdır. Onlar istənilən ölkələrdə, istənilən millətə mənsub olan obyektlərə və şəxslərə qarşı terror aktları hazırlamağa və həyata keçirməyə hazır olan şəxslərdir. Beynəlxalq terror təşkilatları İraqın işğal olunması və bu ölkədə mövcud olan antiamerika əhval-ruhiyyəsindən istifadə edərək, orada partizan müharibəsi vərdişlərinə yiyələnmiş və iri şəhərlərdə terror aktları törədilməsi təcrübəsinə malik olan şəxsləri öz sıralarına cəlb edirlər. Onların Yaxın Şərq dövlətlərinin hüquq-mühafizə orqanlarına və silahlı qüvvələrinə infiltirasiya edilməsinə cəhdlər göstərilir.

Hazırda beynəlxalq terrorçuluğun fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, terror təşkilatlarına kömək etmək məqsədilə fondlar, firmalar, kompaniyalar və banklar yaradılır və fəaliyyət göstərirlər. Terror təşkilatlarının rəhbərləri cəmiyyətin iqtisadi, siyasi və sosial sahələrinə məqsədəuyğun təsir göstərmək üçün agentlər cəlb etmək məqsədilə ictimai təşkilatlara və dövlət orqanlarına soxulma üzrə həyata keçirilən iş üsullarını daimi olaraq təkmilləşdirirlər. Bu gün bir çoxları dərk etmək istəmirlər ki, beynəlxalq terrorçuluqla oynaqlaşmaq, ondan öz məqsədləri üçün istifadə etməyə cəhd etmək perspektivdə çox ciddi nəticələrə səbəb olmaqla problemlər ortaya çıxara bilər.

Praktiki olaraq dünyanın bütün ölkələrində terror təşkilatlarının üzvləri transmilli cinayətlərin ən qorxulu növlərindən biri olan narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqədardırlar. Döyüş qabiliyyətli hərbiləşdirilmiş dəstələrinin olmasından istifadə edən terror təşkilatları çox vaxt narkobiznes sahəsindən öz rəqiblərini sıxışdırıb aradan çıxarır və bu sahədə hökmran mövqe tutur. Narkotiklərin qeyri-qanuni dövriyyəsindən əldə edilən vəsaitdən beynəlxalq terror təşkilatları özlərini maliyyələşdirmək məqsədilə istifadə edirlər.

Beynəlxalq terrorçuluq dərin sosial köklərə malikdir. Artıq qeyd edildiyi kimi onun mənbəyi ictimai həyatın qlobal, regional və lokal səviyyədə iqtisadi, siyasi, dini və digər dərin ziddiyyətləri ilə bağlıdır.

XX əsrin ikinci yarısı dünya müstəmləkə sisteminin süqutu ilə xarakterizə olunur ki, bu da millətçilik zəminində baş verən terrorçuluğun artmasına gətirib çıxardı. Müstəqilliyə nail olunması üçün ilk müvəffəqiyyətli təcrübə keçən yüz illiyin ortalarında Fələstində istifadə olunmuşdur. Hələ XIX əsrin axırlarında yəhudi əhalisinin “yəhudilərin milli ocaq” hesab etdikləri Fələstinə miqrasiyası başlandı. Bu proses həmin mühitdə hərbiləşdirilmiş qeyri-leqal təşkilatların meydana gəlməsinə səbəb oldu ki, bununda məqsədi gəlmələrin həyat və əmlaklarının qorunması və yerli fələstinli ərəbləri öz torpaqlarından qovmaq olmuşdur. Tədricən radikallaşma prosesi XX əsrin 30-cu illərində yəhudi silahlıları ilə Fələstinin mandatı altında olan ərazilərdə britaniya ordusu arasında silahlı toqquşmalara gətirib çıxardı. Qısa bir zaman ərzində bu qarşıdurma hərbi əməliyyatlar səviyyəsinə qalxdı ki, onların da gedişində yəhudi yaraqlıları terror aksiyaları taktikasından geniş istifadə etdilər. Burada “Palxam”, “İrgün Svey Leumi”, “Loxamey Herut İsrail”, “Stern”, və s. kimi yəhudi bölmələri daha güclü fəallıq göstərirdilər.

Bu təşkilatların terror taktikasında təbliğat aspekti də az yer tutmurdu. Təbliğatın əsas məqsədi yəhudi xalqının İkinci dünya müharibəsində qırğın obyekti olmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və özlərinin dövlət yaratmaq üçün bütün hərəkətlərə hazır olduqlarını nümayiş etdirmək olmuşdur. Yəhudi təşkilatlarının öz dövlətlərini yaratmaq məqsədilə mübarizə aparmağın terror üsuluna üstünlük vermələri nəhayət öz bəhrəsini verdi və 15 may 1948-ci ildə İsrail dövlətlərinin yarandığı elan olundu.

Etnokonfessial maraqların qorunmasında terrorun belə yüksək səmərə keçirməsi təcrübədə XX əsrin 50-60-cı illərində dünyanın bir sıra regionlarında milli azadlıq hərəkatlarına geniş təkan verdi. Bundan əlavə yəhudi terror təşkilatlarının taktikası radikal fələstin qruplaşmaları üçün nümunə oldu.

Oxşar vəziyyət həmin illərdə bir sıra Qərbi Avropa ölkələrində də baş verdi ki, bu ölkələrdə milli-seperatist terrorçuluğun başında millətçi və solekstremist təşkilat və qruplar olurdu. Bu ölkələr sırasına İspaniya və Böyük Britaniya daxil idi. Ispaniyada seperatçı meyillər ölkənin bir sıra rayonlarında milli azlıqların mübarizəsi ilə bağlı idi. Milli-seperatçı terrorçuluq Baskların yaşadığı şimal rayonlarında daha geniş miqyas almışdı. Ispaniyada bu məqsədlə seperatçılar tərəfindən 1959-cu ildə “Euskadi ta Askatasuna” (ETA) “Basklar ölkəsi və azadlıq” adlı terrorçu təşkilat yaradılmış və bu gün də fəaliyyət göstərir. ETA-nın liderləri baskların müstəqil dövlətinin yaradılması uğrunda çıxış edirlər.1968-1975- ci illər ərzində bask terrorçuları tərəfindən İspaniyanın baş naziri admiral Karrero Blankoda daxil olmaqla 40 nəfər öldürülmüşdür. Basklar ölkəsində 1976-cı ildə müxtariyyat verilməsinə və siyasi məhbusların azad olunmasına baxmayaraq ETA özünün terror fəaliyyətini daha da fəallaşdıraraq tərəflərini daha da maksimum dərəcədə ödənilməsi, eləcə də İspaniya və Fransa ərazilərinin bir hissəsində müstəqil sosialist bask dövlətinin yaradılması məsələsini qoydular. Təkcə 1977-ci ildə onlar tərfindən 73 nəfər öldürüldü.

Bu təşkilatla yanaşı 60-80-cı illərdə İspaniyada terrorçuluqla məşğul olan digər təşkilatlarda fəaliyyət göstərirdilər. Bunlardan “Qalisiyanın silahlı qrupu”, Katoliliya və Valensiya əyalətlərində fəaliyyət göstərən “Azad torpaqlar”, (“Terra liore”) eləcə də Kanar adalarında seperatçı hərəkatı göstərmək olar. Böyük Britaniyada da hadisələr İspaniyadakına oxşar formada inkişaf etmişdir. Bu əsasən Şimali İrlandiyaya aiddir. Burada İrlandiyanın Böyük Britanyadan ayrılması uğrunda mübarizə aparan aparıcı terrorçu-seperatçı təşkilat rolunu 1919-cu ildə yaradılmış İrlandiya respublika ordusu oynayır (İRA). 1970-ci ildə İRA-da parçalanma baş verdi və nəticədə hərbiləşdirilmiş “Müvəqqəti İRA” ŞİRA (Provisional Republican Army, və ya qısa şəkildə PİRA) yaradıldı. O, leqal şəkildə fəaliyyət göstərən Şinn Feyn partiyasının hərbi qanadı kimi özünü göstərirdi. Yalnız birinci on beş il ərzində PİRA-nın qurbanı 1800 nəfər olmuşdur.

PİRA ilə yanaşı XX əsrin ortalarından Olsterdə bir dənə də terrorçu təşkilat- İrlandiya milli-azadlıq ordusu (İNOA) fəaliyyət göstərir.

XX əsrin sonu, XXI əsrin başlanğıcında beynəlxalq terrorçuluğun əsas əlamətləri aşağıdakılardan ibarətdir:

a) mübarizənin xüsusilə son dərəcə kəskin formalarından istifadə etməklə güc və hədə tətbiq etmək;

b) siyasi rəqiblərinin zəiflədilməsi, siyasi məqsədlərə nail olunmasına yönəldilmiş olması;

c) bilavasitə insanların həyatına təhlükə, idarə və təşkilatların fəaliyyəti, qeyri-legitimliklə əlaqədar ictimai təhlükənin artması;

Beynəlxalq terrorçuluğu tez-tez “xalq qisasçıları” tərəfindən diktatorların öldürülməsi şəklində həyata keçirilən zülmkarlığa qarşı mübarizə, düşmən arxasında onun canlı qüvvəsi və əlaqə vasitələrinin məhv edilməsi kimi diversiyalara, şəhərdə partizan müharibəsi, eləcə də siyasi məqsəd güdməyən kriminal zorakılıqla müqayisə edirlər.

Terror (latın sözüdür - qorxu, vahimə, təlaş) daxili və beynəlxalq həyatda hələ insan sivilizasiyasının ilk dövrlərindən əmələ gəlmişdir. Düşmənlərinin başını kəsdirərək qədim qalaların divarları boyunca düzdürənlər bunu estetik ləzzət üçün deyil, özlərini real və potensial düşmənlərini qorxutmaq məqsədilə edirdilər. Bu fikri qədim Roma sərkərdəsi və triumviri (Triumvirat qədim Romada dövlətin üç şəxs tərəfindən idarə edilməsi idi. Triumvir isə triumviratın üzvü olan şəxs idi.) Mark Krass haqqında da demək olar. O, Spartakın əsir düşmüş əsgərlərini Appiev yolu boyunca xaçdan asmağı əmr etmişdir. Qədim Romada detsimasiyanın (legionlar döyüşündə təlaşa düşərək geriyə çəkilən hər onuncu əsgərin boynunun vurulması) həyata keçirilməsi hərbi rəislərin öz tabeliyində olanlara qarşı həyata keçirdiyi terrora tipik nümunədir.

Alman-faşist işğalçılarının və onların əlaltılarının ikinci dünya müharibəsi dövründə zəbt etdikləri ərazilərdə dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər kütləvi beynəlxalq terrora xarakterik olan əməllərdir.

Beynəlxalq terrorçuluq həm də hər hansı bir obyekti dağıtmaq, yaxud da onu dağıtmağa cəhd etmək şəklində də təzahür edə bilər: təyyarələrin, inzibati binaların, yaşayış evlərinin, gəmilərin partladılması, həyatı əhəmiyyətli obyektlərin dağıdılması və s.

Beynəlxalq terrorçular üçün məqsədə çatmağın başlıca vasitələrindən biri hədə-qorxu yolu ilə əhali arasında həyəcan atmosferi yaratmaq, özünün və yaxınlarının həyatının təhlükəsizliyinə əmin olmaq hissi oyatmaqdır. Terrorçu qruplar tərəfindən hətta insan tələfatına səbəb olmayan, lakin əmlakın məhv edilməsinə yönəldilmiş hallar da terrorçuluq kimi təsnifləşdirilir.

Terrorçuluğun daha səmərəli müəyyənləşdirilməsi üç amili birləşdirir: onun məğzi (güc tətbiq etmək və yaxud güc tətbiq etmək təhlükəsi), onun obyektləri (mülki vətəndaşlar və yaxud hərbi əməliyyatların iştirakçısı olmayanlar) və onun qarşısına qoyduğu məsələlər ( bu və ya digər formada qorxu yolu və sosial-siyasi dəyişiklikləri zorla qəbul etdirməklə siyasi hakimiyyəti ələ keçirmək).

Terrorçuluğun və bir qrup qiyamçının istifadə etdiyi terror üsullarının ümumi qəbul olunmuş müəyyənləşdirilməsinin olmaması ona gətirib çıxarmışdır ki, ümumiyyətlə və əsasən də inkişaf etməkdə olan ölkələrdə terrorçuluq çox hallarda 1960-cı illərdə başlanmış anti-müstəmləkəçilik mübarizəsinin və inqilabi əhval-ruhiyyəli üsyançıların müstəqillik mübarizəsinin davamı kimi qəbul olunur. Terrorçu kimin üçünsə “terrorçu”, kimin üçün isə “azadlıq uğrunda mübariz kimi qəbul olunur. Terrorçuluğu bəzən müharibə ilə eyniləşdirirlər. Bu barədə Exud Sprizak yazırdı: “Partizan müharibəsi – kiçik müharibədir, böyük müharibələrə tətbiq olunan bütün qaydalar ona da tətbiq olunur və onun terrorçuluqdan fərqi məhz bundan ibarətdir”. Bu o deməkdir ki, demokratik cəmiyyətdə terrorçu həmişə terrorçudur.

Qərbin hərbi strateqləri dördüncü nəsil müharibədə hərbi əməliyyatların əsas asimmetrik komponentləri kimi terrorçuluq və əks-terrorçuluq strategiyasına istinad edirlər. Faktiki olaraq terrorçuluq dövlətin, inqilabi qiyamçıların, beynəlxalq mütəşəkkil cinayətkarlığın, son vaxtlarda isə dini fanatiklərin məhvedici taktikası olmaqla hərbi əməliyyatların ən qədim formalarından biridir. Bir sıra müəlliflər terrorçuluğa “zəiflərin silahı” kimi baxırlar. Lakin terrorçuluq, xüsusilə də dövlətin əlində olan terrorçuluq “güclülərin silahı” ola bilər. Terrorçuluğun dəqiq müəyyənləşdirilməsi zəruridirmi və bu dəqiqlik alimlərdən başqa kimisə maraqlandırırmı? Bir mənalı olaraq bu suala belə cavab vermək olar – “bəli”. Əgər beynəlxalq birlik terrorçuluq təhlükəsinin qarşısının birgə səylərlə almaq istəyirsə, bu əcaib təzahürün dəqiq müəyyənləşdirilməsi zəruridir.

Terrorçuluğa ən dolğun və qısa tərifi amerikalı tarixçi D.Xadman 1943-cü ildə nəşr olunmuş “Sosial elmlər ensiklopediyası”nın 14-cü cildində vermişdir. Xadman yazırdı: “Terrorçuluq mütəşəkkil qrup, yaxud partiyanın qarşısına qoyduğu məqsədə sistematik olaraq bilavasitə zor tətbiq etməklə üsul və nəzəriyyənin təsvir olunması üçün istifadə olunan termindir. Terror aktları terror qruplarının öz niyyətlərini həyata keçirməyə mane olan şəxslərə, agentlərə yaxud hökumət nümayəndələrinə qarşı yönəldilmiş olur”. Xadmanın formalaşdırdığı ən mühüm və vacib məsələ ondan ibarətdir ki, onun fikrincə “Terrorçuluq bir vasitə kimi yalnız qanuni hökuməti, yaxud milləti tarazlıqdan çıxarmağa yönəlməyə deyil, həm də o arzusunu kütləyə nümayiş etdirmək istəyidi ki, qanuni (ənənəvi) hökumət hiss etsin ki, artıq təhlükəsizlikdə deyil və ona qarşı meydan oxumağa başlanılmışdır. Terror aktının kütləviliyi onun strategiyasının kardinal momentidir”. Terrorun təzahür formaları, həyata keçirilmə üsulları öz mahiyyəti nöqteyi-nəzərindən o qədər mürəkkəb və çoxşaxəlidir ki, hətta bir ölkə daxilində müxtəlif dövlət orqanları tərəfindən terrorçuluğa fərqli yanaşmalar mövcuddur.

Terrorçuluqla mübarizədə avanqard ölkə olan Amerika Birləşmiş Ştatlarında terrorçuluğa verilən tərif maraq doğurur. Göstərilir: “Terrorçuluq - bu dövləti təmsil etməyən, yaxud qeyri-leqal şəxslər tərəfindən qeyri-kombatant şəxslər qrupuna qarşı qərəzlə törədilmiş siyasi cəhətdən motivləşdirilmiş güc tətbiq etməkdir” (Amerika Birləşmiş Ştatlarının qanunlar külliyatı, maddə 2656 f(d), bölmə 22).

Belə bir müəyyənləşdirmə hüquqi cəhətdən bir az formal və məhdud xarakterə malikdir. Lakin eyni zamanda bu dövlətə və onun müvafiq orqanlarına öz rəqiblərinə qarşı mübarizədə geniş meydan açır. Hüquqi nöqteyi-nəzərdən bu halda məhdudluq aşağıdakılar da özünü göstərir: kombatantların (məsələn hərbi əməliyyatlarda iştirak edən əsgərlərin, yaxud sülh vaxtı hərbiləşdirilmiş dəstələrin üzvlərinin) tutulması və onların azad olunması müqabilində pul tələb etmə, yaxud onların həyatını qaytarmaq üçün hökuməti müəyyən siyasi hərəkətlərə məcbur etmə bu halda terror aktı hesab olunmur. Terrorçuluğun belə müəyyənləşdirilməsinə uyğun olaraq tutmaq və ya rəqibin Amerika Birləşmiş Ştatları ordusu, yaxud xüsusi bölmələri tərəfindən birbaşa məhv edilməsi bu qanuna görə terror aktı sayılmır. Əgər Amerika Birləşmiş Ştatlarının dövlət departamenti terrorçuluğu “Submilli qruplar, yaxud gizli dövlət agentləri tərəfindən hərbi əməliyyatlarda iştirak etməyən hədəflərə qarşı tətbiq edilən əvvəlcədən düşünülmüş siyasi motivlərlə bağlı güc tətbiq etməkdir” kimi xarakterizə edirsə, Federal Tədqiqatlar bürosu başqa bir xülasə edilmiş fikir formalaşdırır: “Şəxslərə yaxud əmlaka qarşı çox güclü zor tətbiq etmək, yaxud hökuməti, ictimaiyyəti və yaxud onun ayrı-ayrı təbəqələrini qorxutmaq və ya onu müəyyən hərəkətlər etməyə məcbur etməkdir” [145].

Özlərinin siyasi, ictimai və ideoloji məqsədlərini yerinə yetirmək üçün nəhayət Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi terrorçuluğa “ ...özünün şəxsi iradəsi və yaxud məcbur edilmək yolu ilə siyasi, dini və ya ideoloji məqsədlərə nail olmaq xatirinə şəxslərə və ya mülkiyyətə qarşı güc tətbiq etməklə hökuməti yaxud cəmiyyəti qorxuzmaq üçün təzyiq göstərilməsidir” kimi müəyyən edir.

Terrorçuluğun tərifinin formalaşdırılmasındakı belə uyğunsuzluq bu idarələr qarşısında qoyulan məsələlərin müxtəlifliyi ilə izah olunur. Təriflərdəki belə müxtəlifliklər, eləcə də müxtəlif ölkələr və hətta müttəfiqlər arasında da hiss olunur. İngilis hökumətinin uzun müddət ərzində terrorçuluq barədə istifadə etdiyi tərif belə səslənirdi. “Siyasi məqsədlərlə, o cümlədən ictimaiyyəti və ya onun ayrı-ayrı təbəqələrini qorxutmaq məqsədilə güc tətbiq etməkdir”.

Lakin terrorçuluğun bütün yuxarıda deyilən təriflərinin hüquqi şərhlərinin və siyasi-hüquqi məzmununun mühümlüyünə baxmayaraq hesab edirik ki, terror fenomeninə hər şeydən əvvəl sosioloji nöqteyi-nəzərdən yanaşılmalıdır. Ona görə də terrora aeopolitik aspektdən kənar yanaşaraq ona “neytral” tərif versək, onda bu belə müəyyənləşdirilər: “Terrorçuluq - siyasi nöqteyi-nəzərdən əsaslandırılaraq insanlara qarşı tətbiq olunan zorakılıqdır”.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, formal da olsa belə tərifə əsasən yalnız bu və ya digər ekstremist qrupları deyil, eyni zamanda hər hansı dövləti də terrorçu adlandırmaq olar. Məsələn, əgər hər hansı bir dövlətin nizami ordusu, yaxud xüsusi bölmələri məqsədyönlü şəkildə terrorçuların yaxın adamları və qohumlarını girov götürürsə, onda dövlət özü də terrorçuların istifadə etdikləri üsullardan istifadə edir və beləliklə də özü terrorçuya çevrilir. Amma müasir dünyada belə hallar çox azdır və onlar beynəlxalq hüquq müdafiəsi təşkilatları tərəfindən bəyənilmir və müdafiə edilmir.

Lakin bu o demək deyildir ki, güc tətbiq etməklə edilən hər bir hərəkət terrorçuluqdur. Məsələn, tarixçilərə I Pavellə II Aleksandrın öldürülməsi arasındakı fərq tamamilə aydındır. Birinci halda Yunanıstan çarlarının öldürülməsinə uyğun gələn haldan söhbət gedirsə, ikinci hal əsil terror aktıdır.

Müasir dövrdə belə siyasi terrora misal olaraq Pakistanın Baş naziri Benazir Bhuttonun öldürülməsini göstərmək olar.

Birləşmiş Millətlər Təşkilatı Pakistanın Baş naziri Benəzir Bhuttonun qətlini təhqiq etmək üçün komissiya yaratmışdır. Komissiyanın yaradılması barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun İslamabadda Pakistan Prezidenti ilə görüşü zamanı məlumat vermişdir.

Pakistan Prezidenti ümidvar olduğunu bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı komissiyası bu terror aktını kimin hazırladığını, kimin sifariş verdiyini, kimin təşkil etdiyini müəyyənləşdirə biləcək və onların məsuliyyətə cəlb edəcək.

Bənəzir Bhutto 2007-ci il dekabrın 27-də seçki kampaniyası çərçivəsində Ravalpindi şəhərində mitinq keçirərkən terror aktı nəticəsində həlak olmuşdur.

Pakistanın eks-prezidenti Pərviz Müşərrəf Bhuttonun qətlində “əl-Qaidə” ilə əlaqədə olan radikal islamçıları ittiham etmişdir.

Terrorçuluq müxtəlif ölkələrdə mövcud olan mədəni əlaqələr, sosial quruluş və bir çox digər daxili və xarici amillərdən asılı olduğundan o çox mürəkkəb bir fenomendir və ona görə də ona birmənalı tərif vermək çox çətindir.

Bu dediyimizi əks etdirmək üçün terrorçuluğun bir neçə tərifinə baxaq. İngilis alimi B.Koze: “Terrorçuluq siyasi məqsədlərlə motivləşdirilərək güc tətbiq etməklə həyata keçirilən hərəkətdir”. İsveç alimi Q.Deniker göstərir: “Terrorçuluq - bu siyasi, ideoloji, yaxud sosial-inqilabi məqsədlərə nail olmaq üçün hökumətləri, əhali qruplarını daim olaraq hədələməkdir.

Amerika Birləşmiş Ştatlarında A.Aleksanderanın redaktəsi altında nəşr olunmuş “Terrorçuluq: teoriya i praktika” məcmuəsində terrora belə bir tərif verilir - bu “Bilavasitə qorxu, vadar etmə, yaxud qorxutma yolu ilə siyasi məqsədlərə nail olmaq üçün hədə-qorxudan istifadə olunmasıdır”.

Lakin, fikrimcə, bu təriflərdən heç biri beynəlxalq terrorun mahiyyətini tam əks etdirmir. Belə ki, yalnız milli sərhədlərdən kənara çıxan terroru beynəlxalq terror adlandırmaq yarımçıq fikirdir .Ona görə də beynəlxalq terrora aşağıdakı kimi tərif verilməsini daha məqsədə uyğun hesab edirəm: “Milli sərhədlərdən kənarda və ölkə daxilində xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinə qarşı mütəşəkkil terrorçu qrupların zor tətbiq etmək və vahimə yaratmaq yolu ilə həyata keçirdikləri fəaliyyətdir”.

Terrorçuluğun geniş spektrləri “Azərbaycan Respublikasının terrorçuluq haqqında” Qanunda və Respublikanın Cinayət Məcəlləsində ətraflı şərh olunmuşdur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilir: “Adamların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması, habelə başqa ağır nəticələrin baş verməsi təhlükə törədən partlayışların, yanğınların və digər hərəkətlərin edilməsi bu hərəkətlər ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq, yaxud təqsirkarların tələbinə əsasən hakimiyyət orqanlarının qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə, habelə həmin məqsədlə bu hərəkətlərin edilməsi hədəsi ilə törədilən cinayətlər terrorçuluq adlanır” [9].

Bütün yuxarıda deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, terrorçuluq - silahlı mübarizənin müxtəlif formalarının istifadə olunması və irəli sürülməsi ilə həyata keçirilən siyasi taktikadır ki, bu da terror aktı kimi müəyyənləşdirilir.

Terrorçuların fəaliyyəti qorxutma (hökumət strukturlarını, yaxud bizim indiki dövrdə yayıldığı kimi bütün cəmiyyəti), yəni birbaşa qorxu vasitəsilə insanların davranışına təsir etmək məqsədilə həyata keçirilir. Müasir terrorun XIX əsrdə və XX əsrin birinci yarısında həyata keçirilən terrorçuluqdan fərqli xüsusiyyəti ondan ibarətdir ki, bir qayda olaraq onların hədəfi mülki vətəndaşlar olur. Ona görə ki, o dövrlərdə törədilən terror aktları bir qayda olaraq hökumət nümayəndələrinə qarşı törədilirdi və bu halda əhali arasında qurbanlar olsaydı o məqsəd kimi deyil, ikinci dərəcəli insan itkisi kimi nəzərdə tutulurdu.

Terroloqlar yeni zamanda terrorçuluqin 5 qlobal dalğasını ayırırlar:

1. 1880-ci illərdə Rusiya, Avropa və sonrada Şimali Amerikada anarxizmin yayılması ilə əlaqədar;

2. XX əsrdə geniş vüsət almış milli-azadlıq hərəkatları və müstəmləkəçilik əleyhinə çıxışlarla əlaqədar;

3. 1970-ci illərdə “yeni sol” ekstremistlərin fəaliyyətinə aid olan hadisələrlə əlaqədar;

4. 1970-ci ilin sonlarından başlamış və bu günədək davam edən qloballaşma ilə əlaqədar;

5. dini terror

Qeyd etmək lazımdır ki, hazırda təklikdə cinayət hərəkətlərinin həyata keçirilməsi beynəlxalq cinayət kimi xarakterik deyil.

Terrorçuluq fəaliyyəti subyektlərinin xarakterinə görə terroru aşağıdakı növlərə bölmək olar:

1. Təşkilatlanmamış, yaxud fərdi terror – terror aktının (yaxud aktlarının) heç bir təşkilatla əlaqəsi olmadan bir-iki nəfər tərəfindən həyata keçirilməsidir.

Belə terror aktlarının konkret ünvançıları özlərinin şəxsi davranışları, yaxud müəyyən bir qrupa və ya təşkilata mənsub olan konkret şəxslər olurlar.

2. Fərdi terrorun tam əksi olan kütləvi, yaxud kortəbii terror təsadüfi adamlara qarşı törədilən terrordur. Buna misal olaraq Oklaxomada, Moskvada, Bakıda və s. törədilən terror aktlarını göstərmək olar.

3. Hər hansı bir təşkilat tərəfindən planlaşdırılaraq həyata keçirilən terrorçuluq fəaliyyəti mütəşəkkil, kollektiv terror fəaliyyətidir. Məsələn, eserlər, əl-Qaidə, ASALA, İRA, ETA kimi təşkil olunmuş beynəlxalq səviyyədə terror aktlarını törədən təşkilatlar mütəşəkkil, kollektiv terror təşkilatlarıdır.

Terror aktları əvvəllər ayrı-ayrı yüksək vəzifəli şəxslərin öldürülməsinə yönəldilmiş olurdusa, müasir şəraitdə bu artıq hava və su gəmilərinin qaçırılması, girovlar götürülməsi, müəssisələrin yandırılması, nəqliyyat vasitələrinin partladılması və s. kimi formalarda həyata keçirilir.

Terrorçular insan həyatına bir başqa təhlükə yaratmaq qorxusu ilə yanaşı, həm də insan həyatına birbaşa təhlükə yaratmayan digər hərəkətləri, məsələn, mağazaların, qeyri-iş vaxtı siyasi partiyaların mənzil qərargahlarının partladılması, yaxud yandırılması, hədə-qorxu xarakterli manifest və digər materialların nəşri və yayılmasını həyata keçirməklə də təzahür edə bilər.

Qeyd etmək lazımdır ki, terrorçuluğun bu təsnifi universal xarakter daşımır və 1970-1980-ci illərdə Qərbdə baş verən terror aktlarını xarakterizə edir.

Beləliklə, müasir terrorun mahiyyəti nədən ibarətdir?

Müasir anlayışda terrorçuluq – terrorun tətbiqi, yəni vahimə yaratmaq, qara-qorxu gəlmək, şəxsiyyətə, cəmiyyətə və dövlətə qarşı güc tətbiq etməkdir (fiziki məhv etməyə qədər). Axırıncı halda terror milli sərhədlərdən kənara çıxır və beynəlxalq xarakter alır.

Terroru təhlil edən mütəxəssislər terrorçuluq fəaliyyətinin məzmununa aşağıdakıları daxil edirlər:

1) terror aktlarının təşkili, planlaşdırılması, hazırlanması və reallaşdırılması;

2) terrorçuluq məqsədilə terror aktlarına təhrik etmək, fiziki şəxslərə və yaxud təşkilatlara fiziki güc tətbiq etmək;

3) terror aktları törətmək, belə əməllərdə iştirak etmək üçün qeyri-qanuni mütəşəkkil qruplar, silahlı dəstələr, cinayətkar cəmiyyət(cinayətkar təşkilatlar) təşkil etmək;

4) terrorçuları qruplara cəlb etmək, silahlandırmaq, öyrətmək və istifadə etmək;

5) terror təşkilatları, terror qruplarını maliyyələşdirmək yaxud başqa yollarla onlara köməklik etmək [88].

Terrorun tarixinə nəzər salsaq onun ilk dəfə eramızdan əvvəl 66-73-cü illərə gedib çıxmasını görə bilərik. Belə ki, yəhudi siyasi qruplaşmaları romalılara qarşı terrora əl ataraq Fessaloniyanın muxtariyyəti uğrunda bu tədbirdən istifadə etmişlər.

Qədim papiruslar da bir çox faraonların, o cümlədən cavan Tutanxamonun zəhər vasitəsilə öldürülməsi barədə məlumatlar saxlanılmaqdadır. Bizim eradan əvvəl IV əsrdə yaşamış Misir tarixçisi Manefonun yazdıqlarına görə Misirdə qədim çarlığın son dövrlərində total terror hökmranlıq edirdi.[35, 56].

Bəzi tarixçi və mütəxəssislərin fikrinə görə terror anlayışı Fransa burjua inqilabı dövründə yaranmışdır.

Terror əsrin əvvəlində inkişaf edərək Avropada inqilabi-siyasi milli separatist və cinayətkar qruplaşmaların yaranması ilə nəticələnmişdir. Bəzi terror təşkilatları (Rusiyada xalqçılar, İtaliyada karbonariyalar) öz hərəkətlərinə inqilabi romantik rəng verərək belə fikirləşirdilər ki, onlar cəmiyyətdə sosial ədalət prinsiplərini bərpa edirlər.

Sonradan terror 19-cu əsrin 2-ci yarısında anarxiya və milliyyətçi ideyaların üzərində inkişaf etməyə başladı. Terrorun ilk qurbanları Fransa hökmdarı Lui Filipp, imperator Fridrix Vilhelm və imperator Aleksandr oldu.

Qeyd etmək lazımdır ki, 19-cu əsrdə terror 20-ci əsrdən fərqli olaraq cəmiyyət üçün böyük risklər doğuran kütləvi xarakter daşımırdı. 20-ci əsrdə artıq İtaliyada il ərzində 600 partlayış, Fransada isə 400 partlayış qeydə alınmışdır.

Tarixçilər və politoloqlar arasında terrorun ilk dəfə və nə vaxt baş verməsi barədə fikirləri də biri-birindən əsaslı şəkildə fərqlənir. Bir qrup istənilən siyasi qətli terrorla eyniləşdirir və bununla da terrorun kökü antik dövrlərə, hətta ondan da əvvəlki dövrlərə aparılıb çıxarılır (U.Haker), digərləri belə hesab edir ki, terror XX əsrin axırlarının fenomenidir. Fransız tarixçisi M.Ferro terroru “XI- XII əsr spesifik Xoşaşini islam ənənələrinə bağlayır.

Orta əsrlərdə Həşişlər (assosianlar) müsəlman sektasının nümayəndələri prefektləri və xəlifələri öldürürdülər. Bu vaxtlar Hindistan və çində bir sıra gizli təşkilatlar siyasi terror həyata keçirirdilər. Həşişlər sektası tərəfindən Yerusəlimin kralı Konraq Monferratski də öldürülmüşdür. Onlar 1090-cı ildə hansısa Həsən ibn əs-Səbbax adlı şəxsin rəhbərliyi altında fəaliyyət göstərək Həmədandan tutmuş şimala doğru Ələmut qalasına qədər çox geniş bir ərazini işğal etmiş və bir əsr yarım ərzində orada ağalıq etmişlər. XII əsrin ortalarında bu qrup qəflətən yox olmuşdur. Gəlib bizə çatan məlumatlara görə planlaşdırılmış qətl əməliyyatına getməmişdən əvvəl onun gələcək icraçıları güclü şəkildə çətənə və həşişdən istifadə edirlərmiş. Sektanın geniş yayılmış – Həşiş sektası adı da buradan əmələ gəlmişdir. Bu ad Avropaya Fransız dilində təhrif olunmuş Assasin sözü kimi daxil olmuş və sonradan ingilis dilində “assasination” sözü əmələ gəlmişdir ki, bu da “siyasi qətl” mənasını verir. “Assasian” sözü isə bir çox müasir dillərdə “muzdlu qatil”, “killer” mənasını verir. Şərqdə “Həşişlər” adlanan bu sekta Avropada “Assasianlar” (Assasins) sektası adı altında tanınır.

Bundan sonra XV əsrdə Hindistanda thuggee kultu indus allahı Kaliyə qurban kəsmə mərasimi kimi öz qurbanlarını boğaraq öldürmə mərasimini həyata keçirirdilər (Thuggee və müasir thug. Sözləri indus sözü olan thagdan əmələ gəlmişdir və böyük yolun quldurları deməkdir).

Əslində isə terror praktikası bizim eranın birinci əsrinə gedib çıxır. Bu vaxt Roma əsarətinə qarşı duran bir qrup yəhudi əhalinin çox toplaşdığı yerlərdə Roma işğalçılarının və onların əlaltılarının boğazını xəncərlə (sıca) kəsirdilər. Özlərini Sicarri adlandıran bu qatillər eləcə də varlı yəhudilərə hücum edir, onların və onların nökərlərini girov götürür və sonradan girov pulu alaraq azad edirdilər.

N.Neymark isə müasir terrorçuluğun mənşəyini Napoleondan sonrakı bərpa dövrünə aid edir.

Terrorçuluq sözü öz kökünə görə Fransız inqilabı dövrünə gedib çıxır. 1793-1794-cü illərdə terror rejimi xainləri sistematik olaraq aşkara çıxarmağa və onların gilyotinin altına göndərməyə çalışırdılar (gilyotin – Fransa burjua inqilabı zamanı doktor Gilyotin tərəfindən ixtira edilmiş başkəsən maşındır). İlk vaxtlar zor tətbiq etmək, başqa sözlə desək terror müsbət məna kəsb edirdi, çünki o özünün düşmənləri hesab etdiyi pozucu elementlərə və onlarla fikir ayrılığı olan şəxslərə qarşı yönəlmiş olurdu. Zor tətbiq etmək getdikcə artırdı və nəhayət inqilabın lideri Robesper və onunla birlikdə 40000 nəfər gilyotinin altına göndərilir. Tezliklə inqilabı çox kəskin şəkildə tənqid edən Edmund Berke fransız inqilabının tərəfdarlarını terrorçu kimi xarakterizə etmişdir.

Rusiyada terror haqqında ilk məqalə “Rusiyada terror” adı altında 1907-ci ildə nəşr olunmuşdur. Həmin məqalədə “terror hökumətə qarşı mübarizə sistemi, ayrı-ayrı yüksək çinli şəxslərin, eləcə də casusların öldürülməsinin təşkili, axtarışlara və həbslərə qarşı silahlı müdafiə” kimi mənalandırılır.

XIX əsrin 90-cı illərinin ortalarında Rusiyada il ərzində çoxlu kriminal xarakterli olan 500 partlayış qeydə alınır. Belə ki, Rusiya çox zəngin terror ənənəsinə malik bir dövlətdir. Onların qurbanları içərisində imperator II Aleksandr (1881-ci il), böyük knyaz Sergey Aleksandroviç (1905-ci il), nazir və siyasi rəhbərlər də var idi. Dinc əhalinin qorxu altında saxlanılması isə adi bir hala çevrilmişdir. 14 may 1906-cı ildə Sevastopol şəhərində həyata keçirilmiş terror aktı nəticəsində 8 nəfər həlak olmuş, 40 nəfər isə yaralanmışdı. Rusiyanın o vaxtki baş naziri Stolıpinin Sank-Peterburqun Aptekar adasında yerləşən bağ evindəki partlayış zamanı 32 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdı. Stolıpin özü isə sonradan Kiyevin opera teatrında terrorun qurbanına çevrilmişdi.

Terrorun əsas təhlükəsi onun qurbanları ilə yanaşı, həm də mövcud konstitusiya quruluşuna qarşı da yönəlməsidir. Terrorçuluğa qarşı lazımi tədbirlərin həyata keçirilməməsi vətəndaşların dövlət orqanlarına qarşı inamsızlığını artırmaqdadır.

Tam əminliklə demək olar ki, texniki şəraitlə əlaqədar olaraq terrorçuluğun meydana gəldiyi dövrdən XVIII – XIX əsrlərə qədər onun bir sistem halına çevrilməsi mümkün deyildi. Terrorçuluğun yeni, daha mütəşəkkil və amansız növünün meydana gəlməsinə texniki tərəqqi, ilk növbədə isə partlayıcı maddələrin (dinamitin kəşfi), kütləvi informasiya vasitələrinin, eləcə də, informasiyaların verilmə vasitələrinin (teleqraf) inkişafı səbəb olmuşdur. Bunlar terror aktlarının təbliğatının səmərəsini və yeni terror təşkilatları yaradılması təcrübəsini bir neçə dəfə artırdı.

Dünyanın müxtəlif regionlarında terror təşkilatları bir sıra səbəblərlə əlaqədar müxtəlif dövrlərdə təşəkkül tapmışdır.

Yaxın Şərqdə ilk terror təşkilatları Menahen Behin və Abram Stern tərəfindən Fələstində ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış yəhudi qrupları idi. Hazırda da Fələstində fəaliyyət göstərən yəhudi terror qrupları var.Onlardan biri – “Kah” və digər iyirmi adla məşhur olan (“Yəhudi dövləti”, “Davidov qılıncı”, “Yəhudi ideyalarının daşıyıcıları” və s.) bu təşkilat Amerika Birləşmiş Ştatlarının dövlət departamenti tərəfindən hazırlanmış beynəlxalq terror təşkilatlarının siyahısına daxil edilmişdir. İsraildə bu siyahıya daxil edilməyən nə qədər belə terror təşkilatlarının olması yalnız bir Allaha məlumdur. Görəsən İsrail özünün terror təşkilatlarına qarşı mübarizə aparırmı?

Ərəb terrorçuları ilə İsrailin apardığı mübarizə Qolda Meir, İshak Şamir və Yakov Eliavadan qalmış ənənələrə əsaslanmaqla heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadan insan və vətəndaş hüquq və azadlıqlarını kobud şəkildə pozmaqla həyata keçirilir. İsrail xüsusi xidmət orqanları çox hallarda terror təşkilatlarının liderlərinin, ideoloqlarının və ayrı-ayrı üzvlərinin bir başa məhv edilməsini həyata keçirir. Bu halda onlar beynəlxalq rezonansa, beynəlxalq ictimai rəyə məhəl qoymurlar. İsrailin özündə ictimai rəy belə təcrübəni müdafiə edir. Onlar ələ keçirdikləri terrorçulara olmazın işgəncələr verirlər. Mossadın ən məşhur və əfsanəvi direktoru İser Harel Misir üçün orta məsafəli raketlər yaradan keçmiş nasist alimlərin məhv edilməsi barədə planı uğursuzluğa düçar olduqdan sonra istefa verdi. Çünki Ben-İnqurionla Almaniya Federativ Respublikasının kansleri Konrad Adenayer arasında diplomatik münasibətlərin yaradılması və Xolokost faciəsinə görə çox böyük miqdarda pul əvəzləməsi verilməsi barədə olan razılaşmaya zidd idi.

İsrail dövləti yaradılarkən belə bir prinsipial və açıq seçim edilmişdir - terrorçuluq mühüm siyasi vasitə kimi seçilmişdir. İshak Şamir demişdir: “ Nə yəhudi mənəviyyatı, nə yəhudi ənənələri mübarizə vasitəsi kimi terrorçuluğu istisna etmir” .İsrailin birinci prezidenti Xain Veytsman və birinci baş naziri Ben- Qurionda terroru qınamaqdan imtina etmişdilər.

Amerika Birləşmiş Ştatlarının özündə terrorçu təşkilatlar varmı və onlar hansı yönümlüdürlər? Amerika Birləşmiş Ştatlarında çoxlu sayda terror təşkilatları mövcuddur, baxmayaraq ki, amerikalılar onları terrorçu deyil ekstemist təşkilatlar adlandırırlar.

Sağ ekstremistlər”- Bu qrup çox vaxt irqi üstünlük və hökumət əleyhinə mövqedə dururlar. Milli səviyyədə “Yaradanın dünya kilsəsi” və “Ari millət” kimi terrorçu qruplar, irqçiliyə əsaslanan nifrət onların proqramının və siyasi önəmliliyinin əsasında olur.

1999-cu ildə qarşı alınmış yeddi terror aktından ikisi çox böyük insan tələfatına səbəb olacaq geniş miqyaslı aksiya kimi düşünülmüşdü. Onları sağ ekstremistlər təşkil etmişdilər. 1999-cu ilin dekabrında hökumət əleyhinə olan qruplarla əlaqəli olan adamlar Kaliforniyada propan saxlanılan böyük obyektə hücum planlaşdırmışdılar. Saxlanılarkən onlardan bikford qaytanı, silah, ammonal və fitil aşkar edilmişdir.

FKB döyüşçülərin Florida, Corciya, Alabama və bir sıra digər ştatlarda fəaliyyət göstərən çətirlənmiş təşkilatı olan “Cənubi-Şərqi Ştatların İttifaqı” təşkilatı üzvlərinin planını pozdu. Onların planına hərbi arsenallardan silah oğurlamaq, polis sahələrinə hücumlar etmək və hakimiyyət nümayəndələrini girov götürmək daxil idi. Bu qrupun məqsədi Amerika hökumətini hərbi vəziyyət elan etməyə məcbur etmək üçün hərc-mərclik yaratmaq idi ki, bununla da onlar Amerika xalqını öz hökumətini devirməyə qəsdən təhrik etmək idi.

“Dünya fəhlə partiyası”, “Hökuməti küçələrdə ələ keçirmək”, “Kapitalizm əleyhinə karnaval” kimi anarxist və sosialist yönümlü ekstremist qruplar beynəlxalq terror qrupları ilə əlaqələrə malikdirlər və mütəmadi olaraq terror təhlükəsi yaradırlar.

1999-cu ildə FTB-nun ədliyyə departamentində məqsədi ölkədə hansı qorxulu kultların və ağ irqçi təşkilatların fəaliyyət göstərməsi və onların haradan əmələ gəlməsini aydınlaşdırmaq olan “Meqiddo layihəsi” adlı xüsusi məruzə hazırlanmışdı.

Aydın olmuşdur ki, bu ordunu hələ 1950-ci illərdə Amerika hökumətinin, şəxsən prezident Eyzenhauerin özü tərəfindən sadə amerikalıları mülki müdafiəyə hazırlamaq məqsədilə yaradılmışdı. Əyalətdəki əhalini silahlandırmaq və öyrətmək üçün büdcədən pul və silah ayırmışdı. Yeni hərəkat Milis adlandırılmışdı. Belə muxtar milis qrupları Havaydan başqa bütün ştatlarda yaradılmışdı.

Bu gün Amerikaya milislərin özü deyil, onların uşaqları təhlükə yaradır. Onlar əmindirlər ki, onların hökuməti onları satdı və özü də sionistlərə və kommunistlərə satıldılar.

Heç bir şübhə olmadan demək olar ki, “Milli Alyans” terror təşkilatlarına aiddir. Bu təşkilatın əsasını qoyan Uilyam Pirsin “Ternerin gündəliyi” Oklaxoma-Sitini partladan Timota Makveydən tapılmışdır. Makley öz ştatında Milisin fəallarından birinin oğludur. “Milli Alyans” 1974-cü ildə yaradılmışdır və “Ternerin gündəliyi” onların Bibliyası hesab olunur [145].

1996-cı ildə “Gestaponun oğulları” qrupunun döyüşçülərinin Arizonada iki qatarı yoldan çıxarmaları nəticəsində 1 nəfər öldü, 78 nəfər əlil oldu və onlar bunu FTB-nin agentləri tərəfindən “Davidovun budaqları” sektasının məhv edilməsi ilə əlaqədar qisas aktı kimi elan etdilər. Ueykdə FTB-nun xüsusi təyinatlıları sektantların fermasını yandırması nəticəsində 87 nəfər, o cümlədən 17 uşaq həlak olmuşdu. Bu o deməkdir ki, totalitar sektalar və nasist-xristianlar faktiki olaraq birləşmişlər. Məhz Timati Makvey Oklahoma - sitini Davidov budaqlarının məhvinə görə qisas almaq məqsədilə partlatmışdı [146].

Hazırda Amerika xüsusi xidmət orqanlarının əsas diqqəti beynəlxalq terrorçuluğa qarşı mübarizəyə yönəldiyindən, daxildə nəzarətsiz qalmış terror təşkilatlarının öz fəaliyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdır. O ki, qaldı onların sponsorlarına, Amerika Birləşmiş Ştatlarında onlar kifayət qədərdir; Hollivud Multimilionerləri(məsələn, sayenotloqü kilsəsinin fəalları Tom Kruz və Con Travolta və yaxud antiqlobalistlər Tim Robbins və Süzen Sarandon), biznesmenləri, eləcədə həm istefada olan (məsələn, Arizonanın keçmiş qubernatoru, hazırda Kanzas ştatında “Konstitusiya” ekstremist qruplaşmasının başçısı Evan Meçam), həmdə fəaliyyətdə olan dövlət məmurları arasında kifayət qədərdir.

Kim deyə bilər ki, bu terrorçu qruplaşmaların beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi yoxdur. Bir çox beynəlxalq terrorçu təşkilatların Amerika Birləşmiş Ştatlarında agentlər şəbəkəsi var və onlar orada əməliyyatlar aparırlar. Məsələn, Fələstin “Həmas”, “İrlandiya Respublika ordusu “, Misirin “Əl-Camaa Əl-İslami” və Livanın “Hezbolla” beynəlxalq terror təşkilatlarının Amerika Birləşmiş Ştatlarında üzvləri var və onlar pul toplamaq, öz tərəfdarlarını və agentləri öz təşkilatlarına cəlb etməklə məşğuldurlar. 2000-ci ilin iyul ayında FTB-nin apardığı təhqiqatlar “Hezbollanın” 23 üzvünün həbs olunması ilə nəticələndi. Qeyd etmək lazımdır ki, “Hezbolla” bütün digər beynəlxalq terror təşkilatlarının, o cümlədən Usama Ben Ladenin “əl-Qaida” təşkilatı da daxil olmaqla qətlə yetirdiklərindən çox Amerika vətəndaşının qətlinə görə məsuliyyət daşıyır.

İsrail tarixçisi Z.İvianski çox haqlı olaraq yazır ki, “müasir dünyada tətbiq olunan siyasi terror, qədimlərdə tətbiq olunan siyasi qətllərdən əsaslı şəkildə fərqlənir. Müasir terrorçu nəinki yalnız siyasi qatillərin istifadə etdikləri üsullardan istifadə edir, həm də o öz roluna, cəmiyyətə və özünün törətdiyi aktların mənasına tam başqa formada baxır.

İvianski hesab edir ki, müasir terror 1876-cı ilin dekabrında İtaliyanın anarxistlər federasiyasının elan etdiyi “hərəkət təbliğatı” şüarı ilə başlamış, sonradan isə fransız anarxisti Pol Bruss tərəfindən əsaslandırılaraq inkişaf etdirilmişdir.

Bir sıra mütəxəssislərin fikrincə terrorun tarixi iki yüz ildən az bir müddəti əhatə edir, digərləri isə hesab edirlər ki, terrorçuluq bir təzahür kimi çox qədim dövrlərə gedib çıxır. Bu görüşləri əks etdirmək üçün iki müxtəlif mənbəyə istinad edək. “Terrorçuluq sosial-siyasi təzahür kimi heç də cavan deyil. Onun tarixi ən azı bir əsr yarım təşkil edir” [55, 3].

“Müasir terrorun inqilabi mənşəyi XVIII əsr fransız inqilabından və Rusiyadakı 1917-ci il Böyük Oktyabr inqilabından başlayır. Əslində isə terrorçuluğun kökü çox qədim dövrlərə gedib çıxır, onun praktikası isə müxtəlif tarixi dövrlərlə və çox saylı cərəyanlarla bağlıdır” [55].

Terrorçuluq XIX əsrin ikinci yarısından ictimai həyatın daimi amilinə çevrilir.

XX əsrin 80-90-cı illərindən terrorçuluq artıq dünya miqyaslı beynəlxalq, qlobal xarakter almışdır. Bu da beynəlxalq münasibətlərin və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin qloballaşması və inkişafı ilə izah olunur.

Beynəlxalq terrorçuluq qloballaşma prosesi ilə də əlaqədardır. O, ona görə həqiqətən də beynəlxalqdır ki, beynəlxalq münasibətlərin çox güclü yenidən qurulması prosesinə uyğun gəlir. Siyasət, iqtisadiyyat, maliyyə, məlumat axını ilə yanaşı terrorçuluqda transmilli səviyyəyə qalxmışdır.

Son dövrlərdə çoxlu insan və material itkiləri ilə müşayiət olunan terror aktları Şimali İrlandiya, Amerika Birləşmiş Ştatları, Rusiya, Keniya, Tanzaniya, Yaponiya, Azərbaycan, Argentina, Hindistan, Pakistan, Əlcəzair, İsrail, Misir, Türkiyə, Albaniya, Kolumbiya, İraq və s. bir sıra ölkələrdə törədilmişdir.

Müasir şəraitdə terror fəaliyyəti özünün geniş dairəsi, dəqiq dövlət sərhədlərinin olmaması, beynəlxalq terrorçuların terror mərkəzləri və təşkilatları ilə əlaqələri, eləcə də razılaşdırılmış qarşılıqlı hərəkətlərinin mövcudluğu ilə xarakterizə olunur.

Beynəlxalq terrorçuluq dərin sosial köklərə malikdir. Onun mənbəyi ictimai həyatın qlobal, regional və lokal səviyyədə iqtisadi, siyasi, dini və digər dərin ziddiyyətlərlə bağlıdır.

Beynəlxalq terrorçuluğun əsas əlamətləri aşağıdakılardır:

a) mübarizənin xüsusilə son dərəcə kəskin formalarından istifadə etməklə güc və hədə tətbiq etmək;

b) siyasi rəqiblərinin zəiflədilməsi, siyasi məqsədlərə nail olunmasına yönəldilməsi;

c) bilavasitə insanların həyatına təhlükə, idarə və təşkilatların fəaliyyəti, qeyri-legitimliklə əlaqədar ictimai təhlükənin yüksəldilməsi;

d) terrorçu strukturların və onların fəaliyyətinin son nəticə etibarilə səmərəliliyinin təmin edilməsi məqsədi ilə onun konspirasiya (gizlilik) üsullarından istifadə edilməsi;

e) insanların həyat və sağlamlığına qəsd etmək vasitəsilə dolayısı yolla siyasi nəticələrə nail olmaq üsulu.

Beynəlxalq terrorçuluğun subyektləri – leqal siyasi mübarizəni kifayət hesab etməyən, yaxud, tamamilə inkar edən radikal yönümlü siyasi partiyalar, ekstremist istiqamətli siyasi qruplar və ya təşkilatlardır. Bu partiya və təşkilatlar öz fəaliyyətlərini müxtəlif formalarda həyata keçirməklə əsasən silahlı güc tətbiq etməyə üstünlük verirlər.

Beynəlxalq terrorçuluğun mühüm qollarından biri və ondan heç də az təhlükəli olmayanı dini ekstremizmdir. Dini ekstremizmin ən qorxulu cəhətlərindən biri ondan ibarətdir ki, o dinlərarası anlaşılmazlıqları özünə məxsus, təhrif olunmuş formada təqdim edir və qızışdırır, din zəminində müxtəlif millətlər və xalqlar (eyni millətin müxtəlif təşəkkürlü qrupları) arasında nifaq salır, dinlərarası dözümsüzlük yaradır ki, bu da nəinki ayrı-ayrı ölkələr, hətta bəşər sivilizasiyasına təhlükə yaradır.

Bu təhlükə bu gün Azərbaycanda real şəkildə mövcuddur.

Fikrimizcə, respublikamızda dini ekstremizmə qarşı mübarizənin səmərəliliyini aşağı salan amillərdən biri mövcud qanunvericilik bazasının dövrün tələblərinə cavab verməməsidir. Belə ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan cinayət qanunvericiliyində qadağan olunmuş təşkilatlarda üzvlüyə və digərlərində bu fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Cinayət məcəlləsində milli, irqi və dini ayrıseçkilik, ekstremist xarakterli materiallar yaymaq üstündə nəzərdə tutulan cəza tədbirləri isə, fikrimizcə, belə hərəkətlərin dövlətçiliyə vurduğu zərbəyə adekvat deyil.

Beynəlxalq terrorçuluğun müxtəlif növlərindən transmilli və beynəlxalq kriminal terrorçuluğu ayırmaq olar. Transmilli beynəlxalq terrorçuluq özünü qeyri-dövlət terror təşkilatlarının digər dövlətlərdə törətdikləri müxtəlif aksiyalar şəklində göstərir. Lakin beynəlxalq terrorçuluğun bu növü müstəqil şəkildə həyata keçirilir və beynəlxalq münasibətlərin dəyişdirilməsinə istiqamətlənmir. Kriminal xarakterli beynəlxalq terrorçuluq özünü mütəşəkkil beynəlxalq cinayətkar qruplaşmaların hərəkətlərində göstərir. Onların hərəkətləri hər hansı bir siyasi məqsəddən uzaqdır və digər ölkələrdə onlara rəqib olan cinayətkar təşkilatlara yönəlmiş olur.

Terrorçuluğun mühüm qollarından biri də dövlət terrorçuluğudur. Dövlət terrorçuluğu bir ölkənin sərhədlərindən kənara çıxdıqda o, beynəlxalq xarakter alır. Beynəlxalq terrorçuluq dövlət və siyasi dayanıqlığı laxladır, çox böyük miqdarda maddi zərər vurur, mədəniyyət abidələrini dağıdır, beynəlxalq münasibətləri sarsıdır. Terrorun istənilən növü kimi, beynəlxalq terrorçuluqda öz ideyalarını həyata keçirmək üçün heç bir fərq qoymadan insanlara qarşı yönəlir.

Beynəlxalq terrorçuluqla mübarizədə dövlətlərin əməkdaşlığının mühüm istiqamətləri aşağıdakılardır:

- bu təzahürün əsasını təşkil edən səbəblərin aradan qaldırılmasına yardım etmək;

- terror qəsdlərinin qarşısını almaq üçün əməli tədbirlərin görülməsi;

- dövlətlərin biri-birinə cinayət-prosessual kömək göstərməsi;

- mübahisələrin sülh yolu ilə tənzimlənməsi üçün əməkdaşlıq etmək və s. (Журнал «Закон и право», М. 1999, № 2, стр.6-8) Qədim sivilizasiyada hökumətin xalqa qarşı terrorçuluqi, hakimiyyət, var-dövlət uğrunda mübarizədə iqtidar nümayəndələrinə qarşı isə terror həyat keçirilirdi.

Belə bir fikir mövcuddur ki, hökumət özünə əlverişli siyasi şəraiti saxlamaq üçün ölkədə gizlicə olaraq terrorçuluğu himayə edə bilər. Çox hallarda əhali arasında çox geniş səs-küy yaratmış terror aktlarından sonra hökumət əhali üzərində nəzarəti həyata keçirmək üçün qanunlar qəbul edir və kütləvi cəza tədbirləri həyata keçirir və müharibə başlayır. Məhz Amerika Birləşmiş Ştatlarında 11 sentyabr 2001-ci il terror aktından sonra İranda və Əfqanıstanda müharibə başlandı.

Terrorçuluq bəşəriyyətin daimi peyki kimi onun ətrafında fırlanır. Hələ bizim eranın I əsrində iudizmdə sikariev sektası fəaliyyət göstərirdi (sika – xəncər yaxud qısa qılınc deməkdir). Belə sektanın məqsədi romalılarla əməkdaşlıq edən tanınmış yəhudi nümayəndələrini məhv etmək idi. Hələ Foma Akvinski və xristian kilsəsinin ataları onların fikrincə xalqa düşmən olan hökmdarların öldürülməsi ideyasını mümkün hesab edirdilər.

Almaniyada XIX əsrdə kökləri yunan tarixində hökmdarların öldürülməsinə bəraət qazandıran “bomba fəlsəfəsi” meydana gəlir. “Bomba fəlsəfəsi”nin konsepsiyası özünün sonrakı inkişafı və dərinləşməsini Bakuninin “dağılma nəzəriyyəsində “ almışdır. O, öz elmi işlərində yalnız bir hərəkəti – dağılma fikrini müdafiə edirdi. Müdafiə vasitəsi qismində o zəhər, bıçaq və kəndiri təklif edirdi.

XIX əsrin axırlarında Avropa və Amerika Birləşmiş Ştatlarında terrorçuluğun təbliğində xüsusi rol Yohan Mosta məxsusdur. O, vəhşi sistemlə mübarizədə vasitələrdən istifadə kəlamını irəli sürmüşdür.

Müasir dövrdə dünya ictimaiyyətinə əsas təhlükə mənbəyi mürəkkəb sosial-siyasi təzahürə çevrilmiş beynəlxalq terrorçuluq və dini ekstremizmdir.

Beynəlxalq terrorçuluq yalnız milli maraqlara zərər vurmaqla kifayətlənmir, eyni zamanda onlar arasında beynəlxalq münasibətlərin bütün istiqamətlərinə toxunur, ölkələr arasında inamsızlıq toxumu səpir. O siyasi, iqtisadi münaqişələrinə əsaslanır, dövlətlərin, xalqların, millətlərin və sosial qrupların dini maraqlarına toxunur.

Bütün bu deyilənlərlə əlaqədar olaraq son dövrlərdə dünya ictimaiyyəti tərəfindən beynəlxalq terrorçuluğun qarşısının alınması istiqamətində əsaslı tədbirlər həyata keçirilir, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları bu istiqamətdə öz fəaliyyətlərini əlaqələndirir və çiyin-çiyinə bu bəlanın qarşısını almağa çalışırlar. Bütün bunlara baxmayaraq çox çevik və mobil fəaliyyət göstərən və biri-biri ilə həm maliyyə, həm də ideoloji cəhətdən eyni köklərə bağlı olan beynəlxalq terrorçu təşkilat və qruplar yeni şəraitə tez uyğunlaşır, özlərinin fəaliyyət taktika və üsullarını dəyişirlər. Onlar özlərinin konspirativik səviyyəsini yüksəldir, özlərinin ideoloji fəaliyyəti və onun təbliğinə diqqəti artırır və bir-biri ilə daha sıx birləşdirirlər ki, bu da onlara qarşı mübarizəni çətinləşdirir.

Son dövrlərədək terrorçu təşkilatların əksər üzvləri və terror aktlarını icra edən insanlar haqqında belə bir fikir formalaşmışdı ki, onlar intellektual, sosial və mənəvi cəhətdən məhdud insanlardır. Lakin törədilən terror aktları, onların hazırlanması və həyata keçirilmə səviyyəsi, müasir ən yeni texnologiyalardan istifadə qaydalarını bilmələri və s. göstərir ki, bu tamamilə yanlış fikirdir. Buna sübut olaraq Pensilvaniya Universitetinin professoru, sosioloq, terrorçuluğa qarşı mübarizə üzrə Amerika Birləşmiş Ştatları hökumətinin müşaviri “Understanding Terror Network” (“Nəzəri əlaqə və şəbəkələrin təhlili”) kitabının müəllifi Mark Seycmenin tədqiqatları maraq doğurur. O, “əl-Qaidə” şəbəkəsinə aid olub Usama Ben Ladenlə, əl-Zavahiri, əl-Rəşidi, “İslam cihadı”, “Cemayi İslamiyyə” və Filippinin “Abu Sayaf” terror təşkilatlarının üzvlərindən olan 382 terrorçuya aid olan bütün sənəd və materialları sosioloji cəhətdən ətraflı şəkildə öyrənmişdir.

Onun fikrincə Ben Ladenin ardıclılarına dini fanatiklər damğası yapışdırmaq heç də düzgün deyil. Belə ki, aydın olmuşdur ki, bütövlükdə onlar yaxşı təhsil almış, varlı, ailəli, daimi işi olan yüksək ixtisaslı mütəxəssislərdir və onlardan heç biri psixi xəstəliklərdən əziyyət çəkmirlər. Bundan əlavə M.Seycmen kütləvi informasiya vasitələrində Usama Ben Ladenin tərəfdarlarını qərb mədəniyyətinə yad kimi qələmə verənlərə cavab olaraq çox maraqlı fikrə gələrək göstərir ki, əfsuslar olsun ki, onlar bizlərdən fərqlənmirlər.

Bundan əlavə belə bir stereotip mövcuddur ki, kasıbçılıq, işsizlik və digər neqativ sosial amillər terrorçu şəbəkələrə yeni üzvlər cəlb etmək üçün əsas stimullardır fikri, yumşaq desək həqiqətə uyğun deyil. Professor M.Seycmenin tədqiqatlarının nəticəsində məlum olmuşdur ki, “əl-Qaidə” üzvlərinin əksəriyyəti orta və ali sinfə daxildirlər. Onlardan 17.6%-i ali sinfə, 54%-i orta, 27.5%-i isə aşağı sinfə aiddir. Onlardan yalnız 16.7%-i natamam orta, 12.1%-i orta, 28.8%-i kolleclərdə oxuyub, 33%-i kollec bitirib, 9%-i isə elmi dərəcəlidir [142; 143].

Üçüncü səhv stereotip ondan ibarətdir ki, guya terror qruplarına yeni üzvlərin cəlb edilməsi əsasən fundamentalist islam mədrəsələrində həyata keçirilir. Lakin məlum olmuşdur ki, terrorçulərdən yalnız 9.4%-i dini təhsilə malikdir, qalanları isə müstəsna olaraq dünyəvi təhsilə malik kübar dairələrinə mənsub insanlardır.

Bu terror təşkilatında bir nəfər də olsun avara, işsiz, terrora pul qazanmaq və ya şöhrət üçün gələn, avantyurist yoxdur. Əksinə, onların yaxşı işi olan yüksək ixtisaslı peşəkarlar kimi qiymətləndirmək olar. Onlardan 42.5%-i həkim, hüquqşünas, müəllim və s., 32.8%-i orta ixtisaslı peşəkar mütəxəssislər, yalnız 32.8%-i xüsusi peşəyə sahib deyillər. Terror təşkilatlarında əsasən gənclər cəmləşmişlər. Onların orta yaş həddi 25.7 il, mərkəzi qərargahda isə 27.9-dur. Terror təşkilatlarının üzvlərindən 73%-i evlidir və uşaqları var. Müasir terrorçuların əksəriyyəti varlı adamlardır və onlar təhsillərini Amerikanın və Avropanın nüfuzlu universitetlərində başa vurmuşlar [142,143].

Bununla yanaşı “terrorçuluğun yeni surətinin” ağıllı, təhsilli və hətta “kübar” şəxslərdən ibarət olmasının üçüncü minilliyin əvvəllərində yalnız “əl-Qaidə” tərəfindən yaradıldığını fikirləşmək böyük səhv olardı. Terrorçuluqla əlaqədar tarixi təcrübəni unutmaq olmaz. Keçən əsrin 60-cı illərində Avropada terrorçuluğun artması sosila-siyasi problemlərlə yanaşı, ziyalıların radikallaşması fenomeni ilə də xarakterizə olunur. Bu dövrü məşhur qərbialman terrorçusu Ulrik Maynhoff fəaliyyəti parlaq surətdə əks etdirir. Istedadlı, liderlik və təşkilatçılıq qabiliyyətinə, geniş auditoriyanı ələ almağı bacaran Ulrik Maynhoff artıq 23 yaşında Myunster universitetinin doktoranturasına daxil olmuşdu. Əvvəllcə patsifist, Bertran Rassel və Vera Brittenin əsərləri ilə maraqlanan, Vyetnamda müharibənin və nüvə sınaqlarının əleyhinə olan Maynhoff sonradan şüurlu şəkildə terror fəaliyyətinə keçir və “Qırmızı Ordu” terror təşkilatının təşkilatçılarından və fəal döyüşçülərindən birinə çevrilir. Bu təşkilat sinfi mübarizənin kommunist mövqeyindən çıxış edərək, qərb kapitalizm cəmiyyətini tam inkar edir və ona qarşı silahlı mübarizə yolunu seçir.

Ulrik Maynhoff tərəfindən “Qırmızı Ordu”nun məşhur aksiyalarından biri Frankfurtda Amerika Birləşmiş Ştatları ordusunun 5-ci korpusunun mənzil qərargahının partladılması olmuşdur ki, bunun da nəticəsində Amerika Birləşmiş Ştatları ordusunun bir polkovniki ölmüş, 13 nəfər hərbi və mülki şəxs yaralanmışdı. Sonradan Heydelberqdə törədilmiş terror aktı nəticəsində Amerikanın hərbi kazarmalarında törədilmiş partlayışlar nəticəsində üç Amerika hərbi qulluqçusu həlak olmuşdu.

Qeyd etmək lazımdır ki, müasir dövrdə istər ölkədaxili, istərsə də beynəlxalq terrorçuluq yalnız ayrı-ayrı siyasi və ictimai xadimlərin həyatı, təşkilat və dövlət üçün təhlükə yaratmır. Terrorun qlobal miqyasını və geniş vüsət almasını nəzərə alsaq, tam əminliklə demək olar ki, o bütün bəşəriyyət üçün ölümcül təhlükədir. Məlum faktlar ondan ibarətdir ki, beynəlxalq terrorçular dəfələrlə su hövzələrini zəhərləməyə, radioaktiv maddələrin yayılmasına, metroda kütləvi qırğın silahlarının tətbiqinə iprit qazının tətbiq olunmasına, sibir xorasının çöpşəkilli mikrobunun yayılmasına cəhd etmişlər ki, bu termonüvə silahının törədə biləcəyi qədər insan qırğınına səbəb ola bilər. Terrorçular tərəfindən həm də botulinus mikroblarının istehsalı üzrə gizli laboratoriya yaratmaları faktı da mövcuddur və həmin mikrobların 200 qramından istifadə olunması yer üzündə olan bütün canlıların məhv edilməsi üçün kifayətdir. Beynəlxalq terrorçular tərəfindən kimyəvi və bakteroloji silahlara çıxış əldə etmək üçün dəfələrlə cəhd göstərilmişdir.

Hələ XX əsrin birinci yarısında partlayış, kütləvi zəhərlənmə əməliyyatlarını həyata keçirmək üçün beynəlxalq terrorçuluq təcrübəsində “məktub-bomba”lardan istifadə olunmuşdur. “Məktub - bomba” kimi şeytan silahını ilk dəfə məhz İsrail terrorçuları hazırlamışlar. 1983-cü ildə terrorçular birliyinə daxil olan “Lexi” (“Zabitəli briqada”) xüsusi qrupunun komandiri Yakov Eliva yazmışdır ki, “məktub-bomba”ları ixtira etmişdir.

1946-cı ildə İsrail beynəlxalq terrorçu qrupları tərəfindən Böyük Britaniyanın nazirlər kabinetinin bütün üzvlərinə, müxalifət liderlərinə və bir sıra hərbi rəislərə göndərilməsi üçün Böyük Britaniyanın dövlət poçtu paketlərinə 70 belə bomba hazırlanmışdır. Paketlərin üzərində onu yalnız ünvan sahibinin açması üçün “Şəxsən özünə. “Məxfi” ştampı vurulmuşdu. 1947-ci ilin iyun ayında Belçika polisi tərəfindən həbs olundu və “məktub-bomba”lar ələ keçirildi. İsrail terrorçuların bu üsulundan bu gün müxtəlif beynəlxalq terrorçu təşkilatlar, o cümlədən, əl-Qaidə” tərəfindən istifadə olunur.

Bundan sonra terrorçular bir az uzağa gedərək özlərinin vəhşi əməllərini həyata keçirmək üçün daha da dəhşətli silahları ələ keçirmək və onlardan istifadə etməyi qarşılarına məqsəd qoydular.

Getdikcə terrorçular tərəfindən nüvə obyektlərinə təhlükələr artmaqda davam edir. 1994-cü ildə cinayətkar qrupların Litvada İqnalın Atom Elektrik Stansiyasına terrorçular çox kəskin təhlükə yaratmışdılar və bununla əlaqədar məhkəmə cinayət qrupun rəhbərlərindən birinə ölüm hökmü cəzası təyin etmişdir. Sualtı qayıqların təmiri zavodunda reaktorlar olan sexdə fəhlələrdən biri əmək haqqında gecikdirilməsinə etiraz əlaməti olaraq partlayış təhlükəsi yaratmışdır. Çeçen ekstremistləri Moskvada İzmaylov parkında radioaktiv izotop seziy-137 olan konteyner yerləşdirmişdilər və bu fakt Amerika Birləşmiş Ştatları Energetika Nazirliyinin ekspertləri tərəfindən də təsdiq olunmuşdu.

Nüvə energetikasının inkişafı ilə əlaqədar olaraq daxili və beynəlxalq terrorçuluq çox aktual məsələyə çevrilir. Nüvə terrorçuluğun inkişafında 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının Oklahana – Sitidə hökumət evində və 1994-cü ildə Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzində törədilən partlayışlar güclü indikator rolunu oynamışdır.

Qeyd etmək lazımdır ki, bu partlayışları qıraqdan gəlmə terrorçular deyil, Amerika Birləşmiş Ştatlarında yaşayan fundamentalistlər törətmişlər. Bu da onu göstərir ki, Amerika Birləşmiş Ştatlarında elə bir mühit yetişmişdir ki, ölkə daxilində xaricdən verilən əmrləri yerinə yetirən terrorçular meydana gəlmişdir.

Oklahoma-Sitidə törədilmiş partlayış islam terrorçuları tərəfindən deyil, məhz Amerika Birləşmiş Ştatları vətəndaşları olan xristian terrorçusu Timoti Makvey tərəfindən törədilmişdi. Bu hadisə göstərir ki, Amerika Birləşmiş Ştatlarına qarşı terror təhlükəsi yalnız xaricdən deyil, həm də islam fundamentalizmi ilə heç bir əlaqəsi olmayan və bu və ya digər səbəbdən federal hökumətə qarşı qarşısı alına bilməyən nifrət edən daxili ekstremist qüvvələr tərəfindən də mövcuddur.

Burada qeyd etmək yerinə düşərdi ki, “beynəlmiləl terrorçular” tərəfindən Amerika Birləşmiş Ştatlarına qarşı olan terror təhlükələri bütün dünya birliyinə də aiddir.

Fransada 1995-ci ilin dekabrında sənaye etirazlarının həyata keçirildiyi vaxt Bleys Atom Elektrik Stansiyası-nin üçüncü enerji blokunun ikinci soyuducu konturuna sabotajçılar tərəfindən duz səpələnmişdi. 1995-ci ildə Yaponiyada dini sekta olan “Aum Sinrike”nin Tokio metrosunda zəhərləyici maddənin tətbiq olunması terrorçular tərəfindən kütləvi qırğın silahının istifadə oluna biləcəyinin reallığa çevrilə biləcəyini aşkar şəkildə göstərir.

Usama ben Laden bəyan etmişdir ki, onda nüvə silahı var və əgər amerikalılar Əfqanıstanda taktiki nüvə sursatlarını tətbiq etmək fikrinə düşsələr də o, mütləq əlində olan nüvə silahından istifadə edəcəkdir. Bir sıra analitiklər belə hesab edirlər ki, ben Laden yalandan hədə-qorxu gəlmir.

Tutaq ki, ben Laden yalan danışır, analitiklər isə səhvə yol verirlər. Bununla yanaşı belə bir imkanı da nəzərdən qaçırmaq olmaz ki, özlərində zavod şəraitində hazırlanmış nüvə partlayıcıları olsa da, onun tərəfdarları nüvə texnologiyasının nailiyyətlərindən istifadə etmək qabiliyyətinə malikdirlər. Bunun üçün onlara “tam təmiz olmayan bomba”, yəni onun partladılması nəticəsində radioaktiv çöküntülər yarada bilən radioaktiv materiallardan olan örtük içərisində yerləşdirilmiş radioaktivliyi yaya bilən qurğunun düzəldilməsi kifayətdir. Məlumdur ki, müasir dövrdə istək və pul olduğu şəraitdə radioaktiv materialların əldə edilməsi elə də çətin məsələ deyil.

Hələlik öz təsdiqini tapmamış olsa da Amerika Birləşmiş Ştatları kəşfiyyatının nümayəndələri belə bir məlumata malikdirlər ki, Usama ben Ladenin beynəlxalq terrorçu təşkilatı “əl-Qaidə” “qara bazar”dan seziy-137 və kobalt-60 materiallarını artıq almışlar və Əfqanıstanda radioaktivliyi yaya bilən qurğu ilə eksperiment keçirirlər [147].

Ben Ladenin terror təşkilatlarının üzvlərinin radioaktivliyi yaya bilən qurğu ilə əylənmələri, həqiqətən bu onda varsa, onda bu vəziyyət bütün dünya, xüsusilə də Amerika Birləşmiş Ştatları üçün heç də xoşa gələn perspektiv vəd etmir.

Nüvə terrorçuluğu problemi nüvə silahına malik olan Rusiyada fərqli olaraq, Qərbin analoji ölkələrində hələ XX əsrin 70-ci illərindən dərk edilməyə başlamışdır. Hazırda Qərb ölkələri və Amerika Birləşmiş Ştatlarında nüvə obyektləri və materiallarının qorunması üzrə səmərəli, eşalon-eşalon yerləşdirilməklə müdafiə sistemi yaradılmış, terrorçuluğa qarşı kifayət qədər təcrübə toplanmışdır.

Nüvə komplekslərinin səmərəli təhlükəsizlik sisteminin yaradılması terror aktlarının potensial nəticələrinin təhlilinə əsaslanmalıdır. Nüvə obyektlərinin zəif yer olmasına sənayenin digər mühüm sahələrinin müdafiəsi kontekstində baxmaq lazımdır. Nüvə obyektləri və materiallarına münasibətdə terror aktlarının aşağıdakı qaydada təsnifləşdirmək olar.

Partlayıcı nüvə qurğusunun dağıdılması (yaxud dağıdılması təhlükəsi). Nüvə partlayışı terrorçuluğun təzahürünün ən dəhşətli növüdür. Bununla əlaqədar olaraq strateji nüvə materiallarının (yüksək sənayeləşdirilmiş uran və plutoniy) və silahların lazımı səviyyədə qorunması hər bir dövlətin milli təhlükəsizliyinin həyat əhəmiyyətli məsələlərindən olmaqla, nüvə kompleksinin qorunmasının başlıca məsələlərdəndir. Nüvə materiallarının qorunması və onlar üzərində nəzarətin qabaqlayıcı tədbirlərinə, partladıcı nüvə qurğularının axtarılması və neytrallaşdırılması, böhran situasiyaları üzərində nəzarət üzrə prosedurlar hazırlanmalı və zəruri texniki vasitələr yaradılmalıdır.

Radioaktiv materiallarla zəhərlənmə. Radioaktiv maddələrin (seziy-137, pluton, kobalt-60 və s.) geniş miqyaslı terror aktlarında istifadə olunması aerozol şəklində tozlandırılması və ya su mənbələrində həll edilməsi formasında həyata keçirilir. Belə hərəkətlərin nəticələrinin ləğv olunması çox çətin başa gəlir. Lakin terror aktlarının əksər ssenarilərində radioaktiv zəhərlənmə lokal xarakter daşıyır və daha böyük faciəli zərərlərə səbəb olmur.

Nüvə obyektlərində təxribatlar. Əksər hallarda tədqiqat mərkəzlərində və ya müəssisələrində istilik dövrəsində qurğuların zədələnməsi lokal xarakter daşıyır. Qlobal fəlakətlər digər nüvə qurğularından böyük miqdarda radioaktiv materiallar və yüksək daxili enerji yanma temperaturu olan Atom Elektrik Stansiyasının reaktorlarında təxribatlar olduqda mümkündür.

Texniki cəhətdə savadlı olan terrorçu reaktora basqın zamanı hər şeydən əvvəl reaktor ərazisinin əridilməsi üçün onun fəaliyyətini təmin edən sistemi sıradan çıxarmağa çalışacaqdır.

Əksər əhali üçün təhlükəli bəla bəşəriyyətin onilliklərlə üzərində işləyərək yaratdığı nüvə, kimyəvi və bakteroloji silahlardır. Aparıcı dövlətlərin silah cəbhəxanaların da bu silah növlərindən o qədər toplanmışdır ki, onlar yer üzərində olan bütün canlıları və yer kürəsinin özünü bir neçə dəfə məhv etmək üçün kifayətdir. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülsə də, onlar tədricən yer kürəsinə səpələnir. Deyildiyi kimi kimyəvi silahlar artıq xeyli vaxtdır ki, terrorçuların əlinə keçmişdir. Bioloji silah növlərindən olan sibir xarası vaksini yəqin ki, ben Ladenin dəstəsində vardır. Lakin onlar bundan hələlik kütləvi vahimə silahı kimi istifadə edirlər. Lakin Kütləvi İnformasiya Vasitələrində belə bir məlumat yayılmışdır ki, sibir xorası vaksini ilə məktub göndərilməsi ben Ladenin özünün və onun adamlarının heç bir əlaqəsi yoxdur və onu ya Amerika Birləşmiş Ştatlarının hər hansı bir ekstremist qrupu və yaxud da tək terrorçu tərəfindən yayılır.

Deməli bu silahlar terrorçular tərəfindən nə vaxtsa kütləvi qırğın silahı kimi istifadə oluna bilər.

Ona görə də beynəlxalq birlik, əsasən də nüvə silahına malik olan dövlətlər onun yayılmasının və terrorçuların əlinə düşməsinin qarşısının alınması üçün bütün mümkün tədbirlər görməlidirlər.

Terrorçuluğun qorxulu təzahürlərindən biri də müasir informasiya-telekommunikasiya texnologiyalarından istifadə etməklə həyata keçirilən kiberterrorçuluqdur. Beynəlxalq birlik hazırda nəinki bu təhlükə ilə mübarizə yollarını axtarır, həm də bu məsələyə vahid yanaşma üsullarının işlənilməsi prosesi ilə məşğuldur. 2001-ci ilin noyabrında Avropa Şurası kibercinayətkarlıq haqqında Konvensiya qəbul etdi. Bu cinayət mümkün məkanda yeni təzahür olmaqla, yüksək texnologiyalar dairəsində həyata keçirilən cinayətlərin bir hissəsidir. Bu lap qədim zamanlardan mövcud olan oğurluq, dələduzluq, fırıldaqlıq cinayətlərinin yeni formada həyata keçirilməsidir.



Kibercinayətkarlıq - bu mümkün məkanda baş verən cinayətlərdir. Mümkün məkan deyəndə kompüterin köməkliyi ilə modelləşdirilən məlumat məkanı nəzərdə tutulur. Burada şəxslər, əşyalar, amillər, hadisələr, proses və təzahürlər barədə riyazi, simvollarla və ya istənilən digər formada verilən məlumatlar öz əksini tapır.

Bu müəyyənləşdirmə Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin tərifi ilə uyğun gəlir. Onların fikrincə “kibercinayətkarlıq” deyəndə kompüter sistemi və şəbəkəsi daxilində kompüter sistemi və şəbəkəsinin köməkliyi ilə həyata keçirilən cinayətlər və ya əksinə, kompüter sistemi və şəbəkəsinə qarşı olan istənilən cinayət nəzərdə tutulur. Deməli, kibercinayətkarlığa elektron mühitdə törədilən bütün cinayətləri aid etmək olar.

“Kibercinayətkarlıq” və “kompüter cinayətkarlığı” anlayışları hansı münasibətdədirlər? Avropa Şurasının adı çəkilən konvensiyası “təmiz formada” kompüter cinayətkarlığının dörd növünü ayıraraq, onu məxfiliyə, bütövlüyə, kompüterdəki rəqəmlərə və sistemlərə qarşı cinayətkarlıq kimi müəyyənləşdirir:

- qeyri-qanuni daxil olma - maddə 2 - kompüter sisteminə və ya onun bir hissəsinə qeyri-qanuni, qəsdən daxil olma;

- qeyri-qanuni ələ keçirmə -maddə 3- cəmiyyət üçün nəzərdə tutulmayan kompüter məlumatlarının qeyri-qanuni və qəsdən ələ keçirərək kompüter sisteminə verilməsi;

- məlumatlara müdaxilə etmə - maddə 4- kompüter məlumatlarının qeyri-qanuni korlanması, qabağının alınması, pozulması və şəbəkədən kənar edilməsi;

- sistemə müdaxilə edilməsi - maddə 5 - kompüter məlumatlarının korlanması, qabağının alınması, pozulması, kənar edilməsi, verilməsi, yeni məlumatların daxil edilməsi yolu ilə kompüter sisteminin fəaliyyət göstərməsinin qeyri-qanuni qarşısının alınması.

Hazırda internet şəbəkəsi 160-dan çox ölkədə 45 min kompüter abonentini, 1 milyard nəfərdən çox istifadəçini özündə birləşdirir.

Belə olan təqdirdə kibercinayətkarlığın qaşısının alınması çox ciddi və hətta qarşısı alınmaz problemə çevrilir. Kompüter cinayətkarlığı və kiberterrorçuluq hüquq-mühafizə orqanlarının nəzarətindən çıxmaqla, artıq çox ciddi dövlət və beynəlxalq problemə çevrilmişdir.

Kibercinayətkarlığın ən qorxulu növü kiberterrorçuluqdur. Bu cinayətkarlıq informasiya proseslərinin qloballaşması nəticəsində meydana gəlmişdir. Kiberterrorçuluğu terrorçuluğun texnoloji növünə aid etmək olar. Bu termin təqribən 1997-ci ildə meydana gəlmişdir. Məhz həmin vaxt FTB-nin xüsusi agenti M.Politt terrorçuluğun bu növünü “informasiya , kompüter sisteminə, kompüter proqramları və məlumatlarına submilli qruplar və ya gizli agentlər tərəfindən zor tətbiq etmək şəklində əvvəlcədən müəyyən edilmiş siyasi cəhətdən motivləşdirilmiş hücum” kimi müəyyənləşdirmişdir [123].

Məşhur ekspert D.Denninq kiberterrorçuluq haqqında belə fikir irəli sürür: “hökumət orqanlarını özlərinin siyasi və ya sosial məqsədlərini həyata keçirməyə məcbur etmək məqsədilə kompüterlərə, şəbəkələrə qeyri-qanuni həmlə edilməsi və həmlə edilməsinə cəhddir [100].

Fikrimizcə kiberterrorçuluğa belə bir tərif verilməsi daha məqsədəuyğun olardı: “Kiberterrorçuluq-kibernetik məkandan və ümumdünya kompüter şəbəkəsindən istifadə etməklə cəmiyyət üçün nəzərdə tutulmayan məlumatların korlanması, pozulması, kənar edilməsi, təhrif olunması, terror qruplarının bir anda maliyyələşdirilməsinin həyata keçirilməsi və bu əsasda cəmiyyəti qorxutmaq və ya ruhi əzab vermək yolu ilə dövləti, beynəlxalq təşkilatları və yaxud fiziki şəxsləri istənilən qərarı qəbul etmələri və ya etməmələrinə təsir göstərilməsidir”.

Kiberterrorçular interneti bir çox məqsədlər, o cümlədən terrorçu hərəkatlar üçün vəsait toplamaq, terror hərəkatları, onların məqsəd və qarşılarına qoyduqları məsələlər barədə saytlar yaratmaq, partlayıcı maddələr, qurğular, zəhərlər, zəhərləyici qazlar, eləcə də onların hazırlanması üçün təlimatların internet saytlarında yerləşdirilməsi və s. üçün istifadə edirlər.

FTB-nun məlumatlarına görə, Amerika Birləşmiş Ştatlarında 11 sentyabr terror aktı həyata keçirilməmişdən təqribən iki ay əvvəl internetin dünya şəbəkəsində Fələstin terror təşkilatları ilə İsrail arasında tez ötən, lakin fövqəladə ciddi “internet-müharibə” qeydə alınmışdı. Belə bir sual meydana çıxa bilər ki, bunun Amerika Birləşmiş Ştatlarına nə aiddiyyatı var? Deməli var imiş. İş orasındadır ki, əksər ərəb veb-saytları meydanaçanı Texasda olan İnfoCom xostinq konpaniyası verir. Nəticə etibarı ilə demək olar ki, ərəb və israilin xakerləri kodların sındırılması və virus mübadiləsini həyata keçirmək məsələləri üzrə məhz internetin Amerika bölməsində ixtisaslaşmışlar.

Kimsə Amerika Birləşmiş Ştatlarının iştirakı ilə qəsdən bu internet müharibəsini törətmiş, özü isə bu zaman tamam başqa məqsəd üçün “sınaq atəşini” həyata keçirmişdir. Ekspertlərin fikrincə terror aktlarının mükəmməl şəkildə həyata keçirilməsi və zamana görə sinxronlaşdırılması məhz informasiya müharibəsi sahəsində mütəxəsislər tərəfindən təmin olunmuşdur. Ona görə də faciə günü internetdə belə bir məlumat verilmişdir ki, terrorçular öz məqsədlərini həyata keçirmək üçün əlaqə vasitəsi kimi pornoqrafik və idman saytlarına göndərilmiş şifrələnmiş elektron məktublardan istifadə etmişlər. Qrafiki formaya çevrilmiş mətni ələ keçirmək çox çətindir. “Steqanoqrafiya” adını almış bu növ şifrələmə internet şəbəkəsində xeyli vaxtdır ki, məlumdur. İnternetdə çəkilmiş bu şəkli xüsusi proqramla işlədikdən sonra o, mətnə çevrilir. Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Corc Tenet verdiyi məlumata görə “Hezbolla”, “Həmas” , Ben Ladenin terror qrupu internetin imkanlarından öz fəaliyyətləri üçün geniş istifadə edirlər.

Azad ekspertlər yüz faiz əminliklə təsdiq edirlər ki, 11 sentyabr terror aktında informasiya təşkil edicilərindən istifadə olunmuşdur. Buraya terrorçuları maliyyələşdirmək üçün ani olaraq pul köçürülməsi, kommunikasiyaların təcrid edilməsi və dağıdılması və bir sıra köməkçi xüsusi informasiya əməliyyatları daxil olmuşdur.

Beləliklə internet artıq terrorçuların xidmətindədir. Bütün dünya bu problemə görə ciddi şəkildə narahatdır. Hələ tam məlum deyil ki, Ümumdünya İnternet şəbəkəsi kiberterrorçuluğa daha hansı imkanları verə bilər və belə imkanlar çox böyükdür. Təsadüfi deyil ki, Amerika kəşfiyyat birliyinin bir yüksək vəzifəli şəxsi demişdir ki, 1 milyard dollar və 20 bacarıqlı proqramçılar olsa bir neçə gün ərzində Amerikanı “ləğv etmək”olar. Fikirləşmək olar ki, bunu terrorçu da edə bilər. Müasir elektron cəmiyyətdə demək olar ki, məxfilik yeri demək olar ki, qalmamışdır. Hətda həddi-buluğa çatmamış xaker Pentaqonun məlumat bazasına daxil olmaqla istənilən tamamilə məxfi sistemlərə daxil ola bilir. Getdikcə bəşəriyyətin kiberterrorçuluqdan çıxılmaz vəziyyətə düşəcəyi artacaqdır.

Amerika Birləşmiş Ştatlarının FTB-nun milli infrastrukturun qorunması Mərkəzinin məlumatlarına görə hökumət təşkilatlarına hər gün kompüter hücumları olur. Təkcə 2001-2003-cü illər ərzində xakerlər tərəfindən Amerikanın rəsmi dövlət saytlarına bir milyon dəfə hücum olmuşdur.

Kibercinayətkarlıqdan ən çox zərər çəkən maliyyə-iqtisadi və bank qrumlarıdır. İqtisadiyyat sahəsində Qərb ölkələrinə kibercinayətkarlıqdan dəyən ziyan 450 min dollardan 1 milyard dollaradək təşkil edir. Müxtəlif ölkələrdə illik zərər 100 milyard dollarlarla hesablanır. Məsələn, Amerika Birləşmiş Ştatlarında 100 milyard dollar, Böyük Britaniyada 45 milyard dollar, Qərbi Avropa ölkələrində 39 milyard dollar təşkil edir.

Kiberterrorçuluqda əsas diqqət “çirkli pulların yuyulması” , kompüter proqramlarını əqli mülkiyyət hüququnun pozulması, kommersiya və ya sənaye casusluğu və elektron ödəmə kartorkaları ilə aparılan əməliyyatlara yönəldilməlidir. Beləki, Mastercard elektron ödəmə kartı ilə 703 milyon dollar, VİSA ilə isə 1.2 milyard dollar vəsait kompüter vasitəsilə dələduzlar tərəfindən mənimsənilmişdir.

Mərkəzi və Şərqi Asiya ölkələri hüquq-mühafizə orqanlarının əməkdaşlığı üzrə İnterpolun işçi qrupunun kompüter cinayətlərinə qarşı mübarizə məsələləri üzrə altıncı iclasında Nyunster 28-30 avqust 2000-ci il qeyd edilmişdir ki, kibercinayətkarların gəliri narkotrafika və qeyri-qanuni silah alverindən alınan gəlirdən sonra üçüncü yeri tutur.

11 sentyabr 2001-ci il faciəsindən sonra kiberterrorçuluqda yeni virus “ soxulcan” VBS/Nedal(Laden sözünün tərsinə yazılışı) meydana gəldi və bu “ soxulcan” həmin faciə barədə mətndən istifadə edərək hazırlanan faylları məhv edir. O, elektron poçt vasitəsilə Microsoft Outlook ünvanlar kitabında tapılan hər bir ünvana viruslu kompüterdən göndərilməklə yayılır.Məktubun məzmunu belədir: “ Osama Bin Laden Comes Back!”(Usama Ben Laden qayıdır) və burada İsrail və Amerika Birləşmiş Ştatlarının tam məhv edilməsi çağırışı yayılır.Dəfələrlə deyilmişdir ki, “əl-Qaida” komputer texnologiyası və “ Promts” komputer proqramları üzrə yüksək ixtisaslı mütəxəssislərə malikdir və o bunu köməkliyi ilə Amerikanın xüsusi xidmət orqanların fəaliyyətini izləyir, Amerika Birləşmiş Ştatlarının strateji obyektləri barədə məxfi məlumatları əldə edir və heç bir problem olmadan “ çirkli pulları” yuyur.

İnternet vasitəsilə terrorçular öz cinayətkar planları barədə biri-birini məlumatlandırır, hərəkətlərini əlaqələndirir, təbliğat aparır və öz sıralarına yeni üzvlər cəlb edirlər. Mərkəzi Kəşfiyyat idarəsinin məlumatına görə “ Hezbolla”, “Həmas”, “Abu Nidal” və “ Əl-Qaida” kimi beynəlxalq terror təşkilatları kompüterin imkanlarından öz cinayətkar fəaliyyətlərini həyata keçirmək üçün geniş istifadə edirlər.

Kiberterrorçuluq getdikcə daha geniş vüsət alır.Amerika Birləşmiş Ştatlarının Milli Şurasının geniş miqyaslı proqnoz üzrə “Dünyanın gələcək cizgiləri 2020 layihəsi üzrə məruzə” də göstərilmişdir ki, 15 ildən sonra “ terrorçular həyatı əhəmiyyətli” informasiya şəbəkəsini dağıtmaq üçün kiberhəmlələrə cəhd edəcəklər. 2006-cı ilin fevralında Amerika Birləşmiş Ştatlarının Federal Ticarət Palatası kiberterrorçuluqla mübarizəyə həsr olunmuş xüsusi sayt yaratmışdır. Həmin ilin fevral ayında Daxili Təhlükəsizlik nazirliyi internetdə Cayber Storm adı altında iri təlim keçirdi və burada mütəxəssislər bütün dünya xakerləri tərəfindən Amerika Birləşmiş Ştatlarına qarşı modelləşdirilmiş şəbəkə həmlələrini müvəffəqiyyətlə dəf etdilər.

Yuxarıda deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, kiberterrorçuluqin nəticələridə beynəlxalq terrorçuluğun digər növləri kimi dünya birliyi üçün çox böyük bəlalar törədə bilər və buna görə də ona qarşı durmaq üçün bütün texniki vasitələrdən istifadə etməklə kompleks yanaşma işlənib hazırlanmalıdır.

XX əsrin sonu XXI əsrin başlanğıcında terrorçular xarici şəraitin dəyişməsinə uyğunlaşmaqda yüksək səviyyə nümayiş etdirirlər.

Hazırkı dövrdə beynəlxalq terrorçuluq cəbhəsi öz formasını dəyişərək muxtar regional özəklərə çevrilmişdir. Onlar vahid rəhbərlik mərkəzi və çox ciddi tabeçilik olmadan yalnız ümumi ideologiya əsasında əlaqə saxlayırlar. Məsələn, “əl-Qaidə” təşkilatlanmış terrorçu strukturundan cihad hərəkətinin ideoloji platformasına çevrilmişdir. Təcrübə göstərdi ki, 2001-ci ildən başlanmış antiterror kompaniyasından sonra “əl-Qaidə”nin rəhbər heyətinin 75 faizinin fiziki olaraq məhv edilməsinə baxmayaraq, şəbəkənin törətdiyi terror aktlarının intensivliyi aşağı düşməmişdir. 2005-ci ildən bəri həyata keçirilən antiterror tədbirləri nəticəsində “Qaidi Əl-Cahid fi bilyad Ar-Rafideyn” terror təşkilatını fəal üzvlərinin (Abu Həsən, Abu Səfi, Abu Daud, Abu Təlx) koalisiya qüvvələri tərəfindən İraqda həbs olunmalarına baxmayaraq terrorçu qruplaşmaların döyüş potensialı nəinki zəifləmiş, hətta onların fəallığı artmağa başlamışdır. XXI əsrin əvvəllərindən beynəlxalq və transmilli ekstremist qruplaşmalar meydana gəlmiş, bir sıra terrorçu təşkilatlar arasında əlaqə və qarşılıqlı fəaliyyət güclənmişdir. Məsələn, Əlcəzair və Avropa, Çeçen və Ərəb, Ərəb və Əfqan-Pakistan terrorçu qrupları qarşılıqlı əlaqələr qurmuş və razılaşdırılmış proqram əsasında fəaliyyət göstərməyə başlamışlar.

Terror qruplaşmaları öz aralarında ideoloji, konfessional, hərbi və digər sahələrdə sıx əlaqələr qurmuşlar. Onlar bir çox hallarda – silah-sursat alınması, maskalanma tədbirlərinin yaradılması, birgə əməliyyatların həyata keçirilməsi zamanı funksiya və vəzifələrin bölünməsi məsələlərində qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərirlər. Beynəlxalq terror şəbəkəsi öz qüvvələri və vasitələri ilə manevr etməyi, gizli kanallarla bir-birinə silah ötürməyi, canlı qüvvə ilə yardım etməyi yüksək səviyyədə mənimsəmişlər.

Daimi olaraq bir sıra səbəblərlə, o cümlədən görülən təhlükəsizlik tədbirlərindən, terror aktına olan reaksiyanın səmərəliliyindən asılı olaraq terrorçuların məqsədlərinin tətbiq dairəsi daimi olaraq genişlənir. İslamçıların əsaslı maliyyə vəsaitləri tələb etməyən, lakin antiterror birliyinin vahidliyinə neqativ təsir göstərmək imkanı yaradan uzunmüddətli siyasi təsirə malik aksiyalar keçirmələrə istiqamətlənmələri qeyd olunur.

Məşhur terror təşkilatlarından ayrılmış, hələ o qədər də məşhur olmayan onların radikal qanadlarının yaratdıqları kiçik terror qrupları ilə mübarizə aparmaq daha çətindir. “əl-Qaidə” və ona yaxın olan terrorçu quruluşların ( “Əl İslambulu briqadası”, “Şərq döyüşçülərinin böyük cəbhəsi”, “Hazabatın müridləri”, “Abu Xafs əl-Məsrinin briqadası” və s.) əvvəlcə məlum olmayan, eyniləşdirilməmiş qruplar “anonim” terror aktları həyata keçirirlər. Bu halda bu cinayətin təşkilatçıları və icraçılarının axtarılması və cəzalandırılması məsələsi kifayət qədər mürəkkəb problemə çevrilir. Bu halda antiterror sahəsində səylərin gözləndirildiyi bir şəraitdə xüsusi xidmət orqanları beynəlxalq terrorçuluğun yeni gizli taktikası ilə qarşılaşırlar.

Terrorçu – ölümə gedənlərin istifadə olunması və onların hazırlanması sisteminə qarşı mübarizə problemi getdikcə daha da aktuallaşır. Əvvəllər yalnız bir sıra milli-azadlıq və separatçı hərəkatlara xarakterik olan ölümə gedən döyüşçülərdən istifadə etmək üsulundan XX əsrin 90-cı illərindən başlayaraq terrorçu təşkilatlar tərəfindən bütün dünyada geniş istifadə olunur. Bu onu göstərir ki, gələcək ölümə gedənlərin ideoloji və psixoloji cəhətdən hazırlanmasının müasir metodikası əsaslı şəkildə inkişaf etmişdir. Bu da onu göstərir ki, gələcəkdə terrorçu-ölümə gedənlərdən istifadə olunması daha da artacaqdır. Fikrimizcə hazırda onların əsas ehtimal olunan terror məqsədləri hərbi və mülki obyektlər, antiterror koalisiyasına daxil olan ölkələr, sənaye müəssisələri, neft hasilatı və nəqlinin infrastrukturu ola bilər.

Yaxın vaxtlarda terror qruplaşmalarının fəaliyyətinin mərkəzi istiqamətlərindən biri sənayecə inkişaf etmiş ölkələrdə iqtisadi vəziyyətin sabitliyinin pozulması ola bilər.

Neft hasilatı ilə məşğul olan ölkələrdə daimi olaraq terror təhlükələrinin mövcud olması bu ölkələrdə ictimai-siyasi vəziyyətə mənfi təsir göstərə bilər.

Öz əllərində informasiya müharibəsi aparmaq üçün müasir vasitələri cəmləşdirən beynəlxalq terrorçular öz sıralarına həm peşəkar muzdlu əsgərləri, həm də gəncləri səfərbər etmək məsələsini çox müvəffəqiyyətlə həll edirlər. Böyük mənəvi-psixoloji səmərə və ictimai rezonans yaratmaq üçün terrorçular tərəfindən informasiya-təbliğat təminatı yüksək səviyyədə qaydaya salınmışdır. Öz tərəfdarlarının, fəallarının və döyüşçülərinin praktiki olaraq dünyanın bütün ölkələrində məqsədyönlü şəkildə istifadə olunması üçün onların seçilməsi və hazırlanması üzrə işlər aparılır.

Həddən artıq çox peşəkar döyüşçülərin meydana gəlməsi ilə əlaqədar olaraq beynəlxalq terrorçuluq təhlükəsi daha da artır. Bunlar əsasən Yaxın Şərq, Əfqanıstan, Bosniya, Kosova və s. “qaynar” nöqtələrdə hərbi əməliyyatların iştirakçılarıdır. Onlar istənilən ölkədə, istənilən millətə mənsub olan obyektlərə və şəxslərə qarşı terror aktları hazırlamağa və həyata keçirməyə hazır olan şəxslərdir. Beynəlxalq terror təşkilatları İraqın işğal olunması və bu ölkədə mövcud olan antiamerika əhval-ruhiyyəsindən istifadə edərək, orada partizan müharibəsi vərdişlərinə yiyələnmiş və iri şəhərlərdə terror aktları törədilməsi təcrübəsinə malik olan şəxsləri öz sıralarına cəlb edirlər. Onların Yaxın Şərq dövlətlərinin hüquq-mühafizə orqanlarına və silahlı qüvvələrinə infiltirasiya edilməsinə cəhdlər göstərilir.

Hazırda beynəlxalq terrorçuluğun fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, terror təşkilatlarına kömək etmək məqsədi ilə fondlar, firmalar, kompaniyalar və banklar yaradılır və fəaliyyət göstərirlər. Terror təşkilatlarının rəhbərləri cəmiyyətin iqtisadi, siyasi və sosial sahələrinə məqsədəuyğun təsir göstərmək üçün agentlər cəlb etmək məqsədi ilə ictimai təşkilatlara və dövlət orqanlarına soxulma üzrə həyata keçirilən iş üsullarını daimi olaraq təkmilləşdirirlər. Bu gün bir çoxları dərk etmək istəmirlər ki, beynəlxalq terrorçuluqla oynaqlaşmaq, ondan öz məqsədləri üçün istifadə etməyə cəhd etmək perspektiv də çox ciddi nəticələrə səbəb olmaqla problemlər ortaya çıxara bilər.

Praktiki olaraq dünyanın bütün ölkələrində terror təşkilatlarının üzvləri transmilli cinayətlərin ən qorxulu növlərindən biri olan narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqədardırlar. Döyüş qabiliyyətli hərbiləşdirilmiş dəstələrinin olmasından istifadə edən terror təşkilatları çox vaxt narkobiznes sahəsindən öz rəqiblərini sıxışdırıb aradan çıxarır və bu sahədə hökmran mövqe tutur. Narkotiklərin qeyri-qanuni dövriyyəsindən əldə edilən vəsaitdən beynəlxalq terror təşkilatları özlərini maliyyələşdirmək məqsədi ilə istifadə edirlər.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə