Ələkbər Nəbiyev ( Hüquqşünas) beynəlxalq terrorçuluq monoqrafiya Bakı 2011




Yüklə 1.25 Mb.
səhifə10/11
tarix23.02.2016
ölçüsü1.25 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Nəticə və təkliflər.

Aparılmış tədqiqatın nəticələri birmənalı olaraq təsdiq edir ki, beynəlxalq birliyin beynəlxalq terrorçuluq cinayətinə qarşı birgə mübarizə aparması zəruridir. Beynəlxalq cinayət kimi beynəlxalq terrorçuluq delictum sui generalis qismində beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaradır. Bütövlükdə bütün dünya birliyinin marağına toxunmaqla, beynəlxalq terrorçuluq cinayəti erga omnes beynəlxalq öhdəliyinin pozulmasına gətirib çıxarır. Beynəlxalq terrorçuluq cinayəti terror aktlarında iştirak etmiş dövlətlərə qarşı sanksiyalar tətbiq etmək üçün əsaslar yaradır və beynəlxalq cinayət hüququ sistemi çərçivəsində terror cinayəti əməlini törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının labüdlüyünü nəzərdə tutur. Müasir beynəlxalq hüquq doktrinası beynəlxalq terrorçuluq cinayətinə birmənalı olaraq beynəlxalq cinayət kimi baxır. Bu da tamamilə aydındır. Ona görə ki, beynəlxalq terrorçuluq cinayətinin başqa formada başa düşülməsi də mümkün deyil.

Beynəlxalq hüquq bütöv və mükəmməl bir sistem kimi beynəlxalq terrorçuluq cinayətinə qarşı lazımı səmərəli təsir vasitələrinin həyata keçirilməsini nəzərdə tutur. Beynəlxalq hüququn beynəlxalq terrorçuluğa qarşı ümumi qəbul olunmuş tənzimləyici təsir vasitəsi kimi cinayətkarların verilməsi (ekstradisiya) institutu və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım institutu çıxış edirlər. Hər iki üsul eyni dərəcədə səmərəlidir və onların tələblərinin ciddi rejimdə lazımı səviyyədə gözlənilməsi dünya birliyinə beynəlxalq terrorçuluğun ləğv edilməsi sahəsində kəsərli köməklik göstərir.

Beynəlxalq terrorçuluqla mübarizədə üstün yeri beynəlxalq cinayət ədliyyə orqanları tutur. Birləşmiş Millətlər Təşkilatı ilə əlaqədar olan və beynəlxalq ədalət mühakiməsinin daimi və müstəqil orqanı kimi Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması beynəlxalq cinayət hüququ sisteminə bütövlük və tamlıq xarakteri vermişdir.

Dünya birliyinin beynəlxalq terrorçuluq cinayətinə qarşı məqsədyönlü mübarizə aparmaq əzmində olmasının praktiki təzahürü kimi Birləşmiş Millətlər Təşkilatının bu cinayətlə əlaqədar qəbul etdiyi on üç konvensiya ilə yanaşı, beynəlxalq terrorçuluq cinayətinə qarşı yaradılmış regional sistemləri göstərmək olar. Bunlara Yaxın Şərq, İslam Konfransı Təşkilatı regionuna daxil olan ölkələr, Amerika, Afrika, Cənubi Asiya, Müstəqil Dövlətlər Birliyi ölkələrinin ərazi məkanı, GUAM ölkələri təşkilatı və s. imzalanaraq qüvvəyə minmiş xüsusi saziş, konvensiya, müqavilə və protokollar daxildir. Bütöv bir vahid halda toplandıqda beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində regional sistemlər dünya birliyinin sosial təzahür kimi terrorçuluğun ləğvi istiqamətində praktiki təsirə malik olan universal sistemini əmələ gətirir.

Qərbin hərbi strateqləri dördüncü nəsil müharibədə hərbi əməliyyatların əsas asimmetrik komponentləri kimi terrorçuluq və əks-terrorçuluq strategiyasına istinad edirlər.

Terrorçuluqla mübarizədə avanqard ölkə olan Amerika Birləşmiş Ştatlarında terrorçuluğa verilən tərif maraq doğurur. Göstərilir: “Terrorçuluq - bu dövləti təmsil etməyən, yaxud qeyri-leqal şəxslər tərəfindən qeyri - kombatant şəxslər qrupuna qarşı qərəzlə törədilmiş siyasi cəhətdən motivləşdirilmiş güc tətbiq etməkdir” (Amerika Birləşmiş Ştatlarının qanunlar külliyyatı, maddə 2656 f(d), bölmə 22). Belə bir müəyyənləşdirmə hüquqi cəhətdən bir az formal və məhdud xarakterə malikdir. Lakin eyni zamanda bu dövlətə və onun müvafiq orqanlarına öz rəqiblərinə qarşı mübarizədə geniş meydan açır.

Terrorçuluğun mənbəyinin təhlili göstərir ki, onun mənbəyi ictimai həyatın qlobal, regional və lokal səviyyədə iqtisadi, siyasi, dini və digər dərin ziddiyyətləri ilə bağlıdır.

Terrorçuluğun meydana gəlməsi tarixinin təhlili nəticəsində belə bir nəticə əldə edilmişdir ki, texniki şəraitlə əlaqədar olaraq terrorçuluğun meydana gəldiyi dövrdən XVIII-XIX əsrlərə qədər onun bir sistem halına çevrilməsi mümkün deyildi. Terrorçuluğun yeni, daha mütəşəkkil və amansız növünün meydana gəlməsinə texniki tərəqqi, ilk növbədə isə partlayıcı maddələrin (dinamitin kəşfi), kütləvi informasiya vasitələrinin, eləcə də, informasiyaların verilmə vasitələrinin (teleqraf) inkişafı səbəb olmuşdur. Bunlar terror aktlarının təbliğatının səmərəsini və yeni terror təşkilatları yaradılması təcrübəsini bir neçə dəfə artırmışdır.

Aparılmış tədqiqatlar əsasında müəllif belə bir nəticəyə gəlir ki, beynəlxalq terrorçuluğun əsas əlamətləri aşağıdakılardır:



      1. mübarizənin xüsusilə son dərəcə kəskin formalarında istifadə etməklə güc və hədə tətbiq etmək;

      2. siyasi rəqiblərinin zəiflədilməsi, siyasi məqsədlərə nail olunmasına yönəldilmiş olması;

      3. bilavasitə insanların həyatına təhlükə, idarə və təşkilatların fəaliyyəti, qeyri-legitimliklə əlaqədar ictimai təhlükənin artması.

Beynəlxalq terrorçuluğun mühüm qollarından biri və ondan heç də az təhlükəli olmayanı dini ekstremizmdir.

Bu təhlükə bu gün Azərbaycanda real şəkildə mövcuddur.

Müəllif belə nəticəyə gəlir ki, Respublikamızda dini ekstremizmə qarşı mübarizənin səmərəliliyini aşağı salan amillərdən biri mövcud qanunvericilik bazasının dövrün tələblərinə cavab verməməsidir. Belə ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan cinayət qanunvericiliyində qadağan olunmuş təşkilatlarda üzvlüyə və digərlərində bu fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Cinayət məcəlləsində milli, irqi və dini ayrıseçkilik, ekstremist xarakterli materiallar yaymaq üstündə nəzərdə tutulan cəza tədbirləri isə, fikrimizcə, belə hərəkətlərin dövlətçiliyə vurduğu zərbəyə adekvat deyil.

Aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, həm Qərbi, həm də Şərqi Avropada və Müstəqil Dövlətlər Birliyinin Avropa hissəsində siyasi hüquqların dərəcəsi nə qədər yüksəkdirsə, orada terrorçuluğun səviyyəsi də aşağıdır. Lakin Şərqi Avropa barədə bunu təsdiq etmək olmaz, belə ki, bu ölkələrin hamısında siyasi hüquqların səviyyəsi yüksək deyil. Bunu belə interpretasiya etmək olar: hüquq siyasi mədəniyyətin kifayət qədər qiymətli əlamətidir, ona görə də hüququn pozulması ehtiraz davranışı, o cümlədən onun ən kəskin forması olan terrorçuluqda özünü göstərir.

Asiya, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq, Afrika- bu regionların hər biri barədə demək olar ki, terrorun siyasi azadlıqlarla əlaqəsi çox azdır. Bu ona dəlalət edir ki, bir tərəfdən bütövlükdə hüquq, əsasəndə siyasi hüquq mədəniyyətin kifayət qədər qiymətli elementi deyil, digər tərəfdən hüququn olmaması və ya pozulması terror fəallığını stimullaşdırmır.

Baxmayaraq ki, Yaxın Şərq ölkələrindən fərqli olaraq Müstəqil Dövlətlər Birliyi ölkələrində siyasi hüququn olmamasına reaksiya daha güclüdür, lakin bunun terrorla əlaqəsi çox zəifdir.

Kitabda terrorçu təşkilatların strukturunun tərkibinin və üzvlərinin hansı sinfə aid olmaları geniş tədqiq olunmuşdur.

Son dövrlərədək terrorçu təşkilatların əksər üzvləri və terror aktlarını icra edən insanlar haqqında belə bir fikir formalaşmışdı ki, onlar intellektual, sosial və mənəvi cəhətdən məhdud insanlardır. Lakin törədilən terror aktları, onların hazırlanması və həyata keçirilmə səviyyəsi, müasir ən yeni texnologiyalardan istifadə qaydalarını bilmələri və s. göstərir ki, bu tamamilə yanlış fikirdir.

Belə ki, aydın olmuşdur ki, bütövlükdə terror təşkilatlarının əksər üzvləri yaxşı təhsil almış, varlı, ailəli, daimi işi olan yüksək ixtisaslı mütəxəssislərdir və onlardan heç biri psixi xəstəliklərdən əziyyət çəkmirlər.

Bundan əlavə belə bir stereotip mövcuddur ki, kasıbçılıq, işsizlik və digər neqativ sosial amillər terrorçu şəbəkələrə yeni üzvlər cəlb etmək üçün əsas stimullardır fikri, yumşaq desək həqiqətə uyğun deyil.

Üçüncü səhv stereotip ondan ibarətdir ki, guya terror qruplarına yeni üzvlərin cəlb edilməsi əsasən fundamentalist islam mədrəsələrində həyata keçirilir. Lakin məlum olmuşdur ki, terroristlərdən yalnız 9.4%-i dini təhsilə malikdir, qalanları isə müstəsna olaraq dünyəvi təhsilə malik kübar dairələrinə mənsub insanlardır. Bu terror təşkilatında bir nəfər də olsun avara, işsiz, terrora pul qazanmaq və ya şöhrət üçün gələn, avanturist yoxdur. Əksinə, onları yaxşı işi olan yüksək ixtisaslı peşəkarlar kimi qiymətləndirmək olar.

Mühüm məsələlərdən biri də nüvə terrorçuluğuna yol verilməməsi və ona qarşı hər tərəfli mübarizə tədbirlərinin həyata keçirilməsidir. Nüvə terrorçuluğu problemi nüvə silahına malik olan Rusiyada fərqli olaraq, Qərbin analoji ölkələrində hələ XX əsrin 70-ci illərindən dərk edilməyə başlamışdır. Hazırda Qərb ölkələri və Amerika Birləşmiş Ştatlarında nüvə obyektləri və materiallarının qorunması üzrə səmərəli, eşalon-eşalon yerləşdirilməklə müdafiə sistemi yaradılmış, terrorçuluğa qarşı kifayət qədər təcrübə toplanmışdır. Nüvə komplekslərinin səmərəli təhlükəsizlik sisteminin yaradılması terror aktlarının potensial nəticələrinin təhlilinə əsaslanmalıdır.

Nüvə materiallarının qorunması və onlar üzərində nəzarətin qabaqlayıcı tədbirlərinə, partladıcı nüvə qurğularının axtarılması və neytrallaşdırılması, böhran situasiyaları üzərində nəzarət üzrə prosedurlar hazırlanmalı və zəruri texniki vasitələr yaradılmalıdır.

Terrorçuluğun qorxulu təzahürlərindən biri də müasir informasiya-telekommunikasiya texnologiyalarından istifadə etməklə həyata keçirilən kibercinayətkarlıqdır. Beynəlxalq birlik hazırda nəinki bu təhlükə ilə mübarizə yollarını axtarır, həm də bu məsələyə vahid yanaşma üsullarının işlənilməsi prosesi ilə məşğuldur. Kibercinayətkarlığın ən qorxulu növü kiberterrorçuluqdur.

Kiberterrorçuluğa verilmiş müxtəlif müəyyənləşdirməli, kiberterrorçuluğun məqsəd və mahiyyətinin təhlili nəticəsində belə bir nəticəyə gəlinir ki, kiberterrorçuluğa belə bir tərif verilməsi daha məqsədəuyğun olardı: “Kiberterrorçuluq-kibernetik məkandan və ümumdünya kompüter şəbəkəsindən istifadə etməklə cəmiyyət üçün nəzərdə tutulmayan məlumatların korlanması, pozulması, kənar edilməsi, təhrif olunması, terror qruplarının bir anda maliyyələşdirilməsinin həyata keçirilməsi və bu əsasda cəmiyyəti qorxutmaq və ya ruhi əzab vermək yolu ilə dövləti, beynəlxalq təşkilatları və yaxud fiziki şəxsləri istənilən qərarı qəbul etmələri və ya etməmələrinə təsir göstərilməsidir”.

Yuxarıda deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, kiberterrorçuluğun nəticələridə beynəlxalq terrorçuluğun digər növləri kimi dünya birliyi üçün çox böyük bəlalar törədə bilər və buna görə də ona qarşı durmaq üçün bütün texniki vasitələrdən istifadə etməklə kompleks yanaşma işlənib hazırlanmalıdır.

Terrorçuluğa qarşı mübarizənin əsas prinsipləri kimi aşağıdakılar qəbul olunur: qanunilik, terrorçuluğun qarşısının alınması üçün birinci dərəcəli tədbirlər, cinayətkarların məsuliyyətə cəlb edilməsinin labüdlüyü, terrorçuluq aksiyaları nəticəsində təhlükəyə məruz qalmış şəxslərin insan hüquqlarının müdafiəsi, terrorçulara qarşı minimum güzəştlərin tətbiqi, əks-terror əməliyyatlarının keçirilməsi zamanı cəlb olunmuş qüvvə və vasitələrə vahid rəhbərliyin bir mərkəzdən həyata keçirilməsi və s.

Fikrimizcə, terrorçuluğa qarşı mübarizə prinsiplərinin qanunvericilikdə təsbit olunması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, məhz beynəlxalq cinayətin bir növü olan beynəlxalq terrorçuluq həddən artıq kəskin dövlət tədbirlərinin həyata keçirilməsini, qanunçuluqdan uzaqlaşmağı, dövlətə qarşı etibarın aşağı düşməsi, beynəlxalq sülhün və təhlükəsizliyin sarsılması, beynəlxalq birliyin maraqlarının pozulması və sairə kimi əks səmərə verməsinə təhrik edə bilər.

Terrorçuluğun artmasına əngəl törətmək və ona qarşı daha müvəffəqiyyətli mübarizə aparmaq üçün mühüm şərtlərdən biri də bu sahədə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu sahədə müvafiq dəyişikliklər və əlavələr birinci növbədə cinayət qanunlarında həyata keçirilməlidir.

Terrorçuluğa qarşı mübarizənin taktika və texnologiyasına gəldikdə isə qeyd etmək lazımdır ki, hər bir antiterror xidməti üçün bunlar onun özünəməxsus olan qaydalardır. Həm də bu taktika və texnologiyalar hər bir xüsusi xidmət orqanı tərəfindən çox illik praktiki fəaliyyət nəticəsində işlənilmiş olur və heç vaxt açılıb söylənilmir və gizli saxlanılır.

Terrorla mübarizədə mühüm məsələlərdən biri də ondan ibarətdir ki, terror təhlükəsi və real terrora məruz qalmış xarici dövlətlərin bu sahədə təcrübəsi öyrənilməli və sonradan cəmiyyətin xeyrinə istifadə olunmalıdır.

Terrorçuluğa qarşı səmərəli işlər görmək bir sıra təşkilati-əməli tədbirlərin işlənilməsi və həyata keçirilməsini tələb edir. Hər şeydən əvvəl terrorçuluqla mübarizə taktikası təkmilləşdirilməli, hələ terrorçularda olmayan elmi-texniki nailiyyətlər xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiq olunmalı, antiterror koalisiyasına daxil olan bütün tərəflər öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

Terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha səmərəli olması üçün milli antiterror komissiyalarının yaradılması mühüm əhəmiyyət kəsb edə bilər. Belə komissiyalar bu istiqamətdə dövlət icra orqanlarının siyasi, xüsusi, sosial-iqtisadi və digər tədbir və hərəkətlərini müəyyənləşdirə və əlaqələndirə bilər. . Mübarizənin əsas şərtlərindən biri də bütün qeyri-qanuni hərbiləşdirilmiş və silahlı qruplaşmaların ləğvindən ibarətdir.

Qlobal strategiyanın həyata keçirilməsində insanları terrordan imtina etməyə inandırmaqla terrorçular və onların potensial tərəfdarları arasında ziddiyyətlər yaratmaq lazımdır. Bu halda bütün dövlətlərin iştirakı ilə terrora qarşı qlobal kompaniyanın başlanması mühüm əhəmiyyətə malikdir.

Terrorçuların hücum məqsədilə istifadə edə biləcəkləri adi və kütləvi qırğın silahları əldə etmələrinə imkan verilməməlidir. Bu məqsədlə dünya ölkələri hazırkı təhlükələrə yanaşmada yeni yaranmış terror növü sayılan bioterrorçuluğa qarşı öz qüvvələri ilə mübarizə apara bilməyən ölkələrə yardım etməlidirlər.

Dövlətləri terrorçuluğa qarşı dəstək verməkdən çəkindirmək beynəlxalq qanunvericiliyə söykənməlidir. Ölkələr öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməkdə dünya birliyi qarşısında məsuliyyət daşımalıdırlar.

Terrorçuluğa qarşı mübarizə məsələsini işıqlandırarkən terror fəaliyyətinin fərdi şəxslər, kredit təşkilatları və hətta dövlət tərəfindən maliyyələşdirilməsi kimi mühüm problemi nəzərdən qaçırmaq olmaz. Terror fəaliyyətini qidalandıran maliyyə axınını kəsmədən ( heç olmazsa məhdudlaşdırmadan) istənilən mübarizə müvəffəqiyyətsiz olacaqdır.

Terrorçuluğu qidalandıran maliyyə mənbələrinin kəsilməsi hakim mövqe tutur. Bunun üçün bütün ölkələrdə vahid yanaşma və standartlar tətbiq olunmalıdır və ikili standartlara yol vermək olmaz. Hər şeydən əvvəl pul köçürmələrinin monitorinqi keçirilməli, terrorçuluqda və ya ona dəstək verməkdə şübhəli bilinən şəxslərin və təşkilatların maliyyə vəsaitlərinin hərəkəti barədə intensiv informasiya mübadiləsi aparılmalıdır.

Terrorçuluğa qarşı mübarizədə çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də kütləvi informasiya vasitələrində terrorçuluğa qarşı mübarizədir. Bu bəlaya qarşı səmərəli mübarizə aparmaq üçün cəmiyyətin, güc strukturlarının, bütün dövlət strukturları və Kütləvi İnformasiya Vasitələrinin birliyi zəruridir. Həm də onlardan hər birinin həyata keçirdiyi mübarizə üsulu fərdi xarakter daşımamalı, razılaşdırılmış qaydada həyata keçirilməlidir.

Heç vəclə imkan vermək olmaz ki, Kütləvi İnformasiya Vasitələri terrorçuların silahına və alətinə çevrilsin. Çox hallarda jurnalistlərin işə qarışması girovların və xüsusi xidmət orqanları əməkdaşlarının taleyində fəlakətli rol oynayır. Terrorçulara efir vaxtı və qəzet səhifələrində yer verməklə Kütləvi İnformasiya Vasitələri onların tələblərini qanuniləşdirir (legitimləşdirir), bununla da tamaşaçılarda onlara qarşı müəyyən hüsn-rəğbət yaradır.

Kitabda terrorçuluğa qarşı əks-təsir sahəsində təhlükəsizlik orqanlarının analitik-məlumat fəaliyyətinin əhəmiyyəti göstərilir, onun terrorçuluğa və siyasi ekstremizmə qarşı müqavimət sahəsində dövlət sisteminin təmin olunmasının tərkib hissəsi olması və həyata keçirilmə səviyyələri əsaslandırılır.

Qeyd etmək lazımdır ki, terrorçuluğa qarşı mübarizədə ikili standartlar olmamalıdır. Belə ki, terrorçuluğa qarşı mübarizədə ikili standartların tətbiq olunması mübarizəni səmərəsiz edir. Azərbaycan və onun müttəfiqləri göstərilən məsələyə ümumi prinsiplərdən yanaşırlar. Terrorçulara və onların tərəfdarlarına, sponsorlarına sığınacaq verilməsi cinayətlərə bəraət vermək deməkdir. Bu addımlar antiterror koalisiyası üzvlərinin birliyinə xələl gətirə və onlar arasındakı etibarlı münasibətləri poza bilər. Ancaq son illərin hadisələri onu göstərir ki, artıq bir çox ölkələr terrorçuların hədəfinə çevrilərək ikili standartların ölümcül təhlükəsi ilə üzləşmişlər.

Birgə fəaliyyətin təşkili zamanı bəzi dövlətlərdə “İkili” standartların mövcud olmasına baxmayaraq, həmin ölkələrin terrorçuluğa qarşı apardığı mübarizəsində topladığı böyük iş təcrübəsi nəzərə alınmalıdır. Bu səbəbdən də terrorçuluq təhlükəsi qarşısında həmin ölkələrlə birgə ümumi məsələlərin səriştəli yerinə yetirilməsinin həyata keçirilməsi vacibdir.

Antiterror tədbirlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, “ideal” təşkilatı tədbirlərlə müasir şəraitdə tam təhlükəsizliyi təmin etmək mümkün deyil. Terrorçu və ekstremist təşkilatlar müxtəlif ideoloji pərdələr altında fəaliyyət göstərərək öz sıralarına sadə adamları cəlb edir.

Terrorçuluğa qarşı mübarizədə dünya ölkələrinin təcrübəsi göstərir ki, bu bəlaya qarşı səmərəli tədbirlər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə yanaşı, cəmiyyət tərəfindən də həyata keçirilməlidir. Belə ki, ekstremist təşkilatların fəaliyyətləri haqqında əhali arasında fəal izahat işləri aparılaraq, həmin qurumların ideologiyasının səhv olması ölkə vətəndaşlarına düzgün başa salınmalıdır. Burada əsas məsələ informasiya müharibəsini uduzmamaqdır.

Beynəlxalq terrorçuluq cinayətinə qarşı regional mübarizə sistemlərinin daha səmərəli olması əsaslandırılır və Birləşmiş Millətlər Təşkilatının beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində fəaliyyəti prosesində regional sistemlərin işlək mexanizmindən istifadə olunması təklif olunur.

Bəzi hallarda inkişaf etmiş ölkələrdə meydana gəlmiş terrorçu qrupların Qərbə qarşı yönəldilmiş hərəkətləri iki sivilizasiyanın toqquşması kimi qiymətləndirilir. Tədqiqat nəticəsində belə nəticə əldə edilmişdir ki, əslində bu heç də belə deyil. Fikrimizcə, bu hər şeydən əvvəl qloballaşmanın dərinləşməsi ilə əlaqədar olaraq xammal ixrac edən ölkələrin sənayecə inkişaf etmiş ölkələrə qarşı müqavimətidir. Bu ölkələrin sənayecə inkişaf etmiş ölkələrin xammal bazası statusundan çıxa bilməmələri, eləcə də inkişaf etmiş ölkələrin onlar üçün məhvedici şəkildə formalaşmış beynəlxalq əmək bölgüsünü saxlamaları ilə əlaqədardır.

Islam fundamentalizmi ilə islam terrorçuluğunu eyniləşdirmək tamamilə səhv fikirdir. Islam dəyərlərinin müfəssəl təhlili, müqəddəs Qurani-Kərimdən bir sıra surələrinin misal gətirilməsi nəticəsində belə bir qənaətə gəlinir ki, islam dini sülh dinidir və onu terrorçuluqla əlaqələndirmək sadəcə olaraq naşılıqdır.

Özlərinin dəhşətli cinayət əməllərini törədən terrorçular islamın, xristianlığın və ya yəhudi dininin (iudaizm) qanun və rəmzləri ilə pərdələnmələrinə baxmayaraq əslində isə onların dinlə heç bir münasibəti yoxdur. Hansı dinə xidmət etməyindən asılı olmayaraq, heç bir mömin adam dünyada ən böyük günah işlədib günahsız insanı öldürməz.

Hər bir ölkənin öz dövlət büdcəsində anti-terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə nəzərdə tutulan tədbirləri reallaşdırmaq üçün maliyyə mənbəyi nəzərdə tutulması məqsədəuyğundur.

Ölkədə fəaliyyət göstərən xüsusi xidmət və hüquq-mühafizə orqanlarının terrorizmə qarşı mübarizədə vahid yanaşması təmin olunmalı, onlar əməliyyat-axtarış, kəşfiyyat, profilaktik və güc xarakterli və s. əməliyyatları həyata keçirərkən eyni eyni alqoritm üzrə işləməlidirlər. Bu orqanların anti-terror əməliyyatı keçirərkən taktiki hərəkətləri birgə qərargah təlimləri, komanda-qərargah kompleks operativ təlimləri, müxtəlif xidmət və təşkilatlar arasında qarşılıqlı əlaqəli məsələləri nizama salmaları (reqlamentləşdirmələri) məqsədəmüvaffiq olardı.

Terror bütövlükdə sosioloji nöqteyi-nəzərdən yanaşılması daha məqsədəuyğun hesab edilməlidir.



İSTİFADƏ OLUNMUŞ

ƏDƏBİYYATLARIN SİYAHISI
Azərbaycan dilində
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2002.

2. H.Əliyev. Demokratik cəmiyyətdə dinin rolu və inam: terrorçuluğa və ekstremizmə qarşı mübarizə yollarının axtarılması. Beynəlxalq konfransda nitqi. Bakı, 10 oktyabr 2002.

3. İ.Əliyev. İslam Konfransı Təşkilatının gənclər forumunun daimi qərargahında “Əməkdaşlıq və dialoq” konfransının açılışı mərasimində nitqi (İstanbul 4 sentyabr 2006). Bakı, 2006.

4. İ.Əliyev.

5. İ.Əliyev.

6. Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” Qanunu. Bakı, 2004.

7. Azərbaycan Respublikasının “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunu. Bakı, 1999.

8. “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”. Bakı,

9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, 2000.

10. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, 2000.

11. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun. Bakı, 1999.

12. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Situasiya Mərkəzi. Bülleten, 2008.

13. “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamə. Bakı, 1999.

14. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002 tarixli sərəncamı. “Azərbaycan” qəzeti 12 may 2002.

15. Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirliyinin mətbuat xidmətinin məlumatı. Noyabr 2008.

16. Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirliyinin mətbuat xidmətinin məlumatı. 2007.

17. Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirliyinin mətbuat xidmətinin məlumatı. 2008.

18. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Qanun. Bakı, 1991.

19. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun. Bakı, 1998.

20. “Banklar və bank fəaliyyəti haqqında” Qanun. Bakı, 2004.

21. Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2001

22. Cinayət işləri üzrə hüquqi yardım haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2001

23. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun. Bakı, 1999.

24. Azərbaycan Respublikasının “Polis haqqında” Qanunu, Bakı, 1999.

25. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə. Bakı, 2004.

26. Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydaları. Milli Bankın 27 may 2002-ci il tarixli 12 nömrəli sənədi.

27. Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları. Milli Bankın 03 noyabr 2004-cü il tarixli sənədi.

28. Nüvə terrorçuluğu aktlarının qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyası. Birləşmiş Millətlər Təşkilatının sənədləri, 2005.

29. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunu. Bakı, 1999.

30. “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyasına qoşulma barədə Azərbaycan Respublikasının 17 mart 2000-ci il tarixli Qanunu. Bakı, 2000.

31. Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına (20 dekabr 1988-ci ildə Vyanada qəbul olunmuşdur) Azərbaycan Respublikasının qoşulması barədə 8 dekabr 1992-ci il tarixli Qanun. Qanunlar külliyyatı № 12, 1993.

32. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının 21 dekabr 1965-ci il tarixli Beynəlxalq Konvensiyası. Birləşmiş Millətlər Təşkilatının sənədləri 1966. (Azərbaycan Respublikası 31 may 1996-cı ildə qoşulub).

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə