Elçin Əlibəyli amea-nın Memarlıq və İncəsənət




Yüklə 25.43 Kb.
tarix24.02.2016
ölçüsü25.43 Kb.
Elçin Əlibəyli
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun aspirantı
Televiziyada rejissor sənəti
Televiziya özünün təşəkkül dönəmində konkret konsepsyia və estetik mahiyyətini müəyyən etmədiyindən kinematoqrafın doğuluşunda ona qarşı olan münasibətlə üzləşməli, yalnızca informasiya vasitəsi kimi xəbərvermə işinə yaradığı barədə mülahizələr irəli sürülməyə başlandı. Getdikcə televiziyanın ictimai vəzifələri müəyyən olundunqca, onun yayımında çeşidli proqramlar özünə yer aldıqca, həmçinin incəsənət nümunələrinin yayımına yer verdikcə televiziya estetik prinsiplərini müəyyən etməyə başladı. «Artıq kütləvi informasiya vasitəsi kimi TV-də və onun texniki bazasında televiziya sənəti fenomeni biçimlənir» (S.Freylix. Teoriə kino: ot Gyzenşteyna do Tarkovskoqo. Moskva, 2002, str.17) və televiziya sintetik sənət növü kimi özünün yaradıcı məziyyətlərini, müxtəlif sənət növləri ilə birgə konseptual əsaslara söykənən fərdi xüsusiyyətlərini ortaya qoydu.

Getdikcə televiziya təkcə bədii filmləri, teatr tamaşalarını yayımlamaqla kifayətlənməyib, özünün texniki bazasında teletamaşalar, bədii və sənədli, elmi-kütləvi filmlər, seriallar, telekonsertlər istehsal etməyə başladı. Bundan başqa teleşəbəkənin genişlənməsi və rəqabətin tamaşaçıda kanal seçimi etmək imkanı yaratdıqca daha informasiyanın, məlumatın quru, məntiqsiz təsvir ardıcıllığı ilə verilməsi arxada qalmış bir mərhələ kimi dəyərləndirilməyə və yaradıcı axtarışları: kadrların ifadəli montajı, quraşdırılması, dinamikanın müəyyən olunması, çəkiliş texnikasına kinematoqrafdan gələn bədiiliklə televiziya tələblərinin simbiozunu tətbiq etmək, məzmun, janrından asılı olmayaraq hər bir verilişin estetik həllinin baxımlı, templi, zövqlü və dəyişkən zaman ruhuna uyğunlaşdırmaq və digər elementləri cəsarətlə tətbiq etmək vəzifə kimi meydana çıxdı. Hələ televiziyanın ilk yaranış dönəmində peşəkar kino rejissorlarının bu yeni sənətin işinə cəlb olunması getdikcə yuxarıda deyimiz yaradıcı prosesi idarə edən telerejissor sənətinin yaranmasını və özünün poetikasnın, estetik əsaslarının meydana gəlməsini qaçılmaz zərurət kimi ortaya qoydu.

Televiziya texnikasnın sürətlə mükəmməlləşməsi yeni texnologiyaların ortaya çıxması televiziya sənəti qarşısında üfüqlər açdı və ötən əsrin 60-cı illərindən TV-lər arasında yaradıcı yenilikçilik, uğurlar naminə rəqabət artmağa başladı. Artıq televiziya kinematoqrafı təqlid etmək və ya onun əsasında yeni forma yaratmaq deyil, özünün yaradıcı axtarışlarını ortaya qoydu. Çəkiliş prosesinin ifadəli, bədii elementlərlə zənginləşməsindən başlamış, montaj masası arxasında effektlərin, tapıntıların geniş işlənməsi ilə məzmunlu, estetik cəhətdən təsirli görüntünün yaranması hər bir verilişin səviyyəsini, kamillik göstəricəsini müəyyən etməyə başladı. Xarakter və məzmunca eyni olan verilişləri məhz bu meyarlar fərqlənidirir, baxımı edir, reytinq yığır, yayımlandığı kanala reklam gətirmək, sponsor cəlb etmək yolu ilə kommersiya tələbini ödəmiş olur.

Televiziyada rejissor ideyanı gerçəkləşdirilmə işinə rəhbərlik edən, onun estetik, bədii həllini, ekran dilinin ifadə elementləri vasitəsi ilə çatdırılmasına rəhbərlik edərək, ideya-məzmundan irəli gələn formanın tapılmasına, operatorun, rəssamın, montajçının və digər yaradıcı heyətin işini istiqamətləndirərək yekunda məzmunla, ədəbi materialla uzlaşan, onun ideyasını çatdıran, mükəmməl görüntü həlli olan, ümumi kompozisiyaya malik audiovuzual məhsulu ortaya çıxaran başlıca yaradıcı simadır. Rejissor ideya-bədii cəhətdən yüksək səviyyədə verilişin yaranmasında yaradıcı-istehsalat prosesinə rəhbərlik etməklə yenilikçi axtarışları, yeni metodları öyrənərək onun tətbiq olunmasına çalışmalıdır. Ədəbi materialın görüntü həllinin özünün müəyyən etdiyi bitkin estetik formaya uyğun olması üçün studiyanın dizaynı, verilişin başlığı, arakəsməsi, səs və işıq-rəng həlli, montaj, qrafika işi kimi mühüm komponetlərin keyfiyyət etibarı ilə yüksək olmasına, yaradıcı cəhətdən mükəmməliyə nail olmağa çalışaraq ekran qarşısındı verilişi izləyəcək tamaşaçının bədii-estetik zövqünün yüksəlməsində, onun dünyagörüşündə, həyat tərzində, düşüncə tərzində TV-nin oynadığı başlıca istiqamətverici, rəyyaradıcı rolunu düzgün dəyərləndirərməli və yaradıcı meyyarlara uyğun zövqlü ekran məhsulunun yayımına çalışmalıdır. Rejissor çəkiliş və sonrakı istehsalat proesində yaradıcı almosferin biçimlənməsində, bütün heyətin bədii cəhətdən, psixoloji baxımdan hazırlıqlı olmasında oyanadığı başlıca rolla bərabər, verilişin ekran qarşısında oturan tamaşaçıya olan təsirini, yaratdığı ab-havanı, etdiyi təsiri bilməli, bundan istifadə edərək özünün yaradıcı və vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməlidir.

Həmçinin, televiziya yaradıcılığında olan axtarışları, dünya ekranlarında gedən prosesləri düzgün dəyərləndirməklə, onların ideya-məzmuna uyğun formaya tətbiqi rejissorun qarşısında duran başlıca tələbdir. Rejissor texniki vərdişlərə məharətlə yiyələnərək ideyanın bədii təqdimatında ondan səmərəli istifadə etməlidir.

ABŞ rejissoru Alen Rezental rejissor qarşısında 6 başlıca texniki tələbi qoyur. İlk əvvəl kameranın hərəkətini- mənzərə planlarını, şaquli hərəkəti, operator arabası və onun hərəkəti önə çəkən müəllif sonrakı tələb kimi eksplikasiya-kadrlar və epizodların düzgün, bədii cəhətdən birləşdirilməsini qoyur. Həmçinin, onun fikrincə tamaşaçının motivləşdirilməsi, yəni hadisənin bir nöqtədən deyil, bütün rakurslardan verilərək bitkin rəyin yaradılmasına imkan vermək əsas qayda sayılmalıdır. Zamanın daha effektiv istifadə olunması və mürəkkəb epizodun fokuslaşmasında böyük əhəmiyyəti olan ara planların yetərincə çəkilməsi, rakurs seçimi yolu ilə emosional effektin əldə olunması və görüntünün düzgün optik həllə nail olunması müəllifin qoyduğu əsas tələblərdir.

Beləliklə, televiziya rejiisoru hazırladığı proqramın ideya-məzmun tələbinə uyğun düzgün forma seçimi, janr tələblərinin qorunması, görüntünün kamilliyinə nail olmaq üçün estetik, yaradıcı bilgilərlə barəbər, texniki vərdişlərə də yiyələnməli, onun tələblərindən irəli gələn yaradıcı axtarışları audiovizual əsərin yaranmasına tətbiq etməlidir.

Azərbaycan teleməkanında rejissor işindən danışarkən bir mühüm amili yada salmalıyıq ki, ölkəmizdə bu sahədə mütəxəssislərin yetişdirilməsi işinin tarixi elə də böyük deyil və bir çox halda ciddi kadr çatışmazlığı telekanallar qarşısında problem kimi ortaya çıxır. Ölkə teleməkanında özünün böyük yaradıcı ənənələri olan AzTv-nin efirində normal televiziya rejissurasından uzaq, heç bir bədii yük daşımayan, bir çox halda düzgün seçilməyən görüntü həlli, ifadəsiz montaj və digər ən primitiv probleməlrin görünməsi ölkəmizdə telerejissor yaradıcılğının real mənzərəsinin aydınlaşmasına imkan verir. Təəssüflə deməliyik ki, istər informasiya, publistik, istərsə də maarifçi-əyləncəli, mədəni-maarif, uşaq, idman, əyləncə verilişlərində rejissor işinin olmaması onların görüntü və estetik həllini məzmunsuz, bədiilikdən uzaq salır, verilşi baxımsız edir. «Xəbərlər» informasiya proqramında düzgün seçilməyən studiya tərtibatının yorucu, solğun, süjetlərin montajında «çirklilik»; «Sən bir nəğmə» oyunun mebel mağazasından yayımlanması, düzgün montaj həllinin olmaması, çeşidli adlarla efirə çıxan və qüsurları ilə bir-birinə bənzəyən digər verilişlərdə nəzərə çarpacaq qədər ciddi qüsurlar kanalın ümumi yaradıcı səviyyəsinə təsir edir, tamaşaçını televizor qarşısından uzaqlaşdırır.

Deyilən kifayət qədər iri miqyas daşıyan və dövlət kanalının işinə xələl yetirən qüsurlarla bərabər yaradıcı rejissor münasibəti seçilən, maraqlı axtarışlarla yadda qalan «Səhər» musiqi-informasiya proqramını xüsusi ilə qeyd etmək gərəkdir. Buradakı yaradıcı ab-hava, görüntünün ifadəliliyi, dinamika nəinki kanalın digər verilişlərində, həm də anoloji səhər proqrmalarında fərqlənir.

Kommersiya kanallarında telerejissor işi problemindən danışarkən onların yaradıcı ənənələrin yenicə biçimləndiyi və bir çoxunda vaxtı ilə AzTV-də maraqlı işlərlə yadda qalan rejissorların çalışması faktını qeyd etməliyik. Lakin bununla bərabər bir çox verilişlərdə rejissor işinin ümumiyyətlə olmadığı dərhal nəzərə çarpır. İnformasiya proqramlarında söz ardıncı düşərək təkrar kadrların, ümumi və məzmun daşımayan planların təkrar verilməsi, keçidlərin yorucu olması; əyləncəli verilişlərdə düzgün həllini tapmayan mizankadr, dinamikanın duyulmaması, tok-şou və miqyaslı teleoyunlarda kameraların düzgün yer təyinin və onlara vaxtında keçmələrin olmaması çağdaş teleməkanın gerçəkliyidir. Montajçı ilə iş prinsipində rejissorun forma tələblərinə uyğun bədii məziyyətlərin tətbiqi, effektlərin, rəng, qrafika həllinin köməkçi vasitələr kimi tətbiq olunmasını tələb etməsi görüntüyə lazımi gözəlliyi bəxş edir. Lakin çağdaş teleməkanda əksər verilişlərdə ən primitiv montaj elmentlərindən istifadə olunması, kadr dəyişkənliyinin, dinamikanın duyulmaması rejissor işinin qeyri-kamil olmasından xəbər verir. Televiziyanın başlıca ifadə dili görüntüdür, məhz görüntü onu digər KİV-dən fərqləndirən elementdir. Görüntünün məzmunsuz, biçimsiz olması evdə yerləşdirən mavi ekranlı qutunu radioqəbuledicisinə çevirə bilər. Tamaşaçı isə görmək, zövqünə və deyilən informasiyanın əhvalına uyğun dinamikanı duymaq arzusundadır. Görüntü həllinin qüsurlu olması verilişə olan tamaşaçı marağını azaldır, onun kanal axtarışına çıxmasına rəvac verir. Kommersiya kanalı üçün isə bu yolverilməz haldır-reytinqi olmayan kanalda heç bir şirkət reklam yerləşdirmək arzusunda olmur. Lakin heç də hər şey kommersiya maraqları ilə bitmir, burada daha bir başlıca şərt nüfuz amilidir. Heç bir kanal tamaşaçı yanında özünün nüfuzdan düşməsinə imkan verməməli və onun axtardığının məhz bu dalğada olduğunu, inam və etibar hissini aşımalıdır. Əgər görüntü tamaşaçını cəlb etmirsə, deməli o bu kanalı izləməyəcək, verilişdə deyiləni dinləməyəcək. Buradan belə bir nəticə hasil olur ki, rəqabət dönəmində kanallar görüntünün başlıca element olmasını nəzərə alaraq onun keyfiyyətinin, bədii məziyyətlərinin artırılması üçün rejissor işinə xüsusi diqqət ayırmalı, bu işi nəzarətdə saxlamalıdılar.

Ölkə teleməkanında deyilən qüsurlarla bərabər özünün forma və görüntü zənginliyi ilə seçilən verilişlərin olması peşəkar telerejissuranın uğuruna inanmağa imkan verir. «Çal-çağır» (ATV), «Xeyli xəbər+», «And yerimiz Vətən», «Sabahın xeyir, Vətən» (Lider), «Aztelefilm» (AzTV) və «Azərbaycan» redaksiyasının (Lider) istehsalı olan televiziya filmləri telerejissuranın uğurlu işləri kimi qeyd olunmalıdır.

Belə qənatə gəldik ki, ölkə televiziyalarında rejiisor sənəti ilə bağlı ciddi yaradıcı problemlər mövcuddur və bu kanalların yaradıcı səviyyəsinə xələl yetirir, verilişlərin baxımlılığına mənfi təsir göstərir. Bu hal yerli tamaşaçıların əcnəbi kanallara üz tutmasına imkan verən, nəticədə yabançı mədəniyyətlərin, təbliğatların asanlıqla yayılmasına rəvac verən kifayət qədər təhlükəli vəziyyəti yaradır. Televiziya rejissurası kifayət qədər ciddi komponet kimi hər bir telekanalda olan verilişlərdə iştirak etməli, onun yaradıcı mükəmməlliyinə nail olmalıdır.

Ədəbiyyat

1.С.Фрейлих. Теория кино: от Эйзенштейна до Тарковского. Москва, 2002

2. А.Розенталь. Создания кино и видеофильмов. От А до Я. Москва, 2003

3. E. Quliyev. Televiziya iki əsrin ayrıcında. Bakı 1993



4. В.Полукарпов. Телерадиореклама. Москва, 1998

5. Э. Багиров. Очерки теории телевидения. Москва 1978.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə