DÖVLƏTİN İcraediCİ orqanlari. Plan. Giriş. İcra hakimiyyəti orqan




Yüklə 106.01 Kb.
tarix25.04.2016
ölçüsü106.01 Kb.


DÖVLƏTİN İCRAEDİCİ

ORQANLARI.

PLAN.

Giriş.


1. İcra hakimiyyəti orqanı.

2. Azərbaycan Respublikasının Prezidenti icra hakimiyyə-ti orqanı kimi.

3. Azərbaycan respublikasının Nazirlər Kabineti və digər nazirlikləri.

Nəticə.


İstifadə olunan ədəbiyyat.

GİRİŞ.

Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hü-dudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qa-nunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanı adlanır. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş funk-siyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunun-dan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.

Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu qanunun qüvvəsi onlara şamil edilmir.

İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, on-ların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini mü-əyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

Yardımçı vəzifələr dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.




1. İCRA HAKİMİYYƏTİ ORQANI.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bunlar aşğıdakıları əhatə edir:



  • Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi hə-yata keçirir;

  • İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur;

  • Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Burada göstərilir ki, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.

İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci ildə ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur. Bu mənada bizim respublikamızda prezidentlik institutunun bir sıra səciyyəvi xüsusiyyətləri vardır. Məlum olduğu kimi, dövlətçiliyimizin inkişafı tarixi çox mürəkkəbdir. 1917-ci ildə baş verən sosialist inqilabı respublikamızın ictimai-siyasi həyatına əsaslı təsir göstərdi ki, bu da respublikamızın SSRİ-nin tərkibinə daxil olması ilə başa çatdı. Sonrakı SSRİ Konstitusiyalarında isə Sovet dövlətçiliyi dövründə ob-yektiv olaraq prezidentlik institutuna yer ayrılmırdı. İstər 1924-cü il SSRİ Kons-titusiyası, istərsə də sonrakı konstitusiyalar oktyabr inqilabının «bütün hakimiyyət sovetlərə» şüarından çıxış edərək kollektiv dövlət rəhbərliyi prinsipinə üstünlük verirdi. Həmçinin sovet Konstitusiya nəzəriyyəsi və praktikası son dövrlərə qədər prezidentlik institutunun tətbiqini zəruri edən hakimiyyətin bölgüsü prinsipini, ta-mamilə, rədd edirdi. O dövrdə qəbul edilən eyni qayda analoji olaraq respublika-mız üçün də xarakterik idi. SSRİ-nin ictimai-siyasi və dövlət-hüquqi institutlarının təkmilləşdirilməsi, islahatı ilə bağlı problemlər 1985-ci ildən etibarən ciddi şəkildə müzakirə olunmağa başladı. Bu problemlərdən ən başlıcaları hakimiyyətin bölgü-sü, dövlət orqanları sisteminin formalaşdırılmasının əlverişli variantlarının müəy-yən edilməsi, həmçinin, hüquqi dövlət ideyasının formalaşdırılmasının həyata ke-çirilməsi və s. idi.

Orqanı hər şeydən əvvəl təşkilat, kollektiv və ya idarə olunan insanlar qrupu kimi xarakterizə etmək olar.

İcra hakimiyyəti orqanı iqtisadi, sosial-mədəni və inzibati-siyasi sahələrdə ic-raedici-sərəncamverici fəaliyyəti həyata keçirən və qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumudur.

İcra hakimiyyəti orqanlarının əsas əlamətləri aşağıdakılardır:

- Onlar idarəetmə fəaliyyətini həyata keçirirlər.

- Daxilli təşkilati quruluşa malikdirlər.

- Dövlət-hakimiyyət səlahiyyətlərinə malikdirlər.

- Büdcənin icrası məsələlərində müvafiq orqanların nəzarəti altında olurlar.

- Müvafiq səlahiyyətlərə malikdirlər.

- Operativ müstəqilliyə malikdirlər.

- Bir qayda olaraq, daimi ştata malikdirlər.

-Yuxarı orqanlar tərəfindən təşkil edilirlər.

- Onların təşkili, strukturu və fəaliyyət qaydaları, əsasən, inzibati-hüquqi nor-malar ilə tənzimlənir.

İcra hakimiyyəti orqanlarında – mərkəzi orqanlardan başlayaraq, aşağı tə-bəqəli orqanlar kimi (rayon, şəhər, bütün işçilər) xidməti heyətindən başqa müx-təlif səlahiyyətləri həcminə malik olmalarına baxmayaraq, eyni növ əməklə məş-ğuldurlar, onların hamısı idarəçiliyin müxtəlif funksiyalarının həyata keçirirlər. Onların işi idarəçilik fəaliyyətinin növlərindən biridir. Müəssisədə (təşkilatlarda) bu işlər isə başqa formadadır. Burada əmək kollektivini təşkil edən şəxslər müx-təlif xarakterli fəaliyyətlə məşğuldurlar.

“Yerli İcra Hakimiyyəti haqqında” 16 iyun 1999-cu il tarixli əsasnaməyə uy-ğun olaraq kollektivin bir hissəsi istehsal prosesində məşğuldur, maddi nemətlər istehsal edir, digər hissəsi isə idarəçilik, hakimiyyət-təşkilati fəaliyyəti həyata ke-çirirlər. İcra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusu 3 qrup normalardan ibarətdir:

1. Məqsədli normalar qrupu

2. Təşkilati-struktur

3. Tabeçilik və hakimiyyət səlahiyyətlərinin məcmusu kimi orqanın səlahiy-yətlərini müəyyən edən normalar qrupu.

İcra hakimiyyəti müəyyən dövlət orqanlarının və vəzifəli şəxslərin icraedici-sərəncamverici fəaliyyətlərini təşkil edən və həyata keçirən dövlət hakimiyyətinin qollarından biridir.

İcra hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından aşağıdakı xüsusiy-yətlərinə görə fərqlənir:

- İcra hakimiyyəti Azərbaycan Respublikasının vahid dövlət hakimiyyətinin nisbətən müstəqil qolu olub, dövlət hakimiyyətinin digər müstəqil qolları olan qa-nunverici və məhkəmə hakimiyyəti ilə sıx qarşılıqlı əlaqədədir.

- İcra hakimiyyəti yalnız funksional səlahiyyət mənasında müstəqildir.

- İcra hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulmuş döv-lət hakimiyyət mexanizminin vacib atributudur.

- İcra hakimiyyəti hakimiyyət səlahiyyətlərinin istənilən digər təzahürü kimi, başqalarının fəaliyyətinə və davranışına müəyyənedici təsirlər göstərmək bacarığı-na və imkanına, başqalarının iradəsini öz iradəsinə tabe etmək hüququna və imka-nına malikdir.

- İcra hakimiyyəti vahid dövlət hakimiyyətinin qolu olub, dövlət fəaliyyətinin növü olan icra fəaliyyəti ilə eyniləşdirilə bilməz.

- İcra hakimiyyəti dövlət fəaliyyətinin xüsusi növü kimi ifadə olunur və öz mahiyyətinə görə hüquqtətbiqedici fəaliyyət növü kimi xarakterizə olunur.

- İcra hakimiyyəti müəyyən subyektli ifadəyə malikdir.

- İcra hakimiyyəti orqanlarının səlahiyyətləri konstitusiya və digər qanunveri-cilik aktlarının vasitəsilə dəqiqliyi ilə müəyyən edilmişdir.

- İcra hakimiyyəti inzibati hakimiyyətlə eyniləşdirilə bilməz.

- İcra hakimiyyəti dövlət hakimiyyətinin bütün vacib atributlarının bilavasitə onun sərəncamında olması ilə xarakterizə olunur.

İcra hakimiyyətinin əsas məqsədləri aşağıdakılardır:

- Vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi.

- Ölkənin iqtisadiyyatının inkişafı, vətəndaşların, cəmiyyətin və dövlətin rifa-hının yüksəldilməsi üçün şəraitin yaradılması.

- İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi.

- İnsan və vətəndaşların mənəvi, sosial, iqtisadi və siyasi hüquq və azadlıqları-nın realizəsi, idarə, müəssisə və təşkilatların normal fəaliyyəti üçün şəraitin yara-dılması.

İcra hakimiyyəti orqanı Azərbaycan Respublikasında bir neçə strukturlardan ibarət olaraq özündə aşağıdakı səlahiyyətli təşkilatları birləşdirir. Buraya Azərbay-can Respublikasının Prezidenti, Respublikanın Na-zirlər kabineti, digər nazirliklər, komitələr və digərlər daxildir.

İcra Hakimiyyəti orqanının strukturu aşağıdakı elementlərdən ibarətdir:



1. rəhbərlik ( orqanın rəisi, onun müavinləri, kollegiya və s.);

2. sahəvi bölmələr (baş idarələr, idarələr, sahələr və s.);

3. funksional bölmələr ( şöbələr, idarələr və s.); həmin orqanda planlaş-dırmanı, kadr məsələlərini aparırlar;

4. köməkçi və xidmətedici bölmələr (katiblik, dəftərxana, makina bürosu və s.);

Hər bir icra hakimiyyəti orqanı rəsmi qaydada müəyyən edilmiş ştat cədvəli üzrə özünün ştatına malikdir.

Hər bir icra hakimiyyətinin orqanının ştat cədvəlində aşağıdakı elementlər öz əksini tapmalıdır:

- struktur bölmələrinin sayı;

- struktur bölmələrinin adları;

- vəzifələrin adı və sayı;

- vəzifə maaşları və s.

İcra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əsas istiqamətləri (funksiyaları) aşağıdakılardır:



- proqnozlaşdırma – yəni elmi məlumatlara və nailiyyətlərə əsasən hər hansı birhadisə və ya proseslərin inkişafında gedən dəyişikliklərin qabaqcadan görün-məsi, təsviri və s.;

- planlaşdırma – yəni bu və ya digər fəaliyyətin istiqamətinin, məqsədinin, vəzifələrini və nəticələrinin müəyyən edilməsi;

- təşkil etmə - yəni idarəedən və idarə olunan sisteminin təşkil edilməsi;

- nizama salma – yəni hər hansı bir fəaliyyətin rejiminin müəyyən edilməsi;

- ümumi rəhbərlik və operativ sərəncam vermə - yəni ümumi rəhbərliyə əsasən operativ surətdə sərəncam vermənin həyata keçirilməsi;

- koordinasiya – yəni eyni bir vəzifənin yerinə yetirilməsi zamanı müxtəlif idarəetmə orqanlarının və təşkilatlarının, fəaliyyətlərinin, hərəkətlərinin razılaşdı-rılması;

- yoxlama və nəzarət – yəni aşkar edilmiş çatışmazlıqların, nöqsanların ara-dan qaldırılması, bərpa edilməsi məqsədi ilə işin faktiki vəziyyətinin yoxlanılması;

- uçot – yəni görülən, yerinə yetirilən işlərin, onun nəticələrinin uçotunun, qeydiyyatının aparılması və s.

Deməli, icra hakimiyyəti vətəndaş cəmiyyətinin və onun ayrı-ayrı üzvlərinin mənafelərini müdafiə və təmin etmək alətidir.




  1. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İCRA HAKİMİYYƏTİ

ORQANI KİMİ.

Ali baş komandan kimi, Prezident Silahlı Qüvvələrin ali komanda heyətini və-zifəyə təyin və vəzifədən azad edir. Dövlət başçısı öz Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezident dövlət büdcəsini, Azərbaycan Respub-likasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edir, dövlət sosial-iqtisadi proqramlarını təsdiq edir, mərkəzi və yerli icra hakimiyyəti orqanları ya-radır, referendum təyin edir, qanunlar imzalayır və dərc edir. Prezident vətəndaşlıq, siyasi sı-ğınacaq verilməsi məsələlərini həll edir əfv barədə, Azərbaycan Respub-likası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir; dövlət təltifləri təqdim edir; ali hərbi və ali xüsusi rütbələr verir; ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir. Bey-nəlxalq müqavilələrə riayət edilməsinin təminatçısı kimi Prezident dövlətlərarası və hökumətlərarası müqavilələr bağlayır, dövlətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Milli Məclisə təqdim edir, beynəlxalq müqavilələrin təsdiq edilmə-si barədə fərmanları imzalayır.

Prezident milli təhlükəsizlik məsələlərini Konstitusiya ilə ona verilmiş səla-hiyyətlər əsasında həll edilir. Prezident Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; fövqəladə və hərbi vəziyyət elan edir və Milli Məclisin razılığı ilə müharibə elan edir, sülh bağlayır. Prezident Silahlı Qüvvələrin əsas təyinatı ilə əla-qədar olmayan vəzifələrin icrasına cəlb edilməsinərazılıq verilməsi barədə Milli Məclisə təqdimat verə bilər. Prezidentin səlahiyyətlərində Konstitusiyaya əsasən Azərbay-can Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyət-lərinə aid edilməyən digər məsələlərin həll olunması nəzərdə tutulmuş-dur.

Azerbaycan Respublikasında İcra Hakimyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı 35-dən aşağı olmayan Respublikanın ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan, Azərbaycan Respublikasının vətəndaşı Res-publikanın prezidenti seçilə bilər. Respubılikanın Prezidenti seçki vasitəsilə təyin olunur və seçkilərin aparılmasında nəzarət, təftiş xidməti onun hüquqlarını və və-zifələrini qoruyur. Respublikanın Prezidentinin aşağıdakı səlahiyyətləri vardır:



1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;

2. Dövlət büdcəsini Milli Məclisinin təsdiqinə rəy verir;

3. Dövlət iqtisadi və sosial proqramları təsdiq edir;

4. Milli Məclisin razılığı ilə Respublikanın Baş Nazirini vəzifəyə təyin edir və vəzifədən azad edir;

5. Nazirlər kabineti üzvlərini vəzifəyə təyin edir və vəzifədən azad edir. Zə-ruri hallarda Respublikanın Nazirlər Kabinetinin islahatlarına sədirlik edir;

6. Nazirlər Kabinetinin istifadəsi haqqında qərar qəbul edir;

7. Respublikanın dövlət büdcəsində İcra Hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;

8. Azərbaycan Respublikasının konstitusiya məhkəməsi, Ali məhkəməsi, İq-tisadi məhkəməsi hakimlərin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisə təq-dimat verir;

9. Respublikanın Baş Prokurorunu Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edir;

10. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komanda heyətini və-zifəyə təyin edir və vəzifədən azad edir;

11. Xarici dövlətlərin diplomatik nümayəndələrini etibarnamə qəbul edir;

12. Referendum təyin edir;

13. Qanunları imzalayır və dərc edir;

14. Siyasi sığınacaq verilməsi məsələlərini həll edir;

15. Əfv edir;

16. Ali həbi və ali rütbə verir;

17. Respublika vətəndaşlarını müddətli hərbi xidmətdə olan hərbi qulluqçu-ların buraxılması barədə qərar qəbul edir.

  1. AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ VƏ DİGƏR NAZİRLİKLƏRİ.

Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublika-sının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri da-xildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.

Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul si-yasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata ke-çirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri aşağıdakılardır:

- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbay-can Respublikasının Prezidentinə təqdim edir;

- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

- xalq təssərrüfatına və mədəni quruculuğa rəhbərliyin təmin edilməsi;

- xalqın rifahını və mədəniyyətini yüksəldən elmin və texnikanın inkişafını tə-min edən tədbirlərin işlənib-hazırlanması və həyata keçirilməsi;

- təbii resurslardan səmərəli istifadə edilməsi və onların qorunması;

- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;

- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;

- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, on-ların aktlarını ləğv edir;

- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi di-gər məsələləri həll edir.

- əmək haqqı və ictimai təminat;

- dövlət siğortasını və vahid uçot və statistika sisteminin təşkili;

- sənaye, tikinti, aqrar və sahə müəssisələrinin , birliklərin, nəqliyyat və rabitə müəssisələrinin, bankların və digər təşkilatların idarə edilməsi.

Nazirlər Kabinetinin Strukturu aşağıdakı kimidir:



- Xarici işlər nazirliyi.

- Daxili işlər nazirliyi.



- Milli təhlükəsizlik nazirliyi.

- Müdafiə nazirliyi.

- Müdafiə sənayesi nazirliyi.

- Ədliyyə nazirliyi.

- Maliyyə nazirliyi.

- Vergilər nazirliyi.

- İqtisadi inkişaf nazirliyi.

- Sənaye və energetika nazirliyi.

- Əmək və əhalinin sosial müdafiəsi nazirliyi.

- Kənd təsərrüfati nazirliyi.

- Ekologiya və təbii sərvətlər nazirliyi.

- Mədəniyyət və turizm nazirliyi.

- Təhsil nazirliyi.

- Səhiyyə nazirliyi.

- Rabitə və informasiya texnologiyalari nazirliyi.

- Gənclər və idman nazirliyi.

- Nəqliyyat nazirliyi.

- Fövqəladə hallar nazirliyi.

- Qiymətli kağizlar üzrə dövlət komitəsi.

- Dövlət şəhərsalma və arxitektura komitəsi.

- Qaçqınlarin və məcburu köçkünlərin işləri üzrə dövlət komitəsi.

- Dövlət gömrük komitəsi.

- Dövlət torpaq və xəritəçəkmə komitəsi.

- Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi.

- Dövlət statistika komitəsi.

- Dini qurumlarla iş üzrə dövlət komitəsi.

- Diaspora ilə iş üzrə dövlət komitəsi.

- Əmlak məsələləri dövlət komitəsi.

- Dövlət sosial müdafiə fondu.

-Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi.

- Azərbaycan respublikasının prezidenti yanında dövlət qulluğu məsələləri üz-rə komissiya.

- Respublika müəllif hüquqları agentliyi.

- Satınalmalar üzrə dövlət agentliyi.

Respublikanın nazirlər Kabineti cari və prespektiv, iqtisadi və sosial inkişaf planlarını, dövlət büdcəsini tərtib edir və Milli Məclisinə təqdim edir. Planların ye-rinə yetirilməsi üçün tədbirlər görür, dövlət mənafeyni və mülkiyyətini, vətəndaş-ların hüquq və azadlıqlarını, dövlət təhlükəsizliyini qorumaq üçün tədbirlər siste-mini həyata keçirirlər.

Respublikanın Nazirlər Kabineti idarəetmə məsələlərini yerinə yetirməklə yanaşı nazirliklər, dövlət komitələri və tabeçilikdə olan digər təşkilatların işini əla-qələndirir və istiqamətləndirir.

Azərbaycan Respublikası dövlət idarəetmə aparatının təşkilati mərkəzi ro-lunu yerinə yetirir. Konstitusiya əsasında Nazirlər Kabinetini daimi icra orqanı olan rəyasət həyatı təşkil olunur. Onun tərkibinə Azərbaycan Respublikasının Baş Nazirindən və onun birinci müavinlərindən və digər strukturlarından ibarət olur. Rəyasət həyatı daxilində olan orqanlar Nazirlər Kabinetinin tam tərkibində həll etdiyi məəsələlərdən başqa xalq təssərrüfatının idarə olunmasına dair digər məsə-lələridə həll etmək səlahiyyətinə malikdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyəti:
Həyata keçirilən islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səla-hiyyətlərinə yenidən baxılmış, onun cəmiyyətdə rolu və əhəmiyyəti artmış, nazirli-yin üzərinə yeni vəzifələr qoyulmuş, yeni struktur qurumlar yaradılmışdır.

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə siste-minin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdi-rən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cüm-huriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün təşkil olunmuş, 1918-ci ilin noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir. Dövlət tərəfindən ədliyyə sisteminə göstərilən xüsusi diqqətin təzahürü olaraq, həmin gün dövlət başçısının sərəncamına əsasən ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyətinə, onun yeni funksiya və vəzifələrinə uyğun olaraq qabaqcıl xarici və ölkədaxili təcrübədən geniş istifadə olunmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamə hazırlanmışdır.

Ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərilərək, nazirliyin fəaliy-yətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir.

Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolu-nu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu Əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilmə-sini şərtləndirir.

Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Əd-liyyə Nazirliyi qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayır, qanunvericilik aktları layihələrinin hüquqi ekspertizasını həyata keçirir, normativ hüquqi aktların uçotunu və qeydiyyatını aparır, əhalinin hüquqi maarifləndirilmə-sində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat orqanlarının və vətəndaşlıq və-ziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə rəhbərlik edir, məh-kəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təş-kilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir, ölkə əhalisinin dövlət reyestrinin aparılmasını və sənədlərin leqallaşdırılmasını həyata keçirir. Bundan başqa, Nazirlik qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən alınmış qrant müqavilələrinin (qərarların) uçotunun aparılmasını həyata keçirir, bununla bağlı mövcud qaydaların pozulmasına görə inzibati məsuliyyət məsələlərini həll edir və digər funksiyaları həyata keçirir.

Həmçinin, yerli ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və nəza-rətin gücləndirilməsi, vətəndaşların müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə regional ədliyyə şöbələri, fiziki şəxslərin vətəndaşlıq vəziyyəti ilə bağlı faktların və bəzi kateqoriyadan olan qeyri-kommersiya təşkilatlarının dövlət qeydiyyatının sa-dələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır.

Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Qanuna və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq ədliyyə orqanlarına işə qəbul şəffaf prosedurlarla və aşkarlıq şəraitində test imtahanı və söhbətdən ibarət olmaqla müsabiqə əsasında həyata keçirilir.

Ədliyyə Nazirliyi eyni zamanda Azərbaycan Respublikası adından xarici döv-lətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqa-vilələrin bağlanmasını və onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən cinayət törətmiş şəxslərin təslim edilməsi, məh-kumların verilməsi ilə və digər məsələlərlə məşğul olur.

Azərbaycan bir çox xarici dövlətlərlə, o cümlədən Türkiyə Respublikası, Ru-siya Federasiyası, Bolqarıstan Respublikası, Ukrayna, Gürcüstan, Qazaxıstan Res-publikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, İran İslam Respub-likası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Litva Respublikası, Çin Xalq Res-publikası, Moldova Respublikası və s. hüquqi yardım haqqında ikitərəfli müqavi-lələr bağlamışdır. Bu müqavilələr hüquqi yardımın müxtəlif sahələrini, o cümlədən ekstradisiyanı, məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün verilmə-sini, cinayət, mülki, ailə və ticarət işləri üzrə hüquqi yardımı əhatə edir.

Ədliyyə Nazirliyi xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə əməkdaşlığa da mühüm əhəmiyyət verir. Bununla əlaqədar bir çox dövlətlərin, o cümlədən Avstri-yanın, Fransanın, Niderland Krallığının, Türkiyə Respublikasının, Rusiya Federa-siyasının, İtaliyanın, Litvanın, İran İslam Respublikasının, Misir Ərəb Respub-likası, Çin Xalq Respublikasının, Gürcüstanın, Rumıniya Respublikasının, Ukray-nanın, Bolqarıstanın və digər dövlətlərin Ədliyyə nazirlikləri ilə əməkdaşlıq haq-qında Sazişlər imzalanmışdır.

Həmçinin respublikamızda 1999-cu ildən fəaliyyətə başlamış yerli özünüidarə orqanı olan bələdiyyələrə metodoloji yardımı, habelə onların fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi həyata keçirir.

Nazirlikdə, Azərbaycan ədliyyəsinin tarixi keçmişini öyrənmək, yetişməkdə olan hüquqşünasları ədliyyə tariximizə ehtiram ruhunda tərbiyə etmək, ədalət mü-hakiməsinin həyata keçirilməsində yaxşı ənənələri qoruyub saxlamaqla, bu işdə va-risliyi təmin etmək, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə "Azərbaycan ədliyyəsinin tarixi mu-zeyi", habelə müasir Azərbaycan dövlətçiliyinin banisi, Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən "Heydər Əliyev muzeyi" ya-radılmışdır.



Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəliyyəti:

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi- xarici ölkələr və beynəlxalq təşkilatlar sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının icraedici or-qanıdır.

Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

- Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqa-mətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

- Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi;

- xarici siyasət sahəsində dövlət orqanlarının razılaşdırılmış qarşılıqlı fəaliy-yətinin təmin olunması üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi;

- dövlət hakimiyyət orqanlarının xarici siyasi fəaliyyətinin ayrı-ayrı istiqa-mətləri barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi;

- Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlü-yünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial ma-raqlarının diplomatik üsul və vasitələrlə təmin edilməsi;

- Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının təmin edilməsi;

- Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin təmin edilməsi;

- Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi;

- xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətdə Azərbaycan Res-publikasının vahid xarici siyasi xəttinin həyata keçirilməsinin təmin edilməsi məq-sədi ilə digər icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

- Azərbaycan Respublikasının və onun ayrı-ayrı dövlət orqanlarının beynəl-xalq siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar münasibətlərinin əlaqələndi-rilməsi və diplomatik təminatı;

- Respublikanın müsbət beynəlxalq imicinin formalaşdırılması.

Nazirliyin əsas funksiyaları aşağıdakılardır:

- Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq təşkilatlarla mü-nasibətlərdə təmsil edir;

- Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir;

- Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasını təmin edir;

- ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərin bütün kompleksi üzrə məlu-matların araşdırılması əsasında Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri üzrə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrini hazır-layır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təklifləri hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respubli-kasının Prezidentinə baxılması üçün təqdim edir;

- xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparır;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni həyata keçirir, Azərbaycan Respublikası qanunvericiliyinin onun beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılması haqqında təkliflərin hazır-lanmasında iştirak edir;

- Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, onların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla ticarət-iqtisadi və maliyyə əlaqələri-nin, elmi-texniki, mədəni və digər mübadilələrinin genişləndirilməsi üzrə siyasətin və konkret tədbirlərin hazırlanmasında iştirak edir;

- beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə Azərbaycan Res-publikasının səylərini diplomatik vasitələrlə həyata keçirir;

- beynəlxalq təşkilatların, konfransların, forumların fəaliyyətində Azərbaycan Respublikasının iştirakını təmin edir, beynəlxalq birliyin üzvü kimi Azərbaycan Respublikasının qlobal və regional beynəlxalq problemlərin həllində rolunun yük-səldilməsinə səy göstərir;

- mərkəzi aparatın, diplomatik nümayəndəliklərin, tabeliyində olan təşkilat-ların fəaliyyəti üçün zəruri şəraiti təmin edir, onların fəaliyyəti ilə əlaqədar təş-kilati, maliyyə və digər məsələlər üzrə təklifləri müəyyən edilmiş qaydada Azər-baycan Respublikasının Prezidentinə təqdim edir;

- Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin sosial, iqtisadi, mədəni və mənəvi həyatı barədə informasiyanın Azərbaycan Respublikasının dip-lomatik numayəndəlikləri vasitəsilə xaricdə yayılmasını təmin edir;

- əlaqədar icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının xarici siyasət xəttinə aid məsələlər üzrə məlumatların yayılmasına razılıq verir;

- Azərbaycan Respublikasının dövlət orqanlarını və kütləvi informasiya vasi-tələrini Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haq-qında məlumatlandırır;

- xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Azərbaycan Respub-likası qanunvericiliyinin təkmilləşdirilməsinə və qanunvericiliyin Azərbaycan Res-publikasının beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

- yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin proto-kolunu təmin edir, habelə diplomatik və konsul imtiyaz və immunitetlerinə riayət olunması üzərində nəzarəti həyata keçirir;

- Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər xarici əlaqələrinin həyata keçirilməsinə kömək edir;

- dövlət orqanlarına Azərbaycan Respublikasında akkreditə olunan diplomatik və konsul nümayəndələri ilə əlaqələrində yardım göstərir;

- dövlət orqanlarına xarici dövlətlərin dövlət orqanları və vəzifəli şəxsləri ilə, beynəlxalq təşkilatlarla əlaqələrində yardım edir;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qey-diyyatı, uçotu və saxlanmasının vahid dövlət sisteminin fəaliyyətini və onların məcmuəsinin nəşr olunmasını təmin edir;

- Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin depozitarisi funksiyalarını həyata keçirir, beynəlxalq müqavilələrin əsl nüsxələrinin (təsdiq edilmiş nüsxələrinin, rəsmi tərcümələrinin), Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı arxiv materiallarının daimi saxlanılmasını, Nazirlikdə daimi sax-lancda olan sənədlərin uçotunu və istifadəsini təmin edir;

- mərkəzi aparatın, diplomatik nümayəndəliklərin, tabeliyində olan təşkilat-ların kadr təminatını öz səlahiyyətləri çərçivəsində həyata keçirir, diplomatik xid-məti kadrlarının hazırlanması, yenidən hazırlanması və təkmilləşdirilməsini təşkil edir;

- Azərbaycan Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir;

- xaricdə yaşayan həmvətənlərlə əlaqələrin və əməkdaşlığın inkişafına yardım göstərir;

- müəyyən edilmiş qaydada pasportviza sənədlərini rəsmiləşdirir;

- diplomatik-kuryer rabitəsinin həyata keçirilməsini təmin edir;

- öz səlahiyyətləri cərçivəsində vətəndaşlıq məsələləri üzrə təklifləri Azərbay-can Respublikasının Prezidentinə təqdim edir;

- öz səlahiyyətləri daxilində diplomatik rütbələrin verilməsi qaydalarını mü-əyyən edir;

- Azərbaycan Respublikası ərazisində və xaricdə tabeliyində olan təşkilatların, diplomatik nümayəndəliklərin əsaslı tikintisini və yenidən qurulmasını həyata ke-çirir, habelə diplomatik nümayəndəliklərin mərkəzləşdirilmiş maliyyələşdirilmə-sini, maddi-texniki təminatını həyata keçirir;

- Beynəlxalq konfransların, konqreslərin, toplantıların və digər dövlət səviy-yəli tədbirlərin və mərasimlərin təşkilində iştirak edir;

- Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərinin xarici dövlətlərə səfərlərinin təşkili və həyata keçirilməsində iştirak edir;

- xarici dövlətlərin başçılarının və yüksək vəzifəli şəxslərinin Azərbaycan Respublikasına səfərlərinin təşkili və həyata keçirilməsində iştirak edir;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər funksiyaları yerinə yetirir.



NƏTİCƏ.

Deməli, hakimiyyətin bölgüsü hakimiyyətin müxtəlif qolları arasında ədalətin bərpasını təmin etmək məqsədilə irəli sürülmüş, qanunsuzluğun qarşısının alın-masını, qanunun aliliyini təmin edir. Bu isə məhz hakimiyyətin bölünməsini həm üfüqi (qanunvericilik, icra, məhkəmə hakimiyyətlərinin bölünməsi və qarşılıqlı nə-zarətin təmin edilməsi), həm də şaquli (təşkilati, hüquqi və iqtisadi baxımdan və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin bölünməsi, axırıncıların müstəqilli-yinin təmin edilməsi) istiqamətlərdə həyata keçirilməsini təmin edir.

Hakimiyyətin bütövlüyü və hakimiyyət bölgüsü haqqında problem öz aktual-lığını qorumuşdur. Hakimiyyət bölgüsü hüquqi dövlətin əsas prinsipial şərtlərindən biri olmaqla, hər cür siyasi və qeyri-siyasi hakimiyyətin əsas fəaliyyət mexaniz-midir.

Hakimiyyətin bölünməsi prinsipi xalq suverenliyinin gerçəkləşməsinə xidmət edir. Bunun üçün ABŞ Konstitusiyasında “çəkindirmə və qarşısınıalma” mexaniz-mindən istifadə edilir. Bu prinsip hakimiyyətin üç qola bölünməsində və xalq su-verenliyinin gerçəkləşməsində həlledici rol oynayır.

Hakimiyyətin bölünməsi prinsipi Azərbaycan Respublikası Konstitusiyasında qanunvericilik yolu ilə təsbit edilmişdir. Burada göstərilir ki, Azərbaycan Respub-likasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilir: Qanunvericilik hakimiyyətini Milli Məclisi; İcra hakimiyyəti Prezidenti; Məhkəmə hakimiyyəti məhkəmələr həyata keçirir. Bu Konstitusiyanın müddəalarına əsasən, qanunvericilik icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və səla-hiyyətləri çərçivəsində müstəqildirlər.

Hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanda qanunların aliliyi hakimiyyətin bölünməsi prinsipinin qeyri-şərtsiz həyata keçirilməsi yolu ilə təmin edilir. Hüquqi dövlətin qanunun aliliyinin təmin edilməsi və hakimiyyət böl-güsü kimi keyfiyyət əlamətləri qarşılıqlı əlaqədə olub bir-birilə sıx bağlıdır.

Müstəqilliyinin 20 illiyi ərəfəsində olan Azərbaycan Respublikası hakimiyyət bölgüsü prinsipinin reallaşması sahəsində xeyli uğurlar əldə etmişdir.

Hakimiyyətin bölünməsi prinsipində icraedici orqanlar xüsusi rol oynayır. Dövlətin idarəedilməsində qəraralarin icrasını təmin edir. Bir sözlə deyə bilərəm ki, icra hakimiyyəti vətəndaş cəmiyyətinin və onun ayrı-ayrı üzvlərinin məna-felərini müdafiə və təmin etmək alətidir.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.

1. Dövlət idarəçilik nəzəriyyəsi (dərslik). Prof.S.T.Qəndilov

“Elm və təhsil” Bakı - 2010



2. Keçid iqtisadiyyatı və dövlət.

Şəkər Əliyev



3. İnzibati hüquq (dərs vəsaiti).

Qanun - 2005



4. www.president.az

5. www.azernews.az

6. www.justice.gov.az

7. www.mfa.gov.az

7. az.wikipedia.org/wiki/


MÜNDƏRİCAT.

1. Giriş.......................................................................................................................2

2. İcra hakimiyyəti orqanı..........................................................................................3

3. Azərbaycan Respublikasının Prezidenti icra hakimiyyəti orqanı ki-mi...............................................................................................................................8

4. Azərbaycan respublikasının Nazirlər Kabineti və digər nazirliklər....................10

5. Nəticə...................................................................................................................21

6. İstifadə olunan ədəbiyyat.....................................................................................23

7. Mündəricat...........................................................................................................24



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə