Dolu üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına! I fəSİL




Yüklə 0.61 Mb.
səhifə7/8
tarix23.02.2016
ölçüsü0.61 Mb.
1   2   3   4   5   6   7   8

Burda isə heç bir kameranın üstündəki rəqəmi qırmızı rənglə yazmamışdılar. Hansına yazaydılar ki?! Hər birində nəinki Xan qızının qardaşından, hətta özündən də məşhur adamlar yatmışdılar. Hətta bir kameraya bir neçə məşhur adam şərik çıxırdı. Və bu adamlar o qədər məşhur idilər ki, o, bu siyahıya düşmürdü.

Şuşadakı “15” nömrəli kameradan fərqli olaraq burdakı bahalı kameralarda milli pul işləmirdi, hesab dollarla gedirdi. O da bahalı kameradaydı, amma nə puluna, nə də adına görə yox - Rəisi vaxtilə “15” nömrəli kameranın nəzarətçisi olmuşdu.

Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən bu bahalı kamerada və heç bilmirdi ki, vaxtilə Məmməd Əmin dünyaya böyük bir pislik edərək Stalini məhz bu kameradan qaçırtdırıb və sonra həmin o Stalin də Məmməd Əmini elə bu kamerada da döydürüb.

Oturmuşdu və fikirləşirdi ki, bura haçansa muzey olsa da bu muzeydə onun adı olmayacaq, çünki o, məşhurların yanında çox balacaydı.

... Amma o da, o biriləri də, buranın muzey olacağını yazan qəzetçilər də səhv edirdilər - bura heç vaxt muzey olmayacaqdı. Pullu oğlanlardan biri günlərin birində buranı satın alıb özəlləşdirəcəkdi və sonra da sökdürəcək və yerində kvadratı beş min dollara göydələnlər ucaldacaqdı. Dünyada ruhların olduğundan və bu ruhların onları rahat yaşamağa qoymayacağından bixəbər olanlar və ya belə şeylərə inanmayanlar bu göydələnlərdən aldıqları evlərdən xeyir-bərəkət görməyəcəkdilər. Bu ona satacaqdı, o bu birisinə, bu biri o birisinə, nəhayət, heç kim bu binalardan ev almaq istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər Xiyabanının altında Çəmbərəkənd qəbristanlığının yerində tikilmiş dörd göydələn kimi işıqlar yanmayacaqdı. Və günlərin birində Bakıda alababat bir zəlzələ olacaqdı və bu binalar həmin alababat zəlzələdə çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək etməyəcəkdi. Və şəhər meri burada böyük bir park salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı...

Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan Övladlarının işgəncə verdiyi divarların arasında, fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı...

***

Axşam saat səkkiz xəbərlərində oxunan Prezident fərmanı Çadır Şəhərini Dolu kimi vurdu. Bu qəfil dolunun sevinciylə hamı çadırdan bayıra atıldı. Şəhərdə bir vur-çatlasın başladı ki, sanki camaata demişdilər sabah evinizə qayıdırsınız.



Sonuncu dəfə belə toy-bayram Türkiyə futbolda Dünya üçüncülüyünü qazanan gecə olmuşdu. Camaat “urrey” eləyib necə çölə tökülmüşdüsə... ağlayan kim, bayraq yelləyən kim, tonqal qalayan kim...

Qəfil səs-küyə yuxudan hövlənək qalxan Musanın Anası oğlunun üz-gözündəki sevinci görüb soruşmuşdu:

- Nə olub, ay oğul?

- Türklər qələbə çaldılar.

- Qarabağı aldılar?

- Nə Qarabağ?! Futbolda ey, dünya çempionatında.

Musanın Anası başını bulayıb:

- Allah ayıbınızı örtsün! Mən də elə bildim müharibə qurtardı.

Ayağı yer tutan da, tutmayan da Pələngin Anasına muştuluğa qaçdı:

- Prezident Pələngə Milli Qəhrəman adı verdi!

Alaçığın qapısı açıq idi...

... Pələngin Anası çarpayıda üzü qapıya uzanmışdı, alt kipriklərinin ucunda iki damla qurumuş yaş, ona şah damarından yaxın olan Tanrını axtaran baxışları açıq qapıdan görünən toranlaşmış bir parça səmaya ilişib qalmışdı... Sol əli aşağı sallanmışdı. Sağ əlində isə bir papaq vardı - Rəşid Behbudovun Pələngə bağışladığı papaq...

Və muştuluğa qaçanlardan heç biri Pələngin Anasından muştuluq ala bilmədi...

***


Dünyanın ən şirin şeyi olan azadlığın elə bir şirinliyini, dadını-tamını duymadı, bu azadlığın heç o qədər də həsrətini çəkməmişdi. Bir azadlığın ki elə bir şirinliyi yox idi, bir azadlıqda ki onu heç kim, heç harda gözləmirdi və o heç kimə lazım deyildi - heç belə dadsız-duzsuz azadlıq da ona lazım deyildi.

Və dəmir qapılar arxasınca bağlanan kimi bu altı milyardlıq dünyada özünü içəridəkindən daha tənha və daha yalqız hiss elədi. Hara getsin, kimə getsin. Hansı üzlə Dünyanın Ən Varlı Şəhərinin çöllərə səpələnmiş camaatının üzünə çıxsın. Müharibə Allahın ona verə biləcəyi, amma vaxt tapıb verə bilmədiyi bütün şeyləri əlindən almışdı, əvəzində ağarmış saçlar və bir də hər an qopub düşə biləcək bir dünya ağrı-acını güc-bəla ilə daşıyan bir ürək vermişdi, bir az da çoxdan unudularaq yalnız saralmış qəzet səhifələrində qalmış nə özünə, nə də heç kimə lazım olmayan şöhrət. Və bu on ildə heç kim onun adını məhz onun adı olduğuna görə oğluna qoymamışdı, hətta xilas elədiyi insanlar belə.

Qarabağ camaatının yorğan davası bitmiş və dünya qayıdıb öz əvvəlki məhvərinə düşmüşdü və dünya yenə 24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafına fırlanaraq öz kefindəydi və bir şouya çevrilmişdi. Bu şounun qəhrəmanları onun kimi müharibə qəhrəmanlarını çoxdan unutdurmuşdu. Həm baldızı ilə, həm qaynı arvadıyla yaşayan, qayınanasının sevgisinə isə biganə qalan Xose Antuan Rodrigesin qayınanasının iztirabları bir tərəfdən, aşnası ilə qəzaya düşmüş Diananın ölümünün acısı bir tərəfdən, “Aşka sürgün”dəki qızın göz yaşları bir tərəfdən - adamları elə təsirləndirib üzmüşdü ki... Adamın adamlara yazığı gəlir, lap ürəyi ağrıyırdı...

Vaxtilə atdan salıb çayxanadan qovduqları indi yenə at belində idilər.”Yiquli” həsrətində olanlar xarici maşınlarda, cangüdənlərin əhatəsində gəzirdilər. Şəkilləri qəzetlərdən düşmürdü. Ən məşhur müğənnilərdən də məşhur idilər və ilboyu qastrollardaydılar. Böyük-böyük dövlətlərin padşahları ilə oturub-dururdular, qəşəng-qəşəng şəkillər çəkdirirdilər. Tuthatut başlayanda birinin də burnu qanamamışdı, arada onun kimi kasıblarınkı qırılmışdı.

Özünü tamamilə unudulmuş bildiyi halda...

... O adamlar ki, milyonları yediyinə görə həbs olunan, dünənədək demokratiyaya, elə onların da üzünə tüpürən dövlət məmurlarının müdafiə komitələrini yaradırdılar, adlarını siyasi məhbus siyahılarına salıb Avropanın qapılarını sındırırdılar, amma bu uzun illərdə bircə dəfə də onu yadlarına salmamışdılar...

... elçi elçi dalınca düzüldü...

- Bəy...


... Bəy sözündən heç əvvəldən xoşu gəlmirdi. Onu “bəy” deyə müraciət edəndə əsəbləşirdi:

- Ə, nə bəy-bəy salmısınız? Bəyin ya anası bəylə yatar, ya da atası bəy qızıyla. Mənim nə anam bəylə yatıb, nə də atam bəy qızıyla. Kasıb itinin adını Gümüş qoyan kimi hamınız adınızı bəy qoymusunuz. Bəylərin torpağında düşmən tank oynatmaz.

Bir dəfə Bakıdan telefon açmışdılar:

- Bəyin köməkçisidi, Bəy deyir ki...

O da köməkçinin sözünü ağzında qoymuşdu:

- Dostum, bəyin köməkçisi olmur, nökəri olur! - deyib dəstəyi asmışdı...

... - Bəy, bizim partiyaya gəl, bu gün-sabah iqtidarıq...

- Bəy, bu dəqiqə ölkədə iki partiya var, biri YAP-dı, biri də bizimki, başqan müavinlik təklif edir...

- Bəy, Etibar bəy axşam yeməyinə dəvət edir...

- Bəy, Rəsul bəy Nyu-Yorkdan zəng edib səni soruşurdu...

- Bəy, başqan deyir gəlsin Qarabağ Azadlıq Təşkilatını verim ona...

... Bəy, bəy, bəy...

Ev sahibi qorxmağa başlamışdı:

- İncimə, oğul, bəlkə başqa bir ev tapasan? Uçastkovı bütün günü məhlədən çıxmır. Uşağın bir balaca budkası var, birtəhər başımızı saxlayırıq. Sən Allah, incimə.

- Yaxşı, xala, bir-iki günə çıxaram.

Gecə otaq ona Şeytanın özünün yatdığı, Şeytanın əmri ilə Məmməd Əminin döyüldüyü, Şairin işgəncə verildiyi, Avropadan gələn insan haqlarınu qoruyan deputatları şahmatda yıxıb-sürüdüyü kameradan da soyuq, qaranlıq və dar gəldi. Heç Əzrayılın çürümüş almasını iyləmədən canını tapşıran Ayna Sultanovaya edilən vəhşətlərə dözməyib çatlayan divarların arasında özünü bu qədər pis hiss eləməmişdi, canı sıxıldı.

Yüzlərlə oğlanı bir işarəsi ilə ölümə aparan, ayağını yerə vuranda Dünyanın Ən Varlı Şəhəri kimi bir şəhəri silkələyən, nazirlərin boğazından quş boğazı kimi yapışan bir oğula indi bu boyda ölkədə - yolunda hər şeyini qurban verdiyi bu boyda ölkədə Allahın bir kirəkeş otağını da çox görürdülər. Amma onu bundan da çox ağrıdan başqa şey idi. Yaralardan axan qanlar qurumamış insanlar hər şeyini unutmuşdular. Sanki bu dünyada heç nə olmamışdı - nə Dünyanın Ən Varlı Şəhəri, nə Qarabağ, nə şəhid, nə də qucaqlarda “əmi, qoyma ölüm” deyib can verən qız görməmiş cavanlar - hər kəs öz işindəydi.

Və onu da başa düşürdü ki, qapıya gələn elçilərin təklifləri heç də onların ağalarının onun keçmiş xidmətlərini qiymətləndirməsi deyil,yenidən ondan öz məqsədləri üçün istifadə etməkdi, vəssalam.

Elçilərin heç birinə acı söz deyib qapıdan qovmamışdı. İstehza ilə, bu istehzanı gələn elçilər də hiss edirdilər, amma üstün vurmurdular, qulaq asmışdı, hamısına da demişdi ki, fikirləşərəm.

Amma biri onu hövsələdən çıxartdı. İgid oğlanıydı, vaxtilə bir şəhəri qoruyurdu, müharibənin yorğunluğunu və havasını çıxarmaq üçün onu da Bayıldakı bahalı otelin bahalı nömrələrinin birinə dincəlməyə göndərmişdilər. Canından müharibə havası çıxanadək dincəlmişdi, sonra Prezident əfv eləmişdi.

- Utanmırsan?

- Nədən?


- Bir şəhəri qoruyan oğlan indi bir adamı qoruyursan. Yəni bu adam o qoruduğun şəhərdən çox bahalıdı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz deyən mənim meyitimin üstündən keçməlidir. Sənin meyitin qoruduğun şəhərdə qalmalıydı ey. İkimiz də xəcalət çəkməliyik ki, meyidimiz oralarda qalmayıb. Başımı qaldırıb camaatın üzünə baxa bilmirəm. Elə bilirəm üzümə tüpürəcəklər ki, şəhərin öləndə sən niyə ölmədin. İndi də ölüb yerə girmək əvəzinə durub gəlmisən üstümə, utanıb-qızarmadan mənə də təklif edirsən ki, mən də sənin kimi gedib iti-qurdu qoruyum. Ayıbdı ey! Ondansa gəl gedək boğazımıza bir çatı salaq.

Bu sözlər elçiyə güllə kimi dəymişdi, başını aşağı salıb qıpqırmızı qızarmışdı və bir söz demədən durub getmişdi. Səhər qəzetlər bəyanatını yaymışdılar ki, partiyasından istefa verib.

Səhəri beləcə heç vaxt çıxa bilmədiyi və çıxa bilməyəcəyi fikirlər burulğanında açdı. Geyinib evdən çıxdı. Həbsxanadan çıxandan sonra neçə dəfə istəmişdi bir doğma yerlərə getsin, ürəyi gəlməmişdi. Elçiyə dediyi kimi, qorxmuşdu, qorxmuşdu ki, camaat üzünə tüpürər. Dünyanın Ən Varlı Şəhərinin ölümündə ən böyük günahı özündə görürdü. Neçə ildi çəkə bilmədiyi bu yükün altında əzilirdi. Və onu da bilirdi ki, bu yük onu ömrünün axırına qədər öz altında əzəcək və elə bu yükün altında da öləcək. Onun fikrincə, Komandir çoxdan ölmüşdü, indi yaşayan Komandir deyildi, kimiydi heç özü də bilmirdi.

Çıxanda ev sahibi:

- Hə oğul, nə deyirsən?

- Narahat olma xala, gedirəm rayona, iki-üç günə qayıdıb şey-şüyümü aparacam.

- İncimə, oğul! Özün başa düşürsən də.

- İncimirəm!

Düşdü “Şamaxinka” deyilən yerə, dünya binə olandan rayonlara gedən maşınlar burda müştəri gözləyirdi:

- Yevlağa iki nəfər...

- Gəncəyə, Gəncəyə...

- Göyçaya bir nəfər...

Onu görən kimi müştəri gözləyən maşın sahibləri başına yığışdılar:

- Hara, qardaş?

- Dünyanın Ən Varlı Şəhərinə.

- Hara?!


- Eşitdiyiniz yerə.

Bir-birlərinə baxdılar:

- Bu nə deyir, ə?!

Əynində köhnə əsgər köynəyi olan sütül bir sürücü dedi:

- Əmi, mən o tərəfə gedirəm. Sən, budey bağın içindəki çayxanada çay iç, beş-on dəqiqəyə bir-iki nəfər də tapım gedək.

Çayxanada sakitlik idi. Bir stolda iki ahıl adam başlarını əllərinin arasına alıb şahmat oynayırdı, bir nəfər də sanki şahmata deyil, futbola azarkeşlik edirmiş kimi yerində otura bilmirdi. Şahmatı dəli kimi sevdiyindən bir az onlara yaxın oturdu, gözü qalmışdı şahmatda. Azarkeşlik edən oynayanlara aman vermirdi, gah birinə gediş göstərirdi, gah o birisinə. Oynayanlar da onun dediyi gedişləri etmirdilər.

O da əsəbləşirdi:

- Ə, vallah, siz bunu bilmirsiniz.


- Ə, qoy bu zəhrimarı oynayaq də!

Şahmat oynayanda dünyanı da unudurdu, özünü də, hətta Dünyanın Ən Varlı Şəhərini də. Ağlı-qaralı 64 xanalı bir taxta parçasını, ağlı-qaralı 32 daşı insan ağlının hələ sonunadək gedib çıxa bilmədiyi bir möcüzə adlandırırdı. Bu daşlardan 16-sı ona tabe idi, hətta Tanrının yerdəki kölgəsi olan padşahı da. Həmişə deyirdi ki, şahmatı insan yaratmayıb, çünki insanda belə bir möcüzəni kəşf edə biləcək bir ağıl yoxdu. Deyirdi ki, yeri-göyü yaratdığı kimi şahmatı da Allah yaradıb və özü üçün yaradıb. Allah onun itaətindən çıxmış bu dünyanı yaratdığına peşman olduğu, amma məhv eləyib məhşər ayağına çəkmək istəmədiyi insanlardan, insanların canını almaqdan yorulub əldən düşmüş neçə milyon ildi əlində istefa ərizəsi dərgahının ağzında dayanmış Əzrayıldan usanıb yorulanda bir anlıq özünə çəkilib hər şeyi unutmaq və yorğunluğunu çıxarmaq üçün özü-özü ilə şahmat oynayır.

onu da deyirdi ki, Fişer Tanrının işinə qarışıb bu möcüzənin sonuna çıxmaq istədiyi üçün Tanrı onun ağlını əlindən aldı ki, şahmat elə sirr olaraq qalsın. Və həmişə şahmatla bağlı düşündüklərini deyəndə şahmatın möcüzəsindən xəbərsiz olan dostları:

- Ə, vallah, sən xəstəsən.

Bir az kitab oxumuş dostları da deyirdi:

- Marks deyib ki, dünyada ən səfeh oyun şahmatdı.

Və dünya Tanrının iradəsindən çıxanda dostları:

- Deyəsən, Allahın başı şahmat oynamağa qarışıb.

Həbsxanada məhbuslar da görmüşdülər ki, o şahmat oynayanda bütün ağrısını-acısını unudur, 6-cı kalona xəbər göndərmişdilər və ordan da məxsusi bir şahmat düzəldib yollamışdılar Komandirə.

Həbsxana rəisindən daha çox ədəbiyyat müəlliminə oxşayan, məhbuslara, xüsusilə də cavanlara öyüd-nəsihət verməkdən yorulmayan Rəis də şahmat xəstəsi olduğundan az-çox şahmat bilənləri onunlar bir kameraya saldırırdı. Hərdən özü də bir bəhanə ilə gəlirdi onun kamerasına, ləzzətlə bir-iki partiya oynayırdı, həmişə də uduzurdu. Hər dəfə uduzanda da başını yelləyib deyirdi:

- Komandir, vallah, sən bu şahmatın dalınca düşsəydin çoxdan dünya çempionuydun.

Rəisin Komandirlə köhnə tanışlığından və ona xüsusi hörmət bəsləməsindən hamının xəbəri vardı, hətta yuxarıların da. Rəis bir neçə dəfə Böyük Rəisə demişdi:

- Avropada türmələr arasında müxtəlif idman yarışları keçirilir. Bəlkə, biz də bir şahmat yarışı keçirək?

Böyük Rəis:

- Deyəsən başına at təpib. Bəlkə yeni ulduz müsabiqəsi keçirəsən?!

Bir dəfə Rəis Avropadan gələn hüquq müdafiəçilərini hərləyib-fırlayıb onun kamerasına gətirmişdi ki, bəlkə onu da siyasi məhbuslar siyahısına salalar. Hüquq müdafiəçilərinə əvvəlcədən də demişdi ki, bu ən məşhur cəbhəçilərdəndi. Ona da işarə eləmişdi ki, ürəyini boşalt.

- Hansısa bir şikayətiniz var?

- Xeyr.


- Nə üstə həbs olunmusunuz?

- Adamı nə üstə tutarlar? Cinayət eləmişəm.

- Nə cinayət?

- Adam öldürmüşəm.

- Siz keçmişdə cəbhəçi olmusunuz?

- Xeyr.


- Özünüzü siyasi məhbus sayırsınız?

- Xeyr, mən siyasətçi deyiləm.

Rəis də dilxor-dilxor başını bulayıb yavaşca onun qulağına pıçıldamışdı:

- Rəhmətliyin oğlu, bu boyda adamları gətirmişəm ayağına, sən də deyirsən adam öldürmüşəm.

- Yalan danışım?

Hüquq müdafiəçiləri stolun üstündən muzey əşyasına oxşayan qeyri-adi şahmatın gözəlliyinə heyran qalmışdılar. Daşları götürüb çox maraqla bir-bir tamaşa edib demişdilər ki, dünyada bu gözəllikdə şahmat görməyiblər.

Rəis də fors eləmişdi:

- Bunu məhbuslar özləri düzəldib.

Avropalı qonaqlar inanmamışdılar:

- Doğrudan bunu məhbuslar düzəldib?

- Bəli.

- Bunu kim oynayır?



Rəis Komandiri göstərmişdi.

- Bizimlə oynayarmı?

Rəis:

- Komandir, bu avropalılara bir dərs ver. İt uşağı elə bilirlər ki, bunlardan ağıllı insan yoxdu.



Komandir gülümsəmişdi:

- Sənin xətrinə.

Və Komandir bu hüquq müdafiəçilərinin ikisini də şahmat taxtasının üstünə yıxıb elədən-elə sürümüşdü, belədən-belə.

Komandirə dalbadal bir neçə dəfə məğlub olan və bundan heyrətə gələn qonaqlardan biri maddım-maddım Komandirə baxıb çiyinlərini çəkmişdi:

- Bu ki möcüzədi! Mən professional şahmatçıyam, vaxtilə dünya çempionatlarında da iştirak eləmişəm, belə şey görməmişəm. Bu adam Fişer kimi oynayır.

Rəis:


- Komandir, gördün, bunlar da m

ən deyəni deyir.

Qonaqlar ayrılanda öz vizit vərəqələrini ona verib xahiş etmişdilər ki, Avropaya yola düşsə onların qonağı olsunlar, sonra da əlini möhkəm-möhkəm sıxıb demişdilər:

- Çempion!

Komandir də heç vaxt qonaq getməyəcəyi insanların vizit vərəqələrini etika xatirinə olsa da qəbul etməmişdi, qonaqları pərt etməmək üçün vərəqləri Rəis almışdı. Amma Komandir ayrılanda şahmatı bağışlamışdı onlara.

Qonaqlar götürmək istəməmişdilər:

- Olmaz! Belə bahalı hədiyyə qəbul edə bilmərik.

Rəis də onları başa salmışdı ki, bu millətin özəl bir adəti var, qonağın xoşuna gələn şeyi mütləq ona bağışlayırlar, əgər qonaq götürməsə, özlərini təhqir olunmuş sayırlar. Və çox xahiş eləmişdi ki, millətin adətinə hörmət eləsinlər.

Və qonaqlar da millətin adətinə hörmət etməyə məcbur olub Komandirin hədiyyəsini qəbul etmişdilər.

Gedəndən sonra həbsxana haqqında gözəl bir rapor yazmışdılar. Həmişə avropalıların kəskin tənqidi ilə rastlaşan Böyük Rəis raporu oxuyub təəccüblənmişdi və Kiçik Rəisi çağırmışdı:

- Rəis, sən neyləmisən ki, bizi belə tərifləyiblər?

- Mən eləməmişəm, Komandir edib.

Sonra hadisəni danışmışdı və yenə Böyük Rəisə demişdi:

- Rəis, vallah, gəl bir yarış keçirək! Görürsünüz də!

Böyük Rəis:

- Yaxşı, bir fikirləşərəm. Danışım görüm böyüklər nə deyir.

Komandir bir dəfə soruşdu:

-Rəis, mənimlə dostluq eləməyə qorxmursan?

Rəis də yarızarafat:

- Rəhmətliyin oğlu, mən də sizinlə bir yerdə cəza çəkirəm də, özü də düz iyirmi səkkiz ildi. Hələ beş ilim qalıb, sən məndən tez çıxacaqsan. Fərqimiz ondadır ki, mənim kameramda kondisioner var, bir də şoferim hər günorta mənə peredaça gətirir.

Azadlığa buraxılanda kabinetində sonuncu dəfə Komandirlə şahmat oynayan və yenə uduzan Rəis ayrılanda dedi:

- Komandir, mən ölüm, hərdən gəl şahmat oynayaq...

... İndi gözü qalmışdı şahmatda, çayı da soyumuşdu. Hər dəfə səhv gediş görəndə yerində qurcalanır, həmin azarkeş kimi o da az qalırdı müdaxilə eləsin. Birdən qulağı arxa stoldan Dünyanın Ən Varlı Şəhərinin adını çaldı.

- Yox, ora getmədim. Hiss etdim ki, Qukasyan ora getməyimi istəmir, mən də üz vurmadım. Həm də orda maraqlı bir şey var ki?! Daş daş üstə qalmayıb. Xocalıda oldum, Əsgəranda oldum. Dünyanın Ən Varlı Şəhərinə girən ilk tankın üstündə şəkil çəkdirdim.

- Bəs Şuşada?

- Qukasyanla qalxdıq Cıdır düzünə, ordan da yendik İsa bulağına. Mənə yaxşı bir qonaqlıq verdi.

Komandiri soyuq tər basdı, geri çevrildi, üç nəfər yaraşıqlı cavan oğlanıydı... Birini dərhal tanıdı...

... - Bundan yazın dana! Yoxsa axtarıb beş-altı bağlı qapı tapıb çəkirsiniz, sonra da qəhbə-şivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki, şəhər boşdu, qorxmayın?!

- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm.

Soyumuş çayını götürüb atdı yerə, yeni bir çay süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi:

- Get də! Get o həkimi tap, o binamusdan yaz! Yaz ki, biri canını verir, biri də canını verən oğulun anasından pul istəyir. Yox, bunları yazmazsan. Bilirsən gedib nə yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq edir, vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir.

Yurnalist başını buladı:

- Komandir, mən hökumət jurnalisti deyiləm. Hökumət jurnalisti olsaydım, hökumətin yanına gedərdim, bura gəlməzdim.

- Götür çayını iç. İncimə, həqiqət budur. Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu.İnsanlar dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir yalan adama erməni gülləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam uşaqlar gedib onu studiyanın qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən , dostum, müharibədə üç cür adam var. Döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə verənlər. Bu boyda şəhərdə iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı qəbristanlığında ermənilərin qabağını kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get birini də sən çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə verənlər də Ağ evdədirlər, bilyard oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad səsi eşitməyib. Elələri var ki, heç Bərdədən bu tərəfə keçməyib, sürücüləri gəlib ezamiyyət vərəqlərini möhürləyib gedir.

- Bunlardan xəbərim var.

- Xəbərin var get yaz da, niyə yazmırsan?..

... - Qukasyan çox maraqlı adamdı. Yaxşı bir müsahibə götürmüşəm. Bir-iki günə çap edəcəm.

... - Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-altı könüllü gəlib, cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular. Biri lap uşağıydı, qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm...

... - Yerevanda da Köçəryanla görüşdük.

... Drakonu basmışdı bağrına, balası vurulmuş pələng kimi sinəsindəki hələ qanı qurumamış yaraları yalayırdı...

... Yerindən qalxdı və qalxmağı ilə bayaqdan Qukasyandan danışanı necə vurdusa oğlan arxadakı stola dəyib stolqarışıq düşdü yerə - bütün çayxana səksəndi. Əlini atıb onu təzədən qaldırdı və təkrar vurdu, yıxılısını təpikləməyə başladı. Dostlarına kömək etmək istəyənlərə:

- Sizin də...

Hansını vurdusa yerdə qaldı. Üçünü də bir-birinə qatmışdı. Heç kim yaxın durmaq istəmirdi. Kimsə bağırırdı:

- Polis! Polis! Polis çağırın!

Hay-küyə yüyürüb gələn bayaqkı Əsgər Köynəkli Sürücü onun qolundan tutub çayxanadan çıxarmağa çalışırdı:

- Əmi,bu dəqiqə polislər töküləcək. Gəl səni aradan çıxarım. Gəl dana!

Döydüklərinin üçü də yerdə zarıyırdı, hirsi bir balaca soyumuşdu, gözünə stolun üstündəki fotoaparat sataşdı, götürüb çırpdı yerə.

Əsgər Köynəkli Sürücü isə qolundan dartaraq yalvarırdı:

- Di gəl dana! Gəl aradan çıxaq!

Elə yalvarırdı ki, sanki polislər gəlsələr onu da tutacaqdılar.

Döydükləri hələ özlərinə gələ bilmirdilər. Çoxdandı belə ürəkdən heç kimi döyməmişdi, özünə ləzzət elədi, qolunu Əsgər Köynəkli Sürücünün əlindən çıxartdı, sonra dəsmalla əlinin qanını sildi, üst-başını çırpdı və heç nə olmamış kimi qayıtdı öz stoluna. Çayxanadakılar təəccüblə gah yerdə zarıyanlara, gah da ona baxırdı. Şahmat oynayanlar da dayanmışdılar.

Çayını içmək istədi, gördü soyuyub, çayçını çağırdı:

- Dostum, ordan bir çay gətir.

Əsgər Köynəkli Sürücü:

- Bu nə təhər adamdı, ə?!

***


- Rəis, uşaqlar bir nəfər tutub gətiriblər.

- Nə üstə?

- Şamaxinkadakı çayxanada üç jurnalisti döyüb.

- Kimi döyüb?

- Üç jurnalisti.

Rəis yerindən qalxdı, əllərini bir-birinə vurub şaqqanaq çəkdi:

- Nə bir edib! Bizi yığıblar boğaza! Hara jurnalistləridi?

- Rəis, bilmirəm. Amma çox şər adama oxşayırlar. Bayaqdan bəri zəng eləmədikləri yer qalmayıb. Qolos Amerika, Bibisi, Azadlıq, nə bilim ey, day hara. Bir qəhbə-şüvən salıblar ki! Hamısına da deyirlər ki, bizi iqtidar döydürüb.

- Qələt edirlər. Döyən kimdi?

- İki sudumisti var, üst-üstə iyirmi il yatıb.

- Neçə il?

- İyirmi il! Lap təzə çıxıbmış.

- Dava nə üstə olub?

- Bilmirik.

- Şahid var?

- Xeyr.


- Ə, o boyda çayxanada heç kim yox idi?

- Niyə yox idi, amma heç kim şahid durmaq istəməyib.

- Yaxşı. Əvvəl o jurnalistləri çağır.

Yurnalistlər sir-sifətləri dağılmış, üst-başları cırılmış halda hay-küylə girdilər içəri. Rəis birini o dəqiqə tanıdı, Avropanı suyoluna döndərən məşhur qəzetçilərdən idi, “zibilə düşdük” deyə bərk dilxor oldu. Yalançı bir hörmət göstərərək yerindən qalxdı. Biri hələ telefonla danışırdı:

- Bəli, bizi möhkəm döyüblər, fotoaparatımızı qırıblar...

Rəis:


- Ay yoldaş, o telefonu söndür. Söndür! Burdan çıxandan sonra nə qədər istəyirsən danışarsan. İndi əyləşin görüm nə baş verib.

Sir-sifəti Lap İt Gününə düşmüş:

- Heç özümüz bilirik ki?! Çayxanada oturub çay içirdik, o da qonşu stolda oturmuşdu. Özü də arxası bizə tərəf. Birdən yerindən qalxıb cumdu mənim üstümə, başladı döyməyə. Uşaqlar istədi mane olsunlar, onları da qatdı mənə. Sonra da sizin işçilər gəldi.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə