Dolu üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına! I fəSİL




Yüklə 0.61 Mb.
səhifə5/8
tarix23.02.2016
ölçüsü0.61 Mb.
1   2   3   4   5   6   7   8

----------------------------

Lit.az-Azərbaycanın ədəbiyyat portalı



DOLU

II Fəsil
***
Baş qaldıran başsız qalırdı, çarpaz atəşin altında qırılırdılar. Topun-tüfəngin səsi ölən və yaralananların bağırtısına qarışaraq tüklər ürpədirdi. Əzrayıl yuxarıdan dəhşətlə tamaşa edirdi. İnsanların onu da dəlik-deşik edəcəyinin qorxusundan aşağı yenməyə ürək eləmirdi, bir də ki, heç ona ehtiyac yox idi, insanlar özləri bir-birinin Əzrayılına çevrilmişdilər. Çox ağır döyüşlər görmüşdülər, amma bu heç birinə bənzəmirdi. Və bunu təkcə Komandir yox, uşaqlar da hiss edirdilər. Hiss edirdilər ki, bu onların son döyüşüdür. Və bu son döyüşdə hər kəs öz ölüsünü düşmənə daha baha satmağa çalışırdı.

Hələ ki Qarqar çayı qanlarının arasına girmişdi. Düşmən minanın qorxusundan texnikanı çayın içinə soxmağa ürək eləmirdi, əslində çayda mina-filan da yoxuydu. Yeganə körpüdə isə düşmənin iki tankı yanırdı - birini Komandirin özü vurmuşdu və yolu kəsmişdi. Bir neçə dəfə tankları yoldan çıxarmağa cəhd etsələr də, uşaqlar aman verməmişdi.

Düşmən bütün gücünü ortaya çıxarmışdı. Və Komandir görürdü ki, qarşılarındakı heç də indiyədək savaşdıqları həmişəki erməni batalyonları deyil, illərin təlimini görmüş nizami bir ordudu. Komandir də nəyi var ortaya tökmüşdü, amma başa düşürdü ki, damarlarında qan əvəzinə qəzəb axan bu uşaqlar Əzrayıl olsalar belə bu ordunun qarşısında duruş gətirə bilməyəcəklər.

Komandir neçə dəfə o biri batalyonlarla əlaqə saxlamaq istəmişdisə mümkün olmamışdı, telsizlər işləmirdi. Şəhərə xəbər gətirmək üçün gedən uşaqlar da elə bir xəbər gətirə bilmirdilər. Qarağacıya xəbər dalınca göndərdiyi Qeyrət Dağarcığı da qayıtmamışdı. Gələn xəbərlərdən bircə o aydın idi ki, düşmən üç istiqamətdən hücuma keçib. Savaş başlayandan ilk dəfəydi ki, düşmən bütün cəbhə boyu hərəkət edirdi. Niyyətləri açıq idi - şəhəri götürmək.

Əslində ermənilər bu niyyətlərini çoxdan ortaya qoymuşdular. Və batmaqda olan Dünyanın Ən Varlı Şəhəri nə vaxtdan “SOS” siqnalı verən okeanda tənha qalmış gəmi kimi idi.

Komandir özü də şəhəri kimi tənha qalmışdı: Eldar Bağırovu günün-günorta çağı Bakıda güllələmişdilər, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanla vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı “Qrad”la parçalamışdılar, sağ və sol əlləri olan Drakonla Pələng də artıq yox idi. Və indi batmaqda olan bu gəmini təkbaşına xilas etmək onun gücü daxilində deyildi.

Neçə vaxtıydı camaatı ruhdan salmaq üçün şəhərə bir şayiə də buraxmışdılar:

- Şəhəri satıblar!

Komandir uşaqlara demişdi:

- Belə sözlərə fikir verməyin. Hələ biz ölməmişik! Nə qədər biz sağıq, erməni bu şəhərə girə bilməyəcək.

İndi deyəsən həmin sağolmanın sonuydu. Komandir də bunu görürdü.

Hələ döyüşə girməmişdən həmişə dediyi sözləri yenə demişdi:

- Bax, deyirəm ha, kim qorxursa girməsin, döyüşdən qaçsa özüm güllələyəcəm. İndi getsə, qınamaram.

Onsuz da çoxdan nəfə yaşayan uşaqlar bir-birinə baxmışdılar və heç kim bir şirin canından ötəri, o canın da artıq elə bir şirinliyi qalmamışdı, min illik töhmətin altına girməmişdi.

Komandir:

- Qardaşlar! Bura bizim Çanaqqalamızdı! Day arxa yoxdu! Arxada ana-bacılarımızdı!

Və uşaqlar arxalarındakı ana-bacılarının Tanrının eşitmədiyi və ya eşitmək istəmədiyi dualarına söykənib sonuncu döyüşə girmişdilər. Arxadan kömək gəlməyəcəyi də gün kimi aydın idi. Komandir son ümidini təyyarələrə bağlamışdı. Təyyarələr isə gəlmirdi, xəbəri gəlirdi:

- Mingəçevirdən qalxıblar. Bu dəqiqə erməniləri şumlayacaqlar.

Xəbərlərdən iki saat çox keçmişdi, amma saat yarımlıq maşın yolunu təyyarələr bu iki saata gəlib çıxa bilmirdilər.

Artıq əli hər yerdən, hətta Tanrıdan da üzülmüş Komandir tez-tez hayqırırdı:

- Qardaşlar, arxada ana-bacılarımızdı!

Uşaqlar bu sözləri bütün səngər boyu bir-birlərinə ötürürdülər:

- Arxada ana-bacılarımızdı...

- Arxada ana-bacılarımızdı...

- Ana-bacılarımız...

Artıq onlara ana-bacılarının Tanrıya çatmayan duaları da kömək eləmirdi - düşmən güllələri bu duaları da dua sahibləri kimi qızıl qana boyamışdı. Torpaq oğullarının qanından çiçək-çiçək çiçəkləyib laləzar olmuşdu. Havadan gülün-çiçəyin, bu yaşıl zəmilərin, bu torpağın qoxusu gəlmirdi - qan qoxusu gəlirdi.

Şəhərdən xəbər gətirdilər:

-Ermənilər Qarağacını götürdülər. Əhmədavar yanır.

- Yeddiyüzdoqquz topun-tüfəngin götürüb qaçır.

Komandir dəli oldu:

- Necə yəni qaçır?!

- Qaçır də! Qaçır!

Komandir:

- Möhkəm dayanın, mən bu dəqiqə qayıdıram.

Qarağacı yoluna çıxanda dəhşətə gəldi - qoşun qaçırdı, özü də necə gəldi. Küçəyə tökülmüş camaat vahimə içərisində qaçan əsgərlərə baxır, kimi söyür, kimi qarğış edir, kimi ağlayır, kimi də uşaqlarının əlindən tutub üzüaşağı qaçırdı. Bəziləri isə bağıra-bağıra qaçan əsgərlərin qarşısını kəsməyə çalışırdılar:

- Sizə qurban olaq, bu arvad-uşağı qoyub hara qaçırsınız?!

Amma nə ağlayana baxan vardı, nə yalvarana. Yolun kənarında bir neçə atılmış texnika vardı. Tırtılı qırılmış bir tank da yolun kənarındakı evə girmişdi, həyətdə vay-şivən idi.

Maşınını öndə gələn BTR-in qabağına verdi və sıçrayıb düşdü, BTR az qalmışdı maşının belinə qalxa. Arxadan gələn texnikalar dayandı. BTR-dəkilər töküldü:

- Nə qayırırsan,ə?

- Canınıza azar qayırıram! Hara qaçırsınız?

-Görmürsən yer-göy dağılır?! Gələn erməni deyil ey, rus ordusudu.

- Döndərin beteerləri! Döndərin dedim!

BTR-dən düşən bir zabit onun üstünə yeridi:

- Çəkil yoldan! Ölmək istəyirsən can sənin, cəhənnəm allahın.

Əsgərlər də onun üstünə ayaqlandılar. Onu görəndən sonra bir az ürəklənmiş camaat da Komandirə qahmar çıxdı, tökülüb yolu bağladılar.

Komandir isə qabağına keçəni şapalaqlayıb çığırırdı:

- Dönün köpəyuşağı! Dönün! Yoxsa hamınızı cırıq-cırıq eləyəcəm!

Əsgərlərin başı üstündən bir qatar güllə buraxdı.

Bu vaxt bir “Niva” gəlib saxladı, maşından düşən polkovnik sərxoş gözləri süzülə-süzülə özündən razı halda dayandı Komandirin önündə:

- Mənim əsgərlərimi niyə döyürsən?

- Hara qaçırlar bu köpəyuşaqları?

- Yaxşı edirlər! Canınız çıxsın, gedin şəhərinizi özünüz qoruyun!

Ağlı başından çıxmış Komandirin mübahisə etməyə nə vaxtı vardı, nə hövsələsi, polkovniki boğazladı:

- Qaytar əsgərlərini geri!

Polkovnik yazılması mümkün olmayan yeddimərtəbəli bir söyüş söyərək əlini silaha atdı:

- Çəkil, ə!

Daha Komandir heç özü də bilmədi neylədi:

- Sənin...

Tətiyi çəkdi, güllələr polkovniki bükmələyib çırpdı indicə düşdüyü maşına. Polkovnikin vurulduğunu görən əsgərlər qorxub indi də ağzı geri qaçmağa başladılar.

Komandir sıçrayıb qalxdı BTR-ə, avtomatı dirədi sürücüyə:

- Dön geri, küçük!

Komandirin indicə gözünün qabağında polkovniki necə güllələdiyini görüb sarısını udmuş sürücü udqundu və BTR-i geriyə çevirdi.

Komandir BTR-in üstündə əllərini Qarağacıya tərəf yelləyə-yelləyə çığırırdı:

- Arxamca! Arxamca! Qardaşlar! Arxamca!

Bundan ruhlanan o biri BTR-lər də Komandirin arxasınca tərpəndilər. Camaatın içində əli silah tutanlar da qoşuldular geriyə qayıdan əsgərlərə.

Komandir bir az əvvəl söydüyü sürücüyə indi yalvarırdı:

- Sür başına dönüm, sür! Sür, sənə qurban olum, tez sür!

- Komandir, vallah, bundan bərk getmir.

- Sür, oğul, camaat qırıldı...

Bu an sanki Komandirin kürəyindən baltanın dalıyla vurdular, səsi də çıxmadı, bircə içini çəkə bildi...

***

Kürəsəl istilənmə bu camaat üçün vaxtından 20-25 il əvvəl gəlmişdi və göydən təpələrinə od tökülürdü. Və təpələrinə tökülən bu odun altında bəzən az qala saatlarla növbəyə durmaq ömürlərində növbə nə olduğunu bilməyən bu adamlar üçün əsl cəhənnəm əzabıydı.



Özlərinin də bilmədikləri, bəlkə də heç etmədikləri və ya başqalarının işlətdiyi və bunların ayağına yazılan hansısa günahlara görə Tanrı cəhənnəmi onlara bu dünyada göstərirdi, sadəcə olaraq qır qazanını tərsinə çevirmişdi və onları da yığmışdı bu tərsinə çevrilmiş qır qazanının altına.

Göydən tökülən oddan kölgələnməyə bir yer də yox idi. Bu od çadırı necə qarsıyırdısa alaçığa da girmək olmurdu ki, heç olmasa bir az toxtasınlar. Son zamanlar bir-iki artezian quyusu vurulmuşdu, təzə-təzə ağac əkməyə başlasalar da bu ağaclar hələ boy verməmişdi. Bir az imkanı olanlar bu cəhənnəm odundan az da olsa qorunmaq üçün çiy kərpicdən daxma tikib girmişdilər altına - belə daxmalar alaçıqlara nisbətən yayda sərin, qışda da isti olurdu. Əvvəl-əvvəl Çadır Şəhərinin yaraşığının pozulduğunu deyən sahiblər bunun əleyhinə olsalar da sonradan fikir verməmişdilər.

İlan-çayanın içində, göydən tökülən odun qarsdığı çadırın altında birtəhər yaşamağa öyrəşə bilsələr də - əgər buna yaşamaq demək mümkün idisə, bu növbəyə heç cür öyrəşə bilmirdilər. Qaçqın malı yeməkdən Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar nə qədər onları növbəyə alışdırmağa çalışsalar da xeyiri olmurdu:

- Ay qardaşlar, ay bacılar, ay camaat, növbəyə durun da! Bizi bu xaricilərin yanında biabır etməyin!

Amma kimə deyirsən, yenə növbə dağılır, basabas, səs-küy - həm Bordağa Bağlanmış Buğaya Dönən Məmurların, həm də özlərinin yayın tülyanında, qışın sazağında Avropadan iş-güclərini, arvad-uşaqlarını atıb onlara humanitar yardım gətirmiş bu humanist xaricilərin yanında biabır edir, Şərq mədəniyyətini gözdən salırdılar. Elə bil bunlar nizamilərin, füzulilərin qohum-əqrəbaları yox, hitlerlərin, napoleonların qohum-əqrəbalarıydılar.

Böyük Vətən Müharibəsi iştirakçıları yardım gələndə elə bilirdilər bayramdı, xeyir-şər kostyumlarını geyir, bütün orden-medallarını da sinələrinə taxıb gəlirdilər. Amma sonra yuxarıdan tapşırıq gəldi ki, yaxşı deyil, almanlar gələndə orden-medalları taxıb çıxmasınlar.

- Kişilərin sizə ürəyi yanır, durub o boyda yol gəlirlər ki, sizi ac qoymasınlar. Siz də Almaniyanı darmadağın edən o Qələbə medallarını taxıb fors edirsiniz.

Bundan sonra müharibə iştirakçıları xəcalət çəkdilər ki, nahaq o vaxt belə humanist bir xalqın paytaxtını dağıdıblar. Hətta bir dəfə Kefli Çapay bir almanı qucaqlayıb küçük sahibini yalayan kimi yalamışdı:

- Sənə də qurban olum, Hitlerə də!

Yaxşı ki, tərcüməçilər onun sözünü başqa cür tərcümə eləmişdilər.

Bu basabasda birinci qoluzorlular, ikinci qolu bir az zorlular, sonra qolu zorsuzlar, lap axırda isə əldə-ayaqda qalanlar yardım paylarını alıb dönürdülər göydən tökülən odun qarsdığı alaçıqlarına: iki kilo qənd, iki kilo şəkər, on litr neft, beş sabun, on beş kilo un və bir də bambalaca kağız kisələrdə beş ədəd gül-çiçək toxumu.

Bu gül-çiçək toxumu nədən ötrü idi, Allahın deyil, insanların yaratdığı bu cəhənnəmdə kimə və nəyə lazım idi, gül-çiçəyin içində böyüsələr də artıq gül-çiçəklik halları qalmamış camaat bunu başa düşə bilmirdi. Xəbərləri yox idi ki, bu gül-çiçək toxumu Bakıda qaçqınlar və imkansızlar üçün olmayan mağazalarda səkkiz, on, hətta on beş dollara satılırdı. Bir az gec də olsa axır ki bundan xəbər tutdular və başa düşdülər ki, xaricilər heç də onların fikirləşdikləri kimi o qədər də axmaq deyillər. Və bu gül-çiçək toxumu onların işinə əməlli-başlı yaramağa başladı.

Dünyanın məhvərindən çıxmayan vaxtı Bakıya qonaq gedəndə ətdən, toyuqdan, bir sözlə kənd matahından pay aparardılar. İndi bu gül-çiçək toxumu ən yaxşı paya çevrilmişdi. Bakıdan, Gəncədən sifariş sifariş dalınca gəlirdi. Bir az diribaşlar bu gül-çiçək toxumunun alverinə girişərək həm əməlli-başlı qazanmağa başladılar, həm də qaçqınlar və imkansızlar üçün olmayan mağazalarda gül-çiçək toxumunun satışına da böyük zərbə vurdular. Pullarını balta kəsməyənlər day gül-çiçək toxumlarını bahalı mağazalardan yox, bazarlarda qaçqınlardan almağa başladılar - qiymətinə görə yox, qaçqın soydaşlarına ürəkləri yandığın görə.

Amma Pələngin Anası bu gül-çiçək toxumunu alverçilərə satmırdı, gedirdi Ağcabədidəki şəhid qəbristanlığına və bu gül -çiçəyi Pələngin şəhid qardaşlarının məzarlarının ətrafında əkirdi. Bu toxumlardan elə qəribə, elə gözəl gül-çiçək çıxmışdı ki, ömürlərində ilk dəfə gördükləri bu gözəllik camaatı heyrətə gətirmişdi. Bundan sonra bu şəhərin də imkanlıları daraşmışdı Çadır Şəhərinə.

Hər dəfə Şəhidlər Xiyabanına gələndə Pələngin Anasını burda görən və bu gül-çiçəkləri onun əkib-becərdiyini bilən Başçı müavinindən soruşmuşdu:

- Bu hansı şəhidin anasıdı?

- Heç birinin. Onun oğlunun qəbri Qarağacıdadı.

Başçı kövrəlmişdi və demişdi:

- Ya bir ştat düzəldin, ya da cibinizdən ona maaş verin.

Amma Pələngin Anası maaşdan imtina eləmişdi:

- Sağ olun, bala, lazım deyil. Bunlar hamısı mənim Pələnglərimdi.

Yenə göydən təpələrinə od tökülürdü. Yenə göydən təpələrinə tökülən bu odun altında yardım maşınlarının qabağında basabas idi. Yenə Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar yalvarırdı ki, onları xaricilərin yanında biabır etməsinlər. Amma kimə deyirsən, xeyiri yox idi ki, yox idi! Özlərini də, bu yazıq Bordağa Bağlanmış Buğaya Dönən Məmurları da xaricilərin yanında biabır edirdilər.

Pələngin Anası da özlərini xaricilərin yanında biabır edənlərin arasındaydı. Əvvəllər bir neçə dəfə insanlardan hörmət və mərhəmət ümidiylə demişdi:

- Mən şəhid anasıyam.

- Burda kim şəhi

d anası deyil ki?!

Pələng kimi bir oğulu qurban gedən bir anaya bu qurbanlıq növbəsiz yardım almağa da yetmirdi. İlk vaxtlar bundan çox pərişan olsa da sonralar bu keçdi, heç kəsi qınamadı, gördü ki, yardıma möhtacların çoxunun balası onun Pələngi kimi qurban gedib.

Tanrı İbrahim peyğəmbərə oğlu İsmayılı qurban kəsməmək üçün qoç göndərmişdi, oğulları qurbanlıq olan bu analara isə səbr və göz yaşları.

Bu yardım bir adamı xoşbəxt edəcək olmasa da çox vaxt qulağı eşidə-eşidə deyirdilər:

-Bəxtəvər! Tək arvaddı, bir belə yardımı neyləyir?!

Və heç kim bilmirdi ki, bu bəxtəvər tək arvad aldığı yardımları Musanın Anasıgillə yarı bölür, onsuz da günün çoxunu onlarda keçirirdi. Musanın Anasının yeməyini bişirir, suyunu gətirir, Musanın Qardaşı evdə olmayanda altını atır, çimizdirirdi. Baş-başa verib ötən xoşbəxt günlərini xatırlaya-xatırlaya Əzrayılı gözləyirdilər. Əzrayılın da dövlətinin gəlhagəli idi, gül kimi sütül-sütül oğulları qoyub hay-hayları gedib vay-vayları qalmış, heç kimə, hətta özlərinə belə lazım olmayan bu qocaları neyləyirdi ki?! Əzrayılın yadından çoxdan çıxmışdılar. Allahın bir ucuz ölümü də onlar üçün mataha dönmüşdü.

Yalnız gecə düşəndə öz alaçığına gəlirdi. Yerinə girəndə Rəşid Behbudovun Pələngə bağışladığı papağı qoyurdu sinəsinə, ləzzətlə qoxulayırdı. Və səhərədək gözünün qabağına gətirmək istəyirdi - Pələngi necə çimizdirir, necə əlindən tutub məktəbə aparır, necə səhər-səhər döyüşə yola salır... Və bunları fikirləşə-fikirləşə xoşbəxt olurdu... Pələng yanındaydı, girmişdi qucağına, saçlarının qoxusunu hiss edirdi. Bu qoxusunu hiss etdiyi saçları tumarlaya-tumarlaya ona gözəl-gözəl nağıllar danışırdı. Gözəl-gözəl nağıllarla Pələngi yatırdıqdan sonra ona yaraşan qız axtarırdı. Amma bu boyda Çadır Şəhərində oğluna yaraşacaq bir qız tapa bilmirdi. Bircə o Tarix Müəlliminin qızı idi ki, onu da Musanın Anası gözaltı eləmişdi.

Kimsə Bakıdan gələn vəzifəlilərə demişdi ki, bu arvadda Rəşid Behbudovun çox qiymətli bir xəncəri var. Onlar da adam salmışdılar ki, xəncəri satın alsınlar.

- Nə qədər pul istəyirsən verirlər.

- Acından ölərəm, satmaram. O Pələngimin yadigarıdı.

Və xəncəri həmişə yastığının altında saxlayırdı. Musanın Qardaşına da demişdi ki, ölüb eləsəm bu xəncəri Komandir həbsxanadan çıxanda ona verərsən.

Gün doğanda gecənin o bütün xoşbəxtliyi qucağında yatmış Pələnglə birlikdə yox olurdu, bir cəhənnəm sabahı açılırdı. Bu sabahlar ona görə cəhənnəm sabahları deyildi ki, göydən od tökülürdü. Bu sabahlar ona görə cəhənnəm sabahları deyildi ki, gündə qırx dəfə rastlaşdıqlarından bir-birlərindən iyrənməyə başlamış, eyni yardımı yeməkdən artıq bir-birlərinə oxşayan və üzlərində bir qıça nur qalmamış insanları görürdü. Bordağa Bağlanmış Buğaya Dönən Məmurları görürdü. Bu payız ev-eşiklərinə qayıdacaqları yalanları eşidirdi. Bu açılan sabahlar ona görə cəhənnəm sabahları idi ki, bu sabahlarda bir belə insanın içində Pələng yox idi.

***


Gözlərini yavaş-yavaş açdı, amma heç nə görə bilmədi, ətrafa qatı bir zülmət çökmüşdü. Sonra bu zülmətin içində iynə ucu boyda işıq zərrələri göründü, zərrələr yavaş-yavaş böyüməyə başladı. Böyüdülər-böyüdülər, sonra onun gözlərini qamaşdıran bütöv və gur bir işığa çevrildilər. Gözlərinin bir də açılmayacağından qorxaraq bu gur işığa dözdü və kipriklərini də qırpmadı, bəlkə də kipriklərini qırpmağa taqəti yoxuydu. Bu gur işıq seli də bir xeyli çəkdi, sonra necə yaranmışdısa, eləcə də qeyb oldu.

İstədi başını qaldırsın, gücü çatmadı, elə bil başını yatağa mismarlamışdılar. Əvvəl-əvvəl ağappaq tavanı gördü, sonra istədi ətrafa göz gəzdirsin, amma baxışları zilləndiyi yerdən tərpənmədi, sanki baxışlarını da həmin nöqtəyə mismarlamışdılar. Ümumiyyətlə, heç nə hiss eləmirdi, don vurmuş adam kimi. Amma artıq donu açılırdı, bu don açıldıqca bədəninin giziltisini hiss eləsə də əl-ayağını hiss eləmirdi. Artıq yatağa mismarlanmış başının ağrısını da duymağa başladı. Bu ağrını duyandan sonra tavana mismarlanmış baxışları qopdu və ətrafı gəzməyə başladı. Yalnız indi yanında oturmuş həkimi gördü, tutmuşdu onun biləyindən. Amma bunu hiss eləmirdi və həkimin dediklərini də eşitməyə beynindəki uğultu imkan vermirdi. Həkimə baxdı, baxdı, sonra gözləri yoruldu və baxışları yenə qayıdıb tavandakı həmin nöqtəni tapdı və mismarlandı ora.

Onun şokdan ayıldığını görən həkim:

- Allah, sənə şükür, qurtuldu! - dedi və ağladı.

O isə neçə vaxtdı ayıla bilmədiyi yuxudan indicə ayılmasına baxmayaraq, günlərdi yuxusuz qalan adamlar kimi yatmaq istəyirdi, bütün giziltilərə, ağrılara baxmayaraq yavaş-yavaş gözləri yenidən yumuldu. Və ayılanda yadına sala bilməyəcəyi şirin bir yuxuya getdi. Yuxu o qədər şirin və gözəliydi ki, üz-gözündəki ağrı-acı bir anda çəkildi və yanaqlarına bir xoş təbəssüm qondu.

Həkim gördü ki, bu yuxu bir az əvvəlki yuxudan deyil, rahat bir nəfəs aldı və qalxdı ayağa, tibb bacısına dedi:

- Məndən icazəsiz heç kimi yanına buraxmayın.

Tibb bacısı:

- O müstəntiq neçə gündü kəsdirib qapının ağzını, ayılmağını gözləyir. Bayaq da zəng eləmişdi, yəqin indi gələcək.

- Qələt eləmişdi. Dedim yanına buraxmayın, vəssalam. Bir azdan ayılacaq, dərhal məni çağırın. Sizdən nə soruşsa mən gələnəcən cavab verməyin. Nə badə şəhər haqqında bir söz deyəsiniz.

***

Göydən od tökülürdü, o da bu göydən tökülən odun altında gözləyirdi ki, qoluzorlular, sonra bir az qoluzorlular, sonra qolu zorsuzlar və ən nəhayət, əldə-ayaqda qalanlara növbə çatanda o da öz neftini, sabununu, gül-çiçək toxumunu alıb dönsün, Musanın Anası bayaqdan onu gözləyirdi.



Neçə ildi eyni bozarmış kostyumu geyən Tarix Müəllimi Azərbaycana ilk dəfə gələn bu almanlara gül kimi təmiz Azərbaycan dilində Qarabağın kimin olmasını, ermənilərin Qarabağa neçənci əsrdə Rusiya imperiyası tərəfindən köçürüldüyünü sübut edirdi. Almanlar da başları ilə onun dediklərini təsdiqləyirdilər, bu da Tarix Müəllimini kövrəldirdi.

Yenə Böyük Vətən Müharibəsi veteranlarından biri özünün xeyir-şər kostyumunu geymişdi, bütün orden-medallarını da qurşağınadək taxıb gəlmişdi Yardım Bayramına. Yaxşı ki Bordağa Bağlanmış Buğaya Dönən Məmurlardan biri onu vaxtında görüb qabağını kəsdi:

- Ay ağsaqqal, sənə qurban olum, adama neçə dəfə deyərlər. Əşi, bu yardım almağa gələndə bu zir-zibilləri taxıb gəlməyin də!

Bu zir-zibilləri qazanmaqdan ötrü Mazdokdan Berlinədək piyada gedən və ayağının birini də bu yolda itirən ağsaqqal qorxa-qorxa dedi:

- Niyə, ay oğul? Bəs dedilər gələnlər yəhudilərdi?!

- Yox, ay ağsaqqal. Yəhudilər o biri Çadır şəhərinə getdilər. Bunlar nemeslərdi. Yəhudilər gələndə özüm sənə şəxsən xəbər edəcəm.

- Bağışla, ay oğul.

Bu zir-zibilləri qazanmaqdan ötrü Mazdokdan Berlinə piyada gedən və bu yolda bir ayağını itirən ağsaqqal xəcalət içində döndü alaçığına ki, bu zir-zibilləri çıxarsın.

Nəhayət, növbə əldə-ayaqda qalanlara çatdı, Pələngin Anası da yardımını aldı və alanda da soruşdu:

- Bunu kimlər gətirib, ay bala?

-Nemeslər, ay xala, nemeslər!

Pələngin Anası yaxınlaşdı həkim məntəqəsinin qabağındakı talvarın altında diqqətlə Tarix Müəllimini dinləyən qonaqlara, onlara çatanda yaşmandı, salam verdi və sonra:

-Ay bala, Allah eləməsin, siz nemes olasınız. Nemes budey bunlardı- dedi və Bordağa Bağlanmış Buğaya Dönən Məmurları göstərdi.

Qonaqlar soruşdular ki, xanım nə deyir? Qızarıb-bozarmış tərcüməçi udqundu və dedi:

- Heç, sizə təşəkkür edir!

Qonaqlar:

- Danke! Danke!

Pələngin Anası:

- Hə, düz deyirsiniz, danqıdılar.

***


Müstəntiq hansı polisə göstəriş versə də heç biri Komandirin qoluna qandal vurmaq istəmədi.

- Rəis, bəlkə lazım deyil?!

- Qandallayın!

-Rəis, o milli qəhrəmandı!

- Qandallayın, dedim!

Amma polislər yenə göstərişi yerinə yetirmədilər, biri əlindəki qandalı müstəntiqə uzatdı:

- Onda al, özün vur!

Müstəntiq:

- Nə deyirsən?

- Eşitdiyini.

Müstəntiq bağırdı:

- Sənin paqonlarını sökdürərəm!

Polis:

- Bağırma,ə! Sənin uşağın deyiləm! Bir yumruq vuraram, batırmadığın kol dibi qalmaz. - dedi, sonra çiynindəki paqonları hirslə qoparıb qandalla birlikdə atdı müstəntiqin üstünə, - Ala! Sox...



Və palatadan çıxdı.

Pərt olmuş müstəntiq gördü polislər üzlərinə dirəniblər, çox dərinə getmədi, əyilib yerdən qandalı götürdü və vurdu Komandirin qollarına.

Komandir bir qollarındakı qandala baxdı, bir pərtliyindən ağarmış müstəntiqə baxdı, bir başlarını aşağı salmış polislərə baxdı, heç nə demədi, başını buladı və düşdü utandıqlarından başlarını aşağı salmış polislərin önünə.

Bu vaxt həkim özünü yetirib dəhlizdə qarşılarını kəsdi və əsəbi halda müstəntiqə dedi:

- Siz neyləyirsiniz?

Pərtliyindən hələ rəngi üstünə gəlməmiş müstəntiq:

- İşə düşmədik?! Necə yəni neyləyirəm? Sizin vəzifəniz onu sağaltmaq idi, mənim də vəzifəm həbs eləmək. Vəzifəmi yerinə yetirirəm. Siz öz vəzifənizi yerinə yetirəndə mən sizə mane olurdum?

- Heç kim demir ki, vəzifənizi yerinə yetirməyin, amma o qandalları qolundan çıxardın. Cavan oğlansız, siz Komandiri tanımırsız, qaçmaq istəsəydi bura bir batalyon polis də gətirsəz qaçardı. Ayıbdı, çıxardın o qandalları.

Müstəntiq bu dəfə yazıq-yazıq:

- Həkim, buna qanun yol vermir.

- Nə qanun?! Bayırdan xəbəriniz var? Camaat sizi də, polisləri də tapdalayar. Çıxardın! Mən camaata demişəm Komandiri Bakıya müalicəyə aparırlar.

Müstəntiq daha bir söz demədi, Komandirin qollarındakı qandalı açıb verdi polislərə.

Və xəstəxananı tərk etdilər.

Komandir ayağını xəstəxananın qapısından bayıra qoyan kimi iynə atsan yerə düşməyəcəyi həyətdə alqış sədaları qopdu:

- Ko-man-dir!

- Ko-man-dir!

Komandir əlini sinəsinə qoyub onu alqışlayanlara başıyla təşəkkür elədi, sonra gözləri həyəti nə qədər axtardısa onu qarşılayanların içində uşaqlarından birini də görmədi, bərk dilxor oldu və mindi maşına.

Və Komandir yalnız indi, maşında onu həbsxanaya aparan polislərdən öyrənə bildi ki, batalyonun uşaqları son nəfərədək qırılıblar, amma geri çəkilməyiblər...

- Arxada ana-bacılarımızdı...

- Arxada ana-bacılarımızdı...

***

- İş tapa bildinmi, ay bala?



-Yox, ana. Hara gedirəm, bir şey çıxmır.

- Nə fərasətsiz uşaqsan, heç Musaya oxşamadın. A bala, bu boyda şəhərdə bir iş tapa bilmirsən?

- Ağlın öz şəhərimizə getməsin ey, bura balaca bir rayondu. On-onbeş idarə var, hərə də öz qohum-əqrəbasını yığıb başına. Deyirəm gəl çıxaq gedək Bakıya, getmirsən.

- Bakıda nə itim azıb, a bala? Demirsən bu gün-sabah evimizə qayıdırıq?

- Qayıdanda da qayıdacağıq da. Ya burdan qayıtdın, ya Bakıdan, nə fərqi?

- Fərqi çoxdu, burdan heç olmasa dağlarımız görünür. Yaxşı, biz getdik, bəs Pələngin Anası necə olsun? Tək arvaddı.

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə