Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə7/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   33
§1. QƏDİM AZƏRBAYCANIN İQTİSADİ HƏYATI,

TƏSƏRRÜFAT VƏ İQTİSADİYYATI HAQQINDA

TƏSƏVVÜRLƏR
Hər bir xalqın mövcudluğunu, inkişafını, mənəviyyatını, mədə­niy­yətini səciyyələndirən amillərdən biri həmin xalqa məxsus olan iqtisadi fikir və ideyalardır. Xalqın iqtisadi fikri onun yaşa­dı­ğı dövrün sosial-iqtisadi şəraitinin ifadəsidir. Azərbaycan xalqı­nın həyat tərzi, rastlaşdığı problem və çətin­liklər onun inkişa­fının nailiyyətlərini əks etdirir. Bu mənada iq­tisadi ger­çəklik necədirsə xalqın iqtisadi fikiri də o cür forma­laşmalıdır.

Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən qədim yazılı abidələrdən biri "Avesta"dır. Zərdüşti­liyin (zoroastrizmin) qanunlar toplusu olan "Avesta" bizim era­dan əvvəl X-VII əsrlərdə meydana gəlmişdir. Onu qeyd edək ki, Zərdüştilik üç prin­sipdə ifadə olunur: birincisi, xeyirxah fi­kirdir; ikincisi xeyir­xah söz; üçüncüsü də xeyirxah əməl.21

Bəşər həyatının Məzdə qanunları əsasında qurulması cəmiyyətdə xeyirxahlıq və ədalət qanunları əsasında qurul­ması deməkdir.

Azərbaycanda ilk sosial hərəkatlar olan Manihəçilik (III əsr), Məzdəkizm (V-VI əsrlər) və Xürrəmilər (VIII-X əsrlər) hə­rəkatlarının iqtisadi məzmunu hamı üçün mülkiyyət hüququ yaratmaq ideyası təşkil edir.

İslam dininin yaranması (VII əsr), onun qəbul olunması bütün şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının sosial-iqtisadi fikrinə öz dərin təsirini göstərmişdir.

Müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim" son­rakı iqtisadi fikirlərin, mütəfəkkirlərin iqtisadi baxışlarının əsas ideya mənbəyi kimi cıxış etmişdir. Torpaq üzərində mülkiyyət, ticarətə münasibət, əmək və əmlaka münasibət, vergilər, onla­rın mahiyyəti və əhəmiyyəti və digər iqtisadi məsələlər islam ideyaları əsasında və ya ona uyğun şəkildə şərh olunmuşdur.

Azərbaycan xalqı dünya xalqları içərisində ensiklopedik məz­munlu qədim yazılı abidələri olan xalqlardan biridir. Bu baxımdan "Dədə-Qorqud" qəhrəmanlıq dastanı və oradakı iqti­sadi ideyalar diqqəti cəlb edir. X əsrdə qələmə alınmış bu dastan III-VII əsrlərin real hadisələrini, böyük bir dövrün icti­mai həyatını, təsərrüfat ukladını öyrənmək baxımından əvəzsiz mənbədir.

"Dədə-Qorqud" dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır. Tədavül və yığım vasitəsi kimi istifadə olunur. Məlumdur ki, elmi baxımdan iqtisadiyyat, iqti­sadi münasibətlər ilk növbədə bir-biri ilə qarşılıqlı və üzvi əla­qədə olan istehsal, bölgü, mübadilə, istehlak proseslərinin məcmusudur. Bunların hamısı isə bilavasitə mülkiyyət müna­sibətləri, mülkiyyət formaları ilə bağlı­dır, üzvi qovuşmaqdadır­lar.

Onu da qeyd edək ki, "Kitabi-Dədə-Qorqud" dastanların­dakı ayrı-ay­rı anlayışlardan, ifadələrdən, məs., xan, bəy, nökər məfhumlarından, bəy­lərin çoxlu mal-dövlətə, köç sahələrinə malik olması haqqında söz birləşmələrindən məhsul (natural) rentasının mövcudluğundan xəbər ve­rən fikirlərdən məntiqi nəticə çıxarmaq olar ki, bəhs olunan dövr­də feodal səciyyəli sosial-iqtisadi quruluş və feodal mülkiyyəti hakim mövqedə olub. Tarixi məlumatlara görə həmin vaxt torpaq üzə­rində xan, bəy, iqta, mülk, vəqf, icma torpaq mülkiyyət formaları bərqə­rar imiş.

"Müsəlman", "məscid", "namaz", "tanrı". "nəzir", "dua", və s. isla­miy­yət­lə bağlı anlayışlardan nəticə çıxarmaq olar ki, bəzi mülkiyyət formaları islamiyyətdən sonra meydana gəlib və fəaliyyət göstərməyə başlayıb.22

Feodal səciyyəli mülkiyyət formaları ilə bərabər, şəxsi mülkiyyət, erkən çağlarda icma-qəbilə ukladlarının da mövcud olması yəqinliyi hasil edilir.

Dastanın oğuz tayfalarının o zamankı məşğuliyyətlərin­dən mötə­bər xəbər verilir. Orada maddi nemətlər istehsalının müxtəlif sahələri, təsərrüfat rəngarəngliyi, onların konkret strukturu, əmək bölgüsü və bunun aparıcı təmsilçisi olan ixti­saslaşma növləri aydın duyulur. Mötəbər məlumatlara görə ilk içtimai əmək bölgüsü tarixən Şərq aləmində baş verib. Bu isə vaxtı ilə cəmiyyətin, xalqların tərəqqisində bir amil olubdur.

Adam Smit özünün "Xalqların sərvətinin təbiəti və sə­bəbləri haqqında tədqiqat" adlı məşhur əsərində əmək bö­lgüsünü cəmiyyətin tarixi tərəqqisində coşqun təkanverici rola, bir katalizator mahiyyətli gücə malik olduğunu dərin elmi əsasla açıqlamışdır. Öz zamanı üçün tarixi tərəqqidə misli-bə­rabəri olmayan bu amilin əzəli beşiyi məhz Asiyada yaşayan tayfalar olmuşdur.

F.Engels "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mən­şəyi" əsərində ilk böyük ictimai əmək bölgüsünü orada yaşa­yan ən qabaqcıl tayfalarda meydana gəldiyini göstərir və bu­nun üçünün adını çəkir. Onlar­dan birinin də "Turanlılar" ol­duğunu göstərir. Məlum oldu­ğu kimi "Turanlılar"ın da ən öncül qollarından biri oğuzlar olub. Dədə-Qorqud dövründə isə bun­larda əmək bölgüsü və onun tərkibi zamana görə cox əhatəli olub. Bu da kənd təsərrüfatı sahəsində (o cüm­lədən, xüsu­silə heyvandarlıqda), habelə sənətkarlıqda öz konkret ifadəsini ta­pıb­dır. Bilavasitə, belə bir rəngarəng əmək bölgüsü ilə bağlı surət­də, o dövrün ictimai quruluşuna müvafiq olaraq kənd tə­sərrüfa­tının bəzi sahələri üstünlük təşkil etmişdir. Onların özlə­rində qoyun­çuluğu və atçılığı xüsusi olaraq artırmaq yolu ilə qoyunçuluğu, atçılığı, dəvəçiliyi, quşçuluğu, ovçuluğu təmsil edən neçə-neçə məhsul və məmu­latın adı çəkilir və bu sahə­lərə xüsusi diqqət verildiyi ifadə olunur. Çox təəssüflər olsun ki, o məhsulların bəzi­lə­rinin istehsalı artıq aradan çıxıbdır. Heyvandarlıqdan alınan məhsullar içərisində ən çox adı çəki­lən ət, qaxac, süd, qımız, pendir, qaymaq, qatıq, ayran və b. içkilər, yoğurt, yun, keçi qılı, quş tükü, dəri və s. idi.

Onu da qeyd edək ki, ictimai əmək bölgüsü obyektiv qa­nununa əsasən tacir həmişə ticarətlə, yəni alqı-satqı prosesi ilə məşğul olan peşə sahibinə deyilir. Dastanlarda tacirlikdən, ticarətdən, habelə onların xüsusi geyimləri barədə xəbərlər bəyan edilir. Yaxın Şərqin çox məşhur şəhərlərindən biri olan Bərdədən keçən ticarət və karvan yolları vaxtı ilə Dərbəndi, Tiflisi, Ərdəbili, şimal, cənub və şərq ölkələri ilə birləşdirdi. Gəncə, Beyləqan, Bakı, Təbriz, Marağa kimi şəhərlər ticarət və sahibkarlıq mərkəzləri sayılırdı.

Beləliklə, iqtisadiyyata, təsərrüfat sahələrinə, sənətkar­lığa, ti­ca­­rətə aid yuxarıda verilən şərhlər göstərir ki, "Kitabi-Dədə Qor­qud"un formalaşdığı və xüsusilə təşəkkül tapdığı bir şəraitdə mad­di nemətlərin təkrar istehsalı ardıcıl olmasa da az-çox genişlənmə prosesi ilə səciyyələnir.


§2. AZƏRBAYCANDA ORTA ƏSRLƏRİN İQTİSADİ

FİKİRLƏRİ VƏ İDEYALARI
Azərbaycan xalqının zəngin tarixi irsini, ictimai-iqtisadi fik­rini müasir tələblər baxımından tədqiq və təhlil etmək iqtisad el­minin və onun tarixinin başlıca vəzifələrindən biri hesab olun­malıdır. Müstəqil Azərbaycan Respublikasının iqtisadi fikir tarixinin sistemli şəkildə araşdırılması, öyrənilməsi iqtisadi fik­rin təşəkkülü və formalaşması baxımından müstəsna əhə­miyyət kəsb edir. Bu min illər boyu torpağına və digər sərvətlə­rinə sahib olan, əkinçilikdə, heyvandarlıqda, sənətkarlıqda ticarətdə öz məharətini göstərən, əmtəə təsərrüfatının təsiri altında yaşayıb yaradan keçmiş nəsillərimizin indiki dövr üçün də faydası olan iqtisadi həyat tərzinin aşkar edilməsi üçün də çox vacibdir. Bunu nəzərdə tutub Mustafa Kamal Atatürk deyir­di: "Tarixi yazmaq - tarixi yaratmaq qədər mühümdür. Əgər tarixi yazan tarixini yaradana sadiq qalmazsa, dəyişməz həqi­qət insanlığı çaşdırmaqdan ibarət olar".23

Orta əsrin iqtisadi fikirlərini öyrənərkən, ümumiləşdirmə­lər aparanda və nəticələr çıxaranda əksər hallarda keçmiş irsi­mizə müasir dövrün tələbləri ilə baxırıq. Böyük mütəfəkkirlərin fikir dünyasından indiki dövrümüzə nəzər salsaq görərik ki, onların elmi, ictimai-iqtisadi baxışlarının milli, ümumbəşəri dəyərləri ortaya çıxmış olur. Şərqin, o cümlədən Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış böyük filosof və mütəfəkkirləri­nin əsərlərində cəmiyyətin iqtisadi quruluşu və onun inkişaf qanunları haqqında irəli sürdükləri dəyərli nəzəri fikirlərlə qar­şılaşırıq. Məsələn, böyük Şərqin dünya şöhrətli mütəfəkkirlə­rindən Əl Fərabi (870-950), İbn Sina (980-1037), Abu Reyhan Biruni (XI əsr), Nizami Gəncəvi (1141-1209), Nəsirəddin Tusi (1201-1274), İbn Xəldun (1334-1406) bütün bəşər mədəniyyə­tinə böyük elmi töhfələr vermişlər. Bunların iqtisadi fikir sahə­sində də böyük xidmətləri olmuşdur.

Orta əsrlərdə bütün İslam Şərqində o cümlədən Azər­baycanda da elmin, mədəniyyətin iqtisadi və mədəni həya­tında da bir canlanma başlamışdır. Bu dövrdə iqtisadi fikir və təlimlər tarixi vüsətli təkamül və inkişaf yolu keçmişdir. Lakin elmi mənbələrdən göründüyü kimi "iqtisadi təlimlər tarixi" adı ilə ali məktəblərdə tədris olunan elmi kursda Şərq iqtisadi fikri üzərindən yan keçilmişdir. Keçmiş SSRİ dövründə mərkəzdə və digər yerlərdə hazırlanan dərs­liklərdə, çoxcildli kitablarda və proqramlarda Şərqin və eləcə də Azərbaycanın zəngin iqti­sadi fikir tarixinə ya heç yer verilməmiş, ya da çox qısa səciyyəli ifadələr, səthi məlumatlar verilirdi.24

Lakin, bu gün tarixi bir həqiqəti gizlətmək olmaz, ən qə­dim böyük dövlətlər və mədəniyyətlər Şərq ölkələrində, o cümlədən Azərbaycanda mey­dana gəlmiş və inkişaf etmişdir. Məsələn, qədim Şumerlərdə, Mi­sirdə, Mesopotamiyada, Türküstanda, Azərbaycanda meydana gəlmiş və təkamül et­mişdir. Həmin ölkələrdə iqtisadi hə­yat­da istehsalın ən qədim formaları olan əkinçilik, heyvandarlıq, suvarma sistemləri, sə­nətkarlıq, tiçarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalx­mışdır.

F.Engels qeyd edirdi ki, Asiyanın ən qabaqcıl tayfala­rında, arilərdə, semitlərdə, turanlarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf et­miş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə meydana gəl­mişdir. O, "Kapitalın III cildinə əlavədə yazır ki, "Əmtəə müba­diləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda, Misirdə bi­zim tarixdən azı üç və ya bəlkə də beş min il qabaq, Babilistanda isə dörd-altı min il qabaq başlanır".

Tarixi mənbələrdən görünür ki, Qədim Şərqdə, o çümlə­dən Azərbay­çanda orta əsrlərdə ictimai əmək bölgüsü və əm­təə mübadilə­sinin inkişafı erkən dövrlərdə ayrı-ayrı əmtəələrin ümumekvivalent rolunda çıxış etməsinə səbəb olmuşdur. Böyük şərqdə və eləcə də Azər­baycanda qaramal, qoyun və s. xüsusi bir əmtəə çıxış edərək mübadilə prosesində ümumek­vivalent ölçü vasitəsi kimi fəaliyyət göstərmişlər. Heç təsadüfi deyildir ki, bu günə kimi Azərbaycanda mal, əmtəə anla­yışları eyni anlamada ifadə olunur. Onlardan metal pullara tədricən keçilməsi də çox qədim dövrlərdən başlanmışdır. İndi ana di­lində işlətdiyimiz manat pul vahidinin adı da eramızdan əvvəl Bisutun qayalarında Mixi yazılarında "manat" kimi həkk olun­muş şərq dillərinə məxsus bir termindir. Məşhur dilçi azər­bay­canlı alim Ə.Dəmirçizadənin verdiyi təhlilə görə bu anlayış, söz, yəni "manat" çox qədim dövrlərdə "vergi", "xərac" məna­sını ifadə et­miş­dir. Bu an­la­yış tarixən pulla ödənilən vergini bildirən və təd­ricən pulun öz adını ifadə edən bir kateqoriya kimi işlədilməyə başlanmışdır. Son illər "moneta" termini kimi Avropa dillərinə uyğun­laşdı­rıl­mış həmin məvhum o xalqların dillərində geniş yayılmışdır.25

Göründüyü kimi indi bizim müstəqil respublikamızın mühüm rəmzi olan "manat" milli pul vahidi adını daşıyan pulun adı tarixən çox qədim zamanlardan şərq dillərindən gələn və iqtisadi həyatımıza daxil olmuş anlayışdır. Buna əsaslanıb qeyd etməliyik ki, "sikkə" termini əvəzinə dilimizin tələffüz qaydalarına daha uyğun gələn "moneta" sözünü işlətmək daha məqsədəuyğun olardı. Bunları xatırlat­maqda məqsədimiz bu­dur ki, ən qədim iqtisadi fikir və təfəkkürlər ümumiyyətlə Şərq­də və o cümlədən Azərbaycanda meydana gəlmiş və təka­mül etmişdir. Bunun nümunələrinə qədim Misirin papirus yazıla­rın­da (e.ə. III, II minilliklərdə), Babilistanda çar Xammurapinin daş üzə­ri­nə mixi yazıları ilə həkk olunmuş qanunlarında və s. bu kimi abidələrdən öyrənirik.

Heç təsadüfi deyildir ki, Ərəb dünyasının böyük mütəfək­kiri, fi­lo­sofu və sosioloqu İbn Xəldun (XIV əsr) özünün məşhur üç cildlik "Mü­qəd­dimə" əsərində Şərqin keçirdiyi tarixi ictimai-iqtisadi in­ki­­­şaf mərhələləri və onun qanunauyğunluqları haq­qında qiymətli elmi-nəzəri fikirlər yürüdülmüşdür. O, cəmiyyə­tin yaranmasının üç mü­­hüm mərhə­lə­lərdən: köçərilik, oturaq həyat və mədəniyyət mərhələ­sindən keçdiyini əsaslandırmış­dır.

İbn Xəldun cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasi­bət­ləri, qiymət qanunu, tələb-təklif və rəqabət qanunları haq­qında elmi-iqtisadi təfəkkürlərin əsaslarını yaradanlardan ol­muşdur. Bu həqiqətlə tanış olan A.Aniçkin Maksim Qorkiyə İbn Xəldunun iqtisadi məsələlərin həllində əldə etdiyi nailiyyətləri çatdırır. M.Qorki 1912-ci ilin 21 sentyabrında A.Aniçkinə yazır ki, "İlk dəfə iqtisadi amillərin və iqtisadi münasibətlərin rolunu XIV əsr alimlə­rindən İbn Xəldunun göstərmiş olduğu haqqın­dakı məluma­tınız sensasiyaya səbəb olmuşdur. Bu xüsusilə dostumuz V.İ.Lenində böyük maraq oyatmışdır". A.Aniçkin özü sonra bu münasibətlə yazmışdı: "V.İ.Lenin ərəb filosofu İbn Xəldunun iqtisadi amillərin rolundan bəhs edən "Müqəddimə" əsəri ilə çox maraqlanırdı. Lenin soruşurdu. Şərqdə bu qəbil­dən özgə bir filosof da yoxdurmu? " Deməli hələ orta əsrlərdə iqtisadi münasibətlər və onun qanunları haqqında açıq-aydın iqtisadi ideya və fikir yürüdən mütəfəkkirin bu baxışları təəccüb doğurmuş və "sensasiyaya" səbəb olmuşdur.26

Dünya iqtisadi fikir tarixinin araşdırılmasında və işıqlan­dı­rıl­masında mühüm rol oynayan İbn Xəldunu XIV əsrin Adam Smiti adlandırsaq səhv etmərik. O, "Müqəddimə" əsərinin ikinci cildində özündən 100 il əvvəl yaşamış böyük Azər­baycan mütəfəkkiri N.Tusinin adını dahi alimlər cərgəsində çəkir və onun sərbəst fikir yürütmək qabiliyyətindən bəhs edir.

Orta əsrlərdə Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Səlcuqi­lə­rin uzun müddət ərzində baş vəziri olmuş məşhur "Siyasətnamə" əsə­rinin müəllifi Nizamülmülkün (XI əsr) və Qazan xanın islahatla­rı­nın aparılmasında bilavasitə iştirak edən məşhur tarixçi "Cəmi ət-tavarix" (tarixlər toplusu) əsəri­nin müəllifi Fəzlullah Rəşid-əd-Dinin (1247-1318) iqtisadi və siyasi baxışlarının mühüm rolu olmuşdur desək səhv etmərik. Elə buna görə də Azərbaycanın müxtəlif dövrlərində yaşayan və dəyərli ictimai-iqtisadi fikirlər yürüdən, elmimizi və mədə­niyyətimizi zənginləşdirən mütəfəkkirlərimizin əsərlərini də­rindən araşdırmaq və öyrənmək tələb olunur.

Biz əvvəldə qeyd etdik ki, hər bir xalqın, o cümlədən Azərbaycan xalqının iqtisadi fikir və düşüncələri tarixi çox uzaq keçmiş­lərdən onların şifahi ədəbiyyatının nümunələrin­dən başlayır. Bu fikir və ideyalar çox zəngin tarixə malik olan türk xalqlarına, o cümlədən Azərbaycan xalqına da aiddir.

Məşhur türkoloq alim Lev Qumilyev "Qədim türklər" adlı əsərində yazır ki, "Altay dəmirçiləri yüksək keyfiyyətli dəmir­dən bir tiyəli bıçaqlar, yonucu baltalar, üzəngilər, cilovlar, duz, azca maili və geniş tiyəli qılınclar, ox və cida ucluqları, habelə ikicür-dəyirmi, asma qazanlar və üçayaq üstündə duran qa­zanlar hazırlayırdılar". Onun qeyd etdiyi kimi, yazılı mənbələrin verdiyi məlumat tam inamla məlum edir ki, "Türklər dəmirin sənaye üsulu ilə istehsalını Mərkəzi Asiyada mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxarıblar".

Bu gün türkləri xəbisliklə köçərilikdə ittiham edən, türkün zəngin iqtisadi və mədəni keçmişinə göz yuman balayanlar köçərilik mədəniyyətinin özünün də nədən ibarət olmasını başa düşmür və öz səthiliklərini, elmsizliklərini açıq biruzə ve­rirlər.

İbn Xəldun və ümumiyyətlə başqa elm korifeyləri, mütə­fəkkirləri bəşər cəmiyyətində insanların köçərilik həyatı sürməsini cəmiyyətin inkişafının zəruri bir mərhələsi hesab etmişlər. İbn Xəldun göstərir ki, "Köçərilik mədəni və şəhər həyatının əsasıdır və bütün insanların yerləşik həyat yaşama­sından öncə yaşadıqları və keçirdikləri bir dövrdür".27

Bütün bu deyilənlərə əsasən bir daha qeyd etməliyik ki, qədim dövrlərdə olduğu kimi orta əsrlərdə də iqtisadi fikir və ideyalar cəmiyyətin müəyyən tarixi inkişafının, onun iqtisadi şəraitinin ifadəsi kimi meydana çıxır, formalaşır və təkamül edir. Məlumdur ki, Azərbaycan xalqının iqtisadi fikir və tə­səvvürləri əzəldən başlasa da o orta əsrlərdə, xüsusən də XI-XIV əsrlərdə çox zəngin olmuş və təkamül etmişdir. Qədim əcdadlarımızın şüurlu əmək fəaliyyətinə, iqtisadi fəaliyyətə başladıqları anlardan orta əsrlərə və sonrakı mərhələ­lərə, bu günümüzə qədər öz tələbatlarını necə və hansı vasitələrlə ödəmək haqqında da düşünməyə başlamışlar. Lakin yazılı ədəbiy­yatın olmadığı dövrlərdə istehsalçı insanları ən çox düşündürən ət­raf təbii mühitin dərk edilməsi, bu mühitlə ünsiyyət, bəsit əmək alət­lərilə zəruri yaşayış vasitələri əldə etmək, təbiətdən qorunmaq üçün yaşayış məkanları seçmək, bir sözlə, "yaşamaq uğrunda mübarizə" məsə­lələri düşündürmüşdür. Həmin dövrdən bizə gəlib çatan əmək alət­ləri ilk insan nəsillərinin necə və nə istehsal etməsi, onların ümumi həyat şəraiti haqqındakı məlumatlar çağdaş dövrü­müzdə də iqtisad elminin, onun iqtisadi fikir tarixinin başlıca vəzifəsidir.

Buna görə də biz qədim Azərbayçanın iqtisadi həyatı, tə­sərrüfat və iqtisadiyyat haqqında təsəvvürləri, Azərbaycanda ilkin sosial hərəkat­ları (məzdəkilər və xürrəmilər hərəkatının iqtisadi tələbləri), orta əsrlərin iqtisadi ideya və fikirləri haq­qında mühakimələrimizi müxtəsər, bəsit iqtisadi təsəvvür və fikirləri öyrənməyin çoxlu mənbələri və oradakı iqtisadi fikirləri araşdırıb ümumiləşdir­mək üçün nəzərdən keçirilmiş, öyrənil­mişdir.

İndi də orta əsrin iqtisadi ideyalarını araşdırmaq və sis­temə salmaq üçün N.Gəncəvini, onun iqtisadi fikir dünyasını bütövlükdə dərk etmək, onun yaşadığı (XII əsr) ictimai-iqtisadi mühitə yaxından bələd olmaq tələb olunur.


§3. NİZAMİ GƏNCƏVİNİN "XƏMSƏ"Sİ VƏ İQTİSADİ

BAXIŞLAR SİSTEMİ
Nizami Gəncəvinin iqtisadi fikrini araşdırmaq və sistemə salmaq üçün onun fikir dünyasını bütövlükdə dərk etmək, ya­şadığı ictimai-iqtisadi mühitə yaxından bələd olmaq tələb olu­nurdu. Bunun üçün nizamişünaslığa dair əsas mənbələrlə ta­nış olmadan, fəlsəfi, əxlaqi və bədii görüşlərini öyrənmədən, onun "Xəmsə" boyu sənədləş­miş iqtisadi ideya və fikirlərini araşdırmaq çətin olardı.

Hər bir dövrdə mövcud ictimai-iqtisadi münasibətlərin mahiyyəti, iqtisadi anlayışlar, kateqoriyalar və prinsipləri nə dərəcədə dərk olunub səciyyələndirilməlidir. Əmək, əmək böl­güsü mübadilə, təcrübə, qiymət, pul, sələm kapitalı və s. kimi iqtisadi anlayışlara mütəfəkkirlərin münasibəti baxışları eyni ola bilməzdi. Bu da məlumdur ki, elm aləmində heç bir şair, yazıçı, ümumiyyətlə qeyri-peşəkarlar qarşılarına heç də bila­vasitə iqtisadi fikir və ideyalar yürütmək məqsədi qoymurlar. Məsələn, Nizami, Xaqa­ni, Nəsimi, Füzuli və b. nəhəng söz mütəfəkkirlərimiz böyük poetik əsər­lər yaratmaqla dünya şöh­rəti qazanmışlar. Lakin onlar qar­şılarına bilavasitə iqtisadi fi­kirlər söyləməyi məqsəd qoyma­mışlar. Lakin bu mütəfəkkirlə­rin əksəriyyəti öz dövrünün ictimai-iqtisadi münasibətlərinə, ziddiyyətlərinə də biganə qalmamış, öz əsərlərində az və ya çox dərəcədə ictimai-iqtisadi münasibətlər öz əksini tapmışdır.

Artıq XII əsrdə Azərbaycanda iqtisadi fikir və ideyalar özünün yüksək inkişaf səviyyəsinə çatmışdır.28 N.Gəncəvi (1141-1209) əmək və sərvət haqqında mükəmməl təlim yara­dır. Bu təlimə görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. Dahi söz ustası böyük mütəfəkkir şairimiz N.Gəncəvi əməyin yüksək nətiçələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması ideyasını hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması fikri, əmək adamının daima öz baçarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür.

Dahi mütəfəkkir alimimiz N.Gəncəvi alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsindən bəhs edir, tələb və təklifin əmtəələrin bazar qiymətlərinə təsirini aydın təsvir edir.

XII əsrdə N.Gəncəvi Azərbaycanda pul sistemi haqqında, ümumiyyətlə pulun sosial-iqtisadi təbiəti haqqında mükəmməl elmi fikir və təsəvvürlər yaradır.

N.Gəncəvinin "Xəmsə"sində səpələnən xüsusi forma və üsulunda ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasi­bətləri haqqındakı təsəvvürləri daha aydın nəzərə çarpır. Bu baxımdan onun irsinin tədqiqi göstərir ki, Nizami Gəncəvi çox zaman humanizm və demokratizmi dahi mütəfəkkirin iqtisadi ideyalarının da əsasını təşkil edir. Nizami Gəncəvi çox hal­larda əməyə, sərvətə, mübadiləyə, pula, bölgü və istehlaka öz əxlaq fəlsəfəsi mövqeyindən yanaşmışdır. Əmək və əməkçi surətləri (obrazları) demək olar ki, onun bütün əsərlərinin baş­lıca qayəsini təşkil edir.

İqtisad elmi ("İqtisadi nəzəriyyə" və onun tarixi) mövqey­indən yanaşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haqqında irəli sürdüyü ideyalar çox mütərəqqi və öz aktual­lığını itirməyən bir sistem halında ifadə edilmişdir.

M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami" əsərində "Şa­irin yaşa­dı­ğımız günlər üçün son dərəcə aktual və maraqlı olub siyasi iqtisadla bağlı mülahizələri" olduğunu qeyd edir. Bu mülahizə dahi Nizaminin "İsgəndərnamə"də ruslarda quru xəz dərinin pul rolu oynaması, onun "gümüşdən daha mötəbər" sayılması fikri ilə əlaqədar verilmişdir.

Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin nəzəri-iqtisadi ideya­ları onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiy­yə­tin ictimai-iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mən­bələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymət­li fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və s. haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiy­mətli töhfədir.

N.Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərin­dən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iq­tisadi fikir tariximizin ən qiymətli inciləridir.

N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoy­duğu vəzifəni "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə şərəflə yerinə yetirmişdir.

N.Gəncəvinin "Xəmsə"sində: "Sirrlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" kimi böyük əsərlərində özünün dünyagörüşünü, təbiət və cə­miyyətin inkişaf qanunauyğunluqları, onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirlərini poetik formada əks et­dirmişdir. O yazır: "Yeni tarixlərdən ziyadə Yahudi, Nəsrani (xristian) və Pəhləvi tarixini aradım...., hər dildə olan xəzinə­ləri topladım".29

Böyük mütəfəkkir şairimizin "Dünyanın ucqarlarına dağılmış kitabları, Ərəb və Dari dilində deyilmiş sözləri, Buxari və Təbərinin əlyazmalarını... müxtəlif evlərin (sarayların) xəzi­nələrində saxlanılan əsərləri topladım, öyrəndim, "nə qədər gizli və dərin elmlər vardırsa" hamısından xəbərdar oldum və varlıqların sirrini axtarmağa başladım".30

N.Gəncəvi öz yüksək bilik səviyyəsi və yiyələndiyi dillərin vasitəsilə Şərqin böyük mütəfəkkirlərinin: Əl Fərabi, İbn Sina, Biruni, Əl Kindi və başqa görkəmli alimlərin əsərləri ilə tanış olmuş, antik, hind və yunan fəlsəfəsini və mədəniyyəti mənim­sə­miş­dir. Buna görə də o dahi şair olmaqla yanaşı öz dövrünə qədər və öz zəmanəsində mövcud olan əsas bilik sahələrinə: tarix, fəlsəfə, məntiq, ilahiyyət, astranomiya, kimya, fizika və s. dərindən bələd olan və bunlardan bəşəriyyətin faydalanması üçün yollar arayan böyük mütəfəkkir alimdir.

N.Gəncəvinin əsərlərində insan, onun dünyada yeri və rolu, insanın insana, insanın cəmiyyətə və onu əhatə edən tə­bii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər əsas yer tutur. Onun nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, o öz dövrünün mühüm ictimai, iqtisadi və siyasi hadisələrinə, bu hadisələrin cərəyan etdiyi mühitə biganə qalmamışdır.

Dahi Nizami özünün dərin müşahidəçilik qabiliyyəti və elmi müşahidələri sayəsində XII əsrdə Azərbaycanda və ona qonşu olan ölkələrdə mövcud olan ictimai-iqtisadi quruluşun xarakterini və ziddiyyətlərini açıb göstərməyə çalışmışdır. Onun "Xəmsə"si əvvəl­dən axıradək yaşadığı dövrün ictimai, iqtisadi, sosial və mənəvi problemlərin həllinə, öz xalqının və bütün bəşəriyyətin əzab-əziyyət­dən, ictimai bərabərsizlikdən xilas olması məsələlərinə yönəl­dil­mişdir. O. keçmişdən danı­şarkən öz dövrünün ictimai quruluşuna və üsul-idarəsinə qarşı açıq və kəskin etirazlarını bildirmiş və cəmiyyətin gələcəyinə nikbin nəzərlərlə baxmışdır. Buna görə də N.Gəncəvinin yara­dıcılığı öz aktuallığını itirməmiş, bəşər sivilizasiyasına 900 ilə yaxındır ki, xidmət etmiş və indi də etməkdədir.

N.Gəncəvinin iqtisadi ideyaları onun Azərbaycan iqtisadi fikrinin inkişafında tutduğu yer xüsusi və geniş tədqiqat obyekti olmamışdır. Lakin bu mövzuda ilk təşəbbüsü unudul­maz görkəmli iqtisadçı alimimiz, respublikada mühasibat və təhlil nəzəriyyəsinin əsasını yaradan mərhum prof. Ə.Q.Fərəcovun 50-ci illərdə yazdığı bir neçə məqalə və 1956-cı ildə nəşr olunmuş «Nizaminin iqtisadi görüşləri haqqında»kı 50 səhifəlik kitabçası vardır. Görkəmli alimimiz Ə.Fərəcovun dahi mütəfəkkir şairimiz N.Gəncəvinin iqtisadi görüşləri haq­qındakı ilk təşəbbüsü təqdirəlayiqdir və Azərbaycan iqtisadi fikir tarixinin yazılması və öyrənilməsi üçün də əhəmiyyətlidir. Bunu da qeyd etməliyik ki, Ə.Fərəcovun əsərində N.Gəncəvinin iqtisadi görüşlərinin yalnız bir qismi işıqlandı­rılmış, onun iqtisadi hadisələr və proseslər haqqındakı elmi ideyaları tam əhatə olunmamışdır. Həmin kitabçada istər-is­təməz dahi Nizamiyə və onun iqtisadi ideyalarına yalnız mar­ksizm-leninizm metodologiyası baxımdan yanaşılmışdır. Buna görə də bütövlükdə Nizami irsinə və onun bizim üçün tədqiq olunması ən çox vaçib olan iqtisadi-nəzəri ideyalarına obyek­tiv və qərəzsiz yanaşılması yenidən müstəqillik qazanmış Azərbaycanımızın bazara keçid dövrünün başlıca tələblərindən biridir.

Bunu da qeyd etməliyik ki, N.Gəncəvinin «Xəmsə»sində səpələnən, xüsusi forma və üslubla ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyə­tin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın formada nəzərə çarpır. Buna görə də dahi mütəfəkkir şairimizin irsinin tədqiqi göstərir ki, onun humanizm və demok­ratizmi iqtisadi baxışlarının da əsasını təşkil edir.

İqtisadi-nəzəri və tarixi araşdırmalar mövqeyindən ya­naşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haq­qında irəli sürdüyü fikir və ideyalar çoğdaş dövrümüzdə də çox mütərəqqi və öz aktuallığını itirməyən bir sistem haqqında ifadə edilmişdir.

N.Gəncəvinin «Xəmsə»sindəki iqtisadi fikir və ideyalar yaşadığı dövrün ictimai-iqtisadi quruluşunun, ən çox feodalizm dövrünün tənqidi təhlili və ifadəsi kimi meydana çıxmışdır. O, ən çox feodal mülkiyyət formaları, ondan doğan ziddiyyətlər, vergi sistemi haqqındakı fikirlər öz əksini tapmışdır. Elə buna görə də şərq dünyasına məxsus xüsusiyyətlərə malik olan fe­odal mülkiyyət formalarına qısa nəzər salmadan N.Gəncəvinin bu sahədə irəli sürdüyü iqtisadi fikirləri dərk etmək çətindir.

Tarixi mənbələrdən göründüyü kimi Azərbaycanda (XII əsr) torpaq mülkiyyəti formaları haqqında çox müxtəlif və fərqli fikirlər mövcuddur. Bunu həmin dövrün ilk mənbələri əsasında araşdıran məş­hur şərqşünas alimimiz mərhum akademik Z.M.Bünyadov özünün «Azər­baycan Atabəyləri dövləti»31 adlı əsərində və redaktoru olduğu «Azərbaycan tarixi» (1994-cü il) kitabında torpaq mülkiyyəti haqqında verilən məlumatlar N.Gəncəvinin əsərlərində əks olunan fikirlərə uyğun gəlir. Bu mənbələrdən aydın olur ki, o dövrdə Azərbaycanda döv­lətə məxsus olan divan torpaqları, hökmdarların və onun sülaləsi­nin mülkiyyətində olan Xanədan (xass) torpaqları, keçmiş əsr­lərdə geniş yayılmış Atabəylər dövründə xüsusi formaları olan «iqta» şərti pay torpaqları iri feodalların əlində olan «mülk» (əmlak) adlandırılan torpaqlardır. Bununla yanaşı dini müəssi­sələrə, xeyriyyə cəmiyyət­lə­ri­nə məx­sus olan torpaqlar və kəndlilərin bölüşdürülüb becərdikləri icma torpaqları da mövcud olmuşdur. Hə­­min dövrdə şübhəsiz, bu tor­­paq­­ların əkilib becə­ril­məsində, məhsulların yığılmasında kəndlilərin və sənətkarların əməyindən geniş istifadə olunmuş, dövlət xəzi­nəsinin, şah, sultan sülaləsinin, əmirlərin və saysız-hesabsız məmurların, din xadimlərinin gəlirlərlə təmin olunması müasir formalarda tətbiq edilən vergi və ödənişlər vasitəsilə həyata keçirilmişdir. Bunu qeyd etmək kifayətdir ki, yalnız Atabəylər dövründə Azərbaycan əyalətinin verdiyi illik gəlirin məbləği 8,57 milyon abbasilər dinarı həcmində, aran və Muğan əya­lətlərindən isə 3 milyon dinar Atabəylər xəzinəsinə daxil olur­muş.32

Tarixi mənbələrdə və N.Gəncəvinin əsərlərində verilən məlumatlara görə o dövrdə vergilərin çox olduğu aydın olur ki, bu da vergilərin miqdarı, növləri və toplama formaları haq­qında müxtəlif fikirlər söyləməyə əsas verir.

Bu da məlumdur ki, Nizaminin yaşadığı dövr (XII əsr) Azərbaycanda və eləcə də Yaxın və Orta Şərq ölkələrində inti­bah (renessans) dövrü adlan­dırılmışdır. Bu dövr Şərqdə ondan xeyli əvvəl başlamış və N.Gəncəvinin yaşadığı XII əsrdə özünün ən yuksək inkişaf mərhə­ləsinə çatmışıdır ki, bu dövrdə intibahın ən böyük simalarından biri N.Gəncəvi olmuşdur. İnti­bah adlandırılan həmin dövr elmin, sənətin və mədəniyyətin geniş vüsət alması və çiçəklənməsi dövrü kimi səciyyələndiri­lir.

F.Engels «Təbiətin dialektikası» əsərinə yazdığı girişdə renessans deyilən dövrün ümumi cəhətlərini göstərir və onun dünyanın bir bölgəsində deyil, bəşəriyyətin keçdiyi tarixi inki­şaf prosesində müxtəlif ölkələrdə və regionlarda baş vermiş çevrilişlər kimi xarakterizə edir. Bunu nəzərdə tutub o yazır: «Bu, bəşəriyyətin o vaxta qədər gördüyü çətin çevrilişlər içəri­sində ən böyük mütərəqqi bir çevriliş idi, dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter cəhətdən kamillik və alimlik cəhətdən alimlər yetirən bir dövr idi».33

Yeri gəlmişkən bu dövr Şərqdən fərqli olaraq Avropada XV əsrin ikinci yarısından başlamışdır. F.Engels intibah dövrünü şəhərlərin inkişafı, ictimai-iqtisadi münasibətlərdə baş verən dəyişikliklərin yaranması ilə bağlı olduğunu qeyd etmişdir. Bu baxımdan da Nizaminin yaşadığı XII əsrdə Azər­baycanda şəhər həyatının yüksək və geniş miqyasda inkişaf etməsi və çiçəklənməsi dövrü olmuşdur.

Tarixi mənbələrdən məlum olur ki, XII əsrdə Azərbayca­nın Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Beyləqan, Bakı, Ərdə­bil, Marağa kimi şəhərləri sənətkarlığın, ticarətin və mədə­niyyətin inkişaf etdiyi mərkəzə çevrilmişdir.

Akad. Z.Bünyadov göstərir ki, «Azərbaycan Atabəylərinin hakimiyyəti dövrü ölkədə şəhər həyatının çiçəklənməsi əsridir. Bu dövrdə Azərbaycanın bir çox şəhərləri orta əsr sənətlərinin bütün növlərini özündə toplamış iri yaşayış məntəqələri idi. Şəhərlər həm daxili, həm də xarici ticarətin mərkəzi rolunu oy­nayırdı. Əgər Naxçıvan, Beyləqan, Təbriz və Şamaxıda 100 min və daha artıq, Gəncədə isə yarım milyona qədər əhali ya­şadığını nəzərə alsaq, onda aydındır ki, bu inkişaf kənd yerlə­rindən şəhərlərə əhali axınını tələb edən yüksək inkişaf etmiş çoxsahəli kustar sənayedə adamların sayının artması hesa­bına yaranırdı.34 Göstərilən şəhərlərin hər birində özünə məx­sus əmək alətləri və müxtəlif çeşidli istehlak şeyləri istehsal olunurdu. Tarixi mənbələrdən göründüyü kimi həmin dövrdə Azərbaycan şəhərlərində ən çox yun, ipək və kətan parçaları, müxtəlif növ geyim libasları, mis və şüşədən hazırlanan qab-qacaq, zərgərlik və musiqi alət­ləri və s. istehsalı geniş yayıl­mışdır. Bu dövrdə şəhərlərdə sənət­karlıq və ticarətin inkişafı ilə yanaşı memarlıq, mühən­dislik, nəqqaşlıq və rəssamlıq sə­nətləri də xeyli inkişaf etmişdir. Bu fikiri o dövrdə tikilən me­marlıq abidələrinin-məscidlərin, günbəzli hamamların, mədrə­sələrin, əzəmətli sarayların və b. kimi abidələrin də bizim dövrümüzə gəlib çıxan nümunələri də göstərir.

XII əsrdə Azərbaycan şəhərlərində əhalinin çoxalması əkinçilik, maldarlıq və sənətkarlıq məhsullarına olan tələbatın da artmasına səbəb olmuşdur. Bu dövrdə əmək bölgüsünün genişlənməsi, əmtəə-pul münasibətlərinin inkişafı və geniş­lənməsi üçün zəmin yaradıldı. Bazarların və bazar münasi­bətlərinin genişlənməsi ölkə daxilində və onun ayrı-ayrı əya­lətləri arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə sə­bəb olurdu, bu eyni zamanda Azərbay­canın xarici ticarət əla­qələrinin canlanmasına təsir edirdi. Azərbaycanın Şərqlə Qər­bin mühüm ticarət yolları üzərində yerləşdiyinə görə, bu onun həmin ölkələrlə ticarət əlaqələri yaranmasını asanlaşdırırdı. Azərbaycan tacirləri quru və dəniz yolları ilə Yaxın və Orta Şərqin, eləcə də avropanın bir sıra ölkələri ilə ticarət əlaqələ­rində fəal iştirak edirdilər.

N.Gəncəvi «Xəmsə»də daxili və xarici ticarət mənbələ­rinə, onların inkişafına və aparılması qayda-qanunlarına dair qiymətli fikirlər söyləmişdir. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara şərait və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edir. Həm də onların dükanlarını, mallarını oğru-quldurlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir. Bunu nəzərdə tutub yazır ki, «Bu çartı-bazarla mən necə dükan qu­rum ki, oğru-quldurdan amanda qalım. Kimin bu çartı-bazarda dükanı varsa, onu hər tərəfdən yarıb oğurlayıblar. Əgər oğru aparandan səs-səmir çıxmadısa, demək oğru tutan darğanın əli mala çatıb».35 Bununla da o, xarici ticarətlə məşğul olan tacirlərdən danışarkən yenə də onların hüquqlarının müdafiə olunmasını xatırladan, yollarda qarşılaşdıqları təhlükədən xilas olmaq üçün tədbirlər görülməsini vacib hesab edirdi.

N.Gəncəvi ölkələr və xalqlar arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin mütərəqqi yolunu düzgün qiymətləndirə­rək deyir ki, «Dünya al-ver siyasətində çiçəklənməyə başlan­mışdır».

Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin yaşadığı doğma Gəncə şəhəri o dövrdə Qafqazda deyil, həm də yaxın və Orta Şərqin ən böyük və sənətkarlığın, tiçarətin, mədəniyyətin yüksək inkişaf etdiyi mərkəzlərdən biri idi. 1139-cu ildə baş verən fəlakətli zəlzələdən əvvəl və şəhərin bərpa edilməsindən sonra onu görən və ya tarixi materiallara istinad edərək Gən­cə­ni təsvir edən tarixçilərin və səyyahların əsərlərində orada iqtisadi və mədəni həyatın yüksək inkişafından, gözəl tikililə­rindən, ətrafında göz oxşayan bağ-bağçalarından, əhalisindən, xoş və mülayim iqlimindən danışılır. O dövrün məşhur Ərəb tarixçisi İbn-əl-Əsir (1160-1234) Gəncəni Arranın anası və mərkəzi adlandırmışdır. O qeyd edirdi ki, 1139-cu ildə (sen­tyab­rın 30-da) Arranın da digər vilayətlərində baş verən dəh­şətli zəlzələdən ən çox dağıntıya və insan tələfatına məruz qalan şəhər olmuşdur. Bu zəlzələ nəticəsində təxminən 230 minə qədər insan, o cümlədən, Gəncə hakimi Qara Sunqurun 2 oğlu tələf olmuş və külli miqdarda saraylar, evlər dağılıb batmışdır.Bunlardan Müşdəsəsid Bəhruzə məxsus olan böyük istehkam, zəngin xəzinə və əmlak da dağılmış və xarabalıqlar altında qalmışdır.36

Tarixi faktlardan məlum olduğu kimi bu zəlzələdən üç il sonra dünyaya göz açan N.Gəncəvi onu ürək ağrısı ilə belə xatırlayaraq yazır: «Göyləri parçalayan o zəlzələdən yer üzündə şəhərlər qalmadı. O gün çoxlu xəzinənin bada getmə­sindən şənbə gecəsi Gəncəni yaddan çıxardı. O qədər qadın, kişi, cavan və cocuqdan ah-nalədən başqa ayrı səs çıxmadı… Torpaq suyun yolunu kəsdi. Lakin çox çəkmədi ki, «Bu ətraf­dan müsibət uzaqlaşdı, az bir müddətdə o viranə qalmış yer, onun hümməti ilə Rumdan da abad oldu».37 Doğrudanda dəh­şətli zəlzələ baş verən vaxt səyahətdə olan Gəncə hakimi Qara Sunqur geri dönür, şəhərdə sağ qalan və ətrafdan cəlb edilən əhalinin gücü ilə şəhəri qısa müddətdə bərpa etdirir və şəhər yenə də öz əvvəlki həyatına qaytarılır.

Həmin dövrü tədqiq edən tarixçilərin verdiyi məlumatlara görə Gəncə şəhəri özünün yüksək sənət növləri və sənətkarlıq ilə məşhur olmuşdur. O dövrdə Gəncədə mis və metal əşyalar, xüsusilə barama, onun emalı, ipəkdən hazırlanan paltarlar, at­las, pambıq parçaları və s. geniş istehsal edilir və başqa ölkə­lərə ixrac edilirdi. Hətta o dövrdə Azərbaycanın və Yaxın və Orta Şərqin digər ölkələrində sənətkarları özündə birləşdirən cəmiyyətlər və dərnəklər yaradıl­mış­dır. Belə cəmiyyətlər Gəncədə də fəaliyyət göstərirmiş.

F.Engels uzaq keçmişdə belə cəmiyyətlərin yaradılması­nın iqtisadi əsaslarını göstərərək yazmışdır: «Əvvəlcə şəhərlə kənd arasında, sonra isə şəhərlərin müxtəlif əmək sahələri arasında olan əmək bölgüsü sayəsində meydana gəlmiş yeni qruplar öz mənafeyini müdafiə etmək üçün yeni orqanlar ya­ratdılar, cürbəcür vəzifələr təsis edildi».38

Həmin dövrdə əxilər cəmiyyətləri də təxminən buna uyğun gələn təşkilatlardan biri olmuşdur. Məhşur ərəb səyyahı İbn Bətutə (XII əsr) Əxilər (qardaşlıq) cəmiyyəti haqqında yazmışdır: «Bütün dünyada Əxilər kimi kimsəsizlərə və yurd­suzlara bu qədər qayğı göstərən, acları doyuzduran, ehtiyacı olanlara kömək edən, zorakılığa qarşı çıxan, qəddar hökmdar­ları və onların nökərlərini öldürməyə hazır olan insanlar tap­maq mümkün deyildir».39 Onların da rəhbər tutduq­ları prinsip­lərin bir çoxu dahi mütəfəkkir şair N.Gəncə­vinin də sosial ədalət və ideyalarına yaxın idi. Buna görədə Əxillərin zəhmət­sevərlik, ədalət və bərabərlik uğrunda apardıqları mübarizəni Nizami bəyənir və təqdir edirdi.

N.Gəncəvinin doğulduğu və yaşayıb yaratdığı Gəncə şə­hərinin ictimai-iqtisadi və mədəni mühit haqqında daha aydın fikir yaratmaq üçün mərhum akademik Məhəmməd Cəfərin bir sıra səyyahların və tarixçilərin əsərlərindən gətirdiyi bəzi mə­lumatları göstərmək yerinə düşərdi. O, İbn-Hövlənin «Surətül-Ərz» əsərində verilən bu fikiri xatırladır ki, «Gəncə gözəl, bə­rəkətli, abad və cəmiyyəti çox olan bir şəhərdir. Onun əhalisi comərddir. Davranışları, rəftarları yaxşıdır. Qəribləri sevirlər, alimləri dost tuturlar». Hacı Zeynalabdin Şirvani isə «Büstanüs-siyahə» əsərində yazır ki, «Gəncə böyük və yaxşı şəhərdir. Suyu içməli, havası mülayim və gözəldir... Oradan çox mənfəət sahibləri çıxmışdır. Onlardan biri «Xəmsə» sahibi Şeyx Nizamidir.40 Həqiqətən də öz doğma şəhərindən kənara çıxmayan, Şərqin yaratdığı zəngin mədəni və mənəvi irsi mə­nimsəyən Azərbaycan xalqının və bütün türk aləminin dahi şairi və mütəfəkkiri N.Gəncəvi bu şəhərdən dünyaya nəzər salmış və onun görünən və görünməyən sirlərini açıb göstər­məyə çalışmışdır.

Beləliklə, dahi mütəfəkkir N.Gəncəvinin iqtisadi fikir və ideyaları, onun «Xəmsə»sindəki iqtisadi baxışları sistem ha­lında yaşadığı ictimai-iqtisadi quruluşun tənqidi təhlili və ifa­dəsi kimi meydana çıxmışdır. Onun bu sahədə söylədiyi fikir və ideyaların «Xəmsə»boyu səpələnmiş beyitlərdə, misralarda yaratdığı çox saylı obrazların deyimlərində iqtisadçıların adət etmədiyi bir tərzdə açıqlanır və nəticədə onun baxışları bir sistem halında müəyyənləşir. Buna görə də o dövrdə iqtisad elmi olmadığını, iqtisadi fikrin başqa elm sahələri tərkibində inkişaf etdirilməsini nəzərə alaraq dahi mütəfəkkir şair N.Gəncəviyə haqq qazandırmaq və qiymət vermək olar.

1   2   3   4   5   6   7   8   9   10   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə