Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə5/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33
§ 2. QURANİ-KƏRİMDƏ İQTİSADİ DƏYƏRLƏR
İslam - dini əqidə olmaqla, insanların həyat tərzini ni­zamlayan və tənzimləyən ictimai-iqtisadi, sosial-siyasi, hüquqi-əxlaqi, mənəvi-mədəni davranış qaydalarını əsaslandı­ran bütöv bir elmi sistemdir. Bu sistem öz zənginliyini Qurani-Kərimdən, Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən, əhli-beyt umanlarının fikirlərindən və böyük ilahiyyatçı alimlərin fitvala­rından (qərar və ya mühakiməli) ictihadları (müstəsna qərar) götürmüşdür. Qurani-Kərim Allahdan Həzrəti Məhəmmədə (s.ə.s.) 610-cu ildə Ramazan ayında nazil olunan sözlərin oxunması kimi 23 il ərzində yığılmış və islam dininin ən möh­təşəm, müqəddəs kitabına çevrilmişdir. Quran 114 surədən ibarət olub, müxtəlif qiraət variantlarına görə 6204 və ya 6236 ayəyə bölünür. 1.Əl-Fatihə (kitabı açan) surəsi müstəsna ol­maqla, Quranda surələr qısalma qaydası ilə düzülmüşdür. Su­rələrin ardıcıllığını bir-birindən "Bismillahir-Rəhmanir-Rəhim (Rəhimli, Mərhəmətli Allahın adı ilə) kəlamı ayırır. Yalnız 9.Ət-Tövbə surəsinin əvvəlində "Bismillahir" kəlamı işlədilmir. Bu­nun səbəbini müfəssirlər onun 8.Əl-Ənfal surəsinin adı olması ilə əlaqələndirirlər.18 Ən uzun surə 2.Əl-Bəqərə surəsidir, 286 ayədən ibarətdir. Ən qısa surələri isə 103. Əl-Əsr, 108. Əl-Kövsər və 110. Ən-Nəsr surələridir ki, hərəsi 8 ayədən ibarət­dir. Ayələrdə 1-dən 68-ə qədər söz vardır. Ümumiyyətlə, Qur­ani-Kərimdə 77934 söz mövcuddur. Qurani-Kərim Həzrəti Mə­həmmədə (s.ə.s.) birdən-birə deyil, hissə-hissə, ilkin olaraq Məkkədə, sonra Mədinədə vəhy edilmişdir. Allahın əmri ilə cənab Cəbrayıl tərəfindən Həzrəti Məhəmmədə (s.ə.s.) ayə-ayə çatdırılmışdır. Məkkə surələri ilkin olaraq həcmcə çox qısa olmuşdur. İlahiyyatçı alimlərin fikrinə görə, Quranın 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə nazil olmuşdur. Qurani-Kərimin göndərilməsinə işarə edilən ayədə göstərilir ki, "elmə ətraflı izah etdiyimiz kitab (Quran) gətirdik" (7.Əl-Əraf (sədd) surəsi, ayə 5). İslamın ən böyük möcüzəsi hesab olunan Quranın in­sanların, ətrafda baş verən bütün hadisələri elm və hikmətlə, ağıl və məntiqlə müşahidə etməyə istiqamətləndirməsidir.

İslam elmə varid olanları xüsusi qeyd edir. Bununla əla­qədar Qurani-Kərimi bilənlərlə, heç bilməyənlər eyni ola bi­lərmi? (39.Əz-Zümrələr surəsi, ayə 9). 2.Əl-Bəqərə surəsinin 247; 6.Əl-Ənam surəsinin 80-ci, 148-ci; 7.Əl-Əraf surəsinin 52-ci; 16.Ən-Nəhl surəsinin 27-ci ayələrində elmə və ona varid olanlara xüsusi üstünlük verilərək, onlara dünya və axirət üçün nəticə çıxartmağı göstərmişdir.

Qurani-Kərimdə insan azadlığına aid olan ayələrdə gös­tərilir ki, Allah insanı milliyyətindən, rəngindən, cinsindən asılı olmayaraq bərabər yaratmışdır. Qulu, köləni azad etmək, onun insani haqlarını bərpa etmək, ən ali mənəvi davranış qaydala­rına daxil olan, xüsusi, savabı böyük olan yaxşı işlərdəndir.

Mütləq mənada azad olan insan başqasına görə deyil, qarşılıqlı fəaliyyət nəticəsində bir-birilə hər cür qarşılıqlı müna­sibətdə bərabərşəkilli sərbəstliyi duymalı və görməlidir. Belə vəziyyət isə ədalətli davranışı əsaslandırır. Qurani-Kərimdə göstərilir: "Ölçüdə və çəkidə düz olun. Söz söylədiyiniz zaman qohumlar olsa belə ədalətli olun". (6.Əl-Ənam surəsi, ayə 152).

Göstərmək lazımdır ki, istər bu ayədə, istərsə də bu su­rənin 157-ci; 7.Əl-Əraf surəsinin 85-ci; 17. Əl-İsra surəsinin 35-ci; 26. Əş-Şuəra surəsinin 181, 182-ci; 55. Ər-Rəhman su­rəsinin 89-cu; 8. Əl-Ənfal surəsinin 69-cu; 14. İbrahim surəsi­nin 31-ci; 65. Ət-Talaq surəsinin 7-ci ayələrində göstərilən "Ölçü və çəki" bir tərəfdən düzlüyü, halallığı, təmizliyi əks et­dirsə də, onun rəmzi mənası daha çox ədaləti əks etdirir.

Digər tərəfdən, islam iqtisadi sistemində ekvivalent mal mübadiləsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar 4. Ən-Nisa surəsinin 29-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Qarşılıqlı edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüz-özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir". Yaxud, 7. Əl-Əraf surəsinin 85-ci ayəsində göstərilir: "Adamların mal­larının dəyərini azaltmayın". Göründüyü kimi, insanın mənəvi davranış qaydalarının formalaşdırılmasında müstəsna də­rəcədə onun iqtisadi fəaliyyətindən irəli gələn davranış qay­daları da xüsusi rol oynayır. Yalnız fəaliyyət göstərməklə, baş­qaları ilə təsərrüfat əlaqələrinə girməklə, insan həm mənəvi davranışının meyarını, həm də maddi fəaliyyət həddini müəyyənləşdirə bilər. Ona görə də Qurani-Kərimdə insanların nəsillər boyu əmək bölgüsünün dərinləşdiyi, mübadilə prose­sinin mürəkkəbləşdiyi şəraitində qarşılıqlı əlaqəyə girdikləri zaman adamların həm mənəvi, həm də maddi davranış qay­dalarını rəhbər tutmaq ardıcıl olaraq göstərilir.

Göstərilir ki, yer üzündə yerləşdirilən insanlar üçün hər cür dolanacaq vasitələri mövcuddur.

Adamlar hər cür zənginliyə, yeməyə, içməyə layiqdirlər. Lakin onlar hər cürə israfçılıqdan uzaq olmalıdırlar. "Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz". (7. Əl-Əraf surəsi, ayə 31).

İnsanların fərdi qabiliyyəti daxilində dövlət əldə etmək imkanı Quranda xüsusi qeyd olunur və göstərilir ki, "hərə öz qabiliyətinə görə iş görər" (17. Əl-İsra surəsi, ayə 84)

Deməli, insanlar qabiliyyətləri daxilində malik olduqları nemət və sərvətlərin xüsusi mülkiyyətçisinə çevrilməklə, on­dan yalnız istifadə edə bilər və sərəncam verə bilər.

İnsanların təbii sərvətlərə olan münasibətləri bərabərdir, orada hasil olunan nemətlər bütövlükdə xalqa, millətə məxsus­dur. Yeni iqtisadi sistemin formalaşması şəraitində bu islami iqtisadi prinsiplərin nəzərə alınması olduqca vacibdir.

Bununla əlaqədar göstərilir ki, "Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (is­rafçılıq, xəsislik, nankorluq etməyin, ehtiyacı olana şəriət qay­daları üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız" (20. Ta ha surəsi, ayə 81).

İnsanların sərvətlərə olan hərisliyini, tamahkarlığını nə­zərə alaraq islam iqtisadi sistemində zəkatın, sədəqənin, fitrə­nin verilməsinə xüsusi diqqət, əhəmiyyət və üstünlük verilir. Mal-dövlət yığıb saxlayan və müəyyən qənimətlərə sahib olanlara, Allah payını acizlərə, "yoxsullara" verməyənlərə ciddi cəza veriləcəyi göstərilir. (70. Ən-Məaric surəsi (pillələr), ayə 18; 8. Əl-Ənfal surəsi (qənimət, ayə 41)).

Əlbəttə, bu payın verilməsi müəyyən hədlə müəyyənləş­diyindən, qeyd olunur ki, "Allah heç kəsi özünün ona verdiyin­dən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra dövlət əta edər". (65. Ət-Talaq (boşanma) surəsi, ayə 7).

Eyni zamanda, əldə olunan nemətlərdən qohum-əqra­baya, yoxsullara, pulu qurtarıb yolda qalan müsafirlərə haqqın verilməsi zərurəti göstərilir. Lakin bununla yanaşı, hər cür israf­çılıqdan uzaq olmaq tövsiyə edir.

"Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan" (17. Əl-İsra "Gecə vaxtı seyr" surəsi, ayə 29).

Qurani-Kərimdə islam iqtisadi dəyəri kimi könüllü olaraq öz ehtiyacından artıq qalanını verməklə, insan ən yüksək ali davranışa malik olur və fərdi mənəviyyatı ucaldan prinsipi əldə edir. Quranda sədəqə ilə bağlı olduqca çox ayələr var. "Malla­rını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir to­xuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən var­dır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır". (2. Əl-Bəqərə surəsi, ayə 261).

"Sədəqə Allah yolunda canından keçərək yer üzündə hə­rəkət edə bilməyən yoxsullar üçündür" (2. Əl-Bəqərə surəsi, ayə 273). "Həqiqətən Allah sədəqə verənləri mükafatlandırır" (12. Yusif surəsi, ayə 88).

Qurani-Kərimdə pul tədavülü ilə əlaqədar ayələr göstəri­lir. Pulun sələmə, faizə, ribaya verilməsinin ən murdar, iyrənc və çirkin bir əməl olduğu qeyd olunur. "Allah sələmi məhv edir, sədəqələri isə artırır" (2. Əl-Bəqərə surəsi, ayə 276).

Müamilə, sələmlə bağlı məsələ Qurani-Kərimdə qətiy­yətlə pislənməklə yanaşı, o müsəlmanın iqtisadi davranış qay­daları üçün qadağan hesab olunur. Sələmin haram olması, in­sanlara bədbəxtlik gətirməsi Qurani-Kərimin 2. Əl-Bəqərə su­rəsinin 275-ci, 276-cı, 278-ci; 3. Ali-İman surəsinin 130-cu; 30. Ər-Rum surəsinin 39-cu ayələrində göstərilmişdir. Məsələnin mahiyyətinə iqtisadi nöqteyi-nəzərincə yanaşdıqda, aydın olur ki, belə bir hal həm ümumi tələbatı məhdudlaşdırır, həm pulu olanları fəaliyyətsizləşdirir. Həm işgüzarlıq meylini aşağı salır, həm də adamları bir-birindən ədalətsiz olaraq asılı edir. Eləcə də insanın insan tərəfindən istismarını dərinləşdirir, insan əx­laqını, etikasını və mənəviyyatını çürükləşdirir.

Qurani-Kərimdə iqtisadi dəyərlərlə tanışlıq göstərir ki, bu elmin elə problemi yoxdur ki, orada ona toxunulmasın. Bəlli olduğu kimi, iqtisadi təfəkkürün formalaşdığı və insan həya­tında dəyişikliklərin uğramasına aid elmi-iqtisadi anlayışların mahiyyətinə dair baxışlar əsasən Qərbi Avropada XVIII-XX əsr­də formalaşmışdırsa, lakin Qurani-Kərimdə onların anla­mına çox incəliklə toxunulmuşdur. İqtisadi davranış qaydala­rını, fəaliyyət həddini müəyyən edən bir sıra iqtisadi anlayışlar Qurani-Kərimdə ardıcıllıqla və əsaslandırılmış şəkildə veril­mişdir. Məsələn, nemət, mənfəət, xərc, ehtiyac kimi anlayışlar daha çox təkrarlanaraq, sədəqə, sələm, xeyir, borc, imkan, fərq, israf kimi anlayışların mahiyyəti, faydalılıq, müvazinət, müba­dilə, müxtəliflik, qıtlıq, fərq, rəqabət, zəngin, varlı, yoxsul, miskin, kölə kimi anlamlar göstərilir.

Qurani-Kərimdə islami prinsip kimi mövcud olan azadlıq, ədalət, bərabərlik, qardaşlıq kimi ifadələrin iqtisadi mahiyyə­tini əks etdirən mülk, seçim, borc, nizam, hədd, ölçü, çəki, haqq, əməl kimi anlayışlar göstərilir. İnsanların fəaliyyətini əsaslandıran çalışmaq, əmək, torpaq, sərmayə, vaxt, işgüzar­lıq kimi amillərin mahiyyəti də əks olunaraq, xüms, zəkat, həcc kimi vacib bədən ibadətinin zəruriliyi göstərilir.

Qurani-Kərimin surələrinə diqqət yetirərkən aydın olur ki, onun bir sıra surələrində bilavasitə iqtisadi dəyərləri əks etdi­rən xeyli ayələr vardır. Məsələn, 2. Əl-Bəqərə surəsinin 286-cı ayəsinin 86-da; 3. Ali-İmran surəsinin 200 ayəsinin 41-də; 16. Ən-Nəhl surəsinin 128 ayəsindən 31-də, Əl-İsra surəsinin 111 ayəsinin 16-da bilavasitə iqtisadi dəyərlərdən bəhs edilir. Bundan əlavə, 4.Ən-Nisa; 6.Əl-Ənam; 7.Əl-Əraf; 8.Əl-Ənfal; 9.Əl-Tövbə; 11.Hud, 20, Ta ha; 30. Ər-Rum; 31. Loğman; 39. Əz-Zumar; 41. Fussilət; 47. Məhəmməd; 51. Əz-Zariyat; 55. Ər-Rəhman; 57. Əl-Hədid; 70. Əl-Məaric surələrində 4-10 ara­sında ayələr vardır. Bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, Qurani-Kərimdə dini-mənəvi dəyərlərin ali davra­nış meyarlarını, eləcə də elmi gerçəkliyin müxtəlif sahə və isti­qamətləri ilə bağlı ayələri göstərməklə, eyni zamanda insanın dünyəvi həyat tərzini nizamlayan, tənzimləyən, maddi dəyər­lərlə bağlı davranış hədlərini, qaydalarını müəyyən edən ayələr də göstərilmişdir.

Qurani-Kərim bəşəriyyət aləmində, onun müqəddəs ayə­lərindən bəhrələnən insanların həyat yolunda sönməz və əbədi məşəldir.


§ 3. İSLAMDA İQTİSADİ MÜNASİBƏTLƏR SİSTEMİ
İslam iqtisadi fikrini müəyyən münasibətlər sistemi vasi­təsi ilə də izah etmək olar. Buraya hər şeydən əvvəl əmlak, mülkiyyət, torpaq, icarə, ticarət, maliyyə-kredit və bank işi ilə bağlı iqtisadi münasibətlər daxildir.

İslamda əmlak və mülkiyyət münasibətləri olduqca dərin, səlis və məntiqi-elmi ardıcıllıqla, mənimsənilmə, istifadə olunma və sərəncamvermə ilə bağlı prinsiplərlə müəyyənləşdi­rilmişdir. Şəriət vasitəsilə tənzimlənən əmlak və mülkiyyət hüquqları həm sahibolma prinsipini, həm sərəncamvermə, həm də istifadəetmə üsulunu əsaslandırır. Halallıq çərçivə­sində əmlakın əldə olunması və ondan faydalı istifadə olun­ması mülkiyyətdən istifadə olunması hüququ üçün çox tutarlı əsas yaratmışdır.

İnsan fəaliyyətinin müxtəlifliyi ilə bağlı olan və onlara ve­rilən nemətlərlə biri-birilə ünsiyyətə girənlər müxtəlif əmlak və mülkə malik olurlar. İslamda əmlak və mülkiyyətə olan müna­sibət hər şeydən əvvəl müxtəliflik əsasında meydana gəlir. 5. Əl-Maida surəsinin 48-ci, 32. Əs-Səcdə surəsinin 18-ci, 39. Əz-Zumər surəsinin 9-cu, 41. Fussilət surəsinin 34-cü ayələ­rində insan fəaliyyətinin müxtəlifliyi birbaşa göstərilir.

Lakin bu fəaliyyət müxtəlifliyi ilə bağlı olan əmlak müxtə­lifliyi insanların davranışında seçmə imkanları verməklə ondan faydalana bilir. Düzdür, 3. Ali-İmran surəsinin 26-cı ayəsində göstərilir ki, "(Ya Məhəmməd) De ki, Ey mülkün sahibi olan Allah. Sən mülkü istədiyin şəxsə verərək, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldar­san".

Lakin əmlak və mülkün səviyyəsindən asılı olmayaraq in­sanlar öz davranışlarında ədalətli olmalı və ondan istifadə et­məklə həm mənəvi, həm də maddi cəhətdən fayda götürməklə yüksəlməlidir.

Bir cəhəti qeyd etmək lazımdır ki, əmlaka görə müəyyən olunan iqtisadi münasibətlərin işlək mexanizmi, əmlak hüququ vasitəsilə tənzimlənən şəriət prinsiplərindən bilavasitə asılıdır. Eyni zamanda bu prinsipləri əsas götürməklə, konkret yerli şə­raitin xüsusiyyətləri nəzərə alınır.

Yəni əmlakla və mülkiyyətlə bağlı münasibətlər bəsit və donuq şəkildə deyil, daima inkişaf, dinamika şəklində götürülür. Məhz əmlak və mülkiyyətə görə islamda insanların nəfslərinin tənzimlənməsi diqqət mərkəzində durur.

Digər tərəfdən, islamda əmlak toxunulmazlığı əsas götürülür. Əmlak toxunulmazlığı o qədər ciddi məsələdir ki, hətta böyük ehtiyac duyulan hər hansı istahsal vasitəsindən, onun sahibinin icazəsi olmadan ona toxunmaq və ya istifadə etmək olmaz. Hətta qeyri-müsəlmanlar olsa belə onun əmla­kına toxunmaq islamda qəti qadağan edilir və əgər onun va­sitəsi ilə nə isə hasil edilib mənimsənilibsə, haram hesab olu­nur. Buna görə də əmlak ilkin olaraq xüsusi mülkiyyətin ən vacib təzahürü kimi ortalığa çıxır. İslamda birmənalı olaraq mülkiyyət toxunulmazlığı elan olunur və onun faydalı istifadə olunması təmin olunur. Şəxsi mənafeyin reallaşması əgər ilkin olaraq nəzərdə tutulursa, lakin onun cəmiyyət mənafeyinə uyğun olaraq istiqamət alması vacib cəhət kimi qeyd olunur. İnsan fəaliyyətinin hər cür fərdiçilikdən uzaqlaşdırılıb ictimai xarakter alması, cəmiyyətin dünyəvi inkişafının təmin olun­ması, humanizm prinsiplərinə yiyələnməsi əsasında forma­laşması meydana çıxacaq hər hansı bir iqtisadi münasibətin əsasının təşkil olunmasına üstünlük verir.

İnsanların istək və arzularından, əqidəsindən asılı olma­ya­raq malik olduğu mülkiyyət, ona sahibolma və istifadəsinə görə əmələ gələn münasibətlər islamda şəriət qanunları ilə möhkəmləndirilir. İslam iqtisadiyyatında əmlak və mülkiyyət­dən istifadə hüququ sərbəst xarakter daşıyır. Burada dövlətin rolu müşahidəçilikdən ibarətdir. Yalnız dövlət cəmiyyətin eh­tiyacını ödəmək məqsədilə müşahidə vasitəsilə insanların xüsusi mülkiyyətinə (mal ibadətinə, xüsusən zəkatın, xümsün, xəracın verilməsinə) nəzarət edir.

Dünyada ən demokratik, ən bəyənilən prinsiplərdən he­sab olunan müsəlman bölgü sistemi, əmlak və mülkiyyətlə bağlı meydana gələn münasibətlərin konkretləşməsinə çox ciddi və düzgün təsir göstərir.

Belə ki, əmlakın bölgüsü islamda vərəsəlik hüququ vasi­təsilə çox dəqiq həyata keçirilir. Bu, bir tərəfdən onunla bağlı olanların hamısının mənafeyinin qorunması, eləcə də ondan istifadə olunması ilə əlaqədardır. Burada hüquqi və iqtisadi münasibətlər qovuşaraq mənəvi, əxlaqi və sosial münasibətlə­rin inkişaf etməsinə səbəb olur. Yəni külli miqdar var-dövlət yığmağın həm aqibəti aydın olur, həm də onun çoxlarının sərən­camına daxil olma prosesinin zəruriliyi qeyd olunur.

Mülkiyyətin, eləcə də əmlakın formalaşması əsasında faydalı fəaliyyətin, həmçinin əmək sərfinin vacib cəhət kimi üstünlüyə malik olması əsas şərt kimi çıxış edir. Hətta ərlə ar­vadın əmlak hüququnda bu olduqca çox incə şəkildə nəzərdə tutulur. Əgər qadına verilmiş cehiz, zinət şeyləri və ya əmlak xarakterli digər vasitələr, eləcə də torpaq sahəsi, bina və s. bilavasitə onun sərəncamındadırsa, onda bunlardan istifadə olunma istiqamətini o, özü müəyyənləşdirir. Könüllü olaraq o, öz sərəncam vermək və istifadə etmək hüququnu ərinə verə bilər. Şəriətdə istər əmlakdan, istərsə də mülkiyyətdən zorla istifadə etmək tamamilə qadağan edilir. Hətta ən sadə görü­nən hər hansı bir əşyanın və ya məmulatdan sahibinin icazəsi olmadan istifadə etmək ən böyük qəbahət hesab olunur. Digər tərəfdən, bütün əmlak və mülkiyyətdən istifadə olunmaq məcburiyyəti mövcud vergi üsulları ilə, xüsusilə xüms vasitə­silə tənzimlənir. Əmlaka sahibolma, faydalı istifadəetmə, is­lamda mülkiyyətin əsas aparıcı forması olan xüsusi mülkiyyə­tin üstün rolu və daha səmərəli olması üçün dövlət mülkiyyəti­nin və vəqflər yolu ilə əmələ gələn ictimai təyinatlı mülkiyyətin formalaşmasına da geniş imkanlar yaranır.

İslam təlimində xüsusi mülkiyyətin iqtisadi əsası hər cür əmlaka və istehsal vasitələrinə sahibolma prinsipi ilə müəyyən olunur. Ona görə də xüsusi mülkiyyətin əmələ gəlməsi hamı üçün mümkün şəkil alır və mövcud cəmiyyət daxilində hökm sürən müxtəlif adət-ənənələrlə bağlı, şəriətdən kənar qoyul­muş qanunlarla onun səviyyəsi və ya miqyası müxtəlif olur.

İslam dünyasında torpaq və ondan istifadə olunması mə­sələsinə olduqca zəruri, toxunulmaz və müqəddəs bir nemət kimi baxılır. Bir tərəfdən torpaq, yalnız Ulu Yaradanın mülkiyyəti kimi qəbul edilir, digər tərəfdən ona təsərrüfat obyekti kimi sahibolma prinsipləri müəyyənləşdirilir. Mütləq mənada torpaq Allahındır. Lakin istifadəsinə, sahibolmasına, sərəncamverməsinə görə torpaq nisbi mənada mülkiyyət obyektinə çevrilir.

Torpaq və ondan istifadə, onun insan həyatında, davranı­şında, fəaliyyətində oynadığı müstəsan rol barədə Qurani-Kə­rimin 7. Əl-Əraf surəsinin 10-cu, 12. Yusif surəsinin 105-ci, 13. Ər-Rəd surəsinin 4-cü, 20. Ta ha surəsinin 53-55-ci. 77. Əl-Mursəlat surəsinin 25; 26; 79. Ən Naziat surəsinin 30, 31-ci; 80. Əbəsə surəsinin 24-32-ci ayələrindən çox asanlıqla faydalanmaq olar. Bu ayələrdə yer üzünün insan naminə dö­şənilməsi, onun sulanması, müxtəlif dənli, bitkili və meyvələrlə dolu sahələrin, tarlaların və bağların yaradılması, otlaqların və bitkilərin insanların sərəncamına verilməsi göstərilir.

Yer üzünün torpaq rəmzində müqəddəsləşməsi, onun in­san həyatının əzəli və axirət məkanına çevrilməsilə, hər cür sərvət və nemətin ilkin toplayıcı amili olması ilə, eyni zamanda onun "insanların anası olması" ilə bağlıdır. Həzrəti Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Yer üzünü məsh edin, o, sizə xeyirdir, bərəkətdir". Başqa hədislərdə Peyğəmbər (s.ə.s.) torpağı in­sanın anası (yəni onu yedirdən, içirdən, qidalandıran), insanı isə onun atası adlandırmışdır. Həzrəti Əliyə (ə.s.) "Əbu Turəb torpaq atası" deyə müraciət edərək, ona bu küniyyəni vermiş­dir.

Torpaq sahələrindən istifadə olunması, onların yararlı və­ziyyətə salınması, əldə olunan məhsulun razılaşdırılmış sazişə görə bölgüsü kənd təsərrüfatının inkişafına səbəb olan mühüm amillərdəndir.

Göstərmək lazımdır ki, torpağın ərzaq məhsulları əldə olunmasındakı həlledici rolu nəzərə alınaraq, onların məhsul­darlığı, suvarılması, vergiyə cəlb olunması nöqteyi-nəzərincə, şəriətdə onların kateqoriyalara bölünməsi əsaslandırılmışdır. Peyğəmbərin (s.ə.s.) sağlığında və onun vəfatından sonrakı dövrlərdə hökmranlıq etmiş dörd Rəşidi xəlifələrinin - Həzrəti Əbubəkrin, Həzrəti Ömər ibn Əl Xəttabın, Həzrəti Osman ibn Əffanın və Həzrəti Əli ibn Əbutalibin dövrlərində torpaq əsa­sən dörd kateqoriyaya bölünmüşdür.

Birinci kateqoriyaya əkin üçün yararlı olan torpaq sahələri aid edilir. İkinci kateqoriyaya torpaqdan istifadəyə görə hüqu­qunu qoruyub saxlamaq naminə islamı qəbul etmiş şəxslərin torpaqları daxildir. Üçüncü kateqoriya döyüşlər zamanı ilhaq edilmiş torpaqlardır. Dördüncüsü, xərac vergisi alınan torpaq­lardır. Torpaqların hər dörd kateqoriyası üçün onların yararlı vəziyyətə salınması, faydalı istifadəyə cəlb olunması, icarəyə verilməsi zərurəti mövcuddur.

İslamda həm vaxtı ilə əkilib-becərilmiş, sonralar satılmış torpaqların, həm də tam yararsız olan və heç kimin istifadə­sində olmayan torpaqların istehsal dövriyyəsinə cəlb edilməsi zəruriliyi qeyd edilir. Bu torpaqlar "ölü torpaqlar", "yararsız tor­paqlar" adlandırılsa da, lakin onların istifadəyə və yararlı və­ziyyətə salınması vacibliyi qeyd olunur. Belə torpaqların, is­lamda yararlı vəziyyətə salınması çox qiymətləndirilir. Burada torpağın həm yararsız vəziyyəti, həm də yaşayan əhalinin ictimai vəziyyəti üçün daşıdığı əhəmiyyət nəzərdə tutulur. Gələcəkdə kənd salmaq, biçənəklər, otlaqlar kimi istifadə oluna bilməsi zəruriliyi və s. ehtiyacların ödənilməsi müstəsna əhəmiyyət daşıyacaqsa, belə torpaqlardan istənilən şəxsin, aparıcı din xadimlərinin icazəsi ilə istifadə etmək hüququ var­dır.

Yararsız torpağı yararlı vəziyyətə salan, torpağın mülkiyyətçisinə çevrilir. Lakin Ərəb dünyasında torpağın məh­suldarlığı, yararlığı və suvarılmasına görə vəziyyəti olduqca məhdud olduğu üçün bütün torpaqlara nəzarət edilir və onlar­dan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır. Torpaq Allahındır. O, torpağı öz bəndələrinə dolanacaq vasi­təsi kimi bəxş edir. Burada 7. Əl-Əraf surəsinin 10-cu "Sizi yer üzündə yerləşdirdik və orada sizə dolanacaq vasitələri yarat­dıq. Siz isə olduqca az şükr edənlərsiz" ayəsi əsas götürülür.

Torpaq sahələrindən istifadə etmək və ehtiyacı ödəmək islamda, şəriətin müəyyən etdiyi qaydalar əsasında ya ali din xadimləri və ya dövlət başçıları tərəfindən icra edilərək həyata keçirilir. Çünki yararsız torpaqlar olsa belə onun üzərində mülkiyyət hüququnun bərqərar olması üçün dini hökm vacib şərtdir. Həm də belə vəziyyət torpağa görə özbaşınalıqların, çəkişmələrin, müxtəlif mənşəli savaşların son qoyulmasına səbəb olur.

İslam iqtisadi prinsiplərinə görə, əmlakdan tutmuş, ev əşyalarına qədər, torpaq sahəsindən tutumuş ev heyvanlarına qədər nə varsa, hamısının icarəyə verilməsi məqbul hesab olunur. Burada iki xüsusiyyət nəzərə alınmalıdır.

Birincisi, əmlakın və ya mülkiyyətin konkret sahibi olsun, ikincisi, qarşılıqlı razılaşma və anlaşma olsun. Hər iki şəraitdə qarşılıqlı faydalanma prinsipi əsas götürülür. Əgər tərəflərin hər biri belə şəraitdə faydalanmazsa, onda icarə məqbul he­sab olunmur. Bu məsələnin qoyuluşunun birinci aktı ilə bağlı­dır. Əgər tərəflər bir-birinin faydalana biləcək imkanlarının məhdudluğunu və ya yoxluğunu əvvəlcədən bilib, icarə müna­sibətinə girirlərsə, o, batil hesab olunur. Lakin əgər istifadə olunma şəraitində əmlakdan, heyvanlardan və s. yaxşı istifadə olunmayıbsa, o halda o icarə haqqını ödəməlidir. Çünki sazi­şin və ya müqavilənin bağlanması ağıllı, sağlam düşüncəli adamlar arasında aparıldığından risk etmək dərəcəsi nəzərdə tutulur.

İcarə və onunla bağlı iqtisadi münasibətlərin baş verməsi, bilavasitə əmlakdan, istehsal vasitələrindən, torpaq sahələrin­dən səmərəli və faydalanma əsasında baş verməlidir. Özü də belə şəraitdə aparılan hər hansı bir iqtisadi münasibət qarşı­lıqlı razılaşmaya, müqaviləyə əsaslanır. Əgər bir kəs evini, mağazasını, malını icarəyə versə, belə şəraitdə mütləq ondan konkret istifadə edən bilinməlidir. Konkret şəxs bilindikdən son­ra həmin şəxs öz icarədar hüququnu başqasına verə bil­məz. Çünki burada əsas razılaşan tərəflərdən biri mülkün sa­hibidir, o da yeni müqavilənin aparılmasında iştirak etməlidir. Əgər mülkü icarəyə götürən şəxs sahibin razılığını alandan sonra onu başqa şəxsə icarəyə verərsə, o, müəyyən təmir iş­ləri aparmalı və ya onun fəaliyyət dairəsini dəyişməlidir. Yəni mənzil kirayə edilib bir il ərzində istifadə olunmalıydısa, lakin ondan dərzi sexi kimi istifadə ediləcəksə, orada müəyyən əlavə xərclər çəkilməlidir. Əlavə xərcin çəkilməsi ilə əlavə qa­zancın əldə olunmasına nail olmaq olar. İslamda icarənin əsas məqsədi onun sahibinin fəaliyyət göstərməsi məhdudiyyətləri ilə onu başqasının sərəncamına verməklə əlavə gəlir, qazanc əldə etməkdir. Mülk sahibi mülkün istifadə olunmasına görə, icarədar və ya işgüzar şəxs isə fəaliyyətinə görə yaradılan əlavə gəlirdən pay almaq hüququna malik olurlar.

Ticarətin və pulun islam iqtisadiyyatında oynadığı rolun əhəmiyyəti barədə danışmağa xüsusi ehtiyac yoxdur. Ticarət mürəkkəb bir mexanizm kimi müxtəlif adamların, ölkələrin qar­şılıqlı əlaqəyə girməsinə səbəb olur. O, islam dini-mənəvi dəyərlərinin yayılmasının ən mühüm üsulu olmaqla yanaşı, is­lam iqtisadiyyatının inkişafının mühüm mənbəyidir. Ticarəti yalnız alqı-satqı obyekti kimi qəbul etmək səhv olardı. Çünki ticarət bir tərəfdən əmək bölgüsünə, xüsusi mülkiyyətə əsas­lanırdısa, digər tərəfdən ixtisaslaşmanın dərinləşməsinə, sa­hibkarlıq fəaliyyətinin əmələ gəlməsinə səbəb olurdu. Ona görə də ticarət şəbəkələrinin genişləndiyi bir şəraitdə onun ix­tisaslaşma sayəsində əldə edə biləcəyi böyük nailiyyətə xüsusi diqqət yetirmək lazımdır. Çünki ixtisaslaşma həm məh­suldarlığı, həm də gəliri artıran prosesdir.

Təsadüfi deyildir ki, XYIII əsrdən başlayaraq Qərb ölkələ­rinin sürətli iqtisadi inkişafa nail olmaları məhz müəyyən fə­aliyyət sferasında ixtisaslaşmalar hesabına baş vermişdir. Məhsuldar fəaliyyət istənilən məhdud görünən məhsulların əldə olunmasına səbəb olmuşdur. Eyni zamanda müxtəlif peşə sahiblərinin müəyyən vəzifənin həyata keçirilməsindən ötrü birləşməsinə şərait yaratmış, müxtəlif yenilik əmələ gətirmiş, bir qisim adamı əmək bölgüsünün yaxşı təşkilatçısına çevir­mişdir. Əmək bölgüsü adamların xüsusi keyfiyyətini (yeniliklik yaratmaq və təşkilatçılıq bacarıqlarını) üzə çıxararaq, onların yeni görünən mövqelərinin möhkəmlənməsinə səbəb olur. Adamların üzə çıxan qabiliyyətləri mövcud sfera daxilində tət­biq olunma imkanları tapıldıqca inkişaf etmişdir. Qərb ölkələri buna nail olmuş və dünyanın inkişaf etməkdə olan ölkələri də bu təcrübədən istifadə edə bilmişlər. Lakin müsəlman Şərq öl­kələrində yenilikçiliyin, təşkilatçılığın və təşəbbüskarlığın tət­biq dairəsi daima məhdudlaşdırılmışdır. Ona görə də müsəl­man ölkələrində ticarət ona xas olan inkişaf meylini üzə çıxara bilməmişdir. Ticarət indinin özündə yalnız alğı-satqı kimi qəbul olunur. Halbuki onun daxili gücü yenilikçilik, təşkilatçılıq, tə­şəbbüskarlıq qabiliyyəti ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinin əsas elementlərinin tətbiq dairəsi olmadıqda, o ixtisaslaşmanı nəinki dərinləşdirir, əksinə onun ətalətli xarakter almasına sə­bəb olur.

İqtisadiyyatda ixtisaslaşmanın rolunun nəzərə alınma­ması ləng inkişafı əsaslandırır, istehsalın səmərəliliyini azaldır. Aydındır ki, zəif inkişaf edən və geridə qalan ölkələrdə birdən-birə yüksək ixtisaslaşmaya keçidin tətbiq olunması heç də is­tənilən nəticəni verməz. Çünki ixtisaslaşma prosesi adamların ümumi intellektual, mədəni-texniki səviyyəsindən asılıdır. Əgər geridə qalmış ölkələr də avtomobilin idarə olunmasından ötrü kompüter mikrosxemini öyrənirsə, bu, onun heç də neft emalı zavodunda kompüterdə işləyən operator kimi ixtisas­laşması demək deyildir. Çünki peşələrin özü illər ərzində for­malaşır.

Təsərrüfat insan cəmiyyətinin, adamların fəaliyyətinin ay­rılmaz hissəsi olub, meydana gəldiyi gündən əmək böl­güsü­nün dərinləşməsinə səbəb olmuşdur. Lakin ticarət islam siviliza­siyasının meydana gəlməsində və formalaşmasında müstəsna rol oynamışdır. Ona görə də təsərrüfat fəaliyyətinin mühüm hissəsi olan ticarət, islam iqtisadiyyatında mərkəzi yerlərdən birini tutur. İslamın meydana gəlməsi və formalaşma­sı bilavasitə ticarət əlaqələrinin fasiləsiz olaraq getdiyi dövrə təsadüf edir. Ticarət və onunla bağlı məsələlər islamda çox incə şəkildə öz şərhini tapmış məşğuliyyət forma­sıdır. Lap keçmiş zamanlardan tutmuş, indiyə qədər Şərq dünyasını ticarətsiz təsəvvür etmək olmur. Bu baxımdan müsəlman dünyasında bazar anlayışı, alğı-satqı kimi görünən və ticarət əlaqələrinin getdiyi məkan kimi nəzərdə tutulur. Tə­sadüfi deyildir ki, indinin özündə də bazar sistemi çox vaxt sırf ticarətlə bağlı olan təsərrüfat məkanı kimi qəbul edilir.

Digər tərəfdən, Həzrəti Məhəmməd (s.ə.s.) gənc yaşla­rından başlayaraq Peyğəmbərlik dövrünə qədər ticarətlə məşğul olduğundan müsəlman dünyasında ticarət seçilən pe­şələrdən hesab olunurdu. Mövhumatın geniş yayıldığı dövr­lərdə islam aləmində elə hesab olunurdu ki, müsəlmanın yal­nız dini işlərlə və ticarətlə məşğul olması daha faydalıdır. Hal­buki Peyğəmbər (səs) buyurmuşdur: "Mənə mal toplamaq və tacir olmaq vəhy edilmədi. Mənə Rəbbinin şənini yay, səcdə edənlərdən ol və (ona) qulluq et" əmr edilmişdir.

Göstərmək lazımdır ki, ilkin olaraq Şərq mədəniyyəti Avro­paya məhz ərəb tacirləri vasitəsilə yayılmağa başlamışdır ki, bu da xilafətin 710-cu ilindən başlayaraq İspaniya və Sici­liyaya daxil olub və orada tədrici olaraq müsəlmanlığın yayıl­dığı dövrə təsadüf edir. X əsrə qədər Qərbi Avropa ölkələri ilə o qədər də böyük olmayan ticarət əlaqələri mövcud idisə,lakin bu dövrdə Fatimilərin hakimiyyət başına gələrək 969-cu ildə Misiri ələ keçirmələri ilə onun həcmi, xüsusən İtaliya ilə ticarət əlaqələri xeyli genişləndi. Orta əsrlərdə Qərbi Avropa ilə müsəlman dünyası arasındakı ticarət əlaqələrində əsas yeri (bəzi tədqiqatçılar XIX-XX əsrlərdəki müstəmləkə ticarəti ilə eyniləşdirərək göstərirlər ki, fərq yalnız ondan ibarət idi ki, Av­ropa müstəmləkələrin yerini əvəz edirdi) Avropa tuturdu. Avro­panın idxalında müsəlman dünyasından gələn istehlak şeyləri, ixracında isə xammal və qullar üstünlük təşkil edirdi.

Xilafətin Əməvilər dövründən başlamış Abbasilər dövrü ilə birlikdə özünəməxsus maliyyə-kredit sistemi fəaliyyət gös­tərmişdir. Bu sistem hər şeydən əvvəl müsəlman hüquq kon­sepsiyasının, eləcə də şəriətin maliyyə-kredit sistemində mövcud olan fikirlə əlaqədardır. Aydın olduğu kimi, ilkin isla­mın meydana gəldiyi məkanın özü və aparılan əsas təsərrüfat fəaliyyəti olan ticarət istər-istəməz külli miqdar mala və ya pula olan ehtiyacı artırmışdı. Lakin islam dövlət institutu for­malaşdıqca maliyyə-kredit sisteminin islam prinsipləri ilə uz­laşması və mövcud həyat tərzinə qovuşması prosesi getmiş­dir. Birmənalı olaraq faizin alınması və verilməsi Qurani-Kə­rimdə göstərilən ayələrə uyğun qadağan edilmişdir. "Allah alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir..." (2., 275). "Allah sələmi məhv edər, sədəqələri isə artırar" (2.Əl-Bəqərə surəsi, ayə 2. 276). Lakin islam insan əməyinin tətbiqi ilə əldə olunan mənfəəti halal buyurur. Mənfəət o şəraitdə mə­nimsənilə bilinər ki, onun əldə olunmasında mübadilə və is­tehsal prosesi getmişdir. Göstərmək lazımdır ki, ticarətin və istehsalın genişlənməsi islamda bəyənilən mühüm istiqamət olmaqla, eyni zamanda əldə olunan pul kütləsinin yığılıb sax­lanılması pislənilən cəhət kimi nəzərdə tutulmuşdur. Ona görə də islam ölkələrində ticarətin genişlənməsi, onun pul resursları ilə qovuşmasını təkidlə qarşıya qoymuşdur.

Ticarətin və pul resurslarının birləşməsi, şəriətə əsasən hər iki tərəfin qarşılıqlı razılaşması əsasında "pulun və əməyin" qovuşması baş verə bilər. Burada mübadilə prose­sində iştirak edənin ixtisası, səriştəsi, işgüzarlığı əsas götürülərək, pula olan ehtiyac müəyyən edilir. Pul sahibi işgü­zar şəxslə razılaşaraq birlikdə fəaliyyət göstərir. Əldə olunan mənfəətin səviyyəsi, əvvəlcədən müəyyənləşmə prinsipi əsas götürülmür. Aparılan ticarət fəaliyyətindən, mübadilə prosesin­dən asılı olaraq mənfəətin səviyyəsi müəyyən edilir. Ondan sonra isə qarşılıqlı razılaşma müqaviləsinə (sazişinə, siğə­sinə) əsasən mənfəətin bölgüsü baş verir. Belə şəraitdə tica­rətlə bağlı bütün məsrəflər nəzərə alınaraq, mənfəətin ümumi məbləğindən çıxılır.

Hər şəriatdə iqtisadi aktivlik amili kimi çıxış edən kredit münasibətləri islamda xüsusi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: ". . . (Ya Məhəm­məd) qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şid­dətli bir əzabla müjdələ!" (9. 34). Bu o deməkdir ki, qızıl və gümüş, eləcə də valyuta və kağız pulların dəfinə kimi saxla­nılması günah olmaqla yanaşı, eyni zamanda onun sahibi bir sıra vacib görünən fəaliyyətini məhdudlaşdırmalı olacaqdır. Əvvəla, o, mübadilə prosesindən pul resurslarını çıxartmaqla, məcmu tələbi məhdudlaşdıracaq. İkincisi, məcmu təklifin ar­tımı prosesinin qarşısını alacaq. Üçüncüsü, pulun xərclənməsi ilə əlavə gəliri əldə etmək mümkünlüyü olduğu halda və ondan müəyyən qədər ehtiyacı olanların mənafeyinə uyğun istifadə oluna biləcəyi halda, ondan heç nə əldə olunmur. Dördüncüsü, pul sahibi həmin vəsaitini mal ibadətinin, xüsusən zəkat, xüms verilməsinə cəlb etmir. Beləliklə, fərdi fəaliyyətlə bağlı yığım prosesi ictimai rifahı nəinki yaxşılaşdırır, əksinə onu tədricən məhdudlaşdırır. İqtisadi fəaliyyətə cəlb olunmayan pul resurs­larının məbləği artdıqca cəmiyyətdə həmişə yoxsullaşma pro­sesi dərinləşir və xroniki hal alır.

Göstərmək lazımdırk ki, orta əsrlərdən başlayaraq müasir dövrə qədər müsəlman ölkələrində demək olar ki, pul-kredit münasibətləri şəriətin hökmünə əsasən uzun müddət dəyişil­məz qalmışdır.

Lakin dünya kapitalist iqtisadiyyatının meydana gəlməsi, sivil bazar sisteminin formalaşması, beynəlxalq bazarın tə­şəkkülü islam pul-kredit sisteminin hərəkətə gəlməsinə səbəb oldu. Yəni müsəlman Şərqində neft-dollar mənbələrinin art­ması pul-kredit münasibətlərinin dinamik xarakter daşımasına təsir göstərdi. Eyni zamanda bir sıra müsəlman ölkələrində, xüsusən Misirdə, Pakistanda, Türkiyədə kapitalist iqtisadiyya­tına olan meylin güclənməsi borc kapitalına olan ehtiyacın artmasına gətirib çıxardı. Lakin faizin əldə olunmasına görə qadağaların hökm sürməsi istər-istəməz ona yeni yanaşma yollarının axtarılmasına səbəb oldu.

Nəticədə bir qisim müsəlman ilahiyyatçı alimləri faizin haram olmasına yeni baxışla yanaşmağa cəhd göstərməklə, onu modernləşdirmək istəyirdilər. Digərləri isə şəriətin müəyyən etdiyi qaydalar əsasında bank sisteminin yaradılma­sına cəhd göstərirdilər. İkinci istiqamət artıq öz bəhrəsini İs­lam İnkişaf Bankı timsalında vermişdir.

İslam bank sistemi birmənalı olaraq bu və ya digər layi­hənin həyata keçirilməsi üçün faizsiz kreditləşməni həyata ke­çirir. Bununla yanaşı, xarici ticarət əməliyyatlarını maliyyələş­dirməklə əldə olunan mənfəətdə iştirak edir. İstər faizsiz kre­ditləşmənin aparılmasında, istərsə də mənfəətdə iştirakda əldə olunan pay əməliyyatların sonunda müəyyənləşdirilir. Bir qayda olaraq banklar daha çox ticarətlə bağlı idxal-ixrac əmə­liyyatlarını maliyyələşdirirlər. Burada onların əməliyyatda işti­rak etməklə əldə olunan mənfəətin payı faiz kimi deyil, ticarət mənfəəti kimi görünür. İslam bankının klassik bank sistemin­dən fərqi onun mənfəətdən əldə etdiyi payın aparmış olduğu əməliyyatların sonunda müəyyən etməsi ilə əlaqədardır. Belə­liklə də, o, əvvəlcədən müəyyən edilən faizdən, ribadan, sə­ləmdən tam uzaqlaşa bilir.


1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə