Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə30/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   33
§2. XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ MARKSİST İQTİSADİ TƏLİMİNİN AZƏRBAYCANDA YAYILMASI

VƏ İQTİSADİ ƏDƏBİYYATDA ŞƏRHİ
Tarixi inkişafın bu mərhələsi artıq keçilmiş bir yoldur. Onun məzmunu, sosial-iqtisadi inkişafda olmasına dair fikirləri mövcuddur. XX əsrin 20-30-cu illərində Azərbaycanın iqtisadi fikir tarixində marksist iqtisadi təliminin də özünəməxsus yeri vardır.

Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu ilk dövr, yəni 20-30-cu illər onun iqtisadi fikir tarixinin ayrılmaz tərkib hissəsidir. Bu dövrdə Azərbaycanın həyatının bütün sahələrində - iqtisadiyyat, elm, mədəniyyət və incəsəntdə böyük dəyişikliklərin baş verməsi ilə səciyyələnir. Müəyyən mənfi meylləri və nəticələri ilə bərabər 20-30-cu illərdə Azərbaycanda iqtisad elminin inkişafında, milli iqtisadçı kadrların hazırlanmasında, iqtisadi təfəkkürün formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edir.

Bu dövrdə Azərbaycanda başlanğıcı ADR dövründə qoyulmuş iqtisadi təmayüllü elm və tədris ocaqlarının meydana gəlməsi işi geniş vüsət almışdır. Belə ki, 1922-1923-cü illərdə Azərbaycanda M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun nəzdində iqtisad fakültəsi açılır və onun yanında iqtisadi tədqiqatlar aparan "Elmi iqtisadi cəmiyyət" də fəaliyyət göstərməyə başlayır.

1928-ci ildə isə Azərbaycan Dövlət Universitetinin nəzdində iqtisad fakültəsi və Sosialist Uçotu İnstitutu, 1930-cu ildə isə Azərbaycanda Sosial-İqtisad İnstitutu təşkil olunmuşdur. Yenə həmin illərdə Ticarət və Kooperasiya İnstitutu, Sovet quruculuğu və Hüquq institutları fəaliyyət göstərməyə başlayır. 1937-ci ildə bu institutlar və fakültələr birləşdirilərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutu yaradılır. 1959-cu ilə qədər bu institut fəaliyyət göstərir. Bu böyük iqtisadi tədris ocağının iqtisad elminin ayrı-ayrı sahələri üzrə dərs vəsaitlərinin, o cümlədən ilk dəfə Azərbaycan dilində "Siyasi iqtisad" dərsliyi və ixtisaslı kadrların hazırlanmasında müstəsna rolu olmuşdur.

20-ci illərdə Azərbaycanda marksist iqtisadi təliminin yayılması üçün elmi-tədqiqat işləri aparan "Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət" (1923-cü ildə) fəaliyyətə başlayır. Bu cəmiyyətin nəzdində iqtisadiyyat bölməsi fəaliyyət göstərmişdir. Həmin cəmiyyətin əsasında isə 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu təşkil olunmuşdur. 1932-ci ildə isə keçmiş SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilmişdir. Bu şöbənin əsasında 1935-ci ildə SSRİ EA-nın Azərbaycan Filialı, onun nəzdində isə iqtisadiyyat və coğrafiya sektoru təşkil olunmuşdur. Bu sektor Azərbaycanın xalq təsərrüfatının inkişafı ilə bağlı olan iqtisadi və coğrafi problemlərinin öyrənilməsində xüsusi rolu olmuşdur. Sonrakı dövrdə (1945-ci ildə) Azərbaycanın SSR EA-nın yaranması və onun nəzdində iqtisadiyyat və coğrafiya bölməsinin fəaliyyətə başlaması ilə Azərbaycanda iqtisadi fikrin inkişafı daha böyük miqyas almışdır. Belə ki, Azərbaycanın mühüm təsərrüfat sahələrinin, xüsusən də neft sənayesinin problemlərinə dair tədqiqat işləri hazırlanıb, çap olunur.

Demək olar ki, Azərbaycanda iqtisadi fikir tarixinin bu mərhələsində iqtisadi təmayüllü çap orqanlarının geniş şəbəkəsi yaradılır və 20-30-cu illərdə Azərbaycanın iqtisadi fikrində marksist iqtisadi təliminin inkişafında müstəsna rol oynamışdır. Bu illərdə Azərbaycan iqtisadi fikir tarixində marksist iqtisadi təliminin inkişafında, xüsusən də aşağıdakı çap orqanları (jurnallar) mühüm əhəmiyyət kəsb edir. Məsələn, "Narodnoe xozyaystvo" (1920-1921), "Azerbaydjanskoe neftyanoe xozyaystvo" (1921-1930), "İzvestiya Azerbaydjanskoqo statistiçeskoqo upravleniya" (1921-1924), "Azerbaydjanskaya kooperasiya" (1921-1923), "Kooperativ işi" (1923-1925), "Əkinçi" (1921-1924), "Yeni kənd" (1925-1929), "Ekonomiçeskiy vestnik" (1921-1926), "Ekonomiçeskiy vestnik Azerbaydjana" (1926-1930), "Azərbaycan Ali İqtisadi Şurasının əxbarı" (1921-1926), "İqtisadi xəbərlər" (1926-1931) və s.

XX əsrin 20-30-cu illərində ilk dəfə olaraq Azərbaycanda milli iqtisadçı kadrların əsərləri çap olunmağa başlanır. həmin illər Azərbaycanda iqtisadi fikrin inkişafında böyük rol oynayan və indi də əhəmiyyətini itirməyən bu cür əsərlərdən biri M.H.Vəliyevin (Baharlı) "Azərbaycan təbii-coğrafi, etnoqrafik və iqtisadi mülahizat" (1921-ci il) kitabıdır. Bu kitabda Azərbaycan iqtisadiyyatının nəinki tarixi keçmişi haqqında, həm də perspektivləri haqqında maraqlı iqtisadi fikirlər öz əksini tapmışdır. Həmin kitabın Azərbaycanda marksist iqtisadi təliminin inkişafında böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq o 1993-cü ildə təkrar nəşr olunmuşdur.

20-30-cu illərdə nəşr olunan digər bir qiymətli kitab Y.V.Çəmənzəminlinin "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" (1921-ci ildə İstanbulda nəşr olunub) kitabıdır. Onu da deməliyik ki, Azərbaycanın bütövlükdə coğrafiyası, onun əyalətləri, təbii və iqtisadi resursları, neft, mis, ipək, yun və xalı, balıq və kürü istehsalı haqqında kitabda verilən məlumatlar, aparılan tədqiqatlar və təhlillərin indiki dövr üçün də mühüm əhəmiyyəti vardır. Həmin kitab 1993-cü ildə nəşr olunmuşdur. Bu illərdə Azərbaycanda iqtisadi fikrin yayılması və iqtisadi ədəbiyyatda şərhində əvəzsiz xidməti olanlar sırasına H.Dadaşov, Q.Sultanov, Ə.Fərəcov, B.Həsənbəyov, M.Ağayev, Ə.Qasımov, M.Mustafayev və b. daxildirlər.

Deməli, XX əsrin əvvəllərində və sonrakı dövrdə Azərbaycanda marksist iqtisadi təliminin yayılması və iqtisadi ədəbiyyatda əks olunmasında, milli kadrların hazırlanması, ümumiyyətlə, nəzəri və konkret iqtisad elmlərinin inkişafı respublikada iqtisadi tədris ocaqlarının və xalqın iqtisadi təfəkkürünün formalaşmasında bir çox rus alimlərinin - A.İ.Şikov, V.A.Udintssev, D.M.Qolovkin, T.L.Berin, K.İ.Sofronoviç, P.K.Juze, A.A.Trivus və b-nın böyük əməyi olmuşdur.

Həsən Dadaşovun "SSRİ təsərrüfatında izafi əmək məsələsinə dair" (1927-ci il), B.Həsənbəyovun "Marksın dəyər nəzəriyyəsi" (1930-cu il), Ə.Fərəcovun "Ümumi dəftərdarlıq" (1928-ci il), "Mühasibat uçotu teoriyası (1940-cı il), T.L.Berinin "Vilyam Petti" (1929-cu il), Q.Sultanovun "Azərbaycan sənayesinin bəzi sahələrinin inkişafının qısa oçerki" (1923-cü il), "Siyasi iqtisadın predmeti" (1929-cu il), "Yağ-piy sənayesi və onun perspektivləri" (1928-ci il), "N.İ.Sofranoviçin "Tuqan Baranovskinin bazar nəzəriyyəsi və onun tənqidi" (1930-cu il), M.Mustafayevin "Siyasi iqtisadın vəzifələri" (1932-ci il) əsərləri və i. a. həmin dövrün marksist iqtisadi təliminin yaranması və inkişafında mühüm rolu olmuşdur.

Bütün bunlar XX əsrin əvvəllərində və sonrakı illərdə Azərbaycanda marksist iqtisadi təliminin yayılmasında və inkişafında, eləcə də ölkəmizdə iqtisadi tədris ocaqlarının yaranması və iqtisadi tədris mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində milli iqtisadçı kadrların formalaşmasına səbəb olmuşdur. Bu da həmin dövrdə və sonrakı illərdə Azərbaycanın xalq təsərrüfatının ayrı-ayrı sahələrinin və bütövlükdə iqtisadiyyatının inkişafı üçün şərait yaratmışdır.
§3. XX ƏSRİN 50-60 VƏ 70-80-Cİ İLLƏRİNDƏ AZƏRBAYCAN İQTİSADÇILARI TƏRƏFİNDƏN İQTİSADİ QANUNLARIN FƏALİYYƏTİ VƏ İSTİFADƏ MEXANİZMİNİN TƏDQİQİ
XX əsrin 50-60-cı illərində Azərbaycanda iqtisadi tədqiqatların miqyası genişlənmişdir. Bu illərdə daha dərin elmi iqtisadi tədqiqatların aparılması üçün geniş imkanlar yaranır. Həmin illərdə Azərbaycanda iqtisadçı kadr potensialı güclənir, iqtisadi elmi-tədqiqat mərkəzlərinin şəbəkəsi daha da genişlənmişdir.

Müharibədən sonrakı dövr - iqtisadi münasibətlərin təkmilləşdirilməsi problemi həmişə olduğu kimi iqtisad elminin tədqiqat obyekti olmuşdur. Burada məqsəd Azərbaycan iqtisadçıları tərəfindən məhsuldar qüvvələrin inkişafına daha aktiv təsir göstərə biləcək formanı tapmaq və bununla da mövcud iqtisadi münasibətləri əks etdirən obyektiv iqtisadi qanunlarının fəaliyyəti və istifadə mexanizmini tədqiq etməkdən ibarət idi.

Bu məqsədlə də 1958-ci ildə iqtisadiyyat sektoru Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutuna çevrilmişdir. 1962-ci ildə Azərbaycanda Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu yaradılır. Burada da kənd təsərrüfatı sahəsində bir çox problemlər tədqiq olunur. 1965-ci ilin əvvəllərində isə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində İqtisadiyyat institutu təşkil olunmuşdur.

1966-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutu açılır və getdikcə ölkədə iqtisadçı kadrların hazırlanmasının mühüm mərkəzinə çevridir.

Deməli, XX əsrin 50-60-cı illərində Azərbaycanda iqtisadi fikrin inkişafında mühüm səciyyəvi cəhət iqtisad elminin differensiyasiyasıdır. Bu bütün dünyada olduğu kimi Azərbaycanda da nəzəri iqtisadın (siyasi iqtisadın), sahə və sahələrarası iqtisad elmləri də yaranmış və inkişaf etmişdir. Həmin dövrdə Azərbaycanda da iqtisadi fikrin nümayəndələri olan iqtisadçı kadrlar arasında ixtisaslaşma getmişdir. Azərbaycan iqtisadiyyatının profilinə uyğun olaraq: aqrar iqtisad elmi, neft iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşdirilməsi və nəqliyyat iqtisadi əlaqələri, təkrar istehsal, o cümlədən işçi qüvvəsinin təkrar istehsalı məsələlərinə dair tədqiqatlar (dissertasiyalar), məqalə və kitablar dərc olunmuşdur. Habelə siyasi iqtisad, iqtisadi təlimlər və xalq təsərrüfatı tarixi üzrə xüsusi tədqiqatlar aparılır və iqtisadçı şərqşünaslar formalaşmışdır.

Azərbaycanda iqtisadi fikrin inkişafında görkəmli alim Ə.Sumbatzadənin böyük xidməti olmuşdur. O, Azərbaycan xalqının köçəri olması həm də Bakı (müstəsna) olmaqla ümumilikdə Azərbaycanın kapitalizm formasiyasını keçməməsi fikrini qeyri-elmi olmasının tarixi faktlarla əsaslandırılması bu problemlərə görkəmli alimin özünün "XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı" adlı əsərində cavab vermişdir. Azərbaycan qəzalarının timsalında kənd təsərrüfatının demək olar ki, bütün sahələrini tədqiq edərək qətiyyətlə sübut edir ki, Azərbaycanda tarix boyu üzümçülük, əkinçilik, ipəkçilik, pambıqçılıq, tütünçülük və digər aparıcı sahələrdə əmtəə istehsalı və muzdlu əmək üstünlük təşkil edir. Bu da kapitalizmin kənd təsərrüfatında əsas başlıca göstəricisi demək idi. Görkəmli alim həmin əsərdə Azərbaycan xalqını köçəri adlandıranlara da tutarlı cavab verir. O, maldarlıq təsərrüfatının xarakterini təhlil edərək Azərbaycan maldarlarının yaz və yayda yaylağa, qışda isə qışlağa köçmələrini əsas götürüb onları köçəri adlandıran XIX əsr müəlliflərindən fərqli olaraq, bunu köçəriliyin əlaməti deyil, düzgün olaraq Azərbaycanın təbii-coğrafi şəraiti ilə izah etmiş, bununla da azərbaycanlıların köçəri xalq olmaması nəticəsinə gəlmişdir. Ə.Sumbatzadə XIX əsrdə Azərbaycanın ictimai-iqtisadi fikir tarixinin bütün mənzərəsinin elmi təhlilini vermiş və bu vacib, ümdə problemin həlli, yəni həmin dövrdə Azərbaycanda sənaye həyatının öyrənilib tədqiq edilməsində mühüm rolu olmuşdur. Burada 1964-cü ildə "Elm" nəşriyyatı tərəfindən dərc olunan "XIX əsrdə Azərbaycan Sənayesi" adlı əsəri xüsusi əhəmiyyəti kəsb edir.

Deməli, 50-60-cı illərdə Azərbaycanda göstərilən sahələr üzrə elmi iqtisadi məktəblər yaranıb fəaliyyət göstərməyə başlayır. Həmin dövrdə Azərbaycan iqtisadçılarının böyük bir qrupu siyasi iqtisadın aktual problemləri ilə məşğul olmuşlar. Bura: H.Dadaşov, B.Axundov, Ə.Qasımov, M.H.Sultanov, Y.Məmmədov, H.Şirinov, F.Əmikişiyev, Ə.Heydərzadə, Q.Heydərov, Ə.Axundov, Q.Sadıqov, T.Vəliyev, S.İbadov, R.Qarayev və b.-nı aid etmək olar.

XX əsrin 50-60-cı illərində Azərbaycanın görkəmli iqtisadçıları tərəfindən iqtisadi qanunların fəaliyyəti və istifadə mexanizminin tədqiqinə aid fikirlər söyləyərək B.Axundov tərəfindən tələbatın artması qanununun ilk tədqiqatçısı olduğunu qeyd etməliyik.

B.Axundovun qeyd etdiyi kimi "Tələbatın artması qanununun fəaliyyətinin ən mühüm ictimai istehsalın artması ilə cəmiyyətin, onun üzvlərinin tələbatı arasında hər bir konkret dövrə xas olan müəyyən nisbətdən ibarətdir".89 Göründüyü kimi tələbatın artması qanununun fəaliyyət gücü kütlənin tələbatının onun istehsalına nisbəti ilə, yəni əhalinin rifahının əldə edilmiş səviyyəsi ilə ölçülür. Bu nisbət məlum olduğu kimi daim dəyişir. Lakin heç bir zaman tam tarazlaşmır. Çünki, bir qayda olaraq, "tələbat istehsalın və istehlakın həcmindən" həmişə irəlidə gedir. Onu da qeyd edək ki, kütlələrin tələbatının ağlauyğun şəkildə formalaşmasını öyrənmək və tələbatı düzgün və mütənasib olaraq nəzərə almaq iqtisadi nəzəriyyənin çox mühüm vəzifəsidir. Bunun üçün də ilk növbədə Ümumi Daxili Məhsulda (ÜDM) istehlak və yığım arasında optimal nisbətin müəyyən olunması vacibdir.

B.Axundovun fikrincə - tələbatın artması qanununun başlıca fəaliyyət mexanizmi cəmiyyətin əsas iqtisadi ziddiyyətlərindən, yəni bütün cəmiyyətin və onun ayrı-ayrı üzvlərinin hədsiz dərəcədə artan tələbatı ilə ictimai istehsalın hər bir müəyyən dövr üçün əldə edilmiş səviyyəsi arasında olan ziddiyyətdən ibarətdir. Onun dediyi kimi "İctimai əmək məhsuldarlığının durmadan artması... cəmiyyətin və onun üzvlərinin fasiləsiz artan tələbatını ödəmək üçün zəruri şərtdir..."90 Deməli , tələbatın artması və digər iqtisadi qanunların fəaliyyət mexanizmi insanların istehsal fəaliyyətinə istiqamət verir ki, bu da insanlar tərəfindən hər bir dövrdə qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə köməklik edir. Məlum olduğu kimi qanunların və o cümlədən tələbatın artması qanununun fəaliyyət mexanizmi müəyyən tarixi dövrün olduğu mərhələlərlə və eləcə də bazar iqtisadiyyatı şəraitində müxtəlif komponentlərinin məcmuudur və onlardan istifadə mexanizminin qarşıya qoyduğu məqsədə çatmaq üçün tətbiq edilən müxtəlif iqtisadi metodların və üsullarının məcmusudur.

50-60-cı illərdə Azərbaycan iqtisadi fikrinin inkişafında B.Axundov, Ə.Fərəcov, M.Mustafayev, Y.Məmmədov, T.Vəliyev, A.Həsənov və b-nın mühüm rolu olmuşdur.

Azərbaycanda iqtisadi fikir tarixinin bu mərhələsində aqrar fikrin inkişafında xidməti olan alimlərdən Ə.Mahmudov, S.Mirzəyev, A.Ələsgərov, H.Qasımov, Ə.Verdiyev, H.Xəlilov, T.Babayev, Ə.Qasımov, R.Məmmədov və b. olmuşdular.

Azərbaycanda bu illərdə sənaye problemlərinin öyrənilməsində A.Ağayev, A.Əlibəyov, Ş.Muradov, Z.Səmədzadə, Ə.Zərgərov, M.Ta­ğıyev, F.Fərəcov, V.Axundov və b.-nın böyük rolu olmuşdur.

Habelə, Azərbaycanda 50-60-cı illərdə Yaxın və Orta Şərq ölkələrinin iqtisadiyyatına aid maraqlı tədqiqatlar aparan alimlərdən H.Hüseynov, İ.Əlibəyov, A.Bitte, D.Vəliyev və b.-nı göstərmək olar.

Bu illər Azərbaycanda iqtisad elminin nisbətən yeni sahəsi sayılan riyazi iqtisadiyyat, modelləşdirmə, proqramlaşdırma və proqnozlaşdırma sahələri ilə məşğul olan iqtisadçılardan B.Musayev, Q.İmanov, Ə.Əlirzayev və b.-nın tədqiqatları diqqəti cəlb edir.

XX əsrin 70-80-cı illərində isə Azərbaycanda iqtisad elmi və fikrinin inkişafında mühüm mərhələ olmuşdur. Ona görə də nəzəri iqtisadi məsələlərin öyrənilməsi həmin dövrün əsas əlaməti hesab olunmalıdır.

Nəzəri iqtisadi fikrin inkişafı üçün 70-80-cı illərdə iqtisadi şərait formalaşmış, elm və təhsil müəssisələri möhkəmləndirilmiş, iqtisadi mətbuatın fəaliyyəti təkmilləşdirilmiş, iqtisadi kadrların hazırlanması daha da yaxşılaşdırılmışdır. Həmin illərdə siyasi iqtisadın bir çox problemləri Azərbaycanın görkəmli iqtisadçı alimləri T.Vəliyev, M.Allahverdiyev, Ş.Muradov, Z.Səmədzadə, Ə.Mahmudov, A.Nadirov, A.Ələsgərov, H.Şirinov, Ə.Axundov, S.Hüseynov, S.Səfərov, M.Meybullayev, M.Əhmədov və b. tərəfindən tədqiq olunmuşdur. Bu illərdə bu görkəmli iqtisadçı alimlərin yaratdıqları elmi məktəblər bir çox gənc kadrları öz ətrafına toplayaraq nəzəri iqtisadi fikrin formalaşması və inkişafına əsaslı təsir göstərmişlər.

Tarixi inkişafın bütün mərhələlərində olduğu kimi, bu mərhələdə də iqtisadi fikir, iqtisadi düşüncə tərəqqiyə bu və ya digər dərəcədə təsir etmişdir. Lakin bu bir həqiqətdir ki, iqtisad elmi bir sahə kimi XIX əsrdə daha qabarıq surətdə fəaliyyət göstərmişdir. XX əsrdə isə bu elmin rolu daha da artmış, dünya iqtisadiyyatının inkişafına güclü təkan vermişdir.

1776-cı ildə A.Smitin "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında" klassik əsərinin nəşri cəmiyyətin inkişaf konsepsiyasının formalaşmasında ciddi amil rolunu oynamışdır. Deməli, 200 ildən artıqdır ki, A.Smitin iqtisadi təlimi dünyanın bir çox ölkələrində iqtisadi siyasətin əsasını təşkil etmişdir.

XX əsrdə Azərbaycanın iqtisadiyyatı 70 il SSRİ-nin tərkibində olmasına baxmayaraq, o, əsrlərə bərabər inkişaf yolu keçmişdir ki, bu da 70-80-cı illərdə Azərbaycanda istehsalın elmi-texniki potensialının səviyyəsinə görə qonşu dövlətlərdən xeyli irəlidə olmuşdur. Bu fikri həmin illərdə Azərbaycanın çoxsahəli sənayeyə, güclü aqrar sektora malik olması da bir daha təsdiq edir.

Cəsarətlə deməliyik ki, mərkəzin təzyiqinə, hakim ideologiya ilə bağlı meydana çıxan çətinliklərə baxmayaraq bu illərdə Azərbaycanın iqtisadçı alimləri ölkə iqtisadiyyatının ən aktual problemlərinin tədqiqində aparıcı rol oynamışlar. Bu dövrdə Azərbaycan SSR EA-nın "İqtisadiyyat" İnstitutunda istehsalın intensivləşdirilməsi, əmək məhsuldarlığı, demoqrafiya, məşğulluq, məhsuldar qüvvələrin yerləşdirilməsi problemləri kompleks şəkildə tədqiq olunmuşdur. 80-cı illərin sonlarında Azərbaycanda müstəqillik ideyaları uğrunda mübarizənin genişləndiyi bir şəraitdə iqtisadçı alimlərimiz respublikanın təbii sərvətləri, istehsal potensialından istifadə ilə bağlı daha prinsipial mövqe tutmuşlar.

Bu illərdə Azərbaycanın hər cür sərvət və zənginliklərindən ölkə mənafeyi üçün istifadə edilməsi öz növbəsində müvafiq istehsal sahələrinin geniş miqyasda inkişafına səbəb oldu. 70-80-cı illərdə iqtisadi inkişaf sürəti sənayedə struktur dəyişiklikləri, iqtisadiyyatda əsaslı vəsait qoyuluşunun həcmi və istiqamətləri baxımından XX əsrin ən məhsuldar dövrü olmuşdur. Bu illərdə Azərbaycan nəinki özünü təmin etmiş, hətta hər il külli miqdarda vəsaiti keçmiş ittifaq fonduna ayırmışdı.

Təsadüfi deyildir ki, keçmiş müttəfiq respublikalar içərisində demək olar ki, ilk dəfə Azərbaycanda iqtisadi müstəqillik konsepsiyasının hazırlanması zərurəti meydana çıxmışdır. XX əsrin sonlarında yenidən öz mili müstəqilliyini qazanandan sonra Azərbaycanın ictimai-siyasi həyatında baş verən yeniləşmə ilə onun sosial-iqtisadi inkişaf sisteminin də xarakterində gedən əsaslı dönüşün keçid mərhələsi ilə eyni vaxtda üst-üstə düşməsi nəticəsində böhranın miqyasının daha da genişlənməsi, xüsusən də iqtisadi tənəzzül prosesinin xeyli kəsik və təzadlı cəryan etməsini doğurdu. Bu şəraitdə Azərbaycan iqtisadiyyatının hansı əsasla və necə inkişaf etməsi məsələləri qeyri-müəyyən baxışların və mövqelərin təsiri ilə hərc-mərclik şəraitində get-gedə geriləmə vəziyyətinə düşməklə, özünün müəyyən sahələrində mövcud istehsal potensialını hətta imkan daxilində tam qoruyub saxlamaq da mümkün olmadı. Həmin illərdə Azərbaycanda başlıca diqqət ölkə üçün yeni, həm də çox maraqlı görünən bazar münasibətlərinə tezliklə keçilməsinə artan güclü meyl həmin vaxtlar ondan heç də az əhəmiyyətli olmayan iqtisadi inkişafın öz həllini gözləyən başqa təxirəsalınmaz tərəflərinə diqqəti üstələdi. Bu şəraitdə demək olar ki, bütün səviyyələrdə ölkə iqtisadiyyatının aqrar böhrandan çıxması, ən vacibi isə Azərbaycanın yeni mühitlə gələcək tərəqqisinin səmərəli istiqamətlərinin müəyyən edilməsi barədə məqsədli elə bir ardıcıl fəaliyyət göstərilmədi. Təbii ki, yeni sistemə keçid məqsədləri ilə bu zəmin üzərində Azərbaycanın iqtisadiyyatının konkret olaraq hansı istiqamətlərdə inkişaf vəzifələri bir-birilə qarşılıqlı sıx əlaqəlidir. Bununla belə bu üzvi bağlılıq heç də onların hərəsinin özlərinə məxsus həll etməli olduqları müxtəlif səpkili problemlərin də mövcud olmasını istisna etmir. Əslində bu xüsusiyyətləri nəzərə almaqla Azərbaycan iqtisadiyyatı bazar münasibətləri sistemində malik olduğu imkanlardan daha dolğun və faydalı istifadə əsasında yüksək inkişaf səviyyəsinə qalxa bilər. Bunu xüsusi olaraq qeyd etməliyik ki, 80-cı illərin sonlarında Azərbaycanda müstəqillik ideyaları uğrunda mübarizənin genişləndiyi bir şəraitdə iqtisadçı alimlərimiz respublikanın təbii sərvətləri, istehsal potensialından istifadə ilə bağlı daha prinsipial mövqe tutmuş və Azərbaycanın bir müstəqil dövlət kimi yaşamağa qadir olduğunu konkret faktlarla sübut etmişlər.

Deməli, XX əsrin son illərində əsas məsələ azad iqtisadiyyatın Azərbaycanda xüsusiyyətləri, dünyanın inkişaf meylləri nəzərə alınmaqla qurulmasıdır. Bunun üçün də Azərbaycanda iqtisadi fikrin mövcud elmi potensialı bir növ inventarizasiya edilməli, dünya iqtisadiyyatında qəbul edilmiş normalar, baxışlar artıq özünü doğrultmuş iqtisadi prinsiplər, modellər nəzərə alınmaqla prioritet istiqamətlər müəyyən edilməlidir. Bununla da yaxın və uzaq gələcək dövrlərdə Azərbaycanın iqtisadi inkişaf strategiyası hazırlanmalıdır. Bütün bunlar iqtisadi fikir və ideyaların daha da inkişaf etdirilməsi, ona diqqətin artırılması nəticəsində təmin edilməlidir.


§4. MÜASİR DÖVRDƏ (90-2000-ci illərdə) AZƏRBAYCANIN İQTİSADİ FİKRİNDƏKİ DƏYİŞİKLİK, ONUN İQTİSADİ ƏDƏBİYYATDA VƏ DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNDƏ ƏKSİ
Artıq XX əsr XXI əsrə qovuşmuşdur. Bu tarixi dövrdə həyatımızın bütün sahələrində, o cümlədən Azərbaycanın milli iqtisadiyyatında da böyük dəyişikliklər baş vermişdir. Belə ki, Azərbaycanda sovet dövründə iqtisad elmləri sistemi yaradılmış, yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlanmış, xalqın iqtisadi təfəkkürü inkişaf etmişdir. Bu dövrdə iqtisadi fikir üçün mühüm səciyyəvi cəhət iqtisad elminin differensiyasıdır. Deməli, bu tarixi dövrdə nəzəri iqtisad (siyasi iqtisad), sahə və sahələrarası iqtisad elmləri yaranıb inkişaf etmişdir.

Lakin eyni zamanda bu dövrdə iqtisad elmləri sistemində müəyyən nöqsanlar da mövcud olmuşdur və onlar tədricən artmışdır. XX əsrin son onilliyində iqtisad elmləri sistemində ciddi yeniləşmə baş vermişdir. Bu yeniləşmənin mahiyyətini izah etmək üçün sovet dövründə iqtisadi fikirdə mövcud olan çatışmazlıqları göstərməklə, onların aradan qaldırılması iqtisadi tədbirlər görmək üçün vacibdir.

Müasir dövrdə Azərbaycanın iqtisadi fikrində (iqtisad elmləri sistemində) mövcud olan başlıca nöqsanlar aşağıdakılardan ibarətdir:

birincisi, iqtisad elminin siyasət və ideologiya ilə əvəz olunması kimi ziyanlı bir vəziyyət əmələ gəlmişdir;

ikincisi, əslində bununla da iqtisadi nəzəriyyə elmi həyatın reallıqlarından uzaq düşmüşdür;

üçüncüsü, iqtisad elmində ayrı-ayrı fikir və mülahizələrin generatoru kimi iqtisadçı alimlər deyil, partiyanın qurultay, plenumlarının qərar və qətnamələri çıxış edirdi;

dördüncüsü, real iqtisadi hadisələrə münasibətdə formasiyalıq və siniflik prinsipləri mütləqləşdirilmişdir;

beşincisi, məlum səbəblər üzündən Azərbaycanda iqtisad elmi əyalət məhdudiyyətindən azad ola bilməmişdir. Deməli, əslində iqtisad elmi ölkəmizin bugünkü suverenliyi istiqamətində inkişaf etdirilməlidir;

altıncısı, ideoloji məhdudiyyt və qadağalar ucbatından Azərbəycan xalqının iqtisadi fikir tarixində çoxlu ağ səhifələr mövcud olmuşdur;

yeddincisi, dünya iqtisadi fikri ilə əlaqə olduqca məhdud və qapalı olmuşdur.

Ümumiyyətlə, tarixi inkişafın bütün mərhələlərində iqtisadi fikir, iqtisadi düşüncə tərəqqiyə bu və ya digər dərəcədə təsir göstərmişdir. Lakin bu da bir həqiqətdir ki, iqtisad elmi bir sahə kimi XIX əsrdə daha qabarıq surətdə fəaliyyət göstərmişdir. XX əsrdə bu elmin rolu daha da artmış, dünya iqtisadiyyatının inkişafına güclü təkan vermişdir.

Bazar münasibətlərinə keçmək məqsədilə müstəqil Azərbaycan Respublikası öz iqtisadi inkişaf modelini azad iqtisadiyyat prinsipləri əsasında qurur. Əlbəttə, bu heç də o demək deyildir ki, illər boyu Azərbaycanda formalaşmış iqtisad elmi hər şeydən imtina etməli, bir növ fəaliyyətə yenidən başlamalıdır.

Birincisi, ona görə ki, XX əsrdə Azərbaycan iqtisadiyyatı 70 il keçmiş SSRİ-nin tərkibində olmasına baxmayaraq, əsrlərə bərabər olan inkişaf yolu keçmişdir. İkincisi, Azərbaycan 80-cı illərin əvvəllərində artıq özünün istehsal, elm və texniki po­ten­si­alı­nın səviyyəsinə görə qonşu dövlətlərdən xeyli öndə olmuşdur.

İqtisadi ədəbiyyatdan göründüyü kimi 90-cı illərdə Azərbaycan iqtisadiyyatında sözün əsl mənasında müsbət meyllər güclənmişdir. Bunu xüsusilə vurğulamaq lazımdır ki, son illərdə dövlət quruculuğu, yeni iqtisadi sistemin formalaşması istiqamətində çox güclü tədbirlər həyata keçirmiş, istehsalın aşağı düşməsi meyli dayandırılmış, keyfiyyətcə yeni iqtisadi artıma keçmək üçün şərait yaranmışdır.

Bu inkişafın ən böyük mahiyyəti odur ki, Azərbaycan bir müstəqil dövlət kimi yaşayır, fəaliyyət göstərir. Onun müstəqilliyinin dönməz, əbədi xarakter alması ölkəmizin milli iqtisadiyyatının inkişaf strategiyası ilə bağlı qlobal işlərin görülməsi üçün əsas yaradır.

İndi Azərbaycan Respublikası azad, sivil cəmiyyətin əsaslarının qoyulması, inkişaf etdirilməsi ilə bağlı konkret addımlar atır. Etiraf etməliyik ki, bu sahədə təcrübə o qədər böyük deyildir. Lakin XXI əsrin astanasında məlum çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı çox mühüm işlər görülür. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunması istiqamətində konkret tədbirlər həyata keçirilir. Bütün bunlar nəzəri iqtisad elmi qarşısında yeni tələblər qoyur.

Yeri gəlmişkən bu gün əsas məsələ milli və azad iqtisadiyyatın Azərbaycanın xüsusiyyətləri, dünyanın inkişaf meylləri nəzərə alınmaqla qurulmasındadır. Buna görə də aydın, əsaslı proqnozlar gərəkdir. Bu isə dövlətin müvafiq strukturlarının ən vacib funksiyalarından biridir. Azərbaycanın milli iqtisadiyyatının dirçəldilməsində hamı maraqlı olmalıdır. Elə mənafelər var ki, onların gözlənməsi hər kəs üçün müqəddəs olmalıdır. Əgər milli və azad iqtisadiyyatın dirçəldilməsi yolları, strategiyası haqqında fikir aydınlığı varsa, bunlar araşdırılmalı, müzakirələr, diskussiyalar aparılmalı və fikir birliyinə nail olunmalıdır.

İndi müstəqil dövlətə çevrilmiş Azərbaycan Respublikasının qarşısında duran ən başlıca vəzifə siyasi müstəqilliyimizi, ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli və azad iqtisadiyyatın formalaşması haqqında problemi milli mənafelər baxımından səmərəli və həm də optimal müddətə həll etməkdir. Bu baxımdan da yaxın gələcəkdə Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası qarşısında ikili bir problem durur. Bu, bir tərəfdən azad bazar iqtisadiyyatına keçidlə bağlı olaraq milli iqtisadiyyatımızı əsaslı surətdə qurmaq, digər tərəfdən isə keçmiş ittifaq əmək bölgüsü şəraitində həyata keçirilmiş vahid təkrar istehsal prosesinin tərkib hissəsi olmuş Azərbaycanın suveren dövlətə çevrilməsi ilə əlaqədar təkrar istehsalın azad xarakter daşıdığı indiki şəraitdə siyasi-iqtisadi müstəqilliyimizi reallaşdırmağa imkan verən milli iqtisadiyyatımızı formalaşdırmaq və inkişaf etdirməkdir.

Onu da qeyd etməliyik ki, milli və azad iqtisadiyyatın nəzəri cəhətdən öyrənilməsinə aid alimlərimizdən Z.Səmədzadənin, T.Vəliyevin, M.Meybullayevin, M.Əhmədovun, İ.Kərimovun, F.Hüseynovun və b.-nın tədqiqatlarına fikir verilməlidir.

Milli və azad iqtisadiyyatın potensialı nəinki mövcud təkrar istehsal şərtləri, resurslar balansı, onların istifadə dərəcəsi ilə habelə elmi-texniki tərəqqinin səviyyəsindən asılı olmayaraq hərəkətə gətirilə bilən imkanlarla müəyyən olunur. Öz növbəsində makroiqtisadi səviyyədə milli iqtisadiyyatın quruluşu əslində ölkədə mövcud istehsal resurslarının istifadəsi arasında yaranmış faktiki nisbəti əks etdirir. Bu da son nəticədə ictimai əmək bölgüsü ilə müəyyən olunan resursların bölgüsü, milli və azad iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır.

XXI əsrin əvvəllərində Azərbaycanın milli iqtisadiyyatını sistem halında təhlil edərkən aşağıdakı cəhətlərə diqqət vermək zəruridir. Dünyada elə bir ölkə yoxdur ki, o özünün idxal və ixrac siyasətində tənzimləmə üsulundan istifadə etməsin.

İqtisadi ədəbiyyatda milli və azad iqtisadiyyatın formalaşmasını nəzəri cəhətdən təhlil edən iqtisadçılar milli baza (əsas) kateqoriyasına xüsusi əhəmiyyət verirlər. Həmin fikirin tərəfdarları belə hesab edirlər ki, hər hansı bir ölkənin iqtisadiyyatının rəqabət qabiliyyəti yuxarıda qeyd olunan amillərlə yanaşı milli şəraitə, başqa sözlə, milli təsərrüfatın quruluşu, milli mədəniyyət, dövlət idarə işçilərinin mentaliteti, hətta ölkənin tarixi və s. mühüm təsir göstərir. Deməli, milli baza (əsas) dedikdə hər şeydən əvvəl iqtisadiyyatın inkişafına şərait yaradan, onu stimullaşdıran sosial-iqtisadi, ictimai-tarixi mühit, nəhayət, milli mentalitetə əsaslanan inkişaf konsepsiyasının olması nəzərdə tutulur. Məhz elə buna görə də Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə inkişafın hərəkətverici qüvvələri, mənbələri məlum klassik bazar prinsipləri ilə izah oluna bilmir. Burada ən mühüm problem milli və azad iqtisadiyyatın, iqtisadi inkişafın milli-beynəlmiləl daxili və xarici, liberal prinsiplərinin əlaqəsi, optimal nisbətdə reallaşdırılmasıdır.

Bu gün iqtisad elmi Azərbaycanın sosial-iqtisadi inkişafında əvvəllərdə olduğu kimi öz xidmətini göstərməlidir. 90-cı illərdə ölkə iqtisadiyyatının strukturunda dəyişikliklər, istehsalın səmərəliliyi, əmək ehtiyatları, demoqrafiya, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi problemləri iqtisadçı alimlərimiz tərəfindən çox ciddi şəkildə əsaslandırılmış və bu tədqiqatların nəticəsi müvafiq dövlət strukturl tərəfindən istifadə olunur. Deməli, Azərbaycanda milli və azad iqtisadiyyatın dirçəldilməsi kimi ali bir məqsəd naminə meydana çıxan bütün problemlər dövlətin iqtisadi siyasətində öz həllini tapmışdır.

Bütün bu illərin əməli nəticəsi olaraq 1995-1997-ci illərdə iqtisadiyyatın aşağı düşməsi dayanmış, ayrı-ayrı islahatların, sahələrin hesabına az da olsa daxili milli məhsulun artımı müşahidə olunmuşdur. İnflyasiya minimuma enməklə, əmtəə və xidmətlərin dövriyyəsinin xeyli artması və investisiya qoyuluşunun kəskin çoxalması belə qənaətə gəlməyə əsas verir ki, artıq Azərbaycan tədriclə durğunluq mərhələsindən çıxaraq canlanma fazasına daxil olmaq ərəfəsindədir.

Onu da deməliyik ki, bazar münasibətləri Azərbaycanın iqtisadiyyatının inzibati-amirlik (totalitar) sistemindən bazar sisteminə keçməsinin səmərəli yollarının axtarılması və tətbiqi ilə formalaşır. Bu yollar mövcud sosial-iqtisadi şəraitin təhlili, formalaşmış dinamika və meyllərin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin əsaslandırılmasını özündə birləşdirir.

XX əsrin son onillikləri keçmiş sosialist ölkələrinin və SSRİ-yə daxil olan müttəfiq respublikaların, o cümlədən Azərbaycanın tarixinə geniş miqyaslı iqtisadi-siyasi islahatlar dövrü kimi daxil olacaqdır.

Bu dövlətlərin və eləcə də inkişaf etmiş klassik bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, bazar münasibətlərinin prinsipləri və iqtisadi sistemin keyfiyyətcə yeni bazisi əsasında, tam surətdə müvəffəqiyyətli transformasiyası belə, avtomatik olaraq ölkənin iqtisadi yüksəlişini, əhalinin rifahının yaxşılaşdırılmasını təmin etməyə zəmanət vermir. Başlıca məsələ, özülü mövcud reallıqlar üzərində qoyulmuş bu yeni iqtisadi sistemə söykənərək, ölkəmizin malik olduğu istehsal-resurs potensialını daha səmərəli şəkildə istifadə etməklə bazar iqtisadiyyatına keçməkdən ibarətdir.

Azərbaycanda bazar iqtisadiyyatına keçid dövründə iqtisadi islahatların ilk addımları bunu əyani surətdə sübut edir. Belə ki, iqtisadi islahatların aparılmasının vacib istiqamətləri üzrə təqribən eyni vəziyyətdə olan, lakin minimal - xammal ehtiyatları cəhətdən kasıb Baltikyanı ölkələrin (Estoniya, Litva və Latviya) və əksinə bu cəhətdən problemi olmayan Rusiya və Qazaxıstanın təcrübələri bir daha təsdiq etdi ki, Azərbaycanın iqtisadi yüksəlişi, sərvətinin daha da artırılması onun təbii ehtiyatları ilə deyil, bu ehtiyatlardan necə istifadə olunmasını müəyyən edən üsullarla bağlıdır.

Əgər ayrı-ayrı istiqamətlərdə aparılan radikal iqtisadi islahatların bütövlükdə XX əsrin sonunadək başa çatmasını nəzərə alsaq, onda XXI əsr Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasında ağırlıq mərkəzi tamamilə ölkənin malik olduğu resurs, elmi-texniki potensialdan bu əsasda Azərbaycanın dünya təsərrüfat sisteminə qoşulması problemləri üzərinə keçəcəkdir.

Bazar iqtisadiyyatına keçid dövründə iqtisadi islahatların perspektiv istiqamətləri mövcud qanunauyğunluqların, meyllərin və struktur dəyişikliklərin səmərəliliyini, amillərini nəzərə alaraq formalaşdırılır. Makroiqtisadi səviyyədə özəlləşdirmənin sürətləndirilməsini davam etdirməklə yeni sahibkarlıq formalarını inkişaf etdirmək və onun səmərəliliyi artırmaq üçün baş strateji xətt olmalıdır.

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirməkdən ötrü onun son məhsul istehsal etmək yolu ilə dünya bazarına çıxmaq imkanını təmin etməkdir. Bu mənada Azərbaycan Respublikasında bütövlükdə iqtisadi siyasət, o cümlədən iqtisadi islahat strategiyası müəyyənləşdirilərkən aşağıdakı istiqamətlər əsas götürülməlidir:

birincisi, uzun illər boyu ümumittifaq əmək bölgüsündə müvafiq olaraq iqtisadiyyatın birtərəfli, qeyri-təkmil və asılı struktura malik olması üzündən istər maşın və avadanlıq, istərsə də xammal istehsalı və satılması üzrə respublikanın kənardan indiki asılılığını minimuma endirmək, istehlak bazarını yerli istehsal hesabına doldurmaq məqsədi ilə iqtisadiyyatın bütün sahələrində dövlət səviyyəsində xüsusi proqram əsasında zəruri struktur dəyişiklikləri həyata keçirilməlidir;

ikincisi, iqtisadiyyatın normal fəaliyyətinin təmin edilməsi üçün məqbul həddə dövlət sifarişləri tətbiq edilməlidir;

üçüncüsü, qiymətlər dövlət tərəfindən tənzimlənməlidir, lakin ümumi islahat gedişində qiymətlərin tam liberallaşdırılması zəruridir;

dördüncüsü, maliyyə-kredit siyasətinə yenidən baxılmalı, beynəlxalq maliyyə və bank təşkilatlarının "tövsiyələrinə" uyğun olaraq aparılmalıdır;

beşincisi, Azərbaycanın xarici siyasət sahəsindəki fəaliyyəti köklü surətdə yenidən qurulmalıdır;

altıncısı, Azərbaycan iqtisadiyyatının transformasiyası, islahatlaşdırılması, o cümlədən bazar münasibətləri mexanizmi sisteminin əsası olan mülkiyyət çoxnövlülüyünə keçidi təmin edilməlidir;

yeddincisi, ölkə iqtisadiyyatında geniş islahatların aparılması ilə əlaqədar yaranmış və yarana biləcək sosial gərginliyə yol verməmək, əhalinin sosial müdafiəsini təmin etmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacib və zəruridir.

Artıq Azərbaycanda bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində 90-cı illərin əvvəllərində itisadiyyatda xroniki xarakter almış geriləmə prosesinin qarşısı müəyyən mənada alınmış, ölkənin iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulmuşdur. Əldə olunmuş makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artması Azərbaycanın bazar iqtisadiyyatı istiqamətində inamla irəlilədiyini təsdiq edir.

2001-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalının artımı 10 faiz, illik inflyasiya 0,8 faiz, büdcə kəsiri 3 faizdən az olmuşdur. Neftin dünya bazar qiymətlərinin aşağı düşməsinin büdcə gəlirinə ciddi təsir etməsinə baxmayaraq, Azərbaycan dünyanın bir sıra ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatını, maliyyə sistemini bürüyən böhranın təsirindən özünü qoruya bilmişdir. Ənənəvi olaraq Azərbaycan iqtisadiyyatında neft məhsulları mühüm rol oynayır. Son illərə kimi dövlət büdcəsi gəlirinin 50 faizə qədəri neft məhsullarının satışından qanunla müəyyən edilmiş vergi və rüsumların daxil olması hesabına formalaşırdı. Neftin dünya qiymətlərinin kəskin surətdə aşağı düşməsi Azərbaycanın maliyyə vəziyyətinə xeyli təsir edərək büdcə gəlirinin formalaşmasında gərginliklər yaratdı. Lakin bu mənfi faktlar iqtisadi islahatların gedişinin təkmilləşdirilməsinə, idarəetmədə struktur dəyişikliklərinin aparılmasına, ölkənin malik olduğu ehtiyatların təsərrüfatçılıq dövriyyəsinə cəlb edilməsinə təsir etmədi.

İdarəetmə sisteminin təkmilləşdirilməsi, dövlətin tənzimləyici funksiyalarının gücləndirilməsi, daxili bazarın qorunması, sahibkarlıq fəaliyyətinin inkişafına maneələrin aradan qaldırılması, investisiya fəallığının artması, qeyri-ənənəvi iqtisadi artım mexanizmlərinin işə salınması, bir sözlə, iqtisadi islahatların yeni mərhələsinə keçid üçün bir sıra tədbirlər həyata keçirildi.

İndi Azərbaycanda iqtisadi islahatların sürətləndirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

1) Ölkədə dövlət xərclərinin idarə olunması, hüquq və məhkəmə islahatının aparılması üçün yüksək səviyyəli komissiyalar yaradılması;

2) Dövlətin həyata keçirdiyi islahatlarla əlaqədar olaraq hüquq-mühafizə orqanlarında idarəetmə və icarə strukturlarında korrupsiyaya qarşı radikal tədbirlərin görülməsi;

3) İqtisadi sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin yalnız cinayət işlərinin istintaqı ilə məhdudlaşdırılması;

4) Ölkənin maliyyə-kredit, büdcə-vergi siyasətinə nəzarətdə radikal dəyişikliklər edilməsi, müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin konkret faktlara əsaslanmasına diqqətin artırılması;

5) Ölkənin maliyyə sistemində görülən işlərin, pul vəsaitinin formalaşması, bölgüsü və istifadəsində normal şərait yaradılması;

6) Vergi qanunvericiliyində, xarici investorların və iş adamlarının fəaliyyətinə mane olan halların aradan qaldırılması üçün radikal addımlar atılması;

7) Bankların restrukturlaşdırılması və özəlləşdirilməsi istiqamətlərində daha radikal tədbirlərin həyata keçirilməsi;

8) Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 2001-2005-ci illəri əhatə edən İkinci Dövlət Proqramının həyata keçirilməsi təmin edilməlidir.

Bütün bunlar üçün də Azərbaycanda bazar münasibətlərinin formalaşdırılması proqramı iqtisadiyyatın bütün sahələrində aparıcı islahatların bir sistem kimi kompleks halında ardıcıl olaraq həyata keçirilməsini tələb edir. Bu proqram əslində Azərbaycanın müasir sosial-iqtisadi vəziyyətinin təhlili ilə başlanmalı və keçid mərhələsində iqtisadi siyasətin konseptual müddəaları, iqtisadi islahatların həyata keçirilməsi mərhələləri, yeni idarəetmə sisteminin formalaşdırılması, sosial proseslərin tənzimlənməsinin, struktur siyasətinin, beynəlxalq iqtisadi siyasətin yenidən qurulması istiqamətləri və s. məsələləri əhatə etməlidir.

Fəsil 20. Müasir dövrün İQTİSADİ

nəzəriyyələri

1   ...   25   26   27   28   29   30   31   32   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə