Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə3/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33
§ 2. QƏDİM ASİYADA İQTİSADİ FİKİRLƏRİN MEYDANA GƏLMƏSİ
Dünya mədəniyyət tarixində özünəməxsus istiqaməti ilə fərqlənən Çin elmi bir çox sahələrdə, o cümlədən iqtisadi fikir tarixində olduqca dəyərli nailiyyətlər əldə etmişdir. Xüsusən Konfutsiyanın (552-479 e.ə.) (Kun-Fut-zı) irəli sürdüyü iqtisadi ideyalar Qədim Çin dövlətinin milli ideologiyasının əsası kimi onun iki minillik tarixi dövrünü təşkil etmişdir.

İri ailə icmaları daxilində formalaşmış ənənələrə sadiq qalan Konfutsiya onu böyük - kiçik, ata - oğul, böyük qardaşlar - kiçik qardaşlar prinsipi ilə bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi.

Konfutsiya təkmilləşmiş adam-xeyirxah ər təlimini yarat­mışdır. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazö­karlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Konfutsiya göstərirdi ki, xeyirxah ər yalnız öz borcunu bildiyi halda, lakin aşağı adamlar yalnız faydalanmağı bilirlər.

Ali mənəvi prinsipləri hər cür sərvətdən, yüksək mövqe tutmaqdan üstün hesab edən Konfutsiya qeyd edirdi ki, insan yüksək mövqe tuta bilmədiyinə görə deyil, tam möhkəmlən­məməsinə görə təəssüflənməlidir.

Konfutsiya ilk dəfə Çində irəli sürülmüş təbii hüquq nəzə­riyyəsini sosial, mənəvi və hüquqi fəlsəfə istiqamətində inkişaf etdirmişdir. Təbii hüquq konsepsiyasına əsasən, allah dünya­nın ilkin səbəbidir. Lakin cəmiyyət həyatında baş verən hadi­sələrə qarışmır. Allah töhfəsi kimi verilən təbii hüquqlar vətən­daş qanunları ilə qorunur.

Əsrlər boyu "təbii hüquq" nəzəriyyəsi Çində inkişaf etmiş, hakim sinfin mənafeyinə xidmət etsə də, lakin xalqın mənəvi zənginləşməsində olduqca böyük rol oynamışdır. Çünki mə­nəvi zənginlik, bu gün də Çin xalqının ən böyük bəşəri dəyər­ləri kimi qiymətləndirilir.

Konfutsiya insanın mənəvi təkmilləşməsini dövlət idarə­çiliyinin əsası hesab edirdi. Onun fikrinə görə dövlət böyük bir ailədir, hökmdar isə "xalqın atasıdır".

İdeal hökmdar obrazında da Konfutsiya təkmilləşmiş şəx­siyyəti görürdü və qeyd edirdi ki, dövlət xərclərində qənaətcil olmalı, insanlar üçün qayğı çəkməlidir.

Konfutsiya hökmdarları əvvəlcə xalqı varlı etməyə, sonra isə tərbiyələndirməyə çağırırdı. Bununla əlaqıdar o qeyd edirdi ki, hökmdarlar adamların azlığı ilə deyil, nemətlərin qeyri-bə­rabər bölünməsinə görə qayğı çəkməlidirlər. Eyni zamanda o göstərirdi ki, yoxsulluğun əsas səbəbi aşağıdakılarla yuxarılar arasında gedən çəkişmələrdir. Əlbəttə, belə bölgüdə əhalinin sosial təbəqələşməsi nəzərə alınırdı. Çünki Konfutsiya "ali icma ilə" xüsusi mənimsəməni fərqləndirirdi.

Ali icmaya kollektiv mülkiyyət sahibi olan kəndliləri, xüsusi mənimsəməyə isə quldar mülkiyyətini daxil edirdi.

Hökmdarın hər cür narazılıqların aradan qaldırılması və kəndli təsərrüfatının təşkil olunması sahəsindəki vəzifəni qeyd edən Konfutsiya xalqın mövsümi ictimai işlərə cəlb olunmasını zəruri hesab edirdi.

Qədim Çində sosial-iqtisadi sabitləşmənin əsas istiqa­mətini, nəsil-tayfa prinsipi əsasında formalaşan patriarxalq-ailə münasibətində görən Konfutsiya hesab edirdi ki, dövlətin sərvəti, məhz ailələrin sərvətinə əsaslanmalıdır. Konfutsiya xalqı çox işləməyə və az istehlak etməyə çağırırdı. Bununla belə hakimiyyətin möhkəmləndirilməsi üçün xalqın sosial tə­bəqələrindən istifadə etməyi, kollektiv əməkdən istifadə edib ictimai işləri görməyi tövsiyə edirdi.

Hökmdarı varlı, xalqı razı görmək istəyən Konfutsiya vergi həddinin qoyulması, etik normalara riayət edilməsi, əkinçilik işlərinin vaxtında görülməsi, sərvətin bərabər bölgüsü prinsip­lərinin nəzəri ideyalarını göstərə bilmişdir.

Konfutsiyanın ideyalarını daha sonralar inkişaf etdirən görkəmli mütəfəkkirlərdən biri müəllim Men (e.ə.372 - 281) olmuşdur. Konfutsiyanın yaşadığı dövrdən fərqli olaraq, müəl­lim Men sinfi mübarizələrin kəskinləşdiyi şəraitdə fəaliyyət gö­s­tərirdi. O qeyd edirdi ki, xalq kütləsinə humanist hökmdar gü­zəştə getməyi bacarmalıdır və xalqı idarə etməlidir.

İdarəetmə Konsepsiyasını irəli sürən Men-tsızı idarə edənlə idarə olunan arasındakı münasibətlərini müəyyən et­məklə qeyd edirdi ki, sadə adamlar hakim təbəqəni təmin et­məməlidirlər, bu göyün yerdəkilər üçün ən ümumi qanunudur.

İstehsalın icma formasına üstünlük verən Men-tsızı, kəndli torpaqlarının birgə becərilməsinə, qarşılıqlı yardım edilməsinə xüsusi əhəmiyyət verirdi. Eyni zamanda bu istiqa­mətdə tətbiq ediləcək verimlərin həddinin müəyyən edilməsinə də diqqət verilməsini qeyd edirdi.

Əmtəə mübadiləsinə xüsusi əhəmiyyət verən Men-tsızı qeyd edirdi ki, əkinçilərlə sənətkarlar arasında belə mübadilə olmalıdır. Daxili bazarda qiymət həddinin müəyyən­ləş­di­rilmə­sində istehsalçının əmək məsrəflərini nəzərə almaq lazımdır. "Əgər iri və kiçik başmaqlar eyni qiymətdə olsa, onda iriləri kim hazırlayar?" Lakin qiymətlərin tənzimlənməsində aldat­maların olacağına tərəddüd edən müəllim Men göstərirdi ki, belə olan şəraitdə dövləti kim idarə edəcək.

Bununla müəllim Men qiymətlərin mübadilə şəraitində uyğunlaşmasını və dövlətin onları tənzimləməkdən azad olun­masını tövsiyə edirdi.

Qədim Çin ictimai fikrində "Quan-tsızı" kollektiv iqtisadi traktı xüsusi yer tutur. Bu iqtisadi traktı e.ə. 4-3 əsrlərdə hök­m­dar tipin yaranmış olduğu "Qərb qankarında elm sarayı" adlı akademiyasında meydana gəlmişdir.

Müxtəlif alimlərin 500-dən yuxarı əsərlərinin məhsulu "Quan-tsızı" traktında birləşmiş 76 fəsilli ensklopedik yadigar bir əsər kimi bugünkü günə gəlib çatmışdır.8

İctimai həyatda baş verən dəyişikliklərin məhsuldar və ya qeyri-məhsuldar illərlə əlaqəsi və əməyin dövlətin gücünün əsası olduğu "Quan-tsızı" traktında qeyd olunurdu. Bununla yanaşı əməyin ekvivalent mübadiləsinin aparılmasının meyarı olduğu göstərilirdi. Traktın müəllifləri hesab edirdilər ki, "usta­larla" "əkinçilərin" əmək məhsullarının mübadiləsi şəraitində birinin o birinə nisbətən daha çox fayda götürməsinə heç cür yol vermək olmaz. Çünki bütün xalq bir çalışmalı və hamı bə­rabər qazanc əldə etməlidir.

"Quan-tsızı" traktında qeyd olunur ki, xalq bilikli adamlar üçün gəlir, tacirlər üçün isə mənfəət yaradır. Bununla belə sadə xalqla bilikli adamlar təbii hüquq konsepsiyası baxımın­dan əsaslandırılırdı. Göstərilirdi ki, əgər hamı bilikli adam ol­saydı onda ölkə gəlirsiz qalardı və heç biliksiz adamlar da ol­mazdı. "Quan-tsızı" traktında iqtisadi fikirlər əsasən "hökmdarı dövlətli" "xalqı razı" görmək istiqamətindədir.

"Quan-tsızı" müəllifləri qeyd edirdilər ki, iqtisadiyyatın stabilləşməsinin əsasını əkinçilik işinin sürətləndirilməsi və dövlətin daim taxıl ehtiyatının yaradılması təşkil edir. Taxılın qiymətinin tənzimlənməsi tövsiyə edilirdi. Lakin nə sənətkar­lıq, nə də ticarət faydasız iş hesab olunurdu. Bundan əlavə traktda qeyd olunurdu ki, "dörd qrup xalqın" qulluq adamları­nın, əkinçilərin, sənətkarların və tacirlərin əmək və həyatı ge­niş şəkildə reqlamentləşməlidir. Onlar sənətlərini dəyişməməli və nəsildən-nəslə keçməlidir.

Traktda dövlətin "torpağı idarə" edə bilməsi üçün onun təbii xüsusiyyətlərinin öyrənilməsi və keyfiyyət şkalasının qo­yulması tövsiyə edilirdi.

Əkinçilik işinin sürətləndirilməsi üçün "Quan-tsızı" trak­tında əhaliyə kreditlərin verilməsi tövsiyə edilirdi. Çünki dağlıq ərazilərdə yaşayanların taxıl məhsullarına olan ehtiyacı, məh­suldarlığın aşağı olması nəticəsində daima artır. Belə şəraitdə dövlət kredit əməliyyatlarından daha çox pul resurslarını cəm­ləyir. Bu da "pulların bahalaşmasına" və "şeylərin ucuzlaşma­sına" səbəb olurdu.

"Quan-tsızı" traktının müəllifləri sadə əmtəə təsərrüfatı şəraitində pul təsərrüfatının bir sıra qanunauyğunluqlarını müəyyən edə bilmişdilər. Belə ki, əmtəələrin qiymətinin artımı, pulun və əmtəələrin qiymətlərinin əks hərəkəti pulun ucuzlaş­masına, kreditlərin məhsulların mübadiləsinə verilməsi, onların bahalaşmasına səbəb olacağı qeyd olunmuşdur. Digər tərəf­dən təsərrüfatın sabitləməsi üçün pul nişanlarının emissiyası­nın normalaşdırılmasını göstərirdilər.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, "Quan-tsızı" traktı Qədim Çin iqtisadi fikirlərinin təşəkkülü və inkişafında misilsiz rol oynamışdır.

Qədim Hindistanda eramızdan əvvəl XXIII-XXYIII əsrlər­dən başlayaraq, quldarlıq quruluşunun inkişafı, intensiv şəhər­salma, budda ehkamının üstün rola malik olması, xüsusi mülkiyyətlə, əmlakla, vergi ilə, dəyərlə, əməklə bağlı Cənubi Asiyada iqtisadi görüşlərin meydana gəlməsinə səbəb olmuş­dur.

Qədim Hindistanda mülkiyyət onun sahibinin bir hissəsi hesab olunurdu. Lakin bununla yanaşı ilkin buddizm təlimində mülkiyyətdən imtina etmək əsas yer tuturdu. Bədənin zahiri ünsürü kimi təsvir olunan əmlakdan imtina etmək şəxsiyyətin budda qarşısında ən ali keyfiyyəti kimi göstərilirdi.

Eramızdan əvvəl I minilliyin ortalarında meydana gələn buddizm dininin və onun təsvirinə həsr olunan ədəbiyyatın braxmanizmin (induzma) meydana gəlməsi cəmiyyətin mə­dəni həyatının inkişafına müsbət təsir göstərirdi. Qədim Hin­dis­tanda insanların istər dini, istərsə gündəlik fəaliyyətləri, is­tərsə də mənəvi davranışları o dövrdə yazılmış ədəbiyyatlarla tənzimlənirdi. Xüsusi üç kitab vasitəsi ilə insanın həyatındakı fəaliyyətinin əsas məqsədi, onun dini borcu (dxarme), qazancı (artxe), sevgisi (kame) əsaslandırılırdı. Bunlara "Manunun qa­nunları" - dini borcları , "Artaxaşastra" - qazancı, "Kamasutra" - sevgisini təsvir edən kitablar daxil idi. Dini borcların yerinə yetirilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyan "Manu­nun qanunları" hər bir fərdə üç məqsəddən istifadə olunma­sına icazə verilirdi.

Sərvətin, maddi nemətlərin əldə olunması xüsusən qur­ban vermə ehkamı ilə əlaqədar idi.

Həyat fəaliyyətində əldə olunan bütün əmlaklar birmənalı olaraq allahın yolunda (buddaya) qurban vermək üçün nəzərdə tutulurdu.

Qeyd etmək lazımdır ki, Qədim Hindistanda iqtisadi fi­kirlərin meydana gəlməsində və formalaşmasında eramızın birinci əsrində 15 kitab əsasında tərtib edilmiş "Artaxaşastra" traktı mühüm rol oynamışdır.

Maddi qazancın əldə olunmasına, ətraf ərazilərin yeni vergi verənlərə görə zəbt edilməsi, bu əsasdan da hökmdarın xəzinəsinin doldurulması prinsipi traktda əsas yer tutur. Trak­tın əsas tərtibatçısı hökmdar I Çandra quntanın məsləhətçisi Kanutilya hesab olunur. Dövlətin möhkəmlənməsinə, vergi yağmanın təkmilləşməsinə, gəlirlərin artırılmasına, xərclərin azalmasına, ticarətin aparılması qaydalarına traktda geniş yer verilmişdir.

"Artaxaşastra" traktında hökmdara dörd elmin öyrənilməsi zəruri hesab edilir. Bunlardan biri dini təlim, ikincisi fəlsəfə, üçüncüsü idarəetmə, dördüncüsü isə iqtisadiyyat. Traktın ikinci kitabı iqtisadiyyata (vartta) həsr edilmişdir.

Müxtəlif təsərrüfat fəaliyyəti ilə bağlı, xüsusən əkinçilik, heyvandarlıq, ticarət sahələri kimi öyrənilən iqtisadiyyat, əs­lində dövlət təsərrüfatı sferası kimi şərh edilərək xəzinənin doldurulması vasitəsi hesab olunur.

İqtisadiyyat bilavasitə hökmdarın inhisarına daxil ol­duğuna görə, ayrı-ayrı təsərrüfatlar da onun hissələri hesab olunurdu.

Qul əməyinə üstünlük verilən əkinçilik sahələrindən başqa, emalatxanalarda muzdlu əməkdən istifadə olunması tövsiyə edilirdi. Natural və qul ilə ödənilən muzdlu əməyin ixti­sas yönümü əsas götürülürdü. Vergilərin mahiyyəti traktda, onun hökmdara ölkəni müdafiə etdiyi üçün verilən mükafat kimi göstərilirdi. Lakin bununla yanaşı müxtəlif sahələrdən əldə olunan vergilər fərqlənirdi. Belə ki, kənd təsərrüfatından əldə olunan vergi məhsul yığımının 1/6 hissəsinə bərabər tu­tulurdusa da, lakin sənətkarlar və tacirlər üçün tamamilə başqa hədd müəyyən edilmişdi. Ümumiyyətlə, bütün fəaliyyət sahələ­rinin vergiyə cəlb olunması zəruri hesab olunurdu.

Vergilərdən yalnız dini təlimin ən aparıcı nümayəndələri azad edilirdi. Traktda ticarətlə məşğul olanlar arasında əyyaş­lığın geniş yayıldığını nəzərə alaraq qeyd olunurdu ki, belə adamlar "oğru adını daşımayan oğrulardır".9

Hökmdara tacirlərin çəki və ölçüləri üzrə ciddi dövlət nə­zarətinin qoyulması tövsiyə edilirdi. Eləcə də məhsulların id­xal, ixracı üzrə müxtəlif rüsumların tətbiq olunması qeyd olu­nurdu. Məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına, ba­zarlarda deyil, məhsulların istehsal olunduğu yerlərdə satıl­dığına görə çox sərt cəza tədbirlərinin tətbiq olunması məslə­hət görülürdü.

"Artaxaşastra" traktında tacirlərin mənfəəti "sair xərclərə" aid edilərək, onun həcmi əvvəlcədən müəyyənləşdirilirdi. Yerli tacirlər üçün mənfəət qoyulmuş əmtəə qiymətlərinin 5%-ini, xaricilər üçün isə 10%-ini təşkil edə bilərdi.

Tacirlərin öz aralarında məhsulların ucuz və ya baha sa­tılmasına görə razılığa gəlmələri, hökmdar tərəfindən ciddi nə­zarət altına alınırdı. Bazar nəzarətçiləri ekspertlər vasitəsi ilə əmtəələrə "ədalətli qiymət" müəyyənləşdirmək hüququna ma­lik idilər. Bəzi hallarda hərrac yolu ilə məhsullar satılarkən elan olunmuş qiymətlə bazar qiyməti arasındakı fərq xəzinəyə cəlb olunurdu.

Nəzarətçi məmurların xəzinəyə məxsus vəsaitlərin oğur­lanmasının qarşısının alınması üçün də, tarktda müəyyən təd­birlər nəzərdə tutulmuşdu. Qədim Hindistanda əmtəə-pul münasibətlərinin zəif inkişaf etməsinə baxmayaraq, kredit sistemi, icarə haqqı, girov, mənfəətin bölgüsü, əmlak, borc faizi və s. bağlı olduqca əsaslandırılmış iqtisadi fikirlər mövcud idi.

Belə ki, faizlərin həcmi, borcun xarakterindən asılı olaraq müəyyənləşdirilirdi. Əgər adi faizin həcmi ayda 1,25% bərabər idisə, lakin onun həcmi, kreditorun risk etməsindən və yaxud işin mənfəətli olmasından asılı olaraq artırıla bilərdi.

Kreditlərin verilməsi öhdəliklərin qəbul olunması və yaxud girov qoyma yolu ilə həyata keçirilirdi. Belə şəraitdə həm kre­ditorun təlimatı, həm də mənfəətdən pay almaq hüququ qoru­nurdu. Bəzi hallarda girovun özündən istifadə, müəyyən edil­miş müddət ərzində götürülmüş krediti ödəməli idi.

Mənfəətin əldə olunmasının ən geniş yayılmış üsulların­dan biri müvəqqəti istifadə etmək və sərəncam vermək yolu ilə əmlakın icarəyə verməsi idi.

Qədim Hindistanın hüquqi və iqtisadi fikrində mülkiyyətin həqiqi sahibi ilə ona müvəqqəti sərəncam verənin dəqiq həddi müəyyən edilmiş idi.

Lakin "Artxaşastra" traktı, heç də tam iqtisadi prosesləri bütövlüklə əhatə etmirdi. Bəzi hallarda oradakı iqtisadi görüş­lər reallıqdan uzaq şəkildə şərh edilirdi. Bütün bunlara bax­mayaraq, Qədim Hindistanın bu mədəniyyət abidəsi, təsərrü­fatçılığın apa­rıl­ması, ideal dövlətin idarə olunması, vergi qoyu­luşunun təşkili sahəsində əmlakdan istifadə və sərəncam ver­mək istiqamətində dəyərli iqisadi fikirləri əks etdirə bilmişdir. Məhz buna görə də, bu trakt ümumdünya iqtisadi fikir tarixində özünəməxsus və əbədi yer almışdır.


§ 3. QƏDİM YUNANISTANDA İQTİSADİ FİKRİN

TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI
İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri haqqında bəhs edən iqtisadiyyat lap qədim dövr­lərdən bəri mövcud olsa da ancaq bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haq­qında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan "təsərrüfat" və "qanun" olduğunu qeyd etməli oluruq.

"İliada" və "Odisey" əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, heyvanların yığımı hər cür məh­sul­ların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq azad adamların ləyaqətli işi hesab olunurdu.10

Yunanıstanda e.ə. YIII-YII əsrlərdə sənətkarlığın əkinçi­likdən ayrılması, ticarətin genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olun­masına gətirib çıxa­rırdı, digər tərəfdən cəmiyyətin Polisey (şə­hər-dövlət) deyilən, xüsusi qrupu meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adam­lara qarşı dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq hüququnu da­şıyırdılar.

Antik dövrün iqtisadi fikri haqqında bəhs edərkən Qədim Yunanıstanda e.ə. Y-YI əsrlərdə həyata keçirilən Solonanı və Periklin islahatlarından irəli gələn iqtisadi görüşləri xüsusi qeyd etmək lazımdır. Bu dövrlərdə azad əhali kütləsi ilə kübarlar arasında gedən mübarizə sənətkarlığın əkinçilikdən ayrılması nəticəsində yeni şəhərlərin əmələ gəlməsi, qul borc­unun birmənalı qəbul olunması, quldarlıq quruluşunun sosial bazasının möhkəmləndirilməsi, siyasi sistemin demokratik­ləşməsi və s. ilə bağlı iqtisadi görüşlər üstünlük təşkil edirdi.

Solon borc hüququ ilə bağlı irəli sürdüyü fikir bütün borc­ları və onunla bağlı faizləri, qul borc verməsini ləğv etdi. Borc yerinə verilmiş afinalılar dövlət hesabına alınıb geri qaytarı­lırdı.

Quldarlıq quruluşunun inkişafı ilə bağlı irəli sürülən isla­hatlar nəticəsində bir tərəfdən qohumluqla bağlı bir sıra toxu­nulmaz qa­nunlar ləğv olundu, əmtəə-pul münasibətlərinin ge­niş vüsət almasına şərait yaradıldı.

Hakimiyyətin nəsli xarakter daşımasına, qohumluq prin­sipinə əsaslanmasına son qoyan Solona islahatları, heç də cəmiyyətdə mövcud təkhakimiyyətliliyi, diktatorluğu aradan qaldırmadı. Əksinə, bu re­jimin möhkəmləndirilməsi üçün əkin­çilərin, sənətkarların, ta­cirlərin dövlətdən iqtisadi asılılığını xeyli gücləndirdi. Bu özünü ən çox güzəştli kreditlərin verilmə­sində, vergilərin tu­tulmasında, torpaqların bölgüsündə əks et­dirdi. Kəndlilərin xeyrinə torpaqlar əgər bərabər bölgü şəklində paylanılırdısa, lakin girov qoyulması, icarəyə verilməsi, dəyiş­dirilməsi qadağan edilirdi.

Qədim Yunanıstanda iqisadi fikir, ilkin olaraq, bədii ədə­biyyatda, iqtisadi siyasətdə, qanunçuluqda öz əksini tapsa da, lakin daha sonralar o öz əksini məşhur filosofların görüşlərində tapırdı. Məsələn, Demokrit (e.ə. 470) sübut edirdi ki, icma cə­miyyətini heç də ideallaşdırmaq lazım deyil. Çünki o vaxt adamlar boş əllə mübarizə aparırdılar. Lakin dövlətin yaradıl­ması yeni cəmiyyətin ən böyük nailiyyəti olmaqla "hər şeydə bərabərliyin" qorunması baş verirdi.

Bununla bərabər Demokrit hesab edirdi ki, hər cür əlavə yığım cəmiyyətin "kasıb" və "dövlətli" təbəqəsini əmələ gətirir. Əgər hər hansı kəs "öz payından razıdırsa, onu yoxsul adlan­dırmaq olmaz". Yaxud "malik olduğundan razı olmayanı da dövlətli adlandırmaq olmaz".

Xüsusi mülkiyyəti, qul əməyinin mənimsənilməsini təbii hal hesab edən Demokrit göstərirdi ki, qulların məhsuldarlığını yüksəltmək, onların təyinatına görə istifadə etmək vacibdir.

Bundan əlavə Demokrit iri torpaq sahibkarlığını, həddin­dən artıq pul yığımını qəbul etmirdi. Göstərirdi ki, həddindən artıq pula pərəstişlik və onun ödənilməsinin sonu yoxdur. Görünməmiş mənfəət "vicdanın itirilməsinə" gətirib çıxarır. Yoxsulluğu ləyaqətlə ke­çirməyi, sağlam düşüncəni əks etdirən cəhət kimi qəbul edirdi.

Qədim Yunanıstanın "Özün-özünü dərk et" tezisinin müəllifi məşhur Sokratın (469-399) iqtisadi görüşlərində əsas yeri "mənəvi xeyirxahlıq" tuturdu. O qeyd edirdi ki, sərvət əldə etmək üçün qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvə­tin saxlanılması üçün isə, adamlarda onsuz keçinmək xüsu­siyyəti olmalıdır. Bununla əlaqədar olaraq o, geniş əhali kütlə­sini aza qane olmağa, əldə olunan sərvəti mənəvi xeyirxah­lıqla bağlı olaraq qorumağa çağırırdı.

Qədim Yunanıstanın iqtisadi fikir tarixinin, bəlkə də bəşə­riyyətin antik dövrlə bağlı ən parlaq tərəqqi dövrü e.ə. IY əsri­dir. Bu dövrdə quldarlıq quruluşu inkişafının yüksək mərhələ­sinə çatmaqla, onun daxili ziddiyyətləri kəskinləşmiş, Polisey (şəhər-dövlət) sistemi böhrana uğramış, demokratik proseslər isə özünü doğrultmuşdur.

Kiçik və orta torpaq sahibkarlığı quldarlığın, sənətkarlığın və mübadilənin inkişaf səviyyəsi ilə uyğun gəlmirdi. Bütün bunlar iqtisadi inkişafın natural və əmtəə təsərrüfatına doğru inkişaf etdirilməsini zəruriləşdirirdi. Xüsusi və kollektiv qul­darldıq, sənətkarlıq və əkinçiliyin inkişafı yeni iqtisadi görüşlə­rin əmələ gəlməsinə səbəb olurdu.

Belə iqtisadi görüşlərin formalaşması və Ksenofontun (e.ə. 430-354), Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) əsərlərində daha parlaq şəkildə əks olunmuşdur.

Afina Poliseyinin kübar ailəsində dünyaya gəlmiş Kse­nofont qızğın siyasi dairələrdə aktiv iştirak etmiş, spartakçılar­dan torpaq sahəsi almış və öz fəaliyətini bədii ədəbiyyatlarla, kənd təsərrüfatı işləri ilə bağlamışdır. O, öz iqtisali görüşlərini "Evqurumu" əsərində şərh etmişdir. Quldarlıq quruluşunun görkəmli ideoloqu kimi, o, ev təsərrüfatının aparılması qayda­ları, xüsusi ev təsərrüfatı ilə əkinçiliyin aparılması üsulları, is­tehsalın təşkili, qulların daha məhsuldar işləməsi, maddi sti­mullaşmanın aparılması haqqında elmi mülahizələr irəli sürmüşdür.

Ksenofont göstərirdi ki, iqtisadi inkişafın yolu natural tə­sərrüfatdır.

Bununla əlaqədar olaraq, o, kənd təsərrüfatını son dərəcə ideallaşdırırdı. Əkinçilik sahəsində tətbiqi əməyin bütün sa­hələrdə əldə olunacaq müvəffəqiyyətlərin zəmini olduğunu qeyd edən Ksenofont göstərirdi ki, "torpaq ədalətliliyi öyrədir və kim orada ürəklə çalışırsa, o, daha çox mənfəət əldə edir".

Bununla əlaqədar olaraq Ksenofont göstərirdi ki, "əkinçi­lik bütün peşələrin anası və əmizdirənidir".

Sərvət haqqında bəhs edən alim onu xalis istehlakçı mövqedən izah edirdi.

Əmək bölgüsünə xüsusi diqqət yetirən Ksenofont qeyd edirdi ki, eyni bir ustanın müxtəlif əşyalar hazırlamaq qabi­liyyətinə baxmayaraq o, heç də onları eyni qaydada yaxşı ha­zırlaya bilməz. Ona görə də hərə öz məşğul olduğu peşəyə uyğun məhsul hazırlasa və məhdud bir işlə məşğul olsa daha çox fayda gətirə bilər və daha yaxşı hazırlaşa bilər. Əmək böl­güsünə həm geniş mənada, həm də dar mənada baxan Kse­nofont qeyd edirdi ki, bazarların həcmi əmək bölgüsünün miqyasından asılıdır. Lakin bununla yanaşı o qeyd edirdi ki, bazarların həcminin genişlənməsinə pul da təsir göstərir. Pula olan hədsiz meyli əsaslandıran Ksenofont qeyd edirdi ki, heç kəs istədiyi qədər pul əldə edə bilmir. Əgər kimdəsə, o həd­dindən artıqdır, onda o, əlavə pulu basdırır və onun istifadə­sindən az olmayan bir zövq əldə edir.

Qiymət yaranma mexanizminə toxunan Ksenofont göstə­rirdi ki, misin, dəmirin, ərzağın təklifindən asılı olaraq, onların qiyməti dəyişir. Belə qiymət diyişmə əkinçiliyə də təsir edir və hətta onların peşələrinin dəyişdirilməsinə səbəb olur.

Pelopon müharibəsindən sonra Yunanıstanı dərin böhran bürüməklə, quldarlıq quruluşunun ziddiyyətləri olduqca kəs­kin­ləş­mişdi. Kübar ailələrin mənafeyi zəifləyirdi.

Azad vətəndaşlar, əkinçilər, sənətkarlar, tacirlər və ari­s­tok­ratiya arasında ciddi ziddiyyətlər meydana gəlmişdi. Məhz belə şəraitdə görkəmli filosof Platonun iqtisadi və sosial pro­seslərə olan münasibəti, iqtisadi fikirdə olduqca dəyərli görü­şlərin əmələ gəlməsinə səbəb oldu. Onun əsas iqtisadi fikirləri "Dövlət" və "Qanunlar" əsərində şərh olunmuşdu.

Platon da Ksenofont kimi yunan polisinin böhran keçir­t­diyi vaxtlarda yaşamış, zəmanəsinə xas olan ictimai, iqtisadi, sosial-siyasi, mənəvi-hüquqi məsələlərini həll etməyə çalış­mışdı. Yaxşı təhsil almış, gəmi səyahəti ilə müxtəlif ölkələrdə olmuş və seçilən torpaq sahibi ailəsində anadan olmuş Platon kübarlarla demokratlar arasında, dövlətlilərlə kasıblar arasında, qullarla quldarlar arasında gedən sinfi mübarizənin həll olun­masına çalışmışdı. Məhz buna görə də o, antik dövrün ən məşhur mütəfəkkiri kimi, sonrakı elmi dünyagörüşlərin forma­laşmasının mənbəyi kimi bəşər tarixində əbədiləşmişdir.

Yeni və ya ideal dövlət yaradılması barədə Platonun kon­sepsiyasında əsas yeri varlıların və kasıbların maddi mənafe­lərinə uyğun gəlməyən vahid dövlətin olmaması onun hər vaxt parçalanmağa məruz qalacağı qeyd olunurdu.

Çünki dövlət varlılarla kasıbların mənafeyini birləşdirmə­diyindən o, iki yerə bölünür. Belə şəraitdə varlanmağa cəhd edən, hərislik göstərən dövlətlilər fəaliyyətsizləşir, kasıbların təsərrüfatını aparılmasını məhdudlaşdıran imkansızlara çevri­lirlər. Ona görə də, Platon göstərirdi ki, hakim siniflə azad əhali arasındakı qeyri-bərabər əmlak artımını dayandırmaq la­zımdır.

Platon hesab edirdi ki, ümumiyyətlə qeyri-bərabərlik in­sanların təbiətindən irəli gəlir və onu aradan qaldırmaq mümkün deyil. Ona görə də hər adam təbii qabiliyyətinə uyğun gələn payı almalıdır.

O göstərirdi ki, hərə bir işlə məşğul olmalıdır. İşçi işləyən­lərin işinə deyil, müəyyən bir işə uyğunlaşmalıdır. Bu çox asan məhsul istehsal etməyə səbəb olar.

Platon hesab edirdi ki, dövlət üç təbəqədən ibarət olmalı­dır. Hökmdar və filosoflardan, hərbiçilər və əkinçilərdən, sənət­kar və tacirlərdən. Bu təbəqələrin mənəvi təbiətləri müxtəlif olduğundan onlar dövlət işlərində də müxtəlif işləri yerinə yeti­rəcəklər. Əmək bölgüsünə, xüsusən ixtisaslaşmaya böyük əhəmiyyət verən Platon göstərirdi ki, cəmiyyətdə müxtəlif kə­miyyətli tələbatlar fəaliyyət göstərdiyindən, hətta bir adamın tələbatının ödənilməsi üçün çoxnövlü əmək tətbiq etmək la­zımdır. Beləliklə, o, belə qənaətə gəlirdi ki, əmək bölgüsü cə­miyyətdə adamların biri-biri ilə əlaqəyə girməsinə səbəb olur. Belə əlaqə şəraitində müxtəlif tələbatlarla, ayrıca bir adamın məhdud qabiliyyəti arasındakı ziddiyyəti həll edir.

Öz sinfi mövqeyindən çıxış edən Platon göstərirdi ki, filo­sof və hərbiçiləri məhsuldar əməkdən azad etmək lazımdır. Bu işə yalnız qullar, sənətkarlar, kəndlilər cəlb olunmalıdır.

Platon əmək bölgüsünün zəruriliyini göstərməklə yanaşı, bu işdə ticarətin rolunu xüsusi qeyd edirdi.

O göstərirdi ki, ticarət ona görə lazımdır ki, o şəhərlər da­xilində və şəhərlər arasında əmək bölgüsünə xidmət edir. Pu­lun mahiyyətini izah etmədən, Platon onun iki funksiyasını, dəyər ölçüsü və tədavülün olduğunu qeyd edirdi. Pulun yalnız mübadilə vasitəsi olduğu qeyd olunurdu.

Dövlətin sabit inkişafını, natural təsərrüft ilə əlaqələndirən Platon göstərirdi ki, yalnız quldarlığı saxlamaqla, yeni şəhərlər salmaqla nail olmaq olar. Dövlət quruculuğu ilə əlaqədar olan"Qanunlar" əsərində o, şəhər-dövlət işinin başlanğıcını, təbii-coğrafi mühitlə əlaqəsini, şəhərsalma işini, eləcə də, orada əhalinin əmlaka görə yerləşdirilməsi qaydalarını göstə­rirdi. Belə ki, yerləşdirilən əhaliyə verilən torpaq payı ilə əla­qədar 4 əmlakın inkişafı mövcudluğu qeyd olunurdu. Əmlakın azalıb-çoxalması ilə əlaqədar bir sinif digər sinfə keçirilməlidir.

Xüsusən əmlakın çoxalmasına dövlət nəzarətinin güclən­dirilməsi qeyd olunurdu. Əgər əmlak mövcud payın dəyərindən 4 dəfə çox olarsa, onda əlavə əmlak dövlətə və ya allah hesab olunan hökmdara verilməlidir.

Belə şəraitdə varlı nə kasıb olacaq, nə də deməli, vətən­daşlar arasında ciddi narazılıqlar baş verməyəcək.

Dövlətin iqtisadi inkişafını aqrar bölmə ilə əlaqələndirən Platon qeyd edirdi ki, əldə olunan məhsullar 12 hissəyə bölün­məlidir. Hər 12 hissə isə 3 hissəyə bölünməlidir. Bir hissə azad adamlar üçün, digər hissə qullar üçün, üçüncü hissə isə xaricilərə satılmaq üçün nəzərdə tutulmalıdır.

Platon öz dövlət layihəsində faizlə borcun verilməsini, kreditlə mal alınmasını qadağan edirdi. Zəruri olmayan malla­rın idxalını, dövlətə lazım olan malların ixracını vacib hesab edirdi. Bir gündə bir məhsula iki qiymətin qoyulmasını qa­dağan edirdi. Xırda ticarətin fəaliyyətini Platon yalnız anadan olmuş torpaq sahibləri üçün zəruri hesab edirdi.

Platon iqtisadi inkişafın meyarının, ciddi və vaxtında ye­rinə-yetirilən qanunlardan ibarət olduğunu göstərirdi.

Dövləti torpağın ali mülkiyyətçisi hesab edən Platon, gös­tərirdi ki, dövlət torpaq paylarını bölür, kollektiv istehlakı təmin etməklə, natural təsərrüfatın inkişafını tənzimləşdirir. Bununla yanaşı o, xüsusi mülkiyyəti toxunulmaz elan edir. Bu əsasdan da o, cəmiyyət üzvlərinin bərabərliyini təmin etməyi və vətən­daşların dövlətə tabe olma ruhunda tərbiyə olunmasını tövsiyə edirdi.

Antik dövrün iqtisadi problemlərinə dair ən mütərəqqi fi­kirlər irəli sürən Aristotel, dünya elminin korifeylərindən hesab olunur. Aristoteldir. Məntiqi elmi yaradıcılığa əsaslanan, cə­miyyətdə baş verən sosial-siyasi, mədəni-iqtisadi dəyişikliklə­rin əsasında duran əsas prinsipləri Aristotel açıb göstərmişdir. Elm aləmində dahi Platonun şagirdi, qədim dünyanın bənzər­siz sərkərdəsi Makedoniyalı İsgəndərin müəllimi kimi tanınan Aristotel, quldarlıq quruluşunun iqtisadi sistemini şərh edən ilk iqtisadçı hesab olunur.

Bu da təsadüfi deyildir. Çünki o, "Siyasət", "Afina siya­səti" əsərlərində adamların faydalı fəaliyyətini və nemətlər əldə olunmasına görə onların davranış qaydalarını təhlil edə bilmiş­dir.

Aristotelin iqtisadi görüşləri elə dövrdə foprmalaşmışdır ki, həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, poli­sey dövlət qurumu tənəzzülə məruz qalmışdır.

Quldarlığın ilkin olaraq, iqtisadi xarakteristikasını vermiş Aristotel göstərirdi ki, nə istehsal, nə də ki, insan həyatının özü qulsuz keçinə bilməz.

Qulları danışan və çevik əmək aləti hesab edən Aristotel, onları mülkiyyət obyekti sayırdı. Bununla əlaqədar olaraq mey­dana gələn iki fəaliyyət növünü fərqləndirməyi tövsiyə edirdi. Biri aktiv fəaliyyət kimi istehlakdan ibarətdir ki, onlar zəruri yaşayış vasitələrinin yaradılmasını tələb edir. İkinci fəaliyyət növü isə qul əməyidir ki, o da zəruri yaşayış vasitələrinin is­tehsalına yönəldilir. Məhz bu baxımdan da Aristotel hesab edirdi ki, sərvət, nemət əldə etmək istəyən hər bir kəs mütləq qul əməyindən istifadə etməlidir. Qul əməyi və ona hökm ver­mək "təbiətin ümumi qanunu" kimi, "qarşılıqlı özünüsaxlamaq" prinsipindən irəli gəldiyini göstərən Aristotel sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.

Fiziki əməyin cəmiyyətin sosial həyatında daşıdığı ma­hiyyətdən asılı olmayaraq, onun hər cür sərvətin, nemətin mənbəyi olduğunu Aristotel qeyd etməklə, bu, iqtisadi fikir ta­rixində böyük elmi xidmət kimi qiymətləndirilir. Aydındır ki, o dövrün iqtisadi inkişaf qanunauyğunluqlarından irəli gələn elmi müddəalar, heç də müasir iqtisadi təfəkkür baxımından birmə­nalı qəbul edilə bilməz. Lakin o dövrdə gətirilən təhlillər, müxtəlif mülahizələr tarixi-məntiqi səpkidə qiymətləndirilməli­dir.

Aristotel qulu gəlir gətirən əmlak hesalb edirdi. Çünki bir halda ki, qul quldarın mülkiyyətində idi, onun əməyinin nə­ticəsi də quldar tərəfindən mənimsənilməli idi. Beləliklə, qul­darlıq insanla əşya arasındakı həddi silmiş, nemət yaradan əmək hər cür azadlıqdan məhrum edilmişdir. Aristotel gös­tərirdi ki, hər cür ağır fiziki işləri qullar görməlidirlər. Fiziki iş­lərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar.

Nemətdən istifadə olunması üsulunu tədqiq edən Aristo­tel əmtəənin iki tərəfini -istehlak və mübadilə dəyərini təhlil edir.

İstehlak dəyəri kimi istifadə olunan neməti Aristotel "təbii, mubadilə dəyəri kimi istifadə olunan neməti "qeyri-təbii" pro­ses kimi xarakterizə edirdi.

İqtisadi zəruriyyət kimi nəzərdə tutulan ehtiyac, Aristotelə görə adamları bir-biri ilə bağlı edir. Tarixi inkişafla, əmək böl­güsü ilə əlaqədar olaraq meydana gələn maddi nemətlərin mübadilə olunması zəruriliyini göstərən Aristotel ticarətin meydana gəlməsini və inkişafını tədqiq edir.

Mübadilənin və ticarətin iqtisadi zəruriliyini və onun döv­lətin əmələ gəlməsindəki rolunu şərh edən Aristotel qeyd edirdi ki, belə proses mənfəət əldə etmək üçün labüddür.

Mübadilə qanunlarının mahiyyətini aşkarlamağa cəhd gös­­tərən Aristotel qeyd edirdi ki, mübadilədə əmtəə dəyərləri­nin bərabərləşməsi prosesi baş verir. Mübadilə prosesinin in­kişafı ilə əlaqədar meydana gələn pulun mənşəyini təsadüfi saymır və qeyd edirdi ki, "mübadilə ticarətin zəruriliyi ilə pul meydana gəlir". Pulun əmtəə mənşəyini və dəyər ölçüsünü, tədavül funksiyalarını aşkar edən Aristotel, onun təbii ma­hiyyətini açmaqla, sözün əsl mənasında dəyər formalarının ilk tədqiqatçısına çevrilmişdir.

Aristotel hesab edirdi ki, əmtəələr özü-özlüyündə ölçülməklə, lakin pul vasitəsi ilə bu prosesə daxil ola bilərlər. Çünki bu praktiki tələbatla əlaqədardır. Bununla da o, pulun dəyər ölçüsü funksiyasını qeyd etmişdir. O göstərirdi ki, əgər əmtəələr pulla ölçülərsə, deməli, onlarda bir bərabərlik möv­cuddur.

Bu bərabərləşmənin ümumi bir əsasının olduğunu dərk edən Aristotel, onun mənbəyini tapa bilməsə də, lakin gə­ləcəkdə mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsinin əsasının ictimai zəruri əməkdən ibarət olunması kəşfinin əsa­sını qoydu.

Bundan əlavə Aristotel əməkdə bərabərliyin axtarılmasını mənasız hesab edirdisə də, lakin istehsal xərclərində xüsusi əməyə qiymət verirdi.

Ev və dövlət üçün nemətlər əldə olunması üçün təsərrü­fatçılıq fəaliyyətinə xüsusi qiymət verən Aristotel qeyd edirdi ki, belə formadakı fəaliyyət "iqtisadiyyat"dır. Lakin varidat, sərvət əldə etmək, xüsusən onun pul formasında toplanması fəaliyyəti isə xrematistikadır.

Xrematistikaya əmlak, mülk mənasını verən Aristotel onu iqtisadiyyatla müqayisə etməklə, bu anlayışların təbii tarixi rolunu müəyyən etməyə cəhd göstərir.

Bununla da o, ilk dəfə olaraq pulun tədavül vasitəsi kimi rolu ilə sahibkar üçün yeni pul əmələ gətirən pul rolunu fərq­ləndirir. Beləliklə də göstərir ki, iqtisadiyyat nəzərə çarpma­dan, lakin zəruri şəkildə xrematistikaya, yəni əmlaka, mülkə çevrilir.

Antik dünyada ticarətin və sələmin istər iqtisadi fəa­liyyətdə, istərsə də xrematistik fəaliyyətdəki rolunu nəzərə alan Aristotel qeyd edirdi ki,"...ticarət fəaliyyətində özünü gös­tərən sərvət toplamaq məqsədə çatmaqda heç bir zaman son hədd olmur, ona görə ki, burada məqsəd hədsiz sərvət topla­maq və pula sahib olmaqdan ibarətdir. Pul dövriyyəsi ilə məşğul olanların hamısı öz kapitallarını hədsiz dərəcədə artır­mağa çalışırlar". Beləliklə də "iqtisadiyyata" təbii, xrematisti­kaya qeyri-təbii münasibət bəsləyən Aristotel göstərirdi ki, nemətlərin bölgüsü "ədalət" prinsipinə görə həyata keçirilməli­dir. Daha doğrusu, belə ədalətli bölgü "ləyaqətə görə", adamla­rın cəmiyyətdə və dövlət işlərində tutduğu mövqeyə görə apa­rılmalıdır.

Aristotelə görə əmlak fərqi saxlanılmalıdır. Lakin o, nə həddən artıq varlanmağa, nə də ki, kasıblığa səbəb olmamalı­dır.

Aristotelin iqtisadi fikirləri demək olar ki, əsrlər boyu gör­kəmli filosofların, cəmiyyət həyatı ilə məşğul olan alimlərin daim diqqət mərkəzində olmuşdur.

İqtisadiyyat elmi bir sistem kimi tətbiq olunmasından başlayaraq, hal-hazırkı dövrə qədər, Aristotelin bir sıra ideya­larını inkişaf etdirmiş, onun elmi təfəkkürün formalaşması üçün daşıdığı əhəmiyyət xüsusi qeyd edilmişdir.

Qədim Yunanıstanda iqtisadi fikrin formalaşması və ol­duqca yetkin səviyyədə qalxması hər şeydən əvvəl icma qu­ruluşunun dağılması, quldarlığın inkişaf etməsi, bu zəmində polis dövlət quruluşunun əmələ gəlməsi və ziddiyyətlərin kəs­kinləşməsi ilə əlaqələndirmək lazımdır. Digər tərəfdən dövrün görkəmli korifeylərinin quldarlıq quruluşuna haqq qazandır­ması, belə şəraitə uyğun "ədalətli" həyat tərzinin formalaşması prinsiplərinin müəyyən edilməsi, qul əməyinin hər cür sərvətin mənbəyinin təşkil olunmasının əsaslandırılması iqtisadi fikri­nin inkişafına səbəb olmuşdur.

Bundan əlavə şəhərlərin inkişafı, onunla əlaqədar olaraq əkinçiliyin, sənətkarlığın, ticarətin inkişaf etməsi, əmək böl­güsünün əhəmiyyətinin düzgün qiymətləndirilməsi iqtisadi fik­rin yetkinləşməsinə səbəb olmuş, iqtisadi proseslərin aparıl­masının ilkin nəzəri istiqamətlərinin verilməsinə şərait yarat­mışdır.


1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə