Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə"




Yüklə 2.5 Mb.
səhifə2/33
tarix23.02.2016
ölçüsü2.5 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33
§ 2. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN METODU
İqtisadi təlimlər tarixinin öyrənilməsinin metodoloji əsa­sını yeni iqtisadi nəzəriyyələrin mahiyyətinin daha dərindən mənimsənilməsi üçün keçmiş nəzəriyyələrin öyrənilməsi dia­lektikası təşkil edir. "İqtisadi təlimlər tarixi" dialektik metod vasitəsi ilə iqtisadi nəzəriyyənin inkişaf mərhələlərinin ma­hiyyətini əks etdirməklə onun mövcud şəraitlə həyata keçiril­məsi imkanlarının mümkünlüyünü və üstünlüklərini əks etdirir. Çünki hər bir yeni "İqtisadi nəzəriyyə" dünənki problemlərin çatışmazlıqlarının aradan qaldırılmasından irəli gəlmişdir. Ona görə də hər yeni yaranan nəzəriyyə, keçmiş nəzəriyyələrdən irəli gələrək bəşəriyyətin dinamik və təkamüllü inkişaf yolunu əks etdirir. Təkamüllü iqtisadi inkişaf yolu bir tərəfdən ən mütərəqqi ideyaları tətbiq etməklə onların həyatiliyini göstərir, digər tərəfdən onlardan irəli gələn çatışmazlıqları üzə çıxarır. Eyni zamanda istifadə olunmayan alternativ ideyaların mey­dana gəlməsinə səbəb olur. Tərəqqi isə alternativ ideyaların bir nəzəriyyədə birləşdirilməsi ilə deyil, onların hər birinin ay­rılıqda tətbiqi və onların ən ümumi cəhətlərinin sintezləşdiril­məsi vasitəsi ilə meydana gəlir. Deməli, iqtisadi təlimlər tari­xində təhlil və sintez metodu xüsusi yer tutur.

Əgər XIX əsrin sonu XX əsrin 90-cı illərinə qədər iqtisad elmi, o cümlədən "iqtisadi nəzəriyyə" və "iqtisadi təlimlər ta­rixi" iki barışmaz "kapitalizm" və "sosializm" mövqeyindən öy­rənilirdisə, artıq buna son qoyulmuşdur. XX əsrin sonu və XXI əsrin ilk illərində artıq iqtisadi təfəkkürlər bir mövqedən, müxtəlif milli mənafeylər baxımından öyrənilərək, dünya iqti­sadi inteqrasiya prosesini, qloballaşmanın iqtisadi səpkilərini, iqtisadi təhlükəsizlik problemlərini, kommersiya mənafelərini ön plana çəkmişdir

Daha doğrusu, tarixi məntiqi metod istifadə edilərək iqti­sadi ideyalar, təfəkkürlər insan potensialının inkişafı naminə sintezləşdirilir. Ona görə də bazar iqtisadiyyatının üstünlükləri qəbul olunmaqla bəşəri tərəqqinin aparıcı iqtisadi sistemi kimi, onun liberal-sosial, sosial-demokrat modellərinə xas olan prinsiplərinin formalaşmasının əsası qoyuldu.

Beləliklə, iqtisadi fikirlər təsərrüfat həyatında həlledici rol oynamaqla, iqtisadi həyatda baş verən qanunauyğunluqların məntiqinin öyrənilməsini əsaslandırdı.

Bazar iqtisadi sisteminə xas transformasiyanın baş ver­məsi mümkünlüyü ideyası, eyni zamanda onun makroiqtisadi səviyyədə tənzim olunması zəruriliyi yeni tənzimlənən fikrin meydana gəlməsinə əsas verdi.

Bu hər şeydən əvvəl keçmiş və müasir iqtisadi təfəkkürlər arasında qarşılıqlı əlaqə və asılılıqların mövcudluğundan irəli gəlir. Çünki hər bir nəslin yaşadığı dövrdən asılı olaraq özünə məxsus iqtisadi fikirləri əmələ gəlir. Lakin bu fikirlər təcrid olunmuş şəkildə deyil, özündən əvvəlki nəslin mütərəqqi iqti­sadi fikirlərinə əsaslanır. Öz növbəsində də bu gələcək nəsil­lərdə yeni iqtisadi fikirlərin meydana gəlməsinə imkan yaradır. Məhz bu da real elmi tərəqqiyə təkan verməklə, müvafiq təlim formasını almış olur.

İqtisadi təlimlər tarixi, iqtisadi nəzəriyyənin tarixi kimi bi­lavasitə onun əsas prinsiplərinin formalaşmasının nəzəri və metodoloji əsaslarını öyrənir.

- Sərvətin əldə olunması, maddi nemətlərin artırılması yollarının müəyyən edilməsi;

- İnsanların tarixi inkişafın ayrı-ayrı mərhələlərində tələ­batlarının ödənilməsi ilə bağlı müxtəlif davranış qaydalarına əməl etməsi;

- Sərvət və nemətlərin əldə olunmasına, bölgüsünə və is­tifadəsinə görə, seçim imkanının əldə olunmasına görə təsər­rüfat formalarının yaradılması;

- İnsanların bütövlükdə mənafeyini təmin edən və qo­ruyan iqtisadi sistemin yaradılması və idarə olunması;

Ümumiləşmiş şəkildə bu prinsiplərin həyata keçirilməsi ilə bağlı irəli gələn elmi-nəzəri müddəaların və iqtisadi qanu­nauyğunluqların hər bir iqtisadi sistemin tələbatına uyğun öy­rənilməsi və onun tətbiqinin mahiyyətinin şərh olunması tə­limlər tarixinin əsas məqsədlərindəndir.

"İqtisadi təlimlər tarixi"ndə irəli sürülən hər bir nəzəriyyə özünəməxsus xüsusiyyətləri ilə qiymətlidir. Çünki onların hər biri konkret tarixi dövrün reallıqlarından irəli gələn iqtisadi pro­seslərə əsaslanır.

İqtisadi təlimlər tarixinin mərhələlər üzrə öyrənilməsi və uyğun nəzəriyyələrin meydana gəlməsi qanunauyğunluqlarının müəyyənləşdirilməsi ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının formalaşması prosesindəki rolun mahiyyətinin üzə çıxarılma­sına imkan verir. Eyni zamanda dünya iqtisadiyyatında gedən böyük transformasiyaların baş verməsinin zəruriliyinin şərh olunmasına imkan yaradır. Təkcə onu demək kifayətdir ki, XV-XVII əsrlərdə dünyada mövcud olan sərt inzibati-amirlik, ənə­nəvi iqtisadi sistemlərinə alternativ olan bazar iqtisadi siste­minin meydana gəlməsinin nəzəri və metodoloji prinsiplərini məhz "İqtisadi təlimlər tarixi" ilə və ya iqtisadi nəzəriyyənin tarixi vasitəsi ilə öyrənmək mümkün olmuşdur.

Kapitalizmin meydana gəlməsi ilə ona uyğun iqtisadi nə­zəriyyələrin meydana gəlməsi, onun bazar təsərrüfatının əsa­sına çevrilməsi ideyalarının əmələ gəlməsi və inkişaf etdiril­məsi bəşəriyyət həyatında mütərəqqi rol oynamaqla yeni bir iqtisadi sistem kimi formalaşmasına təkan verdi. Yekun olaraq bazar təsərrüfatının dövlət tərəfindən himayədarlıq yolu ilə tənzim olunması, sonra onun özü-özünü tənzimləməsi ideya­sına əsaslanan sərbəst tipinin meydana gəlməsinə səbəb ol­maqla, onun bir iqtisadi sistem formasına çevrilməsinə imkan verdi. Beləliklə, bazar iqtisadiyyatının sosial tənzimlənən tip­ləri, milli modelləri haqqında elmi mübahisələr, nəzəri ideyalar irəli sürülür.2

Ona görə də tarixi-məntiqi metod, vaxt amilinin rolunun nəzərə alınması ilə iqtisadi inkişafın bəşəri sivilizasiyanın əsasında durması prinsipinin əsas götürülməsinə təkan verdi.

"İqtisadi təlimlər tarixi" bilavasitə iqtisadi nəzəriyyənin metodoloji prinsiplərinə əsaslandığından onun əsas funksiyası da bu əsasdan formalaşır. Ona görə də iqtisadi təlimlər tarixi­nin əsas funksiyası iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri üzrə öyrənilməsindən ibarətdir. Bu əsasdan da "İqtisadi təlimlər tarixi"nin bəşəriyyətin tarixi inki­şaf mərhələlərinə uyğun öyrənilməsinə cəhd edilmişdir. Bu baxımdan iqtisadi təlimlər tarixi başlıca olaraq aşağıdakı mər­hələlər üzrə öyrənilmişdir:

1) Qədim dövrün iqtisadi təlimi;

2) Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;

3) Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;

4) Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi tə­lim;

5) Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi tə­limi.

İqtisadi təlimlər tarixi ilə əlaqədar bəzi xarici ədəbiyyat­larda isə iqtisadi fikrin inkişafının üç mərhələ üzrə öyrənilməsi tövsiyə edilir.3 Bunlara: 1) bazar iqtisadiyyatı mərhələsinə qə­dərki iqtisadi təlimlər; 2) tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iqtisadi təlimlər; 3) tənzimlənən (sosial yönümlü) bazar iqtisadiyyatı mərhələsinin iqtisadi təlimi.
§ 3. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN STRUKTURU
İqtisadi təlimlər tarixi kursu, tarixi inkişafın ayrı-ayrı mər­hələlərində iqtisadi ideyaların, görüşlərin, baxışların, fikirlərin ümumi dinamikasını öyrəndiyinə görə onun öyrənilməsi strukturu da bu istiqamətdə formalaşdırılmışdır. Burada əsa­sən iki başlıca prinsipə müraciət edilmişdir. Birincisi, şərh edilən mövzular tarixi inkişafın mərhələlərinə, ikincisi iqtisadi inkişafın modellərinə uyğun izah edilmişdir.

Qədim dövrün iqtisadi fikrinin izahı Qədim Şərqdə, Mi­sirdə və Babilistanda iqtisadi fikirlərin əsasında şərh edilir. Bu dövr üçün xarakterik olan qul əməyindən istifadə və onunla əlaqədar meydana gələn iqtisadi fikirlər izah edilərək onun e.ə. IV minilliyində Şərqdə kəsb olunan xüsusiyyətləri qeyd edilir. Eyni zamanda Qədim Yunanıstanda və Qədim Romada eranın I minilliyindən başlayaraq eranın IV əsrinə qədər qul əməyinin cəmiyyətin inkişafında əsas məhsuldar qüvvə rolunu oynaması ideyası göstərilmişdir. Qədim dövrdə Çində forma­laşan "Təbii hüquq" fəlsəfəsi, konfutsiyaçılıq, "Quan-tsızı" traktının mahiyyəti və onların təkamülü göstərilir. Xüsusən mülkiyyət, sərvət, əmək və gəlir haqqında olan təsəvvürlər, ek­vivalent mübadilə, ticarətin və təsərrüfat həyatının dövlət tən­zimlənməsi ideyası qeyd olunur. Qədim Hindistanda "Artxa­şa­s­tır" iqtisadi təlimində dəyər, bazar qiyməti, mənfəət, xarici ticarət, idarəetmə və dövlət gəlirləri haqqında mövcud olan ideyalar izah olunur. Antik dünyada iqtisadi fikrin yaranması ilə Qədim Yunanıstan və Qədim Romada iqtisadi fikir şərh edilir. Qədim Yunanıstanda Ksenofontun, Platonun və Aristo­telin əmtəə, ictimai əmək bölgüsü, sərvət, pul, onun mənşəyi və funksiyaları haqqında ideyalar göstərilir. Qədim Romada iqtisadi fikrin formalaşmasında Kottonun, Qrakxilinin, Varro­nun, Kottonun, Kolumellanın dəyər, mənfəət, qiymət, təsərrü­fatın təşkili, aqrar islahatlarla bağlı fikirləri böyük rol oynamış­dır. İlk dəfə olaraq Şərqdə iqtisadi fikrin formalaşmasına İsla­mın təsiri ətraflı şəkildə şərh edilmiş, İslamın iqtisadi fikrinin təşəkkülündə və inkişafında Qurani-Kərim və Həzrəti Mə­həmməd (s.ə.s.) sünnəsinin oynadığı rol qeyd edilmişdir. İs­lamda iqtisadi azadlıq, izah edilmişdir.

Orta dövrün iqtisadi təlimi əsasən iki istiqamətdə öyrə­nilmiş, bərabərlik, ədalətlilik, xüsusi mülkiyyət, vergi, ticarət, maliyyə və kredit məsələləri, eyni zamanda ibn Xəldunun iqti­sadi görüşlərinin mahiyyəti şərh edilmişdir. Həmçinin orta dövrdə Azərbaycanda iqtisadi fikrin formalaşmasında Nizami Gəncəvinin və N.Tusinin iqtisadi baxışları izah edilmişdir.

Orta dövr üçün xüsusən XIV əsrdən başlayaraq Qərbi Av­ropada iqtisadi ideyaların meydana gəlməsi və formalaşması prosesi izah edilir. Burada F.Akvinskinin dövlət, siniflər və ədalətli qiymət haqqındakı baxışları şərh olunur. Merkantiliz­min yaranmasının sosial-iqtisadi ilkin şərtləri, onun mahiyyəti, əmək, sərvət və mənfəət haqqında olan ideyalar izah olunur. Merkantilizmin inkişafında monetar və "ticarət balansı" nəzə­riyyəsinin mahiyyəti və ayrı-ayrı ölkələrdə malik olduğu xüsu­siyyətlər qeyd olunur. Klassik iqtisadi məktəbin meydana gəl­məsi və onun U.Petti və P.Buagilberin əmək-dəyər nəzə­riyyəsi, əmək haqqı, renta, faiz, torpağın qiyməti, rəqabət, "optimal qiymət", sosial-iqtisadi islahatlar haqqında mövcud olan ideyaları şərh edilmişdir. Eyni zamanda bu dövrlərdə fi­ziokratizmin meydana gəlməsi F.Kenenin iqtisadi ideyaları, xüsusən onun "təbii cəmiyyət" konsepsiyası, "xalis məhsul", "məhsuldar əmək", "sinif", "kapital" haqqındakı təlimi, eləcə də ilkin mak­roiqtisadi təhlilin əsasında duran "İqtisadi cədvəl"in, gəlirlər və kapital haqqındakı nəzəriyyələrinin mahiyyəti şərh edilir. Bazar iqtisadi sisteminin qərarlaşmasında A.Smitin və D.Rikardonun iqtisadi təlimlərinin müstəsna rolu nəzərə alına­raq, onların elmi sistemlərinin mahiyyəti izah edilir. Onların tədqiqatlarının predmeti və metodunun xarakteri şərh olunur. Burada əsas diqqət A.Smitin "görünməz əl" prinsipinə, əmək bölgüsü, dəyər, siniflər, gəlirlər və kapital haqqındakı nəzə­riyyələrin mahiyyətinə verilir. Eyni zamanda Rikardonun böl­gü, gəlirlər, əmək haqqı, mənfəət, renta və müqayisəli üstünlüklər nəzəriyyəsinin mahiyyəti qeyd olunur. Bazar sis­teminin qərarlaşması ilə əlaqədar olaraq klassik iqtisadi mək­təbin davamçıları və tənqidçiləri olan S.Sismondinin, P.Prudonun, C.Milin, T.Maltusun, J.Seyin, F.Bastiyanın, C.Kerrinin və S.Milin iqtisadi nəzəriyyələri, ideyaları və meto­dologiyaları şərh edilmişdir.

Müxtəlif iqtisadi inkişaf modellərinin qərarlaşması ilə bağlı irəli sürülən iqtisadi ideyalar arasında K.Marksın iqtisadi təlimini, alman tarixi məktəblərini, marjinalizm və neoklassik istiqamətləri xüsusi qeyd etmək olar. Burada Marksın izafi dəyər nəzəriyyəsini, onun təkrar istehsal, reallaşma, qeyri-müvazinətlı inkişaf nəzəriyyələrini qeyd etmək olar. Alman ta­rixi məktəbləri vasitəsilə siyasi iqtisadın yaranması, F.Listin "milli iqtisadi sistem", məhsuldar qüvvələr, proteksionizm, tica­rət azadlığı nəzəriyyələrinin mahiyyəti şərh edilir. Burada həmçinin ilkin alman tarixi məktəbinin yaradıcıları olan V.Roşerin, K.Knisin və Y.Hildebrandın metodoloji prinsipləri şərh edilir. Yeni alman tarixi məktəbi və onun metodologiyası­nın yaradıcıları olan Q.Şmollerin, L.Brentanonun və K.Bryuxerin tədqiqat və baxışları izah olunur.

Marjinalizmin yaranması, onun metodoloji prinsiplərinin öyrənilməsi, faydalılıq nəzəriyyəsinin mahiyyəti bu bölmədə işıqlandırılır. Eləcə də "Avstriya məktəbi"nin görkəmli nümay­əndələri K.Mengerin, Y.Bembavrekin və F.Vizerin iqtisadi təh­lillərinin metodoloji xüsusiyyətləri, obyektiv və subyektiv qiy­mət nəzəriyyələri "İstehsal xərcləri həddi" nəzəriyyəsi və mənfəət konsepsiyası araşdırılır. A.Marşallın Kembric məktə­binin yaradıcısı kimi iqtisadi tədqiqatının predmeti və metodu izah olunur. Onun tələb, təklif və qiymət nəzəriyyəsi, tələbin elastikliyi və tədrici müvazinət nəzəriyyəsi, inhisar konsepsi­ya­sı, əmək haqqı və mənfəət nəzəriyyəsi izah olunur.

Neoklassik istiqamətin Amerikan məktəbinin yaradıcısı C.Klarkın elmi tədqiqatının predmeti və metodu, statik və di­namik inkişaf konsepsiyası, son məhsuldarlıq həddi nəzə­riyyəsi, istehsal amillərinin xüsusi məhsuldarlığı, əmək haqqı, faiz və sahibkarlıq mənfəəti nəzəriyyəsi izah edilir.

Dərsliyin sonuncu müasir iqtisadi nəzəriyyələr bölmə­sində Keynisin iqtisadi təlimi, neoliberalizmin və monetariz­min mahiyyəti, onların metodoloji və nəzəri əsasları, eləcə də sənayecə inkişaf etmiş ölkələrdə bu nəzəriyyələrin mahiyyəti araşdırılır. Burada Keynisin səmərəli tələb prinsipi, makroiqti­sadi tənzimlənmə nəzəriyyəsinin, ümumi psixoloji qanununun mahiyyəti şərh edilir. Neoklassik ideyaların dirçəldilməsinin səbəbləri şərh olunmaqla neoliberalizmin metodoloji və nəzəri əsasları A.Mizesin və F.Xayekin iqtisadi nəzəriyyələri ilə şərh olunur. Avropanın ayrı-ayrı inkişaf etmiş ölkələrində neolibera­lizmin mahiyyəti açıqlanmaqla Almaniyada neoliberalizm cə­rəyanı V.Oykenin "Sosial bazar təsərrüfatı" və L.Erxardın "Formalaşmış cəmiyyət" konsepsiyalarının mahiyyəti izah olu­nur.

Monetarist nəzəriyyənin mahiyyəti M.Fridmanın baxışları vasitəsilə izah olunur. İqtisadi aktivliyin baş verməsində döv­riyyədəki pulun həcmi barəsində mövcud olan konsepsiyanın mahiyyəti izah olunur. Bu əsasdan da monetar iqtisadi siya­sətin müasir iqtisadi inkişafındakı rolu qeyd olunur.

İnstitusional-sosioloji istiqamətlə aparılan təhlilin meto­dologiyası və predmetinin xüsusiyyətləri şərh olunur. Ameri­kan institusionalizminin mahiyyəti və əsas istiqamətləri T.Veblenin "Sosioloji-psixoloji texnokrat təlimi", C.Kommonsun "Sosioloji hüquqi", U.Mitçellin "Konyuktur statistik" təlimləri əsasında şərh edilir. Bundan əlavə Y.Şumpeterin "Səmərəli rəqabət", E.Çemberlinin "İnhisarçı rəqabət", C.Robbinsonun "Natamam rəqabət", U.Rostounun "İqtisadi artım mərhələləri", C.Helbreytin "Müvazinətlı qüvvələr" nəzəriyyələrinin mahiyyəti aşkarlanır.

Bundan əlavə bu bölmədə "Təklif iqtisadiyyatı", "Səmərəli gözləmə", "Yeni konservatizm", "Neoklassik sintez" nəzə­riyyələrinə dair iqtisadi baxışlar şərh olunur.

Müasir şəraitdə beynəlxalq əmək bölgüsünə dair nəzə­riyyələrin mahiyyəti, onların inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf edən ölkələr üçün daşıdığı əhəmiyyət şərh edilir. Bu əsasdan da dünyada mövcud olan qeyri-bərabər in­kişafın mənbəyi, amilləri və səbəbləri aşkarlanır.

Dünya iqtisadiyyatında baş verən mütərəqqi irəliləyişlər, eləcə də irəli sürülmüş bir sıra elmi mülahizələrin məq­sədyönlü istifadəsinin konkret olaraq keçid iqtisadiyyatı dövrünü yaşayan Azərbaycan reallıqları üçün daşıdığı əhə­miyyət də dərsliyin sonuncu bölməsində aşkarlanır.
FƏSİL 2. QƏDİM DÖVRÜN İQTİSADİ TƏLİMLƏRİ
§ 1. QƏDİM DÜNYADA İQTİSADİ GÖRÜŞLƏRİN

YARANMASI
İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq qədim dünyada meydana gəlmişdir. Mi­nilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəslə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədə­niyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qə­dim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunə­ləri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir.

İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal va­sitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik ol­ması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqə­dar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunma­sında, insanların istehsal vasitələrinə və əməyinə görə davra­nış və fəaliyyət qaydalarının müəyyənləşdirilməsində nəticə etibari ilə eyni iqtisadi fikirlər söylənilmişdir. Məhz bununla əlaqədar olaraq, qədim dünya dedikdə, istər-istəməz uzaq keçmişdə mövcud olmuş olduqca dəyərli fikirləri, mövcud dövrü dolğun əks etdirən elmi mülahizələri vəhdət şəklində şərh etmək ehtiyacı əmələ gəlir. Ona görə də Antik dövrün iq­tisadi fikirlərini, analoji olaraq Qədim dövrün fikirləri kimi də qəbul etmək olar.

Qədim dünyanın iqtisadi fikrində təsərrüfat fəaliyyətinin gedişatı və dərk olunması görkəmli elm xadimlərinin ya iqti­sadi görüşlərində, ya da xalqın əfsanəvi - poetik və mənəvi mədəniyyətində öz əksini tapmışdır.

İqtisadi fikir haqqında danışarkən, bir qayda olaraq, bütün dünya ölkələrində qəbul olunmuş ümumi bir cəhət vardır ki, o da Qədim Şərqdə mövcud olmuş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsinə xüsusi diqqətin yetirilməsidir.

Qədim Şərqin tarixi inkişafının bütün mərhələlərində iqti­sadi fikirlərdə əsas yeri dövlət təsərrüfatının təşkili və idarə edilməsi problemi tutmuşdur.

Natural təsərrüfata əsaslanan dövlət mülkiyyəti bir tərəf­dən hakim "mərbəd" mülkiyyətinin formalaşmasına, digər tə­rəfdən əmtəə təsərrüfatının aparılması həddinin müəyyənləşdi­rilməsinə yönəldilmişdir.

Qədim Şərqdə iqtisadi fikir hakim natural - quldarlıq tə­sərrüfatının müdafiə olunmasına yönəldilərək, bu mövqedən əmtəə - pul münasibətlərinə əsaslandırılırdı. Məhz bununla əlaqədar olaraq şeylərin dəyərlərinə görə mübadilə olunması ideyası meydana gəlmişdir.

Göstərmək lazımdır ki, Qədim Şərqin iqtisadi fikri haq­qında danışarkən, bura birinci növbədə Qədim Misirdə mey­dana gəlmiş, yayılmış və inkişaf etmiş iqtisadi fikri xüsusi qeyd etmək lazımdır. Bəşəriyyətin meydana gəlməsi, inkişafı, insan cəmiyyətinin ilkin beşiyi hesab olunan Misir, bu gün də öz ehramları, məbədləri, yeraltı sarayları, qəbir evləri ilə və s. möcüzələri ilə zəngin olan bir ölkə kimi dünyanın müxtəlif səp­kili elmi-tədqiqatların daima diqqət mərkəzindədir.

Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki məqsədlərinin həyata keçirilməsi ilə bağlıdır.

Burada ictimai işlər, hərbi və maliyyə idarəçiliyi xüsusi yer tuturdu. Belə mərkəzləşdirilmiş idarəçilik sistemi xeyli sa­vadlı adamların olmasını tələb edirdi. Ona görə də belə adamların hazırlanması da mərkəzləşdirilmiş formada həyata keçirilirdi. Çox hallarda bu günə gəlib çatmış yazılı mənbə­lərdə dövlət və təsərrüfat idarəçiliyinin həyata keçirilməsi, o dövrlərdə hakim olmuş dini ehkamların yerinə yetirilməsi "Nə­sihətlər" vasitəsi ilə şərh edilirdi. Belə "Nəsihətlər" bizim era­dan əvvəlki, III-II minilliyinə qədərki ilkin, Qədim, Orta, Yeni hökmdarlıq dövrləri üçün xarakterik idi. Belə "Nəsihətlər" sıra­sına "Heraklopol" hökmdarının oğlu Merikara "Nəsihətlər"ini, "İnsarın kəlamları", "Nefertinin peyğəmbərliyi", "Çobanın nağılları", "Axtoyanın Duaufanın oğluna, öz oğlu Piokiyə nəsi­hətləri" və s. aid etmək olar.4

Qədim Misirdə iqtisadi resursların, əsasən əmək və tor­paq resurslarının ciddi uçotu aparılırdı. Nil çayı vadisi boy­unca, torpaq sahələrinin kadastrı aparılmış, ən məhsuldar sol sahil boyunca olan sahələr dövlət torpaqları adlandırılmışdır.

Dövlət başçısı hesab olunan Fironlar siyasi, dini hök­m­ranlığı yerinə yetirməklə, başlıca iqtisadi funksiyaları da yerinə yetirirdilər. Məhz ona görə də onlar yer üzündə Günəş (Ra) allahının oğlu və varisi hesab olunurdular. Firon xalqın və mə­murların yalnız bəndəliyi ilə kifayətlənmir, bəzən özünə meh­rablar ucaldır və özünün təsviri qarşısında ətirli maddələr yan­dırırdı.5

Misirdə Firon hökmdarlığından sonra ölkənin iqtisadi həyatına ciddi müdaxilə edən kahinlər idi. Kahinlər ölkənin taleyini həll edən müdrik insanlar kimi cəmiyyətin həyatında qeyri-adi rol oynayırdılar. Məhz onların səyi nəticəsində o dünyadakı həyatın əbədiliyi əsaslandırılmışdır. Ona görə də insanlar bu dünyada qəbir evi üçün də mövqelərinə uyğun ola­raq ciddi ehtiyatlar hazırlayırdılar.

Ona görə də o dövrlərdəki xalq qüvvətli hökmdarlar və zəkalı kahinlərlə birlikdə, qarşılıqlı ünsiyyətdə fəaliyyət göstə­rirdilər, onların ümumi rifahı artmaqla, Misirin sivilizasiyanın vətəninə çevrilməsinə səbəb olurdu.

Qədim Misirin iqtisadi fikir tarixindən bəhs edərkən bir qayda olaraq, bizim eradan XIII əsr əvvəl yazılmış "İpuserin kəlamları"na xüsusi diqqət yetirilir. İpuser cəmiyyətin dəyişil­məsinin ilkin keçid dövrünü göstərmişdir. Olduqca dərin və düşündürücü şəkildə baş verəcək diyişiklikləri şərh edərək g­ös­tərirdi ki, mövcud mərkəzləşdirilmiş idarə sistemi çox az adamın mənafeyinə xidmət edir. Ona görə də o hesab edir ki, Misirin taxılı hamının neməti olmalıdır. Bunun üçün müxtəlif deklarasiyalar, məhkəmə qanunları məhv edilməlidir.

İluserin kəlamlarında əsas diqqət, ciddi reqlamentləşdi­rilmiş təsərrüfatın pozulmasına verilir.6

Göstərilir ki, nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıla­rın, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən yazanların, qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çı­xarır. Bu da xalqın məhvinə səbəb olur.

İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. O şəxslər ki, taxıl əkməyib, onlar məhsul alırlar. Bu barədə heç bir məlumat verilmir. Bu da xalqın qəzəbinə səbəb olur. Xüsu­sən cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur. Kübarların Misi­rin xarici düşmənləri ilə ittifaqa girməsi mərkəzi dövlət idarə­çiliyini dağıda bilmişdir. Lakin "İluserin kəlamları"nda, eləcə də "Nefertinin peyğəmbərliyi"ndə göstərilir ki, heç cür vahid Misir dövlətini dağıtmaq olmaz. Vahid Misir dövləti, ölkədə qayda-qanunun, inzibati qulluqçulların sabit gəlir əldə etmək təlimat­çısı kimi göstərilirdi. "İluserin kəlamları"nda "xeyirxah paytax­tın düşmənlərinin" məhv olunması çağırışları vardı. O, ölkədə dini kahinlərin rolunun möhkəmləndirilməsinə və bərpa olun­masına, ölkənin hərbi gücünün artırılmasına diqqətin verilmə­sini qeyd edirdi.

Ona görə də mərkəzləşdirmə ideyası "İluserin kəlam­ları"nda əsas yer tuturdu ki, bu da onun dövlət məmurları ara­sında çox məşhurlaşdırılmasına səbəb olmuşdur. Qədim Mi­sirdə iqtisadi fikrin əmələ gəlməsi əsasən, mərkəzləşdirilmiş dövlət idarəçiliyi ilə bağlı olsa da, lakin quldarlıq quruluşunun ümumi qanunauyğunluqlarından irəli gələn bir sıra xüsu­siyyətləri də əhatə edirdi. Xüsusən dövlət idarəçiliyində yüksək vəzifə tutan əyanların təsərrüfatı ilə bağlı iqtisadi mə­sələlər də irəli sürülmüşdür.

Bir tərəfdən qulların əyan təsərrüfatında istifadə olunması qaydaları, digər tərəfdən orada çalışan işçilərin ağaların an­barlarından pay almaq hüququ müəyyənləşdirilmişdir. Bu da ölkə ərazisində mərkəzləşmiş təsərrüfat idarəçiliyinin prinsipi olmaqla həm əyan mülkiyyətinin formalaşmasına, həm də Mi­sir taxılının hər kəsin əsas nemətinə çevrilməsinə səbəb olurdu. Dövlət idarəçiliyində tutduğu vəzifədən asılı olaraq əmələ gələn əyan təsərrüfatı, onların rifahının əsasını təşkil etməklə, şəxsi təsərrüfata malik olmalarını aradan qaldırmadı. Beləliklə, Qədim Misirdə mülkiyyətin formalaşması əsasən əyan təsər­rüfatı ilə bağlı olmuşdur. Əyan mülkiyyətinə həm sə­rəncamlarında olan şəxsi vasitələr, həm də qulluq vəzifəsin­dən asılı olaraq mənimsədiyi predmetlər daxil idi. Beləliklə, xüsusi mülkiyyət və dövlət mülkiyyəti çərçivəsində əmələ gəl­məklə, onların qarşılıqlı fəaliyyət göstərməsinə səbəb olurdu.

Qədim Misirdə dövlət və xüsusi mülkiyyətin formalaşma­sına birmənalı baxmaq olmaz. Yəni elə hesab etmək olmaz ki, dövlət mülkiyyəti əsasında əmələ gələn xüsusi mülkiyyət inki­şaf etdikcə, tədricən dövlət mülkiyyətinin azalmasına və ya dağılmasına səbəb olurdu. Düzdür, mərkəzi hakimiyyətin zə­iflədiyi dövrlərdə xüsusi mülkiyyətin həddi artırdı. Lakin hər yeni mərkəzi hakimiyyətin güclənməsi, çox hallarda əyanların xüsusi mülkiyyətlərinin hesabına baş verirdi.

Bu və ya digər obyekt üzərində mülkiyyət hüququnun qo­runması və saxlanması qaydaları b. e. əvvəl II minilliyin ikinci yarısında meydana gəlmişdir.

Əmək bölgüsünün dərinləşdiyi, xüsusən maddi nemətlər istehsal edən hökmdar sənətkarları ilə əkinçilərin arasındakı münasibətlər, onların iqtisadi fəaliyyətlərini əsaslandıran qay­dalar əsasında baş verirdi. Lakin burada bir ümumi cəhət var idi ki, mülkiyyət obyektinə sahib olma, mərkəzi hakimiyyətdə tutulan vəzifədən asılı idi. Vəzifə mənimsənilməsi ilə əlaqədar meydana gələn mülkiyyətin nəsildən-nəslə keçməsi və irsi xa­rakter daşıması oğulun müvafiq vəzifəyə təyin olunmasından asılı idi. Ona görə də, bir qayda olaraq vəzifəyə görə mülkiyyət mənimsənilməsi nəsildən-nəslə keçsə də, lakin bu heç də bir qədər asan başa gəlmirdi. Burada vəzifə ilə bağlı mülkiyyətə sahib olmaq işində şəxsi mülkiyyət payının artımı prosesinin böyük rolu vardı. Əslində şəxsi mülkiyyət ilə vəzifə mülkiyəti birləşərək xüsusi mülkiyyəti yaradırdı. Şəxsi mülkiyyətin də əmələ gəlməsi müəyyən şərtlər daxilində ola bilərdi. Əvvəla sənətkar və ya usta əsasən qulluq müddətinin sərbəst vaxtında öz əməyi ilə bu və ya digər predmet hazırlaya bilərdi. İkincisi, hazırlanan əşyanın, predmetin öz materialı he­sabına hazırlandığını sübut etməli idi. Üçüncüsü, tətbiq olunan əmək aləti hökmdara məxsus olmamalı idi. Dördüncüsü, ha­zırlanan tikili və ya "qəbir evi" heç kimə məxsus olmayan tor­paq sahələrində aparılmalı idi.

Göründüyü kimi, xüsusi mülkiyyətin formalaşması mürək­kəb proses olsa da, dövlət əmlakının oğurlanması və ya havayı mənimsənilməsi hesabına baş verməsinin qarşısı alınırdı.

Qədim Misirdə iqtisadi fikir tarixində əsas yeri mərkəzi dövlət idarəçiliyi, əyan mülkiyyətinin əmələ gəlməsi tutsa da, lakin burada dövlət təsərrüfatının idarə olunma sistemi, onun istehsal vasitələri və iş qüvvəsi ilə, işçilərin ərzaq məhsulları ilə təmin olunması, məhsuldar torpaq sahələrindən istifadə olunması, dövlət əmlakının mənimsənilməsinin qarşısının alınması qaydaları da göstərilir.

Qeyd etmək lazımdır ki, əmtəə-pul münasibətlərinin inki­şafı ilə, xüsusən Qədim, Orta hökmdarlıq dövründən fərqli ola­raq, Yeni hökmdarlıq dövründə qul və ondan istifadə etmə fi­kirləri geniş yer tuturdu.

Təsərrüfatın natural xarakter daşıması ticarət, mal müba­diləsi, əsasən daşınan və daşınmaz əmlaka görə, eləcə də sərəncamda olan qullara görə aparılırdı. Eyni zamanda ekvi­valent mal mübadiləsi üçün əsas yeri ilkin olaraq, buğda, daha sonralar mis və gümüş tutmağa başlamışdır.

Əmtəə-pul münasibətlərinin, eləcə də quldarlığın inkişafı, mal mübadiləsində müddətli qulların borc verilməsi üstünlük təşkil etməyə başlamışdır. Qul əməyindən borcların verilməsi və alınmasından istifadə tədricən sələmçiliyin meydana gəl­məsinə səbəb olmuşdur. Qul əməyinə görə sahibinə olan aylıq haqqın verilməsi çox hallarda qulun qiymətinə yaxın olurdu. Sələmçilik natural təsərrüfatın xüsusiyyətlərindən biri kimi nəinki xüsusi mülkiyyətin, eləcə də mərkəzi dövlət təsərrüfatı­nın inkişafını ləngidirdi. Çünki sələmin verilməməsi çox hal­larda vətəndaş müharibələrinə gətirib çıxarırdı.

Bütün qeyd olunanları yekunlaşdırıb demək olar ki, Qə­dim Misirdə iqtisadi fikir dövlət təsərrüfatının təşkili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini tapmışdır. Əhalinin yaşına, işinə görə siyahıya alınması, məhsuldar tor­paq sahələrinin hesabatının aparılması, torpaqların kadastrının müəyyən edilməsi, mərkəzi dövlət təsərrüfatçılığının inkişa­fında mühüm rol oynayırdı. Bundan əlavə irriqasiya işlərinin aparılması, müxtəlif mədəni abidələrin tikilməsi, mürəkkəb süvarma sisteminin aparılması, bəşəriyyətə möcüzə kimi görünən müxtəlif təyinatlı qurğuların hazırlanması, Piramidala­rın, ehramlarının tikilməsi əmək resurslarından məqsədyönlü istifadəsini əks etdirir. Həmçinin vəzifəyə görə əmlaka sahib olma, xüsusi mülkiyyətin əmələ gəlməsi və ona nəzarət qay­daları müəyyən olunmuşdur.

Eyni zamanda dövlət təsərrüfatının yüksək səviyyədə mərkəzləşməsi, nəinki xüsusi mülkiyyəti, eləcə də əmtəə-pul münasibətlərinin inkişafını ləngitmişdir (əmək resurslarının bölgüsü, onlardan çevik istifadə olunması). Əgər Qədim Misir iqtisadi fikrinə xüsusi diqqət verilirsə, lakin qul əməyinin təşkili və istifadə olunmasına bir o qədər əhəmiyyət verilməmişdir.

Qədim Misirdən sonra Şərq dünyasında iqtisadi fikrin geniş yayılmış ölkələrindən Qədim Şumeri, Babilistanı və ya Mesopotamiyanı qeyd etmək olar.

Yaxın Şərqdə meydana gələn xırda dövlətlər, daima öz aralarında ciddi çəkişmələrə məruz qaldığından təsərrüfat qu­ruculuğunda böyük nailiyyətlər əldə edə bilmirdilər. Qədim Mi­sirdən fərqli olaraq, bu ölkələrdə mərkəzləşmiş dövlət idarə­etmə mexanizmi möhkəm deyildi. Çünki Qədim Şumerdə şə­hər-dövlətlərin (Kiş, Eredu, Laqoin, Ur və s.) meydana gəl­məsi, burada əsas iqtisadi fikir, əkinçilik şəraiti, irriqasiya işlə­rinin aparılması, su təchizatı, kanalların təmizəlnməsi və s. bağlı meydana gəlmişdi. Xüsusilə bu istiqamətdə ictimai əməkdən istifadə olunması sayəsində, bol məhsulun əldə olunmasına və onun da hakim sinfin əlində cəmlənməsinə sə­bəb olurdu.

Qədim Şumerdə e. ə. III minillikdə icma icma-məbədlərə məxsus mülkiyyətin üstün rola malik olması, yaradılan bütün nemətlərin burada cəmlənməsinə səbəb olurdu. Bu da təd­ricən məbədlərin torpaq sahələrinin icma torpaqlarından ay­rılmasına və onun sənətkarlıq mərkəzinə, irriqasiya işlərini aparan təşkilata çevirdi.

Məbəd torpaqları üç hissədən ibarət olurdu. Bir hissəni qullar becərib, əldə olunan gəlir məbədlərin ehtiyaclarının ödənilməsinə yönəldilirdi. İkinci hissə xidmət payları kimi, məbədin vəzifə adamlarına xidmət edənlərə verilirdi. Üçüncü hissə, çox da böyük olmayan məbləğdə, əldə olunan məhsulun beşdə bir hissəsindən çox olmayaraq icarəyə verilirdi.

Dövlət hakimiyyətinin möhkəmlənməsi, yararlı torpaq sahələrinin möhdudluğu, Qədim Şumerdə təsərrüfatçılıq hesa­batlarının aparılması zəruri qaydaya çevrilmişdi.

Dövlət təsərrüfatında iş qüvvəsinin və istehsal vasitələri­nin dəqiq uçotunun aparılması ilə yanaşı, eyni zamanda tor­paqların kadastrının, becərilən torpaqların keyfiyyətinin və yer quruluşunun uçotu aparılırdı. Həmçinin mərkəzi və yerli an­barlarda saxlanılan maddi resursların da aylıq və illik uçotu aparılırdı.

Qeyd etmək lazımdır ki, Qədim Şumerdə dövlət təsərrü­fatının möhkəmləməsi, onun ölkənin iqtisadi həyatına olan müdaxiləsi də güclənirdi. Belə ki, istehsalçıların fəaliyyətinə bilavasitə dövlət həm nəzarət edirdi, həm də onların davra­nışlarını reqlamentləşdirirdi.

Dövlətin təsərrüfatçılıq fəaliyyətindəki müdaxiləsi öz klas­sik formasını Qədim Babilistan çarlığının timsalında (e.ə. XIX -XYI əsr) tapmışdır.

Məbəd torpaq sahələrinin qulluqda olanlara verilməsi, hökmdar adamlarına paylanması Babilistanda xüsusi mülkiyyətin möhkəmlənməsinə, icarə münasibətlərinin güc­lənməsinə səbəb olmuşdur. Bundan əlavə sələmçiliyin geniş yayılması, torpaq sahələrinin bir qrup adamların əlində cəm­,lənməsi, əhali kütləsinin bir qisminin tam var-yoxdan çıxma­sına, borclu düşməsinə, hətta kölə, qul vəziyyətinə düşməsinə səbəb olurdu.

Beləliklə, cəmiyyətdə adamların biri-birindən əsaslandı­rılmayan aslılığı sürətlənirdi. Dövlət mövcud vəziyyətlə, xüsusi hüquqi münasibətlərin qorunması ilə bağlı, o cümlədən sələm­çilərdən asılılığı zəiflətmək məqsədi ilə yeni qaydaların müəyyən olunması prinsiplərini formalaşdırırdı. İqtisadi fikir nöqteyi-nəzərincə ən maraqlı qanunları hökmdar Xammurap­pinin (e.ə. 1792 - 1750) verdiyi qanunları hesab etmək olar. Hökmdar Xammurappi nəinki Qədim Mesopotamiyada fəa­liyyət göstərən qanunları təkmilləşdirdi, eyni zamanda cəmiy­yətin sosial-iqtisadi inkişafına səbəb olan bir sıra qanunlar da qəbul etdi. Onun 282 bənddən, giriş və nəticədən ibarət olan qanunlar məcəlləsi ölkənin idarə olunmasında, təsərrüfat hə­yatının, insanların, davranış qaydalarının müəyyən hüquqi sistemini müəyyən etmişdir.7

Babilistan vətəndaşlarının iri mülkiyyətlərin qorunması, icarə, ticarətin aparılması, sələmçilik, muzdla işləməklə bağlı verilən qanunlarını iqtisadi fikir sahəsində edilən mütərəqqi irəliləyiş kimi qəbul etmək olar. Bütün qanunların əsas hissə­sini "güclülərin zəifləri sıxışdırmaması" prinsipindən ibarət idi. Bundan əlavə dövlət məmurlarının, Babilistan vətəndaşlarının, ordu əsgərlərinin mülkiyyətlərinin qorunmasına üstünlük veril­məklə yanaşı məbəd mülkiyyətinin də qorunmasına xüsusi diqqət yetirilirdi. Xammurappinin qanunlarında onların torpaq sahələrinin, evlərinin, bağlarının gümüşə satılması qadağan edilirdi.

Sələmçiliyə qarşı yönəldilən Xammurappinin qanunla­rında göstərilirdi ki, borcun ödənilməsi mümkün olmadıqda, əlavə faiz verməmək şərti ilə onun müddətinin bir ildə uza­dıl­masına icazə verilirdi. Digər tərəfdən borclunun icazəsi ol­ma­dan sələmçinin onun taxılının borcun əvəzinə götürülməsini qadağan edirdi. Xammurappinin qanunlarında sələmin həddi ciddi şəkildə müəyyən edilmişdi. Pul formasında sələmin həddi 20 %-dən natural formada isə 33 %-dən çox ola bil­məzdi. Maraqlı cəhətlərdən biri kimi qeyd edilməlidir ki, Xam­murappinin qanunlarında sələmçilərin borclularla pis rəftar et­dikdə onların cəzalandırılması da göstərilirdi. Sələmçiliyin ge­niş yayılmasının qarşısını almaq məqsədi ilə əlaqədar qul borc verilməsi müddəti üç illə məhdudlaşdırılırdı.

Qanunda göstərilirdi ki, əgər qul sahibi borclunun arva­dını, oğlunu, qızını, borc əvəzinə satırsa, onda onlar sahiblə­rinə qulluq etməli, tapşırıqlarını yerinə yetirməli və üç il müddət başa çatdıqdan sonra, onları azadlığa buraxmalıdırlar.

Xammurappinin qanunları üç əhali kateqoriyasını, tam hüquqlu azad vətəndaşları, tam hüququ olmayan azad adam­ları və qulları nəzərə almaqla tərtib edilmişdir.

Ümumiyyətlə, hökmdar Xammurappinin qanunları, bir tə­rəfdən dövlətin təsərrüfatın tənzimlənməsi ilə, digər tərəfdən isə müxtəlif əhali qrupunun iqtisadi fəaliyyətlərinin nəzarətdə saxlanılması ilə səciyyələnirdi.

Qədim Babilistanda iqtisadi fikri, əsasən dövlətin təsər­rüfata nəzarəti, xüsusi mülkiyyətin qorunması, sələmçiliyin həddinin müəyyən edilməsi, borc ödənişlərinin yerinə yetiril­məsi, muzdlu əməkdən istifadə olunması ilə bağlı olmuşdur.

Beləliklə, hökmdar Xammurappinin qanunları Yaxın Şərq­də iqtisadi və hüquqi fikrin inkişafına təsir göstərmiş, beləliklə də Qədim dövrdə Yaxın Şərq dövlətlərində təsərrüfatçılığın digər sahələrində, xüsusən heyvandarlıqla, sənətkarlıqla, tica­rətlə bağlı iqtisadi fikirlərin meydana gəlməsinə səbəb olmuş­dur.

1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə