ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə8/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

VƏTƏNDİ

İlhamımın tellərini dindirən,

Varlığımı zirvələrə endirən,

Od nəfəsli, şir ürəkli ər, ərən,

Od yurdunun pak qucağı - Vətəndi,

Söndürülmüş hər ocağı - Vətəndi.


İgidləri xainlərə sipərdi,

Hər cığırı sinələrə təpərdi,

Şiş qayalar düzlərinə çəpərdi,

Sis ormanlı, gen çölləri - Vətəndi,

Çılğın, daşqın gur selləri - Vətəndi.
Qeylü-qaldan qutarmazdır heç başı,

Yad ellərdən haylar qardaş qardaşı,

Qəbr evimiz, hər min illik baş daşı,

Çala-çuxur, çöl, arx-arxac - Vətəndi,

Ərə arxa, qeyrətə tac - Vətəndi.
Şir ağızla yaralandı sinəsi,

Hayqırdıqca batırıldı gur səsi,

Çox döyüldü bu Azəri ölkəsi!

Min bir yerə haçalanan - Vətəndi,

O tay, bu tay parçalanan - Vətəndi.
Ağrı dağı, yasa batıb ağlama,

Anam Göyçə, başa qara bağlama,

İrəvanım, bax titrəyən daş-dama,

Qəzəbindən əsən sinə - Vətəndi,

Əsir düşmüş o yurd, binə - Vətəndi.
Əqrəb, ilan hardan girdi qoynuna?

Məkri ilə dolanıbdı boynuna,

Tarix dözməz namərdlərin oynuna,

Yad əllərdə ağlar qalan - Vətəndi,

Pak keçmişi yalan olan - Vətəndi.
Xankəndində quduz itlər ulayır,

Şər önündə yaman quyruq bulayır,

Düzlərini qanımızla bulayır,

Ağlar qalan dağım, düzüm - Vətəndi,

Yanar dilim, görən gözüm - Vətəndi.

Yurdlu etdik hər düzlərdə qalanı,

Bəyənmədik canımızdan olanı,

Ayaq tutub gəzməz yağı yalanı,

Düşmənlərlə yarı bölsək - Vətəndi,

Pak yolunda şəhid ölsək - Vətəndi!

10.05.1991

BU MİLLƏT

Bu sitəmi ağ vərəqə nə yazım?

Ay həzarat, qarı düşmən nə lazım?

Başbilənin yağısıdır dayazım,

Qoltuqlarda daldalanır bu millət,

Manat təki xırdalanır bu millət.


Parçalanıb hər bölgəyə məmləkət,

Qapımızın ağzındadır fəlakət,

Bir-birinin cibin soymaq - bərəkət,

Bakılıdır, şirvanlıdır bu millət,

Öz-özünə divanlıdır bu millət.
Tayfabazlar parçalanır min yerə,

Birlik deyib haçalanır min yerə,

Bir ocaqda cəm olmazlar bir kərə,

Vallah, billah havalanıb bu millət,

Hər gedişdə yüz yol yanıb bu millət.
Bir paraya satanlar var bu yurdu,

Maşallah ki, bir quzuya min qurdu,

Xəzinəsin öz əliylə sovurdu,

Başdan-başa tamaşadır bu millət,

Bir-birinə bəy, paşadır bu millət.
Məmləkəti günbatannan gündoğan,

Varı-yoxu yad ellərə ərmağan,

Bir qandandır Şirvan Şəki, Mil, Muğan,

Bölər bərkdə obaları bu millət,

Məğlub edər babaları, bu millət.
Siyasətdə lap birinci sırada,

Min partiya, min bir özək arada,

Özgəsiylə gedər, vallah, göra da,

Öz başına bir bəladır bu millət,

Öz yolunda səd, qaladır bu millət.
Başqasının torpağında gözü yox,

Yadlar varın talan etsə sözü yox,

Öz-özünü, billah, görən gözü yox,

Öz kökünə yağı olan bu millət,

Dildən, kökdən, soydan qalan bu millət.
Düşmənləri qaldırmasın heç səsi,

Yağıları daraltmasın nəfəsi,

Özü qırmaz düşdüyü bu qəfəsi,

Amadədi hər əmirə bu millət,

Öz canını qoy gəmirə bu millət.
Azadlığı - bir-birini əyməydi,

Dəyənəklə aqillərin döyməydi,

Yad ellərə min yol boyun əyməydi,

Qoyun, balam, daldalansın bu millət,

Xırdavatla qoy dolansın bu millət.
İgidləri dükanlara təpilib,

Para üçün yad ellərə səpilib,

Birə on qat bahalığı ər bilib,

Öz əliylə cibin soyar, bu millət,

Yad havayla çox oynayar, bu millət.
Məhbəslərə atar haqqa yananın,

Ömrü boyu qapı dalı qananın…

Siz almayın özü alar öz canın,

Öz başına bir kələfdir bu millət,

Kök-soyuna bir sələfdir bu millət.

26. 08. 1991



TOXUNMA TORPAĞIMA

Qəzəbimlə parçalayıb didərəm o sədləri,

Toxunma torpağıma!

Vətənimin ürəyində kök salan sərhədləri,

Toxunma torpağıma!
Min bir yerə parçalandı əsrlərlə torpağım,

Budağından qopub düşdü boy atmamış yarpağım,

Bir əsrdə milyon kərə pozuldu xoş növrağım,

Toxunma torpağıma!


Olmayıbdı bir kimsənin yuvasında bu gözüm,

Gəl qov atma, tüstülənir min ildi odum, közüm,

Tükənəcək səbrim təki bağrımdakı ər dözüm…

Toxunma torpağıma!


Qoltuğuma sığınaraq, yurdumu yağmaladın,

Hallalıqla ömür sürən bir xalqı damğaladın,

Siyasətin quyruğunda haqqımı boğmaladın,

Toxunma torpağıma!


Sinəm içi atomdan da, nüvədən də qüvvətli,

Ürəyimdən qopan fəryad zamandan da sürətli,

Düzlüyüm var, mərdliyim var qanundan da cürətli,

Toxunma torpağıma!


Mən sinəsi alovlanan millətin fəryadıyam,

Min qanadlı Vətənimin mən də bir qanadıyam,

Sözü kəskin, qolu bağlı yaralı övladıyam,

Toxunma torpağıma!


İlahinin fərmanıyla kəsilər nahaq dilin,

Boranlardan, şimşəklərdən solar bağçada gülün,

Zamanın tərəzisindən düşər məkirli elin,

Toxunma torpağıma!


Qamarlayıb qopartdığın yurdlarım məzarlığın,

Ah, cümə mərəzi təki qurtarmır azarlığın,

Böylə keçməz Haqq evindən, cani, zülümkarlığın,

Toxunma torpağıma!


O atdığın güllələrin açılar kürəyində,

Parçalanar min bir yerə qapqara ürəyin də,

Əvvəldən də haram daddı baban da çörəyində!

Toxunma torpağıma!


Tülkü təki tikə gəzən, yurddan yurda pay olmaz,

Tökülən qan bitməzmi, heç belə haqqı-say olmaz?

Bu qədər də ölüm-şivən, bu qədər də vay olmaz,

Toxunma torpağıma!


Sən süfrəsi qoltuğunda köçdən-köçə düşənsən,

Harda qədim tarix gördün oraya ilişənsən,

İkiüzlü çörək təki hər ölçüdə bişənsən,

Toxunma torpağıma!


İkiyüz il kölə olan gözü yaşlı Arazam,

Vulkanam, od içimdədi, demə, belə dayazam!


Sərt üzümü görməmisən ərzi saran ayazam,

Toxunma torpağıma!


Yumruğumu düyünləyib güllə təki sıxaram,

Qeyrətimi balta edib axırına çıxaram,

O hiyləgər ürəyini beşiyində yıxaram,

Toxunma torpağıma!


Poladlanmış birliyimlə açaram kələyini,

Ayaq altda tapdalaram o iyrənc diləyini,

Asi etmə, bəndəsənsə, göylərin fələyini,

Toxunma torpağıma!

Dağlarım da od püskürər div tək cumar üstünə,

Varsa vicdanını səslə, az dur haqqın qəsdinə,

Qayıt Tanrı dərgahına gəl imana, gəl dinə,

Toxunma torpağıma!


Ədaləti, həqiqəti yuvarlayıb sürgünə,

Bəsdir, daha büründüyün özgələrin kürkünə!

Azərbaycan çoxdan şahid iyrənc, qorxu-hürkünə!

Toxunma torpağıma!

25.06.1991

1   ...   4   5   6   7   8   9   10   11   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə