ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə7/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   47

SALATIN



Erməni işğalçıları tərəfindən

vəhşicəsinə öldürülmüş jurnalist

Salatın Əsgərovanın müqəddəs

ruhuna!
Ömrünün yaz ağzı min bir diləyin,

Qəfil güllə ilə yandı, Salatın.

Vətənçin alışan, yanan ürəyin,

Tomrisin yolunu andı, Salatın.


Cəllad Kir ürəkli azğın yağılar,

Ana fəryadından yanıb dağılar,

Dolaşdı yurdunu yenə ağılar…

Sitəmdən fələk də dondu, Salatın.


Mərdliyin bir tarix o qansızlara,

Yurduna göz dikən imansızlara,

Qanunlar önündə divansızlara

Hünərin bir məzar yondu, Salatın.


Ölümün qəhqəhə kol pusanlara,

Haqqı nahaq bilib mil susanlara,

Gözü görə-görə kor insanlara

Bu qan min il keçsə qandı, Salatın.


Bir igid ər kimi keçdin mərd candan,

Yağdı yağış kimi güllə hər yandan,

Ruhun uçdu getdi haqsız zamandan

Haqqın dərgahına qondu, Salatın.


Balan ana deyib yolları haylar…

Ağı deyə-deyə ağlayar aylar,

Gəzsə də Vətəni ölümlər, vaylar,

Nə qanun, nə höküm qandı, Salatın.


Ana məmləkətin, ey cəsur qızı,

Ağlar yurdumuzun kamanı, sazı,

Yağının püşkünə çıxsın bu yazı,

Əliylə biçdiyi dondu Salatın.


Əyilməz aslanlar yetiribdi el,

Əssə də nə qədər güclü qara yel,

Birləşən amallar bir gün çılğın sel…

Yıxacaq bərəni, bəndi, Salatın.


Ey ruhu müqəddəs, ey şəhid bacı,

Ölümün nə qədər olsa da acı,

Pozmarıq, elimin başının tacı,

Qanınla yazdığın andı, Salatın.

7-10.03.1991

TACİK OĞLU



Şərif Əzizov tacik oğludur. O, evlərindən

gizli qaçır, Qarabağda erməni daşnaklarına

qarşı vuruşur və şəhid olur!
Tacik oğlu nə səni məcbur etdi bu işə?

Başladın vicdanınla, qeyrətinlə yürüşə,

Atıb sakit ölkəni gəldin qanlı döyüşə,

Günahsız məmləkətin tökülən qanlarımı?

Öz doğma komasında üzülən canlarımı?
Tacik oğlu, ey mənim müqəddəs din qardaşım,

Vətənimdə uyuyan, ey şəhid vətəndaşım,

Məzarının önündə tökülür bu göz yaşım,

Doğma bilib yatdığın o torpaq haqq qoxuyur,

Quzey-güney bu Vətən sənə rəhmət oxuyur.
Tacik oğlu, şəhidlik zirvəsinin sultanı,

Damarında qaynadı müqəddəs İslam qanı,

Haqq, ədalət yolunda əsirgəmədin canı,

Verdin cavan ömrünü sən Qarabağa qurban,

İzlədi hey kölgəni ölüm dabanbadaban.
Nə titrətdi sinəndə çırpınan ürəyini?

Haqqa əmanət verdin çox arzu, diləyini,

Yerə vurdun savaşda min düşmən kürəyini,

Boğdu səni qeyrətdən doğan o acı qəhər,

Qaçdın evindən gizlin qürbət elə bir səhər…
Tacik oğlu, qurğuşun yeri, göyü daşladı,

Hər dava qızışanda ölüm-dirim başladı…

Ürəyinə yağılar qəfil güllə tuşladı,

Hər addımda qan-qırğın əlini soyutmadı,

Son anadək vuruşmaq könlünü ovutmadı.
Tacik oğlu, qəbirdə niskilli yatma, qardaş,

Demə ki, qürbət eldə qərib məzar, bu baş daş,

Sən də Azərbaycana oldun şəhid vətəndaş!

Ruhun şad olsun, igid, yurdumuzun oğlusan,

O şəhid məzarınla bu torpağa bağlısan.
Ey Şadiman, gözündən axmasın qanlı yaşlar,

Kədərin şiddətindən qəm açmasın naxışlar,

Hələ Rəbbə tapınır dünyada mərd baxışlar…

Vallah, qürbət ölkələr səsimizi duyacaq,

Boğulan haqqımızı bütün ərzə yayacaq!…

15. 07.1992



HAQQ ORDUSU

Arxamızda Rəbb özüdür,

Xalqın gözü tərəzidir,

Şər namərdin qərəzidir,

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu!


Yurdlarımız çox talandı,

Namus, qeyrət xırdalandı,

Xain yurdda daldalandı,

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu.
Düşmən yansın, qoy qovrulsun,

Ocağları lap sovrulsun,

Mərd əlində xar ovulsun,

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu.
Tanrı gözü üstünüzdə,

Şər olmasın qəsdinizdə

Yağı vurmaq qəsdiniz də,

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu.
Tankla, topla yurd darıldı,

Sinəmizə qəm sarıldı,

Düzün bağrı çox yarıldı!

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu.
Nərən cəbhə yaracaqdır,

Eli zəfər saracaqdır,

Səni tarix aracaqdır,

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu.
Ey Şadiman, el savaşda,

Qan gül açıb izdə, daşda,

Hünər yatır vətəndaşda,

Durma, qaldır el-ulusu,

Ey Vətənin haqq ordusu.

24. 06.1992



DİDƏRGİN ANA

Nədir belə taleyinə yağan yağışlar?

Qəlb içində bu ayrılıq saldı naxışlar,

Yağıları ağ saçların dilsiz qarğışlar,

Sinəmizdə dağdı bu qəm, didərgin ana,

O dərdinə yanar aləm, didərgin ana.


Yurd-yuvanı atıb gəldin, ağladı ürək,

Faciənə matəm geydi, yandı o fələk,

Boşa çıxdı haqqı-sayın çox arzu, dilək…

Sən gəlmisən oban orda, didərgin ana,

Od-ocağın qaldı darda, didərgin ana.
O qabarlı əllərində illər zəhməti,

Yağıların yuva qurdu çirkin niyyəti,

Hər əsrdə kor etdilər pak həqiqəti…

O gözlərin dolan bulud, didərgin ana,

Dilsiz ürək yanıqlı ud, didərgin ana.
Nədir belə içindəki haray, qışqırıq?

Könül sazın susub, fəqət tel qırıq-qırıq…

Sinəndəki o sızıltı, nalə, hıçqırıq,

Kimə qaldı yurd, mahalın, didərgin ana?!

Yurda sığmaz qəmli halın, didərgin ana.
Nədir belə gözlərində bu qədər təlaş?

O solğunca yanağında gilələnib yaş,

O ağrılı sinəndəcə asılıbdı daş,

Ünvanını kimlər pozdu, didərgin ana?

Kök-soyunu yağı yozdu, didərgin ana.
Gün gələr ki, həqiqətin müqəddəs səsi,

Qəfil ox tək dəlib keçər o daş qəfəsi,

Üstünüzdən kəsilməsin haqqın nəfəsi!-

Elinizə yaraq olsun, didərgin ana,

Yolunuza çıraq olsun, didərgin ana.

10.10.1989


MƏNİM ŞAİR BABAM…

Şah İsmayıl Xətaiyə
Birlik təşnəsiylə alışdı ürək,

Dedin ki, gur yansın ocağım, sobam.

Qoymadı kamına yetməyə fələk,

Mənim şair babam, mənim şah babam.


Könlündə min tonqal çatdı duyğular,

Vətənə, torpağa, yurda sayğılar,

Gecə də «birləşin» - dedi uyğular,

Mənim şair babam, mənim şah babam.


Alışdı içində sönməz ocaqlar,

Birlik eşqi ilə ürəyin dağlar,

Düşündün birləşməz, bu Vətən ağlar,

Mənim şair babam, mənim şah babam.


Dedin ki, «Təbrizdən Dərbəndə qədər,

Bir şahın əmiri, hökmü bəs edər!

Əgər ayrı düşsək yağılar didər»,

Mənim şair babam, mənim şah babam.


Çapdın eldən-elə o yel atını,

Yollarda keçirtdin şah büsatını,

Bu amalla verdin mərd həyatını!

Mənim şair babam, mənim şah babam.


Birləşmək yanğısı içində coşdu,

Sevgiyə, torpağa şərqilər qoşdu,

Bu duyğu dağlardan, düzlərdən aşdı,

Mənim şair babam, mənim şah babam.


Birlikdən alışan bu cəng, bu cida,

Yandıra bilmədi hər qəlbi oda,

Əsdi başın üstə yaman qan-qada…

Mənim şair babam, mənim şah babam.


Çaldıran döyüşü qanlı bir savaş,

Oğuzla oğuzun arasında daş,

Fələyin gözündə gilələnən yaş,

Mənim şair babam, mənim şah babam.


O gün türklüyümüz düşdü ayağa,

Məmləkət büründü qara bayrağa,

O gün qan doldurdu fələk çırağa,

Mənim şair babam, mənim şah babam.


O gün çarpışmada qan bir oğuzlar,

O gün söndü günəş, batdı ulduzlar,

O gün od püskürdü qanlı ağızlar,

Mənim şair babam, mənim şah babam.


Çaldırana suçdu oğuz savaşı,

Qırdı qılınclarla qardaş qardaşı,

Niyə Tanrı göydən tökmədi daşı?

Mənim şair babam, mənim şah babam.


Sındı Qorqudumun ruhu bu dağdan,

Partladı Vətənin bağrı fərağdan,

Neçə qanlı dastan doğdu varaqdan?

Mənim şair babam, mənim şah babam.


Qanadın gərdiyin torpaqlar hanı?

Qırmızı çalmalı papaqlar hanı?

Möhürlü, fərmanlı o çağlar hanı?

Mənim şair babam, mənim şah babam.


Əyilib gördüyün ana məmləkət,

Alıbdı başını qara fəlakət,

Yurd içindən keçir neçə sərhəd, səd,

Mənim şair babam, mənim şah babam.


Ruhun lərzə salsın ayılsın Vətən,

Fərman çıxarmasın hər yoldan ötən,

Qan yaddaşımızda qılıncla bitən-

Mənim şair babam, mənim şah babam.


Ey xəqan Xətai, ey şah Xətai,

Ruhun qovuşdursun bu tay, o tayı,

Qılıncın doğrasın kölə sarayı!

Mənim şair babam, mənim şah babam.


Odlar ölkəsində oddan doğuldu,

Qızın Şirin Xanım dərddə boğuldu,

Yağı savaşında o da oğuldu…!

Mənim şair babam, mənim şah babam.

08.12.1991

1   2   3   4   5   6   7   8   9   10   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə